Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 15-ci fəsil

V. Barklinin şərhləri

15-ci fəsil

1-9

TƏMİZ VƏ NATƏMİZ (Matta 15:1-9)

Bu hissə bizə çətin və qaranlıq görsənsə də, Müjdə hekayəsinin ən vacib yerlərindən biridir. Burada İsa Məsihin ortodoksal yəhudi dininin rəhbərləri ilə toqquşması əksini tapıb. Artıq ilk cümlədən görürük ki, ilahiyyatçılar və fariseylər İsa Məsihə sual vermək üçün Yerusəlimdən Qalileyaya qədər böyük yol qət etmişdilər. Bu suallar pis niyyətlə hazırlanmamışdı. İlahiyyatçılar və fariseylər İsa Məsihi tələyə salmaq fikrində deyildilər. Əslində, onlar böyük çaşqınlıq içində idilər. Çox qəzəblənmişdilər. Bu hissədəki toqquşma İsa Məsihlə fariseylərin şəxsi toqquşması deyildi. Bu, Tanrını razı salmağa yönəlmiş dinə dair iki müxtəlif yanaşmanın toqquşması idi.

Bu iki yanaşma arasında heç bir kompromisdən və razılaşmadan söhbət gedə bilməzdi. Biri digərini mütləq şəkildə məhv etməli idi. Beləliklə, bu hissədə tarixin ən böyük dini mübahisəsi əksini tapıb. Bunu başa düşmək üçün biz fariseylər və ilahiyyatçıların yəhudi dininin əsasını dərk etməliyik.

Bu hissədə bizim qarşımızda təmiz və natəmizliyin konsepsiyası dayanır. Biz özümüz üçün aydınlaşdırmalıyıq ki, burada söhbət fiziki təmizlikdən getmir. Haradasa ucu gigiyenaya toxuna bilər. Burada söhbət daha çox adət-ənənədən gedir. Təmiz olmaq o deməkdir ki, insan Tanrıya yaxınlaşa və Ona ibadət edə bilər. Natəmiz olmaq isə o deməkdir ki, insan Tanrıya yaxınlaşa və Ona ibadət edə bilməz. Belə natəmizlik müəyyən insanlarla və əşyalarla təmasdan yaranırdı. Məsələn, qadında qanaxma olan zaman o, natəmiz sayılırdı. Hətta bu qanaxma aybaşı olsa belə. Qadın həmçinin uşaq doğandan müəyyən müddət sonra da natəmiz hesab edilirdi. Meyitlər və heyvan cəsədləri də natəmiz sayılırdı. Onlara toxunan insanlar da natəmiz hesab edilirdi. Bundan başqa, bütpərəstlər də natəmiz bilinirdi.

Bu natəmizliyi biri digərinə ötürə bilərdi. Başqa sözlə desək, yoluxucu idi. Məsələn, əgər siçan saxsı qaba toxunurdusa, qab natəmiz olurdu. Əgər həmin qab təmizlənmə mərasimindən keçmirdisə, içində saxlanılan hər şey natəmiz hesab edilirdi. Bunun nəticəsi olaraq, o qaba toxunan, onun içindəkindən yeyən və ya içən hər kəs natəmiz olurdu. Həmin adama toxunan hər kəs murdar sayılırdı.

Bu yanaşma təkcə yəhudilərə xas deyildi. Digər dinlərdə də buna rast gəlmək mümkündür. Ali təbəqədən olan hindulara görə onların təbəqəsindən olmayan hər kəs natəmiz sayılır. Əgər bu ali təbəqənin hansısa nümayəndəsi məsihçiliyi qəbul edirsə, onda o öz təbəqəsinin daxilində daha çox murdar sayılır. Hinduların ali təbəqəsindən olan Premanand yazır ki, məsihçiliyi qəbul etdiyinə görə ailəsi onu rədd etmişdi. Bəzən o, anasını ziyarət edirdi. Onun dönüklüyünə görə anasının ürəyi qırılsa da, oğlunu sevməyə davam edirdi. Premanand belə deyirdi: «Atam işdə olduğu vaxt mənim anamı ziyarət etdiyimi biləndə, qapıçı Ram Rapa məni evə buraxmamağı əmr etmişdi». Zaman keçdikcə Premanandın anası qapıçını yavaş-yavaş yola gətirdi. «Anam Ram Rapı dilə tutmağı bacardı və anama baş çəkməyimə icazə verildi. Mövhumatçılıq o qədər güclü idi ki, anamın mənə yemək yedizdirdiyi qabları qulluqçular yumaqdan imtina edirdilər. Adətən, xalam mənim oturduğum yeri Qanq çayından götürdüyü su ya da inəyin peyini ilə qarışdırılmış su ilə təmizləyərdi». Premanand onların gözündə murdar idi və onun toxunduğu hər şey natəmiz sayılırdı.

Qeyd etmək lazımdır ki, bütün bunların əxlaqla heç bir əlaqəsi yox idi. Müəyyən əşyalara toxunmaq özlüyündə murdarlığa səbəb olurdu. Bu murdarlıq isə həmin adamı həm cəmiyyətdən, həm də Allahdan uzaq salırdı. Müəyyən adamların və əşyaların ətrafı sanki infeksiya ilə dolu idi. Nəzərə alsaq ki, bu mövhumat qərb sivilizasiyasında hələ də mövcuddur, onda onun mənasını daha yaxşı başa düşmək olar. Hələ də dördyarpaqlı yoncanın, hansısa gözmuncuğunun, duanın, qara pişiyin xoşbəxtlik ya da bədbəxtlik gətirəcəyinə inanan insanlar var.

