Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 4-cü fəsil

V. Barklinin şərhləri

4-cü fəsil

1-11

İSANIN SINAĞA ÇƏKİLMƏSİ (Matta 4:1-11)

İsa Məsihin sınağını araşdırmazdan əvvəl sınaq sözünün mənasını başa düşmək lazımdır. Yunan dilində buna peyradzeyn deyilir. Sınaq sözünün mənası kimisə pis əməllərə, günaha və yanlış yola təhrik etməkdir. Lakin peyradzeyn yunanlarda tamamilə başqa mənanı verirdi. Bu söz azdırmaq ifadəsindən daha çox yoxlamaq mənasını verir.

Əhdi-Ətiqin böyük hekayələrindən birində İbrahimin yeganə oğlu İshaqı qurban gətirməsi haqqında əhvalat var. Müqəddəs Kitabda bu hekayə belə başlayır: «Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi» (Yaradılış 22:1). Təbii ki, bu mətndə sınamaq sözü pis əməllərə təhrik etmək mənasını vermir. Allahın insanı cinayətkara çevirməyə çalışdığını təsəvvür etmək olmaz. Ancaq biz bu sözü «Bir müddət sonra Allah İbrahimi yoxlamaq istədi» fikri ilə ifadə etsək, hər şey aydın olar. İbrahimin imanının ali sınaqdan keçmə vaxtı gəldi. Metal istifadə olunmazdan əvvəl daha yüksək gərginliklə sınandığı kimi, insan da Allahın onu Öz məqsədi üçün istifadə etməsindən əvvəl sınaqdan keçməlidir. Yəhudilərin belə bir atalar sözü var: «Müqəddəs Allah (qoy adı daima uca tutulsun) kimisə sınamamış heç kimi yüksəltməz. Kim sınağa tab gətirərsə, Rəbb onu ucaldar».

Bu atalar sözündə böyük həqiqət var. Sınaq günaha itələmək demək deyil. Sınaq bizi hazırlıqlı edir. O bizi zəiflətməməlidir, əksinə, daha güclü və gözəl etməlidir. Sınaq — cəza deyil, Allahın Öz məqsədi üçün istifadə etmək istədiyi insanı yoxlamasıdır.

Daha sonra bu sınağın harada baş verdiyini müəyyən etməliyik. Bütün bunlar səhrada baş verdi. Mərkəzi düzənlik olan Yerusəlimlə Ölü dənizin arasında səhra yerləşir. Bu səhra İsrailin böyük hissəsini tutur. Əhdi-Ətiqdə həmin yer Yeşimon adlanır. Mənası «Məhv» deməkdir. Bu ad həmin yerə çox uyğundur. Səhra yüz kvadrat kilometrdən artıq sahəni əhatə edir.

Bu düzənliyi gəzən ingilis arxeoloq və assiroloq Corc Adam Smit onu sarı qum, qırılmış əhəng daşı və çınqıllarla örtülmüş bir sahə kimi təsvir edir: təpələr toz yığınlarına bənzəyir; əhəngdaşı çanaqlardadır və çanağın qabıqları soyulur; çılpaq qayaların kənarlarında kəskin çıxıntılar var. İnsan və ya at həmin səhrada addımlayanda, torpaq ayaq altında şaqqıldayır. O, odlu soba kimi istidir. Səhra Ölü dənizə qədər uzanır. Orada bir neçə yüz metr hündürlüyündə möhkəm yarğan və dik qayalarla kəsilir.

Bu səhrada İsa heç yerdə olmadığı kimi tənhalığa qapıla bilərdi. İsa səhraya yollandı ki, təkbaşına qalsın. Orada Allah Onunla danışdı. Səhrada O, Allahın Ona tapşırdığı xidməti necə yerinə yetirmək haqqında düşünmək istəyirdi. Xidmətə başlamazdan əvvəl hər şeyi nizama salmaq və Ona tənha qalmaq lazım idi.

Axı bəzən biz tələb olunan şeyi düzgün yerinə yetirmirik. Çünki təkliyə çəkilməyə çalışmırıq. Bəzi şeyləri insan təklikdə etməlidir. Hərdən kiminsə məsləhəti fayda vermir. Bəzən insan fəaliyyətini dayandırmalı və düşünməlidir. Bəlkə də biz çox səhvləri Allahla təklidə qalmadığımıza görə edirik.

MÜQƏDDƏS HEKAYƏ (Mata 4:1-11 (ardı))

Sınaq barədə araşdırmaya başlamazdan əvvəl bir neçə məqamı qeyd etmək lazımdır:

  1. Belə təsəvvür yaranır ki, üç Müjdənin müəllifi İsa Məsihin vəftizindən dərhal sonra sınağın başladığını vurğulamaq istəyib. Markda deyilir ki: «Ruh dərhal İsanı səhraya çəkib apardı» (Mark 1:12). Həyatın ən böyük həqiqətlərindən biri xüsusi məqamın reaksiya ilə yekunlaşmasından ibarətdir. Çox vaxt təhlükə müqavimət reaksiyası ilə nəticələnir. Belə hadisə İlyas peyğəmbərin həyatında baş vermişdi. İlyas təkbaşına cəsarətlə Baalın peyğəmbərlərinə qarşı çıxdı və Karmel dağında onlara üstün gəldi (1Padşahlar 18:17-40). Bu, İlyasın cəsarətinin və müdrikliyinin böyük məqamı idi. Lakin Baal peyğəmbərlərinin öldürülməsi ləyaqətsiz İzevelin qəzəbinə səbəb oldu və o, İlyasa hədə-qorxu gəldi. «İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi»(1Padşahlar 19:3). Cəsarətlə bütün rəqiblərinə qarşı duran insan indi öz canını qurtarmaqdan ötrü qorxudan qaçırdı. Müqavimət vaxtı gəlib çatdı. Görünür, hər bir yüksək gərginlikdən və qarşıdurmadan sonra süqut həyatın qanunudur. İsanı sınağa çəkən hücum üçün çox dəqiq vaxt seçdi. Amma İsa ona qalib gəldi. Yaxşı olar ki, həyat bizi yüksəyə qaldıranda, həmin an xüsusilə ehtiyatlı olaq. Çünki məhz həmin vaxt süquta uğramaq təhlükəsi daha böyük olur.

