1-9
Burada İsa Məsih Onun dövründə olduğu kimi, indi də aktual olan bir mövzuya toxunur. Boşanma məsələsində yəhudilər arasında fikir birliyi yox idi və fariseylər qəsdən Onu müzakirəyə cəlb etmək istəyirdilər.
Dünyanın ən yüksək nikah standartları yəhudilərə məxsus idi. Nikah onlar üçün müqəddəs vəzifə sayılırdı. Yəhudilərdə iyirmi yaşına çatdıqdan sonra subay qalmaq «törəyin və çoxalın» əmrini pozmaq demək idi. İstisna yalnız o halda ola bilərdi ki, gənc özünü bütünlüklə Qanunun öyrənilməsinə həsr etsin. Yəhudilərə görə, uşağı olmayan insan «öz kökünü kəsmiş olur» və «Allahın yer üzündəki obrazını aşağılayır». Çünki «əgər ər və qadın layiqdirlərsə, Allahın izzəti onlarladır».
Düşünmədən və ehtiyatsızlıqdan nikah bağlamaq olmazdı. İosif Flavi yəhudilərin Musa peyğəmbərin Qanununa əsaslanan nikah təsəvvürlərini belə təsvir edir («Yəhudilərin qədimliyi» 4:8.23):
Kişi nümunəvi ailədən olan qızla evlənməli idi. Heç vaxt başqasının arvadını yoldan çıxarmamalı, qul və ya pozğun qadınla evlənməməli idi. Əgər kişi evlənərkən arvadını bakirə olmamaqda ittiham edirdisə, onda ittihamlarını təsdiqləmək üçün dəlil təqdim etməli idi. Bu zaman atası və qardaşı qızı qorumalı idi. Qız günahsız olduğunu sübut etdiyi halda, ər onu qanuni nikahına almalı, zinadan başqa səbəblə heç vaxt onu boşaya bilməzdi. Bu cür ittihamın yalan və pisniyyətli olduğu sübuta yetirilərdisə, onda kişi qırx qamçı zərbəsi alır və qızın atasına 50 sikkə ödəməli idi. Yox, əgər qızın günahkar olduğu sübuta yetirilər və o, təqsirli bilinərdisə, adi təbəqədən olduğu halda daşqalaq edilməli, kahin qızı olduğu halda isə diri-diri yandırılmalı idi.
Əgər kişi nişanlı qızı onun razılığı ilə yoldan çıxarardısa, onda hər ikisi öldürülməli idi. Əgər kişi qızı səhrada və ya kimsənin ona kömək edə bilməyəcəyi yerdə zorlayardısa, onda yalnız kişi öldürülməli idi. Əgər kişi subay qızı yoldan çıxarardısa, onunla evlənməli idi. Atası qızını ona ərə vermək istəmədiyi halda, kişi ataya əlli sikkə ödəməli idi.
Yəhudilərin nikah və paklıqla bağlı çox yüksək normaları və qanunları vardı. Onlar üçün boşanmaq iyrənc bir iş sayılırdı. Yəhudilər deyirdilər ki, kişi gənc arvadını boşayanda hətta qurbangah belə göz yaşı tökür.
Lakin yəhudilərdə ideal və real vəziyyət bir-birinə uyğun gəlmirdi. İki təhlükəli amil vəziyyəti daha da ağırlaşdırırdı.
Birincisi, yəhudi qanununa görə, qadın heç kim idi. O, atasının və ya ərinin mülkiyyəti sayılırdı. Buna görə də demək olar ki, heç bir hüququ yox idi. Yəhudi nikahlarının əksəriyyətini valideynlər və ya peşəkar vasitəçilər təşkil edirdilər. Qızı hələ uşaq ikən nişanlaya bilərdilər. Nişanlısı isə adətən, heç tanımadığı biri olurdu. Lakin onun bir zəmanəti vardı: on iki yaşı olanda atasının seçdiyi adamı ər kimi qəbul etməkdən imtina edə bilərdi. Boşanma məsələlərində isə bütün qayda və qanunlar üstünlüyü ərə verirdi. Qanunda deyilirdi ki, "arvad öz razılığı ilə və ya razılığı olmadan boşana bilər, lakin ər yalnız öz razılığı ilə boşana bilərdi". Qadın heç vaxt boşanma prosesini başlada, boşana bilməzdi, yalnız əri onu boşamalı idi.
Təbii ki, müəyyən təminatlar var idi. Əgər ər onu əxlaqsızlığına görə boşamayıbsa, onun cehizini qaytarmalı idi. Bu, məsuliyyətsiz boşanmaların sayını azaltmağa yönəlmiş bir addım idi. Məhkəmələr nikah münasibətlərini yerinə yetirməkdən imtina etdiyinə, cinsi zəifliyi olduğuna, ya da ailəsini layiqincə təmin edə bilmədiyinə görə arvadını boşasın deyə kişiyə təzyiq göstərə bilərdi.
Arvad ərinin cüzam kimi arzuolunmaz xəstəliyi olardısa və ya it nəcisi toplamaqla əlaqəli olan dəri dabbağı olsaydı, yaxud ona Müqəddəs Torpağı tərk etməyi təklif etsəydi, onu boşanmağa məcbur edə bilərdi. Amma ümumi götürəndə Qanun qadının hüquqlarının olmadığını, boşanma tələb etmək hüququnun tamamilə ərinə aid olduğunu bildirirdi.
İkincisi, boşanma həddindən artıq sadə proses idi. Bütün proses İsanın istinad etdiyi Musanın Qanunundakı açıqlamaya əsaslanırdı. «Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa, evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər» (Qanunun təkrarı 24:1). Talaq kağızı ərin arvadını buraxdığını bildirən bir cümləlik sadə bəyanat idi. İosif Flavi yazır:
«Arvadını hər hansı səbəbdən boşayan kişi (kişilər arasında belə hallar olur) bir daha ondan arvad kimi istifadə etməyəcəyinə dair yazılı surətdə zəmanət versin. Çünki belə olduqda qadın başqa biri ilə rahat ailə qura bilər».
Belə sadə boşanma proseduruna qarşı yeganə təminat qadının cehizini qaytarmalı olması idi.
Yəhudilərdə boşanmanın ən əsas problemlərindən biri Musa peyğəmbərin Qanunu ilə bağlı idi. Qanunda deyilir ki, kişi arvadı ilə o halda boşana bilər ki «onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə...» Məsələ ondadır ki, ləyaqətsiz bir şey ifadəsini necə başa düşmək olar.
Elə buna görə də yəhudi ravvinlər arasında ciddi fikir ayrılığı yaranmışdı. Onlar İsa Məsihə sual verməklə Onu müzakirəyə cəlb etmək istəmişdilər. Şammay məktəbi iddia edirdi ki, ləyaqətsiz bir şey ifadəsi zina, nikahdankənar əlaqəni nəzərdə tutur və kişi yalnız bu səbəbdən arvadını boşaya bilər. Qadın hətta İzavel kimi itaətsiz və ziyankar olsa belə, nikah əhdini pozmayıbsa onu boşamaq olmazdı. Hillel məktəbi isə əksinə olaraq ləyaqətsiz bir şey ifadəsini geniş mənada şərh edirdi. Hesab edirdi ki, arvad nahar yeməyini pis bişirirsə, səliqəsiz geyinirsə, küçədə başqa kişi ilə danışırsa, ərinin yanında valideynləri haqqında hörmətsizcəsinə danışırsa, səsi qonşudan gələcək qədər davakardırsa, əri onu boşaya bilər. Ravvin Akiba daha da irəli gedərək «onda ləyaqətsiz bir şey tapdığı üçün» ifadəsini belə şərh edirdi: ər daha çox bəyəndiyi və daha gözəl zənn etdiyi qadını tapdığı halda arvadını boşaya bilər.
