1-6
Bu, İsanın həyatında böhranlı bir epizoddur. Onun hər şeyə yəhudi cəmiyyətinin ortodoks rəhbərlərindən tamamilə fərqli baxdığı artıq bizə məlumdur. Yenidən sinaqoqa getmək üçün İsa çox cəsarətli insan olmalı idi. Rahatlıq axtarmayan, təhlükənin gözünə dik baxmağa cürət edən insan məhz belə davranır. Sinaqoqda Ali Şuranın nümayəndələri var idi. Onlar nəzərə çarpmaya bilməzdilər. Çünki sinaqoqda ön oturacaqlar hörmətli adamlar üçün təyin olunmuşdu. Onlar da orada oturmuşdular. Başqa işlərlə yanaşı, Ali Şuranın vəzifəsi xalqı azdıran və insanları yoldan çıxara bilən hər kəsi izləmək idi. Ali Şuranın nümayəndələri belə bir fitnəkarı izlədiklərini düşünməklə öz vəzifələrini yerinə yetirdiklərini hesab edirdilər. Bu vəziyyətdə onların niyyətləri Allahı izzətləndirmək və Onun həqiqətini öyrənmək deyildi: onlar daha çox İsanın hər bir hərəkətini izləməli idilər.
Həmin vaxt sinaqoqda əli qurumuş bir adam var idi. Orijinalda işlədilən yunan sözünün mənasına görə, onun anadangəlmə deyil, xəstəlik nəticəsində əli qurumuşdu. Bizə qədər yalnız bir neçə fraqmenti gəlib çatan İbranilərə Müjdədə deyilir ki, bu adam əvvəllər bənna olub. O, dolanışığını əlinin zəhməti ilə qazanırdı. Dilənməkdən utandığına görə İsadan ona kömək etməsini istədi. Əgər İsa ehtiyatlı insan olsaydı, bu adamı görməməzlikdən gələrdi. Çünki ona şəfa versəydi, başına bəla gətirəcəyini bilirdi. Həmin gün Şənbə günü idi. Bütün işlər qadağan edilmişdi, o cümlədən şəfa da iş sayılırdı. Yəhudi qanununda bu barədə aydın və dəqiq yazılıb.
Əgər insanın həyatı təhlükədə olsaydı, tibbi yardım ancaq o vaxt göstərilə bilərdi. Məsələn, Şənbə günü doğuş zamanı bir qadına kömək etmək, qırtlaq infeksiyasını müalicə etmək olardı. Əgər bir adamın üzərinə divar uçsa idi, onun sağ olub-olmadığını öyrənmək üçün onu xilas etmək olardı. Sağ qalan adama kömək etmək olardı, cəsədi isə sabaha qədər saxlamaq lazım idi. Sınıq müalicə edilə bilməzdi; qoldakı və ya ayaqdakı burxulan yeri soyuq su ilə islatmaq belə olmazdı. Kəsilmiş barmağa dərman qoymaq olmazdı, sadəcə sarğı bağlamaq olardı. Başqa sözlə desək, ən yaxşı halda vəziyyətin pisləşməsinin qarşısını almaq olardı, amma onu yaxşılaşdırmaq olmazdı. Bütün bunları başa düşmək bizim üçün çox çətindir. Qatı ortodoksal yəhudilərin Şənbə gününə münasibətinə aid ən yaxşı nümunə — həmin gün öz canlarını belə müdafiə etməmələri olardı. Makkabi üsyanı zamanı İsraildə müqavimət başlayanda, Suriya əsgərləri üsyankarları təqib edərkən onlardan bəziləri mağaralara sığınmışdılar. Yəhudi tarixçisi İosif Flavi yazır ki, suriyalılar onlara təslim olmaq imkanı verdi. Lakin yəhudilər onda da təslim olmaqdan imtina etdilər: «O zaman suriyalılar Şənbə günü yəhudilərlə vuruşmağa başladılar. Beləcə yəhudilər heç bir müqavimət göstərmədiklərinə və mağaraların girişini də bağlamadığına görə suriyalılar onları mağaralarda diri-diri yandırdılar. Onlar həmin gün özlərini müdafiə etməkdən imtina etdilər, çünki bədbəxtlik və əzab-əziyyət içində belə Şənbə gününü murdarlamaq istəmirdilər. Qanunumuz həmin gündə istirahət etməyimizi tələb edir».
Roma sərkərdəsi Pompey Yerusəlimi mühasirəyə alanda, onun mühafizəçiləri Məbədin hasarının arxasına sığındılar. Pompey bu divardan hündür olan qum qalağı qurmağa başladı. Oradan yəhudiləri daşqalaq edə və üzərlərinə ox ata bilərdi. Pompey yəhudi adət-ənənələrini bildiyi üçün bu bəndin Şənbə günü tikilməsini əmr etdi. Yəhudilər isə Şənbə günü fəaliyyətsizlikləri ilə öz ölümlərinə imza atdıqlarını bilsələr də, bu bəndin qurulmasının qarşısını almaq üçün barmaqlarını belə tərpətmədilər. Məcburi hərbi xidmətə çağırılan romalılar sonradan yəhudiləri qırğından azad etməyə çalışdılar. Çünki heç bir qatı ortodoksal yəhudi Şənbə günü döyüşməzdi. Ortodoksal yəhudilərinin Şənbəyə münasibəti sərt və qəti idi.
