Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Markın müjdəsi: 1-ci fəsil

V. Barklinin şərhləri

1-ci fəsil

1-4

HEKAYƏNİN BAŞLANĞICI (Mark 1:1-4)

Mark İsa Məsih haqqında hekayəsinə nə İsanın doğulmasından, nə də səhrada Vəftizçi Yəhyadan başlayır. O, hekayəyə uzaqdan — qədim peyğəmbərlərin görüntüləri ilə başlayır. Başqa sözlə desək, Allahın əzəldən olan planından başlayır.

Stoiklər2 də Allahın planına inanırdılar. Mark Avreli deyirdi: «İlahi olan hər şey, ilahi hikmətlə doludur. Hər şey göylərdən gəlir». Biz də buradan nəsə öyrənə bilərik.

1) Deyirlər ki, gənclik «uzağa baxır», Allahın planları da çox uzağa gedir. Allah planlarını hazırlayır və onları həyata keçirir. Tarix bir-biri ilə əlaqəsi olmayan hadisələrin təsadüfi kaleydoskopu deyil, Tanrının əzəldən sonadək məqsədini gördüyü inkişaf edən bir prosesdir.

2) Biz bu inkişaf edən prosesin içindəyik, buna görə də ona ya töhfə verə, ya da mane ola bilərik. Müəyyən mənada böyük işə kömək etmək — böyük şərəfdir. Amma son məqsədi görmək də böyük imtiyazdır. Əgər biz hansısa uzaq, real, əlçatmaz məqsədə çatmaq üçün üzülmək əvəzinə, bu Məqsədi yaxınlaşdırmaqdan ötrü əlimizdən gələni etsək, həyat fərqli olardı.

Gəncliyimdə özüm oxumadığım üçün,

Mahnı yazmağa belə cəhd etmədim,

Yol boyu ağac əkmədim,

Onların çox ləng böyüdüyünü bilirdim.

Ancaq indi, illər keçdikcə daha müdrik oldum,

İndi bilirəm ki, başqalarının sulayacağı bir ağac əkmək,

Başqasının oxuyacağı mahnı bəstələmək — nəcib və müqəddəs işdir.

Kimsə məqsədə çatmaq üçün əziyyət çəkməsə, ona heç vaxt çata bilməz.

Markın peyğəmbərlərdən sitat gətirdiyi ayə çox əhəmiyyətlidir. «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq». Bu ayə Malaki 3:1-dəndir. Malaki peyğəmbərin kitabında bu peyğəmbərlik xəbərdarlıqdır. Malakinin dövründə kahinlər öz vəzifələrini pis yerinə yetirir, qüsurlu və yararsız heyvanları qurban gətirir və Məbəddəki xidmətə darıxdırıcı bir vəzifə kimi baxırdılar. Allahın Məsh olunmuşu yer üzünə gəlməzdən əvvəl Allahın elçisi Məbəddəki ibadəti təmizləməli idi. Beləcə Məsihin gəlişi həyatın təmizlənməsi idi. Dünyanın belə bir təmizliyə ehtiyacı var idi. Seneka Romanı «bütün pisliklərin çuxuru» adlandırırdı. Yuvenal Roma haqqında «bütün Suriya və Axayalıların iyrənc pisliklərinin axdığı çirkli su borusu» kimi danışırdı. Məsihçilik gəldiyi yerə özü ilə təmizlik gətirir.

Bunu faktlarla göstərmək olar. Brüs Barton danışır ki, o, jurnalistika sahəsində ilk mühüm tapşırığını alarkən müjdəçi Billi Sandi haqqında bir sıra məqalələr yazmaq məcburiyyətində qalmışdı. Üç şəhər seçilmişdi. Brüs Barton yazır: «Mən tacirlərlə danışanda mənə dedilər ki, ibadət vaxtı və ibadətdən sonra insanlar gəlib köhnə borclarını ödəyirdilər, halbuki onlar çoxdan silinmişdi».

Sonra Brüs Barton Billi Sandinin üç il əvvəl ziyarət etdiyi şəhərin ticarət palatasının sədrinə baş çəkdi. Ticarət palatasının sədri dedi: «Mən heç bir imanlı cəmiyyətinə aid deyiləm və heç vaxt oraya getməmişəm. Amma sizə deyim ki, əgər Billi Sandi bu şəhərə dəvət edilsəydi, mən onun fəaliyyəti haqqında indi bildiklərimi əvvəllər bilsəydim və imanlı cəmiyyəti bunun üçün lazımi pulu tapmasaydı, mən həmin pulu ibadətə getməyən insanlardan yarım günə toplayardım. Billi Sandi buradan on bir min dollar apardı. Lakin sirk də bura gələndə özündən sonra heç nə qoymadan bir gündə eyni məbləği götürür. Billi Sandi isə özündən sonra ruhani atmosfer qoyub gedib». Brüs Barton Billi Sandini ifşa etmək istəyirdi. Lakin o, məqalələrində məsihçi müjdəsinin təmizləyici qüdrətinə hörmət etməli oldu.

Billi Qrem Luiziana ştatında Şrivportda vəz edəndə, spirtli içkilərin satışı 40% azaldı, Müqəddəs Kitabın satışı isə 300%-dək artdı. Onun Sietldəki vəzinin nəticələrindən biri çox sadə şəkildə ifadə edildi: «Bir neçə boşanma prosesi dayandırıldı». Şimali Karolina ştatının Qrinsboro şəhərində onun vəzinin təsiri belə ifadə edildi: «O, şəhərin bütün sosial quruluşuna təsir göstərdi».

Məsihçiliyin təsirli olmasının ən gözəl nümunələrindən biri «Baunti» gəmisində baş qaldıran üsyan hadisəsidir. Üsyançılar Pitkern adasına endirildi. Onlar doqquz nəfər idilər. Adada yalnız yerli əhali — altı kişi, on qadın və on beş yaşlı qız yaşayırdı. Üsyançılardan biri çiy spirt hazırlamağa müvəffəq olanda, onlar faciə ilə üzləşdilər — üsyançılardan biri Aleksandr Smitdən başqa hamısı öldü. Smit təsadüfən Müqəddəs Kitab tapdı. Onu oxuyandan sonra adanın yerli əhalisi ilə Müqəddəs Kitabın təliminə əsaslanan bir cəmiyyət yaratmağa qərar verdi. İyirmi ildən sonra Amerika hərbi gəmisi adaya yaxınlaşanda orada, sözün əsl mənasında, məsihçi icması ilə qarşılaşdı. Adada həbsxana yox idi, çünki cinayət də yox idi. Xəstə olmadığı üçün xəstəxana da yox idi. Dəli olmadığı üçün dəlixana da yox idi. Orada savadsız adam da yox idi, dünyanın heç bir yerində insanın canı və malı oradakı qədər təhlükəsiz deyildi. Məsihçilik cəmiyyəti təmizlədi. Məsihin zühur etməsinə icazə verilən yerdə məsihçiliyin antiseptik təsiri cəmiyyəti əxlaqi zəhərdən təmizləyir və onu pak edir.

Vəftizçi Yəhya insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasından ötrü gəldi. Yəhudilər yuyunma mərasimi ilə tanış idilər. Bu barədə Levililər kitabında 11–15-də ətraflı yazılıb. Tertullian deyir ki, «Yəhudi hər gün yuyunur, çünki o, hər gün murdarlanır». Simvolik yuyulma və təmizlənmə yəhudi mərasiminin ayrılmaz hissəsi idi. Qeyri-yəhudi murdar sayılırdı, çünki o, heç vaxt Yəhudi Qanununun heç bir qaydasına əməl etmirdi. Buna görə də, bütpərəst yəhudi dinini qəbul edəndə üç ayindən keçməli idi. Birincisi, sünnət olunmalı idi. Çünki bu seçilmiş xalqın əlaməti idi. İkincisi, ona görə qurban kəsilməli idi, çünki o paklanmalı idi, günahı isə yalnız qan təmizləyə bilər. Üçüncüsü, vəftiz olunmalı idi, bu da onun keçmiş həyatının çirkablarından təmizlənməsini simvolizə edirdi. Məhz buna görə vəftiz zamanı bütün bədənin suya batırılması təbii hal idi.

Vəftiz mərasimi yəhudilərə yaxşı tanış idi. Lakin Vəftizçi Yəhyanın vəftiz etməsində təəccüblü bu idi ki, Yəhya yəhudi ola-ola qeyri-yəhudilərin keçməli olduğu mərasimdən yəhudilərin keçməsini təklif edirdi. Vəftizçi Yəhya möhtəşəm bir kəşf etdi: mənşəcə yəhudi olmaq hələ Allahın seçilmiş xalqı olmaq demək deyil; yəhudinin aqibəti qeyri-yəhudinin aqibəti ilə eyni ola bilər; Allaha yəhudi həyat tərzi yox, pak həyat lazımdır. Vəftiz həmişə etirafla əlaqəli olub.

İnsan hər dəfə Allaha üz tutanda imanını üç fərqli şəxsə etiraf etməlidir.

1) İnsan birinci özünə etiraf etməlidir. İnsanın təbiəti belədir ki, görmək istəmədiklərinə, hər şeydən əvvəl öz günahlarına göz yumur. Bir adam lütf yolunda atdığı ilk addımdan danışırdı. Günlərin bir günü üzünü təraş edərkən güzgüdə özünə baxıb birdən dedi: «Sən balaca murdar siçovulsan!» Həmin gündən o, fərqli bir insana çevrilməyə başladı. İtmiş oğul da öz evini tərk edəndə, təbii ki, gözəl və təşəbbüskar xasiyyətə malik olduğuna inanırdı. Ancaq geri qayıtmaq üçün ilk addımı atmazdan əvvəl o, diqqətlə özünə nəzər salıb dedi: «Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: «Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et»« (Luka 15:18-19).

Dünyada ən çətin şey — insanın özü ilə üzləşməsidir. Allahla doğru münasibətə və tövbəyə doğru ilk addım — öz günahını etiraf etməkdir.

2) İnsan kimə pislik etdiyini etiraf etməlidir. İncidiyimiz insanların qarşısında günahımızı etiraf etməsək, Allah qarşısında tövbə etdiyimizi demək kifayət deyil. Səmavi maneələri aradan qaldırmazdan əvvəl, insani maneələr aradan qaldırılmalıdır. Bir gün Şərqi Afrika imanlı cəmiyyətinin ağsaqqalının yanına bir qadın gəlib, həmin cəmiyyətin üzvü olan əri ilə mübahisə etdiyini etiraf edir. Ağsaqqal ona belə cavab verir: «Dərhal gəlib mübahisə etdiyini etiraf etmək lazım deyil, əvvəlcə barışmaq və ondan sonra gəlib etiraf etmək lazımdır». Çox vaxt belə olur ki, Allaha etiraf etmək insanlara etiraf etməkdən daha asan gəlir. Amma kim özünü alçaltmazsa, bağışlana bilməz.

