Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 9-cu fəsil

V. Barklinin şərhləri

9-cu fəsil

1-8

QARŞIDURMANIN ARTMASI

Artıq dəfələrlə gördük ki, Mattanın Müjdəsində təsadüfi heç nə yoxdur. Müjdə diqqətlə planlaşdırılıb və dəqiqliklə yazılıb.

9-cu fəsildə biz onun dəqiq planlaşdırılmasının daha bir nümunəsini görürük. Çünki burada qarşıdan gələn tufanın ilk təsirləri aydın müşahidə olunur. Biz İsa Məsihə qarşı başlayan və nəticədə Onun ölümünə səbəb olan qarşıdurma ilə rastlaşırıq. Bu fəsildə İsaya qarşı dörd ittiham irəli sürülür.

1. O, küfr etməkdə ittiham olunur. Matta 9:1-8-də görürük ki, İsa iflic adamın günahlarını bağışlayaraq onu sağaltdı. Bunu görən ilahiyyatçılar Onu küfrdə ittiham etdilər. Çünki İsa yalnız Allahın edə biləcəyi işə iddia etdi. İsa küfrdə ittiham edildi, O, Allahın adından danışdı. Küfr, sözün əsl mənasında, təhqir və ya böhtan deməkdir. İsanın düşmənləri Onu Allahı təhqir etməkdə ittiham etdilər. Çünki O, Allahın səlahiyyətinin Ona məxsus olduğunu dedi.

2. O, əxlaqsızlıqda ittiham olunur. Matta 9:10-13-də görürük ki, İsa Məsih vergiyığanlar və günahkarlarla ziyafətdə oturub. Fariseylər İsanın nəyə görə belə insanlarla yemək yediyini bilmək istəyirdilər. Fariseylər bununla demək istəyirdilər ki, İsa belə insanlarla yoldaşlıq etdiyi üçün onlar kimidir.

Onlar İsanı əxlaqsızlıqda günahlandırdılar, çünki O, əxlaqsız insanlarla yoldaşlıq edirdi. Bir insana nifrət edəndə, etdiyi hər şeyi səhv qələmə vermək və təhrif etmək çox asandır.

3. Matta 9:14-17-də Yəhyanın şagirdləri İsadan Onun şagirdlərinin niyə oruc tutmadıqlarını soruşur? İsa ortodoksal yəhudilərinin zahiri normalarına riayət etmirdi. Buna görə də ortodoksal yəhudilər Ona şübhə ilə yanaşırdılar. Təyin olunmuş davranış normalarını pozan hər hansı bir şəxs buna görə əziyyət çəkirdi. Amma ümumi qəbul olunmuş dini normaları pozan insan daha çox əziyyət çəkirdi. İsa Məsih hamı tərəfindən qəbul edilmiş ortodoks dindarlıq prinsiplərini pozurdu. Buna görə də tənqid olunurdu.

4. O, şeytanla əlbir olmaqda ittiham olunur. Matta 9:31-34-də görürük ki, İsa lalı sağaldır. Düşmənləri isə bu şəfanı şeytanla əlbirliklə əlaqələndirirlər. Hər dəfə yeni bir şey ortaya çıxanda həmişə deyirdilər: «Ehtiyatlı olmaq lazımdır: bu, Allahın deyil, şeytanın işi ola bilər». Qəribə olsa da, insanlar sevmədiyi və ya başa düşmədiyi və onların düşüncə tərzinə zidd olan bir şeylə qarşılaşanda, bunu Allaha deyil, şeytana aid edirdilər.

Burada biz görürük ki, İsanın əleyhdarları açıq-aydın fəaliyyət göstərirdilər. Böhtançılar öz fəaliyyətlərinə başlamışdılar. Pıçıltılar həqiqəti zəhərləyir və saf niyyətləri yanlış çıxarırdı. Buna görə də onları narahat edən və qıcıqlandıran İsanı məhv etmək üçün tədbirlər görməyə başladılar.

ALLAHLA DÜZGÜN MÜNASİBƏT QURMAQ (Matta 9:1-8)

Mark 2:1-dən biz bilirik ki, bu möcüzə Kefernahumda baş vermişdi. Maraqlıdır, həmin vaxt İsanı Kefernahumla o qədər əlaqələndirirdilər ki, bu şəhəri Onun şəhəri adlandırırdılar. Həmin dövrdə Kefernahum İsanın xidmət mərkəzinə çevrilmişdi.

İsanın yanına iflic bir adamı gətirdilər. Dostları onu yataqda gətirmişdilər. Bizim qarşımızda dostlarının imanı sayəsində şəfa tapan və xilas olan bir insanın heyrətamiz mənzərəsi açılır. Əgər dostları olmasaydı, o, heç vaxt şəfa tapmaq üçün İsaya yaxınlaşa bilməzdi. Çox güman ki, o, ümidsizliyə qapılıb öz taleyi ilə barışmışdı. Dostları isə, hətta onun razılığı olmadan belə, onu İsanın yanına gətirmişdilər. Hər halda, o, həqiqətən də, dostlarının imanı sayəsində xilas oldu.

İrlandiyalı şair və dramaturq Yeytsın48 «Pişik və Ay» əsərində belə bir cümlə var: «Elə bir mömin görmüsünüzmü ki, onun pis dostu olmasın?» Doğrudan da, mömin insan, adətən, pis və ya tamamilə düşüncəsiz bir insanı İsa Məsihin hüzuruna gətirənə qədər onunla dostluq edir. Əgər bir imanlının Məsihi tanımayan, Onun haqqında düşünməyən, hətta Ona düşmən olan dostu varsa, həmin imanlının vəzifəsi dostunu Məsihin hüzuruna gətirənə qədər ondan ayrılmamaqdır.

Biz insanı məcburi olaraq Məsihi qəbul etməyə təhrik edə bilmərik. Biz başqasına Allahın həqiqətlərini öyrədə bilmərik. Biz ona ancaq yol göstərə bilərik ki, o özü həqiqəti tapa bilsin. Biz insanı məsihçi edə bilmərik, amma onu Məsihin hüzuruna gətirmək üçün əlimizdən gələn hər şeyi edə bilərik.

Bəlkə də İsa Məsihin bu adama müraciət tərzi bizi heyrətləndirir. Əvvəlcə O, bu adama günahlarının bağışlandığını deyir. Bunun iki səbəbi var idi. İsraildə belə bir inanc var idi ki, bütün xəstəliklər günaha görədir. Ona görə heç bir xəstəlik günah bağışlanmayana qədər aradan qaldırıla bilməzdi. Ravvin Ami deyirdi: «Günah olmadan ölüm yoxdur. Bəzi cinayətlər olmadan da ağrı və əzab yoxdur». Ravvin İsgəndər deyirdi: «Xəstənin günahları bağışlanmayana qədər o, sağala bilməz». Ravvin Çiya ben Abba deyirdi: «Heç bir xəstə bütün günahları bağışlanmadan şəfa tapa bilməz». İsanın dövründə əzab və günah arasında əlaqəyə inam ortodoksal yəhudi inancının ayrılmaz hissəsi idi. Buna görə də həmin insan günahlarının bağışlanmasına əmin olmayana qədər şəfa tapmasına şübhə edirdi. Ola bilsin, o, həqiqətən də, günahkar idi və bilirdi ki, onun xəstəliyi günahlarının nəticəsidir. Bəlkə də, doğrudan da, belə idi. Bağışlanmasına əmin olmadan o, heç cür sağala bilməzdi.

Müasir tibb zehnin bədənin fiziki vəziyyətinə təsir etdiyini təsdiqləyir. Əgər insanın ağlı xəstədirsə, o, sağlam bədənə sahib ola bilməz.

Böyük fransız həkimi Paul Turney belə bir misal çəkir:

«Həmkarlarımdan biri gənc qızı uzun müddət qan azlığından müalicə edirdi. Amma heç bir faydası olmadı. Sonda o, qızı sanatoriyaya göndərmək üçün sahə həkimindən göndəriş almağa yolladı. Bir həftədən sonra qız sahə həkiminin cavabını gətirdi. Sahə həkimi göndəriş verməklə bərabər belə dedi: «Qan analizinin nəticələri sizin nəticələrlə üst-üstə düşmür». Dostum əsəbiləşərək növbəti dəfə qan analizini götürdü və laboratoriyasına tələsdi. Məlum oldu ki, nəticələr tamamilə dəyişib. Dostum dedi: «Əgər mən buna qədər xəstənin nəticələrini tez-tez yoxlamasaydım, səhv etdiyimi düşünərdim». O, üzünü xəstəyə tutub soruşdu: «Son dəfə yanıma gələndən sonra həyatınızda nəsə dəyişiklik olub?» «Bəli, — qız cavab verdi, — mən paxıllıq etdiyim insanı bağışlaya bildim. Onda özümü daha yaxşı hiss etdim!» Onun münasibəti, ürəyinin vəziyyəti dəyişəndə, qanının vəziyyəti də dəyişmişdi. Qızın düşüncəsi şəfa tapmışdı. Canı da şəfaya doğru gedirdi».

Hekayədəki bu adam günahkar olduğunu bilirdi. Günahkar olduğuna görə o, əmin idi ki, Allahın düşmənidir. Özünü Allahın düşmənini hiss etdiyi üçün iflic və xəstə idi. İsa onun günahlarını bağışlayanda, o, Allahın artıq onun düşməni deyil, dostu olduğunu bildi. Buna görə də şəfa tapdı.

