1-4
Ədavət və ehtiyac qəribə ünsiyyət dairəsi yaradır. Fariseylərlə sadukeyləri bir yerdə görmək çox qəribədir. Onlar həm siyasətdə, həm də dində biri-birilərinə zidd mövqedə dayanırdılar. Fariseylər yazılan və yazılmayan qanunlara xırdalıqlarına qədər əməl edirdilər. Sadukeylər isə yazılmayan qanunları və şərhləri rədd edir, yalnız Müqəddəs Yazılarda əksini tapan qanunlara əməl edirdilər. Fariseylər mələklərə və ölülərdən dirilməyə inanırdılar. Sadukeylər isə inanmırdılar. Paul Ali Şurada sorğu-suala çəkiləndə bu ziddiyyətdən istifadə etmişdi (Həvarilərin İşləri 23:6-10). Bundan başqa, fariseylərin siyasi mənsubiyyəti yox idi və onlara öz dini prinsiplərinə əsasən yaşamağa imkan verən istənilən hakimiyyətə tabe olmağa hazır idilər. Sadukeylər isə sərvətlərini və imtiyazlarını qorumaq üçün Roma hökuməti ilə əməkdaşlıq etməyə və ona xidmət göstərməyə hazır olan varlı aristokratların kiçik bir partiyası idi. Eyni zamanda fariseylər Məsihin gəlişini gözləyirdilər, sadukeylər isə yox. Bu qədər bir-birinə zidd iki fərqli məzhəb çətin tapılar. Amma buna baxmayaraq, onlar İsa Məsihi məhv etmək üçün birləşdilər. Bütün cinayətlərin və yanlışlıqların ortaq bir cəhəti vardı. Bu da Məsihə qarşı düşmənçilik idi.
Fariseylər və sadukeylər əlamət tələb edirdilər. Gördüyümüz kimi, yəhudilərin peyğəmbərlərdən yaxud rəhbərlərdən onların öz çağırışını təsdiqləməsi üçün əlamət tələb etmək kimi bir adəti var idi (Matta 12:38-40). İsa bu tələbə cavab verərək deyir ki, əlamət var. Məsələ ondadır ki, onlar bu əlaməti görmək istəmirlər. İlahiyyatçılar və fariseylər havanın necə olacağını qabaqcadan deyə bilirdilər. Onlara yaxşı məlum idi ki, axşam göy qırmızı olanda, hava yaxşı olur. Göy səhər çağı qırmızı olanda isə fırtına qopur. Lakin onlar kor olduqları üçün zamanın əlamətlərini ayırd edə bilmirdilər.
İsa Məsih fariseylərə və sadukeylərə dedi ki, onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. Biz artıq Yunusun əlamətinin nə olduğunu bilirik (Matta 12:38-40). Yunus — Nineva sakinlərini pis əməllərindən çəkindirib Allaha tərəf döndərən peyğəmbər idi. Nineva sakinlərini Allaha döndərən əlamət Yunusun nəhəng balıq tərəfindən udulması deyildi. Bu barədə onlar heç nə bilmirdilər. Yunus insanlara müraciət edəndə heç vaxt bu faktdan istifadə etməmişdi. Yunusun əlaməti — Yunusun özü və Allahdan gətirdiyi xəbər idi. Nineva sakinlərinin həyatını dəyişdirən peyğəmbərin gəlişi və onlara gətirdiyi xəbər idi.
Beləcə İsa Məsih deyir ki, Onun Allahdan gəldiyini təsdiqləyən əlamət Onun Özü və gətirdiyi xəbərdir. İsa sanki onlara belə deyirdi: «Siz Mənim vasitəmlə Allahı və Onun həqiqətini üzbəüz görürsünüz. Sizə başqa nə lazımdır? Amma siz o qədər korsunuz ki, bu əlaməti görə bilmirsiniz». Burada həm həqiqət, həm də xəbərdarlıq var. İsa Məsih Allahın son vəhyidir. İsa Məsihdən o tərəfə Allahın vəhyi yoxdur. Hamı Onun simasında Tanrını aydın görə bilər. Hamı Onun səsində Allahın Müjdəsini aydın eşidə bilər. Odur insanlar üçün Allahın əlaməti. Xəbərdaredici həqiqət ondan ibarətdir ki, İsanın təsir edə bilmədiyi ürəyə heç nə toxuna bilməz. İsanın inandıra bilmədiyini heç kim inandıra bilməz. Əgər insanlar İsada Allahı görə bilmirlərsə, onda onlar heç nədə və heç kimdə Allahı görə bilməzlər. Biz İsa Məsihin qarşısında dayananda, Allahın son çağırışı önündə dayanmış oluruq. Əgər belədirsə, bu son fürsəti dəyərləndirməkdən, bu son sözü dinləməkdən imtina edən və son çağırışdan üz çevirən bir insana nə etmək qalır?
5-12
Bu, çox çətin başa düşülən hissədir. Biz yalnız onun mənasını təxmin edə bilərik.
İsa və Onun şagirdləri Qalileya dənizinin o tayına keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. Nədənsə onlar buna görə çox narahat olmuşdular. İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü qoruyun». Maya sözünün iki mənası var. Hərfi mənada bu, kiçik mayalanmış xəmir parçası deməkdir. Onsuz çörək bişirilə bilməz. İsa Məsih maya haqqında deyəndə, şagirdlər məhz bu mənanı başa düşmüşdülər. Onlar unutduqları çörək barədə düşündüklərinə görə elə zənn etdilər ki, İsa məhz həmin təhlükəli mayadan danışır. Onlar sadəcə çörək götürməyi unutmuşdular. Bu isə o demək idi ki, çörəyə ehtiyacları yaranarsa, onu gölün o biri tayından qeyri-yəhudilərdən almalı olacaqlar. Heç bir ciddi ortodoksal yəhudi qeyri-yəhudilərin əlində bişmiş və ya toxunduğu çörəyi yeyə bilməzdi. Buna görə şagirdlərin gölün o tayında çörək alması yolverilməz idi. Şagirdlər İsanın sözlərini belə başa düşmüşdülər: «Siz təmiz çörəyi götürməyi unutmusunuz. Sahilə çatanda ehtiyatlı olun ki, natəmiz maya ilə mayalanmış çörək almayasınız».
Şagirdlərin fikri-zikri yalnız çörəkdə idi. Amma İsa onlara xatırlatdı: «Beş min nəfər üçün beş çörəyi nə qədər artıq qaldığını və neçə zənbil yığdığınızı xatırlayın. Bunu xatırlasanız boş şeylərdən ötrü məngənəyə düşməyəcəksiniz. Siz artıq Mənim yanımda belə xırda problemlərin həllini tapdığını görmüsünüz. Belə problemlər yenə həllini tapacaq. Narahatlığı dayandırın və Mənə güvənin».
Bu sözlər o qədər aydın deyilmişdi ki, şagirdlər başa düşməyə bilməzdilər. Onda İsa xəbərdarlığını bir daha təkrarladı: «Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». Maya sözünün hərfi mənasından başqa, məcazi mənası da var. Yəhudilərdə maya sözünün məcazi mənası pis təsir deməkdir. Yəhudilərə görə maya həmişə pisliyin və günahın rəmzi olub. Maya — mayalanmış xəmirdir. Yəhudilər qıcqırmanı çürümə və qoxuma ilə bir tuturdular. Onlarda maya çürümüş və pis olan hər şeyin simvolu sayılırdı. Maya qarışdırıldığı xəmiri eyni tərkibli edir. Buna görə maya bütün həyatı korlaya biləcək pis mənada işlədilirdi.
Yalnız bundan sonra şagirdlər İsanın nə demək istədiyini başa düşdülər. Onlar anladılar ki, İsa heç də çörək mayasından danışmır. O, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutur.
Görəsən, İsa fariseylər və sadukeylərin təlimlərinin zərərli təsirləri barədə xəbərdarlıq etməklə nə demək istəyirdi? Burada yalnız fərziyyə irəli sürmək olar. Amma buna rəğmən biz fariseylər və sadukeylərin düşüncə tərzinin xüsusiyyətlərini yaxşı bilirik.
Fariseylər dinə qanun və əmrlərin, norma və qaydaların birləşməsi, əməldə isə mərasimlərin və təmizlik məsələsinin nümayişkarlığı kimi baxırdılar. Buna görə İsa belə deyir: «Ehtiyatlı olun ki, iman yolunu fariseylər kimi qaydalar toplusuna və nümayişkaranə əməllərə çevirməyəsiniz. Unutmayın ki, vacib olan insanın ürəyinin vəziyyətidir». Bu, ilahiyyatçıların qaydalarına əsasən yaşamağı din adlandıranlara bir xəbərdarlıqdır. Bu, insanın zahiri, görünən davranışlarına üstünlük verən və qəlbinin daxili vəziyyətini unudan dinə qarşı bir xəbərdarlıqdır.
Sadukeylərin bir-biri ilə bağlı iki xüsusiyyəti var idi. Onlar siyasətlə məşğul olan varlı aristokratlar idi. Ola bilsin ki, İsa buna görə belə deyirdi: «Ehtiyatlı olun ki, Allahın Padşahlığını heç vaxt görünən maddiyyatla bir tutmayasınız, onu siyasi yolla əldə edəcəyinizə ümid bağlamayasınız. Elə zənn etməyin ki, insanları siyasi yollarla dəyişə bilərsiniz». Bəlkə də İsa insanlara xatırlatmaq istəyirdi ki, maddi rifah ən yüksək dəyər deyil, siyasət isə ən vacib nəticəni vermir. Əsl xoşbəxtlik — ürəyin xoşbəxt olmasıdır. Həqiqi dəyişilmə isə zahiri imkanların yox, insanların ürəyinin dəyişilməsidir.
13-16
Bu hissədə Məsihin şagirdləri ilə birlikdə təkliyə çəkilməsindən bəhs edilir: son yaxınlaşırdı. Buna görə O, bacardıqca daha çox şagirdləri ilə təkbətək qalmağa çalışırdı. İsanın şagirdlərinə söyləyəsi, öyrədəsi çox şey var idi. Baxmayaraq ki, bunların əksəriyyətini onlar başa düşmürdü.
Bu səbəbdən İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldi. Filip Qeysəriyyəsi Qalileya dənizinin qırx kilometr şimal-şərqində, Qalileya hökmdarı Hirod Antipanın idarə etdiyi ərazinin sərhədlərindən xaricdə, hökmdar Filipin idarə etdiyi ərazidə yerləşir. Bu ərazinin sakinləri əsasən qeyri-yəhudilər idi. İsa burada rahatlıqla şagirdlərini öyrədə bilərdi.
Vaxt az idi. Onun bədəndə olma müddəti sona çatırdı. Buna görə İsa ardıcıllarının Onu kim saydığını yoxlamaq qərarına gəldi.
İsanın bu sualı harada verdiyinə diqqət yetirmək çox maraqlıdır. Çətin ki insanlar Filip Qeysəriyyəsində olduğu qədər keçmişdə dini hadisənin harada nə vaxt baş verdiyini xatırlaya bilsin.
Bütün bu ərazi Suriya allahı — Baalın qədim məbədləri ilə dolu idi. Tomson «Torpaq və kitab» adlı kitabında Filip Qeysəriyyəsinin yaxınlığında ən azı 14 belə məbədin olduğunu göstərir. Bu bölgədə qədim dinin ruhu duyulurdu. Hər yerdə qədim bütlərin kölgələri hiss olunurdu.
Burada yalnız suriyalıların allahına səcdə edilmirdi. Filip Qeysəriyyəsinin lap yaxınlığında dərin mağarası olan təpə var idi. İnanca görə, burada yunanların allahı — təbiətin allahı Pan doğulmuşdu. Filip Qeysəriyyəsi Pan tanrısı ilə o qədər əlaqələndirilirdi ki, bu şəhərin adı ilk vaxtlar Panias adlanırdı. Hətta bugünkü günə qədər həmin yer Baniyas adlanır. Filip Qeysəriyyəsinin ətrafında yunan tanrıları haqqında əfsanələr dolaşırdı.
Bundan başqa, deyilirdi ki, İordan çayı mənbəyini həmin mağaradan götürür. Tarixçi İosif Flavi yazır: «Bu, dağın altında böyük çökəkliyi olan gözəl bir mağaradır. Mağara sıldırımlıdır, olduqca dərindir və içərisi durğun su isə doludur. Onun üzərində nəhəng bir dağ ucalır, altından isə İordan çayının mənbəsi başlayır». İordan çayının buradan başlamasına dair fikir yaddaşlarda yəhudi tarixinin bütün hadisələrini canlandırır. Hər dindar yəhudi üçün oradakı havaya belə qədim yəhudi inancı hopub.
Bütün bunlardan əlavə, Filip Qeysəriyyəsində Böyük Hirodun qeysərə həsr etdiyi ağ mərmərdən inşa olunan böyük məbəd var idi. Tarixçi İosif Flavi yazır: «Hirod qeysərə həsr etdiyi bu məbədlə onsuz da gözəl olan yeri daha da gözəlləşdirdi». Başqa bir yerdə İosif Flavi mağaranı və məbədi belə təsvir edir: «Qeysər Hiroda daha bir ölkə bağışlayanda, Hirod ona İordan dağlarının ətəyində ağ mərmərdən yeni bir məbəd tikdirdi. Həmin yer Pan adlanır. Burada dağın zirvəsi əlçatmaz hündürlüyə qalxır, ətəyi isə qaranlıq bir mağaraya açılır. Mağaranın içərisində dəhşətli dərəcədə dərin uçurum var. Bu uçurum durğun su ilə doludur. Buna görə onun dərinliyini ölçmək mümkün deyil». Bir qədər sonra Hirodun oğlu Filip məbədi daha da zənginləşdirərək bəzədi və Panias adını qeysərin adına uyğun Qeysəriyyəyə dəyişdi. Adını Aralıq dənizinin sahilində yerləşən Qeysəriyyədən fərqləndirmək üçün öz adını — Filipi də əlavə etdi. Bir müddət sonra Hirod Aqrippa həmin yeri Neron imperatorun şərəfinə Ner adlandırdı. Filip Qeysəriyyəyə uzaqdan baxan hər kəs parıldayan mərməri görməyə, eləcə də Romanın qüdrəti və ilahiliyi barədə düşünməyə bilməzdi.
Doğrudan da, bu, dramatik mənzərə idi. Budur, heç nəyə malik olmayan qalileyalı Dülgər on iki adi kişinin əhatəsində dayanıb. Həmin vaxt ortodoksal yəhudilər Ona qarşı hiylə quraraq, Onu təhlükəli kafir kimi məhv etmək istəyirlər. Onun ətrafı suriyalı allahların məbədləri ilə dolu idi. Onların arasında yunan allahları da var idi. Buradakı insanların zehni İsrailin tarixi ilə dolu idi. Lakin qeysərin ağ mərmərdən hazırlanmış əzəmətli məbədi diqqəti özünə çəkərək mənzərəyə hakim olurdu. Heyrətamiz dülgər məhz burada dayanıb insanların Onu Kim hesab etdiklərini soruşur və «Sən Allahın Oğlusan» cavabını gözləyir. İsa sanki qəsdən dünya dinlərinin və onların bütün tarixinin, əzəmətinin qarşısında durub bütün bunlarla müqayisə olunmasını və lehinə qərar verilməsini tələb edirdi. İsa Məsihin Öz İlahiliyi ilə belə gözqamaşdırmasını təsvir edən səhnələr çox deyil.
Beləliklə, Filip Qeysəriyyəsində İsa şagirdlərindən tələb etdi ki, Onun haqqında öz fikirlərini söyləsinlər. Yerusəlimdə Çarmıxa çəkilməzdən öncə O, şagirdlərinin Onun Kimliyini az da olsa dərk etdiyini bilməli idi. O, sualı birbaşa deyil, dolayı yolla verdi. İsa şagirdlərindən insanların Onu Kim zənn etdiklərini soruşdu.
Bəzi insanlar deyirdi ki, O, Vəftizçi Yəhyadır. Vəftizçi Yəhyanın ölülərdən dirilə biləcəyi qədər görkəmli bir şəxsiyyət olduğunu zənn edən təkcə Hirod Antipa deyildi.
Digər adamlar deyirdilər ki, O, İlyas peyğəmbərdir. Onlar İsanı İlyasa iki cəhətdən oxşadırdılar: birincisi, İsanı İlyas peyğəmbər qədər böyük hesab edirdilər. Çünki İlyas digər peyğəmbərlərə nisbətən daha böyük və nüfuzlu sayılırdı. İkincisi, deyirdilər ki, İsa — Məsihin müjdəçisidir. Malaki peyğəmbərin dediyi kimi, Tanrı vəd etmişdi ki: «Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm» (Malaki 4:5). Bugünkü günə qədər Yəhudilər gözləyir ki, vəd olunmuş Məsih gəlməzdən öncə İlyas gələcək. Onlar bu günə qədər Pasxa bayramını qeyd edəndə, masa arxasında İlyas üçün boş yer saxlayırlar. Çünki İlyas gələn kimi ardınca Məsih gələcək. Buna görə də insanlar İsanı Məsihin müjdəçisi və Allahın hadisələrə müdaxiləsi kimi görürdülər.
Bəziləri isə deyirdilər ki, İsa — Yeremya peyğəmbərdir. İsrail xalqının gözləntilərində Yeremya peyğəmbərin xüsusi yeri vardı.
Onlar inanırdılar ki, yəhudilərin sürgünündən əvvəl Yeremya Şəhadət sandığını və Məbədin buxur qurbangahını Nevo dağındakı uzaq bir mağarada gizlədib. Vəd olunmuş Məsih gəlməzdən qabaq Yeremya yenidən qayıdıb onları geri gətirəcək və Rəbbin izzəti izhar olunacaq (1Makkabilər 2:1-12). Ezranın ikinci kitabı 2:18-də Tanrı vəd edir ki: «Sənə kömək etmək üçün qullarım İlyasla Yeremyanı göndərəcəyəm».
Makkabi müharibələri dövründən qəribə bir əfsanə qalıb.
Yəhudilərə rəhbərlik edən böyük Yəhuda Makkabi Nikanorla döyüşə girməzdən əvvəl dürüstlüyü, xeyirxahlığı ilə tanınan baş kahin Oniya bir yuxu gördü. Yuxuda Oniya bütün yəhudi xalqı üçün dua edirdi. «Sonra ağ saçları və izzəti ilə fərqlənən, fövqəladə əzəmətli və səlahiyyətli bir şəxs zahir oldu. Oniya danışmağa başladı: «Qardaşlarını sevən, xalq və müqəddəs şəhər üçün çoxlu dua edən bu adam Allahın peyğəmbəri Yeremyadır». Yeremya sağ əlini uzadıb Yəhudaya bir qızıl qılınc verdi və belə müraciət etdi: «Bu müqəddəs qılıncı Allahdan hədiyyə olaraq qəbul et. Onunla əleyhdarlarını darmadağın edəcəksən» (2Makkabilər 15:1-14).
İsanı İlyas yaxud Yeremya ilə eyniləşdirməklə insanlar öz fikirlərində Onu yüksəltmiş və böyük hörmət etmiş olurdular. Çünki onlara görə, İlyas və Yeremya Allahın Məsh Olunmuşunun müjdəçiləri idi. Yəhudilər hesab edirdilər ki, onlar gələn kimi Allahın Padşahlığı gələcək.
İnsanların fikirlərini dinlədikdən sonra İsa ən vacib sualı verdi: «Bəs siz nə deyirsiniz? Sizcə, Mən kiməm?» Yəqin ki, bu sual səslənən an bir dəqiqəlik sükut çökdü. Çünki şagirdlərin ağlına müxtəlif fikirlər gəlirdi. Fikirlərini ucadan ifadə etməyə isə qorxurdular. Onda Peter böyük açıqlamasını etiraf etdi. Bu etirafdan sonra İsa başa düşdü ki, xidməti hədər getməyib: ən azından bir nəfər Onun Kim olduğunu dərk edib.
Maraqlısı odur ki, üç Müjdənin hər birində Peterin etirafı müxtəlif cür səslənir. Mattanın Müjdəsində: «Sən var olan Allahın Oğlu Məsihsən».
Markın Müjdəsində daha qısadır (Mark 8:29): «Sən Məsihsən».
Lukanın Müjdəsində daha aydındır (Luka 9:20): «Sən Allahın Məsihisən».
İsa artıq bilirdi ki, şagirdlərdən ən azı biri Onun Məsih, Allahın Məsh Olunmuşu, var olan Allahın Oğlu olduğunu dərk edir. Məsih — Məsh Olunmuş deməkdir. Sadəcə biri qədim ibrani, digəri isə yunan dilindədir. O dövrdə padşahları məsh edirdilər. Bu ənənə bu gün də var. Məsih, Allahın Məsh Olunmuşu — bütün insanlar üzərində Allahın Padşahı deməkdir. Bu ayələrdə iki böyük həqiqət var.
Peterin dediklərində əsas fakt o idi ki, hətta ən yüksək insani kateqoriya belə, İsa Məsihi xarakterizə edə bilməz. İnsanlar İsanı İlyas, Yeremya, ya da hansısa başqa peyğəmbərlə xarakterizə edəndə, elə düşünürdülər ki, Onu ən yüksək səviyyəyə qaldırırlar. Yəhudilər elə hesab edirdilər ki, dörd yüz il ərzində peyğəmbərlik olmur, indi isə onlar İsa vasitəsilə yenidən Allahın səsini eşidirlər. Onlar İsanı yüksək səviyyəyə qaldırırdılar. Amma bu səviyyə İsa üçün kifayət qədər yüksək deyildi. Çünki İsa Məsihi xarakterizə etmək üçün elə bir yüksək insani səviyyə yoxdur.
Bir dəfə imperator Napoleon İsa haqqında öz fikrini belə ifadə etmişdi: «Mən insanları tanıyıram. Amma İsa Məsih insandan daha üstündür». Təbii ki, Peter İsa Məsihi var olan Allahın Oğlu adlandırarkən, bunun ilahi və fəlsəfi izahını verə bilməzdi. Amma Peter əmin idi ki, Onu xarakterizə etmək üçün insana aid heç bir ifadə yetərli deyil.
Bu ayələr bizə İsa Məsihi şəxsən özümüz üçün kəşf etməli olduğumuzu öyrədir. İsa Məsihin sualı belə səslənir: «Bəs siz nə deyirsiniz? Sizcə, Mən kiməm?» Ponti Pilat İsadan «Yəhudilərin padşahı Sənmisən?» deyə soruşanda, O, belə cavab vermişdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?» (Yəhya 18:33-34)
Biz İsanı başqasının dilindən tanımamalıyıq. İnsan məsihçi olmadan belə, İsa haqqında indiyə qədər söylənən hər fikirdən xəbərdar olar bilər; insan ağlı ilə təkmilləşdirilmiş bütün xristoloji konsepsiyaları bilə bilər; bütün böyük mütəfəkkirlərin və ilahiyyatçıların İsa barədə olan təlimlərinə peşəkar rəy verə bilər. Məsihçilik İsa haqqında bilikdən ibarət deyil. Məsihçilik Məsihi tanımaqdır. İsa Özü haqqında hər kəsin şəxsi fikrini bilmək istəyir. «Bəs siz nə deyirsiniz? Sizcə, Mən kiməm?» sualı təkcə Peterə ünvanlanmayıb.
17-19
Bu hissə Əhdi-Cədiddə ən mübahisəli yerlərdən biridir. Bu ayələrə sakit və qərəzsiz yanaşmaq həmişə çətin olub. Çünki Roma katolik kilsəsi bunu Papa və kilsənin mövqeyi barədə olan nəzəriyyələri əsaslandırmaq üçün istifadə edir. Roma katolik kilsəsi Peterə açarların verilməsini bir insanı cənnətə buraxıb-buraxmamaq, səlahiyyət verilməsini isə bir insanın günahlarını bağışlayıb-bağışlamamaq kimi şərh edir. Bundan əlavə, Roma katolik kilsəsi iddia edir ki, Peter belə böyük səlahiyyətə malik olmaqla Roma yepiskopu olur. Peterdən sonra bu səlahiyyət bütün Roma yepiskoplarına keçir. Bugünkü gündə isə bu səlahiyyət kilsənin başçısı və Roma yepiskopu olan Papadadır.
Protestantlar üçün belə bir iddianın nə qədər qəbuledilməz olduğunu görmək çətin deyil. Həm protestantların, həm də katoliklərin bu ayələrə onların həqiqi mənasını dərk etmək məqsədilə deyil, öz fikrindən geri çəkilməmək və mümkünsə başqasının fikirlərinə üstün gəlmək istəyi ilə yaxınlaşdığını da görmək asandır. Gəlin onun əsl mənasını tapaq.
Bu ayələrdə söz oyunu var. Yunan dilində Peter — Petros, daş isə — petra deməkdir. Arami dilində Peter Kefa kimi səslənirdi. Bu da aramı dilində daş mənasını verirdi. Burada hər iki dildə söz oyunu var. Peter İsanın Məsih olduğunu söyləyəndə, İsa ona dedi: «Sən Petersən (Petros) və Mən cəmiyyətimi bu Qayanın (petra) üzərində quracağam».
Hansı tərəfdən baxırıqsa baxaq, bu, böyük tərif idi. Bu metafora yəhudilər üçün qəribə və qeyri-adi səslənmirdi.
Ravvinlər daş, qaya sözünü İbrahimə aid edirdilər. Onların belə bir məsəli vardı: «Müqəddəs Olan ucalmağa hazırlaşan İbrahimi görəndə belə demişdi: «Budur, bir qaya (petra) kəşf etdim, onun üzərində dünyanı quracağam»«. Bu səbəbdən Allah İbrahimi qaya (sur) adlandırdı. Çünki deyilmişdi: «Oyulduğunuz qayaya baxın». İbrahim Allahın Öz xalqını üzərində qurduğu və Allahın məqsədini icra edən daş idi.
Bundan başqa, daş (sur) sözü dəfələrlə Allahın Özünə aid edilirdi. «O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır» (Qanunun təkrarı 32:4). «Həqiqətən, onların qayası Qayamız kimi deyil...» (Qanunun təkrarı 32:31). «Allahımız kimi sığınacaq qaya yoxdur!» (1Şamuel 2:2). «Rəbb qayam, qalamdır, xilaskarımdır, Allahım qayamdır, Ona pənah gətirəcəyəm» (2 Şamuel 22:2). Bu ifadəyə Zəbur 18:2-də də rast gəlinir: «Allahım qayamdır, Ona pənah gətirəcəyəm... Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm». «Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?» (Zəbur. 18:31) Bu ifadəyə 2Şamuel 22:32-də də rast gəlinir. Bir şey dəqiqdir ki, kimisə daş adlandırmaq böyük tərif sayılırdı. Əhdi-Ətiqdən xəbərdar olan hər bir yəhudi bu ifadə ilə onu qoruyan və qurtuluşunun əsl daşı olan Tanrıya xitab etmiş olur. Bəs İsa bu ayədə daş dedikdə nəyi nəzərdə tuturdu? Məsihçi ilahiyyatçıları bu suala ən azı dörd cavab verir.
Qərb kilsələrinin görkəmli atası sayılan Avqustin hesab edirdi ki, daş İsa Məsihin Özü deməkdir. İsa sanki belə demişdi: «Sən Petersən, Mən isə Özümdə daşın üzərində imiş kimi Cəmiyyətimi quracağam. Gün gələcək ki, imanının mükafatı olaraq sən bu Cəmiyyətdə nüfuzlu olacaqsan.
Başqa bir şərh ondan ibarətdir ki, daş (qaya) — İsa Məsihin var olan Tanrının Oğlu olması həqiqətini təsdiqləyir. Peter bu həqiqəti Allahdan almışdı. İsa Məsihin Var Olan Tanrının Oğlu olması faktı, həqiqətən, İmanlı Cəmiyyətinin imanının təməl daşıdır. Amma belə izah bu sözlərin mənasını tamamilə açıqlamır.
Üçüncü şərh ondan ibarətdir ki, qaya deyiləndə Peterin imanı nəzərdə tutulur. Peterin imanı üzərində İmanlı Cəmiyyəti quruldu. Bu iman ümumdünya Cəmiyyətinin imanını alovlandırmaq üçün qığılcım olacaqdı. Bu iman günlərin bir günü ümumdünya Cəmiyyətini hərəkətə gətirəcək ilk təkan olacaqdı.
Ən yaxşı şərh sonuncu şərhdir. Bu şərhin mahiyyəti ondan ibarətdir ki, qaya deyiləndə Peterin Özü nəzərdə tutulurdu. Amma xüsusi mənada. Peter üzərində Cəmiyyətin qurulduğu təməl daşı deyildi. Təməl daşı — Allahın Özü idi. Peter isə Cəmiyyətin ilk daşı idi. Peter insanlar arasında İsa Məsihin Kim olduğunu özü üçün kəşf edən ilk adam idi; ilk iman sıçrayışı edən və İsada var olan Tanrının Oğlunu görən şəxs idi. Başqa sözlə desək, Peter Cəmiyyətin ilk üzvü idi. Bu mənada Cəmiyyət onun üzərində quruldu. İsa sanki Peterə belə demişdi: «Peter, sən Mənim Kim olduğumu anlayan ilk adamsan. Buna görə də sən Mənim yaratdığım Cəmiyyətin ilk daşı, təməl daşı, təməli və başlanğıcısan». Sonradan Peter kimi bu açıqlamanı alan hər bir insan Məsihin Cəmiyyətinin daha bir daşı olur.
Daha aydın başa düşmək üçün iki məqama diqqət yetirək.
Müqəddəs Kitabda bir məqamı göstərmək üçün tez-tez müəyyən mənzərələrdən istifadə olunur. Bu mənzərələrin detallarının fərqinə varmaq lazım deyil. Yalnız mənzərənin özünə baxmaq lazımdır. Əhdi-Cədiddə İmanlı Cəmiyyəti ilə əlaqəli, adətən, bina mənzərəsindən istifadə olunur. Lakin bu mənzərə müxtəlif nöqteyi-nəzərdən bir çox məqsədlər üçün istifadə olunur. Burada Peterin təməl olması o mənada göstərilir ki, o, üzərində Cəmiyyət qurulan yeganə şəxsdir. Çünki o, İsa Məsihin Kim olduğunu kəşf edən ilk şəxs idi. Efeslilərə məktub 2:20-də deyilir ki, Cəmiyyətin təməli həvarilərlə peyğəmbərlərdir. Başqa sözlə desək, Cəmiyyət onların xidmətləri, şəhadətləri və sadiqliyi sayəsində qurulub, inkişaf edir. Həmin ayədə (Efeslilərə 2:20) o da qeyd olunur ki, guşədaşı Məsih İsa Özüdür. O, bütün Cəmiyyəti birləşdirən gücdür. İsa Məsihsiz bütün bina dağılar. Peterin birinci məktubu 2:4-8-də deyilir ki, bütün məsihçilər ruhani evi quran diri daşlardır. Korinflilərə birinci məktub 3:11-də yazılıb ki, heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. Buradan aydın olur ki, Əhdi-Cədid müəllifləri binanın mənzərəsini müxtəlif yollarla izah etmişlər. Lakin bu mənzərələrin hamısında əsas fikir odur ki, İsa Məsih bütün Cəmiyyəti vəhdətdə saxlayan əsl təməldir. İsa Məsih Öz Cəmiyyətini Peterin üzərində quracağını deyəndə, Cəmiyyətin Peterdən asılı olacağını nəzərdə tutmurdu. Cəmiyyət Onun Özündən və Qaya olan Tanrıdan asılıdır. İsa Məsihin onu nəzərdə tuturdu ki, Cəmiyyət Peterlə başlayır. Bu mənada Peter Cəmiyyətin əsasını təşkil edir və heç kəs bu şərəfi onun əlindən ala bilməz.
İkinci məqam odur ki, bu hissədə qeyd edilən İmanlı Cəmiyyəti (ekklesia) sözünün mənası dəqiq ifadə olunmur. Biz Cəmiyyət haqqında sosial bir qurum, bina və ya idarəetmə, xidmətlər və görüşlər, eləcə də digər fəaliyyət formaları olan təşkilat kimi düşünə bilərik. İsa Məsih isə, çox güman, burada Əhdi-Ətiqdə İsrail övladlarının icması, Tanrı tərəfindən seçilmiş insanların toplanması mənasını verən kualham sözündən istifadə etmişdi. Əslində, İsa Peterə belə demişdi: «Peter, sən yeni bir İsrailin, Tanrının seçdiyi yeni bir xalqın, yeni bir Cəmiyyətin, yeni bir qardaşlığın, Mənə iman edənlərin başlanğıcısan». Peter Məsihə ilk iman edən şəxs idi. Peterlə başlayan Cəmiyyət insan düşüncəsindən xaric idi. Bundan başqa, bu, imanın iqrar Cəmiyyəti idi. Peterlə İsa Məsihə iman edənlərin qardaşlığı yarandı. Bu qardaşlıq hər hansı bir kilsə ilə məhdudlaşmırdı. Bu qardaşlığa Rəbbi sevən hər kəs aid olur.
Beləliklə, bu mübahisəli hissənin birinci yarısı belə bir fikir ifadə edir: Peter Cəmiyyətin təməl daşıdır fikri o mənaya əsaslanır ki, o, İsa Məsihin Rəbb olduğunu sevinclə etiraf edənlərin böyük qardaşlığında ilk şəxsdir. Bundan əlavə, Tanrının Özü üzərində Cəmiyyət qurulan təməldir.
Daha sonra İsa Məsih deyir ki, ölülər diyarının qapıları Onun Cəmiyyətinə qalib gələ bilməyəcək. Bu nə deməkdir? Ölülər diyarının qapılarına qalib gəlmək anlayışı — asan başadüşülən adi bir mənzərə deyil. Bunun da bir neçə izahı var.
Ola bilsin ki, burada qala təsvir olunur. Filip Qeysəriyyəsində dağın zirvəsində ucalan böyük bir qalanın xarabalıqlarının bu günə qədər gəlib çatması, İsanın dövründəki kimi bütün möhtəşəmliyi ilə orada dayana bilməsi bu fərziyyəni təsdiqləyir. Çox güman, İsa Öz Cəmiyyətini qala kimi və pis qüvvələrin bu qalanı mühasirəyə aldığını görür. Buna görə deyir ki, pis qüvvələr Cəmiyyətə heç vaxt qalib gələ bilməyəcək.
Digər bir şərh ondan ibarətdir ki, qədim zamanlarda şərqdə, xüsusilə kiçik şəhər və kəndlərin girişində (darvazasında) məsləhət verən və mühakimə edən ağsaqqallar və rəislər dayanırdılar. Məsələn, Qanunda deyilir ki, əgər bir adamın dikbaş, itaətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa, valideynləri onu götürüb «şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirsinlər» (Qanunun təkrarı 21:19). Orada hökm və ədalət bərqərar olunurdu. Qanunun təkrarı 25:7-də deyilir ki, kim mərhum qardaşının dul arvadını almaq istəməzsə, dul qadın «darvazada yerləşən ağsaqqalların yanına» getsin. Darvaza ağsaqqalların bir yerə toplaşıb ədalət mühakiməsi apardığı yer idi. Bu səbəbdən ola bilsin ki, darvazalar inzibati hakimiyyətin sinonimidir. Bir zamanlar Osmanlı İmperiyası Ali Port (italyan və fransızca liman qapı mənasında işlənir) adlanırdı. Onda «ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək» o deməkdir ki, cəhənnəmin hakimiyyəti İsanın Cəmiyyətinə heç vaxt qalib gələ bilməyəcək.
Əgər Cəmiyyətin üzərində qurulduğu qayanın var olan Tanrının Oğlu — İsa olduğu fikrinə qayıtsaq, onda üçüncü bir ehtimal da yaranır. Əslində, Aid, yəni cəhənnəm — günahkarların cəzalandırıldığı yer yox, qədim yəhudi inancına görə ölənlərin hamısının getdiyi yerdir. Təbii ki, darvaza kimlərisə içəridə saxlamaq və idarə etmək üçün mövcud idi. Lakin Aidin darvazası təkcə İsanı saxlaya bilmədi. O, ölümün zəncirini qırdı. Həvarilərin İşləri kitabının müəllifi bu fikri yaxşı izah edir. «Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi... <...> Çünki məni ölülər diyarına atmazsan, mömin insanını çürüməyə qoymazsan» (Həvarilərin İşləri 2:24, 27). Buna görə bu fikir gələcək təmtəraqlı Dirilməyə işarə edə bilər. Ola bilsin ki, İsa belə demişdi: «Sən Mənim var olan Tarının Oğlu olduğumu dərk etdin. Tezliklə Məni Çarmıxa çəkəcəklər və Aidin darvazası Mənim arxamca bağlanacaq. Ancaq bu qapıların Məni orada saxlamağa gücü yetməz. Aidin qapıları var olan Allahın Oğlu önündə acizdir». Hansı tərəfdən baxırıqsa baxaq, bu ifadə Məsih və Onun Cəmiyyəti arasındakı qırılmaz bağı göstərir.
İndi biz İsanın Peterə verdiyi müəyyən imtiyazları və ona həvalə etdiyi müəyyən vəzifələri göstərən iki ifadəyə gəlib çatdıq.
İsa deyir ki, Peterə Səmavi Padşahlığın açarlarını verir. Əslində, bu ifadə çətin başa düşülür. Buna görə də əvvəlcə əmin olduğumuz məqamları vurğulasaq, yaxşı olar.
Bu ifadə həmişə hansısa xüsusi güc və səlahiyyəti özündə təcəssüm etdirir. Məsələn, ravvinlərin belə bir məsəli vardı: «Doğumun, yağışın və ölülərdən dirilmənin açarları Allahın əlindədir». Bu o deməkdir ki, yalnız Allah həyat verməyə, yağış yağdırmağa və ölülərdən diriltməyə qadirdir. Bu ifadə həmişə xüsusi güc və səlahiyyəti vurğulayır.
Əhdi-Cədiddə bu ifadə həmişə İsa Məsihlə əlaqələndirilir. Bu açarlar yalnız və yalnız Onun əlindədir. Vəhy 1:18-də Ölülərdən Dirilən Məsih deyir: «Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir». Vəhy 3:7-də isə Ölülərdən Dirilən Məsih haqqında belə deyilir: «Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir...» Qeyd etmək lazımdır ki, bu ifadə hansısa səmavi səlahiyyətə işarə edir. Peterə nəyinsə vəd edilməyi o demək deyil ki, Allaha və Onun Oğluna məxsus olan səlahiyyət kiçildilir.
Əhdi-Cədiddəki bütün bu deyilənlər Yeşaya 22:22-yə istinad edir. Həmin ayədə Yeşaya peyğəmbər Davud nəslinin açarı çiynindən asılan Elyaqimi təsvir edir. Bu açarla açıb bağlamaq yalnız ona aid idi.
Elyaqim sadiq idarəçi olmalı idi. İdarəçi üstündə evin açarlarını daşıyırdı. O, səhərlər qapıları açır, axşamlar isə bağlayırdı. Ziyarətçilər onun vasitəsilə padşahın yanına gedə bilirdilər. Beləcə İsa Peterə deyir ki, o, Səmavi Padşahlığın idarəçisi olacaq. Bu halda, Peterə Səmavi Padşahlığın qapılarını bağlamaq deyil, açmaq səlahiyyəti verilir.
Bu vəd tamamilə icra olundu. Əllinci gün Peter üç min adam üçün Səmavi Padşahlığın qapılarını açdı (Həvarilərin İşləri 2:41). O, böyük bir bütpərəst dünyasını qəbul etmək üçün qeyri-yəhudi olan yüzbaşı Kornelinin üzünə qapıları açdı (Həvarilərin İşləri 10). Həvarilərin İşləri 15-ci fəsildə deyilir ki, Yerusəlim məşvərət şurası bütpərəstlərin xilasından ötrü geniş qapılar açdı. Bu hadisə məhz Şimon Peterin şəhadətindən sonra mümkün oldu (Həvarilərin İşləri 15:14). Peterə Səmavi Padşahlığın açarlarının verilməsi vədi o demək idi ki, gələcəkdə ona minlərlə insan üçün Tanrıya gedən qapıları açma qabiliyyəti veriləcək. Lakin Səmavi Padşahlığın açarları təkcə Peterin əlində deyil. Onlar hər bir məsihçinin əlindədir. Çünki hər birimizə insanları Padşahlığa yönəltmək imkanı verilib.
Bundan başqa, İsa Peterə vəd etdi ki, onun yer üzündə bağlayacağı hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağı hər şey göylərdə açılmış olacaq. İlahiyyatçı Riçard Qlover hesab edir ki, Peter Allahın sevgisi və bağışlanması barədə təbliğ edərək, insanların günahkar olduqlarını dərk etmələrinə və günahdan azad olmalarına kömək edəcək. Əslində, bu, çox gözəl və ədalətli fikirdir. Çünki burada hər bir məsihçi təbliğçinin və müəlliminin borcu əksini tapıb. Amma bu fikir bununla da məhdudlaşmır.
Azad etmək, bağlamaq və açmaq — bunlar geniş yayılmış yəhudi ifadələridir. Bu ifadələr xüsusilə böyük müəllim və ravvinlərin qərarları ilə əlaqədar olaraq istifadə edilirdi. Hər bir yəhudi bağlamaq və açmaq sözlərinin mənasını başa düşürdü. Nəyisə bağlamaq — qadağan etmək demək idi. Azad etmək və ya açmaq isə icazə vermək demək idi. Bu ifadələr qanuna aid qərarlar verərkən istifadə edilmişdi. Belə bir kontekstdə bu ifadələr yalnız o mənanı verə bilər. Beləliklə, İsa Peterə deyir: «Peter, sənin üzərinə ciddi və ağır məsuliyyət qoyulur. Sən bütün Cəmiyyətin xeyrinə olan qərarlar verməli olacaqsan. Sən gənc Cəmiyyətin rəhbəri və bələdçisi olacaqsan. Qərarların o qədər əhəmiyyətli olacaq ki, həm yer üzündə, həm də əbədiyyətdə insanların gələcəyinə təsir edəcək».
Peterə verilən imtiyazın mənası o idi ki, o, Allahın idarəçisi olacaq və insanların Allahın Padşahlığına girişini təmin edəcək. Bağlamaq və açmaq öhdəliyi o deməkdir ki, Peter Cəmiyyətin həyatı və təcrübəsi baxımından böyük nəticələrə səbəb olacaq qərarlar verməli idi. Həqiqətən də, Həvarilərin İşləri kitabının ilk fəsillərini oxuyanda görürük ki, Peter Yerusəlimdə bunları edir.
Bu qədər mübahisəyə və ziddiyyətə səbəb olan bu hissəni başqa şəkildə ifadə etsək, onda görərik ki, burada cəmiyyətin formalarından yox, xilasdan söhbət gedir. İsa Peterə dedi: «Peter, sənin adının mənası daş (qaya) deməkdir. Sən qaya olmaq üçün təyin olunmusan. Mənim Kim olduğumu ilk dərk edən insan sənsən. Buna görə də sən Mənim adamlarımın qardaşlığının və Cəmiyyətimin ilk canlı daşı olacaqsan. Pis qüvvələr bu qardaşlığa qalib gələ bilməz. Eləcə də onlar Məni ölüm zəncirində saxlaya bilməzlər. Gələcək günlərdə yəhudilərin və digər millətlərin Allahın Padşahlığına daxil olmaları üçün qapıları açacaq idarəçi olacaqsan. Sən problemləri həll edən, gənc və inkişaf etməkdə olan qardaşlığa rəhbərlik edən müdrik idarəçi və bələdçi olmalısan».
Peter böyük açıqlama kəşf etdi. Ona böyük imtiyaz verildi. Onun üzərinə böyük məsuliyyət qoyuldu. Bu açıqlamanı hər bir insan özü üçün etsə, onda o da böyük imtiyaz alaraq üzərinə böyük məsuliyyət qoyulacaq.
20-23
Şagirdlər İsanın Allahın Məsihi olduğun dərk etsələr də, onlar bu faktın arxasında nəyin gizləndiyini tamlığı ilə başa düşmürdülər. Məsihə baxış onlarda İsadakı kimi deyildi. Onlar hələ də Məsih haqqında İsraili romalılardan təmizləyəcək və İsraili hakimiyyətə gətirəcək döyüşçü-kral kimi düşünürdülər. Yəqin buna görə İsa şagirdlərinə susmağı əmr etmişdi. Əgər onlar xalqın yanına gedib öz ideyalarını təbliğ etməyə başlasaydılar, bu, yalnız faciəli üsyana, məğlubiyyətlə nəticələnən başqa bir zorakılığın alovlanmasına səbəb olardı. İsanın Məsih olduğunu təbliğ etməmişdən öncə şagirdlər bunun mənasını dərk etməli idilər. Əslində, Peterin davranışları İsanın Özünü Allahın Oğlu və Məsihi olduğunu elan edərkən nəyi nəzərdə tutduğunu, şagirdlərin isə bunu başa düşməkdən nə qədər uzaq olduğunu göstərirdi.
Buna görə də İsa şagirdlərinə Onun üçün yeganə yolun Çarmıxdan keçdiyini izah etmək üçün fürsət axtarırdı. İsa şagirdlərinə dedi ki, Yerusəlimə getməli, ağsaqqallar, baş kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməlidir. Ali Şura bu üç qrupdan ibarət idi. Ağsaqqallar xalqın içərisində hörmət qazanmış adamlar idi. Baş kahinlər əsasən sadukeylər idi. İlahiyyatçılar isə fariseylər idi. Əslində, İsa deyir ki, O, ölkənin ortodoksal din rəhbərləri tərəfindən əzab çəkməlidir.
İsa sözünü deyib qurtarmamış Peter sərt reaksiya verdi. Peter Məsihi qüdrətli, qalib və əzəmətli şəxs kimi təsəvvür edirdi. Əzab çəkən Məsih fikri, Məsihin çağırışı ilə Çarmıx arasındakı hər hansı bir əlaqənin olması onun üçün qəbuledilməz idi. Peter İsanı bir kənara çəkib etiraz etməyə başladı. [Barklidə «İsadan bərk yapışıb kimi tərcümə olunub]. Çox güman ki, burada Peter İsadan iki əllə yapışaraq, Onu sanki intihardan qorumaq istəyirdi. Peter dedi: «Bu, əsla Sənin başına gəlməyəcək!» Elə bu vaxt nəfəsləri kəsən dəhşətli töhmət səsləndi: «Çəkil qarşımdan, Şeytan!» Bu faciəvi səhnəni başa düşmək üçün əvvəlcə bir məqamı aydınlaşdırmalıyıq.
İsanın bu sözləri deyərkən səs tonunu müəyyən etməyə çalışmalıyıq. Əlbəttə, O, bu sözləri gözündə nifrət, səsində qəzəblə söyləmədi. İsa bunu dözülməz kədər və dəhşət içərisində, yaralı bir adam kimi söylədi. Nə üçün O, Peterə belə reaksiya verdi?
İsanın reaksiyası belə izah olunur ki, həmin an O, səhrada rastlaşdığı güclü imtahanla bir daha üz-üzə qalmışdı. Həmin vaxt şeytan Onu hakimiyyət və güc yolunu seçməyə təhrik edirdi: «Onlara çörək və maddi rifah ver, onda onlar ardınca gedəcək». «Onlara möcüzə göstər, onda onlar ardınca gedəcək». «Dünya ilə kompromisə get, onlara yüksək tələblər qoyma, onda onlar ardınca gedəcək». Budur, indi də Peter İsanı həmin imtahanla üzə-üzə qoymuşdu.
Məsələ ondadır ki, bu imtahan heç vaxt İsanın fikirlərini tərk etməmişdi. Luka Rəbbin ürəyinin dərinliyinə baxırdı. O, imtahan haqqında hekayəni bu sözlərlə bitirir: «İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi» (Luka 4:13). Şeytan vaxtaşırı İsaya hücum edirdi. Heç kim Çarmıxda can verərək ölmək istəməz. Hətta Getsemani bağında İsa başqa yolu seçmək fikri ilə imtahan olundu. İndi isə Peter Ona bu təklifi edirdi. İsanın cavabının sərtliyi onunla izah olunur ki, Peter də Onu şeytanın həmişə pıçıldadığı fikirlərə təhrik edirdi. O fikirlərə ki, İsa Özünü onlara qarşı möhkəmləndirməli idi. Peter İsa Məsihə həmişə Onu sınağa çəkən Çarmıxdan qaçmaq yolunu təklif edirdi.
Bax elə buna görə də İsa Məsih Peteri şeytan adlandırdı. Hərfi mənada şeytan sözünün mənası qarşı çıxan, rəqib deməkdir. Peter Allahın yox, insanın fikirlərini ifadə edirdi. Şeytan — bizi Allahın yolundan döndərən hər hansı qüvvədir. Şeytan — bizi Allahın bizim üçün hazırladığı çətin yoldan döndərməyə çalışan gücdür. Şeytan — insanları Allahın əmrləri ilə deyil, insan istəkləri ilə idarə etməyə sövq edən istənilən bir qüvvədir.
Bu imtahanı çətinləşdirən bir də Onu sevən insandan gəlməyi idi. Peter İsanı o qədər çox sevirdi ki, Onun bu dəhşətli yolla getdiyini və bu qorxulu ölümlə öləcəyini təsəvvürünə gətirə bilmirdi. Ən pis imtahan — məhəbbət mənbəyindən gələn imtahandır. Bəzən şəfqətli sevgi bizi Tanrı yolundakı təhlükələrdən uzaqlaşdırmağa çalışır. Lakin həqiqi sevgi cəngavəri evdə saxlamaz, əksinə, onun həyatını çətinləşdirən, eyni zamanda ona şərəf verən cəngavərlik əmrlərinə tabe olmaq üçün dünyaya göndərər. Sevgi sevdiyini Məsih uğrunda mübarizənin təhlükələrindən və Tanrıya aparan yolun çətinliklərindən qorumağa çalışır.
İsa Məsihi həmin gün dərindən yaralayan şeytanın Onunla Peterin sevən alovlu ürəyi ilə danışması idi. İsa Məsih də məhz buna görə belə cavab verməli oldu.
Növbəti hissəyə keçməmişdən öncə «Çəkil qarşımdan, Şeytan!» ifadəsinin iki köhnə izahını qeyd etmək maraqlı olardı. Məsihçi ilahiyyatçı, filosof və filoloq Origen (b.e.185-253-cü illəri) hesab edirdi ki, İsa Peterə belə demişdi: «Peter, sənin yerin Mənim qabağımda yox, arxamdadır. Sənin işin Məni istədiyin yola istiqamətləndirmək yox, Mənim seçdiyim yolla arxamca getməkdir». Əgər bu ifadəyə Origenin nöqteyi-nəzərincə baxsaq, onda İsanın sözlərindəki sərtlik aradan qalxır. Çünki İsa belə deməklə Peteri Özündən uzaqlaşdırmaq istəmirdi. Çox güman ki, İsa Peterə Onun yolu ilə gedən bir ardıcılı kimi öz yerini göstərdi. Biz həmişə dərk etməliyik ki, İsanı bizim yolumuzla getməyə vadar etməməliyik, əksinə, özümüz Onun yolu ilə getməliyik.
Əgər bu ifadəyə İsa Məsihin iblisə Matta 4:10-da dediyi kimi «Rədd ol, şeytan!» nöqteyi-nəzərindən baxsaq, onda digər izahı görəcəyik. Bəzi tərcümələrdə bu ifadə eyni cür yazılsa da, yunan dilində eyni cür səslənmir. Yunan dilində Matta 4:10 «upaqe satanas», Matta 16:23-də isə «upaqe opiso mou satana» yazılıb.
Fərq ondadır ki, İsa iblisə sadəcə «Çəkil!», «Uzaqlaş!», «Rədd ol!» deyə əmr edir. Peterə isə «Çəkil qarşımdan» deyir. Başqa sözlə desək, «Ardımca gəl» deyir. Şeytan Məsihin hüzurundan qovulur, Peter isə Məsihin ardıcılı olmaq çağırışı alır. Şeytan heç vaxt Məsihin ardıcılı ola bilməzdi. Çünki iblisani qüruru ona tabe olmağa imkan vermir. Elə bu qüruruna görə də o şeytandır. Peter səhvən günaha yol verə bilərdi. Amma onun həmişə İsa Məsihin yenidən ardıcılı olmaq imkanı var idi. İsa sanki Peterə deyir: «Sən indi şeytan kimi danışırsan. Lakin bunu deyən əsl Peter deyil. Sən dəyişə bilərsən. Yenidən Mənim ardıcılım ol və arxamca gəl. Hər şey yaxşı olacaq». Peterlə şeytanın arasındakı əsas fərq də elə bunda idi ki, şeytan heç vaxt İsanın ardınca gedə bilməzdi. İnsan büdrəyəndən sonra belə, Məsihin ardınca getməyə çalışırsa, onun həm indi, həm də gələcəkdə izzətə qovuşacağına dair ümidi olur.
24-26
Bu, İsa Məsihin təliminin dəfələrlə təkrar olunan əsas mövzularından biridir (Matta 10:37-39; Mark 8:34-37; Luka 9:23-27; 14:25-27; 17:33; Yəhya 12:25). İsa dəfələrlə insanları məsihçi həyatının bu tələbi ilə üz-üzə qoyurdu. Məsihçi həyat tərzi sürmək istəyən hər bir insan həyatda üç faktorla qarşılaşacaq.
Özünü inkar etmək. Adətən, biz özünü inkaretmə sözünü məhdudiyyət, nədənsə imtina etmək mənasında işlədirik. Məsələn, bir həftə özünü inkaretmə həftəsi ola bilər. İnsan hansısa xeyir iş görməkdən ötrü müəyyən zövqdən özünü məhrum edir. Fəqət bu, İsa Məsihin özünü inkaretmə barədə dediklərinin kiçik bir hissəsidir. Özünü inkaretmə — istənilən vaxt özünə «yox», Allahın tələbinə «hə» deməkdir. Özündən imtina etmək — günlərin bir günü taxtından enmək, özünü diqqət mərkəzindən uzaqlaşdırmaq və Allahı hər şeydə birinci yerə qoymaq deməkdir. Özünü inkar etmək — dünyəvi istəklərinizə və prinsiplərinizə birdəfəlik son qoymaq, Tanrını həyatınızın idarəçisi halına gətirmək deməkdir. Daima özünü inkar etmək — Allah tərəfindən idarə olunaraq, Onunla bir yol getmək deməkdir.
Öz Çarmıxını götürmək. İnsan fədakarlıq yükünü öz üzərinə götürməlidir. Məsihçinin həyatı qurban verən bir həyatdır. Məsihçi İsaya xidmət etmək üçün bütün şöhrətindən imtina etməlidir. Bəlkə də bu xidmətinə görə onun haqqı az ödəniləcək, heç bir nüfuz da gətirməyəcək. Məsihçi öz vaxtını və rahatlığını qurban verməli olacaq. O, insanlara xidmət etməklə Məsihə xidmət edəcək.
Ola bilsin ki, o, xidmət etməkdən ötrü evindəki rahatlığını da qurban verməli olacaq. Ola bilsin ki, o, başqalarına kömək etmək üçün hansısa məbləğdən keçməli olacaq. Məsihçinin həyatı — qurban verən həyatdır.
Luka İsanın bu əmrinə daha bir söz əlavə edir: «Hər gün Çarmıxını götür». Əsas olan necə bir fədakarlıq etdiyin deyil. Əsas olan odur ki, Allahın tələblərini və insanların ehtiyaclarını hər gün ödəyəsən. Məsihçi həyatı — öz mənfəətini deyil, başqasınınkını güdməkdir (1Korinflilərə 10:24).
O, İsa Məsihi izləməlidir. Başqa sözlə desək, biz İsa Məsihə tamamilə tabe olmalıyıq. Hamımız uşaqlıqda «Aparıcı kimi et» oyununu oynamışıq. Oyunun gedişində aparıcı nə edirdisə, çətinliyindən, qəribəliyindən asılı olmayaraq, bütün hərəkətləri təkrar etməli olurduq. Biz məsihçilər öz fikirlərimizdə, sözlərimizdə və hərəkətlərimizdə həmişə Aparıcımıza — İsa Məsihə itaət etməliyik. Məsihçi həmişə İsanın hara getməyindən asılı olmayaraq, Onun izləri ilə gedir.
Mövcud olmaqla yaşamaq arasında böyük fərq var. Mövcud olmaq — ağ ciyərlərlə nəfəs almaq və ürəyin döyünməsidir. Yaşamaq isə dünyadakı hər şeyin bir mənasının olduğu, ruhdakı hüzurun, qəlbdəki sevincin və hər anın öz dolğunluğuna sahib olmasıdır. İsada biz mövcud olmağın əksinə olaraq, yaşamağın nə demək olduğunu görürük.
Risklərdən qaçan insan öz həyatını itirir. Matta öz Müjdəsini b.e. 80-90-cı illərində yazıb. Həmin illər məsihçilərin amansız təqib dövrü idi. O, belə deyirdi: «Bəlkə elə bir vaxt gələcək ki, siz həyatınızı qorumaqdan ötrü imandan dönəcəksiniz. Amma bunu etməklə siz həyatınızı xilas etməyəcəksiniz, əksinə, onu itirəcəksiniz». Bəli, imanlı ölə bilər. Lakin o, həyat üçün ölür. Öz həyatını qorumaqdan ötrü imandan dönən insan isə ölmək üçün yaşayır.
İman uğrunda şəhid kimi ölməsək də, həyatda daima təhlükəsizlik və rahatlıq axtarsaq, hər qərarı yalnız dünyəvi müdriklik və uzaqgörənliklə versək, onda yaşamaq naminə hər şeyi itirəcəyik. Həyat məqsədyönlü olmaq əvəzinə, darıxdırıcı və mənasız olur. Həyat sevinc gətirən xidmət əvəzinə xudbin və məhdud olur. Kimsə başdaşı üzərində belə epitafiya yazmışdı: «O, insan kimi doğulub dükançı kimi öldü». Dükançı sözünün yerinə istənilən peşənin adını yazmaq olar. Təhlükəsizlik axtaran və riskdən qaçan insan — insan olmaqdan çıxır. Çünki insan Allahın surətində və bənzərində yaradılıb.
Məsihin uğrunda hər şeyini riskə atan insan, hər şeyini itirdiyini düşünsə də, həyatı əldə edir. Tarixin ən dahi insanları öz davranışlarında təhlükəsizliyi ən az gözə alanlardır. Əgər riskə gedən insanlar olmasaydı, tibb sahəsində irəliləyiş olmazdı; əgər riskə gedən insanlar olmasaydı, bu gün həyatımızı rahatlaşdıran maşınlar ixtira olunmazdı; əgər riskə gedən analar olmasaydı, bu gün bir uşaq belə doğulmazdı. Tanrının, həqiqətən, var olduğunu həyatı ilə sübut etməyə hazır olan insan, Məsihin dediyi həyatı qazanır.
Sonra İsa xəbərdarlıq edir: «Kimsə bütün təhlükələrdən qaçıb dünyanı qazanarsa, sonra belə bir həyatın mənasının olmadığını görərsə, onda gerçək həyatı necə tapacaq?» İnsan arzuladığı hər şeyə nail ola bilər, lakin bir gün səhər yuxudan oyananda həyatda ən vacib olan şeyi itirdiyini görə bilər.
Bu ayədə dünya sözü Allaha zidd olan maddi şeyləri nəzərdə tutur. Həmin maddiyyata gəldikdə isə növbəti məqamları qeyd etmək lazımdır:
Sonda heç kim maddiyyatı özü ilə apara bilməz; insan yalnız özünü aparır. Əgər o, bu maddiyyata görə mənəvi cəhətdən özünü geri salıbsa, onda çox peşman olacaq.
Maddi şeylər çətin anlarda insana kömək etmir. Maddi şeylər heç vaxt nə sınmış ürəyi bərpa edə, nə də tənha insanı ruhlandıra bilir.
Əgər insan maddi nemətləri haram yolla əldə edərsə, bir gün vicdanı oyanacaq və beləliklə o, cəhənnəmin nə olduğunu bu dünyada görəcək.
Bu dünyada əsl həyatı maddiyyata dəyişən insanların axmaq olduğunu bağıranlar çoxdur.
Sonda İsa soruşur: «İnsan öz canının əvəzinə nə verə bilər?» Yunan dilində bu sual belə səslənir: «İnsan öz canının əvəzinə hansı antallaqma verə bilər?» Antallaqma çox maraqlı sözdür. Sirax oğlu Yeşuanın Hikmət Kitabında oxuyuruq: «Sadiq dostun antallaqması yoxdur» (Sirax 6:15), yəni sadiq dostun qiyməti yoxdur. Beləliklə, İsanın son sözünün iki mənası ola bilər.
Təhlükəsizlik və maddi sərvətə görə həyatını itirən insan onu heç bir qiymətə geri ala bilməz. O özünə elə zərər yetirir ki, bunun heç cürə əvəzini ödəyə bilmir.
İnsan var olduğuna və sahib olduğu hər şeyə görə İsa Məsihə borcludur. Həyatımızın müqabilində biz Ona heç bir şey təklif edə bilmərik. İnsan pulunu Məsihə verib həyatını özü üçün saxlaya bilər. Hətta insan Məsihə sözdə xidmət edib həyatını özü üçün saxlaya bilər. Bəzi adamlar hər həftə məbədə könüllü ianə verirlər, amma özləri nə məbədə gedir, nə də onun vəziyyəti ilə maraqlanırlar. Bu isə cəmiyyətin həqiqi üzvü üçün yetərli deyil. Bizim İmanlı Cəmiyyətinə verəcəyimiz ən böyük ianə özümüzük, Məsihə verəcəyimiz ən böyük ianə isə — həyatımızdır. Onu heç nə ilə əvəz etmək olmaz. Qalan hər şey yetərsizdir.
27-28
Burada iki aydın açıqlama var.
Birincisi — mütləq Hökm barədə xəbərdarlıqdır. Həyat müəyyən istiqamətdə inkişaf edir; həyat Qiyamət gününə doğru gedir. İnsan həyatının istənilən sahəsində mütləq hesab verəcəyi gün və saat gəlib çatır. Məsihin təlimi öyrədir ki, ölümdən sonra məhkəmə olacaq və bu faktı heç nə dəyişə bilməz. Əgər bu ayəyə ondan əvvəl gələn ayə ilə birlikdə nəzər salsaq, bu məhkəmənin hansı normalar əsasında baş verəcəyini görə bilərik. İlk növbədə öz həyatının təhlükəsizliyini, təminatını və rahatlığını xudbincəsinə üstün tutan insan nə qədər varlı və uğurlu olmasından asılı olmayaraq, Külli-İxtiyarın gözündə yazıqdır. Məsih naminə özünü inkar edərək insanlara bütün imkanları ilə xidmət edən adam isə Tanrıdan tərif və mükafat alacaq.
İkinci açıqlama vəd haqqındadır. İsa Padşahlığının böyük təsirindən və böyüməsindən danışırdı. Onun söylədiklərinin hamısı həyata keçdi. Onun yanında duranların və Onu dinləyənlərin bəziləri Əllinci Gün Müqəddəs Ruh enməsinin şahidi oldu. Bəziləri yəhudilərlə qeyri-yəhudilərin Səmavi Padşahlığa necə daxil olduqlarını gördülər. Onlar məsihçi imanının Kiçik Asiyadan keçib Avropanı necə bürüdüyünü, Romaya necə gəlib çatdığını gördülər. Beləliklə, İsa Məsihi dinləyənlərin bəziləri sağ ikən Onun söylədiyi kimi, Səmavi Padşahlığın qüdrətini gördülər.
Yenə də bu, əvvəlki fikir ilə izah olunur. İsa Məsih şagirdlərinə əvvəlcədən bildirir ki, O, Yerusəlimə gedib orada iztirab çəkməli və ölməlidir. Bu, rüsvayçılıq olsa da, hər şeyin sonu demək deyil. Çünki Çarmıxdakı ölümdən sonra Dirilmə baş verəcək. Çarmıx son deyil. Bu, dünyaya yayılacaq gücün başlanğıcıdır. Bu, İsanın şagirdlərinə verdiyi vəddir. Bu vədə görə heç bir şey Allahın Padşahlığının çiçəklənməsinə mane olmayacaq.