Beləliklə, dində olan bu kimi mövhumatlar murdar sayılan insan və ya əşyalardan uzaq durmağı tələb edir. Əgər murdar bir şeylə təmas baş veribsə, onda bu natəmizlikdən təmizlənmək üçün müəyyən paklanma mərasimindən keçmək lazımdır. Gəlin bunu bir qədər dərindən araşdıraq.

İNSANIN QƏBUL ETDİYİ YEMƏK (Matta 15:1-9 (ardı))

Təmizlik və natəmizlik haqqında qanun digər böyük sahədə daha geniş mənada qəbul edilirdi. Bura insanın nəyi yeyəcəyi və nəyi yeyə bilməyəcəyi də daxil idi. Ümumiyyətlə, bütün tərəvəz və meyvələr təmiz hesab olunurdu. Lakin canlı varlıqlara münasibətdə ciddi tələblər mövcud idi. Bu tələblər Levililər 11-ci fəsildə sadalanır.

Biz onları qısaca burada qeyd edə bilərik. Heyvanlardan qoşadırnaqlı gövşəyən heyvanın ətini yemək olar. Bax, buna görə yəhudilər donuz, çöl və ev dovşanının ətini yemirlər. Heç bir halda öz əcəli ilə ölən heyvanın ətini yemək olmaz (Qanunun təkrarı 14:21). Heyvanın bütün qanı mütləq axıdılmalıdır. Ortodoksal yəhudilər bu gün də adət-ənənə əsasında heyvan kəsən qəssabdan ət alırlar. Ətin üzərində olan yağı və piyi yemək olar. Amma içalatı örtən piyi və üstündəki piyi, belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini yemək olmaz. Dəniz heyvanlarına gəldikdə isə üzgəcləri və pulcuqları olanların hamısını yemək olar. Bu o deməkdir ki, məsələn, molyusk, dəniz xərçəngləri murdar sayılır. Çəyirtkə xaric bütün həşəratlar natəmizdir. Gördüyümüz kimi, nəyi yemək olar, nəyi yemək olmaz baxımından balıqlar və heyvanlar üçün qaydalar standartdır. Quşlara münasibətdə belə standart yoxdur. Levililər 11:13-21-də əti yeyilən və yeyilməyən quşların adları sadalanır.

Bunun üçün müəyyən səbəblər var idi.

  1. Öz əcəli ilə ölən heyvanın ətindən istifadədən imtina etmək şər ruhlara imanla əlaqədar ola bilərdi. Elə hesab olunurdu ki, şər ruhlar həmin heyvanın bədənində məskən salır və beləcə qida vasitəsilə onu yeyənin daxilinə girir.

  2. Digər dinlərdə müəyyən heyvanlar müqəddəs hesab olunurdu. Məsələn, Misirdə pişik və timsah ilahiləşdirilmişdi. Çox güman, yəhudilər başqa xalqların müqəddəsləşdirdiyi heyvanları murdar sayırdı. Belə olan halda, heyvanlar bir növ büt sayılırdı. Buna görə də natəmiz hesab olunurdu.

  3. Rendl Şortun «Müqəddəs Kitab və müasir tibb» kitabında göstərilir ki, təmiz və natəmiz qidalar haqqındakı qaydalar gigiyena və sağlamlıq baxımından çox müdrikcəsinə qoyulub. O, belə yazır: «Biz donuz, ev və çöl dovşanının ətini yeyirik. Amma onlar iltihabla zəngindir. Buna görə onların ətini yalnız yaxşı bişirdikdən sonra yemək olar. Donuz nə gəldi yeyir. Bu səbəbdən onun əti insana asanlıqla keçən lentvari qurdların və trixinin daşıyıcısı ola bilər. Müasir dövrdə bu, elə də təhlükəli deyil. Lakin qədim İsraildə hər şey başqa cür idi. Ona görə də belə qidalardan uzaq durmaq lazım idi». Əti qanlı yemək qadağası, çox güman, yəhudi inancından irəli gəlir. Bu inanca görə qan — həyat deməkdir. Bu, tamamilə təbii yanaşmadır. Çünki qan bədəndən axdıqca, həyat o bədəni tərk edir. Həyat isə yalnız və yalnız Tanrıya məxsusdur. Piyi də qidada istifadə etmək yəhudi inancından irəli gəlir. Piy cəmdəyin ən bahalı hissəsi idi. Ən dəyərli hissəni isə Tanrıya təqdim etmək lazım idi. Bir çox hallarda bu qida qadağaları sağlam düşüncəyə əsaslanırdı.

  4. Digər əksər hallarda əşyalar və heyvanlar səbəbsiz yerə murdar hesab olunurdu. Haram sayılan şeyləri həmişə izah etmək olmur. Bu, sadəcə müəyyən heyvanların uğur və ya uğursuzluqla, təmiz və ya natəmizliklə əlaqələndirilməsindən irəli gələn mövhumatdır.

Ümumiyyətlə, bu şeylər özlüyündə böyük əhəmiyyətə malik deyildi. Lakin bu şeylər ona görə faciələşdirilirdi ki, farisey və ilahiyyatçılar üçün bu, ölüm-qalım məsələsi idi. Allaha ibadət etmək, dindar olmaq onların nəzərində bu qanunlara riayət etmək demək idi. Əgər bütün bunlara müəyyən nöqteyi-nəzərdən yanaşsaq, onda onların nəyə gətirib çıxardığını görərik. Fariseylərin gözündə qadağan olunmuş dovşanın və donuzun ətini yemək Allahın zina ilə bağlı qadağasını pozmağa bərabər idi. Başqa sözlə desək, dovşanın və donuzun ətini yemək qadını yoldan çıxarmaq və ya Qanuna zidd cinsi əlaqəyə girmək günahı ilə eyni idi. Fariseylərdə din zahiri qayda və normalarla qarışmışdı. Qayda və normalara riayət etmək, o cümlədən onları pozan adamları idarə etmək asandır. Buna görə həmin qayda və normalar ortodoksal yəhudilərin dininə çevirmişdi.