3) İnsan Allaha etiraf etməlidir. Qürurun sonu — bağışlamanın başlanğıcıdır. İnsan yalnız «mən günah etdim» deyəndə, Allah «bağışladım» deyir. Bağışlanmanı Allahla bərabər səviyyədə danışmaq istəyən deyil, utancaqlığına qalib gələrək diz üstə tövbə edib «Ya Rəbb, mən günahkara rəhm et» deyən şəxs əldə edir.

5-8

PADŞAHIN ELÇİSİ (Mark 1:5-8)

Aydın görünür ki, Vəftizçi Yəhyanın vəzi Yəhudilərə böyük təsir göstərirdi, çünki onlar izdiham şəkilində onu dinləməyə və onun tərəfindən vəftiz olunmağa gəlirdilər. Bəs niyə Yəhya öz xalqına belə təsir göstərdi?

1) O öyrətdiyi kimi yaşayan insan idi. Təkcə onun sözləri deyil, həm də bütün həyatı etirazdan ibarət idi. Bu etiraz onun müasir həyat tərzinə qarşı üç bənddə ifadə olunur.

a) O, başqaları kimi yaşamırdı. O, səhrada yaşayırdı. Yəhudeya və Ölü dəniz arasında dünyanın ən dəhşətli səhralarından biri yerləşir. Bu, əyri-üyrü əhəngdaşı səhrasıdır. Ayaqlarının altında qaynar qayalar uğuldayır, sanki onların altında nəhəng qızğın soba var. Bu səhra Ölü dənizə qədər uzanır, sonra dəhşətli sıldırım çıxıntılarla dənizə enir. Əhdi-Ətiqdə həmin səhranı bəzən Yeşimon adlandırırlar, bu da məhv deməkdir. Yəhya şəhər sakini deyildi. O, səhraya, onun tənhalığına, kimsəsizliyinə öyrəşmiş adam idi. O, Allahın səsini eşitmək imkanı verilmiş şəxs idi.

b) O, başqaları kimi geyinmirdi — dəvə yunundan xüsusi paltar geyinir, belinə dəri qurşaq bağlayırdı. İlyas peyğəmbər də eyni paltarı geyinirdi (2Padşahlar 1:8). [İngilis dilinə tərcümədə ayə belə səslənir: «O adam tüklü paltar geyinir və belinə dəri kəmər taxır» — tərcüməçinin qeydi]. Vəftizçi Yəhyaya baxanda insanlar müasir dəbli natiq haqqında deyil, uzaq keçmişdə çox sadə yaşayan, dəbdəbədən qaçan peyğəmbərlər haqqında düşünməlidirlər.

c) O, başqaları kimi yemirdi — onun yediyi çəyirtkə və çöl balı idi. Maraqlıdır, amma hər iki söz iki mənada şərh edilə bilər: çəyirtkə — Qanunun yeməyə icazə verdiyi həm həşəratlar (çəyirtkələr) (Levililər 11:22-23), həm də kasıbların yediyi müxtəlif növ lobya və ya qoz-fındıq ola bilərdi. Bal — həm çöl arıların yığdığı bal, həm də bəzi ağacların qabığında olan bir növ şirin ağac qatranı və ya ağac şirəsi ola bilərdi. Bu sözlərin mənası vacib deyil, vacib olan Yəhyanın çox sadə yeməklə qidalanması idi.

Vəftizçi Yəhya belə insan idi. Camaat da belə bir insanın sözlərinə qulaq asırdı. Karleyl haqqında deyirdilər ki, o, iyirmi cildlik həyat tərzi ilə Müjdəni təbliğ edirdi. Bir çox insanlar həyatları ilə inkar etdiklərini bəyan edirlər; kifayət qədər bank hesablarına sahib olanlar yer üzündə sərvət toplamağa ehtiyac olmadığını təbliğ edirlər. Digərləri dəbdəbəli evlərdə yaşaya-yaşaya yoxsulluğun bəxtiyarlığı haqqında təbliğ edirlər. Lakin Yəhya öyrətdiklərini həyatı ilə təbliğ edirdi, buna görə də insanlar ona qulaq asırdılar.

2) Onun təbliği həm də ona görə təsirli idi ki, o, insanlara onların qəlbinin dərinliklərində bildiklərini və gözlədiklərini deyirdi.

a) Yəhudilərin belə bir məsəli var idi: əgər İsrail heç olmasa bir gün belə Allahın Qanununa dəqiq əməl etsə, o zaman Allahın Padşahlığı gələcək. Vəftizçi Yəhyanın insanları tövbəyə çağırışı onların çoxdan etməli olduğu və ürəklərinin dərinliyində düşündüklərini həyata keçirməyə təkan verirdi. Bir dəfə Platon demişdi ki, təhsil insanlara yeni şeylər haqqında məlumat vermək deyil, onların artıq bildiyi şeyləri yaddaşdan silmək deməkdir. İnsana ən çox təsir edən onun şüuruna yönələn belə bir xəbər və ya vəzdir. Əgər belə təbliği mənəvi haqqı olan şəxs söyləsə, o, qarşısıalınmaz olur.

b) İsrail xalqı yaxşı bilirdi ki, üç yüz ildən çoxdur peyğəmbərlik səsi eşidilmir. Yəhudilər Allahın həqiqi sözünü gözləyirdilər və onu Vəftizçi Yəhyanın vəzində eşitdilər. Hər bir peşədə peşəkarlıq vacibdir. Məşhur skripkaçı deyir ki, Toskanini dirijor kürsüsünə yaxınlaşan kimi orkestr dirijorun nüfuzunun təsirini hiss edirdi. Biz təcrübəli həkimi o dəqiqə tanıyırıq. Öz peşəsini yaxşı bilən natiqi o dəqiqə tanıyırıq. Yəhya Allahdan gəlmişdi, onu dinləyənlər də dərhal bunu başa düşdülər.

3) Yəhyanın vəzi həm də ona görə təsirli idi ki, o, olduqca həlim və təvazökar idi. Özü haqqında danışanda deyirdi ki, qul olmağa və Məsihin çarıqlarının bağını açmağa belə layiq deyil. Çarıqlar barmaqların arasından keçən bağlarla ayağa bərkidilmiş adi dəri altlıqlar idi. O dövrdə yollar asfaltla örtülməmişdi. Yollar quru havada toz-torpaqlı, yağışlı havada isə palçıqlı olurdu. Çarıqları çıxarmaq qulun işi idi. Yəhya özü üçün heç nə tələb etmədi. Onun bütün tələbi gəlişini elan etdiyi Məsih üçün idi. Onun özünü unutması, təvazökar itaətkarlığı, özünü tam alçaltması və xidmətə tam həsr olunması insanları ona qulaq asmağa vadar edirdi.

4) Vəftizçi Yəhyanın təbliği və təlimi həm də ona görə təsirli idi ki, o özündən böyük olan Şəxsə işarə edirdi. O, insanlara onları su ilə vəftiz etdiyini, ondan sonra Gələnin isə onları Müqəddəs Ruhla vəftiz edəcəyini deyirdi. Üstəlik, deyirdi ki, su ancaq insanın bədənini, Müqəddəs Ruh isə onun həyatını, özünü və ürəyini təmizləyə bilər. Doktor Q.C. Ceffri çox maraqlı nümunə gətirir. Siz kiməsə kommutator vasitəsilə zəng etmək istəyəndə, operator sizə deyir: «Zəhmət olmasa, xətdə gözləyin, sizinlə əlaqə yaratmağa çalışacağam». Danışmaq istədiyiniz adamla əlaqə yaranandan sonra kommutator tamamilə yoxa çıxır. Beləcə siz danışmaq istədiyiniz adamla təkbətək qalırsınız. Vəftizçi Yəhya diqqət mərkəzində olmağa çalışmırdı, o, insanları ondan daha böyük və güclü Olanla əlaqələndirməyə çalışırdı. İnsanlar Yəhyaya ona görə qulaq asırdılar ki, o özünə deyil, onların ehtiyac duyduğu Şəxsə işarə edirdi.

9-11

QƏRAR VERMƏK GÜNÜ (Mark 1:9-11)

Hər düşünən insan üçün İsa Məsihin vəftiz hekayəsi problem yaradır. Yəhyanın vəftizi günahlarından tövbə etmək və onlara son qoymaq istəyən insanlar üçün nəzərdə tutulmuşdu. Bəs bu vəftizin İsa Məsihə nə aidiyyəti var idi? Məgər O, günahsız deyildimi? Məgər Onun belə bir vəftizə ehtiyacı var idi? İsa Məsih üçün su vəftizinin dörd mənası var idi:

1) Bu, qərar vermə anı idi. O, otuz ilini Nazaretdə keçirdi, gündəlik işini, evinə və ailəsinə olan borcunu sədaqətlə yerinə yetirdi. O, yəqin başa düşürdü ki, artıq Onun xidmət vaxtı çatıb. Çox güman ki, O, hansısa əlaməti gözləyirdi. Vəftizçi Yəhyanın ortaya çıxması həmin əlamət oldu. İndi O Ona həvalə edilmiş işin yerinə yetirilmə zamanının gəldiyini gördü. Hər bir insanın həyatında ya qərar qəbul etməli, ya da qərarı rədd etməli anlar olur. Qərar vermək uğur qazanmaq, qərar verməkdən imtina etmək və ya ondan yayınmaq uğursuzluğa məruz qalmaq deməkdir. Louellin dediyi kimi: «Hər bir insan və xalq üçün qərar verməli və seçim etməli olduğu məqam gəlir. Həqiqətlə yalanın mübarizəsində ya xeyiri, ya da şəri seçmək lazımdır. Bu, böyük seçimdir; Allahın Məsihi hər kəsə çiçəklənmək və ya solmağı seçmək təklifi edir. Qaranlıq və işıq arasında seçim isə birdəfəlik edilir».

Hər kəsin həyatında qərar verməli olduğu an gəlir. Şekspir bu barədə belə deyir:

İnsanların işlərində bəzən irəliləmələr,

Bəzənsə geriləmələr olur.

İrəliləyəndə uğur əldə edirik.

Geriləmə dövrü gələndə isə

Bədbəxtliyin dibi ilə sürünürük.

Nə qədər ki irəliləyirik, bu axından yararlanmalıyıq

Yoxsa əlimizdə olanları da itirəcəyik.

Həyatda heç bir qərar verilməzsə, nəticəsi boş, mənasız, cansıxıcı və çox vaxt faciəli olur. Con Oksenem bu həyatı ​​belə görürdü:

«Hər insan üçün yol və qapılar açıqdır;

«Qəlbi zəngin insan uca yol seçir,

Alçaq ruhlu insanın ürəyi alçaq yol axtarır,

Qalanlar isə dumanlı düzənliklərdə oraya-buraya dolanır».

