Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 13-cü fəsil

V. Barklinin şərhləri

13-cü fəsil

1-9

MƏSƏLLƏRDƏ ÇOXİFADƏLİLİK

Matta 13 — Müjdənin bütün konsepsiyasında çox vacib bir fəsildir.

1. Bu fəsil İsa Məsihin sinaqoqlardan başladığı təbliğində müəyyən dönüş nöqtəsini göstərir. İndi isə biz Onun göl kənarında öyrətdiyini görürük. Bu dəyişiklik çox vacibdir. Düzdür, sinaqoqun qapıları Onun üzünə hələ bağlanmamışdı, lakin artıq bağlanma üzrə idi. Sadə insanlar Onu sinaqoqda hələ də salamlayırdılar, amma ortodoksal yəhudi dininin rəhbərləri açıq-aşkar Ona qarşı çıxırdılar. İndi O, sinaqoqa girəndə orada Onu təkcə həvəslə dinləyənlər deyil, soyuq baxışlı ilahiyyatçılar, fariseylər, ağsaqqallar qarşılayırdı. Onlar Məsihə qarşı bəhanə tapmaq və ittiham irəli sürmək üçün Onun hər sözünü diqqətlə ölçüb-biçir, təhlil edir və hər bir hərəkətini izləyirdilər.

Bu, ən böyük faciələrdən biri idi. İsa Məsih öz dövrünün məbədindən qovulmuşdu. Buna baxmayaraq, bu da Onu dayandırmadı. O, insanlara Öz dəvətini çatdırmağa davam edirdi. Sinaqoqun qapıları Onun üzünə bağlananda, O, səma altındakı açıq məbəddə — yəni kəndlərdə, yollarda, göl kənarında və evlərdə insanlara təlim verdi. Yaxşı xəbəri insanlara ötürmək istəyən adam həmişə onu çatdırmağın yolunu tapacaq.

2. Maraqlıdır ki, bu fəsildə İsa Məsih xüsusi təlim üsuluna məsəllərlə başlayır. Buna qədər O, artıq bu üsuldan istifadə etmişdi. Duz və nur haqqında müqayisə (5:13-16), quş və zanbaqların təsviri (6:26-30), ağıllı və ağılsız bənna haqqında hekayə (7:24-27), təzə və köhnə paltara yamaq, təzə və köhnə tuluqlar haqqında təsvir (9:16-17), eləcə də küçədə oynayan uşaqlar haqqında məsəl (11:16-17). Bunlar kiçik məsəllərdir. Məsəl — həqiqətin təsviri və nümunəsidir.

Beləcə biz bu fəsildə İsa Məsihin məsəllərlə təliminin təsirli olduğunu görürük. Kimsə İsa Məsih haqqında demişdi: «İsa Məsih dünyanın qısa hekayələrinin ən böyük müəlliflərindən biridir». Bu məsəllərin ətraflı izahına keçməzdən əvvəl, İsa Məsihin nə üçün bu üsuldan istifadə etməsi və məsəllərin təlimdə hansı mühüm faydalarının olmasına baxaq.

a) Məsəl həmişə həqiqəti konkretləşdirir. Çox az adam mücərrəd fikirləri qavraya və anlaya bilər; əksər insanlar mənzərə və təsəvvür yaradaraq düşünür. Biz uzun-uzadı sözlərlə gözəlliyin nə olduğunu izah etməyə çalışa bilərik. Amma kimisə göstərib, «Bu gözəl insandır» desək, heç bir izahata ehtiyac olmayacaq. Biz uzun müddət yaxşılığı və xeyirxahlığı müəyyənləşdirməyə çalışa bilərik. Lakin bu, heç kimə aydın olmayacaq. Amma bir insan bizə yaxşılıq edəndə, yaxşılığın nə olduğunu başa düşəcəyik. Onları dərk edə bilmək üçün hər bir sözü nə və ya kimləsə müqayisə etmək lazımdır. Məsəl isə hər kəsin həqiqəti görüb, başa düşə biləcəyi şəkildə təqdim olunması üçündür.

b) Bir nəfər belə demişdi: «Hər böyük təlim indi və burada, hazırkı reallıqdan qaynaqlanmalıdır ki, sonra o biri dünyada məqsədinə çatsın. Əgər kimsə insanlara anlamadıqları bir şeyi öyrətmək istəyirsə, onların anladığı şeylərdən başlamalıdır. Məsəl hər kəsin bildiklərindən başlayır. Sonra məsəl ona anlaşılmaz və gözləri ilə görə bilmədiklərini açır. Məsəl insanın olduğu və bildiyi yerdən başlayaraq, ağlını və gözünü açır, onu olmalı olduğu yerə aparır.

c) Məsəllərin əhəmiyyəti ondan ibarətdir ki, o, maraq oyadır. İnsanlara hekayələr danışmaqla, onların diqqətini cəlb etmək olar. Məsəl isə hekayə vasitəsilə təsvir olunan həqiqətdir. «Yer hekayəsi ilə Səmavi mənanın birləşməsi» — məsəlin ən sadə tərifidir. İnsanlarda maraq yaratsaq, onların diqqətini cəlb edəcəyik və onlar dinləyəcək. Sadə insanlarda marağı hekayələrlə oyatmaq olar, məsəl də məhz belə hekayədir.

d) Məsəlin əhəmiyyəti ondadır ki, insanları həqiqəti dərk etməyə sövq edir və onlara anlamaq bacarığı verir. Məsəl insanı düşünməyə həvəsləndirir. Məsəl adama deyir: «Bu da sənə hekayə. Orada hansı həqiqət qeyd olunub? Sənə nə öyrədir? Bu barədə özün düşün».

Bəzi şeyləri insana sadəcə demək və izah etmək olmur; insan özü bu həqiqətləri dərk etməlidir. İnsana sadəcə «budur, həqiqət» demək olmaz. Ona həmin həqiqəti kəşf etməsi üçün imkan verilməlidir. Həqiqəti biz özümüz kəşf etməyəndə, o bizim üçün bağlı qalır. Buna görə, çox güman, biz tezliklə onu unudacağıq. Məsəl isə insanı özü düşünməyə və nəticə çıxarmağa sövq edir, ona öz gözləri ilə həqiqəti görməyə imkan verir, eyni zamanda yaddaşına həkk edir.

e) Digər tərəfdən, məsəl düşünməyə tənbəllik edən və ya öz iddialarının təsirindən kor olan adamdan həqiqəti gizlədir. Məsəl bütün məsuliyyəti tamamilə insanın üzərinə qoyur. Məsəl həqiqəti axtaranlara açılır, həqiqəti görmək istəməyənlərə isə gizli qalır.

f) Ancaq bir şeyi də unutmaq olmaz. İsa Məsihin danışdığı məsəl şifahi şəkildə ifadə edilirdi. İnsanlar onu oxumur, eşidirdilər. Məsəl uzun-uzadı şərhlərin araşdırılması vasitəsilə deyil, dərhal insanlara təsir etməlidir. İldırım gecənin keçilməz qaranlığını necə işıqlandırırsa, həqiqət də insanı elə nurlandırmalıdır. Məsəlləri araşdıranda onun bizim üçün ikiqat mənası olacaq.

Birincisi, biz İsrail tarixinin və gündəlik həyatının bütün təfərrüatlarını toplamalıyıq ki, məsəl onu ilk dəfə eşidənlərə təsir etdiyi kimi, bizi də təsir etsin. Biz düşünməli, araşdırmalı və o dövrə qayıtmalıyıq ki, hər şeyi İsanı dinləyənlərin gözü ilə görüb eşidək.

İkincisi, ümumiyyətlə, məsəllərdə yalnız bir fikir var. Məsəl — alleqoriya deyil. Alleqoriya — hər bir xırda detalın daxili mənası olan hekayədir. Alleqoriyanı oxumaq və təhlil etmək lazımdır. Məsəli isə sadəcə dinləyirlər. Məsəlləri alleqoriyaya çevirməmək üçün çox diqqətli olmaq lazımdır. Unutmamalıyıq ki, insan məsəli eşidəndə, həqiqət dərhal ona aşılanmalıdır.

TOXUM SƏPMƏYƏ ÇIXAN ƏKİNÇİ (Matta 13:1-9; 18-23)

İsraildə bu mənzərə hamıya tanış idi. Burada İsa Məsih məkan və zamandan xaric olanlardan danışmaq üçün indiki zamandan istifadə edir. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi yunan dilində mənasını yaxşı çatdırır: «Bir əkinçi toxum səpməyə çıxdı». İsa Məsih, sanki, konkret əkinçiyə işarə edir. O, ümumi əkinçilərdən danışmır.

İsa Məsih sahilə yaxın qayıqdan tribuna və ya kafedra kimi istifadə edəndə, yəqin ki, əkinçi yaxınlıqdakı təpədə toxum səpirdi. İsa hamının yaxşı gördüyü əkinçini nümunə gətirərək nitqinə başladı: «Tarlaya toxun səpən bu əkinçiyə baxın!» İsa həmin an onların görə bildiyi məsəldən başladı ki, buna qədər heç vaxt görmədiyi həqiqət onlara aşkar olsun.

İsraildə toxum səpməyin iki yolu var idi. Əkinçi tarlada gəzişib, əlini geniş açaraq toxum səpirdi. Təbii ki, külək əssəydi, o, toxumu istənilən yerə, bəzən isə tamamilə tarladan kənara apara bilərdi. İkinci üsul isə tənbəllər üçün idi. Bu üsul da tez-tez istifadə olunurdu: əkinçi eşşəyin belinə toxumla dolu bir kisə qoyur, kisəni deşir və eşşəyi tarla boyu irəli-geri gəzdirirdi. Taxıl isə həmin deşikdən tökülürdü. Bu halda taxılın bir hissəsi eşşək yolun arasından keçərkən, dönüb tarlaya qayıdanda tökülə bilərdi.

İsraildə tarlalar uzun zolaq şəklində idi. Zolaqlar arasındakı boşluq — qanuni yol sayılırdı. Ondan adi yol kimi istifadə edilirdi. Ona görə də həmin yoldan keçən saysız-hesabsız adamlar yolu səkiyə çevirmişdi. İsa Məsih yol dedikdə bu səkini nəzərdə tuturdu. Əgər toxum səkiyə düşürdüsə (təbii ki, bu qaçılmaz idi), əkinçi toxumu nə qədər yaxşı səpsə də, o, yalnız yoldakı kimi cücərə bilərdi. Daş-kəsəkli yerlər — torpaqda daşların çox olduğu yerlər deyil, İsrailə xas bərk torpaqdır, nazik, cəmi bir neçə santimetr, qayalı yerləri örtən torpaq təbəqəsidir. Belə torpaqda toxum, təbii ki, çox tez cücərir. Çünki torpaq günəş şüaları altında tez qızır. Ancaq torpaq dərin olmadığına görə toxumun kökü qida və su axtarışı ilə qayaya dirənir. Beləcə bitki istiyə tab gətirə bilməyib məhv olur.

