Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 18-ci fəsil

V. Barklinin şərhləri

18-ci fəsil

1-2

ŞƏXSİ MÜNASİBƏTLƏR

Mattanın Müjdəsinin 18-ci fəsli məsihçi etikası üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu fəsildə məsihçiləri şəxsi münasibətlərdə fərqləndirən keyfiyyətlərdən bəhs edilir. Fəsli hissə-hissə öyrəndikcə, bu münasibətləri ətraflı izah edəcəyik. Lakin gəlin əvvəlcə bütün fəslə nəzər salaq. 18-ci fəsil məsihçilərin şəxsi münasibətlərini xarakterizə edən yeddi xüsusiyyəti vurğulayır.

  1. Birincisi, təvazökarlıq (18:1-4). Yalnız uşaq kimi təvazökar olan insan Səmavi Padşahlığın vətəndaşı ola bilər. Şöhrətpərəstlik, öz nüfuzunu, mənfəətini axtarmaq məsihçinin həyatı ilə bir araya sığmayan keyfiyyətlərdir. Məsihçi İsa Məsihə sədaqətdə və imanlı qardaşlarına xidmətdə öz «mən»ini unutmuş insandır.

  2. İkincisi, məsuliyyət (18:5-7). Ən böyük günah başqalarına günah etməyi öyrətməkdir. Xüsusilə həmin adam imanda zəif və təcrübəsizdirsə. Allah ən şiddətli cəzanı başqalarını büdrədənlər üçün saxlamışdır. Məsihçi həyatının, əməllərinin, sözlərinin və göstərdiyi nümunənin başqalarına verdiyi təsirə görə məsuliyyət daşıdığını dərk edir.

  3. Özünü inkar etmə (18:8-10). Məsihçi mükafat qazanmaqdan ötrü heç bir ağır məşqdən qorxmayan idmançıya bənzəyir. O, məqsədinə çatmaq üçün əyləncəsini, asudə vaxtlarını qurban verən tələbə kimidir. Məsihçi Allaha itaət göstərməsinə mane olan hər şeyi həyatından çıxarmağa hazırdır.

  4. Hər bir fərdin qayğısına qalmaq (18:11-14). Məsihçi başa düşür ki, Allah şəxsən onun qayğısına qalır, o özü də hər bir fərdin qayğısına qalmalıdır. Məsihçi heç vaxt kütlə və xalq anlayışı ilə hərəkət etmir, insan şəxsiyyəti baxımından düşünür. Allah üçün əhəmiyyətsiz insan yoxdur, Onun üçün heç kim izdihamda itməz; məsihçi üçün hər bir insan Allahın övladı kimi vacibdir. Həmin adam yolunu azsa da, məsihçi onu tapmalıdır. Müjdələmək — məsihçiliyin qayğısı və hərəkətverici qüvvəsidir.

  5. Bu, nizam-intizamdır (18:15-20). Məsihçinin göstərdiyi mehribanlıq və bağışlamaq o demək deyil ki, səhv edənə istədiyini etməyə icazə verməlidir. Belə insanı istiqamətləndirmək, islah etmək, lazım gələrsə cəzalandırmaq və yenidən haqq yoluna yönəltmək lazımdır. Amma bu cür cəza qınama hissi ilə deyil, sevgi ilə həyata keçirilməli, intiqam deyil, barışıq və islah etmək məqsədilə tətbiq olunmalıdır.

  6. Qardaşlıq hissi (18:19-20). Məsihçilər birlikdə dua edən insanlardır. Onlar birlikdə Allahın iradəsini axtaran, birlikdə Allahı dinləyən və hörmət edən insanlardır. Fərdilik məsihçiliyə tamamilə yaddır.

  7. Bu, bağışlamadır (18:23-35). Məsihçi qardaşlarını hər zaman bağışlayır, çünki özü də bağışlanır. Məsih onu bağışladığı kimi, o da başqalarını bağışlayır.

UŞAQ KİMİ OLUN (Matta 18:1-4)

Bu, çox maraqlı və mənalı sualdır, ona eyni dərəcədə mənalı cavab verildi. Şagirdlər «Səmavi Padşahlıqda ən böyük kimdir?» deyə soruşdular. İsa yanına bir balaca uşağı çağırıb dedi ki, əgər yoldan dönüb bu uşaq kimi olmasalar, Səmavi Padşahlığa girməyəcəklər.

Şagirdlərin «Səmavi Padşahlıqda ən böyük kimdir?» sualı göstərirdi ki, onlar Səmavi Padşahlığın nə olduğunu bilmirlər. İsa Məsih dedi: «Əgər yolunuzdan dönməsəniz». Bununla İsa xəbərdarlıq edirdi ki, onlar yanlış yola — Allahın Padşahlığına deyil, tam əks istiqamətdə gedirlər. Həyatda hər şey insanın nəyə can atmasından, qarşısına hansı məqsədlər qoymasından asılıdır. Kim şöhrətpərəst planlarını həyata keçirməyə, səlahiyyət əldə etməyə, nüfuza sahib olmağa, özünü ucaltmağa can atırsa, əks istiqamətə gedir. Çünki Səmavi Padşahlığın vətəndaşı olmaq öz «mən»ini tamamilə unutmaq və ömrünü hakimiyyətə çatmaqda deyil, xidmətdə keçirmək deməkdir.

Nə qədər ki, insan öz həyatını hər şeydən üstün tutur, demək, Səmavi Padşahlığa arxa çevirmiş olur. Əgər o, Allahın Padşahlığını əldə etmək istəyirsə, yolundan dönüb üzünü İsa Məsihə tutmalıdır.

