1-6
Mattanın Müjdəsinin 11-ci fəslində İsa Məsihin davamlı nitqi əksini tapıb. İnsanlarla müxtəlif mövzularda danışdıqca, biz Onun səsinin tonunun necə dəyişdiyini hiss edirik. İsa Məsihin səsindəki müxtəlif vurğulara ayrıca nəzər salmaq vacibdir.
Vəftizçi Yəhyanın xidməti faciəvi şəkildə başa çatdı. Kimdən söhbət gedirsə getsin, Yəhya həqiqəti bəzəyib-düzəmədən deməyə öyrəşmişdi. O, pisliyə göz yuma bilmirdi. O, cəsarətlə danışır və sözünü açıq deyirdi, bu da onun həyatını təhlükəyə atırdı. Günlərin bir günü Qalileyanın hökmdarı Hirod Antipa Romada qardaşını ziyarət edir. Həmin səfər zamanı o, qardaşının arvadını yoldan çıxarır. Evə qayıdanda o, birinci arvadını boşayıb, qardaşının arvadı ilə evlənir. Vəftizçi Yəhya buna görə Hirodu camaatın qarşısında açıq şəkildə qınayır. Şərq zalımını qınamaq təhlükəli idi. Hirod ondan qisas alır: Yəhya Ölü dəniz yaxınlığında dağlardakı Maxeron qalasının zindanına atılır. Çoxları üçün bu, dəhşətli olardı. Vəftizçi Yəhya üçün isə bu, ikiqat dəhşətli idi. O, səhrada böyüyüb boya-başa çatmışdı. Həyatı boyu açıq səhrada yaşamış, təravətli külək üzünü sığallamışdı. Səma onun başının üstündə sanki dam idi. İndi isə o, yeraltı kamerada, dörd divar arasında zəncirlənmişdi. Heç vaxt evdə yaşamayan Yəhya kimisi üçün bu, həm fiziki, həm də ruhani işgəncə idi. Yəhya məhz belə şəraitə düşmüşdü. Buna görə onda Məsihlə bağlı sual yarananda, nə təəccüblənmək, nə də onu tənqid etmək olardı. Axı o, əvvəlcədən əmin idi ki, İsa Məsih gəlməli olan Şəxsdir. Bunlar yəhudilərin səbirsizliklə gözlədikləri və Məsihə xas əlamətlər idi (Mark 11:9; Luka 13:35; 19:38; İbranilərə 10:37; Zəbur 118:26). Ölən adamın şübhəsi olmamalıdır, əksinə, əmin olmalıdır. Buna görə də Yəhya şagirdlərini İsa Məsihin yanına göndərib soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» Bu sualın arxasında fərqli yanaşmalar gizlənə bilər.
1. Bəziləri düşünür ki, Yəhya bu sualı özünə görə deyil, şagirdlərinə görə soruşub. Ola bilsin ki, Yəhya zindanda şagirdləri ilə danışanda, onlar gəlməli olan Şəxsin İsa Məsih olub-olmadığını soruşmuşdular. Yəhya də onlara belə cavab vermişdi: «Əgər sizin hansısa bir şübhəniz varsa, gedin və İsa Məsihin nə etdiyinə baxın, onda şübhəniz qalmayacaq». Əgər belə idisə, onda cavab doğru idi. Kimsə bizimlə İsa Məsih barədə mübahisə edəndə və Onun qüdrətinə şübhə ilə yanaşanda, çoxlu dəlillər gətirməkdənsə, yaxşı olar ki, belə deyək: «Həyatını Ona ver və Onun nə edəcəyini gör». Məsihin lehinə ən yaxşı dəlil əqli əsaslandırma deyil, Onun dəyişən gücünü öz üzərində hiss etməkdir.
2. Bəlkə də Yəhyanın sualı səbirsizlikdən irəli gəlirdi. Yəhyanın özü Qiyamət gününün və Səmavi Padşahlığın gəlişini elan etmişdi (Matta 3:7-12). Artıq balta ağacların dibində yatır; xırmanı sovurma və xəlbirləmə prosesi başlayıb; Allahın təmizləyən alovu artıq şölələnib. Bəlkə Yəhya düşünürdü: «Görəsən, Məsih nə vaxt fəaliyyətə başlayacaq? Nə vaxt O, düşmənlərini məhv edəcək? Allahın müqəddəs məhv günü nə vaxt gələcək?» Ola bilsin ki, Yəhya İsa Məsih barəsində səbirsiz idi. Çünki onun Məsihdən gözləntisi tamamilə fərqli idi. Dəhşətli qəzəb gözləyən insan həmişə İsa Məsihdə məyus olacaq, sevgi axtaran adamın isə ümidləri heç vaxt puça çıxmayacaq.