  2. İsanın keçdiyi bu sınağa səthi baxmayın: mübarizə Onun həm ürəyində, həm ağlında, həm də canında gedirdi. Məsələ burasındadır ki, bütün dünyanın padşahlıqlarını göstərən elə bir zirvə yoxdur. Bu, daxili görüntü idi.

İblis, adətən, ən məxfi fikir və istəklərimizlə bizə yaxınlaşır. Onun hücumu bizim ağlımızda başlayır. Həqiqətən, bu hücum o qədər real ola bilər ki, biz sanki iblisi görə bilərik. Almaniyada Vartburq qalasında Martin Lüterin otağının divarındakı mürəkkəb ləkəsini bu gün də görmək olar. O, Lüterin onu sınağa çəkən iblisə atdığı mürəkkəbqabından qalan ləkədir. Amma iblisin gücü yalnız hücumdan və qarşıdurmamızı sındırmaqdan ibarətdir. O bizim gizli fikir və arzularımızda özünə müttəfiq və silah tapır.

  1. Bundan başqa, İsa Məsihin birdəfəlik iblisə qalib gəldiyini və bir daha Ona hücum etmədiyini düşünmək olmaz. Peter Filip Qeysəriyyəsində İsanı Çarmıxda əzab çəkmək fikrindən daşındırmağa cəhd edəndə, iblis yenidən İsaya yaxınlaşdı. İsa Peterə səhrada Onu sınağa çəkənə cavab verdiyi kimi dedi: «Çəkil qarşımdan, Şeytan!» (Matta 16:23) Bütün bunlardan sonra İsa Öz şagirdlərinə deyə bildi: «Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz» (Luka 22:28). Tarixdə Getsemani bağında iblisin İsa Məsihi Çarmıxa getməkdən yayındırmağa çalışmasından daha böyük sınaq yoxdur (Luka 22:42-44).

«Əbədi sayıqlıq — azadlığın dəyəridir». Məsihçilərin döyüşdə məzuniyyəti yoxdur. Bəzən insanlar qəzəblənir, çünki elə hesab edirlər ki, sınağın təsir göstərə bilməyəcəyi və iblisin həmişəlik məğlub olacağı səviyyəyə çatmalıdırlar. Lakin İsa heç vaxt bu səviyyəyə çatmadı. O, başlanğıcdan sona qədər mübarizə aparmalı idi. Buna görə də mübarizəmizdə yalnız İsa bizə kömək edə bilər.

  1. Bu hadisədə xüsusilə bir məqam çox vacibdir: sınaqlar müstəsna hakimiyyətə malik olan və bunu dərk edən Şəxsə yaxınlaşır. İsaya hücum edən sınaqlar Özünün möhtəşəm işlər edə biləcəyinə əmin olan Şəxsə yaxınlaşır.

Yadda çıxarmaq olmaz ki, sınaq tez-tez ənam və bacarıqlarımız vasitəsilə gəlir. Gözəl nitqə malik olan insan öz hərəkət və davranışlarına bəraət qazandırmaq üçün sözlərinin gücündən istifadə etmək istəyi ilə sınanır. Dərin zehni istedadı olan insan ənamlarını başqalarının maraqları üçün deyil, öz mənafeyindən ötrü istifadə etmək istəyi ilə sınağa çəkilir. Nə qədər kədərli olsa da, bu, bir reallıqdır ki, sınaq bizə məhz güclü tərəfimizlə pusqu qurur. Buna görə də mütləq ayıq-sayıq olmalıyıq.

  1. Səhradakı sınaq barədə hekayəni oxuyan şəxs elə fikirləşə bilər ki, bunu İsanın Özü danışmalı idi. O, səhrada tənha idi. O, mübarizə aparanda, yanında heç kim yox idi. İsa şagirdlərinə bu hekayəni danışdığı üçün biz bundan xəbərdarıq. Burada İsa Özü bizə ruhani tərcümeyi-halını danışır. Bu hekayəyə həmişə xüsusi ehtiramla yanaşmaq lazımdır. Çünki burada İsa Öz ürəyinin sirlərini paylaşır. O, insanlara Öz yaşadıqlarından bəhs edir. Bu, bütün hekayələrdən ən müqəddəsidir. Çünki bu hekayədə İsa sınaqlara məruz qalan hər kəsə kömək edə biləcəyini deyir. Axı O Özü də bu sınaqlardan keçib. Mübarizəmizdə bizə kömək etmək üçün O Öz mübarizəsindəki sirləri açıqlayır.

YOLDAN ÇIXARANIN HÜCUMU (Matta 4:1-11 (ardı))

Sınağa çəkən iblis İsaya üç tərəfdən hücum edir.

  1. O, İsanı daşı çörəyə çevirməklə sınayır. Səhrada çoxlu çörəyə oxşayan yumru əhəngdaşı parçaları var idi. Bu, İsanı tamahlandıra bilərdi.

Burada İsa Məsih ikiqat sınağa məruz qalır: səlahiyyətindən Öz məqsədi üçün istifadə etmək. İsa həmişə səlahiyyətindən Öz məqsədi üçün istifadə etməkdən imtina edir. İnsan daim Allahın ona verdiyi ənamdan şəxsi mənafeyindən ötrü istifadə etmək sınağı ilə üzləşir.

Allah bütün insanlara ənam verir. Ənam barədə hər kəs özünə iki sualdan birini verməlidir: «Bu ənamla özüm üçün mən nəyə nail ola bilərəm?» ya da «Bu ənamla mən başqalarına necə xidmət edə bilərəm?» İnsan bu sınaqla ən adi şeylərdə rastlaşa bilər. Məsələn, yaxşı səsi olan bir nəfər səsi ilə ya pul qazanmağa qərar verir, ya da pul verilməyən yerdə səsindən istifadə etmir. Əlbəttə, kimsə deyə bilməz ki, o, səsi ilə pul qazanmasın. Sadəcə yaxşı olardı ki, həmin adam səsindən yalnız pul qazanmaq üçün yararlanmasın. Elə bir insan yoxdur ki, Allahın verdiyi bacarığı öz məqsədi üçün istifadə etmək istəməsin.

Lakin İsanın rastlaşdığı sınağın başqa tərəfi də var idi: O, Allahın Məsihi idi və İsa bunu bilirdi. Səhrada O, insanları Allaha tərəf döndərəcək yol seçməli idi. Tanrı tərəfindən Ona verilən tapşırığı yerinə yetirmək üçün O, hansı yolu seçməli idi? Görüntünü və xəyalı necə həyata keçirməli idi?

