Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 17-ci fəsil

V. Barklinin şərhləri

17-ci fəsil

1-8

İSANIN GÖRÜNÜŞÜ DƏYİŞİR (Matta 17:1-8)

Filip Qeysəriyyəsindəki hadisənin ardınca İsa Məsihin görkəminin dəyişildiyi dağda möhtəşəm an gəlib çatdı. Gəlin əvvəlcə İsaya və Onun üç seçilmiş şagirdinə izzətin necə izhar olduğuna baxaq. Ənənəyə görə, İsanın görkəminin dəyişildiyi dağ Tavor dağı ilə eyniləşdirilir. Lakin bu, o qədər də böyük ehtimal deyil. Tavor dağının zirvəsində güclü və böyük bir qala var idi. Qalanın yerləşdiyi dağda İsanın görkəminin dəyişilməsi ağlabatan deyildi. Bunun Xermon dağında baş verməsi daha ağlabatandır. Çünki Xermon dağı Filip Qeysəriyyəsindən iyirmi kilometrdən uzaqlıqda yerləşir. Hündürlüyü 2860 metr olan bu dağ İordan vadisi səviyyəsindən 3350 metr hündürlükdə yerləşir. Onu İsrailin o tayından, Ölü dənizdən 160 kilometr məsafədən görmək olur.

İsanın görkəminin dəyişilməsi dağın zirvəsində baş verə bilməzdi. Dağ bunun üçün həddindən artıq hündür idi. Səyyahlardan biri yazır ki, o, dəstəsi ilə at belində dağın zirvəsinə, demək olar ki, beş saata çata bilib. Belə bir hündürlükdə fiziki işləmək mümkün deyil: «Günün çox hissəsini biz zirvədə keçirdik. Lakin çox keçmədi ki, atmosfer təzyiqi bizə təsir etməyə başladı».

Buna görə, çox güman ki, İsanın görünüşü gözəl və əzəmətli Xermon dağının ətəklərində dəyişmişdi. Luka yazır ki, şagirdlər dərin yuxuya dalmışdı (Luka 9:32). İsa şagirdləri ilə birlikdə düzənliyə ertəsi gün enmişdi. Orada onları epilepsiya xəstəsi olan uşağın atası gözləyirdi (Luka 9:37). Buna görə də İsanın görkəmi gün batarkən, ya da axşam saatlarında və ya gecə dəyişilib.

Bəs nəyə görə İsa ora getdi? Nəyə görə O, boş dağ silsilələrinə üz tutmuşdu? Bu sualın cavabını bizə yenə də Luka verir. O, İsanın orada dua etdiyini deyir (Luka 9:29).

Gəlin mümkün qədər özümüzü İsanın yerinə qoyaq. Həmin ərəfələrdə O Özünü iztirab çəkməyə hazırlaşdırırdı. İsa Məsih iztirab çəkəcəyinə əmin idi və bu barədə dəfələrlə şagirdlərinə demişdi. Biz gördük ki, Filip Qeysəriyyəsində Onun bir problemi vardı. O Onun Kimliyini bilənin olub-olmadığını öyrənmək istəyirdi. Biz gördük ki, O, bu suala müsbət cavab aldı — Peter İsanın yaşayan Allahın Oğlu olduğunu dərk etmişdi. Lakin son səyahətə çıxmazdan əvvəl bundan daha əsaslı bir məsələ həllini tapmalı idi.

İsa Məsih Atasının iradəsini yerinə yetirməkdə tam əmin olmalı idi. O, əmin olmalı idi ki, Allahın iradəsi Onun Yerusəlimə gedib Çarmıxa çəkilməsindən ibarətdir. Buna görə İsa Xermon dağına Allaha «Yerusəlimə getməklə Sənin iradəni yerinə yetirirəmmi?» sualını vermək üçün çıxmışdı. İsa Xermon dağına çıxdı ki, Allahın səsini eşitsin. O, adətən, Atası ilə məsləhətləşməmiş bir addım belə atmırdı. Bəs belə vacib məsələdə Onunla məsləhətləşməmiş necə addım ata bilərdi? İsa Məsih daim Atasının iradəsini axtarırdı.