İsa bilirdi ki, bu bənnanın həyatı təhlükədə deyil. Əgər o, növbəti günə qədər qurumuş əllə keçsə idi, fiziki cəhətdən vəziyyəti daha pis olmayacaqdı. Lakin İsa üçün bu, bir sınaq idi. O, bunu açıq və səmimi qarşıladı. İsa bənnaya əmr etdi ki, oturduğu yerdən qalxsın və hamının onu görəcəyi yerdə dayansın. Görünür, bunun iki səbəbi var idi. Ola bilsin, İsa əli iflic olan adamın bədbəxtliyini göstərərək, bir daha insanlarda şəfqət hissini oyatmağa çalışırdı. Bundan başqa, İsa istəyirdi ki, Onun etdiklərini hamı görə bilsin. O, ilahiyyatçılara iki sual verdi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə?» Beləcə onları çətin seçim qarşısında qoyaraq, Qanuna görə Şənbə günündə yaxşılıq etməyin caiz olduğu ilə razılaşmağa məcbur etdi. Onun niyyəti də xeyirxah iş görmək idi. İlahiyyatçılar pislik etməyin Qanuna zidd olduğunu və insana kömək etmək imkanı varsa, «onu acınacaqlı vəziyyətdə qoymaq olmaz» deməyə məcbur oldular. Sonra İsa onlardan soruşdu: «Hansına icazə var, Şənbə günü kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Bununla məsələnin əsl mahiyyətini onlara göstərmək istəyirdi. O, bu bədbəxt şəxsin canını xilas etmək niyyətində idi, onlarsa İsanı öldürmək üçün bir yol tapmağa çalışırdılar. Hər halda, insana kömək etməyi düşünmək, öldürməyi düşünməkdən daha yaxşıdır deyə cavab vermək münasib idi. Buna görə də ilahiyyatçıların cavab verə bilməməsi təəccüblü deyil!
Bundan sonra İsa səlahiyyətli bir sözlə bədbəxt adamı sağaltdı. Fariseylər isə sinaqoqdan çıxıb hirodçularla İsanı öldürmək üçün sui-qəsd hazırlamağa başladılar. Bu, fariseylərin nəyə qadir olduqlarını göstərir. Adi günlərdə heç bir farisey Qanuna əməl etməyən bütpərəstlərlə iş görməzdi: belə adamlar natəmiz sayılırdılar. Hirodçular Hirodun saray əyanları idi. Onlar həmişə romalılarla təmasda idilər. Başqa vaxt fariseylər bu insanları murdar hesab edərdilər. Lakin indi onların anlayışlarına görə, bütpərəstlərlə qeyri-müqəddəs ittifaqa girməyə hazır idilər. Onların ürəyi qarşısı alınmaz nifrətlə dolmuşdu.
Bu hissə çox vacib məna daşıyır. Çünki orada iki dini anlayış toqquşur.
1. Fariseylər üçün din ayinlərdən ibarət idi. Onlar üçün din müəyyən qayda və normalara əməl etmək idi. İsa bu qayda və normaları pozduğuna görə, onlar əmin idilər ki, İsa, həqiqətən, pis insandır. Onlar dinin imanlı cəmiyyətə getməkdən, Müqəddəs Kitab oxumaqdan, yeməkdən əvvəl və evdə dua etməkdən, eləcə də din hesab olunan bütün zahiri normalara riayət etməkdən ibarət olduğunu düşünən insanlara bənzəyirdilər. Buna baxmayaraq, onlar heç vaxt heç bir işdə iştirak etmir, kiməsə şəfqət göstərmir, kiməsə nəyisə qurban vermir — öz donmuş möminliklərinə əmin, kömək fəryadına kar və dünyanın göz yaşlarına kordurlar.
2. İsa üçün din bir xidmət idi. Onun üçün din Allaha və insanlara məhəbbət göstərmək idi. Əməldə olan məhəbbətlə müqayisədə, ayinlər Onun üçün heç bir məna kəsb etmirdi.
Ey, Dostumuz, Qardaşımız, Rəbbimiz!
Sənə necə xidmət edə bilərəm?
Nə nüfuzlu sözlə, nə ayinlə deyil,
Yalnız Sənə tabe olmaqla xidmət edə bilərəm.
İsa üçün bu dünyada ən vacib şey ayinlərə dəqiq əməl etmək deyil, insanların kömək barədə fəryadına dərhal cavab verməkdir.
7-12
Əgər İsa hakimiyyətlə qarşıdurma istəmirsə, O, sinaqoqu tərk etməli idi. O, qorxusundan, əməllərinin nəticələrindən qorxduğu üçün getmədi. Lakin Onun saatı hələ gəlməmişdi. Son münaqişəyə getməzdən əvvəl Onun hələ görəcəyi çox iş və deyəcəyi çox söz var idi. Buna görə O, sinaqoqdan çıxıb, gölün sahilinə getdi. Ancaq burada da çoxlu insan Onun yanına gəlirdi. Onlar Qalileyanın hər yerindən gəlirdilər. Çoxları Onu görmək və eşitmək üçün Yerusəlimdən Yəhudeyaya yüzlərlə kilometr məsafə qət edib gəlirdilər. Edom — İsrailin və Ərəbistanın cənub sərhədi arasında yerləşən qədim Edom padşahlığıdır. Onlar İordan çayının şərq sahilindən, hətta digər ölkələrdən — Aralıq dənizi sahilində Qalileyanın şimal-qərbində yerləşən Finikiyanın Sur və Sidon şəhərlərindən gəlirdilər. İzdiham o qədər böyük idi ki, İsanı sıxışdırmaq təhlükəsi yaranmışdı. Buna görə də həmişə sahildə bir qayıq hazır saxlanılırdı. Onun xəstələrə şəfa verməsi daha da böyük təhlükə yaradırdı, çünki xəstələr daha İsanın onlara toxunmasını gözləmirdilər, özləri Ona toxunmağa çalışırdılar.
