Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Markın müjdəsi: Giriş

V. Barklinin şərhləri

MARKIN MÜJDƏSİNƏ GİRİŞ

SİNOPTİK MÜJDƏLƏR

Matta, Mark, Lukanın yazdığı ilk müjdə — sinoptik müjdələr kimi tanınır. Sinoptik sözü iki yunan sözündən yaranıb, mənası ümumi nəzər salmaq deməkdir, yəni ümumi yerlərə paralel nəzər salmaq mənasını verir.

Şübhəsiz ki, müjdələr içərisində ən mühümü — Markın müjdəsidir. Hətta demək olar ki, bu müjdə dünyada ən vacib kitabdır. Çünki hamı bu Müjdənin daha əvvəl yazıldığını qəbul edir. Buna görə də o, İsa Məsihin həyatından bəhs edən bizə gəlib çatmış ilk kitabdır. Çox güman, buna qədər İsa Məsihin həyat hekayəsini yazmağa çalışıblar. Lakin Markın Müjdəsi İsanın həyatından bəhs edən və indiyə qədər bizə gəlib çatan kitabların ən birincisidir.

MÜJDƏLƏRİN MƏNBƏYİ

Müjdələrin yaranması məsələsi üzərində düşünərkən qeyd etmək lazımdır ki, həmin dövrdə dünyada çap olunmuş kitablar yox idi. Müjdələr çap cihazının ixtirasından çox əvvəl, hər kitabın, hər nüsxənin diqqətlə və əziyyətlə əl ilə yazılmalı olduğu bir dövrdə yazılmışdır. Elə buna görə də hər kitabın çox az sayda nüsxəsi var idi.

Markın Müjdəsinin digərlərindən daha erkən yazıldığını necə müəyyən etmək olar? Hətta sinoptik Müjdələrin tərcüməsini oxuyarkən, onlar arasında diqqətəlayiq oxşarlıq görmək olar. Orada eyni hadisələr qeyd olunur, çox vaxt da onlar eyni sözlərlə çatdırılır, İsa Məsihin təlimi haqqında verilən məlumatlar çox vaxt, demək olar ki, üst-üstə düşür.

Əgər beş min adamın doydurulması ilə bağlı hadisəni müqayisə etsək (Mark 6:30-44; Matta 14:13-21; Luka 9:10-17), demək olar ki, həmin hadisə eyni sözlərlə və eyni tərzdə yazılıb. Digər nümunə isə iflic adamın sağalması və bağışlanması hekayəsidir (Mark 2:1-12; Matta 9:1-8; Luka 5:17-26). Hekayələr o qədər oxşardır ki, hətta hər üç Müjdədə «iflicə dedi» ifadəsi eyni yerdə qeyd olunur. Uyğunluq və təsadüflər o qədər aydındır ki, iki nəticədən biri üstün tutulur: ya hər üç müəllif bir mənbədən məlumat götürüb, ya da üç müəllifdən ikisi üçüncü mənbəyə istinad edib.

Diqqətlə araşdırsaq, Markın Müjdəsini 105 epizoda bölmək olar. Onlardan 93-nə Mattanın Müjdəsində, 81-nə isə Lukanın Müjdəsində rast gəlmək olar. Yalnız dörd epizod Matta və Lukanın Müjdəsində yoxdur. Ancaq aşağıdakı fakt daha inandırıcıdır. Markın Müjdəsində 661, Mattanın Müjdəsində 1068, Lukanın Müjdəsində 1149 ayə var. Markın Müjdəsindəki 661 ayədən 606-sı Mattanın Müjdəsində qeyd olunub. Mattanın ifadələri bəzən Markın ifadələrindən fərqlənir. Amma buna baxmayaraq, Matta Markın işlətdiyi sözlərin 51%-ni istifadə edir. Markın Müjdəsində 661 ayədən 320-si Lukanın Müjdəsində istifadə edilmişdir. Bundan əlavə, Luka Markın işlətdiyi sözlərin 53%-ni istifadə edir. Markın Müjdəsindəki yalnız 55 ayə Mattanın Müjdəsində yoxdur. Lakin bu 55 ayədən 31-nə Lukanın Müjdəsində rast gəlmək olar. Beləliklə, Markın Müjdəsindəki 24 ayəyə nə Mattanın, nə də Lukanın Müjdəsində rast gəlinir. Buradan görünür ki, həm Matta, həm də Luka öz Müjdəsini yazmaq üçün Markın Müjdəsinə istinad etmişdilər.