3. Bəziləri hesab edirdilər ki, bu sual Yəhyanın imanının və ümidinin oyanmasının göstəricisidir. O, vəftiz zamanı İsa Məsihi gördü. Yəhya həbsxanada Məsih haqqında getdikcə daha çox düşünürdü. Nə qədər çox düşünürdüsə, bir o qədər əmin olurdu ki, İsa Məsih gəlməli olan Şəxsdir. Budur, o, bütün ümidini verdiyi suala cəmləşdirdi. Bəlkə də bu, heç də ümidsiz və səbirsiz adamın deyil, qəlbində ümid yaranan insanın sualı idi. O, sadəcə bu ümidinin təsdiqlənməsini istəyirdi.
İsa Məsihin cavabında Vəftizçi Yəhya əminlik tonu eşidir. İsa Məsih Yəhyanın şagirdlərinə belə cavab vermişdi: «Gedin və eşitdiyinizi, gördüklərinizi Yəhyaya danışın; Mənim gördüyüm işləri ona deyin. Mənim nəyə iddia etdiyimi yox, baş verənləri ona danışın». İsa Məsih bununla demək istəyirdi ki, Ona qarşı ən ciddi sınaq — gözlə görünən işlərin sınağı tətbiq edilsin. Yalnız İsa Məsih sözlərinə görə deyil, əməllərinə görə mühakimə olunmasını tələb edə bilərdi. İsa Məsihin tələbi bu gün də eyni qalır. O, «Sizə nə deyəcəklərimə qulaq asın» sözündən daha çox, «Sizin üçün nə edəcəyimə, başqaları üçün nə etdiyimə baxın» deyir.
İsa Məsih Qalileyada etdiyini bu gün də edir. İsa Məsihdə özlərinə, qardaşlarına, eləcə də Allaha qarşı həqiqətə kor olanların gözləri açılır. Onlar doğru yolda qalmaq üçün Məsihə üz tutub güc alırlar. Günah xəstəliyindən murdar olanlar Məsih vasitəsilə təmizlənir. Vicdanının və Allahın səsinə kar olanların qulaqları Onun sayəsində açılır. Günaha görə ölü və aciz olanlar yeni və gözəl həyat üçün Onda dirilir. Yoxsulların yoxsulu Onda Allah sevgisini miras alır.
Sonda xəbərdarlıq olunur: «Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» Bu sözlər Yəhyaya ünvanlanmışdı. İsa Məsih bu sözləri ona görə dedi ki, Yəhya həqiqətin yalnız bir hissəsini dərk etmişdi. Yəhya İlahi müqəddəslik və İlahi cəza haqqında vəz edirdi. İsa Məsih isə Allahın müqəddəsliyinin Müjdəsini və məhəbbətini təbliğ edirdi. İsa Məsih sanki Yəhyaya deyir: «Bəlkə Mən sənin Məndən gözlədiyini etmirəm. Lakin şər qüvvələrə qarşısıalınmaz güclə deyil, fədakar məhəbbətlə qalib gəlmək olar». Bəzən insan İsa Məsihdə büdrəyir, çünki Məsih onun gözləntisinə zidd hərəkət edir.
7-11
İsa Məsih yalnız bir neçə adam haqqında Vəftizçi Yəhya barədə danışdığı kimi ehtiramla danışırdı. O, Yəhyanın yanına dəstə-dəstə axın edən insanlardan səhrada nə görməyə getdiklərini soruşmağa başladı.
1. Onlar küləyin yellədiyi qamışamı baxmağa getmişdilər? Bu, iki şeyi ifadə edə bilər.
a) İordan çayının sahillərində qamışlar bitirdi və küləyin yellədiyi qamış ifadəsi məsələ çevrilmişdi. Mənası adi bir şey demək idi. Bəlkə camaat İordan çayının sahilindəki qamışlar kimi adi bir şeyə baxmağa getmişdilər?
b) Çayın sahilindəki qamış külək əsəndə dik dura bilmədiyi kimi, yellənən qamış zəif, tərəddüd edən, təhlükəyə tab gətirə bilməyən insan kimidir. Camaatı dəstə-dəstə səhraya sürükləyən hər nə olsa da, onlar oraya adi bir insanı görməyə getməmişdilər. Onların kütləvi şəkildə oraya axın etməsi Yəhyanın qeyri-adi olduğunu göstərir. Çünki heç kim adi bir insana baxmaq üçün o biri küçəyə getməz, qaldı ki səhraya. Hər kimə baxmağa getmişdilərsə, zəif və tərəddüd edən adama baxmağa getməmişdilər.
Güzəştə gedən, üzüyola insan həqiqət uğrunda şəhid olaraq ömrünü həbsxanada bitirmir. Vəftizçi Yəhya küləyin ora-bura əsdirdiyi qamış deyildi.
