Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 14-cü fəsil

V. Barklinin şərhləri

14-cü fəsil

VƏFTİZÇİ YƏHYANIN FACİƏSİ (Matta 14:1-12)

Vəftizçi Yəhyanın ölümündən bəhs edən bu faciəli hekayədə bütün personajlar canlı və aydın şəkildə təsvir edilmişdi.

  1. Bu, Vəftizçi Yəhyanın özüdür. Hiroda görə, Yəhyanın iki çatışmazlığı var idi: a) Tarixçi İosif Flavinin da qeyd etdiyi kimi, o, xalq arasında çox məşhur idi («Yəhudilərin qədimliyi» 18:5,2):

«Budur, bir çoxları onu dinləmək üçün izdihamla gəldi. Çünki onun sözlərindən çox təsirlənmişdilər. Hirod isə Yəhyanın insanlara təsir gücündən ehtiyat edirdi. O, Yəhyanın bundan istifadə edib, üsyan qaldıracağından qorxurdu (çünki onlar Yəhyanın əmr etdiyi hər şeyi etməyə hazır idilər). Elə buna görə də Yəhyanın gətirə biləcəyi bütün bəlaların qarşısını almaq və onu öldürmədiyinə görə sonradan peşman olmaması üçün Yəhyanı öldürmək qərarına gəldi. Hirod hər şeydən ehtiyat etdiyinə görə Yəhya həbs etdirib, Maxeron qalasına göndərdi... sonra öldürtdü».

İosif Flavinin fikrincə, Hirodu Yəhyanı öldürməyə vadar edən səbəb şübhə və paxıllıq idi. Hirod istənilən zəif, xoflu və qorxaq tiran kimi, rəqibi məhv etməyin yalınız bir yolunu görürdü — onu öldürmək.

b) Amma Əhdi-Cədidin müəllifləri bütün məsələyə başqa nöqteyi-nəzərdən baxırlar. Onlar iddia edirlər ki, Hirod Yəhyanı doğru danışdığı üçün öldürüb. Bir tiranı məzəmmət etmək həmişə təhlükəlidir. Yəhya da məhz bunu edirdi.

Məsələ çox sadə idi. Hirod Antipa ən-Nəbatiyədən olan ərəb padşahının qızı ilə evlənmişdi. Romada Hirod Antipanın bir qardaşı var idi, onun da adı Hirod idi. Əhdi-Cədidin müəllifləri onu Filip adlandırırlar. Ola bilsin, onun tam adı Hirod Filip olub. Hirod (Filip) Romada varlı bir şəxs kimi yaşayırdı. Onun öz səltənəti yox idi. Romaya səfəri zamanı Hirod Antipa qardaşının arvadını yoldan çıxardı və ərini tərk edib onunla evlənməsinə razı saldı. Bunun üçün o, arvadını boşamalı oldu və bu, aşağıda görəcəyimiz kimi, onun üçün fəlakətli nəticələrə gətirib çıxardı. Məsələnin mənəvi tərəfini bir kənara qoysaq, Hirod arvadını boşamaqla iki Qanunu pozmuş oldu: birincisi, heç bir səbəb göstərmədən arvadını boşadı, ikincisi, qardaşının arvadı ilə evləndi. Hansı ki, yəhudi qanunlarına görə hər ikisi qadağan idi. Yəhya heç çəkinmədən bunu pislədi.

Şərq despotunu məzəmmət etmək həmişə təhlükəlidir. Beləliklə, Yəhya məzəmmətləri ilə ölüm əmrini imzalamış oldu. Vəftizçi Yəhya harada pislik görürdüsə, onu qınayırdı. Şotlandiya Presviterian kilsəsinin banisi Con Noks Şotlandiya kraliçası Mariya Stüartın əleyhinə çıxanda, kraliça ondan hökmdarın gücünə müqavimət göstərməyi məqbul hesab edib-etmədiyini soruşmuşdu. Con Noks suala belə cavab vermişdi: «Əgər şahzadələr öz hədlərini aşsalar, onlara müqavimət göstərmək, hətta devirmək olar». Dünya öz həyatlarını riskə ataraq padşahlara və kraliçalara əxlaq qanunu olduğunu cəsarətlə söyləyən bu böyük insanlara borcludur.

  1. İkincisi, Hirodiya. Aşağıda görəcəyimiz kimi, bu qadın şan-şöhrətə düşkün olsa da, Hirodu hər cəhətdən məhvə apardı. Hələlik sadəcə qeyd edək ki, o özünü üç günahla ləkələdi. Hirodiya əxlaqsız və sədaqətsiz qadın idi; o, intiqam hissi ilə yaşayan qadın idi, hirsindən alışıb yanırdı, haqlı olaraq qınansa belə, qisas almağa can atırdı. Bəlkə də ən pisi o idi ki, bu qadın qisas planını həyata keçirmək üçün öz qızından istifadə etməkdən çəkinmədi. Günahını üzünə vuran Allah adamından intiqam almaq üçün yol tapmaq özü böyük pislik idi. Ən pisi isə o idi ki, qızını alçaq məqsədləri üçün istifadə edərək, onu özününkündən böyük günaha sövq etdi. Şəxsi, rəzil məqsədlərinə çatmaqdan ötrü övladını ləkələyən valideynlər haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur.

  2. Bu, Hirodiyanın qızı Şalomitdir. Şalomit çox güman ki, gənc idi — onun on altı ya da on yeddi yaşı vardı. Onun sonradan başına nə gəldiyini bilmirik, amma sürükləndiyi günah etdiyi günahlardan daha pis idi. Lakin onun abırsız biri olduğu görünür: padşah qanından olan şahzadə sadə bir rəqqasə kimi davrandı, onun rəqsləri ədəbsiz idi və şəhvətli fikirlər yaradırdı. Şahzadənin tamaşaçılar qarşısında rəqs etməsinin özü biabırçılıq sayılırdı. Hirodiya onu haqlı olaraq təhqir edən adamdan qisas almaq üçün qızının ləyaqətinin alçalmasına heç bir əhəmiyyət vermədi.

HİRODUN SÜQUTU (Matta 14:1-12 (ardı))

  1. Bu, Hirodun özüdür. O, burada tetrarx adlanır, yəni ölkənin dörddəbir hissəsinə hökmdarlıq edən. Lakin sonra bu söz, burada olduğu kimi, əsarətdə olan ölkənin hökmdarı mənasını qazanmışdır. Böyük Hirodun çoxlu oğulları var idi. Ölərkən səltənətini üç yerə böldü və romalıların razılığı ilə onları üç oğluna vəsiyyət etdi. O, Arxelaya Yəhudeya və Samariyanı, Filipə — şimal Traxonitis bölgəsi və İtureyanı, bu epizodda haqqında danışdığımız Hirod Antipaya Qalileya və Pereyanı verdi. Hirod Antipa heç də pis padşah deyildi. Amma burada o, ölümünə səbəb olan yola çıxdı. Onun haqqında bunları demək olar:

  1. O, vicdansız adam idi. İsa Məsih Qalileyada məşhurlaşanda, Hirod elə güman etdi ki, Yəhya dirilərək geri dönüb. III əsrin məsihçi ilahiyyatçısı, filosofu və filoloqu Origen bununla bağlı çox maraqlı bir ehtimal irəli sürmüşdür. O, İsanın anası Məryəmin Yəhyanın anası Elizavetin yaxın qohumu olduğunu göstərir (Luka 1:36). Başqa sözlə desək, İsa Məsih və Yəhya qan qohumu idilər. Origen də İsa ilə Yəhyanın zahirən çox oxşar olması rəvayətinə istinad edir. Əgər bu, həqiqətən də, belədirsə, Hirodun ləkələnmiş vicdanının qorxmaq üçün daha çox səbəbi ola bilərdi. Hirod pis əməllərinə şahidlik edən insanları aradan götürməklə etdiyi günahdan yaxa qurtara bilməyəcəyinə ən yaxşı nümunədir. İnsanın vicdanı var. Hətta insanlar öldükləri üçün bizi ittiham edə bilməsələr belə, Allah vicdanımızı dilə gətirə bilər.

  2. Zəif adamlar, adətən, necə davranırsa, Hirod elə davrandı: o, axmaq andına sadiq qalaraq böyük Qanunu pozdu. O, Şalomitin nə istəyəcəyini, nə tələb edəcəyini düşünmədən söz verdi. O, yaxşı bilirdi ki, andına sadiq qalmaq üçün onun tələbini yerinə yetirməli, beləliklə də, verdiyi sözdən daha vacib Qanunu pozmalıdır. Amma yenə də bunu etdi. Çünki səhvini etiraf etmək gücündə deyildi. O, əxlaq qanunundan daha çox qadın qəzəbinin alovlanmasından qorxurdu. Onu vicdanının səsindən çox qonaqlarının tənqidi, bəlkə də, lağ etməsi narahat edirdi. Hirod öz səlahiyyətindən yanlış yerdə istifadə etdi, baxmayaraq ki, o, həqiqətin nə olduğunu bilirdi. Bununla da gücünü yox, zəifliyini sübut etdi.

  3. Qeyd etdiyimiz kimi, Hirodun bütün bu davranışları onun süqutunun başlanğıcı oldu. Hirodun Hirodiyanı yoldan çıxarması və birinci arvadından boşanması, təbii olaraq, birinci arvadının atası — ən-Nəbatiyənin ərəb padşahı Aretanı qəzəbləndirdi. O, Hiroda qarşı müharibəyə başladı və onu ağır məğlubiyyətə uğratdı. İosif Flavi bu barədə belə yazır:

«Bəzi yəhudilər hesab edirdilər ki, Hirodun ordusunun məğlubiyyəti Allahın müdaxiləsi və Vəftizçi adlanan Yəhyaya etdiyi cəzanın nəticəsidir».

(«Yəhudilərin qədimliyi» 18:5.2).

Hirod yalnız romalıların köməyilə xilas oldu.

Hirodiya ilə qeyri-qanuni və əxlaqsız birlik Hiroda bəladan başqa bir şey gətirmədi. Lakin Hirodiyanın təsiri bununla bitmədi. Zamanla Roma taxtına imperator Kaliqula çıxdı. Traxonitis bölgəsinin və İtureyanın tetrarxı Filip öldü. Kaliqula vilayəti Hirod ailəsinin Hirod Aqrippa adlı başqa bir üzvünə verildi. Ona əyalətlə birlikdə padşah titulu da verildi. Aqrippanın padşah titulu alması Hirodiyada kəskin paxıllıq hissi oyatdı. İosif Flavi bu barədə belə deyir:

«Təhqir hissi onu o qədər bürüdü ki, bədbəxtliyini gizlədə bilmədi»

(«Yəhudilərin qədimliyi» 18,7-1).

Bu paxıllıq üzündən Hirodu qızışdırdı ki, Romaya gedib Kaliquladan ona padşah titulu verməsini xahiş etsin. «Gəlin Romaya gedək» — deyə Hirodiya təklif edir, — heç nəyi, istər pul, istər gümüş, istərsə də qızılı əsirgəməyək, çünki bunların padşahlıq almaqdan daha böyük faydası ola bilməz».

Hirod, həqiqətən də, bu məsələ ilə məşğul olmaq istəmirdi. O, təbiətcə tənbəl idi və üstəlik, ciddi çətinlikləri qabaqcadan görürdü. Amma israrlı arvad burada da məqsədinə nail oldu. Hirod Romaya getməyə hazırlaşırdı. Aqrippa isə Hirodu Romaya qarşı xain üsyan hazırlamaqda ittiham edərək, onu qabaqladı. Kaliqula Aqrippanın ittihamlarına inandı, Hirodun əyalətini, eləcə də bütün pulunu əlindən alıb, hamısını Aqrippaya verdi. Hirodun özü isə uzaq Qalliyaya sürgün edildi və orada öldü.

Beləliklə, nəticədə Hirod Hirodiyaya görə var-dövlətini, vilayətini itirdi və Qalliyanın ucqar bir yerində çox acınacaqlı həyat sürdü. Yalnız burada Hirodiya bir anlıq fədakarlıq göstərdi. O, Aqrippanın bacısı idi. Kaliqula ona Aqrippa naminə şəxsi əmlakını və sərvətini əlindən almayıb, əri ilə birlikdə sürgünə getmək məcburiyyətində olmadığını söylədi. Hirodiya isə ona belə cavab verdi:

«Ey imperator, sən, həqiqətən, bütün bunları mənə təklif etməklə öz əzəmətini göstərirsən. Amma ərimə olan məhəbbətim sənin yaxşı hədiyyəndən istifadə etməyimə mane olur. Çünki rifah içində olduğum halda onu indi bu vəziyyətində tərk etməyim ədalətsizlik olardı.

(«Yəhudilərin qədimliyi» 18:7.2)

Beləliklə, Hirodiya Hirodun ardınca sürgünə getdi.

Əgər günahın cəzasız qalmadığını sübut etməyə ehtiyac varsa, bunu Hirod Antipanın hekayəsində görmək olar. Fəlakət Hirodun Hirodiyanı ilk dəfə yoldan çıxardığı gündən başlamışdı. Bu xəyanətin ardınca Yəhyanın öldürülməsi baş verdi. Sonda isə onu həm sevən, həm də məhvə aparan qadın istisna olmaqla, hər şeyini itirdiyi bədbəxtlik baş verdi.

13-21

ŞƏFQƏT VƏ GÜC (Matta 14:13-21)

Yəqin ki, Qalileyada tək qalmaq çətin idi. Qalileya şimaldan cənuba cəmi 80 km, qərbdən şərqə təxminən 40 km məsafədə yerləşən kiçik bir ölkədir. İosif Flavinin fikrincə, o dövrdə Qalileyada hər birində əhalisi 15 mindən çox olan 204 şəhər və kənd var idi. Əhalinin belə sıx məskunlaşdığı yerdə uzun müddət insanlardan uzaqlaşmaq asan olmasa da, gölün o tayı sakitlik idi, onun eni, hətta ən geniş yerində belə, cəmi 12 kilometr idi. İsa Məsihin dostları balıqçılar idi, ona görə də onlardan birinin qayığına minib, gölün şərq sahilində sığınacaq axtarmaq çətin deyildi. İsa Məsih Yəhyanın ölümünü eşidəndə məhz belə də etdi.

İsanın tək qalmaq istəməsi üç sadə və normal səbəblə izah edilir. Onun da hamı kimi istirahətə ehtiyacı var idi. O, heç vaxt düşünmədən özünü təhlükəyə məruz qoymurdu. İndi isə Yəhyanın taleyini vaxtsız yaşamamaq üçün müvəqqəti olaraq harasa getmək daha yaxşı olardı. Çox güman ki, Çarmıxa çəkilmək vaxtı yaxınlaşdıqca, İsa insanlarla görüşməzdən əvvəl Allahla görüşməli olduğunu bilirdi. O, tənha yerdə bədəni üçün dinclik, ruhu üçün güc axtarırdı.

Amma orada da O dincələ bilmədi. Sahildən qayığın yelkənini necə qaldırdığını görmək və hara doğru getdiyini başa düşmək çətin deyildi. İnsanlar gölün ətrafında dolanaraq Onun gəlişini gözləyirdilər. İsa Məsih orada yoxsullara şəfa verdi. Axşam düşəndə ​​insanlar evlərinə getməzdən əvvəl onları yedizdirdi. İsanın çox möcüzəsi var. Amma yalnız bir neçə möcüzəsi bu möcüzə qədər bizə çox şey göstərir.

  1. Bu möcüzə İsanın mərhəmətindən bəhs edir. O, izdihamı görəndə onlara qəlbində şəfqət duydu. Bu necə də gözəldir! İsa oraya dinclik, rahatlıq tapmaq və bir müddət tək qalmaq üçün gəldi, lakin əvəzində O, ehtiyacları və xahişləri ilə Onu əhatə edən böyük bir izdiham gördü. O, asanlıqla qəzəblənə bilərdi. İstirahət və rahatlıq axtardığı yerdə O, yenə sonsuz xahişlərlə qarşılaşdı. Məgər Onun istirahəti, rahatlığı, Özü üçün ayırdığı vaxt ola bilməzdimi?

Lakin İsa Məsih xidmət etməyə gəlmişdi. O, nəinki qəzəblənir, insanların Ona mane olduğunu düşünürdü, əksinə, adamlara mərhəmət edirdi. Keçmişdə varlı olmuş ali kasta hindu məsihçisi olan Premanand öz tərcümeyi-halında belə yazırdı: «Bu gün, Məsihin dövründə olduğu kimi, məsihçiliyi qəbul etməyənlərə eyni mesajı verməliyik: Allah bizim qayğımıza qalır». Biz heç vaxt düşünməməliyik ki, insanlara ayırmağa vaxtımız yoxdur. Adamlar bizə əngəl, yük kimi görünməməlidirlər. Premanand daha sonra deyir: «Öz təcrübəm göstərir ki, mən və ya başqa bir missioner və ya hindli kahin ehtiyacları ilə yaxınlaşan adamlara qarşı səbirsizlik və ya narahatlıq əlamətləri göstərəndə, onlara çox məşğul olduğumuzu bildirəndə, nahar və ya çay vaxtının yaxınlaşdığına görə gözləyə bilməyəcəyimizi deyəndə. belə insanları birdəfəlik itiririk, onlar bir daha geri qayıtmırlar». Bir gözü saatda qala-qala insanlarla danışmaq olmaz. Çünki belə olanda ədəb qaydaları imkan verən kimi adamlara onlardan qurtulmaq istədiyimizi bildiririk.

İsa heç vaxt insana maneə və ya əlverişsiz bir vəziyyət kimi baxmırdı, hətta bütün varlığı təcili istirahət və rahatlıq tələb edəndə belə. Onun ardıcılları da belə etməlidir.

  1. Bu epizodda İsa Məsihin bütün xeyir-duaların Allahdan olduğuna şəhadət etdiyini görürük. İsa çörəyi götürüb xeyir-dua verdi və şükür duası etdi. Yeməkdən əvvəl yəhudilərin duası çox sadə idi: «Ey Allahımız Yehova, kainatın Padşahı, torpaqdan çörək yetişdirən, Sənə alqış olsun!» Ola bilsin, İsa da belə dua edirdi. Çünki bu dua hər yəhudi ailəsində səsləndirilirdi. Burada İsa insanlara göstərir ki, onlara bəxş etdiyi hər şey — Allahın hədiyyəsidir. İnsan insana belə həmişə təşəkkür etmir, qaldı ki Allaha şükür etsin.

MƏSİHİN FƏALİYYƏTİ İLƏ ƏLAQƏDAR OLARAQ ŞAGİRDLƏRİN VƏZİYYƏTİ (Matta 14:13-21 (ardı))

  1. Bu möcüzə bizə şagirdlərin Məsihin fəaliyyətində tutduqları yeri aydın göstərir. Burada deyilir ki, İsa Məsih çörəkləri şagirdlərə, şagirdlər isə camaata verdi. O vaxt da bugünkü kimi, İsa Məsih şagirdləri vasitəsilə iş görürdü.

Biz İmanlı Cəmiyyətinin mahiyyətini açıqlayan bu həqiqətlə tez-tez qarşılaşırıq. Düzdür, şagirdlər, Rəbb olmadan aciz və köməksizdirlər. Amma bu da həqiqətdir ki, Rəbb Öz fəaliyyətini şagirdlərlə əlaqələndirir. İsa Məsih bir şeyin edilməsini istəyirsə, bir uşağı öyrətmək və ya bir insana kömək etmək istəyirsə, mütləq bunu edəcək adamı tapacaq. İsanın onların vasitəsilə hərəkət edəcəyi və danışa biləcəyi insanlara ehtiyacı var. İsa Məsihə onların vasitəsilə hərəkət edəcəyi şagirdlər lazımdır. Bu şagirdlər vasitəsilə Onun həqiqəti və məhəbbəti başqalarının həyatına daxil ola bilər. O Öz ənamlarını verə biləcəyi insanlara ehtiyac duyur ki, onlar da həmin ənamları başqalarına ötürə bilsinlər.

Belə böyük tapşırığı görəndə tez ruhdan düşmək olar, lakin bu hadisədə başqa bir məqam bizi ruhlandıra bilər. İsa Məsih camaatı yedizdirməyi əmr edəndə şagirdlər cavab verdilər ki, əllərində cəmi beş çörək və iki balıq var. Buna baxmayaraq, İsa onların gətirdiklərindən möcüzə göstərdi. İsa hər birimizin qarşısına möhtəşəm tapşırıq qoyur — insanlara Onun haqqında danışmaq. Lakin O bizdən bizdə olmayan əzəmət və mükəmməllik tələb etmir. O bizə deyir: «Yanıma olduğunuz kimi gəlin, nə qədər az da olsa, əlinizdə olanı Mənə gətirin, mən də ondan möhtəşəm şəkildə Öz xidmətimdə istifadə edəcəyəm». Məsihin əlində ən az olan da həmişə bəs edir.

  1. Möcüzənin təsvirinin ən sonunda qalıqların toplandığı gözəl bir yer var. Bir möcüzə ilə insanları qidalandırmaq mümkün olsa belə, qalıqlar israf edilməməlidir. Burada bir şeyi qeyd etmək lazımdır: Allah insanlara qeyri-adi dərəcədə səxavətlə verir, amma israfçı olmaq olmaz. Biz həmişə Allahın səxavətli hədiyyəsindən ağıllı şəkildə istifadə etməliyik.

MÖCÜZƏ YARATMAQ (Matta 14:13-21 (ardı))

İsanın möcüzələri haqqında oxuyanların bəziləri onları başa düşməyə ehtiyac görmürlər. Ancaq elələri də var ki, bu möcüzələrlə bağlı sualları yaranır və onları başa düşmək zərurəti hiss edirlər. Buna görə utanmaq lazım deyil. Çünki Allah sorğu-sual edən ağıllardan çəkinmir. İsanın möcüzələrinə necə yanaşmağımızdan asılı olmayaraq, bir şey tamamilə aydındır: onlara heç vaxt baş vermiş hadisə kimi baxmaq olmaz. Biz həmişə onlara baş verənlər kimi baxmalıyıq. Bunlar tarixdə təcrid olunmuş hadisələr deyil; bu möcüzələr İsa Məsihin həmişəlik və daimi fəal gücünün təzahürüdür.

Çoxları bu möcüzəyə çörək və balıqların sadə artımı kimi baxmır. Belə olsaydı, bu, bir dəfə baş vermiş və bir daha təkrarlanmayan hadisə olardı.

Çoxları bu möcüzədə Rəbbin müqəddəs süfrəsini görür. Onlar hesab edirlər ki, orada olanların hər biri yalnız kiçik bir parça yemək aldı, bununla da yola çıxmağa güc tapdılar. Hamı bundan razı idi. Onlar hesab edirlər ki, bu, insanların fiziki aclıqlarını təmin etdikləri qida deyildi. Bu, Məsihin ruhani qidası idi. Əgər belədirsə, onda bu möcüzə biz hər dəfə ibadətə toplaşanda təkrarlanır. Çünki orada bizi Allaha aparan həyat yolunda daha qüvvətlə yeriməyə imkan verən ruhani qida alırıq.

Bu möcüzəni necə başa düşməyimizin heç bir əhəmiyyəti yoxdur. Bir şey tamamilə aydındır: Məsihin olduğu yerdə yorğun rahatlıq tapır, ac qalmış qəlb doyur.

22-27

HƏYƏCAN VƏ TƏLAŞ SAATI (Matta 14:22-27)

İsa Məsih insanları yedizdirdikdən sonra şagirdlərini yolladı. Mattanın yazdığına görə, İsa onları qayığa mindirib Özündən əvvəl getməyə məcbur etdi. Məcburiyyət sözü ilk baxışda qəribə görünür. Amma Yəhyada bu hadisənin təsvirinə baxsaq, izahını tapa bilərik. Yəhya deyir ki, insanlar yeyəndən sonra gəlib İsanı zorla padşah etmək istəyirdilər (Yəhya 6:15). Bu, ümumi təsdiq dalğası idi və İsrail kimi dövlətdə asanlıqla inqilaba vəsilə ola bilərdi. Vəziyyət təhlükəli idi və şagirdlər bunu daha da pisləşdirə bilərdilər, çünki onların da İsanın yer üzündəki səlahiyyət və gücü haqqında müəyyən təsəvvürləri var idi. İsa şagirdlərini ona görə göndərdi ki, Özünün təklikdə daha yaxşı öhdəsindən gələ biləcəyi bir vəziyyət yaranmışdı və O, şagirdləri bu işə cəlb etmək istəmirdi.

İsa tək qalanda dua etmək üçün dağa çıxdı. Bu vaxt gecə oldu. Şagirdlər gölün o tayına geri qayıtdılar; birdən göldə fırtına qopdu. Şagirdlər külək və dalğalarla mübarizə apara-apara güclə irəliləyirdilər. Gecə ikən İsa o biri sahilə keçmək üçün piyada gölün ətrafına endi.

O dövrdə gecə dörd hissəyə bölünürdü: axşam saat 6-dan 9-a qədər, axşam saat 9-dan gecəyarı saat 12-yə qədər, gecəyarı saat 12-dən səhər saat 3-ə qədər və səhər saat 3-dən səhər 6-ya qədər. Beləliklə, səhər saat 3-də gölün şimal tərəfində dağ yolu ilə gedən İsa, dalğalarla mübarizə aparan bir qayıq gördü və şagirdlərinə kömək etmək üçün sahilə endi.

İsa şagirdlərinin ehtiyacı olan vaxtda onların yanına gəldi. Külək əsəndə və həyat mübarizəyə çevriləndə, İsa ehtiyac yaranan kimi kömək etmək və xilas etmək üçün orada idi.

Həyatda belə küləklər tez-tez əsir. Çətinliklərlə qarşılaşırıq və həyat bizim özümüzlə, maddi problemlərlə, imtahanlarla, kədərlə, qərarlarımızla yorucu bir mübarizəyə çevrilir. Belə anlarda heç kim təkbaşına döyüşməməlidir, çünki İsa həyatın fırtınalarından keçərək xilas olmağımız üçün əllərini uzadır, sakit səslə bizi cəsarətli olmağa və qorxmamağa çağırır.

Bu hadisəni necə başa düşməyimizin heç bir əhəmiyyəti yoxdur. Burada İsanın İsraildə bir dəfə fırtına zamanı etdiyindən daha çox məna var. Bu Onun külək əsəndə və həyat fırtınası ilə alt-üst olmaq təhlükəsi ilə üz-üzə qalanda, Öz xalqı üçün etdiklərinin əlaməti və simvoludur.

28-33

FƏLAKƏT VƏ DİRİLMƏ (Matta 14:28-33)

Əhdi-Cədiddə Peterin xarakterinin bu qədər tam şəkildə açıqlandığı başqa bir yer yoxdur. Burada Peterin üç xüsusiyyətini görürük.

1. Peter nə etdiyini dərk etmədən qeyri-iradi davranmağa meylli idi. Onun səhvi o idi ki, faktları incələmədən, olub-bitənləri ölçüb-biçmədən eyni şeyləri təkrarlayırdı. O, ölənə kimi Rəbbə sarsılmaz sədaqətini bəyan edib (Matta 26:33-35), sonradan Onu tanıdığını inkar edəndə də eyni şeyi etdi. Amma bundan da pis günahlar var, çünki Peterin bütün problemləri onun ürəyinin səsinə uyğun davranmasından irəli gəlirdi və bəzən nə qədər səhvlər etsə də, ürəyi həmişə səmimi sevgi ilə dolu idi.

2. Qeyri-iradi hərəkət edərkən Peter tez-tez uğursuzluğa düçar olur və kədərlənirdi. İsa insanın vəziyyətə necə baxması və hərəkətə keçməzdən əvvəl hər şeyi hərtərəfli düşünməsi barədə dəfələrlə danışmışdı (Luka 9:57-58; Matta 16:24-25). İsa insanlarla münasibətdə tamamilə dürüst idi. İnsanlar həqiqət yoluna gəlməzdən əvvəl İsa onlara demişdi ki, Onun ardınca gəlmək çoxlu bəlalara səbəb olacaq. Məsihçilərin uğursuzluqlarının çoxu onların vəziyyəti və nəticələrini ölçüb-biçmədən, kortəbii davranmasından irəli gəlir.

3. Lakin sonda Peter heç vaxt ağır məğlubiyyətə uğramadı, çünki o anda İsadan möhkəm yapışdı. Onun ən heyrətamiz cəhəti odur ki, yıxılanda hər dəfə ayağa qalxdı. Bəlkə də onu Məsihə daha da yaxınlaşdıran uğursuzluqları olub. Bir nəfər yaxşı deyib: müqəddəs o adam deyil ki, heç vaxt səhv etmir və uğursuzluğa düçar olmur, müqəddəs — hər yıxılandan sonra ayağa qalxıb yoluna davam edəndir. Peterin bütün uğursuzluqları və büdrəmələri onun Məsihi daha çox sevməsinə səbəb oldu.

Bu ayələr daha böyük və əbədi həqiqətlə bitir. İsa qayığa minəndə külək dayandı. Böyük həqiqət budur ki, İsanın olduğu yerdə ən böyük tufan belə sakitləşir.

34-36

İSA MƏSİHİN XİDMƏTİ (Matta 14:34-36)

Bu, Mattanın keçidlər etmək və müxtəlif epizodlar arasında əlaqə yaratmaq üçün istifadə etdiyi, demək olar ki, gözə çarpmayan yerlərdən biridir. Əhdi-Cədiddə heç bir mənası olmadığı üçün üstündən keçilən yalnız bir və ya iki belə cümlə var. Amma buna baxmayaraq, onlar İsa haqqında çox şey deyir.

  1. Onlarda gözəllik var. İsa bir yerdə görünən kimi dərhal insanlar toplaşır, hay-küylə Ondan kömək istəyir və O da heç vaxt imtina etmir. Onları sağaldır. Burada Onun uzun müddət təbliğ etdiyi və ya öyrətməsi barədə bir söz deyilmir, yalnız şəfa verdiyi yazılır. İsanın ən heyrətamiz cəhəti o idi ki, O, insanları öyrədə-öyrədə Allahın xasiyyətini təzahür etdirirdi. O, insanlara Allahın onların qayğısına qaldığını demirdi. O, Allahın onların qayğısına qaldığını göstərirdi. Allahın sevgisini əməldə göstərmədən sözdə Allah sevgisini təbliğ etməyin mənası yoxdur.

  2. Amma onlarda pafos68 var. Bu parçanın oxucusu görür ki, yüzlərlə və minlərlə insan sadəcə İsadan nəsə almaq üçün Onun yanına qaçırdı və lazım olan şəfanı alan kimi Onun ardınca getməyə qətiyyən hazır olmurdu. Bu, həmişə belə olub: insanlar məsihçiliyin verdiyi imtiyazları istəyirlər. Onlar məsihçiliyin öhdəliklərini götürmək istəmirlər. Axı bizim çoxumuz Allahı yalnız Ona ehtiyac duyanda xatırlayırıq. Allaha və İsa Məsihə qarşı nankorluq ən dəhşətli günahdır. İnsanlar çox vaxt məhz buna görə günahkar olurlar.

Azərbaycan dilində Müqəddəs Kitab

Yəhyanın edamı
(Mark 6:14-29; Luka 9:7-9)
1 O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi. 2 Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».
3 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. 4 Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır». 5 Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı.
6 Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi. 7 O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək. 8 Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver». 9 Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər. 10 Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu. 11 Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı. 12 Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.
İsa beş min nəfəri doydurur
(Mark 6:30-44; Luka 9:10-17; Yəhya 6:1-14)
13 İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. 14 İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
15 Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar». 16 Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». 17 Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur». 18 İsa «onları buraya, Mənə gətirin» dedi. 19 Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. 20 Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar. 21 Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.
İsa suyun üstü ilə yeriyir
(Mark 6:45-53; Yəhya 6:15-21)
22 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər. 23 İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. 24 Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. 25 Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. 26 Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. 27 Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» 28 Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim». 29 İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. 30 Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. 31 İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» 32 Onlar qayığa mindikləri zaman külək sakitləşdi. 33 Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.
İsa Ginesarda xəstələrə şəfa verir
(Mark 6:53-56)
34 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar. 35 O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər. 36 Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.