Tikanlı yer aldadıcıdır. Əkinçi toxum səpəndə, yer kifayət qədər təmiz görünür. Bağçanı təmiz etmək çətin deyil — bunun üçün sadəcə torpağı şumlamaq kifayətdir. Lakin ayrığın66, alaq otlarının və hər cür zərərvericilərin lifli kökləri hələ də torpaqda qalır, onlar yenidən cücərməyə hazır olur. Yaxşı bağban bilir ki, alaq otları sürətlə böyüyür, yalnız bir neçə bitki alaq otları ilə rəqabət apara bilir. Nəticədə yetişdirilən bitkilər torpaqda gizlənmiş alaq otları ilə bir yerdə böyüyür. Lakin alaq otları o qədər güclü olur ki, onları boğur.

Münbit torpaq dərin, təmiz və yumşaq olur. Toxum torpağa düşəndən sonra qida tapıb, sərbəst böyüyə və bol məhsul verə bilər.

SÖZ VƏ DİNLƏYİCİ (Matta 13:1-9:18-23 (ardı))

Məsəl, həqiqətən, iki növ dinləyiciyə yönəlir.

O, sözü eşidənlərə yönəlir.

Məsihçi ilahiyyatçıları hesab edirlər ki, 13:18-23-dəki məsəlin təfsiri İsa Məsihin deyil, erkən İmanlı Cəmiyyətinin təbliğçilərinin təfsiridir. Əslində, belə deyil. Belə deyirdilər ki, məsəl alleqoriya deyil və qaydalar çərçivəsindən kənara çıxır. Bu da dinləyicinin ilk dəfədən onun mənasını qavraması üçün kifayət qədər ətraflı izah olunur. Əgər İsa Məsih, həqiqətən də, həmin vaxt toxum səpən əkinçini göstərirdisə, onda belə bir fikir əsassız görünür. Hər halda, müxtəlif torpaq növünü göstərən müxtəlif dinləyiciləri müəyyən edən təfsir İmanlı Cəmiyyətində həmişə mövcud olmuşdur. Şübhəsiz ki, bu, mötəbər mənbədən qaynaqlanır. Bəs nəyə görə İsa Məsihin Özündən deyil?

Əgər bu məsəli dinləyicilərə xəbərdarlıq kimi qəbul etsək, deməli, Allahın Kəlamını müxtəlif cür qəbul edənlər mövcuddur. Onların verdiyi bəhrə toxumun düşdüyü qəlbdən asılıdır. Hər danışılan sözün təsiri dinləyicidən asılıdır. Bir nəfərin dediyi kimi: «Deyilən ağıllı sözün təsiri onu deyənin dilindən deyil, eşidənin qulağından asılıdır». Zarafat — yumor hissi olan və gülümsəməyi bacaran insanla edilirsə, yerinə düşər. Amma zarafat yumor hissi olmayan birinə və ya həmin an gülmək əhval-ruhiyyəsində olmayan adamla edilirsə, puç olar. Bəs onda məsəldə təsvir olunan və xəbərdarlıq edilən bu dinləyicilər kimdir?

1. Bu, zehnini bağlamış dinləyicidir. Bəzi insanların zehninə sözün daxil olması saysız-hesabsız ayaqların tapdaladığı ​​torpaqda toxumun cücərməsi qədər çətindir. İnsanın zehnini çox şey bağlaya bilər. Şəxsi düşüncələr insanı o qədər kor edə bilər ki, o, görmək istəmədiyini görməsin. İnadkarlıq, yaxud yeni bir şey öyrənmək və ya öyrənməyi istəməmək, aşılması çətin olan maneələr ola bilər. Belə inadkarlıq insanın bilməli olduğu şeyi bilmək istəmədiyi qürurdan, ya da yeni həqiqət qarşısında qorxmasından, hətta riskli düşüncələrə qapılmaq istəməməsindən irəli gələ bilər. Bəzən insanın zehnini yaşadığı əxlaqsız həyat tərzi bağlaya bilər. Ola bilsin ki, həqiqət onun xoşladığı əməlləri ifşa edir və etdiyi hərəkətləri pisləyir. Çoxları isə onları ifşa edən həqiqəti eşitməkdən və ya bilməkdən imtina edir, çünki görmək istəməyən insan tamamilə kordur.

2. Bu, zehni dayaz torpağa bənzəyən dinləyicidir: o, işin sonunu düşünə bilmir. Bəzi insanlar, sözün əsl mənasında, dəbin əsiridir: onlar nəyəsə tez həvəslənir, tez də həvəsdən düşürlər. Onlar həmişə dəblə ayaqlaşmaq istəyirlər. Onlar özlərində yeni hobbi və yeni keyfiyyətləri inkişaf etdirmək istəyirlər, lakin çətinliklər yaranan kimi onlar bundan dərhal əl çəkir, həvəsdən düşür və hər şeyi kənara qoyurlar. Bəzi insanların həyatı başlayıb heç vaxt bitirmədiyi işlərlə doludur. İnsan sözə də bu cür yanaşa bilər; o, sözün təsirindən ilhamlana bilər. Amma heç bir insan təkcə hisslərlə yaşaya bilməz. İnsana ağıl verilib, o, mənəvi cəhətdən şüurlu imana malik olmalıdır. Məsihçilik insan qarşısında müəyyən tələblər qoyur. Bu tələbləri qəbul etməzdən əvvəl düşünmək lazımdır. Məsihçiyə təklif olunanlar təkcə imtiyaz deyil, həm də məsuliyyətdir. Ani alovlanan həvəs tezliklə közərən oda çevrilə bilər.

3. Bu, həyatında çoxlu maraqları olan dinləyicidir. Onun o qədər çox maraqları var ki, onlar həyatındakı ən vacib şeyləri kənara qoyur. Müasir həyatın fərqi onda çox şeyin olması və hər şeyin çatdırılmasından ibarətdir. İnsan o qədər məşğuldur ki, dua etməyə vaxtı yoxdur; o qədər işlərlə məşğuldur ki, Allahın Kəlamını öyrənməyi unudur. Onun xidmətə və xeyirxah işlərə başı qarışdığına görə məhəbbət və xidmətin Mənbəyi Olana vaxt tapmır. Digərləri işləri ilə o qədər məşğuldurlar ki, nəsə haqqında düşünmək üçün çox yorğun olurlar. Zahirən iyrənc və pis görünən şeylər təhlükəli deyil, yaxşı olan şeylər təhlükəlidir. Çünki əsl düşmən yaxşı görünənlərdir. Axı insan bilərəkdən duanı, Müqəddəs Kitabı və İmanlı Cəmiyyəti həyatından kənarlaşdırmır. Bəlkə də tez-tez onları xatırlayır və vaxt ayırmağa çalışır. Lakin məşğul həyatına görə onlara vaxt çatdırmır. Məsihin həyatımızda əsas yeri tutması üçün diqqətli olmaq kifayət deyil.

4. Bu adam münbit torpağa bənzəyən dinləyicidir. Onun söz qavrayışı dörd mərhələdən keçir. Onun zehni münbit torpaq kimi açıqdır. O, hər zaman öyrənməyə və dinləməyə hazırdır, qulaq asmaq üçün heç vaxt qürurlu və ya çox məşğul deyil. Bir çoxları vaxtında dayanıb müdrik dostun və ya Allahın səsinə qulaq assaydılar, çox dərddən xilas olardılar. Belə adam dərk edir; o, hər şeyi ölçüb-biçir, onun üçün nə demək olduğunu bilir və qəbul etməyə hazır olur. O, eşitdiyinə əməl edir. O, yaxşı toxumdan yaxşı bəhrə verir. Əsl dinləyici — eşidən, anlayan və itaət edəndir.

MƏYUS OLMAQ LAZIM DEYİL (Matta 13:1-9, 18-23 (ardı))

Dediyimiz kimi, məsəllərin iki mənası var. Məsəllərin sözü eşidənlərə necə təsir etdiyini artıq gördük. Bu, həm də sözü təbliğ edənlərə təsir etməlidir. Məsəl təkcə dinləyən kütləyə deyil, həm də yaxın şagirdlərə nəsə söyləməli idi.

Bəzən şagirdlərin ürəyində məyusluğun yarandığını görmək çətin deyil. Şagirdlərin gözündə İsa Məsih hamıdan müdrik və möhtəşəm idi. Lakin insan düşüncəsi baxımından Onun uğuru az idi. Sinaqoqların qapıları Onun üzünə bağlı idi. Ortodoksal yəhudi dininin rəhbərləri Onu şiddətlə tənqid edir və məhv etmək istəyirdilər. Düzdür, insanlar Məsihi dinləmək üçün Onun yanına gəlirdilər. Onlardan yalnız bir neçəsinin həyatları dəyişmişdi. Bir çoxları Ondan şəfa alıb, sonradan unutmuşdular. Şagirdlərin nəzərində İsa yalnız ortodoksal din rəhbərlərinin düşmənçiliyini qazanır və xalqda müvəqqəti maraq oyadırdı. Şagirdlərin məyus olmasında təəccüblü heç nə yoxdur.

Bu məsəl ruhdan düşmüş təbliğçiyə məhsulun mütləq olacağından xəbər verir. Ruhdan düşmüş təbliğçi üçün ibrət dərsi məsəlin kulminasiya nöqtəsində, bol məhsul verən toxumun təsvirində verilib. Bəzi toxumlar yol kənarına düşür və quşlar onları dənləyir; bəziləri daş-kəsəkli yerlərə düşür və heç vaxt sonadək yetişmir; bəziləri tikanların arasına düşə və orada boğulur. Lakin bütün bunlara baxmayaraq, məhsul olacaq. Heç bir əkinçi səpdiyi hər toxumun böyüyəcəyini və bəhrə verəcəyini gözləmir. O, yaxşı bilir ki, bəzilərini külək aparacaq, bəziləri isə böyüyə bilməyəcəyi yerə düşəcək. Amma o, əkməyi dayandırmır, hətta bol məhsulun olacağına ümid edir. Əkinçi inanır ki, bəzi toxumlar məhv olsa da, məhsul mütləq olacaq.

Beləliklə, bu məsəl kəlamı əkənləri ruhlandırır.

1. Allahın Sözünü əkən, məhsulun nəticəsinin necə olacağını bilmir. Tənha, qoca kişi olan Tomas haqqında hekayə var. Qoca bütün dostlarından çox yaşamışdı, getdiyi imanlı cəmiyyətində onu, demək olar ki, heç kim tanımırdı. Beləliklə, qoca Tomas öləndə, həmin imanlı cəmiyyətinə gələn, bu hekayəni nəql edən düşündü ki, dəfn mərasiminə heç kim gəlməyəcək. Buna görə qərar verdi ki, heç olmasa kimsə qoca Toması son mənzilə yola salsın.