İnsanları ardınca aparması üçün asan yollardan biri bu idi ki, İsa onlara maddi sərvət və çörək versin. Məgər tarix bizə bunu göstərmirmi? Məgər Allah Öz xalqına səhrada göydən manna vermədimi? Məgər Allah «Sizə göydən çörək yağdıracağam» demədimi? Məgər gələcək Qızıl Dövr görüntüsünün xəyalı bu deyildimi? Məgər Yeşaya peyğəmbər «Onlar nə ac, nə də susuz qalacaq» söyləmədimi? (Yeşaya 49:10). Məgər Məsihin ziyafəti Əhdi-Ətiq və Əhdi-Cədid dövrü arasında Səmavi Padşahlıq barədə arzunun ayrılmaz hissəsi deyildimi? Əgər İsa Məsih insanlara çörək vermək istəsə idi, Onun bunun üçün kifayət qədər bəraəti olardı.

Amma insanlara çörək vermək ikiqat səhv olardı. Birincisi, bu, insanları ardınca aparmaqdan ötrü onları ələ almaq demək idi. Bu halda, insanlar yalnız Ondan ala biləcəklərinə görə ardınca gedəcəkdi. Halbuki İsa Çarmıxdan başqa mükafat vəd edə bilməzdi. O, insanları almağa deyil, verməyə öyrədirdi. İnsanlara maddi sərvətlə xidmət etmək İsanın onlara verəcəyi təlimdən imtina etmək idi.

İkincisi, bu, xəstəliyin özünü deyil, əlamətlərini aradan qaldırmaq idi. İnsanlar ac idilər. Ancaq məsələ onların nə üçün ac olmasında idi. Bəlkə bu onların şəxsi səhvləri, acizliyi və ya laqeydliyindən irəli gəlirdi? Yaxud bu, birinin eqoistliklə daha çoxa sahib olması, digərinin isə daha aza malik olmasının nəticəsi idi? Aclığa şəfa verməyin yolu — onun səbəblərini aradan qaldırmaqdır. Səbəb isə insanların ürəyindədir. Bundan əlavə, maddi sərvətlə insanların ürəyinin aclığını doydurmaq olmaz.

Buna görə də İsa iblisə Allahın Öz xalqına səhrada öyrətmək istədiyi sözlərlə cavab verdi: «İnsan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar» (Qanunun təkrarı 8:3). Odur ki, Allahdan asılı olduğumuzu dərk etməklə həyatımız üçün tam təminat əldə edirik.

  1. Onda iblis öz hücumuna digər tərəfdən davam etdi. O, görüntü vasitəsilə İsanı Məbədin qülləsinə qaldırdı. Bu ifadə iki mənadan birinə malik ola bilər.

Məbəd Sina dağının başında yerləşirdi. Dağın zirvəsi hamarlanmış və Məbədin bütün binaları bu sahədə inşa edilmişdi. Süleymanın həyəti və binaya yapışıq sütunlu eyvanı eyni küncdə birləşmişdi. Burada yüz əlli metr yüksəklikdəki dağ Qidron vadisi ilə kəsişirdi. Niyə İsa Məbədin qülləsinə qalxıb Özünü aşağı atmasın və sağ-salamat vadiyə enməsin ki? İnsanlar buna bənzər şey edən adamın ardınca gedər və təəccüblənərdilər.

Məbədin qülləsində meydança var idi. Hər səhər kahin həmin meydançada şeypurla durub günəşin Qidron vadisindən ilk şüalarının yüksəlməsini gözləyirdi. Dan yeri söküləndə o, şeypurla car çəkir, insanlara səhər qurbanı barədə xəbər verirdi. Niyə İsa Məsih oradan məbədin həyətinə tullanıb insanları ardınca gəlməyə təəccübləndirməsin ki? Məgər Malaki peyğəmbər «Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək» demədimi? (Malaki 3:1) Məgər Allah adamına görə Rəbb Öz mələklərinə əmr etmədimi ki, onu əlləri üstündə aparsınlar və ona heç bir zərər dəyməsin? (Zəbur 91:11-12) Yalançı məsihlər buna görə məhz bu üsuldan istifadə edirdilər. Onlardan biri Fevda camaatı şəhərdən çıxardıb vəd etdi ki, onun sözü ilə İordan çayı yarılacaq. Məşhur misirli fırıldaqçı demişdi ki, onun sözü ilə Yerusəlimin divarları çökəcək (Həvarilərin İşləri 21:38). Deyirlər ki, cadugər Şimon havada uçmağa söz vermişdi, elə ilk cəhdində də öldü. Bütün bu yalançılar icra edə bilmədikləri sensasiyalara vəd vermişdilər. İsa isə vəd verdiyi hər şeyi yerinə yetirə bilərdi. Niyə də bunu etməsin?

İsa Məsihin bunu etməməsi üçün iki səbəbi var idi. Birincisi, insanları özünə cəlb etməkdən ötrü möcüzə vəd edən yolun sonu yoxdur. Çünki hakimiyyəti və səlahiyyəti öz əlində saxlamaq üçün daha yeni və qeyri-adi işlər etmək lazımdır. Möcüzələr getdikcə adiləşir. Bu ilin sensasiyası növbəti ildə əhəmiyyət kəsb etmir. Sensasiya üzərində qurulan təbliğat uğur gətirmir. İkincisi isə, Allahın gücünü bunun üçün istifadə etmək olmaz. «Allahın Rəbbi sınamayın» (Qanunun təkrarı 6:16). Bu sözlərlə İsa Məsih demək istəyirdi ki, hara qədər gecə biləcəyimizi yoxlamaq mənasızdır; ehtiyac olmadan özünü təhlükəyə atmaq, sonra da Allahın xilasını gözləmək mənasızdır.

Allah Ona sadiq qalmaq üçün risk edən insana bəraət qazandırır. O istəmir ki, insan öz nüfuzunu yüksəltməkdən ötrü riskə getsin. Möcüzələrə və xariqələrə əsaslanan iman həqiqi iman deyil. Sensasiya görmədən iman etməyən adam əsl imana malik deyil. Onun imanı şübhələrdən ibarətdir. O, lazım olmayan yerdə sübut axtarır. Allahın xilasedici qüvvəsi ilə eksperiment aparmaq və oynamaq olmaz. Allahın qüdrətinə gündəlik həyatda güvənmək lazımdır.

