1-8
Matta kitabının 12-ci fəsli İsa Məsihin həyatında baş verən bir sıra həlledici hadisələrin hekayəsidir. Hər bir insanın həyatında onun bütün gələcəyinə təsir göstərən həlledici məqam və hadisələr baş verir. Matta müjdəsinin bu fəslində İsa Məsihin həyatındakı məhz belə bir dövr təsvir olunub. Biz görürük ki, ortodoksal yəhudi dininin rəhbərləri İsa Məsihlə bağlı son qərarı verirlər — onlar İsanı rədd edirlər. Onlar Məsihlə əlaqəni kəsməkdən ötrü nəinki İsanı rədd etdilər, Onu aradan götürmək və məhv etmək qənaətinə gəldilər.
Biz bu fəsildə yolun sonunda Çarmıxın olacağına dair ilk addımları görürük. İştirak edən simalar aydın şəkildə təsvir edilir. Bir tərəfdə ortodoksal yəhudi dininin nümayəndələri — ilahiyyatçılar və fariseylər var. Biz onların İsa Məsihə qarşı düşmənçilik və qəddar münasibətinin artmasının dörd mərhələsini görürük.
1. 12:1-8-də Məsihin şagirdlərinin Şənbə günü taxıl zəmilərində sünbülləri qırıb yeyəndə şübhənin artdığını şahidi oluruq. İlahiyyatçılar və fariseylər şagirdlərinə Qanunla müəyyən edilmiş xırda qaydaları pozmağa icazə verən Müəllimə get-gedə şübhə ilə baxırdılar. Çünki bunun daha da yayılmasına imkan vermək olmazdı.
2. 12:9-14-də Şənbə günü əli qurumuş adamın şəfa tapması hekayəsində onların prosesi düşməncəsinə izlədiyini görürük. İlahiyyatçılar və fariseylərin həmin Şənbə günü sinaqoqda olması təsadüfi deyildi. Luka açıq-aydın deyir ki, onlar İsa Məsihə göz qoyurdular (Luka 6:7). Həmin andan etibarən İsa Məsih ortodoksal yəhudi rəhbərlərinin güclü nəzarəti altında xidmət etməli oldu. Onlar özəl xəfiyyələr kimi İsa Məsihin hər addımını izləyirdilər ki, Ona qarşı ittiham irəli sürmək üçün dəlilləri olsun.
3. 12:22-32-də ortodoksal yəhudi rəhbərlərinin İsa Məsihi insanlara cinlərin gücü ilə şəfa verməkdə ittiham etməsi və Məsihin onlara bağışlanmaz günah haqqında danışması hekayəsində biz şüurlu və qərəzli korluq görürük. O andan etibarən ilahiyyatçılar və fariseylər İsa Məsihin etdiklərini pisləyirdilər; Allaha qarşı o qədər kor olmuşdular ki, Onun gözəlliyini və həqiqətini görə bilmirdilər. Qərəzli korluqları onları heç vaxt geri dönə bilməyəcəkləri yola sürükləyirdi.
4. 12:14-də biz pis onların niyyətlərini görürük. Burada yəhudilər artıq müşahidə və tənqidlə kifayətlənmirdilər; onlar hərəkət etməyə hazırlaşırdılar. Onlar qurduqları nizamı pozan bu Qalileyalının fəaliyyətinə son qoymağın yolunu tapmaq üçün toplantı keçirdilər. Şübhə, müşahidə, korluq — onları açıq şəkildə hərəkətə keçməyə vadar etmişdi.
Burada həmçinin İsa Məsihin bu hərəkətlərə qarşı necə davrandığı da əksini tapıb. Biz İsa Məsihin Ona qarşı artan müxalifətə münasibətinin beş yanaşmasını müəyyən edə bilərik.
1. İsa Məsih artan müxalifəti cəsarətlə və laqeydliklə qarşıladı. Əli qurumuş adamın sağalması hekayəsində (12:9-14) Məsihin ilahiyyatçılara və fariseylərə qarşı açıq münasibətini görürük. İsa Məsih xəstəyə hansısa bir küncdə yox, izdihamla dolu sinaqoqda şəfa verdi. O, bunu onların olmadığı yerdə deyil, Ona qarşı ittiham irəli sürmək məqsədilə sinaqoqda olduqları vaxt etdi. Məsih onların meydan oxunmasından yayınmağa çalışmadı, əksinə, onların hücumlarını qarşıladı.
2. İsa Məsih artan müxalifətə xəbərdarlıqla cavab verdi. 12:22-32-də İsa Məsihin dəhşətli xəbərdarlıqlardan bəhs etdiyini görürük. Məsih onlara xəbərdarlıq edir ki, əgər onlar Allahın həqiqətinə gözlərini yummağa davam etsələr, özlərini Allahın lütfündən və mərhəmətindən məhrum edəcəklər. Burada İsa Məsih Özünü müdafiə etmək əvəzinə hücum edir. Məsih onlara davranışlarının hara aparacağını dərk etməyə şərait yaradır.
3. İsa Məsih artan müxalifətə Özü haqqındakı gözəl açıqlamalarla cavab verdi. O, Məbəddən daha böyükdür (12:6). Məbəd isə yəhudilər üçün dünyanın ən müqəddəs yeri idi. O, Yunus peyğəmbərdən daha böyükdür. Çünki Yunus peyğəmbər kimi vəzindən sonra daha çox adamı tövbəyə gətirən başqa bir şəxs yox idi (12:41).
O, padşah Süleymandan daha böyük idi. Padşah Süleyman isə müdrikliyin zirvəsi idi (12:42). Beləcə O, ruhani aləmdə olan hər şeydən üstün olduğunu bəyan etdi. Bu, üzrlü hərəkət deyil, Məsihin ən yüksək iddiasıdır.
4. İsa Məsih artan müxalifətə təliminin vacib olduğunu bildirərək cavab verdi. Boş, süpürülmüş və səliqə-sahmana salınmış ev haqqında qəribə məsəlin (12:43-45) mənası budur ki, Qanun insanı pislikdən azad edə bilər. Lakin təkcə Xoş Xəbər onu xeyirxahlıqla doldura bilər. Beləliklə, Qanun insanın ürəyində boşluq yaradır. O zaman onun ürəyində hər cür pislik kök sala bilər; Müjdə isə insanı xeyirxahlıqla doldurur, belə ki, pislik artıq qəlbə daxil olub orada yaşaya bilməz. Belə deməklə İsa Məsih bəyan edir ki, Qanunun insan üçün heç vaxt edə bilməyəcəyini Müjdə etməyə qadirdir.
5. Nəhayət, İsa Məsih artan müxalifəti dəvətlə qarşıladı. 46-50-ci ayələr mahiyyət etibarilə Ona bənzəməyə, Onunla yaxın münasibət qurmağa dəvətdir. Bu ayələr İsa Məsihin Öz doğmalarından imtina etməsi deyil, bütün insanların Onunla qohumluq münasibəti qurmasına, Allahın iradəsini qəbul etməklə Ona bənzəməyə dəvətidir. Bu sətirlər qərəz və xudbinliyi tərk edib, İsa Məsihi Rəbb olaraq qəbul etməyə dəvətdir. Əgər biz bu dəvətdən imtina etsək, Allahdan daha da uzaq düşəcəyik. Yox, dəvəti qəbul etsək, ailəyə daxil olub Allahın övladları olacağıq.
İsan Məsihin dövründə taxıl və digər əkin sahələri uzun, dar zolaqlardan ibarət idi. Zolaqlar arasındakı torpaq isə qanuni cəhətdən yol idi. Oradan keçmək olardı.
Bu hadisə baş verəndə İsa Məsihin şagirdləri də məhz bu yolla gedirdi. Şagirdlərə qarşı, ümumiyyətlə, heç bir oğurluq ittihamı yox idi. Qanunda açıq şəkildə göstərilirdi ki, ac yolçu oraqdan istifadə etmədən əlləri ilə, İsa Məsihin şagirdlərinin etdiyi kimi, sünbül dərib yeyə bilər. «Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın» (Qanunun təkrarı 23:25). V.Tomson «Torpaq və kitab» adlı kitabında yazır ki, bu adət hətta İsraildə səyahət edərkən də mövcud olub. Yolçuların sevimli axşam yeməklərindən biri azacıq qovurulmuş buğdadır. V.Tomson yazır: «Biz biçin vaxtı yola çıxanda, qatırçılar çadır qurandan sonra axşamlar tez-tez buğda qovururdular. Qovurmaq üçün yaşıl sünbülləri yığmaq heç vaxt oğurluq sayılmırdı. Eləcə də taxıl zəmilərindən keçəndə qatırçıların sünbülləri qoparıb əllərində ovaraq, həvarilər kimi, buğdanı qovurmadan yediklərini gördüm».