Lakin şəfanın tərzi ilahiyyatçıları qıcıqlandırdı — İsa günahı bağışlamağa cürət etdi. Günahların bağışlanması Allahın səlahiyyətidir. Bu səbəbdən onların fikrincə, İsa Allaha küfr etmişdi. İsa onlarla mübahisə etməyə çalışmadı. Sadəcə onların silahından özlərinə qarşı istifadə etdi: «Günahların bağışlandı» deməkmi, yoxsa «Qalx, yeri!» demək asandır? Amma unutmayaq ki, ilahiyyatçılar özləri də kiminsə günahı bağışlanmayana qədər ayağa qalxa bilməyəcəyinə inanırdılar. Əgər İsa bu adamı ayağa qaldıra bilibsə, deməli, bu, həmin kişinin günahlarının bağışlandığının və İsanın sözlərinin doğru olduğunun təkzibedilməz sübutu idi. Beləcə İsa insanı bağışladığını və bədəninə şəfa verməyə qadir olduğunu göstərdi. Fiziki sağlamlıq və Allahla sülhdə olmağın vəhdət təşkil etməsi əbədi bir həqiqət olaraq qalır.

9

HAMININ NİFRƏT ETDİYİ İNSAN (Matta 9:9)

Mattanın həvariliyə namizəd olduğunu təsəvvür etmək çətin idi. Müqəddəs Kitabda deyildiyi kimi, Matta vergiyığan idi.

Roma hökumətinin vəzifəsi rüsum və vergi yığmaq üçün həm səmərəli, həm də ucuz sistem yaratmaq idi. Hökumət belə bir sistemə müəyyən ərazilər üzrə rüsum və vergiləri toplamaq hüququnu hərraclarda satmaqla nail oldu. Belə hüququ alan şəxs dövlətə müəyyən məbləğdə pul ödəməli idi. Bu məbləğdən artıq topladığı hər şeyi özünə saxlaya bilərdi.

Belə sistem sui-istifadə üçün böyük imkan yaradırdı. Həmin dövrdə qəzet, radio, televiziya olmadığına görə insanlar nə qədər vergi ödəməli olduqlarını bilmirdilər. Onların vergiyığanın əməllərindən şikayət etməyə hüququ da yox idi. Nəticədə bir çox vergiyığanlar qanunsuz qəsb yolu ilə varlanırdılar. Bu sistem o qədər sui-istifadəyə səbəb oldu ki, İsanın dövründən əvvəl ləğv edildi. Buna baxmayaraq, vergi və rüsumlar hələ də ödənilməli olduğuna görə, sui-istifadələr davam edirdi.

Qanunla müəyyən edilmiş üç böyük vergi var idi. Torpaq vergisi — hər bir şəxs dövlətə taxılın 1/10, şərab və meyvənin 1/5 hissəsini ya ərzaqların özü ilə, ya da pul şəklində ödəməli idi. Şəxsin gəlirinin 1%-ni təşkil edən gəlir vergisi. 14-65 yaş arası hər kişi və 12-65 yaş arası hər bir qadının ödəməli olduğu şəxsi vergi. Bu vergilər qanunla müəyyən edilmişdi və vergiyığanların heç biri varlanmaq üçün onlardan istifadə edə bilməzdi.

Amma bu vergilərdən başqa müxtəlif vergilər də var idi. Bütün idxal və ixrac mallarına 2,5%-dən 12,5%-ə qədər rüsum tətbiq edilirdi. Böyük yollardan, körpülərdən, bazar meydanlarından, şəhərlərdən və limanlardan istifadə edərkən gediş-gəliş üçün vergi ödəmək lazım idi. Yük daşıyan heyvanlara, eləcə də arabaların təkərlərinə və oxlarına görə vergi tətbiq olunurdu. Bütün alınan və satılan mallara görə vergi var idi. Bəzi mallar dövlətin inhisarında idi. Məsələn, Misirdə duz, pivə və papirus ticarəti hökumətin əlində idi.

Hərracdan vergi toplamaq hüququnun verilməsi ilə bağlı köhnə sistem ləğv edilsə də, vergi toplamaq üçün insanlar lazım idi. Bu insanları əyalətlərin sakinləri arasından çox vaxt könüllü olaraq seçirdilər. Adətən, hər rayonda bir nəfər bir vergi növü üzrə cavabdehlik daşıyırdı. Qanuni vergiləri toplamaqla yanaşı öz cibini doldurmaq həmin adama çətin deyildi.

Vergiyığanlara hamı nifrət edirdi, çünki onlar ölkəsini istila edənlərin xidmətində dayanır və öz həmvətənlərinin hesabına varlanırdılar. Onların vicdansızlığı atalar sözünə çevrilmişdi. Onlar nəinki öz həmvətənlərini soyurdular, həm də hökuməti aldatmaq üçün hər şey edirdilər. Onlar vergiləri ödəməkdən yayınmağa çalışan varlılardan rüşvət alaraq özləri üçün yaxşı gəlir qazanırdılar.

Hər ölkədə vergiyığanlara nifrət edilirdi, ancaq yəhudilər onlara daha çox nifrət edirdi. Çünki yəhudilər fanatik millətçi idi. Amma yəhudilər daha çox başqa şeydən narazı idilər. Onların fikrincə, yalnız bir padşah — Allah var idi. Onlar hansısa fani hökmdara vergi ödəməyi Allahın haqqını tapdalamaq, Onun Padşahlığına və əzəmətinə küfr hesab edirdilər. Yəhudi qanunlarına görə, vergiyığanlar üçün sinaqoqa girmək qadağan idi. Vergiyığanlar natəmiz əşyalar və heyvanlar siyahısına daxil edilmişdi. Onlara Levililər 20:5-də yazıldığı kimi yanaşırdılar. Onlar məhkəmədə şahid ola bilməzdi. Vergiyığanları cinayətkar və qatillərlə eyni tuturdular.

İsa Məsih hamının nifrət etdiyi Mattanı çağırdı. Bu, Əhdi-Cədiddə İsa Məsihin insanın təkcə kim olmasını deyil, həm də kim ola biləcəyini görmə qabiliyyətinin ən böyük nümunələrindən biridir. Heç kim heç vaxt İsa Məsih kimi insan bacarıqlarına inanmamışdı.

ÇAĞIRIŞ QƏBUL EDİLİR (Matta 9:9 (ardı))

Kefernahum Hirod Antipanın hakimiyyəti altında olan ərazidə yerləşirdi. Çox güman ki, Matta romalılardan çox Hiroda xidmət edirdi. Kefernahumda böyük yollar birləşirdi. Xüsusən də Misirdən Dəməşqə gedən böyük yol Kefernahumdan keçirdi, oradan da Hirodun ölkəsinə daxil olurdu. Buna görə də Matta Hirodun ərazisinə daxil olan və çıxan mallardan gömrük rüsumlarını alan vergiyığanlardan biri idi.

Elə düşünmək lazım deyil ki, Matta İsanı əvvəllər heç vaxt görməmişdi. Şübhəsiz ki, Matta Xoş Xəbəri gətirən, əvvəllər heç vaxt eşitmədiyi səlahiyyətlə danışan bu gənc Qalileyalı haqqında eşitmişdi. Həmin Qalileyalının ortodoks yəhudilərin nifrətlə üz çevirdikləri dostları arasında kişilər və qadınlar da var idi. Çox güman ki, Matta İsanın təlimini izdiham arasında eşitmiş və sözləri onun ürəyinə toxunmuşdu.

Bəlkə də Matta həsrətlə yeni dünya axtarışına çıxmaq, köhnə utancverici həyatını qoyub, hər şeyi yenidən başlamaq üçün hələ də gec olmadığını düşünürdü. Budur, o, İsanın qarşısında dayandığını gördü. O, İsanın onu necə çağırdığını eşitdi. Matta çağırışı qəbul edərək ayağa qalxdı, hər şeyi tərk edib Onun ardınca getdi.

Gəlin Mattanın nə itirdiyinə və nə tapdığına diqqət yetirək. O, rahat işini itirsə də, taleyini tapdı. O, yaxşı qazancını itirdi, amma şərəf tapdı. O, maddi rifahını itirdi, ancaq heç vaxt xəyal etmədiyi yeni cəlbedici həyat tapdı. Bəli, Məsihin çağırışını qəbul etməklə biz maddi cəhətdən daha kasıb ola bilərik. Bəlkə də dünyəvi istəklərimizdən əl çəkməli olacağıq. Lakin bunun əvəzində indiyə qədər dadmadığımız dinclik, rahatlıq, sevinc tapıb, böyük həyəcanlı anlar yaşayacağıq. İsa Məsihdə insan Onun naminə imtina etdiyi hər şeydən üstün bir xəzinə tapır.

Mattanın nəyi tərk etdiyini və nəyi götürdüyünü də qeyd etmək lazımdır. O, vergiyığan vəzifəsini tərk etsə də, oradan yalnız qələmini götürdü. Budur, insanın İsanın hüzuruna gətirə bildiyi hər hansı bir ənamdan necə istifadə edəcəyinə dair gözəl nümunə. Çətin ki, başqa on iki həvari qələmdən yaxşı istifadə edərdi. Qalileyanın balıqçıları nə yazı, nə də söz ustası idilər. Matta isə belə bir məharətə malik idi. Peşəsi sayəsində qələmdən istifadə etməyi öyrənən bu adam dünyanın indiyə qədər oxuduğu ən mühüm kitablar sırasında yer alan, İsanın ilk təlim kitabını tərtib etmək üçün ondan məharətlə yararlandı.

10-13

ƏN ÇOX EHTİYAC OLAN YER (Matta 9:10-13)

İsa Mattanı təkcə şagirdi və ardıcılı olmaq üçün çağırmadı. O, həm də Matta kimi vergiyığanlar və günahkarlarla birlikdə masa arxasında oturdu.