2. Bəlkə izdiham oraya nəfis toxunuşlu paltar geyinmiş bir adama baxmağa getmişdi? Amma nəfis toxunuşlu paltar geyənlər padşahların saraylarında yaşayırdılar. Yəhya saray adamı deyildi. O, saray adətlərini və padşahlara yaltaqlanmağı bacarmırdı. O, padşahlara cəsarətlə həqiqəti danışırdı. Yəhya Hirodun əyanı deyil, Allahın göndərdiyi elçi idi.
3. Bəlkə onlar bir peyğəmbərə baxmağa getmişdilər? Peyğəmbər Allahın həqiqətinin müjdəçisidir. Peyğəmbər Allahın etibar etdiyi şəxsdir. «Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir» (Amos 3:7). Peyğəmbər — Allahdan gələn xəbəri cəsarətlə çatdıran şəxsdir. Peyğəmbər — ürəyində Allahın hikmətinə, həqiqət və cəsarətinə malik olan insandır. Vəftizçi Yəhya da məhz belə idi.
4. Lakin Yəhya peyğəmbərdən üstün biri idi. Yəhudilər bu gün də inanırlar ki, Məsihin gəlişindən əvvəl İlyas peyğəmbər gəlib, Onun gəlişini bəyan edəcək. Bu günə qədər yəhudilər Pasxa bayramını qeyd edəndə, İlyas peyğəmbər üçün masa arxasında boş yer qoyurlar. «Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm» (Malaki 4:5). İsa Məsih qeyd edir ki, Yəhya Məsihin gəlişini elan etmək vəzifəsinə və imtiyazına malik olan Allahın elçisidir. İnsan üçün bundan böyük vəzifə ola bilməz.
5. İsa Məsih Yəhyanı yüksək qiymətləndirdi və onun haqqında danışaraq dedi ki, «qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olanı meydana çıxmayıb». Sonra isə heyrətamiz söz əlavə etdi: «Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür». Burada ümumi həqiqət var: İsa Məsihlə dünyaya tamamilə yeni bir şey gəldi. Peyğəmbərlər böyük insanlar idi; onların çatdırdığı xəbərlər də dəyərli idi. İsa Məsih vasitəsilə daha böyük və daha gözəl xəbər gəldi. Özü yəhudi olan, lakin məsihçi olmayan K.J.Montefiore yazır: «Məsihçilik din tarixində və bəşər sivilizasiyasında yeni dövrü təmsil edir. Dünyanın İsa Məsihə və Paula olan borcu ölçüyəgəlməzdir. Bu iki insanın böyüklüyü dünyanın düşüncə tərzini və hadisələrini dəyişib». Hətta heç bir təzyiqə məruz qalmadan məsihçi olmayan insan da razılaşır ki, Məsih gələndən sonra dünyada hər şey Məsihdən əvvəlki vaxtla müqayisədə çox dəyişib.
Bəs Yəhyanın nəyi çatmırdı? Yəhyada hər bir məsihçinin malik olduğu nə yox idi? Cavab sadə və tutarlıdır: Yəhya heç vaxt İsa Məsihin Çarmıxa çəkilməsini görməmişdi. Buna görə də Yəhya Allahın məhəbbətinin tam vəhyini dərk etməmişdi. O, Allahın müqəddəsliyini anlaya, Allahın ədalətini və hökmünü izah edə bilərdi, ancaq Allahın məhəbbətinin dolğunluğunu dərk edə bilməzdi. Bunun üçün Vəftizçi Yəhyanın və İsa Məsihin Müjdəsini dinləmək kifayətdir. Heç kim Yəhyanın xəbərini Xoş Xəbər adlandıra bilməz. Mahiyyət etibarilə Yəhyanın vəzi ölüm və cəza haqqında idi. İsa Məsihin gəlişi və Çarmıxdakı ölümü ona görə lazım idi ki, insanlar Allahın məhəbbətinin dərinliyini, genişliyini və sonsuzluğunu görə bilsinlər. Təəccüblüsü də budur ki, təvazökar məsihçi Allah haqqında Əhdi-Ətiq peyğəmbərlərinin ən böyüyündən daha çox şey bilir. Yalnız Məsihin Çarmıxdakı ölümü Allahı insanlara tam şəkildə aşkar edir. Həqiqətən də, Səmavi Padşahlıqda ən kiçik olan Məsihə qədər yaşayan bütün insanlardan böyükdür.
Beləliklə, Vəftizçi Yəhyanın üzərində bəzi insanlara aid olan bir məsuliyyət var idi: o, insanlara özünün görmədiyi Allahın əzəmətini göstərməli idi.