Faciə də onda idi ki, üstünlük Hillel məktəbinə verilirdi: evlilik bağları möhkəm deyildi və təəssüf ki, ən elementar vəziyyətdə belə boşanmalar adi hala çevrilirdi.
Bu barədə tam təsəvvürə malik olmaq üçün demək lazımdır ki, ravvin qaydalarına görə iki halda boşanma mütləq idi. Birincisi, nikah əhdinin pozulması halında. Nikah sədaqətini pozan qadını mütləq boşamaq lazımdır». İkincisi, sonsuzluq halında boşanma vacib idi. Evliliyin mənası uşaqlarda, nəsillərin yetişməsində sayılırdı. Əgər on illik evlilikdən sonra cütlüyün uşağı olmurdusa, boşanma mütləq idi. Belə olan halda, qadın ikinci dəfə ərə gedə bilərdi, amma bu normalar ikinci nikahda da qüvvədə qalırdı.
Yəhudilərin boşanmaya dair daha iki maraqlı hüquq normaları var idi. Birincisi, ailəni tərk etmək boşanmaq üçün səbəb sayılmırdı. Əgər ailə tərk edilirdisə, həyat yoldaşının öldüyünü sübut etmək lazım idi. Ona da Qanun yalnız bir halda icazə verirdi: əgər bütün digər hallarda yəhudi qanunları iki şahidin olmasını zəruri sayırdısa, cütlüklərdən biri evdən çıxıb geri qayıtmadığı halda bir şahidin olması kifayət edirdi.
İkincisi, nə qədər qəribə səslənsə də, dəlilik boşanmaq üçün səbəb ola bilməzdi. Əgər arvad dəli olsaydı, əri onu boşaya bilməzdi. Çünki boşandıqdan sonra köməksiz vəziyyətdə qalan qadının himayədarı olmazdı. Bu, qadına qarşı şəfqəti əks etdirir. Əgər ər dəli olsaydı, yenə də boşanmaq mümkün deyildi. Çünki ər talaq kağızı yazmaq iqtidarında deyildi. Onun təşəbbüsü ilə tərtib edilən belə bir məktub olmadığına görə boşanmaq olmazdı.
İsa Məsihə verilən sualın arxasında çox ağrılı və qızğın mübahisə dururdu. Onun cavabı hər iki tərəfi təəccübləndirmişdi və bu cavabdan belə bir nəticəyə gəlmək olardı ki, bütün vəziyyəti kökündən dəyişmək lazımdır.
Əslində, fariseylər İsanı həmin müzakirəyə cəlb etmək üçün Ondan boşanma haqqında Şammayın, yoxsa Hillelin fikirlərinə daha çox üstünlük verdiyini soruşdular.
İsa cavabında ilk yaradılışa, yaradılışın başlanğıcına qayıdır. İsa deyir ki, Tanrı başlanğıcda Adəm və Həvvanı kişi və qadın olaraq yaratdı. Adəm və Həvva yaradılış tarixinin müəyyən bir dövründə bir-biri üçün yaradılmışdır, başqa heç kim üçün. Onların birliyi mükəmməl və sarsılmaz idi. İsa deyir ki, bu iki şəxs gələcək bütün nəsillər üçün bir simvol və nümunədir. İlahiyyatçılardan biri bu barədə belə demişdir: «hər bir evli cütlük Adəmlə Həvvanın surəti olduğuna görə, onların bir-biri ilə ittifaqı sarsılmazdır».
İsanın bu arqumenti tamamilə aydındır: Adəmlə Həvvanın nümunəsində boşanmaq nəinki arzuolunmaz və yanlış idi, hətta tamamilə qeyri-mümkün idi. Sadə bir səbəbə görə. Çünki onlarla evlənəcək başqa bir adam yox idi.
Elə buna görə də İsa Məsih bu prinsipi vurğulayır ki, istənilən halda boşanma səhv addımdır. Lakin dərhal o da qeyd olunmalıdır ki, bu, qanun deyil, prinsipdir, prinsip isə tamam başqa şeydir.
Fariseylər burada zəif nöqtə olduğunu düşündülər. Musa peyğəmbər (Qanunun təkrarı 24:1) dedi ki, əgər ər qadında ləyaqətsiz bir şey tapdığı üçün onu bəyənməzsə, onda talaq kağızı yazıb əlinə versin, beləcə nikah pozulmuş sayılacaq. Fariseylərə lazım olan elə bu idi. İndi onlar İsaya deyə bilərdilər: "Bəlkə Sən Musanın səhv etdiyini demək istəyirsən? Bəlkə Sən Musaya verilmiş səmavi qanunu ləğv etmək istəyirsən? Bəlkə Sən qanunverici kimi özünü Musadan üstün tutursan?»
İsa Məsih cavabında onlara deyir ki, Musanın verdiyi Qanun deyil, yalnız güzəştdir. Musa boşanmağı əmr etməyib. O, ən yaxşı halda münasibətləri nizamsızlıq və azğınlıqla təhdid edən vəziyyəti yoluna qoymaq üçün buna icazə verib. Musanın qaydaları yolunu azmış insan üçün yalnız güzəşt demək idi. Yaradılış 2:23-24-də Allahın bizim üçün nəzərdə tutduğu ideal variant var: nikaha girən iki insan elə birləşməlidir ki, bir bədən olsunlar. İsa onlara belə cavab verir: «Musa, həqiqətən, boşanmaya icazə verib. Amma bu, idealın tamamilə itirilməsinə görə güzəşt idi. İdeal nikah Adəmlə Həvvanın sarsılmaz, mükəmməl birliyində idi. Evlilik məhz belə olmalıdır. Allah onun belə olmasını istəyirdi.
Biz indi Əhdi-Cədidin ən real və ən çətin yerlərindən birinə yaxınlaşırıq. İsa nə demək istəyirdi? Çətinlik ondadır ki, Mattanın və Markın Müjdələrində İsanın sözləri fərqli şəkildə ifadə edilir. Mattanın Müjdəsində deyilir: «Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir» (Matta 19:9).
Markın Müjdəsində belə deyilir: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir. Ərindən boşanıb başqasına gedən qadın da zina edir». (Mark 10:11-12).
Lukanın Müjdəsində isə belə deyilir: «Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir» (Luka 16:18).
Burada kiçik anlaşılmazlıq ondan ibarətdir ki, Markın müjdəsində qadının ərindən boşana biləcəyi göstərilir. Halbuki biz yəhudi qanunlarında bunun mümkün olmadığını gördük. Amma burada, ola bilsin, bütpərəstlərin qanunlarına görə qadının ərindən boşanması nəzərdə tutulur. Böyük anlaşılmazlıq isə odur ki, Mark və Lukanın Müjdələrində boşanma qadağası qəti şəkildə qoyulur və bu qadağaya heç bir istisna göstərilmir. Ancaq Mattanın Müjdəsində bir bəndlik belə bir cümlə var: boşanmaya səbəb zinadırsa, icazə verilir. Onda belə aydın olur ki, yəhudi qanunlarında, zina səbəbindən boşanma məcburi idi, elə buna görə də Mark və Luka bunu xatırlatmağı lazım bilməyiblər. Amma o vaxt sonsuzluğa görə də boşanma məcburi idi.