İlahiyyatçıların və fariseylərin nəzərində şagirdlərin günahı sünbülləri qoparıb yeməkləri deyil, bunu Şənbə günü etmələri idi. Şənbə günü qanunu çox mürəkkəb idi və xırdalığına kimi işlənmişdi. Qanun Şənbə günü işləməyi qadağan edirdi, lakin Qanunun şərhçiləri belə sadə qadağa ilə kifayətlənmirdilər. Belə ki, işin nə olduğunu müəyyən etmək lazım idi. Beləliklə, Şənbə günü qadağan olan 39 əsas fəaliyyət müəyyən edilmişdi. Onlara biçin biçmək, taxılı sovurmaq və döymək, yemək bişirmək aid idi. Amma Qanunun təfsirçiləri hətta bunlarla da kifayətlənmək istəmirdilər. İndi qadağan olunmuş fəaliyyətlərin siyahısında hər bir bəndi dəqiqliklə təyin etmək lazım idi. Məsələn, Şənbə günü yük daşımaq qadağan edilirdi. Bəs yük nədir? İki üzüm giləmeyvəsinin çəkisindən ağır olan hər şey — yükdür. İşin hər hansı bir işarəsi, hətta rəmzi olaraq iş kimi də görünə bilən hər şey qadağan edilmişdi. Dahi yəhudi müəllimi Maymonid62 (1135-1204) deyir: «Sünbülləri qırmaq biçməyin bir hissəsidir». Şagirdlər sünbülləri qopararaq Qanunu bir neçə dəfə pozdular. Onlar biçdiklərinə görə günahkar idilər; sünbülləri ovuclarında ovduqlarına görə günahkar idilər; buğdanı samandan ayırdıqlarına görə günahkar idilər; ümumiyyətlə, onlar Şənbə günü yemək hazırladıqlarına görə günahkar idilər. Çünki Şənbə günü yeyilən hər şeyi bir gün əvvəl bişirmək lazım idi.
Ortodoksal yəhudilər Şənbə günü haqqında bu Qanuna çox ciddi yanaşırdılar. «Yubiley kitabında» Şənbə gününə riayət edilməsinə dair bütöv bir fəsil təsvir olunub. Şənbə günü həyat yoldaşı ilə yatan və ya müəyyən bir iş görməyi planlaşdıran hər kəs mühakimə edilir. Şənbə günü səyahət etmək, hətta iş barədə düşünmək, nəsə almağı və ya satmağı planlaşdırmaq qadağandır. Su çəkən və ya yük qaldıran hər kəs mühakimə olunur. Şənbə günü iş görən (istər öz evində, istərsə də başqa yerdə), səfərə çıxan, torpaqda işləyən, ocaq qalayan, heyvan sürən və ya dənizdə gəmidə üzən; hansısa bir heyvanı vuran və ya öldürən, quşu və ya balığı tutan; Şənbə günü oruc tutan və ya döyüşən kəs öləcək. Bütün bu əmrlərə riayət etmək Allahın qanununa əməl etmək, onları pozmaq isə Allahın Qanununu pozmaq idi.
İlahiyyatçılar və fariseylərin nöqteyi-nəzərindən Qanunu pozan şagirdlərin davranışlarında və İsa Məsihin onlara bunu etməyə icazə verməsində nöqsan axtarmaları tamamilə haqlı idi.
İsa Məsih ilahiyyatçıların və fariseylərin tənqidlərini təkzib edərək üç arqument irəli sürür.
O, padşah Davudu misal çəkdi (1Şamuel 24:1-6) Davud və yanındakılar ac olduqları vaxt Məbədə daxil olub (məbədə yox, çünki bu hadisə Məbəd tikilməzdən əvvəl baş verib) yalnız kahinlərə yeməyə icazə verilən çörəklərdən yedilər. Kahinlərin yediyi çörək Levililər 24:5-9-da təsvir olunub. Bunlar hər həftə Ən Müqəddəs yerdə Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoyulan çörək idi. Təbii ki, bu, qida ilə təmin etdiyinə görə Allaha şükür etmək üçün rəmzi qurban idi. Bu çörəklər hər həftə dəyişdirilirdi, köhnələr isə yalnız kahinlərə verilirdi. Bu dəfə padşah Davud və yanındakılar ac olduğuna görə müqəddəs çörəkləri yedi və heç kim onları qınamadı. İnsanın ehtiyacı hər hansı qanundan daha üstündür.
2. İsa Məsih Məbəddəki Şənbə xidmətini və işi misal çəkdi. Məbəddəki xidmətlər həmişə işlə bağlı idi — od yandırmaq, heyvanları kəsmək, dərisini soymaq, onları qurbangaha qoymaq və digər işlər. Şənbə günü belə işlərin həcmi ikiqat artırdı, çünki Şənbə günü qurbanlar iki dəfə artıq təqdim olunurdu (Saylar 28:9 ilə müqayisə edin). Əgər bu işlər Şənbə günü hər hansı başqa adam tərəfindən icra olunsaydı, Qanun pozuntusu sayılardı. Od yandırmaq, heyvan kəsmək, onu qurbangah üzərinə qoymaq — bütün bunlar Qanunun pozulması və Şənbə gününün murdarlanması olardı. Amma kahinlər üçün bütün bu işlərin icrası tamamilə qanuni idi. Çünki Məbəddə Allaha ibadət və itaət fasiləsiz davam etməli idi. Başqa sözlə, Allaha ibadət Şənbə günü qanunu və normalarından üstün idi.
3. İsa Məsih Allahın Huşə peyğəmbərə söylədiyi sözlərdən sitat gətirdi: «Mən qurban deyil, mərhəmət istəyirəm» (Huşə 6:6). Tanrıya qurbanlardan daha çox insan xeyirxahlığı, ürəyinin yalnız bir qanuna tabe olması — yəni insan ehtiyaclarının çağırışına cavab verilməsi lazımdır.
Bu məqamda İsa Məsih insan ehtiyaclarının hər şeydən əvvəl və bütün digər tələblərdən üstün olduğunu vurğuladı. İbadətin tələbləri vacibdir, lakin insan ehtiyacı bütün bu tələblərdən daha üstündür. İsa Məsih təkid edirdi ki, ən böyük xidmət — insan ehtiyacına xidmətdir. İsa Məsihin yer üzündə yaşayarkən Nazaretdəki sinaqoqda həmin gündən başqa digər məbəd xidmətinə rəhbərlik etdiyinə dair heç bir sübutun olmadığını düşünmək qəribə olardı. Onun acları doydurduğuna, kədərlilərə təsəlli verdiyinə, xəstələrə qayğı göstərdiyinə dair çoxlu şəhadətimiz var. Məsihçi ibadəti ayinlərdən ibarət deyil, insan tələbatlarına xidmətdir. Məsihçi ibadəti monastırda təkliyə çəkilmək deyil, insanların üzləşdiyi bütün faciələrin, problemlərin və ehtiyacların həllində fəal iştirak etməkdir.
Bu hissədə daha çətin anlaşılan bir məqam var. Həmin çətinlik «Bəşər Oğlu Şənbə gününün Sahibidir» ifadəsidir. Bu ifadənin iki mənası ola bilər.
1. Bu ifadə ilə İsa Məsih Şənbə gününün Sahibi olduğunu iddia edə və Şənbə günü lazım olan işi görə bilər. Biz artıq gördük ki, Məbəddəki xidmətlərin müqəddəsliyi Şənbə günü ilə bağlı qanun və normalardan daha üstün idi, həm də böyük əhəmiyyət kəsb edirdi. İsa Məsih indicə bəyan etdi ki, burada Məbəddən daha üstün Biri var. Buna görə də O, Şənbə gününün qaydalarını idarə edə və yaxşı hesab etdiyi şeyi edə bilər. Demək olar ki, bu ifadənin ənənəvi şərhi belədir. Amma burada da çətin qəbul edilən məqam var.
2. Bu hissədə İsa Məsih Şənbə günü etdiklərinə görə Özünü yox, şagirdlərini müdafiə edir. O, şəxsi nüfuzunu və ya əhəmiyyətini deyil, insan ehtiyacının vacibliyini vurğulayır. Mark bu hadisə haqqında danışarkən yekun cümlə kimi İsa Məsihin başqa ifadəsini göstərir: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb» (Mark 2:27).
Onu da əlavə etmək lazımdır ki, ibrani və arami dillərində bəşər oğlu ifadəsi titul deyil, insan sözünün sinonimlərindən biridir. Məzmurçu yazır: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?» (Zəbur 8:4) Yezekel peyğəmbərin kitabında Allah tez-tez ona bəşər oğlu ifadəsi ilə müraciət edir. «O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam»» (Yezekel 2:1; 2:6, 8; 3:1, 4, 17, 25 ilə müqayisə edin). Bütün bu hallarda kiçik hərflə yazılmış bəşər oğlu ifadəsi, sadəcə olaraq, insana işarə edir.
Əhdi-Cədidin qədim və ən yaxşı yunan əlyazmalarında bütün sözlər böyük hərflərlə yazılıb. Həmin əlyazmalarda böyük hərflərin harada olduğunu söyləmək mümkün deyil. Buna görə də Matta 12:8-dəki bəşər oğlu ifadəsi kiçik hərflə yazılmalıdır və İsa Məsihi deyil, sadəcə insanı göstərir.
Əgər İsa Məsihin burada insan ehtiyacını vurğuladığını, Özünü yox, şagirdlərini müdafiə etdiyini və Markın sözlərinə görə, İsa Məsihin «insan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb» dediyini nəzərə alsaq, onda buradan belə bir nəticəyə gəlmək olar ki, Məsihin demək istədiyi budur: «İnsan Şənbə gününün qulu deyil, ondan faydalanmaq üçün onun sahibidir». İsa Məsih ilahiyyatçıları və fariseyləri məzəmmət edir ki, onlar özlərini və soydaşlarını sərt qaydaların köləsinə çeviriblər. Bəlkə də O, burada həm Şənbə gününə, həm də insan həyatının bütün sahələrinə tətbiq olunan məsihçi azadlığının böyük prinsipini izah edir.
9-14
Bu hadisə özlüyündə İsa Məsihin həyatında dönüş nöqtəsini təmsil edir. O, bilərəkdən və hər kəsin gözü qarşısında Şənbə qanununu pozdu. Nəticədə ortodoksal dini rəhbərlər Ondan necə qurtulmaq barədə toplantı keçirdilər. Əgər biz ortodoksal dini rəhbərlərin Şənbə qanununa nə qədər ciddi yanaşdığını başa düşməsək, onların münasibətini tam dərk edə bilmərik. Qanun Şənbə günü istənilən işi qadağan edirdi. Bu səbəbdən ortodoksal yəhudilər Şənbəni pozmaqdansa, ölməyə hazır idilər.
