1-4
Matta bu hissədə həm metodik, həm də dramatik şəkildə öz həyat hekayəsini və İsa Məsihin fəaliyyətini göstərir. Vəftiz haqqındakı nəqldə Matta İsa Məsihin Öz tapşırığını necə qəbul etdiyini bildirir. İsa Məsihin sınağa çəkilməsi barədə hekayədə Matta Məsihin bu tapşırığı yerinə yetirmək üçün istifadə etdiyi hansı üsulu seçməsini göstərir. Dağüstü Vəzdə biz İsa Məsihin müdrik sözlərini eşidirik. 8-ci fəsildə İsa Məsihin işlərini görürük; 9-cu fəsildə İsa Məsihə qarşı artan müqaviməti görürük; indi isə İsa Məsihin Öz adamlarını necə seçdiyini müşahidə edirik.
Hansısa rəhbər böyük bir işə başlayanda ilk növbədə özünə lazım olan adamları seçir. Həmin adamlardan həm görülən iş, həm də gələcəkdə əldə olunacaq uğur asılıdır. Burada İsa Məsih yer üzünü tərk edib Öz izzətinə qayıdanda, yer üzərində Onun işini davam etdirəcək ən yaxın köməkçilərini seçir. Bu insanlarda bizi təəccübləndirən iki fakt var.
1. Bu adamlar adi insanlar idi: onlar nə varlı, nə təhsil almış, nə də cəmiyyətdə nüfuzlu mövqeyə sahib idilər. Onlar sadə xalqın arasından seçilmişdilər. Onlar sadə işlərlə məşğul olan, xüsusi nəsə etməyən, xüsusi təhsili və sosial imtiyazları olmayan insanlar idi.
Bir nəfərin dediyi kimi, İsa Məsih qeyri-adi insanlardan çox adi işi qeyri-adi şəkildə görən sadə insanları axtarır. İsa Məsih insanda təkcə onun kim olduğunu deyil, həm də onda nə yarada biləcəyini görür. İsa Məsih insanda təkcə onun kim olduğunu deyil, həm də onu necə edəcəyini görür. O, insanları təkcə kim olduqlarına görə seçmirdi, həm də Onun təsiri və qüdrəti ilə kim ola biləcəklərinə görə seçirdi.
Qoy heç kim düşünməsin ki, İsa Məsihə nəsə təklif edə bilməz. Çünki İsa Məsih sadə insanların Ona təklif etdiyini götürə və onu izzətə çevirə bilər.
2. Onlar tamamilə fərqli insanlar idi. Məsələn, həmin adamların arasında vergiyığan Matta da var idi. Hamı Mattaya satqın, qazanc üçün düşməninə özünü satan, vətənpərvərin tam əksi olan adam kimi baxırdı. Mattanın yanında Kənançı Şimon var idi. Luka onu Millətçi Şimon adlandırırdı (Luka 6:16). Bu da qeyrətli deməkdir.
Tarixçi İosif Flavi («Yəhudilərin qədimliyi» 8.1.6) həmin millətçiləri yəhudilərin dördüncü dəstəsi adlandırır; digər üç tərəf fariseylər, sadukeylər və yesseylər idi. İosif yazır ki, millətçilərin «sarsılmaz azadlıq sədaqəti» var idi. Onlar deyirdilər ki, «Allah onların hökmdarı və Rəbbi olmalıdır». Onlar vətənə görə hər cür işgəncəni qəbul etməyə və yaxınlarının azadlığı naminə apardıqları mübarizədə ölməyə hazır idilər. Onlar insanı padşah adlandırmaqdan imtina edirdilər. Onlar dönməz xarakterə sahib olub, öz ölkələrini yadelli işğalçıdan qurtarmaq üçün istənilən işgəncəyə dözməyə və gizli sui-qəsdlərə hazır idilər. Onlar yəhudilər arasında xüsusi vətənpərvər, millətçilər arasında isə əzəli millətçi idilər.
Məsələ ondadır ki, əgər Millətçi Şimon vergiyığan Matta ilə İsanın yanında deyil, başqa yerdə görüşsəydi, onu xəncərlə vurardı. Burada qarşımızda çox gözəl həqiqət canlanır: bir-birinə nifrət edən insanlar İsa Məsihi sevəndə, bir-birini sevməyi öyrənə bilər. Çox vaxt din insanları bir-birindən ayırmaq üçün vasitə olmuşdur. Halbuki belə də olmalı idi. Amma Məsihin dövründə iman yolu bir-birindən ayrı düşmüş insanları bir-birinə bağlayırdı.
İsa Məsihin nə üçün on iki xüsusi həvari seçdiyini soruşmaq olar... Səbəb çox güman ki, İsrailin on iki qəbiləsinin olmasında idi. Əhdi-Cədiddə bu insanlar haqqında az danışılır. Plümmerin dediyi kimi, «Əhdi-Cədiddə işçilər deyil, iş tərifə layiq görülür». Bizim onlar haqqında az bilməyimizə baxmayaraq, Əhdi-Cədid onların İmanlı Cəmiyyətində tutduğu böyük mövqeni yaxşı dərk edir. Çünki Vəhy kitabında Müqəddəs Şəhərin divarının on iki təməlində on iki həvarinin adı yazılıb (Vəhy 21:14). Böyük nəslə malik olmayan, fərqli inancda olan bu sadə insanlar İmanlı Cəmiyyətinin üzərində tikilən əsas daşlar idi. Məsihin Cəmiyyəti adi kişilər və qadınlar üzərində qurulub.
Əgər on iki həvarinin çağırışının üç təsvirini birləşdirsək (Matta 10:1-4; Mark 3:13-19; Luka 6:13— 16), aydın olan bəzi faktları müəyyən edəcəyik.
1. İsa Məsih onları seçdi. Luka 6:13-də deyilir ki, İsa Məsih şagirdlərini çağırıb onlardan on iki nəfəri seçdi. İsa Məsihin gözləri izdihamın arasında Onun ardınca gələn insanları axtarırdı. Sonra izdiham dağılışanda kiçik bir qrup Onun yanında qaldı. O isə bütün bu vaxt ərzində Öz işini həvalə edə biləcək adamları axtarırdı. Bir nəfərin dediyi kimi, «Allah həmişə istifadə edə biləcəyi əllər axtarır». Allah həmişə deyir: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» (Yeşaya 6:8)
Padşahlıqda çoxlu tapşırıqlar var: kimsə yola düşəcək, kimsə evdə qalmalıdır, kimsə öz əlləri ilə iş görməlidir, kimsə ağlını istifadə etməlidir, kiminsə üzərinə hamının nəzəri yönəlməlidir, kiminsə işi heç kimə görünməməlidir. İsa Məsihin gözləri həmişə izdihama yönələrək Onun işini yerinə yetirəcək insanları axtarır.
2. İsa Məsih onları çağırdı. İsa Məsih insanı Onun işini görməyə məcbur etmir, sadəcə insanı iş görməyə dəvət edir. O, heç kimi xidmətə vadar etmir. O, könüllülər axtarır. Bir adamın dediyi kimi: «İnsan inanmaqda və inanmamaqda azaddır». Amma çağırış hər bir insana verilir. O, çağırışı ya qəbul edə, ya da rədd edə bilər.
3. İsa Məsih onları təyin etdi. Müqəddəs Kitabda deyilir ki, İsa Məsih onları təyin etdi (Mark 3:14). Burada təyin etdi kimi tərcümə olunan söz yunan dilində poyeyn olub, mənası etmək deməkdir. Azərbaycan dilində olduğu kimi, bir adamı vəzifəyə təyin etmək mənasında işlənir. İsa Məsih padşah kimi Öz adamlarını nazir təyin etdi. O, Ali Baş Komandan kimi Öz komandirlərinin qarşısına döyüş tapşırığı qoydu. İnsanlar İsa Məsihin xidmətinə təsadüfən gəlməyiblər. Onlar xüsusi olaraq həmin vəzifəyə təyin ediliblər. Əgər padşah hansısa insanı bir vəzifəyə təyin edəndə qürur duyursa, görün, padşahların Padşahı tərəfindən təyin olunanda O, nə qədər qürur duymalıdır.
4. Bu adamlar şagirdlər arasından seçilmişdi. İsa Məsihə öyrənməyə hazır olan və öyrənməyi sevən insanlar lazımdır. İslaholunmaz ağıl Ona xidmət edə bilməz. Məsihin xidmətçisi hər gün yeni şeylər öyrənməyə hazır olmalıdır. O, hər gün İsa Məsihə və Allaha bir addım daha yaxınlaşmalıdır.
5. Bu insanların nəyə görə seçildiyinin səbəbini bilmək çox vacibdir. Onlar İsa Məsihlə birlikdə olmaq üçün seçilmişdilər (Mark 4:13). Onlar Məsihin işini dünyada görməli idilər. Buna görə də dünyaya getməzdən əvvəl onlar İsa Məsihin hüzurunda yaşamalı idilər. Onlar İsa Məsihin hüzurundan çıxıb insanların yanına getməli idilər.
Deyilənlərə görə, bir dəfə Aleksandr Vaytın təsirli vəzindən sonra ona belə söyləmişdilər: «Bu gün sən elə vəz edirdin ki, sanki İsa Məsihin hüzurundan çıxıb gəlmisən». Vayt da «Bəlkə mən, doğrudan da, oradan gəlmişəm» deyə cavab vermişdi.
Məsihin işini yalnız Məsihin hüzurundan gələn edə bilər. Bəzən müasir İmanlı Cəmiyyətində bizim başımız işlərlə o qədər qarışır ki, bütün bu işlər Məsihin hüzuru ilə dolmayan insanlar tərəfindən həyata keçiriləndə, onların heç bir əhəmiyyət kəsb etmədiyini unuduruq.
6. Onlar həvari adlandırılırdı (Mark 3:14; Luka 6:13). Həvari sözü hərfi mənada əvvəlcə göndərilən deməkdir; onları elçi adlandırırdılar. Məsihçi İsa Məsihin insanlara göndərdiyi elçidir. O, Məsihin hüzurundan çıxıb, özündə Rəbbin sözünü və gözəlliyini daşıyır.
7. Onlar Məsihin müjdəçisi olmağa çağırılmışdılar. Matta 10:7-də onlara müjdələmək əmri verildi. Yunan dilində bu söz keruks isimindən yaranan kerusseyindir, mənası müjdəçi deməkdir. Məsihçi — Məsihin elçisidir. Məhz buna görə də o, Məsihin hüzurunda olmalıdır: məsihçi insanlara şəxsi fikirlərini deyil, İsa Məsihdən aldığı xəbəri gətirməlidir. O, bu xəbəri əvvəlcə İsa Məsihin hüzurunda almayıbsa, gətirə bilməz.