Həmin vaxt İsa ciddi problemlə — cinlərə tutulmuş insanlarla qarşılaşdı. Bu insanlar İsanı Allahın Oğlu adlandırdılar. İsanı belə adlandırmaqla nəyi nəzərdə tuturdular? Təbii ki, onlar bu sözün nə fəlsəfi, nə də ilahi mənasını bilmirdilər. Qədim dövrdə Allahın Oğlu adı heç də qeyri-adi titul deyildi. Misirin fironları Misir tanrısı Ranın oğulları hesab olunurdu. Oktavian Avqustun15 dövründən başlayaraq, bir çox Roma imperatorları allahın oğulları adlanırdı. Əhdi-Ətiqdə bu ad dörd mənada işlədilir:
1. Mələklər Allahın oğulları adlanır. Əyyub 1:6-da ilahi varlıqların Rəbbin hüzuruna qalxmaq üçün gəldiyi gündən danışılır. Bu, mələklərin adi bir titulu idi.
2. İsrail xalqı — Allahın oğludur. Allah Öz oğlunu Misirdən çağırdı (Huşə 11:1). Çıxış 4:22-də Allah deyir: «İsrail Mənim oğlum, Mənim ilkimdir».
3. İsrail xalqının padşahı — Allahın oğludur. 2Şamuel 7:14-də Allah padşaha vəd edir: «Mən ona Ata, o isə Mənə oğul olacaq».
4. Əhdi-Ətiqlə Əhdi-Cədid arasında yazılan sonrakı kitablarda Allahın oğlu yaxşı insandır. Sirax 4:10-da yetimlərə qayğı göstərən adama vəd verilir: «Uca Olanın gözündə bir oğul kimi olacaqsan. O, ana sevgisindən daha üstün olan məhəbbətlə səni sevəcək».
Bütün bu hallarda oğul sözü Allaha xüsusilə yaxın olan şəxsi nəzərdə tutur. Əhdi-Cədiddə biz sözün mənasına bir qədər işıq salan oxşar sözlərin istifadəsini görürük. Həvari Paul Timoteyi öz oğlu adlandırır (1Timoteyə 1:2; 1:18). Timotey həvari Paula qan qohumu deyildi. Lakin Paulun dediyi kimi (Filipililərə 2:19-22), heç kim onu Timotey kimi başa düşmürdü. Həvari Peter Markı öz oğlu adlandırır (1Peter 5:13). Çünki başqa heç kim onun fikirlərini Mark qədər yaxşı çatdıra bilmirdi. Bu titulla Müjdə hekayəsinin sadə mətnində qarşılaşanda, onu heç bir fəlsəfi və ya ilahi mənada, hətta Üçlük mənasında başa düşmək lazım deyil. İsanın Allahla münasibəti o qədər yaxın idi ki, bu münasibəti təsvir etmək üçün başqa söz istifadə oluna bilməzdi. Buna görə də biz titul sözündə başqa məna axtarmamalıyıq. Amma həmin cinə tutulmuş adamlar hiss edirdilər ki, onların daxilində bir növ öz-özünə fəaliyyət göstərən ruh var. Eyni zamanda hiss edirdilər ki, İsa Allaha çox yaxındır. Buna görə də düşünürdülər ki, Allaha yaxın olan belə bir insanın hüzurunda cinlər yaşaya bilməz və bundan qorxurdular. «Nəyə görə İsa onlardan bu barədə danışmamağı istəyirdi?» deyə biz soruşa bilərik. Bunun üçün onun çox sadə və vacib səbəbi var idi. İsa Məsih, Allah tərəfindən məsh olunmuş Padşah idi. Amma Onun Məsih haqqında təsəvvürü ümumi təsvirdən çox fərqli idi. O, məsh olunmaqda xidmət, fədakarlıq, məhəbbət yolunu və bu yolun sonunda Çarmıxa çəkiləcəyini görürdü. Məsih haqqında ümumi təsəvvür isə — qüdrətli ordu ilə romalıları qovan və yəhudiləri dünya üzərində hakimiyyətə gətirən qalib bir Padşahdan ibarət idi. Odur ki, Məsihin ortaya çıxması ilə bağlı şayiələr yayılsaydı, xüsusən də xalqın hər zaman istənilən ümummilli liderin arxasınca getməyə hazır olduğu Qalileyada istər-istəməz üsyanlar və qarşıdurmalar başlayardı. İsa məsh olunmuşluğu məhəbbət baxımından, insanlar isə yəhudi millətçiliyi baxımından düşünürdülər. Buna görə də İsa Məsihliyini elan etməzdən əvvəl insanlara öyrətməli və məsh olunmanın əsl mənasını göstərməli idi. Həmin anda isə Məsihin gəlişi xəbəri ancaq zərər və bədbəxtlik gətirə bilərdi. Bu xəbər yalnız müharibəyə və boş yerə qan tökülməsinə səbəb olardı. İnsanlar əvvəlcə Məsihin həqiqətən kim olduğunu bilməli idilər. Vaxtından əvvəl verilən xəbər isə Məsihin bütün xidmətini məhv edərdi.