Burada çox maraqlı sual yaranır: İsa Məsih vergiyığanlar və günahkarlarla birlikdə şam yeməyini harada edib? Təkcə Luka dəqiq deyir ki, şam yeməyi Matta və ya Levinin evində olub (Matta 9:10-13; Mark 2:14-17; Luka 5:27-32 ilə müqayisə edin). Matta və Markın hekayəsindən belə məlum olur ki, şam yeməyi İsanın evində və ya İsanın qaldığı evdə olub. Əgər şam yeməyi İsanın evində olubsa, onda Onun «Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm» ifadəsi daha böyük məna kəsb edir.

Yunan dilində tərcümə edilən çağırmaq sözü kaleyndir. Bu söz yunanlarda xüsusi olaraq bir evə və ya şam yeməyinə qonaq dəvət etmək üçün istifadə olunur.

Toy ziyafəti məsəlində (Matta 22:1-10; Luka 14:15-24) dəvət olunan qonaqların dəvətdən necə imtina etməsini, əvəzində Padşah süfrəsində oturmaq üçün kasıbların, şikəstlərin, topalların, korların və yol ayrıcında duranların dəvət olunmasını yaxşı xatırlayırıq. Çox güman ki, İsa belə demək istəyir: «Siz ziyafət verəndə soyuqqanlı və dindar adamları dəvət edirsiniz. Mənsə ziyafət verəndə, öz günahını dərk edən və Allaha daha çox ehtiyacı olanları dəvət edirəm». Hər halda, necə olursa olsun — istər ziyafət Mattanın evində, istərsə də İsanın qaldığı evdə olsun — bu, ilahiyyatçılar və fariseyləri çox heyrətləndirmişdi. İsraildə insanlar, adətən, iki qrupa bölünürdü: qanunun ən xırda detallarına ciddi riayət edən ortodoksal yəhudilər və xırdalıqlara əməl etməyənlər. Sonuncular avam insan adlanırdılar. Ortodoksal yəhudilərə onlarla səyahət etmək, işgüzar münasibətlər qurmaq, onlara bir şey vermək və ya onlardan bir şey almaq, onları qonaq dəvət etmək və ya ziyarət etmək qadağan edilmişdi. Belə insanlarla ünsiyyət quraraq, İsa Öz dövrünün dindarlarının heç vaxt etməyəcəyi bir şeyi etdi.

İsa Məsih Özünü çox sadə şəkildə müdafiə edirdi. O deyirdi ki, harada daha çox ehtiyac var, ora gedir. Yalnız pis həkim səhhəti yaxşı olan insanların evinə baş çəkir. Həkimin yeri — xəstə insanların yanıdır. Onun şərəfi və vəzifəsi ona ehtiyac duyulan yerə getməkdir.

Qədim yunan filosofu Diogenes49 o dövrdə Yunanıstanın ən böyük müəllimlərindən biri olub. O, xeyirxahlığı sevirdi və sözünü yerində deyən adam idi. O, vaxtının çox hissəsini Afinada keçirirdi. Bu şəhərin əxlaqının tənəzzülünü Spartanın50 sərt sadəliyi ilə müqayisə edirdi. Bir dəfə ondan soruşdular: «Əgər sən Spartanı Afinadan çox qiymətləndirirsənsə, nəyə görə Afinanı tərk edib Spartada məskunlaşmırsan?» Diogenes belə cavab verdi: «Nə etmək istədiyim vacib deyil. Mən insanların mənə ən çox ehtiyac duyduğu yerdə qalmalıyam». İsa Məsih günahkarlara lazım idi. Ona görə də O, günahkarların arasında yaşayırdı.

İsa Məsih «Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm» deyəndə, nəyə eyham vurduğunu başa düşməliyik. O, xeyirxah insanların İsanın onlara verə biləcək heç bir şeyə ehtiyac duymadığını nəzərdə tutmurdu. O demək istəmirdi ki, xeyirxah insanlar, ümumiyyətlə, Onu maraqandırmır. Bu qısa ifadə ilə İsa deyirdi: «Mən köməyə ehtiyacı olmayan özündən razı insanları dəvət etməyə gəlməmişəm. Mən öz günahını dərk edən və Xilaskara ehtiyacı olan insanları dəvət etməyə gəlmişəm». O deyirdi: «Mənim dəvətimi yalnız Mənə nə qədər ehtiyac duyduğunu bilənlər qəbul edə bilər».

O dövrdə ilahiyyatçıların və fariseylərin Allah yoluna öz baxışları var idi.

  1. Onlar başqalarını günahdan döndərməkdən çox öz müqəddəsliyini qoruyub-saxlamağa can atırdılar. Onlar özləri bir şeyə yoluxmasınlar deyə xəstələri ziyarət etməkdən imtina edən həkimlər idi. Onlar həddindən artıq ikrah hissi ilə günahkardan üz çevirirdilər. Onlar belə insanlarla heç bir iş görmək istəmirdilər. Əslində, onların imanında xudbinlik var idi. Onlar başqalarının canının xilasından çox öz canlarının xilasını düşünürdülər. Belə etməklə unudurdular ki, öz canlarını da itirəcəklər.

  2. Onlar kimisə ruhlandırmaqdan çox irad tutmağı düşünürdülər. Onlar başqalarının çatışmazlıqlarını aradan qaldırmağa kömək etməkdən daha çox onları göstərməyə üstünlük verirdilər. Həkim insanda dəhşətli xəstəliyi görəndə, onda ikrah deyil, kömək etmək istəyi yaranır. Biz heç vaxt günahkarı lənətlə qorxuzmamalıyıq. İlk istəyimiz ona kömək etmək olmalıdır.

  3. Onların xeyirxahlığı bağışlanma və şəfqət deyil, ittiham doğururdu. Onlar insana əl uzadıb bataqlıqdan çıxarmağı yox, onu orada qoymağı üstün tuturdular. Onlar yalnız diaqnoz qoymaqda maraqlı olan, xəstəliyi müalicə etmək istəməyən həkimlərə bənzəyirdilər.

  4. Onların imanı əməli yardıma yox, zahiri görünən ortodoksallığa çevrilmişdi. İsa Məsih Huşə peyğəmbərin «Mən qurban deyil, mərhəmət istəyirəm» ifadəsini çox sevirdi (Huşə 6:6). O, bu ifadəni dəfələrlə istifadə etmişdi (Matta 12:7 ilə müqayisə edin). İnsan bütün ortodoksal zahiri normalara səylə əməl edə bilər, lakin ehtiyacı olan insana kömək etmək üçün əl uzatmasa, mömin ola bilməz.

14-15

BUGÜNKÜ SEVİNC VƏ GƏLƏCƏK KƏDƏR (Matta 9:14-15)

Yəhudilər üçün sədəqə, dua və oruc iman həyatının üç sütunu idi. Biz artıq Matta 6:16-18-i araşdırarkən, yəhudilərin oruc barədə təsəvvürlərini ətraflı şəkildə müzakirə etdik. Belə ehtimal edilir ki, bu hadisə payızda yağışların yağmadığı və bütün xalqın oruc tutduğu vaxtda baş verib.

İsadan Onun və şagirdlərinin niyə oruc tutmadığını soruşanda, O, gözəl məsəllə cavab verdi. Azərbaycan dilində Müqəddəs Kitabda bəyin sağdışı və soldışı haqqında danışılır. Bu, yunan ifadəsinin düzgün tərcüməsidir. Yəhudilərin toy ziyafəti çox şən keçirdi. Onun özəlliyi onda idi ki, yeni evlənənlər bal ayına getmirdilər, onu evdə keçirirdilər.

Evləndikdən sonra bir həftə evi açıq saxlayırdılar. Bəylə gəlinə kral və kraliça kimi yanaşırdılar. Həmin həftə ərzində dostları və rəfiqələri onların xoşbəxtliyinə şərik olurdu. Bu adamlar bəyin sağdışı və soldışı adlanırdılar. Evlilik və toy, həyatda bir dəfə olsa da, kasıb və sadə insanların həyatına sevinc, əyləncə, şənlik, bolluq gətirirdi.

Beləcə İsa Özünü bəylə, şagirdlərini isə bəyin dostları ilə müqayisə edir. Həmin dəstə necə kədərli və qəmgin ola bilər? Bu, oruc tutmaq vaxtı deyil, əylənmək vaxtı idi. Bu hissədə bizim üçün çox vacib məqamlar var.

1. Məqamlardan biri budur ki, İsa Məsihlə birlikdə olmaq — sevincdir. İsanın hüzurunda həyat qaynayır. Məsihçilik qaranlığa və ümidsizliyə qərq ola bilməz. İsa Məsihin yanında gedən insan sevincdə gəzir.

2. Digər məqam isə odur ki, bu həyatda sevinc heç vaxt əbədi deyil. Vəftizçi Yəhya zindana atıldığına görə onun şagirdləri üçün kədər vaxtı artıq gəlmişdi. Lakin İsanın şagirdləri üçün bu kədər vaxtı hələ qabaqda idi. Bu, həyatın qaçılmaz qanunudur — ən böyük sevinc gec-tez sona çatır.

Qədim yunan stoisist-filosofu Epiktet deyirdi: «Övladını öpəndə özünə de: «Bir gün sən öləcəksən». Məhz buna görə biz Allahı və İsa Məsihi tanımalıyıq. Dəyişməyən yalnız İsadır. O, dünən, bu gün və əbədi olaraq eynidir. Təkcə Allah həyatın təlatümləri arasında sadiq qalır. Ən dəyərli insan münasibətləri bir gün sona çatacaq. Ancaq səmavi sevinc əbədi olaraq qalır. Əgər bu sevinc bizim ürəyimizdədirsə, heç nə onu bizdən ala bilməz.