5-8
Padşahın elçilərinə tapşırığı belə başlayır. Əmrlə göndərdi kimi tərcümə olunan paraqeleyn sözü çox maraqlı və çox mənalıdır. Yunan dilində bu söz dörd xüsusi mənaya malikdir.
1. Bu söz, adətən, hərbi əmr mənasında işlənir. İsa Məsih komandirlərini hərbi əməliyyata göndərən və onlara qabaqcadan təlimat verən Ali Baş Komandana bənzəyir.
2. Həmin sözlə, adətən, dostu köməyə çağırırlar. İsa Məsih böyük ideallara malik olan və onları həyata keçirməyə kömək etmək üçün dostlarını bir araya toplayan insana bənzəyir.
3. Həmin söz şagirdlərinə nəsihət verən və öyrədən müəllimi təsvir edir. İsa Məsih Öz təlimi və müjdəsi ilə təchiz olunmuş şagirdlərini dünyaya göndərən müəllimə bənzəyir.
4. Bu söz, adətən, imperatorun əmrini elan etmək üçün istifadə olunurdu. İsa Məsih səfirlərini və elçilərini əmrlərini yerinə yetirmək üçün dünyaya göndərən padşaha bənzəyir.
Bu hissə hər kəs üçün çətinlik yaradan bir təlimatla başlayır. İsa Məsih şagirdlərinə deyir ki, qeyri-yəhudilərin və samariyalıların şəhərinə getməyin. Əksər insanlar İsa Məsihin nə vaxtsa belə dediyinə inana bilmirlər. Belə yanaşma sanki Ona xas deyil. Belə bir fərziyə irəli sürülür ki, bu sözləri İsa Məsihin dilindən Müjdəni yalnız yəhudilər üçün saxlamaq istəyənlər uydurub. Onlar Paul Müjdəni başqa millətlərə çatdırmaq qərarına gələndə qarşı çıxanlardır. Amma bəzi şeyləri unutmaq olmaz. Bu kəlam İsa Məsihə məxsus olduğuna görə onu heç kim uydura bilməzdi. Bu sözləri Məsih Özü demişdi, ona görə də bunun hansısa izahı olmalıdır.
Biz tam əmin ola bilərik ki, bu, uzunmüddətli göstəriş deyildi. Biz Kəlamda İsa Məsihin samariyalı qadınla necə mehriban, səmimi danışdığını və Özünü ona tanıtdığını görürük (Yəhya 4:4-42); Suriya Finikiyasında doğulmuş qadının qızına necə şəfa verdiyini oxuyuruq (Matta 15:28). Həm də Mattanın özü İsa Məsihin şagirdlərinə verdiyi böyük tapşırıqdan — dünyaya gedib bütün xalqlara Xoş Xəbəri çatdırmaqdan yazır (Matta 28:19-20). Onda bunu necə izah edək?
İsa on iki həvariyə qeyri-yəhudilərin yanına getməyi qadağan etdi. Bu o deməkdir ki, onlar nə şimalda Suriyaya, nə də şərqdə, əsasən bütpərəstlərin yaşadığı Dekapolisə gedə bilərdilər. Onlar cənuba, Samariyaya da gedə bilməzdilər, çünki bu, qadağan edilmişdi. Deməli, on iki həvarinin ilk səfəri Qalileya ilə məhdudlaşırdı. Bunun da üç səbəbi var idi.
1. Allahın planında yəhudilərə xüsusi yer ayrılmışdı. Allahın ədalətinə görə, Xoş Xəbər əvvəlcə onlara çatdırılmalı idi. Onlar bunu rədd etsələr də, məqsəd — onlara müjdəni birinci qəbul etmək şansının verilməsi idi.
2. On iki həvari qeyri-yəhudilərə vəz etməyə hazır deyildi. Onlar orada doğulmamışdılar, bunun üçün lazım olan biliyə və təcrübəyə malik deyildilər. Müjdəni bütpərəstlərə effektiv şəkildə təbliğ etməzdən əvvəl Paul kimi əsli və həyat təcrübəsi olan bir insanın olması vacib idi. Əgər müjdəçi lazımi şəkildə təchiz olunmasa, onun uğur qazanması çətindir. Müdrik müəllim və vəzçi öz imkanlarının məhdudiyyətini dərk edir, yəni o, nəyi bacarıb, nəyi bacarmadığını bilir.
3. Amma bu göstərişin ən mühüm səbəbi — müdrik komandirin hədəflərinin sayını məhdudlaşdırmağı, hücumları seçilmiş bir ərazidə cəmləşdirməyi yaxşı bilməsindədir. Əgər o, gücünü ora-bura sərf etsə, zəifləyəcək və məğlub olacaq. Hücum sahəsi onun gücünə görə hesablanmalıdır. Həddindən artıq geniş cəbhədə hücuma başlamaq fəlakətlə üzləşmək deməkdir. İsa Məsih bunu yaxşı bildiyinə görə hücumunu Qalileya ilə məhdudlaşdırmaq istədi. Çünki gördüyümüz kimi, Qalileya İsrailin digər bölgələrinə nisbətən yeni Müjdəyə və yeni xəbərə daha açıq idi (Matta 4:12-17 ilə müqayisə edin). İsa Məsihin bu göstərişi müvəqqəti idi. O, gücünü azaltmaq və zəiflətməkdən imtina edən müdrik general idi. O, hücumunu ustalıqla kiçik hədəfə cəmlədi ki, tam qələbə qazana bilsin.
Padşahın elçiləri həm danışmalı, həm də hərəkət etməli idilər.
1. Onlar Padşahlığın yaxınlaşdığını elan etməli idilər. Artıq gördük ki (Mark 6:10-11 ilə müqayisə edin), Allahın Padşahlığı Göydə olduğu kimi yer də Allahın iradəsini icra edən insan cəmiyyətidir. Yer üzündə yaşamış bütün insanlardan yalnız İsa Məsih mükəmməl şəkildə Allaha itaət etdi və Onun iradəsini yerinə yetirdi. Buna görə də Allahın Padşahlığı Onun vasitəsilə gəldi. Padşahın elçiləri belə deməli idilər: «Baxın! Siz Allahın Padşahlığını xəyal edir və onun gəlişini həsrətlə gözləyirdiniz. Budur, İsa Məsihin həyatı vasitəsilə Padşahlıq gəldi. İsa Məsihə baxın, onda Padşahlığın nə demək olduğunu görəcəksiniz».
2. Lakin on iki həvarinin işi təkcə bəyan etməklə məhdudlaşmırdı. Onlar həm də hərəkət etməli idilər. Onlar xəstələrə şəfa verməli, cüzamlıları pak etməli, ölüləri diriltməli, cinləri qovmalı idilər. Bütün bu əmrləri iki cür başa düşmək lazımdır. Birincisi, fiziki mənada. Çünki İsa Məsih insanlara sağlamlıq və şəfa vermək üçün gəldi. İkincisi, ruhani mənada. Bu əmrlər İsa Məsihin insanların qəlbində yaratdığı dəyişiklikləri xarakterizə edir.
a) Şagirdlər xəstələrə şəfa verməli idilər. Müqəddəs Kitabda xəstə kimi tərcümə olunan söz çoxmənalıdır. O, yunan dilində asteneyn felinin bir hissəsidir. Əsas mənası zəif olmaq deməkdir. Məsih insanın yanına gəlib, onun iradəsini gücləndirir; gücdən düşmüş əlinə qüvvət verir; qətiyyətliliyini gücləndirir. İsa Məsih bizim insani zəifliyimizi səmavi qüvvə ilə doldurur.
b) Şagirdlər cüzamlıları pak etməli idilər. Bildiyimiz kimi, cüzamlı adam murdar sayılırdı. Levililər kitabında cüzamlı haqqında deyilir: «Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın» (Levililər 13:46). 2Padşahlar 7:3-4-də yazılıb ki, cüzamlılar yalnız dəhşətli aclıq günlərində şəhərə yaxınlaşmağa cəsarət edirdilər. Onlar ölənə qədər cüzamlılar evində insanlardan təcrid olunaraq yaşamalı idilər. Maraqlıdır ki, cüzamlıların murdarlığına hətta qədim farslar da inanırdılar. Yunan tarixçisi Herodot54 qeyd edir ki, «Fars ölkəsində bir adam cüzam xəstəliyinə tutulardısa, ona şəhərə girmək və ya digər farslarla əlaqə qurmaq qadağan edilirdi. Onlar deyirdilər ki, həmin adam günəşə qarşı günah işlətdiyinə görə xəstələnmişdir».
Beləliklə, həvarilər cüzamlıları pak etməli idilər. İnsan öz həyatını günahla murdarlaya bilər. O, günahının nəticəsinə görə öz ağlını, ürəyini, bədənini murdarlayır. Onun sözləri və hərəkətləri o qədər pis olur ki, təmasda olduğu hər kəsə məhvedici təsir göstərir. İsa Məsih özünü günahla murdar etmiş qəlbi təmizləyərək, insanlara günaha qarşı səmavi peyvənd verir. O, insanın günahını Öz qanı ilə təmizləyir.
c) Şagirdlər ölüləri diriltməli idilər. İnsan Allahın iradəsinə qarşı çıxdığına görə günaha görə ölüdür. Onun gözləri bağlıdır. O, ümidsizcəsinə günahın məngənəsində vurnuxur və Allaha qarşı kar olur. İsa Məsih insanın həyatına daxil olanda, onu yeni həyat üçün dirildir. İsa Məsih insanın daxilində xeyirxahlıq yaradır və onu günahkar həyatdan azad edir.
d) Şagirdlər cinləri qovmalı idilər. Cinə tutmuş insan şər qüvvələrin hakimiyyəti altındadır. O, nə özünü, nə də hərəkətlərini idarə edə bilir. Onu idarə edən şər qüvvələrdir. İnsan cinə tutula bilər. O, pis vərdişlərə aludə olur. Günah onu hipnoz edir. İsa Məsih təkcə günaha son qoymağa deyil, həm də günahın gücünü zəiflətməyə gəldi. İsa Məsih günahın səlahiyyəti altında olan insanlara Allahın xilasedici qüdrətini gətirdi.
8-ci ayənin ikinci yarısının şərhi üçün növbəti bölməyə baxın.
9-10
Bu hissədəki hər cümlə və ifadə onları eşidən yəhudinin ağlında əks-səda doğurmalı idi. Bu cümlələrdə İsa Məsih Öz şagirdlərinə ravvinlərin şagirdlərinə verdiyindən daha yaxşı göstərişlər verdi.