13-19
İsa Məsihin həyatında və fəaliyyətində çox mühüm an yetişdi. O Öz Müjdəsi ilə ortaya çıxdı. O, təbliğ edib, şəfa verərək Qalileyanı gəzdi. Həmin vaxta qədər O, insanlarda və ictimaiyyətdə böyük təəssürat yaratmışdı. İndi isə O, iki təcrübi tapşırığı həll etməli idi. Birincisi, O, gələcəkdə Müjdənin davam etdirilməsini təmin edəcək bir yol tapmalı idi. İkincisi, O, Müjdənin daha geniş yayılması üçün üsullar tapmalı idi. Bu isə kitabların, qəzetlərin və eyni zamanda böyük kütlələrə çatacaq vasitələrin olmadığı bir dövrdə elə də asan deyildi. Bu iki problem yalnız bir yolla həll edilə bilərdi: İsa qəlbində və həyatında Öz Müjdəsini yaza biləcək, sona qədər Onun ardınca gedib, Müjdəni daha da uzaqlara çatdıracaq insanları seçməli idi. Burada biz Onun məhz belə etdiyini görürük.
Məsihçiliyin bir qrup insanla başlaması vacibdir. Məsihçilik əvvəlcə insanların qardaşlığından başlamalı, həmfikir insanlar arasında dərk edilməli və yaşanmalı idi. Fariseylərin həyat tərzinin əsas mahiyyəti — xalqı öz qardaşlarından ayırmaları idi. Farisey sözünün mənası seçilmiş, ayrılmış deməkdir. Məsihçiliyin mahiyyəti isə ondan ibarət idi ki, o, insanları bir-biri ilə bağlayır və onların qarşısına bir-biri üçün yaşamaq vəzifəsi qoyur.
Üstəlik, məsihçiliyin başladığı qrup müxtəlif təbəqələrdən idi. Həmin qrup bir-birinin əksi olan şəxslərin üzləşməsi idi. Matta vergiyığan idi, buna görə də həmvətənləri tərəfindən rədd olunmuş, dönük və xain idi. Kənançı Şimon Lukanın Müjdəsində Millətçi Şimon adlandırılır. Millətçilər isə ölkəsini xarici zülmdən azad etmək üçün qətl və sui-qəsdlə kifayətlənməyəcəyinə and içən qızğın və qəzəbli millətçilər qrupu idi. Bir qrupda həm fanatik vətənpərvər, həm də vətənpərvərliyi olmayan insanlar bir araya gəlmişdi. Bundan başqa, onlar öz mənşələrinə və fikirlərinə görə çox fərqli idilər. Məsihçilik lap əvvəldən fərqli mənşəli və baxışlara malik insanların bir yerdə yaşamasını təkid edirdi. Onların hamısı İsa ilə birlikdə yaşadıqlarına görə məsihçilik onlara bu imkanı yaradırdı.
Əgər dünya standartları ilə baxsaq, İsanın seçdiyi insanlar heç də fərqli deyildi. Onlar varlı deyildilər, cəmiyyətdə xüsusi mövqe tutmurdular, xüsusi təhsilləri yox idi. Onlar nə təcrübəli ilahiyyatçılar, nə ruhanilər, nə də məbəd xadimləri idilər. On ikilərin hamısı adi insan idi. Lakin onlar iki xüsusi keyfiyyətə malik idilər. Birincisi, onlar İsanın təsir gücünü hiss edirdilər. Onda elə bir şey var idi ki, Onu özlərinin Rəbbi olaraq qəbul etməyə təhrik edirdi. İkincisi, onların hansı tərəfdə dayandıqlarını açıq şəkildə göstərmək üçün cəsarətləri var idi. Bu, şübhəsiz ki, onlardan cəsarət tələb edirdi. Axı İsa sakitcə bütün norma və qaydaları pozurdu, ortodoksal yəhudi rəhbərləri ilə qarşıdurmaya gedirdi. Budur, İsanı günahkar və bidətçi kimi damğaladılar. Bununla belə, şagirdlər Onunla birgə getməyə cəsarət etdilər. Heç yerdə heç bir həmfikir qrup qalileyalı bu insanlar kimi ümidsiz bir iş üçün hər şeyi riskə atmayıb. Heç kim heç vaxt bunu bilərəkdən etməyib. Bəli, bu on ikilərin müxtəlif çatışmazlıqları var idi. Lakin onu da deməliyik ki, onlar İsa Məsihi sevirdilər və bütün dünyaya Onu sevdiklərini elan etməkdən qorxmurdular. Məsihçi olmaq elə budur. İsa onları iki səbəbdən çağırdı. Birincisi, onlar İsa ilə birlikdə olsunlar. İsa onları çağırdı ki, onlar Onun daimi yoldaşları olsunlar. Başqaları gəlib-gedə bilərdi: bu gün bir izdiham, sabah başqa bir izdiham ola bilərdi; digərləri Onunla münasibətlərində tərəddüd edə bilərdi. Lakin bu on iki nəfər İsanın yaşadığı həyatı yaşamalı və hər vaxt Onunla olmalı idilər. İkincisi, İsa onları dünyaya göndərmək üçün çağırdı. İsa istəyirdi ki, onlar Onun nümayəndələri olsun. O istəyirdi ki, şagirdlər Onun haqqında başqalarına danışsınlar. Onlar başqalarını fəth etmək üçün fəth edildilər.