Ancaq növbəti fakt bizi buna daha da inandırır. Həm Matta, həm də Luka Markın Müjdəsindəki hadisələrin ardıcıllığına əməl edirlər. Bəzən bu ardıcıllıq Matta və ya Luka tərəfindən pozulur. Lakin bu dəyişiklik nə Mattada, nə də Lukada heç vaxt üst-üstə düşmür.

Onlardan biri həmişə Markın qəbul etdiyi hadisələrin ardıcıllığını saxlayır.

Bu üç Müjdənin diqqətlə araşdırılması göstərir ki, Markın Müjdəsi Matta və Lukanın Müjdəsindən daha əvvəl yazılıb. Onlar Markın Müjdəsindən mənbə kimi istifadə edib, əlavə etmək istədikləri hər hansı məlumatı oraya daxil ediblər.

Markın Müjdəsinin İsa Məsihin ilk tərcümeyi-halının olduğunu düşünəndə nəfəsimiz kəsilir.

MÜJDƏNİN MÜƏLLİFİ MARK

Biz Müjdəni yazan Mark haqqında nə bilirik? Əhdi-Cədiddə onun haqqında kifayət qədər danışılır. O, Yerusəlim sakini olan Məryəm adlı varlı qadının oğlu idi. Onun evi erkən məsihçilərin toplaşdığı və dua etdiyi yer kimi xidmət göstərirdi (Həvarilərin İşləri 12:12). Mark uşaqlıqdan iman qardaşlığının arasında böyümüşdü.

Bundan əlavə, Mark Barnabanın qardaşı oğlu idi. Paul və Barnaba ilk missioner səyahətinə çıxanda, Markı katib və köməkçi kimi özləri ilə aparmışdılar (Həvarilərin İşləri 12:25). Həmin səyahət Mark üçün çox uğursuz olmuşdu. Barnaba və Markla birlikdə Pergeyə gələn Paul Kiçik Asiyanın mərkəzinə getməyi təklif etmişdi. Burada hansısa naməlum səbəbdən Mark Barnaba və Paulu tərk edib Yerusəlimə qayıtmışdı (Həvarilərin İşləri 13:13).

Ola bilsin, onun geri qayıtması dünyanın ən çətin və təhlükəli yollarından biri ilə getmək istəməməsi ilə bağlı idi. Çünki həmin yolla getmək çox çətin idi və orada çoxlu quldurlar var idi. Ola bilsin, ekspedisiyada rəhbərliyin getdikcə Paula keçməsi və əmisi Barnabanın arxa planda qalması onun xoşuna gəlməmişdi. Ola bilsin, o, Paulun etdiklərini bəyənmədiyinə görə geri qayıtmışdı. İoann Zlatoust deyir ki, bəlkə də o, anası ilə yaşamaq istədiyi üçün evə qayıtmışdı.

Öz ilk missioner səyahətini başa vuran Paul və Barnaba ikinci səfərə çıxmağa hazırlaşdılar. Barnaba istəyirdi ki, Markı yenə də özü ilə götürsün. Lakin Paul «Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan» adamla getməkdən imtina etdi (Həvarilərin İşləri 15:37-40). Paulla Barnaba arasında elə ciddi fikir ayrılığı oldu ki, onlar ayrıldılar və bildiyimizə görə, heç vaxt bir daha birlikdə iş görmədilər.

Mark bir neçə il gözümüzdən itdi. Rəvayətə görə, o, Misirə yollandı və İsgəndəriyyədə İmanlı Cəmiyyətinin əsasını qoydu. Həqiqəti tamlığı ilə bilməsək də, bircə onu görürük ki, o, ən qəribə şəkildə yenidən ortaya çıxdı. Təəccüblü də olsa, sonradan öyrənirik ki, Paul Kolosselilərə məktubunu yazarkən Mark onunla birlikdə Romada zindanda idi (Kolosselilərə 4:10). Başqa bir vaxt zindanda olarkən Filimona yazdığı məktubunda (23-cü ayə) Paul Markı həmkarlarından biri kimi qeyd edir. Ölümünə az qalmış Paul sağ əli olan Timoteyə yazır: «Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir» (2Timoteyə 4:11). Paul Markı təmkinsiz bir insan kimi damğaladıqdan sonra nə dəyişdi? Amma hər nə olursa olsun, Mark öz səhvini düzəltdi. Paulun həyatı sona yaxınlaşanda Mark ona lazım oldu.