İsa Məsih deyir: «Müftə aldınız, müftə verin». Qanuna görə, ravvinlər şagirdlərinə müftə öyrətməli idilər. Musanın Allahdan müftə aldığı Qanunu öyrədərkən ravvinlərə pul götürmək qadağan idi. Yalnız bir halda ravvinlər pul ala bilərdilər, bu da uşağın öyrədilməsi idi. Çünki uşağı öyrətmək valideynlərin vəzifəsidir. Heç kimdən valideynlərin vəzifəsini yerinə yetirmək üçün öz vaxtını və əməyini sərf etməsini gözləmək olmazdı. Böyüklər pulsuz təhsil almalı idi. Mişnada deyildiyi kimi, yəhudi qanunlarına görə, öz vəzifəsini yerinə yetirməkdən ötrü haqq alan hakimin qərarının təsir gücü yoxdur. Ödəniş alan şəxsin ifadəsi də etibarsız sayılır. Ravvin Zadok deyir: «Özünü yüksəltmək üçün Qanundan tac, qazanc üçün kürək düzəltmə». Rabbi Hillel demişdir: «Kim Qanunun tacını öz məqsədləri üçün istifadə edirsə, məhv olacaq. Buradan nəticə çıxarmalısan ki, kim Qanunun sözlərindən özünə mənfəət qazanmaq istəsə, öz məhvinə səbəb olacaq». Belə qayda var idi: «Allah Musaya Qanunu müftə öyrətdiyi kimi, sən də elə et».
Ravvin Tarfon haqqında belə hekayə var. Əncir yığımının sonunda ravvin Tarfon bağı gəzişərək ağaclarda qalmış meyvələri yedi. Mühafizəçilər yanına gəlib onu döyməyə başladılar. Ravvin kim olduğunu onlara izah etdi. O, çox məşhur ravvin olduğuna görə onu buraxdılar. Çətinliyə düşəndə ravvin adından istifadə etdiyi üçün sonradan bütün həyatı boyu peşman oldu və belə dedi: «Vay mənim halıma, çünki mən Qanunun tacını şəxsi mənfəətim üçün istifadə etdim».
İsa Məsih şagirdlərinə «müftə aldınız, müftə verin» deyəndə, İsrail xalqının müəllimlərinin öz şagirdlərinə əsrlər boyu dediyi sözləri dedi. Bir insanın qiymətli bir sirri varsa, təbii ki, onu könüllü olaraq başqalarına ötürməyə borcludur, pul alana qədər onu özündə saxlamamalıdır. Allahın bizə verdiyi xəzinəni başqaları ilə bölüşmək imtiyazdır.
İsa Məsih şagirdlərinə dedi ki, qurşaqlarında özləri ilə nə qızıl, nə gümüş, nə də mis götürsünlər. Yunan dilində də eynilə belə yazılıb. Yəhudilərin bellərinə taxdıqları qurşaqlar olduqca enli idi və hər ucu müəyyən uzunluqda ikiqat düzəldilmişdi. Qurşağın ikinci qatında pul gəzdirilirdi. Buna görə də yəhudilərdə qurşaq həm kəmər, həm də pul kisəsi rolunu oynayırdı.
İsa Məsih şagirdlərinə əmr etdi ki, yola özləri ilə torba götürməsinlər. Torba sözünü iki mənada başa düşmək olar. Bu, adətən, yeməyi daşımaq üçün adi çanta və ya çuval ola bilər. Ancaq başqa bir ehtimal da var. Yunan mətnində dilənçi torbası mənasını verən pera sözü də var. Bəzən səyyar filosoflar camaatın qarşısında çıxış edəndə, pulu belə bir torbaya yığırdılar.
İsa Məsih bu göstərişləri şagirdlərin işinə bilərəkdən mane olmaq və ya onlara narahatlıq yaratmaq üçün vermədi. İsa Məsihin bu sözləri hər bir yəhudiyə yaxşı tanış idi. Talmudda deyilir: «Heç kim məbədə əsa, ayaqqabı, qurşağında pulla və ya tozlu ayaqlarla getməməlidir». Başqa sözlə, Məbədin astanasından keçən adam bütün işgüzar əlaqələri və dünya işlərini geridə qoymalıdır. İsa Məsih bu göstərişlərlə şagirdlərinə sanki belə deyir: «Sizin üçün dünya — Allahın məbədidir. Allah adamı öz gəliri naminə heç kimə iş adamı təsiri bağışlamamalıdır». İsa Məsihin göstərişi budur ki, Allah adamı maddi şeylərə göstərdiyi münasibətdə əsas marağının Allaha yönəldiyini ifadə etməlidir. Sonda İsa Məsih deyir ki, işçi öz azuqəsinə layiqdir. Bu ifadə yenə də yəhudilərə yaxşı tanış idi. Ravvinlər, həqiqətən, maaş ala bilməzdilər. Lakin ravvin, doğrudan da, Allah adamı idisə, onu maddi cəhətdən dəstəkləmək hər insanın vəzifəsi və borcu sayılırdı. Ravvin Eliezer ben Yakob deyir: «Kim ravvini öz evində qonaq kimi qəbul edərsə və onunla öz malını bölüşərsə, Müqəddəs Yazılara görə, bu onun üçün qurban kəsməyə bərabərdir». Ravvin Yohonan hesab edir ki, ravvini maddi cəhətdən təmin etmək hər bir yəhudi icmasının borcudur. Çünki ravvin Allahın işini görməkdən ötrü şəxsi işlərini kənara qoyur.
Burada iki həqiqət var: Allah adamı heç vaxt maddi şeylərlə çox məşğul olmamalıdır. İnsanlar isə həmişə Allah adamının lazımi kömək və dəstək almasına diqqət yetirməlidirlər. Bu hissə həm müəllimin, həm də xalqın üzərinə öhdəliklər qoyur.
11-15
Bu hissə Padşahın elçiləri üçün praktiki məsləhətlərlə zəngindir. Şəhərə və ya kəndə girərkən onlar layiqli ev tapmalı idilər. Məsələ burasındadır ki, əgər onlar öz əxlaqsızlığına, rəftarına və ya qardaşlarına münasibətinə görə pis tanınan bir evdə qalsaydılar, bu onların xidmətinin bəhrə verməsinə mane olardı. Onlar xidmətlərinə mane ola biləcək insanlarla əlaqə qurmamalı idilər. Bu, heç də o demək deyil ki, onlar belə insanları Məsih üçün qazanmağa çalışmamalıdırlar. Bu o deməkdir ki, Məsihin elçisi yaxın dostları seçməkdə diqqətli olmalıdır.
Hansısa bir evdə qalarkən onlar başqa şəhərə və ya kəndə getməyənə qədər orada qalmalı idilər. Bu, nəzakət addımıdır. Çünki şəhərdə bir neçə tərəfdar və ardıcıl əldə edəndən sonra, onlar daha rahat, əyləncəli və daha geniş evə köçmək istəyə bilərdilər. Məsihin elçisi heç vaxt elə təəssürat yaratmamalıdır ki, o, insanların imkanlarına görə rəğbətini axtarır və yaşayış yerini daha rahat ev tapmaq üçün dəyişir.
Bu hissədə salamlaşma qaydası sırf şərq mədəniyyətinə xasdır. Şərqdə elə hesab olunur ki, söz böyük əhəmiyyətə malikdir. Söz ağızdan çıxdısa mütləq yerinə yetirilməlidir. Bu fikrə Əhdi-Ətiqdə, xüsusilə də Allahın dediyi sözlə bağlı tez-tez rast gəlinir. Yeşaya peyğəmbər Allahın belə dediyini eşidir: «Varlığıma and içdim, ağzımdan çıxan kəlmə doğrudur, boşa çıxmaz...» (Barklidə «söz geri qayıtmayacaq» kimi şərh edilir) (Yeşaya 45:23). «Ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər» (Yeşaya 55:11). Zəkəriyyə peyğəmbər uçan tumarı görür və bir səs eşidir: «Bu bütün yer üzünə yağacaq lənətdir» (Zəkəriyyə 5:3).
Bu günə qədər şərqdə əgər bir adam görüşəndə digər insana xeyir-dua versə və sonra bu şəxsin başqa inanca sahib olduğunu bilsə, xeyir-duasını geri götürər. Burada məna ondan ibarətdir ki, Padşahın elçiləri qaldıqları evdə Allahın xeyir-duasının olması üçün xeyir-dua verə bilərlər. Əgər ev layiq deyilsə, xeyir-dua özlərinə qayıdar.
Şəhərin və ya kəndin sakinləri Padşahın elçilərinin müjdəsini qəbul etmək istəməsələr, onlar şəhəri və ya evi tərk edərək, ayaqlarının tozunu çırpıb yoluna davam etməli idilər. Yəhudilərin nəzərində bütpərəstlərin yaşadığı yer və ya yolun tozu murdar hesab olunurdu. Buna görə də bütpərəst ölkələrə səyahət edəndən sonra İsrail sərhədlərini keçərək ölkəsinə qayıdan hər yəhudi bütpərəstin yollarının tozunu ayaqlarından çırpırdı ki, zərrə qədər də murdarlıq qalmasın. Beləliklə, İsa Məsih deyir: «Əgər hansısa şəhər və ya kənddə sizi qəbul etmək istəməsələr, siz onlarla bütpərəstlər kimi davranmalısınız». Burada yenə də İsa Məsihin dediyini öz düşüncəmizə görə şərh etməməliyik. Bu hissədə fani və əbədi həqiqət mövcuddur.
1. Fani həqiqət budur: İsa Məsih demədi ki, bəzi insanlar müjdədən və lütfdən tamamilə kənarlaşdırılmalıdır. Bu göstəriş, qeyri-yəhudilərin və samariyalıların yanına getməmək barədə ilkin nəsihət kimi, konkret vəziyyətlə bağlı idi. Məsələ vaxtın az olmasında idi. Padşahlığın gəlməsi xəbərini mümkün qədər daha çox insan eşitməlidir. Mübahisə etməyi sevənlərlə mübahisə etməyə, inadkarları imana gətirməyə vaxt yox idi. Bunu sonra da etmək olardı. Şagirdlər isə ölkəni mümkün qədər tez dolanmalı idilər. Ona görə gətirdikləri xəbər insanlar tərəfindən qəbul olunmurdusa, onlar yoluna davam etməli idilər.
2. Əbədi həqiqət isə belədir: həyat və zaman dəfələrlə sübut edib ki, insan həqiqəti eşitmək fürsəti əldə edir. Sonra həmin fürsət bir də geri qayıtmır. İsraildə yaşayan bu adamlar Xoş Xəbəri eşitmək imkanı əldə etdilər. Əgər onlar onu qəbul etmək istəməsələr, ola bilsin ki, bu fürsət bir daha ələ düşməsin. Necə deyərlər, «Üç şey geri qayıtmaz: ağızdan çıxan söz, atılan ox və əldən verilən fürsət».