3. Bundan başqa, bu hissə bir xəbərdarlıqdır. Həmin an şagirdləri bunu hələ görməsələr də, İsa Məsih onlara dedi: «Siz Mənim ardımca gəldiyiniz üçün sevinirsiniz, lakin Çarmıx yolunda əziyyətlərdən də keçə biləcəksinizmi?» İman yolu sevinc bəxş edir, eyni zamanda o bizi sevincdən məhrum edə bilməyən qan, tər və göz yaşları da bəxş edir. Heç nəyə baxmayaraq, bunları öz üzərimizə götürməli və dözməliyik. Beləliklə, İsa Məsih deyir: «Siz hər ikisinə — məsihçiliyin gətirdiyi sevincə şərik olmağa və Çarmıxı daşımağa hazırsınızmı?»

4. Bu ifadədə İsa Məsihin cəsarəti də qeyd olunub. İsa heç bir xəyal qurmurdu. O, yolun sonunda Onu Çarmıx gözlədiyini aydın görürdü. Burada sirr pərdəsi açıldı və biz İsanın düşüncə tərzinə nəzər sala bilirik. İsa yaxşı bilirdi ki, Onun üçün həyat yolu — Çarmıx yoludur. Buna baxmayaraq, O, bu yoldan geriyə bir addım da atmadı. Allah yolunun nə olduğunu dərk edən insanın cəsarəti budur.

16-17

ÇƏTİNLİKLƏ QƏBUL EDİLƏN YENİ FİKİRLƏR (Matta 9:16-17)

İsa Məsih yaxşı başa düşürdü ki, O, insanlara yeni fikirlərlə və yeni həqiqət anlayışları ilə gəlib. O, həm də yaxşı bilirdi ki, yeni fikirləri insanların düşüncələrinə çatdırmaq nə qədər çətindir. Buna görə O, hər bir yəhudiyə aydın olan iki misal çəkdi.

1. O dedi: «Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar».

Yəhudilər nəyisə dəyişməyi xoşlamırdılar. Onların gözündə Qanun Allahın son sözü idi. Allahın Qanununa bir söz əlavə etmək və ya ondan bir kəlmə çıxarmaq ölümcül günah sayılırdı. İlahiyyatçılar və fariseylər açıq etiraf edirdilər ki, onların məqsədi «Qanunun ətrafına hasar çəkmək»dir. Onların fikrincə, istənilən yeni fikir günah idi.

Amma bu fikir bizim həyatımızda əhəmiyyətə malikdir. Çox vaxt imanlı cəmiyyətlərində yeni ideya, yeni üsul və ya hər hansı bir dəyişiklik təklif olunanda, dərhal «Biz əvvəllər belə etməmişik» deyə etirazlar baş qaldırır.

Bir dəfə mən iki ilahiyyatçının söhbətini eşitdim. Onlardan biri yeni mütəfəkkirlərin söylədiyi hər şeylə maraqlanan gənc, digəri isə ortodoksal ənənələrə ciddi əməl edən yaşlı kişi idi. Yaşlı ilahiyyatçı gəncin sözlərinə güc-bəla ilə dözərək, sonda «köhnəsi daha yaxşıdır» deyib söhbəti bitirdi. Tarix boyu İmanlı Cəmiyyəti əzmlə köhnəyə sadiq qalırdı. İsa isə burada deyir ki, vaxt gələcək yamaq tikmək mənasız olacaq. Gün gələcək, sınıqları atıb, hər şeyi yenidən başlamaq lazım olacaq. Cəmiyyət idarəçiliyinin, xidmətlərin və imanımızı ifadə edən sözün elə formaları var ki, biz onları müasir tələblərə uyğunlaşdırmağa çalışırıq. Heç kim zamanın sınağından çıxmış, keçmiş nəsillərə təsəlli verən, iman və etibar yaradan şeylərdən könüllü və ya laqeydcəsinə imtina etməz. Amma faktların göstərdiyi kimi, bu kainat böyüyür və genişlənir. Yamaqların artıq faydasız olduğu vaxt gəlib çatır. İnsan və İmanlı Cəmiyyəti ya yeni bir riskə getməli, ya da sakit yerə çəkilməlidir. Sakitlikdə onlar Allaha yox, keçmişə ibadət etməli olacaqlar.

2. İsa dedi: «...təzə şərabı köhnə tuluqlara doldurmazlar». Qədim dövrlərdə insanlar şərabı şüşə qablarda deyil, tuluqlarda saxlayırdılar. Yeni şərab tuluğa doldurulanda, o, hələ də qıcqırırdı və şərabdan çıxan qaz tuluğa təzyiq göstərirdi. Yeni tuluq elastikdir və təzyiq altında heç bir zərər görmədən genişlənir. Köhnə tuluq isə coddur və elastikliyini itirib. Əgər onlara hələ qıcqırmamış yeni şərab doldursanız, o, qazların təzyiqi altında genişlənməyəcək və tuluq partlayacaq.

Bugünkü gündə bunun mənası odur ki, ruhumuz yeni fikirləri qəbul edib, mənimsəmək üçün kifayət qədər elastik olmalıdır. İntibah dövrü — köhnə mülahizələri aradan qaldırmaq dövrüdür. Hər bir yeni ideya insan şüurunda öz yerini tutmaq üçün mübarizə aparmalı idi. Əvvəlcə maşına, qatara, təyyarəyə şübhə ilə yanaşırdılar. Xloroform və antiseptiklərin tətbiqi üçün mübarizə aparılırdı. Günəşin yerin ətrafında deyil, yerin günəş ətrafında fırlandığını kəşf edən Qaliley51 öz kəşfindən imtina etmək məcburiyyətində qaldı. Kopernik52 də günəş sisteminin qurulması nəzəriyyəsinin nəşrini dayandırmalı oldu. Hətta İngiltərədə ilk dəfə çətiri dəbə gətirən adam küçədə zərbələrə məruz qaldı və təhqirlərə dözməli oldu.

Yeniliyi qəbul etməmək həyatın bütün sahələrini əhatə edir. Böyük İngilis lokomotiv mütəxəssisi Norman Marlou lokomotivlər haqqında kitabında təcrübəsindən maraqlı bir hadisə təsvir edir. Həmin hadisə Böyük Britaniyanın dəmir yollarının birləşməsindən az sonra baş verdi. Əvvəllər bir xətt üzrə istifadə olunan lokomotivlər indi digərlərində sınaqdan keçirilirdi. Norman Marlou «Yubiley» adlı model ekspressin müşahidə göyərtəsində dayanmışdı. Lokomotivi idarə edən maşinist əvvəl Qərb Dəmiryolunda işləmişdi və «Kasl» lokomotiv modelinə öyrəşmişdi. O, yol boyu «Kaslın» hansısa yeni modellə müqayisə olunmadığını qeyd edərək deyinirdi. O, xüsusi təlim keçdiyi və yaxşı bildiyi yeni iş üsullarını tətbiq etməkdən imtina edirdi. O, təkidlə «Yubiley»i «Kasl» kimi idarə edir və onun sürətinin saatda 80 km-dən çox olmadığına görə şikayətlənirdi. Bir qədər sonra briqada dəyişdi. Yeni maşinist «Yubiley» tipli lokomotivi idarə etmək üsullarına qarşı deyildi. Tezliklə o, «Yubileyin» sürətini saatda 130 kilometrə çatdırdı. Hətta teplovoz sürücüləri də yeni ideyaları rədd edirlər.

İmanlı Cəmiyyətində yeniliyə qarşı qəzəb hissi xroniki hal alıb. Yeniliyi köhnə formalara yerləşdirmək cəhdləri, demək olar ki, adi hal olub.

Canlı varlığın inkişafı dayananda, ölməyə başlayır. Bunu xatırlamaq hamı üçün yaxşı olardı. Bəlkə də Allahdan diləməliyik ki, bizi köhnə şeylərə ilişib qalmaqdan xilas etsin.

Biz sürətlə böyük dəyişikliklərin baş verdiyi dövrdə yaşayırıq. Vikont Samuel 1870-ci ildə anadan olub. O öz tərcümeyi-halına uşaqlıq illərində Londonun təsviri ilə başlayır: «Bizim nə avtomobillərimiz, nə avtobuslarımız, nə taksilərimiz, nə metrolarımız, nə velosipedlərimiz, nə elektrik işığımız, nə telefonumuz, nə kino, nə də radiomuz var idi». Bu, təxminən yüz il əvvəl idi. Biz böyüyən və dəyişən dünyada yaşayırıq. İsa Məsih xəbərdarlıq edirdi ki, İmanlı Cəmiyyəti köhnələrlə yaşayan və qidalanan yeganə icma olmamalıdır.

18-31

QEYRİ-KAMİL İMAN VƏ KAMİL GÜC (Matta 9:18-31)

Bu hissəni ətraflı araşdırmağa başlamazdan əvvəl, gəlin ona tam nəzər salaq. Çünki orada gözəl məqamlar vurğulanır.

Orada möcüzələr haqqında üç hekayə qeyd olunub: rəis qızının sağalması (9:18,19, 23-26); qanaxma xəstəliyindən əziyyət çəkən qadının sağalması (9:20-22); iki kor adamın sağalması (9:27-31). Bu hekayələrin hamısında ortaq bir cəhət var. Gəlin onları ayrıca nəzərdən keçirək.

1. Şübhəsiz ki, rəis heç nəyin köməyi etmədiyini görüb çarəsiz halda İsaya üz tutmuşdu. O, ortodoksal yəhudi dininin sütunlarından biri olan sinaqoq rəhbəri idi. Həmin adam İsaya xor baxan və nifrət edən, Onun ölümünə sevinəcək şəxslərdən biri idi. Təbii ki, o, bütün savadlı həkimlərə müraciət etmiş və mümkün müalicə üsullarını sınamışdı. Sonda çarəsiz qaldığına görə İsaya müraciət etmişdi.