Bəzi insanlar Allahın işarəsi olmaq üçün təyin edilir. Onlar özünün görmədiyi, başqalarının daxil olacağı yeni ideala, yeni əzəmətə aparan yolu göstərirlər. Nadir hallarda olur ki, böyük islahatçı sonradan onun adı ilə bağlı olan yeni islahat üzərində birinci işləməyə başlayır. Ondan öndə gedənlərin çoxu bu şöhrəti ancaq gələcəkdə görüb, onun üçün çalışıb, bəzən də onun üçün ölüb. Bir nəfər danışırdı ki, hər axşam fənərləri yandıran bir adam görürdü, bu adamın özü isə kor idi. Başqaları üçün işıq yandıran həmin insan özü heç vaxt işığı görməyib. Qoy İmanlı Cəmiyyətində, həyatın digər sahələrində nəyəsə can atan, nə üçünsə çalışan, amma günün sonuna qədər işini bitirməyən kimsə məyus olmasın. Vəftizçi Yəhya Allaha lazım idi. Allahın insanlara yol göstərən, hətta özləri bu yolda məqsədlərinə çata bilməyən göstərici işarələrə ehtiyacı var.
12-15
11:12-də çox çətin bir ifadə var: «Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir». Lukada bu ifadə başqa formada verilir (Luka 16:16): «Qanun və Peyğəmbərlər Yəhyanın gəlişinə qədər idi. O vaxtdan bəri Allahın Padşahlığının Müjdəsi yayılır və hər kəs oraya zorla girməyə çalışır». Aydın görünür ki, İsa Məsih çəkdiyi məsəldə zorakılıq və Padşahlığın bir-biri ilə əlaqəli olduğunu deyir. Yəqin, ifadə o qədər mürəkkəb və çətin idi ki, o zaman onu heç kim tam başa düşə bilmirdi. Luka deyir ki, böyük səy göstərən hər kəs Padşahlığa daxil olur; Səmavi Padşahlığa heç kəsi axın aparmır; Səmavi Padşahlığın qapısı yalnız o kəslərə açılır ki, onlar yüksək nailiyyətlərə can atanlar qədər səy göstərirlər. Matta deyir ki, Vəftizçi Yəhyanın günlərindən indiyədək Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Bu ifadənin forması onun çox uzaq keçmişə aid olduğunu göstərir. Bu, İsa Məsihin ifadəsindən daha çox Mattanın şərhinə bənzəyir. Matta sanki deyir: «Həbsxanaya atılan Yəhyanın dövründən bizim dövrümüzə qədər Allahın Padşahlığı zorakılıq və zalım insanların əli ilə təqiblərə məruz qalıb».
Bəlkə də biz Mattanın və Lukanın fikirlərini birləşdirsək, bu çətin ifadənin düzgün anlayışına nail ola bilərik. İsa Məsihin dedikləri, əslində, belə görünə bilər: «Mənim Padşahlığım həmişə zorakılıqdan əziyyət çəkəcək. Onu məhv etməyə çalışan vəhşi insanlar həmişə olacaq. Buna görə də yalnız zorakı təqiblərdə sadiq qalan, həqiqətən, ciddi insanlar Allahın Padşahlığını görəcəklər». İsa Məsihin bu ifadəsi həm qarşıdan gələn zorakılıq barədə xəbərdarlıq, həm də bu zorakılıqdan daha güclü olan sədaqət göstərməyə çağırış idi.
11:13-də qanunun peyğəmbərlik etdiyini, gələcəkdən xəbər verdiyini görmək qəribədir. Lakin qanunun özü əminliklə bəyan edir ki, peyğəmbərlik səsi ölməyəcək. «Allahınız Rəbb sizin üçün aranızdan — öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın». «Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O, əmr etdiyim hər şeyi sizə söyləyəcək» (Qanunun təkrarı 18:15-18). Göründüyü kimi, ortodoksal yəhudilər İsa Məsihə nifrət edirdilər. Əgər onların görən gözləri olsaydı, peyğəmbərlərin də Ona işarə etdiyini görərdilər.
İsa Məsih bir daha insanlara deyir ki, əgər onlar bu həqiqəti qəbul etməyə hazırdırlarsa, Yəhya — onların çoxdan gözlədikləri gəlməli olan elçi və yol hazırlayandır. Bu son ifadədə insanlığın bütün faciəsi əksini tapıb. Qədim bir məsəldə deyildiyi kimi, atı su içməyə aparmaq olar, amma onu su içməyə məcbur etmək olmaz. Allah Öz elçisini göndərə bilər, amma insanlar onu rədd edə bilərlər. Allah Öz həqiqətini aşkar edə bilər, lakin insanlar onu görməkdən imtina edə bilərlər. Allahın vəhyi ona cavab vermək istəməyən insanlar üçün təsirsizdir. Məhz buna görə İsa Məsih sözünü belə yekunlaşdırır: qulağı olan eşitsin!
16-19
İsa Məsihi insan təbiətinin pozğunluğu kədərləndirirdi. İnsanlar Ona şəhər meydanlarında oynayan uşaqlar kimi görünürdü.