Makkabe üsyanı dövründə yəhudilər bəzən səhrada mağaralarda gizlənirdilər. Antiox Epifan onlara qarşı qoşun göndərdi. Onlar Şənbə günü hücuma keçdilər. Üsyankar yəhudilər heç bir müqavimət göstərmədən, hətta özlərini müdafiə etmədən öldülər. Çünki həmin günü döyüşmək Şənbə qanununu pozmaq demək idi. Makkabilərin birinci kitabında yazılır ki, Antioxun əsgərləri «...onların (yəhudilərin) ardınca düşdü, onlara çatıb qarşı tərəflərində ordugah qurdular və Şənbə günü döyüş üçün önlərinə düzüldülər... Amma onlar müqavimət göstərmədilər, qoşuna nə bir daş atdılar, nə də gizli yerlərinin önünə bir sədd qoydular. Onlar dedilər: «Qoy hamımız təqsirsiz olaraq ölək, yer-göy şahidimiz olsun ki, siz haqsızlıqla bizi həlak edirsiniz». Onlara Şənbə günü hücum etdilər və yəhudilərin arvadlarını, uşaqlarını, mal-qaralarını məhv edərək, minə qədər insanı qətlə yetirdilər (1Makkabilər 2:31-38). Hətta milli böhran anlarında, öz canlarını xilas etmək, yaxın və əzizlərini qorumaq naminə yəhudilər Şənbə günü döyüşməzdilər.
Romalı sərkərdə Pompey63 Yerusəlimi məhz yəhudilərin Şənbə gününə riayət etdiyi gün ələ keçirtdi. Qədim dövrlərdə mühasirəyə alınmış şəhərin divarları üzərində böyük bir bənd tikilirdi. Oradan da mühasirəyə alınmış qalanın müdafiəçilərinin döyüş xəttinə hücum etmək mümkün olurdu. Pompey bəndlərin Şənbə günü tikilməsini əmr etdi. Çünki yəhudilər həmin gün baş verənləri sakitcə izləyir və müdaxilə etmək üçün əllərini tərpətmirdilər. Əslən yəhudi olan tarixçi İosif Flavi yazır:
«Əgər atalarımızın dövründən yeddinci gün istirahət etmək adəti olmasaydı, yəhudilərin müqaviməti nəticəsində bu bənd heç vaxt tikilə bilməzdi. Çünki qanunumuz bizə hücum edənlərdən qorunmağa icazə versə də (bu, bir güzəşt idi), düşmən hiylə işlədəndə bizə müdaxilə etməyə icazə vermir»
(İosif Flavi: «Yəhudilərin qədimliyi» 14:4, 2).
İosif yunan tarixçisi Aqatarxidin Misir kralı Ptolemey Laqın Yerusəlimi ələ keçirməsinə necə icazə verildiyinə təəccübləndiyini xatırlayır. Aqatarxid yazırdı:
«Yəhudilər adlı bir xalq var, onlar bütün şəhərlər içində ən möhkəm şəhər hesab etdikləri Yerusəlimdə yaşayırlar. Onlar hər yeddinci gün istirahət edir, adətən, heç bir iş görmürlər, nə əkin əkir, nə də digər gündəlik işlərlə məşğul olurlar. Əllərini müqəddəs yerə uzadıb axşama qədər dua edirlər. Elə oldu ki, Laq oğlu Ptolemey ordusu ilə şəhərə daxil olanda, öz sərsəm adətlərinə riayət edən bu insanlar şəhəri müdafiə etmək əvəzinə, ölkələrinin qəddar zalıma təslim olmasına icazə verdilər. Bu, açıq şəkildə göstərdi ki, insan düşüncəsi şübhə içində olanda və nə etməli olduğunu bilməyəndə qanunların faydası yoxdur».
(İosif Flavi: «Yəhudi xalqının Apiona qarşı qədim tarixi» 1:22)
Əgər Yəhudilərin Şənbə qanununa ciddi riayət etməsi böyük milli məğlubiyyətlərə və ölümə səbəb olurdusa, bu, başqa xalqların nəzərində əsl dəlilik idi.
İsa Məsih də məhz bu sərt çərçivələrə və düşüncə tərzinə qarşı çıxırdı. Qanun Şənbə günü insanlara şəfa verməyi ciddi şəkildə qadağan edirdi. Düzdür, qanunda deyilirdi ki, «həyati təhlükə ilə üzləşən hər bir vəziyyət Şənbə qanununun tələblərini ləğv edir». Əksər hallarda bu, qulaq, burun, boğaz və göz xəstəliklərinə aid edilirdi. Lakin bu hallarda da Qanunda aydın deyilirdi ki, insanın yalnız vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün addımlar atıla bilər, onun vəziyyətini yaxşılaşdırmaq üçün heç nə edilə bilməzdi. Məsələn, yaraya dərmanlı sarğı deyil, sadə sarğı bağlamaq olardı və s.
Belə olan halda, əli qurumuş adamın həyati təhlükəsi olması barədə qətiyyən söhbət gedə bilməz: çünki ertəsi gün də o, eyni vəziyyətdə olacaqdı. İsa Məsih Qanunu bilirdi. O, nə etdiyini də bilirdi. O bilirdi ki, fariseylər Onu diqqətlə izləyir. Buna baxmayaraq, O, əli qurumuş insanı sağaltdı. İnsanın həyatı təhlükə altında olmasa da, insan bir an olsa belə əziyyət çəkirdisə, İsa Məsih heç bir qanuna əhəmiyyət vermirdi. Onun insanlara olan məhəbbəti qanunlara hörmətindən qat-qat artıq idi.
İsa Məsih əli qurumuş adamın olduğu sinaqoqa girdi. Bizim Müjdələrimizdə bu adam haqqında başqa heç nə deyilmir. Lakin Əhdi-Cədidə daxil olmayan qədim Müjdələrdən biri olan «İbranilərin Müjdəsində» yazılır ki, əli qurumuş adam Məsihə yaxınlaşaraq deyir: «Mən bənna idim, əlimin zəhməti ilə dolanırdım. İsa, Sənə yalvarıram, mənim sağlamlığımı geri qaytar ki, yemək üçün utanaraq dilənməyə məcbur olmayım». İlahiyyatçılar və fariseylər də orada idilər. Onları əli iflic olan adamdan daha çox öz qayda-qanunları maraqlandırırdı. Buna görə də onlar İsa Məsihdən soruşdular: «Şənbə günü şəfa verməyə icazə varmı?» İsa Məsih bu sualın cavabını çox yaxşı bilirdi. O bilirdi ki, həyat üçün birbaşa təhlükə yoxdursa, şəfa vermək olmaz, çünki bu, iş sayılır.
Lakin İsa müdrik idi. Əgər onlar Qanunla bağlı mübahisə etmək istəyirdilərsə, Məsihin onlara cavabı var idi: «Zəhmət olmasa, sualıma cavab verin. Əgər adamın yalnız bir quzusu olarsa və bu quzu Şənbə günü quyuya düşərsə, məgər o, quyuya enib quzunu oradan çıxarmazmı?» Həqiqətən də, belə bir hal Qanunda nəzərdə tutulub: əgər heyvan Şənbə günü quyuya düşərdisə, ona kömək etmək üçün yemək daşımağa icazə verilirdi, halbuki başqa vaxt bu, iş hesab edilirdi. «Yaxşı, — İsa Məsih dedi, — əgər Şənbə günü qoyuna belə bir yaxşılıq etməyə icazə verilirsə, qoyundan daha dəyərli olan insana kömək etmək nə qədər vacibdir?
Məsih bu fikri daha da açıqlayır: «Əgər Şənbə günü yaxşılıq etmək yaxşıdırsa, onda yaxşılıq etməkdən imtina etmək pislikdir?» Məsihin əsas prinsipi o idi ki, ehtiyacı olan qardaşa köməyi ertələyən müqəddəs vaxt yoxdur. Biz iştirak etdiyimiz ibadətlərin və ya oxuduğumuz Müqəddəs Kitab səhifələrinin sayına, yaxud duada keçirdiyimiz saatlara görə deyil, ehtiyacını görüb kömək etdiyimiz insanların sayına görə mühakimə olunacağıq. Həmin vaxt ilahiyyatçılar və fariseylər buna heç bir cavab verə bilmədilər. Çünki onların qoyduqları qaydalar bumeranq kimi özlərinə qayıtdı.
Beləliklə, İsa Məsih həmin adamı sağaltdı və bununla da ona üç şey verdi.
1. Məsih onu sağlamlığına qovuşdurdu. İsa Məsih üçün insanın sağlamlığı vacibdir. Pol Turnye «Müalicə edən həkimin məlumat kitabçası» adlı kitabında şəfa ilə Tanrı arasındakı əlaqə haqqında çox vacib açıqlamalar verir. Professor Kuvuazye yazır ki, həkimin vəzifəsi «öz təhsili və Allahdan aldıqları təbii ənam sayəsində... xəstələri müalicə etmək üçün xüsusi qabiliyyətə malik olanların çağırıldığı xidmətdir». Onların bunu dərk edib-etməməyindən və ya imanlı olub-olmamasından asılı olmayaraq, məsihçi nöqteyi-nəzərindən ən vacibi odur ki, peşəsinə görə həkimlər Allahın işində əməkdaşdırlar». Doktor Puiyanın dediyi kimi, «Xəstəlik və şəfa — lütfün təzahürüdür». Pastor Alen Perro yazır: «Həkim Allahın səbir alətidir». «Tibb — insanlara mərhəmət göstərən və onların günahlarının nəticəsinə çarə olan Allahın verdiyi lütfdür». İslahatçılardan biri olan Con Kalvin (1509-1564) tibbi Tanrının bir hədiyyəsi kimi təsvir etmişdir. İnsanın bədəninin sağalması onun canının şəfa tapması ilə Tanrının verdiyi eyni vəzifədir. Öz işini görən həkim, məbəddə xidmət edən kahin kimi Allahın xidmətçisidir.