Doğrudan da, başqa heç kim yox idi. Hava yağışlı və küləkli idi. Cənazəni qəbiristanlığa gətirdilər, qəbiristanlığın qapısında bir hərbçi gözləyirdi. Bu, zabit idi, amma paltarında heç bir fərqlənmə nişanı yox idi. Hərbiçi qoca Tomasın məzarına yaxınlaşdı, mərasim başa çatanda o, açıq məzarın önündə, sanki padşahın qarşısındakı kimi əli ilə hərbi salam verdi. O, briqada generalı idi, qəbiristanlıqdan çıxanda dedi: «Yəqin ki, buraya gəlməyim sizi təəccübləndirdi. Bir vaxtlar Tomas uşaq ibadətində mənim müəllimim olub. Mən çox dəcəl uşaq idim və onun üçün əsl cəza idim. O mənə nə qədər yaxşılıq etdiyini heç vaxt bilməyəcək. Amma bu gün nail olduğum hər şeyə görə yaşlı Tomasa borcluyam. Bu gün gəldim ki, ona son borcumu ödəyim». Tomas necə böyük iş gördüyünü bilmirdi, eləcə də heç bir müəllim və ya vaiz bunu bilə bilməz. Bizim işimiz toxum əkməkdir, qalanını Allaha həvalə etməkdir.

2. İnsan toxum əkəndə, o, dərhal toxumun cücərməsini gözləməməlidir. Təbiətdə hər şey vaxtında böyüyür. Palıd ağacının qozasının yetişməsi çox vaxt aparır. Ola bilsin ki, uzun müddətdən sonra əkilən söz insanın ürəyində bəhrə verəcək. Lakin çox vaxt insanın ürəyinə əkilən söz uzun müddət daxilində qalır. Bir gün bu söz qəfil cücərib insanı güclü imtahandan, hətta canını ölümdən xilas edər. Bizim dövrümüzdə hamı tez nəticə gözləyir. Amma biz səbirlə və ümidlə toxum əkməli, məhsulu isə bəzən uzun illər gözləməliyik.

10-17

HƏQİQƏT VƏ DİNLƏYİCİ (Matta 13:10-17:34-35)

Bu hissədə çətin yerlər çoxdur. Biz tələsmədən onların mənasını anlamağa çalışmalıyıq. Burada iki məqam var: onları başa düşsək, bütün hissə bizim üçün aydın olacaq.

13:11-də sirr kimi tərcümə olunan söz yunan mətnində misteriyadır. Söz əsl mənada istifadə olunub. Əhdi-Cədid dövründə misteriya sözü xüsusi mənada işlənirdi. Bizim təsəvvürümüzdə misteriya qaranlıq, çətin və ya başa düşülməyən sirli bir şey deməkdir. Lakin Əhdi-Cədid dövründə bu termin yad, həsr olunmamış adam üçün anlaşılmaz, həsr olunan üçün isə tamamilə aydın söz idi.

İsa Məsihin dövründə həm Yunanıstanda, həm də Romada dinin ən geniş yayılmış forması misteriya idi. Məsələn, Misirdə İsis və Osirisin misteriyası, Yunanıstanda Elefsina, Orfik, Samotrakiyanın misteriyası, Romada Vakha, Attis, Kiben, Mitranın misteriyası və s. Bütün bu misteriyalar ümumi xarakter daşıyırdı. Bunlar nə vaxtsa yaşamış, əzab çəkmiş və ölüb, yenidən xoşbəxtlik üçün dirilmiş hansısa tanrı haqqında əfsanəvi dini dramlar idi. Dramın daxili məzmunun izah edilməsi üçün həsr olunan adam uzun bir təhsil kursu keçirdi. Belə hazırlıq kursları aylarla, hətta illərlə davam edirdi. Dramın mahiyyətini dərk etmək üçün həsr olunmuş adam uzun müddət oruc tutmalı idi. Onu həyəcan və intizarda saxlamaq üçün hər şey edirdilər, yalnız bundan sonra onu drama baxmağa aparırdılar. Xüsusi bir mühit — süni işıqlandırma, buxur, təsirli musiqi, çox vaxt da möhtəşəm liturgiya yaradılırdı. Səhnədə tanrı haqqında hekayə təsvir olunarkən həsr olunan adamda həmin tanrı ilə tam birlik hissi oyatmalı idi. Həsr olunan adam, sözün əsl mənasında, həmin tanrının həyatına, əzablarına, ölümünə və dirilməsinə şərik olmalı, sonra isə onun ölməzliyini bölüşməli idi. Tamaşanın sonunda həsr olunan adam «Mən sənəm, sən də mənsən!» deyə qışqırırdı.

Misteriya kənar adam üçün heç bir məna kəsb etmir. Həsr olunan adam üçünsə son dərəcədə qiymətlidir. Əslində, Rəbbin Süfrəsində iştirak etməyimiz eyni xarakter daşıyır: əvvəllər buna bənzər bir şey görməyən insan üçün bir qrup insanın balaca çörək tikələrini götürüb, bir qurtum şərab içməsi qəribə görünəcək. Ancaq burada baş verənlərin və xidmətin mənasını başa düşən adam üçün bu, iman yolunda ən qiymətli və ən təsirli ibadətdir.

Beləcə İsa Məsih şagirdlərinə deyir: «Kənar adamlar dediklərimi başa düşə bilməz, siz isə Məni tanıyırsınız, Mənim şagirdlərimsiniz, ona görə başa düşə bilərsiniz».

Məsihçiliyi onun daxilində olarkən dərk etmək mümkündür. Yalnız İsa Məsihlə şəxsən görüşən insan onu başa düşə bilər. Məsihçiliyi kənardan tənqid etmək onu bilmədən tənqid etmək deməkdir. Ancaq şagird olmağa hazır olan insan məsihçi imanının ən dəyərli cəhətlərini dərk edə bilər.

HƏYATIN DƏYİŞMƏZ QANUNU (Matta 13:10-17, 34-35 (ardı))

İkinci ümumi məqam: 13:12-dəki ifadə belə səslənir: kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. İlk baxışdan bu, çox sərt görünür. Lakin bu, heç də sərt deyil. Sadəcə olaraq, həyatın dəyişməz qanununun təsdiqidir. Həyatın bütün sahələrində kimin varıdırsa, ona çox verilir, kimin yoxudursa, əlində olan da alınır. Elm sahəsində biliyini artırmaq üçün səy göstərən tələbə get-gedə daha çox şey öyrənir.

Məhz ona elmi tədqiqatlar üzrə iş, daha dərin problemlərin öyrənilməsi həvalə olunur və o, daha qabaqcıl kurslara göndərilir. Çünki onun zəhmətkeşliyi və çalışqanlığı, fədakarlığı və dəqiqliyi onu bu biliyi almasına layiq görür. Eləcə də, əksinə, zəhmət çəkmək istəməyən tənbəl tələbənin və ya şagirdin sahib olduğu biliyi itirməsi istər-istəməz qaçılmaz olacaq. Çoxları məktəbdə ingilis, fransız, alman və ya başqa xarici dildə müəyyən biliklər alıblar. Sonra hər şeyi tamamilə unudublar, çünki heç vaxt biliklərini inkişaf etdirməyə və ya tətbiq etməyə çalışmayıblar. Çoxlarının oyunlarda və idmanda müəyyən bacarığı, hətta məharəti var idi. Daha sonra bununla bir də məşğul olmadıqlarına görə hər şeyi itiriblər. Çalışqan və zəhmətkeş insan getdikcə daha çox əldə edir, tənbəl isə əlində olanı da itirir. İstənilən bacarıq və ya istedadı inkişaf etdirmək olar. Nəzər alsaq ki, həyat daim hərəkətdədir, onlar inkişaf etdirilməsə, yox olacaq.

Xeyirxahlıq da bu cürdür. Hər bir sınaq bizi növbəti sınaqdan keçmək üçün getdikcə daha da bacarıqlı edir. Təslim olduğumuz hər sınaq isə növbəti sınaqdan keçmək şansımızı daha da azaldır. Hər bir xeyirxah əməl, hər bir nəfsə hakim olmaq və xidmət bizi gələcəkdə daha bacarıqlı edir. Lakin belə imkandan istifadə etməyəndə, gələcəkdə ondan yararlanmaq imkanımızı da azaldır.

Həyat — malik olduqlarına nəsə əlavə etmək və ya sahib olduqlarını itirmək prosesidir. İsa Məsih burada vurğulayır ki, insan Ona nə qədər yaxın olacaqsa, məsihçi kamilliyinə bir o qədər yaxınlaşacaq. Ondan nə qədər çox uzaqlaşsa, bir o qədər xeyirxahlığa az nail olacaq. Çünki zəiflik də güc kimi getdikcə artır.

İNSANIN KORLUĞU VƏ ALLAHIN MƏQSƏDİ (Matta 13:10-17:34-35 (ardı))

13-17-ci ayələr Müjdənin ən çətin hissəsidir. Bu hissənin müxtəlif Müjdələrdə müxtəlif cür verilməsi artıq ilk İmanlı Cəmiyyətində çətinliyin nə qədər hiss edildiyini göstərir. Markın Müjdəsinin ən qədim olduğunu nəzərə alsaq, İsa Məsihin sözlərinin orada dəqiq yazıldığını güman etmək olar. Markın Müjdəsi 4:11-12-də deyilir: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir. Belə ki «Gördükcə görsünlər, amma qanmasınlar, eşitdikcə eşitsinlər, amma anlamasınlar, yoxsa onlar dönüb bağışlanar»«.

Əgər bu sözlərin həqiqi mənasına varmadan, hərfi mənasını götürsək, onda qeyri-düzgün nəticə çıxara bilərik: yəni İsa Məsih kənar adamlarla məsəllərlə ona görə danışırdı ki, onlar heç nə başa düşməsinlər, Allaha tərəf dönməsinlər və bağışlanmasınlar.

Mattanın Müjdəsi Markın Müjdəsindən daha sonra yazıldığına görə, onda əhəmiyyətli dəyişiklik edilib: «Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, «gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar»«.

Mattaya görə, İsa Məsih məsəllərlə ona görə danışırdı ki, insanlar kar və kor olduğundan həqiqəti başqa cür görə bilmirdilər.

Qeyd edək ki, İsa Məsih bu ifadəni Yeşaya peyğəmbərin kitabı 6:9-10-dan sitat gətirir. Bu hissə də insanları çətin vəziyyətə salır.

«Get bu xalqa bunu çatdır: «Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönüb şəfa tapmasınlar»».

Yenə də elə səslənir ki, sanki Allah qəsdən insanların gözlərini kor, qulaqlarını kar və ürəklərini inadkar edib. Buna görə də onlar heç nə başa düşmürlər. İnsanda belə bir təəssürat yaranır ki, xalqın həqiqəti dərk etməməsinin səbəbi Allahın düşünülmüş fəaliyyətinin nəticəsidir.

Matta Markın dediyini yumşaltdığı kimi, Müqəddəs Yazıların yunanca tərcüməsi olan Septuaqintada və İsanın dövründə əksər yəhudilərin istifadə etdiyi variant, orijinal ibrani məzmununu yumşaldır: «Get bu xalqa bunu çatdır: «Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyi kütləşib, qulaqları ağır eşidir, gözlərini yumub ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönmürlər ki, şəfa tapsınlar»».

Septuaqinta, belə demək mümkünsə, məsuliyyəti Allahın üzərindən götürüb, xalqın üzərinə qoyur.

Bütün bunlar nə ilə izah olunur? Necə olursa olsun, bir şey dəqiqdir — bu, İsa Məsihin təlimini qəsdən insanların başa düşə bilməyəcəyi şəkildə çatdırması mənasına gəlmir. İsa gəlmədi ki, həqiqəti insanlardan gizlətsin. O, həqiqəti insanlara açmaq üçün gəldi. Şübhəsiz ki, insanların bu həqiqəti başa düşəcəyi vaxtlar da olub.

Pis bağbanlar məsəlindəki xəbərdarlığı eşidən ortodoksal yəhudi rəhbərlər hər şeyi yaxşı başa düşüb, bu xəbərdən qorxaraq «Qoy belə olmasın!» dedilər (Luka 20:16). 13:34-35-dəki hissədə İsa Məsih məzmurçunun sözlərini nümunə gətirir:

Ey xalqım, təlimimi dinləyin,

Dilimdən çıxan sözləri eşidin.

Ağzımı bu məsəllə açıb

Keçmişdəki müəmmaları bəyan edəcəyəm.

Bunları eşitmişik, bilirik,

Bizə atalarımız nəql edib.

Bu sitat Zəbur 78:1-3 ayələrindən götürülmüşdü. Məzmurçu bilirdi ki, onun dedikləri başa düşüləcək. O, insanlara onların və atalarının bildiyi həqiqəti xatırladır.

Həqiqət bundan ibarətdir ki, İsa tərəfindən istifadə olunan Yeşaya peyğəmbərin sözlərini anlayışla oxumalı, eyni zamanda özümüzü həm Yeşayanın, həm də İsanın yerinə qoymalıyıq. Bu söz bizə üç şey haqqında danışır.

1. Bu sözlər peyğəmbərin çaşqınlığından bəhs edir. Peyğəmbər insanlara tamamilə aydın bir xəbər gətirir və onların bunu başa düşməməsi onu heyrətə salır. Belə vəziyyətlə vaizlər və müəllimlər dəfələrlə qarşılaşıb. Çox vaxt insanlara nəyisə təbliğ edəndə, öyrədəndə və ya müzakirə edəndə bizə tamamilə uyğun və aydın görünən, son dərəcədə maraqlı və vacib bir şey haqqında danışmağa çalışırıq. Onlar isə buna maraq və anlayış göstərmədən dinləyirlər. Görünür, bizim üçün əhəmiyyətli olanın onlar üçün əhəmiyyətsiz olması, bizi alovlandırana onların soyuqqanlıqla yanaşması, ürəyimizə toxunan şeylərə onların laqeyd qalması bizi təəccübləndirir. Belə vəziyyətlə hər vaiz, hər müəllim və hər müjdəçi qarşılaşır.

2. Bu sözlər peyğəmbərin məyusluğundan bəhs edir. Yeşayaya elə gəlirdi ki, onun vəzi xeyirdən çox zərər gətirir. O elə düşünürdü ki, daş və divara uğurla danışa bilər, amma kor və kar insanların ağlına və ürəyinə yol tapa bilməz. Bütün cəhdlərə baxmayaraq, onlar yaxşıya doğru dəyişməkdənsə, daha pis olurdular. Yenə də belə bir hiss müəllim və vaizdə yarana bilər. Elə vaxtlar olur ki, bütün səylərimizə baxmayaraq, doğru yola yönəltməyə çalışdığımız insanlar Məsihin yoluna yaxınlaşmaqdansa, ondan uzaqlaşırlar. Sanki sözlərimizi külək aparır, çatdırdığımız xəbər insan laqeydliyinin keçilməz divarına çırpılır. Adama elə gəlir ki, bütün zəhməti hədər gedir. Çünki sonda bu insanlar əvvəlkindən daha çox Allahdan uzaq düşürlər.

3. Lakin bu sözlər təkcə peyğəmbərin çaşqınlığından və məyusluğundan deyil, həm də onun ağlasığmaz böyük imanından bəhs edir. Burada biz yəhudi əqidəsi ilə üz-üzə gəlirik. O olmadan peyğəmbərlərin, İsanın Özünün və ilk İmanlı Cəmiyyətinin nə dediyi aydın olmazdı.

Yəhudi inancına görə, bu dünyada Allahın iradəsi olmadan heç nə baş vermir. İnsanların eşidib— eşitməməsi də Allahın iradəsidir. İnsanların həqiqəti dərk edib-etməməsi də Allahın iradəsidir. Yəhudilər qətiyyətlə inanırdılar ki, Allahın nəzərində hər şeyin öz yeri var. O, müvəffəqiyyət və uğursuzluğu, xeyir və şəri Öz planına uyğun müəyyən edir.

Onların fikrincə, hər şeyin sonu — xeyirdir. Romalılara məktub 9-11-də Paul bunu nəzərdə tuturdu. Bu fəsillərdə Allahın seçilmiş xalqı olan yəhudilərin Allahın həqiqətini necə rədd etməsindən, Allahın Oğlu onların yanına gələndə Onu Çarmıxa çəkməsindən söhbət gedir. Bu, izaholunmaz görünsə də, nəticəsi nə oldu? Xoş Xəbər başqa millətlərə çatdı, sonda o, bir daha yəhudilərə toxunacaq. Belə görünür ki, pislik daha böyük xeyirə çevrilir. Çünki bütün bunlar Allahın iradəsinə daxildir.

Yeşaya peyğəmbərin yaşadıqları bu idi. Əvvəlcə o, çaşqın və məyus olmuşdu, sonra ümid işığını görüb belə dedi: «Mən bu insanları və onların davranışlarını başa düşə bilmirəm. Amma bilirəm ki, bütün bu uğursuzluqlar Allahın son məqsədinin bir hissəsidir. Allah bütün bunlardan Öz izzəti və insanların rifahı üçün istifadə edir». İsa Məsih Yeşaya peyğəmbərin sözlərindən istifadə edib, şagirdlərini ruhlandırmaq istədi. Mahiyyətcə, İsa onlara belə dedi: «Bilirəm, siz məyus olursunuz. İnsanlar qəlblərini və gözlərini həqiqət üçün bağlayanda, özünüzü necə hiss etdiyinizi anlayıram. Lakin bunda Allahın məqsədi var. Bir gün siz də bunu görəcəksiniz».

Bu bizi də ruhlandırmalıdır. Bəzən biz uğurlarımızı görəndə, razı qalırıq; bəzən bizə elə gəlir ki, qarşımızda yalnız quru torpaq və uğursuzluqlar var. İnsanların gözündə belə görünə bilər. Lakin bütün bunların, hətta uğursuzluqların arxasında hər şeyi bilən, hər şeyə qadir olan Allah dayanır. O, uğursuzluqları da Səmavi planına daxil edir. Allahın planında heç bir geriləmə və çıxılmaz vəziyyət yoxdur.

18-23

13:18-23 ayələrin şərhinə 13:1-9 bölməsində baxın.

24-30

DÜŞMƏNİN FƏALİYYƏTİ (Matta 13:24-30, 36-43)

Bu məsəlin təsvirləri yəhudi dinləyicilərə tanış idi və yaxşı başa düşülürdü. Dəlicələr — alaq otları — kəndlinin sərt mübarizə aparmalı olduğu bir bəla idi. Həmin ot tüklü vetch adlanırdı. Cücərmə mərhələlərində dəlicələr buğdaya o qədər bənzəyir ki, onları bir-birindən ayırmaq mümkün deyil. Onları yalnız sünbüllənməyə başlayanda asanlıqla ayırd etmək olur. Ancaq o vaxta qədər onların kökləri bir-birinə elə dolaşır ki, buğdanı qoparmadan dəlicəni çıxarmaq mümkün olmur.

V.Tomson «Torpaq və kitab» kitabında El Hamamda dəlicə gördüyünü deyir:

«Taxıl elə inkişaf mərhələsində olur ki, bu da məsəldə deyilənlərə tam uyğun gəlir. Taxılın cücərdiyi yerlərdə dəlicələr də cücərir. Hətta uşaq da onları arpa ilə səhv sala bilməz. Amma erkən inkişaf mərhələsini diqqətlə yoxlayanda, onları ayırd etmək çətin olur. Mən heç özüm də bunu edə bilmərəm. Hətta bu ölkədə öz tarlasını alaq otlarından təmizləyən kəndlilər onları ayırd etməyə çalışmır. Məsələ onların dəlicənin əvəzinə buğdanı kökündən qoparmasında deyil. Adətən, dəlicə ilə buğdanın kökü bir-birinə o qədər bağlı olur ki, ikisini də çəkmədən onları bir-birindən ayırmaq olmur. Ona görə də biçinə qədər gözləyirlər».

Böyümə zamanı buğdanı dəlicədən ayırmaq olmaz, bunu sonda etmək lazımdır. Çünki dəlicənin toxumları bir qədər zəhərlidir. O, başgicəllənməyə və ürəkbulanmaya səbəb olur, narkotik maddə təsirinə malikdir. Hətta dadı acı və xoşagəlməz olur. Adətən, onları xırmanda əllə ayırırlar. Səyyahlardan biri bunu belə təsvir edir:

«Dəyirmana gedən toxumların arasından dəlicələri seçmək üçün qadınlar işə götürülür. Adətən, buğdanın dəlicədən ayrılması prosesi biçindən sonra aparılır. Taxılı böyük sinidə qadınların qarşısına qoyurlar. Onlar ölçüsünə və formasına görə buğdaya bənzəyən, lakin mavi ilə bozun qarışığında olan dəlicələri seçirlər. Beləliklə, ilkin mərhələlərdə dəlicələr buğdadan fərqlənmir. Sonda isə ciddi nəticələrin qarşısını almaq üçün böyük zəhmətlə buğdadan ayrılmalıdır».

Kiminsə tarlasına bilərəkdən dəlicə səpən adamın təsviri heç də saf təxəyyülün məhsulu deyil. Bəzən, doğrudan da belə edirdilər. Bu gün Hindistanda kəndli üçün bu, ən dəhşətli təhlükə hesab olunur: «Mən sənin tarlana zərərli toxumlar səpəcəyəm». Kodifikasiya edilmiş Roma qanunlarında belə bir cinayətə görə xüsusi cəza nəzərdə tutulmuşdu.

Bu məsəlin bütün təsvirləri və mənzərəsi onu ilk dəfə eşidən Qalileya sakinlərinə yaxşı tanış idi.

MÜHAKİMƏ ZAMANI (Matta 13:24-30, 36-43 (ardı))

Mahiyyətinə görə bu məsəl İsa Məsihin danışdığı bütün məsəllərin ən praktik olanıdır.

1. Bu məsəl bizə öyrədir ki, dünyada yaxşı toxumu məhv etmək istəyən düşmən var. Təcrübə göstərir ki, həyatımız həmişə iki təsirə məruz qalır: onlardan biri söz toxumunun cücərməsinə və böyüməsinə kömək edir, digəri isə yaxşı toxumu bəhrə vermədən məhv etməyə çalışır. Buna görə də həmişə ayıq-sayıq olmalıyıq.

2. Bu məsəl bizə öyrədir ki, kimin Allahın Padşahlığında olmasını, kimin olmamasını ayırd etmək çox çətindir. İnsan yaxşı görünə bilər, əslində isə, pisdir. Digəri pis görünə bilər, əslində isə, yaxşıdır. Biz çox vaxt bütün faktları bilmədən insanları bu və ya digər sinfə, yaxşı və ya pis kateqoriyalara ayırmağa tələsirik.

3. Bu məsəl bizə ittihamlarımızda təmkinli olmağı öyrədir. Əgər biçinçilər bildiklərini etsəydilər, onlar mütləq dəlicələrlə birlikdə buğdaları da kökündən qoparardılar. Mühakimə məhsul yığımına qədər təxirə salınmalıdır. Sonda insan bir əməlinə, bir dövrə görə deyil, bütün həyatına görə mühakimə olunacaq. Mühakimə yalnız sonda olacaq. İnsan səhvə yol verə, sonra onu düzəldə və Allahın lütfü ilə öz ləyaqətini qoruyaraq, məsihçi həyatı yaşaya bilər. Başqası isə mömin həyat tərzi sürüb, sonda günaha bataraq hər şeyi korlaya bilər. Yalnız bir hissəni görən ümumi mühakimə edə bilməz. İnsanın həyatının yalnız bir hissəsini bilən adam onu mühakimə edə bilməz.

4. Bu məsəl bizə hökmün sonda gələcəyini öyrədir. Hökm gəlməyə tələsmir, amma hökm gələcək; mühakimə mütləq olacaq. Bəlkə də insan nöqteyi-nəzərindən günahkar şəxs bu dünyada nəticədən qaça biləcək, amma qarşıda qiyamət günü var. İnsanda elə bir təəssürat yarana bilər ki, yaxşılıq onsuz da mükafatlandırılmır, lakin yer üzündəki nəticəni dəyişdirəcək gələcək dünya hələ qarşıdadır.

5. Bu məsəl bizə öyrədir ki, yalnız Allah mühakimə edə bilər. Təkcə Allah pisi yaxşıdan mükəmməl şəkildə ayıra bilər, təkcə Allah insanı və onun bütün həyatını görür. Yalnız Allah hökm verə bilər. Beləliklə, bu məsəl həm insanları qətiyyən mühakimə etməməyi, həm də sonda hər kəsin mühakimə olunacağı barədə xəbərdarlıq edir.

31-32

TƏVAZÖKAR BAŞLANĞIC (Matta 13:31-32)

İsraildə xardal yetişdirilməsinin özünəməxsus xüsusiyyətləri var idi. Düzünü desək, xardal toxumu ən kiçik toxum deyil; sərv ağacının toxumu daha kiçikdir. Lakin Şərqdə xardal toxumu kiçik ölçüsünə görə atalar sözünə çevrilib. Məsələn, yəhudilər bir damla qan haqqında danışanda onu xardal toxumuna bənzədirdilər. Yaxud Qanunun ən kiçik pozuntusundan danışanda, xardal toxumu qədər pozuntunu nəzərdə tuturdular. Bəli, İsa Məsih Özü də imanla bağlı xardal toxumu boyda imandan danışanda, bu ifadədən istifadə etmişdi (Matta 17:20).

İsraildə belə kiçik xardal toxumundan böyük ağac yetişirdi. «Torpaq və kitab» kitabında V.Tomson yazır: «Mən bu bitkini zəngin Akar dərəsində üzərində atlı olan at hündürlüyündə gördüm». Sonra əlavə edir: «Bələdçimin köməyi ilə mən hündürlüyü 3,5 metrdən çox olan əsl xardal ağacını kökündən çıxartdım». Bu məsəldə heç bir mübaliğə yoxdur.

Bundan başqa, xardal kollarının və ya ağaclarının arasında quşların yuva qurmasını görmək göz oxşayır. Çünki quşlar bu yumşaq qara toxumları xoşlayır və onları dənləmək üçün ağacın üzərinə qonur.

İsa Məsih deyir ki, Onun Padşahlığı böyüyəndə ağaca çevrilən xardal toxumuna bənzəyir. Buradakı fikir tamamilə aydındır: Allahın Padşahlığı ən kiçikdən başlayır, lakin insanlardan heç kim onun harada sona çatacağını bilmir. Şərqdə, eləcə də Əhdi-Ətiqin özündə böyük imperiyalar məcazi mənada böyük ağac, fəth edilmiş xalqlar isə həmin ağacın budaqlarında istirahət edən və yuva quran quşlar şəklində təsvir olunur (Yezekel 31:6). Bu məsəl bizə öyrədir ki, Səmavi Padşahlıq kiçik bir şeydən başlayır, sonda çoxlu millətlər oraya toplanacaq.

Tarix də göstərir ki, böyük şeylər həmişə kiçik şeylərdən başlayır.

1. Bütün sivil dünyanın inkişafını tamamilə dəyişdirə bilən hansısa fikir bir insandan başlaya bilər. Britaniya İmperiyasında qaradərililərin azad edilməsinin təşəbbüskarı Vilyam Vilberfors olmuşdur. Bu fikir onda qul ticarəti haqqında kitab oxuyarkən yarandı. Vilberfors həmin dövrdə İngiltərənin baş naziri Vilyam Pittin yaxın dostu idi. Bir gün Vilberfors Vilyam Pitt və digər dostları ilə birlikdə bağçasında oturmuşdu. Onun qarşısında gözəl mənzərə açılırdı. Ancaq düşüncələrini insan həyatının çətinlikləri bürümüşdü. Birdən Vilyam Pitt ona tərəf çevrilib dedi: «Vilberfors, niyə də qul ticarətinin inkişafını nəzərdən keçirmirsən?» Həmin fikir bir insanın beyninə əkilmişdi və bu ideya yüz minlərlə insanın həyatını dəyişdi. İdeya onu həyata keçirməyə hazır olan insan tapmalıdır. Lakin həmin insanı tapan kimi heç nə onu dayandıra bilmir.

2. Məsih haqqında şəhadət bir şəxslə başlaya bilər. Bir kitabda deyilir ki, müxtəlif ölkələrdən olan bir qrup gənc Məsihin Müjdəsini insanlar arasında necə yaymaq barədə müzakirə aparır. Onlar təbliğatdan, ədəbiyyatdan, iyirminci əsrdə Müjdəni yaymağın bütün mümkün imkanlarından danışırdılar. Sonra Afrikadan olan bir qız danışdı: «Biz kəndlərin birində Müjdəni yaymaq istəyəndə, oraya kitab göndərmirik. Biz bir məsihçi ailəsini seçib həmin kəndə yaşamağa göndəririk. Onlar öz həyat tərzi ilə kəndi Məsihə gətirir». Çox vaxt hansısa qrupda və ya cəmiyyətdə, məktəbdə və ya fabrikdə, emalatxanada və ya ofisdə bir adamın şəhadəti kifayətdir. Məsihə iman edən alovlu bir kişi və ya qadın, bir gənc oğlan və ya qız başqalarını da alovlandırır.

3. Eləcə də reformasiya və ya islahatlar bir insandan başlayır. Məsihçi cəmiyyətlərinin tarixinin ən möhtəşəm səhifələrindən biri — Telemaxın tarixidir. O, səhrada yaşayan tərki-dünya insan idi. Amma günlərin bir günü Allah ona Romaya getməli olduğunu deyir. Beləcə o, Romaya gedir. Roma rəsmi olaraq artıq məsihçi imperiyası idi. Lakin şəhərdə insanların bir-biri ilə vuruşduğu və izdihamın qana susadığı qladiator döyüşləri davam edirdi. Telemax oyunların keçirildiyi bir yer tapdı. 80 000 tamaşaçı amfiteatrı doldurmuşdu. Telemax bundan dəhşətə gəlmişdi. Məgər məsihçi adlanan və bir-birini öldürən bu insanlar Allahın övladlarıdır? Telemax oturduğu yerdən birbaşa arenaya atıldı və qladiatorların arasında dayandı. Onu itələdilər, amma o, yenə qladiatorların arasında dayandı. Camaat qəzəblənib, ona daş atmağa başladı. O isə əl çəkmədi. Nəzarətçinin əmri ilə qılınc çəkildi və Telemax ölü kimi yerə düşdü. Camaat nəyin baş verdiyini anlayanda, birdən sükut çökdü: mömin adam öldürülmüşdü. Həmin gün Romada nəsə baş verdi, çünki o vaxtdan bəri bir daha Romada qladiator döyüşləri keçirilmədi. Bir adam öz ölümü ilə imperiyanı təmizlədi. Kimsə həmişə islahatlara başlamalıdır. Bütün xalq arasında olmasa da, qoy o, evindən və ya iş yerindən başlasın. Kimsə bu dəyişikliyin nə ilə bitəcəyini bilmir.

4. Eyni zamanda, bu məsəl, İsanın danışdığı digər məsəllər kimi, Onun Özündən bəhs edirdi. Çünki şagirdləri bəzən ümidsizliyə qapılırdılar, axı onlar çox az, dünya isə çox böyükdür. Onlar necə dünyaya sahib çıxıb onu dəyişəcəklər? Bununla belə, İsa Məsihlə birlikdə dünyaya yenilməz bir güc gəldi. Bir dəfə ingilis yazıçısı Herbert Uells demişdi: «Məsih tarixdə əsas fiqurdur... Heç bir teoloji inancı olmayan tarixçi başa düşür ki, Nazaretdən olan zavallı müəllimi birinci yerə qoymadan bəşəriyyətin tərəqqisini vicdanla təsvir etmək mümkün deyil». Məsəldə İsa Məsih şagirdlərinə və bu gün davamçılarına deyir ki, heç bir halda ruhdan düşməsinlər, yer üzündəki padşahlıqlar Allahın Padşahlığına çevrilənə qədər hər kəs öz yerində xidmət və şəhadət etməli, eləcə də kiçik bir başlanğıc olmalıdır.

33

MƏSİHİN DƏYİŞDİRİCİ QÜDRƏTİ (Matta 13:33)

Bu fəsildə ən maraqlısı odur ki, Məsih məsəllərini gündəlik həyatdan götürmüşdür. O, dinləyicilərinə onlara yaxşı məlum olan nümunələrlə danışırdı ki, onları daha dərindən düşünməyə yönəltsin. O, əkinçi haqqında məsəli kəndlinin tarlasından, xardal toxumu məsəlini üzüm bağından, dəlicələr məsəlini əkinçinin alaq otlarına qarşı apardığı mübarizədə qarşılaşdığı gündəlik problemlərdən, tor məsəlini isə Qalileya gölü sahilindən götürüb. Gizli dəfinə məsəlini tarlada gündəlik qazma işindən, mirvari məsəlini ticarət və alış-veriş sahəsindən götürüb. Xəmir mayası məsəlini isə O, sadə evin mətbəxindən nümunə gətirib.