Nəticə etibarilə biz Mattanın Müjdəsində deyilənlərlə Mark və Lukanın Müjdələrində deyilənləri müqayisə etməli olacağıq. Fikrimizcə, Mark və Lukanın Müjdələrində deyilənlərin doğruluğuna heç bir şübhə yoxdur. Bunun iki səbəbi var. Adəmlə Həvvanın simvolik, ideal birliyinə yalnız boşanmanın mütləq qadağası uyğun gəlir. Şagirdlər boşanmanın qəti qadağan edilməsindən danışılanda heyrətlənir. Çünki onlar deyirdilər ki, (19:10) əgər evlilik belə geri dönüşü olmayan məsələdirsə, onda heç evlənməmək daha yaxşıdır. Burada İsanın qanunu deyil, prinsipi izah etdiyinə heç bir şübhə yaranmır. İdeal evlilik — birlikdir. Elə birlik ki, onu pozmaq qeyri-mümkündür. Nikahda Yaradanın idealı əksini tapıb.
İndi isə İsa Məsihin Onun təlimi ilə razılaşanların qarşısında qoyduğu yüksək nikah idealına nəzər salaq. Görəcəyik ki, yəhudi ideal nikahı məsihçi nikahının əsasını təşkil edir. Yəhudilərdə nikah kidduşin adlanırdı. Kidduşin təqdis olunma və ya həsr olunma demək idi. Bu söz Allaha Onun müstəsna və xüsusi xidməti üçün təqdis olunanı ifadə etməkdən ötrü işlədilirdi. Tamamilə Allaha verilən şey kidduşin idi. Bu o deməkdir ki, nikahda ər arvadına, arvad da ərinə həsr olunur. Biri qeyd-şərtsiz digərinə məxsus olur, necə ki, qurbanlıq müstəsna olaraq Allaha məxsus idi. İsa Məsih nikah naminə insan ata və anasını tərk edəcək və arvadı ilə birləşəcək deyərkən bax bunu nəzərdə tuturdu. O, ər və arvad o qədər yaxın olacaq ki, bir bədən adlanacaq deyəndə də bunu nəzərdə tuturdu. Allahın əzəldən buyurduğu ideal nikah planı da məhz bu cür idi (Yaradılış 2:24). Bu ideallığı İsa Məsih bərpa etdi. Bu ideyanın, təbii ki, müəyyən nəticələri var.
Bu birlik o deməkdir ki, nikah təkcə həyatda qalmaq üçün verilmir. Bu, əbədi olaraq verilir. Bu o deməkdir ki, fiziki yaxınlıq evlilikdə son dərəcə vacib amil olsa da, evlilik bununla məhdudlaşmır. Yalnız zəruri fiziki istəkləri təmin etmək məqsədilə bağlanan nikah uğursuzluğa məhkumdur. Evlilik insanların bir işi birlikdə etmələri üçün deyil, hər şeyi birlikdə etmələri üçündür.
Başqa sözlə desək, evlilik iki şəxsin birliyidir. İki insan müxtəlif yollarla birlikdə yaşaya bilər. Ola bilər onlardan biri digərinə o qədər hakim olsun ki, həyatda yalnız onun istəyi, rahatlığı və məqsədi önə çıxsın. Digəri isə tamamilə ona tabe olub yalnız onun istək və ehtiyaclarını ödəsin. Bundan başqa, iki insan davamlı gərginlik və davamlı qarşıdurma, maraqların toqquşması şəraitində birlikdə yaşaya bilər. Birlikdə yaşamaq ardı-arası kəsilməyən mübahisəyə çevrilə bilər. Bu halda, münasibətlər hər ikisi üçün əlverişsiz olan kompromislərə əsaslanır. İnsanlar həm də deyinmədən bir-birini qəbul edərək münasibət qura bilərlər. Bir yerdə yaşasalar da hərəsi öz həyatını yaşayır, öz yolu ilə gedir. Eyni evdə yaşayırlar, amma ümumi evləri var desək, yalan olar.
Təbii ki, bütün bu münasibətlər idealdan çox uzaqdır. İdeal o deməkdir ki, nikahda iki insan öz yarısını tamamlayır.
Evlilik həyatı məhdudlaşdırmamalı, əksinə, onu tamamlamalıdır. O, tərəflərin hər birinin həyatına yeni dolğunluq, yeni məmnunluq və yenə də məmnunluq gətirməlidir. İki nəfərin nikah birliyində biri digərini tamamlayır, hərə öz yarısını tapır. Bu heç də o demək deyil ki, biz hansısa şəkildə bir-birimizə uyğunlaşmamalı, hətta nəyisə qurban verməməliyik. Bu o deməkdir ki, belə münasibətlər tək yaşamaqdan daha dolğun, daha sevincli olur və daha çox məmnunluq gətirir.
Bunu daha sadə belə ifadə etmək olar: evlilikdə hər şey yarıya bölünməlidir. Qızın ürəyini əldə etmək dövründə müəyyən bir təhlükə mövcuddur: həmin dövrdə sevgililər bir-birini yalnız yaxşı tərəfdən görürlər. Bu, bir-birinə məftun olmaq vaxtıdır. Onlar bir-birini yaxşı geyimdə görürlər, fikirləri birgə əyləncəyə və zövqə yönəlir, pul çox vaxt vacib rol oynamır. Nikahda isə cütlük bir-birini yaxşı formada olmayanda, yorğun və əzgin olanda da görməlidir; uşaqlar, şübhəsiz ki, evi töküb-töküşdürəcəklər; pul tükənəcək və ərzaq, qida, geyim və başqa şeylər almaq problemə çevriləcək. Ay işığında romantik günlər və qızılgüllər mətbəxdəki qabyuyana çevrilir, siz ağlayan körpəni sakitləşdirmək üçün dəhliz boyunca addımlamalı olursunuz. Əgər bu iki nəfər həyatın axarına, eləcə də onun cazibəsinə hazır deyilsə, onların evliliyi uğursuzluğa məhkumdur.
Buradan universal dərəcədə etibarlı sayılmasa da, həqiqət payı yüksək olan belə bir nəticə çıxır: nikah, adətən, o halda yaxşı olur ki, bu iki nəfər çoxdan bir-birini tanısın, bir-birinin ətrafına və keçmişinə yaxşı bələd olsun. Evlilik daimi və fasiləsiz bir həyatdır. Kök salmış vərdişlər, şüursuz davranış və tərbiyə üsulları asanlıqla ziddiyyət yarada bilər. İnsanlar sarsılmaz ittifaq qurmağa qərar verməmişdən öncə biri-birilərini nə qədər yaxşı tanısalar, onlar üçün bir o qədər yaxşıdır. Bu, ilk baxışdan sevginin olduğunu və belə bir sevginin, həqiqətən, hər şeyə qalib gələ biləcəyi faktını inkar etmir. Lakin təcrübə göstərir ki, insanlar biri-birilərini nə qədər yaxşı tanısalar, nikahları bir o qədər keyfiyyətli olar.
Bütün bunlar sonda belə bir praktik nəticəyə gətirib çıxarır ki, nikahın əsasında birlik dayanır, birliyin əsasında isə bir-birinə qarşı diqqətli münasibət. Xoşbəxt evlilik üçün cütlüklərdən hər biri özündən çox tərəf müqabilinin qayğısına qalmalıdır. Eqoizm bütün şəxsi münasibətləri öldürür, xüsusilə iki insan nikahda bir-birinə bağlı olduğu halda.