2. Məsih həmin adama sağlamlığını qaytarmaqla, işini də qaytardı. İşsiz adam natamamdır. İnsan işdə həm özünü, həm də məmnunluğunu tapır. İllərlə işsiz qalmaq ağrıya dözməkdən daha çətin ola bilər. İş olanda isə, kədər belə acı olmur. Bir insanın başqa insan üçün edə biləcəyi ən vacib şeylərdən biri — onu işlə təmin etməkdir.
3. İsa Məsih həmin adamın sağlamlığını və işini bərpa etməklə yanaşı, özünə hörmətini bərpa etdi. Biz başqa bir bəxtiyarlığı da ifadə edə bilərik: nə bəxtiyardır özümüzə hörməti bərpa edənlər. İnsan öz ayaqları üstündə duranda və əlləri ilə həm öz ehtiyaclarını, həm də qayğısına qaldığı insanların ehtiyaclarını təmin edəndə, həyata cəsarətlə baxa bilir.
Artıq bu hadisənin dönüş nöqtəsi olduğunu söyləmişdik. Bundan sonra ilahiyyatçılar İsa Məsihə qarşı hiylə qurmağa və Onu öldürməyə fürsət axtarırdılar. İnsanlar bir adamı təqib edəndə, ona müəyyən mənada xoş söz söyləyirlər. Bu onu göstərir ki, onlar həmin adamı təhlükəli deyil, çox təhlükəli hesab edirlər. İlahiyyatçılar və fariseylər tərəfindən atılan addımlar Məsihin qüdrətinin göstəricisidir. Həqiqi məsihçiliyə nifrət etmək olar, lakin onu inkar etmək olmaz.
14-cü ayənin ikinci hissəsinin şərhinə növbəti bölmədə baxın.
15-21
Bu hissədə iki məqam İsa Məsihin cəsarətlə sadəlövhlüyü heç vaxt qarışdırmadığını göstərir. Birincisi, O, bir müddətlik oradan uzaqlaşdı. Hələ son qarşıdurmanın vaxtı gəlib çatmamışdı. Çarmıxda ölməzdən əvvəl hələ çox iş görmək lazım idi. İkincisi, İsa Məsih insanlara onlar üçün etdikləri barədə çox danışmağı qadağan etdi. Çünki nə qədər yalançı məsihlərin gəldiyini yaxşı bilirdi. İsa Məsih yaxşı bilirdi ki, insanları həvəsləndirmək çox asandır. Fövqəltəbii gücə malik birinin ortaya çıxması fikri yayılmağa başlasa, şübhəsiz ki, siyasi iğtişaşlar baş verəcək, bu da, insanların mənasız ölümünə səbəb olacaqdı. Şöhrətinin yayılmasından əvvəl O, insanlara məsihçiliyin sarsıdıcı bir güc deyil, qurban tələb edən xidmət olduğunu, taxt deyil, Çarmıx olduğunu öyrətməli idi.
Mattanın İsa Məsihin işini yekunlaşdırmaq barədə gətirdiyi sitat Yeşaya peyğəmbərin kitabı 42:1-4-dən götürülmüşdü. İlk baxışdan bu sitat qəribə görünə bilər, çünki o, Fars padşahı Kirə aiddir (Yeşaya 45:1 ilə müqayisə edin). Sitatın ilkin mənası belədir: Fars padşahı Kir yeni zəfər və fəthlərə doğru irəliləyirdi. Peyğəmbər isə bu fəthlərdə Allahın əvvəlcədən təyin etdiyi müəyyən planlarının həyata keçdiyini görürdü. Onun fikrincə, Fars padşahı Kir, özü də bilmədən, Allahın aləti idi. Bundan əlavə, peyğəmbər Kiri bütpərəst istilaçı kimi görürdü. O, həqiqətən də, belə idi. Bu sözlər əvvəlcə padşah Kirə aid edilsə də, peyğəmbərliyin icra olunması, şübhəsiz ki, İsa Məsihdə həyata keçirildi. Öz dövründə Fars padşahı Şərq dünyasında hökmranlıq edirdi. Lakin bütün dünyanın həqiqi Hökmdarı İsa Məsihdir. O zaman gəlin İsa Məsihin Yeşayanın peyğəmbərliyini necə dəqiq yerinə yetirdiyinə baxaq.
O, millətlərə ədalət gətirəcək. İsa Məsih millətlərə ədalət gətirmək üçün gəldi. Yunanlar ədalətə belə tərif verirdilər: Allaha və insanlara layiq olduğunu vermək. İsa Məsih insanlara göstərdi ki, həyatımızda layiqli yer tutmaları üçün Allaha və insanlara necə yaşamalıyıq. O bizə Allaha və insanlara qarşı necə davranacağımızı göstərdi.
2. O, çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə heç kim onun səsini eşitməyəcək. Yunan dilində səsini qaldırmaq ifadəsi əvəzinə itin hürməsini, qarğanın qarıldamasını, sərxoşun hay-küyünü, narazı teatr tamaşaçısının etirazını göstərmək üçün işlənən söz qeyd olunur. Bu o deməkdir ki, İsa Məsih insanları təhqir edib qışqırmayacaq. Biz iki tərəf mübahisə edəndə bir-birinə necə qışqırdığını yaxşı bilirik. Məsihçi cəmiyyətinin faciələrindən biri — ilahiyyatçılar arasında mübahisədir. Siyasətçilərin düşmənçiliyi və ideoloji ziddiyyətlər bizə yaxşı məlumdur. Məsihdə isə biz təhqirlə deyil, məhəbbətlə qalib gəlmək İstəyənin sakitliyini görürük.
3. O, əzilmiş qamışı qırmayacaq, tüstülənən piltəni söndürməyəcək. Qamış qırılanda çətinliklə dik dayana bilər. Zəif piltədə isə alov yalnız közərə bilər. İnsanın şəhadəti zəif, həyat işığı alovlu olmasa da, İsa Məsih insanları ruhdan salmaq üçün deyil, onları ruhlandırmaq üçün gəldi. O, zəifləri məzəmmət etmək üçün yox, onları başa düşmək üçün gəldi. O, közərən alovu söndürmək üçün deyil, onu alovlandırmaq, aydın və güclü etmək üçün gəldi. İsa Məsihdə ən qiymətli cəhət odur ki, O, insanları ruhdan salmır. Məsih böyük ilham mənbəyidir.
4. Uzaq diyarlar [Barklidə bütpərəstlər] Onun Qanununa etibar edəcək. İsa Məsihlə birlikdə dünyaya — bir xalqa deyil, bütün insanlara Allahın məhəbbətini qəbul etmək və ondan pay almaq dəvəti gəldi. İsa Məsihdə Allah hər bir insana Öz məhəbbətini təklif etdi.
22-29
Şərqdə təkcə ruhi xəstəlikləri deyil, sözün əsl mənasında, bütün xəstəlikləri şər qüvvələrin və cinlərin təsiri ilə əlaqələndirirdilər. Buna görə cin çıxarma hər yerdə tətbiq edilirdi və çox vaxt effektiv təsirə malik olurdu.
Burada İsa kor və lal adamı sağaltdı. Camaat heyrət içində idi. İnsanlar İsanın böyük Xilaskar, Davudun vəd edilmiş və çoxdan gözlənilən oğlu ola biləcəyini düşünməyə başladılar. Onların şübhəsi yalnız ondan ibarət idi ki, İsa onların uşaqlıqdan gözlədiyi Davud oğluna bənzəmirdi. Onların qarşısında nə dəbdəbəli və təntənəli parlaq bir şahzadə, nə qılıncın cingiltisi, nə də orduların bayrağı var idi. Onların qarşısında sözlərində yumşaqlıq, təmkinli müdriklik, gözlərində şəfqət, əllərində sirli bir güc olan Qalileyalı sadə bir dülgər var idi.
İlahiyyatçılar və fariseylər bütün bunlara həmişə həqarətlə baxırdılar. Onlar problemin həllini özünəməxsus şəkildə tapmışdılar, yəni İsa Məsih cinlərin başçısı ilə əlbir olduğuna görə cinləri qovurdu. Belə bir ittihama İsa üç tutarlı cavab verdi.
1. Əgər O, cinlərin başçısının köməyi ilə cinləri qovurdusa, bu, iblis padşahlığında parçalanmanın baş verdiyini göstərirdi. Əgər cinlərin başçısı, həqiqətən, öz əlaltılarını məhv etməyə kömək edirsə, deməli, iblis padşahlığında müharibə başlayıb və onun sonu yaxınlaşıb. Əgər bir evdə, şəhərdə və vilayətdə parçalanma baş veribsə, o, tab gətirə bilməz. Daxili çəkişmələr və ixtilaflar bütün hakimiyyətin və qüdrətin tənəzzülünə dəlalət edir. Əgər ilahiyyatçılar və fariseylər öz iddialarında haqlı idilərsə, onda iblisin saylı günləri qalmışdı.
