Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Markın müjdəsi: 2-ci fəsil

V. Barklinin şərhləri

2-ci fəsil

1-5

RƏDD EDİLƏ BİLMƏYƏN İMAN (Mark 2:1-5)

İsa Məsih sinaqoqları gəzib qurtardıqdan sonra Kefernahuma qayıtdı. Onun gəlişi haqqında xəbər dərhal ətrafa yayıldı. Ümumiyyətlə, İsraildəki həyat sosial xarakter daşıyırdı. Hər səhər evlərin qapısı açılır və istəyən hər kəs içəri girə bilərdi. Əgər ev sahibi təklikdə qalmaq istəyirdisə, qapı ancaq o vaxt bağlanırdı. Qapının açıq olması hamını evə dəvət etmək demək idi. Burada haqqında danışılan ev sadə idi, dəhlizi yox idi və qapı birbaşa küçəyə açılırdı. Buna görə də izdiham evi doldururdu, insanlar qapıda toplaşır və hər kəs İsanı dinləmək arzusu ilə alışıb yanırdı. Budur, həmin izdihamın içində iflic olmuş dostunu xərəkdə daşıyan dörd nəfər peyda oldu. Onlar izdihamın arasından keçə bilmədilər. Buna baxmayaraq, ağıllı davrandılar. İsraillilərin evlərinin damları, adətən, yastı olurdu. Həmin damlardan dincəlmək və sakitlik axtarmaq üçün istifadə olunurdu. Oraya çöldən pilləkənlərlə çıxılırdı. Evin quruluşu iflic adamın dostlarını belə qərar verməyə vadar etdi. Dam bir-birindən təxminən bir metr məsafədə bir divardan digərinə çəkilmiş yastı tirlərdən ibarət idi. Tirlər arasındakı məsafə gillə sıxılmış çırpılarla doldurulurdu, üstü əhəngdaşı gili ilə örtülürdü. Bütün damlar, demək olar ki, alçaq olurdu. Çox vaxt evlərin damını ot basırdı. İki tir arasındakı boşluğu dolduran çırpını sökməkdən asan heç nə ola bilməzdi. Belə etmək evə çox da ziyan vurmurdu, zərəri asanlıqla aradan qaldırmaq mümkün idi. Beləcə, dörd nəfər iki tir arasından çırpıları çıxarıb, dostunu İsanın ayaqları önünə endirdilər. Belə böyük imanı görən İsa Məsih, yəqin ki, gülümsədi və iflicə baxıb dedi: «Oğlum, günahların bağışlandı». İnsanı bu şəkildə sağaltmaq qəribə görünə bilər. Lakin o dövrdə İsraildə bu, təbii hal idi. Yəhudilər inanırdılar ki, günah və iztirab bir-birinə bağlıdır. Onlar iddia edirdilər ki, kimsə əzab çəkirsə, deməli, günah edib. Bunu Əyyubun dostları da deyirdilər: «Kimdir günahsız məhv olan?» deyə Temanlı Elifaz soruşdu (Əyyub 4:7). Ravvinlərin belə bir məsəli var idi: «Elə bir əzab çəkən yoxdur ki, bütün günahları bağışlanmazdan əvvəl şəfa tapsın». Bu gün də inkişaf etməmiş xalqlar və tayfalar arasında belə fikirlərə rast gəlirik. Pol Turnye öz kitabında yazır: «Məgər missionerlər bizə vəhşi xalqların xəstəliyi pis hesab etdiklərini demədilərmi? Hətta bəzi məsihçilər də xəstə olanda, Rəbbin süfrəsini qəbul etməyə cəsarət etmirlər. Çünki inanırlar ki, Allah onlardan üz döndərib». Yəhudilərin nəzərində xəstələr Allahın qəzəbləndiyi şəxslərdir. Doğrudur, günah bir çox xəstəliklərin səbəbidir. Amma çox vaxt həmin günah xəstənin özünün deyil, başqa insanların günahı olur. Biz xəstəliyi yəhudilər kimi birbaşa günahla əlaqələndirmirik. Lakin hər bir yəhudiyə görə, əvvəlcə günahların bağışlanması, sonra şəfa lazımdır. Məsih əvvəlcə iflicə dedi: «Oğlum! Allah sənə qəzəblənmir, hər şey yaxşı olacaq». Qaranlıqdan qorxan uşağa bu cür davranırlar. İnsanın qəlbini Allahın qəzəbinə tuş gələr, Ondan uzaq düşər deyə qorxudan dəhşət bürüyürdü. Budur, indi yük qaldırıldı və şəfa tamamlandı. Bu, gözəl hekayədir: İsa həmişə bizə deyir: «Oğlum, Allah sənə qəzəblənmir. Evə qayıt və qorxma».

6-12

TƏKZİBEDİLMƏZ ƏSAS (Mark 2:6-12)

Gördüyümüz kimi, izdiham İsanın ətrafına toplaşmışdı. Buna görə də yəhudilərin rəsmi rəhbərləri Ona diqqət yetirdilər. Yəhudilərin ali məhkəməsi Ali Şura idi.

Ali Şuranın əsas vəzifələrindən biri ortodoks imanını qoruyub saxlamaq idi. Məsələn, Ali Şuranın vəzifəsi hər cür yalançı peyğəmbərləri təqib etmək idi. Elə təəssürat yaranır ki, Ali Şura İsanı izləmək üçün casuslar göndərmişdi. Beləcə onlar Kefernahuma gəlmişdilər. Şübhəsiz ki, onlar izdiham arasında başda oturub, ətrafda olanları tənqidi şəkildə izləyirdilər. İsanın iflicə «günahların bağışlandı» söyləməsi onları heyrətə saldı. Çünki yəhudi inancına görə, yalnız Allah günahları bağışlayır. İnsanın buna iddia etməsi Allaha küfr hesab olunurdu. Bu, küfr idi. Küfr isə ölümlə, daşqalaqla cəzalandırılırdı (Levililər 24:16). Ancaq görünür, Ali Şuranın nümayəndələri hələ İsaya açıq hücum etməyə hazır deyildilər. İsa isə onların nə düşündüklərini görürdü. Buna görə də Özü onlara meydan oxumaq və onların ərazisində onları mübarizəyə çağırmaq qərarına gəldi.