Qeyri-müəyyən olan həyat heç vaxt xoşbəxt ola bilməz. Vəftizçi Yəhya ortaya çıxanda İsa bilirdi ki, qərar vermək vaxtı gəlib çatıb. Nazaret sakit bir kənd idi, İsanın evi Onun üçün doğma idi. Lakin O, Allahın çağırışına cavab verdi.

2) İsa Məsih vəftiz olunaraq xalqla bir olduğunu göstərdi. Onun günahlarından tövbə etməyə ehtiyacı yox idi. Amma xalq Allaha tərəf dönürdü. O da bu hərəkatda iştirak etməyin vacibliyini hiss etdi. Hüzur, rahatlıq və sərvət sahibi olan insan məzlumlara, kasıblara, evsizlərə, işdən yorulanlara fayda gətirən hərəkatda onlarla eyniləşə bilər. İnsan bir hərəkatda özü və ya şəxsi maraqları naminə deyil, başqa insanların maraqlarına görə iştirak edəndə, doğrudan da, böyük sevinc hissi keçirir. Con Bunyanın alleqoriyasına görə, Şərhçi ilə birlikdə səyahət edən bir Məsihçi ciddi şəkildə qorunan Saraya gəlir. Saraya daxil olmaq üçün mübarizə aparmaq lazım idi. Sarayın qapısında buynuz mürəkkəbqabısı olan bir adam oturub, hücum edənlərin hamısının adını yazırdı. Hamı geri çəkilməyə başlayır. Sonra Məsihçi gördü ki, «bir cəsarətli adam adları yazana yaxınlaşıb deyir: «Cənab, mənim adımı yazın». Böyük işlər baş verəndə məsihçi yaxınlaşıb deməlidir: «Zəhmət olmasa, mənim adımı yazın». İsa Məsih də vəftizi qəbul edəndə məhz bu cür addım atdı.

3) Bu, İsa Məsih üçün seçilmiş qərarını təsdiqləmə məqamı idi. Heç kim naməlum yola çıxarkən evini rahatlıqla tərk etmir. İnsan düzgün addım atdığına tamamilə əmin olmalıdır. İsa nə edəcəyinə artıq qərar vermişdi. İndi O, Allahdan gələn təsdiqləməni gözləyirdi. İsa Məsihin dövründə yəhudilər qızın səsi mənasını verən Bat Kol barədə danışırdılar. Onlar inanırdılar ki, göyün bir neçə qatı var. Ən yuxarı qatda əlçatmaz nurda yaşayan Tanrı əyləşir. Bu göy qatı hərdənbir açılır və Allah danışır. Lakin onların fikrinə görə, Allah o qədər uzaqda idi ki, insanlar Onun səsinin yalnız əks-sədasını eşidirdilər. İsa Məsihə gəlincə isə Allah birbaşa danışdı. Markın hekayəsindən görünür ki, bu, İsanın şəxsi təcrübəsi idi. O, heç də camaat üçün nəzərdə tutulmamışdı. Allah Mattanın dediyi kimi, «Bu Mənim sevimli Oğlumdur...» demədi (Matta 3:17). Allah birbaşa İsaya müraciət edib «Sən Mənim Sevimli Oğlumsan...» dedi. Vəftiz olunarkən İsa Öz qərarını Allaha həvalə etdi və bu qərar açıqcasına təsdiqləndi.

4) Vəftiz İsa Məsih üçün qüdrətlə dolma məqamı idi. Həmin an Onun üzərinə Müqəddəs Ruh endi. Biz burada müəyyən rəmzi məna görürük. Müqəddəs Ruh göyərçin kimi endi. Bu, təsadüfi müqayisə deyil. Göyərçin — xeyirxahlığın rəmzidir. Həm Matta, həm də Luka bizə Yəhyanın təbliğinin mahiyyətindən danışır (Matta 3:7-12; Luka 3:7-13). Vəftizçi Yəhyanın xidməti ağacların kökündə yatan balta missiyası idi; dəhşətli seçim, hər şeyi udan alovun missiyası. O, Xoş Xəbəri deyil, mühakimə və məhvi bəyan edirdi. Müqəddəs Ruhun göyərçin şəkilində ortaya çıxması xeyirxahlıq və mülayimlik təəssüratı yaradır. O, qalib gələcək, amma bu, məhəbbətin qələbəsi olacaq.

12-13

SINAQ ZAMANI (Mark 1:12-13)

Vəftizin əzəmətli məqamı keçməmiş sınaqlarla mübarizə başladı. Burada bizim üçün çox aydın məqam təsvir olunur, biz ondan yan keçə bilmərik. Çünki İsanı sınamaq üçün səhraya aparan Müqəddəs Ruh idi. Vəftiz zamanı İsanın üzərinə enən həmin Ruh indi Onu sınağa çəkib-apardı (qova-qova apardı).

Həyatımızda sınaqdan qaçmaq mümkün deyil. Lakin bir şey aydındır — sınaqlar bizə büdrəmək üçün göndərilmir, əsəbimizi, əqlimizi, qəlbimizi və ruhumuzu gücləndirmək üçün göndərilir. Onlar bizi məhv etməli deyil, əksinə, bizə fayda verməlidir. Sınaqlar Allahın əsgərləri kimi onlardan keçməyimizə xidmət etməlidir. Tutaq ki, hansısa bir gənc yaxşı futbolçudur; o, ikinci heyətdə yaxşı çıxış edir. O, çox bacarıqlı görünür. Onda komandanın rəhbəri nə edəcək? Şübhəsiz ki, onu zəif oynaya biləcəyi üçüncü heyətə göndərməyəcək. Onu əsas heyətə oynamağa göndərəcək ki, gənc onun üçün tamamilə yeni sınaqdan keçə bilsin və özünü təsdiqləmək imkanı qazansın. Sınaqlar da belədir. Onlar bizə yetkinliyimizi sınamaq və mübarizədə güclənmək imkanı verməlidir.

Qırx gün ifadəsini hərfi mənada başa düşmək lazım deyil. Yəhudilər, adətən, bu ifadəni uzun müddət keçdiyini bildirmək üçün istifadə edirdilər. Məsələn, Musa peyğəmbərin qırx gün qırx gecə dağda olduğu deyilir (Çıxış 24:18). İlyas peyğəmbər Mələk tərəfindən yedizdiriləndən sonra qırx gün qırx gecə yol getdi (1Padşahlar 19:8). Necə ki biz on gün və ya on günə yaxın dediyimiz kimi, yəhudilər də qırx gün ifadəsini hərfi mənada deyil, kifayət qədər uzun müddəti bildirmək üçün işlədirdilər.

İsa Məsihi sınağa çəkən şeytan idi. Qədim ibrani dilində şeytan — əleyhdar, rəqib deməkdir. Şeytan Allah qarşısında insanları ittiham edən kimi çıxış edir. Bu mənada həmin söz Əyyub 2:2-də və Zəkəriyyə 3:2-də qeyd olunur.

Şeytan insanları ittiham edir. Şeytanın başqa bir adı da var — iblis. İblis sözü yunan dilindəki diabolos sözündən yaranır. Yunan dilində iblis hərfi mənada böhtançı deməkdir. Bu, bilərəkdən insana Allah qarşısında qəddarcasına böhtan atmağa çalışan adamdan fərqlənmir. İblis insanın ən böyük və qəddar düşmənidir.

Başqa sözlə, bu dünyada Allah və Onun əleyhdarı, düşməni var. Şeytana Allahın düşməni kimi baxmaq qaçılmazdır. Bu gün də həmin ad eyni mənanı daşıyır. O, həmişə insanlar üçün belə olub. Şeytan — əslində, Allaha qarşı çıxan hər şeydir. Əgər Əhdi-Cədidə nəzər salsaq, görərik ki, bütün insan xəstəliklərinin və iztirablarının arxasında şeytan və ya iblis dayanır (Luka 13:16); şeytan Yəhudanın ürəyinə girdi və onu aldatdı (Luka 22:3); biz iblislə mübarizə aparmalıyıq (1Peter 5:8; Yaqub 4:7); Məsihin işləri şeytanın gücünü sarsıtdı (Luka 10:1-19). Şeytan — Allaha qarşı çıxan qüvvədir.

Sınaqlar hekayəsinin mahiyyəti elə bundadır. İsa Məsih Ona tapşırılan işi necə yerinə yetirəcəyinə qərar verməli idi. O, qarşısında dayanan böyük vəzifəni dərk edirdi. O, həm də Ona böyük qüdrət verildiyini başa düşürdü. Allah Ona dedi: «İnsanlara Mənim sevgimi çatdır. Onları ölənədək sev. Çarmıxda ölməli olsan da, onları bu sarsılmaz məhəbbətlə fəth et». Şeytan isə İsa Məsihə təklif etdi: «İnsanlara zərər vermək üçün Öz gücündən istifadə et; düşmənlərini məhv et; dünyanı güc və qanla fəth et». Allah İsaya dedi: «Məhəbbət padşahlığını qur». Şeytan isə təklif etdi: «Diktatura hakimiyyəti qur». Həmin gün İsa Allahın yolu ilə Allahın düşməninin yolu arasında seçim etməli oldu.

Mark sınaq haqqında qısa hekayəsini iki məqamla bitirir.

1) İsa vəhşi heyvanların arasında idi. Səhrada bəbir, ayı, çöl donuzu və çaqqal yaşayırdı. Çox vaxt tədqiqatçılar deyirlər ki, bu aydın təfərrüat ümumi tutqun mənzərəni bir qədər tamamlayır. Amma bu, belə olmaya da bilər. Ola bilsin, bu təfərrüat heyvanların İsanın dostu olduğunu göstərir. Yəhudilərin Məsihin gəlişi ilə bağlı xəyallarında insanla heyvan arasındakı düşmənçiliyin sona çatacağı arzusu dayanırdı. «O gün sənin asayişin üçün çöl heyvanları, göy quşları və yerdə sürünənlərlə əhd kəsəcəyəm» (Huşə 2:18). «O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq... Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç kəs o birisini məhv etməyəcək...» (Yeşaya 11:6-9). Ola bilsin, burada biz insan və heyvanın dinc yaşamasının intizarını görürük. Bəlkə də burada heyvanların öz dostunu və Padşahını insanlardan əvvəl necə tanımasına dair mənzərə canlanır.

2) Mələklər İsaya xidmət edirdilər. Sınaq anlarında insan həmişə ilahi dəstək alır. Elişa peyğəmbər və nökəri Dotanda düşmənlər tərəfindən mühasirəyə alınanda və onların çıxış yolu olmayanda, Elişa gənc nökərinin gözlərini açdı. O da ətrafda Allaha məxsus atları və odlu arabaları gördü (2Padşahlar 6:17). İsa Öz mübarizəsində tək deyildi. Biz də tək deyilik.