İsa uşağı yanına çağırdı. Deyilənlərə görə, bu uşaq böyüyüb, İmanlı Cəmiyyətinin böyük xidmətçisi, dahi yazıçı və Məsih uğrunda şəhid olan Antakyalı İqnatius70 oldu. İqnatiusa Teodoros adı verilmişdi. Rus Pravoslav Kilsəsində onu Tanrının daşıyıcısı İqnatius adlandırırlar. Rəvayətə görə, İsa onu qucağına oturtduğu üçün bu adı almışdır. Bəlkə də bu, belə idi. Bəlkə də Peter bu sualı verəndə, İsa onun kiçik oğlunu qaldırıb ortalığa qoydu. Peterin evli olduğunu bilirik (Matta 8:14; 1 Korinflilərə 9:5).

Beləliklə, İsa Məsih dedi ki, uşaqlarda Səmavi Padşahlığın vətəndaşına xas xüsusiyyətlər var: dünyanın möcüzələrini yorulmadan seyr edərək təəccüblənmək bacarığı; böyüklər və valideynlər ona qarşı ədalətsiz davrananda unutmaq və bağışlamaq qabiliyyəti; məsumluq. Riçard Qloverin dediyi kimi, uşaq yalnız öyrənməlidir, yadırğamalı deyil. O, nəsə etməlidir, dəyişdirməli deyil. Şübhəsiz ki, İsa da bu barədə düşünürdü. Lakin bu xüsusiyyətlər nə qədər heyrətamiz olsa da, onlar İsanın düşüncələrində əsas yer tutmurdu. Uşağı Səmavi Padşahlığın vətəndaşının rəmzinə çevirən üç böyük xüsusiyyəti var.

  1. Birincisi və hər şeydən əvvəl, bu ayənin əsas fikri olan təvazökarlıqdır. Uşaq özünü göstərməyə çalışmır. Əksinə, arxa plana keçməyə çalışır. O, şöhrətə can atmır; daha çox gizli qalmaq istəyir. Yalnız böyüyəndən sonra mükafatlara sahib olmaq üçün birinci yer uğrunda qızğın mübarizə apararaq dünyaya qarışanda, onun instinktiv təvazökarlığı aradan qalxır.

  2. İkinci xüsusiyyəti asılılıqdır. Uşaq üçün asılılıq tamamilə təbii haldır. O, həyatı təkbaşına idarə edə biləcəyini heç vaxt düşünmür. Onu sevən və ona qayğı göstərənlərdən asılı olmaqdan tamamilə razıdır. Əgər insanlar Allahdan asılı olduqlarını dərk etsəydilər, onların həyatına yeni güc və yeni sülh gələrdi.

  3. Nəhayət, güvən. Uşaq instinktiv olaraq öz asılılığını hiss edir və eyni zamanda valideynlərinin onun bütün ehtiyaclarını ödədiyinə inanır. Uşaq olduğumuz müddətdə nə yemək, nə paltar ala, nə də öz evimizi saxlaya bilirik. Amma yenə də yedizdiriləcəyimizə, geyindiriləcəyimizə və evdə sığınacaq, istilik və rahatlıq tapacağımıza heç vaxt şübhə etmirik. Uşaqlıqda pulumuz olmadan və istədiyimiz yerə necə çatacağımızı düşünmədən səyahətə çıxırıq. Valideynlərimizin bizi ora aparacağına şübhə etmək heç ağlımıza da gəlmir.

Uşağın təvazökarlığı məsihçinin bacı-qardaşlarına qarşı davranışı üçün yaxşı nümunədir. Onun asılı olması və etibar etməsi — məsihçinin Allahla olan münasibəti üçün yaxşı nümunədir.

5-7

MƏSİH VƏ UŞAQLAR (Matta 18:5-7, 10)

Bu hissənin şərhində bir çətinlik var ki, onu da unutmaq olmaz. Göründüyü kimi, Matta İsa Məsihin təlimlərini həmişə böyük tematik bölmələrə ayırır. Bu fəslin əvvəlində o, İsanın uşaqlar barədə dediyi mövzuları bir yerə toplayır. Yəhudilər uşaq sözünü iki mənada işlədirdilər. Birincisi, onlar bunu hərfi mənada balaca uşağa aid etmək üçün istifadə edirdilər. Lakin müəllimlər də bəzən öz şagirdlərini oğul və ya uşaq adlandırırdılar. Buna görə də uşaq sözünün mənası imana yeni gələn, imanda hələ möhkəmlənməyən, doğru yola yeni qədəm qoyan, amma hər an asanlıqla büdrəyə bilən insanı nəzərdə tutur. Bu hissədə uşaq sözü çox vaxt həm balaca uşaq, həm də iman yolunda yeni məsihçi deməkdir.

İsa Məsih deyir ki, kim Onun adı ilə bu cür uşaq qəbul edərsə, Onun Özünü qəbul etmiş olur. «Mənim Adımla» ifadəsi iki məna verə bilər. Birincisi, Mənim xətrimə. İnsanlar məhz Məsihin xətrinə uşaqlara qayğı göstərirlər. Uşağa nəsihət vermək, ruhən güclü böyütmək təkcə uşağın özü üçün deyil, həm də İsa üçün edilir. İkincisi, xeyir-dua mənasını verə bilər, yəni uşağı qəbul edib, onun həyatına İsanın adını bəyan etmək. İsanın yanına bir uşaq gətirmək — məsihçi xidmətidir.

Uşağı qəbul etmək ifadəsinin də bir neçə mənası ola bilər.

a) Bu, uşağın özünü qəbul etməkdən daha çox uşaq kimi təvazökar olan insanı qəbul etməkdir. İsa Məsih demək istəyirdi ki, həyatda ən vacib insanlar hamını öz yolundan itələ-itələyə mübarizə apararaq zirvələrə çatanlar deyil, sakit, təvazökar, uşaq ürəyinə sahib sadə insanlardır.

b) Bu, uşağı qəbul etmək, ona qulluq etmək, onu sevmək, öyrətmək və tərbiyə etmək mənasında ola bilər. Uşağa yaxşı yaşamağa və Allahı daha yaxşı tanımağa kömək etmək — İsa Məsihə kömək etmək deməkdir.

c) Bu ifadənin başqa, tamamilə gözəl mənası da ola bilər. Bu, uşaqda Məsihi görmək mənasını verə bilər. Məsələ ondadır ki, üsyankar, narahat uşaqlara dərs vermək yorucu işdir. Uşağın fiziki ehtiyaclarını ödəmək — paltarlarını yumaq, yaralarını sarımaq, onun üçün yemək hazırlamaq — yorucu gələ bilər. Lakin heç kim uşağın müəllimi və daim yorğun, qaçaqaçda olan ana qədər İsa Məsihə kömək edə bilməz. Əgər belə insanlar uşaqda İsa Məsihi görsələr, çətin günlərdə işıq görəcəklər.

