1-18
Biz altıncı fəsli araşdırmağa başlayan kimi, qarşımızda belə bir sual dayanır: mükafatlandırmaq ideyası məsihçilikdə hansı yeri tutur? Bu hissədə İsa Məsih üç dəfə qeyd edir ki, Allah Onun istədiyi kimi Ona xidmət edən insanları mükafatlandırır (Matta 6:4,6,18). Bu sual o qədər vacibdir ki, fəsli ətraflı araşdırmamışdan öncə ona cavab tapmaq yaxşı olardı.
Bəzən belə iddia edirlər ki, məsihçi həyatında mükafatlandırmaya yer yoxdur. Elə güman edilir ki, biz xeyirxah olmalı olduğumuz üçün xeyirxah olmalıyıq və xeyirxahlıq məsihçinin yeganə mükafatıdır. Elə buna görə də mükafat ideyasını məsihçinin həyatından silmək lazımdır. Bir məsihçi deyirdi ki, insanlar xeyirxahlıq naminə xeyirxahlığa can atsınlar, mükafatlandırma və cəza ideyası onların həyatından çıxsın deyə, bütün cəhənnəm atəşlərini su ilə söndürməyə və bütün cənnət sevinclərini odla yandırmağa hazırdır.
İlk baxışda bu fikir çox yaxşı səslənir. Lakin İsa Məsih fərqli düşünürdü. Biz artıq gördük ki, İsa bu hissədə üç dəfə mükafatlandırmadan danışır. Mükafatlandırılanlar isə düzgün sədəqə verənlər, dua edənlər və oruc tutanlar olacaqlar.
Bu, İsa Məsihin təlimində mükafat haqqında yeganə hal deyil. O deyir ki, təqiblər zamanı sadiq qalanlar və kin-küdurət bəsləmədən təhqirlərə dözənlərin mükafatı böyük olacaq (Matta 5:12). İsa deyir ki, kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə mükafatsız qalmayacaq (Matta 10:42). Talant barədə məsəlin mənası odur ki, sadiq qul mükafatlandırılacaq (Matta 25:14-30). Hökm günü ilə bağlı məsəldə aydın görünür ki, insan soydaşlarının ehtiyacına necə yanaşdığına görə ya mükafatlandırılacaq, ya da cəzalandırılacaq (Matta 25:31-46). İsa Məsih mükafat və cəza haqqında tərəddüd etmədən danışırdı. Biz də mükafat məsələsində İsadan daha ruhani olmağa çalışmamalıyıq. Burada bir neçə faktı qeyd etmək yerinə düşər.
Həyat açıq-aydın göstərir ki, heç bir nəticə verməyən bütün cəhdlər mənasız və faydasızdır. Lazımi nəticəni verməyən xeyirxahlıq və səxavət mənasızdır. Necə deyərlər: «Təyin olunduğu məqsədinə çatmayan şey faydasızdır». Əgər məsihçinin həyatının məqsədi ona sevinc gətirmirsə, demək, bu məqsəd mənasızdır. Məsihçi həyatı yaşayan və Allahın vədlərinə güvənən insan, xeyirxahlığın o biri dünyada bəhrə verməyəcəyinə inana bilməz.
İman yolundan mükafat və cəza ideyasını rədd etməklə ədalətsizliyin həmişə qalib gələcəyini elan etmiş oluruq. Xeyirxah insanla pis insanın aqibətinin eyni olacağını düşünmək ağılsızlıq olardı. Bu o deməkdir ki, Allah üçün yaxşı insanla pis insanın heç bir fərqi yoxdur. Kobud dillə desək, yaxşı və xeyirxah olmağın mənasız olduğu anlamına gəlir. Mükafat və cəza fikrini imandan kənarlaşdırmaq, Allahda ədalət və sevgi olmadığını söyləməyə bərabərdir.
Həyata məna qatmaq üçün cəza və mükafat vacibdir.
Məsihçilikdə mükafat
Məsihçilikdə mükafat və əvəz ideyasını araşdırmaq üçün bizə bir neçə məqama aydınlıq gətirmək lazımdır.
İsa Məsih əvəzini almaqdan danışarkən maddi mükafatları nəzərdə tutmurdu. Düzdür, Əhdi-Ətiqdə xeyirxahlıq və firavanlıq fikirləri bir-biri ilə sıx əlaqəlidir. Əgər insan firavanlıqda yaşayırsa, onun tarlası bol məhsul gətirirsə, onun çoxlu uşağı və var-dövləti varsa, bu onun yaxşı insan olmağına dəlalət edirdi.
Əyyubun kitabının əsasında da məhz bu uğursuzluq dayanır. Əyyubun hər tərəfdən bəxti gətirmirdi. Onun dostları yanına gəlib iddia edirdilər ki, başına gələn bədbəxtliklər günahı ilə əlaqədardır. Əyyub isə bu ittihamı var-gücü ilə rədd edirdi. Elifaz dedi: «Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən?» (Əyyub 4:7). Bildad dedi: «Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, sənə layiqincə bir məskən verərdi» (Əyyub 8:6). Sofar dedi: «Allaha deyirsən: «İmanda safam, gözün görür ki, pakam. Kaş ki Allah danışaydı, sənə qarşı ağzını açaydı. Səni hikmətin sirlərindən agah etsəydi, hikmətin çox şaxələri üzə çıxardı» (Əyyub 11:4-6). Əyyub kitabı xeyirxahlığın uğura bərabər olduğu fikrini təkzib etmək üçün yazılmışdır. Məzmurçu deyir: «Gəncliyimdən qocalığımadək salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm» (Zəbur 37:25). «Yanında min nəfər, sağında on min nəfər qırılsa, sənə xətər dəyməz. Gözlərinlə baxacaqsan, pislərin cəzasını görəcəksən. «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün şərə düçar olmazsan, bəla çadırından uzaq qaçar» (Zəbur 91:7-10). İsa Məsih isə bu sözü heç vaxt deməzdi. Yox, İsa şagirdlərinə maddi firavanlıq vəd etmədi. Əksinə, O, şagirdlərinə ağır sınaqlar, bədbəxtlik, iztirab, təqib və ölümlə qarşılaşacaqlarını dedi. Aydın məsələdir ki, İsa bunları deməklə maddi şeyləri nəzərdə tutmurdu.
Ən yüksək mükafatı qazanmaq istəyənlər heç vaxt onu əldə etmirlər. Bu məqama xüsusi diqqət yetirmək lazımdır.
Mükafat almağa can atan insan özlüyündə layiq olduğu mükafatı dəyərləndirir, amma axtardığını ala bilməyəcək. Çünki onun Tanrıya və həyata baxışları düzgün deyil. Özü üçün həmişə əvəz hesablayan insan Tanrını hakim, yaxud mühasib gözündə görür. Həyata isə qanun çərçivəsində baxır. O fikirləşir ki, nə qədər iş görübsə, o qədərinə də layiqdir; həyat — mədaxil və məxaric kitabçasıdır. O, bu kitabçanı Tanrıya verib deyəcək: «İndi isə mən öz mükafatımı almaq istəyirəm».
Belə yanaşma səhvdir. İlk növbədə ona görə ki, həyata məhəbbət yox, qanun nöqteyi-nəzərindən yanaşılır. Bir insanı dərindən və fədakarlıqla sevərkən ona nə qədər çox sevgi versək də, həmişə borclu qaldığımızı düşünəcəyik. Hətta sevdiyimizə günəşi, ayı və bütün ulduzları versək belə, yenə də az olacaq. Sevən insan həmişə borclu olduğunu düşünür. Belə adamın heç ağlına gəlmir ki, o, hansısa mükafata layiqdir. Həyatı qanunlar baxımından çək-çevir edən insan daim layiq olduğu mükafat barədə düşünür. Həyata sevgi nöqteyi-nəzərindən yanaşan insanın ağlına isə belə fikirlər gəlmir.
Məsihçilik baxımından mükafatın ən böyük paradoksu budur: mükafata layiq olduğunu düşünən onu heç vaxt almayacaq, yalnız sevgi ilə idarə olunan və mükafata layiq olduğunu düşünməyən insan isə mükafatlandırılacaq. Maraqlısı odur ki, məsihçilikdə mükafat almaq həm məsihçi həyatının nəticəsi, həm də son hədəfidir.
2. Məsihçilikdə mükafat
İndi isə özümüzə belə sual verməliyik: «Məsihçilikdə mükafat nədən ibarətdir?»
İlk növbədə biz hamıya məlum olan əsas həqiqətə nəzər salmalıyıq. Biz gördük ki, İsa Məsih maddiyyata bağlı mükafatlar barədə heç düşünmürdü. Məsihçi həyatında mükafat ruhaniliyə can atan insanlar üçündür. Həmin mükafatın maddi dəyərlərə köklənən insanlar üçün heç bir mənası olmayacaq. Məsihçinin mükafatı yalnız ona aid mükafatdır.
Məsihçinin ilk mükafatı məmnunluqdur. Yaxşı işlər görmək, Məsihə itaət etmək, Onun yolunu tutmaq və bütün bunlara görə əvəzini alıb-almamasından asılı olmayaraq, əməlləri məsihçiyə məmnuniyyət gətirir. Ola bilsin ki, yaxşı işlər görən və Məsihə itaət edən insan var-dövlətini, nüfuzunu itirə, həbsə düşə, hətta edam oluna, pis ad qazanıb tənha qala bilər, amma heç kəsin ondan ala bilməyəcəyi daxili məmnunluq hissini itirməz. Bu məmnuniyyəti heç bir valyuta ilə dəyərləndirmək olmaz. Ümumiyyətlə, dünyada bu hissə bərabər heç nə yoxdur. O, həyat çələngidir.
İngilis şairi Corc Herbert dostları ilə birlikdə həvəskar musiqi orkestri yaratmışdı. Bir dəfə məşqə gedərkən yolda palçığa batıb qalan yükdaşıyan arabaçı gördü. O, musiqi alətini bir kənara qoyub arabaçının köməyinə tələsdi. Bu, çox vaxt apardı. Onlar arabanı palçıqdan çıxaranda Herbert tamamilə palçığa batmışdı. O, dostlarının yanına gələndə, məşq etmək üçün artıq çox gec idi. O, dostlarına gecikməyinin səbəbini izah edəndə, onlardan biri dedi: «Sən bütün musiqini ötürdün». Herbert isə cavabında «Düz deyirsən. Amma bütün gecəni musiqi dinləyəcəyəm» dedi. O, əsl məsihçi kimi davrandığına görə öz hərəkətindən razı qalmışdı.
Plastik cərrahiyyə üzrə ən böyük ingilis mütəxəssislərindən biri haqqında belə hekayə var: o, müharibə dövründə ona böyük pullar gətirən işini tərk edib özünü döyüşlərdə yandırılan və eybəcər hala düşmüş pilotların üzlərinin və cəsədlərinin bərpasına həsr etmişdi. Ondan soruşanda ki, həyatınızın əsas məqsədi nədir, o, belə cavab vermişdi: «Mən yaxşı sənətkar olmaq istəyirəm». Böyük pullar fədakar əməyin ona verdiyi məmnuniyyət hissi ilə müqayisəyə gəlmirdi.
Bir dəfə qadın küçədə pastorun qarşını kəsib dedi: «Qoy Rəbb sənə xeyir-dua versin». Qadın adını demədən, sadəcə minnətdarlıq edərək yoluna davam etdi. Pastor bir neçə saniyəlik donub qaldı. Sonra o, bu hadisəni belə təsvir etmişdi: «Sanki duman yoxa çıxdı, günəş doğdu. Mən Tanrının yüksəkliklərindən gələn təravətli mehi içimə çəkdim». Belə baxanda, pastor maddi heç nə əldə etməmişdi. Lakin kiməsə kömək etdiyinə görə duyduğu məmnuniyyət hissi ona əbədi xəzinə bəxş etmişdi.
Beləliklə, məsihçinin ilk mükafatı heç bir pulla alınmayan məmnunluq hissidir.
Məsihçinin ikinci mükafatı ondan ibarətdir ki, o, daha böyük iş görməlidir. Məsihçi mükafatında paradoks odur ki, layiqincə yerinə yetirilmiş iş istirahətə, rahatlığa haqq vermir. Əksinə, özü ilə daha böyük tələblər və səylər gətirir. Talant haqqında olan məsəldə sadiq qulun mükafatı daha məsuliyyətli tapşırıq idi (Matta 25:14-30). Parlaq gənc musiqiçiyə sadə deyil, daha çətin əsərləri ifa etmək tapşırılır. İkinci heyətdə yaxşı oynayan oğlanı meydanda rahat gəzişmək üçün üçüncü heyətə yox, daha çox səy göstərəcəyi birinci heyətə göndərirlər. Yəhudilərin maraqlı məsəli var idi. Onlar deyirdilər ki, müdrik müəllim «öz şagirdi ilə öküz kimi davranır, hər gün onun yükünü tədricən artırır». Məsihçi mükafatı dünyadakı mükafatdan fərqlənir. Dünyəvi mükafat alan insanın işi rahatlanır. Məsihçi mükafatı isə odur ki, Tanrı insana getdikcə daha çətin tapşırıqlar verir. Bu tapşırıqlar məsihçi üçün Tanrıya və qardaşlarına xidmət etməkdən ibarətdir. Tapşırığımız nə qədər böyük olarsa, mükafat da bir o qədər böyük olacaq.
Məsihçinin üçüncü, sonuncu mükafatı isə Tanrı ilə görüşməkdir. Allah barədə heç vaxt düşünməyən dünyəvi insan üçün Allahla görüş sevinc yox, dəhşət gətirir. Öz yolu ilə gedən insan tədricən Allahdan uzaqlaşır; Allah onun üçün görüşmək istəmədiyi yad bir Şəxsə çevrilənədək onunla Allah arasındakı uçurum getdikcə dərinləşir. Yox, əgər insan ömrü boyu Allahın yolu ilə getməyə, Ona itaət etməyə can atırsa, həmişə yaxşılığı axtarırsa, onda o, get-gedə Tanrıya yaxınlaşır. Sonda isə qorxmadan sevinclə Tanrının hüzuruna daxil olur. Bu isə ən böyük mükafatdır.
Yəhudilər üçün dindarlıqda üç böyük və son dərəcə əhəmiyyətli ibadət var idi: sədəqə, dua və oruc. İsa Məsih heç vaxt bu üç şey barədə mübahisə etməzdi. Amma Onu narahat edən başqa şey idi: sədəqə, dua və oruc çox vaxt pis niyyətlə edilirdi.
Nə qədər qəribə olsa da, insanlar məhz bu üç böyük ibadət formasını çox vaxt pis məqsədlə istifadə edirdilər. Bu, təkzibolunmaz fakt idi. İsa xəbərdarlıq edir ki, şöhrət naminə diqqəti cəlb etmək üçün edilən ibadət öz dəyərini itirir. Bir insan digərinə kömək məqsədilə deyil, hər kəsə səxavətini göstərmək, kiminsə minnətdarlığından və tərifindən zövq almaq üçün sədəqə verə bilər. İnsan Allaha deyil, insanlara yönələn dualar edə bilər. O öz möminliyini başqalarına göstərmək üçün xüsusi dua edə bilər. İnsan canının faydası və Allahın önündə həlimləşməkdən ötrü deyil, bütün dünyaya öz nəfsinə necə hakim olmasını nümayiş etdirmək üçün oruc tuta bilər. İnsan yalnız hamıdan tərif almaq, nüfuzunu qaldırmaq və dünyaya yaxşılıqlarını göstərmək üçün yaxşı işlər görə bilər.
Belə əməllər Məsihin gözündə öz «əvəz»ini alır. İsa Məsih üç dəfə vurğulayır: «Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar» (Matta 6:2,5,16). Bu cümləni belə desək, daha yaxşı olar: «Onlar artıqlaması ilə əvəzini alıblar». Yunan mətnində burada apeheyn sözü istifadə olunur. Bu isə haqqını artıqlaması ilə almaq mənasında istifadə olunan ticarət termini idi. Bu söz qəbzlərdə istifadə olunurdu. Məsələn, bir nəfər digərinə qəbz verib deyirdi: «Mən səndən kirayəyə götürdüyün zeytun sıxan cihaz üçün kirayə haqqı (apeho) aldım». Vergiyığanlar da belə qəbz verirdilər: «Mən səndən vergi haqqını (apeho) aldım». Ağa qulunu satanda belə qəbz verirdi: «Mən çəkdiyim bütün xərcin haqqını (apeho) aldım».
Başqa sözlə, Məsih belə deyir: «Əgər siz səxavətinizi göstərmək naminə sədəqə verirsinizsə, insanların rəğbətini qazanırsınız. Beləliklə, etdiklərinizin əvəzini artıqlaması ilə alırsınız. Əgər siz möminliyinizi göstərməkdən ötrü dua edirsinizsə, onda dindar kimi nüfuz qazanacaqsınız. Bu da sizə artıqlaması ilə ödənilən əvəzdir». «Əgər sizin məqsədiniz dünyəvi mükafat almaqdırsa, əmin olun ki, onu alacaqsınız. Amma buna görə Tanrıdan əvəzini almağı gözləməyin». Fani mükafatlara görə əbədiyyətin mükafatını əldən verən insan uzaqgörən deyil, bədbəxtdir.
Sədəqə vermək və xeyriyyəçilik yəhudilərin müqəddəs borcu sayılırdı. Çünki yəhudilərin çedaka sözü eyni zamanda həm saleh, həm də sədəqə mənasında işlənirdi. Sədəqə vermək salehlik sayılırdı. Sədəqə vermək Allahı razı salmaq, hətta keçmiş günahlara görə bağışlanmaq demək idi.
Ravvinlərin belə bir məsəli var idi: «Sədəqə verən adam qurban gətirəndən üstündür». Yaxşı əməllərin siyahısında sədəqə vermək birinci yerdə dururdu.
Buna görə yaxşı və xeyirxah olmaq istəyən insan canla-başla sədəqə verirdi. Ravvinlərin belə təlimi İsanın təliminə uyğun gəlirdi. Ravvinlər də süni xeyirxahlığa qarşı idilər. Onlar deyirdilər ki, gizlində sədəqə verən insan Musadan üstündür. Onların fikrincə, «sədəqə alan kimdən aldığını, sədəqə verən isə kimə verdiyini bilməyəndə» ölümdən xilas olur. Sədəqə vermək istəyən ravvin onu başının üstündən arxaya atardı ki, kimin götürdüyünü görməsin. Onlar deyirdilər ki, insana nəsə verib utandırmaqdansa, heç nə verməmək daha yaxşıdır. Məbəddə gözəl bir ənənə var idi. Orada Sükut adlanan bir otaq var idi. Günahından təmizlənmək istəyən insan otağa pul qoyurdu. Bununla da müflisləşmiş zadəgan ailələrə gizli kömək etmiş olurdu.
Amma əməllər çox vaxt qaydalardan kəskin fərqlənirdi. İnsanlar sədəqəni elə verirdilər ki, hamı onu görə bilsin. Həm də kiməsə kömək məqsədilə deyil, özlərinə izzət qazanmaq üçün verirdilər. Sinanoqda ibadət vaxtı kasıblar üçün ianə yığılanda, çoxları elə edirdi ki, hamı onların nə qədər verdiyini görsün. O vaxtlar belə bir qədim şərq adəti var idi: «Şərqdə su qıtlığı o qədər çox idi ki, bəzən onu pulla almaq lazım gəlirdi. Əgər insan yaxşılıq etmək və bununla da ailəsinə xeyir-dua qazanmaq istəyirdisə, o, su satanın yanına gedib belə deyərdi: «Susayanlara su ver, içsinlər». Su satan adam tuluğu su ilə doldurub meydana çıxar və qışqırardı: «Ey susayanlar, gəlin, ehsanlıq sudan için». Ehsan verən insan isə yanında dayanıb deyirdi: «Sizə su ehsan etdiyim üçün mənə xeyir-dua verin»«. İsanın da qınadığı məhz bu kimi əməllər idi. O, belə edənləri ikiüzlü adlandırırdı. Yunan dilində ikiüzlü — artist deməkdir. Belə insanlar nüfuz qazanmaqdan ötrü rola girib sədəqə verirdilər.
İndi isə insanların hansı niyyətlə sədəqə verməsinə baxaq.
İnsan sədəqəni borc xatirinə verə bilər. O vermək istədiyinə görə deyil, borc hissindən azad ola bilmədiyinə görə sədəqə verir. İnsan hətta qeyri-iradi olaraq belə düşünə bilər: yer üzündə kasıblar ona görə mövcuddur ki, onun kimilər öz borcunu yerinə yetirib. Tanrının gözündə lütf qazansınlar.
Ketrin Karsuell «Oyanış» adlı avtobioqrafik janrlı kitabında Qlazqo şəhərindəki ilk günlərini belə təsvir edir: «Kasıblar, demək olar ki, bizim sevimlilərimiz və ərköyünlərimiz idi. Onlar həmişə yanımızda idi. Bizə kasıbları sevməyi, əyləndirməyi və onlara hörmət etməyi öyrətmişdilər». Sədəqə vermək hər kəsin borcu hesab olunurdu. Amma xeyriyyəçilik əksər hallarda əxlaqın təbliği və sədəqə verməkdən həzz almaqla əlaqələndirilirdi. O vaxtlar Qlazqo şənbə günlərinin axşamı sərxoş şəhər təsiri bağışlayırdı. Ketrin Karsuell yazır: «Atam uzun illər hər bazar günü günortayadək həbs kameralarını gəzər, şənbə günü sərxoş olanları bazar ertəsi işə çıxsınlar deyə, əlli dollar qarşılığında sərbəst buraxardı. Həftəlik maaşından əlli dolları qaytarmaları üçün hamının dilindən iltizam alardı». Təbii ki, atam haqlı idi. O, bunu özündən razı şəkildə edirdi və xeyirxah işi ilə başqalarına əxlaq dərsi verirdi. O özünü tamamilə başqa əxlaqlı kateqoriyaya aid edirdi. Dahi, amma özündən razı adam haqqında kimsə belə demişdi: «O, bunları can-dildən etmirdi». İnsan qürurla, sanki adına layiq və öz mənfəətini güdərək, özünü borclu hiss etdiyinə, hətta məsihçi olduğuna görə səxavətlə sədəqə verə bilər, amma heç vaxt bunu canla-başla etməz. Buna görə belə adamın sədəqəsi natamam hesab olunur.
İnsan öz nüfuzunu güdərək sədəqə verə bilər. O özünə şöhrət qazanmaqdan ötrü sədəqə verə bilər. Buna görə kimsə sədəqə barədə bilmədikdə və ya bu barədə danışmadıqda, həmin adam ola bilər ki, heç sədəqə verməsin. Əgər kimsə ona minnətdarlıq etməsə, ona tərif yağdırmasa, o, məyus olub qəzəblənəcək. Belə insan Allaha izzət gətirmək naminə deyil, özünə şan-şöhrət qazanmaqdan ötrü sədəqə verir. Belə insan kasıblara kömək etmək üçün deyil, özünü razı salmaq və güclü hiss etmək üçün sədəqə verir.
İnsan sadəcə sədəqə verməli olduğu üçün sədəqə verə bilər. Çünki ürəyini dolduran sevgi və yaxşılıq ona başqa cür hərəkət etməyə imkan vermir. O, sədəqə verir, çünki nə qədər çalışsa da, başqalarının ehtiyacı üçün duyduğu məsuliyyət hissindən qurtula bilmir.
On səkkizinci əsrdə yaşamış ingilis yazıçısı Semyuel Conson xeyirxah insan idi. Onun evində Robert Levett adlı bədbəxt insan yaşayırdı. Robert əvvəllər Parisdə ofisiant işləmişdi, sonra isə Londonun kasıb məhəllələrində həkimlik edirdi. Consonun təbirincə desək, o öz tərzi və davranışı ilə «varlıları özündən itələyir, kasıbları isə qorxudurdu». Budur, o, hansısa yolla Consonun evində məskən salmışdı. Consonun dostu bu vəziyyəti belə izah edirdi: «O (Levett), kasıb olsa da, dürüst insandır. Bu isə Conson üçün yaxşı xasiyyətnamədir. Levett bədbəxt insan idi. Bu onun üçün Consonun müdafiəsini təmin edirdi». Levett öz bədbəxtliyi ilə Semyuel Consonun ürəyinə yol tapmışdı.
Ceyms Bosvell Semyuel Conson barədə belə deyirdi: «Bir dəfə gecə evə gələrkən o, küçədə uzanmış qadın gördü. Həmin qadın o qədər taqətdən düşmüşdü ki, getməyə belə gücü yox idi. Conson qadını belinə alıb evinə gətirdi. Sonradan o bildi ki, həmin qadın əxlaqsızlığın, kasıblığın və xəstəliyin uçurumun dibinə yuvarlatdıqlarından biridir. Qadını kəskin şəkildə qınamaq, məzəmmət etmək əvəzinə, o, uzun müddət onun qayğısına qaldı. Conson onu sağaltmaq və düz yola qaytarmaqdan ötrü çoxlu pul və güc sərf etdi». Bütün bunların qarşılığında Consonun mükafatı yalnız layiq olmadığı şübhələr oldu. Lakin onun ürəyi ondan yaxşılıq etməyi tələb edirdi.
Ədəbi tarixin ən gözəl mənzərələrindən biri Semyuel Consonun özüdür. O, dilənçi vəziyyətdə olduğu halda sübh tezdən sahilə gələr, qapıda və girişdə yatan avara və evsizlərin ovuclarına qəpik-quruş basardı. Bir dəfə ondan soruşanda ki, evinin kasıb və əxlaqsız adamlarla dolmasına necə tab gətirir? O, belə cavab vermişdi: «Əgər mən onlara kömək etməsəm, onlara heç kim kömək etməyəcək. Amma onlar yoxsulluqlarına görə məhv olmamalıdırlar». Bax, budur, əsl sədəqə! Sevgi ilə dolub-daşan ürəkdən, Allahın məhəbbətinin dolğunluğundan gələn sədəqə!
Belə kamil sədəqə verməyin nümunəsini bizə İsa Məsihin Özü verib. Paul Korinfdə yaşayan dostlarına yazır: «Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı» (2Korinflilərə 8:9). Biz heç vaxt sədəqəmizi borc və ya qürur hissi ilə, nüfuz və ya şöhrətlə əlaqələndirməməliyik. Sədəqə sevən ürəkdən gəlməlidir. Biz İsa Məsihin verdiyi kimi verməliyik.
Yəhudilərin duası bütün millətlərin duasından ideal idi. Heç bir dində yəhudilərdəki kimi duaya bu qədər önəm vermirdilər. Ravvinlər deyirdilər ki, güclü dua bütün yaxşı əməllərdən üstündür. Ravvinlərin ailəyə aid dua haqqında digər gözəl məsəli də var idi: «Evində dua edən şəxs onu dəmirdən də möhkəm divarlarla əhatə edir». Ravvinlər bircə ona təəssüflənirdilər ki, bütün günü dua etmək olmur.
Amma yəhudilərin dua adətində müəyyən çatışmazlıqlar var idi. Qeyd etmək lazımdır ki, bu çatışmazlıqlar heç də yəhudilərin dua anlayışı ilə əlaqəli deyildi. Çatışmazlıqlar hər yerdə ola bilər. Amma bu çatışmazlıqlar duaya çox ciddi yanaşıldığı bir cəmiyyətdə yaranırdısa, bu, təkcə səhlənkarlıqdan və etinasızlıqdan irəli gəlmirdi. Onlar səhv anlaşılan möminlikdən qaynaqlanırdı.
Dua getdikcə rəsmi xarakter daşıyırdı. Yəhudilər gündəlik iki şeydən ötrü dua etməli idilər.
Birincisi, Şema idi. Bu dua Müqəddəs Yazıların üç ayəsinə əsaslanırdı: Qanunun təkrarı 6:4-9; 11:13-21; Saylar 15:37-41. Şema — dinləmək mənasını verən felin qədim ibrani dilində əmr formasıdır və adını «Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» ayəsindən almışdı. Bu ayə hər şeyin əsası idi.
Hər bir yəhudi səhər və axşam duanın hamısını oxumalı idi. Bu duanı bacardıqca tezdən, hava işıqlı ikən — mavini ağdan ayırmaq mümkün ikən oxunmalı idi. Başqa sözlə desək, üçüncü saata, yəni səhər saat doqquza və axşam saat doqquza qədər oxumaq lazım idi. Şemanı oxumaq vaxtı gələndə insan harada — evdə, küçədə, işdə, sinaqoqda — olmasından asılı olmayaraq, o, dayanmalı və dua etməli idi.
Bəziləri Şemanı sevirdi və ona ehtiramla yanaşaraq sidq ürəkdən edirdilər. Lakin böyük əksəriyyət onu tələm-tələsik oxuyub yollarına davam edirdi. Beləcə Şema sehrli bir düstur və mənasız bir təkrara çevrilmişdi. Biz məsihçilər bunu tənqid etməməliyik, çünki Şemanın rəsmi mızıldanmaq olması ilə bağlı deyilənlərin hamısını bu gün ailələrdə nahardan əvvəl oxunan duaya aid etmək olar.
Bundan əlavə, hər bir yəhudi, on səkkiz mənasını verən Şemoneh esrehi oxumalı idi. Şemoneh esreh on səkkiz duadan ibarət idi və bu günə qədər sinaqoqda ibadətin əsas ayini olaraq qalır. Duaların sayı tədricən on doqquza çatsa da, adı eyni olaraq qalır. Duaların əksəriyyəti həcmcə böyük deyil və demək olar ki, hamısı çox gözəldir. Məsələn, on ikinci dua belə səslənir:
«Ya Rəbb, seçdiyin İsrail xalqının dürüst, itaətkar ağsaqqallarına və qalan müəllimlərinə mərhəmətini göstər; aramızda yaşayan dindar qəriblərə, eləcə də hər birimizə qarşı xeyirxah ol. Sənə sidq ürəkdən iman edənlərin əvəzini ver. Qoy axirət günündə aqibətimiz və xəyallarımız boşa çıxmasın. Alqış olsun İsrailin Allahı Rəbbə, möminlərin ümidi və güvən yerinə».
Beşinci dua isə belə səslənir:
«Ey İsrailin Atası, bizi yenidən Öz Qanununa qaytar. Ey padşahların Padşahı, ürəyimizi Sənin üçün ibadətə döndər. Bizi həqiqi tövbə vasitəsilə Özünə tərəf döndər. Tövbəmizi qəbul edən İsrailin Allahı Rəbbə alqış olsun!»
Hətta imanlı cəmiyyətlərində Şemoneh esrehdən gözəl ibadət yoxdur. Qanuna görə, yəhudilər bu duanı gündə üç dəfə — səhər, gündüz və axşam oxumalı idilər. Burada da həmin şey baş verirdi: mömin yəhudi bu duaları sidq ürəkdən və ehtiramla edirdi, əksəriyyət üçünsə bu duaların toplusu rəsmi mızıldanmağa çevrilmişdi. Əgər dua etməyə insan vaxt tapmırdısa, yaxud on səkkiz duanı yadında saxlaya bilmirdisə, onda onun dua etməsindən ötrü bir növ xülasə tərtib edilirdi. Şimoneh esrehin təkrarı sehrli formuldan başqa bir şey deyildi. Yenə də biz məsihçilər bunu tənqid etməməliyik. Çünki biz də çox vaxt öyrəndiyimiz duaları eynilə tətbiq edirik.
Bundan əlavə, yəhudi ibadətlərində bütün hallar üçün hazır dualar var idi. Elə bir hadisə və ya vəziyyət yox idi ki, ona aid dua olmasın: yeməkdən əvvəl və yeməkdən sonra üçün dua; təzə ay, kometa, dəniz, göl, yaxud çay gördükdə edilən dua; yağış və ya fırtına zamanı edilən dua; yaxşı xəbər eşidəndə edilən dua; yeni mebel alanda edilən dua, şəhərə girib çıxanda və s. kimi vəziyyətlərə aid hazır dualar var idi. Əlbəttə, bunların hamısının arxasında həyatın bütün sahələrini Tanrıya həsr etmək istəyi dururdu.
Lakin dualar o qədər dəqiq şəkildə işlənib hazırlanmışdı ki, duaların rəsmiləşmək və mənasına varmadan süni olaraq oxunmaq təhlükəsi yaranmışdı. Lazımlı vaxtda lazımlı duanı cəld oxumaq tendensiyası mövcud idi. Məşhur ravvinlər bunu bilirdilər və ehtiyatlı olmaq üçün xəbərdarlıq edirdilər: «Əgər insan duaya borc kimi yanaşırsa, bu, dua sayılmır». «Duaya rəsmi bir öhdəlik kimi baxmayın, duanı mərhəmət almaq üçün təvazökarlıq vasitəsi kimi görün». Ravvin Elizer rəsmiyyətdən o qədər qorxurdu ki, dualarının təkrarlanmaması üçün hər gün yeni bir dua oxumağı adət etmişdi. Aydın məsələdir ki, bu təhlükə təkcə yəhudilərə aid deyil.
Bundan başqa, dindar yəhudilərdə xüsusi dua saatı var idi. Bu, üçüncü, altıncı və doqquzuncu saat idi, yəni səhər saat 9-da, 12-də və günorta saat 3-də. Bu saatlarda harada olmasından asılı olmayaraq, insan mütləq dua etməli idi. Həmin vaxt o, doğrudan da sidq ürəkdən Allaha dua edə bilər, ya da sadəcə olaraq, formalaşmış adəti yerinə yetirirdi. Müasir müsəlmanların da belə bir ənənəsi var. Düzdür, insanın gündə üç dəfə Tanrıya dua etməsi təqdirəlayiqdir. Amma bir təhlükə var ki, bu adət insanı Tanrı haqqında düşünmədən duasını tələm-tələsik bitirməsinə sürükləyə bilər.
Duaları konkret yerlərlə, xüsusən də sinaqoqla əlaqələndirmək meyli var idi. Təbii, elə yerlər var ki, insan özünü Allaha daha yaxın hiss edir. Lakin bəzi ravvinlər iddia edirdilər ki, sinaqoqda və ya Yerusəlimdəki Məbəddə oxunan dua daha güclü təsirə malikdir. Buna görə dua saatında Məbədə gəlmək adəti də buradan yaranıb. Məsihçi Cəmiyyətinin ilk günlərində İsanın şagirdləri də bu adətə bağlı idilər. Biz Müqəddəs Kitabda Peter və Yəhyanın doqquzuncu saatda dua etmək üçün məbədə getdikləri barədə oxuyuruq (Həvarilərin İşləri 3:1).
Bu yanaşmanın təhlükəsi odur ki, insan bütün dünyanın Allahın Məbədi olduğunu unudur, əvəzində Onun yalnız müəyyən müqəddəs yerlərdə mövcud olduğunu sanır. Ravvinlərin ən müdrikləri bu təhlükəni görürdülər. Onlar belə deyirdilər: «İsrailin Allahı deyir: «Çalış şəhərindəki sinaqoqda dua et; əgər buna imkanın çatmırsa, tarlada dua et; yox, buna da imkanın çatmırsa, öz evində dua et; əgər bunu da edə bilmirsənsə, yatağında dua et; yox, bütün bunlara da imkanın çatmırsa, onda yatdığın yerdə dinməzcə ürəyində dua et».
İstənilən sistemin təhlükəsi onun özü ilə yox, onu istifadə edən insanlarla bağlıdır. İnsan istənilən dua qaydalarını möminliyə və ya tərəddüd etmədən dəqiq şəkildə yerinə yetirilməli olan rəsmiyyətə çevirə bilər.
Yəhudilər uzun-uzadı dua etməyə meyilli idilər. Bu meyillilik təkcə yəhudilərdə deyildi. On səkkizinci əsrdə Şotlandiyada uzun müddət davam edən ibadətləri möminliklə əlaqələndirirdilər. Əvvəlcə bir saat Müqəddəs Kitab oxunurdu, sonra daha bir saat vəz olunurdu. Dualar uzun-uzadı improvizə edilmiş formada yerinə yetirilirdi. Duanın gücü uzun müddətliyi, axarlılığı və səyli olması ilə qiymətləndirilirdi. Bir dəfə ravvin Levi belə demişdi: «Kim uzun-uzadı dua edirsə, o eşidilir». Yəhudilərin isə belə bir məsəli var idi: «Ədalətli olanlar uzun dualar edəndə, onlar eşidilirlər».
Belə bir təsəvvür formalaşmışdı ki, insan uzun müddət Allahın qapısını döysə, Allah ona cavab verəcək; Allahı mərhəmətli olması üçün yola gətirmək olar. Ravvinlərin ən müdrikləri burada da təhlükə görürdülər. Onlardan biri belə deyirdi: «Uca Allahın tərifini uzada bilməzsən, çünki Zəburda yazılıb: «Rəbbin qüdrətli işlərini sözlə demək olarmı? Onu layiqincə həmd edən varmı» (Zəbur 106:2). Rəbbin qüdrətli işlərini sözlə ifadə edə bilən insan Allahı uzun-uzadı tərifləyə bilər. Amma bunu bacaran kimsə yoxdur. «Dilin tələsməsin, Allahın hüzurunda söz deməyə ürəyin tələsməsin. Çünki Allah göydədir, sən yerdə. Buna görə də az danış» (Vaiz 5:2) «Ən yaxşı ibadət — sükutu qorumaqdır». Çox söz söyləməyi möminliklə, nitqin səlisliyini isə dua ilə səhv salmaq çətin deyil. Yəhudilərin əksəriyyəti bu səhvi edirdi.
Əlbəttə, bütün Şərq xalqları kimi yəhudilərdə də digər təkrarçılıq formaları var idi. Şərq xalqları bir cümləni və ya bir sözü dəfələrlə təkrarlamaqla özlərini hipnoz etmək vərdişinə sahib idilər. 1Padşahlar 18:26-da oxuyuruq ki, Baal peyğəmbərləri «Ey Baal, bizə cavab ver!» deyə səhərdən günortaya qədər Baalı çağırdılar; Həvarilərin İşləri 19:34-də oxuyuruq ki, efeslilər iki saat ərzində «Efes ilahəsi Artemida uludur!» deyə qışqırmışdılar.
Müsəlmanlar müqəddəs hi hecasını cuşa gələnə və sonda gücdən düşənə qədər saatlarla dairə içərisində dövrə vuraraq təkrarlaya bilərlər. Eyni şeyi yəhudilər Şemopla edirdilər. Bu, bir növ duanı özünü hipnozla əvəz etmək idi.
Yəhudilərin dua əsnasında təkrar istifadə etdikləri başqa hallar da vardı. Duada Allaha xitabən bütün mümkün titullardan və sifətlərdən istifadə edirdilər. Belə bir məşhur dua var:
«Müqəddəs, mübarək, tərifə layiq, yüksək Olanın, son dərəcə hörmətli, əzəmətli və uca Allahın adı ilə».
Daha bir yəhudi duasında isə Allahın adına nə az, nə çox, düz on altı sifətlə (nitq hissəsi) xitab edilir. Demək olar ki, yəhudilər çox söz söyləməyə meyilli idilər. İnsan daha çox nə üçün deyil, necə dua etdiyini düşünəndə, onun duası elə dilindəcə «ölür».
Sonda İsa Məsih yəhudiləri insanlar onları görsün deyə dua etdikləri üçün məzəmmət edir. Yəhudilərin dua sistemi belə nümayişkarlığa çox imkan yaradırdı. Yəhudilər əllərini yuxarı, başlarını isə aşağı salıb ayaq üstündə dua edirdilər. İnsan harada olursa olsun, duanı səhər saat 9-da, günorta saat 12-də və 3-də etməli idi. O, hesabını elə götürə bilərdi ki, dua vaxtında ya yol kəsişməsində, ya da izdihamlı bir meydanda olsun. Beləcə bütün dünya onun nə qədər sədaqətlə dua etdiyini görə bilsin. İnsan sinaqoqun girişindəki yuxarı pillədə dayanıb orada uzun müddət nümayişkaranə surətdə asanlıqla dua edə bilərdi. Beləcə hamı da onun müstəsna dindarlığına heyran qalardı. Bütün dünyanın görə biləcəyi bir dua səhnəsini qurmaq asan idi.
Ravvinlərin ən müdrikləri bu tendensiyanı yaxşı görürdülər və belə davranışı qeyd-şərtsiz məzəmmət edirdilər. «İkiüzlü insan yer üzünə qəzəb gətirir və onun duası eşidilməyəcək». «İstehza edənlər, ikiüzlülər, yalançılar və böhtançılar Allahın izzətini görməyəcəklər». Ravvinlər deyirdilər ki, insan, ümumiyyətlə, ürəyi dua ilə dolanda dua etməlidir. Onlar bəyan edirdilər ki, əsl dua üçün bir saat təklikdə qalıb hazırlaşmaq, duadan sonra isə bir saat sakit qalmaq lazımdır. Əgər bir insan qürurlu idisə, onda yəhudi dua sistemi ona duasını nümayişkarcasına etməyə imkan verirdi.
İsa Məsih dua üçün iki ali qayda qoyur.
İsa öyrədir ki, əsl dua Tanrıya yönəlməlidir. İsanın insanlarda qınadığı əsas səhv — dualarını Tanrıya deyil, insanlara yönəltmələri idi. İnsanın uzun müddət və ya ictimai yerdə dua etməsindən asılı olmayaraq, onun düşüncəsində yalnız Allah, qəlbində isə yalnız bir arzu olmalıdır.
İsa Məsih deyir ki, biz Allahın Sevən Tanrı olduğunu unutmamalıyıq. Yadda saxlamalıyıq ki, Allah bizim dua istəyimizdən daha çox bizə cavab verməyə hazırdır. Ondan zorla ənamlar və lütf qoparmağa ehtiyac yoxdur.
Dualarımıza cavab versin deyə Allahı dilə tutmağa, Onu bezdirməyə, yaxud zorla cavab almağa ehtiyac yoxdur. Biz yeganə arzusu xeyir-dua vermək olan Tanrıya dua edirik. Bunu bilsək, onda cəsarətlə «Qoy Sənin iradən olsun!» deyib, Tanrının hüzuruna getməyimiz kifayətdir.
Rəbbin duası və ya «Ey Göylərdə olan Atamız!» duası haqqında danışmazdan öncə, bir neçə ümumi faktı vurğulamaq yerinə düşər.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, İsa Məsih şagirdlərinə bu duanı necə dua etsinlər deyə öyrətdi. Matta və Luka bunu aydın göstərir. Matta şagirdlərlə birbaşa əlaqəsi olan bütün Dağüstü Vəzi açıqlayır (Matta 5:1), Luka isə qeyd edir ki, İsa şagirdlərindən birinin xahişinə cavab olaraq bu duanı öyrədir (Luka 11:1). Rəbbin duası yalnız şagirdin edə biləcəyi duadır. Bu duanı onun əsl mənasını başa düşərək özünü Məsihə həsr edən insan edə bilər.
Rəbbin duası bəzilərinin hesab etdiyi kimi uşaq duası deyil. Əslində, bu duanın uşaqla heç bir əlaqəsi yoxdur. Rəbbin duası ailə duası da deyil. Təbii ki, burada söhbət İmanlı Cəmiyyətini nəzərdə tutan ailədən getmir. Rəbbin duası şagirdlər üçün nəzərdə tutulub. Yalnız şagirdlərin dilində bu dua öz həqiqi mənasını tapır. Başqa sözlə desək, Rəbbin duasını yalnız duada nə dediyini bilən adam edə bilər. Əgər həmin adam şagird deyilsə, o, duada nə dediyini bilməyəcək.
Bu duada müraciətin və istəklərin sıralanmasına diqqət yetirin. İlk üç müraciət Allaha və Onun izzətinə aiddir; növbəti üç müraciət isə bizim tələbatlarımıza və ehtiyaclarımıza aiddir. Başqa sözlə desək, əvvəlcə Allaha layiq olduğu izzət verilir, yalnız bundan sonra ehtiyac və istəklərimizi dilə gətiririk. Yalnız Allaha layiqli yer veriləndə, digər bütün şeylər öz layiqli yerini tutur. Dua heç vaxt bizim istəklərimizi Allahın iradəsi ilə əlaqələndirmək cəhdi olmamalıdır. Dua istəklərimizi Allahın iradəsinə tabe etdirmək üçün cəhd olmalıdır.
Duanın ehtiyac və istəklərimizlə əlaqəli ikinci hissəsi özündə birlik ehtiva edir. O, insanın ən vacib üç ehtiyacına və yaşadığı zamanın üç ölçüsünə toxunur. Birincisi, bu, həyatda qalmaq və yaşamaq üçün lazım olan çörək istəyidir. Bu istək bizi Allahın taxtı önünə gətirir. İkincisi, bu, bağışlanma istəyidir. Bununla bizim keçmişimiz Allahın taxtı önünə gətirilir. Nəhayət, üçüncüsü, bu, imtahanlara qarşı durmaq üçün kömək istəyidir. Bununla da bütün gələcəyimiz Allaha həvalə olunur. Bu üç qısa istək vasitəsilə biz bu günümüzü, keçmişimizi və gələcəyimizi Allahın lütf taxtının önünə gətirməliyik.
Bundan başqa, biz dua vasitəsilə təkcə həyatımızı Allaha həvalə etmirik, həm də Allah dua vasitəsilə bütün dolğunluğu ilə həyatımıza daxil olur. Allahdan çörək diləyəndə, düşüncələrimiz həyatı Yaradan və Qoruyan Ata Allaha yönəlir. Allahdan bağışlanma diləyəndə, düşüncələrimiz Oğul Allaha — İsa Məsihə, Xilaskarımız və Satınalana yönəlir. Gələcək imtahanlara qarşı kömək istəyəndə, düşüncələrimiz bizə güc verən, bizim üçün işıq saçan, yol göstərən və bizi yolda qoruyan Müqəddəs Ruha — Təsəlliverici Tanrıya yönəlir.
Rəbbin duasında İsa həyatımızı Tanrının önünə gətirməyi və Tanrını həyatımıza qəbul etməyi öyrədir.
Demək olar ki, Allaha münasibətdə işlədilən Ata sözü məsihçi inancının məzmununu qısaca ifadə edir. Ata sözünün əhəmiyyəti ondadır ki, həyatımızın bütün əlaqələri onun vasitəsilə qurulur.
1. O bizim gözlə görünməyən aləm ilə münasibətimizi müəyyənləşdirir. Missionerlər deyirlər ki, məsihçiliyin qeyri-yəhudilərin ağlına və ürəyinə gətirdiyi ən böyük rahatlıqlardan biri Tanrının tək olduğunu dərk etməkdir. Bütpərəstlər çoxlu tanrıların olduğuna — hər çayın, hər ağacın, hər dərənin, hər təpənin, hər meşənin və hər təbii qüvvənin öz tanrısı olduğuna inanırlar. Bütpərəstlər tanrılarla dolu bir dünyada yaşayırlar. Üstəlik, bu tanrılar qısqanc, paxıl və düşmən mövqedədirlər. Onların hamısını razı salmaq lazımdır. İnsan bu tanrıların hamısını razı saldığına heç vaxt əmin ola bilməz. Buna görə də daim onların qarşısında özünü borclu hesab edir. Bütpərəstin inancı ona kömək etmir, əksinə, onu təqib edir. Yunan əfsanələrindən ən qədimi və maraqlısı — Prometey haqqında əfsanədir. Prometey tanrılardan biri idi. İnsanlar o vaxt hələ oddan necə istifadə edəcəyini bilmirdilər. Odsuz həyat narahat, sıxıcı və kədərli idi. İnsanlara yazığı gələn Prometey göydən od götürüb, onlara hədiyyə etdi. Tanrıların padşahı Zevs buna çox qəzəbləndi. Buna görə də Prometeyi qayaya zəncirləməyi əmr etdi. O, gündüzlər istidən və susuzluqdan, gecələr isə soyuqdan əziyyət çəkirdi. Bundan başqa, Zevs Prometeyin qaraciyərini qoparmaq üçün bir qartal göndərdi. Bax, insanlara kömək etməyə çalışan tanrının başına bunlar gəldi. Bütün bunlar tanrıların qısqanc, qisas alan və paxıl olmasına, insanlara kömək etmək istəmədiklərinə dəlalət edir. Bütpərəstlər o biri dünyanın, yəni gözə görünməyən dünyanın insanlara olan münasibətini belə təsəvvür edirlər. Bütpərəstlər paxıl və qısqanc tanrıların qorxusu ilə yaşayırlar. Bu səbəbdən dua etdiyimiz Tanrının Ata ürəyinə malik olduğunu biləndə, dünya tamamilə dəyişir. Artıq qısqanc tanrıların qarşısında titrəməyə ehtiyac qalmır. Ata sevgisində rahatlıq tapmaq olar.
2. O bizim ətrafımızda görünən dünya ilə, yəni yaşadığımız zaman və məkan dünyası ilə münasibətimizi müəyyən edir. Bu dünyanın bizə düşmən olduğunu başa düşmək çətin deyil. Həyat dəyişir, bizə yaxşılıqlar və pisliklər gətirir. Kainatın və kosmosun dəmir qanunları var. Biz onları pozduğumuza görə özümüzü təhlükəyə və riskə məruz qoyuruq. Bu dünyada həm də əzab və ölüm var. Amma bilsək ki, o dünyada bizi şıltaq, paxıl və istehza edən tanrı yox, Ata Allah gözləyir, onda çox şeyin naməlum və qaranlıq qalmasına rəğmən, hər şeyə tab gətirmək daha asan olar. Çünki hər şeyin arxasında məhəbbət dayanır. Nəzərə alsaq ki, bu dünya təkcə zövq almaq yox, müəyyən məktəbdən keçməkdən ötrüdür, onda bizim üçün asan olacaq.
Məsələn, ağrını götürək. Ağrının pis bir şey olduğunu düşünmək olar, lakin ağrı da Allahın iradəsidir. Bəzi insanlar heç ağrı hiss etmir. Belələri özləri üçün təhlükəli olmaqla yanaşı başqalarına da çoxlu problemlər yaradır. Ağrı olmasaydı, heç vaxt xəstə olduğumuzu bilməyəcəkdik. Beləcə xəstəliyə qarşı tədbir görməmiş vaxtından əvvəl öləcəkdik. Bu, o demək deyil ki, ağrı sonda xoşagəlməz bir şeyə çevrilə bilməz. Bu o deməkdir ki, çox vaxt ağrı qırmızı işıq kimi yanır və Tanrı həmin işıq vasitəsilə qarşıda bizi təhlükə gözlədiyini bildirir.
Əgər dünyanı yaradan Allahın Ata olduğuna əmin olsaq, bu kainatın prinsipcə xeyirxah olduğuna da əmin ola bilərik. Allahı Ata deyə adlandırmaq, yaşadığımız dünya ilə münasibətimizi qurmaq deməkdir.
3. Əgər biz Allahın Ata olduğuna inanırıqsa, bu, bacı-qardaşlarımızla münasibətimizi müəyyən edir. Əgər Allah Atadırsa, onda O, bütün insanların Atasıdır. Rəbbin Duası bizə Atama deyil, Atamıza dua etməyi öyrədir. Maraqlıdır ki, Rəbbin Duasında mən və mənim sözləri, ümumiyyətlə, yoxdur. İsa Məsihin bu sözləri həyatdan çıxarmağa və onların yerinə biz, bizə, bizim sözlərini qoymağa gəldiyini desək, daha ədalətli olar. Allah heç kimin müstəsna malı deyil. «Atamız» ifadəsinin özü hər hansı bir «mən»in xaric edilməsini nəzərdə tutur. Allahla Ata kimi münasibət qurmaq insanlar arasında qardaşlıq münasibətlərinin yeganə mümkün əsasıdır.
4. Əgər biz Allahın Ata olduğuna inanırıqsa, bu özümüzə qarşı münasibəti müəyyən edir. Bəzən hər bir insan özünə nifrət edir və xor baxır; elə zənn edir ki, sanki yer üzündəki bütün sürünənlərdən daha betərdir. Hamının ürəyini kədər bürüyür və layiqsiz olduğunu insanın özündən yaxşı heç kəs bilə bilməz.
İngilis pastoru Mark Ruterford Dağüstü Vəzin bəxtiyarlıq siyahısına daha bir şey əlavə etmək istəyərdi: «Bizi özümüzə xor baxmaqdan xilas edənlər nə bəxtiyardırlar». Nə bəxtiyardır özümüzə hörmətimizi qaytaranlar. Allahın etdiyi də məhz budur. Bu dəhşətli, qaranlıq, üzücü anlarda özümüzə xatırlada bilərik ki, biz Allahın sonsuz mərhəməti sayəsində padşah nəsli və Padşahın övladlarıyıq.
5. Əgər biz Allahın Ata olduğuna inanırıqsa, bu bizim Allahla münasibətimizi müəyyənləşdirir. Yox, elə bilməyin ki, bu, Allahın əzəmətini və qüdrətini aradan qaldırır, Onun əhəmiyyətini azaldır. Əksinə, bu qüdrət və əzəmət bizim üçün əlçatan olur.
Roma imperatorunun zəfəri haqqında belə bir hekayə var. Böyük qələbələr qazanmış generallara Roma küçələrində öz qoşunları, ələ keçirdiyi qənimət və əsir götürdüyü düşmənlərlə birlikdə yürüş etmək üstünlüyü verilirdi. Beləcə həmin imperator öz qoşunları ilə Romadan keçirdi. Küçə boyu qalibləri alqışlayan romalılar və izdihamı saxlayan hündürboylu legionerlər düzülürdü. İmperatorun həyat yoldaşı xüsusi hazırlanmış platformada əyləşərək, imperatorun qürurla zəfər keçidini seyr edirdi. İmperatorun həyat yoldaşının yanında kiçik oğlu var idi. İmperatorun arabası yaxınlaşanda, uşaq platformadan tullanıb, izdihamın arasından keçdi və yola qaçaraq imperatorun arabası ilə qarşılaşmaq üçün legionerin ayaqları arasından sivrişməyə çalışdı. Legioner əyilib onu saxladı, sonra qucağına qaldırıb dedi: «Ay oğlan, hara gedirsən? Bilmirsən ki, arabadakı kimdir? Bu imperatordur. Onun yanına gedə bilməzsən». Oğlan isə güldü: «O sənin üçün imperator ola bilər, amma mənim atamdır». Bax, məsihçilərin də Allaha münasibəti belədir. Onun qüdrəti, əzəməti və səlahiyyəti — İsanın Atamız deyə öyrətdiyi Şəxsin qüdrəti, əzəməti və səlahiyyətidir.
İndiyə qədər biz Allaha müraciətin yalnız ilk sözünü — Atamız sözünü araşdırdıq. Lakin Allah təkcə Atamız deyil, O, göylərdə olan Atadır.
Bu son sözlərin böyük mənası var. Onlar iki böyük həqiqəti əks etdirir.
1. Onlar bizə Allahın müqəddəsliyini xatırladır. Allahın Atalığı haqqında təsəvvürümüzü aşağılamaq, onu sentimentallığa salmaq, qayğısız və rahat inancımız üçün bəhanə etmək çətin deyil. On doqquzuncu əsrin böyük alman şairi Henri Heyn Allah haqqında belə deyib: «Allah bağışlayar. Bu Onun peşəsidir». Əgər biz Allaha Atamız deyib dayansaq, belə bir münasibətə haradasa bəraət qazandırmaq olar. Lakin biz duamızı göylərdə olan Atamıza yönəldirik. Bu sözlərdə, doğrudan da, sevgi var, eyni zamanda müqəddəslik də var.
Maraqlıdır ki, İsa Məsih Allaha münasibətdə Ata sözünü nadir hallarda istifadə edir. Markın Müjdəsi digərlərindən daha əvvəl yazıldığına görə, İsanın dediklərini və etdiklərini ən dəqiq onun yazılarından bilirik. Markın Müjdəsində İsa cəmi altı dəfə Allahı Ata adlandırır, o da yalnız şagirdlərin əhatəsində. İsa üçün Ata sözü o qədər müqəddəs idi ki, O, bu sözü nadir hallarda istifadə edirdi, özü də bu sözün mənasını başa düşməyə çalışanların yanında. Eynilə biz də Allaha münasibətdə Ata sözünü heç vaxt düşüncəsiz, təsadüfi və ya sentimental şəkildə işlətməməliyik. Allah günaha, çatışmazlıqlara və səhvlərə təvazökarlıqla gözünü bağlayan laqeyd valideyn deyil. Ata dediyimiz Allaha hörmətlə, ehtiramla, səcdə edə-edə və heyranlıqla müraciət etməliyik. Allah — göylərdə olan Atamızdır, O, həm məhəbbət dolu, həm də müqəddəsdir.
2. Bu sözlər bizə Allahın hakimiyyətini xatırladır. Çox vaxt insani məhəbbət puç edilmiş ümidlərin faciəsi ilə səhv salınır. Bəlkə də biz hansısa insanı sevirik, lakin ona nəyəsə nail olmaqda kömək edə və ya onu nədənsə çəkindirə bilmirik. İnsanın sevgisi həm güclü, həm də eyni zamanda gücsüz ola bilər. Bunu yaramaz övladın valideyni və ya hərdəmxəyal insanı sevən hər kəs yaxşı bilir. Amma biz göylərdə olan Atamız deyəndə, Allahın məhəbbəti ilə yanaşı Onun hakimiyyətini də yan-yana qoyuruq. Biz özümüzə deyirik ki, Allahın hakimiyyəti və qüdrəti həmişə Onun məhəbbəti ilə idarə olunur və yalnız bizim xeyrimizə işləyir. Biz özümüzə deyirik ki, Allahın məhəbbəti Onun qüdrəti ilə dəstəklənir, buna görə Onun məqsədi heç vaxt puça çıxmayacaq. Hər dəfə Allaha Atamız deyə müraciət edəndə, həmişə Onun müqəddəsliyini, məhəbbətlə idarə olunan qüdrətini, eləcə də Allahın yenilməz hakimiyyəti ilə dəstəklənən məhəbbətini xatırlamalıyıq.
«Adın müqəddəs tutulsun» — Rəbbin Duasında digər yalvarışlara nisbətən bu cümlənin mənasını izah etmək çətindir. Gəlin əvvəlcə sözlərin hərfi mənasına nəzər salaq.
Qoy müqəddəs tutulsun — bu, yunan dilində haqios sifəti ilə eyniköklü haqiadzesfay felinin formalarından biridir. Mənası insana, yaxud əşyaya müqəddəs kimi yanaşmaq deməkdir. Haqios sözü, adətən, müqəddəs kimi tərcümə olunur. Onun əsl mənası fərqli və ya təcrid olunmuş, ayrılan deməkdir. Haqios kimi səciyyələndirilən əşya və ya obyekt digərlərindən fərqlidir. Haqios kimi səciyyələndirilən şəxs başqa insanlardan təcrid olunur, təkliyə çəkilir. Məbəd digər tikililərdən fərqləndiyi üçün haqios kimi xarakterizə olunur. Qurbangah da haqios kimi səciyyələndirilir, çünki o, adi əşyalara nisbətən başqa məqsədlər üçün nəzərdə tutulur. Rəbbin günü də haqiosdur, çünki digər günlərdən fərqlənir. Kahin haqiosdur, çünki o, xidmət üçün ayrılıb və başqa insanlardan fərqlidir. Buna görə də duanın mənası belədir: «Allahın Adına digər adlara nisbətən fərqli davranın; Allahın Adına xüsusi ehtiram göstərin və ayrı yer verin».
Lakin bura başqa bir şey də əlavə etmək lazımdır. İbrani dilində ad təkcə insana verilən ad deyil, məsələn, Yəhya və ya Yaqub. İbrani dilində ad bizə məlum olan insanın təbiətini, xarakterini, şəxsiyyətini, fərdiliyini göstərir. Müqəddəs Kitabın müəlliflərinin addan necə istifadə etdiyinə baxsaq, daha aydın olacaq. Məzmurçu deyir: «İsmini tanıyanlar Sənə güvənir» (Zəbur 9:10). Bu, heç də Allahın adının Yahve olduğunu bilən hər kəsin Ona güvənməsi demək deyil. Bu, Allahın Kim olduğunu tanıyan hər kəsin Ona güvənməsi deməkdir. Həmçinin məzmurçu deyir: «Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, bizsə Allahımız Rəbbin adı ilə öyünürük» (Zəbur 19:7). Bu isə o deməkdir ki, məzmurçu çətin anlarda təkcə Allahın adının Yahve olduğunu xatırlamayacaq və bu barədə düşünməyəcək. Bəzi adamlar insan köməyinə və maddi vasitələrə arxalandığı vaxt, məzmurçu Allahın təbiətinin və xasiyyətinin necə olduğunu xatırlayacaq. O, Allahın necə olduğunu yadına salacaq, bu da onda əminlik yaradacaq.
İndi isə, gəlin bu iki fikri birləşdirək. Burada qoy müqəddəs tutulsun kimi tərcümə olunan haqiadzesfay sözü xüsusi ehtiramla yanaşmaq, xüsusi yer vermək deməkdir; ad isə bizə məlum olan insanın təbiəti, xarakteri, şəxsiyyəti, fərdiliyi deməkdir. Buna görə də biz duada «Adın müqəddəs olsun» deyəndə, əslində, «Öz təbiətinə və xarakterinə uyğun olaraq, Sənə xüsusi yer vermək bacarığını bizə ver» demiş oluruq.
Azərbaycan və ya başqa dildə elə bir söz varmı ki, Allaha Onun təbiətinin və xarakterinin tələb etdiyi unikal mənanı versin? Bəli, var. Bu, ehtiram sözüdür. Beləliklə, bu, Allaha layiq olan ehtiramı təmin etmək üçün bizim bir yalvarışımızdır. Həqiqi ehtiram dörd zərurətdən irəli gəlir.
1. Allaha ehtiram göstərmək üçün Onun varlığına inanmaq lazımdır. Biz mövcud olmayan Varlığa ehtiram göstərə bilmərik. Öncə Allahın varlığına əmin olmalıyıq.
Müqəddəs Kitabın heç bir yerində Allahın varlığını sübut etməyə cəhd göstərilmir. Müasir insana bu, qəribə görünə bilər. Müqəddəs Kitab üçün Onun varlığı aksiomdur, yəni dəlilə, sübuta ehtiyacı olmayan həqiqətdir. Məsələn, «düz xətt iki nöqtə arasındakı ən qısa məsafədir» və «iki paralel xətt onları fəzada nə qədər uzatsaq da, heç vaxt kəsişməyəcək». Bunlar aksiomlardır.
Müqəddəs Kitabın müəllifləri Allahın varlığını sübut etməyin artıq olduğunu söyləyirdilər, çünki onlar həyatlarının hər anında Allahın varlığını hiss ediblər. Onlar deyirdilər ki, Allahın varlığını sübut etmək kişinin arvadının varlığını sübut etməyə bərabərdir. Çünki kişi arvadını hər gün görür və hər gün Allahla görüşür.
Tutaq ki, Allahın varlığını ağlımızla sübut etməliyik. Onda haradan başlamalıyıq? Biz yaşadığımız dünyadan başlaya bilərik. Elə fərz edək ki, bir adam yolla gedir və ayağı saata ilişir. Deyək ki, o, əvvəllər heç vaxt saat görməyib və onun nə olduğunu bilmir. O, bu saatı götürür, onun metal korpusdan ibarət olduğunu görür. Həmin korpusun içərisində təkərlər, rıçaqlar, yaylar və qiymətli daşlardan ibarət mürəkkəb mexanizm var. Adam bütün mexanizmin hərəkətdə olduğunu və çox yaxşı işlədiyini, eyni zamanda saatın əqrəblərinin siferblatda verilmiş ardıcıllıqla hərəkət etdiyini görür. Bu adam nə deyəcək?
O, deyəcəkmi ki, «bütün bu dəmir və qiymətli daş parçaları təsadüfən öz-özünə dünyanın hər yerindən toplanmış, təsadüfən təkərlərə, rıçaqlara və yaylara çevrilmiş, bir mexanizmə yığılmış, qurulmuş və işləmişdir?» Xeyr. O, belə deyəcək: «Mən bu saatı tapmışam. Deməli, haradasa saatsaz var».
Nizam-intizam ağlın mövcudluğuna dəlalət edir. Biz dünyaya baxıb, nəhəng bir mexanizmin mükəmməl işlədiyini görürük: günəş dəyişməz bir sistemə görə doğur və batır; cədvəl üzrə su artır və çəkilir; fəsillər müəyyən ardıcıllıqla bir-birini əvəz edir. Biz dünyaya və kainata baxanda «Bu dünyanın Yaradanı olmalıdır» deməyə məcbur oluruq. Bu dünyanın mövcudluğu bizi Allaha aparır. İngilis riyaziyyatçısı, fiziki və astronomu Ceyms Cinenin (1877-1946) dediyi kimi: «Heç bir astronom ateist ola bilməz». Dünyadakı nizam-intizam bunun arxasında Tanrının dayandığını təsdiqləyir.
Biz özümüzdən də nümunə çəkə bilərik. İnsan heç vaxt heç kimə, heç nəyə həyat verməyib. İnsan hər şeyi dəyişdirə, yenidən qura və formalaşdıra bilər, lakin canlı məxluq yarada bilməz. Bəs biz necə yaranmışıq? Valideynlərimizdən. Hə, bəs onlar haradan yaranıb? Öz valideynlərindən. Bəs bütün bunlar haradan başlanğıc götürüb? Nə vaxtsa yer üzündə həyat yaranıb. Həmin həyat kənar müdaxilə nəticəsində yaranıb. Çünki insan həyat yaratmaq iqtidarında deyil. Bütün bunlar bizi yenə də Allaha yönəldir.
Biz özümüzə və dünyaya baxanda, istər-istəməz Tanrıya yönəlirik. Alman filosofu İmmanuel Kantın25 dediyi kimi: «Daxilimizdəki əxlaq qanunu və başımızın üstündəki ulduzlu səma» bizi Allaha yönəldir.
2. Allaha ehtiram duymaq üçün təkcə Onun varlığına inanmaq lazım deyil. Biz Allahın necə olduğunu dərk etməliyik. Heç kim sevgi və müharibə, nifrət və zina, saxtakarlıq və hiylə ilə dolu olan Yunan tanrılarına hörmət edə bilməz. Heç kim şıltaq, əxlaqsız, natəmiz tanrılara heyran ola bilməz. Bizim tanıdığımız Allahın üç böyük xüsusiyyəti var: müqəddəslik, ədalət, sevgi. Biz Tanrıya təkcə Onun varlığına görə deyil, həm də müqəddəs, ədalətli və sevgi dolu olduğuna görə hörmət etməliyik.
3. İnsan Allahın varlığına, Onun müqəddəs, ədalətli və sevgi dolu olduğuna inana bilər. Amma eyni zamanda Ona hörmət etməyə bilər. Ona ehtiram göstərmək üçün insan dünyada daim Tanrının hüzurunu hiss etməlidir. Tanrıya ehtiram duymaq — Tanrının hər yerdə mövcud olduğu dünyada yaşamaq deməkdir. Bu hiss təkcə İmanlı Cəmiyyətlə və ya hansısa müqəddəs yerlə bağlı olmamalıdır. Bu hiss insanda hər yerdə və daima olmalıdır.
İnsanların faciəsi ondadır ki, onlar Allahın hüzurunu hərdənbir hiss edirlər. Bu hiss yalnız müəyyən yerlərdə yaranır.
4. Ehtiramın əsasında daha bir xüsusiyyət dayanır. Biz Allahın varlığına inanmalıyıq. Biz Onun necə olduğunu dərk etməliyik. Biz daim Onun hüzurunu hiss etməliyik. Bəzi insanlarda bütün bunların hamısı var, amma ehtiram hissi yoxdur. Çünki bütün bu xüsusiyyətlərlə yanaşı, insanın Allah qarşısında təvazökarlığa və itaətə ehtiyacı var. Ehtiram — həm bilik, həm də təvazökarlıqdır. Böyük alman islahatçısı Martin Lüter26 öz tezislərində belə bir sual verir: «Allahın adı bizim aramızda nə vaxt müqəddəs tutulur?» Sonra özü də cavab verir: «Həm həyatın, həm də təlimin əsasında həqiqi məsihçilik duranda». Başqa sözlə, həm inancımız, həm də əməllərimiz Allahın iradəsinə tam uyğun olanda. Allahın varlığına inanmaq, Onun necə olduğunu dərk etmək, Onun hüzurunu hiss etmək və Ona itaət etmək — Allaha göstərdiyimiz əsl ehtiramdır. Biz «Adın müqəddəs tutulsun» deyə dua edəndə, məhz bunları nəzərdə tuturuq. Gəlin Allaha Onun fitrətinə və xasiyyətinə görə ehtiram göstərək.
Allahın Padşahlığı ifadəsi Əhdi-Cədid üçün səciyyəvidir. Dualarda, təbliğlərdə və məsihçi ədəbiyyatında bu ifadədən çox başqa ifadəyə rast gəlinmir. Ona görə bunun nə demək olduğunu başa düşmək son dərəcə vacibdir.
Allahın Padşahlığı İsa Məsihin Xoş Xəbərində əsas yer tutur. İsa Qalileyaya gəlib Allahın Padşahlığı haqqında Müjdəni təbliğ edəndə, ilk dəfə tarixi səhnəyə çıxdı (Mark 1:14). İsa Allahın Padşahlığı haqqında təbliği üzərinə düşən bir öhdəlik kimi vurğulayırdı: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm» (Luka 4:43; Mark 1:38 ilə müqayisə edin). Luka İsanın fəaliyyətini şəhərbəşəhər, kəndbəkənd gəzərək, Allahın Padşahlığını vəz edib Müjdəni yaymaq kimi təsvir edir (Luka 8:1). Bu səbəbdən biz Allahın Padşahlığının mənasını anlamağa çalışmalıyıq.
Bu ifadənin mənasını başa düşməyə çalışarkən bəzi heyrətamiz faktlara rast gəlirik: İsa Məsih Allahın Padşahlığı haqqında üç fərqli şəkildə danışırdı. O, Padşahlıq haqqında keçmişdə mövcud imiş kimi danışırdı. O deyirdi ki, İbrahim, İshaq, Yaqub və bütün peyğəmbərlər Allahın Padşahlığındadır (Matta 8:11; Luka 13:28). Buradan aydın olur ki, Allahın Padşahlığı qədim dövrlərə aiddir. İsa Padşahlıq haqqında indiki zamanda mövcud imiş kimi danışırdı: «Allahın Padşahlığı sizin daxilinizdədir» (Luka 17:21). Deməli, Allahın Padşahlığı — bizə burada və indi verilmiş bir reallıqdır. İsa Padşahlığın gələcəkdə mövcud olacağından danışırdı. Buna görə insanları Padşahlığın gəlişi üçün dua etməyə öyrədirdi. Allahın Padşahlığı eyni vaxtda həm keçmişdə, həm indiki zamanda, həm də gələcəkdə necə ola bilər? O, necə mövcud olmuş, mövcud olan və onun gəlişi üçün haqqında dua ediləcək bir şey ola bilər?
Bunun açarı Rəbbin Duasındakı duanın iki dəfə təkrarlanmasındadır. Yəhudilərdə paralellik deyilən bir şey var idi. Onlar hər şeyi iki dəfə söyləməyə meylli idilər: əvvəlcə bir formada, sonra isə birinci ifadəni izah etmək və ya vurğulamaq üçün digər formada. Bu paralelliyi, demək olar ki, Zəbur kitabının hər bir ayəsində görmək olar. Məzmurların hər ayəsi, demək olar ki, ortada bölünür, ikinci hissə birinci hissəni təkrarlayır və ya vurğulayır. Gəlin bir neçə nümunəyə baxaq, onda hər şey daha aydın olacaq.
«Allah bizə sığınacaqdır, qüvvətdir, dar gündə çox kömək edir» (Zəbur 46:2).
«Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır!» (Zəbur 46:7).
«Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir» (Zəbur 23:1-2).
İndi isə gəlin bu prinsipi Rəbbin Duasında tətbiq edək. İki eyni xahişi yan-yana qoyaq:
«Padşahlığın gəlsin! Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun».
Tutaq ki, ikinci xahiş birincinin mənasını izah edir, vurğulayır və təsbit edir. Onda Allahın Padşahlığının fərqli tərifini əldə edirik: Allahın Padşahlığı yer üzündəki cəmiyyətdir, orada Allahın iradəsi Göydə olduğu kimi mükəmməl şəkildə yerinə yetirilir. Bu da Padşahlığın həm keçmişdə, həm indiki zamanda, həm də gələcəkdə eyni vaxtda ola biləcəyinin izahıdır. Tarixdə Allahın iradəsini yerinə yetirən hər bir insan Padşahlıqda idi. Allahın iradəsini yerinə yetirən hər bir insan Padşahlıqdadır. Lakin bizim dünyamız Allahın iradəsindən uzaq olduğu üçün, Padşahlığın tamamlanması hələ gələcəkdədir. Buna görə də biz dua etməliyik.
Padşahlıqda olmaq — Allahın iradəsinə itaət etmək deməkdir. Biz görürük ki, Allahın Padşahlığı əzəldən heç bir xalqa, ölkəyə və millətə aid olmayıb. O, ayrı-ayrılıqda hər birimizə aiddir. Allahın Padşahlığı, həqiqətən də, şəxsi məsələdir. Allahın Padşahlığı mənim iradəmin, ürəyimin və həyatımın tabe olmasını tələb edir. Allahın Padşahlığı o vaxt gələcək ki, bizim hər birimiz tabe olmaq üçün şəxsi qərar verəcəyik.
Çinli məsihçilərin belə bir məşhur duası var: «Ya Rəbb, Cəmiyyətini mənim vasitəmlə dirçəlt». Biz isə bunu başqa cür ifadə edə bilərik: «Ya Rəbb, Padşahlığını mənim vasitəmlə yarat». Allahın Padşahlığı üçün dua etmək — iradəmizi Allahın iradəsinə tamamilə təslim etmək üçün dua etmək deməkdir.
Göründüyü kimi, dünyada ən vacib şey — Allahın iradəsinə tabe olmaqdır. Ən vacib sözlər isə «Sənin iradən olsun». Bu sözlərin hansı tonda və hansı əhval-ruhiyyədə deyilməsi də vacibdir.
İnsan məğlubiyyətini etiraf edən tonla «Sənin iradənin olsun» deyə bilər. O, bunu istədiyi üçün deyil, Allahın qüdrətinə qarşı dura bilməyəcəyini, başını döyməyin mənasız olduğunu anladığı və deməyə sözü qalmadığı üçün deyə bilər. O, Allahın qarşısıalınmaz gücü haqqında düşünərək bunu deyə bilər. İnsan başqa çarəsi qalmadığı üçün Allahın iradəsini qəbul edə bilər.
İnsan incik halda «Sənin iradən olsun» deyə bilər. Böyük alman bəstəkarı Bethoven tənhalıqda ölüb. Deyirlər ki, onun cəsədi tapılanda, dodaqları sanki nərə çəkirmiş kimi dartılmış, yumruqlarını sanki Tanrıya qaldırırmış kimi sıxılmışdı. İnsan Allahı özünə düşmən hesab edə bilər. O qədər güclü düşmən ki, Ona müqavimət göstərmək mümkün deyil. Elə buna görə də o, hiddət və qəzəblə Allahın iradəsini qəbul edir.
İnsan «Sənin iradən olsun» kəlmələrini sevgi və güvən hissi ilə deyə bilər. O, Allahın iradəsinin necə olmasından asılı olmayaraq, sevinə-sevinə deyə bilər. Məsihçi üçün «Qoy Sənin iradən olsun» demək çətin olmamalıdır. Ona görə ki, bunu deməklə məsihçi iki şeyə tam əmin ola bilər.
a) O, Allahın hikmətinə əmin ola bilər. Biz nəsə tikmək, qurmaq, dəyişdirmək və ya təmir etmək istəyərkən, məsləhət üçün mütəxəssisə müraciət edirik. O, bəzi məsləhətlər verir, biz isə deyirik: «Yaxşı, bildiyinizi edin. Siz bu işin mütəxəssisiniz». Allah da həyat işlərində mütəxəssisdir. Onun rəhbərliyi sizi əsla azdırmaz.
Şotlandiya Presviterianlarının Birliyi olan «Kovenant»ın rəhbəri Riçard Kemeron öldürüləndə, Merrey adlı bir nəfər onun başını və əllərini kəsərək Şotlandiyanın paytaxtı Edinburqa gətirdi. Riçard Kemeronun atası dini inanclarına görə həbsdə idi. Düşmənləri ona təzyiqi artırmaq üçün oğlunun başını və əllərini onun yanına gətirib, tanıyıb-tanımadığını soruşdular. O, oğlunun başını və əllərini götürüb öpdü və dedi: «Mən onları tanıyıram. Mən onları tanıyıram. Bunlar mənim əziz və sevimli oğlumun başı və əlləridir. Bu, Rəbbin iradəsidir. Onun iradəsi həmişə yaxşıdır. Onun iradəsi nə mənə, nə də mənim yaxınlarıma zərər verir. Onun xeyirxahlığı və mərhəməti ömür boyu bizi izləyir». İnsan öz həyatının Allahın sonsuz hikmətinin əlində olduğuna əmin olanda, «Qoy Sənin iradən olsun» demək ona heç də çətin gəlmir.
b) O, Allahın məhəbbətinə əmin ola bilər. Biz nə istehza edən, nə də şıltaq Tanrıya inanırıq. Biz kor və dəmir determinizmə də inanmırıq. Paul deyirdi: «O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?» (Romalılara 8:32). Kimsə Çarmıxa baxa-baxa Allahın sevgisinə şübhə edə bilməz. Allahın sevgisinə əmin olanda isə, «Qoy Sənin iradən olsun» demək çətin olmur.
Rəbbin Duasında bu xahişin mənasına dair şübhə yeri qalmadığını zənn etmək olar. İlk baxışda bu xahiş sadə və səmimi təsir bağışlayır. Amma faktlardan göründüyü kimi, bir çox şərhçilər bunu tamam başqa cür şərh ediblər. Bu xahişin sadə və ən bariz mənasına keçməzdən əvvəl, gəlin bəzi şərhlərə nəzər salaq.
1. Çörək — Rəbbin süfrəsi ilə eyniləşdirilir. Hələ qədim dövrlərdən insanlar Rəbbin Duasını Rəbbin Şam yeməyi ilə əlaqələndirirdilər. Dövrümüzədək gəlib çatan ibadət haqqında əlyazmalarda həmişə qeyd olunurdu ki, Rəbbin Duası Rəbbin süfrəsində oxunur. Bəzi şəhrçilər hesab edirdilər ki, bu dua insana hər gün Rəbbin süfrəsini qəbul etmək və ruhani qida almaq imtiyazı verir.
2. Çörək deyəndə Allahın Kəlamının ruhani qida ilə eyniləşdirilməsi nəzərdə tutulurdu. Buna görə də bu duanı biz həqiqi söz kimi qəbul edirik. Bu dua Müqəddəs Yazılarda ifadə olunan insanın ağlı, qəlbi və ruhu üçün əsl qidadır.
3. İnsanlar inanırdı ki, çörək İsanın Özünü simvolizə edir. İsa Məsih Özünü həyat çörəyi adlandırır (Yəhya 6:33-35). Bu ayə duaya çevrildi ki, Həyat Çörəyi olan İsadan hər gün qidalana bilək.
4. Bu dua yəhudi nöqteyi-nəzərindən başa düşülürdü. Çörək Səmavi Padşahlığın çörəyi kimi qəbul olunurdu. Luka birinin İsaya belə dediyini qeyd edir: «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!» (Luka 14:15). Yəhudilərin qəribə, lakin maraqlı bir fikri var idi. Onlar inanırdılar ki, Məsih gələndə hər kəs Allahın seçilmişlərinin yer alacağı bayramda iştirak edəcək. Bayram üçün ət və balıq yeməkləri Behemot27 və Livyatanın28 cəsədlərindən hazırlanacaq. Bu, Allahın Öz seçilmiş xalqına verəcəyi təntənəli şənlik olacaq. Buna görə də onlar hesab edirdilər ki, bu, Allahın xalqının Məsihin ziyafətində yer almaq üçün etdiyi duadır.
Verilən bu duanın təfsirlərindən heç biri ilə razılaşmasaq da, onların heç birini səhv olaraq rədd edə də bilmərik. Onların hər birində həqiqət var. Bu duanın təfsirində çətinlik ona görə yarandı ki, Müqəddəs Kitabda gündəlik kimi tərcümə olunan epiousios sözünün mənasına dair böyük şübhələr var idi. Qəribə olsa da, son vaxtlara qədər yunan ədəbiyyatında epiousios sözünün istifadəsinə rast gəlinməyib. Orta əsrlərin böyük ilahiyyatçılarından, filosoflarından və filoloqlarından biri olan Origen bunu bilirdi. O, hesab edirdi ki, Matta bu sözü özündən icad edib. Buna görə də heç kim onun mənasını dəqiqliklə deyə bilməz. Ancaq bu yaxınlarda həmin sözün yazıldığı bir papirus parçası tapıldı. Bu papirus qadın tərəfindən tərtib edilən vacib gündəlik alış-verişin siyahısı oldu! Siyahıda epiousios sözü işlənmişdi. Bu, gündəlik qida ehtiyatı almağı xatırladırdı. Buna görə də duanın mənası sadədir: «Bu gün üçün lazım olan yeməyi mənə ver. Alış-verişə gedəndə siyahıda olanları almağıma kömək et. Uşaqlar məktəbdən, ərim işdən gələndə yemək bişirmək üçün lazım olan bütün ərzaqları mənə ver. Süfrə başına yığışanda, qoy masamız bol olsun!» Bu, Allahın gün ərzində bizə lazım olan hər şeyi təmin etməsi üçün sadə bir duadır.
Bu duanın gündəlik ehtiyaclar üçün sadə bir xahiş olduğunu görəndə, bəzi vacib həqiqətlər aydın olur.
1. Bu, Allahın bədənimizin qayğısına qaldığından xəbər verir. İsa Məsih bunu bizə aydın göstərdi. O, insanlara şəfa vermək və onların fiziki aclığını təmin etmək üçün çox vaxt sərf etdi. Onun ardınca gedən izdihamın yeməyə heç nəyinin olmadığını görəndə narahat oldu. Unutmayaq ki, Allah bədənimizin vəziyyətinə biganə deyil. Bədəni alçaldan, ona xor baxan və ya təhqir edən istənilən təlim yalandır. Allah bizim bədənimizə laqeyd deyil. Çünki İsa Məsihin simasında O Özü insan bədənində zühur etdi. Məsihçiliyin məqsədi təkcə canın xilas olması deyil, həm də bədənin, ağlın və ruhun birgə xilasıdır.
2. Bu dua bizə gündəlik, yəni bu günün çörəyi üçün dua etməyi öyrədir. Bu dua bizə gələcək üçün qayğı çəkməyi deyil, bugünkü gün üçün yaşamağı öyrədir. Çox güman ki, İsa şagirdlərinə bu duanı öyrədəndə, səhrada göydən yağan manna hekayəsini nəzərdə tuturdu (Çıxış 16:1-21). İsrail övladları səhrada ac qalanda Allah onlara göydən manna göndərdi. Onlar ancaq həmin gün üçün manna toplaya bilərdilər. Daha çox yığıb ehtiyat saxlamaq istəyəndə isə manna xarab olurdu. İsraillilər bu gün üçün lazım olanlarla kifayətlənməli idilər. Bir ravvinin dediyi kimi: «Hər günün öz payı var. Çünki günü yaradan Allah, o günün payını da yaradıb». Başqa bir ravvin isə belə deyib: «Bu gün üçün yeməyi olub, «Sabah nə yeyəcəyəm?» deyə soruşan adam imansızdır». Bu dua bizə bu gün üçün yaşamağı öyrədir. O, Allaha güvənməyən və müasir həyata xas olan narahatlığı qadağan edir.
3. Bu duada Allaha layiqli yer ayrılır. Dua həyatımızı təmin etmək üçün lazım olan yeməyi Allahdan aldığımızı təsdiqləyir. Hələ heç kim cücərən və meyvə verən toxumu yarada bilməyib. Alimlər toxumu onun tərkib hissələrinə parçalaya bilər, lakin heç bir sintetik toxum cücərib meyvə verməyəcək. Bütün canlılar Allahdandır. Beləliklə, Allahın bizə verdiyi qida Onun hədiyyəsidir.
4. Bu dua bizə duanın böyük gücə malik olduğunu xatırladır. Əgər insan dua edib, sonra oturub çörəyinin əlinə düşməsini gözləsə, şübhəsiz ki, o, acından öləcək. Bu dua bizə duanın hərəkətlə yanaşı getdiyini xatırladır. Biz dua edəndən sonra dualarımızı həyata keçirmək üçün addım atmalıyıq. Düzdür, canlı toxumu yaradan Allahdır. Amma bu da həqiqətdir ki, insan bu toxumu yetişdirməli və böyütməlidir. Bir adamın torpağı var idi. O, bu torpağa çoxlu vaxt və əmək sərf edərək, onu kənd təsərrüfatı üçün yararlı hala gətirdi. O, daşları çıxardı, alaq otlarını kökündən təmizlədi, gözəl çiçəklər və tərəvəzlər verənə qədər torpağı gübrələdi. Günlərin bir günü bu adam öz torpağını mömin adama göstərdi. Mömin torpağı görüb təəccübləndi: «Gör, Allah torpağı necə gözəl yaradıb». «Bəli» — torpağa zəhmət qoyan adam dedi. — «Kaş sən bu torpağı yalnız Ona məxsus olanda görəydin!» Allahın bolluğu insanın zəhməti ilə vəhdət təşkil etməlidir. Əməlsiz iman ölü olduğu kimi, əməlsiz dua da ölüdür. Bu duanı edərkən biz əsas iki həqiqəti öyrənirik: biz Allahsız heç nə edə bilmərik; Allah da bizsiz iş görə bilməz.
5. Onu da qeyd etməliyik ki, İsa Məsih bizə «Gündəlik çörəyimi mənə ver» deyə dua etməyi öyrətməyib. O bizə «Gündəlik çörəyimizi bizə ver» deyə dua etməyi öyrədib. Məsələ dünyada nəyinsə çatışmazlığında deyil. Dünyada hər şey kifayət qədərdir, hətta artıqdır. Məsələ həyat üçün lazım olan hər şeyi təmin etməkdə də deyil. Söhbət paylaşmaqdan gedir. Bu dua bizə dualarımızda eqoist olmamağı öyrədir. Bu dua təkcə bizim gündəlik çörəyimizi almağımızdan ötrü deyil, həm də onu başqaları ilə bölüşməyimiz üçündür.
Borclarının bağışlanması üçün dua etməzdən əvvəl insan, həqiqətən, buna ehtiyacı olduğunu başa düşməlidir. Başqa sözlə desək, Rəbbin Duasını etməzdən əvvəl günahkar olduğunu bilməlidir. İnsanlarla günahkar kimi rəftar ediləndə və ya onlara günahkar olduqlarını deyəndə, onlar qəzəblənirlər. Məsələ ondadır ki, insanların çoxu günah haqqında yanlış təsəvvürə malikdir. Onlar oğrunun, sərxoşun, qatilin, zinakarın, söyüşlə danışanların günahkar olması ilə tez razılaşırlar. Özlərini isə belə edəndə, günahkar saymırlar. Onlar layiqli, normal həyat sürürlər və heç vaxt məhkəməyə, həbsxanaya və ya mətbuata düşmək təhlükəsi ilə üzləşməyiblər. Buna görə də elə düşünürlər ki, günahın onlarla heç bir əlaqəsi yoxdur.
Əhdi-Cədiddə günah mənasını verən beş fərqli sözdən istifadə edilir.
1. Günah mənasında işlədilən ən tipik söz hamartiyadır. Əvvəlcə bu söz oxatma sahəsinə aid edilirdi və hədəfə dəyməmək mənasını verirdi. Hədəfi vura bilməmək — hamartiyadır. Buna görə də günah — bizim ola biləcəyimiz və olmalı olduğumuz şəxs ola bilməməkdir.
İngilis yazıçısı Çarlz Lemin (1775-1834) Semyuel Leqris adlı bir adam haqqında hekayəsi var. Bu gözəl gənc heç vaxt kiminsə ümidini doğrulda bilməmişdi. Onun həyatı üç mərhələdən ibarət olmuşdu. Əvvəlcə onun haqqında deyirdilər ki, o, həyatda nəyəsə nail olacaq. Sonra onun haqqında belə dedilər: «İstəsə, nəyəsə nail ola bilər». Sonda onun haqqında belə deməyə başladılar: «İstəsəydi, nəyəsə nail ola bilərdi». Edvin Muir öz tərcümeyi-halında yazır: «Hansısa yaşda hamımız — yaxşımız da, pisimiz də — potensialımızdan lazım olduğu kimi istifadə etmədiyimizdən kədərlənirik. Çünki olmalı olduğumuz şəxsə çevrilməmişik».
Hamartiya məhz budur və biz də məhz bu mövqedəyik. Biz lazım olduğu qədər yaxşı ər və arvadıqmı? Biz lazım olduğu qədər yaxşı oğul və qızlarıqmı? Biz lazım olduğu qədər yaxşı işçilər və ya müdirlərikmi? Elə bir insan varmı ki, bacardığı hər şeyi yerinə yetirə bildiyini iddia edə bilsin? Başa düşəndə ki, günah — hədəfə çatmamaqdır, ola bildiyimiz kimi ola bilməməkdir, onda hər birimizin günahkar olduğu aydın olur.
2. Günah mənasında işlədilən ikinci söz papabasisdir. Bu, pozmaq, cinayət deməkdir. Günah doğru ilə batil, xeyirlə şər arasındakı sərhədi pozmaqdır.
Biz şərəflə şərəfsizliyi ayırd edən xəttin həmişə doğru tərəfindəmi yer alırıq? Həyatımızda az da olsa, vicdansızlığa yol veririkmi? Biz doğru ilə yalanı ayıran xəttin həmişə düzgün tərəfindəmi dayanırıq? Doğrudanmı biz danışmaqla və ya susmaqla həqiqəti təhrif etmirik və ya həqiqətdən qaçmırıq? Xeyirxahlıq və nəzakəti, eqoizm və kobudluqdan ayıran xəttin həmişə doğru tərəfindəmi yer alırıq? Həyatımızda xoşagəlməz hərəkətlər və ya ədəbsiz sözlərə yer veririkmi?
Dərindən fikirləşəndə heç birimiz həmişə xəttin doğru tərəfində qaldığımızı iddia edə bilmərik.
3. Günah mənasında işlədilən üçüncü söz paraptomadır. Bu da sürüşmək deməkdir, eynilə buzlu yolda insanın sürüşməsi mənasını verir. Bu, parabasis qədər düşünülmüş hərəkət deyil. Tez-tez qeyri-iradi sözlərin ağzımızdan çıxdığını, ehtirasa yuvarlandığımızı, bir anlıq özümüzə nəzarəti itirdiyimizi və hisslərə qapıldığımızı deyirik. Hətta ən yaxşı insan belə təhlükəni bir anlıq unudarsa, «sürüşüb» günaha yol verə bilər.
4. Günah mənasında işlədilən dördüncü söz anomiyadır. Bu da özbaşınalıq, qanunsuzluq deməkdir. Anomiya — nəyin doğru olduğunu bilən, lakin səhv edən insanın günah işlətməsidir. Bu, qanunu bilən, lakin onu pozan insanın günah işlətməsidir. İnsan instinktiv olaraq istədiyi kimi hərəkət etmək istəyir. Buna görə də hər bir insanın həyatında elə məqam gəlib çatır ki, o, üsyan etmək, qanuna qarşı çıxmaq, qadağan olunanı etmək istəyir. On Əmrin birini belə pozmadığını deyən insan bu əmrlərin heç birini pozmaq istəmədiyini deyə bilməz.
5. Günah mənasında işlədilən beşinci söz — borc mənasını verən ofeylemadır. Bu, borcunu ödəyə bilməmək, vəzifəsini yerinə yetirə bilməmək deməkdir. Elə bir adam yoxdur ki, insanlar və Allah qarşısında borcunu mükəmməl şəkildə yerinə yetirdiyini iddia edə bilsin. İnsanlar arasında belə bir mükəmməllik yoxdur. Beləliklə, əslində, günahın nə olduğunu dərk edəndə görürük ki, bu, hər bir insanın tutulduğu geniş yayılmış xəstəlikdir. Zahirən insanların gözündə ədəbli olmaqla, eyni zamanda daxilən Tanrının gözündə günahkar olmaq mümkündür. Bunu dərk edən insan həmişə Rəbdən borclarının bağışlanmasını istəməlidir.
İnsan təkcə Rəbdən borclarının bağışlanmasını deyil, həm də nə dilədiyini dərk etməlidir. Rəbbin Duasında bütün xahişlərdən ən qorxulusu, yəqin ki, budur: «Bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla». Bu duanın hərfi mənası belədir: «Bizə qarşı günah edənləri bağışladığımız kimi, Sən də bizim günahlarımızı elə bağışla». 6:14-15-də İsa Məsih aydın şəkildə deyir ki, biz başqalarını bağışlasaq, Allah bizi bağışlayacaq, bağışlamaqdan imtina etsək, Allah da bizi bağışlamaqdan imtina edəcək. Buradan belə məlum olur ki, əgər qəlbimizdə hansısa qəzəb, həll olunmamış ixtilaf varsa, bu duanı etməklə Allahdan bizi bağışlamamasını diləyirik.
Əgər «Mən onu mənə etdiklərinə görə heç vaxt bağışlamayacağam» deyib, sonda bu duanı ediriksə, bilərəkdən Allahdan bizi bağışlamamasını diləyirik. Bir adamın dediyi kimi: «Bağışlama sülh kimi bir və bölünməzdir». İnsanın bağışlaması Allahın bağışlaması ilə sıx əlaqəlidir. Bizim qardaşlarımızın bağışlanmasını Allahın günahlarımızı bağışlamasından ayırmaq olmaz: onlar bir-biri ilə əlaqəli və bir-birindən asılıdır. Bu duanı dilimizə gətirməzdən əvvəl nə etdiyimizi xatırlasaydıq, bu sözləri deməyə cəsarət etməzdik.
«Xəzinə adası» kitabının müəllifi Robert Louis Stevenson Sakit okeanın Samoa adalarında yaşayarkən, ailəsi üçün hər səhər ibadət keçirdi. Günlərin bir günü səhər Rəbbin Duasının ortasında ayağa qalxıb otaqdan çıxdı. O, xəstə idi. Vərəm xəstəliyi onu Şotlandiyanı Samoaya dəyişməyə məcbur etmişdi. Buna görə arvadı onun halının pisləşdiyini düşünərək ardınca çıxdı. «Nəsə olub?» — deyə arvadı soruşdu. «Mən bu gün Rəbbin Duasını etməyə hazır deyiləm» — deyə Stivenson cavab verdi. Qəlbində inciklik hökm sürən kimsə Rəbbin Duasını edə bilməz. Əgər insan öz qardaşları ilə məsələni həll etməyibsə, onları Allahla da həll edə bilməz.
Həyatımızda bağışlanma almağın üç şərti var.
1. Biz başa düşməyi öyrənməliyik. İnsanın etdiyi hər şeyə görə həmişə bir səbəbi var. Əgər o, kobud və ədəbsiz davranırsa, əhvalı pisdirsə, deməli, nəyəsə görə narahatdır və ya nəsə onu incidir. Əgər o bizimlə yaxşı rəftar etmirsə, demək, nəyisə səhv başa düşmüş ola bilər və ya dediklərimiz, yaxud etdiklərimiz barədə yanlış məlumat almış ola bilər. Bəlkə də bu ona mühitdən və ya gendən gələn təsirdir. Bəlkə də xasiyyətinə görə həyatda və insanlarla münasibətdə çətinliklər yaşayır. Mühakimə etməzdən əvvəl insanları anlamağa çalışsaq, onları bağışlamaq bizim üçün daha asan olardı.
2. Biz unutmağı öyrənməliyik. Biz təhqir olunduğumuza və ya yara aldığımıza görə inciklikdə yaşasaq, bağışlanma haqqında düşünməyəcəyik. Biz çox vaxt belə deyirik: «Onun mənə dediklərini unuda bilmirəm» və ya «Onun mənə qarşı necə davrandığını heç vaxt unutmayacağam». Bu, çox təhlükəli sözlərdir. Çünki bunu yaddaşımızda həkk edib, insan kimi unuda bilməyəcəyik.
Bir gün tanınmış şotland yazıçısı Endryu Lenq gənc şairin kitabı haqqında çox yaxşı, müsbət rəy yazdı. Amma şair ona sərt və təhqiramiz ifadələrlə cavab verdi. Bir neçə il sonra başqa bir şair — Robert Brices, Lenqin hansısa kitabı oxuduğunu gördü. Brices dedi: «Bu ki səninlə kobud rəftar edən o nankor gəncin başqa bir kitabıdır». Lakin Brices Lenqin hər şeyi unutduğunu görəndə, təəccübləndi. O, sərt və təhqiredici sözləri tamamilə unutmuşdu. Brices dedi: «Bağışlamaq böyüklük əlamətidir, amma unutmaq tamamilə ülvi bir şeydir». Yalnız Məsihin təqdis edən Ruhu unutmalı olduğumuz köhnə acıları yaddaşımızdan silə bilər.
3. Biz sevməyi öyrənməliyik. Artıq gördüyümüz kimi, məsihçi məhəbbəti — aqape bizə qarşı necə davranmalarından və bizə nə etmələrindən asılı olmayaraq, başqalarının xeyrini axtaran sarsılmaz xoş niyyətdir. Belə məhəbbət yalnız Məsihin qəlbimizdə yaşadığı vaxt yaranır. O Məsih ki, Özü də məhəbbətdir və yalnız Onu dəvət etdiyimiz vaxt qəlbimizə gəlir.
Bağışlanma almaq üçün biz də bağışlamalıyıq. Bunu ancaq Məsihin gücü və səlahiyyəti sayəsində bacara bilərik.
Bu xahişi araşdırmazdan əvvəl iki vacib məqamı nəzərdən keçirmək lazımdır.
1. Müasir dinləyicinin qulağında imtahan etmək sözü yaxşı mənada səslənmir. Bu, kimisə günaha sövq etməyə çalışmaq deməkdir. Müqəddəs Kitabda peyrazeyn sözü imtahana çəkmək kimi deyil, sınamaq kimi tərcümə olunsa, daha yaxşı olardı. Əhdi-Cədiddə insanı imtahana çəkmək onu günaha sövq etmək mənasında yox, onun gücünü, sədaqətini, xidmət qabiliyyətini sınamaq mənasında işlədilir.
Əhdi-Ətiqdə Allahın, İbrahimdən yeganə oğlu İshaqı qurban verməsini tələb edərək onu necə sınadığını oxuyuruq. Müqəddəs Kitabda bu hekayə belə başlayır: «Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi» (Yaradılış 22:1) Təbii ki, burada «sınağa çəkdi» sözü günaha sövq etmək mənasını vermir. Çünki Allah heç vaxt insanı günaha sövq etməz. Əksinə, bu söz sədaqəti və itaəti sınamaq mənasında işlədilir. Biz İsa Məsihin sınağa çəkilməsi barədə oxuyanda, hekayə belə sözlərlə başlayır: «Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı» (Matta 4.1). Əgər burada «sınağa çəkilmək» sözünü günaha sövq etmək mənasında başa düşsək, belə nəticəyə gəlmək olar ki, Müqəddəs Ruh İsanı günaha sürükləməyə cəhd edib. Müqəddəs Kitabda oxuduqlarımızdan görürük ki, «sınağa çəkmək» sözünün ən azı «günaha sövq etmək» qədər «yoxlamaq» mənası var.
Burada sınağa dair böyük həqiqət var. Sınağın məqsədi bizi büdrətmək deyil. Sınaq bizi daha yaxşı və güclü etməlidir. Sınaq bizi günahkar yox, daha da güclü etməlidir. Ola bilsin ki, biz sınağa tab gətirməyib öhdəsindən gələ bilməyək. Amma bu o demək deyil ki, sınaqdan keçə bilməməyimiz öncədən planlaşdırılıb. Biz sınaqdan daha güclü və daha yaxşı çıxmalıyıq (1Peter 1:6-7 ilə müqayisə edin). Böyük mühəndislik layihəsində istifadə ediləcək metal daha yüksək gərginlik və təzyiqə məruz qalmalıdır, nəinki digər metallar. Beləcə Allah da insanı Öz xidmətində istifadə etməzdən əvvəl onu sınaqdan keçirməlidir.
Bütün bunlar həqiqətdir. Lakin o da həqiqətdir ki, Müqəddəs Kitab dünyada şər qüvvənin olduğunu inkar etmir. Müqəddəs Kitab nəzəri kitab deyil. Orada şər qüvvənin haradan gəldiyi barədə heç bir əsaslandırma yoxdur. Amma o, dünyada belə bir pis qüvvənin olduğunu qeyd edir. Buna görə də Azərbaycan dilində Rəbbin Duasındakı bu xahiş ingilis dilindən tərcümədə «bizi pislikdən xilas et», alman dilindən tərcümədə «bizi pis qüvvələrdən xilas et» kimi yox, «bizi şər olandan xilas et» deyə tərcümə olunub. Müqəddəs Kitab şəri mücərrəd bir prinsip və ya qüvvə kimi deyil, Allaha qarşı fəal olan qüvvə kimi tanıyır.
Müqəddəs Kitabda şeytan barədə yazılanlar böyük maraq doğurur. İbrani dilində şeytan sadəcə olaraq əleyhdar deməkdir. Bu söz çox vaxt insana münasibətdə də işlənə bilər. Hər insanın əleyhdarı onun şeytanıdır. Şamuel peyğəmbərin birinci kitabında filiştlilər Davudun geri qaytarılmasını xahiş edirlər. Onlar qorxurdular ki, Davud onların şeytanı, əleyhdarı olacaq (1Şamuel 29:4). Padşah Süleyman bəyan edir ki, Rəbb ona sülh verdi və heç bir düşmən, şeytan yoxdur (1Padşahlar 5:4). Davud Avişaya öz şeytanını, ittihamçısını gördü (2Şamuel 19:22). Bütün bu hallarda şeytan əleyhdar, düşmən mənasında işlədilir. Sonra şeytan sözü iddiaçı, kiməsə qarşı məhkəmədə iddia qaldıran mənasını verdi. Sonra bu söz yerlə əlaqəsini itirib, sanki göyə qalxır. Yəhudilərdə belə bir fikir var idi ki, göydə insana qarşı ittiham irəli sürən bir mələk var; bir növ prokuror rolunda olan mələk. Bu mələk şeytan idi. Bu mərhələdə şeytan hələ şər qüvvə deyildi. O, səmavi məhkəmə sisteminin bir hissəsi idi. Əyyubun kitabı 1:6-da şeytan Allahın oğulları sırasında idi: «Bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi». Bu mərhələdə şeytan insanın səmavi ittihamçısı idi.
Amma adama qarşı iş qaldırmaq üçün gərək onu işə salasan. Budur, növbəti addım atıldı. Şeytanın başqa adı da var — iblis. İblis yunan dilində böhtançı mənasını verən diabolos sözündən götürülüb. Beləliklə, şeytan insanın iblisi, böhtançısı, düşməni, əleyhdarı oldu. Onun niyyəti Allahın planını və məqsədlərini pozmaq, bəşəriyyəti məhv etmək idi. Şeytan insana və Allaha qarşı olan hər şeyi xarakterizə edir. İsa Məsih bizə öyrədir ki, bu dağıdıcı qüvvədən xilas olmaq üçün dua edək. O, bu şər qüvvənin mənşəyinə varmır. Çünki bu, müzakirə mövzusu deyil. Bir nəfərin dediyi kimi: «İnsan yuxudan oyanıb evinin yandığını görsə, kresloda oturub fərdi evlərdə baş verən yanğınla bağlı əsər yazmaz. O, dərhal yanğını söndürməyə can atıb, evini xilas etməyə çalışar». Buna görə də Müqəddəs Kitab şərin mənşəyi haqqında araşdırmalara vaxt itirmir. Müqəddəs Kitab insanı dünyadakı şərlə mübarizə aparmaq üçün təchiz edir.
Həyatda həmişə sınaqlar olur. Lakin düşmən buna səbəb tapmayınca hücuma keçə bilməz. Bəs bu səbəbi haradan tapır? Bizim imtahanlarımız haradan qaynaqlanır? Əvvəlcədən xəbərdar olmaq qabaqcadan silahlanmaq deməkdir. Əgər hücumun haradan gələcəyini bilsək, onu daha yaxşı dəf edə bilərik.
1. Bəzən imtahanlar bizə kənardan hücum edir. Bəzi insanlar bizə pis təsir edir. Bəzi insanların yanında pis iş görməyi ağlından belə keçirtmək mümkün deyil. Bəzilərinin yanında isə pis işlər görmək çox asandır. Məşhur Şotlandiya şairi Robert Börns gəncliyində kətanla işləməyi öyrənmək üçün doğma kəndini tərk etmişdi. O, ömür boyu dünyanı gəzmiş və çox şey görmüş güclü xarakterli Robert Braunla rastlaşmışdı. Börns ona heyran olmuşdu və hər şeydə onu təqlid etməyə çalışırdı: «O məndən daha böyük axmaq insan idi, çünki onun yol göstərən ulduzu qadın idi... O mənim dəhşətlə baxdığım bəzi zəifliklər və çatışmazlıqlara qeyri-ciddi yanaşırdı. Bu mənada onun dostluğu mənə ziyan vurdu». Bəzən elə olur ki, dostluq və ya yoldaşlıq adama zərər verir. İnsan imtahanla dolu dünyada dost və cəmiyyət seçimində diqqətli olmalıdır. Kənardan gələn imtahanlara yer vermək olmaz.
2. Nə qədər faciəli görünsə də, etiraf etməliyik ki, imtahanlar bizi sevənlər tərəfindən də gələ bilər. Digərlərinə nisbətən belə imtahanlara qarşı durmaq çox çətindir. Çünki bu bizi sevən və heç bir halda bizə zərər vermək istəməyən insanlar tərəfindən gəlir.
Əslində isə, belə olur: insan necə davranmalı olduğunu bilir. O, hansısa peşəni və həyat yolunu seçir. Amma sonra onun seçimi kiminsə xoşuna gəlmir. O, riskə getməli olur. Bəlkə də dünyanın uğur hesab etdiyi hər şeydən vaz keçməli olur. Məhz belə vəziyyətdə onu sevən insanlar seçdiyi yoldan döndərməyə çalışırlar. Onu sevənlər ona ehtiyatlı, tədbirli, ağıllı olmağı məsləhət görürlər. Onlar istəyir ki, sevdikləri adam onların maraqlarına uyğun hərəkət etsin. Onlar istəmir ki, həmin adam fürsəti əldən versin. Buna görə də onun özünün düzgün hesab etdiyi şeylərdən uzaqlaşdırmağa çalışırlar.
Məsihlə də belə oldu. «İnsanın düşməni öz ev əhli olacaq» (Matta 10:36). İsanın ailə üzvləri Onu aparmağa çalışdılar.. Çünki fikirləşirdilər ki, O, ağlını itirib (Mark 3:21). Onlara elə gəlirdi ki, İsa həyatını və uğurlarını boşuna sərf edir; onlar düşünürdülər ki, İsa axmaqlıq edir. Onlar İsanı durdurmaq istəyirdilər. Bəzən ən güclü sınaq bizə sevginin səsi ilə gəlir.
3. Bəzən imtahan çox qəribə şəkildə gənclərə hücum edir. Əksəriyyətimizdə göründüyümüzdən daha pis görünmək kimi qəribə istək yaranır. Hər halda, bəzi dostlarımızın arasında. Biz yumşaq və dindar, sentimental və müqəddəs görünmək istəmirik. Deyirik ki, qoy bizim barəmizdə iffətli kimi yox, dəhşətli dərəcədə quldur-fırıldaqçı kimi düşünsünlər. Avqustinin «Etiraf» əsərində məşhur bir parça var: «Onların əxlaqsızlıqları ilə öyündüklərini eşidəndə tay-tuşlarım arasında həyasız olmadığıma görə utandım... Mən təkcə əməllərimin verdiyi məmnunluqdan deyil, həm də tərifdən zövq alırdım... Qınaq hədəfi olmayım deyə, özümü olduğumdan daha pis göstərirdim. Ən pis əxlaqsız adam kimi günah etməsəm də, nifrətə layiq olmağım üçün deyirdim ki, bu işi mən görmüşəm».
Bir çoxları oturub-durduğu çevrədə fərqlənməmək üçün zəifliklərini görməzdən gəlib, yeni vərdişlər mənimsəməyə başladılar. İmtahanlara qarşı ən yaxşı müdafiə forması — yaxşı olmaq üçün cəsarət göstərməkdir.
4. Lakin imtahan bizə təkcə xaricdən gəlmir. O, həm də daxilimizdən gəlir. Əgər içimizdə imtahanlara səbəb ola biləcək bir şey olmasaydı, onların qalib gəlməsi qeyri-mümkün olardı. Hər birimizin öz zəif nöqtəsi var. İmtahan da bu zəif nöqtəyə hücumdan başlayır.
Bu zəif nöqtə hər kəs üçün fərqlidir: biri üçün dəhşətli olan imtahan digərinə heç toxunmur; birinə heç toxunmayan isə digərinə qarşısıalınmaz sınaq olur.
Hər bir insanın zəif nöqtəsi var. Əgər o, ehtiyatlı olmasa, həmin zəifliyi onu məhv edər. Hər bir insanda bir boşluq, mənfi xarakter var. Bu xarakter onun bütün həyatını məhv edə bilər. Məsələn, güclü bir instinkt və ya hər an büdrədə biləcək güclü ehtiras. Biz bunun fərqinə varmalı və diqqətli olmalıyıq.
5. Amma nə qədər qəribə görünsə də, bəzən imtahan bizim zəif nöqtəmizdən deyil, ən güclü cəhətimizdən gəlir. Əgər biz vərdiş olaraq «Mən bunu heç vaxt etməyəcəyəm» deyiriksə, o zaman məhz bu sahədə daha ehtiyatlı olmalıyıq. Tarix yenilməz qalalar barədə hekayələrlə doludur. Adamlar qalanın yenilməzliyinə o qədər arxayın olurdular ki, onu qorumaq üçün mühafizəçi qoymağı lazım bilmirdilər. Bu cür özünəarxayınlıq qədər adamı imtahana salan heç nə yoxdur. Biz istər ən zəif, istərsə də ən güclü cəhətimizə görə həmişə ayıq-sayıq olmalıyıq.
Bizi imtahana uğradan hücumlar haqqında danışdıq. İndi isə imtahana qarşı necə səfərbər olacağımızı müzakirə edəcəyik.
1. Ən sadə müdafiə — özünə hörmət hissidir. Nehemyanın həyatı təhlükədə olanda ona vəzifəsini və işini tərk edərək, təhlükə keçənə qədər Məbəddə bağlı qapılar arxasında qalmağı təklif etdilər. Nehemya belə cavab verdi: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!» (Nehemya 6:11). İnsan çox şeydən qaça bilər, amma özündən qaça bilməz. İnsan öz xatirələri ilə yaşamalıdır. Əgər o özünə hörmətini itiribsə, həyatı dözülməz olur. Bir vaxtlar Amerika Birləşmiş Ştatlarının iyirminci prezidenti Ceyms Qarfildə sərfəli, lakin şərəfsiz bir təklif edilmişdi. «Heç kim heç vaxt heç nə bilməyəcək» deyə onu əmin etdilər. Qarfild isə belə cavab verdi: «Heç kim bilməsə də, prezident Qarfild biləcək və mən onunla yatmalıyam». İnsan sınağa çəkiləndə «Mənim kimi bir adam necə belə edə bilər?» deyərək özünü müdafiə edə bilər.
2. Müdafiənin başqa üsulu — ənənədir. Nəsillər boyu yaradılmış ənənələri heç kim asanlıqla poza bilməz. Afinanın görkəmli dövlət xadimi olan Perikl xalq məclisində çıxış etməyə gedəndə həmişə öz-özünə deyirdi: «Perikl, unutma ki, sən afinalısan və afinalılarla danışmağa gedirsən».
İkinci Dünya Müharibəsi tarixinin ən parlaq səhifələrindən biri 1941-ci ilin aprel-dekabr aylarında alman-italyan qoşunlarının mühasirəyə aldığı Liviyanın (Şimali Afrika) Tobruk şəhərinin ingilis qoşunları tərəfindən müdafiə olunmasıdır. Mühafizəçilərdən ibarət iki batalyondan yalnız iki yüz əsgər və zabit sağ qaldı. Sağ qalanların sanki kölgəsi qalmışdı. Onlar aviasiya xəstəxanasına yerləşdirildilər. Zabit pilotlardan biri söhbətində belə deyirdi: «Bəli, piyada qoşun kimi getməkdən başqa çarəmiz yox idi». Digəri isə qeyd edirdi: «Yəqin seçmə qoşunda xidmət etmək asan deyil. Çünki nə olur olsun, vəzifədən irəli gələn ənənə səni dik dayanmağa məcbur edir».
Ənənə dünyanın ən güclü qüvvələrindən biridir. Hər birimiz hansısa ölkənin, məktəbin, ailənin, kilsənin üzvüyük. Etdiyimiz hər şey ölkəmizdə, məktəbimizdə, ailəmizdə, kilsəmizdə iz buraxır. Bizə gəlib çatmış və inandığımız adət-ənənələrə xəyanət edə bilmərik.
3. Bizim sevdiyimiz insanlar və bizi sevənlər üçün müdafiəmiz var. Əgər cəza insanın tək özünə aid olsaydı, bəlkə də o, çox günah edərdi. Amma insan günahdan qaçır. Çünki öz həyatını məhv etsə belə, başqalarının gözündə görəcəyi ağrıya dözə bilmir.
Belə bir məsəl var:
«Bir kişi evinin qapısının ağzında oturub tənbəki çəkirdi. Qonşusu da yanında oturub onu sınayırdı: «Kasıb adamsan, işin-gücün yoxdur. Bu isə vəziyyətini yaxşılaşdırmaq üçün asan bir yoldur. Elə də çətin iş deyil, çoxlu pul gətirəcək və burada qınanılası heç nə yoxdur. Ləyaqətli insanlar bunu hər gün edirlər. Bu fürsəti əldən versən, axmaq olarsan. Gəl elə indi gedib bu işi görək». Kişi diqqətlə qonşusuna qulaq asırdı. Ta ki onun gənc arvadı qucağında uşaqla çölə çıxanadək.
«Uşağı bir dəqiqə saxla. O nadinclik edir, mən isə paltarları asıb qurutmalıyam» — arvadı dedi. Kişi uşağı qucağına götürdü. Uşaq atasının gözlərinə baxıb, sanki baxışları ilə belə deyirdi: «Cismim sənin cismindən, qanım sənin qanındandır. Hara getsən, ora gedəcəyəm. Mənə yol göstər, ata. Mən sənin izinlə gedəcəyəm». Bu zaman kişi qonşusuna belə dedi: «Get bir daha bura gəlmə».
Bəlkə də insan günahının əvəzini ödəyə bilər. O halda ki, günahın dəyəri yalnız özünə aid olsun. Amma yadına düşsə ki, etdiyi günah kiminsə qəlbini qıracaq, onda imtahanlara qarşı möhkəm müdafiəsi olacaq.
4. Bizim İsa Məsihin hüzurunda müdafiəmiz var. İsa kitabın qəhrəmanı deyil; O, həmişə hər yerdə mövcuddur. Bəzən bir-birimizə belə sual veririk: «Birdən Məsihin yanınızda dayandığını görsəniz, nə edərdiniz? İsa evinizdə qonaq olsaydı, necə yaşayardınız?» Amma məsihçi inancının mahiyyəti ondan ibarətdir ki, İsa həmişə bizimlədir. O, hər evdə qonaqdır. Onun varlığı inkaredilməzdir. Buna görə də biz elə yaşamalıyıq ki, O, həyatımızı görə bilsin. İmtahanlara qarşı güclü müdafiəmiz — İsa Məsihin varlığını heç vaxt unutmamaqdan irəli gəlir.
Oruc indiki dövrdə də Şərqdə ibadətin mühüm elementidir. Müsəlmanlar müsəlman təqviminin doqquzuncu ayına təsadüf edən və Məhəmmədə verilən ilk vəhyin xatirəsi olan Ramazan ayında oruc tutmağa ciddi şəkildə riayət edirlər. Oruc, qara sapın ağ sapdan ayırd edilə biləcəyi torandan gün batana qədər davam edir. Bu müddətdə çimmək, su içmək, siqaret çəkmək, ətir qoxusunu içinə çəkmək, yemək qadağandır; təkcə əsas şeylərə icazə verilir. İstisna hallar yalnız tibb bacıları və hamilə qadınlara aiddir. Əsgərlər və səyahətçilər orucu poza bilərlər. Lakin onlar başqa vaxt həmin orucu tutmalıdırlar. Əgər insan səhhətinə görə oruc tuta bilmirsə, o, fəqirlərə sədəqə verməklə qanun pozuntusunun əvəzini ödəməlidir.
Məhz belə oruc tutma adətləri qədim yəhudilərdə də var idi. Yuxarıda qeyd etdiyimiz kimi oruc gün çıxandan gün batana qədər davam etməli idi. Yalnız bundan sonra qida qəbul etmək olardı. İsa Məsihin dövründə yəhudilərin yalnız bir vacib orucu var idi. Bu da Kəffarə günündə tutulan oruc idi. Həmin gün hamı səhərdən axşama kimi özünü «hər şeydən məhrum» etməli idi (Levililər 16:31). Yəhudi din alimlərinin qanununda deyilirdi: «Kəffarə günü yemək, içmək, çimmək, yağla məsh olunmaq, ayaqqabı geyinmək, həmçinin fiziki yaxınlıq qadağandır». Hətta balaca uşaqlar belə Kəffarə günü müəyyən qədər oruc tutmağa öyrədilirdi ki, böyüyəndə ümumxalq orucunda iştirak etməyə hazır olsunlar.
Amma yəhudilərin yalnız bir məcburi oruc günü olmasına baxmayaraq, onlar fərdi orucları da geniş şəkildə tətbiq edirdilər.
Başqa bir oruc yas mərasimi ilə bağlı idi. Yas tutanlardan yaxın adamın ölümü ilə dəfni arasında ət və şərabdan çəkinmələri tələb olunurdu. Günahların kəffarəsi üçün oruc tutulurdu. Deyirlər ki, Ruven Yusifi köləliyə satdığına görə günahını yumaq üçün yeddi il oruc tutmuşdu: «O, nə şərab, nə də başqa içkilər içirdi, ağzına ət dəymirdi, heç bir dadlı yemək yemirdi» («Ruvenin əhdi» 1:10). Eyni səbəbdən, «Şimeon iki il oruc saxlamaqla özünü aşağı tuturdu, çünki Yusifə nifrət edirdi» («Şimeonun Əhdi» 3:4). Deyilənə görə, Tamarla işlətdiyi günaha görə tövbə edən Yəhuda qocalana qədər «ət və şərab qəbul etmədi və həyatdan zövq almadı» («Yəhuda Əhdi» 15:4). Yəhudi mütəfəkkirlərinin tövbə etmədən oruc tutmağı mənasız gördüklərini desək, düzgün olar. Oruc yalnız daxili peşmançılığın zahiri təzahürü kimi qəbul edilirdi. Hikmət kitabının müəllifi Sirax oğlu Yeşua yazır (34:26): «Günahlarından ötrü oruc tutan, sonra gedib həmin işi edən adam da eyni vəziyyətdədir. Onun dualarını kim eşidər? Özünü alçaltmasının nə faydası var?» Bir çox hallarda oruc tutmaq xalqın tövbəsi sayılırdı. Məsələn, xalq Binyaminlə daxili müharibədə məğlub olandan sonra oruc tutdu (Hakimlər 20:26). Şamuel xalqa oruc tutmağı əmr etdi, çünki onlar Baal bütünün ardınca getmişdilər (1Şamuel 7:6). Nehemya da xalqa oruc tutmağı və günahlarını etiraf etməyi əmr etdi (Lehemya 9:1). Xalq Allah qarşısında tövbə edərək dəfələrlə oruc tutdu.
Bəzən oruc vəhy almaq üçün hazırlıq rolunu oynayırdı. Musa peyğəmbər qırx gün və qırx gecə dağda oruc tutdu (Çıxış 24:15). Daniel Allahdan səbirsizliklə cavab gözləyərək oruc tutdu (Daniel 9:3). İsa Məsih ağır sınaqdan keçəndə oruc tutmuşdu (Matta 4:2). Bu, məntiqli idi, çünki bədən nizam-intizamlı olanda, ruhani və intellektual qabiliyyətlər çox ayıq olur.
Bəzən oruc tutmaq Allaha yalvarış idi. Məsələn, yağış yağmayanda və məhsul tələf olmaq təhlükəsi ilə üz-üzə qalanda, Allaha yalvarmaq üçün ümumxalq orucu elan olunurdu.
Yəhudilərə görə, orucun üç əsas məqsədi vardı.
1. Oruc Allahın diqqətini oruc tutana yönəltmək üçün şüurlu şəkildə atılan addım idi. Əslində, burada məqsəd sadə idi. Oruc Allahın diqqətini cəlb etmək və Onu təvazökar insana yönəltmək məqsədi daşıyırdı.
2. Oruc tutmaq insanın sidq ürəkdən tövbə etdiyini sübut etmək üçün şüurlu şəkildə atılan addım idi. Oruc duaların səmimiliyinin göstəricisi idi. Bunun arxasında təhlükənin olduğu dərhal nəzərə çarpır. Çünki tövbə səmimi olmaya bilərdi.
3. Amma çox vaxt oruc əvəzedici xarakter daşıyırdı. O, daha çox bir insanın canının xilasına yox, Allahın bütün İsrail xalqını çətin vəziyyətdən xilas etməsinə yönəlirdi. Hər şey elə görünürdü ki, sanki xüsusi möminlər «Adi insanlar bunu edə bilməz, onlar dünyəvi işlərlə çox məşğuldurlar. Biz bunu başqalarında lazım olan möminliyin çatışmazlığını kompensasiya etmək üçün edəcəyik» deyirdilər. Yəhudilər arasında orucun nəzəriyyəsi və praktikası bax belə idi.
Yəhudilərin oruc tutmaq haqqında idealları nə qədər yüksək olsa da, praktikada bunları həyata keçirmək müəyyən təhlükələrlə bağlı idi. Ən təhlükəlisi də o idi ki, insanlar möminliklərini başqalarına əlçatmaz kimi göstərmək üçün oruc tuta bilərdilər, yəni möminliyini və nizam-intizamını Allaha yox, insanlara sübut etməyə çalışa bilərdilər. İsanın ifşa etdiyi də elə bu idi. O, oruc tutaraq möminliyini təntənəli şəkildə nümayiş etdirənləri qınayırdı. Yəhudilər bazar ertəsi və cümə axşamı oruc tuturdular. Həmin günlər bazarda alış-veriş günləri idi. Buna görə şəhərdə və kəndlərdə, xüsusilə də Yerusəlimdə adamlar bir yerə toplaşırdılar. Həmin günlərdə oruc tutanlar möminliklərini görən və onlara heyran olan «böyük tamaşaçı» kütləsi toplayırdılar. Bir çoxları qəsdən elə edirdilər ki, başqaları onların necə oruc tutduğunu mütləq görsünlər. Onlar bilərəkdən açıq başları, dağınıq saçları, çirkli və nimdaş paltarları ilə küçə boyu addımlayırdılar. Hətta solğunluqlarını vurğulamaq üçün qəsdən üzlərini ağardırdılar. Bu, təvazökarlıq yox, ruhani qürur və lovğalığın təzahürü idi.
Müdrik ravvinlər də İsa Məsih kimi bunu qınayırdılar. Ravvinlər yaxşı bilirdilər ki, əslində, oruc özlüyündə heç bir məna daşımır. Onlar deyirdilər ki, nəfsə hakim olmaq əhdi məhbusların taxdıqları dəmir yaxalıq kimidir. Belə əhd bağlayan insan yaxasının baxımsız qaldığını görüb, səhvən onu boynuna taxan və bununla da könüllü olaraq köləliyi qəbul edən şəxs kimidir. Ravvinlərin gözəl bir məsəli vardı: «İnsan Qiyamət günü edə biləcəyi, lakin etmədiyi hər bir yaxşı əməlin hesabını verəcəkdir».
Orucun yanlış anlaşılmasını göstərən belə bir hekayə var. Günlərin bir günü səyahətçi qayalıq yerlərdən keçərkən katolik keşişi ilə qarşılaşır. O, belə bir qocanın sıldırım qayaları aşdığını, yoxuş boyu dırmaşdığını görüb çox təəccüblənir və soruşur:
Sənin burada nə işin var?
Dünyanın gözəlliyini axtarıram — deyə qoca cavab verir.
Amma sən onun gözəlliyini çoxdan ötürmüsən.
Bunu eşidən qoca ona öz hekayəsini danışır. O, bütün ömrünü monastırda keçirmişdi və heç vaxt onun hüdudlarından kənara çıxmamışdı. Bir gün ağır xəstələnir və yuxuda çarpayısının yanında bir mələk görür.
Niyə gəldin? — deyə qoca mələkdən soruşur.
Səni evə aparmaq üçün — mələk cavab verir.
Mən çox gözəl bir ölkəyə gedəcəyəm? — qoca yenidən soruşur.
Sən çox gözəl ölkədən gedirsən — deyə mələk cavab verir.
Qoca sonra sözünə davam edərək deyir ki, o, monastırın ətrafındakı tarlalardan və ağaclardan başqa heç nə görməyib.
Çox təəssüf ki, tərk etdiyim bu dünyada çox şey görməmişəm.
Onda, — mələk deyir, — mən qorxuram ki, gedəcəyin dünyada da az gözəllik tapasan.
Mələyin bu sözlərini eşidib qoca özünü pis hiss edir. O, bu dünyada daha iki il qalmaq üçün mələkdən icazə istədiyini səyyaha deyir:
Duam eşidildi və mən topladığım kiçik qızılı və bütün vaxtımı yer üzünün gözəlliklərini axtarmağa sərf edirəm. İndi gördüklərimi çox bəyənirəm!
İnsan yer üzünün gözəlliklərini rədd etməli deyil, əksinə, onları görməli və onlardan zövq almağı bacarmalıdır. Dini nöqteyi-nəzərdən orucun qeyri-adi möminliyin nümayişi kimi heç bir dəyəri yoxdur.
İsa Məsih yanlış oruc tutmağı pisləsə də, Onun sözləri göstərir ki, oruc tutmağın müdrik bir yolu var. İsa məsihçilərdən bu yola əməl etmələrini gözləyir. Lakin bizim çoxumuz bu barədə heç düşünmürük. Yalnız bəzi sadə insanlar orucu ciddi qəbul edirlər. Müdrik oruc isə əla bir şeydir. Bunun da bir çox səbəbi var.
1. Oruc tutmaq sağlamlıq üçün faydalıdır. Çoxları elə həyat tərzi sürürlər ki, xəstə və zəif ola bilərlər. Bəzi insanlar yemək üçün yaşayır, yaşamaq üçün yemirlər. İnsanların əksəriyyəti üçün tez-tez oruc tutmaları faydalı olardı.
2. Oruc tutmaq özünü tərbiyə etmək üçün yaxşıdır. Özünə çox şeyi icazə vermək asandır. Elə vaxtlar olur ki, biz əldə edə biləcəyimiz heç nəyə məhdudiyyət qoymuruq. İnsanların çoxu hər həftə heç olmasa bir müddətə öz istəklərinə hakim olsalar və özlərinə «zəhər əleyhinə» ciddi nizam-intizam tətbiq etsələr, yaxşı olardı.
3. Oruc tutmaq istəklərimizin quluna çevrilməyin qarşısını alır. Bir çoxumuz vərdişlərdən əl çəkə bilmədiyimizə görə özümüzə haqq qazandırırıq. Bu vərdişlər həyatımızın o qədər vacib hissəsinə çevrilir ki, onlardan əl çəkə bilmirik. Bəzi insanlar bir çox şeylərə elə həvəs göstərir ki, bu şey zövq gətirməli olduğu halda zəruriyyət yaradır. Əgər o şeylərdən məhrum olsalar, onda həyat onlar üçün cəhənnəmə çevrilər. Orucu müdrikliklə tutan adam üçün heç nə buxov ola bilməz, ya da asılılıq yarada bilməz. Belə olan halda, biz zövq aldığımız şeylərin ağası olardıq, onlar bizim yox.
4. Oruc müəyyən şeylər olmadan keçinmək qabiliyyətini inkişaf etdirir. İnsanın həyatı üçün vacib meyar onun zəruri hesab etdikləridir. Aydın məsələdir ki, nə qədər az şeydən asılı olsaq, bir o qədər müstəqil və azad olacağıq. Həyatımızda nə qədər çox zərurət olsa, bir o qədər dəbdəbəpərəst olacağıq. İnsan küçədə gəzərkən vitrinlərə baxa-baxa bolluq olmadan da yaşaya biləcəyini öz-özünə etiraf etsə yaxşıdır. Orucun bəzi formaları insanlara zərurətə çevrilməməli şeylər olmadan da yaşamaq bacarığını inkişaf etdirir.
5. Oruc bizə hər şeyin qədrini bildirir. Həyatda bəzən nələrdənsə həzz almaq o qədər nadir hala çevrilir ki, ondan dadanda həzz aldığını o dəqiqə hiss edirsən. Bu gün çoxlarının iştahası və dadbilməsi kütləşib. Bir vaxtlar böyük həzz verən şeylər imtinası mümkünsüz sayılan narkotik kimi olub. Oruc zövq almağın həssaslığını və təravətini qoruyur.
Oruc adi insanların həyatından, demək olar ki, tamamilə yox olub. İsa Məsih orucun yanlış formalarını pisləsə də, orucun həyatdan tamamilə yox olacağını nəzərdə tutmurdu. Hər kəs öz ehtiyacına uyğun oruc tutsa, yaxşı olar. Səbəb də odur ki, yer üzündəki zövqlər bizim üçün bələdçi kimi xidmət etməli və buxovlara çevrilməməlidir.
19-21
Adətən, uzun müddət saxlanılan şeyləri toplamaq müdriklik sayılır. İstər bu, kostyum və ya avtomobil, xalça və ya mebel olsun. Möhkəm, davamlı və yaxşı işləyən əşyaları seçmək ehtiyatlılıq əlamətidir. İsanın nəzərdə tutduğu da məhz budur: biz əbədi olana diqqət yetirməliyik.
İsa Məsih o vaxtlar İsraildə mövcud olan üç mühüm mənbə və sərvəti xatırladır.
1. İsa insanlara güvələrin məhv edə biləcəyi xəzinələrdən çəkinməyi əmr edir. Şərqdə insan sərvətinin bir hissəsini çox vaxt gözəl və nəfis geyimlərə sərf edirdi. Məsələn, Elişanın xidmətçisi Gehazi ağası tərəfindən sağaldılan Naamandan qeyri-qanuni yolla qazanc əldə etmək qərarına gəldi. O, bir talant gümüş və iki dəst paltar istədi (2Padşahlar 5:22). Akan onu günaha sürükləyən gözəl paltara tamah salmışdı (Yeşua 7:21).
Bütün fikirlərinizi maddiyyata yönəltmək lazım deyil. Çünki onları güvə yeyə bilər, nəticədə gözəlliyi və dəyəri itəcək. Xəzinə daimi deyil.
2. İsa Məsih insanlara paslanıb məhv olacaq xəzinələrdən qaçmağı əmr edir.
Yunan mətnində pas sözü əvəzinə brosis sözü işlədilir. Bu söz hərfi mənada yemək, udmaq deməkdir. Bu söz başqa heç yerdə pas mənasında işlədilmir. Çox güman ki, belə bir mənzərə yaranır. Şərqdə çoxlarının xəzinəsi və sərvəti böyük anbarlarda saxlanılan taxıl və çörəkdən ibarət idi. Lakin zərərvericilər, qurdlar, siçovullar və siçanlar anbara daxil olub, taxılı tamamilə məhv edə bilərdi.
Belə xəzinələr fanidir və heç bir təhlükəsizliyi yoxdur.
3. İsa insanlara əmr edir ki, oğruların qazıb oğurlaya biləcəyi xəzinələrdən uzaq dursunlar. Yunan dilinin orijinalında qazmaq əvəzinə diorusseyin sözü işlədilir. İsraildə evlərin çoxu bişmiş gildən tikilirdi. Buna görə oğrular divarda dəlik açaraq evə girirdilər. İsa evində qızıl gizlədən adamdan məsəl çəkir. Bir gün o, evə gəlib oğruların kövrək divarda dəlik açdıqlarını və xəzinəsini apardıqlarını gördü. Oğruların əlinə düşə biləcək xəzinəyə etibar yoxdur.
Beləliklə, İsa Məsih insanları həzz və mal-dövlətin üç növündən çəkinməyə çağırır.
1. İsa paltar kimi köhnəlib korlanan həzlər barədə xəbərdarlıq edir. Dünyanın ən gözəl paltarlarını güvə yeyə bilər. Hətta güvə yeməsə belə, sonda məhv olacaq. Bütün fiziki həzlər öz saflığını və həssaslığını itirməyə məhkumdur. İnsan hər dəfə nələrdənsə zövq aldıqca duyduğu həzz getdikcə azalır. İlk məmnunluq hissini yaşamağa daha çox ehtiyac yaranır. Zövq uzun müddət istifadə etdikdən sonra ilkin gücünü itirən və getdikcə təsirini azaldan narkotik və dərman kimidir. Axmaq o adamdır ki, müvəqqəti məmnunluq verən şeylərdə həzz axtarır.
2. İsa Məsih sonda cazibəsini itirən və yoxa çıxan həzlərə qarşı xəbərdarlıq edir. Anbardakı taxıl gəmiricilərin — siçovulların, siçanların yeminə çevrilir. İnsan yaşlandıqca bəzi zövqlər onun üçün istər-istəməz cazibəsini itirir. Bəlkə o, artıq fiziki cəhətdən onlardan həzz almaq iqtidarında deyil; bəlkə də onlar artıq onun inkişaf edən zehnini qane etmir. İnsan heç vaxt zamanla əlçatmaz olacaq həzlərə qapılmamalıdır. O, zamanla cazibəsi və gözəlliyi tükənməyən şeyləri axtarmalıdır.
3. İsa Məsih oğurlana biləcək həzlərdən çəkindirir. Buraya bütün maddi dəyərlər daxildir, onların hamısı etibarsız və müvəqqətidir. Xoşbəxtliyini onların üzərində quran insan kövrək bir təmələ əsaslanır. Məsələn, insan həyatını elə qurur ki, onun bütün xoşbəxtliyi puldan asılı olur. Birdən gözlənilməz hadisə baş verərsə və o, pulunu itirərsə, onda var-dövlətlə birgə xoşbəxtliyini də itirər. Ağıllı insan həyatını itirilməyən və şəraitdən asılı olmayan şeylər üzərində qurur.
Xoşbəxtliyi belə şeylərdən asılı olan insan məyus olmağa məhkumdur. Xoşbəxtliyini maddiyyata bağlayan insan, şübhəsiz ki, xəzinəsini itirəcək, çünki əşyalar müvəqqətidir.
Səmavi xəzinələr ifadəsi yəhudilərə yaxşı tanış idi. Onlar belə xəzinələri iki məqamla əlaqələndirirdilər.
1. Onlar deyirdilər ki, insanın yerdə etdiyi yaxşılıq cənnətdə xəzinəyə çevrilir. Yəhudilərin yəhudi dinini qəbul edən və Adiabenedən olan Monobaz adlı padşah haqqında məşhur bir hekayəsi var idi. Qıtlıq olanda Monobaz bütün xəzinəsini yoxsullara payladı. Qardaşları ona xəbər göndərdilər ki, ataları xəzinə toplayıb dədə-babalarının xəzinələrinə əlavə ediblər, o isə bu xəzinəni dağıdıb-tökdü». Monobaz onlara belə cavab verdi: «Atalarım dünya üçün xəzinə topladı, mən isə səmavi aləm üçün. Onlar xəzinəni insan əlinin çatacağı yerlərdə saxladılar, mən isə xəzinəmi insan əlinin çatmayacağı yerə qoydum. Atalarım heç bir fayda gətirməyən xəzinələr yığırdılar, mən isə fayda gətirən xəzinə topladım. Atalarım maddi xəzinə yığdılar, mən isə ruhani xəzinə yığdım. Atalarım başqaları üçün xəzinə topladılar, mən isə özüm üçün. Atalarım bu dünya üçün xəzinə topladılar, mən isə axirət günü üçün».
İsa da, yəhudi ravvinlər də əmin idilər ki, eqoist məqsədlər üçün yığılan hər şey itirilir, başqalarına səxavətlə verilənlər isə göylərdə xəzinə yaradır.
Sonralar bu, məsihçi icmalarının da prinsipinə çevrildi. İlk İmanlı Cəmiyyəti həmişə yoxsulların, xəstələrin, çarəsizlərin və kimsəsizlərin qayğısına qalırdı. Romadakı dəhşətli təqib günlərində əsgərlər xəzinə tapmaq ümidi ilə məsihçi məbədlərinə soxulur, axtarışlar aparırdılar. Bir dəfə Roma valisi İmanlı Cəmiyyətinin ağsaqqalı Lavrentiyə «Mənə xəzinənizi göstər» deyə əmr etmişdi. Lavrenti isə həmin an qarnı doydurulan dul qadınları və kimsəsiz uşaqları, qulluq göstərilən xəstələri, yardım edilən yoxsulları göstərərək dedi: «Budur, kilsənin xəzinəsi və sərvəti».
İmanlılar həmişə inanırdı ki, «özümüzdə saxladıqlarımızı itirir, xərclədiklərimizi isə qazanırıq».
2. Yəhudilər həmişə səmavi xəzinə ifadəsini insanın xasiyyəti ilə əlaqələndirirdilər. Ravvin Yose ben Kismeyə bütpərəst bir şəhərdə yaxşı maaş alması şərti ilə yaşamaq təklif ediləndə, o, belə cavab vermişdi: «Mən Qanunun ali olduğu yerdən başqa heç bir yerdə yaşamayacağam. Çünki insan bu dünyadan köçəndə özü ilə nə gümüş, nə qızıl, nə də qiymətli daşlar aparır, yalnız qanunu biliyi və yaxşı əməlləri ilə köçür». İspan atalar sözündə deyildiyi kimi: «Kəfənin cibi yoxdur».
Bu dünyaya gələn insan özü ilə bu dünyadan ancaq özünü apara bilər. Özü ilə apara biləcəyi «mən»liyi nə qədər gözəl olsa, orada bir o qədər çox xəzinə tapar.
3. İsa Məsih bu hissəni «insanın xəzinəsi haradadırsa, ürəyi də orada olacaq» fikri ilə bitirir. Əgər insan ancaq dünyəvi şeyləri qiymətləndirirsə və yalnız dünyəvi şeylərə can atırsa, onda başqa aləmə marağı olmayacaq. Əgər insan ömrü boyu gözünü əbədiyyətə dikirsə, o zaman bu dünyanın sərvəti onun üçün heç bir əhəmiyyət kəsb etməyəcək. İnsan ancaq maddiyyata dəyər verirsə, bu dünyadan peşmanlıq içində köçəcək. Yox, əgər insanın fikri həmişə əbədiyyətdə olursa, o, bu dünyadan sevinclə ayrılacaq, çünki Allaha qovuşmağa gedir. İsa heç vaxt demirdi ki, bu dünyanın mənası yoxdur. O, dönə-dönə vurğulayırdı ki, məna dünyada deyil, bu dünyanın insanı hara aparacağındadır. Bu dünya həyatın sonu deyil, bu, sadəcə yolun bir mərhələsidir. Buna görə də insan ürəyini heç vaxt ona və içindəkilərə verməməlidir. İnsanın gözləri həmişə gələcək dünyaya dikilməlidir.
22-23
Bunun arxasında hətta uşağın anlaya biləcəyi bir fikir var. Göz — işığın bədənə daxil olduğu pəncərədir. Pəncərənin vəziyyəti otağa necə bir işığın daxil olduğunu müəyyənləşdirir. Pəncərə təmiz, aydın və bütöv olarsa, işıq otağa dolur və onun hər küncünü aydınladır. Pəncərə buzlu və ya rəngli şüşə ilə şüşələnmişsə, çirkli, qırıq və ya bulanıqdırsa, otağa işığın daxil olması çətinləşir. Otağa daxil olan işığın miqdarı onun keçdiyi pəncərənin vəziyyətindən asılıdır. Buna görə də İsa Məsih deyir ki, insanın qəlbinə, ruhuna və ümumiyyətlə, varlığına daxil olan işığın miqdarı, keçdiyi gözün ruhani vəziyyətindən asılıdır. Çünki göz bütün bədən üçün bir pəncərədir. İnsanların bizdə yaratdığı təəssürat, bizim gözümüzdən asılıdır. Bəzi şeylər gözümüzü kor edə və baxışlarımızı dəyişə bilər.
1. Qərəz baxışımızı təhrif edə bilər. Heç bir şey bizim baxışımızı qərəz qədər təhrif etmir. Qərəz hər bir insanın aydın, ağlabatan və məntiqli mühakimə yürütməsinə, həm faktları, həm də onların əhəmiyyətini görməsinə mane olur.
Demək olar ki, bütün elmi kəşflər qərəzli baxışlardan keçib özünə yol açmalı idi. Ceyms Simpson xloroformun faydalarını aşkar edəndə, o dövrün təbib və dindarları ilə uzun müddət mübarizə aparmalı olmuşdu. Onun tərcümeyi-halında belə yazılıb: «Qərəzli insanların, yəni yeniliyə qarşı çıxan köhnə fikirlilərin iyrənc münasibəti Ceyms Simpsona qarşı çıxdı və bu yeni neməti boğmaq üçün əlindən gələni etdi». «Dindarların çoxu elə hesab edirdilər ki, qadınları doğum ağrısından azad etmək Allahın qanununa qarşı çıxmaqdır».
Həyatın ən vacib komponentlərindən biri — cəsarətli şəkildə özünü analiz etməkdir. Bu analiz bizə nə vaxt doğru, nə vaxt yanlış hərəkət etdiyimizi və axmaq qərəzlərin qurbanı olduğumuzu görməyə imkan verir. Ön mühakimələrə qapanmış insanın gözləri bulanıq, baxışları isə təhrif olunub.
2. Qısqanclıq baxışımızı təhrif edə bilər. Bunun klassik nümunəsi Şekspirin «Otello» faciəsində əksini tapıb. Mavr29 Otello qəhrəmanlıqları ilə şöhrət qazandı və onu sədaqətlə, fədakarlıqla sevən Desdemona ilə evləndi. Otello Kassinin Venesiya ordusunun komandiri kimi rütbəsini yüksəltdi və beləcə Yaqonu görməzdən gəldi. Qısqanclıq alovu Yaqonu bürüdü. O, saxta faktlarla hoqqabazlıq edərək Otellonun ürəyinə Kassinin Desdemonaya aşiq olması şübhəsini səpdi. Yaqo bunu təsdiqləyən dəlillər təqdim etdi və Otelloda elə dəhşətli qısqanclıq oyatdı ki, sonunda o, Desdemonanı boğdu. Ədəbi tənqidçilərdən biri bu barədə belə yazır: «Otelloda olan qısqanclıq insan təbiətində xaos yaradır və insanı vəhşi heyvana çevirir».
Çox vaxt nikah və dostluq münasibətləri qısqanclıq üzündən dağılır. Bu da sağlam vəziyyəti məhvə doğru aparır, insanı həqiqətə, faktlara qarşı kor edir.
3. Təkəbbür insanın dünyaya baxışını təhrif edə bilər. Çünki təkəbbür insanın həm özünü, həm də başqalarını olduğu kimi görmək qabiliyyətindən məhrum edir. Qeyri-adi müdrikliyinə arxayın olan insan nə qədər axmaq olduğunu heç vaxt dərk etməyəcək. Əgər o, yalnız öz yaxşılıqlarını görürsə, heç vaxt eyiblərini görə bilməyəcək. Özünü başqaları ilə müqayisə etdikcə, özünü onlardan üstün, onları isə daha aşağı görəcək. Bununla da o özünə tənqidi yanaşmaq qabiliyyətini həmişəlik itirəcək və heç vaxt təkmilləşməyəcək. Onun özündə və başqalarında gördüyü işıq — qaranlıqdır.
İsa Məsih burada gözü nurla və qaranlıqla dolduran xüsusi bir keyfiyyətdən danışır. Müqəddəs Kitabın Azərbaycan dilində olan tərcüməsində sağlam və zəif gözdən bəhs edilir. Sağlam və zəif sözləri burada Müqəddəs Yazıların qələmə alındığı yunancaya xas olan xüsusi məna kəsb edir.
Yunan dilindəki mətndə haplous sözündən istifadə olunur, bu da haplotes isminə müvafiqdir. Bu söz sağlam kimi tərcümə olunub. Əhdi-Cədidin başqa yerlərində isə sadə, mehriban kimi tərcümə olunub. Lakin bu sözün hərfi mənası bütöv, bölünməz deməkdir. İncilin yazıldığı yunan dilində bu söz səxavət, səxavətli deməkdir. Yaqub hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan danışır (Yaqub 1:5). Eyni zamanda o, haplos zərf nitq hissəsindən istifadə edir. Romalılara məktub 12:8-də Paul dostlarını səxavətlə verməyə təşviq edir (haplos).
Başqa yerdə (2Korinflilərə 8:2) Paul Korinf cəmiyyətinə Makedoniya cəmiyyətlərinin səxavətliliyini (haplotes) xatırladır və onların bütün insanlara göstərdiyi səxavətdən danışır (2Korinflilərə 9:11).
Müqəddəs Kitabda zəif mənasında tərcümə edilən söz yunan mətnində ponerosdur. Bu onun əsl mənasıdır. lakin həm Əhdi-Cədiddə, həm də Septuaqintada poneros, adətən, xəsis, simic, acgöz mənalarında işlədilir. Qanunun təkrarı kitabında ehtiyacı olan qardaşa borc verməkdən bəhs edilir. Amma yeddinci ildə, bağışlanma ilində, bütün borclar silinməli idi. Bu da vəziyyəti qəlizləşdirirdi. Belə ki, yeddinci ilin yaxınlaşdığını nəzərə alaraq, insan ehtiyat edib, ehtiyacı olana kömək etməkdən imtina edə bilərdi. Çünki borclunun borcunu qaytarmamaq üçün vəziyyətdən istifadə etməsi mümkün idi. Ona görə də qanunda belə deyilir: «Məbada «yeddinci il — borcların bağışlanma ili yaxındır» deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız» (Qanunun təkrarı 15:9). Aydın görünür ki, burada poneros sözü acgöz, xəsis, simic mənasını verir. Süleymanın məsəlləri 23:6-da tövsiyə edilir ki: «Xəsisin çörəyini yemə», yəni: «Yediyin hər tikəni sayan adamın evinə qonaq getmə». Başqa bir məsəldə deyilir: «Xəsis var-dövlət ardınca düşər» (Süleymanın məsəlləri 28:22).
Beləliklə, İsa Məsih deyir: «Yalnız alicənablıq və səxavət sənə həyat, eləcə də insanlar barəsində aydın, təhrif olunmamış nəzərlər bəxş edəcək. Xəsislik, simiclik isə həyata və insanlara baxışını təhrif edəcək».
1. Başqaları haqqında fikir yürüdərkən alicənab olmalıyıq. Ən pisi düşünmək və pisliyi dəfələrlə təkrarlamaqdan həzz almaq insan təbiətinə xas xüsusiyyətdir.
Mühakimə ilə zəhərlənmiş insanlar çay süfrəsi başında günahsız insanların nüfuzuna xələl gətirirlər. Əgər insanların hərəkətlərində pisi yox, yaxşını görsəydik, dünya çoxlu faciələrdən xilas olardı.
2. Biz hərəkətlərimizdə comərd olmalıyıq. Mark Ruterfordun tərcümeyi-halında onun Londonda olduğu ilk günlər belə təsvir edilir: «Təxminən elə həmin vaxtlar onun ürəyində insanlara qarşı şəfqət yaranmağa başladı. Sonradan bu onun üçün çox xarakterik hala çevrildi... Onu daima «Mən nə edə bilərəm? Mən necə kömək edə bilərəm?» sualları və yaşadığı məhəllənin sakinlərinin taleyi narahat edirdi. Həmişə olduğu kimi, ona elə gəlirdi ki, qəzəblə etiraz etməkdənsə, əməllə kömək etmək daha yaxşıdır». O vaxtlar orada Corc Eliot kimi tanınan Meri Enn Evans yaşayırdı. Mark Ruterford onun yaşayışını görüb təsirlənmişdi: «O, kasıb idi. Çox cüzi gəliri var idi, yazıçılıqla dolanırdı. Onun gələcəyi tamamilə qeyri-müəyyən idi. Amma buna baxmayaraq, o, hədsiz dərəcədə səxavətli idi. O, şikəst itlərə pilləkənləri qalxmağa kömək edirdi. Ona özünün yox, başqalarının yoxsulluğu daha çox təsir edirdi. O, bacısına lazımi qədər kömək edə bilmədiyinə görə daha çox dərd çəkirdi».
Biz də insanlara bu cür yanaşanda, onda hər şeyi aydın görməyə başlayır, gözlərimiz nurla dolur.
Xəsislik, simiclik, hərisliklə dolu göz üç pisliyin mənbəyidir.
1. Belə göz bizə özümüzlə yaşamağı qeyri-mümkün edir. Daim başqalarının uğuruna, xoşbəxtliyinə paxıllıq edən və bunları onların əlindən almağa hazır olan, başqalarının ehtiyaclarına laqeyd qalan insan ən yazıq insandır. Belə insanda onu xoşbəxtlik hissindən məhrum edən, məmnunluq hissini yox edən kədər və küskünlük hissi yaranır.
2. Belə göz başqa insanlarla birgə həyatı dözülməz edir. Hamı xəsis adama nifrət edir. Hamı xəsis və tamahkara xor baxır. Mərhəmət bir çox günahların üstünü örtür, xəsislik isə bir çox yaxşılıqları faydasız edir. Səxavətli insan nə qədər pis olsa da, onu sevən həmişə kimsə olur. Xəsis nə qədər yaxşı olsa da, hamı ondan nifrət edir.
3. Belə göz Allahla həyatı qeyri-mümkün edir. Allahdan səxavətli heç kim yoxdur. Eləcə də həyatını əks prinsiplər üzərində quran insanlar arasında dostluq ola bilməz. Sevgi dolu Allahla ürəyini xəsislik bürüyən insan arasında dostluq ola bilməz.
Paxıllıqla dolu göz bizim dünyaya baxışımızı təhrif edir. Yalnız səxavətli göz aydın görür. O, Allahın gördüyü kimi görür.
24
Antik dövrdə yaşayan bir insan üçün bu ifadə bizdən daha böyük təəssürat yaratmalı idi. Müqəddəs Kitabda deyilir: «Heç kim iki ağaya qulluq edə bilməz». Lakin orijinalda bu barədə daha mənalı yazılıb. Müqəddəs Kitabda xidmət etmək kimi tərcümə olunan söz orijinalda douleueyin sözünə uyğundur. Doulos — qul, douleueyin isə kiməsə qul olmaq deməkdir. Müqəddəs Kitabda ağa mənasında işlədilən söz orijinalda kirios deməkdir. Kirios isə mütləq mənsubiyyət mənasını daşıyır. Həmin ifadənin mənası belə tərcümə olunarsa daha düzgün səslənər: heç kim iki ağanın qulu ola bilməz.
Bütün bunların mənasını və burada yazılanları başa düşmək üçün qədim dövrdəki qulların mövqeyi ilə bağlı iki şeyi xatırlamaq lazımdır. Birincisi, qanuni nöqteyi-nəzərdən qul şəxs deyil, əşya idi. Onun heç bir hüququ yox idi. Ağası onunla istədiyi kimi rəftar edə bilərdi. Qanuna görə, qul canlı alət idi. Ağası onu sata, döyə, qova, hətta öldürə bilərdi. O, digər əşyalar kimi ağasının mülkiyyəti sayılırdı. İkincisi, qədim zamanlarda qulun özünə ayırmağa vaxtı yox idi. Onun vaxtının hər anı sahibinə məxsus idi. Bu gün insan müəyyən saat işləyəndən sonra qalan vaxtını istədiyi kimi istifadə edə bilər. Bu gün insan işdən sonra öz maraqları üçün vaxt ayıra bilər. O, gündüzlər ofisdə işləyə, axşamlar isə orkestrdə skripkada ifa edə bilər. Təbii ki, musiqi onun həyatını maraqlı edirsə. O, gündüzlər gəmiqayırma zavodunda və ya fabrikdə işləyə, axşamlar isə gənclər klubunu idarə edə bilər. Bəlkə də məhz bu əyləncə onun maraqlarına cavab verir və orada o özünü tapır. Qula qarşı münasibət isə tamamilə fərqli idi. Onun, sözün əsl mənasında, boş vaxtı yox idi. Qulun hər saniyəsi sahibinə məxsus idi, özü də onun sərəncamında idi. Eynilə bizim də Allahla münasibətimiz belədir. Onunla münasibətdə bizim heç bir hüququmuz yoxdur. Allah həyatımızın şəksiz Ağası olmalıdır. Biz heç vaxt özümüzə «mən nə etmək istəyirəm?» sualını verməməliyik, əksinə, özümüzə «Allah nə etməyimi istəyir?» sualını verməliyik. Bizim özümüzə aid vaxtımız yoxdur. Biz bəzən «Allah nə istəsə, edəcəyəm», bəzən də «özüm nə istəsəm, edəcəyəm» deyə bilmərik. Məsihçinin məsihçi olmaqdan azad olduğu vaxt yoxdur. Məsihçi üçün elə bir vaxt yoxdur ki, o, işdən azad imiş kimi ruhani standartlarını kənara qoya bilsin. Allaha arabir və ya yarımçıq ibadət etmək olmaz. Məsihçi olmaq daimi, tam ştatlı bir xidmətdir. Müqəddəs Kitabın başqa heç bir yerində bizim yalnız Allaha xidmət etməli olduğumuz barədə bu qədər açıq şəkildə bəhs edilmir.
İsa Məsih davam edir: «Siz həm Allaha, həm də sərvətə (mammona) qulluq edə bilməzsiniz».
Düzgün yazılış bir «m» ilə olardı. Mammon — maddi sərvət mənasını verən qədim ibrani sözüdür. İlk vaxtlar bu söz heç də təhqir sayılmırdı. Məsələn, ravvinlərin belə bir atalar sözü var idi: «Qoy qonşunun mamonu sənə səninki qədər əziz olsun». Başqa sözlə, qonşunun malı insan üçün onun öz malı qədər qiymətli olmalıdır. Bununla belə, mamon sözünün son dərəcə maraqlı və əhəmiyyətli tarixçəsi var. Bu söz əmanət etmək, həvalə etmək sözləri ilə eyniköklüdür. Mamon bir adamın bankirə və ya başqasına saxlanması üçün əmanət etdiyi qiymətli əşya və ya xəzinə idi. Lakin zaman keçdikcə mamon sözü insanın əmanət etdiyi deyil, nəyə inandığı və ya nəyə güvəndiyi mənasını verməyə başladı. Sonda mamon sözü böyük hərflə yazıldı və onda allahı görməyə başladılar.
Bu sözün tarixi maddi şeylərin heç vaxt aid olmadığı yerləri qeyri-qanuni olaraq necə tuta biləcəyini açıq şəkildə göstərir. Başlanğıcda bu, insanın təhlükəsiz saxlanması üçün kiməsə əmanət etdiyi əşya idi. Sonda isə insanın özünü həvalə etdiyi və güvəndiyi bir şeyə çevrildi. İnsanın tanrısı onun inandığı gücdür. Bundan daha yaxşı tanrıya tərif vermək mümkün deyil. İnsan maddi şeylərə güvənirsə, bu şeylər onun dayağı deyil, tanrısı olur.
İsanın bu ifadəsi bizim düşüncələrimizi maddi nemətlərin insanın həyatında tutmalı olduğu yerə yönəltməlidir. Məsihin maddi sərvət haqqında təliminin əsasında üç mühüm prinsip dayanır.
1. Əslində, hər şey Allaha məxsusdur. Müqəddəs Kitab bu barədə aydın deyir. «Rəbbindir yer üzü və orada mövcud olanlar, dünya və orada yaşayanlar» (Zəbur 24:1). «Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, minlərlə dağda otlayan mal-qaralar... Acsam, sənə demərəm, çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!» (Zəbur 50:10,12)
İsanın təlimində ağa öz qullarına pul (talant) verir (Matta 25:15), ev sahibi isə üzüm bağı salaraq onu bağbanlara verir (Matta 21:33). Bu prinsip özlüyündə ciddi nəticələrə gətirib çıxarır. İnsanlar əşyaları alıb-sata, bəzi şeyləri müəyyən dərəcədə dəyişə bilərlər. Lakin insan nəsə yaratmaqda acizdir. Hər şey Allaha məxsusdur. Bu dünyada insanın «bu mənimdir» deyəcəyi heç nə yoxdur. İnsan hər şey haqqında ancaq belə deyə bilər: «Bu, Allaha məxsusdur, Allah da onu mənə istifadə etmək üçün verib».
Həyatın əsas prinsipi elə buradan qaynaqlanır. Bu dünyada insanın «Bu mənimdir, ona görə də onunla istədiyimi edə bilərəm» deyəcəyi heç nə yoxdur. Əslində, insan hər şey barədə belə deməlidir: «Bütün bunlar Allaha məxsusdur, mən onlardan Ağanın istədiyi kimi istifadə etməliyəm». Kəndə bir həftəliyinə aparılmış şəhər uşağı haqqında maraqlı əhvalat var. Qız həyatında ilk dəfə küləyin təsirindən yellənən zəngçiçəyi görür. O, üzünü müəlliminə tutub deyir: «Əgər mən Allahın çiçəklərindən birini qırsam, sizcə, Onun acığı tutmaz ki?» Bax, həyata və bu dünyada olan hər şeyə düzgün münasibət budur.
2. İkinci prinsip odur ki, insanlar əşyalardan daha üstündür. Əgər insanlara əşya kimi baxmaq üçün pul yığılırsa və sərvət toplanırsa, onda bu, haram sərvətdir. Bu prinsipin unudulduğu, məhəl qoyulmadığı və ya təhrif edildiyi hər yerdə həmişə ciddi nəticələr olur.
Sənaye inqilabı dövründə insanlara əşya kimi yanaşılmasına görə İngiltərə bu gün də əziyyət çəkir. Artur Bryantın «The English Saga» kitabında o vaxtkı münasibətlər haqqında bəzi məlumatlar verilir. Mədənlər yeddi-səkkiz yaşlı uşaqların əməyindən istifadə edirdilər. Hətta üç yaşlı uşağın qeydə alındığı da deyilir. Onlardan bəziləri mədəndə — yerin altında kiçik vaqonları sürükləyirdilər. Digərləri 12 saat dizə qədər suyun içində dayanaraq su vururdular. Onların bəziləri yeraltı mədənlərdə havalandırma lyuklarını açıb-bağlayırdılar və beləcə gündə 16 saat havalandırma kameralarında qalırdılar. 1815-ci ildə uşaqlar səhər saat beşdən axşam saat səkkizə qədər mədənlərdə işləyirdilər. Hətta şənbə günləri də işləyirdilər. Yalnız səhər yeməyi və nahar üçün yarım saatlıq fasilələri olurdu. 1833-cü ildə İngiltərədə fabriklərdə on dörd yaşınadək 84 min uşaq işləyirdi.
Elə bir hadisə də olub ki, uşaqlar üçün heç bir iş olmayıb və onlar, sözün əsl mənasında, küçəyə atılaraq taleyin ümidinə buraxılıb. İşəgötürənlər «taleyin ümidinə buraxılıb» ifadəsini bəyənmirdilər, buna görə deyirdilər ki, «uşaqlar azadlığa çıxıb». Onlar uşaqlar üçün çətin olacağı fikri ilə razılaşırdılar. «Uşaqlar dilənməli və ya buna bənzər bir şey etməli olacaqlar». 1842-ci ildə toxucular və mədənçilər dilənçi maaşı alırdılar. İşəgötürənlər və səlahiyyətlilərin cinayət işlədiyini görən insanlar da var idi. İngilis publisisti, tarixçisi və filosofu Tomas Karleyl deyirdi: «Əgər toxuculuq sənayesi raxit uşaqların bədəni üzərində qurulubsa, o zaman belə bir sənaye yox olmalıdır; əgər sizin fabrikinizdə şeytan məskunlaşıbsa, fabriki bağlayın». İşəgötürənlər iddia edirdilər ki, istehsal xərclərini aşağı salmaq üçün ucuz işçi qüvvəsinə ehtiyac var. Koleric bu iddiaya belə cavab vermişdi: «Siz deyirsiniz ki, bununla da ingilis əmtəəsinin bazar dəyərini aşağı salırsınız (və rəqabəti artırırsınız). Lakin siz bununla ölkənizi xarici düşmənə qarşı zəiflədirsiniz. Bəlkə bu yolla minlərlə həmvətənimizi və soydaşımızı ruhdan salmısınız və siniflər arasında nifaq toxumu səpmisiniz. O zaman sizin məhsulunuz baha başa gəlir».