Bütün yəhudilər kimi, ilahiyyatçılar da əmin idilər ki, xəstəlik və günah bir-biri ilə bağlıdır. Günah edən xəstənin özü idi. Buna görə də İsa Məsih onlardan soruşdu: «Bax hansı daha asandır? İflicə «günahların bağışlandı» deməkmi, yoxsa «Qalx, döşəyini götür və yeri!» demək?» Axı istənilən şarlatan «Günahların bağışlandı» deyə bilərdi. Amma heç kəs öz sözlərinin doğruluğunu nümayiş etdirə bilməzdi. Belə bəyanat heç bir sınağa məruz qalmır. Amma «Qalx və yeri!» söyləmək — dərhal baş verməli, deyilənləri dərhal sübut və ya təkzib etmək üçün nəsə demək idi. Buna görə İsa, əslində, belə dedi: «Siz deyirsiniz ki, Mənim günahları bağışlamağa haqqım yoxdur? Axı siz xəstə adamın günahkar olduğuna, günahları bağışlanmazdan əvvəl sağala bilməyəcəyinə inanırsınız?! Yaxşı, onda özünüz baxın!» İsa sözünü dedi və xəstə şəfa tapdı. İlahiyyatçılar öz tələlərinə düşdülər. Onların inancına görə, xəstə insan günahları bağışlanmayana qədər şəfa tapa bilməzdi. İflic isə sağaldı, bu da o demək idi ki, onun günahları bağışlandı. Beləliklə, İsanın günahları bağışlamağa qadir olması iddiası doğru çıxdı. Yəqin, İsa Məsih bir qrup ilahiyyatçıları, qanun və hüquq mütəxəssislərini tamamilə heyrətə saldı. Daha pisi isə o idi ki, onlar nəinki çıxılmaz vəziyyətə düşdülər, həm də buna bərk qəzəbləndilər.

Bu barədə ətraflı danışsaq daha yaxşı olar: əgər belə davam etsəydi, onda bütün ortodoks yəhudi inancı sarsılar və məhv olardı. Belə etməklə İsa Öz ölüm əmrini imzaladı. O, bunu yaxşı bilirdi. Bəs İsanın günahları bağışlaya bilməsi nə deməkdir? Bunun üç izahı ola bilər.

1. Biz bunu belə başa düşə bilərik: İsa Məsih Allahın bağışlanmasını insanlara çatdırdı. Padşah Davud günah edəndə və Natan peyğəmbər onu ifşa edib dəhşətə gətirəndə, Davud həlimləşdi. O, təvazökarlıqla günahını etiraf edəndə Natan peyğəmbər dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən» (2Şamuel 12:13). Natan peyğəmbər Davudun günahlarını bağışlamadı, o, Davuda Allahın bağışlanmasını çatdırdı və onu buna əmin etdi. Beləcə biz də deyə bilərik: İsa bunu etməklə iflici Allahın onun günahlarını bağışladığına əmin etdi. Bu, doğrudur, amma görünür, hələ hər şey demək deyil.

2. Biz bunu belə başa düşə bilərik ki, İsa bunu etməklə Allahın təmsilçisi kimi davrandı. İsa Məsih deyir: «Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib» (Yəhya 5:22).

Əgər qərar İsa Məsihə həvalə edilibsə, o şəxs bağışlanmalıdır. İnsan bənzətməsini götürək. Düzdür, bənzətmə həmişə kamil deyil, lakin bənzətmə ilə biz sırf insani baxımından düşünmək imkanı əldə edirik. İnsan başqasına etibarnamə verə bilər, yəni özünün bütün malını və var-dövlətini onun ixtiyarına verə bilər. O, razılıq verir ki, başqası onun adından hərəkət etsin və bu hərəkətləri onun özününkü kimi qəbul etsinlər. Təsəvvür edə bilərik ki, Allah İsaya münasibətdə məhz bu cür davrandı. Allah İsaya Öz səlahiyyətini və imtiyazlarını verdi. İsanın dediyi sözlər Allahın sözləri idi.

3. Lakin biz bu hissəni başqa cür də anlaya bilərik. Biz İsa Məsihdə Allahın insanlarla münasibətini tamamilə aydın görə bilərik. Amma Allahın insanlara münasibətini insanlar tamamilə fərqli təsəvvür edirdilər. Bu münasibət həmişə nəsə tələb edən, sərt Hakim münasibəti deyildi. Bu, mükəmməl sevgi, sevgiyə can atan və bağışlamaq istəyən qəlbin münasibəti idi.

Gəlin yenə də insan bənzətməsindən istifadə edək. Lyuis Haynd novellalarının12 birində atasını necə tanıdığından danışır: o, həmişə ona hörmət edir və onunla fəxr edirdi. Lakin onun münasibətində həmişə böyük qorxu var idi. Bir bazar günü o, atası ilə imanlı cəmiyyətinə getmişdi. Həmin gün hava çox isti, yuxu gətirən və darıxdırıcı idi. Lyuis Hayndı yuxu tuturdu. O, yuxuladıqca göz qapaqları bağlanırdı. O, başını dik saxlaya bilmirdi. Birdən atasının əlinin qalxdığını gördü, əmin idi ki, atası onu ya itələyəcək, ya da vuracaq. Lakin atası sakitcə gülümsəyərək onu çiyinlərindən qucaqladı və oğlunun daha rahat və sakit olması üçün özünə tərəf çəkdi. Həmin gündən etibarən Lyuis Haynd atasının düşündüyü kimi olmadığını və onu sevdiyini başa düşdü. İsa da insanlara və Allaha münasibətdə eyni şeyi etdi. O, sözün əsl mənasında, yer üzündəki insanlara Allahın bağışlanmasını gətirdi. İsa Məsih olmadan insanlar heç vaxt bunu təsəvvür edə bilməzdilər. İsa həmin xəstəyə dedi: «Sənə deyirəm: sən burada, yer üzündə indi bağışlanmısan». İsa Allahın insanlara necə münasibət bəslədiyini göstərdi. İsa «Mən bağışlayıram» deyə bilərdi, çünki Allah Onun vasitəsilə «Bağışlayıram» dedi.

13-14

HAMININ NİFRƏT ETDİYİ İNSANIN ÇAĞRISI (Mark 2:13-14)

Getdikcə sinaqoqların qapıları İsanın üzünə bağlanırdı. Onunla ortodoksal yəhudi inancının nəzarətçiləri arasında müharibə gedirdi. İndi O, daha sinaqoqlarda deyil, gölün sahilində təlim öyrədirdi. Onun məbədi açıq səma altında idi, günbəzi qübbə, kafedrası təpə və ya balıqçı qayığı idi. Məhz burada Allahın Oğlu Allahın evi sayılan yerlərdən qovulanda dəhşətli vəziyyət başlayır.