Onların üzərinə qoyulan tapşırığı yerinə yetirmək üçün İsa onlara müəyyən qabiliyyətlər verdi. Birincisi, onlara Müjdə sözü verdi. Onlar İsanın elçiləri olmalıdırlar. Bir müdrik deyirdi ki, kiminsə təlimi yoxdursa, yaxud başqa bir insanın bütün qəlbi ilə təbliğ etmək istədiyi təlimi yoxdursa, müəllim olmağa haqqı yoxdur. İnsanlar həmişə deməyə sözü olanlara qulaq asacaq. İsa dostlarına deməyə söz verdi. Bundan əlavə, İsa onlara güc və səlahiyyət verdi. Onlar da Onun kimi cinləri qovmalı idilər. Onlar hər yerdə İsanı müşayiət etdiklərinə görə Onun qüdrətindən və səlahiyyətindən pay aldılar.
Əgər biz İsa Məsihin ardıcılı olmağın nə olduğunu bilmək istəyiriksə, Onun ilk həvariləri haqqında bir daha düşünməliyik.
20-21
Bəzən insan elə danışır ki, onun sözlərini acı təcrübənin bəhrəsi kimi başa düşmək olar. Bir dəfə İsa insanın həyatda üzləşməli olduğu hər şeyi sadalayaraq dedi: «İnsanın düşməni öz ev əhli olacaq» (Matta 10:36). İsanın ailəsi fikirləşdi ki, O, ağlını itirib və Onu evə aparmaq vaxtıdır. Gəlin baxaq, onlara belə düşünməyə vadar edən nə idi?
1. İsa Nazaretdə evini və dülgərlik işini tərk etdi. Şübhəsiz ki, bu, yaxşı sənət idi. Dülgərlik Onun dolanışığını təmin edə bilərdi. Birdən O, səyyar təbliğçi olmaq üçün hər şeyi atıb evdən çıxdı. Onlar düşünürdülər ki, heç bir ağıllı insan başını qoymağa yeri belə olmayan səyyar təbliğçi olmaq üçün ona pul qazandıran işi tərk etməz.
2. Görünür, ortodoksal yəhudi rəhbərlərlə toqquşma məqamı yaxınlaşırdı. Bəzi insanlar adama çoxlu zərər verə və bəla gətirə bilər. Ən yaxşısı onlara dəstək olmaqdır, onlara qarşı çıxmaq təhlükəlidir. İsanın ailəsi düşünürdü ki, heç bir ağıllı insan mövcud hakimiyyətə qarşı çıxmağa cürət etməz. Çünki yaxşı bilirdilər ki, onlarla münaqişədə həmişə məğlub olmağa məhkumdurlar. Heç kim cəzasız qalacağını düşünərək ilahiyyatçılara və fariseylərə meydan oxuya bilməz.
3. İsa təzəcə Öz cəmiyyətini yaratmışdı. Qeyd etmək lazımdır ki, bu, olduqca qəribə bir cəmiyyət idi: buraya balıqçılar, bir vergiyığan və bir fanatik millətçi daxil idi. Sağlam düşüncəli insan belə adamlarla dostluq etməzdi. Təbii ki, onlar karyera qurmaq niyyətində olan insana heç bir fayda verə bilməzdi. İnsan düşüncəsi baxımından heç bir ağıllı adam bu cür azğın insanları dost kimi qəbul etməz. Heç bir ağıllı və tədbirli insan istəməz ki, adı belə insanlarla hallansın.
Özünə belə dostlar seçməklə İsa açıq şəkildə göstərdi ki, O, insanların öz həyatını qurduğu üç formuldan imtina edir.
1. O, etibarlılıq meyarından imtina etdi. Bu dünyada insanların əksəriyyəti məhz bunu axtarır. Əksər insanlar mümkün qədər az maddi və maliyyə riskinin olacağı etibarlı iş və mövqe əldə etmək istəyirlər.
2. O, təhlükəsizlik meyarından imtina etdi. İnsanların əksəriyyəti təhlükəsizlikdə hərəkət etmək istəyir. Onları əxlaqi cəhətdən, hərəkətlərin düzgün və ya yanlışlığından daha çox öz hərəkətlərinin təhlükəsizliyi maraqlandırır. İnsanlar risklə əlaqəli bütün davranışlardan instinktiv olaraq çəkinirlər.
3. O, hər kəsə göstərdi ki, cəmiyyətin fikri Onun üçün əhəmiyyətli deyil. İsa hamıya göstərdi ki, insanların Onun haqqında düşüncələri Ona maraqlı deyil. Q.C. Uellsin dediyi kimi, «Bir çox insanların qulağında qonşuların səsi Tanrının səsindən daha güclü eşidilir». Çox vaxt insanlar özlərindən soruşurlar: «Qonşular nə deyəcək?»
İsa Məsihin dostlarını ən çox qorxudan Onun Özünü atdığı təhlükə idi. Onlar düşünürdülər ki, heç bir ağıl insan özünü belə təhlükəyə atmaz. Con Bunyan həbsxanaya düşəndə çox qorxmuşdu. O fikirləşirdi ki, onun həbsi bir gün bitəcək. Edam olunmaq fikri onun rahat buraxmırdı. Amma gün gəldi ki, o qorxduğuna görə utandı. «Zənnimcə ona görə utanırdım ki, belə bir işə görə solğun üz və titrəyən dizlərlə öləcəyəm». Nərdivanla dar ağacına qalxdığını görəndə bu qənaətə gəldi: «Düşündüm ki, mən öz işimi davam etdirəcəyəm və yer üzündə rahatlıq tapsam da, tapmasam da, Məsihlə birlikdə əbədi Padşahlıq naminə hər şeyi təhlükəyə atacağam. Əgər Allah yanıma gəlmirsə, nə olacaqsa olsun, dənizdə boğulacağam və ya üzəcəyəm, cənnətə və ya cəhənnəmə düşəcəyəm, gözlərimi yumub taxtadan özümü əbədiyyətə atacağam. Rəbb İsa Məsih, əgər məni tutmaq istəyirsənsə, bunu et. Yox, etməyəcəksənsə, mən hər şeyi Sənin adın naminə riskə ataram». İsa da məhz belə etmək istəyirdi. Sənin adın naminə hər şeyi riskə atacağam — İsanın həyatının mahiyyəti məhz bu idi.