Sadə sözlə desək, rəis İsanın yanına başqa niyyətlə gəlmişdi. O, İsanın yanına Onu sevdiyinə görə gəlməmişdi. O, artıq hər kəsə müraciət etdiyi üçün, gedəcək başqa yer olmadığına görə İsanın yanına gəlmişdi.

Bu adamı İsanın yanına gətirən çarəsizlik idi.

2. Qanaxmadan əziyyət çəkən qadın İsanın ardınca gedən izdiham arasından Onun paltarının ətəyinə toxundu. Əgər biz bu hekayəni qərəzsiz oxusaq, bu qadının davranışını necə qiymətləndirərdik? Deyərdik ki, bu, sadəcə bir mövhumatdır. İsanın paltarının ətəyinə toxunmaq müqəddəslərin cəsədlərinin qalıqlarında və ya paltarında şəfa axtarmağa bənzəyir.

Qadın İsaya bizim qeyri-kamil adlandırdığımız imanla yaxınlaşdı.

3. Korlar İsanın ardınca gələrək «Ey Davud Oğlu! Bizə rəhm elə!» deyə qışqırdılar. Davud Oğlu İsanın axtardığı titul deyildi. Davudun Oğlu titulundan yəhudi millətçiləri istifadə edirdilər. Çünki yəhudilər Davud nəslindən olan böyük rəhbəri gözləyirdilər. Onlar düşünürdülər ki, həmin şəxs onları Roma qəsbkarları üzərində hərbi və siyasi qələbəyə aparacaq. Davud Oğlu titulunun arxasında duran fikir bu idi. Beləcə bu korlar İsanın yanına tamamilə yanlış təsəvvürlə gəldilər. Əslində, onlar İsanı Davud nəslindən olan qalib bir qəhrəman kimi görürdülər.

Burada diqqət çəkən odur ki, rəis İsanın yanına yanlış məqsədlə, qadın qeyri-kamil imanla, korlar isə yanlış təsəvvürlə, başqa sözlə desək, qeyri-düzgün ilahi biliklə gəldilər. Amma buna baxmayaraq, İsanın məhəbbətinin və qüdrətinin onlar üçün də olduğunun şahidi oldular. Həqiqətən, bu, heyrətamiz bir şeydir. Bizim Məsihin yanına necə gəlməyimizin əhəmiyyəti yoxdur. Vacib olan gəlməyimizdir. Nə qədər qeyri-kamil olsaq da, İsanın hüzuruna gələndə, Onun məhəbbəti və qolları bizi qəbul etməyə açıqdır.

Burada bizim üçün ikiqat dərs var. Bu o deməkdir ki, İsa Məsihdən kömək almaqdan ötrü müraciət etmək üçün niyyətimiz, imanımız və ilahi biliyimiz kamil olana qədər gözləməli deyilik. Biz Onun yanına olduğumuz kimi gələ bilərik. Bu o deməkdir ki, niyyəti, imanı, ilahi biliyi bizə şübhəli görünənləri tənqid etməməliyik. İsa Məsihin yanına necə gəlməyimiz vacib deyil. Əsas odur ki, biz Onun yanına gələk. Çünki O bizi olduğumuz kimi qəbul etməyə hazırdır və olmalı olduğumuz kimi etməyə qadirdir.

TOXUNUŞ VASİTƏSİLƏ ŞƏFA (Matta 9:18-19; 23-26)

Matta bu hekayəni digər müjdəçilərə nisbətən daha qısa danışır. Əgər biz təfərrüatları bilmək istəyiriksə, onda Mark 5:21-43 və Luka 8:40-56-nı oxumalıyıq. Oradan görürük ki, rəisin adı Yairdir və o, sinaqoqun rəhbəridir (Mark 5:22; Luka 8:41).

Sinaqoqun başçısı çox nüfuzlu adam idi: o, ağsaqqallar arasından seçilirdi. Onun vəzifəsi öyrətmək və ya təbliğ etmək deyildi. O, «ibadət zamanı zahiri nizama diqqət yetirməli və ümumilikdə bütün vacib işlərə nəzarət etməli idi». O, ibadət vaxtı kimin Kəlam oxumalı və dua etməli olduğunu təyin edir, təbliğ edəcək adamı tribunaya dəvət edirdi. O, sinaqoqda ləyaqətsizliyin baş verməməsinə diqqət yetirməli və onun təmiz saxlanmasına nəzarət etməli idi. Sinaqoqun bütün praktiki idarəsi onun ixtiyarında idi.

Aydın məsələdir ki, belə bir şəxs İsanın yanına son anda gəldi. Çox güman, o, İsanı təhlükəli kafir kimi görən ciddi ortodoksal yəhudilərdən biri idi. Heç nəyin kömək etmədiyi halda o, çarəsiz vəziyyətdə İsaya müraciət etdi. İsa ona deyə bilərdi: «Sənin vəziyyətin yaxşı olanda Məni öldürmək istəyirdin. İşin düşəndə isə kömək üçün Mənə müraciət edirsən». O, belə adama kömək etməkdən imtina edə bilərdi. Lakin Məsih ona qarşı kin saxlamadı. Bu insanın İsaya ehtiyacı var idi. İsanın yeganə arzusu isə kömək etmək idi. Onun düşüncələrində qürur və bağışlamamazlığa yer yox idi.

Beləcə İsa sinaqoq rəisinin evinə getdi və orada böyük ağlaşma gördü. Yəhudilər yas mərasiminə çox ciddi yanaşırdılar. Onlar deyirdilər: «Kim bir müdrikin yasına laqeyd yanaşarsa, diri-diri yandırılmağa layiqdir». Faciə yaşanan evdə yəhudi adətinə görə üç yas mərasimi keçirilirdi.

Birincisi, paltarı cırmaq. Paltarları cırmaq barədə otuza qədər müxtəlif qayda mövcud idi. Paltarlar ayaq üstə, ürəyə qədər cırılmalı idi ki, çılpaq bədən görünsün. Ata və ya ana üçün yas tutanda paltar düz ürəyin üstünə qədər cırılmalı idi; digər qohum və tanışlara görə yas tutanda — sağ tərəfdən cırılmalı idi. Paltarda cırılan hissə yumruğun yerləşəcəyi qədər böyük olmalı idi. Cırılan hissə yeddi gün ərzində açıq qalmalı idi. Qalan otuz gün ərzində həmin hissə sapla yüngülcə elə tikilməli idi ki, hamı onu görsün. Yalnız bundan sonra cırığı tikmək olardı. Qadınların sinələri görünəcək qədər paltarlarını cırması yersiz hesab olunurdu. Ona görə də qanunda deyilirdi ki, qadın öz otağında alt paltarını cırmalı, sonra ön hissəsi kürəyinə düşsün deyə onu çevirməli, daha sonra isə üst paltarını camaatın gözü qarşısında cırmalıdır.

İkincisi, evdə mərhum üçün dayanmadan mərsiyə oxunurdu. Bundan ötrü peşəkar mərsiyə oxuyanlar var idi. Onlar şərqdə hələ də var. V. Tomson «Torpaq və kitab» kitabında onları belə təsvir edir:

«Hər bir şəhərdə, hər bir icmada bu işdə son dərəcə mahir qadınlar var. Onlar əvvəlcədən bu iş üçün tutulurdular. İçəri başsağlığı verən yeni adamlar gələndə, həmin qadınlar yeni gələnləri ağlatmaq üçün səslərini ucaldırdılar. Bu qadınlar hər kəsi yaxşı tanıyırdılar. Onlar heç bir hazırlıq görmədən dərhal ağlaşmaya başlayaraq, adamların rəhmətə gedən qohumlarının adlarını çəkir və onların ən həssas yerinə toxunurdular. Beləcə hər kəs öz ölüsünə ağlayırdı. Nəticədə yas ağlaşma ilə keçirdi».

Sonda tütək çalanlar [Barklidə: fleytaçalanlar]. Fleytada ifa etmək yas mərasimi ilə sıx bağlı idi. Talmudda deyilir: «Kişinin vəzifəsi ölən arvadını dəfn etmək, ölkənin adət-ənənəsinə uyğun olaraq mərsiyələr və yas mərasimi təşkil etməkdir. Buna görə də hətta ən kasıb israilli yasa ən azı iki fleytaçalan və bir mərsiyə oxuyan dəvət etsin. Əgər o, zəngindirsə, qoy hər şey imkanına görə təşkil olunsun». Hətta Romada fleytaçalanlar hüznlü günlərin rəmzi sayılırdı. Fleyta çalanlar Roma imperatoru Klavdinin53 dəfn mərasimini müşayiət etmişdilər. Roma filosofu və yazıçısı Seneka yazır: «Onlar elə hay-küy salırdılar ki, hətta imperator ölmüş Klavdi belə, onların səsini eşidə bilərdi. Fleytanın səsi o qədər qulaqbatıran idi ki, Roma qanunlarına görə dəfn mərasimində fleytaçalanların sayı ondan çox olmamalı idi».

Sinaqoq rəisinin evindəki mənzərəni təsəvvür edin: yasa toplaşan insanların cırıq paltarları, mərsiyə oxuyanların saxta ağlaşması, fleytanın qulaqbatıran səsi. Bir sözlə, şərq yas mərasiminin əsl cəhənnəmi.

İsa Məsih bu həyəcanlı və isterika dolu mühitə daxil oldu. O, səlahiyyətlə hamını bayıra çıxartdı və dedi ki, qız ölməyib, yalnız yatıb. Onlar istehza ilə İsaya güldülər. Bu, çox maraqlı məqamdır: yasa gələnlər qəm-qüssə çəkməkdən o qədər zövq alırdılar ki, yeganə ümidi də inkar etdilər.