O, gölün sahilində gəzir və öyrədirdi. Adi yəhudi ravvinlər də belə öyrədirdi. Ravvinlər bir şəhərdən digərinə gedəndə, yaxud açıq səma altında gəzəndə, tələbələri onların ətrafına toplaşır, onlarla gedir və danışdıqlarına qulaq asırdılar. İsa da bütün ravvinlərin etdiyi kimi etdi.

Qədim dünyanın ən mühüm yolları Qalileyadan keçirdi. Bir adamın dediyi kimi, «Yəhudeyanın yolları heç bir yerə aparmır, amma bütün yollar Qalileyadan keçir». İsrail Avropa ilə Afrikanı birləşdirən körpü idi, bütün quru yollar İsraildən keçirdi. Böyük sahil yolu Dəməşqdən başlayıb Qalileyaya, Kefernahuma və Karmel dağın yamacı ilə Saron vadisi boyunca Qəzza vasitəsilə Misirə aparırdı. Bu yol o dövrdə dünyanın ən böyük yollarından biri idi.

Digər yol isə Aralıq dənizi sahilindəki Akra limanından İordan çayı ilə Ərəbistana və Roma İmperiyasının sərhədlərinə gedib çıxırdı. Bu yol ordu legionlarının və ticarət karvanlarının getdiyi yol idi.

İsrail həmin dövrdə ikiyə bölünmüşdü. Yəhudeya Roma valisi tərəfindən idarə olunan Romanın bir əyaləti idi. Qalileya isə Böyük Hirodun oğlu tetrarx Hirod Antipa tərəfindən idarə edilirdi. İtureya və Traxonitis bölgəsini əhatə edən şərq ərazisini Hirodun başqa oğlu tetrarx Filip idarə edirdi. Filipin idarəçiliyi altında olan bölgədən Hirod Antipanın hakimiyyəti altında olan yoladək səyahətçinin gəldiyi ilk şəhər Kefernahum idi. Ora sərhəd şəhəri idi, ona görə də orada gömrük idarəsi var idi. Həmin dövrdə ixrac və idxal rüsumları ödənilirdi. Göründüyü kimi, bu rüsumlar Kefernahumda yığılırdı. Matta məhz orada işləyirdi. Düzdür, Zakkaydan fərqli olaraq, o, Roma hakimiyyətinə deyil, Hirod Antipaya xidmət edirdi. Buna baxmayaraq, ona vergi yığan adam kimi eyni nifrət göstərilirdi.

Bu hissədən biz Matta və İsa haqqında bir şey öyrənirik.

1. Mattaya çox nifrət edirdilər. Cəmiyyətdə vergi yığanlara heç vaxt hörmət edilmirdi. Qədim dövrdə onlara sadəcə nifrət edilirdi. Çünki insanlar nə qədər vergi ödəməli olduqlarını dəqiq bilmirdilər. Vergiyığanlar da nə qədər bacarırdısa, bir o qədər çox alırdılar. Artıq olanı ciblərinə qoyurdular. Hətta Lukian13 kimi bir yunan yazıçısı vergiyığanları zinakarlar, əclaflar, yaltaqlar və fırıldaqçılarla bir sıraya qoymuşdu. İsa Məsihə heç kimə lazım olmayan bir insan lazım idi. İsa hər kəsin dost adlandırmağa utandığı bir adama Öz dostluğunu təklif etdi.

2. Görünür, həmin vaxt Mattanın ürəyi narahatlıqla dolu idi. Yəqin ki, o, artıq İsa Məsih haqqında nəsə eşitmişdi. Ola bilsin, o, izdiham arasında dəfələrlə İsanın vəzlərinə qulaq asıb və bu onun ürəyini həyəcanlandırmışdı. Lakin o, həmin vaxt hörmətli adamların yanına gedə bilmirdi. Onlara görə o, murdar idi. Onlar hətta onunla iş görməkdən imtina edərdilər. Hyu Redvud London sahilindən qadınların toplantısına gələn bir qadının hekayəsindən danışır. O, çinli bir kişi ilə yaşayırdı. Onun toplantıya özü ilə gətirdiyi qarışıq irqli bir uşağı da var idi. Toplantı qadının xoşuna gəldi və tez-tez oraya gəlməyə başladı. Bir gün yepiskop müavini ona yaxınlaşdı: «Xahiş edirəm, bir daha bura gəlməyin». Qadın ona sual dolu nəzərlərlə baxdı. Yepiskop müavini izah etdi: «Əgər siz bura gəlməyə davam etsəniz, başqa qadınlar buraya gəlməyəcəklər». Qadın böyük kədərlə ona baxdı. «Cənab, — qadın dedi, — bilirəm ki, mən günahkaram. Məgər günahkar heç bir yerə gedə bilməz?» Xoşbəxtlikdən, Xilas Ordusu bu qadını tapdı və onu Məsihə qaytardı. Nə qədər ki bu dünyaya itmişləri axtarıb tapan və xilas etmək üçün Gələn Mattanı tapmamışdı, o da eynilə bu vəziyyətdə idi.

3. Bu hissədən biz İsa haqqında bir şey öyrənirik. O, Mattanı çağıranda gölün sahilindən keçirdi. Böyük bir alimin dediyi kimi: «İsa gəzəndə belə, fürsət axtarırdı». İsanın heç vaxt boş vaxtı olmayıb. Əgər O, gəzərkən Allah üçün bir nəfər tapmalı olsaydı belə, onu axtarıb tapardı. Biz də gəzəndə Məsih üçün insanları axtarsaydıq, necə böyük məhsul yığa bilərdik!

4. İsanın bütün şagirdləri arasında Matta hamıdan çox qurban verdi. O, sözün əsl mənasında, hər şeyi kənara qoyub İsanın ardınca getdi. Şimon Peter, Andrey, Yaqub və Yəhya öz balıqçı qayıqlarına geri qayıda bilərdilər. Tutmaq üçün həmişə çoxlu balıq və qayıtmaq üçün köhnə sənət var idi. Matta isə qayıtmaq üçün heç bir ümid yeri qoymadı.