22-27
Ortodoks yəhudi din rəhbərləri heç vaxt İsanın cinləri qovmaq səlahiyyətinə şübhə etmirdilər. Bəli, onlar cinləri qova bilmirdilər. Cinləri qovmaq şərqdə bu gün də normal bir hal kimi qəbul olunur. Lakin onlar bəyan edirdilər ki, Onun gücü cinlərin başçısı ilə ittifaqdan gəlir. Şərhçilərdən birinin dediyi kimi, «İsa baş cinin adı ilə kiçik cinləri qovurdu». İnsanlar həmişə qara magiyaya inanırdılar və İsanın bununla məşğul olduğunu iddia edirdilər.
İsa üçün bu arqumenti təkzib etmək çətin deyildi. Cinlərin qovulmasının mahiyyəti ondan ibarət idi ki, cinləri çıxaran adam zəif cini qovmaq üçün həmişə böyük gücə malik birini köməyə çağırırdı. Buna görə də İsa deyir: «Özünüz düşünün! Əgər padşahlıq öz daxilindən bölünübsə, məhv olar. Əgər bir evdə nifaq olarsa, o, uzun müddət davam gətirməz. Əgər iblis öz cinləri ilə müharibə edirsə, o zaman həm onlar, həm də onun gücü məhv olacaq. Çünki iblisin evində daxili müharibə başlayıb. Başqa bir nümunə də çəkmək olar. Tutaq ki, siz fiziki cəhətdən güclü insanı soymaq niyyətindəsiniz. Əgər siz o insanı özünüzə tabe etdirməsəniz, onu məğlub edəcəyinizə ümid edə bilməzsiniz. Belə bir adamın malını yalnız onu tam ram etdikdən sonra ala bilərsiniz». Cinlər üzərində qələbə İsanın şeytanla əlbir olduğunu qətiyyən sübut etmirdi. Əksinə, şeytanın müqavimətinin qırıldığını göstərirdi. Daha güclü ad ortaya çıxmışdı. Şeytanın istilası başlamışdı. Bu bizə iki şeyi göstərir.
1. İsa həyatı Allahın gücü ilə şər qüvvələr arasında mübarizə kimi qəbul edir. İsa cavabı olmayan problemlər üzərində mübahisə etməklə vaxt itirmirdi. O, şərin haradan hücum etdiyi haqqında mübahisə etmirdi. O, sadəcə olaraq, onu məğlub edirdi. Qəribədir ki, insanlar şərin mənbəyi haqqında mübahisə etməyə daha çox vaxt sərf edirlər, problemin həlli üçün təcrübi üsullar seçməyə daha az vaxt ayırırlar. Kimsə bunu belə təsvir edir: məsələn, bir adam yuxudan oyanıb evinin yandığını görür. O, kresloda oturub «Həyət evlərində yanğınlar» adlı kitabı oxumayacaq. O, əlində olanı götürüb yanğını söndürməyə başlayacaq. İsa həyatın mahiyyəti olan və bütün dünyada tüğyan edən xeyirlə şər arasında mübarizənin vacibliyini görürdü. O, şərlə mübarizə haqqında düşünmürdü. O, şərlə mübarizə aparır, başqalarına da pisliyə qalib gəlmək və yaxşılıq etmək üçün güc və səlahiyyət verirdi.
2. İsa xəstəliklərdən şəfa tapmanı şeytan üzərində ümumi qələbənin bir hissəsi kimi görürdü. İsanın düşüncəsində bu, mühüm məqamdır. O, insan bədənlərini insanların canı qədər xilas etmək istəyirdi və bacarırdı. Xəstəliklərin müalicəsi üzərində işləyən həkim və elmi işçi şeytan üzərində qələbəyə kahin qədər əmək sərf edir. Həkim və kahin fərqli deyil, eyni işi görür. Onlar rəqib deyil, şər qüvvələrə qarşı Allahın hərbi ittifaqında müttəfiqdirlər.
28-30
Bu dəhşətli ifadənin nə demək olduğunu başa düşmək üçün biz onun hansı şəraitdə deyildiyinə baxmalıyıq. İsa bunu ilahiyyatçılar və fariseylərin Onun Allahın qüdrəti ilə deyil, iblisin gücü ilə şəfa verdiyini bəyan edəndə söylədi. İlahiyyatçılar və fariseylər Allahın təcəssüm olunmuş məhəbbətinə baxıb, onda iblisin gücünü görürdülər. Yadda saxlamalıyıq ki, İsa burada Müqəddəs Ruh ifadəsini məsihçilikdə başa düşülən mənada işlədə bilməzdi. Müqəddəs Ruh İsa Öz izzətinə qayıdandan sonra insanların üzərinə endi. Yalnız Əllinci gün (Üç üqnum) bayramında Müqəddəs Ruh insanların üzərinə endi, onlar Müqəddəs Ruhun hüzurunu fiziki olaraq yaşadılar. Çox güman, İsa bu ifadəni yəhudi mənasında işlətmişdir. Yəhudi dünyagörüşündə isə Müqəddəs Ruh iki mühüm funksiya daşıyır. Birincisi, Müqəddəs Ruh insanlara Allahın həqiqətini açırdı. İkincisi, insanlara bu həqiqəti gördükdə onu yalandan ayırmaq və bilmək bacarığı verirdi. Məhz bu fikir bu hissəni anlamağımıza kömək edəcək.
