1-2
Biz artıq gördük ki, Matta Müjdəni nəql edərkən dəqiq konsepsiyaya malik idi.
Matta vəftizdən bəhs edəndə vurğulayır ki, İsa Məsih xidmətə başlamaq və çağırışını yerinə yetirmək vaxtının çatdığını dərk etmişdi. Sınaq barədə danışanda isə İsanın məqsədinə çatmaq üçün şüurlu şəkildə ən yaxşı üsulu seçdiyini və Allahın iradəsinə zidd olan üsulları kənara atdığını bildirir. Belə ki, böyük tapşırığı öhdəsinə götürən insana köməkçilər lazımdır. Matta İsa Məsihin Özünə necə köməkçi və tərəfdarlar seçdiyini göstərir.
Lakin öz işlərinin öhdəsindən uğurla gəlsinlər deyə, öncə köməkçiləri öyrətmək lazım idi. Matta İsanın Dağüstü Vəzdə şagirdlərinə Xoş Xəbəri insanlara necə çatdıracaqlarına dair nəsihət verdiyini və öyrətdiyini göstərir. Lukanın Müjdəsində bəhs olunan Dağüstü Vəzdə bu, daha aydın görünür. Çünki Dağüstü Vəz On iki şagirdin seçilməsindən sonra başlayır (Luka 6:13 və s).
Bu səbəbdən ilahiyyatçılardan biri Dağüstü Vəzi «On iki şagirdin yüksək rütbəyə təyin olunduğu təbliğ» adlandırırdı. Gənc kahinlər ilk dəfə xidmətə başlayarkən qarşılarına tapşırıq qoyulduğu kimi, İsa da Öz tapşırıqlarını icra etməzdən əvvəl on iki şagird qarşısında vəz etdi. Məhz elə buna görə də müxtəlif ilahiyyatçılar Dağüstü Vəzə fərqli ad veriblər: «İsa Məsihin təliminin əsasları», «Padşahlığın möhtəşəm xartiyası», «Padşahın Manifesti» və s. Hər kəs bu fikirlə razıdır ki, Dağüstü Vəz İsanın Öz yaxın ətrafına öyrətdiyi təlimin mahiyyətinin ifadəsidir.
Biz Dağüstü Vəz haqqında sanki eyni yerdə səslənən ayrı vəz kimi danışırıq. Lakin bu, belə deyil. Belə bir tutarlı və inandırıcı dəlil var ki, Dağüstü Vəz bir vəzdən daha artıqdır. Yəni bu, İsanın bütün vəzlərinin xülasəsidir.
İndiki formada onu ilk dəfə eşidən şəxs oxuyub qurtaranadək yorulardı. Onu bir dəfə oxuyub mənimsəmək çox çətindir. Çünki həddindən artıq çox məlumat var. Biri var oturub asta-asta oxuyasan, biri də var şifahi şəkildə ilk dəfə dinləyəsən. Biz onu öz oxunuş tərzimizə uyğun şəkildə oxuya bilərik. İndiki formada ilk dəfə Dağüstü Vəzi əvvəldən sonadək eşitmək, gur işıqdan kor olmağa bənzəyir.
Dağüstü Vəzdə bəzi hissələr qəfildən ortaya çıxır. Bu hissələrin özündən əvvəlki və sonrakı ilə heç bir əlaqəsi yoxdur. Məsələn, Matta 5:31-32 və Matta 7:7-11. Bu hissələrin kontekstlə heç bir bağlılığı yoxdur. Dağüstü Vəzdə bir qədər qarışıqlıq hiss olunur.
Amma ən əsası odur ki, həm Mattanın, həm Lukanın Dağüstü Vəz haqqında öz versiyaları var. Mattanın Müjdəsində Dağüstü Vəz 107 ayədən ibarətdir. Onlardan 29-na Lukanın Müjdəsi 6:20-49 ayələrində rast gəlirik. 47 ayə Lukanın Müjdəsində yoxdur. 34 ayə isə Lukanın Müjdəsində müxtəlif yerlərdə səpələnib.
Nümunə üçün, duz barədə məsəl Matta 5:13-də, Lukada isə 14:34-35-də, çıraq barədə məsəl Matta 5:15, Lukada isə 8:16-da, Qanundan bir nöqtə belə yoxa çıxmayacaq ifadəsi Matta 5:18-də, Lukada isə 16:17-də əksini tapıb. Bu o deməkdir ki, Mattanın Müjdəsində bir-birinin ardınca gedən ayələrə Lukanın Müjdəsində bir-birindən uzaqda yerləşən fəsillərdə rast gəlinir.
Daha bir misal. Qardaşının gözündə çöpü görən, öz gözündə isə tiri görməyən məsəli Matta 7:15-də, Lukada 6:37-42-də, İsa Məsihin insanları axtarıb tapmağa çağırdığı ayələr Matta 7:7-12-də, Lukada isə 11:9-13-də ifadə olunub.
Bütün bunları cədvəl şəklində təsvir etsək, hər şey daha aydın görünəcək:
Matta 5:13 — Luka 14:34-35
Matta 5:15 — Luka 8:16
Matta 5:18 — Luka 16:17
Matta 7:1-5 — Luka 6:37-42
Matta 7:7-12 — Luka 11:9-13
Göründüyü kimi, Mattanın Müjdəsi hər şeydən əvvəl məsihçi təliminin Müjdəsidir. İsa Məsihin təliminin müəyyən vacib başlıqlar altında yığılması Mattaya xas xüsusiyyətdir. Belə görünür ki, Matta İsanın bütün təlimini müəyyən sxemə salıb, Luka isə işlənmiş bu sxemi dağıdaraq onu bütün Müjdəyə səpələyib. Dağüstü Vəz İsa Məsihin müəyyən yerdə səsləndirdiyi ayrı təbliğ deyil. Bu, şagirdlərinə verdiyi ardıcıl nəsihətlərin xülasəsidir. Belə bir fərziyyə var ki, İsa on iki şagirdini seçəndən sonra daha sakit yerə çəkilib, onları öyrətmək üçün bir həftə vaxt ayırdı. Dağüstü Vəz isə bu təlimin qısa xülasəsidir.
Matta bunu kifayət qədər sabit giriş cümləsi kimi verir: «İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. İsa danışmağa başlayıb onları öyrədərək dedi...»
Bu qısa ayələrdə Dağüstü Vəzin əsl mənasını açıqlayan üç açar mövcuddur:
İsa oturanda, öyrətməyə başladı. O dövrdə yəhudi ravvinlər rəsmi təlimə başlayanda, adətən, otururdular. Yunan dilində kafedra sözünün mənası oturmaq deməkdir. Bir çox Avropa dillərində bu günədək professorun stulu, yəni kafedra ifadəsi işlədilir. Roma Papası öz oturacağını eks kafedra adlandırır. Ravvinlər, adətən, gəzişərək təlim verirdilər. Lakin rəsmi təlimə onlar öz yerində oturaraq başlayırdılar. Beləcə İsa Məsihin şagirdlərini öyrətməzdən əvvəl oturması artıq ona işarə edirdi ki, bu təlim əsas yer tutur və rəsmi əhəmiyyət daşıyır.
Matta davamında qeyd edir ki, İsa danışmağa başlayıb onları öyrədərək dedi. Danışmağa başlayıb ifadəsi yunan dilində iki məna verir.
Bu ifadə təmtəraqlı, vacib və əzəmətli fikir söyləmək mənasını verir. Məsələn, orakulanın kəlamı kimi. Bu ifadə, adətən, çox vacib fikirdən əvvəl işlədilir.
Bu ifadə insanın ürəyini açaraq öz fikir və düşüncələrini bölüşməsi mənasını verir. Başqa sözlə, müəllim və şagird arasında heç bir maneənin olmadığı fərdi təlimi göstərir. Bu ayədə istifadə olunan «danışmağa başlayıb» ifadəsi Dağüstü Vəzin təsadüfi deyil, İsanın əsas təliminin təmtəraqlı və vacib şərhinin olmasına işarə edir. İsa ürəyini və fikirlərini Onun missiyasını icra edəcək və Onun sağ əli olacaq şəxslərə açır.
Müqəddəs Kitabda vurğulanır ki, İsa oturanda danışmağa başlayıb onları öyrədərək dedi. Burada yunan dilində istifadə olunan fel iki keçmiş zamandan ibarətdir: aorist — keçmişdə edilmiş və tamamlanmış konkret tək bir hərəkəti göstərir. Məsələn, «O, qapını bağlayıb» söz birləşməsində bağlayıb ifadəsi aorist kimi istifadə olunur. Çünki vahid bitmiş hərəkəti bildirir. Yunan dilində həm də keçmiş zamanın bitməmiş, yəni davam edən və təkrarlanan forması mövcuddur. Məsələn, «O, adətən, hər bazar günü ibadətə gedirdi» cümləsində o, adətən, gedirdi yunan dilində keçmiş zamanın təkrarlanan və davamedici formasıdır.
Yunan mətnində araşdırdığımız cümlədə öyrətmək feli aoristdə deyil, keçmiş zamanın bitməmiş formasındadır. Buna görə bu söz təkrar olunan adi hərəkəti bildirir. Tərcüməsi isə təbii ki, belə olmalıdır: «İsa danışmağa başlayanda, adətən, bunları onlara öyrədirdi». Matta yunanların etdiyi kimi, aydın deyir ki, Dağüstü Vəz İsanın müəyyən vaxtda səsləndirdiyi bir təbliğ deyil. Bu, İsanın şagirdlərinə daima öyrətdiyi təlimin qısa xülasəsidir.
Dağüstü Vəz müəllimlə şagirdləri arasında olan uzunmüddətli səmimi ünsiyyətin cəmlənmiş xatirəsidir.
Bəxtiyarlıq haqqında təlimə ətraflı nəzər salmazdan əvvəl iki ümumi bəndə diqqət yetirmək lazımdır.
Bütün bəxtiyarlıqların eyni formaya malik olduqlarını görmək mümkündür. Müqəddəs Kitabda yazılmış bəxtiyarlıq təlimində fellər yoxdur, yalnız feli sifətlər var. Nə üçün? İsa Məsih bu sözləri yunan dilində deyil, o dövrün qədim yəhudi danışıq tərzində, arami dilində səsləndirirdi. Arami və qədim yəhudi dilində «Ah bəxtəvərlik!» mənasını verən bənzər oxşar ifadələr var idi. Bu ifadə (ibrani dilində aşer) Əhdi-Ətiq üçün səciyyəvidir. Məsələn, birinci məzmur qədim ibrani dilində belə başlayır: «Pislərin məsləhəti ilə getməyən bəxtəvər insandır!» (Zəbur 1:1) İsa Məsih məhz belə bəxtiyarlıq haqqında danışırdı. Onun sözü sadəcə vurğu deyil, nidadır: «Ruhən yoxsulların bəxtiyarlığı!»
Bu, son dərəcə çox vacibdir. Çünki bəxtiyarlıq baş verəcək hadisələrə ümid deyil, dumanlı olsa da, hansısa gələcək xoşbəxtliyin peyğəmbərliyidir. Bu, artıq məsihçilərin malik olduqlarına görə təbrik olunmasıdır. Məsihçilərin bəxtiyarlığı — cənnətdəki xoşbəxtlik deyil. Bu onlara burada indiki zamanda verilmiş bəxtiyarlıqdır. Bu, məsihçilərin nə vaxtsa əldə edəcəyi deyil, artıq əldə etdiyidir.
Əlbəttə, bəxtiyarlıq öz dolğunluğunu və tamlığını Allahın hüzurunda tapacaq. Lakin buna baxmayaraq, bu, reallıqdır. Onu bu dünyada, hal-hazırda dadmaq olar. Bəxtiyarlıq sanki deyir: «Məsihçi olmaq necə də böyük xoşbəxtlikdir! Məsihin ardınca getmək böyük sevincdir! Məsihi Padşah, Rəbb və Xilaskar kimi tanımaq necə də böyük bəxtəvərlikdir!» Bəxtiyarlığın forması artıq məsihçi həyatının sevincinin parlaq sübutudur. Bu bəxtiyarlıqlar arasında məsihçi həyatının kədərli və qəmgin olmasını təsəvvür etmək mümkün deyil.
Dağüstü Vəzdə istifadə olunan bəxtiyarlıq ifadəsi xüsusi sözdür. Yunan dilində bu, makariosdur. Hər şeydən öncə bu söz allahları xarakterizə edir. İlahi sevinc məsihçiliyə xasdır.
Makarios sözünün mənası növbəti nümunədə daha aydın görünəcək. Qədim yunanlar həmişə Kipr adasını he makariya adlandırırdılar. Bu da Xoşbəxtlik Adası deməkdir. Yunanlar Kiprin o qədər gözəl, zəngin və məhsuldar ada olduğunu zənn edirdilər ki, insan xoşbəxtliyi dadmaq üçün oranı tərk etməzdi. Bu ada gözəl iqlimə, güllərə, meyvələrə, ağaclara, minerallara və təbii mədənlərə malik idi.
Makarios sözü çox vaxt həyatın gözlənilməz dəyişikliyindən təsirlənməyən gizli, sakit və dərin sevinci ifadə edir. İnsan xoşbəxtliyi hadisələrdən asılıdır. Həyat və hadisələr insanlara xoşbəxtlik verə, həm də bu xoşbəxtliyi əllərindən ala bilər. Məsihçi bəxtiyarlığı isə tamamilə dərin və şəxsidir. O, heç bir xarici təsirlərdən asılı deyil. İsa dedi: «Heç kəs sevincinizi sizdən ala bilməyəcək» (Yəhya 16:22). Bu xoşbəxtlik hətta iztirablar vasitəsilə də bizi bürüyür. Onu nə kədər, nə itki, nə ağrı, nə də əzab əlimizdən ala bilər. Bu sevinc kədərdən asılı olmayaraq, parlayır. Onu nə ölüm, nə də həyat məhv edə bilər.
Dünya sevincə bürünə, eləcə də onu itirə bilər. Taleyin dönüşü, xəstəlik, planların və arzuların puç olması, hətta havanın dəyişməsi belə, dünyanın verdiyi sevinci oğurlaya bilər. Məsihdə və Onun hüzurunda yaşayan məsihçiyə isə sonsuz sevinc verilib.
Bəxtiyarlıq gələcək gözəlliyin görüntüsündən, hətta gələcək izzətli ehtişam vədindən ibarət deyil. Bu, dünyada heç kimin məhrum edə bilməyəcəyi xoşbəxtliyin və sonsuz sevincin nidasıdır.
«Nə bəxtiyardır ruhən yoxsullar» xoşbəxtlik barədə söhbətə bu cür başlamaq, bəlkə də, qəribə görünür. Yoxsullar sözü iki mənaya malikdir.
Müqəddəs Kitabda ptoxos sözü qeyd olunub. Yunan dilində yoxsul sözünün iki mənası var. Birincisi, bu söz penesdir. Penes — dolanmaq üçün işləyən insandır. Yunanlar hesab edirdilər ki, autodiakonos sözü öz əməyi ilə özünü təmin edən insanı səciyyələndirir.
Penes — başqasına verməyə artığı olmayan zəhmətkeş insandır. Başqa sözlə, varlı olmasa da, heç nəyə ehtiyac duymayan insandır. Lakin biz Müqəddəs Kitabda penes sözünü deyil, ptoxos sözünün qeyd olunduğunu gördük. Bu isə yoxsulluğu bildirir. Bu sözün kökü ptosseyn sözündən götürülüb. Bu da kasıblıqdan qəddi əyilən insanı göstərir. Artıq gördüyümüz kimi, penes başqasına verməyə artığı olmayan, ptoxos isə, ümumiyyətlə, heç nəyi olmayan insan deməkdir. Tamamilə yoxsulluğa düçar olan insan bəxtiyardır. Heç nəyi olmayan insan xoşbəxtdir. Yuxarıda dediyimiz kimi, biz artıq gördük ki, bəxtiyarlıq haqqında bütün ifadələr yunan dilində deyil, arami dilindədir. Yəhudilərdə isə yoxsul sözünə aid xüsusi kəlmələr var. Qədim ibrani dilində bu, oni və ya ebion kəlmələridir. Bu sözlər qədim ibrani dilində dörd dəfə dəyişikliyə məruz qalıb.
1. Əvvəlcə bu kəlmələr ancaq yoxsul mənasını verirdi. 2. Sonra bu sözlər kasıb olduğu üçün heç bir nüfuza və ya gücə, köməyə və hörmətə malik olmayan mənasını bildirirdi. 3. Daha sonra məzlum və əzilmiş mənasını ifadə edirdi. 4. Nəhayət, bu sözlər yer üzündə heç bir var-dövləti olmayan, tamamilə Allaha güvənən insanlara aid edilirdi.
Beləcə qədim ibrani dilində yoxsul sözü təvazökar və aciz, eyni zamanda tamlığı ilə Allaha güvənən insanı xarakterizə edirdi. Zəbur kitabının müəllifi «Mən məzlum Rəbbi çağırdım, O məni eşitdi, bütün əzablarımdan məni xilas etdi» (Zəbur 34:6) ifadəsini işlədəndə, məhz bu mənanı nəzərdə tuturdu. Əslində, Zəburdakı belə bir məzlum Allah üçün dəyərli comərd insandır. «Çünki fəqir adam həmişəlik unudulmaz» (Zəbur 9:18). Allah məzlumu ondan güclünün, fəqiri isə istismarçının əlindən azad edir (Zəbur 35:10). «Ey Allah, xeyirxahlığına görə məzlumlar üçün oranı Sən hazırladın» (Zəbur 68:10). «Padşah xalq arasında məzlumları qorusun» (Zəbur 72:4). «Amma fəqiri zülm altından qaldırar» (Zəbur 107:41). «Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm» (Zəbur 132:15). Bütün bu ayələrdəki yoxsullar — təvazökar, aciz və tamlığı ilə Allaha arxalanan insanlardır.
İndi isə, yunan və arami dilində olan iki mənanı birləşdirək. Ptoxos heç bir şeyə malik olmayan, ani və ebion isə təvazökar, aciz və yalnız Rəbbə etibar edən yoxsul insanı göstərir. Buna görə də «ruhən yoxsullar» öz acizliyini dərk edib, yalnız Allaha bel bağlayan bəxtiyar insan deməkdir.
Çarəsizliyini dərk edən və Allaha iman edən insanın həyatında bir-biri ilə əlaqəli iki tərəf mövcuddur. Bu insan tamamilə maddi şeylərdən imtina edir. Çünki o, maddi şeylərin ona xoşbəxtlik gətirə bilməyəcəyini dərk edir və Allaha bağlanır. O anlayır ki, ona güc və ümidi yalnız Allah verə bilər. Ruhən yoxsul insan maddi şeylərin heç bir əhəmiyyətə malik olmadığını, Allahın isə hər şey olduğunu anlayır.
Elə düşünmək olmaz ki, sanki bu bəxtiyarlıq yoxsulluğu ləyaqətə çevirir. Yoxsulluq ləyaqət deyil. İsa Məsih heç vaxt xarabalıqlarda yaşayan, qida çatışmazlığından əziyyət çəkən və sağlamlığı məhv olan insanları bəxtiyar adlandırmazdı. Çünki hər şey ona qarşı durur. Məsihçilik bu cür yoxsulluğu aradan qaldırmağa çağırır. Həyat üçün lazım olan hər bir şeydə Allahdan kömək və güc almağı dərk edən insan ruhən yoxsul və bəxtiyardır.
İsa Məsih deyir ki, Allahın Padşahlığı məhz belə yoxsullarındır. Nəyə görə belədir? Əgər Rəbbin duasından iki cümləni «Padşahlığın gəlsin; Göydə olduğu kimi yer də Sənin iradən olsun» götürüb onları müqayisə etsək, başa düşəcəyik ki, Allahın Padşahlığı Göydə olduğu kimi yer üzündə də iradəsi həyata keçən İmanlı Cəmiyyətidir. Bu isə o deməkdir ki, Allahın Padşahlığının vətəndaşı ancaq Allahın iradəsini yerinə yetirəndir. Biz öz acizliyimizi, biliksizliyimizi, həyatımızı idarə edə bilməmək bacarıqsızlığımızı dərk edib tamamilə Allaha etibar edəndə, Onun iradəsini yerinə yetirə bilərik. İtaət həmişə etibara əsaslanır. Allahın Padşahlığı ruhən yoxsullarındır. Çünki ruhən yoxsullar həyatlarında Allah olmadan əlacsızlıqlarını başa düşür, Ona etibar və itaət etməyi öyrənir. Beləliklə, ilk bəxtiyarlıq belə səslənir: «Çarəsiz olduğunu anlayan və Allaha etibar edən insan nə bəxtiyardır. Çünki o, yalnız bu yolla Allaha tam itaət edə və Səmavi Padşahlığın vətəndaşına çevrilə bilər!»
Bəxtiyarlıqla bağlı «yaslı olanlar» sözünün yunan mətnində xüsusi vurğulandığını qeyd etmək lazımdır. Bu söz doğma insan ölən zaman yaşanan çox dərin kədəri və ah-naləni ifadə edir. Əhdi-Ətiqin yunan dilində tərcüməsi Septuaqintada bu söz oğlu Yusifin öldüyünü düşünəndə Yaqubun yaşadığı kədəri göstərir (Yaradılış 37:34). Bu, insanlardan gizlədilməsi mümkün olmayan qüssədir. Bu, nəinki ürəyə ağrı gətirən dərddir, həm də durmadan axan göz yaşlarıdır. Məhz bu cür kədər həqiqi bəxtiyarlıqdır.
Ölüyə yas tutduğu kimi, yaslı olan insan bəxtiyardır.
Bu bəxtiyarlığı üç cür başa düşmək olar.
Onu hərfi mənada başa düşmək olar: həyatın vura biləcəyi ən böyük acını yaşayan insan bəxtiyardır. Ərəblərin belə bir atalar sözü var: «Qürub etməyən günəş torpağı səhraya çevirər». Həmişə günəş şüalarını udan torpaq tezliklə quraqlığa çevrilir və onun üzərində heç bir bitki inkişaf etmir.
Kədər ikitərəfli olur. Kədər heç bir şey olmadığı kimi insanların həqiqi xeyirxahlığını üzə çıxarır. O, həm də Allahın şəfqətini və dəstəyini bizə aşkar edir. Əksər insanlar çətinlik vaxtı heç vaxt olmadığı kimi həqiqi dost və Allahı tanıyırlar. Hər şey yaxşı olanda insan bivec yaşayır. Nə vaxt ki, qüssə onu boğur, o, hər şeyin əsl dəyərinin fərqinə varır. Əgər o, bu çətinliyə düzgün yanaşsa, onun daxilinə yeni güc və gözəllik daxil olacaq.
Zövqlə mən yola çıxdım
Yol boyu o susmadı.
Amma onun danışdıqları
Məni müdrik etmədi.
Kədərlə mən yola çıxdım
O, yol boyu yalnız susdu.
Amma o, yanımda olarkən
Mən çox şeyi dərk etdim.
Bəziləri buradakı bəxtiyarlıq haqqında danışanda hesab edir ki, yaslı olanlar dünyanın kədərinə və iztirablarına biganə yanaşmayan insanlardır.
Biz ilk bəxtiyarlığı araşdıranda gördük ki, insanların maddi şeylərdən imtina etməsi yaxşıdır. Ancaq insanlardan imtina etməsi yaxşı deyil. Əgər başqa insanların əzablarına şəfqətlə yanaşan və onların qayğısına qalan şəxslər olmasaydı, bu dünya çox kasıb olardı.
İngilis filosofu və moralisti10 qraf Entoni Şeftsberi adi işçilər və uşaqlar üçün istənilən sosial islahatçıdan daha çox iş görmüşdü. O, uşaqlıqda Xarrouda özəl məktəbdə oxuyarkən küçədə kasıb insanın dəfn mərasimi ilə üzləşdi. Tabuta oxşayan yöndəmsiz yeşiyi əl arabasında dörd sərxoş kişi aparırdı. Bu kişilər ədəbsiz mahnı oxuya-oxuya və zarafat edə-edə gedirdilər. Onlar əl arabasını təpənin üstünə itələyəndə, yeşik-tabut yerə düşüb açıldı. Bəlkə də bəziləri bunu zarafat kimi qəbul edər, bəziləri ikrah hissi ilə üzlərini çevirər, bəziləri də heç nə olmamış kimi çiyinlərini çəkərdilər. Bunu görən yeniyetmə Şeftsberi öz-özünə dedi: «Mən böyüyəndə bu şeylər təkrar olunmasın deyə əlimdən gələni edəcəyəm». Beləcə o, həyatını insanlara xidmətə həsr etdi.
Məsihçilik — qayğı deməkdir. Buna görə bəxtiyarlıq haqqında danışanda deməliyik ki, başqalarının ehtiyaclarına və əzablarına şəfqətlə qayğı göstərən insan bəxtiyardır.
Hər iki fikrin bu bəxtiyarlıqda öz əksini tapması şübhə doğurmur. Lakin onun əsas mahiyyəti belədir: öz günahına və ləyaqətsizliyinə görə peşman olan insan bəxtiyardır. Gördüyümüz kimi, İsa Məsihin səsləndirdiyi ilk çağırış «Tövbə edin!» idi. Əgər insan günahına görə peşman olmasa, tövbə edə bilməz. İnsan günah və günahın təsirinə qarşı gözlərini açan nə iləsə qarşılaşanda, dəyişməyə başlayır.
Məsihin Çarmıxa çəkilməsi bizə məhz bu cür təsir edir. Biz Çarmıxa baxanda deyirik: «Gör günah nə edir. Günah dünyada ən gözəl həyatı götürüb Çarmıxda məhv edə bilir». Çarmıxın böyük məqsədlərindən biri odur ki, günahın dəhşətini görmək üçün insanın gözlərini açır. İnsan isə günahın vahiməli olduğunu görəndə, ola bilməz ki, peşmançılıq hissi keçirməsin.
Məsihçilik günahın dərk edilməsi ilə başlayır. Günahına görə sidq ürəkdən peşman olan, Allahı və İsa Məsihi kədərləndirdiyinə görə ürəyi qüssələnən insan nə bəxtiyardır. Çarmıxı və günahın viranəlik gətirdiyini görən insan nə bəxtiyardır. Bu hissləri yaşayan insan, həqiqətən, təsəlli tapacaq. Çünki bu hissləri biz tövbə adlandırırıq. Allah isə heç vaxt sınan və peşman olan ürəyə xor baxmaz (Zəbur 51:17). Bağışlanma sevinci sınan ürəyin peşmançılığından gəlir.
Bax, həqiqi bəxtiyarlığın mənası budur: «Dünyanın iztirablarından və öz günahlarından ürəyi sınan insan bəxtiyardır. Çünki onun kədəri Allahdan gələn sevincə çevriləcək!»
5
Müasir cəmiyyətdə həlim insanlara çətin ki, hörmət edilə. Bu, iradəsizlik və yumşaq xasiyyətlilik kimi qəbul olunur.
Lakin qədim yunanlar üçün həlimlik sözü (praus) vacib əxlaq terminlərindən biri idi. Həlimliyin gözəllikləri (yun. praotes) barədə dahi yunan filosofu Aristotelin11 müşahidələrində çoxlu maraqlı fikirlər tapmaq olar. Ümumiyyətlə, xeyirxahlıq barədə fikirləri müzakirə edəndə, Aristotelin onları iki ifratın arasında yerləşdirdiyini görürük. Bir tərəfdən ifrat bu xüsusiyyətin çatışmazlığı, digər tərəfdən isə həddindən artığıdır. Xeyirxahlıq — iki ifratın arasında ortaq məxrəcdir. Məsələn, səxavətlilik xəsisliklə (ifratın bir tərəfi) israfçılıq (ifratın digər tərəfi) arasında ortaq məxrəcdir.
Həlimliyə (praotes) gəlincə, Aristotel onu hədsiz qəzəblə (orgilotes) və hədsiz mülayimlik (aorgeziya) arasında ortaq məxrəc kimi qiymətləndirir. Bu tərifi rəhbər tutaraq Məsihin sözləri aşağıdakı kimi tərcümə edilə bilər:
Yerli-yerində qəzəblənən və səbəbsiz yerə heç vaxt qəzəblənməyən insan nə bəxtiyardır.
«Nə vaxt qəzəblənmək olar, nə vaxt olmaz?» sualını versək, onda ümumi təklif olunan qayda belədir ki, biz təhqir edilib incidiləndə, qəzəblənməyimizə lüzum yoxdur. Məsihçi bu kimi şeylərə hiddətlənməməlidir. Eyni zamanda başqalarının incidildiyini görəndə, qəzəblənməyə haqqı var. Eqoist qəzəb — günahdır. Fədakar qəzəb isə dünyadakı böyük mənəvi idarəedici qüvvələrdən biri ola bilər.
Praus sözü yunan dilində daha bir məna daşıyır. Adətən, bu sözlə əmr komandasına itaət etməyi və qoşquda gəzməyi öyrənən əhliləşdirilmiş heyvanı xarakterizə edirlər. Buna görə də bəxtiyarlığın ikinci mümkün olan tərcüməsi belə səslənir:
«Öz istəklərinin, həvəslərinin, hisslərinin coşqunluğunu idarə edən insan bəxtiyardır. Bəxtiyar insan odur ki, tamamilə özünə hakimdir».
Lakin bu xülasəyə nəsə əlavə etmək lazımdır. Yalnız özünə tam hakim olan insan bəxtiyar deyil, çünki insan öz-özünü tamamilə idarə etməyə qadir ola bilməz. Əsl bəxtiyar insan odur ki, daim Allah tərəfindən idarə olunur. Çünki yalnız Ona xidmət edəndə biz tam azadlığı qazanırıq və Onun iradəsini yerinə yetirəndə sülhlə doluruq.
Bundan başqa, biz bəxtiyarlıq anlayışına üçüncü tərəfdən də yanaşa bilərik. Yunanlar həmişə həlimlik sözünü (praotes) hupselokardiya hissi ilə, yəni təkəbbürlük, məğrurluqla müqayisə edirdilər. Praotes — heç bir qürurun olmadığı həqiqi təvazökarlıqdır.
Təvazökar olmayan insan heç nə öyrənə bilməz. Çünki təlim üçün ilk addım öz biliksizliyini dərk etməkdir.
Roma ritorikasının görkəmli nəzəriyyəçilərindən biri Kvintilian şagirdləri barədə belə deyirdi: «Əgər onlar hər şeyi bildiklərini iddia etməsəydilər, sözsüz ki, yaxşı tələbə ola bilərdilər». Heç kim hər şeyi bilən insanı öyrədə bilməz. Təvazökarlıq olmadan məhəbbət ola bilməz. Çünki məhəbbətin təməlində özünü layiq bilməmək hissi dayanır. Təvazökarlıq olmadan həqiqi iman yolu ola bilməz. Çünki iman yolu zəifliyimizi və Allaha möhtac olduğumuzu dərk etməklə başlayır. İnsan özünün yaradılış, Allahın isə Yaradan olduğunu anlayanda, həqiqi yetkinliyə çatır. Çünki Allahsız o, heç nə edə bilməz.
Praotes — öyrənməyin və bağışlanmanın vacibliyini dərk edən təvazökarlıqdır. Praotes Allahla həqiqi münasibəti xarakterizə edən yeganə xüsusiyyətdir. Buna görə də bəxtiyarlığın üçüncü mümkün ifadəsi belədir:
«Öz biliksizliyini, zəifliyini və şəxsi ehtiyaclarını anlayan həlim insan bəxtiyardır».
İsa Məsih deyir ki, həlimlər yer üzünü irs alacaq. Tarix göstərir ki, öz ehtiraslarını, istəklərini və instinktlərini idarə etməyi bacaran insanlar böyük uğur əldə edirdilər. Saylar kitabında Musa peyğəmbər haqqında yazılıb: «Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi» (Saylar 12:3). Musa peyğəmbər iradəsiz və xaraktersiz insan deyildi. O, qəzəbindən coşa, cilovunu əlində saxlayıb lazımi vaxtda qəzəbini tökə bilərdi. Süleymanın məsəlləri kitabının müəllifi yazır ki: «Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür» (Süleymanın məsəlləri 16:32).
Makedoniyalı İsgəndəri məhv edən də onda bu xüsusiyyətin olmaması idi. O, sərxoş olanda qəzəbini idarə edə bilməyib, dostuna qılıncla hücum çəkdi və onu öldürmüşdü. Özünü idarə edə bilməyən insan başqasını öz ardınca apara bilməz. Özü tabe olmayan insan başqasına xidmət edə bilməz. Öz nəfsinə hakim olmayan insan başqasını idarə edə bilməz. Tamamilə Allahın idarəsinə tabe olan insan həqiqi sülhü irs almağa kömək edən təvazökarlığı əldə edəcək. Buradan aydın görünür ki, praus adi təvazökarlıqdan daha böyük məna daşıyır. Prausun tam mənasını çatdıracaq söz yoxdur. Halbuki yumşaq sözü onun mənasına daha uyğun gəlir. Bu hissədəki bəxtiyarlığın mənaca tərcüməsi belə olmalıdır: «Bəxtiyar insan odur ki, yerli-yerində qəzəblənir və heç vaxt səbəbsiz qəzəblənmir. O, tamamilə öz instinktlərini, həvəsini və coşqunluğunu idarə edir. Çünki onu idarə edən Allahdır. O öz biliksizliyini və zəifliyini dərk etmək üçün çox təvazökardır. Belə insan adamlar arasında padşahdır!»
6
Sözlər öz-özünə yaranmır. Onlar həm insan təcrübəsinin kontekstində, həm də insan təfəkkürünün fonunda mövcuddur. Buna görə də sözlərin mənası onları istifadə edən insanın həyat təcrübəsindən asılıdır. Bu, ilk növbədə indi haqqında danışacağımız bəxtiyarlığa aiddir. Onu birinci dəfə eşidən insanda bizdən fərqli olaraq başqa təəssürat yaranır.
Məsələ bundadır ki, indiki dövrdə çoxları əsl aclığın və ya susuzluğun nə olduğunu bilmir. Qədim zamanlarda isə hər şey başqa cür idi. Zəhmət çəkən insanın maaşı ilə varlanmaq olmazdı. Əməksevər insan İsraildə həftədə yalnız bir dəfə ət yeyirdi. O, gündəlik işçi kimi həmişə yarı tox, yarı ac yaşayırdı.
Su ilə bağlı problem daha böyük idi. İnsanlar evdə kranı açıb təmiz su yığa bilmirdilər. İnsan yolda olanda, qəflətən qum fırtınası gətirən isti külək əsə bilərdi. Onun yun plaşına bürünüb arxasını küləyə çevirib gözləməkdən başqa çarəsi yox idi. Bu vaxt uçuşan qum dənələri insanın burun və boğazına dolurdu. İnsan boğulur və onu dəhşətli susuzluq bürüyürdü. Hal-hazırda Avropada yaşayanlar buna bənzər bir şeylə qarşılaşmayıblar.
Bu bəxtiyarlığa səbəb olan aclıq buterbrodla mədəni aldatmaqdan ibarət olan aclıq deyil. Susuzluq isə bir fincan çay və ya qəhvə ilə yatırılan susuzluq deyil. Bu, yeməyin olmamasına görə aclıqdan ölən insanın aclığıdır. Susuzluq isə su olmadan ölən insanın susuzluğudur.
Belə olan halda, bu bəxtiyarlıq özündə çağırış və sual yaradır: «Xeyirxahlığa can atmağınız sizə nə dərəcədə vacibdir? Siz onu acından, yaxud susuzluqdan ölən insan kimi arzulayırsınızmı? Bizim xeyirxahlıq istəyimiz nə qədərdir?»
Çoxlarında instinktiv olaraq xeyirxahlıq etmək istəyi var. Lakin bu, güclü və aydın olmayan, dumanlı istəkdir. Qərar vermək anı yetişəndə, insanlar əsl xeyirxahlıq tələb edən qurbanları gətirmək üçün cəhd göstərmirlər. Bir çoxları «həvəssizlik» xəstəliyindən əziyyət çəkir. Əgər xeyirxahlıq bizim ən ali istəyimiz olsa idi, dünya tamamilə fərqli olardı.
Bu bəxtiyarlığın kökündə bir məqsəd dayanır: bəxtiyar o kəs deyil ki, xeyirxahdır; bəxtiyar o kəsdir ki, xeyirxahlığa bütün ürəyi ilə susayır. Əgər bəxtiyarlıq yalnız xoş günündən yaxşılıq etmək olsaydı, onda, ümumiyyətlə, bəxtiyarlar olmazdı. Bütün uğursuzluğa və büdrəmələrə baxmayaraq, ürəyində ali şeylərə yanğı ilə can atan insanlar bəxtiyarlığa nail olur.
İngilis yazıçısı Herbert Uells bir dəfə belə demişdi: «İnsan pis musiqiçi ola bilər, eyni zamanda musiqini bütün varlığı ilə sevə bilər». Məşhur hakimlərdən biri cinayətkarlar barədə belə demişdi: «Hər insanda sönməz bir qığılcım var». Xeyirxahlıq həmişə insanı izləyən «amansız ovçudur». İnsanların ən pisi belə «özünəməxsus tərzdə xeyirxah ola bilər».
Burada təəccüblü olan insanın günahkar olması deyil, günah içində onu xeyirxahlığın izləməsidir. Hətta bataqlığa batsa belə, ulduzları unuda bilmir. Padşah Davud Allaha məbəd tikmək arzusunda idi. Amma arzusuna çata bilmədi. Onun istəyi rədd edildi. Allah ona dedi: «Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən» (1Padşahlar 8:18). Allah Öz böyük mərhəməti sayəsində bizi yalnız əməllərimizə və nailiyyətlərimizə görə deyil, həm də arzularımıza görə mühakimə edir. Hətta insan heç vaxt xeyirxahlıq etməsə də, ömrünün sonuna qədər xeyirxahlıq etməyə acıb-susayarsa, o, bəxtiyarlıqdan məhrum olmayacaq.
Yunan dilindəki mətndə bu bəxtiyarlığa dair aydın görünən daha maraqlı bir bənd var. Yunan dilində aclığı və susuzluğu ifadə edən fellər özündən əvvəlki isimdən yönlük halı tələb edir. Yunan dilində bu, yönlük hala aiddir. Fikir belədir: yunan deyəndə ki, «Mən bir parça çörəyə möhtacam», o, bütöv kömbəni yox, çörəyin müəyyən bir hissəsini istəyir. Yunan deyəndə ki, «Mən susamışam», o, bir səhəng deyil, bir az su içmək istəyir.
Danışdığımız bəxtiyarlıqda «salehlik» sözü yönlük halda yox, təsirlik halındadır. Yunan dilində acmaq və susamaq fellərindən əvvəl gələn isim yönlük halının əvəzinə təsirlik halda olarsa, deməli, insan hər şeyə acıb-susayır. Məsələn, «Mən çörəyi istəyirəm» desək, deməli, bütün kömbəni nəzərdə tutur; «Mən suyu istəyirəm», deyəndə, bir səhəng suyu nəzərdə tutur. Buna görə düzgün tərcümə belə olacaq:
«Salehliyə bütün varlığı ilə acıb-susayan nə bəxtiyardır».
Bunu isə insanlar nadir hallarda istəyir. Çox vaxt onlar həqiqətin müəyyən hissəsi ilə kifayətlənirlər. Məsələn, bir adam o qədər yaxşı ola bilər ki, onda çatışmazlıq gözə görünməsin. Onun dürüst, əxlaqlı və hörmətli olması şübhə doğurmur. Lakin bununla yanaşı, kimsə ona yaxınlaşıb dərdini bölüşə bilməz. Kimsə bunu etmək istəsə, həmin adam diksinər. Sərtliklə, mühakiməyə meyilliliklə, şəfqətsizlik hissi ilə müşayiət olunan alicənablıq da mövcuddur. Ancaq bu, tam alicənablıq deyil.
Başqa birinin isə qüsurları kifayət qədər ola bilər. O, içki içə, qumar oynaya və tez özündən çıxa bilər. Bununla bərabər, kiminsə çətin vəziyyətini və ehtiyacını görəndə, o öz cibindən son qəpiyini və əynindən son köynəyini çıxarıb verə bilər. Lakin bu da tam alicənablıq deyil.
Haqqında danışdığımız bəxtiyarlıq bizə deyir ki, xeyirxahlığın müəyyən bir hissəsi ilə kifayətlənmək olmaz. Bəxtiyar o insandır ki, kamil xeyirxahlığa acıb-susayır. Soyuqqanlı qüsursuzluq və ya qüsurlu səmimilik bəxtiyar olmağa yetərli deyil.
Deməli, dördüncü bəxtiyarlığın əsl tərcüməsi belə olacaq: «Aclıqdan və susuzluqdan ölən insan kimi, salehliyə susayan insan bəxtiyardır. Çünki belə insan əsl məmnunluğu dadacaq».
7
Bu prinsip bütün Əhdi-Cədiddə izlənilir. Əhdi-Cədid bildirilir ki, bağışlanma əldə etmək üçün birinci biz özümüz bağışlamalıyıq. Həvari Yaqub bu barədə belə deyir: «Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur» (Yaqub 2:13). İsa Məsih borc verən rəhimsiz ağadan bəhs edərkən hekayəsini bu sözlərlə bitirir: «Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər» (Matta 18:35). «Ey göylərdə olan Atamız» duasında bu fikri izah edən və vurğulayan iki ayə var: «Bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla». «Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz» (Matta 6:12,14,15). Əhdi-Cədid öyrədir ki, mərhəmətli olanlara mərhəmət edilir.
Bu bəxtiyarlıqda böyük məna var. Bizim dildə mərhəmətli sifəti yunan dilindəki eleemon sözünün tərcüməsidir. Amma gördüyümüz kimi, Əhdi-Cədidin yunan mətni orijinal qədim ibrani və arami dillərinə gedib çıxır. Qədim ivrit dilində mərhəmət hesed deməkdir. Bu söz isə tərcümə olunmur. Bu söz təkcə insana şəfqət göstərmək və ya çətinliyə düşənlərin halına acımaq üçün istifadə edilmir. Hesed, mərhəmət sözünün əsl mənası — özünü başqa bir insanın vəziyyətinə qoyaraq, dünyaya onun gözü ilə baxmaq, problemləri onun düşüncəsi ilə düşünmək və onun kimi hiss etmək deməkdir.
Bu, emosional şəfqət göstərməkdən daha böyük məna kəsb edir. Belə mərhəmət ağıl və iradə tələb edir. Bu söz səthi olaraq başqasının halına acımaq deyil, şüurlu şəkildə həmin insanla özünü eyni vəziyyətə qoyub, dünyanı onun kimi görüb hiss etməkdir. Bu, sözün əsl mənasında, canı yanmaqdır. Canı yanmaq, simpatiya iki yunan sözündən yaranıb: sin — ikisi birlikdə və pasheyn — həyəcan və ya iztirab çəkmək deməkdir. Canı yanmaq — dünyanı başqa insanla birlikdə hiss etmək, sözün həqiqi mənasında, onun yaşadıqlarını yaşamaqdır.
Çoxları isə buna can atmır. Əksər insanlar öz hisslərinə o qədər qapılıblar ki, başqa birinin hissləri onları maraqlandırmır. Əgər onlar kiminsə halına acıyırlarsa, bunu yalnız səthi şəkildə edirlər. Onlar şüurlu şəkildə başqalarının əqlinə və ürəklərinə varmırlar ki, dünyanı həmin insanların görüb hiss etdikləri kimi görüb hiss etsinlər.
Əgər biz belə şüurlu cəhdlər edəriksə, özümüzü başqa insanlarla eyniləşdirəriksə, şübhəsiz ki, dünya çox dəyişər.
Bu bizi yanlış xeyirxahlıqdan qoruyar. Əhdi-Cədiddə laqeyd və yersiz xeyirxahlığa aid gözəl nümunə var. Bu, İsa Məsihin Bet-Anyada Marta və Məryəmə baş çəkməsindən bəhs edən hekayədir (Luka 10:38-44). İsa Məsih Çarmıxa çəkilməsinə sayılı günlər qalanda, Marta və Məryəmin evinə gəldi. O, qısa müddətə istirahət etmək və həyatın dəhşətli gərginliyindən uzaqlaşmaq istəyirdi.
Marta İsanı sevirdi. Məsih onun ən hörmətli qonağı idi. Marta İsanı sevdiyi üçün istəyirdi ki, Ona ən yaxşı yeməyi bişirsin. Marta vurnuxaraq ora-bura qaçırdı. Ətrafı qab-qacaq səsi bürümüşdü. Hər səs İsa Məsihin əsəbləri üçün gərginlik idi. O, yalnız sakitlik istəyirdi.
Marta öz xeyirxahlığını göstərməyə çalışırdı. Hətta o, bunu bilərəkdən etsəydi, çətin ki, bu qədər qəddarlıq edə bilərdi. Məryəm isə İsa Məsihin rahatlığa ehtiyac duyduğunu başa düşmüşdü. Beləcə biz də xeyirxahlığımızı göstərmək istəyəndə, bunu öz bildiyimiz kimi edirik. Xoşuna gəlib-gəlməsə də, adam razı qalmalıdır. Əgər biz özümüzü başqa insanın yerinə qoysaq, onda göstərdiyimiz xeyirxahlıq ikiqat olar və istəmədən pisliyə yol vermərik.
Bu bizə bağışlamağa və dözümlü olmağa kömək edəcək. Biz çox vaxt bir prinsipi unuduruq: insanın düşüncə və hərəkətinin həmişə müəyyən səbəbi olur. Əgər biz bu səbəbləri bilsəydik, onda bizə başa düşmək, şəfqət göstərmək və bağışlamaq daha asan olardı. Əgər bizə görə insan səhv düşünürsə, çox güman ki, o, həyatında nəsə yaşayıb və ya onu belə düşünməyə vadar edən müəyyən xüsusiyyətlər var. Özünü əsəbi və ya nəzakətsiz aparan insan, yəqin ki, nəyəsə görə narahatdır, ya da iztirab çəkir. Əgər insan bizimlə pis davranırsa, ola bilsin ki, bu onun yanıldığına görədir.
Bu yerdə fransız atalar sözü yerinə düşür: «Hər şeyi bilmək — hər şeyi bağışlamaq deməkdir». Lakin biz özümüzü başqasının yerinə qoymayana qədər heç vaxt hər şeyi bilməyəcəyik.
Məgər Allahın da İsa Məsihdə etdiyi bu deyildimi? Allah İsa Məsihdə, sözün əsl mənasında, bizim insan təbiətimizə şərik oldu. O, yer üzünə insan kimi gəldi. O, dünyaya və hər şeyə insan gözü ilə baxmağa, insan kimi düşünməyə gəldi. Allah insan həyatının nə olduğunu bilir. Çünki Özü insan həyatına daxil oldu.
Böyük Britaniya kraliçası Viktoriya Sent-Endrüs şəhərinin baş keşişi Talloha və onun həyat yoldaşı ilə yaxın dost idi. Amma Viktoriyanın əri şahzadə Albert öləndə, o, tək qaldı. Elə həmin vaxt Sent-Endrüsun baş keşişi də öldü və xanım Talloha da dul qaldı. Kraliça Viktoriya xəbər etmədən xanım Tallohaya baş çəkməyə gəldi və onun öz otağında taxtda istirahət etdiyini gördü. Kraliçanın gəlişi barədə elan ediləndə, xanım Talloha taxtdan cəld qalxaraq reverans12 etməyə çalışdı. Kraliça isə ona yaxınlaşıb dedi: «Əzizim, qalxma. Bu gün mən sənin yanına kraliçanın rəiyyətin yanına gəldiyi kimi deyil, ərini itirən və eyni hissləri yaşayan bir qadın kimi gəlmişəm».
Allah da bu cür davrandı. O, insanların yanına uzaqda olan, təcrid olunmuş və əzəmətli Allah kimi deyil, insan kimi gəldi. Allahın İsa Məsihdə zühur etməsi mərhəmətin (həsəd), ən ali təcəssümüdür.
Yalnız belə mərhəmət göstərən insanlara mərhəmət olunacaq. Bu, insanlara qarşı ədalətli addımdır. Çünki həyatdakı böyük həqiqət başqa insanlarda öz əksimizi görməkdən ibarətdir. Əgər biz özümüzü laqeyd və etinasız aparsaq, onlar da bizə laqeyd və etinasız yanaşacaqlar. Əgər görsələr ki, onların problemləri bizi qayğılandırır, onlar da bizə qayğı göstərəcəklər. Allah da belə edir. Çünki mərhəmət göstərən insan Allaha bənzəyir. Bu səbəbdən də beşinci bəxtiyarlığın əsl tərcüməsi belə səslənir: «Başqalarının yaşadıqlarını yaşayan, onların gözü ilə dünyanı görən, düşünən, hiss edən insan nə bəxtiyardır. Çünki o, başqalarının qarşılıqlı münasibətini görəcək və Allahın Məsihdə bu cür davrandığını dərk edəcək!»
8
Bu bəxtiyarlıq insandan özünü araşdırmağı və düşünməyi tələb edir.
«Təmiz» yunan dilində «hansı ki» deməkdir. Bu söz bir neçə mənaya malikdir — hər biri məsihçi həyatı üçün bəxtiyarlığın mahiyyətini izah edir.
Əvvəlcə təmiz sözü yuyulmuş paltara aid edilirdi.
Bu söz, adətən, taxılı sovurmaq və küləşdən təmizləməkdən ötrü istifadə edilirdi. Təmiz sözü orduya da aid edilirdi. Belə ki, ordu narazı, qorxaq, bacarıqsız əsgərlərdən təmizlənilir və mərd döyüşçülərdən qurulurdu.
Kataros sözü tez-tez digər yunan sözü akeratos sifəti ilə birgə işlənir. Akeratos təmiz süd və ya çaxırı, yaxud da heç bir qatışığı olmayan təmiz metalı göstərir.
Beləcə kataros sözünün əsl mənası qatışıqsız, təmiz, xalis deməkdir. Məhz buna görə bu bəxtiyarlıq yüksək tələblər qoyur. Onu bu cür tərcümə etmək olar:
Həmişə təmiz niyyətli olan insan nə bəxtiyardır. Çünki belə insan Allahı görəcək.
Axı biz çox nadir hallarda yaxşı əməllərimizi təmiz niyyətlə edirik. Hətta yaxşı işlər üçün səxavət göstərən insan ürəyinin dərinliyində özünə qarşı məmnunluq, tərif, minnətdarlıq və hörmət hissi yaşaya bilər. Qurban tələb edən yaxşı işlər görəndə, ola bilsin ki, ürəyimizin dərinliyində insanların bizi qəhrəman və ya şəhid kimi görəcəyini gözləyirik. Hətta kahin ən səmimi niyyətində belə, yaxşı təbliğ etdiyinə görə özündən razı qalmaq təhlükəsindən uzaq deyil. Bir dəfə ingilis puritan yazıçısı Con Bunyana çox gözəl təbliğ etdiyini demişdilər. O isə belə cavab vermişdi: «Mən kafedradan düşəndə iblis artıq bu barədə mənə dedi».
Bu bəxtiyarlıq bizdən özümüzü çox diqqətli təhlil etməyi tələb edir. Biz yaxşılığı insanlara xidmət etməkdən ötrü, yoxsa pul naminə edirik? Biz mənfəət güdmədən, yoxsa izzət naminə xidmət edirik? Biz imanlı cəmiyyətində Məsihə görə, yoxsa öz nüfuzumuza görə xidmət edirik? İmanlı cəmiyyətinə Allahla görüşmək, yoxsa borcumuzdan çıxmaq üçün gedirik? Dualarımız və Müqəddəs Kitabı oxumağımız Allahla yaşamaqdan, yoxsa özümüzü üstün hiss etməkdən ötrüdür? Bizim imanımız ürəyimizdə Allaha yer olmasına, yoxsa möminliyimizə təsəlli verməyə əsaslanır? Ürəyimizin dərindən təhlili çox vaxt bizi utandırır. Çünki bu dünyada hətta ən yaxşı insanlar belə, nadir hallarda təmiz niyyətlə nəsə edirlər.
İsa Məsih ardınca qeyd edir ki, yalnız ürəyi təmiz olanlar Allahı görəcək. Həyat aydın göstərir ki, biz yalnız görə bildiklərimizi görürük. Bu, nəinki fiziki, hətta hər mənada doğrudur.
Adi insan qaranlıqda bayıra çıxanda o, səmada ancaq işıq saçan çoxlu nöqtələr görür. O, görə bildiklərini görür. Lakin astronom səmadakı bütün ulduzların və planetlərin adlarını çəkə və özünü onların arasında bir dost kimi hiss edə bilər. Dənizçi üçün həmin səma heç bir işarəsi olmayan ucsuz-bucaqsız dəniz üzərindən gəmisini lazımi limana yönəltməyə xidmət edir. Adi insan kənd yolunun üstündə yalnız alaq otları və yabanı gülləri, təcrübəli botanik isə müalicəvi bitkiləri görür. O onların adlarını və faydalarını sadalaya bilər. Bundan əlavə, o, bu bitkilərdə sonsuz dəyərli və nadir bir şey görə bilər. Çünki o, bunu görməyə qabildir.
Əgər qədim şəkillər olan otağa iki nəfər girsə, onlardan biri sənətkarın şah əsərini cızma-qaradan ayıra bilməyəcək. Mütəxəssis və tənqidçi isə bəzilərinin dəyərsiz hesab etdikləri kolleksiyada əvəzsiz rəsmləri görəcək. Düşüncəsi pozğun insanlar hər şeydə ədəbsiz eyham və zarafatlar üçün nəsə görürlər.
Beləliklə, İsa Məsih deyir: «...yalnız ürəyi təmiz olanlar Allahı görəcəklər». Hər kəs yadda saxlamalıdır ki, bir gün Rəbbi görmək üçün Onun lütfü ilə ürəklərimiz təmizləndiyi kimi, insan ehtirası da ürəklərimizi ləkələyir və bizi Rəbbi görməkdən məhrum edir. Beləcə altıncı bəxtiyarlıq bu cür səslənir: «Niyyəti təmiz olan insan bəxtiyardır. Çünki belə insan bir gün Allahı görəcək!»
9
Bu bəxtiyarlığın araşdırılmasını biz bəzi problemlərin müəyyənləşdirilməsi ilə başlaya bilərik.
Birincisi, sülh sözüdür. Yunan dilində bu, eyrene, qədim ivrit dilində isə şalomdur. Qədim ivrit dilində sülh sözü təkcə çətinlik və xoşagəlməz hadisə ilə üzləşməməyi nəzərdə tutmur, həm də hər şeyin insanın xeyrinə işlədiyini göstərir. Şərqdə bir insan digərinə «salam» verəndə, o, nəinki insana xoşagəlməzliklə üzləşməməyini, həm də ona hər şeyin ən yaxşısını arzulayır. Müqəddəs Kitabda da sülh sözü yalnız çətinlikdən qurtulmağı bildirmir. O, hər şeyin ən yaxşısından zövq almağı göstərir.
İkincisi, bu bəxtiyarlığın nə əks etdirdiyini xüsusi vurğulamaq lazımdır. Sülhsevənlər deyil, məhz sülhyaradanlar nə bəxtiyardır. İnsan çox vaxt öz sülhpərvərliyini düzgün ifadə etmir. O, sülh yaratmaqdan daha çox problemlər yaradır. Məsələn, biz «sülh naminə heç nə etmək lazım deyil» deyərək, təhlükəli vəziyyətin daha da böyüməsinə şərait yarada bilərik. Çoxları sülhü sevdiyini düşünür, halbuki həqiqətin gözünə baxmaqdan imtina edərək, gələcək üçün problemi böyüdürlər. Müqəddəs Kitab problemdən qaçmağı deyil, vəziyyəti və problemi düzgün qiymətləndirməyi, onun həllini və dəf etməyi sülh adlandırır. Bu bəxtiyarlıq çətinliklərlə əlaqədar ortaya çıxan problemi qorxaraq qeyri-fəal qəbul etməyi yox, hətta mübarizə aparmaq lazım gəlsə belə, problemlərin fəal şəkildə aradan qaldırılmasını və sülhün yaradılmasını tələb edir.
Yunan mətnində olduğu kimi, Azərbaycan dilindəki Müqəddəs Kitabda da sülh yaradanların Allahın övladları adlanacağı deyilir. Bu, əsl qədim yəhudi ifadəsidir. Qədim ivrit dilində sifətlər çox deyil. Buna görə də «oğul» sözündə çox vaxt sifət yox, yiyəlik hal, yəni mücərrəd isim istifadə olunur. Bu səbəbdən sülhpərvər insan sözünün yerinə sülh oğlu işlədilir. Beləcə Barnaba adının mənası təsəlli verən insan deyil, təsəlli oğlu deməkdir. Məhz buna görə bu bəxtiyarlıq belə səslənir: nə bəxtiyardır sülhyaradanlar, çünki onlara Allahın övladları deyiləcək. Bu isə o deməkdir ki, sülh yaradanlar xoşbəxtdir, çünki onlar Allahın işini yerinə yetirəcəklər. Sülh yaradan insan, sülh yaradan Allahın etdiklərini icra edir (Romalılara 15:22; 2Korinflilərə 13:11; 1Saloniklilərə 5:23; İbranilərə 13:20).
Bu bəxtiyarlığın əsl mənası üç əsas istiqamətdə axtarılıb.
Yuxarıda belə bir fərziyyə irəli sürülürdü ki, əgər şalom sözü hər şeyin insanın xeyrinə işlədiyini bildirirsə, onda bu, insanların həyatı üçün yaxşı şeylər edənlərin bəxtiyar olduğu anlamına gəlir. ABŞ prezidenti Avraam Linkoln bir dəfə belə demişdi: «Öləndə istəyərdim ki, hər kəs mənim barəmdə «O, güllərin bitəcəyini düşündüyü yerdə alaq otlarını çıxarıb yerinə gül əkirdi» desinlər. Beləcə kim dünyanı az da olsa yaxşılaşdırırsa, xoşbəxt insandır.
İlk İmanlı Cəmiyyətinin əksər ilahiyyatçıları bu bəxtiyarlığı ruhani mənada şərh edirdilər. Onlar elə hesab edirdilər ki, öz ürəyində və daxilində sülh yaradan insan bəxtiyardır. Bizim hər birimizin daxilində xeyirlə şər arasında mübarizə gedir və eyni vaxtda bizi iki tərəfə sürükləyir. Hər insan özlüyündə vətəndaş müharibəsini ifadə edir. Daxilində sülhə nail olan, mübarizəyə son qoyan və öz ürəyini Allaha verən insan bəxtiyardır.
Sülh sözü daha bir mənanı ifadə edir. Ravvinlər bu məna üzərində araşdırma aparmağı xoşlayırdılar. Çox güman ki, İsa Məsih də bu mənanı nəzərdə tuturdu. Ravvinlər hesab edirdilər ki, insanın çatacağı ən ali məqsəd insanlar arasında düzgün münasibət qurmaqdır. İsanın nəzərdə tutduğu da məhz bu idi.
Bəzi insanlar həmişə münaqişənin, incikliyin və nifaqın mənbəyi olurlar. Onlar həm özləri mübahisələrə yol verir, həm də başqalarının arasında mübahisəyə səbəb olurlar. Onlar dincliyi pozanlardır. Bu cür insanlar, demək olar ki, hər bir ictimaiyyətdə və imanlı cəmiyyətində mövcuddur. Onlar iblisə xidmət edirlər. Digər tərəfdən, Allaha şükürlər olsun ki, qəlbində inciklik olmayan, düşmənçilik edənlər arasında körpü yaradan, yaraları sağaldan və kədərlilərə təsəlli verənlər də var. Belə insanlar Allahın işini yerinə yetirirlər. Çünki Allahın ali məqsədi insanla Öz arasında, eləcə də insanlar arasında sülh yaratmaqdan ibarətdir. İnsanları ayıran adam şeytana, birləşdirən adam isə Allaha xidmət edir. Buna görə də bu bəxtiyarlıq belə səslənir: «İnsanlar arasında düzgün münasibət yaradanlar nə bəxtiyardır. Çünki onlar Allahın işini yerinə yetirirlər!»
10-12
Məsihin ən gözəl xüsusiyyətlərindən biri də Onun tamamilə dürüst olmasıdır. İsa Onun ardınca gəlməyə qərar verən insanları, onları nə gözlədiyi barədə xəbərdar edirdi. O bilirdi ki, insanların həyatını asanlaşdırmağa deyil, onları dahi etməyə gəlib.
İlk məsihçilərin nələr yaşadığını təsəvvür etmək bizə çətindir. Hər tərəfdə onları təhlükə və xoşagəlməz hadisələr gözləyirdi.
Məsihi qəbul edənlər işdən qovulmaqla hədələnirdi. Tutaq ki, insan bənnadır. İlk baxışdan bu, sadə peşə idi. Elə təsəvvür edək ki, ağa bütlər üçün məbəd inşa etməyə sifariş alıb. Belə vəziyyətdə məsihçi nə etməli idi? Ya da insan dərzidir və bütpərəst kahinlər üçün paltar tikmək sifarişi alıb. Belə olan halda, o, nə etməli idi? O dövrdə vəziyyətlə əlaqədar olaraq ilk məsihçilərə iş tapmaq çətin idi. Çünki onlar Rəbbə sadiqliklərinə görə İsa Məsihə zidd olan işdə çalışa bilmirdilər.
İmanlı cəmiyyəti insanın vəzifəsinin nədən ibarət olduğunu yaxşı bilirdi. Yüz il sonra məsihçi ilahiyyatçısı və yazıçısı Tertulliana13 eyni problemlə bağlı bir insan müraciət etmişdi. O, işindəki çətinlikdən danışıb sonda dedi: «Mən nə etməliyəm? Axı mən yaşamalıyam!» Tertullian soruşdu: «Siz yaşamaq məcburiyyətindəsiniz?» Əgər Məsihə sadiq olmaqla yaxşı yaşayış arasında seçim etmək lazım gələrsə, əsl məsihçi tərəddüd etmədən həmişə sadiqliyi seçər.
Məsihçiliyi qəbul etmək, şübhəsiz, cəmiyyətin içində onların həyatını dözülməz edirdi. Qədimdə əksər bayramlar bütpərəstlərin məbədində keçirilirdi. Çox az qurbanlar qurbangahda yandırılırdı. Bəzən rəmzi olaraq heyvanın bir neçə tükü yandırılırdı. Ətin bir hissəsini bütpərəst kahinlər götürür, qalan hissəsi qurban təqdim edənə qaytarılırdı. O da öz dostları və qohumları ilə ziyafət təşkil edirdi. Çox vaxt Serapis tanrısına səcdə olunur və ona qurbanlar gətirilirdi. Ziyafətə dəvət təxminən belə səslənirdi: «Mən səni tanrımız Serapisə görə açılan süfrədə nahar etməyə dəvət edirəm».
Məgər məsihçi bütpərəst məbədinin allahına həsr olunmuş ziyafətdə iştirak edə bilərdimi? Hətta evlərdə adi süfrə tanrıların şərəfinə şərab içməklə açılırdı. Bu, yeməkdən əvvəl duaya bənzəyirdi. Məgər məsihçi bütpərəstlərin bu cür süfrəsində otura bilərdimi? Bu kimi məsələlərdə məsihçilərin aydın əqidəsi var idi. Məsihçi belə ziyafətlərdə iştirak etməkdənsə, dostluğun pozulmasına üstünlük verirdi. Əgər insan Məsihin ardınca getmək istəyirdisə, o bilməli idi ki, tənha qala bilər.
Daha pisi isə bu idi ki, məsihçiliyin qəbulu onların ailə həyatını dağıda bilərdi. Çox vaxt ailənin bir üzvü məsihçiliyi qəbul edirdi, digəri isə yox. Məsələn, qadın Məsihi qəbul edir, kişi isə bütpərəst olaraq qalırdı. Oğul və ya qız məsihçiliyi qəbul edə bilərdi, ailənin digər üzvləri isə yox. Bu, ailənin parçalanmasına səbəb olurdu. Əksər hallarda Məsihə iman edən insanın üzünə evinin qapıları bağlanırdı.
Məsihçilik çox vaxt özü ilə sülh deyil, qılınc gətirirdi. Bu da ailəni iki yerə ayırırdı. Elə vəziyyət yaranırdı ki, insan, sözün əsl mənasında, Məsihi atasından, anasından, arvadından, qardaş və ya bacısından çox sevməli olurdu. O dövrdə əksər hallarda məsihçilik insanın Məsihlə qohumları arasında seçim etməsinə səbəb olurdu.
Bundan əlavə, məsihçiləri gözləyən cəza və edamı sözlə təsvir etmək olmaz. Bütün dünya vəhşi heyvanların parçaladığı və alovda yandırıldığı məsihçilər haqqında bilir. Amma bu, hələ rahat ölüm idi. İmperator Neron məsihçilərin üzərinə qatran çəkib öz bağında məşəl kimi istifadə edilməsini əmr etmişdi. O, əmr etmişdi ki, məsihçiləri vəhşi heyvanların dərisinə bürüyüb, öz itlərini onların üstünə saldırsın. Məsihçiləri işgəncə aləti ilə parçalayır, kəlbətinlə didir, üzərinə əridilmiş qurğuşun tökür, ən həssas orqanlarına qızdırılmış mis lövhələr qoyurdular. Gözlərini çıxardır, bədən üzvlərini kəsir və onların gözləri önündə yandırırdılar. İztirablarını daha da artırmaq üçün bədənlərini soyuq suyun içində saxlayıb əl-ayaqlarını yandırırdılar. Bu barədə düşünmək belə dəhşətlidir. Lakin özünü Məsihə həsr edən insan bütün bunlara hazır olmalı idi.
Sual yaranır: nəyə görə romalılar məsihçiləri belə təqib edirdilər? Məsihçi həyat tərzini yaşayan bir insanın təqibin qurbanına çevrilməsi, hətta edama məhkum olunması inanılmaz görünür. Ancaq bunun iki səbəbi var idi:
Məsihçilərə böhtan atıb onlar haqqında şayiələr yayırdılar. Bu böhtanların əksəriyyəti yəhudilərlə bağlı idi.
Məsihçilər adam ətini yeməkdə və qanını içməkdə ittiham olunurdu. Axırıncı Şam yeməyində deyilən «Bu Mənim Bədənimdir» və «Bu, Yeni Əhdin bağlanması üçün Mənim qanımdır» ifadələri təhrif olunmuş və məsihçilərin körpə uşağı qurban gətirməsi, onun ətini yemələri barədə şayiələrə çevrilmişdir.
Məsihçiləri əxlaqsızlıqda ittiham edir və deyirdilər ki, onlar eyş-işrət yığıncaqları təşkil edirlər. Məsihçilərin hər həftə olan yığıncaqları aqape, məhəbbət süfrəsi adlanırdı. Bunun mənasını isə dəhşətli şəkildə təhrif etmişdilər. Məsihçilər bir-birini sülh öpüşü ilə salamlayırdılar. Bu sülh öpüşü də böhtan uydurmaq üçün istifadə edilirdi.
Məsihçiləri təhrikçilikdə ittiham edirdilər. Həqiqətən də, məsihçilər öz təbliğlərində axır zamanın yaxınlaşması və dünyanın alovla mühakimə olunacağı haqqında danışırdılar. Böhtançılar isə bu sözü götürüb, mənasını təhrif edərək onları siyasi və inqilabçı yanğının təhlükəsi kimi qələmə verirdilər.
Məsihçiləri ailə münasibətlərini dağıtmaqda ittiham edirdilər. Artıq araşdırdığımız kimi, məsihçilik, həqiqətən, ailələri iki hissəyə ayırırdı. Buna görə də məsihçiliyi ər və arvadı ayıran, isti ocağı parçalayan bir etiqad kimi təqdim edirdilər. Pis niyyətli insanlar həmişə çoxlu yeni böhtanlar uydurmağa hazır idilər.
Əslində isə, bu təqiblərin siyasi məqsədi var idi. Gəlin o dövrdəki vəziyyəti təsvir edək. Roma imperiyası Britaniya adalarından Efrat çayına qədər, Almaniyadan Şimali Afrikaya qədər bütün məşhur əraziləri zəbt etmişdi. Bəs bütün xalqları bir millətə necə çevirmək olardı? Birlik üçün əsas olaraq nəyi götürmək olardı? Əvvəlcə Roma şəhərinin hamisi Rome ilahəsinə səcdəni əsas götürmüşdülər. Əyalət sakinləri bu ilahəyə səcdə etməyə razı idilər. Çünki Roma onlara sülh və yaxşı rəhbərlik, vətəndaş nizamı və hüquqi azadlıq vermişdi. Yollar soyğunçulardan, dənizlər isə dəniz quldurlarından təmizlənmişdi. Zülmkar və zalım hökmdarları Roma məhkəmələri əvəz etmişdi. Əyalət sakinləri onlara bu qədər xeyirxahlıq göstərən imperiyanın ilahəsinə qurban gətirməkdən məmnun idilər.
Lakin Rome ilahəsinə sitayiş daha da inkişafa səbəb oldu. İmperator olan adam özündə imperiyanı təcəssüm etdirirdi. Sanki Rome ilahəsi özünü bu insanda göstərirdi. Nəticədə imperatora tanrı kimi baxıb ilahi şərəf verərək, məbədlər tikməyə başladılar. Belə səcdə Roma hakimiyyəti tərəfindən aşılanmamışdı. Əvvəlcə hakimiyyət insanları bu səcdədən uzaqlaşdırmaq üçün əlindən gələni etdi. İmperator Klavdi deyirdi ki, insana bu cür ilahi şərəf verilməsinə qarşıdır. Amma tədricən Roma hakimiyyəti böyük imperiyanın birləşməsində yeganə imkanı imperatora sitayiş edilməsində gördü. İmperator ətrafında hər kəsin birləşə biləcəyi tam mərkəzdə dayanan şəxs idi. Buna görə də get-gedə Roma imperatoruna səcdə könüllü sitayişdən məcburiyyətə çevrildi. İldə bir dəfə hər insan qeysərin bütünün qarşısında bir çimdik buxur yandıraraq deməli idi: «Qeysər — rəbdir». Məsihçilər məhz bunu etməkdən imtina edirdilər. Onlar üçün Rəbb — İsa Məsih idi. Onlar Məsihə məxsus şərəfi hansısa bir insana verə bilməzdilər.
Buradan aydın olur ki, qeysərə səcdə, çox güman, vətəndaşların siyasi sədaqətinin sınağı idi. Bir çimdik buxur yandıran insan libellus adlı vəsiqə alırdı. Bu da onun imperatora səcdə etdiyini təsdiqləyirdi. Sonra isə ictimai və ümumi qəbul edilmiş qaydalara zidd olmayan başqa tanrılara ibadət edə bilərdi. Məsihçilər bu qaydalara riayət etməkdən imtina edirdilər. Qeysəri, yaxud Məsihi seçmək qarşısında qalanda, onlar güzəştə getmədən Məsihi seçirdilər. Nəticədə məsihçinin yaxşı insan və ya vətəndaş olmasına baxmayaraq, o, qanuna qarşı çıxmış olurdu. Roma böyük imperiyada etibarsız və sədaqətsiz vətəndaşların olmasına yol verə bilməzdi. Roma hakimiyyəti məsihçi cəmiyyətinə məhz bu cür baxırdı.
Məsihçilərin yeganə cinayəti onların Məsihi qeysərdən üstün tutması idi. Məsihə böyük sadiqlikləri naminə minlərlə məsihçi məşəqqətli ölümə gedirdi.
Məsihçilərə qarşı təqiblər çoxaldıqca biz şəhidlərin şərəfli yol keçdiyini görürük. Təqib olunanların bəxtiyarlığı haqqında kiminsə danışması, bəlkə də, qəribə görünə bilər. Lakin əzabdan sonra gələcək böyük əzəməti dərk edən insan məsihçilərin getdiyi al-qana bulaşmış qanlı yolun izzətini görməlidir.
Təqiblərə görə əzab çəkmək — Məsihə olan sadiqliyi sübut etmək imkanıdır. Məşhur şəhidlərdən biri İzmirin yepiskopu yaşlı Aziz Polikarp idi. İzdiham onu sürüyə-sürüyə Roma magistrat14 məhkəməsinə gətirdi. Orada onu seçim qarşısında qoydular — ya qeysərə qurban gətirməli, ya da ölməlidir. O isə belə cavab verdi: «Artıq səksən altı ildir ki, mən Məsihə xidmət edirəm. O, hələ mənə qarşı heç bir pislik etməyib. Mən özümü xilas etməkdən ötrü Padşahım və Xilaskarıma qarşı necə küfr edə bilərəm?» Onlar onu alovun içinə atdılar. O isə son duasını etdi: «Ey hər şeyə qadir olan Allah! Sevimli və Xeyir-dualı Oğul vasitəsilə Özünü bizə tanıtdıran Ata! Minnətdaram ki, bu günə və bu saata məni layiq bildin». Məhz burada Aziz Polikarp İsa Məsihə sadiqliyini göstərmək üçün böyük imkan əldə etdi.
Bir çoxumuz həyatımız boyu İsa Məsih naminə heç nəyi qurban verməmişik.
Təqiblərə məruz qalmaq, Məsihin dediyi kimi, peyğəmbərlərin, müqəddəslərin və şəhidlərin yolu ilə getməkdir. Həqiqət uğrunda iztirab çəkmək — böyük işlərdə iştirak etmək deməkdir.
Təqib olunmaq — böyük hadisələrin iştirakçısı olmaq deməkdir. Həlledici məqamların və ya insanların yaddaşında həkk olunan böyük hadisələri müşahidə etmək hər insan üçün həyəcanlandırıcı bir andır. Lakin hadisələrin özündə az da olsa iştirak etmək daha təsirlidir.
İnsan Məsihə imanına görə əzab çəkməyə çağırılanda, bu onun həyatında həmişə həlledici məqam olur; bu, dünyanın Məsihlə toqquşmasıdır; bu, əbədiyyət dramının bir hissəsidir. Məsihə görə iztirab çəkmək cəza deyil, şərəfdir. İsa Məsih deyir: «Sevinin və şadlanın». Şadlanın sözü yunan dilində aqalliasfay sözündən yaranır. Bu da öz növbəsində iki yunan sözü olan sevincdən atılıb-düşmək sözlərinin birləşməsidir.
Təqib olunmaq — ardınca gələn üçün yolu asanlaşdırmaq deməkdir. Biz indi azadlıqdan zövq alırıq. Çünki keçmişdə insanlar azadlığa görə qan töküb, alın təri və göz yaşı axıdıblar. Onlar bizim yolumuzu hamar ediblər. Biz də Məsih barədə qətiyyətlə və mətanətlə şəhadət edəndə, ardımızca gələnlərin yolunu hamar edirik.
Məsih uğrunda mübarizə aparan insan həmişə onun ardınca gələnlərin yolunu asanlaşdırır. Çünki onlar üçün artıq döyüşlərdən biri azalıb.
Bundan əlavə, təqib olunan insanlar tənha qalmırlar. Öz əqidəsinə görə maddi zərər çəkən, dostlarını itirən, böhtana uğrayan tənha qalamayacaq. Belə anlarda Məsih ona əvvəlkindən daha yaxın olur.
Daniel peyğəmbərin kitabında Allaha olan sadiqliyindən dönmədiklərinə görə odlu sobaya atılan Şadrak, Meşak və Aved-Neqo haqqında bəhs olunur. Padşahın müşavirləri bu hadisəni müşahidə edirdilər. «Biz üç nəfər əl-qolu bağlanmış adamı oda atmadıqmı?» deyə onlar soruşdular. Amma sonra maraqlı cavab gəldi: «Budur, mən odun içində əl-qolu bağlanmamış dörd nəfərin gəzdiyini görürəm və onlara heç nə olmur. Onlardan dördüncüsü allahların oğluna bənzəyir» (Daniel 3:19-25).
İmana görə iztirab çəkmək — Məsihlə ən yaxın ünsiyyət yoludur.
Nəyə görə təqib qaçılmazdır? Çünki İmanlı Cəmiyyəti həqiqidirsə, o, xalqın və ictimaiyyətin vicdan səsi olmalıdır. İmanlı Cəmiyyəti yaxşılığı tərifləməli, pisliyi isə ifşa etməlidir. Buna görə də insanlar həmişə vicdanın ifşaedici səsini boğmağa çalışırlar. Adətən, məsihçi səhv axtarmamalı, tənqid və mühakimə etməməlidir. Amma çox güman ki, məsihçinin hər bir davranışı başqalarının qeyri-düzgün həyat tərzinin səssiz şəkildə ifşasıdır. Buna görə də o, ətrafdakıların nifrətindən qaça bilməyəcək.
Bizim məsihçi imanına sadiqliyimiz həmişə ölümə səbəb olmur. Lakin öz yaxşı adını qoruyan məsihçini təhqir, məsihçi məhəbbətini və lütfünü göstərən insanı istehza gözləyir. Vicdanla öz işini icra etməyə çalışan məsihçi təqibə məruz qala bilər. İsa Məsihə bugünkü gündə də şahidlər lazımdır; Ona yalnız Onun uğrunda ölməyə hazır olan insanlar deyil, həm də Onun üçün yaşamağa hazır olan insanlar lazımdır. Məsihçilər bu gün mübarizə aparmalıdırlar, onlar bugünkü gündə də şöhrət qazana bilərlər.
13
Bu sözlərlə İsa Məsih insanlara onların layiq ola biləcəyi ən yüksək dəyərin tərifini verdi. Biz insanın böyük ləyaqətini və faydasını vurğulamaq istəyəndə, adətən, belə deyirik: «Bu cür insanlar dünyanın duzudur».
Qədimdə duz çox bahalı idi. Qədim yunanlar duzu ilahi nemət (feion) adlandırırdılar. Romalıların isə belə məsəli var idi: «Günəş və duz kimi faydalı heç nə yoxdur». İsa Məsihin dövründə insanlar duzun üç xüsusi keyfiyyətini vurğulayırdılar.
Duzu təmizliklə əlaqələndirirdilər. Romalılar deyirdilər ki, duz dünyada ən təmiz nemətdir. Ona görə də o, iki ən təmiz ünsürün — günəşin və dənizin məhsuludur. Duzu həmişə bütlərə qurban gətirərkən istifadə edirdilər. Yəhudilər də qurbanı daim duzla bir yerdə gətirirdilər. Beləcə, əgər məsihçi dünyanın duzudursa, o, təmizlik rəmzi olmalıdır. Yaşadığımız dünya həmişə insana olan tələblərini azaldır. Dürüstlüyün meyarı, insanın öz işinə olan münasibətin meyarı, şüurun meyarı və mənəvi normalar getdikcə aşağı düşür. Məsihçi həmişə nitqində, davranışında, hətta fikirlərində də saflığını qoruyub saxlamalıdır. Bir yazıçı «Ən yaxşısını ehtimal edən» insan haqqında kitab yazmışdı. Məsihçi heç vaxt dürüstlük normalarından kənara çıxa bilməz. Məsihçi böyük şəhərlərin küçələrinin hər cür imtahanla dolu olduğu bir dünyada əxlaq normalarını pozmağa özünə icazə verə bilməz. Məsihçi heç vaxt söhbətin yarısını təşkil edən ədəbsiz zarafatlara yol verə bilməz. Məsihçi dünyəvi şeylərdən qaça bilməz, lakin o, Yaqubun dediyi kimi, «Özünü dünyadan qoruyub ləkəsiz» olmalıdır (Yaqub 1:27).
Qədimdə duzu ərzaqların çürüməməsi və konservləşdirilməsi üçün istifadə edirdilər. Yunan tarixçisi Plutarx çox maraqlı fikir söyləmişdi. O deyirdi ki, ət — ölü bədənin bir hissəsidir. Əgər onu bir kənara qoysaq, xarab olacaq. Duz isə əti konservləşdirib təzə kimi qoruyub saxlayacaq. Buna görə də duz ölü bədənə yerləşdirilən yeni cana bənzəyir.
Beləliklə, duz çürümədən qoruyur. Dünyanın duzu olmaq üçün məsihçi həyatda səmərəli və təravətləndirici təsir göstərməlidir.
Hamıya məlumdur ki, bəzi adamların arasında yaxşı insan olmaq, bəzilərinin arasında isə özünə olan tələbləri azaltmaq çox asandır. Bəzi adamların arasında insanlar ədəbsiz əhvalatlar danışmağa həmişə hazırdır. Ancaq eyni hekayəni başqalarına danışmaq heç ağıllarına belə gəlmir. Məsihçi olduğu yerdə cəmiyyətin təmizləyici ünsürü olmalı və onu məhv olmaqdan qorumalıdır. Məsihçi olan yerdə heç nə çürüməməlidir. O, başqalarına nümunə olmağa kömək etməlidir.
Amma duzun ən əsas səciyyəvi cəhəti yeməyə dad verməsidir. Duzsuz yemək çox dadsızdır, hətta ürəyi bulandırır. Yemək üçün duz nə qədər vacibdirsə, dünya üçün məsihçilik də bir o qədər vacibdir. Məsihçilik dünyaya dad verir. Faciə bundan ibarətdir ki, insanlar çox vaxt məsihçilikdə tamamilə əks şeylər görürlər. Onlar elə hesab edirlər ki, məsihçilik həyata mane olur.
Bir dəfə amerikalı hakim Oliver Uendell Holms (1809-1894) qeyd edirdi: «Tanıdığım bəzi kahinlər cənazə evinin sahiblərinə bənzəməsəydi və buna müvafiq hərəkət etməsəydilər, bəlkə, mən kahin ola bilərdim». İngilis yazıçısı Robert Lyuis Stivenson öz gündəliyində yazırdı: «Mən bu gün məbədə getdim, ruh düşkünlüyü hissindən azad oldum».
İnsanlar özləri üçün məsihçi imanının itirilmiş nurunu yenidən bərpa etməlidirlər. Bu süquta uğrayan, sarsılan və məyus dünyada məsihçi sakit qalmalı, həyat eşqi ilə dolmalıdır. Məsihçi həmişə nur saçmalıdır. O isə çox vaxt dəfn mərasimində yas tutan kimi geyinir. Məsihçinin harada olmasından asılı olmayaraq, o, dünyanın duzu kimi həmişə sevinc əks etdirməlidir.
Sonra Məsih qeyd edir ki, əgər duz öz dadını itirərsə, o, insanların ayaqları altına atılıb tapdalanmaqdan başqa bir şeyə yaramaz. Bunu başa düşmək çətindir. Çünki duz öz dadını və duzluluğunu itirmir. İ.Bişop «Fələstinli İsa» kitabında həqiqətə uyğun izah gətirir: «Adətən, Fələstində soba çölə çıxarılır və kirəmit təməl üzərində daşdan tikilir. Belə sobalarda istiliyi saxlamaq üçün kirəmit təməlin altına qalın duz təbəqəsi yığırlar. Bir müddətdən sonra duz öz keyfiyyətini itirir. Bu zaman kirəmiti qaldırır, duzu götürür və yola səpirlər. O, kirəmitə istilik vermək qabiliyyətini itirir və buna görə də onu atırlar». Çox güman ki, burada məhz bu fikir nəzərdə tutulur.
Hansı mənada nəzərdə tutulsa da, burada Əhdi-Cədiddə daima vurğulanan çox vacib bir məqam var — faydasızlıq bəlaya səbəb olur. Əgər məsihçi öz çağırışına uyğun olaraq tapşırığını yerinə yetirmirsə, onu bədbəxtlik və fəlakət gözləyir. Biz dünyanın duzu olmalıyıq. Əgər həyata təmizlik, güc və saflıq gətirmiriksə, onda özümüzü bəlaya düçar edirik.
Onu da qeyd etməliyik ki, ilk imanlı cəmiyyətlərində bu mətn çox qəribə istifadə olunurdu. Sinaqoqlarda yəhudilərin belə bir adəti var idi: əgər yəhudi imandan dönüb sonra yenidən iman yoluna qayıdaraq sinaqoqa qəbul olunmaq istəyirdisə, o, tövbə edərək sinaqoqun qapısında köndələn uzanırdı ki, ora gəlib-gedənlərin tapdağı altında qalsın. Bəzi yerlərdə məsihçi cəmiyyətlərində bu adət mənimsənilmişdi. Cəmiyyətdən qovulan məsihçi cəmiyyətə yenidən qəbul olunmazdan əvvəl qapıda uzanaraq deməli idi: «Tapdalayın məni. Çünki mən öz dadını itirmiş duzam».
Demək olar ki, bu, məsihçiyə verilən böyük dəyərdir. Çünki burada İsa məsihçini Özü kimi adlandırır. O Özü barədə belə demişdi: «Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm» (Yəhya 9:5). İsa ardıcıllarını dünyanın nuru olmağa çağırır, onlardan Məsihə bənzəməyi tələb edir.
Bu sözləri deyərkən İsa yəhudilərə yaxşı məlum olan ifadə işlədir. Yəhudilər Yerusəlimə «qeyri-yəhudilərin nuru» deyirdilər. Onların bu ifadəsinin mənası İsanın sözlərini başa düşmək üçün açardır.
Yəhudilər əmin idilər ki, kimsə öz alovunu yandıra bilməz. Yerusəlim, həqiqətən, qeyri-yəhudilər üçün nur idi. Lakin «Allah İsrailin çırağını yandırdı». Nur saçan Allahın xalqı və ya insan Allahın nurunu əks etdirir. Məsihçi də eynilə belədir. İsa Məsih bizdən öz işığımızı yaratmağımızı tələb etmir. Biz Onun nurunu əks etdirməliyik. Məsihçinin saçdığı nur İsanın onun ürəyində yaşamasından irəli gəlir. Biz çox vaxt nur saçan gəlindən bəhs edirik. Bu nur onun ürəyində yaranan sevgidən qaynaqlanır.
İsa Məsih «siz dünyanın nurusunuz» deyəndə, nəyi nəzərdə tuturdu?
Nur həmişə gözlə görünür. O dövrdə İsraildə evlərdə diametri yarım metr olan yalnız bir dairəvi pəncərə var idi. Ona görə də evlər, adətən, alaqaranlıq olurdu. Evdəki çıraqlar fitilin içində üzən yağla dolu nəlbəki kimi idi. Kibritin olmadığı o dövrdə çırağı yandırmaq elə də asan deyildi. Adətən, çıraq budağa oxşayan altlıq üzərində qoyulurdu. İnsanlar evdən çıxanda çırağı saxsı qabın altına qoyurdular. Çırağın işığı görünən yerdə olmalı idi. Eynilə məsihçilik də görünməlidir. Bir nəfər belə qeyd edirdi: «Gizli şagirdlik ola bilməz. Çünki ya məxfilik şagirdliyi məhv edəcək, ya da şagirdlik məxfiliyi pozacaq». Adamlar məsihçini yaxşı tanımalıdırlar.
Bundan əlavə, məsihçilik yalnız imanlı cəmiyyətində görünməli deyil. Yalnız imanlı cəmiyyətində olan məsihçilik heç kimə fayda gətirə bilməz. O, insanın gündəlik həyat tərzində daha yaxşı nəzərə çarpmalıdır. Bizim məsihçi olmağımız dükanda satıcıya, işçiyə, rəhbərliyə, dilimizə, oxuduğumuz kitab və qəzetə münasibətimizdə əksini tapmalıdır. Məsihçi fabrikdə, sexdə, tərsanədə, sinifdə, cərrahiyyə otağında və mətbəxdə imanlı kimi qalmalıdır. İsa Məsih «siz imanlı cəmiyyətinin nurusunuz» demədi. O, «siz dünyanın nurusunuz» dedi. İnsanın həyat tərzi onun məsihçi olduğunu açıq-aydın göstərməlidir.
Nur — bələdçidir. Hər çayın mənsəbində gəmilərin təhlükəsiz keçməsi üçün üzən nişanların cərgəsi olur. Bu nişanlar çayda dayaz yerləri göstərməkdən ötrüdür. Hamımız yaxşı bilirik ki, şəhərin küçələrində fənərlər olmasa, hərəkət etmək mümkün deyil. İşıq yol göstərir.
Beləcə məsihçi də insanlara yol göstərməlidir. Başqa sözlə desək, məsihçi mütləq digərlərinə nümunə olmalıdır. Dünyanın yaxşılıq etməyə hazır olan insanlara ehtiyacı var. Məsələn, bir qrup insan pis iş görmək üçün bir yerə toplaşır. Əgər kimsə onlara qarşı çıxmasa, bu pislik həyata keçiriləcək. Onlardan biri «mən bu işdə iştirak etməyəcəyəm» desə, onda başqası «mən də iştirak etməyəcəyəm» deyəcək. Lakin birinci adam təşəbbüs göstərməsə, o birilər də susacaq. Bu dünyada mənəvi gücü olmayan və mövqeyini cəsarətlə müdafiə etməyi bacarmayan insanlar çoxdur. Amma kimsə təşəbbüsü öz üzərinə götürsə, başqaları da onu dəstəkləyəcək. Əgər kimsə kifayət qədər güclüdürsə və ona güvənmək olarsa, başqaları düzgün hərəkət edəcək. Məsihçi zəif qardaşa dayaq olan mövqeyi tutmalıdır. Dünyanın belə irəlidə gedən alovlu insanlara ehtiyacı var. Çünki insanlar kiminsə təşəbbüs göstərəcəyini gözləyir, onların edə bilmədiyini edən və öz mövqeyində möhkəm dayanan birini səylə axtarırlar.
Nur çox vaxt xəbərdaredici siqnal ola bilər. Nur qarşıda olan təhlükədən bizi xəbərdar edir və harada dayanmalı olduğumuzu göstərir.
Məsihçi bəzən öz qardaşlarını xəbərdar etməyə borcludur. Bunu etmək çox vaxt çətin olur. Çox vaxt zərər verməmək yaxşılıq etməkdən daha çətin olur. Ən dəhşətlisi isə bir insanın, xüsusilə bir gəncin «əgər mənimlə vaxtında danışsaydın, heç vaxt belə bir vəziyyətə düşməzdim» sözlərini eşitməsidir.
Bir məşhur müəllim haqqında deyilir ki, o öz şagirdlərini məzəmmət edəndə, bunu onları qucaqlamaqla edirdi. Əgər biz insanı qəzəblənmədən, səsimizi qaldırmadan, lənət və tənqid etmədən, incitmədən sevgi ilə xəbərdar ediriksə, bu, müsbət nəticə verər.
Məsihçi gözlə görünən, xəbərdar edən və yol göstərən nur olmalıdır.
16
Burada iki vacib məqam var:
İnsanlar bizim xeyirxah əməllərimizi görməlidirlər. Yunan dilində xeyirxah, yaxşı sözünün iki mənası var. Aqatos — əşyaların yaxşı keyfiyyətini müəyyən edir. Kalos isə əşyaların həm yaxşı keyfiyyətini, həm də gözəlliyini bildirir. Burada kalos sözü vurğulanır.
Məsihçinin xeyirxah əməlləri yaxşı olduğu kimi, həm də xoşagələn olmalıdır. Məsihçiliyin xeyirxahlığı özünəməxsus məftunedici olmalıdır. Çox vaxt dırnaqarası xeyirxahlıqda sərtlik, soyuqqanlılıq və qəddarlıq olur. Bəzi xeyirxahlıq cəlb edir, digəri isə ikrah yaradır. Məsihçiliyin xeyirxahlığında onu daha gözəl edən müəyyən füsunkarlıq var.
Onu da qeyd etmək lazımdır ki, bizim yaxşı əməllərimiz insanların diqqətini özümüzə deyil, Allaha yönəltməlidir. İsa Məsihin bu əmri «süni xeyirxahlığı» tamamilə inkar edir. Konfransların birində məsihçi inancına ciddi yanaşan gənclər iştirak edirdi. Bir gün onlar bütün gecə oyaq qalıb dua etdilər. Səhər hamı dağılışanda D.L. Mudi adlı təbliğçi onlarla qarşılaşıb gecə nə etdikləri ilə maraqlandı. Gənclər hər şeyi ona danışandan sonra «Simamızın necə işıq saçdığını görürsünüzmü?» deyə soruşdular. Mudi bu suala çox yumşaq tərzdə cavab verdi: «Musa heç özü üzünün necə nur saçdığını görmürdü». İnsanların diqqətini bilərəkdən özünə yönəldən xeyirxahlıq — məsihçi xeyirxahlığı deyil.
Məsihçi nə etdiyi barədə deyil, Allahın ona kömək etdiyi barədə düşünür. O, heç vaxt baxışları özünə yönəltmir, Allaha yönəldir. Etdiyi əməllərə görə insanlardan tərif, minnətdarlıq və hörmət alacağını düşünənlər məsihçi deyil.
17-20
İlk baxışdan bu, İsa Məsihin Dağüstü Vəzdə ən möhtəşəm bəyanatı kimi görünür. İsa Məsih Qanunun dəyişməzliyi haqqında danışır, Paul isə «Məsih Qanunun sonu olub» deyir (Romalılara 10:4). İsa dəfələrlə yəhudilərin Qanun adlandırdığı əmrləri pozurdu. O, adət-ənənəyə əsasən yazılmış əlləri yumaq Qanuna əməl etmirdi. O, şənbə günü xəstələrə şəfa verirdi, baxmayaraq ki, yəhudilərin qanunu bunu qadağan edirdi. O, Qanunu pozan Şəxs kimi mühakimə olunub Çarmıxa çəkildi. Buna baxmayaraq, O, Qanun barədə böyük hörmət və ehtiramla danışırdı. Heç bir ravvin Onun qədər Qanuna hörmət göstərmirdi. Müqəddəs Kitabda ən kiçik hərf qədim ibrani əlifbasında iod adlanırdı. Görünüşünə görə o, apostrofa (-‘-) oxşayırdı. Beləcə nöqtədən bir az böyük hərf Qanundan yox olmamalı idi. İsa Qanunu o qədər müqəddəs hesab edirdi ki, «ondan ən kiçik hissə belə yox olmayacaq» deyirdi.
Bu ifadə bəzi insanları o qədər təəccübləndirdi ki, onlar İsa Məsihin bu sözləri dediyinə inanmırdılar. Onların fikrincə, Mattanın Müjdəsi digərlərindən daha çox yəhudi dünyagörüşünə malik idi. Onlar elə hesab edirdilər ki, Matta onu məhz yəhudilərin iman etməsi üçün yazmışdır. Yəni Matta bu ifadəni İsanın adından söyləmiş ola bilərdi. Lakin bu, zəif dəlildir. Çünki bu ifadə o qədər qeyri-adidir ki, onu heç kim düşünüb tapa bilməzdi. Bu fikir o qədər heyrətamizdir ki, onu yalnız İsa deyə bilərdi. Əgər biz onun mənasına baxsaq, onu yalnız İsanın səsləndirdiyini görərik. Yəhudilərdə qanun sözü dörd mənaya malik idi.
Onlar Qanun sözünü On Əmrə aid edirdilər.
Müqəddəs Kitabın ilk beş kitabı Qanun adlanır. Müqəddəs Kitabın bu hissəsi Tövrat və ya Pentateux adlanır. Bu da, sözün əsl mənasında, Beş Tumar deməkdir. O, yəhudilərə görə Müqəddəs Kitabın ən vacib hissəsidir.
Yəhudilərdə Qanun və Peyğəmbərlər ifadəsi var ki, bu da bütün Müqəddəs Yazı deməkdir. Onlar bu ifadəni Əhdi-Ətiqi vurğulamaq üçün istifadə edirdilər.
Nəhayət, bu söz şifahi qanun və ilahiyyatçıların qanunu deməkdir.
İsa Məsihin dövründə Qanun deyildikdə şifahi qanun və ilahiyyatçıların qanunu nəzərdə tutulurdu. İsa Məsih və Paul məhz bu qanunu məzəmmət edirdi. Bəs ilahiyyatçıların qanunu nədən ibarət idi? Əhdi-Ətiqin özündə biz çox az sayda qayda və normalar tapırıq. Onda hər bir insanın özü üçün Allahın ona göstəriş verdiyi kimi şərh etməli və müəyyən həyat şəraitində onlara əməl etməli olduğu böyük prinsiplər əksini tapıb. On Əmrdə, ümumiyyətlə, heç bir qayda və norma yoxdur. Hər əmr özündə böyük ümumi prinsipləri əks etdirir. İnsan bu prinsiplərdən özü üçün həyat və davranış normalarını müəyyən etməlidir. Bir müddət sonra yəhudilərə bu böyük prinsiplər kifayət etmədi. Onlar Qanunun müqəddəs olduğunu hesab edirdilər. Orada Allah Öz son Sözünü söyləmişdi. Buna görə də orada hər şey qeyd olunmalı idi. Onların fikrincə, Qanunda açıq-aşkar deyilməyən hər şey nəyisə nəzərdə tutmalı idi. Buna görə yəhudilər iddia edirdilər ki, Qanundan həyatın istənilən vəziyyəti üçün qayda və normalar ortaya çıxara bilərlər. Bu səbəbdən ilahiyyatçılar bütün həyatları boyu Qanunun böyük prinsiplərini, sözün əsl mənasında, minlərlə norma və qaydalara bölmüşdülər.
Bunu asanlıqla nümunədə göstərmək olar. Qanunda yazılıb ki, şənbə günü müqəddəsdir və o gün heç bir iş görmək olmaz. Bu, böyük prinsipdir. Yəhudi ilahiyyatçılar isə bunun tərifini səylə axtararaq «İş nədir?» deyə ortaya sual qoydular.
İş adı altında müxtəlif növ fəaliyyətlər başa düşülürdü. Məsələn, şənbə günü yük daşımaq işdir. İndi isə, yük daşımağın nə olduğunu müəyyən etmək lazım idi. Beləcə ilahiyyatçılar yük daşımağa aid norma qoydular. Bu, «quru əncir ağırlığına bərabər qida; qədəhdəki şərabı durulaşdırmaq ağırlığında olan su; bir qurtum süd; yaraya qoymaq üçün lazım olan bal; kiçik üzvə sürtmək üçün müalicəvi yağ; göz məlhəmini həll etmək üçün lazım olan su; gömrük bəyannaməsini yazmaq üçün kifayət qədər kağız parçası; əlifbanın iki hərfini yazmaq üçün kifayət qədər mürəkkəb; lələyi istehsal etmək üçün lazım olan qamış» idi. Siyahını sonsuza qədər davam etdirmək olar. İlahiyyatçılar saatlarla şənbə günü insanın çırağı bir yerdən götürüb digər yerə qoya bilərmi; dərzi ətəyinə taxılmış iynə ilə evdən çıxarsa, günah edərmi; qadın bəzək sancağı və ya süni saç taxa bilərmi; insan ağzında protezlə küçəyə çıxa bilərmi; yaxud valideyn öz övladını qucağına götürə bilərmi sualları əsasında mübahisə edirdilər. Onlar üçün dinin mənası, bax, bundan ibarət idi. Onların dini xırda qayda və normalar məcmusuna çevrilmişdi.
İlahiyyatçılar şənbə günü yazı yazmağı iş hesab edirdilər. Lakin yazı yazmağın nə olduğunu müəyyən etmək lazım idi. Tərif belə idi: «Kim əlifbanın iki hərfini sağ və ya sol əllə yazarsa, bu, istər eyni hərf və ya fərqli hərflər olsun, hətta müxtəlif mürəkkəblərlə, yaxud müxtəlif dildə yazarsa, Qanunu pozmuş olur. O, hətta bu iki hərfi unutqanlıqla mürəkkəb və ya boya, yaxud qırmızı tabaşir və ya kuporosla15, ya da perqament üzərində iz buraxan başqa bir şeylə yazarsa, yenə də Qanunu pozur. Kimsə künc yaradan iki divara və ya ofis dəftərinin iki lövhəsində bu hərfləri yazarsa və onları birlikdə oxumaq olarsa, o, Qanunu pozur. Ancaq kimsə iz saxlamayan qara maye və ya meyvə şirəsi ilə, ya yolun üstündə, ya qumda, ya da başqa bir şeydə yazarsa, Qanunu pozmaqda təqsirli sayılmır... Əgər o, hərfin birini torpaqda, digərini isə evin divarında, ya da kitabın iki vərəqində yazarsa və onları bir yerdə oxumaq mümkün olmazsa, o, Qanunu pozmur». Bu, din rəhbərlərinin qanunundan adi bir sitatdır. Ortodoksal yəhudilər məhz bunu həqiqi din və Allaha əsl ibadət hesab edirlər.
Şənbə günü müalicə etmək iş hesab olunurdu. Məlum məsələdir ki, burada da dəqiq izah vermək lazım idi. Müalicəni yalnız həyati təhlükə olduğu vaxt etmək olardı, xüsusilə də qulaq, burun və boğaz soyuqdəyməsi zamanı. Bu vaxt yalnız xəstənin vəziyyətinin daha da pisləşməməsi üçün hər şeyi etmək lazım idi. Onun vəziyyətini yaxşılaşdırmaqdan ötrü isə heç nə etmək lazım deyildi. Beləcə yaraya sarğı bağlamaq olardı, lakin məlhəm sürtmək olmazdı. Xəstənin qulağına təmiz pambıq qoymaq olardı, ancaq dərmanlı pambıq qoymaq olmazdı.
İlahiyyatçılar və dini rəhbərlər bu cür qaydaları və normaları icad edən insanlar idi. Fariseylər isə gündəlik həyat tərzlərindən ayrılıb, bu norma və qaydalara riayət edən təcrid edilmiş insanlar idi.
Növbəti faktdan görünür ki, hər şey çox xırdalandı. Nəsillər boyu ilahiyyatçıların qanunu yazılmadı. O, şifahi şəkildə ilahiyyatçıların bir nəslindən digər nəslinə ötürüldü. Miladdan əvvəl üçüncü əsrin ortalarında qanun birləşdirilərək sistemə salındı. Bu toplu Mişna16 adı ilə tanınır və qanunun müxtəlif aspektləri üzrə altmış üç traktatdan ibarətdir. Həmin kitabın həcmi səkkiz yüz səhifə təşkil edir. Sonradan yəhudi alimlər Mişnanın izahını verən şərhlər yazırdılar. Bu şərhlər Talmud adlanır. Yerusəlim Talmudu on iki kitabdan, Babil Talmudu isə altmış cilddən ibarətdir.
İsa Məsihin dövründə din və Allaha ibadət ortodoksal yəhudilər üçün ilahiyyatçıların qanunlarının norma və qaydalarına riayət etməkdən ibarət idi. Onlar bu xırda qayda və normaları, sözün əsl mənasında, həyat və ölüm, eləcə də əbədi həyatla əlaqədə hesab edirdilər. Təbii ki, İsa Qanunda kiçik hərf belə yox olmayacaq deyəndə, ümumiyyətlə, Qanundan bəhs edəndə, ilahiyyatçıların qanununu nəzərdə tutmurdu. O, dəfələrlə onları pozurdu. Çünki həm İsa Məsih, həm də Paul bu qanunu ifşa edirdi.
Bəs İsa Qanun deyəndə, nəyi nəzərdə tuturdu? O deyirdi ki, Qanunu pozmaq üçün deyil, onu icra etmək üçün gəlib. Başqa sözlə desək, O, Qanunun həqiqi mənasını çatdırmaqdan ötrü gəlmişdi. Bəs Qanunun həqiqi mənası nə idi? Hətta din rəhbərlərinin, fariseylərin başa düşmədiyi şifahi qanunun və ilahiyyatçıların qanununun əsasında böyük bir prinsip dayanırdı. İnsan hər şeydə Allahın iradəsini axtarmalı idi. O, bu iradəni dərk edəndə, bütün həyatını onun icrasına həsr etməli idi. İlahiyyatçılar və fariseylər Allahın iradəsini axtaranda və öz həyatlarını onun icrasına həsr edəndə, düzgün davranırdılar. Lakin bu iradəni insanlar tərəfindən yaradılmış çoxlu qayda və normalara əsasən icra edəndə, səhv edirdilər.
Qanunun həqiqi mənası nədən ibarətdir?
Biz Qanunun əsasını və təməlini təşkil edən On Əmrə baxanda, onların mənasını bir sözlə — hörmət və ya ehtiramla ifadə edə bilərik. Allaha və Onun adına, Rəbbin gününə, valideynlərə, həyata, əmlaka, şəxsiyyətə, həqiqətə, xeyirxah insanların adına və özünə hörmət On Əmrin əsasında dayanan təməl prinsiplərdir. Bütün Qanun onlara əsaslanır.
İsa Məsihin yerinə yetirməyə gəldiyi hörmət və ehtiram budur. Qədim yunanlar deyirdilər ki, ədalət Allaha və insana olan borcu qaytarmaqdır. İsa gəldi ki, dünyaya Allaha layiq ehtiram və insanlara layiq hörmət etməyin nə olduğunu göstərsin.
Bu ehtiram və hörmət çoxsaylı xırda norma və qaydalara riayət etməkdən ibarət deyil. Onlar qurban deyil; mərhəmət, insanların uydurduğu qanuna itaət deyil; məhəbbət, insanlara qoyulan qadağalar deyil; məhəbbət əmrə əsasən yaşamağa nəsihət verməkdir.
On Əmrin əsasını təşkil edən ehtiram və hörmət əsla keçib getməyəcək. Onlar insanın Allaha və yaxınlarına lazımi münasibətini müəyyən edən amildir.
İsa Məsihin Müjdədə Qanun barədə dediyi sözlər böyük prinsiplərə ümumi münasibəti əks etdirir.
O, keçmişlə indiki zaman arasında qırılmaz əlaqənin mövcud olduğunu deyirdi. Həyatda heç vaxt keçmişlə indiki zaman arasında mübarizəni müşahidə etmək lazım deyil. Çünki indi baş verənlər keçmişdən qaynaqlanır.
İkinci Dünya müharibəsi dövründə Dunkerdə almanlar ingilis ordusuna qalib gəldikdən sonra, ingilislər məğlubiyyətə görə günahkar axtarmağa başladılar. Bir çoxları bu əməliyyata rəhbərlik edənləri ittiham etmək üçün alışıb yanırdı. Onda Vinston Çörçill belə bir müdrik ifadə işlətdi: «Əgər biz keçmişlə indi arasında mübahisə etməyə başlasaq, tezliklə gələcəyi itirəcəyik».
Müjdə gəlməzdən əvvəl Qanun gəlməli idi. İnsanlar pisliklə yaxşılıq, doğru ilə yanlış arasında fərqi dərk etməli idilər. İnsanlar Qanunun tələblərinə riayət edə və Allahın əmrlərinə cavab verə bilmədiklərini başa düşməli idilər. İnsanlar günahkar olduqlarını, onların qarşısına qoyulan tələbləri yerinə yetirə bilmədiklərini və layiq olmadıqlarını anlamalı idilər. Əksər hallarda insanlar keçmişə görə şikayətləndikləri üçün haqlıdırlar. Lakin bununla yanaşı, biz keçmiş qarşısında borcumuzun nə olduğunu başa düşməliyik. İsa Məsih hesab edirdi ki, insan keçmişini unutmamalı və gələcəyini onun əsasında qurmalıdır. Biz başqalarının əməyinə şərik olduğumuz kimi, çalışmalıyıq ki, başqaları da bizim əməyimizə şərik olsun.
Bu hissədə İsa Məsih insanları məsihçiliyin asan olması fikrindən daşınmaları üçün xəbərdar edir. İnsanlar deyə bilər: «Məsih Qanunun sonudur. Buna görə mən nə istəsəm, edə bilərəm». İnsanlar fikirləşə bilər ki, bu, bütün məsuliyyətin və tələblərin sonudur. Lakin İsa xəbərdarlıq edərək deyir ki, məsihçilərin salehliyi ilahiyyatçıların və fariseylərin salehliyindən üstün olmalıdır. İsa bununla nə demək istəyirdi?
İlahiyyatçılar və fariseylər öz həyatlarında Qanuna əsaslanırdılar. Onların yalnız bir məqsədi var idi ki, Qanunun tələblərinə əməl etsinlər. Belə baxanda, nəzəri cəhətdən Qanunun tələblərini yerinə yetirmək mümkündür. Amma elə vaxt gələcək ki, insan belə deyəcək: «Mən Qanunun bütün tələblərini icra edib öz borcumu yerinə yetirdim. Qanun məndən daha artığını tələb edə bilməz». Məsihçi isə öz həyatında məhəbbətin prinsiplərinə əsaslanır. Onun yeganə istəyi — Allahın Məsih vasitəsilə ona olan sevgisinə minnətdarlıq etməkdir. Məhəbbətin tələblərini nəzəri cəhətdən təmin etmək olmaz. Biz kimisə bütün varlığımızla sevəndə hiss edirik ki, ona pərəstiş etsək də, xidmət göstərsək də, günəşi, ayı və ulduzları hədiyyə etsək də, bu, kifayət etmir. Məhəbbət üçün hətta bütün təbiət belə çox kiçik qurban olardı.
Yəhudilər Qanunu razı salmağa çalışırdılar. Qanunda isə həmişə məhdudiyyət var. Məsihçi Allaha sevgisini əks etdirməyə çalışır. Məhəbbətdə isə nə indiki zamanda, nə də əbədiyyətdə məhdudiyyət yoxdur. İsa Məsih insanları Allahın Qanununa deyil, sevgisinə yönəldirdi. Qədim dövrlərdə qərbi Avropa İmanlı Cəmiyyətinin görkəmli müəllimi Avqustin (354-430-cu illər) deyirdi ki, məsihçi həyatını bir ifadə ilə təsvir etmək olar: «Allahı sev və istədiyini elə». Amma Allahın bizə olan məhəbbətini dərk edəndə, bizdə yalnız Onun sevgisinə cavab vermək istəyi yaranır. Dünyanın ən böyük tapşırığı məhz bundan ibarətdir. Çünki bu, insanların qarşısına qanunauyğunluqlara əsaslanan bir adamın ağlına belə gətirə bilməyəcəyi qanunun öhdəliklərindən daha yüksək vəzifə qoyur.
21-48
Bu hissə Əhdi-Cədiddə İsa Məsihin təliminin çox vacib yerlərindən biridir. Onu ətraflı şəkildə araşdırmazdan öncə bəzi ümumi qeydləri vurğulamaq lazımdır.
İsa elə bir səlahiyyətlə danışırdı ki, Ona qədər bunu heç kim etməmişdi. İsa Məsihin istifadə etdiyi səlahiyyət Onunla ünsiyyət quranları heyrətləndirirdi. İsa xidmətinə başlayıb Kefernahumdakı sinaqoqda öyrədəndə, Onu dinləyənlər və şagirdləri «Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi» (Mark 1:22). Matta Dağüstü Vəzi belə yekunlaşdırır: «İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi» (Matta 7:28, 29).
Belə bir səlahiyyətin Ona qulaq asan yəhudilərə necə təsir bağışladığını təsəvvür etmək bizim üçün çətindir. Qanun yəhudilərin təsəvvürlərində müqəddəs və ilahi idi. Onların Qanuna nə qədər ehtiram göstərdiyini təsəvvür etmək mümkün deyil. Aristey deyirdi: «Qanun müqəddəsdir və Allah tərəfindən verilib». İsgəndəriyyəli Filon17 isə deyirdi ki «Musanın Qanunu əbədi, dəyişilməz və sarsılmazdır. Çünki təbiət ona öz möhürünü vurub». Ravvinlər isə deyirdi: «Kim Qanunun Allah tərəfindən verildiyini inkar edirsə, o biri dünyada məkana sahib olmayacaq». Yaxud da ki «Əgər kimsə Qanunun Allah tərəfindən verildiyini deyərsə, lakin hansısa ayənin Allahın deyil, Musanın dediyini söyləyərsə, o, mühakimə olunacaq. Çünki o, Allahın Sözünə xor baxır. O, canını həlaka aparan hörmətsizlik edir». Sinaqoqda ibadət başlamazdan əvvəl sandıqdan Qanunun tumarını götürüb, icmanın ətrafında dolandırırdılar ki, hamı ona öz hörmətini göstərsin.
Yəhudilər Qanuna bax bu cür yanaşırdılar. İsa Məsih isə Qanundan beş dəfə nümunə gətirir ki, onun normalarına etiraz edərək onları Öz təlimi ilə əvəz etsin (Matta 5:21, 27, 33, 38, 43). İsa dünyada ən müqəddəs hesab olunan Müqəddəs Yazıların nöqsanlarını aşkarlamaq və Öz müdrikliyinə əsaslanaraq, onları islah etmək hüququna sahib olduğunu iddia edirdi. Qədim yunanlar «ekzousiya»nı, yəni səlahiyyəti «öz şəxsi istəyinə görə nəyisə əlavə etmək və götürmək» kimi müəyyən edirdilər. İsa hətta yəhudilərin dəyişilməz hesab etdikləri Allahın Sözünə qarşı belə bir səlahiyyəti olduğunu iddia edirdi. İsa bu sahədə mübahisə etmirdi. O Öz hərəkətlərinə bəraət qazandırmağa çalışmırdı. O, hətta buna ixtiyarı olduğunu sübut etməyə də səy göstərmirdi. O, sakitcə bu səlahiyyəti Öz üzərinə götürürdü.
İsa Məsihə qədər heç kim buna bənzər bir şey eşitməmişdi. Nüfuzlu yəhudi ilahiyyatçıları öz təlimlərində xüsusi ifadələrdən istifadə edirdilər. Peyğəmbərlər isə «Rəbb belə deyir» vurğulayırdılar. Peyğəmbər, ümumiyyətlə, öz səlahiyyətinə iddia etmirdi. O, sadəcə Allahın ona dediklərini çatdırırdı. İlahiyyatçılar və ravvinlər deyirdilər: «Belə bir təlim var ki...». İlahiyyatçı, yaxud ravvin keçmiş dahi müəllimlərdən sitat gətirməsəydilər, öz fikirlərini söyləyə bilməzdilər. Onlar heç bir halda müstəqil fikirlərə yer verə bilməzdilər. İsanın isə Öz sözlərini təsdiqləmək üçün nüfuzlu adamlara ehtiyacı yox idi. Onun Özü nüfuzlu Şəxs idi.
Belə görünür ki, İsa ya ağılsız, ya da qeyri-adi insan, ya allahlıq iddiasında olan, ya da, həqiqətən, Allahın Oğlu idi. Bu fikirlərin ikisindən biri doğrudur. Heç bir adi insan Ona qədər dəyişilməz hesab olunan Allahın Sözünü təkzib etməyə cürət etməmişdi.
Çünki əsl səlahiyyətin sübuta ehtiyacı yoxdur. İnsan öyrətməyə başlayanda, artıq onun öyrətməyə ixtiyarı olub-olmadığını bilirik. Səlahiyyət insanı əhatə edən atmosferə bənzəyir. O, səlahiyyətə iddia etməməlidir. Onun ya səlahiyyəti var, ya da yoxdur.
Məşhur italyan dirijoru Arturo Toskanininin rəhbərliyi altında ifa edən çalğıçılar deyirdilər ki, o, dirijor stendinə18 çıxanda, onun nüfuzunu hiss edirdilər. Elə adamlar var ki, onların nüfuzu ətrafa sirayət edir. Bu xüsusiyyətin ən yüksək dərəcəsi İsa Məsihə məxsus idi.
İsa Məsih insanların gözündə ən ali müdrikliyi islah edirdi. Çünki O, var Olanın Özü idi. Onun mübahisə və əsasa ehtiyacı yox idi. Onun bircə dəfə deməyi kifayət edirdi. İsa Məsih ilə qarşılaşan və Onu dinləyən hər kəs Onun Allahın Sözü olduğunu dərk etməyə bilməzdi. Çünki Onun yanında digər sözlər və hər cür hikmət mənasız görünürdü.
Lakin İsa nə qədər qeyri-adi nüfuzlu Şəxs olsa da, Onun insanlar qarşısına qoyduğu həyat qaydaları daha heyranedicidir. İsa deyirdi ki, Allahın gözündə yalnız qətl edən insan deyil, həm də öz qardaşına əbəs yerə qəzəblənən insan təqsirkardır. Həmçinin təkcə zina edən deyil, həm də natəmiz hisslərə yol verən insan günahkardır.
Bu isə insanların başa düşmədiyi yeni bir şey idi. İsa öyrədirdi ki, ancaq qətl etmək deyil, hətta qətl barədə düşünmək də günahdır.
Bəlkə biz heç bir insanı vurmamışıq. Lakin kim deyə bilər ki, biz nə vaxtsa kimisə vurmaq istəməmişik? Bəlkə biz heç vaxt zina etməmişik. Amma kim deyə bilər ki, biz qadağan olunan şeyləri arzulamamışıq? İsa fikirlərin də əməllər kimi vacib əhəmiyyət daşıdığını öyrədirdi. O, vurğulayırdı ki, günah etməmək kifayət deyil, həm də günahı arzulamamaq vacibdir. İsa öyrədirdi ki, insan yalnız əməllərinə görə deyil, həm də heç vaxt etmədiyi arzularına görə mühakimə olunacaq. Dünya qaydalarına görə qadağan olunanları heç vaxt etməyən yaxşı insan hesab olunur. Dünya insanı fikirlərinə görə mühakimə etməyi düşünmür. İsanın dəyərlərinə görə qadağan olunanları heç vaxt arzulamayan yaxşı insandır. İsa Məsih insanın fikirlərinə çox önəm verir. Burada üç mülahizə yaranır:
İsa Məsih tamamilə haqlıdır. Çünki təhlükəsiz olan yalnız Onun yoludur. Hər bir insan özlüyündə iki şəxsiyyətə bölünür: birinci hissə yaxşılığa, ikinci hissə pisliyə təhrik edir. Nə qədər ki, insan belədir, onun daxilində mübarizə gedir. İçindəki bir səs onu qadağan olunanları etməyə şirnikləndirir, digəri isə bunları qadağan edir.
Yunan filosofu Platon insanı atı idarə edən arabaçıya bənzədir. Bir at sakit və arabaçının əmrlərinə itaətlidir, digəri isə vəhşi və itaətsizdir. Bir atın adı ağıl, digərininki isə ehtirasdır. Həyat — ehtiras və ağılla idarə olunma arasında gedən əbədi mübarizədir.
Ağıl ehtirasın qarşısını alan yüyənin ipidir. Lakin ip hər vaxt qırıla bilər. Özünüidarəetmə bir anlıq itə bilər. Bəs onda nə baş verəcək? İnsanın daxilində bu gərginlik və daxili mübarizə davam etdikcə, həyat təhlükədə olacaq. Belə şəraitdə heç bir təhlükəsizlikdən söhbət gedə bilməz. İsa Məsihin dediyi kimi, təhlükəsizliyin bir yolu var — qadağan olunan istəkləri daxildən həmişəlik kəsib atmaq. Yalnız bu an həyat təhlükəsizlikdə olacaq.
Belə olan halda, yalnız Allah insanı mühakimə edə bilər. Biz ancaq zahiri görürük. Allah isə insanın ürəyinə baxır. Axı əksər insanlar zahirən əxlaqın yüksək nümunəsini nümayiş etdirirlər, halbuki onların fikirləri Allah tərəfindən mühakimə olunur. Zahiri davranışlara görə mühakimə edən insani məhkəmələrə çoxları tab gətirə bilər. Lakin onların ləyaqəti hər şeyi görən Allahın önündə acizləşir.
Beləcə hamımız təqsirkarıq. Çünki heç kim Allahın mühakiməsinə tab gətirə bilməz. Hətta biz zahirən ədəbli həyat sürsək də, kimsə heç vaxt qadağan olunanları arzulamadığını deyə bilməz. Daxilən kamil olmaqdan ötrü insan özü üçün ölməli, Məsih üçün yaşamalıdır. Necə ki Paul deyir: «Məsihlə birlikdə Çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır» (Qalatiyalılara 2:19-20).
Yeni həyat qaydaları bizim hər cür təkəbbürümüzü öldürür və bizi İsa Məsihə yönəldir. Qarşımızda qoyduğu qaydalara əməl etməkdən ötrü yalnız O bizə güc verə bilər.
Budur, İsa Məsih tərəfindən qoyulan qaydanın ilk nümunəsi. Qədim qanunda «Qətl etmə» deyilmişdi (Çıxış 20:13). İsa isə vurğulayır ki, insan öz qardaşına da qəzəblənməməlidir. Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində deyilir ki, qardaşına əbəs yerə hirslənən hər adam mühakimə olunacaqdır. Lakin əbəs yerə sözü bəzi əlyazmalarda qeyd olunmur. Buna görə də İsanın sözlərinə əsasən, ümumiyyətlə, qəzəblənmək qadağandır. Sadəcə insanı vurmamaq kifayət etmir, hətta ürəyində ona qarşı pislik bəsləmək də olmaz.
Bu hissədə İsa ravvin kimi dəlil gətirir. O, adətən, müdrikliklə müasirlərinin istifadə etdiyi mübahisə üsulundan istifadə edir. İsa qəzəbin və cəzanın həddini dəqiqliklə göstərir.
Birincisi, bu öz qardaşına qəzəblənən insandır. Burada orgizasfay feli istifadə olunub. Yunan dilində qəzəb mənasını bildirən iki söz var. Birinci məna fumosdur. Bununla yunanlar qurumuş samanı yandıran alovu səciyyələndirirdilər. Bu qəzəb tez alışır və tez də sönür. İkinci məna orgedir. O, daxildə kök salan qəzəbdir. Bu, insanın illərlə daxilində bəslədiyi qəzəbdir. İnsan onu qidalandırır və sönməyə qoymur. Belə qəzəb mühakiməyə məruz qalacaq. Bu məhkəmə ədaləti bərqərar edən yerli kənd məhkəməsidir. O, əhalisi yüz əlli nəfərdən ibarət üç kənd ağsaqqalından, kiçik şəhərdə yeddi ağsaqqaldan, böyük şəhərdə isə iyirmi üç ağsaqqaldan ibarət idi.
Beləcə İsa Məsih hər cür xudbin qəzəbi mühakimə edir. Müqəddəs Kitab aydın göstərir ki, qəzəb yolverilməzdir. Həvari Yaqub yazır: «Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir» (Yaqub 1:20). Paul insanlardan «qəzəbi, hiddəti, kini, böhtanı, ağızdan çıxan ədəbsiz sözləri» kənara atmağı tələb edir (Kolosselilərə 3:8). Artıq dahi bütpərəst müdriklər qəzəbi ağılsızlıq hesab edirdilər. Roma natiqi və yazıçısı Siseron qeyd edirdi ki, qəzəb gələndə «hər şey qeyri-düzgün və ağılsız yerinə yetirilir». Roma stoisist-filosofu Seneka qəzəbi «qısa dəlilik» adlandırırdı.
Beləcə İsa Məsih qəlbdə insanın barışmaqdan imtina etdiyi və qisas alıb unutmaq istəmədiyi qəzəbi tamamilə yolverilməz olduğunu hesab edir. Əgər biz İsaya itaət etmək istəyiriksə, həyatımızdan qəzəbi, xüsusilə də dərin kök salmış qəzəbi çıxarmalıyıq. Unutmayaq ki, şəxsi incikliyə görə özündən çıxanı məsihçi adlandırmaq olmaz.
İsa sonra qəzəb təhqiredici sözlərlə ifadə ediləndə, baş verən iki məqamdan danışır.
Yəhudi müəllimlər hesab edirdilər ki, bu cür qəzəb və sözlər yolverilməzdir. Onlar «alçaldıcı sözlər» və «təhqirin günahı» barədə danışırdılar. Onların belə məsəli var idi: «Üç cür günahkar — ər-arvad münasibətini pozan, qonşusunu cəmiyyətdə rüsvay edən, qonşusuna təhqiramiz ləqəb qoyan şəxslər cəhənnəmə gedir və onların qurtuluşları yoxdur». İnsanın ürəyindəki və nitqindəki qəzəb eyni dərəcədə qəbuledilməzdir.
Hər şeydən əvvəl İsa deyir ki, kim öz qardaşına raqa (yəni axmaq, ağılsız adam) deyərsə, Ali Şuranın hökmünə məruz qalacaqdır. Raqa sözünün, demək olar ki, tərcüməsi yoxdur. Çünki bu sözdə intonasiya daha vacibdir. Bu söz insana təkəbbürlü nifrəti bildirir. Ravvin Simeon ben Eleazar haqqında bir hekayə var. Günlərin bir günü o, müəlliminin evindən yaxşı əhval-ruhiyyədə çıxır. Onun əhval-ruhiyyəsinin səbəbi şəxsi savadı, çoxlu mütaliəsi və xeyirxahlığı idi. Onu yanından keçən çirkin biri salamlayır. Ravvin onun salamını almır, ancaq belə deyir: «Sən raqasan. Çox iyrənc görünürsən! Yaşadığın şəhərdə də hamı belə iyrənc görünür?» Adam isə cavab verir: «Mən bunu deyə bilmərəm. Get Yaradanına de ki, Onun yaratdıqları çox iyrənc görünür». Beləcə lovğalıq öz layiqli cavabını alır.
Lakin insanlara bəslənən nifrətə görə daha ciddi cəza gələ bilər: o, Ali Şuranın, yəni yəhudilərin Ali məhkəməsinə məruz qalacaq. Təbii ki, bunu hərfi mənada başa düşmək lazım deyil. İsa Məsih sanki belə demişdi: «Kök salmış günah böyük günahdır. Nifrət isə daha böyük günahdır».
Nifrət — məsihçilikdəki günahlardan daha böyüyüdür. Nifrət qürurun nəticəsidir. Snobizm19 isə, həqiqətən, iyrəncdir. Nifrət vəzifə və puldan, qürur isə maddi şeylərdən qaynaqlanır. Lakin nifrət bilikdən də irəli gələ bilər. İntellektual snobizmi başa düşmək çətindir. Çünki ən müdrik insanlar cahilliklərindən kor olurlar. İsa Məsihin uğrunda öldüyü insana təkəbbürlə baxmaq olmaz.
Daha sonra İsa öz qardaşına səfeh deyən insan haqqında danışır. Yunan mətnində bu morosdur. Moros — özünü təlxəkliyə qoyan adam deməkdir. Məzmurçu ürəyində «Allah yoxdur» deyən axmaqlar haqqında bəhs edir (Zəbur 14:1). Burada əxlaqsız həyat tərzi sürən və düşüncələrində «Allah yoxdur» deyən səfeh adamdan danışılır. İnsanı moros adlandırmaq onun dərrakəsini tənqid etmək demək deyil. Bu onun mənəvi xüsusiyyətlərini şərləmək, nüfuzuna xələl gətirmək və əxlaqsız insan kimi ona damğa vurmaqdır.
Beləcə Məsih deyir ki, bu şəkildə qardaşının adına və nüfuzuna xələl gətirən şəxs ən dəhşətli mühakiməyə, cəhənnəm oduna məruz qalacaq.
Cəhənnəm odu sözünün də öz tarixçəsi var. Bu söz yəhudilərdə çox geniş istifadə olunur (Matta 5:22, 29, 30; 10:28; 18:9; 23:15,33; Mark 9:43,45,47; Luka 12; Yaqub 3:6) və Ben-Hinnom dərəsi mənasını verir. Ben-Hinnom dərəsi Yerusəlimin cənub-şərqində yerləşirdi. Oranın adı bədnam idi. Çünki padşah Axav həmin yerdə İsraildə bütpərəstlərin səcdə etdiyi Molekə sitayiş etmək adətini qoymuşdu. Orada körpə uşaqları qurban gətirməklə odda yandırırdılar. «Ben-Hinnom dərəsində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı» (2Salnamələr 28:3). Padşah Yoşiya bu ibadətə son qoydu və əmr etdi ki, Ben-Hinnom dərəsi həmişəlik lənətlənsin. «Yoşiya Ben-Hinnom dərəsində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin» (2Padşahlar 23:10). Nəticədə Ben-Hinnom dərəsi Yerusəlimdə bir növ zibil yandırılan sobaya çevrildi. Orada həmişə tüstü və çətin öldürülən qurdlar görünürdü (Mark 9:44-48). Beləcə cəhənnəm — Ben-Hinnom dərəsi mənfurluğun və iyrəncliyin rəmzinə çevrildi. Bura bütün zərərvericilərin və pisliklərin məhv olduğu yerdir. Buna görə o yer Allahın cəzasının təzahür etdiyi cəhənnəmin sinonimi oldu.
Beləliklə, İsa Məsih iddia edir ki, insanın nüfuzuna və adına xələl gətirmək çox ciddi günahdır. İnsanın nüfuzunu ləkələyən sözgəzdirən adam üçün ən ciddi cəza belə kifayət etmir. Çünki bu cür günah həqiqi mənada cəhənnəmə layiqdir.
Artıq dediyimiz kimi, bu cəza növünü hərfi mənada başa düşmək olmaz. İsa burada belə deyir: «Qədim zamanlarda insanlar qatilləri mühakimə edirdilər. Həqiqətən, qatil əbədi məhkumluğa layiqdir. Mən isə sizə deyirəm ki, təkcə görünən əməllər mühakimə olunmayacaq. Allah insanın ən gizli fikirlərinə diqqətlə nəzər salır. Kök salmış günah pisdir. Daha pisi isə təkəbbürlü danışıqdır. Ondan da betəri insanı nüfuzdan salan ağılsız və pis söhbətlərdir». Öz qəzəbinin qulu olan, qardaşları ilə nifrətlə danışan, onların nüfuzlarını ləkləyən insanlar, bəlkə də, qətl törətməyiblər, lakin daxilən onlar qatildir.
İsa Məsih bu sözləri deməklə, yəhudilərə yaxşı məlum olan prinsipi xatırlatdı. Qurbanın mahiyyəti çox sadə idi: əgər insan günah edirdisə, onun Allahla olan münasibəti pozulurdu. Qurban pozulan münasibətin bərpasına xidmət etməli idi.
Amma burada iki vacib prinsipi qeyd etmək lazımdır.
Birincisi, heç kəs düşünmürdü ki, qurban bilərəkdən edilən günahı təmizləyir. Yəhudilər bunu «özbaşınalıq günahı» adlandırırdılar. İnsan bilmədən, özünə nəzarəti itirərək ehtirasa uyduğu halda günah edəndə qurban təsirli ola bilər. Qəsdlə, ədəbsizcəsinə, insafsızcasına və açıq gözlə törədilən günahı isə heç bir qurban yuya bilməz.
İkincisi, qurbanın təsirli olması üçün günah etiraf edilməli və sidq ürəkdən tövbə olunmalıdır. Həqiqi tövbə bu günahın bütün nəticələrini düzəltməyə yönəlir. Böyük Kəffarə günü İsrail xalqının bütün günahlarından təmizlənməsi üçün təyin olunmuşdu. Ancaq yəhudilər yaxşı başa düşürdülər ki, onlar əvvəlcə qonşuları ilə barışmasalar, Kəffarə günü təqdim olunan qurban belə onları təmizləyə bilməz. İnsanla insan arasındakı uçurum dəf edilməyənədək Allahla insan arasındakı uçurum dəf edilə bilməz. Məsələn, oğurlanan əşya geri qaytarılmayana qədər oğurluğa görə gətirilən qurbanın faydası yoxdur. Əgər oğurlanan əşyanın geri qaytarılmadığı və ya əvəzi ödənilmədiyi məlum olardısa, onda qurban natəmiz hesab olunaraq Məbəddən kənarda məhv edilirdi. Yəhudilər yaxşı dərk edirdilər ki, insan Allahla barışmaq üçün əlindən gələni etməlidir. Qurban müəyyən mənada əvəzedici rolunu oynayırdı. İnsan rəmzi olaraq gətirdiyi qurbanın üzərinə əllərini qoymaqla, sanki öz günahını onun üzərinə ötürərək etiraf edirdi: «Ya Rəbb, mən günah etdim, düzgün davranmadım, üsyan etdim. Mən... (o öz günahını etiraf edirdi). Amma mən tövbə edərək yanına qayıdıram. Qoy mənim günahlarım kəffarə olunsun».
Qurbanın əhəmiyyətli olması üçün tövbə edib pozulmuş münasibətləri bərpa etmək vacib idi. Təbii ki, qurbanı insan özü təqdim etmirdi. O, qurbanlıq heyvanı onun adından qurban təqdim edən kahinin yanına gətirirdi. Həmin adam Məbədə daxil olaraq bir neçə həyətdən — qeyri-yəhudilərin, qadınların və israillilərin həyətindən keçirdi. Sonra adi insana daxil olması qadağan edilən kahinlərin həyətinə girirdi. O, hasarın önündə hazır vəziyyətdə dayanıb, qurbanını kahinə ötürürdü. Günahının etirafının rəmzi kimi əllərini qurbanın üzərinə qoyan vaxt birdən qardaşını incitdiyini xatırlasaydı, qurbanın qəbul olunması üçün o, geriyə qayıtmalı və incikliyi həll etməli idi. Əks halda, hər şey əbəs sayılırdı.
İsa Məsih bu təməl həqiqəti aydın görürdü: biz insanlarla barışmayana qədər Allahla barışa bilmərik. Biz yalnız Allahın önündə deyil, həm də insanların önündə öz günahlarımızdan tövbə etməyənədək və nəticəni aradan qaldırmayanadək bağışlanmaya ümid edə bilmərik. Bəzən Allahla bizim aramızdakı maneə bizi təəccübləndirir. Dualarımızın nəticəsiz qalması bizi hərdən heyrətləndirir. Səbəb özümüzün maneə yaratmasıdır. Çünki biz qardaşımızla çəkişmədəyik, yaxud da kiməsə pislik etmişik və bunu aradan qaldırmaq üçün barmağımızı tərpətməmişik.
Burada İsa təcrübi məsləhət verir: insanlar həyatlarındakı problemləri və xoşagəlməzlikləri vaxtında aradan qaldırmalıdırlar ki, bu problemlər çoxalmasın və onların gələcəklərinə mənfi təsir göstərməsin.
İsa Məsih məhkəməyə gedən iki düşmən təsvir edir. Onlara məsləhət görür ki, yolda ikən problemlərini araşdırıb həll etsinlər. Çünki iş məhkəməyə getsə və hakim işə baxsa, bu, ən azı onlardan biri üçün daha böyük problemə səbəb olacaq.
Məhkəməyə birlikdə gedən iki mübahisə edən adamın təsviri bizə qəribə və qeyri-mümkün görünə bilər. Lakin qədimdə belə hallar tez-tez baş verirdi.
Yunan qanununa əsasən apaqoqe adlanan mərhələ var idi. Bu da məhkəməsiz həbs demək idi. Belə ki, iddiaçı cavabdeh şəxsi özü həbs edirdi. İddiaçı onun yaxasından elə yapışırdı ki, cavabdeh şəxs qurtulmağa çalışsaydı, nəfəsi kəsilərdi. Qeyd etmək lazımdır ki, bu cür hərəkətlərə bəraət müstəsna idi və cinayətkar cinayət üstündə yaxalanmalı idi.
Beləcə məhkəmənin qərarı olmadan oğurluğa, paltar oğurlanmasına, insan oğurluğuna (peşəkar və bacarıqlı qulları) və ev yarmağa görə həbs etmək olardı. Buna görə də yunan şəhərlərində iddiaçı ilə cavabdeh şəxsin birlikdə məhkəməyə getməsində qeyri-adi bir şey yox idi.
Çox güman ki, İsa fikrini yəhudi qanunlarına görə söyləyirdi. Yəhudi qanunlarına görə bu vəziyyət adi hal idi. Bu, uzun sürən mübahisə ola bilərdi. Çünki İsa deyir ki, əgər barışıq olmasa, əlindəki son kodranta qədər verməli olacaqsan. Adətən, mübahisəli məsələləri yerli ağsaqqallar həll edirdilər. İddiaçının və cavabdeh şəxsin eyni zamanda məhkəməyə gəlməsi üçün vaxt təyin olunurdu. Balaca şəhərdə və yaxud kənddə onların birlikdə məhkəməyə getməsi normal idi. Təqsirli bilinən şəxsi məhkəmə icraçılarına təhvil verirdilər. Mattanın Müjdəsində bu icraçı (huperetes), Lukada isə məhkəmə icraçısı (praktor) adlanır (Luka 12:58-59). O, borcun düzgün ödənməsini təmin edirdi. Əks halda, o, cavabdeh şəxsi borcu tam ödəyənədək zindana atırdı. İsa Məsih məhz bunu nəzərdə tuturdu. Məsihin məsləhəti iki məna daşıya bilər.
Bu, çox təcrübi nəsihət ola bilər. Həyatda dəfələrlə görmüşük ki, əgər mübahisə vaxtında həll edilməsə, onda o, vaxt keçdikcə başqa xoşagəlməzliklərə səbəb olur. Şiddət daha böyük şiddət yaradır. Elə hallar da olur ki, iki insan arasındakı mübahisə ailələrin, nəsillərin, məbədin və cəmiyyətin ayrılığına gətirib çıxarır.
Əgər tərəflərdən biri cəsarətini toplayıb üzr istəyər və öz səhvini etiraf edərsə, onda heç bir xoşagəlməzlik yaranmaz. Əgər kiminləsə yola getmiriksə və ya baxışlarımız fərqlidirsə, biz hər şeyi vaxtında həll etməliyik. Ola bilsin ki, biz öz səhvimizi və haqsız olduğumuzu etiraf edib üzr istəyəcəyik. Yox, əgər biz haqlıyıqsa, onda barışıq üçün ilk addımı atmağımız daha yaxşı olar. Münasibətlər pozulan kimi onları dərhal həll etməyə çalışsaq, on haldan doqquzu həll olunmuş olacaq. Əgər dərhal hərəkətə başlamasaq, vəziyyət daha pis olacaq, şiddət isə günbəgün böyüyəcək.
Bəlkə də İsa Məsih əsas şeyləri nəzərdə tuturdu. Yəqin ki, O, belə demək istəyirdi: «Nə qədər ki, sağsınız, qardaşlarınızla hər şeyi yoluna qoyun. Çünki bilmədiyiniz bir gün həyatınız sona çatacaq və siz Allahın, Hakimin qarşısında dayanacaqsınız». Yəhudilərin ən böyük bayramlarından biri Kəffarə günü idi. Elə zənn olunurdu ki, qurban məlum və naməlum günahları yuyur. Amma bunun da həddi var idi. Talmudda aydın deyilir: «Kəffarə günü insanın günahını Allahın önündə yuyur. Əgər insan əvvəlcə qonşusu ilə barışıb hər şeyi yoluna qoymayıbsa, Kəffarə günü insanın günahını yumur». Burada qarşımıza vacib fakt çıxır: insan digər insanlarla yaxşı münasibətdə deyilsə, o, Allahla yaxşı münasibətdə ola bilməz. Ölüm insanı nə vaxt haqlayırsa haqlasın, o, bütün insanlarla sülh içində yaşamalıdır.
Ola bilsin ki, İsa Məsihin bu təliminin iki mənası arasında seçim etmək lazım gəlməsin. Yəqin ki, O, hər iki mənanı nəzərdə tutub deyir: «Əgər həm yer üzündə, həm də əbədiyyətdə xoşbəxt olmaq istəyirsənsə, qardaşınla heç bir həll edilməmiş məsələ saxlama. Qəzəbin aranızda yaratdığı küskünlüyü dərhal həll etməyə çalış».
Bu isə İsa Məsih tərəfindən müəyyən edilən yeni qaydaların ikinci nümunəsidir. Qanunda «Zina etmə» deyə yazılıb (Çıxış 20:14). Yəhudi müəllimlər zinaya o qədər ciddi yanaşırdılar ki, təqsirkar ölüm cəzasına məhkum edilirdi (Levililər 20:10). Lakin İsa vurğulayır ki, təkcə qadağan olunmuş hərəkətlər deyil, həm də qadağan olunmuş fikirlər Allahın mühakiməsinə məruz qalacaq.
İsa Məsihin burada nə demək istədiyini başa düşmək vacibdir. O, təbiətin və insan instinktlərinin bir hissəsi olan təbii, adi istəkləri nəzərdə tutmur. Yunan mətninin hərfi mənasında deyilir ki, özündə istək və şəhvət oyatmaq, ehtirasını bilərəkdən alovlandırmaq üçün qadına baxan kişi məhkumiyyətə uğrayır.
Yəhudi ravvinlər insanların öz ehtiraslarını oyatmaq üçün gözlərindən necə istifadə etdiklərini yaxşı başa düşürdülər. Onların belə atalar sözü var idi: «Qanunun pozan göz və əllərdir». «Günahın iki əlbiri — göz və ürəkdir». «Ehtiras görən adamda yaşayır». «Gözlərlə idarə olunan adamın vay halına! Çünki günah edən onlardır». Bir nəfər belə demişdi: «Zina — daxili istəyin məhsuludur».
Ehtirasla dolu dünyada bilərəkdən şəhvət yaratmaq üçün çoxlu xüsusi vasitələr var: kitablar, şəkillər, dram əsərləri və reklamlar. İsa Məsih burada öz gözlərindən istifadə edərək bilərəkdən şəhvət hissi yaradan, qadağan olunan istəklərdən qəribə həzz alan insanı mühakimə edir. Pak insanlar üçün hər şey pakdır. Amma pozğun insanlar özündə mənfur istəklər oyatmaq üçün həmişə bir səbəb tapa bilər.
Burada İsa Məsih böyük və radikal tələb irəli sürür: səni günaha sürükləyən hər şeyi həyatından kəsib at.
İsanın istifadə etdiyi və Azərbaycan dilində pis yola çəkmə kimi tərcümə olunan maraqlı söz: skandalondur. [Barklidə bu söz büdrəmə daşı kimi istifadə olunur]. Skandalen sözü skandaletron sözündən yaranıb. Mənası tələyə salan qarmaq deməkdir. Milin ucuna qarmaq salınır və o, tələni hərəkət etdirir. Buna görə də bu sözün mənası — insanı həlaka aparan deməkdir.
Burada da iki fikir var. Birincisi, yolun üstünə qoyulan büdrəmə daşı, yaxud tarıma çəkilən ipdir. İnsan o daşa və ya ipə ilişib büdrəyir. İkincisi, torpaqda qazılan çuxurdur. Onun üzəri nazik budaqlarla örtülür ki, yolçu oradan keçəndə çuxuru görməyib oraya yıxılsın. Skandalon — büdrəmə daşıdır. Pis yola çəkmə — insanı aldatmaq və ölümə aparmaqdır.
Əlbəttə, İsanın sözlərini hərfi başa düşmək lazım deyil. O, insanın həyatında onu günaha aparan hər şeyin kökündən çıxarılmasını nəzərdə tutur. Məsələn, günaha səbəb olan pis vərdiş; büdrəməyə səbəb olan ittifaqlar; ölümə səbəb ola biləcək həzz və s. Bunların hamısı həyatımızdan tamamilə çıxarılmalıdır. Bu fikir qadağan olunmuş düşüncə və istəklər haqqındakı hissədən sonra gəlir. Buna görə belə bir sual yaranır: «Natəmiz və günahlı düşüncələrdən necə azad olmaq olar?» Həyat təcrübəsi göstərir ki, fikirlər ağlımıza icazəsiz daxil olur. Onlara qapını bağlamaq çox çətindir.
Amma yerimizdə oturub özümüzə belə deyə bilmərik: «Mən qadağan olunmuş fikirlər barədə düşünməyəcəyəm». Biz onun barədə düşünməyəcəyimizi nə qədər çox deyiriksə, bir o qədər fikirlərimiz ona yönəlir.
Tarixdə bu cür düşüncə və istəklərə qarşı mübarizə aparan nümunələr var: məsələn, ilk İmanlı Cəmiyyəti dövründə tərki-dünya olan adamlar, rahiblər, zahidlər. Bu insanlar dünyadakı hər şeydən, xüsusilə cismani təbiətin istəklərindən azad olmağa cəhd edirdilər. Onlar yalnız Allah haqqında düşünmək üçün Misir səhrasında təkliyə çəkilirdilər.
Onlardan ən məşhuru Antoniy idi. O, tənha yaşayır, oruc tutur, bütün gecə dua edir və öz bədəninə işgəncə verirdi. O, sınaqlarla sonsuz mübarizə apararaq otuz beş ilini səhrada keçirdi. Onun tərcümeyi-halında belə yazılıb:
«Əvvəlcə şeytan onu rahib həyatından uzaqlaşdırmağa çalışdı. Şeytan ona əvvəlki var-dövləti, bacısının qayğısına qalmalı olduğunu, qohumlarının tələbini, pula və şöhrətə sevgini, müxtəlif əyləncələri, zövqləri və pak həyat yaşamağın çətinliyini xatırladırdı. Şeytan pis fikirləri onun qulağına pıçıldayır, o isə dua ilə cavab verirdi. Şeytan onda ehtiras oyatmağa çalışır, o isə utanaraq bədənini oruc və dualarla möhkəmləndirirdi. Hətta bir gecə şeytan qadın surətində peyda oldu və Antoniyi yoldan çıxartmaq üçün hər şeyi etdi».
Tamamilə aydın görünür ki, burada özünü ehtiyatsız aparan var idisə, o da Antoniy və onun dostları idi. Bəli, insan təbiəti məhz belədir. İnsan nə qədər desə ki, nəsə haqqında düşünməyəcək, daha çox o şey fikrini məşğul edir. Qadağan olunmuş fikirlərdən qaçmaq üçün yalnız iki yol var.
Birincisi, imanlı kimi davranmaq. Zina fikirlərindən qaçmaq üçün ən yaxşısı nə isə etməkdir; həyatını məsihçi işləri və xidmətləri ilə təmin etmək lazımdır ki, bu fikirlər üçün vaxt qalmasın; başqalarının qayğısına elə qalmaq lazımdır ki, nəticədə özünü unudasan; düşüncələrini özünə deyil, başqalarına yönəldərək qeyri-sağlam özünütənqiddən qurtulasan. Pis fikirlərdən azad olmağın yolu — xeyirxah əməllərdir.
İkincisi, beyni başqa fikirlərlə məşğul etməkdir. İngilis yazıçısı Ceyms Metyu Barrinin (1860-1937) «Piter Pen» adlı uşaq hekayəsində məşhur səhnə var. Böyümək istəməyən Piter adlı oğlan yataq otağında oturur. Başqa uşaqlar onun uçduğunu görürlər, onlar da uçmaq istəyirlər. Onlar yerdən də, çarpayıdan da hoppanıb uçmaq istəyirlər, lakin heç nə alınmır. «Sən bunu necə edirsən?» deyə Con soruşur. Piter cavab verir: «Sadəcə gözəl və yaxşı şeylər haqqında düşün. Bu səni havaya qaldıracaq». Pis fikirlərdən yalnız başqa şeylər haqqında düşünməklə uzaq olmaq olar.
Əgər insanı qadağan olunmuş natəmiz fikirlər narahat edirsə, o, «Mən bu barədə daha düşünməyəcəyəm» deyərək onları həyatından çıxara bilməz. O, bu fikirlərə yalnız məsihçi kimi düşünüb, xeyirxah əməllərlə üstün gələ bilər. İnsan öz həyatını xilas edərək buna nail ola bilməz. O, canını başqalarına fəda etməklə buna nail ola bilər.
Yəhudilərdə nikah.
İsa Məsih nikah qaydalarını müəyyən tarixi və həyati hadisələrlə izah edir. Bəşəriyyət tarixində nikah heç vaxt məsihçiliyin yaranması dövründəki kimi təhlükəyə məruz qalmamışdı. Həmin dövrdə dünyada nikah, demək olar ki, tamamilə məhv olmaq təhlükəsi ilə üzləşmişdi.
Məsihçilik dünyaya bir tərəfdən yəhudi sivilizasiyası, digər tərəfdən isə yunan-roma sivilizasiyası dövründə daxil olmuşdu. Gəlin Məsihin təliminə bu baxımdan yanaşaq.
Yəhudilərin nəzəriyyəsində nikahın tələbləri çox yüksək idi. Nikah hər kəsin yerinə yetirməli olduğu müqəddəs borc hesab edilirdi. İnsan yalnız bir səbəbə görə ailə qurmaya bilərdi: bütün ömrünü Qanunun araşdırılmasına həsr etsəydi. Əgər insan nikahdan və dünyaya uşaq gətirməkdən imtina edərdisə, onun haqqında belə deyərdilər: o, törəyib çoxalmaq qanununu pozmaqla Allahın dünyada surətini əhəmiyyətsiz sayıb və öz nəslini məhv edib.
Yəhudilər boşanmağa nifrət edirdilər. Ravvinlərin gözəl deyimləri var idi: «Biz hesab edirik ki, ismətdən başqa Allah bütün günahlara qarşı çox səbirlidir». «Bəkarətin olmaması insanı Allahın izzətindən uzaqlaşdırır». «Yəhudi bütə sitayiş etmək, qətl törətmək və ya zina etməkdənsə, həyatını qurban versə yaxşıdır». «Hətta nikah bağlanan yer insan evləndiyi arvadı ilə boşananda ağlayır».
Faciə isə bundan ibarət idi ki, hər şey idealdan çox uzaq idi. Bir məqam nikah münasibətlərini daha çox təhrif edirdi. Qanuna görə, qadın sadəcə əşya idi. Qadın tamamilə atasının və ya ərinin tabeliyində idi. Onun heç bir hüququ yox idi. Qadın öz ərindən heç bir halda boşana bilməzdi. Kişi isə istənilən halda boşana bilərdi.
Yəhudilərin boşanma qanunlarının sadə olması vəziyyəti daha da çətinləşdirirdi. Qanunun təkrarı 24:1-2-də yazılıb: «Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa, evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər». Boşanma prosesi çox sadə idi. Boşanma kağızında belə yazılırdı: «Bu mənim boşanma kağızım və səni sərbəst buraxmağım haqqında sənədimdir ki, sən istədiyin kişiyə ərə gedə bilərsən».
Bu sənədi şahidlərin önündə qadına təhvil vermək kifayət idi ki, o, azad olsun.
Buradan tamamilə aydın görünür ki, bütün çətinlik «qadında ləyaqətsiz bir şey tapdığı üçün» ifadəsinin şərhində idi. Yəhudi hüquqları iki məktəb əsasında formalaşmışdı: biri həddindən artıq ciddi Şammayın məktəbi, digəri bu ifadəni ətraflı şəkildə şərh edən Hillel məktəbi. Şammay və onun tərəfdarları hesab edirdilər ki, «qadında ləyaqətsiz bir şey tapdığı üçün» ifadəsi yalnız əxlaqsızlığı bildirir. Onlar deyirdilər ki, «Qadın Axavın arvadı kimi itaətsiz olsa belə, onunla yalnız xəyanətə görə boşanmaq olar». Hillelin məktəbi «qadında ləyaqətsiz bir şey tapdığı üçün» ifadəsini daha geniş şərh edir. Onların fikrincə, qadın ərinin yeməyinə çox duz qatıb korlayarsa, başıaçıq küçəyə çıxarsa, küçədə kişi ilə söhbət edərsə, deyingən olarsa, ərinin yanında valideynlərinə hörmətsizlik edərsə, kişi onu boşaya bilər. Akiba adlı ravvin deyirdi ki, «qadında ləyaqətsiz bir şey tapdığı üçün» ifadəsinin mənası belədir: əgər kişi xoşuna gələn başqa qadın tapıbsa, o, arvadını boşaya bilər.
İnsan təbiətinə bələd olan hər kəs kişilərin hansı məktəbə üstünlük verdiyini yaxşı bilər. İsa Məsihin dövründə boşanma halları daha da artırdı. Buna görə də qızlar ərə getməkdən imtina edirdilər. Çünki nikahda boşluqlar var idi.
Burada İsa ilahiyyatçı-idealist kimi deyil, praktik islahatçı kimi danışır: O, ailə dəyərlərinin və insan əxlaqının daha çox pozulduğu bir vaxtda vəziyyətə aydınlıq gətirməyə çalışırdı.
Yunanlarda nikah
Biz İsa Məsihin dövründə İsraildə nikahın hansı vəziyyətdə olduğunu gördük. Lakin məsihçilik tezliklə İsrailin sərhədlərindən kənara çıxdı. Buna görə, həmin dövrdə nikahın necə olduğuna baxaq.
Gəlin yunanların nikahına nəzər salaq. Burada iki çətin məsələ var idi.
Bir tarixçi deyirdi ki, qədim sivilizasiyanın məhvinin əsas səbəblərindən biri — qadınların statusunun aşağı olması idi. Yunanlar arasında nikah səviyyəsinin aşağı olmasının səbəblərindən biri də nikahdankənar əlaqələrə pis baxılmaması idi. Əksinə, onlar bunu insanı nüfuzdan salmayan, gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilən və ümumilikdə qəbul edilmiş bir qayda hesab edirdilər. Afinalı dahi natiq və siyasi xadim Demosfen ümumi qəbul edilmiş normaları belə izah edirdi: «Həzz almaq üçün bizim kurtizankalarımız var; nikahdankənar gündəlik əlaqələr üçün kənizlərimiz var; ev işlərini idarə etmək və qanuni övladlarımızı dünyaya gətirmək üçün arvadımız var». Zaman keçdikcə yunanların baxışları Romaya daxil olub, onların əxlaqını pozandan sonra romalı natiq, yazıçı və siyasi xadim Siseron deyirdi: «Əgər kimsə düşünürsə ki, gənc adama kurtizanka ilə eyş-işrət qadağandır, o, çox ciddi adamdır. Mən bu düşüncəni inkar edə bilmərəm. Lakin o, nəinki öz dövrünün qaydalarına, həm də əcdadlarımızın adət-ənənələrinə qarşı çıxır. Hansı dövrdə belə olmayıb ki? Kimsə nə vaxtsa bunu pis hesab edibmi? Bundan nə vaxt imtina edilib? Bu gün qanuni olan şey nə vaxt qanuna zidd olub?» Siseron da Demosfen kimi iddia edirdi ki, nikahdankənar münasibətlər adi və ümumi qəbul edilmiş qaydadır.
Yunanların nikaha baxışı həddindən artıq paradoksal idi. Bu baxışlar tələb edirdi ki, bütün hörmətli qadınlar tamamilə təkliyə çəkilməli, heç vaxt küçəyə tək çıxmamalı və süfrə arxasında əri ilə yemək yeməməlidir. Qadın ictimai həyatda iştirak edə bilməzdi. Yunan öz həyat yoldaşından nöqsansız sadiqlik tələb edir, özünü isə əxlaq qaydalarından tamamilə azad hesab edirdi. Qısaca desək, yunan möhkəm ailə qurmaq üçün özünə həyat yoldaşı seçir, kənarda isə zövq almaq üçün eyş-işrət axtarırdı. Hətta dahi yunan filosofu Sokrat belə deyirdi: «Ciddi şeyləri həyat yoldaşından başqa etibar edəcəyin bir kimsə varmı? Məgər ondan başqa heç bir qadınla ünsiyyət qurmursan?» İmperator Mark Avrelinin sağ əli Verin arvadı onu digər qadınlarla birlikdə yaşamaqda ittiham edəndə, Ver arvadına belə söyləmişdi: «Arvad adı qadına həzz deyil, ləyaqət bəxş edir. Bunu unutma».
Buna görə Yunanıstanda qeyri-adi vəziyyət hökm sürürdü. Korinf şəhərindəki Afrodita məbədində minlərlə kahinə (kahin qadın), «mömin» kurtizanka var idi. Onlar hər axşam Korinf küçələrinə çıxırdılar. Buna görə insanlarda belə deyimlər yaranmışdı: «Korinfə getmək hər kişinin işi deyil». Din və fahişəliyin qəribə birləşməsi Solonun ilk dəfə Afinada fahişəxana tikintisinə rəsmi olaraq icazə verməsinə səbəb olmuşdu. Oradan gələn gəlirlər sevgi ilahəsi Afroditanın şərəfinə məbədin tikilməsi üçün istifadə olunurdu. Yunanlar fahişəxanadan gələn gəlirlə məbəd tikməkdə qəbahət heç nə görmürdülər.
Yunanıstanda qəbul olunan fahişəliklə yanaşı bir qetera təbəqəsi ortaya çıxdı. Onlar görkəmli və məşhur insanların saxladığı aşnalar idi. Onlar o dövrün qadınları arasında ən savadlı və mədəni məşuqələr idi. Qeteraların evləri kübar evlərə bənzəyirdi. Onların bir çoxunun adı tarixə düşüb, onlar da dahi məşuqları kimi şöhrət qazanıblar. Məsələn, Tais Makedoniyalı İsgəndərin qeterası idi. Onun ölümündən sonra Tais Ptolemeyə ərə getdi və Misirin padşah ailəsinin anası oldu. Aspaziya Afinanın görkəmli dövlət xadimi Periklanın (Perikl) qeterası idi. Deyirlər ki, o, Periklaya natiqlik elmini öyrədir və onun yerinə çıxışlarını qələmə alırdı.
Beləliklə, biz Yunanıstanda nikahdankənar münasibətlərin böyük sistemini görürük. Biz görürük ki, hər kəs belə münasibətləri normal hesab edir və qınamırdı. Biz görürük ki, bu münasibətlər kişilərin həyatında əsas yer tuturdu. Eləcə də yunanlar öz arvadlarını məcburi şəkildə təkliyə qapayır, özləri isə nikahdankənar münasibətlərdə həzz axtarırdılar.
Bundan əlavə, yunanlarda nikahın dağılma səbəbindən biri də boşanma üçün rəsmi prosesin tələb olunmaması idi. Kişi iki şahid önündə arvadını boşaya və cehizini qaytara bilərdi.
Məsihçiliyin bəkarət və sədaqət haqqında təliminin onlar üçün yeni olduğunu indi aydın görürük.
Romalılarda nikah
Romalıların nikah tarixi faciəvi tarixdir. İlk vaxtlar roma dini və roma ictimaiyyəti ailəyə bağlı idi. Roma dövlətinin əsasını atanın hakimiyyəti (patria potestas) təşkil edirdi. Atanın, sözün əsl mənasında, ailənin həyatı və ölümü üzərində səlahiyyəti var idi. Romada oğul atası sağ ikən yetkin insan hesab oluna bilməzdi. O, konsul ola (Romada ali vəzifə), dövlətdə yüksək vəzifə tuta bilərdi, amma atası sağ idisə, onun hakimiyyəti altında qalırdı. Ailə bir romalı üçün hər şey demək idi. Roma matronası20 yunan qadınlarından fərqli olaraq qapalı həyat tərzi sürmürdü. O, ictimai həyatda əri kimi iştirak edirdi. Romalı hüquqşünas Herennius Modestinus deyir ki, «Nikah — bütün ilahi və insan haqlarının ömür boyu sürən bir ortaqlığıdır». Təbii ki, orada da fahişə qadınlar var idi. Lakin onlara nifrət edilir və onlarla əlaqə qurmaq şərəfsizlik hesab olunurdu. Roma dövlətində çox yüksək əxlaq normaları var idi. Yaranmasının ilk 500 ilində bir dənə də olsun boşanma qeydə alınmamışdı. İlk dəfə boşanan b.e.ə. 234-cü ildə Spurius Karvilius Ruga21 olmuşdu. Səbəb isə arvadının dünyaya uşaq gətirə bilməməsi idi.
Sonra Romada yunanlar peyda oldu. Hərbi və dövlət nöqteyi-nəzərindən Roma Yunanıstanı istila etdi. Lakin mənəvi və əxlaqi baxımdan Roma Yunanıstana məğlub oldu. E.ə. ikinci əsrdə Romaya yunan adətləri nüfuz etdi və Roma adətləri iflasa uğradı. Boşanma nikah kimi adi bir hala çevrildi.
İş o yerə gəlib çatdı ki, subayların üzərinə xüsusi vergi qoyuldu və onlara varis olmaq qadağan edildi. Uşağı olanlar üçün xüsusi güzəştlər və imtiyazlar var idi. Nikahı xilas etməkdən ötrü qanundan istifadə edirdilər.
Romalıların faciəsinin əsasında «Yunanıstanı istila edəndən sonra orada idarəolunmayan pozğunluq partlayış»ının baş verməsi dururdu. Beləliklə, məsihçiliyin bəkarət tələbinin qədim dünyanı necə sarsıtdığını təsəvvür etmək çətin deyil.
Matta 19:3-8-ə qədər məsihçi nikahındakı yüksək standartların müzakirəsini hələlik dayandıraq. Sadəcə onu qeyd edək ki, dünyaya məsihçiliklə bərabər insanların təsəvvür edə bilmədikləri əxlaq standartları daxil oldu.
İsa Məsihin Dağüstü Vəzi yəhudilərə məlum olan həqiqətləri xatırladırdı. Yəhudi müəllimlər insanlardan həmişə həqiqəti danışmağı tələb edirdilər. «Dünya üç şey üzərində dayanır: ədalət, həqiqət və sülh». «Rişxəndçi, ikiüzlü, yalançı və qeybətçi insanlar Allahın hüzurunda dayana bilməz». «Söz verib ona əməl etməyən şəxs bütpərəstə bərabərdir». Şammay məktəbinin təmsilçiləri həqiqətə o qədər bağlı idi ki, hətta nəzakət xatirinə nəyisə yalandan deməyi qadağan edirdilər. Məsələn, gəlin gözəl görünməsə də, ona «gözəlsən» demək qadağan idi. Yəhudi müəllimlər and içildiyi təqdirdə həqiqətə daha ciddi yanaşırdılar. Bu, Əhdi-Ətiqdə dəfələrlə vurğulanır: «Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz» (Çıxış 20:7) Bu əmrin təhqirlə heç bir əlaqəsi yoxdur. Lakin bu əmr öz sözünün həqiqət olduğunu təsdiqləmək üçün and içən, yaxud yalan danışmaq məqsədilə Allahı şahid çağıran insanı ifşa edir. «...bir kişi Rəbbə əhd edərək yaxud and içərək öhdəsinə nə isə götürərsə, verdiyi sözü pozmasın, ağzından çıxan hər şeyi yerinə yetirsin» (Saylar 30:2). «Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır» (Qanunun təkrarı 23:21).
Məsihin dövründə and içməyə mənfi təsir göstərən iki amil var idi.
Birincisi, tez-tez rast gəlinən yersiz and içmək idi. Yəni and içməyə ehtiyac olmadığı vaxtda and içilirdi. Hansısa bəyanatı andla bağlamaq adi bir hala çevrilmişdi: «Canına and olsun» və ya «Başına and olsun», yaxud «Yalan deyirəmsə, İsrail heç təsəlli tapmasın» və s. Ravvinlər adi bir fikri təsdiqləmək üçün istənilən andı günah və yersiz hesab edirdilər. «Saleh adamın dilində «bəli» «bəli», «xeyr» «xeyr» olmalıdır» — deyə onlar qeyd edirdilər.
Bu cür xəbərdarlıqların bu gün də yeri var. İnsanlar tez-tez mənasız şəkildə ən müqəddəs sözləri və ifadələri işlədirlər. Düşünmədən və hörmətsizcəsinə müqəddəslərin adlarını çəkirlər. Müqəddəs sözləri müqəddəs işlərdə istifadə etmək lazımdır. Yəhudilərdə bundan betər olan daha bir vərdiş var idi. Onu ikimənalı and adlandırmaq olar. Yəhudilər andları məcburi və qeyri-məcburi hissələrə bölürdülər. Allahın adının çəkildiyi istənilən and məcburi idi. Allahın adının çəkilmədiyi and isə qeyri-məcburi hesab olunurdu. Buna görə də, əgər insan Allahın adını çəkib and içərdisə, o, mütləq andını yerinə yetirməli idi. Əgər o, göyə və yerə, Yerusəlimə, yaxud başına and içərdisə, öz andını poza bilərdi. Bu səbəbdən ikimənalı and çox məharətlə istifadə olunurdu. Burada əsas fikir — Allahın adına and içilirdisə, onda O, andın iştirakçısı olurdu. Əksinə, Allahın adı çəkilmirdisə, onda məsələnin Onunla heç bir əlaqəsi olmurdu. İsanın nə demək istədiyi çox aydın görünür. İsa deyir ki, heç kim Allahın bu və ya digər məsələyə aidiyyəti olmadığını düşünə bilməz. Çünki Allah həmişə hər yerdədir. Göylər — Allahın taxtıdır. Yer — Onun ayaqlarının altındakı kətildir. Yerusəlim — Allahın şəhəridir. İnsanın başı da özünə məxsus deyil. Çünki o, bir dənə saçı belə ağ və ya qara edə bilməz. İnsanın həyatı da Allaha məxsusdur. Dünyadakı hər şey Allahındır. Buna görə Allahın adının çəkilib-çəkilməməsindən asılı olmayaraq, O, həmişə hər şeydə iştirak edir.
Burada danılmaz böyük həqiqət var: həyatı Allahın iştirak etdiyi və etmədiyi sahələrə bölmək olmaz. İmanlı cəmiyyətində bir cür danışıb, zavodda və ya ofisdə isə başqa cür danışmaq olmaz. İmanlı cəmiyyəti üçün bir, işgüzar münasibətlər üçünsə fərqli davranış qaydaları qoymaq olmaz. Allahı həyatının müəyyən sahələrində qəbul edib, digər sahələrində inkar etmək olmaz. O, hər yerdə, həyatın və işin bütün sahələrində mövcuddur. O, təkcə Ona yönələn və Onun adı ilə bağlı olan sözləri eşitmir. O, hər şeyi eşidir. İşgüzar münasibətlərdə Allahı təkzib edən bir sahə yoxdur. Əgər biz hər şeyin Onun hüzurunda səsləndiyini dərk etsək, onda bütün vədlərimizi müqəddəs hesab edəcəyik.
And içmək mövzusu belə əmrlə bitir: əgər insan ancaq «bəli» deməlidirsə, o, «bəli» deməlidir. Əgər insan yalnız «xeyr» deməlidirsə, onda «xeyr» deməlidir. Bundan artığı olmaz.
Əslində, insan heç vaxt həqiqəti təsdiqləmək üçün and içməməli və zəmanət verməməlidir. İnsan elə davranmalıdır ki, anda ehtiyac qalmasın. Onun özü və davranışı zəmanətə bərabər olmalıdır. Dahi yunan müəllimi və filosofu Sokrat belə demişdi: «İnsan elə həyat sürməlidir ki, onun həyatı anddan daha etibarlı olsun». İsgəndəriyyəli Kliment22 deyirdi: «Məsihçi elə həyat tərzi sürməli və özünü elə tanıtmalıdır ki, kimsə onu and içməyə məcbur etməsin». Kamil cəmiyyət o cəmiyyətdir ki, insandan səmimiliyinin və verdiyi bəyanatların təsdiqlənməsi üçün hər hansı and və zəmanət tələb etmir.
Belə olduğu halda, İsanın dediklərini, məsələn, məhkəmə prosesində şahid qismində belə, and içmək qadağası kimi qiymətləndirmək olar, yoxsa yox? And içməkdən imtina edən iki qrup insan var idi. Onlardan biri qədim yəhudi sektası — yesseylər idi. Tarixçi İosif Flavi onlar haqqında belə yazır: «Yesseylər öz dürüstlüyünə və sadiqliyinə görə məşhurdurlar. Onlar dünyaya vəz edirlər. Onların dedikləri anddan daha etibarlıdır. Onlar anddan qaçır və hesab edirlər ki, and içmək yalan şahidlik etməkdən betərdir. Onlar deyirlər ki, and içmədən hər hansı bir insanın sözünə güvənmək mümkün deyilsə, belə insan artıq mühakimə olunub». Bu sektadan başqa kvaker23 sektası da var idi. Kvakerlər heç bir halda and içmirdilər. Kvaker hərəkatının banisi Corc Foks andın yerinə «doğrusunu» sözünü istifadə edirdi. O yazırdı: «Mən sahibkar olduğum müddətdə heç vaxt kişi və ya qadına pislik etməmişəm. Mən bu xidmətdə olanda, fikrimi təsdiqləmək üçün «doğrusunu» sözündən istifadə etmişəm. Hamı deyirdi ki, əgər Corc Foks «doğrusunu» deyirsə, onda nəyisə əlavə etməyə ehtiyac yoxdur». Yesseylər qədimdə heç vaxt and içmirdilər. Kvakerlər bu gün də and içmirlər.
Sizcə, onlar düzgün hərəkət edirdilər? Həvari Paul bəzi vəziyyətlərdə and içirmiş kimi danışırdı. O, korinflilərə belə yazır: «Allah şahidimdir, canıma and olsun ki, indiyədək sizə qıymadığım üçün Korinfə gəlmədim» (2Korinflilərə 1:23). «Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm» (Qalatiyalılara 1:20). Bu halda Paul özü and içir. Əgər and içmək lazım gələrdisə, İsa Məsih bunun əleyhinə deyildi. Məhkəmə zamanı baş kahin İsaya belə dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» (Matta 26:63). Beləliklə, hansı vəziyyətdə and yolveriləndir? Gəlin ayənin ikinci hissəsinə diqqət yetirək. Müqəddəs Kitabda yazılıb ki, insan ancaq «bəli» ya da «xeyr» deməlidir. Bundan qalanı şər olandandır. Bu nə deməkdir? Bu, iki mənadan biri ola bilər.
Əgər insanın and içməsi vacibdirsə, bu, hər insanda yaşayan pislikdən qaynaqlanır. Əgər insanın daxilində pislik yaşamasa, onun and içməsinə heç bir ehtiyac yoxdur. Başqa sözlə, insandan and içmək tələbi insan təbiətində yaşayan şərdəndir.
İnsanda and içmək tələbi dünyanın korlanması ilə bağlı ola bilər. Kamil dünyada, Allahın Padşahlığında insandan and içməyi tələb etməyə, ümumiyyətlə, ehtiyac yoxdur. Bu tələb pisliyə düçar olmuş dünya ilə bağlıdır. İsa Məsih deyir ki, xeyirxah insanın and içməsinə ehtiyac yoxdur. Onun dediklərinin həqiqiliyi və vədlərin etibarlılığı belə bir zəmanət tələb etmir. Lakin and içmək ehtiyacı dünyanın şər və insanların nanəcib olmasının göstəricisidir.
Beləcə İsanın bu əmri üzərimizə iki öhdəlik qoyur. Biz elə olmalıyıq ki, insanlar bizim xeyirxahlığımızı görməli və bizdən heç vaxt and tələb etməməlidirlər. Bu dünyanı elə etməliyik ki, onda yalan və xəyanət olmasın. Bununla da and içmək tələbinə ehtiyac qalmasın.
Yalnız bəzi Əhdi-Cədid mətnləri bizə məsihçi əxlaq qaydalarını bu qanundan daha aydın göstərə bilər. Burada bir məsihçinin həyatını və davranışını tənzimləyən xüsusi məsihçi əxlaq qaydaları izah olunub.
İsa Məsih «gözə göz, dişə diş» deyən qədim Qanuna istinad edir. Bu prinsip Leks Talionis (Lex Talionis — lat.) və ya ədalətli qisas kimi məşhurdur. Buna bənzər bir qanun b.e.ə. 2285-2242-ci illərdə Babildə hökmranlıq etmiş padşahın adını daşıyan Hammurabi qanunudur. Hammurabi qanununda əməkçi və zadəgan arasında çox maraqlı fərq var idi: «Əgər insan zadəganın bir gözünün itirilməsində təqsirli idisə, o, bir gözünü itirməli idi. Əgər o, zadəganın hansısa bədən üzvünə zərər vurardısa, onun bədən üzvünə zərər vurulmalı idi. Əgər insan hansısa kasıbın gözünə və ya bədən üzvünə zərər vurardısa, o, bir mina gümüş verməli idi. Əgər o özü ilə eyni vəzifəli şəxsin dişinə zərər vurardısa, onun da dişinə zərər vurulmalı idi. Əgər o, kasıbın dişinə zərər vurardısa, onda üçdəbir mina gümüş ödəməli idi».
Prinsip çox sadə və tamamilə aydın idi: başqasına zərər vuran insan eyni zərərə məruz qalmalı idi.
Bu qanun Əhdi-Ətiqdə üç dəfə qeyd olunan əxlaq qaydalarının ayrılmaz hissəsi idi. «Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq, yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödəsin» (Çıxış 21:23-25). «Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin: sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun» (Levililər 24:19.20). «Belə adama rəhm etməyin, can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq ödənsin» (Qanunun təkrarı 19:21). Bu qanunlar çox vaxt Əhdi-Ətiq qanunlarının qəddarlığının və amansızlığının dəlili kimi göstərilir. Lakin onları tənqid etməzdən əvvəl qeyd etməli olduğumuz bəzi məqamlar var.
Leks Talionis qanunu: zərbəyə zərbə qanunu qəddar və amansız qanun deyil, əksinə, mərhəmətin ilk addımıdır. Şübhəsiz ki, onun ilkin məqsədi, qisasın qarşısını almaqdır. Qədimdə qan qisası böyük rol oynayırdı. Bir tayfanın üzvü digər tayfanın üzvünə ciddi zərər vurardısa, həmin tayfanın bütün üzvləri zərər vuran tayfanın bütün üzvlərindən qisas almağa çalışardılar. Bu qisas ölümlə nəticələnə bilərdi. Zərbəyə zərbə qanunu isə qisasın qarşısını alırdı. Bu qanuna görə yalnız zərər vuran insan cəzalandırılırdı. Bu qanuna tarixi baxımdan nəzər salsaq, o, amansızlıq deyil, mərhəmət qanunudur.
Bundan əlavə, bu qanun heç vaxt şəxsən qisas almaq ixtiyarı vermirdi. Bu qanuna görə hakim məhkəmədə cəzanın və cərimənin dərəcəsini müəyyən edirdi (Qanunun təkrarı 19:18 ilə müqayisə edin). Bu qanun şəxsən qisas aldığına görə insana zövq almaq ixtiyarı vermirdi. Bu qanun təcavüzə və ya ədalətsiz davranışa görə cəzanın dərəcəsini təyin etməkdən ötrü hakimlər üçün etalon idi.
Bu qanun ən azı yarım intibah dövrü keçmiş cəmiyyətdə həmişə tamlığı ilə icra olunmurdu. Yəhudi qanunşünasları iddia edirdilər ki, bu qanunu hərfi mənada icra etmək ədalətin təhrifi olardı. Çünki həyatda elə ola bilərdi ki, zərərçəkənin xarab dişi və ya əyri gözünün əvəzində zərər vuran sağlam gözündən və ya sağlam dişindən olardı. Buna görə də zərərin dəyəri pulla müəyyən edilməyə başladı. Yəhudi qanununda, Baba Kammanın traktatında vurulan zərər xırdalığına qədər müəyyən edilib. Əgər insan başqasını şikəst edirdisə, beş bəndə əsasən məsuliyyətə cəlb olunurdu: əlilliyə, ağrıya, müalicəyə, itirilən vaxta və təhqirə görə. Şikəst edilmiş adam satdığa qoyulmuş qul kimi idi. Onun zərərdən əvvəl və sonrakı dəyəri müəyyən edilir, eləcə də zərər vuran şəxs dəyər fərqini ödəyirdi. O, yaralanan şəxsin dəyər itkisinə görə məsuliyyət daşıyırdı. Ağrıya görə dəyər belə müəyyən edilirdi: adam vurulan zərərin ağrısına hansı məbləğin qarşılığında dözməyə hazırdır. Məsuliyyət daşıyan şəxs bu məbləği ödəməli idi. Müalicəyə görə dəyər isə xəsarət yetirən şəxsin zərərçəkən tam sağalana qədər bütün tibbi xərclərini ödəməsi idi. İtirilən vaxtın müəyyən edilməsi zərərçəkənin itirilən vaxtda əldə edə biləcəyi məvacibin ödənilməsinə əsasən idi. Bundan başqa, əgər zərərçəkən yüksək vəzifəyə malik idisə, xəsarət alandan sonra ona yalnız az maaşlı işlərə yararlı olacağına görə kompensasiya ödənilməli idi. Təhqirə görə təzminat məsələsinə gəldikdə isə, xəsarət yetirən şəxsin ödəyəcəyi dəyər zərərçəkənin xəsarət nəticəsində aldığı təhqirə bağlı idi. Beləcə Leks Talionisin prinsipinə əsasən müəyyən edilmiş kompensasiya təcrübədə çox müasir görünür.
Ən vacibi unutmamalıyıq ki, Əhdi-Ətiqin əxlaq qanunları yalnız qisas qanunlarından ibarət deyil. Əhdi-Ətiqdə mərhəmətə aid çağırışlar çoxdur. «Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama» (Levililər 19:18). «Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver» (Süleymanın məsəlləri 25:21). Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, onun əməlinin əvəzini verəcəyəm» (Süleymanın məsəlləri 24:29). «İzin versin, qoy sifətinə vursunlar, qoy ona doyunca böhtan atsınlar» (Mərsiyələr 3:30). Mərhəmət Əhdi-Ətiqdə kifayət qədər təbliğ olunur.
Beləliklə, qədimdə əxlaq dişə diş prinsipinə əsaslanırdı. Amma bu, ayrı-ayrı şəxslərə deyil, hakimlərin rəhbərliyinə aid olan mərhəmət qanunu idi. Gözə göz, dişə diş qanunu heç vaxt sözün həqiqi mənasında icra olunmurdu. Bu qanunda da mərhəmət qığılcımları var idi. Məsih isə qanunun bu prinsipini tamamilə təkzib edir. Çünki məsihçi həyatında qisasa yer yoxdur.
Beləliklə, İsa Məsih məsihçilər üçün intiqam qanununu ləğv edir, dözüm və səbir ruhunu aşılayır. Sonra İsa Məsih məsihçi ruhunda olan üç nümunəni misal gətirir. Bu nümunələri hərfi mənada qəbul etmək, onların həqiqi mənasını görməmək deməkdir. Buna görə də İsa Məsihin nə dediyini dərk etmək vacibdir.
O deyir ki, kimsə bizim sağ üzümüzə şillə vurarsa, biz digər üzümüzü çevirməliyik. Burada görə biləcəyimizdən daha dərin məna var.
Tutaq ki, insan digər insanla üzbəüz dayanaraq onun sağ üzünə zərbə vurmaq istəyir. Bunu sağ əli ilə necə etsin? Əgər o, fürsət tapıb cəld çevrilə bilməsə, onda zərbəsi zəif olacaq. Yaxud da o, əlinin üstü ilə zərbə vura biləcək. Lakin yəhudi ravvin qanunlarına əsasən əlinin üstü ilə vurulan zərbə əlinin içi ilə vurulan zərbədən ikiqat təhqiredici idi. Beləcə İsa Məsih deyir: «Əgər bir insan bilərəkdən sizi pis təhqir edirsə, heç bir halda qisas almayın və qəzəblənməyin».
Kimlərsə bizi tez-tez üzümüzdən vurmasa da, həyat bəzən bizi kiçik və ya böyük təhqirlərə məruz qoyur. İsa burada deyir ki, əsl məsihçi təhqirə münasibət bildirməməli və qisas barədə düşünməməlidir. İsa Məsih barədə deyirdilər ki, O, yeyib içməyi sevir. Onu vergiyığanların və günahkarların dostu adlandırırdılar. Bununla da demək istəyirdilər ki, O oturub-durduğu adamlar kimidir. İlk məsihçiləri adamyeyən və təhrikçi adlandırırdılar. Onları əxlaqsızlıqda, ədəbsizlikdə və həyasızlıqda ittiham edirdilər. Çünki məsihçilərin ibadətlərinin bir hissəsi Rəbbin süfrəsindən (başqa dildə məhəbbət süfrəsindən) ibarət idi. Şeftsberi qrafı kasıb və imkansızlara yardım edəndə, ona «ətrafındakı adamlar» tərəfindən hörmət edilməyəcəyi və İngiltərə hökumətinin «naziri olmaqdan həmişəlik imtina etməli olacağı» barədə xəbərdarlıq edildi. Uilberfors qulların azadlığı uğrunda mübarizə aparmağa başlayanda, onun haqqında şayiələr yayıldı: guya o, qəddar ərdir, öz həyat yoldaşını döyür və zənci ilə evlidir.
Bəzən imanlı cəmiyyətinin üzvlərindən kimsə vacib bir iclasa dəvət edilmədiyi, rəyasət heyətinə seçilmədiyi və ya təşəkkür edilən şəxslərin siyahısına daxil olmadığı üçün özünü «təhqir olunmuş hiss edir». Əsl məsihçi təhqir edilməyin nə olduğunu unudub. O öz Rəbbindən istənilən təhqiri qəbul etməyi, özündən çıxmamağı və heç vaxt qisas almamağı öyrənib.
Ardınca İsa Məsih deyir: «Əgər kimsə səni məhkəməyə verib köynəyini götürmək istəsə, ona üst paltarını da ver». Burada da gördüyümüzdən daha dərin məna var.
Xiton24 köynək pambıqdan və ya kətan parçadan tikilmiş uzun bir çuval və ya kətan paltar idi. Hətta ən kasıb insanın belə, dəyişik köynəyi var idi. Üst paltarı bir növ böyük ədyala bənzəyirdi. Adam onu gündüz paltar kimi geyir, gecə isə ədyal kimi istifadə edirdi. Yəhudilərdə belə geyim bir dənə idi. Yəhudi qanununa görə, xiton köynəyi girov kimi götürmək olardı. Amma üst paltarını götürmək olmazdı. «Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün?» (Çıxış 22:26.27). Bu əmr onu göstərirdi ki, insanın üst paltarını həmişəlik götürmək olmaz.