Bir anda bir hərəkətlə, bir çevik qərarla o öz vəzifəsindən birdəfəlik əl çəkdi. Bir daha geri qayıda bilməyəcəyi vergiyığan işindən imtina etdi. Vacib qərarlar, adətən, vacib insanlar tərəfindən verilir, lakin buna baxmayaraq, hər bir insanın həyatında qərar vermək, seçim etmək anı gəlir. Məşhur adamlardan biri uzun səfərlərə çıxmağa adət etmişdi. Bir gün o, asanlıqla üstündən keçə bilməyəcəyi geniş axının yanına gəldi. O, əvvəlcə paltosunu o biri tərəfə atdı, beləliklə, geriyə qayıtmayacağına dair qərar verdi. O, axını keçmək qərarına gəldi və bunun üçün hər şeyi etdi.

Matta Məsihin ardınca getməklə hər şeyi riskə atdı və yanılmadı.

5. Belə qərar verməklə Matta üç şey əldə etdi.

a) O, rüsvayçı keçmişinə həmişəlik son qoydu. Həmin andan etibarən o, insanların gözünə baxa bilirdi. Ola bilsin ki, o, bundan sonra kasıb yaşayar və həyatı daha da çətinləşərdi. Rahat həyat həmişəlik sona çatardı. Amma həmin andan etibarən onun əlləri təmiz idi, əlləri təmiz olduğuna görə vicdanı da rahat idi.

b) O, işini itirdi, amma daha vacib bir şey tapdı.

Bir adamın dediyi kimi, Matta qələmindən başqa hər şeydən imtina etdi. Alimlər Mattanın yazdığı Müjdənin ilk Müjdə olduğunu hesab etmirlər. Lakin onlar bu Müjdənin bəşər tarixində ən mühüm Sənədlərdən — İsanın təlimlərindən bəhs edən ilk yazılı hesabat olduğunu və bu sənədin Matta tərəfindən yazıldığını düşünürlər. Yaxşı yaddaşa, qələmlə sistemli işləmək vərdişinə malik olan Matta dünyaya İsanın təlimləri haqqında kitab bəxş edən ilk həvari idi.

c) Ən qəribəsi odur ki, Mattanın cəsarətli qərarı ona ən az axtardığı şeyi — heç vaxt unudulmayan dünya şöhrəti gətirdi. Mattanın adı hamıya İsanın həyat hekayəsinin ötürülməsi ilə əbədi bağlı olan bir insan adı kimi məlumdur. Əgər Matta çağırışı qəbul etməsəydi, o öz bölgəsində yalnız insanların nifrət etdiyi və pis şöhrət qazanan insan kimi pis nüfuz əldə edərdi. Çağırışı qəbul etməklə o, insanlara İsa Məsihin sözlərini qələmə alan adam kimi dünya miqyasında şöhrət qazandı. Allah Ona görə hər şeyi riskə atan insanı heç vaxt tərk etmir.

15-17

KİMİN DAHA ÇOX KÖMƏYƏ EHTİYACI VAR (Mark 2:15-17)

İsa Məsih yenə meydan oxuyaraq Özünü müdafiə edir. Matta İsanın ardınca gedəndə Onu öz evinə dəvət etdi. Təbii ki, Matta İsanı özü üçün kəşf edərək, bu kəşfi öz dostları ilə bölüşmək istəyirdi, çünki dostları da onun kimi idi. Bəli, başqa cür də ola bilməzdi: axı Matta özünə onu bütün hörmətli və imanlı insanlar cəmiyyətindən ayıran bir peşə seçmişdi. O özünə özü kimi dostlar tapmışdı. İsa bu dəvəti məmnuniyyətlə qəbul etdi. Həm də Mattanın dostları Onunla ünsiyyət qurmağa can atırdılar. İsa ilə dövrünün ilahiyyatçıları, fariseyləri və ortodoksal ibadət əhli arasındakı fərqi görməkdən daha yaxşı bir şey yoxdur. Həmin insanlarla günahkarlar belə ünsiyyət qurmaq istəməzdi, çünki onlara soyuq qınaq və təkəbbürlü nəzərlərlə baxardılar. Belə insanlar günahkar onların yanına gəlməmiş, ondan uzaqlaşardılar. Yəhudilər Qanuna riayət edənlərlə am-haaretlər, yəni cahillər arasında böyük fərq qoydular. Cahillər fariseylərin bütün norma və qaydalarına əməl etməyən sadə kütlə idi. Möminlərə bu insanlarla ortaq bir şey etmək qadağan edilirdi. Qanuna ciddi əməl edən adamın onlarla ümumi heç nəyi ola bilməzdi: onlarla danışa, səyahət edə, imkan daxilində onlarla işgüzar münasibətlər qura bilməzdi; öz qızını belə bir insana ərə vermək onu vəhşi heyvanlara verməyə bərabər idi. Onları ziyarət etmək və ya belə insanları evinə qonaq dəvət etmək qadağan idi. Mattanın evinə gəlib, bir masa arxasında oturub onun dostları ilə söhbət edən İsa dövrünün fariseylərinin norma və göstərişlərinə məhəl qoymadı. Bu insanların hamısının əxlaqi baxımdan günahkar olduğuna bir an belə inanmaq lazım deyil. Günahkar, hamartolos sözü ikiqat mənaya malikdir. Bir mənası — insanın əxlaq qanunlarını pozmasıdır, digər mənası isə insanın ilahiyyatçılar və qanunşünaslar tərəfindən işlənib hazırlanan normalara əməl etməməsidir. Nikah sədaqətini pozan, donuz əti yeyən, oğurluq edən və ya qətl törədən, yemək yeməzdən əvvəl müəyyən edilmiş qaydada əllərini lazımi şəkildə yumayan şəxslərin hamısı günahkar idi. Şübhəsiz ki, Mattanın qonaqları arasında əxlaq qanunlarını pozanlar və natəmiz həyat tərzi sürən insanlar çox idi. Amma çox güman, elələri da var idi ki, onların yeganə günahı qanunşünasların yazılmamış normalarını pozmaq idi.