İsa sensasiyanı inkar etdi. Çünki O bilirdi ki, bu gün olduğu kimi bu, fəlakət yoludur.

Buna görə də sınağa çəkən iblis üçüncü hücuma əl atdı. İblis dedi: «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». Məgər Allah seçilmiş xalqına «Məndən istə, onda irs olaraq millətləri, mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm» demədimi? (Zəbur 2:8)

Əslində, iblis demək istəyirdi ki, «Kompromisə get və mənim şərtlərimi qəbul et! Öz tələblərini irəli sürmə! Qüsura barmaqarası bax, onda camaat Səni izləyəcək». Bu, Allahın tələblərini dünyaya güzəştsiz iddia etmək əvəzinə, dünyanın tələbini qəbul etməkdir. Bu sınaq irəliyə can atıb geriyə addım atmaqdır; dünyaya uyğunlaşaraq onu dəyişmək cəhdidir. Cavabında İsa dedi: «Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et» ­(Qanunun təkrarı 6:13). İsa tamamilə əmin idi ki, şərlə saziş bağlayaraq ona qalib gəlmək olmaz. O, güzəştsiz məsihçi imanını bəyan etdi. Məsihçilik dünyanın səviyyəsinə enə bilməz. Əksinə, məsihçilik dünyanı öz səviyyəsinə qaldırmalıdır. Beləcə İsa Öz seçimini etdi. O, heç vaxt insanları ələ almaqla Öz ardınca aparmamalı idi. Sensasiya yolu — Onun yolu deyildi. Onun təbliğ və tələb etdiyi imanda güzəştə yer olmamalı idi. Bu, qəti olaraq Onun Çarmıxı seçməsi demək idi. Çarmıx isə qaçılmaz son qalibiyyət deməkdir.

12-17

ALLAHIN OĞLU İRƏLİ GEDİR (Matta 4:12-17)

Tezliklə vəftizçi Yəhyanın başına bədbəxtlik gəldi. O, padşah Hirod tərəfindən həbs olundu və Maxeron qalasında zindana atıldı. Yəhya izdiham arasında Hirodu öz arvadını boşayaraq qardaşının arvadını yoldan çıxardığına görə məzəmmət etmişdi. Şərq zülmkarını ifşa etmək təhlükəli idi. Vəftizçi Yəhyanın cəsarəti əvvəlcə onu zindana, sonra ölümə apardı. Bir qədər sonra biz Matta 14:3-12-də bu hadisəyə qayıdacağıq.

İsa Məsihin Öz tapşırığını yerinə yetirmək vaxtı gəlib çatdı.

Gəlin Onun ilk nə etdiyinə diqqət yetirək: O, Nazareti tərk edib Kefernahuma yerləşdi. Burada hansısa rəmzi məna var. İsa Öz evini tərk etdi və bir daha geri dönmədi. Qarşısındakı qapını açmazdan əvvəl O, arxasındakı qapını bağladı. Bu, köhnədən yeniyə qəti keçid idi; bir mərhələ bitdi və yenisi başladı. Bəzən həyatda da belə qəti qərar verilməli məqamlar olur. İki vəziyyət arasında tərəddüd etməkdənsə, kəsib atmaq daha yaxşıdır.

İsa Məsihin Qalileyaya getdiyinə diqqət yetirin. İsa Öz xidmətinə başlamaq üçün təsadüfən ora getmədi. Qalileya — İsrailin şimal bölgəsi idi. O, şimalda Litaniya çayından cənubdakı İzreel düzənliyinə və ya Ezdrelona qədər uzanırdı. Qalileya qərbdə Aralıq dənizi sahillərinə çatmırdı, çünki sahil zolağı finikiyalıların ixtiyarında idi. Qalileya şimalda Suriya, şərqdə isə Qalileya dənizinin suları ilə həmsərhəd idi. Qalileyanın ərazisi böyük deyildi: şimaldan cənuba qədər səksən kilometr, qərbdən şərqə qədər isə qırx kilometrə yaxın idi.

Lakin buna baxmayaraq, Qalileyanın əhalisi çox idi. Bura İsraildə ən bəhrəli torpaq sayılırdı. Torpağının münbit olması əfsanəvi və qeydi-adi idi. O vaxt belə bir atalar sözü var idi: Qalileyada zeytun ağaclarından ibarət meşə salmaq Yəhudeyada uşaq böyütməkdən daha asandır. Bir zamanlar Qalileya əyalətinin rəhbəri olan İosif Flavi yazırdı: «Bura bütün növ ağacların böyüdüyü tarla və otlaqlarla zəngindir. Hətta kənd təsərrüfatına maraq göstərməyən insanlar da bu yerdə işləməyə hazırdırlar. Onun bütün sahəsi becərilib. Burada heç nə itkiyə getmir. Hər qarışı bol bərəkətlidir». Buna görə Qalileyanın əhalisi çox idi. İosif Flaviyə görə Qalileyada hər birinin əhalisi on beş min nəfər olan iki yüz dörd şəhər və kənd var idi. Beləcə İsa Məsih Öz xidmətinə İsrailin bu ərazisindən başladı ki, burada Onu daha çox insan eşidə bilsin. O, Müjdəni çox sayda insanın yaşadığı ərazidə təbliğ etməyə başladı.

Lakin Qalileya təkcə əhalisinin sayına görə fərqlənmirdi. Bundan əlavə, qalileyalılar xüsusi insanlar idi. İsrailin digər bölgələrinə nisbətən Qalileya yeni ideyaları daha çox dəstəkləyirdi. İosif Flavi qalileyalılar haqqında deyirdi: «Onlar yenilikləri çox sevir və təbiətlərinə görə dəyişikliklərə və üsyana meyillidirlər». Onlar həmişə başçının ardınca getməyə və qiyam qaldırmağa hazır idilər; davakarlıqları ilə məşhur idilər; mübahisə etməyi sevirdilər, lakin bununla yanaşı cəngavər idilər. İosif Flavi yazırdı: «Qalileyalılar öz cəsarətlərini heç vaxt itirmirlər. Onlar üçün şərəf mənfəətdən daha vacibdir». Qalileyalıların fitri keyfiyyətləri Müjdənin təbliği üçün əlverişli imkan idi.