TƏMİZLƏNMƏ MƏRASİMİ (Matta 15:1-19 (ardı))

İndi isə gəlin baxaq, görək, bütün bunlar araşdırdığımız hissədə necə əksini tapır. Aydın məsələdir ki, təmizlənmə mərasiminin bütün tələblərinə əməl etmək qeyri-mümkündür. İnsan bildiyi natəmiz əşyalara toxunmaqdan uzaq dura bilər. Amma küçədəki murdar nəyəsə toxunduğunu necə bilə bilər? Axı İsraildə qeyri-yəhudilər də yaşayırdılar. Onların ayaq basdığı torpaq belə murdar sayılırdı.

Natəmizliklə mübarizə üçün xüsusi paklanma sistemi hazırlanmışdı. Bu sistem getdikcə təkmilləşirdi. Əvvəlcə yalnız səhərlər paklanma mərasimi var idi. Sonra əl yuma sistemi hazırlandı. Bu, ilk növbədə məbəddəki kahinlər üçün nəzərdə tutulmuşdu. Onlar paylarına düşən qurbanları yeməzdən öncə mütləq əllərini yumalı idilər. Bir qədər keçəndən sonra ortodoksal yəhudilər bu çətin paklanma mərasimini həm özləri, həm də başqa dindarlar üçün tələb kimi qoydular.

Ederşaymın «Həyat və İsa Məsihin dövrü» kitabında paklanmanın ən nəcib formaları göstərilib. Yeməkdən əvvəl paklanma üçün su ilə doldurulmuş bardaqlar hazır olurdu. Ən azı yarım stəkan su istifadə olunmalı idi. Əvvəlcə suyu hər iki ələ tökürdülər. Bu halda, barmaqlar yuxarı qaldırılmalı, su biləyə kimi axmalı idi. Həmin su biləkdən aşağı tökülməli idi. Çünki o, natəmiz əllərə toxunduğu üçün özü artıq murdar sayılırdı. Əgər həmin su təsadüfən barmaqlara dəysəydi, barmaqlar natəmiz sayılacaqdı. Belə olan halda, prosedur yenidən təkrarlanmalı idi. Bu zaman əllər tərs istiqamətdə tutulur, barmaqlar aşağıya yönəlirdi və sonra bir əl digərini yumruqla silərək təmizləyirdi. Əsl ortodoksal yəhudi bütün bunları yalnız yeməkdən əvvəl deyil, hər yemək arası da edirdi.

Ortodoksal yəhudi rəhbərləri İsaya belə sual verdilər: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?»

Onlar ağsaqqallardan qalan adət-ənənədən danışırlar. Yəhudilər üçün Qanun iki hissədən ibarət idi: Müqəddəs Yazılardan ibarət olan Qanun və şifahi qanun. Şifahi qanun getdikcə təkmilləşmə və tamamlanma tələb edirdi. Məsələn, ilahiyyatçılar və digər ekspertlər tərəfindən nəsillər boyu formalaşan əllərin yuyulması və s. qanunlar kimi. Şifahi qanunlar ağsaqqallardan qalan adət-ənənə hesab olunurdu və Yazılı Qanunlar qədər müqəddəs sayılırdı. Bu vacib məqamı qeyd etmək üçün diqqət yetirmək lazımdır: ortodoksal yəhudilər üçün din mərasimlərdən ibarət idi. Onların fikrincə, Tanrı da insanlardan elə bunları tələb edirdi. Bütün bunları yerinə yetirmək Tanrını razı salmaq və yaxşı insan olmaq demək idi. Başqa sözlə, paklanma mərasiminə riayət on əmr qədər vacib sayılırdı. Beləcə din zahiri qaydalarla bir tutulurdu. Əllərin yuyulması «başqasının malına göz dikmə» əmri qədər vacib idi.

ALLAHIN QANUNLARININ POZULMASI VƏ İNSAN ADƏT-ƏNƏNƏLƏRİNƏ RİAYƏT EDİLMƏSİ (Matta 15:1-19 (ardı))

İsa Məsih fariseylərin sualına birbaşa cavab vermədi. Onlara şifahi qanunların necə işlədiyini göstərmək üçün məsəllər çəkdi. Məqsəd şifahi qanunlara əməl etməklə Tanrının qanunlarına əməl etməyin eyni olmadığını, hətta tamamilə əksi olduğunu göstərmək idi.

İsa Məsih deyir ki, Allahın Qanunda yazılıb: ata-atana hörmət et. Sonra O, davam edir: «Əgər insan «məndən umduğun yardım Allaha həsr olundu» desə, onda atasına hörmət etməyə bilər». Əgər həmin ayələrə Markın Müjdəsində nəzər salsaq, orada belə yazıldığını görəcəyik: «məndən umduğun yardım qurban oldu». Bu ayənin mənası nədir? Onun iki mənası ola bilər. Çünki qurban sözünün iki mənası var.

  1. Qurban Allaha həsr olunmuş mənasını verir. Əgər kiminsə ata-anası kasıbdırsa və onlar övladlarına maddi kömək üçün müraciət ediblərsə, o, köməkdən yayınmaq üçün bu yola əl atır. O, rəsmi şəkildə bütün əmlakını və pullarını Allaha və Məbədə həsr edə bilərdi. Onda onun bu davranışı Tanrıya həsr olunan qurban sayılırdı. Belə olan halda, valideynlərinə deyə bilərdi: «Təəssüf ki, sizə heç nə verə bilməyəcəyəm. Mənim bütün var-dövlətim Tanrıya həsr olunub». O, ata-anasına hörmət və kömək etmək kimi əsas borcundan yayınmaq üçün dini adət-ənənədən istifadə etmiş olurdu. O, on əmrdən birini pozmaq üçün ilahiyyatçılar tərəfindən hazırlanmış qaydanı istifadə edirdi.