MƏLUMAT MƏNBƏLƏRİ

Yazılanların dəyəri məlumatın götürüldüyü mənbələrdən asılıdır. Mark İsa Məsihin həyatı və gördüyü işləri haqqında məlumatı haradan əldə etdi? Biz artıq gördük ki, onun evi Yerusəlimdə imanlıların toplaşdığı mərkəz idi. Ola bilsin, o, İsanı şəxsən tanıyan insanlara tez-tez qulaq asırdı. Ola bilsin də, o, digər məlumat mənbələrinə də malik idi.

Təxminən II əsrdə Hierapolis şəhərində İmanlı Cəmiyyətinin yepiskopu Papias adlı bir adam yaşayırdı. O, İmanlı Cəmiyyətinin ilk dövrləri haqqında məlumat toplamağı çox sevirdi. O deyirdi ki, Markın Müjdəsi həvari Peterin vəzlərinin qeydindən başqa bir şey deyil. Şübhəsiz, Mark Peterə çox yaxın idi, buna görə də Peter ona «Oğlum Mark» deyə müraciət edirdi (1Peter 5:13). Papias1 belə deyirdi:

«Peterin şərhçisi olan Mark Peterin xatırladığı İsa Məsihin dediyi sözləri və gördüyü işləri ardıcıllıqla olmasa da, dəqiqliklə yazıb. Çünki o, Rəbdən özü eşitməyib və Onun şagirdi olmayıb. Dediyim kimi, o, sonralar Peterin şagirdi olub. Peter isə Rəbbin sözünü ardıcıllıqla çatdırmağa çalışmayıb, verdiyi təlimi təcrübi ehtiyaclarla əlaqələndirib. Beləliklə, Mark Peterin yadında qalanlarını qeyd etməklə düzgün hərəkət edib. Çünki eşitdiyi heç nəyi buraxmamağa və təhrif etməməyə çalışıb».

Belə nəticəyə gələ bilərik ki, bizə gəlib çatan Markın Müjdəsində yazılanlar həvari Peterin xatırladıqlarıdır. Buna görə də biz Markın Müjdəsini iki səbəbdən son dərəcə əhəmiyyətli bir kitab olduğunu düşünürük. Birincisi, o, ilk Müjdədir. Əgər bu Müjdə həvari Peterin ölümündən sonra yazılıbsa, onda onun yazılması 65-ci ilə təsadüf edir. İkincisi, o, həvari Peterin vəzindən — onun öyrətdikləri və İsa Məsih haqqında təbliğindən ibarətdir. Başqa sözlə, Markın Müjdəsi İsa Məsihin həyatı ilə bağlı həqiqətə ən yaxın malik olduğumuz şəhadətdir.

İTİRİLMİŞ SONLUQ

Markın Müjdəsinə aid olan vacib bir məqamı qeyd edək. Markın Müjdəsinin ilkin forması Mark 16:8-də bitir. Biz bunun iki səbəbə görə belə olduğunu bilirik. Birincisi, Mark 16:9-20 ayələri bütün vacib erkən əlyazmalarda yoxdur, onlara daha sonrakı və az əhəmiyyətli əlyazmalarda rast gəlinir. İkincisi, yunan dilinin üslubu digər əlyazmalardan o qədər fərqlidir ki, son ayələr eyni şəxs tərəfindən yazılmaya bilər.

Ancaq Müjdənin müəllifi Markın 16:8-də dayanmaq niyyəti yox idi. Bəs nə baş verib? Ola bilsin, Mark Müjdəni tamamlamadan ölüb, bəlkə də şəhid olub. Ancaq çox güman ki, haradasa Müjdənin bir surəti qalmışdı, üstəlik, onun sonu da itirilə bilərdi. Bir vaxtlar İmanlı Cəmiyyəti Markın Müjdəsindən az istifadə edirdi, Matta və Lukanın Müjdəsini ondan üstün tuturdu. Ola da bilsin, Markın Müjdəsinin sonu itirildiyinə və bir nüsxədən başqa bütün nüsxələr itdiyinə görə unudulub. Əgər bu, belədirsə, onda az qala bir çox cəhətdən mühüm olan Müjdəni itirə bilərdik.