Yeni ideyalara bu cür açıqlıq bir neçə amilin nəticəsi idi:

  1. Qalileya sözü ibranicə qalil, yəni mahal sözündən götürülüb. Ərazinin tam adı qeyri-yəhudilərin mahalı idi. Bəziləri bu söz altında «Qalileyanın müxtəlif millətlərin yaşadığı» ərazi kimi başa düşür. Ancaq Qalileya hər tərəfdən qeyri-yəhudilərlə — qərbdə finikiyalılar, şimalda və şərqdə suriyalılar, cənubda isə samariyalılarla əhatə olunduğu üçün bu adı almışdı. Qalileya yəhudilərin təsirinə və ideyasına məruz qalmayan İsrailin yeganə ərazisi idi. Qalileya yeni ideyalara açıq idi.

  2. Artıq bildiyimiz kimi, Qalileyadan böyük yollar keçirdi. Dəniz yolu Dəməşqdən Qalileya vasitəsilə birbaşa Misirə və Afrikaya aparırdı. Şərqə gedən yol isə Qalileya vasitəsilə sərhədə qədər uzanırdı. Dünyanın bütün məlumatları Qalileyadan keçirdi. Cənubdan uzaqda küncə sıxılmış, təcrid olunmuş və təkliyə çəkilmiş Yəhudeya yerləşirdi. Kimsə belə bir söz söyləmişdi: «Yəhudeyanın yolları heç bir yerə aparmır, Qalileyanın yolları isə hər yerə gedib çıxır». Yəhudeya hər cür zahiri təsirlərə və yeni ideyalara mane olmaq üçün öz ətrafında divar ucalda bilərdi, Qalileya isə tam əksinə. Bura daim yeni fikirlər daxil olmalı idi.

  3. Qalileyanın coğrafi mövqeyi öz tarixində iz buraxdı. Hər dəfə yeni istilaçılar və qaliblər oraya hücum edirdilər. Yadellilərin hücumu Qalileyanı alt-üst edirdi.

İsraillilər vəd olunmuş torpağa gələndə bu ərazi Aşer, Naftali və Zevulun oğullarına verilmişdi (Yeşua 19). Lakin bu qəbilələr kənanlılar üzərində tam qələbə qazana bilmədilər. Buna görə də Qalileyanın əhalisi lap əvvəldən başqa millətlərlə qarışıq idi. Qalileya şimaldan və şərqdən dəfələrlə Suriyanın hücuma məruz qalırdı. Miladdan əvvəl VIII əsrdə isə aşurlular oranı tamamilə zəbt etdilər. Əhalisinin əksəriyyəti əsir aparıldı. Qalileyada başqa millətlər məskən saldı. Bütün bunlar Qalileyada qeyri-yəhudi qanının qarışmasına gətirib çıxardı.

Miladdan əvvəl VIII əsrdən II əsrə qədər Qalileya əsasən qeyri-yəhudilərin hakimiyyəti altında idi. Nehemya və Ezranın dövründə yəhudilər əsirlikdən qayıdanda, qalileyalıların çoxu cənubda — Yerusəlimdə məskunlaşdılar. Miladdan əvvəl 164-cü ildə Şimon Makkabi şimali Qalileyadan olan suriyalıları öz torpaqlarına qovdu. Geri qayıdanda isə özü ilə Yerusəlimə qalileyalıları gətirdi.

Ən dəhşətlisi isə odur ki, Miladdan əvvəl 104-cü ildə Aristovul Qalileyanı Yəhudeyaya birləşdirdi və bütün sakinləri yəhudi etmək üçün onların istəyindən asılı olmayaraq, məcburi şəkildə sünnət etdirdi. Qalileyanın tarixi onun yeni qana, yeni ideyalara və yeni idarəyə qapı açmasına səbəb oldu.

Tarixin gedişi və qalileyalıların təbii xüsusiyyəti Qalileyanı İsraildə elə bir yerə çevirdi ki, bura yeni müəllimə Xoş Xəbərini eşitdirmək şansı yaratdı. Məhz buna görə İsa Məsih Öz xidmətini buradan başladı və Xoş Xəbəri ilk dəfə burada bəyan etdi.

ALLAHIN ELÇİSİ (Matta 4:12-17 (ardı))

Növbəti hissəyə keçməzdən öncə bəzi məqamları qeyd etməliyik.

İsa Kefernahum şəhərinə yollandı. Düzgün deyiliş — Kafarnahumdur. Kefernahum deyilişinə V əsrə qədər heç yerdə rast gəlinmir. Lakin o bizim zehnimizə və yaddaşımıza elə həkk olunub ki, onu dəyişmək ağılsızlıq olardı.

Kefernahumun harada yerləşməsi barədə çoxlu mübahisələr mövcuddur. İki fərziyyə var. Çox vaxt onu Qalileya gölünün şimal-qərb sahilində yerləşən Tel-Huma oxşadırlar (Bu, həqiqətə daha uyğundur). Digər və daha az ehtimal olunan fərziyyə isə Kefernahumun Tel-Humdan dörd kilometr cənub-qərbdə yerləşməsidir. İstənilən halda, Kefernahumun yerləşdiyi yerdə indi dağıntıdan başqa heç nə yoxdur.

Müqəddəs Kitab deyir ki, İsa təbliğ etməyə başladı. Yunan dilindəki mətndə kerusseyn sözü istifadə olunub. Bu da carçı tərəfindən elan edilən padşahın müraciəti deməkdir. Keruks — yunan dilində carçı deməkdir. Carçı isə padşahdan xəbər gətirirdi.

Bu söz bizə İsa Məsihin təbliğinin mahiyyətindən xəbər verir. Hər bir təbliğ məhz belə olmalıdır.

  1. Carçının səsində əminlik var idi. Onun müraciətində heç bir şübhə yox idi. O, gümanlardan, fikirlərdən, imkanlardan danışmağa deyil, dəqiq xəbərlə gəlmişdi. Göte deyirdi: «Əmin olduğunuz şeylərdən danışın. Şübhələr məndə kifayət qədərdir». Təbliğ — konkret şeylərin bəyanatıdır. İnsan özü şübhələndiyi şeylərə başqalarını əmin edə bilməz.