2. Biz İsa Məsihin üçüncü cavabını ikinci yerə qoyacağıq. Çünki ikinci cavabda deyiləsi çox şey var və onu ayrıca vurğulayacağıq. İsa Məsih dedi: «Əgər Mən cinləri qovuramsa — siz bunu inkar etmirsiniz, edə də bilməzsiniz, — bu o deməkdir ki, Mən şeytanın tutduğu əraziyə daxil olmuşam. Aydındır ki, heç kim güclünün əl-qolunu bağlamadan onun evinə girə bilməz. Buna görə də şeytanın ərazisinə daxil olmağım, onun gücsüz olduğunu və müqavimət göstərə bilmədiyini sübut edir». Əl-qolu bağlanmış güclü adam fikri Yeşaya peyğəmbərin kitabında 49:24-26-dan götürülüb.
Bu cavab bizdə belə bir sual doğurur: həmin güclü adamın əl-qolu nə vaxt bağlanmışdı? Cinlərin başçısı nə vaxt qandallanmışdı ki, İsa onun ərazisinə daxil ola bilib? Ola bilsin ki, bu sualın heç bir cavabı yoxdur. Əgər varsa, belə nəticəyə gəlmək olar ki, İsa səhrada sınağa çəkilərkən iblis qandallanmışdı.
Bəzən elə olur ki, ordu tam sıradan çıxmasa da, məğlubiyyətə uğrayır. Beləcə o, bir daha əvvəlki döyüş qabiliyyətini bərpa edə bilmir. Ordu itkilər verərək özünə inamı o qədər itirib ki, heç vaxt əvvəlki gücünü bərpa edə bilməyəcək. İsa səhrada sınağa çəkənlə qarşılaşıb onu məğlub edəndə, geri dönüşü olmayan hadisə baş verdi: şeytan elə bir Şəxslə qarşılaşdı ki, hiylələri ilə Onu sınağa çəkə, hücumları ilə Onu məğlub edə bilmədi. Həmin andan etibarən şeytan öz gücünü və hakimiyyətini heç vaxt tam bərpa edə bilmədi. O, artıq qaranlığın məğlubedilməz gücü deyil, günahın məğlub edilmiş gücüdür. Onun qalaları dağıdılıb. Düzdür, düşmən hələ tam məğlub edilməyib, lakin o, heç vaxt əvvəlki gücünü bərpa edə bilməyəcək. İsa Məsih isə başqalarına Özünün qazandığı qələbəni qazanmağa kömək edə bilər.
3. İndi isə İsa Məsihin ikinci cavabına qayıdaq. Bu cavab ondan ibarətdir ki, yəhudilər özləri cinləri qovur, insanlara şəfa verirdilər. Əgər İsa cinlərin başçısının gücü ilə cinləri qovurdusa, onda yəhudilər də eyni şeyi edirdilər. Çünki eyni xəstəlikləri sağaltmağa çalışır və ən azından bəzi nəticələrə nail olurdular.
Böyük nüfuza malik tarixçi İosif Flavi qeyd edir ki, cinləri qovmaq gücü padşah Süleymanın müdrikliyinin bir hissəsi idi. O özü gördüyü bir hadisəni təsvir edir (İosif Flavi «Yəhudilərin qədimliyi» 8:2-5).
«Allah padşah Süleymana cinləri qovmaq bacarığını verdi. Bu faydalı elmdir və insanlara sağlamlıq gətirir. O, həmçinin ruhi xəstəlikləri və səhhəti yaxşılaşdıran ovsun tərtib etmişdir. Eləcə də o özündən sonra cinləri qovmaq üsulunu qoyub getdi. Bu üsul vasitəsilə cinləri elə qovurdular ki, onlar bir daha geri qayıtmasın. Bu şəfa üsulu bu günə qədər hələ də qüvvədədir. Çünki mən Eleazar adlı həmyerlimin cinlərə tutulmuş insanları imperator Vespasianın64, onun oğullarının, hərbi rəhbərlərin və böyük döyüşçü kütləsinin hüzurunda sağaltdığını görmüşəm. Şəfa prosesi belə baş verirdi: o (Eleazar), Süleymanın qeyd etdiyi bir üzüyü cinə tutulmuş adamın burun deşiklərinə salıb, cinləri oradan çıxartdı. Sonra adam yerə yıxılanda Süleymanın adını da çəkib, Süleymanın yazdığı sehrli ovsunları tələffüz edərək, bu adama bir daha toxunmamağı əmr etdi. Eleazar cinləri qovmaq gücünə malik olduğunu sübut edib tamaşaçılara göstərmək istəyəndə, özündən bir qədər aralıda stəkan və ya su qabı qoyub, adamın içindən çıxan cinə əmr edirdi ki, onu çevirsin. Beləcə o, tamaşaçılara cinin adamı tərk etdiyini göstərirdi. Belə etməklə o, Süleymanın bacarığını və müdrikliyini açıq şəkildə nümayiş etdirirdi».
Yəhudilər cinləri bu cür qovurdular. Bu, İsanın sakit və səlahiyyətlə söylədiyi sözdən nə qədər fərqlidir!
İsa Məsih vasitəsilə Allahın Kəlamı təmkinli qüdrət və səlahiyyətlə gəldi ki, insanlara onların iztirab və ümidsizlik içində axtardıqları, amma O gələnə qədər tapa bilmədikləri kamil xilası versin.
Bu hissədə İsanın aşağıdakı ifadəsi çox maraqlı səslənir: «Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib» (12:28). Burada qeyd etmək vacibdir ki, Padşahlığın gəlişinin əlaməti məsihçi cəmiyyətlərinin izdihamla dolu olması və ya böyük dirçəlişin təbliği deyil, əzab üzərində qələbə idi.
30
Yığmaq və dağıtmaq fikri iki mənbədən birinə malik ola bilər. Bu fikir məhsuldan qaynaqlana bilər: biçində iştirak etməyən taxılı bilmədən dağıdır və küləyin onu səpələməsinə icazə verir. Lakin bu fikir naxırçılıqdan da yarana bilər: kim qoyunları ahıla yığmağa kömək etmirsə, onları dağlarda təhlükə qarşısında qoyur.
İsa Məsih bu təsirli ifadədə neytral qalmağın qeyri-mümkünlüyü prinsipini ortaya qoyur. «İblisin istehkamlarına qarşı mübarizədə yalnız iki tərəf var: ya Məsihin lehinə, ya da əleyhinə; ya Onunla birgə yığmaq, ya da iblislə birlikdə dağıtmaq» deyə U. Allen yazırdı. Gəlin çox sadə bir bənzətmə götürək və bu ifadəni həm özümüzə, həm də imanlı cəmiyyətimizə tətbiq edək. Əgər bizim varlığımız imanlı cəmiyyətini gücləndirmirsə, yoxluğumuz onu zəiflədir. Burada ortaq məxrəc yoxdur. İnsan həmişə harada və hansı tərəfdə dayanacağını seçməlidir. Hansısa tərəfi tutmamaq və ya hansısa hərəkəti ləngitmək istəyi — çıxış yolu deyil. Çünki iki tərəfdən birində dayanmaqdan imtina etməklə, digər tərəfi dəstəkləmiş oluruq.
İnsanı mümkün olmayan neytrallığı axtarmağa sövq edən üç şey var.
1. Birincisi, insan təbiətinin tənbəlliyi. Əksər insanlar yalnız bir şey istəyirlər — onları rahat buraxsınlar. Onlar qeyri-ixtiyarı olaraq rahatlıqlarını poza biləcək hər şeydən qaçırlar. Axı seçim etmək — öz rahatlığını pozmaq deməkdir.
2. İkincisi, insan təbiətinin qorxaqlığı. Çoxları Məsihin yolundan imtina edir, çünki qorxurlar ki, məsihçinin tutduğu mövqeyi tutmaq məcburiyyətində qalacaqlar. Hər şeydən əvvəl onları insanların nə deyəcəyi fikri dayandırır. Qonşunun səsi onların qulağında Allahın səsindən daha möhkəm eşidilir.
3. Üçüncüsü, insan təbiətinin zəifliyi. Çoxları hər hansı riskli işdən daha çox təhlükəsizliyi və təminatı üstün tuturlar. Yaşlandıqca bu, daha da artır. Yeniliyə çağırış həmişə risklə əlaqəlidir. İsa Məsih həmişə bizə yeni şeylərə çağırışla gəlir. Çox vaxt biz Məsih üçün nəsə etməkdənsə, eqoist fəaliyyətsizliyin rahatlığını üstün tuturuq. İsa Məsihin «Mənimlə olmayan Mənə qarşıdır» ifadəsi müəyyən çətinliklər yaradır. Çünki həm Markın, həm də Lukanın Müjdəsində İsa Məsih tamamilə başqa ifadə işlədir: «Əleyhinizə olmayan sizin tərəfinizdədir» (Mark 9:40; Luka 9:50). Amma ümumiyyətlə, bu iki ifadə göründüyü qədər ziddiyyətli deyil. Qeyd etmək lazımdır ki, ikinci ifadəni İsa şagirdləri Onun yanına gələndə, İsanın adı ilə cinləri qovan bir adamı dayandırmağa çalışdıqlarını dedikləri vaxt söyləyir. Şagirdləri o adamı dayandırmaq istəyini belə izah etmişdilər: «Bu adam bizim ardımızca gəlmir». İsanın müdrik fikir söyləməsi bu səbəbdən idi. «Mənimlə olmayan Mənə qarşıdır» — prinsipini biz özümüzə tətbiq etməliyik. Doğrudanmı mən Rəbbin tərəfindəyəm, yoxsa qorxaq neytrallıq tutaraq bir təhər keçinməyə çalışıram? «Əleyhinizə olmayan sizin tərəfinizdədir» — prinsipini başqalarına tətbiq etməliyik. Bəlkə məndən fərqli ilahiyyat inkişaf etdirən hər kəsi və ya məndən fərqli ibadət etmək düşüncəsinə malik olan, fikirlərimi bölüşməyən hər kəsi lənətləyirəm? Allahın Padşahlığını mənim kimi düşünənlərlə məhdudlaşdırırammı?