MARKIN MÜJDƏSİNİN XÜSUSİLİYİ

Gəlin Markın Müjdəsinin xüsusiliyinə diqqət yetirək və onları təhlil edək.

1) O, İsa Məsihin həyatı haqqında şahidin ifadəsinə daha yaxınıdır. Markın qarşısında İsa Məsihi olduğu kimi təsvir etmək tapşırığı dururdu. Ueskott Markın Müjdəsini «həyatın bir nüsxəsi» adlandırırdı. A.B. Brüs onun «canlı sevgi xatirəsi kimi» yazıldığını, ən mühüm xüsusiyyətinin isə reallığa əsaslandığını söyləmişdi.

2) Mark heç vaxt İsa Məsihin ilahi xüsusiyyətlərini unutmadı. Mark Müjdəyə iman etiqadının bəyanatı ilə başlayır. «Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı». Mark bizdə İsa Məsihin Kim olmasına inandığı barədə heç bir şübhə qoymur. O, təkrar-təkrar İsanı dinləyənlərin ağlında və ürəyində yaratdığı təəssüratdan danışır. Mark həmişə Onun insanlarda oyatdığı heyranlığı və ehtiramı vurğulayır. «Onun təliminə təəccüblənirdilər...» (1:22); «Hamını heyrət bürüdü...» (1:27) — Markda belə ifadələrə tez-tez rast gəlinir. Lakin bu heyrət təkcə Onu dinləyən camaatın ağlında yaranmırdı, həm də Onun yaxın şagirdlərinin ağlında yaranırdı. «Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?» (4:41) «Hamı tamamilə mat qaldı» (6:51). «Onun sözlərindən şagirdləri heyrət bürüdü» (10:24). «Onlar daha da təəccüblənərək bir-birilərinə dedilər...» (10:26).

Mark üçün İsa insanlar arasında sadə bir insan deyildi. O, insanlar arasında Öz sözləri və işləri ilə onları daim heyrətləndirən və dəhşətə salan Allah idi.

3) Eyni zamanda, heç bir Müjdə İsanın insan olmasını bu qədər aydın göstərmir. Bəzən İsanın obrazı o qədər insan obrazına yaxın olur ki, başqa müəlliflər onu bir az dəyişir. Çünki onlar Markın dediklərini təkrar etməkdən çəkinirlər. Marka görə, İsa Məsih «sadə dülgərdir» (6:3). Matta sonradan bu ifadəni dəyişib İsanı «dülgərin oğlu» adlandırır (Matta 13:55), sanki İsa Məsihi kənd ustası adlandırmaq böyük hörmətsizlikdir. İsanın səhradakı sınağından danışaraq Mark yazır: «Ruh dərhal İsanı səhraya çəkib-apardı (əslində, qovur sözü yazıb)» (1:12). Matta və Luka İsaya münasibətdə qovur sözünü istifadə etmək istəmirlər, ona görə də onu yumşaldıb yazırlar: «...İsa ... Ruh tərəfindən səhraya aparıldı» (Matta 4:1). «İsa ... Ruh tərəfindən səhraya aparıldı» (Luka 4:1). Heç kim Mark kimi İsanın hissləri haqqında açıq yazmır. İsa dərin ah çəkdi (7:34; 8:12). İsanın rəhmi gəldi (6:34). İsa onların imansızlığına heyrət edirdi (6:6). İsa ətrafdakılarına qəzəblə baxdı (3:5; 10:14). Yalnız Mark yazır ki, İsa zəngin gəncə məhəbbətlə baxdı (10:21). İsa aclığı hiss edirdi (11:12). O, yorğunluğu və istirahətin vacibliyini hiss edirdi (6:31).

Məhz Markın Müjdəsində bizim hisslərdən İsada da olduğu aşkar olunur. Markın təsvirində İsa Məsihin insan olması Onun bizə daha yaxın olduğunu göstərir.