  2. Qurbanın başqa bir mənası da var. Çox güman ki, burada istifadə olunan məhz ikinci mənadır. Qurban sözü and kimi istifadə edilirdi. Kimsə atasına və ya anasına deyə bilərdi: «Əgər məndə olan nəsə ilə sənə kömək edəcəyəmsə, qurbandır sənə». Tutaq ki, həmin adam vicdan əzabı çəkir və o, əsəbiləşəndə bu sözləri qəzəblə deyir. Ya da həmin adam yaxşı niyyətlə hiss edir ki, valideynlərinə kömək etməlidir. Belə olan halda, hər bir sağlam düşüncəli insan həmin adamın tövbə etdiyini fikirləşər və deyər ki, bu cür dəyişiklik yaxşı əlamətdir. Əgər o, düzgün davranıb Allahın Qanununu icra etmək istəyirsə, onu dəstəkləmək lazımdır.

Lakin ciddi ilahiyyatçı deyər: «Yox. Bizim Qanun andı pozmağa yol vermir». Sonra o, Saylar 30:2-dən sitat gətirər: «…bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin».

İlahiyyatçı Qanuna əsaslanaraq iddia edə bilər: «Sən and içmisən və heç bir halda onu poza bilməzsən». Başqa sözlə desək, ilahiyyatçı tələb edərdi ki, Allahın verdiyi ən ali insani Qanunu pozmaq bahasına düşünmədən verdiyi andı yerinə yetirsin.

İsa Məsihin nəzərdə tutduğu isə bu idi: «Siz Müqəddəs Yazılardan çıxardığınız nəticələri, adət və ənənələrinizi bir insanı atasına və anasına qarşı vicdansız davranmağa məcbur etmək üçün istifadə edirsiniz. Hətta o insan tövbə edib düzgün davranacağını istəsə belə».

Nə qədər qəribə və faciəli olsa da, o dövrün ilahiyyatçıları və fariseyləri dahi yəhudi mütəfəkkirlərin təliminə qarşı çıxırdılar. Ravvin Eliezer deyirdi: «İnsanın valideynlərinin qapısı həmişə övladının üzünə açıqdır». O, bununla demək istəyir ki, əgər kimsə ata və anasını alçaldan and içibsə, sonra bu andından peşman olubsa, onda and içməsinə baxmayaraq, öz fikrini dəyişməkdə azaddır. Həmişəki kimi İsa adamlara onların bilmədiyi həqiqətləri demirdi. O, sadəcə Allahın onlara dediklərini, onların unutduqlarını xatırladırdı. Çünki insanlar öz xeyrinə işləyən qaydaları Allahın sadə qanunlarından üstün tuturdular.

Fikir ayrılığı və toqquşma, iki növ din və iki növ Allaha ibadət arasındakı yarış bax, budur. İlahiyyatçılar və fariseylər üçün din yeməkdən qabaq əllərin düzgün yuyulması kimi müəyyən qayda, ənənə və mərasimlərə əməl etmək idi. İsa Məsihin təlimində isə Tanrıya ibadət insanın ürəyindən gəlir. Bu ibadət qanundan üstün olan şəfqət və xeyirxahlıqda özünü göstərirdi.

İlahiyyatçılar və fariseylərə görə, ibadət Qanunun dini ayinlərindən ibarət idi. İsa Məsihə görə isə ibadət insanın təmiz ürəyi və sevgi dolu həyatı idi. Bu fikir ayrılığı bu gün də mövcuddur. İbadət nədir? Bu suala cavab olaraq bu gün də bir çoxu deyər ki, əgər ibadət müəyyən şəkildə təqdis edilmiş bir binada, ibadətgahda, müəyyən ayinlərə uyğun olaraq təyin edilmiş rahib tərəfindən yerinə yetirilmirsə, onda ibadət deyil. Sadalananların hamısı yalnız xarici, gözə görünən məqamlardır.

İbadətin ən böyük təriflərindən biri Uilyam Templ tərəfindən verilmişdi: «İbadət — Tanrının müqəddəsliyini dərk etmək, Tanrının həqiqəti ilə doymaq, Tanrının gözəlliyini düşünmək, Tanrının sevgisini ürəyinə qəbul etmək və Onun iradəsinə şüurlu təslim olmaqdır». Biz də ilahiyyatçılar və fariseylər kimi zahiri mərasimlərdən uzaq qaçmalı və onlar kimi kor olmamalıyıq. Həqiqi ibadət heç vaxt adət-ənənəyə əsaslanmamalıdır. Həqiqi ibadət insanların bir-biri, eləcə də Tanrı ilə şəxsi münasibətlərinə əsaslanmalıdır.

10-20

ƏSL XEYİRXAHLIQ VƏ ƏSL PİSLİK (Matta 15:10-20)

Bəlkə də bir yəhudiyə İsanın bu hissədə dedikləri çox təəccüblü gəlirdi. Çünki O, təkcə ilahiyyatçıların və fariseylərin ayinlərini, mərasimlərini qınamırdı. Əslində, İsa Levililər kitabının böyük hissəsini sanki kəsib atır. Çünki İsanın dedikləri yalnız əcdadların ənənələri ilə deyil, Müqəddəs Yazıların özü ilə ziddiyyət təşkil edir. İsa Məsihin təmiz və natəmiz qidalarla bağlı fikirləri Əhdi-Ətiqin bütün qanunlarını etibarsız sayır və üstündən xətt çəkir. Bəlkə də bu qanunlar sağlamlıq, təmizlik, sağlam düşüncə və tibbi baxımdan hələ də qüvvədədir, amma dini baxımdan bu qanunlar həmişəlik təsirini itirib. İsa birdəfəlik bəyan edir ki, insanın ayinlərə riayət etməyi deyil, qəlbinin vəziyyətinin necə olduğu vacibdir.

