Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 8-ci fəsil

V. Barklinin şərhləri

8-ci fəsil

1-4

HƏRƏKƏT EDƏN MƏHƏBBƏT

Matta digər müjdəçilərə nisbətən hekayəni daha metodik şəkildə təqdim edir. O, heç vaxt məlumatı səliqəsiz şəkildə nəql etmir. Əgər Mattanın Müjdəsində hadisələr biri-birini ardıcıllıqla izləyirsə, deməli, bunun öz səbəbi var. Bu hissədə də bir səbəb var. 5, 6 və 7-ci fəsillərdə Matta Dağüstü Vəzi göstərir. Başqa sözlə desək, o, bu fəsillərdə İsa Məsihin sözlərini bizə şərh edir. 8-ci fəsildə isə o, İsanın gördüyü işlərdən danışır. 5, 6 və 7-ci fəsillərdə biz sözlərdəki ilahi müdrikliyi görürük. 8-ci fəsildə isə ilahi məhəbbətin fəaliyyətini müşahidə edirik.

8-ci fəsil — möcüzələr fəslidir. Həmin möcüzələrə ətraflı baxmazdan əvvəl, onları ümumi şəkildə nəzərdən keçirək. Bu fəsildə yeddi möcüzəvi hadisə baş verir.

1. Cüzamlının sağalması (8:1-4). Burada İsanın toxunmaq qadağan edilən insana necə toxunduğunu görürük. Cüzamlılar cəmiyyət arasından qovulurdular. Onlara toxunmaq, hətta yaxınlaşmaq qanunu pozmaq demək idi. Biz hər kəsin uzaq qaçdığı bir adam görürük. Lakin İsa Məsih ona Allah sevgisini və şəfqətini göstərir.

2. Yüzbaşının xidmətçisinin sağalması (8:5-13). Yüzbaşı bütpərəst idi. Ona görə də, o, ciddi ortodoks yəhudilərin baxışına görə cəhənnəmdə yanmalı idi.

O, işğalçıların xidmətində dayanırdı. Bu səbəbdən millətçi yəhudilər deyirdilər ki, ona kömək etmək yox, onu öldürmək lazımdır. Bundan başqa, yüzbaşının xidmətçisi qul idi. Qul isə canlı alətdən başqa bir şey deyildi. Burada biz hamının nifrət etdiyi və xor baxdığı insana Allahın məhəbbətinin necə kömək etdiyini görürük.

3. Peterin qayınanasının sağalması (8:14-15). Bu möcüzə İsraildə sadə bir yəhudi ailəsində baş verib. Burada böyük reklam çarxı yox idi. Heyrətə gələn izdiham da yox idi. Yalnız İsa və ailə var idi. Burada biz Allahın sonsuz məhəbbətinin ailəyə Öz gücünü necə təzahür etdirdiyini görürük.

4. İsa Məsihin yanına axşam gətirilən cinə tutulanların və xəstələrin şəfası (8:16-17). Burada Allahın fəaliyyətdə olan məhəbbəti müşahidə olunur. İsanın nəzərində hər kəs diqqətə layiq idi. O Öz vaxtını iş və istirahət vaxtına ayırmırdı. Hər bir insan istənilən vaxt Ona yaxınlaşa, Allahın səxavətli məhəbbətini və köməyini ala bilərdi.

5. İlahiyyatçıların münasibəti (8:18-22). İlk baxışdan bu kiçik hissənin möcüzələr fəslində yerinin olmadığı görünür. Lakin bu, İsanın şəxsiyyətinin aşkara çıxmasıdır. İlahiyyatçının hər şeyi təkzib edib, İsanın ardınca getməyə qərar verməsi möcüzədir. Həmin ilahiyyatçı sanki ilahiyyatçıların qanunlarına «sədaqətini» unutmuşdu. İsa bu ilahiyyatçının həyatını həsr etdiyi hər şeyə qarşı çıxsa da, nədənsə O, İsanı düşmən deyil, özündən üstün olan dost kimi gördü.

Bu, instinktiv reaksiya idi. İlahiyyatçı İsada heç bir insanda görmədiyi nur və əzəmət gördü. Möcüzə baş verdi, ilahiyyatçının ürəyi İsa Məsihə tərəf döndü.

6. Tufanın yatırılması möcüzəsi (8:23-27). Burada biz İsanın insanları udmağa hazır olan dalğaları və dənizi ram etdiyini görürük. Həyat yoldaşının ölümündən sonra Edvard Pyusinin40 dediyi kimi: «Bütün bu müddət ərzində sanki kimsə məni ruhlandırmaq üçün çənəmdən tuturdu». Bu, məyusluq və ruh düşkünlüyü zamanı sülh və rahatlıq gətirən Allahın məhəbbətidir.

7. Qadaralıların diyarında cinə tutulanların şəfası (8:28-34). Qədim dövrlərdə insanlar inanırdılar ki, bütün xəstəliklər cinlərdən və onların təsirindən irəli gəlir. Burada biz cinlərə qalib gələn Allahın qüdrətini görürük. Burada biz yer üzündəki pisliyi aradan qaldıran Allahın əzəmətini və şərin bədxahlığına qarşı duran Allahın məhəbbətini görürük. Burada yaxşılıq və məhəbbət insanları onları təhdid edən ölümdən qoruyur.

ÖLÜ KİMİ DİRİLƏR (Matta 8:1-4)

Qədim dövrlərdə cüzam ən dəhşətli xəstəlik idi. Mütəxəssislərdən biri yazırdı: «Heç bir xəstəlik insanı bu qədər uzun müddət belə dəhşətli vəziyyətə sala bilməz».

Bu xəstəlik dəridə tədricən irinləyən kiçik sızanaqlardan başlayır. Xoralar irinləyir, qaşlar tökülür, gözlər hərəkətsiz qalır, səs telləri zədələnir, səs kobudlaşır, nəfəs xırıldayır. Əllərdən və ayaqlardan daim irin axır. Xəstə yavaş-yavaş xoralı kütləyə çevrilir. Belə cüzam orta hesabla doqquz il davam edir. Sonda psixi pozğunluğa gətirərək komaya və ölümə səbəb olur.

Cüzam bədənin bəzi hissələrində hissiyyatın itməsi ilə başlaya bilər. Sinir sistemi zədələnir, əzələlər boşalır, vətərlər o qədər zəifləyir ki, əllər quş pəncələri kimi olur. Əllər və ayaqlar irinləyir, barmaqlar tədricən qopub düşür, sonra isə bütün qol və ya ayaq qopur. Bu cür cüzam xəstəliyi iyirmi ildən otuz ilə qədər davam edir. Bu, bir növ tədricən ölümdür. İnsan anbaan ölümə yaxınlaşır.

Cüzamlıların fiziki vəziyyəti dəhşətli idi. Lakin bu, hələ hamısı deyil. Qədim tarixçi İosif Flavi cüzamlılara qarşı necə amansız rəftar edildiyini təsvir edir: «Sanki onlar artıq canlı meyitdirlər». İnsanın cüzam xəstəliyinə tutulması müəyyən edilən kimi, o, cəmiyyət içindən qovulurdu. «Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın (Levililər 13.46). Cüzam xəstəliyinə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olurdu. O adam üzünün aşağı hissəsini örtüb «Murdaram! Murdaram!» deyə çığırırdı (Levililər 13:45). Əgər orta əsrlərdə kimsə cüzama tutulurdusa, keşiş əlinə xaç alıb, həmin şəxsi kilsəyə gətirirdi. Orada ölüyə aid xidməti icra edirdi. İnsan nöqteyi-nəzərindən belə adam artıq ölü sayılırdı.

İsanın dövründə İsraildə cüzamlı adamın Yerusəlimə və divarları olan bütün şəhərlərə girişi qadağan edilmişdi. Sinaqoqda cüzamlı adamlar üçün hündürlüyü üç metr, eni iki metr olan kiçik bir otaq ayrılmışdı. Bu otaq Mexitsax adlanırdı. Qanun insanı natəmiz edə biləcək 61 müxtəlif əlaqəni sadalayırdı. İnsan cüzamlı ilə təmasda olanda məruz qaldığı murdarlıq, ölü cəsədə toxunarkən malik olduğu murdarlıqdan sonra ikinci yer tuturdu. Əgər cüzamlı adam başını evə soxardısa, ev damın dirəklərinə qədər natəmiz sayılardı. Qanun hətta cüzamlı insanı küçədə də salamlamağı qadağan etmişdi. Heç kim cüzamlıya dörd qulacdan (1 qulac — 45 sm.) yaxın ola bilməzdi. Külək əsən istiqamətdən cüzamlıya olan məsafə ən azı 100 qulac olmalı idi.