Vəftizçi Yəhya gəlib səhrada yaşayanda, oruc tutub yeməyəndə, insanlar onun haqqında dedilər: «O özünü insan cəmiyyətindən və insan sevincindən məhrum edən ağılsızdır». Sonra İsa Məsih gəlib müxtəlif təbəqədən olan insanlarla ünsiyyət quranda, onların kədərinə və sevincinə şərik olanda, Onun haqqında dedilər: «O, daim xalq arasındadır, yeyib-içməyi sevir. Heç bir ləyaqətli adamın dostluq etmədiyi adamlarla dostluq edir». Onlar Yəhyanın tərki-dünyalılığını dəlilik, İsanın ünsiyyətcilliyini isə əxlaqsızlıq adlandırırdılar. Onların hər ikisində nöqsan tapırdılar.
Məsələ burasındadır ki, insanlar həqiqəti eşitmək istəməyəndə, ona qulaq asmamaq üçün həmişə bir bəhanə tapırlar. Onlar hətta öz tənqidlərində nizamlı deyillər. İnsanlar cavab vermək istəməyəndə, onlara edilən hər hansı təklifə reaksiya vermirlər. Yetkin kişilər və qadınlar onlara hansı oyunun təklif olunmasından asılı olmayaraq, oynamaqdan imtina edən ərköyün uşaqlara bənzəyirlər. İndi isə İsa Məsihin bu hissədəki son sözünə baxaq: «Amma hikmət öz əməlləri ilə təsdiq olunur». Son hökm davakar və inadkar tənqidçilər tərəfindən deyil, əməllərlə müəyyən olunur. Yəhudilər Yəhyanı tərki-dünya olduğuna görə tənqid edə bilərdilər, lakin Yəhya əsrlər boyu heç kimin etmədiyini edərək, xalqın ürəyini Allaha yönəltdi. Yəhudilər İsa Məsihi sadə insanlarla sıx münasibətinə görə tənqid edə bilərdilər. Amma insanlar Onda yeni həyat, yeni fəzilət və yaşamalı olduqları kimi yaşamaq üçün yeni güc, eləcə də Allahda yeni çıxış yolu tapdılar.
Yaxşı olardı ki, biz insanları və imanlı cəmiyyətini öz baxışlarımıza görə mühakimə etməyi dayandıraq. Bunun əvəzinə, üsulları bizimkindən fərqli olsa da, adamları Allaha yaxınlaşdıra bilən hər kəsə və hər bir imanlı cəmiyyətinə minnətdarlıq edək.
20-24
Yəhya Müjdəsinin sonunda qeyd edir ki, İsa Məsihin həyatı haqqında tam məlumat yazmaq, ümumiyyətlə, mümkün deyil: «İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı» (Yəhya 21:25). Mattanın Müjdəsindən olan hissə də buna sübutdur. Çox güman, Korazin Kefernahumun şimalında yerləşən şəhərdir. Şəhərlərarası məsafə bir saatlıq yol idi. Bet-Sayda İordaniyanın qərb sahilində, İordan çayının Tiberiya gölünə şimal tərəfdən qovuşan balıqçı kəndidir. Görünür, bu şəhərlərdə heyrətamiz hadisələr baş verib, biz isə onlar haqqında heç nə bilmirik. Müjdələrdə İsa Məsihin bu şəhərlərdə nə etdiyi və orada hansı möcüzələr göstərdiyi barədə heç bir məlumat yoxdur. Halbuki onlar İsa Məsihin böyük işlərinə aid edilməli idi. Bu hissə bizə İsa Məsih haqqında nə qədər az bildiyimizi, Müjdələrdə İsa Məsihin əməllərinin toplusunun ən qısa variantda təqdim olunduğunu göstərir. İsa Məsih haqqında bilmədiklərimiz bildiklərimizdən qat-qat çoxdur.
Məsih bu sözləri deyəndə Onun səsindəki tonu müəyyən etmək vacibdir. Müqəddəs Kitabda deyilir: «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda!» Yunan mətnində «vay» kimi tərcümə olunan söz omamdır. Bu da ən azı qəzəb qədər kədərli peşmanlığı ifadə edir. Bu, ləyaqətinə toxunulan insanın əsəbi tonu deyil. Bu, təhqir olunduğuna görə qəzəblənən adamın tonu da deyil. Bu, insanlar üçün ən dəyərli şeyləri fəda edən və buna əhəmiyyət verilmədiyini görən insanın ağrısı və kədəridir. İsa Məsihin günahı ifşa etməsi incidilmiş qürurundan deyil, sınmış qəlbindən gələn müqəddəs qəzəbidir.
Beləliklə, Sur və Sidon, Sodom və Homorranın günahlarından daha pis olan Korazinin, Bet-Saydanın, Kefernahumun günahı nədir? Yəqin ki, bu şəhərlərin işlətdiyi günahlar çox ciddi günahlar idi. Çünki bu şəhərlərin adları pozğunluğuna görə dəfələrlə sadalanır (Yeşaya 23; Yeremya 25:22; 47:4; Yezekel 26:3-7; 28:12-22). Sodom və Homorra isə bu gün də qanunsuzluğun nəticələrinin xəbərdarlıq nümunəsi olaraq qalır.