Həyatın faciəsi çox vaxt əldən qaçırılan məqamdır. Sonda İsa Məsih deyir ki, Qiyamət günü Sodom və Homorranın halı Məsih və Allahın Padşahlığı haqqında xəbəri eşitmək istəməyən şəhər və ya kənddən daha asan olacaq. Əhdi-Cədiddə Sodom və Homorra pisliyin rəmzidir (Matta 11:23-24; Luka 10:12-13; 17.29; Romalılara 9:29; 2Peter 2.6; Yəhuda 7). Burada bir məqamı qeyd etmək maraqlı və məqsədəuyğun olardı. Sodom və Homorra məhv edilməzdən əvvəl qonaqpərvərlik qanunlarını ciddi və əxlaqsızcasına pozmaqda təqsirkar idi (Yaradılış 19:1-11). Onlar da Allahın elçilərini qəbul etmədilər. Amma Sodom və Homorranın Məsih və Allahın Padşahlığı haqqında xəbəri rədd etmək və ya qəbul etmək imkanı yox idi. Məhz buna görə də onların aqibəti Qiyamət günündə Qalileyanın şəhər və ya kəndlərindən daha asan olacaq. Çünki imtiyaz nə qədər böyük olarsa, məsuliyyət də bir o qədər böyük olar. Bu, danılmaz həqiqətdir.
16-22
Bu hissənin təfərrüatlarına keçməzdən əvvəl iki ümumi məqamı qeyd edək.
Dağüstü Vəzi təhlil edərkən gördük ki, Matta materialın düzgün sıralanmasına böyük diqqət yetirir. Biz gördük ki, İsa Məsih müxtəlif vaxtlarda və yerlərdə vəz etsə də, Matta eyni mövzuya aid bütün materialları bir yerə toplayır. Matta materialı sistemləşdirir. Oxuduğumuz bu hissə Mattanın müxtəlif vaxtlarda material toplamasına bir nümunədir. Burada o, İsa Məsihin müxtəlif vaxtlarda təqib haqqında danışdığı hər şeyi bir yerə toplayır.
Şübhəsiz ki, İsa Məsih şagirdlərini hətta ilk dəfə dünyaya göndərəndə, onları nə gözlədiyini söyləmişdi. Eyni zamanda Matta qeyd edir ki, İsa Məsih şagirdlərinə bu dəfə qeyri-yəhudilərin və samariyalıların yanına getməmələrini əmr etdi. Buna baxmayaraq, artıq burada, İsa Məsih öncədən hökmdarlar və padşahlar qarşısında, yəni İsraildən kənarda təqib və mühakiməyə məruz qalacaqlarını söyləyir. Bu, onunla izah olunur ki, Matta İsa Məsihin təqiblə bağlı bütün göstərişlərini bir yerə toplayır, şagirdlərini dünyaya göndərməzdən əvvəl və ölülərdən diriləndən sonra bütün xalqları öyrətmək üçün onları göndərərkən söylədiklərini birləşdirir. Burada təkcə Qalileyalı İsanın deyil, həm də Dirilmiş Məsihin sözləri yazılıb.
Bundan əlavə, qeyd etmək lazımdır ki, İsa Məsih yəhudi dünyagörüşünün ayrılmaz hissəsi olan fikir və obrazlardan istifadə edir. Biz dəfələrlə görmüşük ki, yəhudilər gələcəyi təsvir edərək zamanı iki dövrə — indiki günah və pisliklə dolu zamana və gələcək Padşahlığın Qızıl dövrünə bölürlər. Bu iki dövr arasında onlar Qiyamət Gününü — dəhşətli xaos, ölüm, məhv və mühakimə vaxtının olduğunu düşünürlər. Yəhudilərin təsəvvürlərinə görə, Qiyamət Günündə dostlar və qohumlar arasında ayrılıq olacaq, ən əziz və ən yaxın münasibətlər düşmənçiliyə çevriləcək.
«Bütün dostlar bir-birinə qarşı silahlanacaqlar» (3Ezra 5:9). «O zaman dostlar düşmən kimi dostlara qarşı silahlanacaqlar» (3Ezra 6:24). «Onlar bir-birinə qarşı — cavanlar qocaya, qocalar cavanlara, kasıblar varlılara, aşağı təbəqələr böyük təbəqələrə, yoxsullar şahzadələrə qarşı vuruşacaqlar» («Yubileylər kitabı» 23:19). «Onlar bir-birinə nifrət edəcək, bir-birlərini müharibəyə təhrik edəcəklər. Alçaq adamlar dürüstlərin üzərində hökm edəcək, aşağı təbəqəli insanlar isə məşhurlardan üstün olacaq («Barukun Apokalipsisi» 70:3). «Onlar öz aralarında döyüşəcək, onların sağ əli özlərinə qarşı olacaq. Ölülər saysız-hesabsız olana qədər qardaş qardaşını, oğul ata və anasını tanımayacaq» (Xanok 56:7). «Həmin günlərdə ehtiyacı olanlar uşaqlarını tərk edəcəklər, övladları onların üzündən həlak olacaq. Bəli, onlar övladlarını, südəmər körpələrini atıb yanlarına qayıtmayacaqlar. Onlar öz sevdiklərinə rəhm etməyəcəklər» (Xanok 99:5). «O günlərdə atalar oğulları ilə bir yerdə öldürüləcək, vurulacaq, qan su yerinə axana qədər qardaşlar bir-birinin ardınca öləcək. Çünki insan öz övladlarını, günahkar isə hörmət etdiyi qardaşını öldürməmək üçün əl saxlamayacaq. Səhərdən gün batana qədər bir-birlərini öldürəcəklər» (Xanok 100:1.2). Bu sitatlar Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı dövrdə yəhudilərin yazdığı, oxuduğu, sevdiyi və ümid bəslədiyi kitablardan götürülmüşdür. İsa Məsih və şagirdləri bu kitablardan xəbərdar idi. İsa Məsih yer üzərində ən yaxın bağları qıracaq gələcək dəhşət və parçalanma haqqında danışarkən, əslində, «Rəbbin gününün gəlişindən» bəhs edirdi. Şagirdləri isə Onun nə demək istədiyini başa düşürdülər. Onlar tarixin ən möhtəşəm günlərini yaşadıqlarını dərk edərək dünyaya yollanırdılar.
Bu hissəni İsa Məsihin dürüstlüyünə dərin heyrət bəsləmədən oxumaq olmaz. O, heç vaxt insanlara Onun ardınca getdikləri halda, onları nəyin gözlədiyini söyləməkdən çəkinməzdi. O, sanki belə deyirdi: «Mənim tapşırığım belədir. Sizə dəhşətli görünsə də, onu qəbul etməyə hazırsınızmı?» Plümmer bu hissəni belə şərh edir: «Bu, dünyada tərəfdar qazanmağın tipik yolu deyil». Dünya insana bütün yollarında qızılgül, rahatlıq, tərəqqi, dünyəvi istəklərin yerinə yetirilməsini təklif edir. İsa Məsih isə şagirdlərinə məhrumiyyət, çətinlik və ölüm təklif etdi. Bununla belə, tarix İsa Məsihin haqlı olduğunu sübut etdi: insanlar ürəyinin dərinliyində Məsihin işini sevir və ən çətin vəziyyətlərdə sadiq qalırlar.
Bəlkə də İmanlı Cəmiyyəti yenidən dərk etməli olacaq ki, biz heç vaxt insanları asan yola cəlb edə bilmərik, şücaət isə insanların qəlbində əks-səda doğurur.
İsa Məsih şagirdlərinə üç növ sınaq göstərdi.
1. Cəmiyyət onları təqib edəcək; onları hökmdarlar və padşahlar qarşısında məhkəmələrə çəkəcəklər. Hələ bundan əvvəl dahi yunan filosofu Aristotel sual verirdi ki, yaxşı insan, həqiqətən, yaxşı vətəndaş ola bilərmi? Çünki o, deyirdi ki, vətəndaş həmişə dövləti dəstəkləməli, ona tabe olmalıdır. Lakin elə vaxtlar olur ki, adam bunun qeyri-mümkün olduğunu düşünür. Məsih isə şagirdlərinə deyir ki, onlar mühakiməyə aparıldıqda nə deyəcəkləri barədə narahat olmasınlar, çünki Allah onlara nə demək lazım olduğunu bildirəcək. Allah Musa peyğəmbərə vəd etmişdi: «... Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm» (Çıxış 4:12). Xeyr, ilk məsihçilər nə zillətdən, nə dəhşətli ağrıdan, nə də əzabdan qorxurdular. Onların qorxduqları yalnız bir şey idi — müdafiə vaxtı təcrübəsizliklərinə görə iman yoluna zərər yetirmək və insanları büdrətmək. Allah vəd edir ki, həmin vaxt insan lazımi sözləri tapacaq və Müqəddəs Ruh hər həqiqəti onlara bildirəcək.
2. Məbəd onları təqib edəcək: onlar sinaqoqlarda qamçılanacaqlar. Dini qurumlar nizam-intizamın pozulmasını xoşlamır. Bu səbəbdən nizam-intizamı pozanlarla özlərinə məxsus şəkildə davranırlar. Məsihçilər həmişə dünyaya çaxnaşma salırdılar, bu, indi də belədir (Həvarilərin İşləri 17:6). Çox vaxt elə olur ki, Tanrıdan xəbər gətirən insan inadkar ortodoks nifrəti və düşmənçiliyi ilə qarşılaşır.
3. Onlar ailə tərəfindən təqib olunacaq. Onların yaxınları və qohumları onları dəli hesab edib qapını üzlərinə bağlayacaqlar. Bəzən məsihçi çox çətin seçim qarşısında qalacaq — ya Məsihə, ya da qohumlarına və dostlarına itaət etməli olacaq.
İsa şagirdlərinə xəbərdarlıq etdi ki, gələcəkdə cəmiyyət, məbəd və ailələri onlara qarşı çıxa bilər.
Bu gün hakimiyyətin yeganə məqsədinin pak, ehtiramla yaşamaq və xeyirxahlıq etmək istəyən məsihçiləri təqib etmək olduğunu başa düşmək çətindir. Lakin sonradan Roma hökumətinin düşündüyünə görə, məsihçiləri təqib etmək üçün əsaslı səbəbləri var idi.
1. Məsihçilər haqqında müxtəlif böhtan xarakterli şayiələr yayılırdı. «Mənim ətimdən yeyib qanımdan içən...» (Yəhya 6:56) müqəddəs ayinin sözlərinə görə, onlara adamyeyən olduqları deyilirdi. Onları əxlaqsızlıqda günahlandırılırdılar, çünki onların hər həftə süfrəsi aqape — Sevgi şam yeməyi adlanırdı. Onları dövrün sonunun yaxınlaşması ilə bağlı təbliğ edib, insanları yoldan çıxartdıqlarına görə ittiham edirdilər. Onları imperatorun ilahiliyini inkar etdiklərinə görə imperatora və ölkəyə sədaqətsizlikdə təqsirləndirirdilər.