1. Allahın həqiqəti insanların həyatına gələndə Müqəddəs Ruh onu bilmək qabiliyyəti verirdi. Əgər insan Allahın ona verdiyi qabiliyyətləri inkişaf etdirməkdən və həyata keçirməkdən imtina edirsə, sonda onları itirir: uzun müddət qaranlıqda yaşayan insan görmə qabiliyyətini itirir; uzun müddət yataqdan qalxmayan insan yerimə qabiliyyətini itirir; öyrənməkdən ciddi şəkildə imtina edən şəxs elmi fəaliyyət qabiliyyətini itirir; əgər insan uzun müddət Allahın Ruhunun rəhbərlik edən səsinə qulaq asmaqdan imtina edirsə, nəticədə onu görəndə Allahın həqiqətini bilmək qabiliyyətini itirir. O, yaxşılığı şər, pisliyi isə yaxşı hesab etməyə başlayır. Belə bir insan Allahın səxavətini və xeyirxahlığını görüb, onları şeytani şər kimi qəbul edə bilər.
2. Nə üçün belə günah ölümə aparan və bağışlanmazdır? Q.B. Syuit deyir: «Xeyir mənbəyinin şərin daşıyıcısı ilə bərabər tutulması mənəvi tənəzzüllə əlaqələndirilir. Bu isə artıq panaseya16 kimi fəaliyyət göstərə bilməz». A.C. Roulinson bunu «cəmlənmiş pislik» adlandırır, sanki biz burada bütün pisliyin əsas mahiyyətini görürük. Bengel deyirdi ki, bütün başqa günahlar insanidir, bu günah isə şeytanidir. Nə üçün o belə düşünürdü?
Gəlin əvvəlcə İsa Məsihin insanlara necə təsir göstərdiyinə baxaq. Birincisi, hər şeydən əvvəl İsa Məsihin həyatının nur saçdığı gözəllik və cazibə ilə müqayisədə insan özünün ləyaqətsizliyini görür. Şimon Peter dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam» (Luka 5:8). Yaponiyalı bir cinayətkar Tokiçi İşi ilk dəfə İncili oxuyanda belə demişdi: «Mən ürəyimin dərinliyinə kimi sarsıldım, sanki ürəyimə on santimetr uzunluğunda bir mismar batdı. Bəlkə bu, Məsihin məhəbbətidir? Bəlkə bu Onun iztirab və əzablarıdır? Mən nə deyəcəyimi bilmirəm. Ancaq onu bilirəm ki, mən iman etdim və ürəyimin sərtliyi qeyb oldu». Onun ilk təəssüratı ürəyinin dərin ağrı bürüməsi idi. Bu ləyaqətsizlik hissi insanın ürəyinə bürünən kəskin ağrı ilə birləşərək səmimi tövbəyə səbəb olur. Tövbəsiz isə bağışlanma olmur. Əgər insan Müqəddəs Ruhun səsini dəfələrlə rədd edərək, özünü İsada, ümumiyyətlə, gözəl heç nə görə bilməyəcək vəziyyətə çatdırırsa, o zaman İsaya baxmaq belə onda günahkarlıq hissindən başqa heç bir məna kəsb etməyəcək. O özünü günahkar hissi etmədiyi üçün tövbə edə bilmir. Tövbə etmirsə, deməli, bağışlana bilməz. Lüsifer haqqında əfsanələrdən birində deyilir ki, günlərin bir günü bir keşiş kilsə üzvləri arasında olduqca yaraşıqlı bir gənc adamı görür. İbadətdən sonra gənc adam günahlarını etiraf etmək üçün qalır. Gənc o qədər çox və dəhşətli günahlarını etiraf edir ki, keşişin tükləri biz-biz olur. Keşiş deyir: «Bu qədər günah etmək üçün çox yaşamalı idiniz». Gənc adam cavab verir: «Mənim adım Lüsiferdir. Mən zamanın başlanğıcında cənnətdən qovulmuşam». Keşiş deyir: «Amma bu halda da peşman olduğunu de, tövbə et, onda bağışlana bilərsən». Gənc adam keşişə baxır, sonra geri dönüb uzaqlaşır. O, peşman olduğunu demir, deyə də bilməz. Buna görə də o, əvvəlkindən daha betər və daha lənətlənmiş vəziyyətə qayıdır. Bağışlanmanı ancaq tövbə edən insanlar ala bilər. Məsihdə gözəlliyi görən, günahkarlığına nifrət edən, onu aradan qaldırmayıb, hələ də çirkab və rüsvayçılıq içində qalan adam bağışlanmanı əldə edə bilər. Amma dəfələrlə Allahın yönəldici rəhbər əlinə qulaq asmaqdan boyun qaçıran, səxavət və xeyirxahlığı dərk etmək qabiliyyətini itirən, əxlaqi fikirləri pozulduğundan pisliyi xeyir, xeyiri isə şər hesab edən, günahkarlığını dərk etməyən, hətta İsa ilə görüşəndə belə tövbə etməyən insan bağışlanmayacaq: məhz bu, Müqəddəs Ruha qarşı günahdır.