İsa yolverilməz davranışına görə ittiham ediləndə, O, çox sadə cavab verdi: «Həkim ona ehtiyac olan yerə gedir. Həkim sağlamlara deyil, xəstələrə lazımdır. Mən də belə davranıram. Mən də Mənə daha çox ehtiyacı olan xəstələrin yanına gedirəm». 17-ci ayə, həqiqətən, böyük məna daşıyır. İlk baxışdan belə görünür sağlam adamın İsaya heç də ehtiyacı yoxdur. Amma məsələ burasındadır ki, İsa özünü çox yaxşı hesab edənlərə, heç bir köməyə ehtiyacı olmayanlara kömək edə bilməz. Ancaq günahkar olduğunu bilən və ürəyində şəfaya susayan günahkar üçün İsa hər şeyi edə bilər. Heç nəyə ehtiyacı olmadığını düşünən insan özü ilə İsa arasında sədd çəkir. Nəyəsə ehtiyacı olduğunu hiss edən adamın cibində isə Onunla görüşməyə dəvət daşıyır.

Mömin yəhudilərin günahkarlara münasibətində, doğrudan da, iki məqam üstünlük təşkil edirdi.

1. Nifrət. Ravvinlər deyirdilər: «Cahil insan heç vaxt mömin ola bilməz». Qədim yunan filosofu Heraklit çox təkəbbürlü aristokrat idi. Skifin adlı bir adam Heraklitin kəşflərini şeirə çevirməyə çalışırdı ki, sadə və savadsız insanlar onları oxuyub başa düşə bilsinlər. Heraklit buna epiqramla cavab verdi: «Mən Heraklitəm. Nəyə görə siz savadsızlar məni özünüzlə bir tutursunuz? Mən sizin üçün yox, məni başa düşənlər üçün zəhmət çəkmişəm. Mənim gözümdə bir insan otuz minə bərabərdir, amma saysız-hesabsız izdiham birinə dəyməz». O, camaata xor baxırdı. İlahiyyatçılar və fariseylər sadə insanlara xor baxırdılar, İsa isə onları sevirdi. İlahiyyatçılar və fariseylər öz rəsmi möminliklərinin alçaq kürsüsündə dayanıb günahkara yuxarıdan aşağı baxırdılar; İsa isə günahkarla birlikdə gəzir, oturur və onu ayağa qaldırırdı.

2. Qorxu. Möminlər günahkarların başqalarını yoluxduracağından qorxurdular. Onlar qorxurdular ki, günah onlara da yoluxa bilər. Onlar yoluxucu xəstəliyə yoluxmamaq üçün onu müalicə etməkdən imtina edən həkimə bənzəyirdilər. Yalnız İsa başqalarını xilas etmək istəyindən ötrü Özünü unudurdu. Məsihin böyük xidmətçilərindən biri S.T. Stadd şeirdən belə sitat gətirməyi xoşlayırdı: «Bəzi insanlar kilsə zənginin cingiltisi altında yaşamağı xoşlayırlar, mən isə cəhənnəm həyətində xilasetmə məntəqəsi qurmaq istəyirəm». Ürəyində nifrət və qorxu olan insan heç vaxt insan tutan balıqçı ola bilməz.

18-20

ŞƏN DƏSTƏ (Mark 2:18-20)

Qanuna riayət edən qatı yəhudilər tez-tez oruc tuturdular. Ancaq yəhudi dinində yalnız bir məcburi oruc günü var idi — Kəffarə günü. Yəhudilərin öz günahlarını etiraf edib bağışlanma əldə etdikləri gün oruc günü adlanırdı. Bundan əlavə, ortodoksal yəhudilər həftədə iki dəfə — bazar ertəsi və cümə axşamı oruc tuturdular. Amma onu deməliyik ki, oruc səhər saat 6-dan axşam saat 6-ya qədər davam etdiyi üçün göründüyü qədər ciddi deyildi. Bundan sonra adi yemək yeyilirdi. İsa orucun əleyhinə deyildi. İnsanın oruc tutmasının bir çox səbəbi var. İnsan intizama görə sevdiyi şeylərdən imtina edə bilərdi ki, onlar onun üzərində deyil, o onların üzərində səlahiyyət sahibi olduğuna əmin olsun. İnsan ona görə oruc tuta bilərdi ki, onlardan asılı olmadığına və onlardan imtina edə biləcəyinə əmin olsun. Öz rahatlığından və xoşladığı şeylərdən imtina etməklə, onları daha çox dəyərləndirə bilsin.

Öz evini qiymətləndirməyin daha yaxşı yolu evdən kənarda uzun müddət yaşamaqdır. Eləcə də Allahın ənamlarını daha çox dəyərləndirməyin ən yaxşı yolu — bir müddət onlardan məhrum olmaqdır. Artıq qeyd edildiyi kimi, oruc tutmaq üçün səbəblər var. Fariseylərə gəlincə isə, problem onda idi ki, onların çoxu özlərini göstərmək üçün oruc tuturdular. Beləcə onlar insanların diqqətini öz möminliklərinə cəlb edirdilər. Onlar hətta üzlərini ağ rənglə boyayıb oruc günlərində səliqəsiz paltarda gəzirdilər ki, hamı onların oruc tutduğunu görsün və sədaqətlərinə heyran olsun. Eyni zamanda onların orucu Allahın diqqətini möminliklərinə cəlb etməli idi. Onlar hesab edirdilər ki, belə davranış Allahın nəzərini cəlb edəcək. Fariseylərə görə, oruc özlərini göstərmək ayini idi. Orucun dəyəri — onun ayin olmasında deyil, qəlbin daxili ehtiyacının olmasındadır.