Ola bilsin ki, Məsih «qız yatıb» deyəndə, elə bunu nəzərdə tuturdu. Həm yunanlar, həm də ruslar çox vaxt ölən adam haqqında yatıb deyirlər. Bəzi Avropa dillərində qəbiristanlıq sözü qədim yunan dilindəki koymepgerion sözündən yaranıb. Bu da insanların yatdığı yer deməkdir. Yunan dilində yuxu mənasını verən iki söz var: onlardan biri kiomasfaydır. Bu söz çox vaxt təbii, eləcə də ölümcül yuxunu nəzərdə tutur. Digəri kafeideyn sözüdür. Mənası bəzən ölümcül yuxunu bildirmək üçün istifadə edilir. Verilən hissədə kafeideyn sözü istifadə olunur.

Şərqdə kataleptik koma adlı xəstəlik geniş yayılmışdı. Şərqdə insanı ölən kimi basdırırlar. Çünki bunu isti iqlim tələb edir. Səyyahlardan biri yazır: «Adətən, dəfn ölən gün günəş batmazdan əvvəl icra olunur. Əgər xəstə gün batandan sonra rəhmətə gedibsə, çox vaxt onu gecə dəfn edirdilər». Bu xəstəlik kifayət qədər geniş yayıldığına və dəfnlər çox tez həyata keçirildiyinə görə insanlar çox vaxt diri-diri basdırılırdı. Bunu tapılan qəbirlər də sübut edir. Ola bilər ki, burada İlahi şəfadan çox, İlahi diaqnoza aid nümunə var. Bəlkə də İsa Məsih bu qızı dəhşətli sonluqdan xilas etdi.

Bir şey dəqiq aydındır: həmin gün İsa Məsih yəhudi qızı ölümün cəngindən xilas etdi.

QADIN ÜÇÜN SƏMANIN BÜTÜN GÜCÜ (Matta 9:20-22)

Yəhudilərin fikrincə, bu qadının çəkdiyi xəstəlikdən daha dəhşətli və alçaldıcı xəstəlik yox idi. Bu xəstəlik İsraildə olduqca səciyyəvi idi. Talmudda onun müalicəsi üçün ən azı on bir üsul təqdim olunur. Həmin üsulların arasında tonusu qaldıran büzücü maddələr də istifadə olunurdu. Qalanları isə boş xurafat idi. Dəvəquşu yumurtasının külünü yayda kətan, qışda isə pambıq torbada üstündə gəzdirmək lazım idi; ya da ağ eşşəyin peyinində tapılan arpa dənəsini üstündə gəzdirmək lazım idi. Markın Müjdəsindən görünür ki, bu qadın artıq hər şeyi sınaqdan keçirib və bütün həkimlərə baş çəkmişdi. Amma vəziyyəti daha da pisləşmişdi (Mark 5:26).

Bu xəstəliyin dəhşətliliyi xəstəni murdar etməsindən ibarət idi. Qanunda yazılıb: «Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın. Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın. Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın» (Levililər 15:25-27).

Başqa sözlə desək, qanaxma xəstəliyindən əziyyət çəkən qadın murdar idi və ona toxunan hər kəs murdar sayılırdı. Belə qadın tamamilə ibadətdən uzaqlaşdırılır, digər qadın və kişilərlə dostluqdan məhrum edilirdi. O, İsanı əhatə edən izdihamın arasında olmamalı idi. Çünki onlar bu qadının xəstə olmasını bilsəydi, toxunduğu hər kəs murdar sayılardı. Həmin qadın alçalmaqdan və tənhalıqdan azad olmaq üçün əlindən gələn hər şeyi edirdi.

Beləliklə, o, İsanın arxasınca getdi və Müqəddəs Kitabda deyildiyi kimi, İsanın paltarının ətəyinə toxundu. Yunan dilində paltarın ətəyi kraspedon, qədim ibrani dilində isə sisif deməkdir. Müqəddəs Kitabın Avropa dillərinə bəzi tərcümələrində bu söz saçaq kimi verilib.

Həmin saçaqlar Qanunun tələblərinə uyğun olaraq (Saylar 15:37-41 və Qanunun təkrarı 22:12) yəhudilərin üst paltarının ətəyinə tikdiyi bənövşəyi rəngli dörd qotaz idi. Matta 14:36 ​​və 23:5-də onları yenidən xatırladır. Onlar paltarın ətəyinə tikilən dörd sapdan ibarət idi. Ümumilikdə isə sayı səkkiz idi. Bu saplardan biri qalanlarından daha uzun idi. Onu digərlərinin ətrafına yeddi dəfə, sonra səkkiz dəfə, sonra on bir dəfə, sonda isə on üç dəfə dolayırdılar. Sap və düyünlər Qanunun beş kitabını simvolizə edirdi.

Qotaz özündə iki məna daşıyırdı. Onlar yəhudinin seçilmiş xalqın üzvü olduğunu bildirirdi. Bundan əlavə, yəhudi hər dəfə paltarını geyinib soyunanda, qotazlar ona Allaha məxsus olduğunu xatırlatmalı idi. Sonrakı dövrlərdə yəhudilərin sürgün olunduğu vaxtda qotazlar alt paltarlara taxılırdı. İndi isə mömin yəhudilərin dua zamanı başlarına atdıqları dua şallarına taxılır.

Qanaxmadan əziyyət çəkən qadın İsanın paltarındakı məhz həmin qotazlara toxunmuşdu.

Qadın onlara toxunanda, sanki vaxt dayandı. Bu, filmə baxdığımız zaman kadrın donmasına bənzəyir. Gözümüzün önündə yalnız bir səhnə canlanır. Bu səhnədə qeyri-adi və təsirli olan o idi ki, İsa Onu əhatə edən izdihamın arasında qəflətən dayandı. Həmin vaxt elə görünürdü ki, İsanı düşündürən yalnız bu qadın idi.

O, izdiham içində itib-batan yoxsul qadın deyildi. İsanın Özündəki hər şeyi verdiyi biri idi.

İsa Məsih üçün heç kim heç vaxt izdihamda itib-batmır, çünki İsa Allaha bənzəyir. İrlandiyalı şair və dramaturq V. Yeyts mistik ilhamlandığı gözəl məqamlardan birində belə yazırdı: «Allahın məhəbbəti hər bir insan üçün sonsuzdur. Çünki hər bir insan unikaldır. Allahdan başqa heç kim bu ehtiyacı ödəyə bilməz». Allah Özünü hər bir insana tamamilə bəxş edir.

İnsanlar isə belə deyil: onlar həmişə adamları əhəmiyyətli və əhəmiyyətsiz növlərə ayırırlar.

«Yadda saxlamalı gecə» adlı kitabda 1912-ci ilin aprelində «Titanik» gəmisinin batması haqqında ətraflı məlumat verilib. Bu yeni və nəhəng sərnişin gəmisi Atlantik okeanın ortasında aysberqlə toqquşanda çox insan həlak oldu. Faciə elan ediləndən sonra Nyu-Yorkun «The American» adlı qəzeti ona bütöv bir məqalə həsr etdi. Məqalənin ilk hissəsi polis Yakob Astorun ölümünə həsr olunmuşdu. Sonda isə səthi olaraq daha 1800 nəfərin öldüyü qeyd olunmuşdu. Ölənlər arasında yalnız biri dəyərli idi, o da polis idi. Qalan 1800 nəfər heç bir əhəmiyyət kəsb etmirdi.

İnsanlar belə davrana bilər. Amma Allah heç vaxt belə etmir. İngilis yazıçısı Gilbert Çesterton (1874-1936) haqqında deyirdilər: «Bəzi mütəfəkkirlərdən fərqli olaraq, Çesterton öz qardaşlarını başa düşürdü: bir hakimin problemi onu maraqlandırdığı kimi, bədbəxt avaralar da onu maraqlandırırdı. O, diqqətini ayaqqabı təmizləyənə də yönəldirdi. Onda insanların zəriflik adlandırdığı və bütün dünyanı doğma edən səmimilik var idi».

Allahın belə məhəbbəti heç bir insanın izdiham içində itib-batmasına imkan vermir.

Allah üçün hər bir insan fərdidir. Onun üçün hər bir insan təkrarolunmaz övladdır. Allahın sevgisi və qüdrəti hər kəs üçün nəzərdə tutulub.

İsa Məsihə görə bu qadın izdiham arasında itməmişdi. Qadın ehtiyac duyanda o, İsa üçün hər kəsdən vacib idi. İsa hər birimizlə məhz bu cür davranır.

İMANIN SINAĞI VƏ İMANA GÖRƏ MÜKAFAT (Matta 9:27-31)

Gözdən əlillik İsraildə geniş yayılmış xəstəlik idi. Bu, qismən Şərq günəşinin gur olmasının qorunmayan gözə təsirindən, qismən də gigiyena və təmizliyə düzgün riayət olunmamasından yaranırdı. İnfeksiyanı xüsusilə milçəklər yayırdı. Bu infeksiya sonra görmə qabiliyyətinin itirilməsinə səbəb olurdu.

Bu iki kor adam İsaya Davudun Oğlu kimi müraciət etdi. Müjdələrdə İsanı Davud Oğlu adlandırıldığı bütün hadisələrə baxsaq, görərik ki, çox vaxt Onu tanımayan insanlar belə çağırırdı (Matta 15:22; 20:30-31; Mark 10:47; 12:35-37). Davudun Oğlu titulu İsanı yəhudilərin nəzərdə tutduğu Məsih kimi xarakterizə edirdi. Uzun əsrlər boyu yəhudilər Davudun nəslindən vəd olunmuş xilaskar və rəhbər gözləyirdilər. Həmin xilaskar onları nəinki azad edəcək, həm də onları gücə, səlahiyyətə, şöhrətə və əzəmətə çatdıracaqdı. Bu korlar da İsanı məhz belə təsəvvür edirdilər. Onlar İsanı xalqı azadlığa və qələbəyə aparacaq möcüzə yaradan Şəxs kimi görürdülər. Onlar İsaya tamamilə yanlış təsəvvürlə yanaşdılar. Buna baxmayaraq, İsa onlara şəfa verdi. İsa Məsihin onlarla davranışı bizə çox şey göstərir.

1. Göründüyü kimi, İsa Məsih onların fəryadlarına dərhal cavab vermədi: İsa onların səmimiliyinə və istəklərinin nə qədər ciddi olduğuna əmin olmaq istədi. Onlar sadəcə hamının qışqırdığı kimi fəryad da edə bilərdi. İsa Məsih onların yanından ötüb keçən kimi hər şeyi unuda bilərdilər. İsa əvvəlcə əmin olmaq istəyirdi ki, onların xahişi səmimidir və həqiqətən, şəfaya ehtiyacları var.

Axı nə qədər olmasa da, dilənçilərin öz üstünlükləri var idi: belələri işləmək və çörək qazanmaq kimi bütün öhdəliklərdən tamamilə azad idi.

Əlil olmağın da öz imtiyazları var.

Doğrudan da, elə insanlar var ki, buxovlarının qırılmasını istəmirlər. U. Yeyts əyyaş şair və alim Lionel Conson haqqında deyirdi ki, onda «bədəninin hər bir zərrəsini qışqırmağa vadar edən güclü istək» var. Amma ona bu bəladan qurtulmaq üçün müalicə kursu keçməyi məsləhət görəndə, o, belə cavab vermişdi: «Mən sağalmaq istəmirəm».

Qəlbinin dərinliyində öz acizliyinə nifrət bəsləməyən insan az deyil. Əgər dürüst olsaydılar, onlar öz günahlarından ayrılmaq istəmədiklərini deyərdilər. İsa əvvəlcə əmin olmaq istəyirdi ki, bu insanlar onlara verə biləcəyi şəfanı səmimi və ciddi şəkildə arzulayırlar.

2. Maraqlısı odur ki, İsa bu insanları Onunla təkbətək görüşməyə təşviq edirdi. Onlar İsanın evinə getməli oldular. Çünki İsa onlara küçədə cavab vermədi. Ruhani həyatın qanunu belədir ki, insan gec və ya tez İsa Məsihlə təkbətək görüşməlidir. Çoxlu adamın və ya kiçik qrupun toplandığı yerdə ruhani qüvvə ilə dolub, İsanın ardınca getməyə qərar vermək pis deyil. Amma izdiham arasında olan insan bundan sonra evə gedib təklikdə qalmalıdır. Dostlarla birlikdə olandan sonra hər bir insan yaşadığı təkliyə çəkilməlidir. Vacib olan insanın izdiham içində etdiyi deyil, İsa ilə təklikdə qalanda etdiyidir.

3. İsa həmin adamlara yalnız bir sual verdi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Möcüzə üçün iman lazımdır. Burada sirli heç nə yoxdur. Heç bir həkim ümidi olmayan xəstəni müalicə edə bilməz. Suyun ona dərman qədər fayda gətirəcəyinə inanan insanın dərmana ehtiyacı yoxdur. Möcüzəyə aparan yol — həyatımızı İsa Məsihin əlinə verib «Bilirəm ki, Sən məni olmalı olduğum şəxs edə bilərsən» deməkdir.

32-34

İKİ FƏRQLİ REAKSİYA (Matta 9:32-34)

İsaya qarşı neytral qalmağın mümkün olmadığını yalnız bir neçə açıqlama bu açıqlamadan daha yaxşı göstərir. Burada İsanın fəaliyyətinə dair iki reaksiyanın mənzərəsi canlanır. Camaatın reaksiyası təəccüb və heyrət doğurur, fariseylər isə zəhərli kin nümayiş etdirirlər. Qəlbin hiss etdiyini gözün görməsi həqiqətdir.

Camaat İsa Məsihə heyrətlə baxırdı. Çünki onlar böyük ehtiyacı olan sadə insanlar idi. Onlar görürdü ki, İsa onların ehtiyaclarını heyrətamiz şəkildə ödəyə bilər. Onların ehtiyacları nə qədər dərin idisə, İsa bir o qədər heyrətamiz və ecazkar görünürdü. Fariseylər isə İsanı şər qüvvələrlə əlbir olan bir insan kimi görürdülər. Onlar İsanın möcüzəvi qüdrətini inkar etmirdilər. Sadəcə bu möcüzələri Onun cinlərin başçıları ilə əlbir olmasında görürdülər. Fariseylərin belə qərarlarını onların ruhani aləm barədə yanlış təsəvvürə malik olmaları ilə izah etmək olar.

Onlar öz həyat və düşüncə tərzinə o qədər adət etmişdilər ki, Qanuna bir kəlmə də əlavə oluna biləcəyini ağıllarına belə gətirmirdilər. Onların fikrincə, böyük möcüzələr keçmişə aiddir və ənənəni dəyişdirmək ölümcül dərəcədə günahdır. Yeni olan hər şey onlara görə səhv idi. İsa Məsih yeni təfsirlə, yəni əsl iman yolu ilə gələndə, onlar keçmişdə peyğəmbərlərə nifrət etdikləri kimi, Ona da nifrət etdilər.

2. Onlar özlərindən o qədər razı idilər ki, tabe ola bilmədilər. Əgər İsa haqlıdırsa, deməli, onlar səhvdirlər. Fariseylər özlərindən o qədər məmnun idilər ki, dəyişməyə ehtiyac duymurdular və onları dəyişmək istəyən hər kəsə nifrət edirdilər. Tövbə — Səmavi Padşahlığın qapısıdır. Tövbə — insanın həyat tərzinin səhv olduğunu etiraf etmək, həyatın yalnız İsada olduğunu dərk etməkdir. Yalnız Ona, Onun iradəsinə və qüdrətinə təslim olmaq bizi dəyişə bilər.

3. Onlar olduqca qərəzli idilər. Onların gözləri öz fikirləri ilə o qədər kor olmuşdu ki, İsa Məsihdə Allahın həqiqətini və qüdrətini görə bilmirdilər.

Ehtiyac içində olan insan həmişə İsa Məsihdə möcüzə görəcək. Ancaq həyat tərzinə o qədər düşkün olan və dəyişmək istəməyən, qürurlu, təslim olmayan, qərəzindən görə bilməyəcək qədər kor olan insan həmişə İsa Məsihə qarşı çıxacaq, nifrət edəcək və Ondan qurtulmağa çalışacaq.

35

ÜÇQAT FƏALİYYƏT (Matta 9:35)

Burada biz bir cümlədə İsa Məsihin həyatının mahiyyətini təşkil edən üçqat fəaliyyət görürük.

1. İsa Məsih elçi idi. Elçi — padşahdan xəbər gətirən şəxsdir. İsa Allahdan xəbər gətirmişdi. Elçi həmişə gerçəkləri bəyan etməlidir. Heç bir imanlı cəmiyyət, belə demək mümkünsə, tam əmin olmayan insanlardan ibarət ola bilməz. Təkcə təbliğçi deyil, onu dinləyən insanlar da əmin olmalıdırlar. Bu gün bu əminliyə heç vaxt olmadığı kimi ehtiyacımız var. İngilis dili müəllimlərindən biri yazırdı ki, müasir dövrün faciələrindən biri bizim heç bir işarəsi olmayan yolayrıcında dayanmağımızdır.

Biz əminsizlik dövründə yaşayırıq, insanlar artıq heç nəyə əmin deyillər. İsa Məsih insanların yaşadığı müəyyən həqiqətləri bəyan etməyə gələn Allahın elçisi idi. Biz də «Kimə inandığımı bilirəm» deməyi bacarmalıyıq.

2. İsa Məsih müəllim idi. Məsihçilərin etibarlı həqiqətlərini sadəcə bəyan və təbliğ edib, bununla kifayətlənmək yetərli deyil. Biz bu həqiqətlərin və faktların gündəlik həyat üçün əhəmiyyətini də göstərməliyik. Problem ondadır ki, biz insanlara məsihçiliyi vəz etməklə deyil, onu həyat tərzimizə çevirməklə öyrədə bilərik. Məsihçi başqaları ilə məsihçiliyi müzakirə etməməlidir. O, məsihçiliyin əslində nə olduğunu əməldə göstərməlidir.

Uzun müddət Hindistanda yaşayan bir yazıçı qeyd edir: «Yadımdadır, ingilis batalyonu bayram mərasimlərində ibadətə gəlirdi. Çünki bu onların adəti idi. Onlar bəyəndikləri ilahiləri oxuyur, xoşlarına gələn təbliğçiyə qulaq asır və sonra bir həftəlik məbədi tərk edirdilər. Pakistanın Kvetta şəhərində baş verən zəlzələ zamanı onların xilasetmə işləri brahmanlardan birini (Hindistanın ən yüksək kasta nümayəndəsi) o qədər təsirləndirdi ki, o, dərhal vəftiz olunmaq istədi. Çünki yalnız məsihçi iman yolu insanları bu cür davranmağa sövq edə bilər».

Bu insan məsihçiliyin nə olduğunu bildi. O, məsihçiliyi əməldə gördü. Bizim vəzifəmiz insanlara Məsih haqqında danışmaq deyil, onlara Məsihi göstərməkdir. Mömin insan sözünün tərifi — yeni həyat üçün Məsihin onun daxilində dirilməsidir. Hər bir məsihçi müəllim olmalıdır. O, başqalarına məsihçiliyin nə olduğunu sözdə deyil, həyat tərzi ilə öyrətməlidir.