14-15

XOŞ XƏBƏR (Mark 1:14-15)

İsanın Müjdəsinin xülasəsində məsihçiliyin əsası olan üç böyük söz qeyd olunur.

1) Müjdə (xoş xəbər). İsa Məsih gəldi ki, hər şeydən əvvəl insanlara Xoş Xəbər çatdırsın. Əgər biz Əhdi-Cədiddə evangemon, müjdə, xoş xəbər sözünə nəzər yetirsək, onun məzmunundan bir şey başa düşə bilərik.

a) Bu, həqiqət Müjdəsidir (Qalatiyalılara 2:5; Kolosselilərə 1:5). İsa Məsihin gəlişinə qədər insanlar Allahı kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarırdılar. «Kaş biləydim Onu harada tapmaq olar...» — deyə Əyyub fəryad edirdi (Əyyub 23:3). Mark Avreli3 deyir ki, qəlb zəif görə bilir. O, «görmək» sözünü işlədəndə, su vasitəsilə görmək mənasını verən yunan sözündən istifadə edir. Məsih gələndən sonra insanlar Allahın necə olduğunu aydın görə bilərlər: daha təxmin etməyə və qaranlıqda axtarış aparmağa ehtiyac yox idi.

b) Bu, ümid Müjdəsidir (Kolosselilərə 1:23). Qədim dövrdə pessimist əhval-ruhiyyə hökm sürürdü. Seneka bizim «ən vacib məsələlərdə acizliyimizdən» danışırdı. İnsanlar xeyirxahlıq uğrunda mübarizədə məğlub olurdular. İsanın gəlişi qəlbiqırıqlara ümid verdi.

c) Bu, sülh Müjdəsidir (Efeslilərə 6:15). İnsan daxilində şəxsiyyətin ikiləşməsi kimi bir cəza daşıyır. İnsanda qəribə bir şəkildə həm heyvan, həm də mələk birləşir. Deyilənə görə, bir dəfə tənha sərgərdan pessimist-filosof Şopenhauerə4 belə bir sual verilib: «Siz kimsiniz?». O isə belə cavab verib: «İstərdim ki, bunu mənə siz deyəsiniz». Robert Börns isə özü haqqında belə demişdi: «Mənim həyatım mənə dağılmış məbədi xatırladır. Bəzi hissələrdə nə qədər güc, nə qədər uyğunluq var! Nə qədər zədələr, digərlərində isə nə qədər xarabalıqlar var!» İnsanın bədbəxtliyi də elə bundan qaynaqlanır: o, eyni zamanda həm günaha, həm də comərdliyə can atır. İsa Məsihin gəlişi bu ikiləşmiş şəxsiyyəti birləşdirir. İsa Məsih zəfər qazandığı kimi, insan da öz müxalif «mən»inə qalib gəlir.

d) Bu, vəd Müjdəsidir (Efeslilərə 3:6). Düzünü desək, insanlar həmişə Allahdan vəd yox, cəza gözləyirdilər. Bütün digər dinlər Allahı tələb edən və haqq-hesab çəkən kimi tanıyır. Yalnız məsihçilik insanlara dilədiyindən daha çox verməyə hazır olan Tanrı haqqında danışır.

e) Bu, ölməzlik Müjdəsidir (2Timoteyə 1:10). Bütpərəstlər üçün həyat ölümə aparan yoldan ibarət idi. İnsan mahiyyət etibarı ilə ölmək üzrə olan bir adam idi. İsa Məsih isə bizə ölümə gedən yolda deyil, həyata gedən yolda olduğumuzu bildirmək üçün Xoş Xəbər gətirdi.

f) Bu, xilas Müjdəsidir (Efeslilərə 1:13). Xilas yalnız mənfidən qurtuluş deyil, o özündə müsbəti də ehtiva edir. O, təkcə keçmiş günahdan və cəzadan azad etmir; xilas qalib həyat sürməyə və günaha qalib gəlməyə imkan verir. İsa Məsih, həqiqətən də, insanlara Xoş Xəbər gətirdi.

2) Tövbə etmək. Tövbə etmək bəzən göründüyü kimi sadə bir şey deyil. Yunanca metanoia sözü hərfi mənada düşüncə tərzini dəyişmək deməkdir. İnsan iki şeyi qarışdırmağa meyillidir — günahın nəticəsinə görə və günahın özünə görə olan peşmançılığı. Əksər insanlar günahın onlara gətirdiyi çoxlu bəlalara görə peşman olduqlarını bildirirlər. Lakin onlar həmin nəticələrdən qaça biləcəklərini bilsəydilər belə, yenə də bunu təkrar edərdilər. Onlar günaha deyil, onun nəticələrinə nifrət edirlər. Həqiqi tövbə o deməkdir ki, insan təkcə etdiyi günahın həm özünə, həm başqalarına gətirdiyi nəticələrdən peşman olmur, həm də günahın özünə nifrət edir.

Bir vaxtlar müdrik Monten öz tərcümeyi-halında yazırdı: «Uşaqlara pisliyə onun mahiyyətinə görə nifrət etməyi öyrətmək lazımdır ki, onlar nəinki onu törətməkdən çəkinsinlər, həm də ona bütün qəlbləri ilə nifrət etsinlər; günahın haqqında düşünmək də onlarda ikrah hissi oyatsın». Tövbə o deməkdir ki, insan sevdiyi günaha pis olduğuna görə nifrət etməyə başlayır.

3) Sonda — iman edin. İsa Məsih deyir: «Müjdəyə inanın». Müjdəyə inanmaq — sadəcə olaraq İsanın sözünə inanmaq, Allahın İsanın bizə danışdığı kimi olduğuna inanmaq deməkdir; Allahın dünyanı çox sevdiyinə görə bizi Özünə qaytarmaq üçün hər cür qurban verməyə hazır olduğuna inanmaq deməkdir; bizim üçün inanılmaz olan həqiqətə inanmaq deməkdir.

16-20

İSA MƏSİH DOSTLARINI SEÇİR (Mark 1:16-20)

İsa Məsih qərar verdikdən və nə edəcəyini müəyyən edəndən sonra işi icra etmək üçün insanlar axtarmağa başladı. Rəhbər həmişə bir yerdən başlamalıdır. O, ətrafına eyni fikirli və Onun ideyaları ilə razılaşan bir qrup insanı toplayır. Mark bizə Məsihin, sözün hərfi mənasında, Öz Padşahlığının əsasını qoyduğunu və ilk ardıcıllarını çağırdığını göstərir. Qalileyada çoxlu balıqçılar var idi. Bir vaxtlar Qalileyanın qubernatoru olan böyük yəhudi tarixçisi İosif Flavi deyir ki, o zaman göldə üç yüz əlli balıqçı qayığı üzürdü. İsraildə sadə insanlar nadir hallarda, bəlkə də, həftədə bir dəfə ət yeyirdilər. Balıq onların qidalanması üçün əsas ərzaq idi (Luka 11:11; Matta 7:10; Mark 30-44; Luka 24:42). Balığı, adətən, duza qoyurdular, çünki təzə balıqları daşımaq üçün heç bir vasitə yox idi. Təzə balıq Roma kimi böyük şəhərlərdə əsas delikateslərdən biri idi. Ginesar gölünün ətrafında yerləşən şəhərlərin adının özü orada balıqçılığın nə qədər mühüm yer tutduğunu göstərir. Bet-Sayda balıqçıların evi deməkdir; Tarihea (İncilidə — Məcdəl) duzlu balıqların məskənidir. Balıq məhz orada Yerusəlimə və hətta Romaya ixrac üçün saxlanılırdı. Qalileyada balıqların duzlanması və duzlu balıqların ticarəti mühüm yer tuturdu.

Balıqçılar iki növ tordan istifadə edirdilər. Onlar Müjdələrdə qeyd olunur. Torların bir növü sagene adlanırdı. O, bir növ tral kimi idi, qayığın arxa hissəsindən suya endirilir və suda dayanması üçün tarazlaşdırılırdı. Qayıq gedə-gedə torun dörd ucundan tutub dartırdı və ondan sanki suda hərəkət edən torbaya çevirirdi. Beləcə balıqlar tora düşürdü. Digər tor növü Şimon Peter və Andrey tərəfindən istifadə olunan amfiblestron idi. O, formezontdan bir qədər kiçik idi. Onu suya əl ilə atırdılar.

Təbii ki, İsanın Özünə ardıcıl kimi seçdiyi insanlar haqqında öyrənmək böyük maraq doğurur.

1. Onların kim olduğunu qeyd etmək lazımdır.

Onlar sadə insanlar idi. Onlar məktəb və universitetdə təhsil almamışdılar. Nə kahin nəslindən, nə də aristokrat təbəqəsindən idilər. Onlar nə alim, nə də zəngin idilər. Bir sözlə, onlar balıqçı, adi insanlar idilər. Heç kim heç vaxt İsa Məsih kimi sadə insanlara etibar etməyib. Bir dəfə Corc Bernard Şou belə demişdi: «Mən fəhlə sinfinə qarşı bir şeydən başqa — onları ləğv etmək və ağıllı adamlarla əvəz etməkdən başqa heç nə hiss etmirəm». Con Qolsuorsinin5 «Patrisiya» romanında qəhrəmanlardan biri Miltaun deyir: «Qara camaat! Onlara necə də ikrah hissi bəsləyirəm! Mən onların səsinə nifrət edirəm, üzlərinə hər dəfə baxanda — çirkinlik və əhəmiyyətsizlik görürəm!» Bir dəfə Karleyl əsəbiləşərək dedi ki, İngiltərədə iyirmi yeddi milyon insan yaşayır və onların əksəriyyəti axmaqdır! İsa belə düşünmürdü. Avraam Linkoln deyirdi: «Yəqin, Allah sadə insanları sevir ki, onları belə çox yaradıb». İsa Məsih sanki deyir: «Mənə on iki sadə insan verin, onlar Mənə sadiq olsalar, onlarla birlikdə dünyanı dəyişdirəcəyəm». İnsan özünün kim olması barədə deyil, İsanın onu kim edəcəyi haqqında daha çox düşünməlidir.

2. İsa Məsih onları çağıranda, həmin an onların nə etdiklərini qeyd etmək vacibdir. Onlar adi iş görürdülər: balıqları tutur, torları təmizləyirdilər. Amos peyğəmbər deyirdi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: «Get, xalqım İsrailə peyğəmbərlik et» (Amos 7:14-15). Allah insanı təkcə Allahın evində və ya təklikdə olanda deyil, həm də gündəlik iş zamanı çağıra bilər. Kiplinqin6 əsərində Şotland mühəndis Makendrünun dediyi kimi: «Birləşdirici flanşdan7 tutmuş bələdçi şpindelinə8 qədər hər yerdə Sənin əlini görürəm, ey Allah! Taleh Sənin əsanın işidir!»