İsraildə çörəyi evdə bişirirdilər. Üç kisə67 un Nazaretdə kifayət qədər böyük bir ailəyə çörək bişirmək üçün istifadə olunan orta miqdarda un idi. Padşahlıq haqqındakı məsəli İsa Məsih anası Məryəmin dəfələrlə gördüyü işlərdən götürüb. Xəmirin mayası — boyat çörəyin acımış xəmirinin bir tikəsidir. Yəhudi dünyagörüşünə görə, maya, adətən, insana pis təsirlə əlaqələndirilirdi. Yəhudilər acımanı çürümə ilə əlaqələndirirdilər, maya isə pisliyin rəmzi idi (Matta 16:6; 1Korinflilərə 5:6-8; Qalatiyalılara 5:9 ilə müqayisə edin). Pasxa bayramına hazırlıq mərasimlərindən biri o idi ki, evin hər tərəfində olan maya tapılıb yandırılmalıdır. Ola bilsin ki, İsa Məsih Padşahlıq haqqında danışanda bu məsəli bilərəkdən seçib. Padşahlığın maya ilə bu cür müqayisəsi dinləyiciləri sarsıtmalı idi. Gözlənilməz və qeyri-adi müqayisə, həmişəki kimi, böyük maraq və diqqət oyatmalı idi.

Məsəlin bir mənası var — maya dəyişdirici təsirə malikdir. Acımış xəmir çörəyi bişirmək prosesini dəyişir. Mayasız çörək bərk, quru, dadsız peçenyeyə bənzəyir. Mayalı çörək isə yumşaq, məsaməli, dadlıdır və ləzzətlə yeyilir. Maya xəmirin tərkibini tamamilə dəyişdirir, Padşahlığın gəlişi də həyatı dəyişdirir.

Bu dəyişilmənin xüsusiyyətlərini xülasə edək:

1. Məsihçilik insanın həyatını dəyişir. Paul Korinflilərə birinci məktub 6:9-10-da ən pis və iyrənc günahkarların siyahısını verir, sonra isə növbəti ayədə maraqlı ifadə qeyd edir: «Sizlərdən bəzisi belə idi». Biz heç vaxt unutmamalıyıq ki, Məsihin qüdrəti və səlahiyyəti pis insanı yaxşı insan edə bilər. Məsihçilikdə insanın dəyişilməsi onun həyatından başlayır, çünki İsa Məsih vasitəsilə hər kəs qalib ola bilər.

2. Məsihçilik həyatı dörd mühüm sosial baxımdan dəyişir. Məsihçilik qadının həyatını dəyişmişdi. Yəhudi hər səhər duasında Allaha şükür edirdi ki, onu nə qeyri-yəhudi, nə qul, nə də qadın yaradıb. Yunan cəmiyyətində qadın son dərəcə tənha həyat tərzi keçirir və yalnız ev işləri ilə məşğul olurdu. K. Frimen hətta Afinanın qüdrətli və şöhrətli dövründə uşaq və ya gəncin həyatını belə təsvir edir:

«O, evə gələndə ailə — ailə deyildi: ata nadir hallarda evdə olurdu, ana isə «yox dərəcəsində» idi. Ana vaxtının çox hissəsini evdəki digər qadınlarla keçirirdi. Görünür, o, anasını nadir hallarda görürdü».

Şərqdə ailəni yolda tez-tez bu cür görmək olardı: kişi eşşəyin üstündə, qadın isə piyada gedirdi, bəzən ağır yükün altında yeriyirdi. Tarix aydın göstərir ki, məsihçilik qadının həyatını dəyişib.

3. Məsihçilik zəiflərin və xəstələrin həyatını dəyişib. Bütpərəstlikdə zəif və xəstələrə həmişə maneə kimi baxılırdı. Spartada yeni doğulmuş uşağı diqqətlə yoxlayırdılar: əgər o, sağlam və yararlı olurdusa, yaşaya bilərdi; zəif və ya şikəst idisə, dağın yamacında ölümə tərk edilirdi. Deyirlər ki, korlar üçün ilk sığınacaq məsihçi rahib Falasi tərəfindən təşkil edilib. Yoxsullar üçün ilk pulsuz aptek məsihçi taciri Apolloni tərəfindən yaradılıb. Bizə yazılı şəkildə gəlib çatan ilk xəstəxana zadəgan mənşəli məsihçi qadın Fabiola tərəfindən təsis olunub. Məsihçilik xəstə və zəiflərə maraq göstərən ilk iman yolu idi.

4. Məsihçilik yaşlıların həyatını dəyişib. Xəstələr kimi yaşlılara da maneə kimi baxırdılar. Roma yazıçısı Katon «Kənd təsərrüfatı haqqında» traktatında əkinçilərə belə məsləhət verir: «Mal-qaraya bax və hərracı yüksək saxla. Yağ baha olanda, onu sat; artıq taxılı və şərabı sat; istismar edilmiş öküzləri, qüsurlu qoyunları, qoyunların yununu, dərisini, köhnə arabaları, alətləri, yaşlı və xəstə qulları, artıq nə varsa hər şeyi sat». Öz gündəlik işlərini yerinə yetirən qocalar yararsız adam kimi zibilliyə atılmağa layiq görülürdü. Məsihçilik ilk iman yoludur ki, insanları müəyyən iş görməyə qadir alətlər deyil, şəxs kimi görür.

5. Məsihçilik uşağın həyatını dəyişib. Qədim dövrdə məsihçiliyin yaranmasından bir qədər əvvəl nikah münasibətləri get-gedə pisləşməyə başladı və ailənin mövcudluğu təhlükə altına düşdü. Boşanmalar o qədər adi hala çevrilmişdi ki, bir qadının hər il yeni ərinin olmasında qeyri-adi və ya qəbahətli heç nə yox idi. Belə bir şəraitdə uşaqların yaşaması fəlakət idi. Uşaqları taleyin öhdəsinə buraxmaq adəti — faciəvi xarakter almışdı. İsgəndəriyyədə müvəqqəti olan Hilarionun evdə qalan həyat yoldaşı Álisa yazdığı belə bir məşhur məktub var. O, belə yazır: «Əgər bəxtin gətirib uşaq doğsan, oğlan olsa, yaşasın, qız olsa, onu at». Müasir dövrdə, demək olar ki, həyat uşaqlar ətrafında qurulur. Qədim dövrdə isə uşaqların hələ dünyaya gəlməmiş ölmək təhlükəsi var idi.

«Məsihçilik dünyaya nə verib?» sualını verən hər bir insan özünü təkzib edir. Tarix məsihçiliyin və Məsihin ayrı-ayrı insanların, eləcə də bütün cəmiyyətin həyatına dəyişdirici təsirini təkzibedilməz şəkildə açıq göstərir.

MAYANIN TƏSİRİ (Matta 13:33 (ardı))

Maya məsəli ilə bağlı başqa sual yaranır. Demək olar, bütün ilahiyyatçılar və alimlər razılaşırlar ki, həmin məsəldə Məsihin, Onun Padşahlığının hər bir insanın həyatında, o cümlədən dünyada dəyişdirici gücündən danışılır. Lakin bu gücün necə təsir göstərməsi ilə bağlı aralarında fikir ayrılığı var.

1. Bəziləri deyirlər ki, məsəlin əsas mahiyyəti Padşahlığın görünməməsindən ibarətdir. Çiçəyin necə böyüdüyünü görə bilmədiyimiz kimi, xəmirdə mayanın necə təsir etdiyini görə bilmirik, amma maya daima təsir edir. Bəziləri iddia edir ki, biz də Padşahlığın necə fəaliyyət göstərdiyini və təsirini görə bilmirik. Lakin Padşahlıq daim fəaliyyətdədir, getdikcə insanları və dünyanı Allaha daha da yaxınlaşdırır.

Beləliklə, bu məsəl ruhlandırır: bu o deməkdir ki, biz daha geniş baxmalıyıq, bugünkü vəziyyəti dünənki, keçən aydakı və keçən ilki vəziyyətlə müqayisə etməməliyik. Ötən əsrlərə baxanda Padşahlığın daimi fəaliyyətini görəcəyik.

Əgər bu nöqteyi-nəzərdən baxsaq, onda məsəl İsa Məsihin və Müjdəsinin dünyaya yeni qüdrət gətirdiyini öyrədir. Həmin qüdrət dünyada sakitcə salehliyin tərəqqisinə kömək edir. Allah da hər il Öz planlarını həyata keçirir.

2. Lakin bəziləri deyirlər ki, məsəl tam əksini, yəni Padşahlığın təsirinin aydın göründüyünü göstərir. Mayanın təsirini hamı aydın görür. Xəmirə maya qatanda o, xəmiri qıcqırdacaq, köpürdəcək, çoxalan kütləyə çevirəcək. Padşahlığın təsiri də məhz belədir — o, şiddətlə narahatlıq doğurur, bu da hamıya aydın görünür. Məsihçilik Salonikə gələndə insanlar «dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı» deyə qışqırırdılar (Həvarilərin İşləri 17:6).

Dərindən düşünsək, məsəldə bu iki nöqteyi-nəzər arasında seçim etməyə ehtiyac yoxdur, çünki onların hər ikisi doğrudur. Müəyyən mənada biz bunu görsək də, görməsək də Səmavi Padşahlıq, Məsihin qüdrəti və Allahın Ruhu daim fəaliyyətdədir. Bu fəaliyyət müəyyən mənada göz qabağındadır. Məsih çox insanın həyatını açıq-aydın şəkildə və kökündən dəyişir. Eyni zamanda Allahın məqsədləri bəşər tarixi boyunca sakitcə həyata keçir.

Bunu aşağıdakı misalla göstərmək olar. Allahın Padşahlığı, Məsihin qüdrəti və Allahın Ruhu əksər hallarda yerin altından axan böyük bir çaya bənzəyir. Lakin vaxtaşırı bütün əzəməti ilə üzə çıxır, belə ki, hamı onu aydın görə bilir. Bu məsəl öyrədir ki, Allahın Padşahlığı daim gözəgörünməz şəkildə fəaliyyət göstərir. Həmçinin o öyrədir ki, hər kəsin həyatında və tarixdə Padşahlığın fəaliyyətinin tamamilə aydın göründüyü məqamlar olur. O, qüdrətini o qədər aşkar nümayiş etdirir ki, bunu hamı görə bilir.

34-35

13:34-35-ci ayələrin şərhinə 13:10-17-ci bölməsində baxın.

36-43

13:36-43-cü ayələrin şərhinə 13:24-30 bölməsində baxın.

