Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 7-ci fəsil

V. Barklinin şərhləri

7-ci fəsil

1-5

MÜHAKİMƏNİN YANLIŞLIĞI (Matta 7:1-5)

İsa Məsih bunları deyəndə yəhudilərin ən yüksək fikirlərindən və ideyalarından istifadə edirdi. Ravvinlər insanları başqalarını mühakimə etməkdən dəfələrlə çəkindirirdilər. Onlar belə deyirdilər: «Kim qonşusunu iltifatla mühakimə edirsə, Allah da onu iltifatla mühakimə edəcək». Onlar bildirirdilər ki, insana bu dünyada etibar və axirətdə fayda gətirən altı yaxşı əməl var: təlim vermək, xəstələri ziyarət etmək, qonaqpərvərlik göstərmək, daim duada qalmaq, uşaqlara Tanrının qanunlarını öyrətmək və başqaları haqqında yaxşı fikirdə olmaq. Yəhudilər bilirdilər ki, mühakiməni həlimcəsinə etmək — hər kəsin müqəddəs borcudur.

İlk baxışdan elə görünür ki, bu əmri icra etmək asandır. Çünki tarix, sözün həqiqi mənasında, yanlış mühakiməyə yol verilən hadisələrlə zəngindir. Onların sayı o qədər çoxdur ki, insanlara başqalarını mühakimə etməyin qətiyyən yolverilməz olduğunu göstərir.

Moskva konservatoriyasının direktoru, dirijor və pianoçu Nikolay Rubinşteyn P. İ. Çaykovskinin fortepiano və orkestr üçün birinci dəfə ilk konsertini dinləyəndə, ona konsertin keçirilməsinin mümkün olmayacağını dedi. Çünki bütün mövzular köhnəlib və nəyisə dəyişmək mümkün deyildi. İki-üç səhifədən başqa hər şey yararsız idi. Lakin Çaykovski öz konsertində hətta bir notu dəyişməyə razı olmadı. Bu gün həmin konsert nəinki SSSR-də, həm də xaricdə məşhur musiqi əsərlərindən biridir.

İnsanlar çox vaxt haqsız və yanlış fikir söyləməkdə günaha yol verirlər. Belə ki, İkinci Dünya Müharibəsi dövründə İngiltərənin hərbi hava qüvvələrinin zabitlərindən biri şücaətinə görə kraliça tərəfindən mükafatlandırıldı. O, mülki paltarını geyinərək Londonun məşhur restoranlarının birində öz həmkarları ilə bunu qeyd etməyə getdi. Orada gənc bir qadın onlara yaxınlaşıb, hər birinə qorxaqlığın rəmzi olan ağ lələk verdi.

Başqası haqqında yanlış fikirdə olmayan insan çox azdır. Yanlış mühakimədən əziyyət çəkməyən insan yoxdur. Məsihin bu əmri qədər tez-tez pozulan başqa əmri yoxdur.

HEÇ BİR İNSAN DÜZGÜN MÜHAKİMƏ EDƏ BİLMƏZ (Matta 7:1-5 (ardı))

Bir insanın başqa insanı mühakimə etməməsinin üç vacib səbəbi var.

  1. Biz heç vaxt bütün həqiqətləri bilmirik və insanları yaxşı tanımırıq. Məşhur ravvin Hillel demişdi: «Bir insanı onun yerində olmayana və yaşadıqlarını yaşamayana qədər mühakimə etmə». Kimsə başqasının düşdüyü imtahanın nə qədər ağır olduğunu bilmir. Sakit və təmkinli insan ehtirasdan yanan və qanı qaynayan başqasının imtahanı barədə düzgün təsəvvürə malik ola bilməz. Yaxşı ailədə, imanlılar arasında böyüyən biri pislik və bədbəxtliyin hökm sürdüyü yerlərdə böyüyən başqa bir insanın çətinlikləri haqqında heç nə bilmir. Yaxşı valideynləri olan insan çiyinlərində pis irsiyyət yükünü daşıyan insanın çətinliklərini bilmir. Məsələ burasındadır ki, əgər biz insanın yaşadığı hər şeyi dərk etsəydik, onu mühakimə deyil, onun necə yaxşı insan olduğuna heyrətlənərdik.

Bundan başqa, biz insanı dərindən tanımırıq. Bəzi vəziyyətlərdə insan xoşagəlməz və utanmaz ola bilər, başqa vəziyyətlərdə isə həmin insan etibarlı və gözəl xarakteri ilə seçilə bilər. Romanların birində ikinci dəfə evlənən dul kişi haqqında bəhs olunur. Onun yeni arvadının da birinci nikahdan qızı var idi. Qız atalığına qapalı, soyuqqanlı və xoşagəlməz görünürdü. Onda cəlbedici heç nə yox idi. Lakin atalığı onu dəyişə bilmirdi. Günlərin bir günü qızın anası qəflətən xəstələndi. Qız isə sanki başqa adam oldu. O, fədakarlıq göstərən gözəl dayəyə çevrildi. Onun tutqun siması nur saçırdı. Onda heç kimin təsəvvür edə bilmədiyi qeyri-adi bir şey yarandı.

Labradorit adlı kristal dekorativ daş var. İlk baxışdan tutqun və heç bir parıltıya malik olmayan daş kimi görünür. Lakin onu oraya-buraya çevirəndə, parıldamağa başlayır. İnsanlar da belədir: onlar gözə xoş görünməyə bilərlər, çünki onları yaxşı tanımırıq. Hər bir insanda yaxşı bir şey var. Biz insanı zahiri görünüşünə görə mühakimə etməməliyik. Onda gizli gözəlliyi axtarmalıyıq.

  1. Fikirlərində qərəzsiz olan insan, demək olar ki, yoxdur. Biz çox vaxt insanlara qarşı instinktiv və etinasız yanaşa bilirik. Deyirlər ki, qədim yunanlar vacib məhkəmə məsələləri barədə qaranlıqda hökm çıxarırdılar. Həmin vaxt hakim və münsiflər müttəhimi görmürdülər, onlar yalnız dəlillərə əsasən mühakimə edirdilər.

Fransız filosofu Mişel Montenin31 məqalələrinin birində rüşvətin təsiri altında qərəzli hökm çıxaran fars hakiminin kədərli hekayəsi əksini tapıb. Fars şahı Kambiz bunu biləndə, hakimi edam etdirməyi əmr edir. Onun dərisini soydurub hakimlərin əyləşdiyi kürsüyə qoyur ki, rüşvət alan və qərəzli hökm çıxaran hakimlərə dərs olsun. Qoy heç bir mənfi rəy məhkəmə hökmünə təsir etməsin.

Yalnız qərəzsiz insan mühakimə etmək və qərar vermək hüququna malikdir. İnsan öz təbiətinə görə qətiyyən qərəzsiz ola bilməz. Yalnız Allah mühakimə edə bilər.

  1. İsa Məsih başqalarını mühakimə etməyək deyə əsas səbəbi açıqlayır. Elə bir insan yoxdur ki, başqalarını mühakimə etmək üçün kifayət qədər yaxşı olsun. İsa öz gözündə tiri görməyən, amma qardaşının gözündən çöpü çıxarmaq istəyən insanı aydın təsvir edir. Bu təsvir gülüş doğursa da, orada vurğulanan məna böyükdür.

Yalnız qüsursuz davranan adamlar başqalarında səhv axtara bilərlər. Əgər insan nəyisə daha yaxşı edirsə, yalnız o vaxt başqalarını tənqid edə bilər. Hər bazar günü stadion futbolçuların oyununu tənqid edən insanlarla dolu olur. Amma bu tənqidçilər özləri meydanda olsaydılar, oyun daha dəhşətli olardı. İstənilən imanlı cəmiyyətində və ya toplumda hər şeyi oturduğu mövqedən mühakimə etməyə hazır olan insanlar var. Lakin onlar hansısa bir işin qulpundan yapışmağı düşünmürlər. Dünya özündə tənqid etmək hüququ görən, amma heç nə etməyən insanlarla doludur.

Əgər insan başqalarının yerində olmağa hazır deyilsə, onları tənqid edə bilməz. Heç kəs öz qardaşını mühakimə etməməlidir. Həyatımızı qaydaya salmaq üçün hər birimizin kifayət qədər qayğısı var. Buna görə başqalarının həyatına müdaxilə etməyə çalışma. Yaxşı olar ki, hər kəs öz çatışmazlıqlarını düzəltməyə çalışsın, başqalarının çatışmazlığını mühakimə etməyi isə Allaha həvalə etsin.

6

HƏQİQƏT VƏ DİNLƏYİCİ (Matta 7:6)

Bu, İsa Məsihin çətin təlimlərindən biridir. Çünki o, ilk baxışdan kimin üçünsə məsihçi müjdəsinə zidd müstəsna hüquqlar tələb edir. Həqiqətən də, bu ifadə ilkin imanlı cəmiyyətində iki mənada istifadə olunurdu.

  1. Bu ifadəni Allahın ənamlarının və lütfünün ancaq yəhudilərə məxsus olduğunu düşünən yəhudilər istifadə edirdilər. Həmçinin bu ifadəni Paula qarşı çıxan yəhudilər istifadə edirdilər. Onlar deyirdilər ki, qeyri-yəhudilər məsihçi olmaq üçün əvvəlcə sünnət olunmalı, qanunu qəbul etməli və yəhudi olmalıdırlar. İsa Məsihin bu sözü, doğrudan da, yəhudilərin xüsusi olması mənasında istifadə oluna, ya da təhrif edilə bilərdi.