Ravvinlərdən biri cüzamlının keçdiyi küçədən alınan yumurtanı yeməkdən imtina etmişdi. Başqa ravvin cüzamlıların ona yaxınlaşmaması üçün onlara daş atması ilə öyünürdü. Digər ravvinlər uzaqdan cüzamlı görən kimi gizlənir və ya dabanlarına tüpürüb qaçırdılar.

İnsanı qardaşlarından bu qədər ayıra bilən başqa bir xəstəlik yox idi. İsa Məsih məhz bu cür adama toxundu. Əhdi-Cədiddə yəhudilər üçün «İsa əlini uzadıb ona (cüzamlıya) toxundu» ifadəsindən daha dəhşətli bir şey yox idi.

QANUNDAN ÜSTÜN ŞƏFQƏT (Matta 8:1-4 (ardı))

Bu hekayədə cüzamlının iman etməsinə və İsanın cavabına diqqət yetirilməlidir. Cüzamlının iman etməsində üç amili qeyd etmək lazımdır.

1. Cüzamlı adam inamla İsaya yaxınlaşdı. O, İsanın onu pak etmək istəyinə şübhə etmirdi.

Cüzamlı adam heç vaxt ortodoks ilahiyyatçıya və ya ravvinə yaxınlaşmazdı. Çünki yaxşı bilirdi ki, daşqalaq ediləcək. Amma bu adam İsaya yaxınlaşdı. O, tamamilə əmin idi ki, hamının daşla qovacağı insanı İsa qəbul etməyə hazırdır. İsaya yaxınlaşmaq üçün heç kim özünü həddindən artıq natəmiz hiss etməməlidir.

O, İsanın gücünə tamamilə arxayın idi. Cüzam elə bir xəstəlik idi ki, dərmanı yox idi. Bu adam isə əmin idi ki, İsa heç kimin edə bilmədiyi şeyi edə bilər. İsa Məsih yer üzünə gələndən sonra heç kim bədəninin sağalmaz, canının isə bağışlanmaz olduğunu düşünməməlidir.

2. Cüzamlı adam özünü aşağı tutaraq gəldi. O, şəfa tələb etmirdi, yalnız «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» dedi. O, sanki belə dedi: «Bilirəm, nə Sənin üçün, nə də başqaları üçün heç bir əhəmiyyətə malik deyiləm. Onu da bilirəm ki, başqaları məni tərk edib, mənimlə ümumi bir şeylərinin olmasını istəməzlər. Bilirəm ki, Səndən heç nə tələb edə bilmərəm. Amma İlahi mərhəmətinə görə, bəlkə, mənim kimilərə də Öz qüdrətindən bəxş edəsən». Yalnız öz ehtiyacını dərk edən həlim ürək Məsihə üz tutur.

3. Cüzamlı ehtiramla gəldi. Müqəddəs Kitabda deyilir ki, o, İsaya səcdə qılaraq yaxınlaşdı. Yunan dilində bu, proskuneyn felidir. Bu söz yalnız tanrılara sitayiş mənasında işlənir. Həmin söz həmişə insanın duyğularını və tanrı qarşısında davranışını əks etdirir. Cüzamlı heç vaxt heç kimə İsa haqqında nə düşündüyünü və Onu Kim hesab etdiyini deyə bilməzdi. Lakin o bilirdi ki, İsa Məsihin yanında olmaq Allahın hüzurunda olmaqdır. Bütün bunları teoloji və ya fəlsəfi dillə izah etməyin mənası yoxdur. İsa Məsihin hüzurunda olmaq Külli-İxtiyarın məhəbbəti və qüdrətinin hüzurunda olmağa bərabərdir demək kifayətdir.

Cüzamlının məhz belə müraciəti İsa Məsihin reaksiya göstərməsinə səbəb oldu. Birincisi və hər şeydən əvvəl, İsanın reaksiyasında mərhəmət əks olunurdu. Qanun tələb edirdi ki, İsa cüzamlıya toxunmaqdan çəkinsin. Əks halda, cüzamlı Ona iki metrdən çox yaxınlaşsa, O da murdar sayılacaqdı. Məsih nəinki yaxınlaşdı, hətta əlini uzadıb ona toxundu. O dövrün tibbi təcrübəsinə əsasən, İsa dəhşətli yoluxucu xəstəliyə tutula bilərdi. Buna baxmayaraq, İsa əlini uzadıb ona toxundu.

İsa Məsih üçün həyatda yalnız bir vəzifə var idi — kömək etmək vəzifəsi. Yalnız bir qanun var idi — məhəbbət qanunu. Məhəbbət bütün digər normalardan, qanunlardan və nizamnamələrdən üstündür. Məhz bu vəzifə Onu hər cür fiziki riskə getməyə sövq edirdi.

Yaxşı həkim üçün iyrənc xəstəliyə tutulan insan heç də qorxunc görünmür. Çünki xəstə sadəcə tibbi yardıma ehtiyac duyur. Həkimin gözündə yoluxucu xəstəliyə tutulmuş azyaşlı təhlükə deyil, köməyə ehtiyacı olan uşaqdır. Allah da, İsa da məhz belə görürdü. Biz də elə olmalıyıq. Əsl məsihçi qardaşına kömək etmək üçün istənilən qayda-qanunları pozacaq və hər şeyi riskə atacaq.

ƏSL TƏDBİRLİLİK (Matta 8:1-4 (ardı))

Bu şəfa prosesində daha iki məqam qeyd olunmalıdır: İsa bir insana kömək etməkdən ötrü qanunu pozmağa və xəstəliyə yoluxmağa hazır olsa da, məsələyə qeyri-ciddi yanaşmır və tədbirli olmaq tələblərini unutmurdu.

1. O, xəstəyə əmr etdi ki, Onun nə etdiyini heç kimə deməsin. Belə göstəriş İsaya xasdır (Matta 9:30; 12:16; 17:9; Mark 1:34; 5:43; 7:36; 8:26). Nəyə görə İsa susmağı əmr edir? İsrail işğal olunmuş ölkə, yəhudilər isə qürurlu xalq idi. Onlar heç vaxt Allahın seçilmiş xalqı olduqlarını unutmurdular. Onlar Səmavi Xilaskarın gələcəyi günü arzulayırdılar. Amma hər şeydən əvvəl həmin günü hərbi və siyasi qələbə günü kimi xəyal edirdilər. Buna görə də İsrail dünyada ən çox partlayış təhlükəsi olan ölkə idi. O, təlatüm və inqilablar burulğanına bürünmüşdü. Hər dəfə yeni liderlər meydana çıxır, şöhrət qazanırdı, sonra isə onlar güclü Roma imperiyası qarşısında yox olurdu. Əgər həmin cüzamlı gedib, hər yerdə İsanın onun üçün nələr etdiyini danışsaydı, yəhudilər İsanı bacarıqlarına görə özlərinə siyasi və hərbi lider təyin etməyə tələsərdilər.

İsa Məsih əvvəlcə insanları hazırlamalı, onları öyrətməli və təsəvvürlərini dəyişdirməli idi ki, Onun qüdrətinin və hakimiyyətinin gücünün silahda yox, məhəbbətdə olduğunu göstərsin. İnsanlar Onun, həqiqətən, Kim olduğunu, yəni insan həyatını məhv edən deyil, sevən Şəxs olduğunu dərk edənə qədər, O, gizli işləməli idi. İsa Məsih kömək etdiyi insanlara susmağı əmr edirdi ki, insanlar Ondan öz məqsədləri üçün istifadə etməsinlər. Həmin insanlar Onun haqqında, həqiqətən, nə deməli olduqlarını öyrənənə qədər susmalı idilər.

2. İsa cüzamlını kahinin yanına göndərdi ki, lazımi qurbanı təqdim etsin və pak olduğuna dair təsdiqləmə alsın. Yəhudilər cüzama yoluxmaqdan çox qorxurdular. Buna görə də kiminsə qəfildən cüzamdan sağalması ehtimalı üçün nəzərdə tutulmuş xüsusi mərasimlər var idi.

Bu mərasim Levililər 14-cü fəsildə təsvir edilib. Cüzam xəstəsi kahin tərəfindən müayinə olunmalı idi. Kahin iki quş götürməli və onlardan birini axar su üzərində kəsməli idi. Bundan başqa, o, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu41 götürməli, diri quşla birlikdə kəsilən quşun qanına batırmalı, sonra diri quşu azadlığa buraxmalı idi. Həmin vaxt insan çimməli, paltarını yumalı, özünü bütünlüklə qırxmalı idi. Yeddi gündən sonra yenidən müayinə olunmalı idi. Bundan sonra o, saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxmalı idi. Daha sonra o, müəyyən qurbanlar, o cümlədən qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq bir efanın onda üç hissəsi (efa — 40 litr) miqdarında zeytun yağı ilə yoğurulmuş un və bir loq (0,55 litr) zeytun yağı təqdim etməli idi. Kahin təqsir qurbanının qanından bir az götürüb, paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkməli, sonra zeytun yağı ilə həmin yerləri məsh etməli idi. Sonda cüzam xəstəsi yenidən müayinə olunurdu. Əgər həqiqətən xəstə şəfa tapırdısa, ona paklandığı barədə şəhadətnamə verib sərbəst buraxırdılar.

İsa Məsih sağalmış adama bu mərasimdən keçməyi əmr etdi. Bu da bizim üçün örnəkdir. İsa bu adama dedi ki, həmin dövrdə mövcud olan müalicəni inkar etməsin. Əlimizdə olan tibbi və elmi müalicəni inkar edərək heç bir möcüzə görə bilmərik. İnsanlar əlindən gələn hər şeyi etməlidirlər, yalnız onda Allahın qüdrəti bizim səylərimizə kömək edəcək. Əgər insan cəhd etmədən hər şeyi Allahdan gözləsə, möcüzə öz-özünə baş verməyəcək. Möcüzə imanla dolu insanın cəhdlərinin Allahın sonsuz lütfü ilə vəhdətidir.

5-13

XEYİRAH İNSANIN YALVARIŞI (Matta 8:5-13)

Əhdi-Cədiddə bu yüzbaşı haqqında az yazılmasına baxmayaraq, Müjdələrdə o, ən cəlbedici simalardan biridir. Yüzbaşılar, senturionlar42 Roma ordusunun əsasını təşkil edirdi. Roma legionu altı min nəfərdən ibarət idi. Hər legion 100 nəfər olmaqla 60 yerə bölünürdü. Onların da hər birinə bir yüzbaşı rəhbərlik edirdi. Yüzbaşılar Roma ordusunda uzunmüddətli, daimi hərbçilər idi. Onlar alayda nizam-intizama cavabdeh idilər. İstər sülh, istərsə də müharibə dövründə ordunun mənəvi vəziyyəti onların məsuliyyətində idi. Eramızdan əvvəl II-I əsrlərdə yaşamış yunan tarixçisi Polibi Roma ordusunu təsvir edərək yüzbaşını belə xarakterizə edir: «Onlar təkcə təhlükə axtaran cəsur insanlar olmamalıdır, ilk öncə başqalarını idarə edən, möhkəm, təmkinli və etibarlı insanlar olmalıdır. Onlar döyüşə çox da can atmamalıdırlar, əksinə, düşmənin şiddətli hücumu qarşısında öz mövqelərini qorumalı və olduğu yerdə ölməyə hazır olmalıdırlar». Yüzbaşılar Roma ordusunun ən sadiq adamları idi.

Maraqlıdır ki, Əhdi-Cədiddə bütün yüzbaşılar haqqında ehtiramla danışılır. Məsələn: İsa Çarmıxda olanda Onun Allahın Oğlu olduğunu etiraf edən yüzbaşı; Məsihə iman edən ilk bütpərəst Korneli; Paulun Roma vətəndaşı olduğunu öyrənən vaxt onu üsyankar kütlənin qəzəbindən xilas edən yüzbaşı; Yerusəlimdən Qeysəriyyəyə gedəndə yolda yəhudilərin Paulu öldürəcəklərini öyrənən və onların planlarını alt-üst edən yüzbaşı; Yəhudeyada romalı vali Feliksin Paulun müdafiəsini həvalə etdiyi yüzbaşı; Roma səfərində Paulu müşayiət edən, onunla nəzakətli davranan, hətta fırtına nəticəsində gəmi dağılan zaman bütün fəaliyyətlərində ona rəhbərliyini qəbul edən yüzbaşı (Matta 27:54; Həvarilərin İşləri 10:22; 23:17-23; 24:23; 27:43).

Ancaq Kefernahumdakı bu yüzbaşıda qeyri-adi bir şey var idi. O, xidmətçisinə fərqli münasibət bəsləyirdi. Əlbəttə, həmin xidmətçi qul olsa da, yüzbaşı onun xəstəliyinə görə kədərlənmişdi və ona kömək etmək üçün hər şey etməyə hazır idi. Bu isə ağasının öz quluna göstərdiyi adi münasibətdən çox fərqli idi. Roma imperiyasında qulun dəyəri yox idi. Əgər o, xəstələnsə idi, heç kim ona görə narahat olmazdı. Heç kim onun yaşamasına və ya ölməsinə görə narahat deyildi. Qədim yunan filosofu Aristotel bütün mümkün dostluqdan danışaraq yazırdı: «Cansız əşya, hətta at və ya öküz, qula qarşı münasibətdə dostluq və ədalət ola bilməz. Çünki ağa ilə qul arasında ümumi heç nə yoxdur. Alət cansız qul olduğu kimi, qul da canlı alətdir».

Qul əşyadan artıq deyildi. Qulun heç bir qanuni hüququ yox idi. Ağası onunla istədiyi kimi — yaxşı və ya pis rəftar edə bilərdi. Eramızdan əvvəl ikinci əsrdə yaşayan romalı biləndər Qayus Roma hüququnun klassik ekspozisiyası olan «İnstitusiyalar» kitabında yazır: «Qeyd etməliyik ki, qulun həyatı və ölümü üzərində ağanın səlahiyyətə malik olması hamı tərəfindən qəbul edilmiş həqiqətdir». Romalı ensiklopedik yazıçı Varro43 (e.ə. 116-27) «Kənd təsərrüfatı» kitabında kənd təsərrüfatı alətlərini üç sinfə ayırdığı hissədə belə qeyd olunub: aydın danışan, pəltək və lal. «Aydın danışanlar quldur; pəltəklər heyvandır; lallar — arabadır». Qul, heyvan və araba arasındakı yeganə fərq — qulun danışa bilməsidir.

Digər romalı yazıçısı Böyük Katonun44 (e.ə. 234-149) «Əkinçilik haqqında» traktatında yüzbaşının qula olan qeyri-adi münasibətini göstərən bir hissə var. Katon fermanı idarə edən şəxsə tövsiyə edir: «Mal-qaraya bax və hərracı yüksək saxla. Yağ baha olanda, onu sat; artıq taxılı və şərabı sat; istismar edilmiş öküzləri, qüsurlu qoyunları, qoyunların yununu, dərisini, köhnə arabaları, alətləri, yaşlı və xəstə qulları və artıq nə varsa hər şeyi sat». Katon xəstə qulları birbaşa çölə atmağı məsləhət görür. Peter Krisoloq45 belə deyir: «Ağanın quluna nalayiq şəkildə, qəzəblə, istəyərək, öz iradəsinə zidd olaraq, unutqanlıqla, şüurlu və şüursuz etdiyi hər şey — hökm, ədalət və qanundur».

Buradan aydın görünür ki, bu yüzbaşı həmin dövr üçün qeyri-adi bir insan idi. Çünki o, qulunu sevirdi. Ola bilsin, yüzbaşı ilk dəfə İsanın yanına gələndə, onun quluna şəfqəti və məhəbbəti İsaya çox təsir etdi. Məhəbbət həmişə bir çox günahın üstünü örtür. Başqalarının qayğısına qalan insan həmişə İsa Məsihə yaxındır.

İMANI MÜŞAYİƏT EDƏN MƏKTUB (Matta 8:5-13 (ardı))

Bu yüzbaşı təkcə quluna münasibətində qeyri-adi deyildi. O, imanına görə də qeyri-adi insan idi. O istəyirdi ki, İsa Məsihin gücü ona kömək etsin və qulunu sağaltsın. Amma bir problem var idi: o, bütpərəst, İsa isə yəhudi idi. Yəhudi qanunlarına görə, yəhudi bütpərəstlərin evinə gedə bilməzdi. Çünki bütpərəstlərin evi yəhudilər üçün murdar sayılırdı. Mişnada deyilir: «Bütpərəstlərin məskəni murdardır». İsanın dediklərini sual kimi tərcümə etmək olar: «Sən istəyirsən ki, Mən gəlib onu sağaldım?" və ya «Mən gəlib onu sağaldacağam?»

Çox güman ki, İsa məhz bu qadağanı nəzərdə tuturdu. Düzdür, murdarlıq haqqında bu qanun İsanı narahat etmirdi. O, kiminsə evinə gəlməkdən heç vaxt imtina etməzdi. İsa Məsih sadəcə başqalarının imanını sınayırdı. Məhz həmin an yüzbaşının imanı yüksək zirvəyə çatdı. O, əsgər kimi yaxşı bilirdi ki, kiməsə əmr edəndə, həmin əmr dərhal və şərtsiz yerinə yetirilməlidir. Buna görə də o, İsaya cavab verdi: «Ya Rəbb, mənim evimə gəlməyə ehtiyac yoxdur. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz de və bu əmr mütləq yerinə yetiriləcək». Bu, imanın səsi idi. İsa isə imanı Allahın lütfünə yönəldən yeganə məktub hesab edirdi.

Burada İsa məşhur yəhudi inancından istifadə edir. Yəhudilər inanırdılar ki, Məsih gələndə böyük bayram ziyafəti olacaq. Həmin vaxt bütün yəhudilər ziyafətdə yeyib-içəcəklər. Quruda yaşayan heyvanların ən böyüyü begemot, dəniz sakinlərinin ən böyüyü isə livyatan, balina və ya timsah bayram üçün qida olacaq. «...Sən onu istədiyin adama istədiyin vaxt vermək üçün qorudun» (4Ezra 6:52). «Yaradılışın beşinci günü yaratdığım iki nəhəng heyvan — behemot öz yerindən qalxacaq, livyatan sudan çıxacaq. Onları lazımi vaxta qədər saxlayacağam. O zaman onlar bütün insanların qidası olacaq» (2Barux 29:4).

Yəhudilər həmin ziyafəti çox arzulayırdılar. Amma heç vaxt onların ağıllarına gəlmirdi ki, hansısa bütpərəst bu ziyafətdə iştirak edəcək. Onlar elə zənn edirdilər ki, həmin vaxta qədər bütün bütpərəstlər məhv ediləcək. «Çünki Sənə xidmət etmək istəməyən millət ya padşahlıq məhv olacaq, bəli, o millətlər tamamilə yox olacaq» (Yeşaya 60:12). İsa isə deyir ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda ziyafət süfrəsində oturacaq.

Amma bu padşahlığın əsl övladları qaranlıq çölə atılacaq. Bu, daha dəhşətlidir. Oğul — varisdir. Buna görə də Padşahlığın övladı — padşahlığı miras alacaq şəxsdir. Çünki oğul həmişə varisdir. Lakin yəhudilər mirası itirəcəklər. Yəhudilərin dünyagörüşünə görə, «günahkarların mirası qaranlıq çöldür» (Süleymanın məzmurları 15:11). Ravvinlərin belə bir sözü var: «Cəhənnəmdəki günahkarlar zülmətə qərq olacaq». Bəzi bütpərəstlərin Məsihin ziyafətində qonaq kimi oturması, yəhudilərin isə qaranlıq çölə atılması bir yəhudi üçün qeyri-adi və qəbulolunmaz idi. Onlar yerlərini bütpərəstlərlə dəyişməli olacaq, onları fərqli aqibət gözləyəcək.

Yəhudilər dərk etməli idilər ki, Allahın Padşahlığına daxil olmaq hər hansı xalqa mənsub olmağa görə deyil, imana görədir. Yəhudilər inanırdılar ki, onlar seçilmiş xalqdır. Buna görə də onlar Allah üçün dəyərlidirlər. Onlar hesab edirdilər ki, xilas olmaları üçün avtomatik olaraq hakim millətə mənsub olmaları kifayətdir. İsa isə öyrədirdi ki, Allahın Padşahlığında seçilənlər imana malik olanlardır. İsa Məsih heç bir xalqa və ya irqə mənsub deyil. İsa Məsih hansısa irqdən və millətdən asılı olmayaraq, ürəyində iman olan insana məxsusdur.

SƏRHƏDİ OLMAYANLAR ÜÇÜN HƏKİMİYYƏT VƏ GÜC (Matta 8:5-13 (ardı))

Beləliklə, İsa Məsih bir söz dedi və yüzbaşının xidmətçisi o saat sağaldı. Əvvəllər belə hadisələr insanlara heyrətamiz möcüzə kimi görünərdi. Çünki İsanın xəstələrlə təmasda olduğu vaxt xəstələri sağaltdığını təsəvvür etmək o qədər də çətin deyil. Amma müəyyən məsafədə olan, yalnız bir sözü ilə heç tanımadığı və toxunmadığı insanı sağaltması inanılmaz görünə bilər. Burada daha maraqlı bir şey var: hətta elm də dərk etməyə başlayıb ki, hərəkəti müəmmalı, lakin inkar edilə bilməyən qüvvələr mövcuddur.

İnsanlar dəfələrlə adi yollardan fərqli olan bir qüvvə ilə qarşılaşırdılar. Buna aid klassik nümunələrdən biri kimi Emmanuel Svedenborqun46 həyatını göstərmək olar. O, 1759-cu ildə Höteborqda olarkən Stokholmda 500 kilometr məsafədə baş verən yanğını təsvir etmişdi. O, şəhər rəhbərliyinə yanğının nə vaxt və harada başladığını, ev sahibinin adını, alovun nə vaxt söndürüldüyünü izah edən raportu təqdim etdi. Sonrakı araşdırmalar onun dediyi hər şeyi təfərrüatı ilə təsdiqlədi. O, bütün bunları insanlara məlum olmayan şəkildə öyrənmişdi.

Bir insanın başqa bir insana uzaqdan təsir etməsini görürük və buna şübhə etmirik, amma bunun necə baş verdiyini dərk etmirik. Əgər insan ağlı bunu edə bilirsə, onda İsanın ağlı bundan nə qədər artığını etməyə qadirdir. Qəribə olsa da, müasir dünya anlayışı bu möcüzəni çətinləşdirmədi, əksinə, onun dərk edilməsini asanlaşdırdı.

14-15

PETERİN EVİNDƏKİ MÖCÜZƏ (Matta 8:14-15)

Əgər Markın və Mattanın təsvir etdiyi eyni hadisəni müqayisə etsək, bunun şənbə günü, İsanın Kefernahumda sinaqoqdakı vəzindən sonra baş verdiyini görərik. İsa Kefernahumda olanda həmişə Peterin evində qalırdı, çünki İsanın heç vaxt öz evi olmayıb. Peter evli idi. Deyilənlərə görə, arvadı sonradan Müjdə sahəsində onun köməkçisi oldu. İsgəndəriyyəli Klement (Stromatlar 7:6) yazırdı ki, Peter arvadı ilə birlikdə Məsih uğrunda şəhid olublar. İsgəndəriyyəli Klementin dediyinə görə, Peter özü edam olunmazdan əvvəl arvadının edam olunmasının şahidi olmuşdu. «Arvadının ölümə aparıldığını görən Peter uca səslə ona təsəlli verib dedi: «Rəbbi xatırla».

Bu dəfə Peterin qayınanası qızdırmadan əziyyət çəkirdi. İsraildə qızdırmanın üç tipik forması var idi: onlardan biri malta adlanırdı. Bu cür qızdırma adamda zəiflik, anemiya yaradıb arıqladırdı, aylarla davam edir, adamı tükədir və ölümlə nəticələnirdi. Digəri isə insanı tez-tez titrədən qarın yatalağına bənzəyirdi. Çox güman ki, o, tif malyariyasıdır. İordan çayının Qalileya gölünə töküldüyü və çıxdığı yerlərdə ərazi bataqlıq idi. Orada malyariya ağcaqanadları çox olurdu. Buna görə həm Kefernahumda, həm də Tiberiyada malyariya xəstəliyi geniş yayılmışdı. Bu xəstəlik tez-tez sarılıq və qızdırma ilə müşayiət olunurdu. Xəstələrin vəziyyəti dəhşətli və ağır idi. Çox güman ki, Peterin qayınanası da bu malyariyadan əziyyət çəkirdi.

Bu möcüzə bizə İsa və Onun sağaltdığı qadın haqqında çox şey deyir.

1. İsa sinaqoqda cinə tutulmuş adamı sağaltdıqdan sonra gəlmişdi (Mark 1:21-28). Mattanın yazdığına görə, O, evə gedərkən yolda yüzbaşının xidmətçisini sağaltmışdı. Möcüzələr İsaya asan başa gəlmirdi. O, hər dəfə şəfa verəndə Ondan güc çıxırdı. Şübhəsiz ki, O, yorulmuşdu. Yəqin, O, Peterin evinə dincəlmək üçün gəlmişdi. Evə yenicə daxil olmuşdu ki, kömək və şəfa üçün Ona yenidən müraciət etdilər.

Burada heç bir şeyin şöhrətlə və məşhurluqla əlaqəsi yox idi. Burada seyr etməyə və heyran olmağa gələn izdiham da yox idi. Yalnız sadə daxma və qızdırmadan əziyyət çəkən yoxsul bir qadın var idi. Bununla belə, İsa gücünü bu şəraitdə əsirgəmədi.