Bu hissədəki ifadə bizə, Mark və Lukanın Müjdəsində verilən ifadə isə başqalarına şamil edilir. Çünki biz həmişə özümüzü ciddi mühakimə etməliyik, başqalarına isə səbirlə davranmalıyıq.
31-33
Bütün insanların Xilaskarı olan İsanın ağzından bağışlanmaz günah barədə eşitmək qəribə görünür. Bu ifadə o qədər qəribədir ki, bəzi ilahiyyatçılar onun müəyyənliyini aradan qaldırmaq istəyərdilər. Onlar iddia edirlər ki, bu, şərq danışıq tərzinin başqa bir rəngarəng nümunəsidir. Məsələn, İsa Məsih deyir ki, insan Onun şagirdi olmaq üçün valideynlərinə nifrət etməlidir. Onlar qeyd edirlər ki, bütün bunları hərfi mənada başa düşmək lazım deyil. İsa belə deməklə Müqəddəs Ruha qarşı edilən günahın ən dəhşətli günah olduğunu vurğulamaq istəyir.
Bu fikri təsdiqləmək üçün Əhdi-Ətiqdən bəzi ayələrə istinad edilir. «Əgər yerli ya yadelli qəsdən günah işlətsə, Rəbbə küfr etmişdir və xalqı arasından qovulsun. Çünki o, Rəbbin sözünə xor baxıb və Onun əmrini pozub. Belə adam mütləq qovulsun və öz cəzasını çəksin» (Saylar 15:30-31). «Buna görə də and içmişəm ki, Elinin ailəsinin günahı heç vaxt nə qurban, nə də başqa təqdimlərlə bağışlanmayacaq» (1Şamuel 3:14). «Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur» (Yeşaya 22:14).
Bu insanlar iddia edirlər ki, həmin mətnlər mahiyyət etibarı ilə İsanın söylədiklərinə uyğundur. Əsasən bu günahın həddindən artıq ciddiliyindən bəhs edir. Biz deyə bilmərik ki, Əhdi-Ətiqdəki bu hissələr eyni ruhda deyilməyib, ya da eyni təsirə malik deyil. Allahın məhəbbətinin təzahürü Olan Birinin ağzından bağışlanmaz günah haqqında bu sözləri eşitmək çox sarsıdıcıdır.
Təbii ki, bu ayədəki bir hissə son dərəcədə heyrətləndiricidir: Müqəddəs Kitab İsa Məsihin dili ilə deyir ki, Bəşər Oğluna qarşı günah bağışlanan, Müqəddəs Ruha qarşı günah isə bağışlanmazdır. Matta digər yerdə deyir ki, İsa bütün həqiqətin meyarıdır (Matta 10:32-33). Buna görə də bu iki günah arasındakı fərqi başa düşmək çətindir.
Amma ola bilsin, İsanın dediklərini tam başa düşə bilmirik. Biz artıq (Matta 12:1-8-dəki qeydlərə baxın) gördük ki, bəşər oğlu ifadəsi sadəcə insan olmaq deməkdir. Yəhudilər də bu ifadəni hər hansı bir insanı nəzərdə tutduqda istifadə edirlər. Məsələn, biz «bir adam var idi...» deyiriksə, yəhudilər «bir bəşər oğlu var idi» deyirlər. Ola bilsin ki, İsa burada belə deyir: «Əgər bir insan digər insana qarşı küfr edərsə, o, bağışlanacaq. Yox, əgər o, Müqəddəs Ruha qarşı küfr edərsə, heç vaxt bağışlanmayacaq».
Ola bilər ki, biz Allahın elçisini səhv başa düşək. Lakin Allahın Müqəddəs Ruh vasitəsilə bizə dediyini səhv başa düşə bilmərik. Bu, yalnız bilərəkdən səhv başa düşdüyümüz halda baş verə bilər. İnsan elçisinin sözlərini səhv şərh etmək olar. Amma göydən göndərilən elçi o qədər aydın danışır ki, onu yalnız bilərəkdən başa düşmək istəməyən adam səhv anlaya bilər. Şübhəsiz ki, bunun Allah adamına qarşı günah olduğunu qəbul etsək, bu ciddi günah da, ümumilikdə, bağışlana bilər. Digər halda isə Səmavi Elçiyə qarşı günah edilərsə, (bu yalnız bilərəkdən edilən günah ola bilər), həmin günah bağışlanmaya bilər.
İndi isə gəlin İsanın Müqəddəs Ruha qarşı günah haqqında danışarkən nəyi nəzərdə tutduğunu aydınlaşdırmağa çalışaq. Nəzərə almaq lazımdır ki, İsa Müqəddəs Ruh haqqında danışanda, bu ifadənin məsihçi nöqteyi-nəzərindən olan mənasından bəhs etmirdi. Əsla. Çünki Müqəddəs Ruh insanların üzərinə bütün qüdrəti, dolğunluğu və nuru ilə enməzdən əvvəl Əllinci Gün bayramı olmalı idi. Bu halda, Müqəddəs Ruh ifadəsini yəhudilərin Müqəddəs Ruh anlayışı baxımından başa düşmək lazımdır.
Yəhudi təliminə görə, Müqəddəs Ruh iki əsas funksiyaya malik idi. Birincisi, Müqəddəs Ruh insanlara Allahın həqiqətini çatdırırdı. İkincisi, Müqəddəs Ruh insanlara bu həqiqəti dərk etmək bacarığı verirdi. Buna görə də, yəhudilərin fikrincə, Müqəddəs Ruh insanların Allahın həqiqətini görmələri və onu dərk etmələri üçün lazım idi. Başqa sözlə, insan xeyirxahlığı və həqiqəti görəndə, ona dərk etmək qabiliyyəti verilir.
İndi isə İsa Məsihin burada nə demək istədiyini başa düşmək üçün növbəti addımı ataq. Əgər insan hər hansı bacarıqlarını istifadə etməkdən imtina etsə, onu itirə bilər. Bu, həyatın bütün sahələrində — istər fiziki, istər ruhani, istərsə də əqli sahələrində doğrudur.
Əgər hansısa əzələni işlətməsə, əzələ həyat qabiliyyətini itirəcək; əgər insan məktəbdə aldığı xarici dil biliklərindən istifadə etmirsə, onda o, tezliklə bildiklərini unudacaq. Həmçinin bu qanunauyğunluq bütün qavrayış sahələrinə də aiddir. Əgər insan həmişə bayağı estrada musiqisinə qulaq asarsa, yaxşı musiqi haqqında bütün anlayışını itirə bilər. Hətta asan oxunan kitab oxusa, yaxşı kitab oxumaq qabiliyyətini itirə bilər. İnsan uzun müddət çirkli və iyrənc şeylərdə zövq axtararsa, pak və faydalı şeylərdən zövq almaq qabiliyyətini itirə bilər.
Buna görə insan fəziləti və həqiqəti görəndə, onları ayırd etmək qabiliyyətini itirə bilər. Əgər insan Allahın həqiqətinə qarşı uzun müddət gözlərini və qulaqlarını yumarsa, Allahın dediyi sözə laqeyd yanaşarsa, öz fikirlərini Allahın ona açdığı fikirlərdən üstün tutarsa, sonda Allahın həqiqətini, gözəlliyini və yaxşılığını görəndə, onları ayırd edə bilməyəcək. Belə vəziyyətdə etdiyi pislikləri ona xeyirxahlıq, Allahın fəziləti isə pislik kimi görünəcək.
İlahiyyatçılar və fariseylər məhz belə vəziyyətə düşmüşdülər. Onlar uzun müddət Allahın rəhbərliyinə və Müqəddəs Ruhun onlara söylədiklərinə qarşı kor və kar olmuşdular. Onlar o qədər israr etmişdilər ki, Allahın həqiqətini görəndə, onu anlaya bilmirdilər. Onlar təcəssüm olunmuş fəzilətə baxıb, onu şərin təcəssümü kimi qələmə verə bilərdilər; onlar Allahın Oğluna baxıb, Onu şeytanın müttəfiqi adlandıra bilərdilər. Müqəddəs Ruha qarşı günah — uzun müddət Allahın iradəsini rədd etməkdir, belə ki, nəticədə Allahın iradəsi onlara bütünlüklə açılanda, onu dərk etmək iqtidarında olmurlar.
Nə üçün bu günah bağışlanmaz olmalıdır? O, digər günahlardan niyə bu qədər fərqlənir? Cavab sadədir: insan bu səviyyəyə çatanda, tövbə etmək qeyri-mümkün olur. Əgər insan xeyirxahlığı və yaxşılığı görüb onu ayırd edə bilmirsə, artıq onu arzulaya bilmir. Əgər insan pisliyi müəyyən edə bilmirsə, pisliyə görə utanıb peşman ola bilməz və ondan ayrılmaq istəməz. Kim ki bütün günahlara rəğmən yaxşılığı sevə və pisliyə nifrət edə bilmirsə, tövbə edə bilməz; tövbə etməyən insan isə bağışlana bilməz, çünki tövbə bağışlanmanın yeganə şərtidir. Əgər insanlar Müqəddəs Ruha qarşı günah işlətməkdən qorxsaydılar, bir çox bəlalardan qaça bilərdilər. Çünki Müqəddəs Ruha qarşı günah — günah hissini tamamilə itirməkdir. İlahiyyatçılar və fariseylər məhz bu səviyyəyə qədər gəlib çatmışdılar. Onlar Allaha qarşı o qədər kor və kar olmuşdular ki, Onunla üz-üzə gələndə, Onu tanımaq bacarığını itirmişdilər. Onları bağışlamayan Allah deyildi. Onlar öz-özlərini bundan məhrum etmişdilər. Uzun illər Allaha qarşı müqavimət göstərmələri onları bu vəziyyətə salmışdı.