Məşhur ingilis yazıçısı Somerset Moem anası haqqında danışarkən onun gözəl, cazibədar və hamı tərəfindən sevildiyini söyləyir. Atası heç də yaraşıqlı deyilmiş və amma başqa görünən bir neçə cəlbedici keyfiyyətə sahib imiş. Bir dəfə kimsə anasına belə deyir: "Hamı səni sevirsə və istədiyin adamla evlənə bildiyin halda, ərə getdiyin bu çirkin insana necə sadiq qala bilərsən?" Anası isə belə cavab verib: "O, heç vaxt məni incitmir". Məncə, bundan böyük iltifat yoxdur.
Nikahın mənası sadə və asan başadüşüləndir. Bu öz xoşbəxtliyindən çox başqasının xoşbəxtliyini düşünən, xidmət edə bildiyi qədər qürur duyan, anlayış göstərən və buna görə də hər zaman bağışlamağı bacaran sevgidir. Başqa sözlə desək, bu, Məsihin məhəbbətinə bənzəyən məhəbbətdir — özünü unutmaqla tapacağını, özünü itirməklə də dolğunluğunu tapacağını bilir.
10-12
Burada əvvəlcə müzakirə etdiklərimizi dəqiqləşdirməyə qayıdırıq. Şagirdlər İsanın onlar üçün əmr etdiyi ideal nikah haqqında eşidəndə qorxdular. Çox güman, şagirdlərin yadına ravvinlərin məsəlləri düşdü. Onların uğursuz nikahlar haqqında çox məsəlləri var idi. «Kimin ki, zəhlətökən arvadı var, o, cəhənnəmin üzünü heç vaxt görməyəcək». Belə insan cəhənnəmdən azaddır, çünki günahlarının kəffarəsini yer üzündə edib! «Arvadı əmr verən kişinin həyatı həyat deyil». «Pis arvad əri üçün cüzam kimidir. Dərmanı nədir? Qoy arvadını boşasın və cüzamından sağalsın». Hətta belə deyilirdi ki, kişinin arvadı pis olarsa, onun ilahi borcu arvadını boşamaqdır.
Bu cür tərbiyə alan kişilərə İsa Məsihin güzəştsiz tələbi inanılmaz görünürdü. Elə buna görə də onların reaksiyası adi oldu: əgər evlilik özlüyündə belə nəticə verən məcburi münasibətdirsə və boşanma qadağandırsa, onda evlənməmək daha yaxşıdır. Çünki fəlakətli vəziyyətdən çıxış yolu, geri dönüş yoxdur. İsa Məsih bu vəziyyətə iki cür cavab verir.
O, birbaşa deyir ki, hamı bu vəziyyəti qəbul edə bilməz, yalnız ona verilənlər qəbul edə bilər. Başqa sözlə, yalnız məsihçilər məsihçi etikasını qəbul edə bilər. Yalnız İsa Məsihin daimi köməyinə, Müqəddəs Ruhun daimi rəhbərliyinə malik insanlar ideal nikahın tələb etdiyi belə bir şəxsi münasibət yarada bilər. İnsan yalnız İsa Məsihin köməyilə əsl evliliyin tələb etdiyi rəğbəti, anlayışı, bağışlanma ruhunu, diqqətli sevgini təzahür etdirə bilər. Onun köməyi olmadan bunların heç birinə nail olmaq mümkün deyil. Məsihçilikdə ideal nikah ər-arvadın hər ikisinin məsihçi olmasını zəruri edir.
Burada hüdudlarını aşan dərin bir həqiqət var. Biz çox vaxt insanların belə dediyini eşidirik: «Biz Dağüstü Vəzdə deyilənləri qəbul edirik, amma İsanın ilahiliyinə, Onun Dirilməsinə və Dirilmədən sonra daim aramızda olmasına, Müqəddəs Ruha və bu kimi şeylərə niyə şübhə edirik? Biz etiraf edirik ki, O, nəcib bir insan idi və Onun təlimi ən yüksək dəyərə layiqdir. Nə üçün hər şeyi olduğu kimi qoyub, ilahiyyata əhəmiyyət vermədən təlimə uyğun yaşamayasan?» Bu sualın cavabı çox sadədir: İsa Məsihin köməyi olmadan heç kim Onun təlimlərinə uyğun yaşaya bilməz. Əgər İsa Məsih sadəcə qüdrətli və yaxşı insan idisə, hətta insanların ən yaxşısı idisə belə, O bizim üçün əsl nümunədir. Onun təlimi o vaxt keçərli olur ki, insan Məsihin sağ olduğuna və bu təlimin həyata keçməsi üçün aramızda olmasına və bizə kömək etməsinə əmin olsun. Məsihin təlimi Məsihin varlığını tələb edir, əks halda, bu, qeyri-mümkün və ağrılı bir ideala çevrilir. Beləliklə, biz qəbul etməliyik ki, yalnız məsihçilər məsihçi nikahında yaşaya bilərlər.
Həmin hissə xədimlər haqqında qəribə ayə ilə bitir. Xədim — cinsi əlaqədən məhrum olan kişidir. İsa Məsih insanları üç sinfə ayırır. Bəziləri fiziki qüsur səbəbindən cinsi həyata qadir deyillər; digərləri insanlar tərəfindən xədimə çevrilib. Belə adətlər Qərb sivilizasiyasının insanlarına qəribə görünür. Şərqdə padşah saraylarının nökərləri, xüsusən də padşah hərəminin qulluqçuları tez-tez axtalanırdılar. Çox vaxt məbəd kahinləri, məsələn, Efesdəki Diana71 məbədinin kahinləri də axtalanırdılar.
Sonra İsa Məsih Səmavi Padşahlıq naminə özlərini xədim etdirənlər haqqında danışır. Burada İsa Allahın Padşahlığı naminə nikahdan, ailədən və fiziki sevgidən imtina edənləri nəzərdə tutur.
Bu necə baş verə bilər? Bəzən elə olur ki, insan eşitdiyi çağırışla insan sevgisi arasında seçim etməli olur. Belə bir deyim var: «Ən yüksək sürət tək səyahət edərkən olur». İnsan hiss edə bilər ki, xarabalıq bir yerdə o, yalnız tək xidmət bilər, çünki belə şəraitdə onun nə evi, nə də ailəsi ola bilər. Ola bilər, o, missioner kimi özü ilə həyat yoldaşını apara bilməyəcəyi və hətta orada uşaq sahibi ola bilməyəcəyi yerə getməyə çağrıldığını hiss etsin. Hətta elə ola bilər ki, birini sevsin, sonra da sevdiyi adamın ürəyincə olmayan bir tapşırıq alsın. Onda o, sevgisi ilə Məsihin çağırışı arasında seçim etməlidir.
Allaha şükürlər olsun ki, insan belə seçimlə çox vaxt qarşılaşmır. Lakin elə adamlar da var ki, könüllü olaraq iffətə, subaylığa, paklığa, yoxsulluğa, çəkingənliyə həsr olunublar. Adi insan bu yolla getməz, lakin çağırışa tabe olanlar və Məsihin işini görmək naminə təkbaşına yola çıxan adamlar olmasaydı, dünya kasıb olardı.
Bu mövzunun müasir dövrdə boşanma ilə əlaqəsini öyrənmədən yarımçıq saxlamaq düzgün olmazdı.