İsa Məsih nə qədər yorğun olsa da, heç vaxt köməyini əsirgəməzdi. Çünki insanın ehtiyacı Ona heç vaxt narahatlıq gətirmirdi. İsa çöldə Özünü yaxşı, evdə isə pis göstərən insanlardan deyildi. İnsanlara kömək etməkdən ötrü O, heç bir vəziyyəti adi hal kimi qəbul etmirdi. Hər şeyi mükəmməl şəkildə etmək üçün Onun heyran olan tamaşaçıya ehtiyacı yox idi. İstər izdiham içində, istərsə də sadə bir daxmada olsun, O, sevgisini və gücünü ehtiyacı olan hər kəsə verirdi.

2. Amma bu möcüzə bizə sağalmış qadın haqqında daha bir şey deyir. İsa Məsih ona şəfa verən kimi qadın Ona və digər qonaqlara qulluq etməyə başladı. Qadın özünü «xidmət etmək üçün xilas olan» şəxs kimi gördü. İsa qadını sağaltdı. Onun da yeganə istəyi qovuşduğu sağlamlıqdan İsaya və başqalarına faydalı olmaq üçün istifadə etmək idi.

Bəs biz İsanın ənamlarından necə istifadə edirik? Bir dəfə ingilis yazıçısı Oskar Uayld «Dünyada ən yaxşı hekayə» adlı əsərində belə yazırdı: «Məsih ağ düzənlikdən bənövşəyi şəhərə gəldi. O, ilk küçəyə girərkən insanların səs-küyünü eşitdi və pəncərədən sallanan sərxoş bir gənc gördü. «Niyə ömrünü sərxoşluğa sərf edirsən?» deyə İsa soruşdu. «Ya Rəbb,» — gənc dedi: — «Mən cüzamlı idim, Sən məni sağaltdın, başqa nə edə bilərəm?» Bir az irəlidə İsa gənc oğlanın əxlaqsız qadının ardınca getdiyini gördü və dedi: «Niyə ömrünü zina ilə məhv edirsən?» Cavan oğlan cavab verdi: «Ya Rəbb, mən kor idim, Sən məni sağaltdın. Mən başqa nə edə bilərəm?» Nəhayət, şəhərin mərkəzində yerdə sürünərək ağlayan bir qocanı gördü. İsa ondan ağlamağının səbəbini soruşduqda, qoca cavab verdi: «Ya Rəbb, mən ölmüşdüm, Sən məni həyata qaytardın. Bəs ağlamayım, nə edim?»

Bu dəhşətli məsəl insanların Məsihin ənamlarını və Allahın mərhəmətini necə istifadə etməsi haqqındadır. Peterin qayınanası sağalanda öz sağlamlığını İsaya və başqalarına xidmət etməyə həsr etdi. Eynilə biz də Allahın hər bir ənamını belə istifadə etməliyik.

16-17

MÖCÜZƏ ARDINCA MÖCÜZƏ (Matta 8:16-17)

Markın verdiyi məlumatlara əsasən aydın görürük ki, bütün hadisələr şənbə günü baş verir (Mark 1:21-34). Bu, möcüzələrin niyə axşam baş verdiyini izah edir. Şənbə günü bütün işlər qadağan edildiyi kimi, şəfa vermək də qadağan idi. İnsanın vəziyyəti daha da ağır olmasın deyə nəsə etmək olardı, amma onun vəziyyətini yaxşılaşdırmaq olmazdı. Ümumi qayda ondan ibarət idi ki, şənbə günü tibbi yardım yalnız həyatı təhlükədə olanlara göstərilə bilərdi. Bundan əlavə, şənbə günü yük daşımaq qadağan edilmişdi. İki quru əncirin çəkisindən çox olan hər şey yük hesab edilirdi. Beləcə xəstələri bir yerdən digər yerə istər xərəkdə, istər qollarda, istərsə də çiyinlərdə daşımaq olmazdı. Çünki bu, yük daşımaq hesab olunurdu. Rəsmi olaraq şənbə günü səmada iki ulduz görünməsi ilə başa çatırdı. Ona görə ki, həmin dövrdə vaxtı təyin etmək üçün saat yox idi. Elə bu səbəbdən Kefernahum camaatı sağalmaq üçün İsanın yanına gəlməkdən ötrü axşama qədər gözləyirdi.

Bəs, görək, İsa həmin şənbə günü nə etdi? O, sinaqoqda cinə tutulmuş bir adamı sağaltdı. O, yüzbaşının xidmətçisinə şəfa verdi. O, Peterin qayınanasını sağaltdı. Çox güman ki, O, bütün günü vəz edib öyrətdi, Ona qarşı çıxanlarla da qarşılaşdı. Sonra isə axşam oldu. Allah insanlara iş görmək üçün gündüzü, istirahət etmək üçün axşamı verdi. Axşam istirahət vaxtıdır, həmin vaxt iş görülmür. Lakin İsa üçün deyil. İsa dincəlməyə ümid etdiyi vaxtda Onu insani ehtiyaclar əhatə etdi. O da heç bir şikayət etmədən, bütün ehtiyacları fədakarlıqla və Allahın lütfü ilə təmin etdi. Nə qədər ki, insanın bir şeyə ehtiyacı var idi, İsa Məsih üçün istirahət yox idi.

Bu hadisə Mattaya Yeşaya peyğəmbərin bizim xəstəliklərimizi çəkən və dərdlərimizi öz üzərinə götürən Allahın qulu haqqında danışan kəlamını xatırlatdı (Yeşaya 53:4).

Köməyə və şəfaya ehtiyacı olan insanlar varkən, Məsihin davamçısı rahatlıq axtarmamalıdır. Çox maraqlıdır ki, o, başqalarına xidmət edəndə yorğunluğunun azaldığını və əksinə, gücləndiyini hiss edəcək. Hiss edəcək ki, tələblər yarandıqca güc alacaq, özü üçün addım ata bilməyəndə başqaları üçün gedə biləcək.

18-22

BÜTÜN VƏZİYYƏTİ NƏZƏRDƏN KEÇİRMƏK ÇAĞRIŞI (Matta 8:18-22)

İlk baxışdan elə görünə bilər ki, bu hissənin bu fəsildə yeri yoxdur. Bu, möcüzələr haqqında fəsildir. Möcüzələrdən bəhs edən fəsildə bu sözlərin ilk baxışdan yersiz olduğu görünür. Bəs nəyə görə Matta onları burada istifadə edir?

Ehtimallara görə, Matta həmin sözləri burada əzab çəkən Allahın qulu İsaya yönəldiyinə görə yerləşdirib. Matta indicə Yeşaya peyğəmbərin kitabı 53:4-dən sitat gətirdi: «Bizim xəstəliklərimizi O çəkdi, naxoşluqlarımızı Öz üzərinə götürdü» (Matta 8:17). Deyilənlərə görə, Matta bu mənzərə ilə nəzərlərini başını qoymağa yeri olmayan bir insana yönəltmişdir. Bir vaxtlar deyildiyi kimi, «İsanın həyatı kirayəlik axurda başlayıb, kirayə məzarda da bitib». Beləliklə, Matta bu sətirləri ona görə buraya əlavə etdi ki, həm onlar, həm də onlardan əvvəlki ayələr İsanı Allahın əzab çəkən qulu kimi göstərsin.

Çox güman, elə belədir. Amma daha inandırıcısı budur ki, Matta özü bu hadisədə möcüzə gördüyü üçün onu bu fəslə daxil edib. Axı ilahiyyatçılardan biri İsanın ardınca getmək istəyirdi. O, İsanı ən şərəfli adla çağırdı: «Müəllim!» Yunan dilində müəllim sözü didaskalosdur. Yəhudi dilində bu, ravvin kimi tərcümə olunur. Həmin ilahiyyatçı üçün İsa indiyə qədər eşidib gördüyü ən böyük müəllim idi.

Doğrudan da, ilahiyyatçının İsa Məsihi belə adlandırması və Onun ardınca getmək istəməsi möcüzə idi. İsanın ardınca getmək — ilahiyyatçıların qurduğu dinin bütün məhdud qanunlarının məhvi və sonu demək idi. Hansısa ilahiyyatçının İsada gözəl və arzuolunan bir şey görməsi, həqiqətən, möcüzə sayıla bilərdi.

Bir insanın digər insanda yaratdığı təəssürat, doğrudan da, heyrətamiz nəticəyə səbəb ola bilər. Çox vaxt insanlar hansısa görkəmli alimin onlara böyük təsiri olduğuna görə elmlə məşğul olur və əhəmiyyətli uğurlar qazanırlar. Çoxları məsihçiliyə və xidmətə ona görə gəlirlər ki, dahi bir məsihçinin onların həyatında böyük təsiri olmuşdur.