Burada bizim üçün də bir xəbərdarlıq mövcuddur. Biz həmişə diqqətlə Allaha nəzər salmalıyıq ki, ömür boyu həssaslığımız kütləşməsin, şüurumuz zəifləməsin, ruhani qulaqlarımız kar olmasın. İnsan ancaq eşitmək istədiyini dinləyir. Həyatın qanunu belədir.
Bir kəndlinin şəhərdəki dostunun ofisinə baş çəkməsi haqqında hekayə var. Həmin ofisdə nəqliyyatın səs-küyü eşidilirdi. Birdən kəndli dedi: «Diqqətlə qulaq as!» «Nə olub?» deyə şəhərli dostu soruşdu. «Çəyirtkənin səsini eşidirsən?» kəndli soruşdu. Uzun illər kənddə yaşadığına görə kəndli şəhər sakininin ayır edə bilmədiyi kənddəki səsləri eşitmək qabiliyyətinə malik idi. Ya da əksinə, yerə gümüş sikkə düşən kimi onun cingiltisi pul qazanan iş adamının qulağına dərhal çatacaq, kəndli isə heç vaxt ona fikir verməyə bilər. Yalnız səsləri müəyyən etməyi öyrənən peşəkar musiqiçi quş xorunda hər bir quşun səsini ayırd edə bilər. Yalnız notları müəyyən etməyi öyrənən peşəkar musiqiçi orkestrdəki müxtəlif alətlərin səsini ayırd edə və hansısa skripkanın saxta notunu tuta bilər.
Həyatın qanunu belədir ki, biz eşitməyə adət etdiyimiz səsi eşidirik. Biz hər gün Allahı dinləməliyik ki, Onun səsi bizim üçün zəifləməsin, əksinə, get-gedə daha da aydın eşidilsin. Ta ki qulaqlarımız Onun səsinə köklənənə qədər.
Beləliklə, İsa Məsih çağırış edir: «Əgər Mən yaxşı bir iş gördümsə, Mənim yaxşı insan olmağımla razılaşmalısınız. Əgər pis bir iş görmüşəmsə, Məni pis hesab edə bilərsiniz. Ağac bəhrəsindən tanınar, insan xarakteri isə əməllərindən bəlli olar». Bəs insan Allaha qarşı kor olsa — xeyirxahlığı gördüyü zaman onu ayırd edə bilməsə, onda necə?
34-37
İsa Məsih burada insanın ağzından çıxan sözlərə görə böyük məsuliyyət daşımasından boş yerə danışmır. İndicə ilahiyyatçılar və fariseylər çox dəhşətli sözlər dedilər. Onlar Allahın Oğluna baxıb, Onu iblisin müttəfiqi adlandırdılar. Beləcə İsa iki qanun qoydu.
1. İnsanın əhval-ruhiyyəsini onun sözlərindən müəyyən etmək olar. Qədim yunan dramaturqu Menander (e.ə. 340-291-ci illər) deyirdi: «İnsanın xarakterini onun sözündən bilmək olar». Ürəkdə olan hər şey dil vasitəsilə üzə çıxır; insan yalnız ürəyində olanları deyir. Heç bir şey sözlər kimi insanı ifşa etmir. İnsanın fikirlərinin nəcib və sağlam, yaxud çirkli olmasını müəyyən etmək üçün onunla uzun müddət danışmağa ehtiyac yoxdur. İnsanın niyyətinin xeyirxah, yoxsa pis olduğunu görmək üçün onu uzun müddət dinləmək lazım deyil. Təbliğ edən və ya mühazirə oxuyan insanın fikirlərinin aydın və ya qarışıq olduğunu bilmək üçün onu çox dinləməyə gərək yoxdur. Bizim sözlərimiz hamıya kim olduğumuzu göstərir.
2. İsa Məsih bəyan edir ki, insan hər boş sözə görə cavab verməli olacaq. Boş söz kimi tərcümə olunan yunan sözü aerqosdur. Erqon, yunanca — əməllər, hərəkətlər deməkdir. A isə önşəkilçisi olub «sız, siz, suz, süz» şəkilçisini göstərir. Aergos heç nə üçün nəzərdə tutulmayan bir şeyi bildirir. Məsələn, bu söz barsız ağacı, bəhrəsiz torpağı, heç bir iş görülməyən Şənbə gününü və ya boş-bekar insanı işarə edir. İsa Məsih çox ağlabatan bir şey söylədi. Burada iki böyük həqiqət var.
a) Boş sözlər — insanın düşünmədən söylədiyi və ya özünə sərhəd qoymadığını göstərən adi sözlərdir. Plümmerin dediyi kimi: «Diqqətlə seçilmiş sözlər ikiüzlülükdən qaynaqlana bilər». İnsan şüurlu olaraq ayıq-sayıq olanda, nəyi necə deyəcəyini əvvəlcədən düşünəcək. Əgər o özünü sərbəst aparırsa, dediyi sözlər onun xarakterini üzə çıxaracaq. Belə də ola bilər ki, insan cəmiyyət arasında gözəl və nəcib danışa bilər, dar çevrədə isə kobud və ədəbsiz davranır.
İctimai yerdə o, nə deyəcəyini diqqətlə düşünür, dar çevrədə isə özünü idarə etməyi unudur və ağzından hər söz çıxır. Eynilə, insan qəzəblənəndə əsl fikirlərini söyləyir, yəni çoxdan demək istədiklərini deyir, amma ehtiyat səbəbindən əvvəllər bunu ifadə etmirdi. Əksər insanlar cəmiyyət içində onlara diqqət yetirildiyini biləndə, özlərini cazibəli və sayıq aparır, sözlərini diqqətlə seçirlər. Evdə isə onlar əsəb, istehza, tənqid və daim narazılıq nümunəsidir, çünki evdə onları heç kim görmür və eşitmir. Özümüzə hakim olmadığımız zaman nitqimiz, əslində, kim olduğumuzu göstərir. Bunu yadda saxlasaq, yaxşı olar.
b) Ən çox zərər verən də elə bu sözlər olur. İnsan qəzəblənəndə heç vaxt demədiyi sözləri deyə bilər. Sakitləşəndən sonra deyə bilər ki, heç də bunu nəzərdə tutmayıb və ümumiyyətlə, bunu demək istəməyib. Lakin bu onu məsuliyyətdən azad etmir. Onun dedikləri çox vaxt sağalmaz yara vurur və keçilməz sədd yaradır. İnsan özünü rahat hiss etdiyi vaxt camaat qarşısında heç vaxt deməyəcəyi kobud sözlər səsləndirə bilər. Bu da kiminsə yaddaşında unudulmaz bir şey kimi qala bilər. Yunan filosofu və riyaziyyatçısı Pifaqor deyib: «Daşı hara gəldi atmaq, təsadüfi söz deməkdən yaxşıdır». Yara vuran və ya alçaldıcı sözü heç nə ilə geri qaytarmaq mümkün deyil. Söz hara dəyirsə, ora zərər vurur.
İnsan özünü yaxşı tanımalıdır. O nə dediyini yaxşı bilməlidir ki, ürəyinin hansı vəziyyətdə olduğunu müəyyən edə bilsin. Unutmamalıdır ki, Allah onu diqqətlə seçilmiş, ölçüb-biçilmiş dediyi sözlərə görə deyil, ürəyin dərinliyindən gələn sözlərə görə mühakimə edəcək.
38-42
Paul deyirdi ki, yəhudilər möcüzəli əlamətlər istəyir (1Korinflilərə 1:22). Yəhudilər özünü Allahın elçisi elan edənlərdən mütləq əlamət və möcüzələr tələb edirdilər. Onlar sanki deyirdilər: «İddialarını sübut et, qeyri-adi bir şey göstər». Ravvinlərdən birinin hekayəsi yəhudilərin Məsihdən nə gözlədiyini yaxşı açıqlayır: «Şagirdlər ravvinlərin birindən Məsihin zühur edəcəyi vaxt barədə soruşanda, o, belə cavab verdi: «Qorxuram ki, məndən əlamət göstərməyi də tələb edəsiniz».
Şagirdlər bunu etməyəcəklərinə söz verəndə, ravvin dedi: «Romanın qapıları süquta uğrayacaq, sonra yenidən bərpa edilərək, yenidən yıxılacaq, onları bərpa etməyə vaxt tapmamış Davud Oğlu gələcək». Sonra şagirdlər söz vermələrinə baxmayaraq, onlar bu hadisənin hansı əlamətlərinin olacağını tələb etdilər. Ravvin əlamətləri sadaladı: Banias mağarasından axan su qana çevriləcək.
Yəhudilər buna bənzər əlamət axtarırdılar. Onlar ciddi səhvə yol verdiyinə görə bunu tələb edirdilər. Onlar Allahı anormal, qeyri-adi, qeyri-təbii vəziyyətlərdə görmək istəyirdilər. Onlar unutmuşdular ki, biz gündəlik həyatımızda Allaha daha yaxın oluruq. O bizə Özünü daha çox gündəlik həyatda izhar edir.
İsa Məsih yəhudiləri pis və vəfasız nəsil adlandırır. Vəfasız sözünü hərfi mənada başa düşmək lazım deyil. Bu söz xain, dönük mənasını verir. Bunun arxasında Əhdi-Ətiqdən məşhur peyğəmbərlik fikri dayanır. İsrail xalqı ilə Allah arasındakı münasibət Tanrı Ərlə gəlin İsrail arasındakı nikah birliyi kimi başa düşülürdü. Əgər İsrail vəfasız olub başqa allahları daha çox sevərdisə, deyirdilər ki, xalq dönük olub, yad allahların ardınca gedib. Belə keçidlərdən biri Yeremya peyğəmbərin kitabı 3:6-11-də yazılır. Orada deyilir ki, xalq hər uca təpənin üstünə, kölgəli ağacın altına gedib orada bütlərə səcdə edərək Allaha xəyanət etdi. Hətta Allah İsraillilərin vəfasızlığına görə ondan ayrılanda belə, Yəhuda Allaha üz tutmadı və «zina» etməyə davam etdi. Yəhuda açıq şəkildə «zina» edərək ölkəni murdarladı, daş və ağaclara səcdə edib xəyanət etdi. Bu söz fiziki zinadan daha betərdir. Bu o deməkdir ki, Allaha qarşı vəfasızlığın nəticəsi fiziki və ruhani günahdır.
İsa deyir ki, bu xalqa Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək. Matta əlamətin belə olduğunu deyir: «Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq». İsa Məsihin ifadəsinin mənası budur ki, Aşşur imperatorluğunun paytaxtı Nineva şəhərinin sakinləri üçün Yunus peyğəmbər Allahın əlaməti, Yunusun sözləri isə Allahdan gələn xəbər idi.
İsa Məsih deyir: «Siz əlamət axtarırsınız? Allahdan gələn əlamət Mənəm. Siz Məni tanıya bilmədiniz. Ninevanın sakinləri Yunus peyğəmbər vasitəsilə Allahın xəbərdarlığını dərk etdilər; Səba mələkəsi Süleyman peyğəmbər vasitəsilə Allahın hikmətini tanıdı. Mənim vasitəmlə sizə Süleymanın müdrikliyindən daha böyük müdriklik və Yunusun gətirdiyi xəbərdən daha böyük xəbər gəldi. Amma siz həqiqətə qarşı o qədər kor və xəbərdarlığa qarşı o qədər kar olmusunuz ki, eşidib-görə bilmirsiniz. Elə bir gün gələcək ki, Allahı görəndə Onu tanıyanlar daha yaxşı dövrdə yaşayan və Allahı tanımaq istəməyən sizin əleyhinizə şahidlik edəcəklər.
Burada heyrətamiz həqiqət var. Yunus peyğəmbər Nineva şəhərinin sakinlərinə Allahın göndərdiyi elçisi olduğu kimi, Süleyman peyğəmbər Səba mələkəsi üçün Allahın hikməti olduğu kimi, İsa Məsih də Allahın əlamətidir. Həyatda yalnız bir vacib sual var: «Biz İsa Məsihin simasında Allahla görüşəndə necə reaksiya veririk?» Bu, ilahiyyatçılar və fariseylərdə olduğu kimi soyuq münasibətdir? Yoxsa Nineva əhalisi və Səba mələkəsi kimi Allahın xəbərdarlığını və həqiqətini itaətkarcasına qəbul etməkdir? Həyatda ən vacib məsələ — sizin Məsih haqqında nə düşünməyinizdir?
43-45
Tərk edilmiş və kabuslu ev haqqındakı bu qısa tükürpərdici məsəldə dünya boyda həqiqət var.
1. Natəmiz ruh adamdan çıxır, lakin məhv olmur. Başqa sözlə desək, bu dünyada şəri məğlub edib qovmaq olar, amma məhv edilə bilməz. O, həmişə əks-hücuma keçməyə və itirdiklərini ələ keçirməyə fürsət axtarır. Şər küncə sıxışdırıla bilən gücdür, amma bu dünyada onu məhv etmək mümkün deyil.
2. Deməli, yalnız qadağalardan ibarət olan din kifayət edə bilməz. «Belə etmək olmaz!» qadağasından ibarət olan din uğursuzluğa məhkumdur. Belə bir dinin problemi odur ki, insan təmizlənə bilər, onu pis işlərdən çəkindirmək olar, amma onu təmiz saxlamaq olmaz.
Gəlin buna təcrübi cəhətdən baxaq. Sərxoş insan düzələ bilər. O, söz verə bilər ki, bir daha pivəxanaya getməyəcək. Lakin o, boş vaxtını doldurmaq üçün özünə bir məşğuliyyət tapmalıdır. Əks halda, yenə də içkiyə qurşanacaq. Yaxud davamlı olaraq həzz axtaran başqa biri öz pis əməlindən əl çəkməyə qərar verə bilər. Amma o, boş vaxtını doldurmaq üçün yeni bir şey tapmalıdır. Əks halda, həyatındakı boşluq onu əvvəlki axtarışlarına qaytaracaq. İnsanı sadəcə pislikdən çəkindirmək yox, ona yaxşı şeylər aşılamaq lazımdır. «Şeytan həmişə bekarlar üçün bir əncam tapacaq» fikri həqiqət olaraq qalır. Əgər bir məşğuliyyət rədd edilibsə, yerinə başqası tapılmalıdır. Çünki həyat boş qala bilməz.
3. Deməli, pisliyin yeganə şəfası məsihçi fəaliyyətidir. İstənilən təlim insana yalnız nə etməməli olduğunu söyləyəndə, uğursuzluğa məhkumdur. İnsana həm də nə etməli olduğunu söyləmək lazımdır. Bekarçılıq, işsizlik — ölümcül xəstəlikdir. Hətta ən məsum avaralıq tezliklə pisliyə yoluxacaq. Bağdakı alaq otlarını məhv etməyin ən asan yolu — çıxarıldıqdan sonra onların yerinə faydalı bitkiləri əkməkdir. Həyatını günahdan azad etməyin ən asan yolu — onu sağlam fəaliyyətlə doldurmaqdır.
Sadə dillə desək, əgər İmanlı Cəmiyyəti öz üzvlərinə xidmət tapşırsa, onları qoruya bilər. Bizim məqsədimiz yalnız pis əməllərdən azad olunmuş həyat deyil, Məsih üçün yaxşı işlərlə təmin olunmuş bir həyatdır. Şeytan bizi sınağa çəkəndə, ona qalib gəlməyin ən yaxşı yolu — Allaha və soydaşlarımıza xidmət etməkdir.
46-50
İsa Məsihin yer üzündəki həyatının ən böyük faciələrindən biri — doğmalarının heç vaxt Onu başa düşməməsi idi. Həvari Yəhya deyir: «Çünki qardaşları da Ona iman etmirdi» (Yəhya 7:5). Mark yazır ki, İsa Öz xidmətinə başlayanda, ailə üzvləri Onu dəli hesab edib, dayandırmaq istəyirdilər (Mark 3:21). Onlara elə gəlirdi ki, O, dəlilik edib həyatını riskə atır. Belə hallar çox olur. Məsihə xidmət yoluna qədəm qoyan bir insanın qohumları onu başa düşmür. İlk məsihçi şəhidlərindən biri deyirdi: «Məsihçilərin yeganə qohumları — möminlərdir». İlk kvakerlərdən65 çoxu da belə acı təcrübə yaşamışdılar. Beləliklə, onlardan biri — Edvard Barrou həmin yola üz tutanda, «fanatik ruhuna» görə valideynləri qəzəbləndilər və onu evdən qovdular. O, təvazökarlıqla atasına yalvardı: «İcazə ver qalım, sənin qulun olum. Mən sənin üçün fəhləlik edəcəyəm. İcazə ver, qalım!» Lakin onun bioqrafiyasında yazıldığı kimi, «ata sərt idi, gənc öz evini və yaxınlarını çox sevsə də, onları tərk etməli idi».
Əsl dostluq və əsl sevgi aşağıdakılara əsaslanır. Dostluq və sevgi bu sadalananlar olmadan mövcud ola bilməz.
1. Dostluq ümumi ortaqlığa əsaslanır. İnsanlar mənşəyinə, zehni qabiliyyətlərinə, hətta metodlarına görə çox fərqlidir. Əgər onlar çalışdıqları və can atdıqları işə görə ümumi fikrə malik olsalar, həqiqi dost ola bilərlər.
2. Dostluq birlikdə yaşananlara və onlarla bağlı xatirələrə əsaslanır. Əsl dostluq insanlar birlikdə böyük sınaqdan keçəndə, birlikdə geriyə baxıb onları xatırlayanda başlayır.
3. Əsl məhəbbət itaətə əsaslanır. İsa Məsih dedi: «Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız» (Yəhya 15:14). Əsl sevgini ancaq itaətlə sübut etmək olar.
Yuxarıda deyilənlərə əsasən — əsl qohumluq heç də həmişə qan bağlılığı deyil. Buna baxmayaraq, qan bağlılığını heç bir şey qıra bilməz. Əksər insanlar ailə çevrəsində zövq, sevinc və rahatlıq tapırlar. Amma bu da bir həqiqətdir ki, məhz ən yaxın və ən dəyərli adamlar insanı daha az başa düşür. Əsl dostluğu isə insan ortaq ideallar naminə birlikdə çalışdığı, birlikdə təcrübə yaşadıqları adamlarla tapır. Hər halda, bir şey aydındır: hətta məsihçinin doğmaları onu az başa düşsə də, o, əsl dostluğu İsa Məsihdə və Rəbbi sevənlərin hamısında tapa bilər.