2. Bütpərəstlərin özlərinin də bu böhtanlara inanması ağlabatan deyildi. Məsihçiləri «ailə münasibətlərini dağıtmaqda» ittiham edirdilər. Doğrudan da, elə hallar olurdu ki, fikir ayrılıqlarına görə ailələr dağılırdı. Bütpərəstlər də hesab edirdilər ki, məsihçilik uşaqları valideynlərdən, əri arvaddan ayırır.
3. Əsl çətinlik isə İmanlı Cəmiyyətində qulların mövqeyi idi. Roma imperiyasında 60 milyon qul var idi. İmperiyada həmişə bu qulların ayağa qalxması qorxusu hökm sürürdü. İmperiyanın bütövlüyünə zərər gəlməsin deyə bu qulları öz yerlərində saxlamaq lazım idi. Onların hansısa yolla üsyana və qiyama qaldırılmasına yol vermək olmazdı. Əks halda, nəticənin necə ağır olacağını təsəvvür etmək belə çətin idi. İmanlı Cəmiyyəti, ümumiyyətlə, qulların azad olunması və ya köləliyi pisləmək üçün heç bir cəhd göstərmirdi. Amma İmanlı Cəmiyyəti daxilində onlarla bərabərhüquqlu davranırdılar.
İsgəndəriyyəli Klement iddia edirdi ki, «qullar da bizim kimidirlər» və qızıl qayda onlara da aiddir: başqalarının sizinlə necə davranmasını istəyirsinizsə, siz də onlarla elə davranın. Erkən məsihçiliyin başqa bir nümayəndəsi Laktánsius55 yazırdı: «Qullar bizim üçün qul deyillər. Biz onları imana və xidmətə görə qardaş hesab edirik». Maraqlıdır ki, İmanlı Cəmiyyətində minlərlə qul olsa da, Roma katakombalarındakı məzar daşları üzərində qul sözünə heç vaxt rast gəlinmir. Bundan əlavə, qul İmanlı Cəmiyyətində yüksək vəzifə tuta bilərdi. Məsələn, II əsrin əvvəllərində Roma yepiskopları Kallisti və Piy qul idilər. Qulların cəmiyyətin ağsaqqal və xidmətçisi olması adi hal idi.
Üstəlik, 220-ci ildə özü də qul olan Kallisti bəyan etdi ki, bundan sonra İmanlı Cəmiyyəti zadəgan qızın azad edilmiş qul ilə evlənməsinə icazə verir. Bu cür nikah Roma qanunlara əsasən qadağan idi və ümumiyyətlə, nikah sayılmırdı. Məsihçilərin qullarla münasibətinə görə Roma hakimiyyəti, şübhəsiz ki, İmanlı Cəmiyyəti sivilizasiyanın əsasını məhv edən və imperiyanın mövcudluğunu təhdid edən bir qüvvə kimi görürdü. Çünki İmanlı Cəmiyyəti qullara Roma hakimiyyətində heç vaxt əldə edə bilməyəcəkləri mövqe vermişdi.
4. Təbii ki, məsihçilik bütpərəst dininin nümayəndələrinin müəyyən mülkiyyət, hüquq və mənafelərinə ciddi təsir göstərmişdi. Məsələn, məsihçilik Efesə gələndə, bu, zərgərlərin ticarətinə böyük zərər vurdu. Çünki insanlar getdikcə onların düzəltdikləri bütləri daha az alırdılar (Həvarilərin İşləri 19:24-27). Roma yazıçısı Kiçik Plini56111-113-cü illərdə imperator Trayanın dövründə Roma əyalətinin Bitiniya сanişini idi. O, imperatora yazdığı məktubunda (Kiçik Plini: «Məktublar 10:96») bildirir ki, «insanlar yenidən viran olmuş məbədləri ziyarət etsin, uzun fasilədən sonra müqəddəs bayramlar keçirtsin, bütlər üçün qurbanlıq heyvanlar almağa tələbat artsın» deyə məsihçiliyin sürətlə yayılmasının qarşısını almaqdan ötrü addım atmağa başlayıb. Aydın görünür ki, məsihçiliyin yayılması bəzi peşə növlərinin yox olmasına gətirib çıxardı. İşini və pulunu itirənlər, təbii olaraq, məsihçiliyə mənfi münasibət bəsləyirdilər.
Məsihçilik bilərəkdən bəzi peşə sahələrini, eləcə də pul qazanma yollarını məhv etməyə çalışır. O, bu gün də bunu edir. Bu səbəbdən məsihçilik bu gün də təqibə məruz qalır.
23
Bu hissə məsihçilərin müdrik və ehtiyatlı olmasını tövsiyə edir. Güclü təqiblər dövründə məsihçiliyi yayan insan həmişə təhlükə ilə üzləşirdi. İmanlıların arasında həmişə şəhidliyi arzulayan insanlar olub. Onlar o qədər fanatizmə bağlanırdılar ki, imanları uğrunda şəhid olmaq üçün, sözün əsl mənasında, hər şey edirdilər. İsa Məsih müdrik idi: O, şagirdlərinə deyirdi ki, məsihçi öz həyatını boş və mənasız yerə təhlükəyə atmamalı, həyatını mənasız və faydasız yerə israf etməməlidir. Bir adamın dediyi kimi, Məsih üçün imanlının həyatı dəyərlidir və ona laqeyd yanaşmaz olmaz. «Qəhrəmanlıq — şəhidlik deyil». Məsihçilər tez-tez öz imanlarına görə təqib olunub öldürülürlər, lakin onlar heç vaxt imanlarına fayda verməyən şeylərə görə həyatlarını qurban verməməlidirlər. Sonralar deyildiyi kimi, insan öz imanı uğrunda qanuni yollarla mübarizə aparmalıdır.
İsa Məsih belə deyəndə, yəhudilər Onun fikirlərini yaxşı başa düşürdülər. Heç bir xalq yəhudilər qədər təqibə məruz qalmayıb. Heç bir xalq yəhudilər qədər şəhidliyin nə demək olduğunu yaxşı başa düşmür. Məşhur ravvinlərin bu məsələ barədə dəqiq, aydın təlimi var idi. Əgər söhbət Allahın adının xalq arasında müqəddəs tutulmasından və ya Allahın adına açıq şəkildə küfr edilməsindən gedirdisə, hər şey aydın idi — insan canını qurban verməyə hazır olmalı idi. Əgər belə bir hal baş vermirdisə, insan qanunu pozmaq bahasına canını qurtarmalı idi. Amma heç bir halda o, bütlərə sitayiş etməməli, zina etməməli və adam öldürməməli idi.
Ravvinlər belə bir misal çəkirdilər. Tutaq ki, Roma əsgəri yəhudini tutub, onu alçaltmaq və çıxılmaz vəziyyətə salmaq məqsədilə deyir: «Bu donuz ətini ye». Belə olan halda, yəhudi onu yeyə bilər, çünki «Allahın qanunu ölüm üçün deyil, həyat üçün verilir». Tutaq ki, romalı «Bu donuzu yəhudilikdən imtina etdiyinə şəhadət kimi ye; yaxud bu donuz ətini Yupiterə və imperatora hörmət etməyə hazır olduğunu göstərmək üçün ye» deyirsə, onda yəhudi donuz əti yeməkdənsə ölməlidir. İstənilən təqib zamanı yəhudi öz imanından dönməkdənsə, ölməyi üstün tutmalıdır. Ravvinlərin dediyi kimi: «Qanunun sözləri yalnız onlar üçün ölməyə hazır olan insanlara görə təsirlidir».
Yəhudilərə mənasız və lazımsız yerə canlarını qurban vermək qadağan edilmişdi. Lakin söhbət imana sadiq qalmaqdan gedirdisə, o ölməyə hazır olmalı idi.
İmanımız uğrunda şəhid olmağa hazır olsaq da, şəhidliyə can atmağa haqqımız yoxdur. Bunu unutmamalıyıq. Əgər biz öz vəzifəmizi yerinə yetirərkən əzablara dözməliyiksə, onları qəbul etməliyik. Amma mənasız yerə bilərəkdən özümüzü təhlükəyə atmamalıyıq. Çünki bu, imanımıza xeyirdən çox zərər verəcək. Ümumiyyətlə, həyatın bütün sahələrində özünü bu cür şəhid edən belə adamlar çoxdur.
Kimsə demişdi ki, təhlükədən qaçmaq dayanıb təhlükəni qarşılaşmaqdan daha böyük qəhrəmanlıqdır. Nə vaxt qaçmaq lazım olduğunu bilmək üçün əsl müdriklik tələb olunur. Məşhur fransız yazıçısı Andre Morua «Nə üçün Fransa süquta uğradı?» kitabında Vinston Çörçillə söhbətlərindən birini nəql edir. İkinci Dünya Müharibəsinin əvvəlində elə görünürdü ki, İngiltərə hərəkətə keçmək istəmir. Çörçil Moruaya dedi: «Siz nə vaxtsa xərçənglərin davranışını müşahidə etmisinizmi?» «Xeyr» — deyə Morua cavab verdi. Bu sual onu bir qədər çaşdırmışdı. Çörçill davam etdi: «Yaxşı, imkanınız olsa, onları müşahidə edin. Həyatlarının müəyyən bir dövründə xərçənglər qoruyucu qınlarını itirirlər. Həmin dövrdə ən cəsur xərçəng belə dənizin yarıqlarında gizlənib, yeni qın çıxana qədər gözləyir. Yeni zireh kifayət qədər möhkəmlənəndə, o, yarıqdan sürünərək çıxır və yenidən döyüşçüyə, dənizin ağasına çevrilir. İngiltərə ehtiyatsız və təkəbbürlü nazirlər üzündən qalxanını itirdi. Yenisi bərpa olunana qədər biz öz «yarıqlarımızda» gözləməliyik». Bu, hərəkətsizliyin hərəkətdən, qaçmağın hücumdan daha məntiqli olduğu bir dövrdür.
İmanı zəif olan insan şübhəli mövzularda düşünmədən mübahisələrə atılmaqdansa, çəkinsə yaxşıdır. Bəzi imtahanlara qarşı öz zəifliyini dərk edən insan həmin sınaqların ona təsir etdiyi yerlərdən uzaqlaşmalı və mümkün qədər oraya az baş çəkməlidir. İnsan onu qıcıqlandıran və hiddətləndirən cəmiyyətdən kənar gəzməlidir. Cəsarət ehtiyatsızlıq deyil. Əbəs yerə risk etməyin mənası yoxdur. Allahın lütfü ehtiyatsız olana deyil, tədbirli olanın müdafiəsinə xidmət edir.
Bu hissədə üstündən keçə bilmədiyimiz bir cümlə var.