  2. İlk imanlı cəmiyyətlərində bu söz tamamilə spesifik mənada istifadə olunurdu. İlkin imanlı cəmiyyətlərini iki tərəfdən təhlükə gözləyirdi. Onu gözləyən təhlükələrdən biri kənardan idi. Məsihçi cəmiyyəti bütpərəst murdarlığı dənizində təmizlik adası kimi idi. O, hər yerdə dünyadakı murdarlığa yoluxma təhlükəsi ilə üz-üzə idi. O, eyni zamanda daxildən də təhlükəyə məruz qalırdı. O vaxt insanlar çox düşünür və yeni yol axtarırdılar. Buna görə də düşüncələrin bəzilərinin onları yanlış təlimlərə yönləndirəcəyi təhlükəsi yaranırdı. Elə insanlar var idi ki, onlar məsihçi və bütpərəst dünyagörüşü arasında kompromis axtarırdılar. Onlar hər iki dünyagörüşünü razı salan imanın ahəngini yaratmağa çalışırdılar. Məsihçi İmanlı Cəmiyyətinin mövcud olması üçün o, həm xarici, həm də daxili təhlükələrdən qorunmalı idi. Əks halda, o, Roma imperiyasında mövcud olan çoxlu dinlərdən birinə çevriləcəkdi.

İmanlı cəmiyyəti Rəbbin süfrəsinə kimin şərik olması məsələsinə xüsusilə ehtiyatla yanaşırdı. Onlar bu mətni Rəbbin süfrəsi ilə əlaqələndirməyə başlayırdılar. Rəbbin süfrəsi «Möminlər üçün müqəddəs» sözləri ilə başlayırdı. Kirli Teodoret32 İsa Məsihin yazılmamış ifadəsini qeyd edirdi: «Mənim süfrəm Mənim və adamlarım üçündür». «Həvarilərin təlimi» kitabında yazılır ki, Rəbbin süfrəsindən əvvəl cəmiyyət xidmətçisi belə deməlidir: «Qoy burada katuxemonlardan (yəni yenicə təlim keçənlər), sadəcə dinləyicilərdən (yəni məsihçiliklə maraqlanmaq üçün ibadətə gələnlər), imansızlardan və yad təlimə uyanlardan heç kim olmasın». Məsihə qəlbən iman etməyənlər Rəbbin süfrəsindən kənarda qalırdılar. Birinci əsrə aid olan və İmanlı Cəmiyyətinin ilk dua kitabçası adlanan «On İki Həvarinin Təlimi» Didaxda yazılıb: «Qoy Rəbbin adı ilə vəftiz olunanlardan başqa heç kim sizin Yevxarisiyadan33 nə yeyib, nə də içsin. Çünki Rəbb bu barədə belə demişdir: «Müqəddəs olanı itlərə verməyin»«. Məsihçi ilahiyyatçısı və yazıçısı, latın imanlı cəmiyyətlərindən birinin ağsaqqalı Tertullian şikayətlənir ki, yad təlim yayanlar Rəbbin süfrəsinə müxtəlif insanları, hətta bütpərəstləri buraxır və bununla «müqəddəs olanı itlərə verir, mirvariləri (təbii ki, əsl mirvaridən söhbət getmir) isə donuzlara atırdılar».

Bütün hallarda, bu mətn müstəsnalığı əsaslandırmaq üçün istifadə olunurdu. Məsələ ilk İmanlı Cəmiyyətinin müjdə çatdırmaq niyyətində olmasında deyildi. Əksinə, həmin vaxtlar İmanlı Cəmiyyəti hər bir insanı imana gətirmək istəyi ilə alışıb yanırdı. Lakin eyni zamanda İmanlı Cəmiyyəti dərk edirdi ki, məsihçilik bütpərəstliklə qarışmasın deyə imanın saflığını qorumaq vacibdir.

Bu mətnin ötəri mənası tamamilə aydın görünür. Amma biz bunun əsas mənasını da başa düşməliyik.

EŞİTMƏYİ BACARMAYANLARA MÜRACİƏT (Matta 7:6 (ardı))

Ola bilər ki, ötürülmə vaxtı İsa Məsihin sözləri təsadüfən dəyişdirilib. O, artıq qarşılaşdığımız yaxşı nümunəni özündə əks etdirir (Matta 6:10). Gəlin onu paralel cümlə ilə qeyd edək:

«Müqəddəs olanı itlərə verməyin» və

«Mirvarilərinizi donuzlara atmayın».

Bir söz istisna olmaqla, paralellik tamdır. Vermək atmaq sözünə, itlər isə donuzlara uyğundur. Təkcə müqəddəs sözü mirvarilər sözünə tam uyğun deyil. Məsələ ondadır ki, qədim ibrani dilində, xüsusilə saitlərin olmadığını nəzərə alsaq, bir-birinə bənzəyən sözlər çoxdur. Qədim ibrani (ivrit) dilində müqəddəs sözünə kadet (KDŞ), arami dilində sırğaya isə kadeta deyilir (KDŞ). İbrani dilindəki orijinal yazılarda samitlər və sözlər tamamilə eynidir. Bundan başqa, Talmudda «donuzun burnundakı sırğa» ifadəsi tamamilə gülünc, yöndəmsiz və yersiz mənasını verir. Buna görə bu cümlə belə səslənə bilərdi:

«Sırğaları itlərə verməyin» və

«Mirvarilərinizi donuzlara atmayın».

Bu halda, paralellik tam uyğun olardı.

Əgər həmin cümlə məhz bu mənanı daşıyırsa, onda o, bəzi insanların İmanlı Cəmiyyətinin onlara çatdırmaq istədikləri Xoş Xəbəri qəbul edə bilmədiklərini göstərir. Belə olan halda, bu, müstəsna ifadə olmayacaq; o, təbliğçinin hər dövrdə gündə rastlaşdığı praktiki ünsiyyət çətinliyinin ifadəsi olacaqdır. Çünki doğrudan da, bəzi insanlara həqiqəti çatdırmaq mümkün deyil. Onları öyrətməzdən əvvəl nə isə baş verməlidir. Ravvinlərin belə bir məsəli var: «Xəzinə hər kəsə göstərilə bilmədiyi kimi, Qanunun sözlərini də hər kəsə açıqlamaq olmaz. Onun dərinliyinə yalnız dərk edən insanların yanında varmaq lazımdır».

Əslində, bu, universal həqiqətdir. Hər insanla hər şey haqqında danışmaq mümkün deyil. Bəzi dostlarımızın arasında biz iman haqqında müzakirə edə, suallar verə, şübhələrimizi bildirə, bizi sarsıdan və çaşdıran məsələlər barədə danışa, dərin düşüncələrə qapıla bilərik. Lakin dostlarımızın arasına sərt və ortodoksal düşüncəli bir insan gələrsə, o bizi təhlükəli azğınlar qrupu kimi qələmə verə bilər; ya da çevrəmizə heç bir sual verməyən ürəyiaçıq bir adam gələrsə, belə müzakirələr onu şoka sala və imanını sarsıda bilər.

Beləliklə, bəzi insanlar məsihçi həqiqətini qəbul edə bilmirlər. Bəlkə də belə adamların həqiqət üçün zehinləri bağlıdır; bəlkə də onlar vəhşi heyvan düşüncəsindədir və ürəkləri ədəbsizliyə bürünüb; bəlkə də onlar elə həyat yaşayıblar ki, həqiqəti görə bilmirlər; bəlkə də onlarla razılığa gələ biləcəyimiz heç bir ortaq nöqtəmiz yoxdur.

İnsan ancaq başa düşə biləcəyi qədər dərk edir. Biz hər kəsə öz ürəyimizi aça bilmərik. Həmişə elə adamlar olacaq ki, Məsihin müjdəsi onlar üçün ağılsızlıq kimi görünəcək. Eşitdikləri həqiqət isə dəfedilməz maneə ilə toqquşacaq.

Belə insanlarla nə etmək lazımdır? Onları çarəsiz adamlar kimi ataqmı? Bəlkə onlara Müjdə çatdırmayaq? Məsihçinin sözlə çatdıra bilməyəcəklərini həyat tərzi göstərə bilər. İnsan məsihçinin şifahi dəlillərinə qarşı kor və kar ola bilər. Lakin o, nümunəvi məsihçi həyat tərzi qarşısında aciz qalacaq.

«İlahinin müasir təzahürü» kitabında müxtəlif millətlərdən olan gənclərin toplandığı yay düşərgəsində aparılan müzakirələrdən bəhs edilir: «Yağışlı bir gecədə oraya yığışanlar insanlarla Məsih haqqında danışmağın müxtəlif üsullarını müzakirə edirdilər. Onlar afrikalı qızdan soruşdular: «Mariya, siz öz ölkənizdə Müjdəni necə çatdırırsınız?» Mariya cavab verdi: «Bizim ölkədə məsihçi təşkilatları yoxdur. Biz kitabça da paylamırıq. Biz sadəcə kənddə yaşamaq və işləmək üçün bir və ya iki məsihçi ailəsi göndəririk. İnsanlar məsihçiliyin necə olduğunu görəndə, onlar da məsihçi olmaq istəyirlər». Nəticə etibarı ilə, yalnız bir əsas üsul var, bu da nümunəvi məsihçi həyat tərzidir.

Bəzi insanlarla İsa Məsih haqqında danışmaq qeyri-mümkündür. Onların hissiyyatsızlığı, ruhani korluğu, təkəbbürlü intellekti, ədəbsiz istehzaları, əxlaqsızlıqları onları Məsihin kəlamına qarşı biganə edir. Lakin Məsihi yenə də insanlara göstərmək olar. İmanlı Cəmiyyətinin zəifliyi məsihçilik barədə dəlillərin çatışmazlığında deyil, imanlı həyat tərzinin yetərsizliyindədir.