31-35
İsa Məsih burada həqiqi qohumluğun əlamətlərini göstərir: qohumluq təkcə ətdən və qandan ibarət deyil. Ola bilər ki, insan özünü qan qohumluğu olmayan digər insana qan qohumluğu olan adamlardan daha yaxın hiss etsin. Bəs əsl qohumluq nədir?
1. Qohumluq — ümumi baxışlar və yaşadıqları hadisələrdən eyni cür təsirlənən təcrübədir. Xüsusən də bu təcrübə ümumi bir işdən əldə edilirsə. Bir adamın dediyi kimi: «İki adam biri o birinə «yadındadırmı» deyərək, birlikdə etdiklərini, yaşadıqlarını xatırlaya bilirsə, onda dost olduqlarını deyə bilər». Bir gün bir adam rəfiqəsi yenicə vəfat etmiş yaşlı qaradərili qadınla qarşılaşır. «Siz ona görə təəssüflənirsinizmi?» — deyə adam soruşur. Qadın deyir: «Bəli, amma çox kədərlənmirəm». «Amma keçən həftə sizi onunla bir yerdə gördüm. Siz deyib-gülürdünüz. Yəqin ki, siz çox gözəl dost olmusunuz». «Bəli, mən onunla dost idim. Biz birlikdə deyib-gülə bilərdik. Amma yaxşı dost olmaq üçün insanlar birlikdə həm də ağlamalıdır». Burada böyük həqiqət var. Əsl qohumluq ümumi yaşantılara əsaslanır, məsihçilərin isə ümumi yaşantıları var: onlar bağışlanmış günahkarlardır.
2. Həqiqi qohumluq — həm də ümumi maraqların olmasıdır. A.M. Çerqvin «Dünyaya müjdədə Müqəddəs Kitab» adlı kitabında maraqlı fikir söyləyir. Müqəddəs Kitabı yayanların ən böyük çətinliyi kitab satışı zamanı yaranmır. İnsanları daim Müqəddəs Kitabı oxumağa inandırmaq daha çətindir. A.M. Çerqvin davam edir: «Çindəki inqilabdan əvvəlki ruhani kitablar paylayan adam dükandan dükana, evdən evə, fabrikdən fabrikə gəzirdi. O, çox vaxt ruhdan düşürdü, çünki oxucuların çoxu oxumağa marağını itirmişdi. Sonda o onları bir araya toplayıb qruplar yaratmağa başladı, birlikdə ibadətlər təşkil etdi, yavaş-yavaş bu qruplardan yaxşı təşkil olunmuş cəmiyyət quruldu». Təcrid olunmuş qruplar ümumi maraqlar qrupuna çevriləndə, əsl qohumluq yaranır. Məsihçilərin ümumi marağı var, çünki onlar İsa Məsih haqqında daha çox öyrənmək istəyirlər.
3. Qohumluq — həm də ümumi itaətdən yaranır. Məsihin şagirdləri qarışıq bir qrupdan ibarət idi. Onların arasında müxtəlif inanclı və fikirli adamlara rast gəlmək olardı. Məsələn, vergiyığan Matta və fanatik Millətçi Şimon bir-birlərinə nifrət etməli idilər. Yəqin ki, belə idi. Lakin onlar bir-birinə bağlı idilər, çünki onların hər biri İsa Məsihi öz Rəbbi kimi qəbul etmişdi. Müxtəlif mənşəli, müxtəlif təbəqəli və tamamilə fərqli dünyagörüşü olan əsgərlərdən komandirlər nə qədər alay yaradır. Ancaq bu adamlar uzun müddət bir yerdə olsalar, onlar əsl yoldaşlara çevriləcək. Onları ümumi komandirə itaət birləşdirir. İnsanların ümumi rəhbəri olanda, onlar dost ola bilərlər. İnsanlar İsa Məsihi sevəndə, yalnız onda bir-birilərini sevə bilərlər.
4. Həqiqi qohumluq həm də ümumi məqsədlə müəyyən edilir. Heç bir şey ümumi məqsəd kimi insanları birləşdirmir. Bundan İmanlı Cəmiyyəti böyük dərs götürməlidir. A.M. Çerqvin Müqəddəs Kitaba marağın yaranması haqqında danışanda, belə bir sual verir: bu, ekumenik17 problemə imanlı cəmiyyətinin prinsiplərindən daha çox Müqəddəs Kitab prinsiplərinə əsaslanan yeni yanaşmanın mümkünlüyünü göstərirmi?
Lakin imanlı cəmiyyətlər nə qədər idarəetmə formaları, müqəddəs mərasimlərin idarə edilməsi və digər şeylərə görə — xidmətçilərin təqdis və təyinat məsələləri üzrə mübahisə edəcəksə, heç vaxt birləşməyəcəklər. Onların indi razılaşa gələcəkləri yeganə şey — insanları İsa Məsihə cəlb etməyə çalışmalarıdır.
Əgər qohumluq ümumi məqsədə əsaslanırsa, onda məsihçilər onun sirrini bilirlər. Çünki onların hamısı Məsihi daha yaxşı tanımağa və insanları Onun Padşahlığına gətirməyə çalışır. Bizi fərqləndirən hər nə olursa olsun, hamımız bu fikirlə razılaşırıq.