Beləliklə, İsa Məsih deyir: «Məsihçi heç vaxt öz haqqını tələb etməməlidir; o, heç vaxt öz haqqı barədə mübahisə etməməlidir; ümumiyyətlə, o düşünməməlidir ki, onun hansısa bir haqqı var». Bəzi insanlar daim öz haqlarını tələb edir, imtiyazlarından bərk yapışır və heç vaxt güzəştə getmirlər. Onlar məhkəmədə dava açır, onlara edilən kiçik bir qanunsuzluğa belə dözmürlər. Təəssüf ki, imanlı cəmiyyəti belə adamlarla doludur. Bu insanlar hələ də məsihçiliyin nə olduğunu başa düşməyiblər. Məsihçi öz haqları barədə deyil, öz borcu haqqında düşünməlidir; imtiyazları barədə deyil, öz məsuliyyəti haqqında düşünməlidir. O, hüquqlarının olduğunu tamamilə unutmalıdır. Həm imanlı cəmiyyətində, həm də onun xaricində öz hüquqları barədə sona qədər mübarizə aparan insan məsihçilikdən uzaqdır.
Sonra İsa deyir: «Kim sizi min addım yol getməyə məcbur edirsə, onunla iki min addım yol gedin».
Bunun arxasında işğal olunmuş ərazinin az məlum olan hissəsi dayanır. Məcbur etmək sözü yunan dilində aqqareiyeyn deməkdir. Bu sözün isə öz tarixçəsi var. O, fars dilindəki kuryer mənasını verən aqqareus sözündən götürülüb. Qədim farslarda o dövrdə maraqlı poçt sistemi var idi. Bütün yollar kiçik bir hissələrə bölünmüşdü. Hər yolun sonunda yeni at dayanırdı, at üçün su və yem, kuryer üçünsə qida var idi. Dayanacaqda nəsə çatışmasaydı, istənilən adamı kuryer və atlar üçün yemək, sığınacaq və kömək göstərməyə məcbur edə bilərdilər. Hətta növbəti dayanacağa qədər poçt məktublarını aparmağa da məcbur edərdilər. Belə məcburiyyət aqqareiyeyn adlanırdı.
Daha sonra bu söz işğalçılara xidmət göstərmək niyyəti ilə hər hansı bir məcburiyyət mənasını verdi. İşğal olunmuş ölkədə əhalini qida çatdırmağa, qalmaq üçün yer verməyə və yük daşımağa məcbur edirdilər. Bəzən istilaçılar insanları müəyyən işləri ən zalım və iyrənc şəkildə yerinə yetirməyə məcbur etmək hüququndan istifadə edirdilər.
İnsanlar həmişə nəyəsə məcbur edilməklə təhdid olunurdular. İsrail isə işğal olunmuş ölkə idi. Hər bir yəhudi hər an öz çiyni üzərində roma əsgərinin nizəsini hiss edə, romalılara xidmət etmək üçün ən ağır işlərə məcbur edilə bilərdi. İsa Məsihin Çarmıxını daşımaq üçün Kirenalı Şimonu da məhz belə məcbur (aqqareiyeyn) etmişdilər.
Beləliklə, İsa Məsih deyirdi: «Əgər müdiriniz sizi bələdçi kimi xidmət etməyə, ya da bir kilometr məsafədə yük daşımağa məcbur edərsə, bunu qəzəblə etməyin, yaxşı əhval-ruhiyyədə və həvəslə onunla iki kilometr yol gedin». Başqa sözlə desək: «Həmişə hər şeyi öz istədiyiniz kimi etməyi düşünməyin. Daima başqalarına xidmət etmək borcunuz barədə düşünün. Əgər sizə hər hansı bir iş tapşırılırsa, hətta bu iş sizə mənasız, dözülməz görünsə də, ondan zəhləniz getsə də, onu nifrət və ikrahla etməyin. Əksinə, ona qulluq edərmiş kimi məmnuniyyətlə yerinə yetirin».
İşi həmişə iki cür görmək olur: az iş görüb ondan nə qədər nifrət etdiyimizi göstərərək, ya da həvəslə və gülərüzlə yerinə yetirərək, hətta yaxşı formada. İşi təkcə bizdən gözlənildiyi kimi yox, onu gözləniləndən daha yaxşı icra etmək olar. Bacarıqsız işçi, incik qul, kobud köməkçi məsihçi həyat tərzi haqqında düzgün təsəvvürə malik deyil. Məsihçi istədiyi kimi davranmamalıdır. Kömək tələbi ədəbsiz, əsassız və eqoistcəsinə olsa da, o, yardım əlini uzatmaq barədə düşünməlidir.
Beləcə bu hissədə İsa Məsih şərq üslubunda üç əsas qaydanı izah edir: məsihçi təhqirin ağırlıq dərəcəsinə baxmayaraq, heç vaxt qəzəblənməz və qisas almaz. O, heç vaxt ona aid qanuni və ya digər hüquqlarını tələb etməz. Məsihçi heç vaxt istədiyi kimi hərəkət etməz. O, başqalarına kömək etməyə borclu olduğunu unutmaz. Belə olan halda, sual yaranır: «Biz bu tələblərə nə qədər cavab veririk?»
Sonda İsa tələb edir ki, bizdən nəsə diləyənə verək, bizdən borc istəyəni geri qaytarmayaq. Yəhudilərin Qanununa əsasən bəxşiş vermək gözəl əməldir. Bu əmr Qanunun təkrarı 15:7-11-ə əsaslanır: «Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın. Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin. Məbada «yeddinci il — borcların bağışlanma ili yaxındır» deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız. Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək. Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun».
Yeddinci il ifadəsi ilə bağlı olaraq, qeyd etmək lazımdır ki, yəhudilərdə hər yeddinci il bütün borclar bağışlanırdı. Buna görə də xəsis insanlar borc verməkdən boyun qaçırırdı ki, yeddinci ildə borc bağışlanmasın və malını itirməsin.
Yəhudilərin bəxşiş və ianə haqqında qanunları bu ayələrə əsaslanır. Bu səbəbdən yəhudi ravvinlər bəxşişi nizamlayan beş prinsipi tərtib ediblər.
Ehtiyacı olana rədd cavabı vermək olmaz. «Mərhəmətdən imtina edən şəxs bütpərəstin tayıdır». Əgər insan ehtiyacı olanı rədd edirsə, elə gün gələcək ki, onun da ehtiyacı olacaq. Bəlkə də əvvəl ondan istəyənə əl açacaq.
Verilən bəxşiş — bəxşiş edilənin xeyrinə olmalıdır. Qanunun təkrarı kitabında aydın yazılıb ki, insana ehtiyacına görə verilməlidir. Başqa sözlə desək, insanı aclıqdan qurtarmaq üçün minimum məbləğ deyil, əvvəlki kimi layiqli bir həyat tərzi sürə bilməsi üçün daha artığını vermək lazımdır. Deyirlər, Hillel elə bir qayda qoymuşdu ki, zadəgan ailəsindən olan müflisləşmiş oğula təkcə qida yox, həm də ona at və xidmət edən qul da verilməli idi. Bir dəfə Hillelin verəcək qulu olmayanda, o özü qul kimi xidmət etmişdi. İnsanı aclıqdan və kəskin ehtiyacdan qurtarmaq üçün lazım olandan artığını vermək düşüncəsində gözəl və nəcib bir şey var: bu da ehtiyacı və alçaltmanı aradan qaldırmaqdır.
Verilən bəxşiş fərdi və gizli şəkildə verilməlidir. Bu vaxt kənar adamlar iştirak etməməlidir. Ravvinlər iddia edirdilər ki, bəxşiş verilən zaman bəxşişi verən kimə verdiyini, bəxşişi alan da kimdən aldığını bilməməlidir. Məbəddə xüsusi bir yer var idi ki, insanlar oraya gəlib gizlicə öz ianələrini və sədəqələrini verirdilər. Bu bəxşişlər vaxtı ikən nəcib ailələrin rifahını yaxşılaşdırmaq və bu cür ailələrin qızlarına cehiz toplamaq üçün gizli şəkildə paylanırdı. Çünki onlar cehizsiz ərə gedə bilməzdilər. Yəhudilər bəxşişi və ya xeyriyyəçiliyi nüfuz qazanmaq, məşhur olmaq və özünü yüksəltmək məqsədilə verənlərə ikrahla yanaşırdılar.
Bəxşişin verilmə qaydası alanın xarakterinə və xasiyyətinə uyğun olmalıdır. Əgər bir şəxsin vəsaiti varsa, amma xərcləmək üçün çox xəsislik edirsə, ona bəxşiş verib, sonra borc kimi əmlakından geri tələb edirdilər. Əgər insan kömək diləmək üçün çox qürurlu idisə, ravvin İzmail onun yanına gedib belə deməyi tövsiyə edirdi: «Oğlum, bəlkə sənin borca ehtiyacın var?» Beləcə qüruruna görə ona güzəştə gedir, borcunu isə heç vaxt istəmirdilər. Əslində, bu, borc deyil, bəxşiş sayılırdı. Bir şəxsin kömək tələbini yerinə yetirə bilməməsi halında, yəni verəcəyi başqa bir şey olmadığı təqdirdə, insan ehtiyacı olana şəfqət göstərməli idi. Hətta rədd cavabı belə insanı incitməməli, ona kömək etməli idi. Bəxşiş elə verilməli idi ki, onun özü qədər təqdim etmək forması da insana kömək etsin.
Yəhudilərə görə, bəxşiş həm imtiyaz, həm də öhdəlik idi. Çünki istənilən bəxşiş insana deyil, Allahın özünə verilirdi. Ehtiyacı olana kömək etmək sadəcə azad seçim deyildi. Hər kəs ehtiyacı olana yardım göstərməli idi. Əgər o, köməkdən imtina edirdisə, onda Allahdan imtina etmiş olurdu. «Kim kasıba kömək edirsə, Allaha edir. Allah da onu xeyirxah işinə görə mükafatlandırır». «Göylər kasıblara mərhəmət göstərən hər kəsə mərhəmətlidir».
Sizcə, bu nəticəyə gələ bilərikmi ki, İsa Məsih insanlardan ayrı-seçkilik etmədən vermələrini tələb edir? Bu suala birmənalı cavab vermək olmaz. Aydın görünür ki, bəxşiş verənin ehtiyacı olana təsiri nəzərə alınmalıdır. Bəxşiş heç vaxt insanı tənbəlliyə və eqoistliyə yönəltməməlidir. Çünki bu cür bəxşiş ancaq zərər vura bilər. Eyni zamanda unutmamalıyıq ki, bir çox insan yalnız rəsmi kanallar vasitəsilə verəcəklərini deyəndə və ehtiyacı olanın şəxsən onlara müraciətlərinə cavab verməkdən imtina edəndə, deməli, heç verməmək üçün bəhanə axtarır, hər hansı bir şəxsə xeyriyyəçilik etməkdən üz çevirir. Eləcə də unutmamalıyıq ki, köməyə, həqiqətən, ehtiyacı olan bir nəfərdən üz çevirməkdənsə, fırıldaqçı-dilənçiyə kömək etmək daha yaxşıdır.
Məsihçi məhəbbətinin mənası
Yəhudi alimi Montefiori bu sətirləri Dağüstü Vəzin «əsas və ən vacib keçidi» adlandırır. Doğrudan da, Əhdi-Cədiddə məsihçilərin şəxsi münasibətlər etikasını bu qədər qısaca xülasə edən başqa bir hissə yoxdur. Sadə insan üçün bu hissə əsl məsihçiliyin təsviridir. Hətta Rəbbə iman etməyən insanlar da İsa Məsihin bunları dediyini bilirlər. Onlar tez-tez məsihçiləri İsanın bu tələblərindən uzaqda olduqlarına görə mühakimə edirlər.
Bu hissəni araşdırarkən, əvvəlcə biz Məsihin nə demək istədiyini və Öz ardıcıllarından nə tələb etdiyini aydınlaşdırmalıyıq. Əgər biz bu əmrə əsasən yaşamaq istəyiriksə, onda hər şeydən əvvəl Onun bizdən nə tələb etdiyini bilməliyik. Beləliklə, İsa düşmənlərinizi sevin deyəndə, nəyi nəzərdə tuturdu?
Yunan dili sinonimlərlə zəngindir. Yunan sözlərinin bütün mənalarını başqa dillərdə çox vaxt çatdırmaq mümkün deyil. Yunan dilində məhəbbət sözü dörd məna verir.
Birincisi, storqe ismi və sterqeyn feli ailə məhəbbəti mənasını verir. O, valideynlərin uşaqlara və uşaqların valideynlərə sevgisini əks etdirir. Qədim yunan filosofu Platon deyir ki, uşaq onu dünyaya gətirən valideynlərini, valideynlər də uşağını sevir (sterqeyn). Filemon isə deyir ki, atanın ürəyində sevgi varsa, övladına olan nəvazişi storqedir. Bu sözlər ailədə məhəbbəti ifadə edir.
İkincisi, eros ismi və eran feli kişinin qadına olan məhəbbətini əks etdirir. Bu, fiziki və ehtiraslı sevgidir. Yunan dramaturqu Sofokl erosu «dəhşətli, ehtiraslı istək» kimi səciyyələndirir. Bu sözlərdə pis heç nə yoxdur. Onlar sadəcə insan sevgisinin hərarətini göstərir. Lakin bu sözlər tədricən məhəbbət yox, şəhvət mənasını ifadə etdi. Əhdi-Cədiddə bu sözlərə, ümumiyyətlə, rast gəlinmir.
Üçüncüsü, filiya ismi və fileyn feli mövcuddur. Yunan dilində bu, məhəbbət haqqında ən zərif və səmimi sözləri bildirir. Onlar həqiqi məhəbbəti və həqiqi bağlılığı göstərir. Hot filountes bu, felin indiki zamanıdır, mənası — ən yaxın və ən sadiq dost deməkdir. Bu söz məşhur məsəldə istifadə olunur: «Allahların sevdiyi insanlar gənc yaşında ölür». Fileyn əzizləmək, öpmək mənasını verə bilər. Bu söz ali məhəbbətin zərif bağlılığını göstərir.
Nəhayət, aqape ismi və aqapan feli. Bu sözlər tükənməz xeyirxahlığı ifadə edir. (Yeri gəlmişkən, burada aqape sözü istifadə olunur). Əgər biz insanlara aqape məhəbbəti bəsləyiriksə, bu o deməkdir ki, onlar bizi nə qədər incitsələr də, təhqir etsələr də, ürəyimizdə onlara qarşı kin bəsləmirik. Əksinə, onlara tükənməz xeyirxahlıq göstərərək, yaxşılıq arzulayırıq. Burada bir neçə fikir yaranır.
İsa Məsih yaxınlarımızı və əzizlərimizi sevdiyimiz kimi düşmənlərimizi də sevməyi heç vaxt tələb etmədi. Onun burada istifadə etdiyi sözün başqa mənası var. Düşmənlərimizi, yaxınlarımızı və əzizlərimizi sevdiyimiz kimi sevmək həm mümkün deyil, həm də düzgün deyil.
Bəs əsas fərq nədən ibarətdir? Biz istəsək də yaxınlarımızı və əzizlərimizi sevməyə bilmərik. Adətən, biz deyirik: «Məhəbbət gözləmədiyin və düşünmədiyin vaxtda gəlir». O, ürəkdən gəlir. Düşmənlərimizə olan sevgi isə yalnız ürəkdən deyil, həm də iradəmizdən irəli gəlir. Bu bizim hisslərimizdən asılı olan bir şey deyil. Biz özümüzü buna məcbur etməliyik. Bu, insanı qəfildən üstələyən duyğu üzərində qələbədir.
Aqape — ürəkdən və qəfil gələn, heç nə edə bilməyəcəyimiz hiss deyil. Aqape ağıldan qaynaqlanan təmənnasız sevgidir. Bu bizi incidənlərə qarşı da yönəlir. Belə ki, biz onlara əvəzsiz xeyirxahlıq göstəririk. Bir nəfərin dediyi kimi, aqape xoşumuz gəlmədiyi və bizi sevməyən adamı sevməkdir. Biz aqapeyə yalnız İsa Məsih qəzəbə və sərtliyə üstün gəlməyimizə kömək edəndə, eləcə də bütün insanlara qarşı təmənnasız xeyirxahlıq bacarığı verəndə malik ola bilərik.
Buna görə də məsihçi aqape məhəbbəti insanlara istədiklərini etməyə və özbaşınalığa yol verməyə icazə vermir. Heç kim deyə bilməz ki, valideyni uşağına istədiyini etməyə icazə verirsə, deməli, onu sevir. Əgər biz insana həqiqi xeyirxahlıqla yanaşırıqsa, onda onu cəzalandırmalı, qarşısını almalı və özündən qorumalıyıq. Lakin bu o demək deyil ki, cəza qisas hissimizə əsaslanmalıdır. Cəza insanı yaxşıya doğru dəyişdirməlidir. Məsihçinin cəzalandırılmasında məqsəd intiqam yox, şəfadır. Cəza yalnız cəza tədbiri olmamalıdır, həmişə islah etməlidir.
Qeyd etmək lazımdır ki, İsa Məsih sevgi haqda bu əmri şəxsi münasibətlər üçün əsas kimi formalaşdırmışdır. Əksər insanlar bu hissəni pasifizmin apologiyası, beynəlxalq münasibətlərin əsasını təşkil edəcək bir mətn kimi istifadə edirlər. Əlbəttə, İsanın sözləri bu aspektə də aiddir. Lakin bu, ilk növbədə, ailəmizlə, qonşularımızla, gündəlik həyatda qarşılaşdığımız insanlarla şəxsi münasibətlərimizə aiddir. Təbii ki, hər gün görüşdüyümüz insanlarla münasibətlərdə sərtliyin və incikliyin olmadığı bir həyatı yaşamaqdansa, xalqlar arasında müharibə olmamasını iddia etmək daha asandır. Beləliklə, İsa Məsihin bu əmri ilk növbədə şəxsi münasibətlərə aiddir. Biz özümüzə belə deməliyik: «Bu əmr ən çox mənə aiddir».
Onu da demək lazımdır ki, bu əmr yalnız məsihçiyə aiddir. Çünki yalnız İsa Məsihin lütfü insana başqaları ilə münasibətdə təmənnasız xeyirxahlıq göstərməyə güc verir. İsa Məsih bizim ürəyimizdə yaşayanda kobudluq ölür, əvəzində məhəbbət yaranır. Bəzən deyirlər ki, insanlar Dağüstü Vəzdəki prinsiplərə əsasən yaşasaydılar, dünya kamil olardı. Ancaq təəssüf ki, İsa Məsihin köməyi olmadan heç kim bu prinsiplərə əsasən yaşaya bilməz. Məsihin əmrlərini yerinə yetirmək üçün bizə Məsih lazımdır.
Sonda (bəlkə də bu, ən vacibidir) qeyd etmək lazımdır ki, bu əmr insanların bizimlə istədikləri kimi davrana biləcəyini göstərmir, həm də onlar üçün nə isə etməyimizi tələb edir. Biz onlar üçün dua etməliyik. İnsan nifrət etdiyi biri üçün dua edə bilməz. İnsan Allaha üz tutanda və nifrət etdiyi birini Onun önünə gətirəndə, hər şey dəyişir. Allahın hüzurunda başqa insana nifrət bəsləyə bilmərik. Öz ürəyindəki qəddarlığa son verməyin ən gözəl yolu nifrət etmək istədiyimiz insan üçün dua etməkdir.
Məhəbbətin səbəbi
Biz İsa Məsihin bizə sevməyi əmr edəndə nəyi nəzərdə tutduğunu gördük. İndi isə, gəlin, Onun niyə bizdən bunu tələb etdiyinə baxaq. Beləliklə, İsa Məsih nə üçün insandan təmənnasız xeyirxahlıqdan irəli gələn məhəbbət göstərməyi tələb edir? Cavab çox sadədir: çünki belə bir məhəbbət insanı Allaha bənzədir. İsa Allahın yer üzündəki işlərini təcəssüm etdirir. Biz onu da görürük ki, Allah hər kəsə təmənnasız xeyirxahlıqla yanaşır. Allah günəşini həm pislərin, həm də yaxşıların üzərinə doğurur. Yağışını həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Ravvin Yeşua ben Nehemya deyirdi: «Siz yağışın salehin tarlasına yağdığını, saleh olmayanın tarlasına isə yağmadığını görmüsünüzmü? Yaxud da günəşin saleh olan İsrailin üzərinə doğduğunu, bütpərəstlərin isə üzərinə doğmadığını görmüsünüzmü? Allah günəşə əmr edir ki, İsrail kimi bütün millətlərin də üzərinə doğsun. Çünki Allah hər kəsə xeyirxahdır». Allahın həm günahkarlara, həm də salehlərə olan xeyirxahlığı yəhudi ravvinin ürəyinə toxunmuşdu.
Qırmızı dənizdə ölən misirlilər haqqında belə bir ravvin hekayəsi mövcuddur. Misirlilər dənizdə batanda, mələklər qələbə ilahisi oxuyurdular. Lakin Allah kədərlənərək demişdi: «Əllərimin işi dənizdə batır, sizsə önümdə oxuyursunuz». Allahın məhəbbəti belədir: O, əlləri ilə yaratdığı varlığın məhvini görməkdən zövq almır. Zəbur kitabında belə yazılıb: «Ya Rəbb, hamının gözü Sənə baxır, vaxtlı-vaxtında onlara azuqə verirsən. Əlini açırsan, bütün canlıları doyunca yedirirsən» (Zəbur 145:15,16). Öz ürəyini yaralayanlara belə Allah böyük lütf göstərir. İsa deyir ki, «Səmadakı Atamızın övladları» olmaq üçün bizdə məhəbbət olmalıdır. Qədim ibrani dilində sifətlər yoxdur. Bu səbəbdən də yəhudilər sifət əvəzinə oğul sözünün yiyəlik halını istifadə edirlər. Məsələn, sülh oğlu — yəni sakit, sülhpərvər insan; təsəlli oğlu — təsəlli verən deməkdir; buna görə də Allahın Oğlu Allaha bənzər deməkdir. Allah xeyirxah olduğuna görə biz də elə olmalıyıq. Əgər bizdə bu xeyirxahlıq varsa, deməli, biz Allah övladına, Allah adamına bənzəyirik. Burada Əhdi-Cədiddə olan ən çətin başa düşülən cümlələrin açarı var. Bununla da bu fikir yekunlaşır. İsa Məsih dedi: «Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun». İlk baxışdan elə təəssürat yaranır ki, bu əmrin bizə heç bir aidiyyəti yoxdur. Axı heç birimiz düşünmürük ki, kamil ola bilərik.
Kamil sözü yunan dilində teleyosdur. O, çox vaxt yunanca tamamilə spesifik mənada istifadə olunur. Onun mücərrəd, fəlsəfi, metafizik mükəmməlliklə heç bir əlaqəsi yoxdur. Teleyos, əslində, Allaha məqbul olan qurbandır, yəni bu qurban qüsursuzdur. Yeniyetmədən fərqli olaraq boya-başa çatan insan da teleyosdur. Öz təhsilinə yeni başlayan tələbədən fərqli olaraq, ixtisasında yetkin bilik əldə edən tələbə də teleyosdur. Başqa sözlə, yunanların kamillik barədə təsəvvürləri fəaliyyətlə bağlıdır. Onlar nəzərdə tutulduğu və hazırlandığı funksiyanı tamamilə yerinə yetirən hər hansı bir əşyanı mükəmməl hesab edirdilər. Əslində, bu sözün və teleyos sifətinin mənası telos ismindən yaranıb. Bu da son, hədəf, niyyət və təyinat deməkdir. Əgər əşya təyin olunduğu məqsədi yerinə yetirirsə, o, teleyos kimi xarakterizə olunur. Əgər insan hansı məqsədlə yaradıldığını, yer üzərinə hansı məqsədlə göndərildiyini başa düşürsə və həmin məqsədi yerinə yetirirsə, o kamildir. Sadə bir bənzətməyə baxaq: tutaq ki, evimdə hansısa bir qayka boşalıb və mən onu bərkitmək istəyirəm. Buna görə də mağazaya gedib qayka açarı alıram. Qayka açarı əlimə yatır, yəni o, nə böyük, nə balaca, nə kobud, nə də hamardır. Sonra mən qayka açarını qaykaya taxanda, görürəm ki, tam onun ölçüsündədir. Daha sonra qaykanı burub onu bərkidirəm. Yunanların, eləcə də Əhdi-Cədid müəlliflərinin təsəvvürünə görə, bu açar teleyosdur. Çünki mənim üçün lazım olan işi yerinə yetirdi. Beləliklə də, təyin olunduğu məqsədi icra edən insan teleyos olacaq. Bəs insan hansı məqsədlə yaradılıb? Müqəddəs Kitab bu barədə çox aydın yazır. Allah insanı yaradanda bu sözləri dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq» (Yaradılış 1:26). İnsan Allahın surətində olmaq üçün yaradıldı. Tanrının özəl xüsusiyyəti Onun təmənnasız və sonsuz xeyirxahlığı, hər insanın rifahı üçün daimi qayğıkeşliyidir. Allah həm salehi, həm də günahkarı sevir. İnsanın Ona necə münasibət göstərməsindən asılı olmayaraq, Allah hər bir kəsin yaxşılığını düşünür. Beləliklə, insan öz gündəlik həyatında daima bağışlayırsa və fədakarcasına xeyirxahlıq göstərirsə, Allaha bənzəyir. O, Əhdi-Cədiddə vurğulanan mənaya uyğun olaraq kamilliyə çatır. Sadə sözlə desək, o kəs kamildir ki, insanların daha çox qayğısına qalır.
Müqəddəs Kitabın təlimi ondan ibarətdir ki, biz Allahın surətinə bənzəyəndə əsl insan olacağıq. İnsanların bizə olan münasibətindən asılı olmayaraq, onları sevməyimiz və qayğılarına qalmağımız bizi Allaha bənzər edir. Biz Allah kimi bağışlayanda və sevəndə məsihçi kamilliyinə çatırıq.