Ona görə də ilahiyyatçılar və fariseylərin şoka düşməsi təəccüblü deyildi. Sanki onların dinlərinin təməli sarsılmışdı. İsa Məsihin bəyanatı sadəcə həyəcan təbili çalmırdı. Bu bəyanat inqilab idi. Əgər İsa Məsih haqlıdırsa, demək, onların bütün dini nəzəriyyələri səhv idi. Onlar dini və Allahı razı salmağı təmizlik və murdarlıqla, bir insanın nə yediyi və yeməkdən əvvəl əllərini necə yuması ilə müəyyənləşdirirdilər. Məsih isə dini insanın ürəyinin vəziyyəti ilə müəyyənləşdirirdi. O, açıq-aydın şəkildə deyirdi ki, fariseylər və ilahiyyatçıların qayda-qanunlarının dinlə heç bir əlaqəsi yoxdur. Məsih deyirdi ki, fariseylər Allahın yolu haqqında heç bir təsəvvürə malik olmayan kor rəhbərlərdir. Onların ardınca gedən hər kəs yolunu azıb çuxura düşəcək.

  1. Əgər din zahiri qaydalardan və onlara əməl etməkdən ibarətdirsə, onda buradan iki nəticə hasil olur. Birincisi, bu cür din çox sadə və asandır. Müəyyən qidalardan imtina etmək, əlləri lazımi şəkildə yumaq, xoşagəlməz və cəlbedici olmayan şeyləri sevməkdən, ehtiyacı olanlara vaxt və pulla kömək etməkdən, rahatlığı qurban verməkdən daha asandır.

Lakin biz bu dərsi hələ tam mənimsəməmişik. Məbədə müntəzəm getmək, səxavətlə ianə vermək, Müqəddəs Kitabı araşdıran dərnəyin üzvü olmaq — bütün bunlar zahiri ibadətdir, yəni dinə aiddir. Amma iman deyil. Həmişə özümüzə xatırlatmalıyıq ki, iman bizim Tanrı və bacı-qardaşlarımıza şəxsi münasibətlə əlaqədardır.

Bundan əlavə, əgər din zahiri qayda-qanunlara riayət etməkdən ibarətdirsə, onda o, yalnız yanlışlığa gətirib çıxaracaq. İnsanların əksəriyyətinin həyatı zahirən qüsursuz görünsə də, ürəklərində ən acı və pis düşüncələri daşıyır. İsa Məsih öyrədir ki, dünyanın bütün zahiri qayda-qanunlarına əməl etməklə ürəyə hakim olan qüruru, acını və ehtirası satın almaq mümkün deyil.

  1. İsa Məsih öyrədir ki, insan üçün ən vacib onun ürəyidir. «Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək» (Matta 5:8).

Tanrı üçün vacib olan bizim nə etməyimiz deyil, bizim nə üçün belə etməyimizdir. Başqa sözlə desək, bizim faktiki etdiyimiz hərəkət deyil, ürəyimizin niyyəti vacibdir. Akvinalı Foma belə demişdi: «İnsan əməlləri, Allah isə niyyəti görür».

İsa öyrədir ki, zahiri qayda-qanunlara əməl etməklə heç kəs özünü yaxşı adlandıra bilməz. Yaxşı o adamdır ki, onun təmiz ürəyi var. Bu isə qürurun sınması deməkdir. Ona görə də hər birimiz yalnız belə deyə bilərik: «Ya Allah! Mən günahkara rəhm et!» (Luka 18:13) İsanın bu təlimi hər birimizi ifşa edir.

21-28

SINANMIŞ VƏ BƏRAƏT ALMIŞ İMAN (Matta 15:21-28)

Bu hissədə dərin məna var. Qeyd etmək lazımdır ki, bu hissədə baş verənlər İsanın İsraildən kənarda olması ilə bağlı yeganə hadisədir. Bu ayələrin ən böyük mənası odur ki, onlar Müjdənin bütün dünyaya yayılacağını göstərir. Bu ayələrdə bütün maneələr və sərhədlərin dağılmasının başlanğıcı göstərilir.

Bu, İsa Məsih üçün bilərəkdən getmək vaxtı idi. O, sonun yaxınlaşdığını bildiyinə görə bu yeri seçmişdi ki, bir qədər rahatlanıb baş verəcək hadisələrə hazırlaşa bilsin. Bu vaxt İsanın Özündən çox şagirdlərini Özünün çəkəcəyi iztirablara hazırlamaq üçün lazım idi. İsa bu barədə şagirdlərinə elə deməli idi ki, onlar başa düşsün.

İsraildə elə bir yer yox idi ki, İsa şagirdləri ilə birlikdə təkliyə çəkilə bilsin və kimsə onları narahat etməsin. O, hara gedirdisə, xalq Onun ardınca gedirdi. Buna görə O, finikiyalıların yaşadıqları Sur və Sidon ərazisinə çatana qədər Qalileyadan üzü şimala tərəf getdi. Orada O, ən azından müvəqqəti olaraq ilahiyyatçıların və fariseylərin düşmənçiliyindən, eləcə də insanların gözündən uzaq ola bilərdi. Çünki heç bir yəhudi Ona görə bütpərəstlərin torpağına ayaq basmazdı.