Böyük ingilis aktrisası Edit Evens haqqında belə yazırlar: «Onun əri öləndə o, yanımıza böyük kədər içində gəldi... Bizim kiçik qonaq otağımızda o, bir saata yaxın öz dərdini bölüşdü. Onun dərdi çox böyük idi. Qadın yaşadıqlarını elə təsirli bölüşürdü ki, otaq sanki onun dərdi ilə dolmuşdu».

Burada isə yəhudi ilahiyyatçıya təsir edən İsanın şəxsiyyəti haqqında danışılır. Buna görə insanlara İsa haqqında danışmaq deyil, onları İsa ilə qarşı-qarşıya qoymaq, onlara İsanı göstərmək lazımdır desək, daha məntiqli olar. Qalan hər şeyi İsanın Şəxsiyyəti edəcək.

Amma bu, hələ hamısı deyil. İlahiyyatçı Ona öz münasibətini bildirən kimi İsa cavab verdi ki, tülkülərin də, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur. İsa sanki bu adama belə deyirdi: «Mənim ardımca gəlməzdən əvvəl nə etdiyini düşün. Mənim ardımca gəlməzdən əvvəl hər şeyi götür-qoy elə».

İsaya qısa zamanda hisslərə qapılan, hisslərlə idarə olunan, alovlanan və qısa zamanda da alovu sönən davamçılar lazım deyil. Onun nə etdiyini bilən insanlara ehtiyacı var. O deyir ki, ardınca gələn hər kəs öz Çarmıxını götürsün (Matta 10:38). O deyir ki, şagirdləri həyatda yaranan vəziyyətlərdən daha üstün olmalıdırlar (Luka 14:26). O, var-dövləti yoxsullara paylamağın vacibliyini söyləyir (Matta 19:21). O, həmişə insanlara deyir: «Bəli, ürəyiniz Mənə can atır. Amma ardımca gəlmək üçün lazımi qədər Məni sevirsinizmi?»

Həyatın istənilən sahəsində insanlar faktları yaxşı bilməlidir. Əgər gənc adam oxumaq və çox bilmək istədiyini deyirsə, ondan soruşmalıyıq: «Yaxşı, sən rahatlığını qurban verməyə və hər gün çox çalışmağa hazırsanmı?» Tədqiqatçı ekspedisiya üçün insanları yığmağa başlayanda, adamlar ona çoxlu təklif irəli sürür. Lakin o, romantikləri realistlərdən yaxşı ayıra bilir: «Yaxşı, de, görüm, sən soyuğa, istiyə, bataqlığa, yorğunluğa və həddindən artıq yüklənməyə hazırsan?» Bir gənc idman müəllimi olmaq istəyəndə, məşqçi ondan soruşmalıdır: «Yaxşı, bəs sən özünü inkar etməyə və tərbiyə etməyə hazırsan? Çünki yalnız onda arzuladığın yaxşı nəticəyə və şöhrətə nail ola bilərsən». Düzdür, həvəsi öldürmək lazım deyil. Sadəcə insan faktlarla maariflənmirsə, həvəsi tezliklə sönəcək.

Heç kim İsanın ardınca aldandığına görə getdiyini deyə bilməz. Çünki İsa həddindən artıq dürüst idi. Biz insanları məsihçi həyatının sadə və asan olduğuna inandırmağa çalışsaq, İsaya çox pis xidmət etmiş oluruq. Məsihin yolu — nəfəs kəsən yoldur. Bu yolun sonunda insanı gözləyən izzətlə heç nə müqayisə oluna bilməz. Lakin İsa heç vaxt demədi ki, bu, asan yoldur. İzzətə gedən yol — həmişə Çarmıx yoludur.

İSTİFADƏ EDİLMƏYƏN ANIN FACİƏSİ (Matta 8:18-22 (ardı))

Lakin İsa icazə versəydi, əvvəlcə atasını dəfn etməyə gedən, sonra Onun ardınca gəlmək istəyən başqa bir adam da var idi. İsa ona cavab verdi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İlk baxışdan bu ifadə çox sərt görünə bilər. Bir yəhudi üçün ölən valideyni layiqli dəfn etmək müqəddəs borc sayılırdı. Yaqub öləndə Yusif firondan icazə istədi ki, atasını dəfn etsin: «Atam məni and içdirib demişdi: «Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır». İndi gedib atamı dəfn etmək, sonra qayıtmaq istəyərdim (Yaradılış 50:5). İsanın ilk baxışdan sərt və qeyri-rəsmi görünən ifadəsi üçün bir neçə izahat irəli sürülüb.

1. Belə bir fərziyə var ki, İsanın istifadə etdiyi arami dilindən yunan dilinə tərcümədə səhvə yol verilib. Güman edilir ki, İsa bir adamın atasının dəfnini qəbirqazanların öhdəsinə buraxmalı olduğunu söyləyirmiş. Çünki Yezekel 39:15-də qəribə ifadə var: «İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq». Elə təsəvvür yaranır ki, o vaxt rəsmi qəbirqazanlar var idi. Belə güman olunur ki, İsa burada adama atasının dəfnini rəsmi şəxslərə həvalə edə biləcəyini söyləyir. Amma belə bir izahat doğru görünmür.

2. Belə bir fikir də var ki, bu, həqiqətən də, sərt ifadədir. Bununla İsa aydın şəkildə deyir ki, günaha görə ölü olan cəmiyyət arasında yaşayan həmin insan hətta atasını dəfn etməkdən imtina etmək bahasına belə, o cəmiyyəti tərk etməlidir. Həm də belə bir müqəddəs vəzifə onu Məsihin ardınca getməkdən çəkindirməməlidir. Amma əsl izahat, şübhəsiz, yəhudilərin istifadə etdiyi ifadə ilə bağlıdır: «Mən atamı dəfn etməliyəm». Bu ifadə hələ də şərqdə istifadə olunur.

Suriyada xidmət edən xidmətçi M. Valdmayerin ağıllı və zəngin türklə belə bir söhbəti olub. M. Valdmayer həmin gəncə məsləhət görüb ki, dünyagörüşünü artırmaq üçün Avropanı gəzərək təhsilini başa vursun. Türk ona belə cavab verib: «Mən əvvəlcə atamı dəfn etməliyəm». Xidmətçi gənc adama atasının ölümünə görə başsağlığı verib. Lakin türk izah edib ki, atası sağ-salamatdır. Belə deməklə o, səfərə çıxmazdan öncə valideynləri və qohumları önündə öz borcunu yerinə yetirməli olduğunu söyləyirmiş. Yəni o, atasının ölümünə qədər evini tərk edə bilməz.

Şübhəsiz, həmin insan da İsa ilə danışanda bunu nəzərdə tuturdu. O, belə demək istəyirdi: «Atam dünyasını dəyişəndə və mən azad olanda, Sənin ardınca gələrəm». O, İsa Məsihin ardınca getməyi bir neçə ilə təxirə saldı.

İsa müdrik idi. O, insan təbiətinə yaxşı bələd idi. O bilirdi ki, əgər bu insan indi Onun ardınca getməsə, heç vaxt getməyəcək. Çox vaxt bizdə elə məqamlar olur ki, həvəslə yüksək şeylərə can atırıq, amma onların baş verməsi üçün heç nə etmirik. Buna görə həyatımızda baş verən faciələr çox vaxt istifadə etmədiyimiz məqamlara görə olur. Bizdə hansısa hərəkətə təkan, hansısa zəiflikdən və ya pis vərdişdən əl çəkmək üçün bir istək yaranır. Kiməsə nəsə demək, onun dərdinə şərik olmaq, ona xəbərdarlıq etmək və ya həvəsləndirmək istəyirik, amma fürsəti əldən veririk, istəyimiz yerinə yetirilməmiş qalır, pis vərdiş olduğu kimi qalır, sözü isə söyləyə bilmirik. Hətta yaxşı tərəflərimizdə belə süstlük, durğunluq, müəyyən bir qorxu, müəyyən bir qərarsızlıq və hər şeyi gündən-günə təxirə salmaq vərdişi var. Beləcə çox vaxt bizdə yaranan istək əməldə icra olunmur və reallığa çevrilmir.

İsa Məsih bu adama deyirdi ki: «Sən indi vurnuxduğun bu ölü cəmiyyəti tərk etməli olduğunu hiss edirsən. Sən deyirsən ki, uzun illərdən sonra atan öləndə oranı tərk edəcəksən. İndi oradan çıx, yoxsa heç vaxt çıxa bilməyəcəksən».

Böyük ingilis elmi fantastika yazıçısı Herbert Uells47 öz tərcümeyi-halında həyatındakı belə bir böhranlı məqamdan bəhs edir. O, parça tacirinin şagirdi idi. Ona elə gəlirdi ki, gələcəyi yoxdur, ya da gələcəyi ilə bağlı çox az şansı var. Günlərin bir günü hansısa daxili bir səs ona belə demişdi: «Nə qədər gec deyil, bu işdən uzaqlaş. Nə olur olsun, işi tərk elə». O, gözləmədi və getdi. Ona görə də yazıçı oldu.

Qoy Allah istifadə etmədiyimiz məqamların faciəsindən xilas olmaq üçün bizə də belə qətiyyət versin.

23-27

ONUN HÜZURUNDA RAHATLIQ (Matta 8:23-27)

Müəyyən mənada bu, Qalileya gölü üçün adi bir hal idi. Qalileya gölü çox balacadır. Onun uzunluğu şimaldan cənuba 21 km, eni qərbdən şərqə 12 km-dir. İordan çayındakı vadi yerin səthində dərin yarıq əmələ gətirir. Qalileya gölü dəniz səviyyəsindən 208 metr aşağıda yerləşən bu yarığın bir hissəsidir. Bu da onu isti və münbit iqlimlə təmin edir. Buna baxmayaraq, bu, bəzi təhlükələrin yaranmasına səbəb olur. Gölün qərb tərəfində dərə və yarğanlı təpələr var. Qərb küləyi əsəndə dərə və yarğanlı təpələr bir növ nəhəng qıf rolunu oynayır. Oradakı hava sanki sıxılır və şiddətlə gölə təsir edir. Beləcə sakitlik bir anın içində qəzəbli tufana çevrilir. Qalileya gölündəki fırtınalar qəfil başlaması və gücünə görə qeyri-adidir. İngilis səyyahı V.Q.Tomson Qalileya gölünün sahilindəki təəssüratlarını belə təsvir edir:

«Biz sahildə çadır qurduq və üç gün ərzində dəhşətli küləyə məruz qaldıq. Çadırımızın bütün bağlama iplərini bərkitməli olduq. Külək çadırı havaya sovurmasın deyə bütün ağırlığımızı onun üstünə saldıq. Göl coşurdu. Dalğalar çadırımıza tez-tez elə hücum edirdi ki, sanki ipləri dirəklərindən qoparmaq istəyirdi. Bundan əlavə, burada külək nəinki şiddətli olurdu, həm də yaxşı havada birdən-birə başlaya bilərdi. Bir gün yaxınlıqdakı isti suda üzməyə getdim. Birdən dağlardan elə güclü külək əsdi ki, özümü güc-bəla ilə sahilə çatdırdım».

Qalileyada uzun illər yaşayan digər ingilis bir hadisəni belə təsvir edir:

«Bir qrup turist Tiberiya gölünün sahilində dayanaraq su səthinin hamarlığını və gölün kiçikliyini seyr edirdi. Hər kəs İncildə təsvir olunan fırtına haqqında şübhələrini bildirirdi. Birdən qəfil külək əsdi. İyirmi dəqiqə ərzində göl köpüklə örtülmüş ağ dalğalara büründü. Böyük dalğalar küncdə olan qüllələrə çırpılırdı. Turistlər sahildən təxminən 200 metr aralıda dursalar da, gözlərinə sıçrayan dalğalardan qaçmaq üçün sığınacaq axtarırdılar».

Eyni hadisə İsanın və şagirdlərinin də başına gəlmişdi. Yunan dili çox zəngindir. Fırtına yunan dilində zəlzələ mənasını verən seysmos adlanır. Dalğalar o qədər hündür idi ki, qayıq dalğalarla örtülürdü — kaluptesfay. Bu söz qayığın çuxura düşdüyünü, çuxurun isə dalğalara tutulduğunu ifadə edir. İsa həmin vaxt yatırdı.

Mark 4:1-i oxuyanda görürük ki, İsa Məsih dənizə çıxmazdan əvvəl insanlara müraciət etmək üçün qayıqdan tribuna kimi istifadə edirdi. Təbii ki, O, çox yorulmuşdu. Şagirdlər qorxu içində Onu oyatdılar və tufan səngidi.

FIRTINANIN ORTASINDA SAKİTLİK (Matta 8:23-27 (ardı))

Ancaq bu hekayədə dənizdə fırtınanın sakitləşdirilməsindən daha çox şey var. Əgər İsa Məsih eramızın 28-ci illərində Qalileya gölündə şiddətli tufanı yatırsaydı, bu, doğrudan da, heyrətamiz bir fakt olardı. Amma bunun bizə aidiyyəti olmazdı. Onda bu hadisə XXI əsrdəki insanlarla heç bir əlaqəsi olmayan möcüzə olardı. Əgər bu hekayədə daha böyük bir şey olmasaydı, biz soruşa bilərdik: «Bəs nə üçün O, indi bunu etmir? Nə üçün O icazə verir ki, bu gün Onu sevənlər coşqun dənizdə boğulsunlar? Nəyə görə onları xilas etmir?» Əgər biz bu hekayəyə yalnız fırtınanın yatırılması və pis havanın sakitləşməsi kimi baxsaq, bir çox insanın ürəyini parçalayan problemlər ortaya çıxacaq.

Ancaq bu hekayə daha böyük məna kəsb edir. Bunun mənası İsanın Qalileyada tufanı yatırması deyil, İsanın olduğu hər yerdə fırtınaların sakitləşməsindədir. Bu o deməkdir ki, İsa Məsihin hüzuru ən dəhşətli tufanları yatırır.

Kədərin soyuq və dağıdıcı küləyi əsəndə, İsa Məsihin hüzuru bizə rahatlıq və təsəlli verir. Şiddətli hadisələr baş qaldıranda, İsa Məsihin hüzuru bizə sülh və müdafiə verir. Şübhə qasırğası imanımızı kökündən sarsıtmağa çalışanda, İsa Məsihin hüzurunda biz təhlükəsizlik tapırıq. İsa Məsih bizimlə olanda, insanın qəlbini sarsıdan hər bir tufan səngiyir.

Belə bir gözəl hekayə var. Dağlıq bölgədə yerləşən balaca kənddə bir müəllimə İsanın dənizi necə sakitləşdirməsindən danışırdı. Bir qədər sonra dəhşətli qar fırtınası başladı. Məktəbdə dərs qurtaranda, müəllimə, sözün əsl mənasında, uşaqları fırtınada çiynində daşımalı oldu. Onları böyük təhlükə gözləyirdi. Fırtınanın ortasında müəllimə balaca bir uşağın öz-özünə belə dediyini eşitdi: «Kaş İsa indi burada olaydı». Uşaq hekayənin mahiyyətini düzgün qavramışdı. Deməli, müəllimə yaxşı müəllimə idi. Bu hekayə bizə öyrədir ki, həyatın fırtınaları ruhumuzu sarsıdanda, İsa Məsih həmişə bizimlədir və Onun hüzurunda coşqun tufan sakitləşir.

28-34

CİNLƏRLƏ DOLU DÜNYA (Matta 8:28-34)

Bu hissəni ətraflı araşdırmazdan əvvəl, gəlin Müjdəni öyrənən bütün insanların üzləşdiyi çətinliyi dərk etməyə çalışaq. Müjdələrin müəllifləri bu hadisənin harada baş verdiyinə tam əmin deyildilər. Bu qeyri-müəyyənlik üç Müjdə arasındakı fərqdə əksini tapır. Matta deyir ki, bu hadisə Qadaralıların diyarında baş verib (Matta 8:28), Mark və Luka isə deyirlər ki, o, Gerasalıların diyarında baş verib (Mark 5:1; Luka 8:26). Hətta hər bir Müjdənin müxtəlif nüsxələri arasında da böyük fərq var. Bütün müasir elmi araşdırmalar nəzərə alınaraq, hazırlanmış Müqəddəs Kitabın yenidən işlənmiş ingilis və alman dilli tərcümələrində bu hadisə Mattaya görə Qadaralıların (Radarda), Mark və Lukaya görə isə Gerasalıların diyarında baş verib.

Çətinlik ondan ibarətdir ki, hələ heç kim həmin yerin harada yerləşdiyini dəqiq müəyyən edə bilməyib. Bunun Gerasalıların diyarında baş verməsi ehtimalı azdır. Çünki bizə məlum olan Gerasa Qalileya gölünün cənub-şərqində 60 km məsafədə yerləşir. Əminliklə deyə bilərik ki, İsa Qalileya gölündən bu qədər uzağa getməyib. Çox güman ki, bu Radaradır. Çünki Radara Qalileya gölündən təxminən 10 km uzaqlıqda yerləşən bir şəhərdir. Şəhərin qəbiristanlığının və otlaqlarının şəhərdən bir qədər aralıda olması tamamilə təbiidir. Gerasalıların diyarı, çox güman ki, onun Gerasa ola bilməyəcəyini düşünən üçüncü əsrin İsgəndəriyyə alimi Origen tərəfindən düzəlişə məruz qalıb. Həmçinin o, bu yerin Radara da ola biləcəyinə şübhə edirdi. Amma o, gölün şərq sahilində Gerasa kəndinin olduğunu dəqiq bilirdi. Ona görə belə qənaətə gəlmişdi ki, bu yer Gerasadır. Fərqli nəticələrin yaranmasının səbəbi Müqəddəs Yazıları köçürdənlərin İsraili yaxşı tanımamasıdır. Ona görə də onlar bu hadisənin harada baş verdiyinə əmin deyillər.

Möcüzənin özü bizi yenidən Müjdələrə xas olan cinlər və cinə tutulmuş insanların olması ideyası ilə qarşı-qarşıya qoyur. Qədim dünya, şübhəsiz ki, şər ruhlara inanırdı. Qədimdə yaşayan insanların fikrincə, hava cinlərlə o qədər dolu idi ki, onlardan birini narahat etmədən iynənin ucunu havada çevirmək belə mümkün deyildi. Bəziləri hesab edirdi ki, cinlərin sayı 7,5 milyona çatır, onların 10 mini hər bir insanın sağ və sol çiynindədir. Bu cinlərin hər biri insana necə zərər vurmağa fürsət axtarır. İnsanlar onların natəmiz yerlərdə — qəbirlərdə və təmizlənmək üçün suyun olmadığı yerlərdə yaşadığına inanırdılar. Cinlər fəryadları eşidilə bilən səhralarda yaşayırdı. Elə fərz edilirdi ki, cinlər xüsusilə tək səyyahlar, doğuşa hazır olan qadınlar, yeni evlənənlər, qaranlıqda evdən çıxan uşaqlar, həmçinin, gecə səyahətçiləri üçün təhlükəlidir. Bundan əlavə, güman edilirdi ki, onlar xüsusilə günün istisində, günəş çıxmazdan və qürub etməzdən əvvəl çox təhlükəli olur. Kişi cinsinə aid cinlər şedim, qadın cinsinə aid olanlara isə Lilit adına əsasən lilin deyilirdi. Yəhudilərin təsəvvürlərinə görə, qadın cinsli cinlərin uzun saçları var idi və xüsusilə uşaqlar üçün təhlükəli idi. Buna görə də uşaqların öz qoruyucu mələkləri var idi (Matta 18:10 ilə müqayisə edin).

Cinlərin və şər ruhların mənşəyi haqqında müxtəlif fikirlər var idi. Bəziləri inanırdılar ki, onlar dünya yaranandan bəri mövcud olublar. Digərləri isə hesab edirdilər ki, cinlər ölən pis və zalım insanların ruhlarıdır, ölümdən sonra da öz çirkin əməllərini davam etdirirlər. Lakin çox vaxt onları Yaradılış 6:1-8-də yazılmış qəribə hekayə ilə əlaqələndirirdilər. Süquta uğramış mələklər yer üzərinə enib qadınları aldadırdılar. Beləcə cinlər günahlı əlaqənin bəhrəsi hesab olunurdu.

Bütün xəstəliklər — təkcə epilepsiya və ruhi xəstəliklər deyil, həm də fiziki xəstəliklər cinlərə və şər ruhlara aid edilirdi. Misirlilər inanırdılar ki, insanda 36 orqan var və hər orqanda cin məskunlaşa bilər. Cinlərin insanlara daxil olmaq üçün sevdiyi üsullardan biri — qida vasitəsilə idi.

Bütün bunlar bizə fantastik görünə bilər. Lakin qədim insanlar cinlərin və şər ruhların olduğuna qeyd-şərtsiz inanırdılar. Əgər insan cinə tutulduğunu düşünsə idi, o, cinə tutulmanın bütün əlamətlərini göstərməyə başlayırdı. O özünü daxilində bir cinin olduğuna inandıra bilərdi. Eynilə bu gün də insan özünü inandıra bilər ki, o, xəstədir, ya da onun harasısa ağrıyır. Xurafat dediyimiz şeylərin çox olduğu və insan biliyinin indikindən qat-qat az olduğu bir dövrdə buna inanmaq daha asan idi.

Cinlər deyilən məxluq yoxdursa belə, insanın sağalması üçün ən azından cinlərin real olduğunu düşünmək lazım gəlirdi.

CİNLƏRİN QOVULMASI (Matta 8:28-34 (ardı))

İsa Məsih gölün o biri tərəfinə keçəndə Onu qəbiristanlıqda yaşayan cinə tutulmuş iki insan qarşıladı. Çünki cinlər məhz orada yaşayırdı. Bu iki adam o qədər azğınlaşmışdı ki, yoldan keçənlər üçün təhlükə yaradırdı. Ağıllı səyyah onlardan uzaq durardı.

V.M.Tomson «Torpaq və kitab» kitabında yazır ki, on doqquzuncu əsrdə o, Qadarada qəbiristanlıqda yaşayan bu iki insana bənzəyən adamları görüb.

«Bizim dövrümüzdə də buna oxşar hallar var — dağları gəzib mağaralarda və qəbiristanlıqda yaşayan təhlükəli manyaklar hələ də mövcuddur. Onların tutmaları baş verəndə, özünü idarə edə bilmir və çox güclü olurlar... Belə xəstələr paltar geyinməkdən imtina edirlər. Mən tez-tez onları Beyrut və Sidonun izdihamlı küçələrində çılpaq görmüşəm. Elə hallar da olur ki, xəstələr vəhşicəsinə ora-bura qaçaraq ətrafdakıları qorxudurlar».

İsa Məsih onlarla danışmaq üçün qeyri-adi cəsarət göstərdi. Bu hekayənin təfərrüatlarını öyrənmək üçün Markın Müjdəsinə müraciət etmək lazımdır. Markın nəqli (Mark 5:1-19) daha genişdir. Matta isə qısa xülasə verir. Bu möcüzədən bəhs edən hekayə donuz sürüsünün məhvi ilə nəticələnən çoxlu mübahisələrə və müzakirələrə səbəb olub. Çoxları bu hadisəni qəribə, heyvanların sürüsünü məhv edən İsanın hərəkətini isə rəhmsiz hesab edirdi.

Amma insan canının dəyərini donuz sürüsü ilə müqayisə etmək düzgün olmaz. Çünki heç kim səhər yeməyində vetçina, naharda isə donuz əti yeməkdən imtina etmir. Donuzlara olan şəfqətimiz onları yeməkdən imtina etməkdən üstün deyil. İsa Məsihin donuz sürüsünün ölümü bahasına iki nəfərin canını xilas etməsinə görə şikayət etməyə dəyərmi? Düzdür, bu o demək deyil ki, biz heyvanlara qarşı qəddar rəftarı dəstəkləyir və ya buna göz yumuruq. Sadəcə həyatda həmişə nisbət və nisbi dəyər hissi arasındakı tarazlığı qorumaq lazımdır.

Bu hadisənin ən faciəli tərəfi onun sonudur. Donuz otaranlar şəhərə qaçıb baş verənləri danışdılar, nəticədə şəhərin əhalisi İsadan xahiş etdi ki, oranı dərhal tərk etsin.

Budur — insan eqoizmi: həmin insanları iki insanın canı maraqlandırmır və narahat etmir. Onları narahat edən yalnız donuzların məhv olması idi. İnsanlar tez-tez belə deyirlər: «Əgər mənim rahatlığıma və xeyrimə faydası yoxdursa, başqalarının başına gələnlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur». Qadara diyarının sakinlərinin daşürəkliliyinə və rəhmsizliliyinə yalnız heyrətlənmək olardı. Lakin başqalarına kömək etmək bizdən bəzi imtiyazlardan imtina etməyi tələb edirsə, biz qəzəblənməməliyik.

Azərbaycan dilində Müqəddəs Kitab

İsa bir cüzamlıya şəfa verir
(Mark 1:40-45; Luka 5:12-16)
1 İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2 Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3 İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4 İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».
Yüzbaşının imanı
(Luka 7:1-10)
5 İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6 «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7 İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8 Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9 Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10 Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11 Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12 Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13 Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.
İsa çox adama şəfa verir
(Mark 1:29-34; Luka 4:38-41)
14 İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15 İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı.
16 Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi:
«Bizim xəstəliklərimizi O çəkdi,
Naxoşluqlarımızı Öz üzərinə götürdü».
İsanın şagirdi olmaq nə deməkdir
(Luka 9:57-62)
18 İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19 Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».
21 Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22 İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin».
İsa tufanı yatırır
(Mark 4:35-41; Luka 8:22-25)
23 İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24 Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26 İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27 Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»
Cinə tutulmuş iki nəfər sağaldılır
(Mark 5:1-20; Luka 8:26-39)
28 İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29 Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30 Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31 Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32 İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33 Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34 Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.