Allahın hər yerdə mövcud olduğu dünyada yaşayan insan Onunla görüşməyə bilməz.

3. İsa Məsihin onları necə çağırdığını qeyd etmək lazımdır. İsanın çağırışı belə idi: «Ardımca gəlin!» Bu, o demək deyil ki, İsa həmin gün onları ilk dəfə görürdü. Şübhəsiz, onlar izdihamın arasında dayanıb Onu dinləyirdilər. İzdiham dağıldıqdan sonra isə orada qalıb danışmağa davam edirdilər. Şagirdlər İsanın hüzurunun gözəlliyini və gözlərindəki cəlbedici qüvvəni hiss edirdilər. İsa onlara «Mənim teoloji sistemim var, istərdim ki, siz onu öyrənəsiniz», yaxud «Mənim bəzi nəzəriyyələrim var, istəyərdim ki, siz onların üzərində düşünəsiniz» və ya «Mənim bir etik sistemim var, istəyərdim ki, onu sizinlə müzakirə edim» demədi. O, belə dedi: «Ardımca gəlin!» Hər şey İsanın onlarda yaratdığı şəxsi təəssüratdan başladı. Hər şey sarsılmaz sədaqət doğuran ürəyi təsirləndirən bir hisslə başladı. Lakin bu, heç də o demək deyil ki, məsihçi zəkasını anlayan insanlar yoxdur. Çoxumuz üçün Məsihin ardınca getmək aşiq olmaq kimidir. Deyirlər ki, «biz ağlımızla insanlara heyran oluruq, amma onları dəli kimi sevirik». Hər şey belə yarandığı üçün belədir, biz isə olduğumuz kimiyik. İsa Məsih dedi: «Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm» (Yəhya 12:32). Əksər hallarda insan İsanın dediklərinə görə deyil, İsanın Kim olduğuna görə Onun ardınca gedir.

4. Sonda İsanın onlara nə təklif etdiyini qeyd etmək lazımdır. İsa onlara tapşırıq təklif etdi. İsa onları rahatlığa deyil, xidmətə çağırdı. Bir adamın dediyi kimi, «Hər bir insanın öz həyatını qoya bildiyi işə sahib olması vacibdir». Buna görə də İsa Öz adamlarını rahatlığa və fəaliyyətsizliyə çağırmadı: İsa onları bütün həyatlarını həsr etməli, can yandırmalı, sonda Ona və qardaşlarına görə ölməli olduqları tapşırığı yerinə yetirməyə çağırdı. İsa Məsih onları müəyyən tapşırığı yerinə yetirmək üçün çağırmışdır. Bununla onlar özlərini tamamilə Ona və yaxınlarına həsr etməklə nəyəsə nail ola bilərdilər.

21-22

İSA MƏSİH SƏYAHƏTİNƏ BAŞLAYIR (Mark 1:21-22)

Markın hekayəsi məntiqi və təbii ardıcıllıqla cərəyan edir. Vəftizçi Yəhyanın ortaya çıxması ilə İsa Allahın çağırışını gördü. O, vəftiz olundu, Allah tərəfindən razılıq möhürünü aldı və Ona tapşırılan tapşırığı yerinə yetirmək üçün Allahdan güc aldı. O, şeytanın sınağından keçdi və Öz yolunu seçdi. O, eyni ruhlu kiçik ətrafı olan adamlarını seçdi ki, Öz təlimini onların qəlbində həkk etsin. İndi isə İsa məqsədyönlü şəkildə Öz səyahətinə başlamalı idi. Allahdan söz alan şəxs mütləq Allahın xalqının toplaşdığı imanlı cəmiyyətinə getməlidir. İsa da məhz bu cür davrandı. O, xidmətinə sinaqoqda başladı.

Bu gün gördüyümüz sinaqoqla imanlı cəmiyyəti arasında müəyyən fərqlər var.

a) Sinaqoqun əsas məqsədi öyrətmək idi. Sinaqoqdakı ibadət üç hissədən — duadan, Allahın Kəlamını oxumaqdan və Kəlamı izah etməkdən ibarət idi. Nə musiqi, nə ilahi, nə də qurbanlar var idi. Çünki ibadət və qurban gətirilən yer Məbəd idi; sinaqoq isə təlim və nəsihət yeri idi. Sinaqoq yəhudilərin həyatına böyük təsir göstərirdi. Çünki təkcə bir Məbəd var idi. Qanunda isə deyilirdi ki, harada ən azı on yəhudi yaşayırsa, orada sinaqoq olmalıdır. Yeni təlim öyrətmək istəyən şəxs, təbii olaraq, onu sinaqoqda vəz etməli idi.

b) Sinaqoq bu təlimi insanlara çatdırmağa imkan yaradırdı. Sinaqoqda müəyyən xidmətçilər var idi. Birincisi sinaqoqun baş rəisi idi. O, sinaqoqun işlərini idarə etməyə və ibadətə cavabdeh idi. İanə toplayan və ehtiyaclara görə bölüşdürən insanlar da var idi. İmkanı olanlardan hər gün ianə pul və ərzaq qurbanları yığılırdı. Sonra həmin ianələr kasıblar arasında bölüşdürülürdü: yoxsullara həftədə on dörd dəfə yemək verilirdi. Həzzan adlanan bir şəxs var idi. Müqəddəs Kitabda o, kahin adlanır. O, Müqəddəs Yazılarla birlikdə tumarların saxlanması və təqdim olunması, sinaqoqun təmizliyi, insanlara Şənbənin başladığını elan etmək üçün vaxtı-vaxtında gümüş kərənayın çalınması və icmadakı uşaqların ilkin təhsilinə cavabdeh idi. Lakin sinaqoqda daimi kahin və müəllim yox idi. İnsanlar sinaqoqda ibadətə toplaşanda, sinaqoq rəisi Müqəddəs Yazıları bilən hər kəsi Müqəddəs Kitabdan oxumağa və onu şərh etməyə çağıra bilərdi. Sinaqoqda, ümumiyyətlə, peşəkar kahinə bənzər bir şəxs yox idi. Məhz buna görə İsa Öz xidmətinə sinaqoqlarda başlaya bildi. Müxalif qüvvələr Ona hələ düşmən kəsilməmişdi. O, hamıya insanlara sözü olan bir Şəxs kimi tanınırdı. Məhz buna görə də hər icmanın sinaqoqunda nəsihət verməsi və müraciət etməsi üçün O, minbərə dəvət olunurdu. İsa Məsih sinaqoqda öyrədəndə, Onun təliminin üsulu və ruhu yeni vəhy kimi qəbul olunurdu. O, Qanunu bilən ilahiyyatçılar kimi öyrətmirdi. Bəs bu ilahiyyatçılar kim idi? Yəhudilər üçün dünyada ən müqəddəs şey — Tövrat, Qanun idi. Qanunun mahiyyəti on əmrdən ibarət idi. Qanun sözü altında isə Əhdi-Ətiqin ilk beş kitabı — Beşlik nəzərdə tutulurdu. Yəhudilərə görə, bu beş kitab Allahdan ilhamlanmış kitablar idi. Yəhudilər inanırdılar ki, bu beş kitab Musa peyğəmbərə Allahın Özü tərəfindən verilib. Qanun tamamilə müqəddəs və vacib idi. Yəhudilər deyirdilər: «Kim Tövratın Allah tərəfindən verildiyinə inanmırsa, gələcək dünyada yeri yoxdur». «Kim Musa peyğəmbərin bir ayə olsa belə yazdığını bəyan edirsə, o, Allahın Sözünə qarşı çıxaraq ona nifrət edir». Əgər Tövrat, həqiqətən, müqəddəsdirsə, onda iki məqam ortaya çıxır. Birincisi, o, yüksək iman və həyat normalarına malik olmalıdır. İkincisi, orada həyatı idarə etmək üçün lazım olan hər şey olmalıdır. Belə olan halda, Tövratı ilk növbədə diqqətlə və dəqiqliklə öyrənmək lazımdır. Üçüncüsü, hər şeyi əhatə edən böyük həyati əhəmiyyətli prinsiplər Tövratda təsbit edilmişdir. Əgər onda həyat üçün norma və təlimatlar qeyd olunubsa, birbaşa ifadə olunmasa da, onda gizli olan hər şeyi aşkar etmək və hər kəs üçün əlçatan etmək lazımdır. Yəhudilər təsdiqləyirdilər ki, ümumi qanunlar norma və qaydalara çevrilməlidir. Beləcə Kəlamı araşdırmaq və bütün lazımi nəticələri əldə etmək üçün bir sıra alimlər sinfi meydana çıxdı. Qanun üzrə mütəxəssislər məhz həmin ilahiyyatçılar idi. Onlardan ən böyükləri ravvin titulu daşıyırdı. İlahiyyatçıların qarşısında üç tapşırıq dayanırdı.

1. İlahiyyatçılar həyatda mümkün olan hər bir hadisə üçün Tövratda təsbit olunmuş böyük əxlaqi prinsiplərdən norma və qaydalar çıxarmalı idilər. Aydındır ki, belə bir vəzifə heç vaxt yerinə yetirilə bilməz. Çünki hər dəfə həyatda yeni vəziyyətlər yaranırdı. Yəhudi dini böyük əxlaq qanunlarının qurulması ilə başladı, sonda çoxlu norma və qaydalar silsiləsi ilə başa çatdı. O, iman yolu kimi başladı, amma hüquq sistemi kimi başa çatdı.

2. İlahiyyatçılar bu Qanunu və ondan çıxan qaydaları başqalarına çatdırmalı və öyrətməli idilər. Qanundan çıxarılan həmin norma və qaydalar heç vaxt yazılmayıb, onlar Şifahi qanun kimi tanınıb. Şifahi qanun heç vaxt yazılmasa da, yazılı Qanundan daha əhəmiyyətli sayılırdı. O, nəsildən-nəslə əzbər öyrədilirdi. Yaxşı şagirdin «bir damcı da boşa getməsin deyə əhənglə örtülmüş quyuya» bənzər gözəl yaddaşı olmalı idi.

3. İlahiyyatçılar konkret iş üzrə hökm çıxarmalı və mühakimə etməli idilər. Buna görə hər bir konkret vəziyyət praktiki olaraq yeni qanunun yaradılmasını tələb edirdi.