Əvvəlcədən biz qeyd etmişdik ki, İsa Məsih bu məsələdə qanunu deyil, prinsipi izah edib. İsa Məsihin söylədiklərini qanun kimi təqdim etmək o deməkdir ki, onları düzgün başa düşməmişik. Müqəddəs Kitabda bizə qanunlar deyil, konkret vəziyyətlərdə dua edərək və ağılla qəbul edəcəyimiz prinsiplər verilib.
Şənbə günü haqqında Müqəddəs Kitabda belə deyilir: «Bu gün... heç bir iş görməsin» (Çıxış 20:10). Biz bilirik ki, heç bir sivilizasiyada işi tam dayandırmaq mümkün deyildi. Fermada mal-qaraya baxmaq və bəsləmək, həftənin günündən asılı olmayaraq, inəkləri sağmaq lazımdır. İnkişaf etmiş sənaye cəmiyyətlərində bəzi dövlət xidmətləri işləməlidir. Əks halda, nəqliyyat dayanacaq, su, işıq, istilik olmayacaq. Hər evdə, xüsusilə də uşaqların olduğu yerdə həmişə görüləsi nəsə var.
Prinsip heç vaxt yekun qanun kimi göstərilə bilməz. Prinsiplər həmişə konkret vəziyyətə tətbiq edilməlidir. Buna görə də, boşanma problemini sadəcə İsa Məsihin sözlərindən sitat gətirməklə həll etmək olmaz. Bu prinsipi qarşımıza çıxan hər bir fərdi vəziyyətdə tətbiq etməliyik. Bu mənada bəzi məqamları vurğulaya bilərik.
Şübhəsiz ki, ideal evlilik iki nəfərin sarsılmaz birliyi olmalıdır. Belə nikah yalnız bir aktı yerinə yetirməyə deyil, həyatı hamının məmnun qaldığı bir qardaşlığa çevirməyə, biri digərini tamamlamağa hazır olan iki şəxsin mütləq birliyi kimi bağlanmalıdır. Bu bizi irəli aparan zəruri əsasdır.
Lakin həyat tamamilə rahat və yaxşı təşkil olunmuş bir proses deyil və heç vaxt ola da bilməz. Həyatda gözlənilməz şeylər çox olur. Tutaq ki, iki nəfər evlənir. Onlar bunu ən böyük ümidlərlə, ən yüksək ideallarla edirlər. Sonra deyək ki, gözlənilmədən xoşagəlməz bir hadisə baş verir və insanlara ən böyük sevinc bəxş etməli olan münasibətlər yer üzündə dözülməz cəhənnəmə çevrilir. Tutaq ki, onlar bu vəziyyəti düzəltmək üçün mümkün olan hər kəsi köməyə çağırırlar. Deyək ki, fiziki xəstəliklərin müalicəsi üçün həkimə, ruhi xəstəliklərin müalicəsi üçün psixiatra, bütün ruhi xəstəliklərin aradan qaldırılması üçün keşişə müraciət edirlər. Amma problem həll olunmamış qalır. Fərz edək ki, ər-arvaddan birinin fiziki, əqli və ya mənəvi vəziyyəti nikahı tamamilə dözülməz edir. Elə hesab edək ki, bunu yalnız nikah bağlanandan sonra öyrənmək mümkün olub. Onda bu iki şəxs hər ikisinə bədbəxtlikdən başqa heç nə verməyən evlilikdə qandalda qalacaqmı?
Belə mülahizələrin məsihçiliklə əlaqəsinin olduğunu təsəvvür etmək çox çətindir. İsanın bir qanunşünas kimi iki nəfəri belə vəziyyətə görə qınadığını görmək son dərəcə ağrılı olardı. Bu, heç də boşanmaya adi yanaşmaq demək deyil. Bu, o deməkdir ki, dözülməz, hətta təhlükəli olan belə vəziyyətə dözmək üçün bütün fiziki, əqli və mənəvi imkanlar tükənibsə, onda bu vəziyyətə son qoyulmalıdır. Məbəd isə onları tamamilə ümidsiz hesab etməməli, onlara kömək göstərmək üçün əlindən gələni etməlidir. Görünür, Məsihin Ruhu bu şəraitdə özünü göstərə bilər.
Lakin bu məsələdə biz faciəvi vəziyyətlə qarşılaşırıq. Çox vaxt nikahı pozan şeylərlə qanunun heç bir əlaqəsi olmur. Ehtirasa tutulan, özünə nəzarəti itirən insan nikahı pozur, sonra da bütün həyatı boyu əməlindən utanır və peşman olur. Onun bir daha bunu təkrarlayacağı inandırıcı deyil. Digəri isə xəyanət etməyi ağılından belə keçirmir, cəmiyyətdə yüksək mənəviyyat nümunəsidir, amma gündəlik həyatda qəddarlığı, eqoizmi və ruhani vicdansızlığı ilə həyatı onunla birlikdə yaşayan üçün cəhənnəmə çevirir və bunu tamamilə vicdansızcasına edir.
Nəzərə almaq lazımdır ki, qəzetlərə düşən və nəticəsi gözlə görünən günahlar Allahın nəzərində ən böyük günahlar deyil. Bir çox kişi və qadın ailəsini dağıdır, eyni zamanda cəmiyyətin gözündə qüsursuz, yüksək mənəviyyatını qoruyub saxlayır.
Deməli, biz bu məsələdə qınamaqdan daha çox rəğbət göstərməliyik. Çünki uğursuz evliliyə qanuni standartlarla deyil, sevgi ilə yanaşmaq lazımdır. Bu zaman məlum haqları deyil, insanın qəlbini, ruhunu qorumaq vacibdir. Ancaq nikaha girməzdən əvvəl yaxşı-yaxşı dua etmək, həddindən artıq diqqətli və ehtiyatlı davranmaq lazımdır. Nikahın dağılma təhlükəsi yaranıbsa, onu xilas etmək üçün bütün tibbi, psixoloji və mənəvi resursları səfərbər etmək lazımdır. Yox, əgər düzəlməyəcəksə, onda hər şeyə qanuni nöqteyi-nəzərdən deyil, anlayış və sevgi ilə yanaşmaq vacibdir.
13-15
Demək olar ki, bu, Müjdə tarixinin ən gözəl anıdır. Bütün hekayə yalnız iki ayədən ibarət olsa da, personajların hamısı açıq-aydın görünür.
Analar uşaqlarını gətirdilər.
Təəccüblü deyil ki, onlar İsanın əlini uşaqların üzərinə qoyub dua etməsini istəyirdilər. Çünki onlar bu əlin qüdrətini görmüşdülər; onlar bu əlin toxunuşunun ağrıları necə yüngülləşdirdiyini və xəstələri necə sağaltdığını görmüşdülər; onlar bu əlin kor gözlərin görmə qabiliyyətini bərpa etdiyini görmüşdülər. Ona görə də bu əlin uşaqlarına toxunmasını istəyirdilər. Yalnız bir neçə epizod İsanın həyatının heyrətamiz gözəlliyini belə açıq-aydın göstərir. Uşaqları gətirənlər İsanın, həqiqətən, Kim olduğunu bilmirdilər. Onlar yaxşı bilirdilər ki, İsa ilahiyyatçılar və fariseylər, kahinlər və sadukeylər, ortodoks din rəhbərləri tərəfindən hörmətlə qarşılanmır. Amma bütün bunlara baxmayaraq, Onda heyrətamiz bir gözəllik var.
Yuxarıda haqqında söz açdığımız, məsihçiliyi qəbul edən hindu Premanand anasının sözlərini sitat gətirir. Premanand məsihçiliyi qəbul edəndə ailəsi onu qovmuş və qapıları onun üzünə bağlamışdı Amma bəzən o, gizlicə anasını görməyə gəlirdi. Məsihçilyi qəbul etməsi anasının ürəyini qırmışdı, ancaq oğlunu sevməkdən heç vaxt vaz keçmədi. Anası deyir ki, Premanand bətnində olarkən bir missioner ona Əhdi-Cədid kitabı vermişdi. O, kitabı oxuyub, həmin kitab hələ də ondadır. Anası oğluna deyir ki, oğlunun məsihçi olmasını heç vaxt istəməzdi. Lakin doğulduğu vaxt bəzən onun İsa Məsih kimi bir insan olacağını xəyal edirmiş.
İsa Məsihdə hər kəsin görə biləcəyi bir gözəllik vardı. İsraildəki bu anaların səbəbini anlamasalar da, belə bir İnsanın əllərinin onların övladlarının başına toxunmasının uşaqlarına xeyir-dua verəcəyini hiss etmələri təəccüblü deyildi.
Bu hissədə şagirdlər sərt və kobud kimi təqdim edilir. Əgər bu, doğrudan da belə idisə, deməli, onları belə edən sevgi idi. Çünki onların bir arzusu var idi — İsanı qorumaq.
Şagirdlər İsanın necə yorğun olduğunu görürdülər. Onlar adamları sağaltmağın İsaya nəyin bahasına başa gəldiyini görürdülər. O, şagirdlərə tez-tez Çarmıx haqqında danışırdı. Yəqin ki, onlar İsanın üzündə ürəyinin və ruhunun gərginliyini görürdülər. Şagirdlərin tək istəyi heç kimin İsanı narahat etməməsi idi. Onlar fikirləşirdilər ki, belə bir vaxtda uşaqlar İsaya mane olacaqlar. Buna görə də onların sərt olduğunu düşünmək və qınamaq lazım deyil. Şagirdlər yalnız İsanı Ondan çoxlu güc tələb edən başqa təkidlərdən qorumaq istəyirdilər.
Bax İsa Məsih budur. Bu hekayə Onun haqqında çox şey deyir. O, uşaqların sevdiyi insanlardan biri idi. Bir nəfər deyib ki, qapısında uşaqlar oynamaqdan qorxan adam İsa Məsihin davamçısı ola bilməz. Əgər uşaqlar İsanı sevirdilərsə, demək, O, tərki-dünya deyildi.
Bundan başqa, İsa üçün əhəmiyyətsiz insan yox idi. Bəziləri deyə bilər ki, «uşaqdır, uşağa görə narahat olma». İsa isə heç vaxt belə deyə bilməzdi. Onun üçün heç kim heç vaxt maneə və ya əhəmiyyətsiz biri olmayıb. İsa Ona ehtiyac duyanlara Özündə olanları verməkdən imtina etmək üçün heç vaxt nə çox yorğun və nə də çox məşğul olardı. İsa Məsih əksər məşhur vəzçilərdən və müjdəçilərdən qəribə şəkildə fərqlənirdi. Belə bir məşhurun qəbuluna düşmək, demək olar ki, çox vaxt mümkün olmur. İnsanların onları bezdirməsin və narahat etməsin deyə, belələrinin adamları onlardan uzaq tutan «cangüdənləri» olur. İsa heç də belə deyildi. Onun hüzuruna gedən yol ən təvazökar insana və ən kiçik uşağa belə açıq idi.
Sonuncu personajlar uşaqlardır. İsa onlara dedi ki, onlar Allaha orada olan hər kəsdən daha yaxındırlar. Uşaq sadəliyi, həqiqətən də, Allaha hər şeydən daha yaxındır. Həyatın faciəsi məhz ondadır ki, biz böyüdükcə Ona yaxınlaşmaq əvəzinə, get-gedə Allahdan uzaqlaşırıq.
16-22
Bu, Müjdənin ən məşhur və sevimli hekayələrindən biridir. Bu hekayəni maraqlı edən odur ki, çoxumuz şüursuz şəkildə müxtəlif Müjdələrdən müxtəlif detalları birləşdirərək bütün mənzərəni əldə edirik. Adətən, onu varlı gəncin hekayəsi adlandırırlar. Bütün Müjdələr gəncin zəngin olduğunu söyləyir, çünki hekayənin mahiyyəti bundadır. Yalnız Mattanın Müjdəsində deyilir ki, o, gənc idi (Matta 19:20). Luka isə onun rəhbərlərdən biri olduğunu deyir (Luka 18:18). Maraqlıdır ki, biz tamamilə şüursuz şəkildə özümüz üçün hər üç Müjdənin elementlərindən ibarət mürəkkəb bir obraz yaratmışıq (Matta 19:16-22; Mark 10:17-22; Luka 18:18-23).
Bu hekayədə ən böyük dərslərdən biri verilir. Çünki biz həmin hekayədə imanın nə olduğu barədə doğru və yanlış fikirlərin arasındakı fərqi yaradan əsas fikri görürük.
İsa Məsihə üz tutan şəxs, dediyinə görə, əbədi həyatı axtarırdı. O, xoşbəxtlik, rahatlıq, Allahla sülh axtarışına çıxmışdı. Ancaq verdiyi sual onu ələ verdi. O soruşur: «Mən nə etməliyəm?» Burada o, hansısa əməli, hərəkəti nəzərdə tutur. O, eynilə fariseylər kimi, qaydalara, qanunlara əməl etməyi düşünür. O, Qanuna riayət etməklə Allahla münasibətlərində müsbət tarazlığa nail olacağını zənn edir. Onun rəhm və lütf imanı haqqında heç bir təsəvvürə malik olmadığı açıq-aydın görünür. Buna görə də İsa Məsih onun baxışlarını düzgün istiqamətə yönəltməyə çalışır.
İsa ona öz sözləri ilə cavab verir. Ona əmrlərə əməl etməyi deyir. Gənc oğlan İsanın hansı əmrləri nəzərdə tutduğunu soruşur. Bu zaman İsa ona on əmrdən beşini sadalayır. İsanın dediyi əmrlərlə bağlı iki vacib məqamı qeyd etmək lazımdır.
Birincisi, bunlar Allah qarşısında deyil, insanlar qarşısındakı öhdəliklərimizi nəzərdə tutan onluğun ikinci yarısının əmrləridir. Bunlar şəxsi insani münasibətləri və qardaşlarımıza münasibəti tənzimləyən əmrlərdir.
İkincisi, İsa Məsih əmrləri ardıcıllıqla demir. Axırda o, ata-anaya hörmət etməyi əmr edir, hərçənd ki, bu əmr onluqda əvvəldə gəlir. Açıq-aydın görünür ki, İsa bu əmri xüsusi vurğulamaq istəyir. Nə üçün? Ola bilsin, bu gənc varlanıb karyera qurandan sonra, kasıb olan ata-anasını unudub. Bəlkə də cəmiyyət içinə çıxanda köhnə evdə qalan doğmalarına görə utanıb. Sonra isə İsanın amansızcasına qınadığı qurban prinsipinə istinad edərək, qanuni yolla asanlıqla özünə haqq qazandıra bilir (Matta 15:1-6; Mark. 7:9-13). Bu ayələr göstərir ki, hətta bunu etdikdən sonra, gənc bütün əmrləri yerinə yetirdiyini qanuni şəkildə iddia edə bilər. İsa gənc oğlandan qardaşlarına və valideynlərinə qarşı necə davrandığını, şəxsi münasibətinin necə olduğunu soruşur. Gənc cavab verir ki, əmrləri yerinə yetirir. Buna baxmayaraq, o, daha nəyisə yerinə yetirməli olduğunu bilir. Buna görə də İsa ona deyir ki, var-dövlətini satıb yoxsullara versin və Onun ardınca getsin.
Bu hadisə Əhdi-Cədidə daxil olmayan müjdələrdən birində «Yəhudilərin Müjdəsi»ndə də əksini tapıb. Orada çox dəyərli əlavə məlumat var:
«Varlı adam Ondan soruşur: «Müəllim, əbədi yaşamaq üçün mən yaxşı nə iş görməliyəm?» İsa ona deyir: «Qanunu və peyğəmbərlərin əmrlərini yerinə yetir!» Adam cavab verir: «Mən onları yerinə yetirirəm». İsa Məsih ona belə deyir: «Get bütün varını sat, yoxsullara payla və Mənim ardımca gəl». Bu, varlı adamın xoşuna gəlmir və başını yelləyir. Onda İsa belə deyir: «Sən necə deyə bilərsən ki, qanunu və peyğəmbərlərin əmrlərini yerinə yetirirsən? Qanunda yazılıb ki, «yaxınını özün kimi sev». Budur, bax, sənin qardaşların, İbrahimin oğullarının çoxu cır-cındır içindədir, acından ölür. Sənin evində isə yaxşı şeylər var və bunların heç biri onlara çatmır».
Bütün ayənin açarı məhz budur. Gənc təsdiqləyir ki, Qanuna əməl edir. İlahiyyatçıların nöqteyi-nəzərindən baxanda, ola bilsin ki, o, Qanuna əməl edirdi. Lakin ruhani nöqteyi-nəzərdən bu, doğru deyildi. Çünki o, qardaşlarına qarşı düzgün hərəkət etmirdi. Nəticədə onun davranışı eqoistlik sayılırdı. Buna görə də İsa onu hər şeyini satmağa, yoxsullara və kasıblara verməyə çağırdı. Gənc öz mülkünə o qədər bağlı idi ki, onu var-dövlətindən yalnız cərrahi müdaxilə yolu ilə ayırmaq olardı. Əgər insan var-dövlətin ona yalnız rahatlıq gətirsin deyə verildiyini düşünürsə, onda bu var-dövlət qırılması zəruri olan zəncirlərdir. Əgər insan öz zənginliyini başqalarına kömək etmək üçün vasitə kimi görürsə, onda bu onun tacıdır.
Bu ayədəki böyük həqiqət odur ki, onda əbədi həyatın mənası əksini tapıb. Əbədi həyat — Allahın Özünün yaşadığı həyatdır. Yunan orijinalında əbədi sözü ayonios kimi ifadə edilir. Bu da təkcə əbədi qalmaq mənasını vermir. Bu, Allaha bənzər olmaq, Allaha məxsus olmaq və ya Allahı fərqləndirmək, səciyyələndirmək deməkdir. Allahın böyük cəhəti odur ki, O, çox sevir və məhəbbəti belə səxavətlə verir. Buna görə də, əbədi həyat əmrlərin, qayda-qanunların səylə yerinə yetirilməsi deyil; əbədi həyat qardaşlarımıza qarşı xeyirxah münasibətə və fədakar səxavətə əsaslanır. Əgər əbədi həyatı əldə etmək istəyiriksə, xoşbəxtliyi, sevinci, ruh və qəlb rahatlığını tapmaq istəyiriksə, o zaman Allahla münasibətdə müsbət tarazlığı qanun-qaydalara riayət etməklə deyil, Allahın insanlara olan məhəbbətini və qayğısını təzahür etdirməklə yarada bilərik. Məsihin ardınca getmək Məsihin uğrunda öldüyü insanlara mərhəmət və səxavətlə xidmət etmək deməkdir.
Sonda gənc İsa Məsihin yanından kədərli halda uzaqlaşdı. O ona edilən təklifi qəbul etmədi. Çünki böyük sərvəti var idi. Onun faciəsi onda idi ki, var-dövləti insanlardan, özünü də başqalarından çox sevirdi. Var-dövləti insanlardan, özünü isə başqalarından üstün tutan hər kəs İsa Məsihdən üz döndərir.
23-26
Zəngin gəncin hekayəsi sərvətlə gələn təhlükələrə parlaq, eyni zamanda da dəhşətli bir işıq salır. Qarşımızda böyük sərvəti olduğu üçün böyük yoldan çəkilən bir insan dayanır. İsa bu təhlükəni xüsusilə vurğulayır: «Varlı insanın Allahın Padşahlığına girməsi çətindir».
Çətinlik dərəcəsini göstərmək üçün O, canlı müqayisədən istifadə edir. Zəngin adamın Allahın padşahlığına girməsi dəvənin iynənin gözündən keçməsi qədər çətindir. İsanın çəkdiyi bu misal müxtəlif cür şərh edilib.
Dəvə yəhudilərə məlum olan ən böyük heyvan idi. Deyilənə görə, şəhər divarlarının iki darvazası var idi: bütün nəqliyyatın və bütün ticarətin keçdiyi böyük əsas qapı, yanında isə kiçik, alçaq və dar qapı. Gecələr böyük qapılar bağlanıb mühafizə olunanda, şəhərə ancaq kiçik darvazadan daxil olmaq mümkün idi. O qapıdan hündür adam əyilmədən çətinliklə keçə bilərdi. Deyilənə görə, bu kiçik qapıları bəzən «iynə gözü» adlandırmışlar. Ona görə də belə bir fikir irəli sürülür ki, İsa Məsih varlı adamın Allahın Padşahlığına girməsinin dəvənin bir adamın çətinliklə keçdiyi kiçik darvazadan şəhərə girməsi qədər çətin olduğunu deyir.
Çox güman ki, İsa bu məsəli sözün əsl mənasında çəkir. O, zəngin adamın Allahın Padşahlığına girməsinin dəvənin iynənin gözündən keçməsi qədər çətin olduğunu demək istəyir. Bəs bu çətinlik nədir? Sərvət insanın düşüncəsinə üç cəhətdən təsir göstərir.
Sərvət insana yalançı müstəqillik hissi verir. İnsan dünyanın bütün nemətlərinə sahib olduqda, ona elə gəlir ki, istənilən vəziyyətin öhdəsindən gələ bilər.
Bunun bariz nümunəsini biz Vəhy Kitabında Laodikeya cəmiyyətinə ünvanlanan məktubda görürük. Laodikeya Kiçik Asiyanın ən varlı şəhəri idi. Şəhər zəlzələ nəticəsində dağılıb viran qalmışdı. Eramızın 60-cı ilində Roma hakimiyyəti dağılmış binaların təmiri üçün kömək və böyük məbləğdə borc pul təklif etdi. Laodikeya təklifdən imtina edərək, vəziyyətin təkbaşına öhdəsindən gəlməyə qadir olduğunu bəyan etdi. Roma tarixçisi Tasit yazırdı: «Laodikeya xarabalıqlardan bizim köməyimiz olmadan təkbaşına öz gücünə qalxdı». Ölülərdən dirilən Məsih Laodikeyanın «Mən varlıyam, çox varlanmışam, heç nəyə ehtiyacım yoxdur» dediyini yaxşı eşidir (Vəhy 3:17).
Deyirlər ki, hər kəsin öz qiyməti var. Zəngin adam düşünə bilər ki, hər şeyin bir qiyməti var və istədiyi hər şeyi özü üçün ala bilər; çətin vəziyyətə düşsə, pulla çıxış yolunu əldə edə bilər. Hətta pulla xoşbəxtliyini satın ala biləcəyini və kədərindən qurtulacağını düşünə bilər. Ona görə belə adam zənn edə bilər ki, Allahsız da keçinə və öz həyatını nizamlaya bilər. Amma elə bir vaxt gəlir ki, insan bunun illüziya olduğunu, pulla satın alınması qeyri-mümkün olan şeylərin mövcud olduğunu, pulun onu xilas edə bilmədiyini anlayır.
Sərvət insanı bu dünyaya bağlayır. İsa Məsih dedi: «Xəzinən haradadırsa, ürəyin də orada olacaq» (Matta 6:21). Əgər insanın istəkləri bu dünya ilə məhdudlaşırsa, bütün maraqları bu dünya ilə bağlıdırsa, onda heç vaxt o biri dünyanı, gələcəyi düşünmür. Əgər insanın yer üzündə çox böyük var-dövləti varsa, haradasa cənnətin olduğunu unuda bilər. Dəbdəbəli sarayı və ətrafdakı mülkləri gəzdikdən sonra Samuel Conson72 (1709-1784) belə demişdi: «Bu kimi şeylər insanın ölməsini çətinləşdirir». İnsan dünyəvi şeylərə o qədər aludə olur ki, cənnəti unudur, gözlə görünənə o qədər aludə olur ki, gözlə görünməyənləri unudur. Elə faciə də bundadır. Çünki görünən keçicidir, görünməyən isə əbədidir.
Sərvət, adətən, insanı eqoist edir. İnsan nə qədər çox var-dövlətə sahib olsa da, daha çoxunu istəyir, çünki onun insani təbiəti belədir. Bir dəfə bu barədə belə demişdilər: «Sahib olduğundan bir az artığına malik olmaq adama bəs edir». Bundan əlavə, əgər insanın rahatlığı və dəbdəbəli həyatı varsa, o, həmişə bir gün bütün bunları itirəcəyindən qorxur. Beləcə, bütün bunları qoruyub saxlamaq üçün həyat gərgin və əzablı mübarizəyə çevrilir. Buna görə də insan zənginləşəndə vermək ehtiyacı duymaq əvəzinə, sərvətindən yapışmağa başlayır. O, instinktiv olaraq öz təhlükəsizliyi və rifahı naminə getdikcə daha çox toplamağa çalışır.
Lakin İsa Məsih dedi ki, varlı insanın Allahın Padşahlığına girməsi qeyri-mümkündür. Zakkay Yerixonun ən varlı adamlarından biri idi, buna baxmayaraq, o, gözlənilmədən Allahın Padşahlığına yol tapdı (Luka 19:9). Arimateyalı Yusif zəngin bir adam idi (Matta 27:57). Nikodim də çox zəngin insan idi, çünki o, İsanın cəsədini mumiyalaşdırmaq üçün mirra və aloe qarışığı gətirmişdi (Yəhya 19:39). Bu, heç də o demək deyil ki, var-dövləti olanların heç biri Səmavi Səltənətə girməyəcək. Bu, heç də o demək deyil ki, sərvət günahdır; lakin var-dövlət özlüyündə təhlükə ilə doludur. Məsihçiliyin təməlində güclü ehtiyac hissi var; insanın yer üzündə var-dövləti olanda, Allahı unutmaq təhlükəsi yaranır; insanın ehtiyacı olanda çox vaxt bu ehtiyacı Allahın önünə aparır. Çünki onun üz tutacaq başqa kimsəsi olmur.
27-30
İsa Peterin sualına məzəmmət edə-edə asanlıqla cavab verə bilərdi. Müəyyən mənada bu sual yersiz idi. Kobud dillə desək, Peterin sualı belə səslənirdi: «Sənin ardınca getdiyimizə görə nə alacağıq?» İsa cavab verə bilərdi ki, belə fikirlərlə Onun ardınca gedən hər kəs Onu izləməyin nə demək olduğunu heç anlamır. Amma yenə də bu, tamamilə təbii sual idi. Düzdür, növbəti məsəldə buna görə məzəmmət var, lakin İsa Peteri danlamadı. O, Peterin sualını dinlədi və bu suala əsaslanaraq məsihçi həyatının üç böyük həqiqətini izah etdi.
Həqiqət budur ki, İsa ilə Onun mübarizəsini bölüşən hər kəs Onun qələbəsini Onunla bölüşəcək. Savaş zamanı, savaş başa çatdıqdan sonra çox vaxt insanlar döyüşlərdə iştirak edən və qələbə qazanan sıravi əsgərləri unudurlar. Məmləkəti uğrunda döyüşən insanlar çox vaxt görürdülər ki, bu ölkədə qəhrəmanlar aclıqdan ölür. Amma İsa Məsihlə birlikdə mübarizə aparanları belə bir təhlükə gözləmir. Məsihlə birlikdə döyüşən Onun qələbəsini də Onunla bölüşür; Çarmıxı daşıyan çələngi də taxacaq.
Ədalətlisi odur ki, məsihçi imtina etdiyindən və ya qurban verdiyindən daha çoxunu alacaq; o, yeni maddi nemətlər deyil, bəşəri və səmavi yeni bir birlik alacaq.
İnsan məsihçiliyi qəbul edəndə yeni bir bəşəri birliyə daxil olur. Əgər müəyyən yerdə məsihçi məbədi varsa, onda məsihçinin həmişə dostları olmalıdır. Əgər məsihçi olmaq qərarı onun keçmiş dostlarını itirməsi ilə nəticələnibsə, bu, həm də o deməkdir ki, əvvəlkindən daha geniş dostlar dairəsinə daxil olub. Düzdür, məsihçinin tək qalacağı şəhər və ya kənd, demək olar ki, yoxdur, çünki məbəd olan hər yerdə onun qoşulacağı bir qardaşlıq var. Ola bilsin ki, məsihçi qərib şəhərdə qardaşlığa daxil olmaqdan utansın, ya da yaşadığı yerdəki məbəd ona qollarını və qapılarını açmaq üçün həddindən artıq qapalı olsun. Ancaq məsihçi ideyalarının mövcud olduğu hər yerdə məsihçinin tənha və dostsuz qalması çətindir. Məsihçi olmaq bütün dünyaya yayılan bir qardaşlığa girmək deməkdir.
İnsan məsihçiliyi qəbul edəndə yeni səmavi birliyə daxil olur. O, əbədi həyata sahib olur. Məsihçi hər kəsdən ayrı düşə bilər, amma Allahın İsa Məsihdəki məhəbbətindən heç vaxt ayrıla bilməz.
3. Nəhayət, İsa bəyan edir ki, insanların yekun qiymətləndirməsində sürprizlər olacaq. Allah adamları insan meyarlarına görə mühakimə etmir, çünki Allah insanın qəlbini görür. Yeni dünyada köhnə dünyanın qiymətləndirilməsinə yenidən baxılacaq; əbədiyyətdə zamanın yanlış mühakimələrinə düzəliş ediləcək. Elə ola bilər ki, yer üzündə təvazökar və gözə görünməyən insanlar cənnətdə böyük, bu dünyanın böyükləri isə axirətdə sonuncu olacaqlar.