Biz bilirik ki, İsanın xüsusiliyi Onun günahsız olmasında idi. Bu o deməkdir ki, İsanın Allahın iradəsindən başqa iradəsi yox idi.

İsanın problemləri yarananda onları Öz gücünə həll etməyə çalışmırdı, nə də məsləhət almaq üçün insanlara üz tutmurdu. O, problemləri Atası ilə təklikdə həll edirdi.

KEÇMİŞDƏN GƏLƏN XEYİR-DUA (Matta 17:1-8 (ardı))

Orada, dağın ətəyində, İsaya iki dahi adam — Musa və İlyas peyğəmbər göründü.

Allahın bu iki böyük qulunun həyat təcrübəsinin İsanın həyat təcrübəsi ilə nə qədər oxşar olduğunu qeyd etmək maraqlı olardı. Musa Sina dağından enəndə bilmirdi ki, onun üzü nur saçır (Çıxış 34:29). Musa da, İlyas da dağların zirvəsində Allahla ən yaxın görüşlərini keçirmişdilər. Musa Allahın Qanun lövhələrini almaq üçün Sina dağına getmişdi (Çıxış 31:18). İlyas Allahla Xorev dağında sərin mehdə görüşmüşdü. Nə güclü küləkdə, nə də zəlzələdə, məhz sərin mehdə görüşmüşdü (1Padşahlar 19:9-12). Maraqlıdır ki, Musanın ölümü və İlyasın göyə çəkilməsi vahiməli hadisə idi. Qanunun təkrarı kitabı 34:5-6-da Musanın Nevo dağında tək ölməsindən bəhs olunur. Sanki Allah Özü xalqın böyük başçısını dəfn etmişdi: «Rəbbin sözünə görə qulu Musa elə orada — Moav torpağında öldü. Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir». İlyasa gəlincə, o, heyrətə düşən Elişanın yanından odlu arabada göyə qaldırılmışdı (2Padşahlar 2:11). İsa Məsih Yerusəlimə gedərkən ona görünən həm Musa, həm də İlyas Əhdi-Ətiqin böyük nümayəndələri idi.

Bundan əlavə, gördüyümüz kimi, yəhudilər İlyasın Məsihin elçisi olacağına qəti əmin idilər. Üstəlik, bəzi yəhudi müəllimlər Məsihin zühur etdiyi zaman Musanın müşayiəti ilə gələcəyinə inanırdılar.

Musanın və İlyasın həmin vaxt İsaya görünməsinin nə qədər məqsədəuyğun olduğu aydın görünür. Amma bu onların İsaya niyə göründüklərinin dəqiq izahını vermir.

Gəlin yenidən Lukanın təsvir etdiyi İsanın görünüşünün dəyişilməsinə nəzər salaq. Luka yazır ki, Musa və İlyas İsanın «Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar» (Luka 9:31). Yunan dilində «dünyadan ayrılmaq» kimi tərcümə olunmuş sözün mənası çox maraqlıdır. Eksodos sözü Azərbaycan dilində çıxış sözü ilə eynidir.

Çıxış sözünün xüsusi mənası var: İsrail xalqının Misir torpağından çıxışı naməlum yol ilə vəd olunmuş diyara gətirilməsi idi. Çıxış sözü bəşər tarixində ən riskli səyahət adlanır. Bütöv bir xalq Allaha tamamilə güvənərək imanla məchulluğa getmişdi. İsa Məsih da buna bənzər səyahət etməli idi. O, Allaha güvənərək imanla Yerusəlimə — Onu Çarmıxda ölümün, sonra isə izzətin gözlədiyi yerə, təhlükəli bir səyahətə çıxmalı idi.