Həmin ayələrdə biz İsa Məsihin Onu bürüyən ölümqabağı həyəcanı dəf etmək üçün rahatlıq axtardığını görürük. Bunu qaçış kimi başa düşmək lazım deyil. O, həm Özünü, həm də şagirdlərini yaxınlaşmaqda olan həlledici sonuncu döyüşə hazırlayırdı.

Lakin İsa bu yad eldə belə, ehtiyacı olan insanların tələbatını qarşılamaqdan azad deyildi. Bir qadının qızı ağır xəstə idi. Yəqin ki, həmin qadın haradansa İsanın etdiyi möcüzələr haqqında eşitmişdi. O, göz yaşları içində kömək istəyə-istəyə İsanın və şagirdlərinin ardınca düşmüşdü. İlk baxışdan elə görünür ki, İsa sanki ona heç bir əhəmiyyət vermir. Şagirdləri Onun bu davranışından təəccüblənmişdilər. Onlar İsadan qadının xahişini yerinə yetirməyi və onu yola salmağı xahiş etdilər. Şagirdlər bunu qadına yazıqları gəldiyi üçün demədilər. Əksinə, qadın onlara mane olurdu və onlar tələsik qadından yaxa qurtarmaq istəyirdilər. Bir insandan yaxa qurtarmaq üçün ona istədiyini vermək kimi hallara tez-tez rast gəlinir. Lakin bu, heç də məsihçi sevgisi və şəfqətindən irəli gəlmir.

Amma İsa Məsih üçün burada problem var idi. Biz Məsihin bu qadına acıdığına dair bir an olsun belə şübhə edə bilmərik. Məsələ onda idi ki, qadın bütpərəst idi. Bütpərəstliyindən əlavə, həm də kənanlı idi. Kənanlılar isə hələ qədimdən israillilərin düşməni idi. O dövrlərdə tarixçi İosif Flavi yazırdı: «Finikiyalılardan da betər Sur sakinləri bizə qarşıdır». Gördüyümüz kimi, İsa Məsih gücünü tam şəkildə təzahür etdirmək üçün müdrik bir general kimi məqsədlərini məhdudlaşdırmalı idi. O, xidmətinə yəhudilərdən başlamalı idi. Burada kömək istəyən isə bütpərəst idi. İsa qadının ürəyində əsl iman oyatmalı idi.

Odur ki, İsa sonda qadına dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». Bir insana köpək demək, onu ölümcül və həqarətlə alçaltmaq demək idi. Yəhudilər təhqiramiz şəkildə «köpək-bütpərəstlər», «kafir köpəklər», daha sonra isə «məsihçi köpəklər» haqqında təkəbbürlə danışırdılar. O dövrdə köpəklər küçədəki tullantılarla qidalanan, arıq, vəhşi və çox vaxt xəstə olan murdar heyvanlar idi. Amma burada növbəti məqama nəzər salmaq lazımdır:

Səs tonu və baxış böyük rol oynayır. Sərt ifadəni gülümsəyərək də demək olar. Dostuna təbəssümlə və yumşaq tonla alçaldıcı söz demək olar. Bu sözlər tikanlı deyil, məhəbbətlə doludur. Əminliklə demək olar ki, İsanın təbəssümü və gözlərindəki şəfqət Onun sözlərinin həqarətini azaldırdı.

İkincisi, yunan dilinin orijinalında köpək (kunariya) sözü kiçildilmiş mənasında işlədilir. Kunariya isə küçələrdə hürən, zibilləri eşələyən itlərdən fərqli olaraq kiçik ev itləri idi.

Qadın milliyyətçə yunan idi. O, İsanın nə demək istədiyini o dəqiqə başa düşdü və yunanlara məxsus hazırcavablıq göstərdi. Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». Qadının belə güclü imanını görüb İsa Məsih sevindi. İsa ona xeyir-dua verib qızını sağaltdı.

XEYİR-DUA QAZANDIRAN İMAN (Matta 15:21-28 (ardı))

Bu qadınla bağlı bir neçə faktı qeyd etmək lazımdır.

  1. Birincisi və hər şeydən əvvəl onun ürəyində sevgi vardı. İlahiyyatçılardan biri onun haqqında belə demişdi: «Uşağının bədbəxtliyi onun bədbəxtliyinə çevrilmişdi». Qadın bütpərəst olsa da, onun ürəyində övladına qarşı böyük sevgi var idi. Bu isə Allahın Öz övladlarına olan sevgisinin bir təzahürüdür. Məhz övladına olan ana sevgisi onu yadelliyə ağız açmağa vadar etmişdi. Bu sevgi onu hətta xahişinə cavab almasa belə, israrlı olmağa vadar etmişdi. Bu sevgi sayəsində o, rədd cavabını sakitliklə qarşıladı. Məhz həmin sevgi sayəsində o, İsa Məsihin sözlərindəki şəfqəti gördü. Bu qadını hərəkətə gətirən ürəyindəki sevgi idi. Sevgidən güclü və Allahı bu qədər razı salan başqa heç nə yoxdur.

  2. Bu qadının imanı vardı.

  1. Bu iman İsa ilə ünsiyyətdən sonra daha da artdı. Əvvəlcə qadın İsanı Davudun Oğlu adlandırdı. Bu, çox geniş yayılmış məşhur siyasi titul idi. Bu titul qüdrət və izzət nöqteyi-nəzərindən möcüzə yaradan İsaya aid idi. Bu qadın dahi və səlahiyyət Sahibindən xeyir-dua istəmək üçün gəlmişdi. O, cadugərin yanına gəlirmiş kimi mövhumat hissləri ilə gəlmişdi. Sonradan o, İsanı Rəbb adlandırdı.