Təbii ki, bu gün hər şey fərqlidir. Amma irqi yaddaş deyilən bir şey var. İnsanların təhtəlşüurunda bütün bunlar silinməz iz buraxıb. İnsanlara əşya kimi baxanda, onları istismar edənlərin zənginləşməsi üçün alət kimi istifadə edəndə, gecəni gündüz əvəzlədiyi kimi, bütün bunların ardınca da bədbəxtlik gəlir. Təəssüf ki, insanlar əşyalardan daha vacib olduğunu unudurlar.
3. Üçüncü prinsip odur ki, sərvət həmişə yalnız ikinci dərəcəli rol oynayır. Müqəddəs Kitabda deyilmir ki, «Bütün pisliklərin mənbəyi puldur». Deyilir ki, «...hər cür pisliyin kökü pulpərəstlikdir» (1Timoteyə 6:10). Bəzilərinə elə gəlir ki, onlar maddiyyatda, belə demək olarsa, «ikinci xilas» tapıblar. İnsan elə düşünə bilər ki, əgər o, varlıdırsa, onda hər şeyi satın ala, istənilən vəziyyətdən çıxış yolu tapa bilər. Sərvət onun üçün hər şeyin ölçüsü ola bilər. Sərvət onun üçün həyata qarşı çıxdığı yeganə alət ola bilər. İnsan şərəfli müstəqillik əldə etmək, yaxınlarına və qardaşlarına kömək etmək üçün pul axtarsa, yaxşı olar. Pis odur ki, pul onun həyatının yeganə məqsədinə çevrilib və ona yalnız həyatdan zövq almaq, dəbdəbəli yaşamaq üçün lazımdır. Onda belə adam üçün var-dövlət ikinci dərəcəli rol oynamaqdan çıxır və yalnız Allaha məxsus olan yeri tutur.
Buradan belə bir nəticə çıxır: sərvətə, pula, maddi nemətlərə sahib olmaq günah deyil, böyük məsuliyyətdir.
Böyük var-dövlətə malik olan insana bu qədər hörmət etmək yox, daha çox onun üçün dua etmək lazımdır ki, sərvətini Allah kimi istifadə edə bilsin.
Mülkiyyətlə bağlı iki sual yaranır və hər şey bu sualların cavablarından asılıdır.
1. İnsan öz mal-mülkünü necə əldə edib? O, var-dövləti İsa Məsihə məqbul şəkildə əldə edibmi?
İnsan öz vicdanı və namusu bahasına sərvət əldə edə bilər. Vaxt keçdikcə çox varlanan kənd dükançısı haqqında belə bir hekayə var: o, parça ölçən zaman arşına iki baş barmağını əlavə edirdi ki, arşın həmişə az ölçülsün. Necə deyərlər, vicdanından alıb pul kisəsinə qoyurdu. İnsan bank hesabını artırmaqla, qəlbini cılızlaşdıra bilər. İnsan özündən zəif rəqibini bilərəkdən məhv etməklə var-dövlət əldə edə bilər. Çoxlarının uğuru digərinin məhv olması üzərində qurulub. Bir çoxları kimisə yolundan uzaqlaşdırmaqla firavanlığa və tərəqqiyə nail olublar. Bu yolla rifaha nail olan insanın gecələr necə rahat yatdığını təsəvvür etmək çətindir.
İnsan daha yüksək vəzifələrə etinasız yanaşmaqla var-dövlət əldə edə bilər. Redaktor Robertson Nikol kitab həvəskarı olan şotland pastorunun ailəsində anadan olub. Əlbəttə ki, o, çox pul qazanmırdı, amma Şotlandiyanın ən böyük şəxsi kitabxanasına təxminən 17 min kitab toplamışdı. O, həmin kitabları vəz etmək üçün istifadə etmirdi. Sadəcə olaraq, onları toplayır, oxuyur və kitabxanasında saxlayırdı. Qırx yaşı olanda o, iyirmi dörd yaşında bir gənc qızla evlənir. Arvadı səkkiz ildən sonra vərəmdən vəfat edir. Beş uşağından yalnız ikisi iyirmi yaşına qədər sağ qalır. Kitablar xərçəng şişi kimi böyüyərək, evin bütün otaqlarını və dəhlizlərini doldururdu. Bəlkə də kitablar ev sahibinə zövq verirdi, amma onlar pastorun ailəsini öldürürdü.
Belə bir mülkə sahib olmaq üçün böyük dəyər ödəmək lazımdır. Əslində, insan özünə sual verməlidir: «Məndə olan əşyaları necə əldə etmişəm?"
2. İnsan öz malından və imkanından necə istifadə edir? İnsan əldə etdiklərindən müxtəlif yollarla istifadə edə bilər.
O, ümumiyyətlə, onlardan istifadə etməyə bilər. O, yalnız əldə etmək həvəskarı ola bilər. O, əşyalara sahib olmaqdan həzz ala bilər. Onun mal-mülkü tamamilə yararsız ola bilər, faydasızlıq isə həmişə bədbəxtlik və ölüm gətirir.
İnsan malını yalnız özü üçün, eqoistcəsinə istifadə edə bilər. O, daha böyük avtomobil, yeni televizor, daha dəbdəbəli şəkildə istirahət etmək istədiyi üçün maaşının artırılmasını istəyə bilər. O, yalnız o barədə düşünür ki, var-dövlət ona başqa nə verə bilər.
O, var-dövlətdən pis niyyətlə istifadə edə bilər. İnsan öz imkanından istifadə edərək kimisə haqqı olmayan işlərə sövq edə və ya satmağa haqqı olmayan şeyləri satdıra bilər. Bir çox gənclərin gözünü pulla kor edib, günaha sürükləyiblər. Var-dövlət güc və səlahiyyət verir. Əxlaqsız insan sərvətindən istifadə edərək başqalarını da yoldan çıxara bilər. Bu isə Allahın gözündə çox böyük günahdır.
İnsan öz sərvətindən şəxsi müstəqillik əldə etmək və başqalarını xoşbəxt etmək üçün istifadə edə bilər. Bunu etmək üçün böyük sərvətə ehtiyac yoxdur. Çünki insan bir neçə min manatla olduğu kimi, əlli manatla da eyni dərəcədə səxavətli ola bilər. İnsan başqalarını nə qədər xoşbəxt edə biləcəyini görmək üçün sərvətindən istifadə etsə, yaxşı olar. Paul İsa Məsihin hər kəsin unutduğu bir kəlamından sitat gətirir: «...vermək almaqdan daha çox bəxtiyarlıq gətirər» (Həvarilərin İşləri 20:35). Allahı da fərqləndirən odur ki, O, həmişə verəndir. Əgər biz həyatımızda verməyi almaqdan üstün tutsaq, onda nə qədər böyük və ya kiçik olmasından olmayaraq, sərvətimizdən düzgün istifadə edəcəyik.
25-34
Biz bu hissəni İsa Məsihin nəyi qadağan etdiyini və bizdən nə tələb etdiyini müəyyənləşdirməklə öyrənməyə başlayacağıq. Müqəddəs Kitabda İsanın əmri belə tərcümə olunub: "Sabah üçün narahat olmayın". İngilis islahatçısı Con Uiklif (1330-1384) bunu belə tərcümə etmişdir: «Həyatınızla bağlı məsələlərdə narahat olmayın». Müqəddəs Kitabın digər XVI əsr ingilis dili tərcümələrində — Tindeyl, Kranmer və Cenevrə variantlarında bu əmr belə tərcümə olunur: «Həyatınız üçün narahat olmayın». Daha köhnə tərcümələr daha dəqiq idi. İsa hər bir insana xas olan adi ehtiyatlı uzaqgörənliyi deyil, narahatlığı, təşvişi, vurnuxmanı qadağan edir. İsa Məsih həyata qarşı aciz, ehtiyatsız, düşüncəsiz, qeyri-müəyyən, israfçı münasibətə haqq qazandırmır. O, həyatın bütün sevinclərini əlimizdən alan yorucu, əzabverici qorxuya qapılmağı qadağan edir.
Orijinalda təşvişlə narahat olmaq, əziyyət çəkmək mənasını verən merimnan sözü işlədilir. Uyğun isim narahatlıq, əzab mənasında işlədilən merimnadır. Bizə çatan papirus-məktublarda arvad evdə olmayan ərinə belə yazır: «Sənin üçün narahat (merimna) olduğuma görə gecə-gündüz yata bilmirəm». Oğlunun salamat olduğunu və tərəqqi etdiyini eşidən ana ona cavab yazır: «Mən yalnız buna görə dua edir, narahat oluram (merimna)». Yunan dilində bu söz narahatlığı, həyəcanı, qayğını ifadə etmək üçün istifadə olunur.
Yəhudilər də həyata bu cür münasibət bəsləyirdilər. Ravvinlər öyrədirdilər ki, insan özündə uzaqgörənliyi, aydınlığı və sakitliyi birləşdirməlidir. Məsələn, onlar təkid edirdilər ki, hər kişi oğluna sənət öyrətməlidir. Çünki ravvinlərə görə, sənət öyrətməmək ona oğurluğu öyrətməyə bərabərdir. Beləliklə, ravvinlər hesab edirdilər ki, bunlar həyata ehtiyatlı münasibətdə atılması zəruri addımlardır. Amma eyni zamanda belə deyirdilər: «Səbətində bir tikə çörəyi olan adam «Sabah nə yeyəcəyəm?» deyirsə, o imansızdır».
İsa Məsih burada həmvətənlərinə yaxşı məlum olan, ehtiyatlılıq, uzaqgörənlik, əmin-amanlıq və etibarın birləşməsi haqqında öyrədir.
İsa Məsih bu on ayədə narahatlığa qarşı yeddi fərqli arqument verir.
O, (6:25) Allahın bizə həyat verməsindən başlayır. Bir halda ki, Allah bizə həyat verib, demək, daha az vacib məsələlərdə də Ona arxalana bilərik. Bir halda ki, Allah bizə həyat verib, şübhəsiz, həyatda qalmaq üçün bizə qida da verəcək. Bir halda ki, Allah bizə bədən bəxş edib, şübhəsiz ki, bizə geyinmək üçün paltar da verəcək. Əgər kimsə bizə çox qiymətli hədiyyə verirsə, onda əmin ola bilərik ki, belə insan alçaq, xəsis, acgöz, qayğısız biri ola bilməz. Eyni zamanda daha az dəyərli hədiyyələri də əsirgəməz. Beləliklə, İsa Məsih deyir: Əgər Allah bizə həyat veribsə, həyatı təmin etmək üçün lazım olan hər şey barədə Ona etibar edə bilərik.
2. Sonra İsa quşlar haqqında danışır (6:26). Quşlar heç nəyə görə narahat olmur, heç nəyə görə özlərinə əziyyət vermir; gözlənilməz və naməlum gələcək üçün ehtiyat toplamağa çalışmır, amma buna baxmayaraq, yaşayır. Əksər yəhudi ravvinlər heyvan həyatına heyran qalmışdılar. Ravvin Şimeon belə deyirdi: «Mən həyatım boyu heç vaxt maralın əncir qurutduğunu, ağırlıq daşıyan şir, müxtəlif mallar satan tülkü görməmişəm. Lakin adlarını çəkdiyim heyvanlar qayğı çəkmədən, narahatlıq duymadan doyur. Əgər mənə qulluq etmək üçün yaradılanlar heç bir narahatlıq olmadan doyurlarsa, mən də Rəbbimə qulluq etmək üçün yaradılmışam, ona görə də heç bir həyəcan və qayğı olmadan doymalıyam. Amma mən həyat tərzimi təhrif etdiyim üçün əziyyət çəkirəm». İsa quşların işləmədiyi və əziyyət çəkmədiyi faktını vurğulamır. Bir nəfər belə deyirdi ki, heç kim çörək pulu qazanmaq üçün sərçə qədər zəhmət çəkmir. İsa quşların narahat olmadığını və təlaşa düşmədiyini vurğulayır. Onlarda insan kimi gələcəyi görmək gərginliyi yoxdur. Çünki, bu onlara verilməyib. Quşlarda həmçinin gələcək üçün toplanmış şeylərdə təhlükəsizlik və əmin-amanlıq tapmaq kimi insani istək də yoxdur.
3. 6:27-də İsa narahat olmaq və təlaşa düşmək üçün heç bir səbəb olmadığını sübut etməyə davam edir. Bu ayənin iki mənası ola bilər: o mənada işlədilər ki, insan həyəcan və təlaşla boyunu bir qulac belə artıra bilməz. Amma bir qulac 45 sm-dir və təbii ki, heç kim boyunu 45 sm artırmaq fikrinə düşməz. İnsan həyəcan və narahatlıqla ömrünü artıra bilməz. Bu izah daha ağlabatandır. İsa bildirir ki, istənilən halda qayğı çəkmək və narahat olmaq mənasızdır.
4. İsa Məsih daha sonra çiçəkləri sevən biri kimi danışır (6:28-30). Tarla zanbaqları — qırmızı lalələr və anemonlardır30. Bu güllər bir günlük çiçək açır. Lakin çox qısa davam edən ömürlərində hətta padşah paltarının gözəlliyini üstələyən gözəlliyə bürünür. Solmuş çiçəklər isə ocaqda yandırılırdı. İsraildə sobalar gildən hazırlanırdı. Bu, belə demək olarsa, odun üstündə kərpiclərin üzərinə qoyulmuş gildən düzəldilmiş qutu idi. Ocağın temperaturunu tez yüksəltmək üçün içinə quru ot, solmuş və qurumuş güllər atıb yandırırdılar. Çiçəklər cəmi bir gün yaşayırdı. Sonra isə tez çörək bişirmək lazım olanda qadına sobanı qızdırmağa kömək edirdi. Buna baxmayaraq, Allah onlara insanın tikə bilməyəcəyi paltarlar geyindirirdi. Madam ki, Allah bir günlük çiçəklərə belə gözəllik verir, insana nə qədər əhəmiyyət verir? Təbii ki, bir günlük güllərə belə israfçılıqla gözəllik bəxş edən səxavət, yaradılışın tacı olan insanı da unutmayacaq.
5. Sonra İsa Məsih həyəcan və narahatlığa qarşı çox əhəmiyyətli bir arqument irəli sürür: bu, Allahın Kim olduğunu bilənlərə yox, bütpərəstlərə xas olan xüsusiyyətdir (6:32). Narahat olmaq və qayğı çəkmək Allaha güvənməməkdir; qısqanc, şıltaq, anlaşılmaz tanrıya inanan bütpərəstdə bu cür inamsızlıq başa düşülə bilər; ancaq Allahı Ata adlandıran adamda bu, tamamilə anlaşılmazdır. Məsihçi narahat ola və təlaşa düşə bilməz. Çünki o, Allahın məhəbbətinə inanır.
6. İsa Məsih narahatlığa qalib gəlməyin iki yolunu göstərir. Bunlardan birincisi, hər şeydən əvvəl Allahın Padşahlığını axtarmaqdır. Biz artıq gördük ki, Allahın Padşahlığında olmaq Allahın iradəsini yerinə yetirməklə eynidir (Matta 6:10). Enerjinizi Allahın iradəsini yerinə yetirməyə və qəbul etməyə cəmləmək narahatlıq hissini aradan qaldırmağın yoludur. Biz öz təcrübəmizdən bilirik ki, böyük məhəbbət istənilən narahatlığı həyatdan uzaqlaşdıra bilər. Belə məhəbbət insanın işinə ilham verə, dərslərində müvəffəqiyyəti artıra, həyatını saflaşdıra, bütün varlığını bürüyə bilər. İsa əmindir ki, Allah hökmranlıq etməyə başlayanda, bütün qayğı və narahatlıq həyatımızı tərk edəcək.
7. Sonda İsa deyir ki, yalnız bu gün üçün yaşamağı öyrənməklə qayğı və narahatlığa qalib gəlmək olar (6:34). Yəhudilərin belə bir sözü var idi: "Sabahın bəlası üçün narahat olma, çünki bu günün sənə nə gətirəcəyini bilmirsən. Bəlkə sabah sən həyatda olmayacaqsan və o zaman məlum olacaq ki, sən sənə aid olmayan bir dünya üçün narahat olmusan". Əgər biz hər günü olduğu kimi yaşasaq və qarşımıza çıxan hər işi həll etsək, onda yaşanan bütün günlərin nəticəsi yaxşı olar. İsa bizdən naməlum gələcək və heç vaxt baş verməyəcək hadisələrə görə narahat olmadan, gündəlik qayğıları həll etməyimizi tələb edir.
İndi gəlin İsanın qayğıya, narahatlığa və həyəcana qarşı arqumentlərini ümumiləşdirməyə çalışaq.
Narahatlıq əhəmiyyətsizdir, faydasızdır və insana zərər verir. Narahatlığın keçmişə heç bir təsiri ola bilməz, çünki o, artıq keçmişdir.
Keçmiş keçdi. Məsələ onda deyil ki, insan öz keçmişini tamamilə kəsib atmalıdır; o, gələcəkdə daha yaxşı hərəkət etmək üçün keçmişindən təkan və cilov kimi istifadə etməlidir.
Gələcək üçün narahat olmaq da faydasızdır. Təbliğlərin birində iflic və yataq xəstəsi olan London həkimindən bəhs edilir. İflic olmasına baxmayaraq, o, hədsiz dərəcədə şən idi, təbəssümü o qədər gözəl idi ki, adamlar ona təsəlli verməyi unudurdu. Övladları ona pərəstiş edirdilər. Oğullarından biri həyatın təlatümlərinə qərq olmaq üçün ata evini tərk edəndə, atası ona yaxşı məsləhət verdi: «Conni, sən əsl centlmen kimi hər şeyə dözməlisən. Unutma ki, ən böyük problemlər heç vaxt baş verməyəcək problemlərdir». Gələcək üçün həyəcan keçirmək və narahat olmaq əbəs yerə güc itkisidir. Gələcək nadir hallarda bizim qorxduğumuz qədər pis olur.
Narahatlıq nəinki faydasızdır, həm də zərərli təsir göstərir. Dövrümüzün ən tipik xəstəlikləri mədə xərçəngi və qan damarlarının trombozudur ki, bunlar da əksər hallarda təlaşın və narahatlığın nəticəsidir. Tibb çox gülən insanların uzun ömür sürdüyünü iddia edir. Narahatlıqlar, qayğılar zehni, bədəni yorur. Narahatlıq və təşviş insanın təhlil etmək qabiliyyətinə təsir edir, onun qərar qəbul etmək istəyini və qabiliyyətini zəiflədir, zaman keçdikcə isə onu tamamilə yaşaya bilməyəcək vəziyyətə salır. Qoy insan hər vəziyyətdə əlindən gələni etsin, qalanını da Allaha həvalə etsin.
Narahatlıq insanı kor edir. Narahatlıq bizi təbiət qanunlarını dərk etmək qabiliyyətindən məhrum edir. İsa Məsih insanların quşlara baxmağını və təbiətin səxavətini görməyini və bu səxavətin arxasında dayanan sevgiyə güvənməyini istəyir. Narahatlıq tarixin qanunlarını dərk etməyə mane olur. Məzmurçu tarixdən dərs alaraq özünü ruhlandırırdı: «Köksümdəki qəlbim qırılıb, ona görə İordan diyarında, Xermon, Misar dağında Səni düşünürəm» (Zəbur 42:6; Qanunun təkrarı 3:9-a bax). O, çətinliklərlə üzləşəndə Allahın etdiklərini xatırlayaraq təsəlli tapırdı. Qəlbini Allahın keçmişdə etdikləri ilə dolduran insan gələcək üçün heç vaxt narahat olmaz. Narahatlıq həyatdan dərs almağa imkan vermir. Biz hələ ki yaşayırıq, hələ ki suda batmamışıq, amma kimsə keçmişdə bizim artıq keçdiyimiz şeylərdən keçməli olacağımızı proqnozlaşdırsaydı, sadəcə buna inanmazdıq. Həyat bizə öyrədir ki, biz artıq dözülməz şeylərə tab gətirə bilmişik, qeyri-mümkün olanı mümkün etmişik və ölümcül məqamı keçib həlak olmamışıq. Həyat bizə narahat olmamağı öyrədir.
Narahatlıq, əslində, imansızlıqdan irəli gəlir. Narahatlıq xarici şəraitdən qaynaqlanmır. Eyni şəraitdə bir insan tamamilə sakit ola, digəri isə ölümcül dərəcədə narahat ola bilər. Həyəcan və sakitlik şəraitdən yox, ürəkdən gəlir. Alman mistik, təbliğçi və alim İohann Tauler (1300-1361) bir dəfə dilənçi ilə qarşılaşdığını söyləyir. «Allah sənə xoş gün nəsib etsin, dostum» — deyə Tauler ona salam verir. «Şükür Allaha, heç vaxt pis günlərim olmayıb» — deyə dilənçi alimə cavab verir. Tauler «Allah səni xoşbəxt eləsin» deyəndə, dilənçi «Allaha şükür, mən heç vaxt bədbəxt olmamışam» deyə cavab verir. Tauler təəccüb içərisində soruşur: "Bununla nə demək istəyirsən?" «hər şey yaxşı olanda — hava yaxşı olanda Allaha şükür edirəm; yağış yağanda Allaha şükür edirəm; yeməyim kifayət qədər olanda Allaha şükür edirəm; madam ki, Allahın iradəsi mənim istəyimdir və Onu razı salan hər şey məni sevindirir, mən xoşbəxt olanda necə deyə bilərəm ki, bədbəxtəm?» Tauler heyrətlə dilənçiyə baxıb soruşur: «Sən kimsən?» «Mən padşaham» dilənçi dillənir. «Sənin səltənətin haradadır?» — Tauler soruşur. Dilənçi isə sakitcə «Ürəyimdə» cavabını verir.
Bir dəfə Yeşaya peyğəmbər demişdi: «Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, çünki onlar Sənə güvənir» (Yeşaya 26:3). Şimalda yaşayan adamın dediyi kimi: "Mən həmişə xoşbəxtəm, xoşbəxtliyim sirri — həmişə dənizə getmək və ürəyimi həmişə limanda qoymaqdır".
Narahatlıqdan daha dəhşətli günahlar ola bilər. Amma şübhəsiz ki, onların heç biri insanı bu yolla hər hansı bir iş görmək qabiliyyətindən məhrum etmir. «Ona görə də sabah üçün narahat olmayın» — İsanın əmri budur. Bu, təkcə dincəlmək deyil, həm də güclənmək yoludur.