  2. Carçının səsində nüfuz hiss olunurdu. O, padşahın adından danışırdı. O, padşahın qanunu, fərmanı və qərarını elan edirdi. Bir böyük təbliğçi haqqında deyildiyi kimi: «O, təxmin etmirdi. O, dəqiq bilirdi». Təbliğ — mövcud vəziyyət haqqında peyğəmbərlik etməkdir.

  3. Carçı ondan kənarda olan mənbədən xəbər gətirir. Xəbər padşahdan gəlir. Təbliğ — təbliğçinin özündən xaric olan mənbənin səsidir. Bu, hansısa insanın şəxsi fikirlərinin ifadəsi deyil. Bu, hansısa insan vasitəsilə insanlara xitab edən Allahın səsidir. İsa insanlara Allahın səsi ilə danışırdı.

İsa Məsihin təbliği yaranmış mövcud vəziyyətə dair əmrlərdən ibarət idi: «Tövbə edin! Öz yollarınızdan dönüb Allaha üz tutun. Gözlərinizi yerdən çəkib göylərə yönəldin. Allaha tərəf dönün. Ondan üz döndərməyin». Bu əmr böyük əhəmiyyət kəsb edirdi, çünki Allahın Padşahlığı yaxınlaşırdı. Əbədiyyət həyata müdaxilə etdi. Allah İsa Məsihin surətində dünyaya müdaxilə etdi. Buna görə də insanın düzgün yolda dayanıb doğru istiqamətdə addımlaması çox vacib idi.

18-22

MƏSİH BALIQÇILARI ÇAĞIRIR (Matta 4:18-22)

Qalileyanın mərkəzində Qalileya dənizi yerləşirdi. Onun uzunluğu şimaldan cənuba 21 kilometr, ən enli hissəsi isə qərbdən şərqə 9,5 kilometr məsafəni əhatə edirdi. Görünür, Qalileya dənizi böyük deyildi. Elə buna görə də həyatında çox şey görən Luka onu heç vaxt dəniz (falassa) adlandırmır, həmişə yalnız göl (limne) kimi qeyd edir. Qalileya gölü yuxarıya doğru enlənən oval formaya malikdir. O, İordan çayının axdığı yer qabığının böyük yarğanında yerləşir. Onun səthi dəniz səviyyəsindən 208 metr aşağıdadır. Yer səthindən aşağı səviyyədə yerləşməsi onun çox isti iqlimə və qeyri-adi münbitliyə malik olmasına zəmin yaradır. Qalileya gölü dünyanın ən gözəl göllərindən biridir. Ətrafındakı hər hansı bir yüksəklikdən baxdıqda, o, gözəl su hövzəsinə bənzəyir. Qalileya gölü Hermon dağına bütün istiqamətlərdən uzanan yuvarlaq və iti təpələr arasından çərçivəyə alınmış cilalanan güzgü kimi görünür.

İosif Flavinin dövründə gölün sahilində ən azı doqquz şəhər var idi. 1930-cu illərdə burada ancaq kiçik Tiberiya kəndi qalmışdı. İndi isə Teviriada Qalileyanın ən böyük şəhəridir və daim böyüməkdədir.

İsa Məsihin dövründə Qalileya dənizi balıqçı qayıqları ilə dolu olardı. İosif Flavi öz ekspedisiyalarının birində Tarikeyadan yola düşmək üçün iki yüz qırx balıqçı qayığını asanlıqla toplamışdı. Bu gün isə balıqçılar azalıb və onlar bütün sahil boyu səpələniblər.

Balığı tutmaq üçün bir neçə üsul mövcud idi: qarmaqla və torla.

Torlar dairəvi şəkildə idi. Diametri üç metrə çatırdı. Onu sahildən və ya dayaz yerdən dənizə atırdılar. Torların kənarları qurğuşun ağırlıqları ilə təchiz edilmişdi. Torlar dənizin dibinə enir və balığı tuturdu. Sonra torlar tutulan balıqlarla birlikdə quruya çıxarılırdı. İsa Məsih Peterlə Andreyi, Yaqubla Yəhyanı görəndə onlar belə balıq tuturdular. Bu torlar amfiblestron adlanırdı.

Bundan əlavə, balığı böyük torlarla da tuturdular. Aşağı hissədə ağırlıqlarla təchiz edilmiş balıq toru gəmidən və ya iki qayıqdan iplərin dörd ucundan tutularaq atılırdı. Bu vaxt tor sanki suyun üzündə dayanırdı. Qayıqlar avarla çəkilir, tor isə arxadan dartılaraq balıqların yığıldığı böyük konus yaradırdı. Sonra onu qayığa yükləyirdilər. Belə tor İsa Məsihin məsəl çəkdiyi torlardan idi. O, saqene adlanırdı.

İsa gölün sahilində gəzişərkən Peterlə Andreyi və Yaqubla Yəhyanı çağırdı. Demək olmaz ki, onlar bir-birilərini ilk dəfə görürdülər. Əgər bu hissədə Yəhyanın nəql etdiyi hekayəyə baxsaq, görərik ki, onlardan bəziləri artıq Vəftizçi Yəhyanın şagirdləri idi (Yəhya 1:35). Şübhəsiz, onlar artıq İsa ilə danışıb Onu dinləmişdilər. Lakin dəniz sahilində görüşəndə Onun çağırışını — həmişəlik öz həyatlarını Ona bağlamaq çağırışını eşitdilər.

İsa bu balıqçıları ardınca gəlməyə səslədi. Bu insanların kimliyini qeyd etmək maraqlı olardı. Bu insanlar təhsilli, nüfuzlu, zəngin və ya xüsusi nəsildən deyildilər. Onlar kasıb və sadə zəhmətkeş adamlar idi. İsa məhz bu sadə insanları seçdi.

Bir dəfə Sokratın9 yanına Eshin adlı çox sadə bir insan gəlib deyir: «Mən kasıb adamam. Heç nəyim yoxdur. Amma mən özümü sənə verirəm».

Sokrat belə cavab verir: «Məgər sən ən dəyərli bir şeyi mənə verdiyinin fərqində deyilsən?» İsaya da özünü Ona təslim edəcək sadə insanlar lazımdır. O, belə insanlarla hər şey edə bilər.