7-11

DUA ETMƏK İMTİYAZI (Matta 7:7-11)

İnsan dua edəndə bilməlidir ki, hansı Allaha dua edir. O bilmək istəyir ki, onun yalvarışları necə qəbul olunacaq. O, hər bəxşişi zorla verən narazı, qərəzli Allaha dua edir? Hər bir hədiyyəsinin əks tərəfi olan və istehza edən Allaha dua edir? Yoxsa ürəyi xeyirxahlıqla dolu, bizim bağışlamağımızdan daha tez dilədiyimizi verməyə hazır olan Allaha dua edir?

İsa Məsih dua etməyi sevən xalqın arasında doğuldu. Yəhudi ravvinlər dua haqqında gözəl fikirlər səsləndirirdilər. «Qulaq ağıza yaxın olduğu kimi, Allah da Öz yaratdıqlarına bir o qədər yaxındır». «İki nəfər birdən danışanda insanlar sözləri çətinliklə ayırd edirlər, Allah isə bütün dünyadakı insanlar eyni vaxtda Onu səsləyəndə onların fəryadını eşidir». «Dostları bir insandan tez-tez xahiş edəndə, o əsəbiləşir. İnsan xahişləri və ehtiyacları ilə Allaha müraciət edəndə, O, insanı daha çox sevir». İsa Məsih elə bir mühitdə böyümüşdü ki, O, duanı çox sevirdi. Bu hissədə O bizə duadakı imtiyazlarımızı və hüquqlarımızı göstərir. İsanın dəlilləri çox sadədir. Yəhudi ravvinlərdən biri belə sual vermişdi: «Öz oğluna nifrət edən adam görmüsünüzmü?» İsa vurğulayır ki, heç bir insan oğlunun xahişini geri çevirməz. Allah, əzəmətli Ata da Öz övladlarının diləyini heç vaxt cavabsız qoymaz.

İsa üç nümunə göstərir. Luka Mattanın sözünə belə əlavə edir: «Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? Ya da balıq diləsə, ona ilan verərmi? Yaxud yumurta diləsə, ona əqrəb verərmi?» (Luka 11:12) İş burasındadır ki, bu üç nümunə bir-birinə oxşayır.

Dənizin sahilindəki kiçik yumru əhəngdaşı ölçüsünə və rənginə görə balaca çörəklərə çox oxşayır. Məgər oğul çörək istəsə, atası ona yeyilməsi qeyri-mümkün olan çörəyə bənzəyən əhəngdaşı verərmi?

Məgər oğul balıq istəsə, atası ona ilan verərmi? Çox güman ki, burada söhbət zəhərli ilanbalığından gedir. Yəhudi Qanununa görə, ilan balığını yemək haramdır. Çünki o, natəmiz balıqdır. «Sularda üzgəcləri və pulcuqları olmayanların hamısı sizin üçün iyrənc olsun» (Levililər 11:12). Bu qanun ilanbalığını iyrənc edirdi. Məgər oğul balıq istəsə, ata ona yeyilməsi qadağan edilən, iyrənc ilanbalığı verərmi? Məgər ata ac oğluna belə istehza ilə yanaşarmı?

Məgər oğul atasından yumurta diləsə, atası ona əqrəb verərmi? Əqrəb — kiçik təhlükəli heyvandır. O, ovunu tutan qısqaclı xərçəngə oxşayır. Əqrəbin zəhərli neştəri quyruğunda yerləşir. O, qurbanını sancmaq üçün quyruğunu kürəyi üzərinə qaldırır. Neştərin zərbəsi ağrılı, bəzən də ölümcül olur. Əqrəb istirahət edəndə ayaqlarını və quyruğunu qatlayır. Elə solğun əqrəb də var ki, ayaqlarını yığanda tamamilə yumurtaya oxşayır. Əgər oğul atasından yumurta diləsə, atası onu ələ salaraq zəhərli əqrəb verərmi?

Allah bizim dualarımızı heç vaxt rədd etməz və dualarımıza istehza etməz. Yunanlarda allahların insanların dualarına cavab verməsi barədə əfsanə və hekayələr var. Amma cavab həmişə ikitərəfli olurdu. Şəfəq tanrısı Eos (Aurora) gənc fani Tifona aşiq olmuşdu. Baş tanrı Zevs Eosa sevgilisi üçün istədiyi hədiyyəni seçməyi təklif etdi. Eos da sevgilisinin əbədi gənc qalmağını unudub, onun üçün ölməzliyi istədi. Beləcə Tifon qocaldı, beli büküldü, dərisi qırışdı, amma ölmədi. Hədiyyə lənətə çevrildi.

Burada bizim üçün örnək var: Allah bizim dualarımıza həmişə cavab verəcək. Lakin O, dualarımıza istədiyi kimi cavab verəcək. Onun cavabı kamil məhəbbət və müdrikliyə əsaslanacaq. Əgər Allah bizim dualarımıza istədiyimiz kimi cavab versə, bu bizim xeyrimizə olmayacaq. Çünki cahilliyimizə görə biz çox vaxt həlakımıza səbəb olan hədiyyələr istəyirik. İsa bu ifadədə bizə deyir ki, Allah bizim dualarımıza təkcə cavab vermir, O, həm də bizə məhəbbət və müdrikliklə cavab verir.

Bu hissədə duanın verdiyi hüquq və imtiyazlarla yanaşı bəzi məsuliyyətlər də qeyd olunub. Yunan dilində felin iki əmr forması var. Onlardan biri aorist əmr formasıdır. O, konkret əmri bildirir. Məsələn, «Qapını bağla!» Bu, aorist əmr formasıdır. İnsanın daima yerinə yetirməli olduğu və ya yerinə yetirməyə davam etdiyi indiki zamana aid əmr forması da var. «Həmişə qapını bağlı saxla!» Bu, indiki zamanın əmr formasıdır. Verilən hissədə indiki zamanın əmr forması qeyd olunub. Buna görə İsa Məsih belə deyir: «Həmişə diləyin, həmişə axtarın, həmişə qapını döyün». İsa deyir ki, biz dualarımızda həmişə israrlı olaq və dua edərkən heç vaxt ruhdan düşməyək. Aydın görünür ki, bu, eyni zamanda bizim səmimiliyimizin sınanmasıdır. Həqiqətənmi biz dilədiyimizi istəyirik? Biz dualarımızı dönə-dönə Allahın hüzuruna gətirə bilirikmi? Çünki hər istəyin ən böyük sınağı «Allahdan bunu istəyə bilərəmmi?» sualına verilən cavabdır.

İsa burada iki bərabər hüquqlu hissədən ibarət bir həqiqəti ortaya qoyur. Tanrı dualarımıza həmişə Özünün istədiyi kimi müdriklik və məhəbbətlə cavab verir. Biz də Allaha duada mətanətliliyimizi göstərməli və sübut etməliyik. Duada sarsılmazlığımız Allahdan nə dilədiyimizin düzgün olub-olmamasının, eyni zamanda səmimiyyətimizin sınağıdır.

12

ƏXLAQIN ƏN YÜKSƏK ZİRVƏSİ (Matta 7:12)

İsa Məsihin dediklərindən ən məşhur olanı bu fikirdir. Bu əmr Dağüstü Vəzin zirvə nöqtəsidir. İsanın bu ifadəsi «bütün vəzlərin kulminasiya nöqtəsi» adlandırılır. Bu, yüksək sosial əxlaq zirvəsidir; əxlaq təliminin Everest zirvəsidir.

İsa Məsihin Dağüstü Vəzində dediyi hər kəlmə, demək olar ki, yəhudi ravvinlərin ifadələri ilə paralellik təşkil edir. Amma İsanın bu ifadəsinə əsl paralel yoxdur. Belə bir fikri heç vaxt heç kim deməyib. Bu, yeni təlim, həyata və vəziyyətə yeni baxışdır.

Bu fikrə inkar formada ifadə edilən çoxlu paralel tapmaq olar. Artıq gördüyümüz kimi, iki məşhur yəhudi müəllimi var idi. Onlardan biri ciddiliyi və sərtliyi ilə tanınan Şammay, digəri isə güzəştə getməsi ilə məşhur olan Hillel idi. Yəhudilərin belə bir rəvayəti var: «Qeyri-yəhudilərdən biri Şammayın yanına gəlib deyir: «Əgər sən bir ifadə ilə mənə bütün qanunu öyrətsən, mən yəhudi dinini qəbul etməyə hazıram». Şammay əlindəki uzun xətkeşlə onu qovur. Onda həmin qeyri-yəhudi Hillelin yanına gedir. Hillel onu yəhudi dinini qəbul edən biri kimi qarşılayır və deyir: «Özünə rəva bilmədiyini başqasına rəva görmə. Qanun bundan ibarətdir. Qalanları isə şərhdir. Get və öyrət»«. Qızıl qaydanın inkar forması bax, budur. Tovit kitabında qoca Tovitin həyatda vacib olan hər şeyi öz övladlarına öyrətdiyi belə bir yer var. Onun qaydalarından biri belə səslənir: «Özünün nifrət etdiyin şeyləri başqalarına etmə» (Tovit 4:16).

İbrani Müqəddəs Yazılarını yunan dilinə tərcümə etmək və Septuaqintanı yaratmaq üçün İsgəndəriyyəyə gedən yəhudi alimlərinin «Aristeusa Məktub» adlı ibrani əsəri var. Misir hökmdarı onların şərəfinə ziyafət vermişdi və onlara bir neçə çətin sual ünvanlamışdı: «Hikmət nə öyrədir?» — deyə o soruşmuşdu. «Əgər sən heç bir pisliklə qarşılaşmaq istəmirsənsə, ancaq xeyirxah işlərdə iştirak etmək istəyirsənsə, öz rəiyyətlərin və səni incidənlərlə bu prinsipə uyğun davranmalısan. Sən alicənab və xeyirxahlara yumşaq şəkildə nəsihət verməlisən. Çünki Allah yanına gələn bütün insanları yalnız xeyirxahlığı ilə Özünə tərəf çəkir» («Aristeusa Məktub», 207).

İsa Məsihin söylədiyi fikrə ravvin Eliezerin dedikləri daha uyğun gəlir: «Qoy dostunun şərəfi sənin öz şərəfin qədər dəyərli olsun». Zəbur kitabının müəllifi Rəbbin çadırında dilinə böhtan gətirməyən, dostuna yamanlıq etməyən, qonşusunu təhqir etməyən insanın qaldığını deyəndə, yenə də inkar formadan istifadə edir (Zəbur 15:3).

Yəhudi dünyagörüşündə bu təlimin inkar formasını tapmaq çətin deyil. Lakin İsa Məsihin ifadəsinin müsbət formasında heç bir paraleli yoxdur.

Bu, digər dinlərin təlimlərinə də aiddir. İnkar forması — qədim Çin mütəfəkkiri Konfutsinin təməlini qoyduğu konfusiçiliyin əsas prinsiplərindən biridir. Bir gün şagirdi Çzı Qun ondan soruşur: «Elə bir söz varmı ki, insanın bütün həyatı boyu ona rəhbərlik etsin?» Konfutsi cavabında deyir: «Məgər qarşılıqlı sözü buna aid deyilmi? Özünə rəva bilmədiyini başqalarına rəva görmə».

Buddistlərin məsihçi təliminə çox yaxın olan «İman haqqında himn»ində gözəl sətirlər var:

«Bütün insanlar kötək və ölüm qarşısında qorxur;

Özünü başqalarının yerinə qoyaraq, öldürmə və ölüm əmrini vermə.

Bütün insanlar kötəkdən qorxur, həyat hamı üçün dəyərlidir;

Belə edib, sənə qarşı necə davranmalarını istəyərək öldürmə və öldürməyə məcbur etmə».

Eyni fikri qədim yunanlarda və romalılarda da görürük. Afinalı natiq İsokrat34 danışır ki, padşah Nikosles öz məmurlarına belə məsləhət verirdi: «Sizi qəzəbləndirən şeyləri başqalarına etməyin». Əvvəllər qul olmuş romalı stoisist-filosof Epiktet35 köləliyi çox mühakimə edirdi: «Özün çəkmək istəmədiyin iztirabları başqalarının üzərinə qoyma». Baş stoisistlərin arasında belə fikir var idi: «Sənə qarşı edilməsini istəmədiyin şeyləri başqalarına etmə». Deyilənlərə görə, Roma imperatoru Alexander Sever36 bu ifadəni sarayın divarına yazdırmışdı ki, onu həyat qanunu kimi heç vaxt unutmasın.

Bu qayda inkar formasında bütün əxlaq təlimlərinin təməli hesab olunur. Yalnız İsa onu təsdiq forması kimi qeyd edir. Çoxları deyir ki, başqalarının sənə etməyini istəmədiyin şeyləri onlara etmə. Amma heç bir insan belə deməyib: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin».

İSANIN QIZIL QAYDASI (Matta 7:12 (ardı))

Gəlin qızıl qaydanın təsdiq formasının inkar formasından nə ilə fərqləndiyinə baxaq. İsanın insanlardan Ona qədər başqa müəllimlərin tələb etdiklərindən daha çox nəyi tələb etdiyinə diqqət yetirək.

Əgər bu qaydanı inkar formasında qoysaq və bizə desələr ki, insanların bizə etməsini istəmədiklərimizi etməkdən çəkinək, onda bunun heç də dini qayda olmadığını görərik. Bu, sadəcə sağlam düşüncədir. Bunsuz sosial ünsiyyət, ümumiyyətlə, mümkün deyil. Cənab Tomas Braun bir dəfə belə demişdi: «Biz görüşdüyümüz hər bir insana bizi öldürmədiyinə görə təşəkkür edirik». Hansısa mənada bu, həqiqətdir. Ancaq biz başqa insanların davranışlarının və bizə olan münasibətlərinin sivil həyatın qəbul edilmiş normalarına uyğun olmadığını düşünsək, həyat dözülməz olar. Qızıl qaydanın inkar forması heç bir halda qeyri-adi deyil: bu qayda olmadan həyat davam edə bilməz. Bundan başqa, bu qaydanın inkar forması yalnız bəzi şeylərdən çəkinməyi tələb edir. Lakin bəzi şeylərdən çəkinmək elə də çətin deyil. Başqalarına zərər verməmək, ümumiyyətlə, dini prinsip deyil, hüquqi prinsipdir. İmana və dinə marağı olmayan insan da bu prinsipə əməl edə bilər. İnsan həmişə başqalarına zərər vurmaqdan çəkinə bilər, eyni zamanda öz həmyerlisinə faydasız ola bilər. İnsan bu qaydanın inkar formasına sadəcə hərəkətsiz qalaraq riayət edə bilər. Əgər o heç nə etməsə, bu qaydanı pozmayacaq. Əməlsiz xeyirxahlıq isə məsihçilikdəki xeyirxahlıq anlayışına birbaşa ziddir.

Əgər bu qaydanı təsdiq formasında ifadə etsək və bizə desələr ki, başqalarının sənə etmək istədiklərini sən də onlara et, onda bizim həyatımızda yeni prinsip, qardaşlarımıza qarşı isə yeni münasibət yaranacaq. Biri var belə deyəsən: «Mən insanları incitməməli və onlara zərər vurmamalıyam. Özümə edilməsini istəmədiyim şeyləri onlara etməməliyəm». Qanun bizi belə davranmağa məcbur edə bilər. «Başqalarına kömək və yaxşılıq etmək üçün əlimdən gələni əsirgəməməliyəm» fikri isə tamam başqadır. Buna bizi yalnız məhəbbət həvəsləndirə bilər. «Mən başqalarına zərər vurmamalıyam» münasibəti «Mən insanlara kömək etmək üçün bacardığım hər şeyi etməliyəm» münasibəti ilə eyni deyil.

Gəlin sadə analogiya aparaq. Əgər bir adamın avtomobili varsa, qanun insanı avtomobili elə sürməyə məcbur edir ki, yolda kiməsə zərər vurmasın. Amma heç kim onu dayanmağa və yorğun yolçunu götürüb aparmağa məcbur edə bilməz. Başqasına zərər verməmək, onun prinsip və hisslərinə hörmətlə yanaşmaq elə də çətin deyil. Lakin insanlara qarşı mümkün qədər xeyirxah davranmaq, onların bizimlə necə davranmasını istədiyimiz münasibəti onlara göstərmək üçün bilərəkdən bunu həyat prinsipinə çevirmək daha çətindir. Məhz bu yeni münasibət həyatı gözəlləşdirir. İngilis Müdafiə naziri Smit haqqında deyirdilər ki, o, həftə sonları şəhərdən kənar iqamətgahında işləmək üçün hər cümə portfelindəki lazımi sənədləri toplayıb özü ilə aparırdı. Onun katibi soruşanda ki, niyə başqa nazirlərin etdiyi kimi, o da sənədlərini poçtla göndərmir, Smit cavab vermişdi: «Bu gün səhər gördüm ki, poçtalyon ağır yük daşıyır. Düşünəndə ki, bütün nazirlərin sənədlərindən əlavə mənim də yükümü daşıyacaq, gücüm çatdığı qədər onun işini yüngülləşdirməyə qərar verdim». Bu cür hərəkət öz qardaşlarına qarşı əsl münasibəti göstərir. Belə insanlar qanunun tələb etdiyi kimi deyil, məhəbbətin tələb etdiyi kimi münasibət göstərməyi üstün tuturlar.

İnsan qızıl qaydanın inkar formasına əməl edə bilər. Heç bir səy göstərmədən o özünü öyrədə bilər ki, yaşamaq istəmədiklərini başqalarına yaşatmasın. Lakin bu qaydanı müsbət formada icra edənin ürəyində yalnız Məsihin məhəbbəti yaşaya bilər. O, bağışlamağa səy göstərir, çünki özünün də bağışlanmasını istəyir. O, kömək etməyə çalışır, çünki ona da kömək edilməsini istəyir. O, başqasını tərifləyir, çünki istəyir ki, onu da tərifləsinlər. O, başqalarını başa düşməyə çalışır, çünki istəyir ki, onu da başa düşsünlər. O, kiməsə xoş olan şeyləri etmək istəyir ki, ona da xoş olanları etsinlər. Əlbəttə, bütün bunlar onun həyatını bir qədər çətinləşdirir. Təbii ki, onun öz işlərini və istəklərini yerinə yetirmək üçün daha az vaxtı qalır. Bəzən o, başqalarına kömək etməkdən ötrü öz işlərindən imtina etməli olur. Bu prinsip zavoddakı, avtobusdakı, idarədəki, küçədəki, qatardakı, oyundakı, bir sözlə, hər yerdəki həyatını müəyyən edir. O, daxilindəki «mən»liyi öldürməmiş bunu edə bilməz. Bu qanuna əməl etməkdən ötrü o, yeni insan olmalıdır. Əgər dünya bu qaydanı icra etməyə çalışan insanlardan ibarət olsaydı, onda tamamilə yeni dünya olardı.

13-14

İKİ YOL ARASINDA QALAN HƏYAT (Matta 7:13-14)

Həyatda həmişə faciələr baş verir. Bir nəfərin dediyi kimi, «İnsanın həyatı yolayrıcında cəmləşir». İnsan nəsə etməzdən əvvəl seçim qarşısında qalır. O, heç vaxt bu seçimlərdən qaça bilməz. O, həmişə bu və ya başqa yolu seçməlidir. Buna görə də tarixdəki dahi insanların ən vacib məqsədlərindən biri — insanları qaçılmaz seçimlər arasında qoymaq idi. Həyatının sonlarına yaxın Musa xalqa dedi: «Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram... Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz» (Qanunun təkrarı 30:15,19). Nun oğlu Yeşua da ölümünə yaxın rəhbərliyi başqasına ötürəndə, onu eyni seçim qarşısında qoyur: «...bu gün kimə qulluq edəcəyinizi özünüz seçin» (Yeşua 24:15). Yeremya peyğəmbər Allahın səsini eşidir: «Bu xalqa söylə ki, Rəbb belə deyir: «Budur, həyat yolunu və ölüm yolunu önünüzə qoyuram» (Yeremya 21:8).

İsa Məsihin bu hissədə insanların qarşısına qoyduğu seçim budur. Yollardan biri geniş və rahatdır. Bu yolla gedənlər çoxdur. Amma bu yolun sonunda onları həlak gözləyir. Digər yol isə dar və çətindir. Bu yolla gedənlər azdır. Bu yolun sonunda isə həyat var. Dahi yunan filosofu Sokratın tələbələrindən biri Kebet yazırdı: «Dar qapı və qapı önündə ensiz yolu, oradan keçənlərin az olduğunu görürsənmi? Bu həqiqi təlimə aparan yoldur». Gəlin bu iki yolun bir-birindən nə ilə fərqləndiyinə baxaq.

  1. Fərq bundadır ki, iki yoldan biri çətin, digəri isə asandır. Asan yol izzətə aparmır. Şöhrət həmişə çətin əməyin nəticəsində əldə edilir. Qədim yunan şairi Hesiod yazırdı: «Bolluqda pislik tapmaq asandır; yol hamardır və o, yüksəklikdə yerləşir; xeyirxahlıq önündə əbədi yaşayan allahlar isə zəhmət çəkiblər». Pifaqor37 məktəbinin davamçısı olan qədim yunan dramaturqu Epixarm yazırdı: «Yaxşı şeylərin müqabilində allahlar bizdən ağır zəhmət tələb edir. Ay oğlan, rahat yolun həsrətini çəkmə ki, çətinlik biçməyəsən».

Bir dəfə İngilis parlamentinin deputatlarından biri çox yaxşı çıxış etmişdi. Deputatın qardaşı nəyə görə ailədə bütün istedadın yalnız onda olduğunu, qalan qardaşların isə bu bacarıqlardan məhrum olduğunu düşünmüşdü. Sonra yadına düşdü ki, bütün qardaşlar oynadığı vaxt o işləyirdi. Hətta insan ilk baxışdan hansısa işin öhdəsindən asanlıqla gələndə, bunun arxasında həmişə böyük əmək durur. Məharətli fortepiano ifaçısının və ya tennis çempionunun uğurunun arxasında böyük zəhmət və alın təri dayanır. Ucalığa aparan yol yalnız zəhmətdən keçir. Başqa yol isə hiylə və tələyə yönəldir.

  1. Fərq ondadır ki, iki yoldan biri uzun, digəri qısadır. Nadir halda bəzi şeylər dərhal, mükəmməl və uğurlu olur. Əksər hallarda uğur ağır zəhmətin nəticəsidir. Görkəmli qədim Roma şairi Horatsi böyük oğlu Pisona məsləhət görür ki, əsər yazanda onu dərc etməmişdən əvvəl vərəqlərini doqquz il gizlətsin. Sonra yazır ki, böyük oğlu Pison öz şeirlərini məşhur tənqidçi və şair Kvintili Vara38 göstərirdi. Kvintili Var Vergilinin və Horatsinin dostu idi. Kvintili Var deyirdi: «Onları poz, şeir pis alınıb. Onların üzərində yenidən işlə». «Eneida»nın yazılması böyük Roma şairi Vergilinin ömrünün son on ilini apardı. Ölənə yaxın onu məhv etmək istədi. Çünki o, bunu mükəmməl əsər hesab etmirdi. Lakin dostları ona mane oldu. Platonun «Dövlət» adlı dialoqu çox sadə cümlə ilə başlayır: «Dünən mən ilahəyə dua etmək üçün Aristonun oğlu Qlaukonla Pireyə getdim». Platonun əlyazmasında bu cümlənin nə az, nə çox, düz on üç variantı var. Xəttat vurğunu düzgün qeyd etməyə çalışaraq, bir-birinin ardınca bir neçə versiya yazıb. İngilis şairi Tomas Qreyin «Kənd qəbiristanlığında yazılmış elegiya» əsəri ölməz əsərlər sırasındadır. O, bu əsəri 1742-ci ildə yazmağa başladı. İlk dəfə həmin əsər 12 iyun 1750-ci ildə işıq üzü gördü. Elegiyanın mükəmməlliyi üçün səkkiz il lazım gəlmişdi. Heç kim şah əsərə qısa yolla nail olmayıb. Müasir dövrdə biz, adətən, tez nəticələr vəd edən qısa, həmçinin nəticələri uzaq görünən uzun yollarla qarşılaşırıq. Amma davamlı işlər tez həyata keçmir. Ən yaxşı yol — uzun yoldur.

  2. Daha bir fərq ondan ibarətdir ki, bir yol nizamlı, digər yol isə nizamsızdır. Nizam-intizam olmadan, heç vaxt heç nəyə nail olmaq mümkün deyil. Çox idmançılar nizam-intizamdan əl çəksəydilər, ya həlak olar, ya da məğlub olardılar. Nizam-intizama riayət etməyənlərə aid ən faciəli nümunələrdən biri ingilis romantik şairi Semyuel Kolericdir. Tarixdə belə böyük zəkaya malik şəxsin bu qədər az şeylər etməsi baş verməyib. O, orduya qoşulmaq üçün Kembric Universitetini tərk edib; sonra o, bilikli olmasına baxmayaraq, atı təmizləyə bilmədiyi üçün ordudan getməli olub; o, yenidən universitetə ​​daxil olub, amma alimlik dərəcəsi almadan bitirib. O, on seriyası çıxan «Müşahidəçi» qəzetini nəşr etməyə başlayıb. Sonra bu iş də dayandırıb. Onun haqqında belə deyirdilər: «O, görüləcək işlərini həmişə yarımçıq qoyur. Koleric gözəl poetik istedada malikdir, lakin onun bir şeyi çatışmır: o, diqqətini cəmləmək və səy göstərmək bacarığına sahib deyil». Kolericin dediyi kimi, onun ağlında «yazılası, amma yazılmamış» müxtəlif kitablar hazır idi. Bu kitablar yalnız Kolericin ağlında qaldı və heç vaxt tamamlanmadı. Çünki o özünü onları yazmağa məcbur edə bilmədi. Nizam-intizam olmadan heç kim heç vaxt şöhrət qazana bilməz. Qazananlar isə onu qoruyub saxlaya bilməz.

  3. Başqa bir fərq — bir yolun düşünülmüş, digər yolun isə düşünülməmiş olmasıdır. Bütün mahiyyət də elə bundadır. Heç kim əvvəlcə düşünmədən heç vaxt asan, qısa və nizamsız yolla gedə bilməz. Bu dünyada hər şeyin iki tərəfi var: onlar indi necə görünür və sonra necə görünəcək. İlk baxışdan asan yol gözəl, çətin yol isə sıxıcı görünə bilər. Hər şeyi düzgün dəyərləndirmək üçün yolun əvvəlinə deyil, sonuna baxmaq lazımdır. Bəzi şeyləri vaxt baxımından deyil, əbədiyyət baxımından görmək lazımdır.

15-20

YALANÇI PEYĞƏMBƏRLƏR (Matta 7:15-20)

Bu hissədəki hər söz və hər ifadə, demək olar ki, onu ilk dəfə eşidən yəhudilərin ağlında əks-səda yaratmalı idi. Yəhudilər yalançı peyğəmbərləri yaxşı tanıyırdılar. Yeremya peyğəmbər dəfələrlə yalançı peyğəmbərlərlə üzləşmişdi. Onlar asanlıqla «Sülh, sülh; deyirlər, amma sülh yoxdur» deyirdilər (Yeremya 6:14; 8:11). Yalançı peyğəmbərləri və hökmdarları qurd adlandırırdılar. Çətin vaxtlarda Yezekel peyğəmbər deyirdi: «Ölkə içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana qıyırlar» (Yezekel 22:27) «Başçıları nərildəyən aslanlara bənzəyir, hakimləri axşam gəzən ac qurdlar kimi səhərə qədər bir şey qoymaz. Peyğəmbərləri məsuliyyətsiz, xain adamlardır, kahinləri müqəddəs olanı murdarlayıb» deyəndə, İsraildəki faciəli vəziyyəti təsvir edirdi (Sefanya 3:3-4a).

Həvari Paul Efesdəki ağsaqqallarla vidalaşanda, onları gözləyən təhlükələr barədə xəbərdarlıq edib dedi: «Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq» (Həvarilərin İşləri 20:29). İsa da deyirdi ki, şagirdlərini qurdlar arasına quzular kimi göndərir (Matta 10:16). O, həmçinin quzular üçün öz canını verən yaxşı çoban haqqında danışırdı (Yəhya 10:11). Burada, bizim qarşımızda hər kəsin dərk edə biləcəyi mənzərə yaranır. İsa deyir ki, yalançı peyğəmbərlər quzu cildində olan qurdlara bənzəyirlər. Dağlarda və təpələrdə qoyun sürülərini otaran çobanlar içərisi xəzli qoyun dərisi olan paltar geyinirdilər. Lakin insan çoban olmadan da, çoban paltarını geyinə bilər. Peyğəmbərlər xüsusi paltar geyinirdilər. İlyas peyğəmbərin cübbəsi var idi (1Padşahlar 19:13-19). Bu, cod yundan və ya tükdən bir geyim idi (2Padşahlar 1:8). Yunan filosofları mantiya geyindiyi kimi, peyğəmbərlər də qoyun dərisindən paltar geyinirdilər. Peyğəmbərləri adi insanlardan fərqləndirən də məhz onların qoyun dərisindən paltar geyinməsi idi. Bəzən bu paltarı geyinməyə hüququ olmayan insanlar da onu geyinirdilər. Məsələn, Zəkəriyyə peyğəmbər gələcək dəhşətli günləri təsvir edərkən deyir: «...O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək» (Zəkəriyyə 13:4). Peyğəmbərlər kimi geyinən, amma heç vaxt peyğəmbər kimi yaşamayan insanlar da olub.

Yalançı peyğəmbərlər qədim dövrlərdə olduğu kimi, Əhdi-Cədid dövründə də var idi. Mattanın Müjdəsi təxminən b.e. 85-ci ilində yazılıb. Həmin dövrdə də İmanlı Cəmiyyətində peyğəmbərlər var idi. Onlar ölkəni dolaşmaq və Cəmiyyətə birbaşa Allahdan gələn sözü çatdırmaq üçün hər şeyini tərk edən evsiz-eşiksiz insanlar idi.

Peyğəmbərlər İmanlı Cəmiyyətini ruhlandırırdılar. Onlar Allaha və İmanlı Cəmiyyətinə xidmət etmək üçün hər şeyini tərk edən insanlar idi. Amma peyğəmbər öz vəzifəsindən asanlıqla sui-istifadə edə bilərdi. Nüfuz qazanmaq, yerli imanlı icmalarını aldatmaq, rahat və laqeyd həyat tərzi yaşamaq üçün peyğəmbərlik mövqeyindən istifadə edən insanlar var idi. Didaxeda və ya birinci əsrə aid «On İki Həvarinin Təlimi» adlı İmanlı Cəmiyyətinin ilk dua kitabında sərgərdan peyğəmbərlər haqqında maraqlı məlumatlar var. Həqiqi peyğəmbərə böyük hörmət göstərilməli; onu qəbul etməli, onun sözünə qulaq asmalı və azadlığı məhdudlaşdırılmamalıdır: «Lakin o, bir gündən artıq evdə qalmamalıdır. Ehtiyacı olarsa, ikinci gün də qala bilər; üç gün qalarsa, o, artıq yalançı peyğəmbərdir». O, çörəkdən başqa heç nə istəməməlidir. «Əgər pul tələb etsə, deməli, yalançı peyğəmbərdir. Bütün peyğəmbərlər iddia edirlər ki, onlar Allahdan ilhamlanıb danışırlar. Lakin onları belə sınamaq olar: «Yalançı və həqiqi peyğəmbər xasiyyətlərinə görə tanınacaq». «Haqqı öyrədən peyğəmbər öyrətdiyinə əməl etməsə, yalançı peyğəmbərdir». Allahdan ilhamlanıb danışdığını iddia edən peyğəmbər süfrə açılmasını tələb edib yemək yeyirsə, o, yalançı peyğəmbərdir. «Əgər kimsə Allahdan ilhamlandığını iddia edib, «Mənə pul və ya başqa bir şey ver» desə, onun sözlərinə qulaq asmayın; əgər yoxsul üçün sədəqə istəsə, qoy heç kəs onu qınamasın». «Əgər icmaya sərgərdan-sənətkar gəlib evinizdə qalmaq istəsə, qoy çalışıb yesin. Əgər onun əlindən heç bir iş gəlmirsə, bekar bir məsihçi kimi yanınızda yaşamasın deyə, onu işlə təmin etmək haqqında düşünün... Əgər o, işləmək istəmirsə, onda o, məsihçi deyil. Belə insanlardan uzaq durun» (Didaxe, s. 11 və 12).

Keçmiş tarixi hadisələr İsa Məsihin bu sözlərini həm ilk dəfə eşidənlər, həm də indiki dövrdə yaşayan insanlar üçün eyni məna kəsb edir.

ONLARI BƏHRƏLƏRİNDƏN TANIYACAQSINIZ (Matta 7:15-20 (ardı))

Yəhudilər, yunanlar və romalılarda belə bir məsəl var idi ki, «Ağac meyvəsindən tanınar. Eyni kök, eyni meyvə deməkdir». Roma stoisist-filosof Epiktet deyirdi: «Üzüm ağacında zeytun necə bitə bilər? Yaxud zeytun ağacında üzüm necə bitə bilər?» (Epiktet: «Söhbətlər» 2.20). Başqa bir romalı stoisist-filosofu Seneka qeyd edir ki, əncir ağacından zeytun yetişmədiyi kimi, şərdən də xeyir hasil olmaz.

Ancaq bu hissədə ilk baxışdan göründüyündən daha dərin məna var. İsa Məsih soruşurdu: «Qaratikandan üzüm yığılarmı?» Elə bir qaratikan kolu var idi ki, üstündə kiçik üzümlərə bənzər balaca qara giləmeyvələr bitirdi. «Yaxud qanqaldan əncir yığılarmı?» Uzaqdan çiçəkləri əncirlə səhv salınan qanqal var idi.

İsanın sözlərindəki məna tamamilə aydın, yerində və doğru idi. Yalançı peyğəmbər həqiqi peyğəmbərə çox oxşaya bilər; hətta eyni paltarı geyinə və eyni tərzdə danışa bilər. Amma fiziki həyat qaratikan və ya qanqalın çiçəkləri ilə təmin olunmadığı kimi, ruhani həyat da yalançı peyğəmbərin təlimi ilə qidalana bilməz. İstənilən təlim belə sınana bilər: həmin təlim insanı həyat yükünü daşımaqda gücləndirib, getməli olduğu istiqamətə yönəldirmi?

Gəlin yalançı peyğəmbərlərə və onların xüsusiyyətlərinə nəzər salaq. Əgər yol dar və ensizdirsə və buna görə onu tapmaq çətindirsə, o zaman bizi o yoldan uzaqlaşdıranları deyil, bu yolu tapmağa kömək edən müəllimləri axtarmaq üçün çox çalışmalıyıq.

Yalançı peyğəmbərlərin əsas çatışmazlığı eqoistlikdir. Həqiqi çoban öz canından çox sürüsünün qayğısına qalır; canavar ancaq aclığını doydurmağı düşünür. Yalançı peyğəmbər başqalarına vermək üçün deyil, özünün nəsə əldə etməyi üçün öyrədir. Yəhudilər bu təhlükəni yaxşı başa düşürdülər. Onların müəllimləri ravvinlər olsalar da, qanunda çox vacib bir prinsip var idi: ravvinin peşəsi olmalı və öz zəhməti ilə pul qazanmalı idi. O, öyrətdiyinə görə heç bir mənfəət almamalı idi. Bir dəfə ravvin Zadok belə demişdi: «Qanunu bildiyinə görə insanların qarşısında özünü göstərməkdən ötrü özünə tac, ya da qazmaq üçün kürək düzəltmə». Hillel isə belə demişdi: «Kim Qanunun tacını öz məqsədləri üçün istifadə edirsə, məhv olacaq». Yəhudilər verdiyi təlimdən şəxsi maraqları üçün istifadə edən müəllimləri yaxşı tanıyırdılar. Onların bir məqsədi var idi — mənfəət əldə etmək. Müəllimlərin bu tamahkarlığı üç formada özünü göstərir.

1. O, yalnız qazanc əldə etmək məqsədi ilə təlim verir. İngilis tarixçisi və filosofu Tomas Karleylin39 atasının getdiyi İmanlı Cəmiyyətində bir dəfə problem yaranıb. Mübahisə cəmiyyətə gələnlərlə vaiz arasında pul və maaşla bağlı olub. Hər iki tərəf çox mübahisə edəndən sonra, Tomas Karleylin atası ayağa qalxaraq son nöqtəni qoyub: «Muzdluya maaşını verin, getsin». Heç kim müftə işləyə bilməz. Yalnız bəziləri maddi problemlərin güclü təzyiqi altında yaxşı işləyə bilər. Lakin təlimin ən böyük üstünlüyü əməkhaqqında deyil, vəzçinin uşaqlara, gənclərə, qadın və kişilərə həqiqəti açıqladığı zaman yaranan dərin duyğudadır.

2. O, yalnız nüfuzu üçün öyrədə bilər. İnsan ya başqalarına kömək etmək, ya da başqalarına necə ağıllı olduğunu göstərmək üçün öyrədə bilər. Bir nəfər belə demişdi: «Heç kim eyni zamanda özünün çox ağıllı olduğunu və Məsihin möhtəşəm olduğunu sübut edə bilməz». Müəllimin ən sonuncu düşündüyü şey nüfuz olmalıdır. J. P. Straders ömrü boyu kiçik Presviterian kilsəsində xidmət etmişdi, halbuki o, İngiltərədə istənilən kafedrada çıxış edə bilərdi. İnsanlar onu tanıdıqca daha çox sevirdilər. Bir dəfə iki nəfər onun haqqında danışırdı. Onlardan biri Stradersin bütün işlərini bilirdi, lakin onu şəxsən tanımırdı. Stradersin səylə vəz etdiyini xatırlayaraq deyirdi: «Straders Səmavi Padşahlıqda ilk sıranı tutacaq». Digəri isə Stradersi şəxsən tanıyırdı. O, belə cavab vermişdi: «Harada olursa olsun, Straders ilk sırada özünü narahat hiss edəcək». Elə müəllim və təbliğçilər var ki, vəzlərinə şəxsi davranışlarının təlimatı kimi baxırlar. Yalançı peyğəmbər göz önündə olmaq istəyir, əsl peyğəmbər isə kölgədə qalmağa çalışır.

3. O, ancaq öz fikirlərini yaymaq üçün öyrədə bilər. Yalançı peyğəmbərlər həqiqəti öz baxışlarına əsasən yaymağa çalışırlar, həqiqi peyğəmbər isə həqiqəti Allahın nəzərinə əsasən çatdırmağa cəhd edir. Düzdür, özü dərk etdiyi kimi çatdırır. Amma vaizlərdən biri haqqında deyilir ki, o, vəz edərkən vaxtaşırı dayanır, «sanki bir səsə qulaq asırdı». Həqiqi peyğəmbər ilk öncə Allahın səsinə qulaq asır, sonra insanlarla danışır. O, Allahın Sözünü danışan səs olduğunu heç vaxt unutmur. O, həmişə xatırlayır ki, Allahın lütfünü insanlara nazil edən bir kanaldır. Müəllim və təbliğçinin vəzifəsi insanlara öz fikirlərini və həqiqətlərini deyil, İsa Məsihdə verilən həqiqəti çatdırmaqdır.

SAXTA BƏHRƏLƏR (Matta 7:15-20 (ardı))

Bu hissədə yalançı peyğəmbərlərin gətirdiyi zərərli bəhrələr haqqında çox şey danışılır. Yalançı peyğəmbərlər hansı pis təsirləri və zərərli bəhrələri gətirə bilər?

1. Əgər təlim yalnız davranış normalarına və ayinlərə zahirən riayət etməyə yönəlmiş bir iman yolu yaradırsa, deməli, yanlışdır.

İlahiyyatçılar və fariseylər məhz burada yanılıblar. Onların fikrincə, Allahın yolu formal mərasim qanununa riayət edilməsinə əsaslanır. Əllərini düzgün qaydada yuyan, şənbə günləri iki əncirdən ağır heç nə daşımayan, qanunla icazə veriləndən artıq yol getməyən, bağındakı ədviyyat və göyərtilərdən də onda birini verən adam xeyirxah insandır.

İman yolunu dindar insanın zahiri təzahürləri ilə qarışdırmaq çətin deyil. Hətta öyrətmək olar ki, Allaha iman — İmanlı Cəmiyyətinə getmək, cəmiyyət qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmək, Müqəddəs Kitabı oxumaqdır. İnsan bütün bunları etsə də, məsihçilikdən uzaq düşə bilər. Çünki məsihçilik — həm Allaha, həm də insana düzgün münasibət göstərməkdir.

2. Əgər təlim yalnız qadağalardan ibarətdirsə, o, yanlışdır. Bir sıra qadağalara əsaslanan hər hansı bir iman yolu — «Belə etmək olmaz!» — saxta yoldur. Məsihçi olmağa qərar verən insana belə deyən müəllimlər var: «Bundan sonra sən kinoya getməyəcəksən; bundan sonra rəqs etməyəcəksən; bundan sonra siqaret çəkməyəcəksən; gözlərinə sürmə çəkməyəcək və dodaqlarını boyamayacaqsan; bundan sonra roman və qəzetlər oxumayacaqsan; bundan sonra teatra getməyəcəksən».

Əgər insan yalnız bu və ya digərindən çəkinməklə məsihçi olsaydı, məsihçilik daha sadə iman yolu olardı. Lakin məsihçiliyin mahiyyəti nədənsə çəkinməkdə deyil, nəsə etməkdədir. Laqeyd davranış heç vaxt Allahın sevgisinə cavab ola bilməz.

3. İman yolunu asanlaşdıran təlim saxtadır. Paulun dövründə də yalançı peyğəmbərlər var idi. Onların təlimlərini Romalılara məktub 6-cı fəsildə görmək olar. Onlar Paula deyirdilər: «Sən kainatda Allah məhəbbətindən böyük heç nə olmadığına inanırsan?» — «Bəli, inanıram». — «Bəs sən Allahın lütfünün hər hansı bir günahı bağışlayacaq qədər böyük olduğuna inanırsan?» — «Bəli». — «Əgər belədirsə, onda gedək və ürəyimiz istədiyi qədər günah işlətməyə davam edək. Allah onsuz da bağışlayacaq. Bundan başqa, günahlarımız Allahın Öz böyük lütfünü göstərməsi üçün yaxşı imkandır». Bu cür iman yolu Allahın məhəbbətini təhqir edir.

İman yolunu sarsılmazlıqdan məhrum edən, məsihçilikdən Çarmıxı ləğv edən, Məsihin ciddiliyini aradan qaldıran, mühakiməni arxa plana atan və insanları günaha laqeyd yanaşmağa sövq edən istənilən təlim yalançı təlimdir.

4. Əgər təlim iman yolunu həyatdan ayırırsa, deməli, yanlışdır. Məsihçinin həyatda və dünyəvi işlərdə yeri olmadığını deyən istənilən təlim yalandır. Rahiblərin və münzəvilərin səhvi də elə bunda idi. Onlar inanırdılar ki, məsihçi həyatı yaşamaq üçün səhraya və ya monastıra üz tutaraq dünyanın cazibəsindən və imtahanlarından qurtulmalıdır. Onlar elə hesab edirdilər ki, dünyəvi həyatı tərk etməklə həqiqi məsihçi ola bilərlər. İsa Məsih şagirdləri üçün belə dua etmişdir: «Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm» (Yəhya 17:15). Biz öz məsihçi prinsiplərini qəzetdəki gündəlik işi ilə uyğunlaşdıra bilməyən bir jurnalist haqqında eşitmişik. O, sırf ruhani jurnalda işləmək üçün öz işini tərk edib. Fərarilik edən yaxşı əsgər ola bilməz. Eləcə də fərarilik edən məsihçi Məsihin əsgəri ola bilməz. Əgər maya xəmirə daxil olmaqdan imtina edərsə, xəmiri necə mayalandıra bilər? Əgər şəhadət iman etməyənlər üçün nəzərdə tutulmayıbsa, onun dəyəri nədir? İnsanları həyata münasibətdə yalnız «müşahidəçi» olmağa səsləyən istənilən təlim yalandır. Məsihçi eyvandakı müşahidəçi deyil, bütün həyat mübarizələrində fəal iştirak edən şəxsdir.

5. Təkəbbürə və uzaqlaşmağa səbəb olan təlim yanlışdır. İnsanı qapalı bir məzhəbə qoşulmağa və dünyaya günahkar kimi baxmağa təşviq edən hər hansı təlim yalançı təlimdir. İman yolunun vəzifəsi ayırıcı divarlar ucaltmaq deyil, onları yıxmaqdır. İsa Məsihin arzusu o idi ki, bir sürü və bir Çoban olsun (Yəhya 10:16). Özünü xüsusi hesab etmək iman yolu deyil, ona ziddir.

İman yolu insanları bir araya gətirməlidir, bir-birindən ayırmamalıdır. İman yolu insanları bir ailədə birləşdirməlidir, onları düşmənçilik edən qruplara bölməməlidir. Allahın lütfü üzərində inhisara (monopoliya) malik olduğunu iddia edən hər hansı imanlı cəmiyyətin və ya təriqətin öyrətdiyi təlim yanlışdır. Çünki Məsih parçalamır, əksinə, birləşdirir.

21-23

SAXTA BƏHANƏ ALTINDA (Matta 7:21-23)

Bu hissədə heyrətamiz bir məqamı qeyd etmək lazımdır: İsa Məsih deyirdi ki, yalançı peyğəmbərlərin bir çoxu təsirli sözlər danışacaq və möcüzəli işlər görəcəklər. Biz qədim dünyanın necə olduğunu xatırlamalıyıq. Qədimdə möcüzələr yaratmaq adi hal idi. Bu cür möcüzələrin çoxluğu qədimdə xəstəliklər haqqında təsəvvürlərin nəticəsi idi. Qədimdə bütün xəstəliklər cinlərin fəaliyyəti ilə əlaqələndirilirdi. Belə hesab olunurdu ki, insan xəstələnibsə, deməli, cin ona zərər yetirib, yaxud bədəninin hər hansı üzvünə və ya orqanına daxil olub. Buna görə də pis ruhları qovmaqla şəfaya nail olmağa çalışırdılar. Bu səbəbdən, müasir dillə desək, bu qədər xəstəliklərin kökü insan psixikasında olurdu. Beləcə bunların şəfası da psixikadan irəli gəlirdi. Əgər insan özünü cinə tutulduğuna inandıra bilirdisə, həmin adam, şübhəsiz ki, xəstələnirdi. Əgər kimsə onu iblisin hakimiyyətinin dağıldığına inandıra bilsəydi, təbii ki, o sağalırdı.

İmanlı Cəmiyyətinin ağsaqqalları heç vaxt bütpərəstlik möcüzələrini inkar etmirdilər. Qədim Roma ensiklopedisti Sels Məsihin göstərdiyi möcüzələrə cavab olaraq Eskulapus və ya Apollona aid edilən möcüzələrdən bəhs edirdi. Bu arqumentlərə cavab verən ilk məsihçi ilahiyyatçısı və filosofu Origen həmin möcüzələrin varlığını inkar etmirdi. «Özlüyündə belə bir şəfa gücü nə yaxşı, nə də pisdir. O, həm allahsız, həm də saleh insanlar üçün mövcuddur» (Origen: «Selsə qarşı» 3:22). Hətta Əhdi-Cədiddə biz İsanın adından istifadə edib cinləri qovan cindarlar haqqında oxuyuruq (Həvarilərin İşləri 19:13). Onların arasında İsanın İlahiliyini qəbul etməyən və adından istifadə edərək cinə tutulmuş insanlara möcüzəvi təsir göstərən çoxlu insanlar və şarlatanlar da var idi. İsa burada deyir ki, hiylə ilə Onun adından istifadə edənlər üçün hesabat günü gələcək; onların əsl niyyətləri üzə çıxacaq və Allahın hüzurundan qovulacaqlar.

Bu hissədə iki böyük həqiqət öz əksini tapmışdır: insanın səmimiyyətini yoxlamağın yalnız bir yolu var — bu da onun əməlləridir. Gözəl sözlər yaxşı əməlləri əvəz edə bilməz. Sevgini ancaq itaətlə sübut etmək olar. Bir insanı sevdiyini deyib, ürəyini parçalayan işlər görmək mənasızdır. Yəqin ki, gəncliyimizdə hamımız anamıza «Ana, mən səni o qədər sevirəm ki» demişik. Anamız isə hərdən fikirli halda gülümsəyərək deyirdi: «Kaş bunu əməllərinlə göstərəsən». Beləcə biz çox vaxt sözlərimizlə Allaha iman etdiyimizi deyirik, sonra isə həyat tərzimizlə Onu inkar edirik. İman etdiyimizi iqrar etmək çətin deyil, amma məsihçi həyat tərzi yaşamaq çətindir. İmanı əməlsiz göstərməkdə ziddiyyət var. İtaətsiz məhəbbət göstərmək isə mümkün deyil.

Amma bu hissədə mühakimədən də bəhs olunur. Bütün hissə boyu qisas və mühakimə gününü görmək olar. İnsan uzun müddət yalan danışa və öz məqsədlərini gizlədə bilər. Lakin gün gələcək ki, yalan üzə çıxacaq və hər şey ifşa olunacaq. Öz sözümüzlə insanları aldada bilərik, amma Allahı yox. «Fikirlərimi uzaqdan duyursan» (77 səh. Zəbur 139:2). Bir sözlə, hər bir insanın qəlbində olanı görən Allahı heç kim aldada bilməz.

24-27

YEGANƏ DÜZGÜN TƏMƏL (Matta 7:24-27)

İsa Məsih sözün hər iki mənasında hər şeyə bələd idi. O, Müqəddəs Yazılar üzrə mütəxəssis idi. İsa bu fikri Məsəllər kitabının müəllifindən götürmüşdür: «Qopan tufan şəri süpürüb aparar, salehin təməli əbədi qalar» (Süleymanın məsəlləri 10:25). Onun məsəl çəkdiyi iki ev və iki bənna mənzərəsi buradan qaynaqlanır. İsa eyni zamanda həyat mütəxəssisi idi. Peşəsindən irəli gələrək, O, evlərin tikintisi ilə bağlı hər şeyi bilirdi. O, evin təməli haqqında danışanda, nədən bəhs etdiyini bilirdi. Bu məsələ elmi araşdırmanın məhsulu deyil. Bu məsələ təcrübədən götürülmüş mütəxəssisin fikridir. İsraildə bənnalar hər şeyə diqqət yetirməli və qabağı görməli idilər. Orada yayda gözəl qumlu çuxurlara bənzəyən, qışda isə gur çaylara çevrilən çoxlu yarğanlar var idi. İnşaatçı düşünə bilərdi ki, ev tikmək üçün əlverişli yer tapıb. Əgər o, uzaqgörən olmasa, qurumuş çay yarğanında ev tikə bilərdi. Amma qış başlayanda, ev uça bilərdi. Adi bir yerdə belə, torpağı qazıb daşlı yerə çatmadan evi yumşaq qumun üstündə tikmək cəlbedici görünürdü. Amma bu, düşünülməmiş bədbəxtlik olardı.

Yalnız möhkəm təməllər üzərində qurulan evlər tufana tab gətirə bilər. Eləcə də möhkəm təməl üzərində qurulan həyat, bütün sınaqdan uğurla keçə bilər. İsa insanlardan iki şey tələb edirdi.

1. O tələb edirdi ki, insanlar Onu eşitsinlər. Problem ondadır ki, insanlar indi də İsanın nə dediyini və İmanlı Cəmiyyətinin nə öyrətdiyini bilmir. Əslində, vəziyyət daha da qəlizdir: insanlar İsanın dedikləri və ya İmanlı Cəmiyyətinin öyrətdikləri barədə tamamilə səhv təsəvvürə malikdirlər. Dürüst insan hər hansı bir insanı və ya təşkilatı onu dinləmədən mühakimə etməməlidir. Bu gün çoxlarının etdiyi də məhz elə budur. Məsihçi həyatında ilk addım — İsa Məsihin nə dediyinə qulaq asmaqdır.

2. İsa tələb edir ki, insanlar hərəkət etsinlər. Bilik əməllə icra olunanda yerində olur. Məsələn, bir insan məsihçi etikası imtahanından uğurla keçə bilər, amma məsihçi ola bilməz. Bilik əmələ, nəzəriyyə təcrübəyə, ilahiyyat isə həyat tərzinə çevrilməlidir. Həkimə gedib məsləhətini qəbul etməməyimiz mənasızdır. Məsləhətlərə əməl etməyə hazır olmayan biri üçün mütəxəssisin yanına getməyin mənası yoxdur. Buna baxmayaraq, minlərlə insan bazar günləri İsa Məsihin təliminə qulaq asır və Onun nə öyrətdiyini yaxşı bilir. Ancaq onlara əməl etmək üçün az səy göstərir və ya heç nə etmir. İsanın davamçısı olmaq istəyən hər kəs dinləməli və əməl etməlidir.

Bəs hər iki mənanı eyni anda birləşdirən söz varmı? Bəli, var. Bu, itaət etmək sözüdür. İsa bizdən qeyd-şərtsiz itaət etməyi tələb edir. İtaət etməyi öyrənmək — həyatda ən vacib şeydir.

Bir dəfə qəzetdə hərbi dənizçinin nizam-intizamı pozduğuna görə çox amansız cəzası haqqında yazmışdılar. Cəza o qədər ağır idi ki, bəzi mülki məhkəmələr bunun həddindən artıq sərt cəza olduğunu hesab etmişdilər. Qəzetlərdən biri oxucular arasında cəzanın şiddəti ilə bağlı sorğu apardı. Bir vaxtlar donanmada xidmət edən bir adam cavab verdi ki, cəza çox da ağır deyil. O hesab edirdi ki, nizam qaydalarına tabe olmaq çox vacib məsələdir. Çünki nizam-intizamın məqsədi — insanın əmrləri sorğu-sualsız yerinə yetirməsindən ibarətdir. İnsan həyatı bu cür itaətdən asılı ola bilər. Həmin oxucu öz həyatından növbəti hekayəni misal gətirdi: bir dəfə o, açıq dənizdə daha ağır gəmini dəmir trosla yedəkləyən motorlu qayıqda idi. Birdən küləyin əsdiyi və dəniz suyunun sıçradığı vaxt kapitanının «Uzan!» deyə qışqırdığını eşitdi. Motorlu qayığın bütün ekipajı dərhal göyərtəyə uzandı. Həmin anda dəmir tros qırıldı. Onun qırılan ucu quduz polad ilan kimi havada oynadı. Əgər kimsə zərbə alsaydı, yerindəcə öləcəkdi. Lakin bütün komanda avtomatik olaraq əmrə tabe oldu və heç kim zərər görmədi. Əgər kimsə mübahisə və ya «Nə üçün?» soruşsaydı, bu onun sonu olardı. İtaət həyatları xilas etdi.

İsa Məsih də bizdən məhz bu cür itaət tələb edir. İsa bəyan edir ki, Ona itaət etmək — həyatın etibarlı təməlidir. O, həmçinin deyir ki, Ona itaət üzərində qurulan həyat, hansı tufanın baş verməsindən asılı olmayaraq, tamamilə təhlükəsizdir.

Azərbaycan dilində Müqəddəs Kitab

Mühakimə etməyin
(Luka 6:37-42)
1 Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2 Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3 Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4 Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5 Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.
6 Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
Dua haqqında təlim
(Luka 11:9-13)
7 Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9 Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10 Ya da balıq diləsə, ona ilan verərmi? 11 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
12 İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
Dar qapı və geniş qapı
(Luka 13:24)
13 Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14 Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Ağac və bəhrə
(Matta 12:33-35; Luka 6:43-46; 13:25-27)
15 Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16 Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17 Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18 Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19 Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20 Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.
21 Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22 O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23 Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”
Ağıllı bənna və ağılsız bənna
(Luka 6:47-49)
24 Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26 Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27 Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».
28 İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29 çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.