5-7

BÖYÜK MƏSULİYYƏT (Matta 18:5-7:10 (ardı))

Bu hissənin əsas məzmunu hər birimizin üzərinə düşən böyük məsuliyyətdən ibarətdir.

1. Burada başqalarına günah öyrətməyin nə qədər dəhşətli olduğu vurğulanır. Heç kim səbəbsiz və ya yoldan çıxarılmadan günah etməz desək, yerinə düşər. Yoldan çıxarılma isə çox vaxt yoldaşlar tərəfindən gəlir. İnsan əvvəlcə günah etməyə şirnikləndirilir. Kimsə onu pisliyə, haram yola sövq edir. Yəhudilər hesab edirdilər ki, ən bağışlanmaz günah — başqalarına günah etməyi öyrətməkdir. İnsan öz günahlarına görə bağışlana bilər, çünki günahın nəticəsi, müəyyən mənada, məhduddur. Ancaq o, başqasına günah etməyi öyrədirsə, o da öz növbəsində bunu digərinə öyrədə bilər, beləcə günahın ucsuz-bucaqsız zənciri yaranır.

Dünyada kimisə günaha batırmaqdan daha dəhşətli bir şey yoxdur. Əgər insanın az da olsa vicdanı qalıbsa, vicdanı həmişə onu təqib edəcək. Ölüm ayağında olan qoca haqqında belə bir hekayə var. O, çox təşviş içində idi. Sonda bunun səbəbini açıqlamağa onu razı saldılar. Qoca dedi: «Bir dəfə uşaq vaxtı yoldaşımla oynayanda, yol ayrıcında nişanı əks istiqamətə çevirdik. Sonra durub nə qədər adamı yanlış yola göndərdiyimizə tamaşa edirdik». Başqalarına günah etməyi öyrətmək — günahların ən böyüyüdür.

2. Burada başqalarına günah etməyi öyrədənləri necə dəhşətli cəzanın gözlədiyi vurğulanır. Belə adamın boynuna dəyirman daşı asıb, dənizə atılaraq boğulması daha yaxşı olar.

Həmin ayədə dəyirman daşı kimi tərcümə olunan ifadə — milos onikosdur. Yəhudilər taxılı iki dairəvi daşdan — dəyirman daşlarından ibarət əl dəyirmanı ilə üyüdürdülər. Adətən, taxıl evdə üyüdülürdü. Buna görə hər evdə belə dəyirman daşı görmək olardı. Aşağıdakının üzərində fırlanan üst daş tutacaqla təchiz edilmişdi. Taxılı qadınlar üyütdüklərinə görə bu tutacaq onların fırlada biləcəkləri ölçüdə olurdu. Milos onikos isə elə ölçüdə idi ki, onu fırlatmaq üçün eşşək lazım idi (onoye yunanca — eşşək, miloye — dəyirman daşı deməkdir). Dəyirman daşının özü cəzanın nə qədər ağır olduğunu göstərir.

Bundan başqa, yunan mətnində belə bir insanın dənizin dibində deyil, açıq dənizdə boğulmasının daha yaxşı olduğu söylənir. Yəhudilər dənizdən qorxurdular. Onlar üçün cənnət dənizin olmadığı bir yer idi (Vəhy 21:1). Başqalarına günah etməyi öyrədən adamın səhradan uzaqda boğulması daha yaxşı olardı. Həm də boğulan adamın mənzərəsi yəhudini dəhşətə salırdı. Romalılar bəzən boğaraq edam edirdilər. Yəhudilər isə bunu heç vaxt etməyiblər. Yəhudilərin nəzərində bu, tamamilə məhv olmağın rəmzi idi. Ravvinlər qeyri-yəhudilərin və bütpərəstlərin sonda məhv ediləcəyini öyrədəndə, onların «dənizə atılmalı» olduğunu nəzərdə tuturdular. Tarixçi İosif Flavinin ​​(«Yəhudilərin qədimliyi» 14:15-10) əlyazmalarında qalileyalıların Hirodun bütün tərəfdarlarını Qalileya dənizinin dərinliklərində necə boğduqlarını təsvir edən Qaliley üsyanının dəhşətli mənzərəsi mövcuddur. Dənizdə boğmaq fikri yəhudilərin şüurunda tamamilə məhv olmaq təsviri yaradırdı. İsa Məsih başqalarına günah etməyi öyrədən adamı necə dəhşətli aqibət gözlədiyini göstərmək üçün xüsusi sözlərdən istifadə edirdi.

3. Burada hər cür bəhanə və hiyləyə qarşı xəbərdarlıq var. Biz imtahanlarla və günahlarla dolu bir dünyada yaşayırıq. Heç kim günah etmək imtahanından qaça bilməz. Xüsusən də insan evdən çölə çıxanda. İsa Məsih deyir: «Həqiqətən də, bu belədir. Dünya pis yola çəkən şeylərlə doludur; günahın daxil olduğu dünyada bu qaçılmazdı. Lakin bu, heç də yeni imanlının yolunda büdrəmə daşı olan insanın məsuliyyətini azaltmır».

Biz bilirik ki, dünya insanı imtahana çəkir. Buna görə də məsihçinin borcu büdrəmə daşlarını aradan qaldırmaq və heç kimin büdrəməsinə səbəb olmamaqdır. Hətta insanı büdrəmə vəziyyəti ilə üz-üzə qoymaq günahdır. Məsihçi günahdan qaçmağın mümkün olmadığı cəmiyyətdə özündən razı və passiv həyat tərzi sürə bilməz.