Şagirdlərinin niyə oruc tutmadığını fariseylərə izah edərkən İsa aydın bir mənzərədən istifadə etdi. Yəhudi toyundan sonra gənc cütlük bal ayına getmir, evdə qalırdı. Bir həftə ərzində onlar evin qapısını açıq saxlayır, ziyafət verir və şənlənirdilər. Zəhmətlə dolu həyatda toy həftəsi insan üçün ən xoşbəxt həftə idi. Həmin həftə ərzində bəyin yaxın dostları, gəlinin yaxın rəfiqələri dəvət olunurdu. Onları bəylə gəlinin sağdışı və soldışı adlandırırdılar. İsa Öz şagirdlərini toy mərasimində seçilmiş qonaqlarla müqayisə edərək sağdışa və soldışa bərabər tutdu. Əslində, belə bir ravvin qaydası var idi: «Nikah mərasimində iştirak edən hər kəs onların sevincini azaldan bütün dini qaydalardan azad edilirdi». Doğrudan da, toya dəvət olunan qonaqlar hər cür orucdan azad idilər. Bu sevincin açarı ondan ibarətdir ki, insan özü üçün Məsihi aşkar edir və Onunla birlikdə olur. Yapon cinayətkarı Tokiçi İşi hədsiz qəddarlığı və amansızlığı ilə seçilirdi: o, qəddarcasına kişiləri, qadınları və uşaqları öldürürdü. O, tutulub həbs olunanda onu iki kanadalı xanım ziyarət etdi. Onlar Tokiçi İşi ilə söhbət belə edə bilmədilər. O, vəhşi heyvan baxışı ilə onları süzdü. Gedərkən onlar ümidlə Müqəddəs Kitab qoyub getdilər ki, bəlkə onu oxuyar. O, Müqəddəs Kitabı oxudu. Məsihin Çarmıxa çəkilmə hekayəsi onu dəyişdirib başqa bir insan etdi. Bir qədər sonra İşini edam kürsüsünə aparmağa gələndə, o, daha vəhşi, qəzəbli heyvan deyil, gülərüz, nurlu bir insan idi. Çünki qatil İşi yenidən doğulmuşdu. Onun yenidən doğulmasının əlaməti səmimi təbəssüm idi. Məsihdəki həyat ancaq sevinc gətirə bilər.

Lakin bütün hissə üfüqdə bulud kimi yüksələn qorxunc əlamətlə başa çatır. İsa Məsih bəyin dostları arasından aparılacağı gündən danışanda, təbii ki, heç kim onun mənasını başa düşmürdü. Hətta onda Öz yolunun başlanğıcında İsa Məsih Onu qarşıda gözləyən Çarmıxını gördü. Ölüm Onu qəfil yaxalamadı. Buna baxmayaraq, O Öz yolunu seçdi. Bu, əsl cəsarətdir. Bu onu gözləyən edam yolundan çəkindirilməsi qeyri-mümkün olan bir adamın portretidir.

21-22

QƏLBƏN GƏNC QALMAQ EHTİYACI (Mark 2:21-22)

İsa Məsih yaxşı bilirdi ki, Onun gətirdiyi xəbər olduqca yenidir. O, həm də yaxşı başa düşürdü ki, Onun həyat tərzi mömin müəllimlərin, ravvinlərin həyat tərzindən çox fərqlidir. O, insanın bu yeni həqiqəti ağılla dərk edib qəbul etməsinin çətin olduğunu yaxşı anlayırdı. O, insanın təşəbbüskar və cəsarətli ağlının nə qədər vacib olduğunu göstərən iki nümunə çəkir.

İsa heç kimin etmədiyi kimi, hamıya məlum olan sadə təsvirləri tapmaq və öz çıxışlarında istifadə etmək ənamına malik idi. O, dəfələrlə sadə şeylər vasitəsilə Allaha gedən yol və yol nişanlarını açıqlayır. O, hamıdan yaxşı «burada və indi»dən «orada və sonra»ya keçid edirdi. İsa hesab edirdi ki, «yer üzü səmavi şeylərlə doludur». O, Allaha o qədər yaxın idi ki, ətrafında hər şey Ona Allah haqqında danışırdı. Bir adam bazar günü günortadan sonra çox məşhur şotlandiyalı kahinlə kənddə gəzintisindən bəhs edirdi. Onlar uzun-uzadı söhbət edirdilər. «Söhbətimizi nədən başlayırıqsa başlayaq, bu Şotland kahin həmişə Allaha birbaşa aparan yol tapırdı». İsa Məsih hara baxırdısa, həmişə birbaşa Allaha yönəlirdi.

  1. İsa köhnə paltara yeni yamaq vurmağın təhlükəsindən danışırdı. Markın işlətdiyi yunan sözü yamağın tamamilə yeni materialdan hazırlandığını, istifadə olunmamış və yuyulmamış olduğunu, buna görə də hələ daralmadığını bildirir. Belə yamaqlı paltar yağışda islanan kimi yeni yamaq kiçiləcək və köhnəsindən qat-qat möhkəm olduğu üçün onu cıracaq. Gün gələcək ki, artıq onu bərpa etmək mümkün olmayacaq — hər şeyi yenidən etmək lazım gələcək. Martin Lüterin dövründə Roma katolik kilsəsinin bütün sui-istifadələrini yamamaq artıq mümkün deyildi, Reformasiya, transformasiya dövrü gəlib çatmışdı. Con Veslinin dövründə Anqlikan kilsəsinin yamaqları tükənmişdi. O getdiyi kilsəni tərk etmək istəmirdi, amma sonda buna məcbur oldu. Çünki yalnız yeni qardaşlıq layiqli ola bilərdi. Bəlkə biz də çox vaxt köhnəni atıb, tamamilə yenisini başlamaq lazım olan yerləri yamamağa çalışırıq.

2. Qədim dövrlərdə şərab tuluqlarda saxlanılırdı. O vaxt bizdəki kimi butulka yox idi. Təzə tuluqlar müəyyən elastikliyə malik idi. Zaman keçdikcə onlar sərtləşir və elastikliyini itirirdi. Yeni şərab hələ də qıcqırmağa davam edirdi. Bunun nəticəsində qazlar əmələ gəlir, bu da öz növbəsində təzyiq yaradırdı. Təzə tuluq bu qazların təzyiqi altında genişlənirdi. Köhnə, sərt və quru tuluqlar isə partlayırdı. Onda həm şərab, həm də tuluq xarab olurdu. İsa insanlardan çevik ağıl tələb edirdi. Öz vərdişlərində və düşüncələrində sadiq durmaq təhlükəlidir. C.A. Findli bir dostunun deyimini sitat gətirir: «Əgər bir nəticəyə gəlmisənsə, deməli, ölmüsən». Bununla o demək istəyirdi ki, insan nəsə barədə düşünməyi dayandıranda və öz qərarlarında möhkəm duranda, onlara öyrəşib sevəndə, yeni düşüncələri qəbul etmək, yeni yollar axtarmaq bacarığını itirəndə, o, fiziki sağ olsa da, əqlən və ruhən ölü olur.

İnsan yaşlandıqca, demək olar ki, bütün yeni və tanımadığı hər şeyə qarşı durmağa başlayır. Zaman keçdikcə insana vərdişlərini və həyat tərzini dəyişmək çətin olur. Cənubi Hindistan Birləşmiş İmanlı Cəmiyyətinin yaradılması ilə bağlı müzakirələrdə iştirak edən Lesli Nyubicin deyir ki, işi ən çox gecikdirən məsələ budur: «Əgər biz bunu etsək, nəyə nail olacağıq?». Sonda kimsə qısaca dedi: «Məsihçinin hara getdiyini soruşmağa haqqı yoxdur». İbrahim peyğəmbər də hara getdiyini bilməyərək yola çıxdı (İbranilərə 11:8). İbranilərə Məktubun həmin fəslində biz məşhur ayəni oxuyuruq: «Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi» (İbranilərə 11:21). Artıq ölümün gəldiyini hiss edərək qərib qoca dəyənəyini əlindən buraxmırdı. Ömrünün son gününə qədər o, hələ də yola çıxmağa hazır idi. Məsihçi çağırışının zirvəsinə yüksəlmək istəyən imanlılar təşəbbüskar və cəsarətli düşüncə tərzini qoruyub saxlamalıdırlar. Bir dəfə mən bu sözlərlə bitən məktub aldım: «Siz səksən üç yaşınızda hələ də böyüyürsünüz ...» Məsihin tükənməz sərvətlərinə sahib olduğumuz halda niyə də olmasın?

23-28

HƏQİQİ VƏ SAXTA MÖMİNLİK (Mark 2:23-28)

Yenə də İsa Məsih sərt şəkildə ilahiyyatçılar tərəfindən hazırlanmış qayda və normalara qarşı çıxır.

İsa və şagirdləri Şənbə günü taxıl zəmiləri sahəsindən keçərkən sünbülləri qoparıb yeməyə başladılar. Şagirdlər bunu adi gündə etsəydilər, bunda qınanan və qadağan olunan heç nə olmazdı (Qanunun Təkrarı 23:25). Səyyah oraqdan istifadə etmədiyi üçün o, sərbəst şəkildə sünbülləri qıra bilərdi. Ancaq bu vəziyyətdə hər şey Şənbə günü baş verir. Şənbə günü isə, sözün əsl mənasında, minlərlə xüsusi norma və qaydalarla məhdudlaşırdı, yəni bütün işlər qadağan edilmişdi. Bütün işlər otuz doqquz növə bölünmüşdü. Onlar arasında dörd cür fəaliyyət var idi — əkmək, biçmək, taxıl döymək və un hazırlamaq. Şagirdlər öz əməlləri ilə, demək olar ki, bütün bu dörd qaydanı pozmuşdular və əslində, Qanun pozucuları hesab edilməli idilər. Bizim üçün bu, dəhşətli görünə bilər, amma ravvinlərin nəzərində bu, ölümcül günah idi.

Fariseylər dərhal öz ittihamlarını irəli sürüb, İsanın şagirdlərinin qanunu pozduqlarını bildirdilər. Fariseylər gözləyirdilər ki, İsa o dəqiqə şagirdlərini dayandıracaq. Lakin O, fariseylərə onların sözü ilə cavab verdi. İsa 1Şamuel 21:1-6-da qeyd olunan epizoddan sitat gətirdi. Davud canını qurtarmaq üçün qaçıb Noh şəhərindəki Hüzur çadırına gəldi və kahinlərdən çörək istədi. Amma orada kahinlər üçün nəzərdə tutulan çörəkdən başqa heç nə yox idi. Təqdis çörəkləri haqqında isə Çıxış 25:23-30-da yazılıb. Bu, uzunluğu təxminən 90 sm, eni 50 sm və hündürlüyü 70 sm olan xalis qızılla örtülmüş masanın üzərinə qoyulmuş on iki çörək idi. Həmin masa Hüzur çadırında Ən Müqəddəs yerin qarşısında dayanırdı, çörəklər isə bir növ Allaha təqdim edilən qurban idi. Onlar həftədə bir dəfə dəyişirdilər. Çörəkləri yenisi ilə dəyişəndə, onlar kahinlərə məxsus olurdu, onları ancaq kahinlər yeyə bilərdi (Levililər 24:9). Amma Davud ehtiyac duyduğu vaxtda çörəkləri götürüb yedi. İsa fariseylərə göstərdi ki, Müqəddəs Yazılarda da insan ehtiyacının bütün bəşər, hətta ilahi qanunlardan üstün olduğuna dair nümunə var. İsa dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb». Bu, tamamilə aydın idi. İnsan Şənbə gününü idarə edən bu süni qanun meydana gəlməzdən əvvəl yaradılmışdır. İnsan norma və qaydaların qurbanı və qulu olmaq üçün yaradılmayıb. Qayda və normalar insan həyatını yaxşı və dolğun etmək üçün yaranıb. İnsan Şənbənin quluna çevrilməməlidir. Şənbə günü onun həyatını daha yaxşı etmək üçün mövcuddur.

Bu hissədə unutduğumuz bəzi həqiqətlər yazılıb.

1. İman yolu norma və hüquq toplusu deyil. Əgər bu məsələni dərindən araşdırsaq, bazar gününə riayət edilməsi vacibdir. Lakin iman yolunda bazar gününə riayətdən daha əhəmiyyətli problemlər var. Əgər insan imanlı olmaqdan ötrü bazar günü işlərini və rahatlığını kənara qoyub, həmin gün imanlı cəmiyyətinə getsəydi, dualar edib Müqəddəs Kitab oxusaydı, onda məsihçi olmaq çox asan olardı. İnsanlar iman yolunun mahiyyəti olan məhəbbət, bağışlama, xidmət və mərhəmət haqqında unudub, onları norma və qaydalara riayət etməklə əvəz etməyə başlayan kimi, iman yolu tənəzzül təhlükəsi ilə üz-üzə qalır. Məsihçiliyin mahiyyəti hər zaman nədənsə çəkinmək deyil, nəsə etmək olub.

2. Ancaq insan münasibətlərində ən vacibi — ehtiyacı olan qardaşına kömək etməkdir. Bu tələb bütün digər tələblərdən üstün olmalıdır. Hətta katexizm14 və imanın iqrarı qəbul edir ki, şənbə günündə zəruri işlər görülə və mərhəmət göstərilə bilər. Əgər hansısa din insana qardaşının ehtiyacına kömək etməyə mane olursa, bu din deyil. İnsanın ehtiyacı həmişə istənilən sistemdən daha üstündür. İnsanın ehtiyacı həmişə bütün ayinlərdən daha vacibdir. Allaha ibadət etməyin ən yaxşı yolu — insanlara kömək etməkdir.

3. Müqəddəs əşyalardan istifadə etməyin ən yaxşı yolu — insanlara kömək etməkdir. Bu, əslində, onları Allaha təqdim etməyin yeganə yoludur. Ən maraqlı hekayələrdən biri — dördüncü münəccimin hekayəsidir. Onun adı Artaban idi. O, ulduzun ardınca gedərək Bet-Lexemə gəldi. Özü ilə Padşaha hədiyyə etmək üçün çox bahalı göy yaqut, yaqut və mirvari götürmüşdü. O, təyin olunmuş yerdə dostları Qaspar Melhior və Baltasarla görüşməyə tələsdi. Onun vaxtı az idi. Əgər o geciksəydi, dostları onsuz yola düşəcəkdi. Birdən o, qarşısında yerdə müəyyən bir fiqur gördü: bu, qızdırmadan əziyyət çəkən bir səyyah idi. Artaban dilemma ilə üzləşdi. Əgər o, dayanıb səyyaha kömək etsəydi, onda gecikəcək və dostlarını itirəcəkdi. Lakin o, ayaq saxlayıb səyyaha kömək etdi. İndi o, tək qaldı. O, dostlarına və onların karvanına çatmadığına görə, ona səhradan keçməyə dəvələr və yükdaşıyan lazım idi. O, dəvə almaq və muzdla yükdaşıyan tutmaq üçün göy yaqutu satmalı oldu. Padşaha bu dəyərli daş-qaşı hədiyyə edə bilməyəcəyinə görə təəssüfləndi. Artaban yoluna davam edərək Bet-Lexemə çatdı. Amma o, yenə gecikdi: Yusiflə Məryəm Körpə ilə birgə artıq Bet-Lexemi tərk etmişdi. Sonra Hirodun uşaqları öldürmək əmrini yerinə yetirən əsgərlər gəldilər. Artaban həmin vaxt Körpənin olduğu evdə qalırdı. Artıq evin qapısında əsgərlərin addım səsi və qadınların ağlaşması eşidilirdi. Artaban əlində yaqut tutaraq evin qapısında dayanıb, onu rəisə verdi və əsgərlərin evə girməsinə mane oldu. Beləcə körpə xilas oldu, anası çox sevindi. Amma yaqut əldən getdi. Artaban bu yaqutu heç vaxt Padşaha verə bilməyəcəyinə görə təəssüfləndi. Artaban Padşahın axtarışı ilə uzun müddət səyahət etdi. Otuz ildən çox keçəndən sonra yenidən Yerusəlimə gəldi. Həmin gün Yerusəlimdə bir neçə insanı Çarmıxa çəkilməli idilər. Artaban İsanın Çarmıxa çəkiləcəyini eşidəndə Qolqotaya tələsdi. İsanın adı Padşahın adı kimi onun üçün gözəl səsləndi. Artaban ümid edirdi ki, dünyanın ən gözəl mirvarisi ilə Padşahın həyatını satın ala bilər. Lakin küçədə o, əsgərlərdən qaçan bir qızla qarşılaşdı. «Mənim atamın çox borcu var. Onlar məni götürüb qul kimi sataraq onun borclarını ödəmək istəyirlər. Məni xilas edin!»— deyə qız qışqırdı. Artaban əvvəlcə tərəddüd etdi, sonra qəmli halda mirvarini çıxarıb əsgərlərə verdi ki, qızı satın alsın. Qəfil göy üzü qaraldı, zəlzələ oldu, Artabanın başına bir kirəmit parçası dəydi. O, huşunu itirərək yerə yıxıldı. Qız isə onun başını dizinin üstünə qoydu. Birdən dodaqları tərpəndi. «Yox, ya Rəbb, mən nə vaxt Səni ac görüb, yedizdirmişəm? Nə vaxt susuz görüb su vermişəm? Nə vaxt Səni qərib kimi görüb öz evimə qəbul etmişəm? Ya da çılpaq görüb, Səni geyindirmişəm? Nə vaxt Səni zindanda xəstə görüb, Sənin yanına gəlmişəm? Mən otuz üç il Səni axtarıram, heç vaxt Sənin üzünü görməmişəm və Sənə xidmət etməmişəm; ey mənim Padşahım». Onda uzaqdan bir pıçıltı eşidildi: «Sənə doğrusunu deyirəm: «Sən bu ən kiçik qardaşlarımdan birinə etdiyini, Mənə etmiş oldun». Artaban ölərkən gülümsədi, çünki Padşahın onun hədiyyələrini qəbul etdiyini bildi.

Müqəddəs əşyaları istifadə etməyin ən yaxşı yolu — onları insanlar üçün istifadə etməkdir. Elə vaxtlar olub ki, Allahın evi uşaqların üzünə bağlı olub. Çünki böyüklər hesab edirdilər ki, məbəd azyaşlılar üçün çox müqəddəsdir və onların ora girməyə layiq olmaları üçün çox uzun vaxt lazımdır. Elə də olur ki, imanlı cəmiyyəti adi insanlara kömək etmək və yoxsulların vəziyyətini yüngülləşdirməkdən daha çox xidmətlərin nizam-intizamı ilə maraqlanır. Müqəddəs əşyalar ancaq insanlara xidmət edəndə, həqiqətən, müqəddəs olur. Çörək isə aclıqdan öləni yedizdirəndə müqəddəs olur. Əməllərimizdə həlledici məqam Qanunun nöqtəsi deyil, sevgidir.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa iflicə şəfa verir
(Matta 9:1-8; Luka 5:17-26)
1 Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı. 2 O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. 3 Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər. 4 Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər. 5 İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı». 6 Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər: 7 «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» 8 İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz? 9 Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək? 10 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: 11 «Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!» 12 Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».
Levi şagirdlərə qoşulur
(Matta 9:9-13; Luka 5:27-32)
13 İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi. 14 Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
15 İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi. 16 Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 17 İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
Oruc barəsində sual
(Matta 9:14-17; Luka 5:33-39)
18 Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?» 19 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar. 20 Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
21 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 22 Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».
Şənbə günü haqqında təlim
(Matta 12:1-8; Luka 6:1-5)
23 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar. 24 Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?» 25 İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı? 26 O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi». 27 Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb. 28 Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».