Yaxşı, bəs İsanın təlimi ilahiyyatçıların təlimindən mahiyyətcə nə ilə fərqlənirdi? O, şəxsi gücünə və səlahiyyətinə əsaslanaraq öyrədirdi. Heç bir ilahiyyatçı nə vaxtsa öz şəxsi fikri əsasında qərar çıxarmırdı. Onlar həmişə «Belə bir nəzəriyyə var ki...» sözləri ilə başlayırdılar. Sonra bütün mötəbər mənbələrə istinad edirdilər. Hansısa bir bəyanat verərkən onlar həmişə məşhur ilahiyyatçılardan sitat gətirərək dediklərini təsdiqləyirdilər. Sonda isə öz qərarlarını verirdilər. İsa Məsih onlardan nə qədər fərqli idi! O elə danışırdı ki, Özündən başqa heç bir nüfuzlu mənbəyə istinad etməyə ehtiyacı yox idi. O, tamamilə sərbəst danışırdı. O, nə nüfuzlu mənbəyə istinad edir, nə də ilahiyyatçılardan sitat gətirirdi. Onun səsindəki qüdrət və səlahiyyət hər bir insanda xüsusi təəssürat yaradırdı.

23-28

ŞƏR ÜZƏRİNDƏ QƏLƏBƏ (Mark 1:23-28)

İsanın sözləri və gördüyü işlər sinaqoqdakı insanları heyrətə salırdı. Sinaqoqda qarışıqlıq salan cinə tutulmuş bir adam var idi. İsa onu sağaltdı.

Müjdə boyu biz cinə tutulmuş və şər ruhların hakimiyyəti altında olan insanlara rast gəlirik. Bunun arxasında nə dayanır? Yəhudilər və bütün qədim dünya şər ruhların və cinlərin mövcudluğuna inanırdı. Harnakın dediyi kimi:

«Bütün dünya və ətrafdakı hər şey cinlərlə dolu idi; onlar nəinki bütpərəstlikdə, həyatın bütün sahələrində hökmranlıq edirdilər. Onlar həm taxtın, həm də beşiklərin ətrafında dolaşırdılar. Yer üzü hərfi mənada cəhənnəm idi».

Doktor A.Rendl Şort qədim dünyanın cinlərə nə qədər inandığına dair faktlar göstərir. Bir çox qədim qəbiristanlıqlarda trepanasiya9 izləri olan kəllə sümükləri tapılıb. Başqa sözlə, kəllə sümükləri dəlib deşilmiş vəziyyətdə tapılıb. Qəbiristanlıqlardan birində yüz iyirmi kəllədən altısında trepanasiya izləri olduğu ortaya çıxmışdı. O dövrdə cərrahi alətlərin az olduğunu nəzərə alsaq, bunun mürəkkəb əməliyyat olduğu aydın görünür. Bundan əlavə, kəllə sümüklərinin vəziyyəti əməliyyatların insan sağlığında aparıldığını göstərir. Deşiyin ölçüsünün balaca olması onun hər hansı fiziki və ya cərrahi əhəmiyyət daşıya bilmədiyindən xəbər verir. Əməliyyat zamanı çıxarılan sümüyün gözmuncuğu kimi boyuna taxıldığı da məlumdur. Belə bir əməliyyatı ona görə edirdilər ki, cinə insan bədənini tərk etmək imkanı verilsin. Əgər həmin dövrün cərrahları belə əməliyyatlar aparmağa razılıq verərdisə, insanlar da belə əməliyyatlara razı idilərsə, deməli, cinə tutulmaq inancı çox güclü idi.

Cinlərin ümumi adı massikindir, yəni zərər verən deməkdir. Beləliklə, cinlər insanlara zərər vermək istəyən şər varlıqlardır.

Cinə və şər ruha tutulduğuna inanan insan «öz varlığını və eyni zamanda başqa bir varlığın mövcudluğunu, onu daxildən təhrik edib yönləndirdiyini dərk edirdi». İsa Məsihlə görüşən cinə tutulmuş insanlar çox vaxt fəryad edirdilər: onlar İsanın Məsih, Məsihin Padşahlığının isə bütün cinlərin və şər ruhların sonu olduğunu bilirdilər. O dövrdə cinləri qovmağı bacardıqlarını iddia edən çoxlu cin çıxaranlar var idi. Bu inanc o qədər güclü və həqiqi idi ki, təxminən 340-cı ildə məsihçi imanlı cəmiyyətində cin qovanların xüsusi bir cin qovan Ordeni var idi. Lakin İsa Məsihdən fərqli olaraq, yəhudi və bütpərəst cin çıxaranlar mürəkkəb sehrli sözlərdən və ayinlərdən istifadə edirdilər. İsa isə aydın, sadə və səlahiyyətli bircə sözlə cinləri insanların daxilindən çıxarırdı. Əvvəllər heç kim belə bir şey görməmişdi. Güc və səlahiyyət nə ovsunda, nə düsturda, nə sehrdə, nə də mürəkkəb ayində idi; güc və səlahiyyət İsa Məsihin Özü idi. Bu da camaatı heyrətə gətirirdi.

Bəs biz bu barədə nə deyə bilərik? Pol Turnye «Həkimin təcrübəsindən bir hadisə» kitabında belə yazır: «Şübhəsiz ki, xəstəlikləri müalicə edən əksər həkimlər onlara qarşı passiv bir şeyin deyil, ağıllı və ixtiraçı bir düşmənin mübarizə apardığını hiss edirlər». Doktor Rendl Şort şəxsi təcrübəsində belə bir nəticəyə gəldi ki, «yer üzərində baş verən qəzalar, mənəvi fəlakətlər, müharibələr, cinayətlər, fiziki fəlakətlər və xəstəliklər, Əyyub peyğəmbərin kitabında gördüyümüz kimi, bir tərəfdə iblisin pisliyinin, digər tərəfdə isə Allahın səbrinin dayandığını göstərən böyük bir mübarizəni əks etdirir. Bu problemi sadə və birmənalı şəkildə həll etmək olmaz.

29-31

MÖCÜZƏ SAYƏSİNDƏ TANIŞLIQ

İsanın sinaqoqda söylədiyi və etdiyi hər şey diqqətəlayiq idi. Sinaqoqdakı ibadət başa çatanda İsa dostları ilə birlikdə Şimon Peterin evinə getdi. Yəhudi adətinə görə, əsas Şənbə yeməyi sinaqoqda ibadətdən dərhal sonra, saat altıda, yəni günorta saat 12-də olurdu (yəhudilərin günü səhər saat 6-da başlayırdı, vaxt da həmin andan sayılırdı). İsa sinaqoqdakı həyəcanlı və yorucu ibadətdən sonra istirahət etmək hüququndan istifadə edə bilərdi; lakin yenə də Onun gücünə və səlahiyyətinə ehtiyac yarandı. O, yenidən Öz gücünü və vaxtını başqalarına sərf etməyə başlayırdı. Bu möcüzə bizə üç nəfər haqqında nəsə deyir.

1. Bu hissədə biz İsa Məsih haqqında bir şey öyrənirik. Onun Öz qüdrətini və səlahiyyətini nümayiş etdirmək üçün auditoriyaya ehtiyacı yox idi. O, sinaqoqda böyük izdiham içində olduğu kimi, ailə içində də insanları sağaltmağa hazır idi. O, heç vaxt insanlara kömək etməkdən imtina etmirdi. O, insanların ehtiyaclarını Öz istirahət ehtiyacından üstün tuturdu. Amma biz İsanın sinaqoqda qeyri-adi şəkildə şəfa verdiyini gördüyümüz kimi, burada da eyni mənzərənin şahidi oluruq. İsa Məsihin dövründə çoxlu cin çıxaranlar var idi, lakin onların mürəkkəb sehrli sözlərə, ovsunlara, düsturlara, hətta sehrli alətlərə ehtiyacı var idi. Sinaqoqda İsa yalnız bir səlahiyyətli cümlə dedi və şəfa dərhal baş verdi. Burada da eyni şey baş verir. Şimon Peterin qayınanası, Talmudda deyildiyi kimi, «qızdırma içində yatırdı». Qızdırma Qalileyanın həmin bölgəsində bu günə qədər geniş yayılmış xəstəlikdir. Hətta Talmudda belə onun müalicəsi üçün bəzi üsullar verilib. Dəmir bıçağı saçın hörüyü ilə tikanlı kolun üstünə bağlayırdılar. Növbəti günlərdə onlar Müqəddəs Yazıdakı yerləri təkrarlayırdılar. Birinci günü Çıxış 3:2-3, ikinci gün Çıxış 3:4, sonuncu gün isə Çıxış 3:5 ayələrini oxuyurdular. Bundan sonra müəyyən sehrli düstur səsləndirilirdi və sonra şəfanın baş verdiyi güman olunurdu. İsa Məsih bütün bu məşhur sehrli üsullar dəstini rədd etdi. O, qeyri-adi səlahiyyət və qüdrətlə dolu tək bir jest və sözlə qadına şəfa verdi.

Bundan əvvəlki hissədə yunanca səlahiyyət kimi tərcümə olunan eksusna sözü işlədilir. Eksusia sözünü isə yunanlar bənzərsiz bir güclə birləşən qeyri-adi səlahiyyət kimi müəyyən edirdilər. İsanın malik olduğu və Şimonun evində istifadə etdiyi məhz həmin səlahiyyət idi. Pol Turnye öz kitabında yazır: «Xəstələrim tez-tez mənə deyir: «Mənim dediyim hər sözü səbirlə dinləməyinizə heyranam». Amma bu, təkcə səbir deyil, həm də maraqdır». İsa göstərdiyi möcüzəni Öz nüfuzunu yüksəltmək üçün bir vasitə kimi görmürdü. İnsanlara kömək etmək Onun üçün yorucu iş deyildi. O, insanlara başqa məqsədlə kömək etmirdi. İsa köməyinə ehtiyacı olan hər kəsə xüsusi maraqla yanaşırdı.

2. Bu hissədə biz şagirdlər haqqında bir şey öyrənirik. Onlar İsa Məsihlə təzəcə tanış olmuşdular, lakin artıq problemləri ilə İsa Məsihə müraciət etməyə başlamışdılar. Şimonun qayınanası xəstə olduğuna görə ev əhli kədərli idi. Şagirdlər üçün bunu İsaya deməkdən daha təbii bir şey ola bilməzdi. Pol Turnye həyatının ən böyük kəşfini necə etdiyindən bəhs edir. O, tez-tez dua etmədən onu buraxmayan məsihçi kahini ziyarət edirdi. Pol Turnye ağsaqqalın duasının sadəliyinə heyran olmuşdu. Kahinin duaları İsa Məsihlə yaxın münasibətə bənzəyirdi. Pol Turnye davam edir: «Mən evə qayıdanda, həyat yoldaşımla bu barədə danışdım və birlikdə Allahdan xahiş etdik ki, bizə də qoca kahinlə İsa Məsih arasındakı dostluq kimi münasibət bəxş etsin. O vaxtdan bəri İsa Məsih mənim həyatımın mərkəzi və daimi dostum oldu. O, etdiklərimə görə sevinir (Vaiz 9:7-i ilə müqayisə edin) və bu Onu həyəcanlandırır. O, həyatımda baş verən hər şeyi müzakirə etdiyim dostumdur. O, sevincimə, kədərimə, ümidlərimə və qorxularıma şərikdir. Xəstə mənimlə danışanda, ürəyini boşaldanda, İsa Məsih yanımda olub, mənimlə birlikdə onu dinləyir. O, bunu mənim bacardığımdan daha yaxşı edir. Xəstə gedəndə isə mən Onunla bu barədə danışa bilirəm». Bax, məsihçi həyatının mahiyyəti elə bundan ibarətdir. Himndə deyildiyi kimi, «Bunu Allahın önünə gətir». Artıq ilk günlərdən şagirdlər dərk etdilər ki, bütün problemləri ilə İsa Məsihə müraciət edib Ondan kömək diləyə bilərlər. Bu da onların həyatında vərdişə çevrildi.

3. Həmin hissə bizə Şimon Peterin qayınanası haqqında bir şey deyir. O, sağalan kimi başqalarının qayğısına qalmağa başladı. Qadın sağalmasını yeni xidmət üçün istifadə etdi. Məşhur şotland ailəsinin bir şüarı var idi: xidmət etmək üçün xilas edilmək. İsa bizə kömək edir ki, biz də başqalarına kömək edə bilək.

32-34

İLK İZDİHAM (Mark 1:32-34)

İsanın Kefernahumda etdiklərini gizlətmək mümkün deyildi. Belə böyük, yeni qüdrət və səlahiyyətin ortaya çıxmasını gizli saxlamaq olmazdı. Buna görə də, axşama yaxın Şimon Peterin evi hər tərəfdən İsanın onlara toxunmasını istəyən izdihamla əhatə olundu. İnsanlar axşama qədər gözlədilər, çünki Qanun Şənbə günü şəhərdə hansısa bir yük daşımağı qadağan edirdi (Yeremya 17:24 ilə müqayisə edin). Həmin dövrdə nə qol, nə cib, nə də stolüstü saat var idi. Şənbə günü səhər saat 6-dan axşam saat 6-ya kimi davam edirdi. Qanuna görə, Şənbə göydə üç ulduzun görünməsi ilə başa çatırdı və gün bitmiş sayılırdı. Buna görə Kefernahumun sakinləri günəşin batmasını və göydə ulduzların parıldamasını gözləyirdilər. Sonra xəstələrini götürüb İsanın yanına gətirirdilər, O da onlara şəfa verirdi.

Biz artıq üç dəfə İsanın insanlara necə şəfa verdiyini gördük. Əvvəlcə O, sinaqoqda, sonra dostunun evində, indi isə küçədə xəstələrə şəfa verir. İsa hamının xahişini başa düşürdü. Doktor Conson haqqında deyirdilər ki, kiminsə problemi yaranırdısa, onun dəstəyinə arxayın ola bilərdi. Problem yarandığı hər yerdə İsa Öz qüdrətindən və səlahiyyətindən istifadə etməyə hazır idi. O, nə insana, nə də şəfa verdiyi yerə tərəfkeşliklə yanaşırdı. O, ehtiyacı olan hər kəsin tələbatının mahiyyətini aydın dərk edirdi. İnsanlar İsanın yanına axın edirdilər, çünki onlar İsanı böyük işlər görə bilən Şəxs kimi görürdülər. Çoxları danışa, izah edə, mühazirə oxuya və vəz edə bilərdi. İsa Məsih isə təkcə danışmırdı, həm də edirdi. Bir nəfərin dediyi kimi, əgər bir adam başqasından siçan tələsini daha yaxşı düzəldərsə, o adam meşənin ortasında yaşasa belə, insanlar onun evinə gəlmək üçün cığır çəkərlər. İnsanlara iş görən adam lazımdır. İsa Məsih bu gün böyük işlər görə bilər.

Ancaq faciə elə məhz burada başlayır. İzdiham İsadan lazım olan bir şeyi almaq üçün gəlirdi. Onlar İsanın yanına yeni görüntü gördüklərinə görə gəlmirdilər; Ondan yalnız öz maraqları üçün istifadə etməyə gəlirdilər. Demək olar ki, hər kəsin Allahdan və Onun Oğlundan istəyi budur. Əgər yaxşı vaxtlarda Allaha bir dua edilirsə, çətin vaxtlarda min dua edilir. Əksər insanlar yaxşı vaxtda dua etmirlər, «soyuq külək» əsən kimi isə dua etməyə başlayırlar.

Bir adamın dediyi kimi, insanlar iman yoluna «yaşayış məkanında cəbhə xətti kimi deyil, təcili yardım xidməti kimi» baxırlar. İnsanlar Allahı ancaq böhran vaxtlarında xatırlayırlar. Onlar Allahı ancaq çətin vəziyyətə düşəndə və ya həyat onları sıxışdıranda xatırlamağa başlayırlar. Hər kəs İsaya müraciət etməlidir, çünki yalnız O bizə həyatda ehtiyacımız olan şeyləri verə bilər. Lakin bu cür müraciət və alınan hədiyyələr cavab olaraq bizdə məhəbbət və minnətdarlıq yaratmırsa, deməli, bizdə faciəvi bir şey baş verir. Allaha yalnız çətin günlərdə faydalı dayaq kimi baxmaq olmaz. Onu hər gün sevmək və xatırlamaq lazımdır.

35-39

RAHATLIQ VAXTI VƏ HƏRƏKƏTƏ ÇAĞIRIŞ (Mark 1:35-39)

Kefernahumda baş verən hadisələr barədə oxuyanda İsanın təkliyə çəkilmək üçün vaxtı olmadığını görürük. Lakin O, yaxşı bilirdi ki, Allahla ünsiyyət olmadan yaşaya bilməz. Əgər başqalarına nəsə vermək istəyirsə, birinci Özü qəbul etməlidir. Əgər O Özünü başqalarına xidmətə həsr etmək niyyətindədirsə, vaxtaşırı Özü ruhani dəstək almalıdır. O bilirdi ki, duasız yaşaya bilməz.

Doktor. A.D. Belden «Duada məşq» adlı kitabında belə tərif verir: «Dua ruhun Allaha fəryadıdır». Dua etməyənlər «Allahı onların bacarıqlarına kömək etmək fürsətindən» imtina edərək böyük ağılsızlıq nümayiş etdirirlər. «Duada biz Allahın hikmətinə yer verməklə ruhani gücümüzü qidalandırırıq». İsa bunu bilirdi. O bilirdi ki, insanlarla görüşmək istəyirsə, ilk növbədə Allahla görüşməlidir. Əgər İsanın duaya ehtiyacı var idisə, görün bizim duaya nə qədər ehtiyacımız var?!

Amma İsanı dua etdiyi yerdə də tapdılar. İsa qapını onların üzünə bağlaya bilməzdi. Yazıçı Roza Makulayın dediyi kimi, həyatda ona yalnız bir şey — öz şəxsi otağı lazımdır. İsa heç vaxt belə bir şeyə sahib olmayıb. Tanınmış bir həkim deyirdi ki, tibbin vəzifəsi «bəzən sağaltmaq, çox vaxt ağrıları azaltmaq və həmişə təsəlli verməkdir». İsanın üzərinə də məhz belə məsuliyyət düşürdü. Bir nəfərin dediyi kimi, həkim «insanların yaşamasına və ölməsinə kömək etməlidir». İnsanlar isə həmişə yaşayıb ölürlər. Özünə rahatlıq və boş vaxt tapmaq üçün hasar və divarlar tikmək insanın təbiətinə hopub. İsa isə heç vaxt belə etməmişdi. O nə qədər yorulsa da, insan ehtiyacının vacibliyini daha yaxşı dərk edirdi. Beləcə şagirdlər Onun yanına gələndə, O, duadan qalxaraq üzərinə qoyulan vəzifəni qəbul etdi. Duanın köməyi olmadan biz heç vaxt vəzifəmizi yerinə yetirə bilməcəyik. Yalnız dua bizi işimizi görmək üçün gücləndirə bilər. İsa Qalileyanın sinaqoqlarında təbliğ etmək üçün yola düşdü. Markın Müjdəsində bu missioner səyahətinə yalnız bir ayə həsr olunub. Lakin həmin səyahət bir neçə həftə, bəlkə də ay çəkib. O, həm vəz etməyə, həm də şəfa verməyə getdi. İsa heç vaxt aşağıdakıları bir-birindən ayırmırdı.

1. İsa Məsih sözlə əməli heç vaxt ayırmırdı. İsaya görə, tapşırıq yalnız tərtib olunmaqla bitmirdi. Məsih heç vaxt düşünmədi ki, Onun vəzifəsi insanları yalnız Allaha və xeyirxahlığa dəvət etməkdən ibarətdir. Tərtib olunmuş tapşırıq, çağırış və nəsihət öz əksini həmişə əməllərdə tapırdı. Fosdik yaxşı kitab, dərsliklər dəsti, kitab qoymaq üçün xüsusi yeri olan stul alan bir tələbə haqqında danışır. Həmin tələbə sonra bu stula oturub yuxuya gedir. Çox danışan, amma heç nə etməyən insan bu tələbəyə bənzəyir.

2. İsa Məsih heç vaxt canla bədəni ayırmadı. Məsihçilikdə elə təriqətlər var idi ki, onlar, ümumiyyətlə, bədənin ehtiyacları ilə maraqlanmırdılar. Ancaq insan həm candan, həm də bədəndən ibarətdir. Məsihçiliyin vəzifəsi isə insanın bir hissəsini deyil, onu tamamilə bərpa etməkdir. Düzdür, insan aclıqdan ölə, daxmada yoxsulluq içində yaşaya, ağrılar çəkə, amma eyni zamanda Allahda xoşbəxt ola bilər. Lakin bu o demək deyil ki, onu bu vəziyyətdə qoymaq lazımdır. Məsihçi missionerləri özləri ilə geridə qalmış ölkələrə təkcə Müqəddəs Kitabı deyil, həm də təhsil və tibb, məktəb və xəstəxanalar da gətirirlər. Sosial müjdəçilikdən danışarkən, sanki bunu məsihçiliyin xüsusi bir növü, qeyri-məcburi, yaxud bir növ təcrid olunmuş hissəsi kimi qələmə vermək tamamilə yanlışdır. Məsihçi Müjdəsi bütövdür. O, canın xeyrinə olduğu qədər bədəninin xeyri üçün də təbliğ edir və iş görür.

3. İsa Məsih heç vaxt yeri göydən ayırmadı. Elə insanlar var ki, səmavi şeylərə çox əhəmiyyət verirlər, lakin dünyəvi şeyləri tamamilə unudurlar və beləcə xəyalpərəst olurlar. Amma elələri də var ki, dünyəvi şeylərə həddindən artıq əhəmiyyət verirlər, onlar səmavi şeyləri unudur və yalnız maddi dəyərlərin yaxşı olduğunu hesab edirlər. İsa Məsih Allahın iradəsinin göydə təcəssüm etdiyi kimi yerdə də təcəssüm edəcəyi (Matta 6:10), yerdəki və səmavi şeylərin bir olacağı vaxtı arzulayırdı.