3. İsa Məsih şəfa verən idi. İsanın gətirdiyi Xoş Xəbər, yalnız sözlərlə məhdudlaşmırdı. İsanın müjdəsi əməllərdə də izhar olunurdu. Müjdələri oxusaq, görərik ki, İsa Allah haqqında danışmaqdan daha çox vaxtını xəstələrə şəfa vermək, acları doydurmaq, yas tutanlara təsəlli vermək üçün sərf edirdi. O, məsihçi həqiqətini məsihçi məhəbbətinin əməllərinə çevirmişdi. İmanımızı əməllərlə göstərməyənə qədər özümüzü əsl məsihçi hesab edə bilmərik. Yəhudi kahini iman yolunun — qurban olduğunu, ilahiyyatçı — qanun olduğunu, İsa isə məhəbbət olduğunu söyləyirdi.

36

SƏMAVİ MƏRHƏMƏT (Matta 9:36)

İzdihamı görəndə İsanın onlara rəhmi gəldi. Müqəddəs Kitabda rəhm kimi tərcümə olunan yunan sözü splaqhnisfeys, yunan dilində yazığı gəlmək mənasını ifadə edən ən təsirli sözdür. Bu söz insanın daxili mənasını verən splaqhna sözündən əmələ gəlib və insan varlığının dərinliyinə qədər toxunan mərhəmət hissini bildirir. Müjdələrdə məsəllərdən başqa, bu söz yalnız İsaya münasibətdə istifadə olunur (Matta 9:36; 14:14; 15:32; 20:34; Mark 1:41; Luka 7:13). Əgər verilən hissələrə diqqətlə nəzər salsaq, onda İsaya ən çox nəyin toxunduğunu görə bilərik.

1. İnsanların dərdi Onda rəhm hissini oyadırdı.

Xəstələrin (Matta 14:14), korların (Matta 20:34), cinə tutulmuş insanların (Mark 9:22) əzabı İsada rəhm oyadırdı. Bizim hər kədərimiz və bədbəxtliyimiz Ona toxunur. İsa iztirab çəkən insan görəndə, ilk istəyi həmin adamın ağrısını yüngülləşdirməkdir.

2. İnsanların kədəri Onda rəhm hissi oyadırdı.

Nain şəhərindən olan bir dul qadının oğlunun tabutunun arxasınca getməsi İsada rəhm oyatdı. (Luka 7:13). O, hər kəsin göz yaşlarını silmək istəyirdi.

3. İnsanların ac olması Onda rəhm hissi oyadırdı.

Yorğun və ac izdiham İsada rəhm hissi oyatdı və Onu hərəkət etməyə sövq etdi (Matta 15:22). Əsl məsihçi çox şeyə sahib olduğu halda, başqalarının kasıblığını görüb rahat yaşaya bilməz.

4. İnsanın tənha olması İsada rəhm hissi oyadırdı.

Hamı tərəfindən rədd olunmuş, qardaşlarının cəmiyyətindən qovulmuş, tənha, ölümə düçar olmuş cüzamlının görünüşü İsada rəhm oyatdı. İsa bu cüzamlının üzərində Öz qüdrətini göstərdi (Mark 1:41).

5. İnsanların yorğunluğu Onda rəhm hissi oyadırdı.

Araşdırdığımız hissədə İsanı rəhmə gətirən məhz bu idi. Sadə insanlar Allaha var-gücü ilə can atırdılar. İlahiyyatçılar və fariseylər, kahinlər və sadukeylər isə onlara heç nə təklif edə bilmirdilər. Ortodoksal müəllimlər onlara nə rəhbərlik edə bilir, nə təsəlli, nə də güc verə bilirdilər. Sadə insanların vəziyyətini təsvir etmək üçün çox yaxşı sözdən ifadə olunur. Taqətsiz kimi tərcümə olunmuş söz [Barklidə: qarışıqlıqda, çaşqınlıqda kimi qeyd olunur] yunanca — eskulmeno deməkdir. Bu, dərisi soyulmuş və doğranmış cəmdək mənasını verir. Bu söz yırtıcı və acgöz insanlar tərəfindən qarət edilmiş, yaxud sonu görünməyən səfərə çıxmış yorğun insanı göstərir. Müqəddəs Kitabda digər tərcümə olunmuş söz çarəsizdir [Barklidə: məzlum, fəqir kimi qeyd olunur]. Yunan dilində errimenodur, mənası yerə yıxılmış, məğlub olmuş deməkdir. Bu, insanın sərxoşluqdan, yaxud da ölümcül yaradan yerə sərilmək mənasını verir.

Yəhudi rəhbərlər insanlara yaşamağa güc vermək əvəzinə, onlara kömək etməyən, rahatlıq verməyən qanunun incə arqumentləri ilə yalnız onları çaşdırırdılar. Onlar insanlara dik dayanmağa kömək etməli idilər. Əvəzində isə onları ilahiyyatçıların qanununun dözülməz yükü altında əzilməyə məcbur edirdilər. Onlar insanlara dəstək deyil, maneə olan bir din təklif edirdilər. Biz unutmamalıyıq ki, məsihçilik insanları ruhdan salmamalı, cəsarət verməlidir, onları yük altında əzməməli, qanadlandırmalıdır.

37-38

BİÇİN GÖZLƏYİR (Matta 9:37-38)

Bu, İsanın indiyə qədər söylədiyi ən səciyyəvi ifadədir. İsa ilə ortodoksal yəhudilər sadə insanlara tamamilə fərqli yanaşırdılar. Fariseylər sadə insanlara odda yandırılacaq saman çöpü kimi baxırdılar. İsa isə onlara biçilib yığılmalı məhsul kimi baxırdı. Fariseylər bütün günahkarların məhv olmasını gözləyirdilər.

Bundan başqa, bu ifadə böyük məsihçi həqiqətlərindən birini və özündə ən ali çağırışı ehtiva edir. Əgər məhsulu biçənlər olmasa, o, heç vaxt yığılmayacaq. Məsihçi həyatının ən gözəl həqiqətlərindən biri budur ki, İsa Məsihin insanlara ehtiyacı var. O, yer üzərində yaşayanda Onun səsi yalnız bəzilərinə çata bilərdi. O, heç vaxt İsrail sərhədlərini tərk etməmişdi. Bütün dünya isə Onu gözləyirdi. İsa hələ də insanların Xoş Xəbər eşitməsini istəyir. Lakin başqaları insanlara bu barədə çatdırmırsa, onlar heç vaxt eşidə bilməyəcəklər. İsa istəyir ki, bütün insanlar Xoş Xəbəri eşitsinlər. Əgər dənizləri keçib, dağları aşıb insanlara Müjdəni çatdıran olmasa, onlar heç vaxt Xoş Xəbəri eşitməyəcək. Təkcə dua etmək kifayət etmir. Başqaları deyə bilər: «Mən hər gün Məsihin Padşahlığının yer üzünə gəlməsi üçün dua edəcəyəm». Amma bu və digər vəziyyətlərdə olduğu kimi hərəkətsiz dua ölüdür. Görkəmli alman islahatçısı Martin Lüterin onunla həmfikir olan rahib dostu var idi. Onlar belə bir razılığa gəlmişdilər: Martin Lüter dünyaya gedib Reformasiya uğrunda qızmar döyüşə atılacaq, dostu isə monastırda qalıb dua ilə ona dəstək olacaqdı. Günlərin bir günü o, yuxuda dünya boyda nəhəng taxıl sahəsi gördü. Yalnız bir adam məhsulu biçməyə çalışırdı. Bu, qeyri-mümkün vəzifə və ürəkparçalayan mənzərə idi. Sonra o gördü ki, məhsul biçən adam Martin Lüterdir. Onda başa düşdü ki, o, dua etməkdən başqa məhsul da biçməlidir. Beləcə o, Allahla təkliyə çəkilməyini tərk edib, biçinlə məşğul olmaq üçün dünyaya getdi.

İsanın arzusu budur ki, hər bir insan xidmətçi və biçinçi olsun. Bəziləri dua edə bilər, çünki həyat onları aciz edib. Amma onların duaları işçilərin gücüdür. Lakin əksəriyyətimiz ruhən güclü və sağlam cana malik olub başqa yol seçməliyik. Təkcə pul vermək də kifayət deyil. Əgər nə vaxtsa insanlardan ibarət məhsul yığılacaqsa, onda hər birimiz biçinçi olmalıyıq. Çünki aramızda insanları Allaha gətirəcək şəxslər həmişə var.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa iflicə şəfa verir
(Mark 2:1-12; Luka 5:17-26)
1 İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2 Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3 Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4 Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5 Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7 Xəstə qalxıb evinə getdi. 8 Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi.
Matta şagirdlərə qoşulur
(Mark 2:13-17; Luka 5:27-32)
9 İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
10 İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11 Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12 Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13 Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
Oruc barəsindəki sual
(Mark 2:18-22; Luka 5:33-39)
14 O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
16 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17 Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».
Qızın dirilməsi və qadının şəfa tapması
(Mark 5:21-43; Luka 8:40-56)
18 Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19 İsa qalxıb şagirdləri ilə onun ardınca getdi.
20 Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21 Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22 İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı.
23 İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24 və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25 Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26 Bu xəbər o torpağın hər tərəfinə yayıldı.
İki kor ilə bir lal sağaldılır
27 İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28 Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29 O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30 Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31 Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.
32 Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33 Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34 Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».
Məhsul çox, işçilər az
35 İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36 Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37 O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38 Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».