İsa qadını Özünə baxmağa vadar etdi. Qadın Onda sözlə ifadə edilməyən İlahilik gördü. İsa da qadının xahişini yerinə yetirməmişdən öncə Onu belə görməsini istəyirdi. O istəyirdi ki, qadın dahi insandan xahiş etməyi deyil, Var Olan Tanrıya yalvarmaq lazım olduğunu başa düşsün. İsa Məsihlə üzbəüz danışdıqca bu qadının imanının necə artdığını və əslində, Onun Kim olduğunu dərk etdiyini görmək olurdu.

  1. Bu iman səcdədə özünü göstərdi. Qadın əvvəlcə İsanın ardınca düşmüşdü, sonda isə Onun önündə diz çökdü. Qadın əvvəlcə xahişdən başladı, sonda isə yalvardı. Biz həmişə İsanın əzəmətinə heyranlıq hissi ilə yanaşmalı və yalnız bundan sonra istək və ehtiyaclarımızla Ona müraciət etməliyik.

  1. Bu qadın çox israrlı idi. Onu heç nə ilə ruhdan salmaq olmazdı. Bir nəfərin dediyi kimi, bəzi insanlar yalnız fürsəti əldə verməmək üçün dua edirlər, əslində isə, duanın gücünə inanmırlar. Onlar sadəcə nəyinsə baş verəcəyini gözləyirlər. Bu qadın İsanın yanına ona görə gəlməmişdi ki, bəlkə ona kömək edə bilər. İsa onun yeganə ümidi idi. O, böyük ümidlə və dərin ehtiyac duyduğu üçün gəlmişdi. Rədd edilməsi onu ruhdan sala bilməzdi. Onun duası qəti idi. Onun üçün dua formal adət deyildi. Onun üçün dua qəlbinin rədd qəbul etməyən böyük fəryadı idi.

  2. Qadının xüsusi cəsarəti var idi. Onun böyük sıxıntısı var idi. Vəziyyətinin ciddi olmasına baxmayaraq, o, gülümsəyə bilirdi. Onda həyat eşqi var idi. Allah gözləri ümidlə parladan, zülmətin hər zaman işıqlanacağına ümid bəsləyən imanı sevir.

Bu qadın İsanın önündə diz çökərkən gözəl, cəsarətli sevgi, artan iman, qırılmaz ümid və əzmkarlıq nümayiş etdirdi. Belə imanla edilən dua mütləq eşidilir.

29-39

HƏYAT ÇÖRƏYİ (Matta 15:29-39)

Biz gördük ki, İsa Məsih Özünü və şagirdlərini son günlərdəki əzablarına hazırlamaqdan ötrü yəhudilərdən uzaqlaşaraq Finikiya sərhədlərinə doğru getdi. Burada sual doğuran məqamlardan biri Müjdələrdə dəqiq tarixin və vaxtın göstərilməməsidir. Ona görə də bütün mümkün ipucularından istifadə edərək, onları özümüz tapmalıyıq. Müqəddəs Kitabı oxuduğumuz vaxt İsa Məsihin yəhudi sərhədlərindən kənarda təsəvvür etdiyimizdən daha çox qaldığını görürük.

Beş min nəfərin doydurulması (Matta 14:15-21; Mark 6:31-44) yazda baş vermişdi, çünki bu isti ölkədə başqa heç vaxt ot yaşıl ola bilməzdi (Matta 14:19; Mark 6:39). İlahiyyatçılar və fariseylərlə münaqişədən sonra İsa Sur və Sidona getdi (Mark 7:24; Matta 15:21). Piyada səfər etmək özlüyündə çox çətin idi.

Vaxtı və zamanı müəyyənləşdirmək üçün növbəti ipucunu Mark 7:31-də görürük. «İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı». Səyahət etmək üçün bu, çox qəribə üsuldur. Sidon — Tirdən şimalda, Qalileya dənizi isə Tirdən cənubda yerləşir; Dekapolis Qalileya dənizinin şərq sahilindəki yunan şəhərlərinin birləşməsi idi. Başqa sözlə desək, Məsih cənubda olmaq üçün şimala getdi. Üçbucağın oturacağının bir küncündən digər küncünə keçmək üçün onun zirvəsindən keçdi. Bu, Goranboydan Şəmkirə Gəncədən keçməklə getməyə oxşayır. Buradan aydın görünür ki, İsa Yerusəlimə getməzdən əvvəl şagirdləri ilə daha çox vaxt keçirtmək üçün yolunu bilərəkdən uzadırdı.

Nəhayət, O, Mark 7:31-də baş verən hadisənin olduğu yerə — Dekapolisə gəlib çıxdı. Burada növbəti ipucunu görürük. İsa camaata əmr etdi ki, yerə (epi ten gen) otursunlar. Yayın axırları olduğu üçün yerdə ot qurumuşdu.

Başqa sözlə desək, İsanın bu şimal səfəri altı ay çəkdi. Biz bu altı ayda nələrin baş verdiyini bilmirik. Lakin əminik ki, bu altı ay Məsihin şagirdlərinin həyatında çox vacib dövr olub. Çünki bu vaxt ərzində İsa məqsədyönlü şəkildə onlara həqiqətləri öyrədib. Unutmayaq ki, sınaq dövründən əvvəl şagirdlər İsa ilə altı ay birlikdə olublar.