4. Nəhayət, bu hissə uşaqların xüsusi əhəmiyyətini vurğulayır. İsa Məsih deyir ki: «...onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür». İsanın dövründə yəhudilərdə angelologiya çox inkişaf etmişdi. Onların fikrincə, hər bir xalqın, təbiətin (küləyin, ildırımın, şimşəyin, yağışın) öz mələyi var. Onlar o həddə gəlib çatmışdılar ki, hər otun öz mələyi olduğuna inanırdılar. Onlar həmçinin inanırdılar ki, hər uşağın öz qəyyum mələyi var.

«Onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür» ifadəsi hər an Allahın hüzuruna birbaşa çıxış haqlarının olduğunu bildirir. Bu mənzərə yalnız sevimli saray əyanlarının, nazirlərin və məmurların birbaşa padşahın yanına gedə biləcəyi saraydakı vəziyyəti təsvir edir. Allahın nəzərində uşaqlar o qədər böyük əhəmiyyət kəsb edirlər ki, onları qoruyan mələklər həmişə Allahın hüzuruna dərhal daxil olmaq hüququna malikdir.

Bizim üçün uşağın böyük dəyəri həmişə onda olan xüsusiyyətlərlə əlaqələndirilir. Hər şey ona nəyin necə öyrədilməsindən asılıdır. Bəlkə də uşaqda olan imkanlar heç vaxt reallaşmayacaq. Bəlkə də bu imkanlar boğulub bəhrəsiz qalacaq. Yaxşı imkanlar ya pis məqsədlərə çevrilə bilər, ya da dünyanı yeni, güclü enerji dalğasına bürümək üçün inkişaf etdiriləcək.

Hər bir uşağın yaxşılıq və pislik etmək üçün qeyri-məhdud imkanları var. Bu imkanları yaxşılığa yönəltmək valideynlərin, müəllimlərin, İmanlı Cəmiyyətinin məsuliyyətidir. Onları boğmaq, inkişaf etdirməmək, şər qüvvəyə çevirmək günahdır.

8-9

CƏRRAHİ MÜDAXİLƏ (Matta 18:8-9)

Bu hissə iki mənada başa düşülə bilər. Birinci mənada bu, şəxsən hər kəsə aiddir. Belə ki Allahın cəzasından qaçmaq üçün hər cür fədakarlıq etmək və nəfsdən imtina etmək daha yaxşıdır.

Bu cəzanın nədən ibarət olduğunu dəqiq bilməliyik. Burada cəza əbədi adlanır. Əbədi sözü isə yəhudilərin cəza ideyası ilə sıx bağlıdır. Yunan dilində bu söz ayoniosdur. Xanok kitabında əbədi məhkumluqdan, əbədi lənətdən və əbədi əzabı təsvir edən yanar alovdan bəhs edilir. Tarixçi İosif Flavi ​​cəhənnəmi əbədi həbsxana adlandırır. Yubileylər Kitabı əbədi lənətdən bəhs edir. Baruk kitabında isə «nə geri qayıtma ehtimalı, nə də zamanın sonu olmayacaq» kimi təsvir olunur.

Bütün bu hissələrdə ayonios sözü işlədilir. Lakin bunun mənasını unutmaq olmaz. Bu ifadə hərfi mənada əsrlərə mənsub olmaq deməkdir. Ayonios sözü yalnız Allaha münasibətdə istifadə edilə bilər. Bu söz əbədilikdən daha dərin məna verir.

Ayoniosun cəzası Allaha aid olan və yalnız Onun verə biləcəyi cəzadır. Biz cəza haqqında düşünəndə, ancaq «Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz» deyə bilərik (Yaradılış 18:25). Bizim insani təsəvvürlərimiz burada acizdir; hər şey Allahın əlindədir.

Lakin bizim bir açarımız var. Bu hissədə cəhənnəm odundan bəhs edilir. Cəhənnəm — Yerusəlimin dayandığı dağın ətəyindən başlayan Hinnom dərəsidir. Həmin vadi əbədi olaraq lənətlənib. Çünki bu yerdə padşahlar dövründə imanlarından dönmüş yəhudilər öz övladlarını Molek adlı bütə odda qurban gətirirdilər. Padşah Yoşiya oranı murdarlayıb lənətlədi. Sonradan bu yer Yerusəlimin zibilxanasına çevrildi, bir növ böyük yandırılma sobasına. Orada həmişə zibil yandırılırdı və tüstü qalxırdı.

Lazımsız hər şeyi oraya atıb məhv edirdilər. Başqa sözlə desək, heç bir fayda gətirməyənləri, həyata heç bir töhfə verməyənləri, həyatı irəli aparmaq əvəzinə ona əngəl olanları, onu yüksəltmək əvəzinə aşağı sürükləyənləri, başqalarını böyük işlərə ruhlandırmaq əvəzinə mane olanları Allahın cəzası gözləyir. Əhdi-Cədid öyrədir ki, faydasızlıq məhvə səbəb olur. Yararsız, başqalarına pis təsir edən, varlığına heç bir şeylə haqq qazandıra bilməyən adam, bütün bu pisliyi həyatından silməsə, onu Allahın cəzası gözləyir.

Amma ola bilsin ki, bu hissəni hər birimizə şəxsən deyil, bütün İmanlı Cəmiyyətinə istinad edilirmiş kimi başa düşmək lazımdır. Matta İsanın bu kəlamını artıq beşinci fəsil otuzuncu ayədə çox fərqli bir kontekstdə istifadə etmişdi. Fərq yalnız ondadır ki, bu hissə uşaqlar, bəlkə də, imanda körpə olanlar haqqındadır. Ola bilsin ki, bu parçanın mənası belədir: «İmanlı Cəmiyyətinə pis təsir göstərən, pis nümunə olan, imanda hələ gənc olanları büdrədən, həyatı və davranışı ilə məbədə zərər verən varsa, kökündən kəsib atmaq lazımdır». Çox güman ki, bu hissənin mənası məhz belədir. İmanlı Cəmiyyəti — Məsihin bədənidir. Bu bədənin sağlam olması və başqalarına sağlamlıq gətirməsi üçün zəhərli infeksiyanın toxumlarını daşıyan hər şeyi aradan qaldırmaq lazımdır.