4) Markın Müjdəsinin vacib xüsusiyyətlərindən biri də odur ki, o, təkrar-təkrar mətnə ​​şahid ifadəsinə xas canlı təsvirləri və təfərrüatları daxil edir. Matta və Mark balaca bir uşağı götürüb şagirdlərin arasına qoymasından bəhs edir. Matta bu hadisəni belə təsvir edir: «İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu». Mark isə hadisəyə parlaq işıq salıb bir şey əlavə edir: «O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi...» (9:36). İsa uşaqların Onun yanına gəlməsinə mane olan şagirdlərinə acıqlananda, yalnız Mark belə bir əlavə edir: «Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi» (Mark 10:13-16; Matta 19:13-15; Luka 18:15-17 ilə müqayisə edin). Bu kiçik canlı təfərrüatlar İsanın bütün nəvazişini çatdırır. Beş min insanın doydurulması hekayəsində yalnız Mark göstərir ki, camaat bağdakı ləklər kimi yüz-yüz, əlli-əlli dəstə şəkilində oturdu (6:40). Beləcə bütün mənzərə gözümüzün önündə canlanır. İsanın və şagirdlərinin Yerusəlimə son səyahəti təsvir ediləndə, yalnız Mark bizə İsanın onların qabağında getdiyini deyir (10:32; Matta 20:17 və Luka 18:32-i ilə müqayisə edin). Bu qısa ifadə İsa Məsihin tənhalığını vurğulayır.

İsa Məsihin tufanı necə yatırdığı hekayədə digər Müjdə müəlliflərindən fərqli olaraq, Markda qısa ifadə var. «İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı» (4:38). Həmin kiçik təfərrüat gözümüzün qarşısında mənzərəni canlandırır. Şübhəsiz ki, bu xırda təfərrüatlar Peterin hadisələrin canlı şahidi olması və nəql edərkən onları yenidən gözünün önündə canlandırması ilə bağlıdır.

5) Markın sadə nəqli onun yunan yazı üslubunda da özünü büruzə verir.

a) Onun üslubu mətn üzərində diqqətli işləməsi və parlaqlığı ilə seçilmir. Mark uşaq kimi danışır. O, bir fakta digər faktı əlavə edir, onları «və» bağlayıcısı ilə əlaqələndirir. Yunan dilinin orijinalında Markın Müjdəsi üçüncü fəsildə o, bir-birinin ardınca «və» bağlayıcısı və məna daşıyan feil ilə başlayan 34 əsas və budaq cümlələr işlədir. Çalışqan uşaq da məhz belə danışır.

b) Mark «dərhal» sözünü çox sevir. Bu sözə Müjdədə təxminən otuz dəfə rast gəlinir. Bəzən hekayənin axıcılığından danışılır. Markın hekayəsi isə axıcı deyil, daha dəqiq desək, dayanmadan sürətlə axır. Oxucu təsvir olunan hadisələri canlı görür, sanki özü hadisələrin içindədir.

c) Mark keçmiş hadisədən danışanda felin indiki zamanından istifadə etməyi çox sevir. Mark keçmiş hadisədən elə danışır ki, sanki o, indiki zamanda baş verir. «İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var» (2:17). «Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək onlara dedi: «Qarşınızdakı kəndə gedin...» (11:1-2). «İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı» (14:43). Həm Yunan, həm də Azərbaycan dilinə xas olan, lakin məsələn, ingilis dilində yersiz olan bu real hadisələrin Markın zehnində necə canlandığını, sanki hər şeyin onun gözləri qarşısında baş verdiyini göstərir.

d) Mark çox vaxt İsanın dediyi eyni arami sözlərindən nümunə gətirir. İsa Məsih Yairin qızına deyir: «Talita-qum!» (5:41); kar və pəltək adama deyir: «Effata» (7:34); məndən umduğun yardım Allaha həsr olunan «qurban» oldu (7:11); Getsemani bağında İsa «Abba-Ata» deyir (14:36); Çarmıxda isə nida edir: «Elohi, Elohi, lema şavaqtani!» (15:34) Bəzən Peterin qulağında İsanın səsi yenidən eşidilirdi və o, İsanın işlətdiyi sözləri Marka çatdırmaya bilməzdi.

ƏN VACİB MÜJDƏ

Markın Müjdəsini ən mühüm Müjdə adlandırsaq, ədalətsizlik olmaz.

Əgər həvari Peteri yenidən dinləyib, əlimizdə olan ən qədim Müjdəni sevə-sevə diqqətlə araşdırsaq, düzgün etmiş olarıq.