1. Bu, imtiyaza malik olmağın məsuliyyətli olduğunu unutmuş xalqın günahıdır. Qalileya şəhərlərinə nə Sur, nə Sidon, nə Sodom, nə də Homorranın heç vaxt sahib olmadığı bir imtiyaz verilmişdi. Çünki Qalileyanın şəhərləri İsa Məsihi öz gözləri ilə görüb eşitmişdi. Yaxşı bir şey öyrənmək imkanı olmayan insanı heç vaxt mühakimə etmək olmaz. Lakin insan nəyin doğru, nəyin yanlış olduğunu bilib, pis davranarsa, o, mühakimə olunacaq. Biz böyükləri mühakimə etdiyimiz şeylərə görə uşağı mühakimə edə bilmərik. Biz çətin şəraitdə böyüyən adamdan hər cür rahatlıq və kifayət qədər yaxşı bir evdə böyüyən insan kimi yaşamasını gözləyə bilmərik. Bizə nə qədər böyük imtiyazlar verilibsə, bu imtiyazlarla bağlı məsuliyyət və öhdəlikləri öz üzərimizə götürməsək, bir o qədər mühakimə ilə üzləşəcəyik.
2. Bu, biganəlik günahıdır. Bu şəhərlər İsa Məsihə hücum etmədilər, Onu şəhər darvazalarından qovmadılar, Onu Çarmıxa çəkməyə cəhd etmədilər, onlar sadəcə Ona məhəl qoymadılar. Laqeydlik də təqib qədər öldürücü ola bilər. Məsələn, bir adam kitab yazır və onu resenziyadan61 keçirməyə göndərir. Bəzi rəyçilər onu tərifləyir, digərləri isə qınayır və pisləyir. Burada vacib olan ona diqqət yetirilməsidir. Amma kitab təriflənməsə, ya da tənqid edilməsə, tamamilə məhv olacaq.
Bir rəssam Londonun məşhur körpülərindən birində Məsihin şəklini çəkib. Şəkildə İsa Məsih izdihamı çağırmaq üçün əllərini uzadır, onlar isə əhəmiyyət vermədən ötüb keçirlər. Yalnız bir tibb bacısı Ona diqqət yetirir. Nümunə üçün inkişaf etmiş ölkələrin indiki vəziyyətini götürək: onların məsihçiliyə qarşı nə düşmənçiliyi, nə də onu məhv etmək istəyi var. Onlar sadəcə laqeyddirlər. Məsih heç bir əhəmiyyət kəsb etməyənlərlə bir tutulur. Biganəlik — ən ciddi günahdır, çünki o öldürür. Biganəlik inancı ölənə kimi yandırmır, ölənə kimi dondurur. O onun başını üzmür, ondakı həyatı yavaş-yavaş məhv edir.
3. Beləcə biz dəhşətli həqiqətlə üz-üzəyik: heç nə etməmək də — günahdır. Əməllərin törətdiyi günahlar var, eyni zamanda hərəkətsizlik və əməlsiz də günahlar mövcuddur. Korazinin, Bet-Saydanın və Kefernahumun günahı heç nə etməmələri idi. Əksər insanlar «Axı mən heç nə etməmişəm!» deyərək özünü müdafiə edirlər. Belə bir müdafiə, əslində, mühakimə oluna bilər.
25-27
Burada İsa Məsih Öz təcrübəsinə əsasən ravvin və müdrik adamların Onu rədd etməsindən, sadə insanların isə Onu qəbul etməsindən danışır. Ziyalılar Ona xor baxırdılar, adi insanlar isə Onu alqışlayırdılar. İsa Məsihin burada nə demək istədiyinə diqqətlə baxmalıyıq. O, burada ağlın gücünü deyil, intellektual qüruru mühakimə edir. Bir şərhçinin dediyi kimi, «Müjdənin məskəni başda deyil, ürəkdədir». İnsanı təcrid edən onun ağlı deyil, qürurudur, qəbul etmək axmaqlıq yox, təvazökarlıq və həlimlikdir. İnsan Süleyman padşah kimi müdrik ola bilər. Amma onda sadəlik, güvən, uşaq qəlbinin məsumluğu yoxdursa, o özünü təcrid edir.
Ravvinlər özləri də bu cür intellektual qürurun təhlükəli olduğunu görürdülər. Onlar dərk edirdilər ki, sadə insanlar Allaha müdrik ravvinlərdən daha yaxındırlar. Onların belə bir məsəli var idi. Bir gün Xuzalı ravvin Berokax Lapetdə bazarda olanda, İlyas peyğəmbər ona göründü. Ravvin soruşdu: «Bu bazarda olanlardan axirətdə yaşamağa layiq olan varmı?» Əvvəlcə İlyas peyğəmbər «heç kim yoxdur» dedi. Sonra o, bir nəfərə işarə edərək, onun axirətdə yaşamağa layiq olduğunu söylədi. Ravvin Berokax həmin adama yaxınlaşıb, onun nə işlə məşğul olduğunu soruşdu. «Mən məhbusam, — deyə o cavab verdi. — Mən qadınla kişini bir-birindən ayrı saxlayıram. Gecələr yatağımı kişi ilə qadınların arasına salıram ki, günaha yol verilməsin». Sonra İlyas peyğəmbər başqa iki nəfəri göstərib, onların da axirətdə yaşamağa layiq olacağını dedi. Berokax onlardan da nə ilə məşğul olduğunu soruşdu. Onlar dedilər: «Biz təlxəyik. Ruhdan düşmüş adam görəndə, onu şənləndiririk. İki dalaşan insan görəndə isə onları barışdırmağa çalışırıq». Sadə işlər görən insanlar — vəzifəsini düzgün yerinə yetirən məhbus, üzlərdə təbəssüm oyadan və sülh yaradanlar Padşahlığa daxil olacaqlar.
Bu hissə İsa Məsihin indiyə qədər heç vaxt söyləmədiyi, məsihçiliyin əsasını təşkil edən böyük bəyanatı ilə yekunlaşır. Bunu da yalnız Allah aça bilər. Başqa insanlar Allahın övladları ola bilər, O isə Oğuldur. Yəhya İsa Məsihin sözlərini bizə çatdırarkən bunu başqa cür ifadə edir: «Məni görən Atanı görmüş olur» (Yəhya 14:9). Bununla sanki İsa Məsih deyir: «Əgər siz Allahın necə olduğunu, Allahın ağlını, ürəyini, ümumiyyətlə, Allahın insanlara münasibətini görmək istəyirsinizsə, Mənə baxın!»
Məsihçilər əmindirlər ki, yalnız İsa Məsihdə Allahın necə olduğunu görmək olar. Onlar həmçinin əmindirlər ki, İsa Məsih bu biliyi qəbul edib güvənən təvazökar insanlara verir.
28-30
İsa Məsih ümidsiz şəkildə Allahı tapmağa və xeyirxah olmağa çalışan, lakin bunu qeyri-mümkün hesab edib ümidsizliyə qaplan insanlara müraciət edir.
İsa Məsih deyir: «Ey bütün yorğunlar, Mənim yanıma gəlin». O, həqiqət axtarışından yorulan və əzab çəkənləri çağırır. Yunanlar deyirdilər: «Allahı tapmaq çox çətindir. Onu tapandan sonra isə başqalarına Onun haqqında danışmaq mümkün deyil». Sofar Əyyubdan soruşdu: «Allahın dərin sirlərini dərk edə bilərsənmi?» (Əyyub 11:7) İsa Məsih iddia edir ki, bu yorucu Allah axtarışı Onda başa çatıb. Böyük irland mistik şairi V.İyts yazırdı: «İnsan zəhmət çəkməklə Allaha çata bilərmi? O Özünü təmiz ürəklərə açır. O, yalnız bizim diqqətimizi tələb edir». Allahı ağılla axtarıb tapmaq olmaz. Onu ancaq bütün diqqətini İsa Məsihə yönəltməklə tapmaq olar. Çünki biz Onda Allahın necə olduğunu görürük.
İsa Məsih deyir: «Ey yükləri ağır olanlar, Mənim yanıma gəlin». Ortodoksal yəhudi üçün din bir yük idi. İsa Məsih ilahiyyatçılar və fariseylər haqqında belə deyirdi: «Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər...» (Matta 23:4) Yəhudilər üçün din saysız-hesabsız qaydalardan ibarət idi. Sanki insan onun hər bir hərəkətini tənzimləyən qaydalar cəngəlliyində yaşayırdı. O, həmişə «Sən bunu etməməlisən» deyən səsə qulaq asmalı idi.
Bunu hətta ravvinlər də görürdülər. Tövratın Qanunlarına aid kədərli bir məsəl var. O, qanunun tələblərinin nə qədər məcburi, məhdudlaşdırıcı, çətin və qeyri-mümkün olduğunu göstərir. «Mənimlə qonşuluqda iki qızı və tarlası olan bir kasıb dul qadın yaşayırdı. O, torpağı şumlamağa başlayanda Musa (yəni Musanın Qanunu) dedi: «Sən eyni qoşquda öküz və eşşəklə torpağı şumlamamalısan». Qadın toxum əkməyə başlayanda, o dedi: «Sən tarlaya qarışıq toxum səpməməlisən». Qadın taxıl biçməyə başlayanda, o dedi: «Zəmində əkini biçən zaman bir dərz unutmusansa, onu götürmək üçün geri qayıtma» (Qanunun təkrarı 24:19) və «tarlanın qıraq-bucaqlarını biçmə» (Levililər 19:9). Qadın taxılı döyməyə başlayanda, o dedi: «Mənə bir qurban, birinci və ikinci ondabirini gətir». Qadın bütün əmrləri yerinə yetirdi və hər şeyi ona verdi. Bəs yazıq qadın sonra nə etdi? O, tarlasını satıb iki qoyun aldı ki, yundan özünə paltar tiksin və qoyunun balalarından xeyir götürsün. Qoyunlar balalayanda, Harun (yəni kahinlərin tələbləri) gəlib dedi: «İlk doğulanı mənə ver». Qadın bununla razılaşdı və onları ona verdi. Qoyunları qırxmaq vaxtı gələndə, qadın onları qırxdı, onda Harun gəlib dedi: «...qoyunlarından qırxdığın ilk yunu mənə ver» (Qanunun təkrarı 18:4). Sonra qadın fikirləşdi: «Mən bu adama qarşı dura bilmərəm, yaxşısı budur ki, qoyunları kəsib yeyim». Onda Harun gəlib dedi: «qol, çənə və içalatı mənə pay ver» (Qanunun təkrarı 18:3). Qadın dedi: «Qoyunlarımı kəsəndə də, mən səndən canımı qurtara bilmədim. Buna görə qoyunları Allaha həsr edirəm». Belə olan halda, Harun dedi: «Onda onlar tamamilə mənə məxsusdur» (Saylar 18:14). Harun qoyunları götürüb, qadını ağlaya-ağlaya iki qızı ilə tək qoydu». Bu, qanunun insanların əməllərinə dair tələbləri haqqında bir məsəldir. Həqiqətən, bu tələblər bir yük idi.
İsa Məsih bizə Onun boyunduruğunu üzərimizə götürməyi təklif edir. Yəhudilər boyunduruq sözünü asılılıqla, itaətlə bağlayırdılar. Onlar qanunun boyunduruğundan, əmrlərin boyunduruğundan, Padşahlığın boyunduruğundan, Allahın boyunduruğundan danışırdılar. Amma ola bilsin ki, İsa Məsih təklifində daha konkret bir şeyə əsaslanırdı.
O deyir: «Mənim boyunduruğum rahatdır» [Barklidə: asandır, sadədir]. Rahat sözü (hrestos) — uyğun olan mənasını verir. İsraildə öküzlər üçün boyunduruq ağacdan hazırlanırdı. Öküzü gətirib onu ölçürdülər. Boyunduruğun hazırlanması zamanı öküzü yenidən gətirib, boyunduruğun uyğun gəlib-gəlmədiyini ölçürdülər. Bundan sonra boyunduruğu elə düzəldirdilər ki, öküzün boynuna yaxşı otursun və dözümlü heyvanın boynunu incitməsin. Boyunduruq hər öküz üçün fərdi olaraq sifariş edilirdi. Belə bir əfsanə var ki, guya Qalileyada ən yaxşı boyunduruğu İsa Məsih düzəldirdi. İnsanlar hər yerdən onun yanına gəlirdilər ki, ən yaxşı boyunduruğu alsınlar. O günlərdə də, indiki kimi, sənətkarların qapıları üzərində müvafiq söz yazılmış lövhə asılırdı. Deyilənlərə görə, Nazaretdəki dülgərlik emalatxanasının qapısı üzərində «Rahat boyunduruqlar» yazısı asıla bilərdi. Ola bilsin ki, İsa Məsih burada Nazaretdə işlətdiyi dülgərlik dükanındakı nümunədən istifadə edib.
İsa Məsih deyir: «Mənim boyunduruğum rahatdır». O, bununla demək istəyir ki, «Mənim sizə verdiyim həyat boynunuzu sürtən və əzən yük deyil. Sizin xidmətiniz fərdi qabiliyyətlərinizə və sizə uyğun olacaq». Allahın bizə bəxş etdiyi hər şey ehtiyaclarımızı ödəyir və bacarıqlarımıza uyğun gəlir. İsa Məsih deyir: «Mənim yüküm yüngüldür». Ravvinlərin dediyi kimi, «Mənim yüküm nəğməmə çevrilir». Məsələ yükün yüngül olmasında deyil. Onun sevgi ilə üzərimizə qoyulmasındadır ki, biz onu sevgi ilə daşıyaq. Sevgi isə ən ağır yükləri yüngül edir. Əgər biz Allahın məhəbbətini dərk etsək, yükümüzün Allahı və insanları sevmək olduğunu bilsək, onda yükümüz nəğməmizə çevriləcək. Kürəyində iflic olmuş kiçik qardaşını daşıyan oğlan haqqında hekayə var. Bir nəfər o oğlana dedi: «Bu sənin üçün çox ağır yükdür». Oğlan cavab verdi: «Bu, yük deyil, qardaşımdır». Sevgi ilə daşınan yük həmişə yüngül olur.