Aydındır ki, istər insanda, istərsə də İmanlı Cəmiyyətdə nə qədər ağrılı olsa da, günaha sövq edən hər şeyi aradan qaldırmaq lazımdır. Çünki bu toxumların böyüməsinə imkan verənlər cəzalandırılacaqlar. Ola bilsin, bu hissə həm hər bir məsihçinin özünü inkar etməsinin zəruriliyini, həm də İmanlı Cəmiyyətindəki nizam-intizamı vurğulayır.

10

Matta 18:10-cu ayənin şərhinə Matta 18:5-7-də baxın.

11

12-14

ÇOBAN VƏ İTMİŞ QOYUN (Matta 18:12-14)

Bu, İsa Məsihin ən sadə məsəlidir. Çünki itmiş qoyun və axtaran çoban haqqında hekayə çox sadədir. Yəhudeyada qoyun asanlıqla itə bilərdi. Otlaqlar dağ silsiləsi kimi, ölkənin tam ortasında dağlıq ərazidə yerləşirdi. Bu dar yaylaq cəmi bir neçə kilometr enində idi. Heç bir məhdudlaşdırıcı divar və hasar yox idi. Hətta ən yaxşı halda otlaqlar boş idi. Buna görə də qoyunlar ot axtarışında idi. Yaylağın otlaqlarından hər iki tərəfə uzanan dərələrə çıxanda, nə yuxarı, nə də aşağı gedə bilirdi. Beləcə onlar məhv olana qədər çıxılmaz vəziyyətdə qalmalı olurdu.

İsrailli çobanlar sahibsiz və itmiş qoyunları tapmaqda mahir idilər. Onlar qoyunları geri qaytarmaq üçün kilometrlər boyunca ayaq izlərini izləyə, qayalara dırmaşa və uçuruma enə bilərdilər.

İsanın dövründə, adətən, sürülər tək bir nəfərə deyil, bütün kəndə məxsus idi. Buna görə də onların yanında iki-üç çoban olurdu. Elə bu səbəbdən çoban 99 qoyunu tək buraxa bilərdi. Əgər çoban sürünü sahibsiz qoysaydı, qayıdanda daha çox qoyunun itdiyini görərdi. Lakin o, sürünü çoban yoldaşlarına tapşırıb, özü itmiş qoyunları axtarmağa gedərdi. İtmiş qoyunu tapmaq üçün çobanlar həmişə böyük riskə gedirdilər. Belə bir qayda var idi ki, qoyunu diri qaytarmaq mümkün olmayanda, onun öldüyünü sübut etmək üçün heç olmasa dəri və sümükləri gətirilərdi.

Yəqin ki, çobanlar axşam sürünü kəndə qaytaranda, yoldaşlarından birinin hələ də dağ yamaclarında itmiş qoyun axtardığını izah etməli olurdular. Yəqin ki, bu vaxt kənd sakinləri gözlərini dağlara dikib, çobanın gəlməsini gözləyirdilər. Çobanın tapılmış qoyunu çiynində gətirdiyini görəndə, ətrafı sevinc nidaları bürüyürdü. Təsəvvür edin ki, bütün kənd onu necə sevinə-sevinə qarşılayır, itən və tapılan qoyunun hekayəsini dinləmək üçün ətrafına toplaşır. Burada İsanın sevdiyi Allahın məhəbbətinin mənzərəsi canlanır. Bu məsəl sevgi haqqında bizə çox şey söyləyir.

1. Allah hər bir insanı sevir. Doxsan doqquz qoyun bəs etmədi; bir qoyun dağlarda qalmışdı, çoban onu tapıb evə gətirməyənə qədər sakitləşə bilmirdi. Ailə nə qədər böyük olsa da, bütün uşaqlar valideyn üçün eyni dərəcədə əziz və dəyərlidirlər. Valideyn onların heç birini itirmək istəmir. Allah da bizimlə belə rəftar edir.

2. Allahın məhəbbəti səbirlidir. Qoyunların axmaqlığı atalar sözünə çevrilib. Belə təhlükəli vəziyyətlərə düşməkdə günahkar qoyunlardır. İnsanlar isə axmaq adamlara qarşı o qədər dözümsüzdürlər ki, çətin vəziyyətə düşəndə tələsik deyirlər: «Günah özündədir. Bu çuxura özü düşüb. Ağılsızlara rəhm etmək olmaz». Amma Allah belə deyil. Qoyun axmaq ola bilər, lakin çoban onu xilas etmək üçün yenə də riskə gedəcək. İnsanlar da axmaq ola bilərlər, lakin Allah günahına görə özü cavabdeh olan axmağı da sevir.

3. Allahın məhəbbəti axtaran sevgidir. Çoban qoyunun qayıtmasını gözləmədi, onu axtarmağa yollandı. Belə bir Tanrı yəhudilər üçün tamamilə əlçatmaz idi. Yəhudilərə görə, günahkar yalnız dizləri üstə sürünə-sürünə Allahın yanına qayıtsa, bağışlanardı. Amma biz bilirik ki, Allah daha gözəldir. Çünki Allah İsa Məsih simasında yolunu azanları axtarmağa gəlmişdir. Allah gözləmir ki, insanlar özləri geri qayıdacaqlar. O, nəyin bahasına olursa olsun, onları axtarmağa gedir.

  1. Allahın sevgisi — sevindirici sevgidir. Bu, heç bir məzəmməti, narazılığı, nifrəti və sevgidən başqa heç nəyi olmayan sevgidir. Biz tövbə edənlərə açıq şəkildə bildiririk ki, onlar nifrətə layiqdir, artıq heç nəyə yaramır və onlara etibar etmək olmaz. İnsanlar keçmişi və günahları unuda bilmirlər. Allah isə bizim günahlarımızı tamamilə silir. Biz Ona tərəf dönəndə yalnız sevgi ilə qarşılaşırıq.

  2. Allahın məhəbbəti qoruyandır və müdafiə edəndir. Belə sevgi axtarıb tapır və xilas edir. Məhv edən sevgi də var. İnsanı zəif və sentimental edən sevgi də var. Allahın sevgisi isə qoruyur. Belə sevgi insanı xilas edir ki, yoldaşlarına xidmət etsin, itmişi müdrik, zəifi güclü, günahkarı pak, günahın köləsini müqəddəs, sınağa çəkilən qulu isə qalib etsin.

15-18

İNADKARIN AXTARIŞINDA (Matta 18:15-18)

Bu hissə Mattanın müjdəsində şərh edilməsi ən çətin yerlərdən biridir. Çətinliyi ondadır ki, bu hissə həqiqətə uyğun olmayan kimi, yəni İsanın sözləri kimi deyil, daha çox kilsə komitəsinin qərarı kimi səslənir.

Şübhəsiz, buradakı sözlər İsaya aiddir. Əslində, O, belə demişdi: «Əgər kimsə sizə qarşı günah işlətsə, onun səhvini görməsi və bu məsələni aranızda həll etməyiniz üçün əlinizdən gələni əsirgəməyin». Bu isə o deməkdir ki, biz imanlı icmasının başqa bir üzvü ilə şəxsi münasibətlərimizdə uzunmüddətli anlaşılmazlığın yaranmasına imkan verməməliyik.

Tutaq ki, bu, baş verib, onda nə etməliyik? İmanlı bacı-qardaşlarımızla münasibətlərimizi bərpa etmək üçün bu hissədə bir neçə yol göstərilib.

1. Əgər kiminsə bizə qarşı haqsızlıq etdiyini hiss ediriksə, dərhal ona bunu bildirməliyik. Ən pisi odur ki, bu haqsızlığı içimizdə saxlasaq, canımızı incidə və həyatımızı korlaya bilərik. Beləcə bütün diqqətimiz incikliyə yönələcək. Buna görə bu kimi hissləri üzə çıxarmaq lazımdır. İncikliyin mahiyyətinə baxsaq görərik ki, nə qədər əhəmiyyətsiz və bayağıdır.

2. Kiminsə bizi incitdiyini hiss ediriksə, o adama məktub yazmaqdansa, yanına gedib onunla şəxsən danışmalıyıq. Çünki uzaqdan uzağa yazışmaq zərər verir: məktub səhv oxuna və ya səhv başa düşülə bilər. Elə təsir bağışlaya bilər ki, sanki yüksək tonda yazılıb. Halbuki belə deyil. Əgər kiminləsə fikir ayrılığımız varsa, onu həll etməyin yalnız bir yolu var: üz-üzə danışmaq. Üz-üzə danışmaq — məktubun gətirdiyi fikir ayrılığını həll edə bilər.

3. Əgər üzbəüz görüş heç bir nəticə verməzsə, özünüzlə bir müdrik və ya bir neçə müdrik insanı götürərək yenidən cəhd etməlisiniz. Qanunun təkrarı 19:15-də deyilir: «Bir adamı işlədə biləcəyi hər hansı günahda, yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin». Mattanın dediyi də elə budur. Bircə fərq ondadır ki, burada şahidlər adamın səhvini sübut etmək üçün deyil, göstərmək üçün yanına gətirilir. Onlar barışıq prosesini asanlaşdırmalıdır. Adətən, insan ən çox incitdiyi insanlara nifrət edir. Bəlkə də heç bir sözümüz onun fikirlərini dəyişdirə bilməyəcək. Amma məsələ müdrik, mehriban və nəzakətli bir insanın yanında müzakirə edilsə, bütün atmosfer dəyişilə bilər. Onda özümüzü «başqalarının gözü ilə» görmək imkanı əldə edəcəyik. Ravvinlərin belə bir hikmətli məsəli var idi: «Tək mühakimə etmə, çünki tək mühakimə etmək Allaha məxsusdur».

4. Əgər onda da müsbət nəticə əldə olunmasa, biz şəxsi problemlərimizi məsihçi qardaşlığına çatdırmalıyıq. Nəyə görə? Çünki mübahisələri və inciklikləri nə məhkəmədə, nə də allahsız mübahisədə həll etmək olar. Qanuna və məhkəməyə müraciət yalnız əlavə bəlalara səbəb olur. Şəxsi münasibətlər məsihçi duaları, məsihçi sevgisi və məsihçi mühitində düzəlməlidir. Çünki İmanlı Cəmiyyətinin qardaşlığı, həqiqətən, məsihçi qardaşlığıdır. O, hər şeyi məhkəmə təcrübəsi və prosesləri işığında deyil, sevgi işığında mühakimə etməyə çalışır.

5. Burada çətin yerə gəlib çatdıq. Matta deyir ki, əgər bu da kömək etməsə, onda bizə pislik və ya haqsızlıq edən şəxs bütpərəst və ya vergiyığan hesab edilməlidir. İlk baxışdan elə təsir bağışlayır ki, islah olunmaz kimi görünən bu adamı tərk etmək lazımdır. Lakin İsa Məsih belə fikirləşmirdi. O, insanın bağışlanmasına heç bir məhdudiyyət qoymur. Bəs onda nəyi nəzərdə tuturdu?

Biz görürük ki, O, günahkarlar və vergiyığanlar haqqında rəğbətlə danışır, onların keyfiyyətlərini yüksək qiymətləndirir. Ola bilsin ki, İsa Məsih belə deyir: «Əgər siz əlinizdən gələn hər şeyi edib, günahkara hər cür fürsət vermisinizsə, o isə inadından dönmürsə, onu satqın vergiyığan və ya bütpərəstdən fərqləndirməyin. Siz haqlı ola bilərsiniz, amma Mən vergiyığanları və bütpərəstləri ümidsiz günahkar hesab etmirəm. Onların da ürəyi var və bu ürəyə də toxunmaq olar. Onların bir çoxu Matta və Zakkay kimi Mənim ən yaxşı dostuma çevrilə bilər. Hətta bu inadkar insan vergiyığan və ya bütpərəst kimi olsa belə, siz yenə də, Mənim etdiyim kimi, onu imana gətirə bilərsiniz».

Bu, insanı tərk etmək əmri deyil. Bu, ən sərt ürəyə belə toxunan sevgi çağırışıdır. Bu, İsa Məsihin kimsəni ümidsiz hesab etmədiyinə işarə edir.

  1. Sonda bağlamaq və açmaq məsəli gəlir. Bu, çətin anlaşılan ifadədir. Həmin ifadə İmanlı Cəmiyyətinin günahları bağışlayıb-bağışlamayacağını və bununla insanın həm yer üzündə, həm də əbədiyyətdə taleyini həll edə biləcəyini nəzərdə tutmur. Ola bilsin, həmin ifadə bacı-qardaşlarımızla qurduğumuz münasibətin təkcə yer üzündə deyil, həm də əbədiyyətdə etibarlı olduğunu göstərir. Buna görə də biz düzgün və yaxşı münasibətlər qurmalıyıq.

19-20

HÜZURUN GÜCÜ (Matta 18:19-20)

Bu, İsanın mənasını araşdırmalı və başa düşməli olduğumuz sözlərindən biridir. Çünki əks halda, onlar bizim məyusluğumuza səbəb olacaq. İsa Məsih deyir ki, yer üzündə iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, Allah onların istəklərini yerinə yetirəcək.

Biz bu deyimin əsl mənasını görsək, onun dərinliyini dərk edəcəyik.

1. Əvvəla, bu ifadə o deməkdir ki, dua xudbin olmamalıdır və eqoist dualar heç vaxt qəbul oluna bilməz. Biz təkcə öz ehtiyaclarımız və özümüz üçün dua etməməliyik. Hər birimiz icma üzvü olaraq, razılaşaraq dua etməliyik və unutmamalıyıq ki, dünya təkcə bizim üçün deyil, bütövlükdə hamı üçün yaradılıb. Əgər hər duamıza cavab alsaydıq, onda başqasının duasına cavab alması qeyri-mümkün olardı. Çox vaxt şəxsi uğur üçün etdiyimiz dualar istər-istəməz başqasının uğursuzluğuna səbəb olardı. Təsirli dua — xudbinlik elementlərinin olmadığı razılaşdırılmış duadır.

2. Dua xudbin deyilsə, həmişə eşidiləcək. Amma hər yerdə olduğu kimi, burada da duanın şərtlərini xatırlamalıyıq. Duada istədiyimiz cavabı deyil, Allahın ən yaxşı hesab etdiyi cavabı alırıq. Sadəcə insan təbiətimizə, qorxularımıza və şəxsi istəklərimizə görə, dualarımızın çoxunda bəzi imtahanlardan, kədərdən, xəyal qırıqlığından, çətin vəziyyətdən uzaq olmağı diləyirik. Allah isə cavabında bizə çətinliklərdən qaçmaq fürsəti yox, həmişə qələbə bəxş edir. Allah bizə insani vəziyyətdən qaçmaq imkanı vermir. O bizə başa düşə bilmədiklərimizi qəbul etməyi, dözülməz olana Onsuz tab gətirməyi və tamamilə daşıya bilmədiklərimizlə üzləşməyi təmin edir. Buna mükəmməl nümunə — Getsemani bağındakı İsadır. O, Allaha dua etdi ki, Onu qarşıdakı dəhşətli vəziyyətdən xilas etsin. O, bu vəziyyətdən qurtulmadı. Ona bu iztirabla qarşılaşmaq, dözmək və qalib gəlmək üçün güc verildi.

Əgər dualarımız xudbin deyilsə, Allah bizə həmişə cavab verir. Cavab həmişə Onun bildiyi kimidir və gözlədiyimiz kimi olmaya bilər.

3. İsa Məsih daha sonra deyir ki, harada iki və ya üç nəfər Onun adı ilə yığılarsa, O onların arasındadır. Yəhudilərin belə bir atalar sözü var: «İki nəfərin oturub qanunu öyrəndiyi yerdə Allahın izzəti olar». İsanın bu böyük vədini iki cür başa düşmək olar.

a) Biz bunu İmanlı Cəmiyyəti nəzərindən başa düşə bilərik. İsa Məsih böyük yığıncaqda olduğu kimi, kiçik yığıncaqda da iştirak edir. O, izdihamlı məbəddə olduğu kimi, az sayda insanın olduğu Müqəddəs Kitabı öyrənmə qrupunun duasında da iştirak edir. İsa kütlənin və sayın köləsi deyil: O, sayından asılı olmayaraq, imanlıların toplaşdığı hər yerdədir. Çünki O Özünü tamamilə hər insana həsr edir.

b) Biz bunu məişət nəzərindən də başa düşə bilərik. İsanın bu kəlamının ilk təfsirlərindən birinə görə, iki və ya üç nəfər deyiləndə ata, ana və uşaq nəzərdə tutulur. Bu ifadə o deməkdir ki, İsa hər evdə görünməz qonaqdır.

Bəzi adamlar öz yaxşı xüsusiyyətlərini böyük yığıncaqlarda göstərirlər. İsa Məsih üçün böyük yığıncaq iki və ya üç nəfərin Onun adı ilə toplaşdığı yerdir.

21-35

NECƏ BAĞIŞLAMALI (Matta 18:21-35)

Biz Peterin iti dilinə çox şey borcluyuq. O, tez-tez söhbətə müdaxilə edir və İsanın sonsuz təlimlərinin mənbələrini açırdı. Bu hissədə Peter düşünürdü ki, belə bir ifadə işlətməklə o, səxavətli olduğunu göstərir. O, İsadan qardaşını neçə dəfə bağışlamalı olduğunu soruşdu, sonra isə özü öz sualına cavab verərək, yeddi dəfə bağışlamaq lazım olduğunu söylədi.

Belə bir fərziyyə irəli sürmək üçün Peterin müəyyən əsasları var idi. Ravvinlərin belə bir təlimi var idi ki, insan qardaşını üç dəfə bağışlamalıdır. Ravvin Hosiya ben Hanina demişdir: «Kim qonşusundan bağışlanma diləsə, onu üç dəfədən çox etməməlidir». Ravvin Hosiya ben Yəhuda isə demişdi: «Bir adam bir dəfə incitsə, bağışlanır; ikinci dəfə incitsə, bağışlanır; üçüncü dəfə incitsə, bağışlanır, dördüncü dəfə isə bağışlanmayacaq». Bu tezisi təsdiqləmək üçün dəlil olaraq Amos peyğəmbərin kitabında bir ayəyə istinad edilir. Kitabın ilk fəsillərində müxtəlif millətlər Qanuna qarşı üç və dörd dəfə çıxdıqlarına görə lənətlənir (Amos 1:3, 6, 9, 11, 13; 2:1, 4, 6). Buradan belə nəticəyə gəlirik ki, Allahın bağışlaması üç cinayətə şamil edilir. Dördüncü cinayətdə günahkar cəzalandırılır. Elə düşünmək olmaz ki, insan Allahdan daha səxavətli olmalıdır. Buna görə də bağışlanma üç dəfə ilə məhdudlaşır.

Peter fikirləşirdi ki, o, daha səxavətlidir. O, ravvinlərin təlimlərinə əsaslanıb, onları ikiyə vurdu, sonra rəqəmi tamamlamaq üçün biri əlavə etdi və lovğalıqla düşündü ki, yeddi dəfə bağışlamaq kifayət edir. Peter təriflənəcəyini gözləyir, amma İsa cavabında deyir ki, məsihçi üçün bağışlanma sayı mövcud olmamalıdır.

Bundan sonra İsa hökmdarın böyük borcunu bağışladığı bir qul haqqında danışdı. Lakin bu qul ona kiçik məbləğdə borclu olan dostu ilə qəddar rəftar edirdi. Həmin qul amansız davranışına görə məhkum edilir. Bu məsəldə İsanın dəfələrlə vurğuladığı bir neçə dərs var.

1. Birinci dərs budur ki, bağışlanmaq üçün insan özünü bağışlamalıdır. Bu fikir bütün Əhdi-Cədid boyu izlənilir. Qardaşlarını bağışlamayan, Allahın onu bağışlayacağına ümid edə bilməz. İsa Məsih dedi: «Nə bəxtiyardır mərhəmətli olanlar, çünki onlara mərhəmət ediləcək» (Matta 5:7). Şagirdlərinə dua etməyi öyrətdikdən sonra İsa duanın mənasını izah etməyə başladı: «Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz» (Matta 6:14-15). Həvari Yaqubun dediyi kimi, «çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur» (Yaqub 2:13). Səmavi və bəşəri bağışlanma yanaşı gedir.

2. Nə üçün hər şey belə olmalıdır? Bu məsəldə vacib məqam borclar arasındakı fərqdir.

Qulun öz hökmdarına 10 000 talant borcu var idi. Talant ən böyük pul vahidi idi — 3000 şekelə və ya 12.000 dinara bərabər idi. Beləliklə, 10 000 talant 30 000 000 şekelə və ya 120 000 000 dinara bərabər idi. Bu, çox böyük bir borc idi. Bunu təsəvvür etmək belə çətindir. Edom, Yəhudeya və Samariya daxil olmaqla vilayətdən gələn bütün gəlir cəmi 600 talant təşkil edirdi. Hətta zəngin Qalileya vilayətinin bütün gəliri cəmi 300 talantdan ibarət idi. Bu borc padşahın gəlirindən daha çox idi. Həmin borc qula bağışlandı.

Digər qulun qardaşına cəmi 100 dinar borcu var idi. Bu onun öz borcunun təxminən 1/500 000 hissəsi idi.

Borc fərqi böyükdür. Burada əsas fikir odur ki, insanların bizə edə biləcəkləri bizim Allaha qarşı etdiklərimizlə müqayisə oluna bilməz. Əgər Allah Ona olan borcumuzu bizə bağışlayıbsa, biz də başqa insanları bağışlamalıyıq. Bağışlamalı olduğumuz heç bir şey bizə bağışlananla müqayisə oluna bilməz.

Bizə dəyəri ölçüyə gəlməyən günahlar bağışlandı. Çünki insanların günahları Allahın Oğlunun ölümünə səbəb oldu. Belə olan halda, Allahın bizi bağışladığı kimi, biz də başqalarını bağışlamalıyıq. Əks halda, mərhəmətə güvənə bilmərik.

Azərbaycan dilində Müqəddəs Kitab

Ən böyük kimdir?
(Mark 9:33-37,42-48; Luka 9:46-48; 17:1-2)
1 Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?» 2 İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu. 3 O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. 4 Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur. 5 Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər.
6 Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar. 7 İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir! 8 Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. 9 Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.
İtmiş qoyun məsəli
(Luka 15:3-7)
10 Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür. 11 
12 Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi? 13 Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün sevinər. 14 Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.
Qardaş günah işlədəndə
15 Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandın. 16 Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. 17 Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.
18 Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq. 19 Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. 20 Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
İnsafsız qul məsəli
21 O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» 22 İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
23 Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. 24 Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. 25 Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. 26 Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. 27 Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.
28 Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. 29 Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. 30 O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. 31 Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər.
32 Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. 33 Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” 34 Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. 35 Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».