Yəhudilərə görə, Musa ilə İlyas həmişə rəmzi xarakter daşıyıblar. Musa həmişə böyük qanunverici olmuşdur; o, ilk növbədə Allahın Qanununu adamlara çatdıran bir insan idi. İlyas isə peyğəmbərlərin ən böyüyü idi; Allah onun səsi ilə birbaşa insanlara danışırdı. Bu iki adam İsrailin dini tarixinin və nailiyyətlərinin iki zirvəsi idi. Beləliklə, İsa Məsih Yerusəlimə son səfərə hazırlaşarkən, İsrail tarixinin ən böyük şəxsiyyətləri Onunla danışmaq üçün gəldilər. Bütün tarix onların simasında özünü təzahür etdirdi və İsaya yolunu göstərdi. Onların simasında əksini tapan tarix İsa Məsih vasitəsilə yerinə yetirildi. Qanunvericilərin və peyğəmbərlərin ən böyükləri arzusunda olduqları və gəlişini qabaqcadan söylədikləri Şəxsi İsada tanıdılar.

Müjdəçilərin hamısı yazırlar ki, parlaq bir bulud onların üzərinə kölgə saldı. Bulud da İsrail tarixinin bir hissəsi idi. Tarix boyu bulud Qüdrətli Allahın hüzurunu xarakterizə edirdi.

Çıxış kitabında xalqa yol göstərən bulud dirəyi barədə oxuyuruq (Çıxış 13:21-22). Çıxış kitabında yenə Hüzur çadırının tikilib qurtarması haqqında oxuyanda, bu fikirlərə rast gəlirik: «O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu» (Çıxış 40:34). «Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan etdi» (Çıxış 34:5). Biz bu sirli buluda Süleyman Məbədi təqdis edərkən də rast gəlirik: «Kahinlər Müqəddəs yerdən çıxdıqları vaxt bulud Rəbbin məbədini elə doldurdu...» (1Padşahlar. 8,10-11; 2Salnamələr 5:13-14; 7:2 ilə müqayisə edin). Bütün Əhdi-Ətiq boyu Rəbbin sirli izzətinin zühur etdiyi bir bulud mənzərəsi var.

İsanın görünüşünün dəyişdiyi dağda da bulud sirli şəkildə parlamağa başladı. Həmin buludun içindən Səmavi Atanın səsi eşidildi. Allah Oğlu İsaya şəhadət gətirib Ondan razılıq etdi.

Həmin dağ İsa Məsih üçün ruhani zirvə idi. Qarşıda Onu Çarmıxa çəkiləcəyi Yerusəlim səfəri gözləyirdi. O, qanunvericilərin və peyğəmbərlərin ən böyüklərindən tarixin hökmünü eşitdi. Sonra O, Allahın qərarını təsdiqləyən səsini eşitdi. İsanın görünüşünün dəyişildiyi dağdakı təcrübəsi Ona iztirab yolunda mətanətlə addımlamaq üçün güc verdi.

PETERİN DƏRSİ (Matta 17:1-8 (ardı))

İsanın görünüşünün dəyişildiyi dağda baş verənlər təkcə İsaya deyil, Onun şagirdlərinə də nələrsə öyrətdi.

  1. Yəqin ki, şagirdlər İsanın Yerusəlimə getməli və orada iztirab çəkərək ölməli olduğu barədə təkidindən hələ də heyrət içində idilər. Onlara elə gəlirdi ki, qarşıda İsanı yalnız rüsvayçılıq gözləyir. Lakin dağdakı bütün ab-hava izzətə bürünmüşdü. İsanın üzü günəş kimi parıldayırdı, libası isə işıq saçırdı.