Bəzi ilahiyyatçılar elə hesab edirlər ki, beş min və ya dörd min insanın doydurulması eyni hadisənin müxtəlif variantlarıdır. Amma bu, belə deyil. Gördüyümüz kimi, hadisələr müxtəlif vaxtlarda baş verib. Birincisi yazda, ikincisi isə yayda. Müxtəlif olan adamlar və yerlərdir. Dörd min adamın doydurulması Dekapolisdə baş vermişdi. Dekapolis özündə on müstəqil yunan şəhərini birləşdirirdi. Burada yəhudilərdəkindən də çox qeyri-yəhudilərə rast gəlmək mümkün idi. Bu fakt 15:31-dəki «Xalq.... heyrətləndi və İsrailin Allahını izzətləndirdi» ifadəsinin qəribəliyini göstərir.

Qeyri-yəhudilərin gözündə baş verənlər İsrailin Allahının qüdrəti idi. Bu hadisələrin müxtəlifliyini təsdiqləyən başqa kiçik bir ipucu da var. Beş min nəfərin doydurulmasını təsvir edən hadisədə artıq qalan hissələri toplamaq üçün istifadə edilən səbətlərə kofina, dörd min adamın doydurulması ilə bağlı hadisədə isə sfuridlər deyilir. Kofinos dar boğazlı butulka formasında səbət idi. Yəhudilər çox vaxt yeməklərini bu səbətdə daşıyırdılar ki, qeyri-yəhudilərin əli dəydiyi və buna görə murdar hesab etdikləri yeməyə möhtac qalmasınlar. Sfurides bizim qapaqlı səbətlərə oxşayırdı. Bu səbətlər o qədər yekə olurdu ki, onun içinə hətta adam belə sığışırdı. Bu tip səbətlərdən qeyri-yəhudilər istifadə edirdilər.

Bu şəfanın və izdihamın doydurulmasının qeyri-adiliyi İsanın şəfqətinin və mərhəmətinin qeyri-yəhudilərə də aid olmasında idi. Bu, həyat çörəyinin təkcə yəhudilər üçün deyil, eyni zamanda Həyat Çörəyinin yanında olan qeyri-yəhudilər üçün də nəzərdə tutulduğunun rəmzidir.

İSA MƏSİHİN MƏRHƏMƏTİ (Matta 15:29-39 (ardı))

Bu ayələrdə bizə İsa Məsihin mərhəməti və xeyirxahlığı bütünlüklə açıqlanır. Biz Onun insanların bütün ehtiyaclarını necə ödədiyini görürük.

  1. Biz Onun fiziki xəstəlikləri sağaltdığını görürük. Topal, şikəst, kor və kar adamları Onun ayaqlarına gətirirdilər və O, adamları sağaldırdı. İsa dünyanın fiziki iztirablarının qayğısına qalır. Bu gün insanlara şəfa verən adamlar İsanın işini görmüş olurlar.

  2. Biz Onun yorğunların qayğısına qaldığını görürük. İnsanlar yorulmuşdu. İsa onları uzun və çətin yola hazırlamaqdan ötrü qüvvətləndirmək istəyirdi. İsa dünyanın yorğun səyyahlarına və işçilərinə sonsuz qayğı göstərir.

  3. Biz Onun acları doydurduğunu görürük. Biz görürük ki, İsa fiziki aclığı və ehtiyacları ödəməkdən ötrü hər şeyi qurban edir. İsa insanın canının qayğısına qaldığı kimi, bədəninin də qayğısına qalır. Biz burada insanların saysız-hesabsız ehtiyaclarını təmin etmək üçün Tanrının Öz gücünü necə sərf etdiyini görürük. Bu ayələrlə bağlı belə bir gözəl fikir var. İsa xidmətinin üç ardıcıl mərhələsini xalqını doydurmaqla başa vurur. İlk dəfə bu, Qalileyadakı xidmətinin sonunda beş min nəfəri doydurmaqla baş verir. Çünki bundan sonra İsa heç vaxt Qalileyada nə öyrədir, nə təbliğ edir, nə də şəfa verir. İkinci dəfə İsrailin xaricindəki qeyri-yəhudilərə (əvvəlcə Sur və Sidonda, sonra isə Dekapolisdə) qısa xidmətdən sonra dörd min adamı doydurur. Üçüncü və sonuncu dəfə bu, Yerusəlimdəki axırıncı şam yeməyində baş verir.

Bu, çox gözəl idi: İsa insanlar yola çıxmamışdan əvvəl onları güclə təmin etməmiş heç vaxt tərk etməzdi; İsa yoluna davam etməzdən əvvəl ətrafına insanları toplayar, onları həyat çörəyi ilə doydururdu. O, həmişə Özünü tamlığı ilə onlara qurban edirdi. İsa Məsih bu gün də ruhumuzu doydurmaq və ömür boyu bizi gücləndirmək üçün çörək təklifi ilə həyatımıza gəlir.

Azərbaycan dilində Müqəddəs Kitab

İnsanı murdar edən nədir?
(Mark 7:1-23)
1 Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: 2 «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?» 3 İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? 4 Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. 5 Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, 6 onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. 7 Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir:
8 “Bu xalq dodaqları ilə Mənə hörmət edir,
Amma qəlbləri Məndən uzaqdır.
9 Boş yerə Mənə səcdə edirlər,
İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”».
10 İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin. 11 Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir». 12 O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər». 13 Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq. 14 Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».
15 Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et». 16 İsa dedi: «Siz də hələ dərk etməmisiniz? 17 Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur? 18 Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. 19 Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. 20 İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».
Kənanlı qadının imanı
(Mark 7:24-30)
21 İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. 22 Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. 23 İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. 24 Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». 25 Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». 26 İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 27 Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». 28 O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.
İsa dörd min nəfəri doydurur
(Mark 8:1-10)
29 İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu. 30 Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi. 31 Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi.
32 İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər». 33 Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?» 34 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var». 35 Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. 36 Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. 37 Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. 38 Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. 39 İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.