40-45

CÜZAMLININ PAK EDİLMƏSİ (Mark 1:40-45)

Əhdi-Cədiddə cüzam kimi daha dəhşətli və şəfqət oyadan heç bir xəstəlik yoxdur. İsa Məsih On iki şagirdini göndərəndə, onlara əmr etdi ki, xəstələrə şəfa verib, cüzamlıları pak etsinlər (Matta 10:8). Cüzamlının taleyi, həqiqətən də, ağır idi. E.U.G. Masterman Məsihin Lüğətinə və Müjdələrə (burada verilən məlumatların çoxu oradan götürülüb) istinad edərək cüzamla bağlı öz məqaləsində belə yazır: «Heç bir xəstəlik uzun illər ərzində insanı bu qədər belə dəhşətli hala salmır». Əvvəlcə gəlin faktlara nəzər salaq. Üç növ cüzam mövcuddur.

1. Oynaqlarda qəribə süstlük və ağrılarla başlayan qara və ya vərəmli cüzam. Sonra bədəndə, xüsusən də kürək nahiyədə qeyri-düzgün formalı simmetrik rəngli ləkələr yaranır. Ləkələrin üzərində şişlər əmələ gəlir, əvvəlcə çəhrayı, sonra qəhvəyi rəngdə olur; dəri getdikcə qalınlaşır. Həmin şişlərin sayı xüsusilə yanaq, burun, dodaq və alın qırışlarında artır. İnsanın siması o qədər dəyişir ki, o, insan görkəmini itirir, qədim adamların dediyi kimi, onlar getdikcə şirə, satira10 oxşayır. Bu şişlərin ölçüsü artır, onların üzərində xoralar və iyrənc qoxulu irinlər əmələ gəlir. Qaşlar tökülür, gözlər bərəlir, səs kobudlaşır, səs tellərindəki xoraların səbəbindən nəfəs xırıldayır. Xoralar həmçinin qollarda və ayaqlarda da əmələ gəlir. Beləcə xəstə tədricən davamlı böyüyən xoraya çevrilir. Orta hesabla xəstəlik doqquz il davam edir. Sonra psixi pozğunluq, koma və nəhayət, ölümlə başa çatır. Xəstədə həm insanlara, həm də özünə qarşı həddindən artıq ikrah hissi oyadır.

2. Anestezik cüzam ilkin mərhələdə qara cüzamla eyni olur, lakin o, mərkəzi sinir sisteminə də təsir göstərir. Cüzamla örtülmüş hissə bütün həssaslığını itirir, hətta xəstə bunu hiss etməyə bilər. O, yanıq zamanı belə ağrı hiss etmir. Xəstəlik irəlilədikcə birinci dərəcəli suluq və qeyri-müntəzəm rəngli ləkələr əmələ gəlir. Əzələlər boşalır, vətərlər o qədər dəyişikliyə uğrayır ki, əllər quş pəncələrinə çevrilir, dırnaqlar isə deformasiyaya məruz qalır. Bundan sonra əllərdə xroniki xoralar əmələ gəlir. Xəstə tədricən əl və ayaq barmaqlarını, sonda isə bütün əl-ayağını itirir. Xəstəliyin bu növü iyirmi ildən otuz ilə qədər davam edir. Bu, bədənin bir növ tədricən dəhşətli ölümüdür.

3. Üçüncü növ cüzam qara və anestezik cüzamın əlamətlərinin ən tipik birləşməsidir. Şübhəsiz ki, İsa Məsihin dövründə İsraildə çoxlu cüzamlılar var idi. Levililərin 13-cü fəslindəki təsvirlərdən aydın görünür ki, Əhdi-Cədid dövründə digər dəri xəstəlikləri, məsələn, bədənin ağ səpgi ilə örtüldüyü sədəf xəstəliyi də cüzam adlandırılırdı. Bu hadisə Müqəddəs Kitabda belə təsvir edilir: «...qar kimi cüzamlı». Görünür, bu termin Şərqdə hələ də geniş yayılan «Trixofitoz»u da əhatə edirdi. Levililər kitabında cüzam kimi tərcümə olunan yəhudi tsaraat sözü istifadə olunur. Levililər 13:47-də bəhs olunan cüzam paltara aiddir (tsaraat), Levililər 14:33-də danışılan cüzam (tsaraat) isə evə aiddir. Paltarın üzərindəki bu cür ləkələr kif ola bilər. Evlərdəki cüzam isə ağac qurusunun çürüyü və ya daş üzərində şibyə ola bilər. Görünür, yəhudilərin tsaraat sözü, cüzam, yəhudi düşüncəsində hər hansı bir yayılan dəri xəstəliyi ilə əlaqələndirilmişdir. Tamamilə aydındır ki, həmin dövrdə tibbi diaqnoz qoyularkən müxtəlif dəri xəstəlikləri arasında fərq qoyulmurdu və onları sağalmaz, ağır, hətta çox təhlükəli olmayan xəstəliklər kimi təsnif edirdilər.

Hər bir belə dəri xəstəliyi xəstəni təcrid edirdi. Onu insan cəmiyyətindən qovurdular. Belə xəstə cırıq paltarda və başı açıq gəzməli, üzünü yuxarı dodağına qədər qapayıb düşərgədən və ya şəhərdən kənarda tək yaşamalı idi. O, başqalarını öz təhlükəli vəziyyəti barədə «Natəmizəm! Natəmizəm!» deyə qışqıraraq xəbərdar etməli idi. Eyni mənzərəni Musanın Qanununun qüvvədə olduğu orta əsrlərdə də görürük. Yepitrahildə11 və əlində Çarmıx olan bir keşiş cüzamlını kilsəyə apardı və onun üzərində dəfn duasını oxuyurdu. Cüzamlını hələ sağ olsa da, ölü hesab edirdilər. Hamının onu tanıması üçün o, qara paltar geyinməli idi. O, cüzamlılar evində yaşamalı idi. O, kilsə ibadətlərinə gələ bilməzdi, lakin ibadət zamanı cüzamlılar üçün nəzərdə tutulan divardakı «göz dəliyi»ndən baxa bilərdi. Cüzam xəstəsi təkcə xəstəliyin törətdiyi fiziki ağrıya deyil, həm də insan cəmiyyətindən təcrid olunma nəticəsində yaranan mənəvi əzablara dözməli idi. Əgər nə vaxtsa cüzamlı sağalardısa — bu isə çox nadir hallarda baş verirdi — o, Levililər 14-də təsvir olunan reabilitasiya prosedurundan keçməli idi. Kahin əvvəlcə xəstəni müayinə edir, sonra sidr ağacının budağını, al rəngli ipi, züfa otunu və iki pak diri quşu (quşların biri saxsı qabda axar su üzərində kəsilirdi) götürüb, bütün bunları, eləcə də diri quşu axar suyun üzərində kəsilən quşun qanına batırırdı. Bundan sonra diri quş çölə buraxılırdı. İnsan yuyunmalı, paltarını yumalı və təraş olunmalı idi. Yeddi gündən sonra kahin onu yenidən müayinə edirdi. Cüzamlı başındakı saçları və qaşlarını qırxmalı idi. Sonra müəyyən qurbanlar — qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirməli idi. Kasıblar üçün qurbanın sayı azaldılırdı. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkirdi. Daha sonra kahin bir az zeytun yağı götürüb sol ovcuna tökür və sağ əlinin bir barmağını sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləyirdi. Bundan sonra sonuncu müayinə aparılırdı. Əgər həmin şəxs pak olardısa, paklığı təsdiqlənərək buraxılırdı.

Burada Məsihin ən ifadəli portretlərindən biri verilib.

1. İsa Qanunu pozan adamı qovmadı. Cüzamlının, ümumiyyətlə, Ona müraciət etmək və Onunla danışmaq hüququ yox idi. Lakin İsa həmin adamın fəryadına anlayış və rəğbətlə cavab verdi.

2. İsa əlini uzadıb ona toxundu. O, natəmiz insana toxundu. Amma İsa üçün o, natəmiz deyildi. Onun üçün cüzamlı ehtiyacı olan adi bir insan canı idi.

3. İsa cüzamlını pak edib sağaltdıqdan sonra onu adi ayin mərasimini yerinə yetirməyə göndərdi. İsa insan qanununu və ədalətinin tələblərini yerinə yetirdi. O, qəbul edilmiş normaları gözardı etmədi, lazım gəldikdə onlara tabe oldu.

Biz bu hadisədə şəfqət, güc və müdrikliyin birləşməsini görürük.

Azərbaycan dilində Müqəddəs Kitab

Vəftizçi Yəhyanın gəlişi
(Matta 3:1-12; Luka 3:1-18; Yəhya 1:19-28)
1 Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.
2 Yeşaya peyğəmbərin kitabında belə yazılıb:
«Budur, Sənin önündə Öz elçimi göndərirəm.
O Sənin yolunu hazırlayacaq.
3 Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin”».
4 Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. 5 Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. 6 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi.
7 Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. 8 Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».
İsanın vəftiz olunması və sınağa çəkilməsi
(Matta 3:13–4:11; Luka 3:21-22; 4:1-13)
9 O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. 10 İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü. 11 Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
12 Ruh dərhal İsanı səhraya çəkib-apardı. 13 O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.
İsa xidmətinə başlayır
(Matta 4:12-17; Luka 4:14-15)
14 Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini vəz edirdi: 15 «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».
İlk şagirdlər
(Matta 4:18-22; Luka 5:1-11)
16 İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 17 İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 18 Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 19 İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər. 20 İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.
İsa Kefernahum sinaqoqunda natəmiz ruhu qovur
(Luka 4:31-37)
21 Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı. 22 Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. 23 Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı: 24 «Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!» 25 Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» 26 Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı. 27 Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər». 28 İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.
İsa çox adama şəfa verir
(Matta 8:14-17; Luka 4:38-41)
29 Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər. 30 Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər. 31 İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.
32 Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər. 33 Bütün şəhər əhalisi qapının yanına yığıldı. 34 İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.
İsa vəzini davam etdirir
(Luka 4:42-44)
35 Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi. 36 Şimon və onun yanındakılar İsanın ardınca düşdülər. 37 Onu tapıb dedilər: «Hamı Səni axtarır». 38 İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm». 39 Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı.
İsa cüzamlıya şəfa verir
(Matta 8:1-4; Luka 5:12-16)
40 Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən». 41 İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» 42 Dərhal bu adam cüzamdan sağalıb pak oldu, 43 İsa o an onu yola salıb ciddi tapşıraraq 44 belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar». 45 Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.