Yəhudilər Allahın salehlərə verdiyi vədi yaxşı bilirdilər: «Onların üzləri günəş kimi parlayacaq» (2Ezra 7:97). Bu parlaq buludu görən hər bir yəhudi Allahın xalqının üzərində olan Rəbbin izzətini düşünərdi. Bu, diqqətəlayiq və əhəmiyyətli bir məqamdır. Bu qısa səkkiz ayədə «Budur!» nidasına ən azı üç dəfə rast gəlinir. Sanki Matta bu hadisəni sakit təsvir edə bilmirdi. Sanki onun heyrətdən nəfəsi kəsilirdi.

Bütün bunlar şagirdləri ruhlandırmalı idi. Onlar Çarmıxda təkcə rüsvayçılığı yox, alçaldılmadakı izzəti, qələbəni və mükafatı görməli idilər. Buna baxmayaraq, onlar heç nə başa düşmədilər. Amma yenə də onlarda müəyyən fikirlər yaranmışdı: Çarmıx təkcə alçaldılma deyil, o, bir növ izzətlə bağlıdır və həmin izzət Yerusəlimə səfərin ab-havasında mövcuddur.

  1. Bundan əlavə, həmin gecə Peter baş verənləri dərk edəndə, o, üç çadır qurmaq istədi — birini İsaya, birini Musaya, birini də İlyasa. O, işgüzar insan idi. O, həmişə nəsə etməli idi. Lakin izzətin önündə susmaq, düşünmək, təəccüblənmək, heyrətlənmək, ehtiram göstərmək və lərzəyə gəlmək vaxtı var. «Dayanın, bilin ki, Mən Allaham» (Zəbur 46:10). Bəzən Allahın hüzurunda susub dinləmək, təəccüblənmək, heyran olmaq əvəzinə, bizim də başımız qarışıq olur. Riskli macəralara və mübarizəyə getməzdən əvvəl insan Rəbbin önündə diz çöküb dua etməlidir.

  2. Lakin burada, yəqin ki, tam əksi baş verib. Əlbəttə, Peter dağın yamacında daha çox qalmaq istəyirdi və bu möhtəşəm anın bitməsini istəmirdi. O, gündəlik işlərinə qayıtmaq istəmirdi, əvəzində şöhrətin əzəmətində əbədi qalmaq istəyirdi. Yəqin ki, bu hiss hər kəsə tanışdır. Hər kəsin Allaha yaxın, əmin-amanlıq, rahatlıq tapdığı anlar olub. Həmin anları biz uzatmaq istəyirik. Bir nəfərin dediyi kimi: «Görünüşün dəyişildiyi dağ gündəlik xidmətdən və ya Çarmıx yolundan daha xoşdur».

Lakin İsanın görünüşünün dəyişildiyi dağ gündəlik xidmətdə və Çarmıx yolu ilə getməkdə bizə təkan olmaq üçün verilib. Belə bir dua var: «Ya Rəbb, imanın yalnız məbədlə məhdudlaşmadığını, yalnız dua və meditasiya ilə özünü göstərmədiyini, Sənin hüzurunun olduğum hər yerdə var olduğunu xatırlamağıma kömək et». İzzət anı özlüyündə hansısa məqsəd üçün deyil, gündəlik həyatımızın nura bürünməsi üçün mövcuddur.

9-13

ÇARMIX YOLU BARƏDƏ NƏSİHƏT (Matta 17:9-13, 22, 23)

Burada İsa Məsih bir daha şagirdlərinə əmr edir ki, hər şeyi gizli saxlasınlar. Çünki bu, həqiqətən, çox vacib idi. Əsas təhlükə də bu idi ki, insanlar Məsihin Kim və necə olduğunu dərk etmədən İsanı Məsih bəyan edə bilərdilər. Əvvəlcə onların Məsih haqqında təsəvvürünü tamamilə dəyişmək lazım idi.