44

HƏR ŞEY BİR İŞ GÜNÜNDƏ (Matta 13:44)

Bu məsəl bizim üçün qəribə səslənsə də, İsa Məsihin dövründə İsrail sakinləri üçün o, tamamilə təbii səslənirdi. Bu mənzərə hətta şərqin müasir əhalisinə də tanışdır.

Qədim dünyada da banklar mövcud olub. Amma onlar sadə insanlar üçün deyildi. Buna görə də adamlar, adətən, qiymətli daş-qaşlarını torpaqda basdırırdılar.

Talant haqqında məsəldə hiyləgər və tənbəl qul öz talantını itirməmək üçün onu torpağa basdırır (Matta 25:25). Ravvinlərin atalar sözünə görə, pul üçün ən təhlükəsiz yer — yalnız torpağın altıdır.

Xəzinəni hər an döyüş meydanına çevrilə biləcəyi üzüm bağının altında basdırırdılar. Müharibələr daha çox İsrail ərazisində olduğuna görə, savaş başlayanda, insanlar bir gün qayıtmaq ümidi ilə qaçmazdan əvvəl xəzinələrini torpaqda gizlədirdilər. Tarixçi İosif Flavi yəhudilərin sahib olduğu «qızıl, gümüş və qiymətli əşyaları itirməmək məqsədilə torpaqda» saxlamasından danışır. V. Tomson 1876-cı ildə ilk dəfə çapdan çıxmış «Torpaq və kitab» adlı kitabında Sidon şəhərində özünün şahidi olduğu bir xəzinənin tapılmasından bəhs edir. Həmin şəhərdə məşhur akasiya bulvarı var. Bu bulvarda bağçada qazıntı aparan bəzi işçilər içərisində qızıl sikkələrlə dolu bir neçə mis qab tapıblar. Onlar tapıntını özlərində saxlamaq istəyirdilər. Lakin sikkələrin sayı həddindən artıq çox olduğundan onlar həyəcanlandılar. Bu barədə xəbər tez yayıldı və yerli hökumət xəzinəyə iddia etdi. Məlum oldu ki, sikkələr Makedoniyalı İsgəndərə və onun atası Filippə məxsusdur. Tomson hesab edir ki, İsgəndərin qəfildən Babildə ölməsi haqqında xəbər Sidona çatanda, makedoniyalı zabit və ya dövlət məmuru İsgəndərin ölümündən sonra yaranacaq qarmaqarışıqlıq nəticəsində pulları mənimsəmək niyyəti ilə sikkələri orada basdırıb. Tomson onu da qeyd edir ki, gizli xəzinələri axtarmağı həyatlarında hədəfə çevirən insanlar var. Onlar bir sikkə tapanda o qədər həyəcanlanırlar ki, huşunu itirirlər. İsa Məsihin burada danışdığı hekayə İsrail, ümumiyyətlə, Şərqin hər bir sakininə yaxşı tanış idi.

Kimsə düşünə bilər ki, İsa bu məsəldə fırıldaqçılıqda təqsirkar olan, xəzinəni gizlədən və onu mənimsəməyə çalışan bir adamı tərifləyir. Bununla bağlı iki məqamı qeyd etmək lazımdır. Birincisi, İsa Məsihin dövründə İsrail romalıların hakimiyyəti altında olduğuna görə Roma qanunu qüvvədə olmasına baxmayaraq, gündəlik işlərdə ənənəvi yəhudi qanunları üstünlük təşkil edirdi. Gizli xəzinələrlə bağlı isə ravvin qanunu açıq şəkildə bəyan edirdi: «Hansı tapıntılar tapana aiddir, hansı tapıntılar isə elan edilməlidir? Əgər adam səpələnmiş meyvə, səpələnmiş pul taparsa, o, tapan adama aiddir». Həmin adamın tapdıqları üzərində hüququ var idi.

İkincisi, hansısa məsəli nəzərdən keçirərkən təfərrüatlara varmaq olmaz. Çünki məsəldə bir əsas fikir var. Digərləri isə ikinci dərəcəlidir. Bu məsəldəki əsas fikir tapılmış xəzinə ilə bağlı sevincdir. Çünki xəzinəni tapan insan hər şeyi qurban verib, onu özünə məxsus etmək istəyir. Məsəldə digər qalan şeylər əhəmiyyətsizdir.

1. Bu məsəldən alınan ibrət ondadır ki, insan xəzinəni təsadüfən deyil, gündəlik iş gördüyü vaxt tapır. Düzdür, xəzinəni gözlənilmədən tapsa da, gündəlik iş görərkən ona rast gəlib. O, gündəlik işlərini səylə və diqqətlə yerinə yetirirdi. Çünki xəzinə tapmaq üçün yalnız torpağı səthi deyil, dərin qazmaq lazım idi. İnsanların da Allahı təkcə imanlı cəmiyyətlərində və ya müqəddəs yerlərdə axtarması və özünü yalnız belə yerlərdə Allaha yaxın hiss etməsi kədərli olardı.

İsanın heç vaxt Müjdəyə düşməmiş, lakin çox ədalətli səslənən demək istədiyi fikir belədir: «Daşı qaldır, Məni taparsan; ağacı yar, Mən oradayam». Bənna daşı emal edəndə, dülgər ağacı yonanda, İsa Məsih onlarladır. Əsl xoşbəxtliyi, əsl məmnunluğu, Allahı hissi etmək, Məsihin hüzuru — bütün bunlar dürüst və vicdanla yerinə yetirilən gündəlik işdə tapıla bilər. Həyatının çox hissəsini monastırın mətbəxində, çirkli qabların arasında keçirən böyük mömin və mistik Lorens qardaş deyirdi: «Mən Rəbbin süfrəsində olduğu kimi, özümü mətbəxdə də İsa Məsihə yaxın hiss edirdim».

2. İkincisi, bu məsəldən alınan ibrət ondan ibarətdir ki, Padşahlığa daxil olmaq üçün hər şeyi qurban vermək olar. Padşahlığa daxil olmaq nə deməkdir? Rəbbin Duasını araşdırarkən (Matta 6:10) belə nəticəyə gəldik ki, Allahın Padşahlığı yer üzündəki cəmiyyətdir, orada Allahın iradəsi Göydə olduğu kimi mükəmməl şəkildə yerinə yetirilir. Buna görə də Allahın Padşahlığına daxil olmaq Onun iradəsini qəbul edib, yerinə yetirməkdir. Allahın iradəsini yerinə yetirmək hər bir fədakarlığa dəyər. Xəzinəni qəfildən tapan bu adam kimi, bir anda Allahın iradəsinin bizim üçün nə olduğunu dərk edə bilərik. Onu qəbul etmək bizdən şöhrətpərəstliyimizi, arzularımızı, sevdiyimiz vərdiş və həyat tərzimizi bir kənara qoyub, özümüzdən imtina etməyi, ciddi nizam-intizama riayət etməyi — bir sözlə, Çarmıxını götürüb İsanın ardınca getməyi tələb edir. Bu həyatda can rahatlığına və axirətdə zahir olacaq izzətə qovuşmağın başqa yolu yoxdur. Həqiqətən, Allahın iradəsini qəbul etmək və yerinə yetirmək üçün hər şeyi qurban verməyə dəyər.

45-46

QİYMƏTLİ MİRVARİ (Matta 13:45-46)

Qədim dövrdə mirvarilər insan həyatında xüsusi yer tuturdu. İnsanlar mirvariyə təkcə dəyərinə görə deyil, həm də gözəlliyinə görə tamah salırdılar. Onlar onu əllərində tutmaqdan və seyr etməkdən zövq alırdılar. Mirvariyə sahib olmaqdan və ona baxmaqdan doymurdular. Mirvari hasilatının əsas mənbəyi Qırmızı dəniz sahilləri və uzaq Britaniya idi. Lakin bəzi tacirlər qeyri-adi gözəlliyə malik mirvarini tapmaq üçün bütün dünya bazarlarını gəzməyə hazır idi. Bu məsəl bir neçə həqiqəti açıqlayır.

1. Maraqlıdır ki, Allahın Padşahlığı mirvari ilə müqayisə edilir. Qədim dövrdə yaşayan insanlar üçün mirvariyə sahib olmaqdan gözəl heç nə yox idi. Bu isə o deməkdir ki, Səmavi Padşahlıq dünyada ən gözəl şeydir. Padşahlığın nə olduğunu unutmayaq. Allahın Padşahlığında olmaq, Allahın iradəsini qəbul etmək və yerinə yetirmək deməkdir. Başqa sözlə, Allahın iradəsinin yerinə yetirilməsi heç də darıxdırıcı, ağrılı bir şey deyil — bu, gözəl bir işdir. İntizamın, fədakarlığın, özünü inkar etmənin və Çarmıx daşımağın digər tərəfi həyatda mövcud ola biləcək ən böyük gözəllikdir. Cana rahatlıq, zehnə sevinc, həyata gözəllik bəxş etməyin bircə yolu var — Allahın iradəsini qəbul edib yerinə yetirmək.

2. Maraqlıdır ki, mirvarilər çoxdur, ancaq onlardan yalnız biri dəyərlidir. Başqa sözlə desək, bu dünyada insanın gözəl hesab etdiyi çox şey var. İnsan gözəlliyi bilikdə, insan zəkası tərəfindən şüurunun yaratdığı xəzinələrdə, incəsənətdə, musiqidə, ədəbiyyatda, ümumiyyətlə, bir çox nailiyyətlərdə tapa bilər. O, gözəlliyi sırf məsihçi niyyətindən deyil, humanist baxımından həmkarlarına xidmət etməkdə və insan münasibətlərində tapa bilər. Bunlar hamısı gözəldir, amma yenə də o gözəllik deyil. Ən böyük gözəllik — Allahın iradəsini qəbul etməkdədir. Düzdür, bu, başqa şeylərin dəyərini aşağılamamalıdır. Onlar da mirvaridir. Lakin onlardan ən gözəli və qiymətlisi — bizi Allahla dost edən könüllü itaətdir.

3. Bu məsəldə əvvəlki məsəldə olduğu kimi eyni fikir olsa da, bir fərqi var: tarlanı qazan adam xəzinə axtarmırdı. Xəzinə gözlənilmədən onun qarşısına çıxdı. Mirvari axtaran insan isə bütün ömrünü mirvari axtarışında keçirir.

Amma ani axtarışın, ya da ömürlük axtarışın nəticəsindən asılı olmayaraq, reaksiya eyni idi — qiymətli əşyaya sahib olmaq üçün hər şey satılmalı və qurban verilməli idi. Yenidən eyni həqiqətlə qarşılaşırıq: insan Allahın iradəsini ani şəkildə və ya uzun, şüurlu axtarış nəticəsində dərk edərsə, onu dərhal qəbul etmək hər şeyə dəyər.

47-50

BALIQ OVU VƏ ÇEŞİDLƏMƏ (Matta 13:47-50)

İsa Məsihin balıqçılarla danışarkən, balıqçılıq sahəsindən nümunə çəkməsi təbiidir. O, sanki onlara deyir: «Baxın, sizin gündəlik işləriniz Səmavi həqiqətlərdən xəbər verir».

İsraildə balıq tutmanın iki yolu var idi. Birincisi, atılan torla. Yunan dilində sahildən əllə atılan tora amfiblestron deyilirdi. V.Tomson bunu belə təsvir edir:

«Tor yumru çadırın yuxarı hissəsinə bənzəyir; onun başına kəndir bağlanır. Bu kəndir ələ bağlanır, tor elə bükülür ki, atılan zaman qıraqlarına qurğuşun toplar ilişdirilmiş dairə tam açılsın, belə tor suyun dibinə çöksün... yarıçılpaq balıqçı əyilir, ovunu yaxından izləyib, ona necə yaxınlaşdığını görür. Ovunu qarşılamaq üçün o, irəli əyilir. Balıqçının toru havada açılaraq suya düşür, balıq torun onu əhatə etdiyini anlamadan torun qurğuşun topları suyun dibinə düşür. Balıqçı yavaş-yavaş torla birlikdə balığı kəndirlə özünə çəkir. Belə iş iti göz, çevik bədən hərəkəti və tor atmaq bacarığı tələb edir. Balıqçı səbirli, diqqətli, daim ayıq-sayıq və tor atmaq üçün əlverişli məqamdan istifadə etməyə hazır olmalıdır».

İkincisi, balığı başqa növ torla (sagene) tuturdular. Bu məsəldə məhz həmin tordan söhbət gedir. Tral toru hər küncündə tros-kəndir olan, suda şaquli şəkildə asılaraq tarazlaşdırılmış böyük kvadrat şəkilində idi. Qayıq hərəkət etməyə başlayanda, tor açılaraq konus şəklini alırdı. Oraya müxtəlif növ balıqlar düşürdü. Tor sahilə çəkiləndə, ov seçilirdi: yararsızları atır, yaxşıları qaba yığırdılar. Bəzən diri balıqları su ilə doldurulmuş qablara qoyurdular. Çünki təzə balıqları uzun məsafəyə daşımağın yeganə yolu bu idi. Bu məsəldə iki vacib öyüd var.

1. Tral toru balıqlarda fərq görmür. Onu suda çəkəndə, içinə hər şey düşür. Onun tərkibində lazımlı-lazımsız, faydalı-faydasız şeylər olacaq. Əgər bunu yer üzərində Allahın Padşahlığının aləti olan İmanlı Cəmiyyətinə aid etsək, deməli, İmanlı Cəmiyyəti yaxşı ilə pisi ayıra bilmir və təbiətinə görə müxtəlif — yaxşı və pis, faydalı və faydasız insanlardan ibarətdir.

İmanlı cəmiyyətinə həmişə iki cür münasibət göstərilib — istisna və istisnasız. İstisna nöqteyi-nəzəri ondan irəli gəlir ki, İmanlı Cəmiyyəti yaxşı, sadiq və tamamilə fərqli insanlar üçün mövcuddur. Bu, gözəl nöqteyi-nəzərdir, lakin Əhdi-Cədidə əsaslanan nöqteyi-nəzər deyil. Çünki bizə «mühakimə etmə» deyiləndə, kim bu barədə mühakimə etməlidir? (Matta 7:1) Kimin Məsihə sadiq, kimin sadiq olmadığını mühakimə etmək insanın işi deyil. İstisnasız nöqteyi-nəzər instinktiv olaraq dərk edir ki, İmanlı Cəmiyyəti hamı üçün açıq olmalıdır. O, insan cəmiyyətindən təşkil olunduğu üçün müxtəlif insanlardan ibarət olmalıdır. Məsəl məhz bunu öyrədir.

2. Eyni zamanda bu məsəl həm də bölünmə və ayrılıq dövründən bəhs edir. O zaman yaxşı və pis öz təyinat yerinə göndəriləcək. Bu çeşidləmənin mütləq baş verməsinə baxmayaraq, o, insanlar tərəfindən deyil, Allah tərəfindən həyata keçiriləcək. Buna görə də biz İmanlı Cəmiyyətinə gələnlərin hamısını yığmalı, onları mühakimə etməməli, yaxşı və pis insanlara bölməməli, son hökmü Allahın öhdəsinə buraxmalıyıq.

51-52

YENİ TƏRZDƏ İSTİFADƏ OLUNAN KÖHNƏ ƏNAMLAR (Matta 13:51-52)

Allahın Padşahlığı haqqında danışmağı bitirəndən sonra İsa Məsih şagirdlərindən deyilənlərin mənasını başa düşüb-düşmədiklərini soruşdu. Onlar tam anlamasalar da, qismən başa düşmüşdülər. Onda Məsih Səmavi Padşahlıq üçün şagirdlik edən, xəzinəsindən təzə və köhnə şeylər çıxaran ilahiyyatçı haqqında danışmağa başladı. Əslində, İsanın dediyi budur: «Siz başa düşə bilərsiniz, çünki Mənim yanıma yaxşı mirasla gəldiniz: siz Qanunun və peyğəmbərlərin təliminə sahib olaraq gəldiniz. İlahiyyatçılar isə həyatı boyu Qanunu və onun bütün əmrlərini öyrənərək yanıma gəlir. Sizin keçmişinizi başa düşməyə kömək edir. Amma Məndən təlim alandan sonra siz nəinki əvvəl bildiklərinizi, hətta indiyə qədər eşitmədiklərinizi də öyrənirsiniz. Əvvəl əldə etdiyiniz biliklər Mənim dediklərimə əsasən daha aydın olur».

Bu bizi çox düşündürür. Çünki İsa heç vaxt bir insanın Onun yanına gəlməzdən əvvəl bildiklərini unutmasını istəmir. İnsan sadəcə olaraq, biliyinə yeni nöqteyi-nəzərdən baxmalı və onları yeni xidmətdə tətbiq etməlidir. Onda onun bildikləri əvvəlkindən daha böyük xəzinəyə çevriləcək.

Hər bir insan İsa Məsihin yanına hansısa bacarıq və ənamla gəlir. İsa Məsih onun öz ənamlarından imtina etməsini tələb etmir. İnsanlar elə fikirləşirlər ki, onlar İsanın ardıcılı olsalar, hər şeydən əl çəkməli və bütün diqqətlərini dini şeylərə cəmləməlidir. Axı alim imana gəldikdən sonra elmi işindən əl çəkmir. O, sadəcə işini Məsihin xidmətində istifadə etməlidir. İsa həyatı boş etmək üçün deyil, onu doldurmaq üçün gəldi; həyatı yoxsullaşdırmaq üçün deyil, zənginləşdirmək üçün gəldi. Burada biz görürük ki, İsa Məsih insanlara öz ənamlarını atmamağı söyləyir, əksinə, Ondan aldıqları biliklərlə həmin ənamlardan daha gözəl şəkildə istifadə etməyi deyir.

53-58

İMANSIZLIQ MANEƏSİ (Matta 13:53-58)

İsa Məsihin boya-başa çatdığı Nazaretə gəlməsi təbii idi. Lakin bu, cəsarət tələb edirdi. Vəzçi üçün gənc ikən getdiyi imanlı cəmiyyətində təbliğ etməsi, həkim üçün gənc olarkən insanların onu tanıdığı yerdə işləməsi çətindir.

Amma İsa Nazaretə getdi. Sinaqoqda dinləyicilərlə danışan, yaxud onlara Müqəddəs Yazılardan oxuyan heç bir rəsmi sima yox idi. Müqəddəs Kitabda deyildiyi kimi, sinaqoqun rəisi kənardan gələn hər hansı bir görkəmli şəxsdən və ya insanlara deyəcək sözü olan, Allahın xəbərini çatdıran şəxsdən danışmağı xahiş edə bilərdi. Məsələ bunda deyil ki, İsaya söz deməyə imkan vermədilər. Sadəcə O danışanda düşmənçilik və imansızlıqla qarşılaşdı. İnsanlar Onun atasını, anasını, qardaş və bacılarını tanıdığı üçün Ona qulaq asmadılar. Onlar təsəvvür edə bilməzdilər ki, nə vaxtsa onların arasında yaşamış biri İsa danışdığı kimi danışmaq hüququna malik olsun.

Peyğəmbər, həmişəki kimi, öz yurdunda qəbul edilmir. Nazaret sakinlərinin münasibəti İsa ilə onların arasında maneə divarı yaradırdı.

Burada bizim üçün böyük dərs var. İmanlı cəmiyyətinə gəlib-gedənlərin davranışı vəzdən daha güclü səslənir. Beləcə ya vaizin sözünün təsir etmədiyi sədd yaranır, ya da elə mühit formalaşır ki, zəif vəz belə imanı alovlandırır.

Amma yenə də insanı keçmişinə və ailə bağlarına görə yox, kimliyinə görə qəbul etməliyik. Çox vaxt Allahın Kəlamı pis çatdırıldığına görə deyil, dinləyicilərin əqlinin vəzçiyə qarşı qərəzlə dolu olduğuna görə faydasız olur. Biz Allahın Sözünə həsrətlə yanaşmalıyıq, Kəlamı bizə çatdıran insan haqqında yox, insan vasitəsilə bizə danışan Ruh haqqında düşünməliyik.

Azərbaycan dilində Müqəddəs Kitab

Səpilən toxum məsəli
(Mark 4:1-20; Luka 8:4-15)
1 O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu. 2 Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu. 3 İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı. 4 Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 5 Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. 6 Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. 7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. 8 Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. 9 Qulağı olan eşitsin!»
10 Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» 11 O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. 12 Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. 13 Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. 14 Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir:
“Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,
Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
15 Çünki bu xalqın ürəyi kütləşdi,
Qulaqları ağır eşitdi,
Gözlərini yumdular ki,
Gözləri ilə görməsinlər,
Qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim”.
16 Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir! 17 Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.
18 İndi əkinçi barədə məsəlin izahını dinləyin: 19 kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. 20 Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. 21 Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. 22 Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. 23 Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».
Dəlicə və buğda məsəli
24 İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir. 25 Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi. 26 Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü. 27 Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?” 28 O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?” 29 O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız. 30 Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”».
Xardal toxumu və maya məsəlləri
(Mark 4:30-34; Luka 13:18-21)
31 İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. 32 Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».
33 İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
34 İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, 35 peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin:
«Ağzımı məsəllərlə açacağam,
Dünya yaranandan bəri
Gizli qalan şeyləri bəyan edəcəyəm».
Dəlicə və buğda məsəlinin izahı
36 O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et». 37 Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur. 38 Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır. 39 Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. 40 Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. 41 Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq 42 və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. 43 O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!
Dəfinə və mirvari məsəlləri
44 Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.
45 Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. 46 O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.
Tor məsəli
47 Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. 48 Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. 49 Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. 50 Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq».
51 İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. 52 İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».
İsa Öz yurdunda rədd edilir
(Mark 6:1-6; Luka 4:16-30)
53 İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı. 54 Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır? 55 Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? 56 Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» 57 Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 58 İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.