Bundan əlavə, onlar balıqçı idilər. İlahiyyatçılara görə, yaxşı balıqçı elə xüsusiyyətlərə malik olmalıdır ki, həm də yaxşı insan tuta bilsin. Beləliklə,

  1. Balıqçı səbirli olmalıdır. O, balıq qarmağa düşənə qədər səbirlə gözləməlidir. Təmkinli olmayan və çox hərəkət edən insandan balıqçı olmaz. Yaxşı balıqçıya səbirli olmaq çox vacibdir. Təbliğ və nəsihət zamanı nəticə nadir hallarda dərhal görünür. Gözləməyi öyrənmək lazımdır.

  2. Onun dözümlülüyü olmalıdır. O, heç vaxt ruhdan düşməməyi öyrənməli və həmişə yenidən başlamağı bacarmalıdır. Əgər ilk baxışdan heç bir irəliləyiş görünmürsə, yaxşı müəllim və təbliğçi məyusluğa qapanmamalıdır. Onlar həmişə bir daha cəhd etməyə hazır olmalıdırlar.

  3. O, cəsarətli olmalıdır. Balıqçı risk etməyə hazır olmalı, dənizin və tufanın şiddətini cəsarətlə qarşılamalıdır. Yaxşı təbliğçi və nəsihətçi dərk etməlidir ki, insanlara həqiqəti demək özündə həmişə risk və təhlükə daşıyır. Həqiqəti deyən insan tez-tez nüfuzu və həyatı ilə risk edir.

  4. O, fürsəti yaxşı dəyərləndirməyi bacarmalıdır. Müdrik balıqçı yaxşı bilir ki, bəzən balıq tutmaq vaxt itkisidir. Bu səbəbdən yaxşı təbliğçi və nəsihətçi münasib zamanı seçir. Bəzən insanlar həqiqəti qəbul edir, bəzən həqiqətdən inciyirlər, bəzən həqiqət onlara toxunur, bəzən isə onları qəddarlaşdırır və daha qəzəblə həqiqətə qarşı çıxırlar. Müdrik təbliğçi nə vaxt danışmaq, nə vaxt isə susmaq lazım olduğunu bilir.

  5. O, hər balıq üçün düzgün yem seçməlidir. Bəzi balıqlar bir yemə, digərləri isə başqa yemə gəlir. Paul deyir ki, insanları Məsihdə qazanmaqdan ötrü böyüklə böyük, kiçiklə kiçik olacaq.

Müdrik təbliğçi və nəsihətçi hər bir insana fərdi yanaşmalı olduğunu bilir. Bəzən etiraf etməlidir ki, onların imkanları sərhədsiz deyil. Onlar bəzi sahələrdə işləyə bilərlər, bəzi sahələrdə isə yox.

  1. Müdrik balıqçı özünü göstərməməlidir. Əgər o özünü göstərsə, hətta kölgəsi belə balığı ürküdəcək və balıq tilova tərəf gəlməyəcək. Hikmətli təbliğçi və nəsihətçi insanlara özünü deyil, İsa Məsihi göstərəcək. Onların məqsədi — insanların diqqətini özünə yox, Rəbbə yönəltməkdir.

23-25

MÜƏLLİMİN FƏALİYYƏTİ (Matta 4:23-25)

İsa Məsih Öz fəaliyyətinə Qalileyada başlamağa qərar verdi. Biz artıq Qalileyanın Onu qəbul etmək üçün hazırlandığını gördük. İsa Öz təliminə Qalileyadakı sinaqoqda başladı.

Sinaqoq yəhudilərin həyatında böyük əhəmiyyət daşıyırdı. Məbədlə sinaqoq arasında müəyyən fərqlər var idi. Məbəd ancaq Yerusəlimdə yerləşirdi. Sinaqoqlar isə hətta kiçik yəhudi icmasının olduğu hər yerdə mövcud idi. Məbəd ancaq qurban gətirmə mərasimlərinə xidmət edirdi. Orada, ümumiyyətlə, nə təbliğ edilir, nə də təlim verilirdi. Sinaqoqlar isə yalnız təlimlər üçün nəzərdə tutulmuşdu. Sinaqoqları o dövrdə «milli dini universitetlər» adlandırırdılar. Əgər bir adam dini təlim və ya əqidəni yaymaq istəyirdisə, o, buna məhz sinaqoqda başlamalı idi.

Bundan başqa, sinaqoqda ibadət qaydaları elə qurulmuşdu ki, yeni müəllimə özünü sınamaq imkanı verilirdi. İbadət üç hissədən ibarət idi: birinci hissə — dualar; ikinci hissə — Qanunun və peyğəmbərlərin kitablarını oxumaq idi. Bu vaxt icmanın üzvləri də iştirak edirdi; üçüncü hissə isə şərh və ya təbliğ idi. Onu da qeyd edək ki, sinaqoqda təbliğ etmək üçün xüsusi insanlar yox idi. Çünki sinaqoqda peşəkar kahinlər olmurdu. İbadətə sinaqoqun rəisi rəhbərlik edirdi. Burada vəz etmək üçün istənilən insan dəvət edilə, ya da çıxış etməyi arzulayan hər kəs danışa bilərdi. Sinaqoqun rəisi həmin adamı münasib görərdisə, o danışa bilərdi. Buna görə də İsa üçün sinaqoqun qapıları və kafedrası əvvəlcədən açıq idi. İsa Öz xidmətinə sinaqoqda başladı. Çünki məhz orada səmimi dindar insanlar tapmaq olardı və İsa onlarla danışa bilərdi. Təbliğdən sonra müzakirə və suallar üçün vaxt ayrılırdı. Yeni təlimi insanlara çatdırmaq üçün sinaqoq ideal yer idi.

Lakin İsa təkcə təbliğ etmirdi. O, həm də xəstələrə şəfa verirdi. Buna görə də İsanın gördüyü işlərin sorağı sürətlə yayılırdi. İnsan izdihamı Onu eşitməyə, görməyə və Onun şəfqətindən faydalanmağa gəlirdi.