İnsanları qalib Məsih ideyasından uzaqlaşdırmaq üçün uzun müddət lazım idi. Bu fikir yəhudilərdə elə dərin kök salmışdı ki, onu dəyişmək, demək olar ki, mümkün deyildi. 9-13-cü ayələr bizim üçün çətin anlaşılır. Bütün yəhudilər əmin idilər ki, Məsih gəlməmişdən əvvəl İlyas qayıdacaq, Onun carçısı və sələfi olacaq. Malaki peyğəmbər yazır: «Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim» (Malaki 4,5-6). Lakin İlyasın gəlişi ilə bağlı bu peyğəmbərliyin yavaş-yavaş təfərrüatları ortaya çıxdı. Yəhudilər təkcə İlyasın gələcəyinə deyil, həm də Məsihin gəlişindən əvvəl hər şeyi nizamlayacağına, dünyanı lazımi vəziyyətə — Məsihin oraya daxil olması üçün onu layiqli hala gətirəcəyinə inanmağa başladılar. Yəhudilərin fikrincə, İlyas dünyanı dolaşan böyük islahatçı olacaq, bütün pisliyi məhv edəcək, ədaləti və asayişi bərpa edəcək. Buna görə də onlar Məsih və Onun elçisini qüdrətli və səlahiyyətli şəxs hesab edirdilər.

İsa Məsih bu fikirlərə düzəliş verir. O deyir: «İlahiyyatçıların fikrincə, İlyas qisas alan alov kimi gələcək. O, artıq gəlib. Amma onun yolu Bəşər Oğlunun yolu kimi iztirab və qurban yoludur». İsa bəyan edir ki, Allaha xidmət heç vaxt insanların həyatını məhv edə bilməz. Allaha xidmət onları fədakar sevgi ilə ram edir. Şagirdlər də məhz bu həqiqəti dərk etməli və o vaxta qədər susmalı idilər. Əgər onlar həmin vaxt qalib Məsihi təbliğ etsəydilər, faciə baş verərdi. Məsihin Çarmıxa çəkilməsinə qədər olan yüz il ərzində ən azı iki yüz min yəhudinin uğursuz üsyanlarda öldüyü təxmin edilir. Məsihi təbliğ etməzdən əvvəl şagirdlər Məsihin Kim olduğunu bilməli idilər. İsa Öz davamçılarına Çarmıxın qaçılmaz olduğu barədə nəsihət verənə qədər, onlar susmalı və öyrənməli idilər. Biz insanlara öz fikirlərimizi deyil, Məsihin xəbərini çatdırmalıyıq. İsa Məsih insanı öyrətməyənə qədər heç kim başqalarını öyrədə bilməz.

14-20

İMANIN VACİBLİYİ (Matta 17:14-20)

İsa Məsih səmavi izzətdən enən kimi dərhal yer üzündəki problemlə və tələblə üzləşdi: İsanın yoxluğunda bir kişi epilepsiyadan əziyyət çəkən oğlunu şagirdlərinin yanına gətirdi. Ata oğlunun səhhətini pis ruhların zərərli təsiri ilə əlaqələndirirdi. O vaxtlar belə düşünürdülər. Uşağın vəziyyəti o qədər ağır idi ki, o, təkcə özü üçün deyil, başqaları üçün də təhlükə yaradırdı. İsanın gəlişi ilə insanlar rahat nəfəs aldı. O, dərhal vəziyyəti nəzarətə götürüb, hökmlə cinin çıxmasını əmr etdi. Oğlan da sağaldı. Bu hadisədə diqqət çəkən çox məqam var.

  1. Oğlanın atasının imanı bizi təsirləndirməyə bilməz. Şagirdlərə pis ruhları qovmaq səlahiyyəti verilsə də (Matta 10:1), bu hadisədə onlar hamının gözü qarşısında uğursuzluğa düçar oldular. Lakin buna baxmayaraq, oğlanın atası İsanın qüdrəti və səlahiyyətindən bir an belə şübhə etmədi. O, sanki belə dedi: «Bircə mənə imkan verin ki, İsanın Özünə yaxınlaşım. Onda mənim bütün problemlərim və ehtiyaclarım həllini tapacaq».

Burada bizim üçün son dərəcə ağrılı bir məqam var. Həmin məqam bu dövr üçün də keçərlidir. İnsanların əksəriyyəti hesab edir ki, İsanın şagirdləri və İmanlı Cəmiyyəti öz vəzifələrinin, bəşəriyyətin şər və çətinliklərinin öhdəsindən gələ bilməyib. Onlar belə düşünürlər ki, əgər biz İsanın Özünə çata bilsəydik, ehtiyacımız olan hər şeyə sahib olardıq. Onların məğlubiyyətinin əsası odur ki, Məbədə inamlarını itirsələr də, İsa Məsihə həsrətlə ümid bəsləyirlər.

  1. Biz görürük ki, insanlar İsaya həmişə ehtiyaclarını bildirirdilər. Dağdakı izzətdən enən kimi İsa o dəqiqə insanların dərdləri ilə rastlaşdı. Allahın səsini eşidəndən dərhal sonra O, insanların fəryad edən ehtiyacını eşitdi. Məsihə o insan daha çox bənzəyir ki, qardaşına maneə kimi baxmır. Duada özünü məsihçi hiss etmək asandır. Dünyadan kənarda özünü Allaha yaxın hiss etmək asandır. Amma bu, iman deyil. Bu, həyatdan qaçmaqdır. Əsl iman duadan sonra ayaq üstə qalxıb, insanların və bəşəriyyətin problemlərini həll etmək üçün kömək etməkdir. Əsl iman Allahdan güc alıb insanlara ötürməkdir. Əsl iman Allahla təklikdə, insanlarla isə izdihamlı meydanda görüşməkdir. Əsl iman — özünün rahatlığı üçün deyil, başqalarının ehtiyaclarını qarşılamaq üçün Allaha üz tutmaqdır.

  2. Biz burada İsanın qayğısını görürük. İsa şagirdlərindən canını qurtarmaq istədiyini bildirmir. O, belə deyir: «Nə vaxta qədər sizinlə olmalıyam?» Səbir məsihçiliyin ən mühüm xüsusiyyətidir. İnsanların xırdalıqları və düşüncəsizliyi üzündən səbrimiz tükəndikdə, Allahın bizim imansızlığımıza, vəfasızlığımıza və uğursuzluğumuza qarşı göstərdiyi sonsuz səbrini xatırlamalıyıq.

  3. Biz burada imanın nə qədər vacib və zəruri olduğunu görürük, onsuz heç nəyə nail olmaq mümkün deyil. Dağların yerindən tərpənməsindən danışarkən, İsa hər bir yəhudiyə yaxşı tanış olan ifadə işlətdi. Müqəddəs Yazıları təfsir və şərh edə, çətinlikləri izah edib həll edə bilən dahi müəllimi dağların kökündən qoparan, yaxud dağları toza çevirən insan adlandırırdılar. Dağı kökündən qoparmaq, dağları toza çevirmək ifadələri, adətən, çətinlikləri aradan qaldırmaq mənasında işlənirdi. İsa Məsih heç vaxt bu ifadəni sözün hərfi mənasında işlətməyib. Çünki adi insanın əsl dağı yerindən tərpətməsinə ehtiyac yoxdur. Əslində, İsanın demək istədiyi bu idi: «İmanınız kifayət qədər olsa, bütün çətinliklər həll olunacaq, hətta ən çətin məsələ belə öz həllini tapacaq». Allaha iman insanı çətinliklər dağını yerindən tərpətməyə qadir edir.

22-23

17:22-23-cü ayələrin şərhinə 13:9-13 bölməsində baxın.

24-27

MƏBƏDİN SAXLANMASI ÜÇÜN VERGİ (Matta 17:24-27)

Yerusəlim məbədinin saxlanması baha başa gəlirdi. Çünki hər gün səhər və axşam birillik quzu qurbanları kəsilirdi. Quzulardan əlavə şərab, un və yağ da qurban gətirilirdi. Hər gün yandırılan buxur alıb hazırlamaq lazım idi. Bahalı pərdələr və kahinlərin libasları köhnəlirdi. Baş kahinin paltarı, ümumiyyətlə, çox bahalı idi. Bütün bunlar pul tələb edirdi.

Beləliklə, Çıxış 30:13-də yazılanlara əsasən yaşı iyirmidən yuxarı olan hər bir yəhudi kişinin hər il yarım şekel məbəd vergisi ödəməsi müəyyən olunmuşdu. Nehemyanın dövründə, yəni xalqın kasıb vaxtında vergi 1/3 şekel təyin edilmişdi.

Yarım şekel iki yunan didraxmona, yəni iki dirhəmə bərabər idi. Vergi, adətən, bu hissədə deyildiyi kimi, dirhəm adlanırdı. Vergi fəhlənin iki günlük qazancına bərabər idi. Məbəd bir il ərzində vergi şəklində iki milyondan çox dirhəm toplayırdı. Nəzəri cəhətdən vergi məcburi idi. Məbəd administrasiyasının vergi ödəməyənlərin əmlakını əlindən almaq hüququ var idi.

Vergilərin yığılması yaxşı təşkil olunmuşdu. Təqvimimizdə mart ayına uyğun gələn Adar ayının birinci günü İsrailin bütün şəhər və kəndlərində vergi ödəmə vaxtının yetişdiyi elan edilirdi. Həmin ayın on beşinci günü şəhər və kəndlərdə vergilərin ödənməsi üçün köşklər qurulurdu. Əgər vergi Adar ayının 25-nə qədər ödənilməsəydi, onda yalnız Yerusəlimdəki Məbəddə birbaşa ödənməli idi.

Bu hissədə biz görürük ki, İsa Məsih Məbəd vergisini ödəyir. Vergi orqanları Peterdən Müəllimin vergi ödəyib-ödəməyəcəyini soruşdular. Təbii ki, sual qərəzlə verilmişdi. Onlar ümid edirdilər ki, İsa bu vergini ödəməkdən imtina edəcək. Bu da ortodoksal rəhbərlərə Ona qarşı ittihamlar üçün əsas verəcək. Peter dərhal cavab verdi ki, İsa vergi ödəyib. Sonra gedib bu barədə Müəlliminə danışdı. İsa isə ona bir məsəl çəkdi — 17:25-26.

İsanın çəkdiyi məsəli iki cür şərh etmək olar. Lakin hər iki halda məna eynidir.

  1. Qədim dövrlərdə qalib və ya fəth edən xalq tabeliyində olan xalqların rifahına az əhəmiyyət verirdi; daha doğrusu, elə düşünürdülər ki, hökmranlıq edən xalq daha yaxşı yaşamalıdır. Buna görə də padşahlar tabeliyində çoxlu xalqlar olanda, öz xalqından xərac almırdılar. Belə olanda, rəiyyət xalqları bütün yükü öz üzərinə götürüb, vergi ödəyirdilər. Onda İsa da, yəqin ki, belə deyib: «Allah İsrailin Padşahıdır, biz isə əsl israilliyik, çünki biz Səmavi Padşahlığın vətəndaşlarıyıq; biz azadıq, vergini də yadlar ödəsin».

  2. Ancaq mənzərə daha sadə ola bilər. Padşah xalqa vergi tələbi qoyanda, şübhəsiz ki, bu tələb ailəsinə aid olmurdu. Əslində, o, evini saxlamaq üçün vergini yığırdı. Burada isə söhbət Rəbbin Məbədi üçün yığılan vergidən gedir. İsa Allahın Oğlu idi. Valideynləri Onu Yerusəlimdə axtararkən O demişdi: «...Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» (Luka 2:49) Oğul Atasının evi üçün yığılan vergini ödəməyə məcburdurmu?

Lakin buna baxmayaraq, İsa dedi ki, onlar Qanunun tələb etdiyi üçün deyil, vəzifə borcu olduğuna görə vergi ödəyəcəklər. O dedi ki, «adamları incitməmək üçün» vergi ödənilməlidir. Əhdi-Cədiddə incitmək (skandalizein) feli və büdrəmə (skandalon) isimləri həmişə xüsusi mənada işlənir. Bu fel heç vaxt kimisə təhqir etmək, incitmək, alçaltmaq mənasında deyil, həmişə kiminsə yolunda büdrəmə daşı olmaq, kimisə yoldan çıxarıb yıxmaq mənasında işlədilir. Buna görə də İsa belə deyir:

«Başqalarına pis nümunə olmamaq üçün biz vergi ödəməliyik. İnsanlara yaxşı örnək olmaqdan ötrü nəinki borcumuzu yerinə yetirməliyik, hətta artığını etməliyik».

İsa Məsih başqalarının gündəlik həyat öhdəliklərinə laqeyd yanaşmağı Özünə rəva bilmirdi. Başqalarına da bunu etməyə imkan vermirdi. Bəzən nəyəsə yol verib, özümüzü qaydanın istisnası kimi göstərə bilərik. Amma heç vaxt imkan verməməliyik ki, başqaları üçün pis nümunə kimi görünək.

Biz sual verə bilərik ki, nəyə görə bu hekayə Kəlamda yer alıb? Mattanın Müjdəsi yazılmamışdan bir qədər əvvəl, eramızın 80-90-cı illərində yəhudilər və yəhudi-məsihçilər real bir problemlə qarşılaşmışdılar. Biz artıq gördük ki, yaşı iyirmidən yuxarı olan hər yəhudi kişi Məbəd vergisini ödəməli idi. Lakin 70-ci ildə Məbəd tamamilə dağıldı və onu yenidən qurmaq mümkün olmadı. Məbədin dağıdılmasından sonra Roma imperatoru Vespasian əmr etdi ki, onlar Romadakı Kapitoli Yupiter69 ibadətgahına yarım şekel vergi ödəsinlər.

Əsas problem onda idi ki, yəhudi və yəhudi-məsihçilərin əksəriyyəti bu hökmə qarşı üsyan etməyə meyilli idilər. Bu cür qarşı çıxma fəlakətli ola bilərdi. Çünki üsyan dərhal qəddarcasına yatırılacaq, yəhudilərlə məsihçilərə isə sədaqətsiz və narazı vətəndaşlar kimi ad qazandıracaqdı.

Məhz buna görə bu hekayə İncilə daxil edilmişdi. Beləcə məsihçilər, xüsusən də yəhudi-məsihçilər anlamalı idi ki, nə qədər xoşagəlməz olsa da, hər vətəndaşın vəzifə öhdəliyi var. Bu hekayə bizə öyrədir ki, məsihçilik vətəndaşlıq borcuna riayət etməklə sıx bağlıdır. Vətəndaşlıq borcuna məhəl qoymayan məsihçi pis nümunə göstərir.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın görünüşü dəyişir
(Mark 9:2-13; Luka 9:28-36)
1 Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. 2 Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. 3 O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 4 Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». 5 Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» 6 Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. 7 İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. 8 Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər.
9 Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». 10 Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 11 İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. 12 Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». 13 Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.
Oğlandan cin çıxarılır
(Mark 9:14-29; Luka 9:37-43)
14 Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: 15 «Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür. 16 Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». 17 İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». 18 İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı.
19 O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» 20 İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz». 21 
İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir
(Mark 9:30-32; Luka 9:43-45)
22 Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək 23 və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.
Məbəd vergisi
24 Kefernahuma gəldikləri zaman məbəd vergisini yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» 25 Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?» 26 Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir. 27 Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».