Matta İsa Məsihin şagirdlərini necə göndərdiyini və göndərməzdən əvvəl onlara dediyini təsvir edir: «...siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək». İlk baxışdan belə görünür ki, Onun şagirdləri öz təbliğlərini bitirməmiş, Rəbbin izzət günü gələcək, O Öz səlahiyyəti və qüdrəti ilə qayıdacaq. Ancaq məsələ ondadır ki, bu, baş vermədi. Əslində, O, baş verməmiş bir şeyi qabaqcadan dedi. Bunun da ağlabatan bir izahı var idi.
Gənc İmanlı Cəmiyyətindəki məsihçilər inanırdılar ki, İsa Məsihin ikinci gəlişi tezliklə, hələ onlar sağ ikən baş verəcək. Bu, çox təbii idi, çünki onlar amansız təqiblər dövründə yaşayırdılar. Onlar qurtuluş və izzət gününü səbirsizliklə gözləyirdilər. Buna görə onlar İsa Məsihin tezliklə və zəfərlə qayıdışı barədə dediyi hər bir sözü peyğəmbərlik kimi şərh edib qəbul edirdilər. Bəzən onlar İsa Məsihin sözlərindəki əsl mənanın əvəzinə daha konkret məna axtarırdılar.
Biz bunun Əhdi-Cədidin səhifələrində baş verdiyini görürük. Orada Məsihin dediyi bir kəlamın üç versiyası var. Gəlin onları müqayisə edək.
«Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək» (Matta 16:28).
«Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək» (Mark 9:1).
«Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək» (Luka 9:27).
Aydındır ki, bunlar eyni bəyanatın üç variantıdır. Markın Müjdəsi daha erkən yazıldığına görə, çox güman ki, dəqiq olan onun versiyasıdır. Markın Müjdəsinə görə, İsa Məsihi dinləyənlərdən bəziləri «Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək». Bu, fikir təsdiqləndi. Çünki Məsihin Çarmıxa çəkilməsindən otuz il sonra Çarmıxa çəkilmiş və dirilmiş Məsih haqqındakı xəbər bütün dünyaya yayıldı, dünyanın paytaxtı olan Romaya çatdı. İnsanlar, həqiqətən, məsihçilərin axınına qoşuldu və Allahın Padşahlığı qüdrətlə gəldi.
24-25
İsa Məsih şagirdlərinə xəbərdarlıq edir ki, Onun başına gələn onların da başına gələcək. Yəhudilər «Qulun öz ağası kimi olması kifayətdir» ifadəsini yaxşı bilirdilər. Sonralar yəhudilər bu atalar sözünü xüsusi mənada işlədirdilər. 70-ci ildə Yerusəlim tamamilə dağıdıldı. Allahın Məbədi və Müqəddəs şəhər xarabalığa çevrildi, yəhudilər dünyanın hər yerinə səpələndilər. Onların çoxu öz aqibətlərindən gileylənirdilər. Onda ravvinlər dedilər: «Əgər Allahın Məbədi dağıdılıbsa, bir yəhudi bədbəxtliyindən necə şikayət edə bilər?»
İsa Məsihin bu ifadəsində iki məqama diqqət yetirmək lazımdır.
1. Bu, İsa Məsih Öz Çarmıxını daşımalı olduğu kimi, hər bir məsihçi də öz Çarmıxını daşımalıdır barədə xəbərdarlıqdır. Ev əhli kimi tərcümə olunan söz yunan dilində oykiakoy deməkdir və ev üzrə dövlət məmuru, yəni dövlət məmurunun şəxsi heyəti mənasında işlənir. İsa Məsih sanki deyir: «Əgər Mən sizin rəhbəriniz və müəlliminiz olaraq iztirab çəkirəmsə, Mənim şagirdlərim olaraq siz də iztirablardan qaça bilməzsiniz». İsa Məsih bizi təkcə Onun izzətini deyil, həm də mübarizələrini və əzablarını Onunla bölüşməyə çağırır. Kimsə qələbəni gətirən mübarizədə iştirak etməsə, qələbənin bəhrələrini dada bilməz.
2. Bu, imtiyaza işarədir. Məsihə görə əzab çəkmək Məsihin işinə şərik olmaq deməkdir. İmana görə qurban vermək — Məsihin qurbanında iştirak etməkdir. Məsihin yolu ilə getmək çətin olanda, biz deyə bilərik: «Qardaşlar, biz Məsihin getdiyi yolda gedirik». Məsihçi imanımıza görə dəyər ödəməyə gələndə, İsa Məsihin şagirdi olmağa həmişəkindən daha yaxın oluruq. Əgər biz əzab çəkərkən İsa Məsihin şagirdi olmağın nə demək olduğunu bilsək, Onun dirilmə qüdrətini də mütləq dərk edəcəyik.
26-31
Bu qısa hissədə İsa şagirdlərinə üç dəfə qorxmamağı əmr edir. Padşahın elçisi digər insanlardan cəsarət və qorxmazlığı ilə fərqlənməlidir.
1. 10:26-27-dəki ilk əmrdə ikiqat qorxmazlıqdan bəhs olunur.
a) Şagirdlər qorxmamalıdırlar. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Bu sözün mənası budur ki, həqiqət qalib gələcək. Latın atalar sözündə deyilir: «Həqiqət böyük qüvvədir. Həqiqət qalib gələcək». İngiltərə kralı I Ceyms, Endryu Melvili sürgün etməklə və ya asmaqla hədələyəndə, Melvil cavab verdi: «Siz həqiqəti sürgün edə və ya asa bilməzsiniz». Məsihçini imana görə əzab-əziyyət, qurban və hətta iman uğrunda şəhidlik gözləyirsə, o, bilməlidir ki, hər şeyin ortaya çıxacağı bir gün gələcək. Məhz o zaman təqib edənin gücünün və məsihçinin qəhrəmanlığının əsl dəyəri görünəcək. Hər biri layiq olduğu mükafatı alacaq.
b) Şagirdlər aldıqları xəbəri cəsarətlə danışmaqdan qorxmamalıdırlar. Onlar insanlara İsa Məsihin dediklərini ötürməlidirlər. 10:27-də vəzçinin əsl fəaliyyəti göstərilir.
Əvvəlcə təbliğçi dinləməlidir. O, Məsihlə təkbətək ünsiyyətdə olmalıdır ki, hətta çətin anlarda Məsih sussa belə, Onu başa düşə bilsin. Məsih onunla danışmasa, heç kim Məsihin adından danışa bilməz. Həqiqəti eşitməyən kəs həqiqəti bəyan edə bilməz. Çünki kimsə bilmədiyi şeyi danışa bilməz.
Avropada Reformasiyanın baş verdiyi o möhtəşəm günlərdə ilk humanistlərdən biri «Oksford Dərnəyinin» rəhbəri Con Kolet ən böyük ilahiyyatçılardan biri olan Rotterdamlı Erazmusu57 Oksforda Musa və ya Yeşaya peyğəmbər haqqında mühazirə oxumağa dəvət etdi. Lakin Rotterdamlı Erazmus hiss etdi ki, buna hazır deyil. O, belə cavab verdi: «Mən bunu yaşamadığım halda və hazır olmadığımı bilə-bilə, belə bir iş üçün lazımi təhsili verməyə iddia edə bilmərəm. Üstəlik, diqqət mərkəzində olmaq istəyən insanların paxıllığına dözməyə ağlımın gücü çatmaz. Bu iş yeni başlayanı deyil, təcrübəli general tələb edir. Bu vəzifəni öhdəmə götürmədiyimə görə məni nəzakətsiz hesab etmə. Öyrənmədiyimi başqalarına öyrətmək mənim üçün utancverici olar. Özüm titrədiyim halda, başqalarını necə isidə bilərəm?»
Öyrədən və təbliğ edən hər kəs əvvəlcə özü dinləyib öyrənməlidir. İkincisi, təbliğçi İsa Məsihdən eşitdiklərini söyləməlidir. Hətta onun vəzi başqalarının nifrətinə səbəb olsa da, həyatını riskə atmalı olsa da, danışmalıdır. İnsanlar həqiqəti sevmirlər. Qədim yunan kinik-filosofu Diogenusun dediyi kimi, həqiqət xəstə gözə işıq kimi təsir edir. Bir dəfə sonradan odda yandırılan ingilis islahatçı Latimerin vəzində ingilis kralı VIII Henri58 iştirak edirdi. Latimer bilirdi ki, nəsə kralın xoşuna gəlməyəcək. Buna görə də o, kafedrada öz-özünə ucadan dedi: «Latimer! Latimer! Latimer! Nə dediyinə diqqət et: Kral Henri buradadır». Bir qədər susandan sonra əlavə etdi: «Latimer! Latimer! Latimer! Nə dediyinə diqqət et. Padşahların Padşahı buradadır».
İnsanlara xəbəri olan adam birbaşa onlarla danışır. O, bunu Allahın hüzurunda söyləyir. Con Noksun dəfn mərasimindən sonra onun haqqında belə deyilirdi: «Burada insanların heç birindən qorxmayan, amma Allahdan çox qorxan bir adam yatır».
Məsihin şahidi qorxmur. Çünki o bilir ki, əbədiyyətin hökmü zamanın hökmünə üstün gələcək. Məsihçi vəzçi və müəllimi ehtiramla dinləyən və cəsarətlə danışan bir insandır. Ona görə ki, o dinləyib danışanda Allahın hüzurunda olduğunu bilir.
2. İkinci əmr 10:28-də verilir. Burada İsa Məsih deyir ki, insanların adama verə biləcəyi heç bir cəza Allaha qarşı itaətsizlikdə günahkar olan insanın son aqibəti ilə müqayisə edilə bilməz. Düzdür, insanlar bədəni öldürə bilərlər. Ancaq yalnız Allah insanı əbədi ölümə məhkum edə bilər. Ona görə də aşağıdakıları qeyd etmək lazımdır:
a) Bəzi insanlar şərti ölümsüzlük deyilən məfhuma inanırlar. Onlar inanırlar ki, comərdliyin mükafatı olaraq ruh əbədiyyətlə, Allahın bəxş etdiyi bəxtiyarlıqla qovuşana qədər daha yüksəklərə qalxır. Allahın çağırışlarına baxmayaraq, həyatını yaxşılığa doğru dəyişmək istəməyən pis adamın cəzası odur ki, onun ruhu tamamilə məhv olana qədər getdikcə aşağı düşür. Bir mətn üzərində təlim qurmaq olmaz. İsa Məsihin burada dediyi də məhz budur.
Yəhudilər Allahın cəzasının dəhşətini anlayırdılar.
Makkabilərin59 vətənpərvərlik mübarizəsi zamanı yeddi şəhid qardaş bir-birlərinə bu sözlərlə dəstək oldular: «Öldürdüyünü zənn edəndən qorxmayaq, çünki Allahın Qanununu pozanları əbədiyyətdə böyük əzab gözləyir». Unutmayaq ki, insanların verə biləcəyi cəza Allahın verdiyi cəza ilə müqayisə oluna bilməz. Allahın verdiyi mükafat da eynidir.
b) Bu hissə bizə öyrədir ki, məsihçi həyatında yəhudilərə Allah qorxusu kimi yaxşı məlum olan müqəddəs qorxu var.
Yəhudi mütəfəkkirlərinin sevginin mövcudluğunu və hər şeydən üstün olduğunu unutduğunu söyləmək olmaz. Onlar deyirdilər ki, məhəbbətlə hərəkət edənlərin mükafatı ikiqat və dördqat olacaq. Məhəbbətə görə hərəkət edin. Çünki qorxu olan yerdə məhəbbətə yer yoxdur. Məhəbbət olan yerdə isə Allah qorxusundan başqa qorxuya yer yoxdur». Yəhudilər həmişə əmin idilər ki, insan həm Allahı sevməli, həm də Ondan qorxmalıdır. «Allahdan qorx və Allahı sev. Qanunda həm qorxmaqdan, həm də sevməkdən danışılır. Həm məhəbbətlə, həm də qorxu ilə hərəkət et. Məhəbbətlə ona görə ki, sevən şəxs nifrət etməz. Qorxu ilə ona görə ki, qorxan adam başqasına əl qaldırmaz. Lakin yəhudilər Allahın müqəddəsliyini heç vaxt unutmurdular. Biz də unutmamalıyıq.
Məsihçilər üçün bu fikir daha böyük əhəmiyyət kəsb edir. Çünki bizim qorxumuz Allahın bizi cəzalandıracağına görə deyil, Onun sevən ürəyini yaralaya biləcəyimizə görədir. Allah məhəbbətdir. Eyni zamanda Allah müqəddəsdir. Çünki Rəbb Allahdır. Bizim ürəyimizdə və düşüncələrimizdə həmişə Allahın məhəbbətinə cavab verən sevgi, həm də Onun müqəddəsliyinə cavab verən ehtiram və qorxu olmalıdır.
c) Bundan əlavə, bu hissədə deyilir ki, ölümdən daha dəhşətli bir şey var — xəyanət. İnsan öz təhlükəsizliyi bahasına Allahdan üz döndərirsə, onun həyatı dözülməz olur. O, daha insanların üzünə baxa bilmir. O, daxilən əzab çəkir. Nəticədə o, Allahın önündə dayana bilmir. Belə olan halda, rahatlıq, təhlükəsizlik və hətta həyatın özü çox baha başa gəlir.
3. Üçüncü qorxmamaq əmri 10:31-də verilib. Bu əmr Allahın hər şeyin qayğısına çox yaxşı qaldığına əsaslanır. Əgər Allah kiçik quşların qayğısına qalırsa, şübhəsiz ki, O, insanların da qayğısına qalacaq.
Matta deyir ki, iki sərçə bir qara pula satılır. Lakin onlardan heç biri Allahın iradəsi olmadan yerə düşməz. Lukanın Müjdəsində İsa Məsihin bu məsəli bir qədər fərqli formada yazılıb. «Beş sərçə iki qara pula satılmırmı?» (Luka 12:6) Məsələ belədir: iki sərçə bir qara pula satılırdı. (Qara pul dinarın 1/16 hissəsinə bərabər olan kiçik bir sikkədir. Dinar isə bir fəhlənin gündəlik maaşı idi. Roma tarixçisi Tasitin yazdığına görə, dinar imperator Tiberinin, yəni İsa Məsihin dövründə bir əsgərin gündəlik maaşı idi. Lakin alıcı iki qara pul xərcləmək istəyirdisə, dörd yox, beş sərçə alırdı. Sərçənin birini əlavə verirdilər, sanki sərçənin heç bir dəyəri yox idi. Allah əlavə olaraq verilən və insanların gözündə heç bir dəyəri olmayan sərçənin belə qayğısına qalır. Hətta kəsilən sərçə də Allah üçün qiymətlidir. Amma məna daha dərindir. Yunan dilində deyilir ki, Allahın izni olmadan heç bir balaca quş yerə düşməyəcək. Belə kontekstdə yerə düşmək mənasını biz təbii ki, ölmək və ya tələf olmaq kimi başa düşürük. Çox güman, bu sözün arami dilindən yunancaya tərcüməsi yerə düşməkdir. Məsələ onda deyil ki, Allah bu balaca quşun öldüyü vaxt onun fərqinə varır. Bu o deməkdir ki, sərçə hər dəfə yerə düşəndə Allah diqqət yetirir. Beləliklə, İsa Məsih qeyd edir ki, əgər Allah balaca quşun qayğısına bu qədər qalırsa, deməli, insanların daha çox qayğısına qalacaq.
Burada yəhudilər İsa Məsihin nə demək istədiyini yaxşı başa düşürdülər. Heç bir xalqın yəhudilər qədər Allahın Öz yaradılışının qayğısına qalması barədə belə bir təsəvvürü yox idi. Ravvin Xanina deyirdi: «Allahın izni olmadan heç kim barmağını yaralaya bilməz». Ravvin Hillelin 136-ci Məzmura aid gözəl təfsiri var. Məzmur göyləri, yeri, günəşi, ayı və ulduzları yaradan Allah haqqında lirik hekayə ilə başlayır (136:1-9). Sonra İsraili Misirdən qurtaran və onlar uğrunda döyüşlərdə qalib gələn, tarixi dəyişən Tanrıdan bəhs olunur (136:11-24). Sonda deyilir ki, Allah «bəşəriyyətə ruzi verir» (136:25). Dünyanı yaradan, tarixi yönləndirən Allah — insanlara ruzi verən Allahdır. Gündəlik çörəklə təmin etmək — Allah üçün dünyanın yaradılması, yəhudilərin Misir əsarətindən xilas edilməsi zamanı göstərdiyi qüdrət kimi eynidir. Allahın insanlara olan sevgisi təkcə qüdrətində və hər şeyə qadir olmasında deyil, insanı gündəlik doydurmasında da görünür.
Padşahın elçisinin cəsarəti baş verənlərə rəğmən, Allahın məhəbbətindən uzaq düşməyəcəyinə əminliyinə əsaslanır. O bilir ki, onun həyatı Allahın əlindədir, Allah onu tərk etməyəcək və daim Öz qayğısı ilə əhatə edəcək. Əgər belədirsə, onda o, kimdən qorxmalıdır?
32-33
Burada məsihçi həyatının ikiqat sədaqəti barədə qeyd olunur. Əgər insan bu həyatda İsa Məsihə sadiq qalıbsa, Məsih də gələcək həyatda ona sadiq qalacaq. Əgər insan çox qürurlu olub İsa Məsihi öz Rəbbi kimi qəbul etməyəcəksə, Məsih də onu inkar edəcək.
Tarixin göstərdiyi kimi, əgər ilk İmanlı Cəmiyyətində ölüm və əzabla üz-üzə gələndə Rəbbə sadiq qalan kişi və qadınlar olmasaydı, bu gün heç bir Məsihçi Cəmiyyəti olmazdı. Bugünkü İmanlı Cəmiyyəti öz imanlarından möhkəm yapışan insanların sarsılmaz sədaqəti üzərində qurulub.
Bitinyadakı Roma canişini Kiçik Plini imperator Trayana60 öz vilayətində məsihçilərlə necə rəftar etdiyi barədə yazmışdı. Məxfi məlumat verənlər bəzi insanların məsihçi olduğunu bildirdilər. Plini bildirir ki, o, bu adamlara Roma tanrılarına dua etmək, imperatorun bütünə buxur yandırmaq imkanı verib. Sonra sübut kimi bu insanlardan Məsihin adını lənətləməyi onlardan tələb edib. Daha sonra əlavə edərək deyirdi: «Amma əsl məsihçiləri buna razı salmaq mümkün deyil». Hətta Roma valisi də əsl məsihçilərin sədaqətini sarsıda bilmədiyini və bu işdə aciz olduğunu etiraf etməyə məcbur olmuşdu. Ancaq insan bu gün də İsa Məsihi inkar edə bilər.
1. Biz sözlərimizlə Onu inkar edə bilərik. Dublin Universitetində tanınmış bir alim haqqında deyirdilər ki, ondan məsihçi olub-olmadığını soruşanda o, belə cavab vermişdi: «Bəli, məsihçiyəm, amma döyüşənlərdən deyiləm». O demək istəyirdi ki, məsihçilik yaşadığı cəmiyyətə və onun həyatdan zövq almasına mane olmamalıdır. İnsanlarla danışanda bəzən deyirik ki, biz imanlı cəmiyyətinin üzvləriyik, lakin buna o qədər də ciddi yanaşmırıq, başqalarından fərqlənmək istəmirik, bu dünyanın bizə bəxş etdiyi bütün ləzzətləri dadmağa hazırıq və insanların həyata baxışımızı nəzərə almasını gözləmirik.
Məsihçi heç vaxt başqalarından və dünyadan fərqlənməkdən qaça bilməz. Bizim vəzifəmiz dünyaya uyğunlaşmaq deyil, onu dəyişdirməkdir.
2. Biz susmaqla Onu inkar edə bilərik. Bir fransız yazıçısının əsərində kişinin gənc arvadını zadəgan ailəsinə təqdim etməsi barədə səhnə var. Ailə bu evliliyi bəyənməsə də, onlar «çox yaxşı tərbiyə aldıqlarına görə» fikirlərini sözlə ifadə etmirdilər. Amma sonra gənc qadın həyatı boyu bədbəxt olduğunu və «susqunluğun hədəsindən» qorxduğunu söylədi. Bu susqunluğun təhlükəsi məsihçi həyatında da yer ala bilər. Həyatda dəfələrlə Məsih haqqında danışmaq, pisliyə qarşı öz etirazımızı bildirmək, hansısa mövqe tutub kimin tərəfində olduğumuzu göstərmək imkanı yaranır. Çox vaxt belə vəziyyətlərdə susmaq danışmaqdan daha asan görünür. Lakin bu cür susmaq da Məsihi inkar etməkdir. Ola bilsin ki, sözlə deyil, qorxaqcasına susmaqla Məsihi inkar edən insan daha çoxdur.
3. Biz əməllərimizlə Onu inkar edə bilərik. İnsan elə bir həyat yaşaya bilər ki, onun həyat tərzi inancının əksi olsun. Rəbdə pak və dürüst həyat sürmək andı vermiş şəxs hər cür xırda sədaqətsizlikdə və iman yoluna zərər vurmaqda günahkar ola bilər. Çarmıxı daşımağı əmr edən Rəbbin ardınca gələn insanın həyatının mərkəzində əsas yeri öz rahatlığına verdiyi önəm tuta bilər. Bağışlayan və başqalarını bağışlamağı əmr edən Rəbbin ardınca gedən insan öz qardaşları ilə daim kobud, qəzəblə davrana və dava-dalaş yarada bilər. Gözlərini insanların uğrunda canını verən Məsihə dikən insan, məsihçi təvazökarlığına, mərhəmətinə və səxavətinə qətiyyən uyğun gəlməyən həyat sürə bilər.
34-39
Heç bir yerdə İsa Məsih buradakı kimi açıq-aydın danışmır. Burada O, məsihçiyə ən sərt və güzəştsiz tələblər qoyur. O, şagirdlərinə və davamçılarına Onun müjdəçisi olanda, onları nə gözləyəcəklərini deyir.
1. İsa Məsih mübarizə vəd edir. Bu mübarizədə çox vaxt insanın düşmənləri onun ev əhli olacaq. İsa Məsih yenə də yəhudilərin yaxşı bildiyi dildə danışır. Yəhudilər inanırdılar ki, digər şeylərlə yanaşı, Rəbbin tarixin gedişinə müdaxilə etdiyi gün — Rəbbin Günü gələndə ailələrin ayrılması baş verəcək. Ravvinlər deyirdilər: «Davud Oğlu gələndə qız öz anasına, gəlin qayınanasına qarşı çıxacaq». «Oğul atasına xor baxacaq, qız anasına, gəlin isə qayınanasına üsyan edəcək, insanın düşməni öz ev əhli olacaq». İsa Məsih sanki belə deyir: «Həmişə gözlədiyiniz son gəlib. Allahın tarixə müdaxiləsi evləri, qrupları və ailələri iki yerə ayırır».
İstənilən yaranan böyük problem həmişə insanları bir-birindən ayırmalıdır: bəziləri yaranmış problemə müsbət cavab verməli, bəziləri isə onu rədd etməlidir. İsa Məsihlə görüşmək Onu qəbul etmək və ya rədd etmək kimi qaçılmaz seçimlə üzləşmək deməkdir. Dünya həmişə Məsihi qəbul edənlərə və qəbul etməyənlərə bölünür.
2. İsa Məsih seçim təklif edir. Bəzən insan ən yaxın dünyəvi əlaqələrlə İsa Məsihə sədaqət arasında seçim etmək məcburiyyətində qalır.
İngilis puritan yazıçısı Con Bunyan belə seçimin çətinliyini öz üzərində xüsusilə hiss etmişdi. O, rəsmi kahinlik rütbəsi olmayan insanlara Kəlamı təbliğ etməyi və dini yığıncaqlar keçirməyi qadağan edən Qanunu pozduğuna görə təxminən on iki il həbs cəzası çəkmişdi. Onu ən çox narahat edən məsələ həbsinin həyat yoldaşı və uşaqlarına necə təsir edəcəyi idi. Onun dəstəyindən məhrum olan ailəsinin taleyi necə olacaqdı?
Bir daha qeyd etmək lazımdır ki, biz nadir hallarda belə dəhşətli seçimlə qarşılaşırıq. Qoy Allah Öz mərhəmətinə görə bizi belə seçimdən qorusun. Lakin bu, bir həqiqətdir ki, Allaha sədaqət bütün digər sədaqətlərdən üstündür.
3. İsa Məsih Çarmıx təklif edir. Qalileya sakinləri Çarmıxın nə olduğunu yaxşı bilirdilər. Qalileyalı Yəhudanın üsyanını yatıran Roma sərkərdəsi Var iki min yəhudinin Çarmıxa çəkilməsini, Çarmıxları isə Qalileyanın yol boyu düzülməsini əmr etmişdi. Qədim dövrlərdə cinayətkar Çarmıxı edam yerinə özü aparırdı. İsa Məsihin müraciət etdiyi insanlar Çarmıxın ağırlığı altında səndələyə-səndələyə gedən və edam olunacaq adamları görürdülər.
İmanlarına görə şəhid olan və adları fəxri siyahıya düşən insanlar nə etdiklərini yaxşı bilirdilər. Kvaker hərəkatının banisi Corc Foke məhkəmədən sonra yazırdı: «Məmurlar məni əvvəlcə divardan, sonra isə dar ağacından asacaqları ilə hədələyirdilər. Mən isə onlara dedim: «Əgər həqiqətən bunu etmək istəyirlərsə və onlara bunu etməyə icazə verilibsə, mən hazıram». Con Bunyan hakim qarşısına çıxarılanda dedi: «Cənab, Məsihin Qanunu itaətin iki yolunu göstərir: biri ağlımda nə etməli olduğumu düşündüyüm şey etməyimdir, o biri isə fiziki cəhətdən buna tabe ola bilməsəm də, onların əziyyət verdikləri qədər iztirab çəkməyə hazır olmağımdır».
Bəlkə də məsihçi şəxsi məqsədlərini, şöhrətpərəstliyini, rahatlığını və dincliyini qurban verməlidir. Bəlkə də o, xəyallarını kənara qoymalı və xəyallarının onun üçün olmadığını başa düşməlidir. Bəlkə də o, arzularını və iradəsini qurban verməli olacaq, çünki heç bir məsihçi öz istədiyini deyil, yalnız Məsihin istədiyini etməlidir. Məsihçilər həmişə Çarmıx daşımalıdır, çünki məsihçilik Çarmıx yoludur.
4. İsa Məsih macəra təklif edir. O deyir ki, öz canını qoruyan onu itirəcək, Onun uğrunda canını itirənsə onu qoruyacaq.
Bu, sözün əsl mənasında, dəfələrlə təsdiqlənib. Axı əksər insanlar öz canlarını qoruya bilərdilər, lakin canlarını qoruduqları halda onu itirərdilər. Çünki heç kim heç vaxt onlar haqqında eşitməyəcək və tarixdəki yerlərini itirəcəkdilər.
Roma stoisist-filosofu Epiktet Sokrat haqqında belə deyir: «Ölərkən o, xilas oldu, çünki ölümdən qaçmadı». Sokrat həyatını xilas edə bilərdi. Əgər o, bunu etsəydi, əsl Sokrat ölərdi. Onun haqqında heç kim heç vaxt eşitməzdi.
Con Bunyanı ictimai ibadətlərdə iştirak etməməkdə, lakin qadağan olunmuş yığıncaqları keçirməkdə ittiham edəndə, o, ciddi şəkildə düşündü: görəsən, o qaçıb təhlükəsiz yerdə gizlənməli, yoxsa düzgün hesab etdiyi şeydə möhkəm dayanmalıdır. Bütün dünyaya məlumdur ki, o öz fikrinə sadiq qaldı.
İlk növbədə rahatlığa, təhlükəsizliyə və iddialı planlarının həyata keçməsinə can atan şəxs bunlara nail ola bilər. Lakin o, xoşbəxt olmayacaq. Çünki o, bu dünyaya Allaha və qardaşlarına xidmət etmək üçün göndərilib. İnsan istəsə öz canını qoruya bilər. Belə olan halda, o, həm başqaları, həm də özü üçün dəyərli olan şeyi itirəcək və yaşamağın mənası qalmayacaq. Həqiqi xoşbəxtliyə aparan yol — başqalarına xidmət etmək, Allahın əmrlərini yerinə yetirmək üçün yaşamaqdır. Yalnız bu yolla həm burada, həm də əbədiyyətdə həyat əldə etmək olar.
40-42
Burada İsa Məsih yəhudilərin danışdığı tərzdə danışır. Yəhudilər həmişə hesab edirdilər ki, kiminsə elçisini və ya carçısını qəbul etmək — həmin şəxsin özünü qəbul etməklə eynidir. Səfirə ehtiram göstərmək onu göndərən padşaha hörmət göstərməyə bərabər idi. Dostun elçisini yaxşı qarşılamaq, dostun özünü səmimi qarşılamağa bərabər idi. Yəhudilər həmişə kiminsə nümayəndəsinə hörmət etməyi, nümayəndəsi olduğu adama hörmət göstərməklə eyni tuturdular. Bu münasibət xüsusilə müdrik adamlara və Allahın həqiqətini öyrədənlərə aid idi.
1. Biz hamımız peyğəmbər, təbliğçi və Allahın Kəlamını elan edən adam ola bilmərik. Amma kim Allahın elçisinə qonaqpərvərlik göstərirsə, həmin şəxs peyğəmbərin aldığı qədər mükafat alacaq. Dövlət qulluğunun və ictimai məsuliyyətin yükünü daşıyan adamlar üçün diqqət mərkəzində olmayan ailələrinin sevgisi, qayğısı, rəğbəti və xidməti olmasaydı, onlara həvalə edilmiş işin gərginliyinə və tələblərinə dözə bilməzdilər. Allahın nəzərində dünyanı itirən, insanın xidmətinə ehtiyac duyan və dünya üçün naməlum qalan şəxs üstündür. Hətta peyğəmbərin də haradasa səhər yeməyi yeməsinə, təmiz və ütülü paltarlar geyinməsinə ehtiyacı var idi. Evi təmiz saxlamaq, yemək bişirmək, paltar yumaq, dükana getmək, uşaqlara baxmaq kimi işlərlə tez-tez məşğul olmaq məcburiyyətində qalanlar qoy bunu darıxdırıcı və yorucu gündəlik iş kimi görməsinlər. Bu, Allahın ən böyük vəzifəsidir. Belə insanlar peyğəmbərə layiq mükafat alacaqlar.
2. Biz hamımız gözəl xeyirxahlıq nümunəsi ola bilmərik. Hamımız dünyanın gözündə saleh ola bilmərik. Amma kim comərd insanın comərd olmasına görə kömək edirsə, xeyirxah insana layiq mükafat alacaq.
3. Biz hamımız uşağı öyrədə bilmərik, amma müəyyən mənada hamımız uşağa xidmət edə bilərik. Ola bilsin ki, bizim öyrətmək üçün qabiliyyətimiz və ya biliyimiz yoxdur. Lakin uşağın onsuz yaşaya bilməyəcəyi sadə işi yerinə yetirməliyik. Bəlkə də İsa Məsih bu yerdə yaşa görə deyil, imana görə uşaqlardan bəhs edir. Bu, ravvinlərin öz şagirdlərini uşaq adlandırmasına çox bənzəyir. Həm də ola bilər ki, biz müəllim kimi öyrədə bilmirik, amma hər sadə insanın bacardığı kimi, həyatımızla və öz nümunəmizlə öyrədə bilərik. Bu hissədə Məsihin sadə və kiçik işlərin vacibliyini vurğulaması çox gözəldir.
İmanlı Cəmiyyətinin və Məsihin həmişə güclü təbliğatçılara, böyük müəllimlərə, adları yaxşı tanınan müqəddəs insanlara ehtiyacı olacaq. Lakin İmanlı Cəmiyyətinə və Məsihə həmişə evlərində qonaqpərvərlik göstərən — ev işləri görən, ürəklərində isə qayğı və Məsihin məhəbbətini gəzdirən insanlar da lazım gələcək. İngilis şairi Elizabet Brauninqin dediyi kimi, «Allahda bütün xidmətlər eynidir».