İsanın yanına hətta Suriyadan gəlirdilər. O dövrdə Suriya Romanın əyaləti idi. İsrail isə onun bir hissəsi idi. Suriya İsrailin şimalında və şimal-şərqində yerləşirdi. Paytaxtı Dəməşq şəhəri idi. Evsebidən («İmanlı Cəmiyyətinin tarixi» 1:13) bizə gəlib çatan o dövrə aid qədim rəvayətə görə, Edessa şəhərində Abqar adlı padşah var imiş. Günlərin bir günü o xəstələndi. Buna görə İsaya belə bir məktub yazdı: «Edessanın hökmdarı Abqardan Yerusəlimə gələn kamil Xilaskar İsaya salamlar. Mən Sənin və etdiyin möcüzələr, dərmansız və otsuz şəfaların haqqında eşitmişəm. Çünki deyirlər ki, Sən korların gözünü açır, şikəstlərə yerimək qabiliyyəti verirsən. Sən cüzamlıları təmizləyir, pis ruhları qovur, sağalmayan xəstəlikləri sağaldır və ölüləri dirildirsən. Bütün bunları eşitdikdən sonra belə nəticəyə gəldim ki, Sən ya göylərdən enmiş Allahsan, ya da Allahın Oğlusan. Buna görə də mən Səndən xahiş edirəm ki, gəlib əzab çəkdiyim xəstəlikdən məni azad edəsən. Eşitdiyimə görə, yəhudilər Sənə qarşı çıxıb pislik etmək istəyirlər. Mənim böyük olmasa da, ikimizə yetəcək gözəl şəhərim var».

Deyilənə görə, İsa ona belə cavab verib: «Məni görmədən iman etdiyin üçün bəxtiyarsan. Çünki Mənim barəmdə yazılıb ki, Məni görənlər Mənə inanmayacaq, Məni görməyənlər isə iman edib xilas olacaqlar. Sənin xahişinə gəlincə, Mən burada nə üçün göndərilmişəmsə, onu yerinə yetirməliyəm. Bundan sonra Məni Göndərənin yanına qaldırılacağam. Lakin yuxarı qaldırılıqdan sonra Öz şagirdimi göndərəcəyəm ki, xəstəliyinə şəfa verib, sənə və yaxınlarına həyat gətirsin».

Rəvayətə görə, həvari Tadday Edessaya gedib Abqara şəfa verir. Bu, sadəcə rəvayətdir. Amma bu rəvayət göstərir ki, hətta uzaq Suriyada olan insanlar İsa Məsih haqqında eşidir, Ona iman edir, bütün varlıqları ilə yalnız Onun verə biləcəyi şəfanı və köməyi arzulayırdılar. Qalileyadan izdihamın axışıb gəlməsi tamamilə təbii idi. İsa barədə xəbər Yerusəlimə və Yəhudeyaya çatanda, insanlar oradan da gəlməyə başladılar. İordan çayının şərq tərəfindən, Pereyadan, Pellyadan Sela qalasına qədər uzanan ərazidən, Dekopolisdən də insanlar gəlirdilər. Dekapolis İordan çayının o biri tayında İskitolis istisna olmaqla, müstəqil Yunan şəhərlərinin federasiyasını təşkil edirdi.

Bu siyahi rəmzi xarakter daşıyır. Çünki biz görürük ki, İsa Məsihin yanına yalnız yəhudilər deyil, bütpərəstlər də gəlirdilər. Elə o vaxtdan dünyanın hər yerindən adamlar Onun ətrafına yığılırdılar.

İSANIN FƏALİYYƏTİ (Matta 4:23-25 (ardı))

Bu hissə böyük əhəmiyyətə malikdir. Çünki o özündə İsa Məsihin fəaliyyətinin üç əsas sahəsini qısaldılmış məzmunda əks etdirir.

  1. Müqəddəs Kitabda yazıldığı kimi, İsa hər yerdə Müjdəni vəz edirdi. Biz artıq gördük ki, vəz — müəyyən faktların şəhadətidir. Buna görə İsa insanların cahilliyinə son qoymaq üçün gəldi. O gəldi ki, insanlara özlərinin heç vaxt Allah haqqında dərk edə bilməyəcəyi həqiqətləri söyləsin. O gəldi ki, insanların ehtimallarına və qaranlıqda kor-koranə yaşamalarına son qoysun.

  2. İsa sinaqoqlarda öyrədirdi. O gəldi ki, insan korazehinliyini aradan qaldırsın. Bəzən insanlar həqiqəti bilir, amma onu düzgün şərh etmirlər. Yəni həqiqəti bilir, ancaq yanlış nəticə çıxarırlar. İsa gəldi ki, insanlara Allah yolunun əsas mahiyyətini çatdırsın.

  3. İsa şəfaya ehtiyacı olanları sağaldırdı. Başqa sözlə desək, İsa gəldi ki, insanların iztirablarına son qoysun. İsanın insanlara həqiqəti təkcə sözdə demədiyini vurğulamaq çox vacibdir; O gəldi ki, bu həqiqəti həyata keçirtsin. Görkəmli missioner-nəsihətçi qadın deyir: «Siz onu icra etməyincə ideala nail ola bilməyəcəksiniz». İsa insanlara kömək edərək və şəfa verərək Öz təlimini icra edirdi.

İsa cahilliyə son qoymaq üçün vəz edirdi; korazehinliyi aradan qaldırmaq üçün öyrədirdi; O, insanları ağrıdan və iztirablardan azad etməkdən ötrü onlara şəfa verirdi. Biz də əmin olduğumuz həqiqətləri bəyan etməliyik; biz də imanımızı əsaslandırmağa hazır olmalıyıq; biz də idealı əməllərimizdə göstərməliyik.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanın sınağa çəkilməsi
(Mark 1:12-13; Luka 4:1-13)
1 Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2 İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3 O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4 İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır».
5 Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6 dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı
“Allah Sənə görə mələklərinə əmr edər ki,
Səni əlləri üstündə aparsınlar,
Ayağın bir daşa dəyməsin”
deyə yazılmışdır». 7 İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır».
8 İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9 «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10 İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».
11 Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.
İsa xidmətinə başlayır
(Mark 1:14-15; Luka 4:14-15)
12 İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13 Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:
15 «Zevulun və Naftali bölgələri,
Dənizkənarı yol,
İordan çayının o biri tayı,
Müxtəlif millətlər yaşayan Qalileya –
16 Zülmətdə yaşayan xalq
Möhtəşəm bir işıq gördü.
Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə
Nur doğdu».
17 O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».
İlk şagirdlər
(Mark 1:16-20; Luka 5:1-11)
18 İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19 İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20 Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21 İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22 Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər.
İsa xəstələrə şəfa verir
(Mark 3:7-12; Luka 6:17-19)
23 İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24 Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25 Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi.