Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 3-cü fəsil

V. Barklinin şərhləri

3-cü fəsil

1-6

VƏFTİZÇİ YƏHYANIN GƏLİŞİ (Matta 3:1-6)

Vəftizçi Yəhyanın gəlişi Allahın qəfil gələn səsinə bənzəyirdi. Bu vaxta qədər yəhudilər peyğəmbərlərin onlar arasında danışmadığına görə kədərli idilər. Dörd yüz il idi ki, heç bir peyğəmbər gəlmirdi. Vəftizçi Yəhya ilə yenidən peyğəmbər səsi eşidildi. Onun peyğəmbərliyi nə ilə fərqlənirdi?

  1. O, cəsarətlə hər yerdə gördüyü qüsurları ifşa edirdi. Yəhya Hirodu Qanuna zidd nikahına görə məzəmmət edirdi. Yəhya həmin dövrün dini rəhbərlərini adət-ənənəyə Allahın Kəlamından daha çox bağlandıqlarına görə qınayırdı.

Yəhya istər dövlətdə, istər Məbəddə, istərsə də cəmiyyətdə gördüyü qüsur barədə cəsarətlə danışırdı. O, qaranlıqda nur saçan işığa bənzəyirdi.

  1. Yəhya təkidlə insanları salehliyə çağırırdı. O, Allahın əxlaq qaydalarını bərpa edirdi. O, nəinki insanları əməllərinə görə ifşa edir, həm də onları etməli olduqlarını yerinə yetirməyə çağırırdı. O, təkcə insanları necə olduqlarına görə ifşa etmirdi, həm də onlara necə insanlara çevrilə biləcəyinə dair çağırış verirdi. Yəhya insanları ali məqsədlərə və əməllərə çağıran səs idi. O, yalnız təqsirləri və pisliyi mühakimə etmirdi, həm də insanları xeyirxahlığa səsləyirdi. Bəlkə də İmanlı Cəmiyyəti yüksək məsihçi əxlaqı əvəzinə insanlara daha çox qadağalardan danışırdı.

  2. Yəhya Allah tərəfindən göndərilərək səhrada meydana çıxdı. O, uzun illər Allahdan fərdi hazırlıq aldıqdan sonra insanların yanına gəldi. Bir nəfər belə demişdi: «Yəhya silahlanmış şəkildə, yaşının ən gözəl çağında meydana çıxdı». O öz şəxsi fikri ilə deyil, Allahın sözü ilə gəlmişdi. O, insanlarla danışmazdan əvvəl, uzun müddət Allahla vaxt keçirirdi.

Peyğəmbər kimi gələn müəllim və ya təbliğçi insanların yanına birbaşa Allahın hüzurundan gəlməlidir.

  1. Yəhya həm irəliyə, həm də yuxarıya doğru yol göstərirdi. O, təkcə günahı ifşa edən səs və ya işıq şüası deyildi. O, Allaha gedən yolda bir işarə idi. Yəhya insanları ondan sonra gələcək Şəxsin gəlişinə hazırlayırdı.

Yəhudilər inanırdılar ki, Məsih zühur etməzdən əvvəl İlyas peyğəmbər gələcək. O, Padşahın gəlişini xəbər verəcək. «Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm» (Malaki 4:5). Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayırdı. Bu, sözün əsl mənasında İlyas peyğəmbərin geyiminə uyğundur (2Padşahlar 1:8).

Matta Vəftizçi Yəhyanı Yeşaya peyğəmbərin kitabı 40:3-dəki peyğəmbərliklə əlaqələndirir. Qədimdə Şərqdə yollar pis idi. Şərq atalar sözündə belə bir məsəl var idi: «Üç bədbəxtlik var: bunlar xəstəlik, aclıq və səyahətdir». Yola düşməzdən əvvəl yolçu bütün borclarını ödəməli, öhdəliyində olanların qayğısına qalmalı, xatirə hədiyyələrini hazırlamalı, əmanət olunmuş bütün əşyaları qaytarmalı idi. Əksər yollar sadə və kəndarası idi. Yolların heç bir asfalt örtüyü yox idi. Qatırlar, eşşəklər, öküzlər və arabaların hərəkətindən torpaq bərkimişdi. Bu cür yollarda səyahət etmək əsl «macəra» idi.

Buna baxmayaraq, örtüyü olan bir neçə yol da var idi. Məsələn, İosif Flavi yazır ki, padşah Süleyman zəvvarların gediş-gəlişini asanlaşdırmaq və «padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirmək» üçün Yerusəlimə gedən yollarda qara bazalt daşdan yol döşətdirmişdi. Bütün süni və möhkəm yollar padşahlar üçün salınmışdı. Buna görə də onları «padşah yolları» adlandırırdılar. Onlar yalnız padşah səyahət etmək istəyəndə təmir olunurdu. Padşah gəlməzdən əvvəl əmr verilirdi ki, padşahın səyahəti üçün yollar hazırlansın.

Yəhya Padşahın yolunu hazırlayırdı. Peyğəmbər səsinə malik bir təbliğçı və müəllim özünə deyil, Tanrıya işarə edirdi. O, insanların diqqətini öz ağlına deyil, Allahın əzəmətinə yönəldirdi. Həqiqi təbliğçı öz vəzində görünmürdü.

İnsanlar Vəftizçi Yəhyanı təbliğçi kimi qəbul etdilər. Çünki onda insanlara agah olan Tanrının təkzibedilməz səlahiyyət var idi.

7-12

VƏFTİZÇİ YƏHYANIN TƏHLÜKƏ HAQQINDA VƏZİ (Matta 3:7-12)

Yəhya fariseyləri və sadukeyləri gürzələr nəsli adlandırır və onlardan soruşur: «Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?» Bunu deyəndə Yəhya, yəqin ki, yaxşı bildiyi səhranı xatırlayırdı.

Səhrada bəzi yerlərdə balaca quru ot və su çatışmazlığına görə seyrək bitən qara qarağat kolu var idi. Bəzən orada yanğın baş verirdi. Onda alov sürətlə otu və kol-kosu bürüyürdü. Çünki onlar quru və kövrək idi. Yanğın baş verməzdən əvvəl kol-kosun içində gizlənən ilanlar, əqrəblər və canlılar qaçmağa tələsirdi. Alov onları yuvalarından çıxarır, onlar da canını qurtarmaq üçün qaçırdı.

Bəlkə də Yəhya «üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?» deməklə başqa şeyi nəzərdə tuturdu. Tarlalarda çoxlu canlılar — tarla siçanları, siçovullar, dovşanlar, quşlar var. Lakin biçinçi gələndə onları qovur. Onlar canlarını qurtarmaq üçün biçilmiş və boş sahələri tərk etməyə məcbur olur.

Yəhya bu mənzərəni belə təsvir edirdi. Əgər fariseylər və sadukeylər, həqiqətən də, vəftiz olmağa gəlmişdilərsə, onlar öz həyatını xilas etmək üçün yanğından və ya biçinçinin əlindən qaçan çöl heyvanlarına bənzəyirdilər.

Yəhya xəbərdarlıq edir ki, onlar İbrahimin övladları olduqlarını iddia etməyə davam etsələr, bu onlara kömək etməyəcək. Yəhudilərin fikrincə, İbrahimin övladları olmaq danılmaz bir fakt idi. İbrahim yəhudilərin həyatında əvəzsiz yer tuturdu. İbrahimin xeyirxahlığı və Allahın ona olan münasibəti yəhudilərə görə o qədər müstəsnadır ki, onun xidməti və ləyaqəti təkcə onun özünə deyil, bütün nəslinə kifayət edir. Onların fikrincə, İbrahim elə bir fədakarlıq və ləyaqət xəzinəsi yaradıb ki, nəslinin heç bir iddiası və tələbatı onu tükəndirə bilməz. Bu səbəbdən yəhudilər hesab edirdilər ki, onlar artıq heç bir fədakarlıq göstərməsələr də, gələcək dünyaya mütləq daxil olacaqlar. Onlar «əcdadlarının xilaskar ləyaqəti sayəsində» bütün israillilərin gələcək dünyada mirasının olduğunu deyirdilər. Yəhudilər bildirirdilər ki, İbrahim cəhənnəmin qapısında dayanıb səhvən cəhənnəm əzabına və dəhşətinə məhkum olunan hər bir israillini geri qaytarır. Onlar fikirləşirdilər ki, İbrahimin əməlləri sayəsində dənizdə gəmilərin təhlükəsiz üzməsi imkanı yaranıb, yer üzərinə yağış yağıb, Musa göylərdən Qanunu alıb, Davudun duaları qəbul olunub. Onların zənnincə, İbrahimin əməlləri hətta günahlı insanlara da bəs edir. Onlar İbrahim haqqında belə deyirdilər: «Əgər sənin övladların qan damarı və sümükləri olmayan ölü cəsəd olsaydılar belə, salehliyin onlara kömək edərdi!»

Keçmişin ruhani sərmayəsində yaşamaq olmaz. Günahkar nəsil keçmiş qəhrəmanlıq hesabına xilasa ümid edə bilməz. Pis oğul da saleh atanın xidmətinə iddia edə bilməz.

Öz nitqində Yəhya yenə də məhsul yığımı nümunəsinə qayıdır. Hər mövsümün sonunda bağban və plantasiyanın sahibi meynə və ağaclara nəzər salırdılar. Bəhrə gətirməyən yer tutan ağacları kəsib atırdılar. Yararsızlıq həmişə ölümə aparır. Allaha və qardaşlarına xeyir gətirməyən insan böyük təhlükəyə və mühakiməyə məruz qalır.

VƏFTİZÇİ YƏHYANIN VƏD HAQQINDA VƏZİ (Matta 3:7-12 (ardı))

Yəhya ifşa etdikdən sonra vəddən söz açır. Bu vəd xəbərdarlıq xarakteri daşıyır. Artıq dediyimiz kimi, Yəhya ondan sonra Gələnə işarə edir. Həmin vaxt Yəhya artıq tanınırdı və özü insanlara böyük təsir göstərirdi. Lakin o, bəyan edir ki, özündən sonra Gələnin çarıqlarının bağını açmağa belə layıq deyil. Çarıqların bağını açmaq qulun işi idi. Yəhya özünü alçaldır və çox aşağı səviyyədə tutur. Yəhya deyir ki, ondan sonra Gələn Müqəddəs Ruh və odla vəftiz edəcək.

Yəhudilər tarix boyu yeni Ruhun gələcəyini gözləyirdilər. Yezekel peyğəmbər Tanrının belə dediyini eşitdi: «Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam... Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz (Yezekel 36:26-27). «Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz» (Yezekel 37:14). «Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm» Xudavənd Rəbb belə bəyan edir»« (Yezekel 39:29). «Susamış torpağı sulayacağam, quru torpağa sellər axıdacağam, övladlarına Ruhumu ehsan edəcəyəm, nəslinə xeyir-duamı verəcəyəm» (Yeşaya 44:3). «Ondan sonra isə bütün bəşər üzərinə Ruhumu tökəcəyəm» (Yoel 2:28).

1. Müqəddəs Ruhun ənamları və fəaliyyəti nədir? Bu suala yəhudilərin dünyagörüşünə görə cavab vermək lazımdır. Yəhya yəhudi idi və o, yəhudilərə müraciət edirdi. O, ruh (ibranicə ruah) sözünü deyəndə, təkcə qədim yəhudi dilindəki termini düşünmürdü. O, həm də yunan dilində pnevma, yəni nəfəs mənasını verən sözü nəzərdə tuturdu. Nəfəs həyatdır. Buna görə də Ruh barədə vəd — həyat barədə vəddir. Allahın Ruhu insanın daxilinə həyat verir. Allahın Ruhu insanın üzərinə gələndə, yorğunluq, cahillik və bacarıqsızlıq düşüncəsi qeyb olur. Həyatda isə yeni bir dirçəliş müşahidə olunur.

2. Lakin ruah sözü yalnız ruh və nəfəs demək deyil, həm də bir vaxt İlyas peyğəmbərin eşitdiyi güclü küləkdir. Külək — gücdür. Külək gəmiləri itələyir və ağacları kökündən çıxarır. Külək böyük gücə malikdir. Allahın Ruhu — Ruhun qüdrətidir. Allahın Ruhu insana daxil olanda, onun zəifliyi Allahın gücünə bürünür. İnsan qeyri-mümkün şeyləri etmək bacarığına sahib olur, çətinliklərə tab gətirir və ağlasığmaz şeylərdən keçir. Uğursuzluqlar geridə qalır. Qələbə qazanılır.

3. Allahın Ruhu yaradıcılıqla bağlıdır. Allahın Ruhu dərin sular üzərində dolaşırdı və qarmaqarışıqlığı kosmosa çevirdi, nizamsızlığı səliqə-sahmana saldı. Allahın Ruhu bizi yenidən bərpa edə və dəyişə bilər. Allahın Ruhu insanın üzərinə gələrək onun cismani təbiətinin nizamsızlığını Allahın nizamına çevirir, bizim dağılmış həyatımızı Allahın harmoniyasına döndərir.

4. Yəhudilər Allahın Ruhuna xüsusi bacarıqlar aid edirdilər. Ruh insanlara Allahın həqiqətini çatdırırdı. İstənilən sahədə hər yeni kəşf Ruhun ənamıdır. Ruh insanın şüuruna daxil olur və insanın tərəddüdlərini Allahın əminliyinə, insanın cahilliyini isə Allahın biliyinə çevirir.

5. Allahın Ruhu insanlara həqiqətə rast gələndə onu dərk etmək bacarığı verir. Ruh bizim ürəyimizə daxil olanda, bizi kor edən xurafatlar gözümüzdən niqab kimi düşür. Özbaşınalıq aradan qalxır və Ruh insana görmək qabiliyyəti verir.

Yəhya ondan sonra Gələnin verəcəyi Ruhun ənamlarını belə təsvir edirdi.

VƏFTİZÇİ YƏHYANIN VƏD VƏ TƏHLÜKƏ HAQQINDA VƏZİ (Matta 3:7-12 (ardı))

Vəftizçi Yəhyanın vəd və təhlükə barədə vəzini birləşdirən bir söz var. Yəhya deyir ki, ondan sonra Gələn odla vəftiz edəcək. Odla vəftiz edəcək fikri özündə üç əqidəni birləşdirir:

  1. Maarifçilik əqidəsi. Alov gecə işıq saçır və qaranlıq küncləri işıqlandırır. Mayakın işıqları dənizçini limana, səyyahı isə məqsədə yönəldir. Alov işıq və rəhbərlikdir. İsa Məsih insanları həqiqətə və Allahın evinə istiqamətləndirən mayakın işığıdır.

  2. İstilik əqidəsi. Dahi və xeyirxah bir insan barədə deyirdilər ki, o, soyuq otaqları isidir. İnsanın həyatına İsa Məsih daxil olanda, O, ürəyi Allaha və qardaşlara qarşı sevgi hərarəti ilə alovlandırır. Məsihçilik — yanar ürək yoludur.

  3. Kəffarə əqidəsi. Bu, bütün murdarlıqların təmizlənməsi mənasını verir. Çünki kəffarə alovu bütün saxta şeyləri yandırır, yalnız həqiqət qalır. Alov dəmiri möhkəmlədir. Məsih insanın ürəyinə gələndə, natəmiz tullantılar yanır. Bəzən bu, çətinliklərlə bağlı olur. İnsan bütün qəlbi ilə Allahın bu çətinliyi onun xeyrinə çevirəcəyinə inanarsa, onda o, bu çətinliklərdən üzüağ çıxacaq. Nəticədə ürəyi o qədər təmiz olacaq ki, Allahı görə biləcək.

Beləliklə, alov İsa Məsih ürəyə daxilə olarkən insanın əldə etdiyi maarıfçilik, istilik və kəffarədir.

Vəftizçi Yəhyanın təbliğində təhlükə və vədlə bağlı daha bir nümunə — xırman var. O dövrdə buğdanı küləşini sovurmaqla təmizləyirdilər, yəni bellə bütün buğdanı götürüb havaya atırdılar. Ağır buğdalar yerə düşür, küləş isə küləklə sovrulurdu. Bundan sonra taxılı anbara yığır, saman və küləşi isə oda atırdılar.

Məsihin gəlişi ilə Onu qəbul edən və qəbul etməyən arasında ayrılıq baş verir. İsa ilə üzbəüz görüşən adam seçim etməlidir — ya Onunla, ya da Ona qarşı. Bu seçim insanın taleyini müəyyən edir. Adamlar bir-birindən İsa Məsihə münasibətinə görə ayrılır.

Məsihçilik bu seçimdən qaçmaq üçün heç bir fürsət vermir. «Zəvvarın səyahəti» kitabının müəllifi ingilis yazıçısı Con Bunyan kəndi bürüyən sakitlikdə birdən onu dayandıran və diqqətini əbədiyyətə yönəldən bir səs eşidir: «Sən günahlarından üz döndərib göylərə gedəcəksən, yoxsa günahda qalıb cəhənnəmə düşəcəksən?» Beləcə hər bir insan seçim etməlidir.

VƏFTİZÇİ YƏHYANIN TƏLƏB VƏZİ (Matta 3:7-12 (ardı))

Yəhyanın vəzində «Tövbə edin!» tələbi səslənir (Matta 3:2). İsa Məsihin də əsas çağırışı belə idi. Çünki İsa Məsih gələndə bu sözləri dedi: «Tövbə edin və Müjdəyə inanın» (Mark 1:15). Tövbənin nə olduğunu dərk etmək yaxşı olar.

Fikir verin, İsa Məsih və Vəftizçi Yəhya bunu deyəndə, mənasını izah etmirlər. Onlar əmin idilər ki, bu sözü eşidənlər onları başa düşürlər.

Gəlin yəhudilərin tövbə barədə təliminə baxaq. Yəhudilərdə tövbə iman yolunda və Allahla münasibətdə əsas yeri tuturdu. C. F. Mur deyirdi ki «Tövbə — Allahın bağışlanmasını və rəğbətini əldə etmək üçün yeganə və vacib şərtdir. Həqiqətən tövbə edən şəxs əsla rədd edilməz. Yəhudi dininin əsas mahiyyəti ondan ibarətdir ki, Allah tamamilə və asanlıqla tövbə edən günahkarı bağışlayır». Ravvinlər deyirdilər: «Tövbə böyük əhəmiyyətə malikdir, çünki o, torpağa şəfa gətirir. Tövbə böyük əhəmiyyətə malikdir, çünki o, izzət taxtına çatır». K. C. Montefiore isə deyir ki «Tövbə — Allahla insanı bağlayan böyük vasitədir».

Ravvinlər öyrədirlər ki, Qanun dünyanın yaranmasından iki min il öncə yaradılmışdı. Tövbə isə Qanundan da əvvəl mövcud idi. Tövbə deyəndə — cənnət, cəhənnəm, Allahın izzət taxtı, Səmavi Məbəd və Məsihin adı başa düşülürdü. Ravvinlər deyirdilər ki, insan oxu bir neçə yüz metr irəli ata bilər, amma tövbə birbaşa Allahın taxtına çatır.

Ravvinlərin tövbəni birinci yerə qoyan məşhur ifadəsi belədir: «Allah qədər günahkarları tövbəyə çağıran kim var?» Ravvinlərin «Günahkarların cəzası necə olmalıdır?» sualına müdriklik belə cavab verir: «Günahkarı şər qovar…» (Süleymanın məsəlləri 13:21); peyğəmbərlik belə deyir: «Yalnız günah işlədən adam öləcək» (Yezekel 18:4), Qanun isə cavab verir: «Qoy qurban gətirsin» (Levililər 1:4). Allah da bu suala belə cavab verir: «Qoy tövbə etsin və təmizlənsin. Övladlarım, Mən sizdən nə istəyirəm ki? Məni axtarın və yaşayın». Beləcə yəhudilərin təsəvvürlərində Allaha açılan yalnız bir qapı var— tövbə qapısı. Yəhudilərin işlətdiyi tövbə anlamına gələn teşuba sözünün maraqlı mənası var. Tövbə — pislikdən imtina etmək və Allaha tərəf dönməkdir. C. F. Mur yazır: «Yəhudi dinində tövbənin əsas mənası insanın Allaha münasibətinin, həyat tərzinin, dini və ruhani dünyasının dəyişilməsindən ibarətdir». K. C. Montefiore qeyd edir: «Ravvinlər tövbə dedikdə insanın əqidəsində baş verən radikal dəyişikliyi nəzərdə tuturdular. Bu dəyişiklik insanın həyat tərzi və davranışında əksini tapır». Orta əsrlərin görkəmli yəhudi alimi Maymonid tövbəyə belə tərif verir: «Tövbə nə deməkdir? Tövbə —

günahkarın öz günahlarından imtina etməsi, onları öz fikrindən qovması və bir daha təkrar etməməsinə qərar verməsidir. Necə ki yazılıb: «Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın…»

C. F. Mur haqlı olaraq qeyd edir ki, Vestminster inancında tövbə sözü mötərizədəki bir kəlmə istisna olmaqla yəhudiyə tamamilə uyğun gəlir: «Tövbə həyatda xilasedici lütfdür. Bu lütf günahkarın günahı və Allahın (Məsihdə) mərhəmətini səmimi dərk etməsi, öz günahına nifrət edib peşman olması, yenidən itaət etmək məqsədilə Allaha tərəf dönməsidir». Müqəddəs Kitabda dəfələrlə günahdan imtina edib Allaha tərəf dönmək barədə danışılır. Yezekel peyğəmbərin kitabında deyilir: «Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?» (Yezekel 33:11) Yeremya peyğəmbərin kitabında isə yazılıb: «Məni geri qaytar, qayıdım, Çünki Allahım Rəbb Sənsən» (Yeremya 31:18) Huşə peyğəmbər də belə deyir: «Allahın Rəbbə üz tut, ey İsrail… Dua sözləri ilə Rəbbə tərəf dönün» (Huşə 14:2-3).

Buradan aydın görünür ki, yəhudi dinində tövbə — Allaha tərəf dönmək və eyni vaxtda davranışların dəyişməsidir. Vəftizçi Yəhya ona qulaq asanlardan tövbəyə layiq səmərə verməyi tələb edəndə, öz xalqının ənənəsinə sadiq qalırdı. Sinaqoqlarda oxunan gözəl bir dua var: «Ata, bizi Öz Qanununa yönəlt. Sənə xidmət etmək üçün, ey Padşah, bizi Özünə yaxınlaşdır. Öz hüzurunda bizi həqiqi tövbəyə apar. Tövbədən zövq alan Rəbbə alqış olsun!» Amma bu tövbə real həyatda öz əksini tapmalıdır.

Ravvinlərdən biri Yəhya 3:10-u belə şərh edirdi: «Qardaşlar, Nineva sakinləri barədə deyilir ki, Allah onların kül üstündə oturub oruc tutmalarına baxmadı. Allah onların əməllərinə nəzər saldı. Onlar öz qanunsuz yollarından döndülər». Başqa bir ravvin isə deyirdi: «Günah edərkən qurban gətirən, ancaq tövbə etməyən axmaqlara bənzəməyin. Əgər insan «Mən günah edib tövbə edəcəyəm! Mən günah edib tövbə edəcəyəm!» deyirsə, o, tövbəyə layiq deyil. O, bağışlanmayan günahkarların beş nümunəsini göstərir. Onların sırasında «tövbə etmək üçün günah edən və çoxlu tövbə edib, sonra günaha yol verən»lər var. Ravvinlər həmçinin deyirdilər ki «Əgər insan əlində murdar bir şey saxlayıb sonra əllərini dünyadakı bütün dənizlərdə yusa belə, heç vaxt təmizlənməyəcək. Amma bu murdar şeyi atarsa, əllərini yumaq üçün azacıq su da kifayət edər». Yəhudi müəllimlər əsl «tövbənin doqquz forması» haqqında danışırdılar. Onlar bu formaları Yeşaya peyğəmbərin kitabı 1:16-dakı əmrlərdən götürürdülər: «Yuyunun, təmizlənin, gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, pislik etməkdən vaz keçin. Yaxşılıq etməyi öyrənin, ədaləti axtarın, məzlumları qurtarın, yetimin haqqını qoruyun, dul qadını müdafiə edin». Sirax oğlu Yeşua Hikmət kitabında yazır: «Günah etdimsə də, mənə nə oldu?» demə, çünki Rəbb uzun müddət səbir edə bilər. Bağışlanacağına əmin olaraq günahı günah üstünə qalama. «Onun mərhəməti böyükdür, mənim çoxsaylı günahlarımı bağışlayar» demə. Çünki Onun mərhəməti olduğu kimi, qəzəbi də var, Onun hiddəti günahkarların üzərində qalacaq. Rəbbə üz tutmaqda yubanma, bu işi gündən-günə təxirə salma. Çünki Rəbbin qəzəbi qəflətən üstünə gələcək, əvəz aldığı zaman həlak olacaqsan. Haram sərvətə bel bağlama, çünki fəlakət günündə sənə bir faydası olmayacaq» (Sirax 5:4-8). Daha sonra «Bir adam cəsədə toxunduqdan sonra əlini yuyarsa və yenə ona toxunarsa, əlini yumasının xeyri nədir? Günahlarından ötrü oruc tutan, sonra gedib həmin işi edən adam da eyni vəziyyətdədir. Onun dualarını kim eşidər? Özünü alçaltmasının nə faydası var?» (Sirax 34:25-26).

Yəhudilər hesab edirdilər ki, tövbə qısa müddətli peşmançılıq deyil, həyat tərzinin tamamilə dəyişməsidir. Məsihçilərə görə də belədir. Yəhudilər Allahın mərhəmətindən sui-istifadə etmək düşüncəsindən lərzəyə gəlirdilər. Məsihçilər də eyni cür fikirləşirlər. Yəhudilər düşünürdülər ki, həqiqi tövbə real peşmançılığı sübut edən səmərə gətirir. Məsihçilər də həmçinin.

Lakin yəhudilər tövbə haqqında daha çox fikir söyləyirdilər. Gəlin onlara baxaq.

VƏFTİZÇİ YƏHYANIN TƏLƏB VƏZİ (Matta 3:7-12 (ardı))

Yəhudilərin dediyinə görə, tövbə insanın istənilən vaxt çimə bildiyi dəniz kimidir. Bəzən dua qapısı insanın üzünə bağlı ola bilər. Amma tövbə qapısı heç vaxt bağlı olmur.

Tövbə zəruridir. İbrahimin Allahla etdiyi mübahisə haqqında əfsanə var. İbrahim Allaha deyir: «Sən ipin hər iki ucunu eyni vaxtda tuta bilməzsən. Əgər Sən tamamilə ədalət tələb edirsənsə, onda dünya buna tab gətirməyəcək. Əgər dünyanı saxlamaq istəyirsənsə, onda ədalət buna tab gətirməyəcək». Dünya Allahın mərhəməti və tövbə qapısı olmadan mövcudluğunu qoruya bilməz. Əgər təkcə Allahın ədaləti hökm sürərsə, onda bu, bütün insanların və hər şeyin sonu deməkdir. Tövbə və peşmançılıq o qədər vacib rol oynayır ki, Allah onların mümkün olması üçün hətta Öz tələblərini mübadilə edir: Allahın önündə tövbə etməyi sevin, çünki tövbə naminə O Öz Sözünü geri götürür. Günahkarın məhv olmasının əvəzinə onun tövbəsi qəbul olunur.

Nə qədər ömür varsa, tövbə etmək olar. «Allahın əli səmavi döyüş arabasının qanadlarının altından uzanır ki, tövbə edəni ədalətin məngənəsindən çıxartsın». Ravvin Şimon ben Yohay deyirdi: «Bütün həyatı boyu saleh yaşayan insan sonda üsyan edərsə, hər şeyi məhv edər. Çünki yazılmışdı: «Salehin salehliyi onu xilas etməz» (Yezekel 33:12). Əgər insan bütün həyatı boyu təqsirkar olarsa, ancaq son günlərdə tövbə edərsə, Allah onu qəbul edər. Çünki belə yazılıb: «Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz» (Yezekel 33:12). Necə ki deyilir: «Bir çoxlarının dünyaya gedib illər sonra Allaha tərəf qayıtdığını kimsə bir saatın ərzində edər».

Allahın mərhəməti o qədər böyükdür ki, O, gizli peşmançılığı qəbul edir. Ravvin Eleazar deyirdi: «Dünyada, adətən, belə olur — əgər bir insan digərini təhqir edib bir müddət sonra həmin adamla barışmaq istəsə, belə cavab alır: «Sən məni camaat içində təhqir etdin. Amma mənimlə təklikdə barışmaq istəyirsən! Get, kimin qarşısında məni alçaltmısansa, onları gətir, mən də barışım». Allah isə belə deyil. İnsan bazar meydanında dayanıb küfr edəndə, Müqəddəs Allah deyir: «Mənim önümdə tövbə et, səni qəbul edərəm»«.

Allah unutmur, çünki O — Allahdır. Amma nə qədər inanılmaz səslənsə də, Allahın mərhəməti elə böyükdür ki, O, nəinki bağışlayır, hətta tövbə edənin günahını belə unudur. «Sağ qalan xalqının cəzasını aradan götürən, üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? (Mikeya 7:18). «Xalqının təqsirlərini bağışladın, bütün günahlarını əfv etdin (Zəbur 85:2).

Ən gözəli də budur ki, Tanrı tövbə edənə yolun yarısına qədər yaxınlaşır, hətta daha da irəli gedir: «Bacardığın qədər Mənə tərəf dön. Qalan yolu Mən gələcəyəm». Ravvinlər buna ən yaxşı nümunə kimi itmiş oğlunu qarşılamağa qaçan Atanı göstərirdilər.

Allahın mərhəmətini dərk etməklə yanaşı unutmayaq ki, əsl tövbə üçün hazırlaşmaq lazımdır. Ravvinlər vurğulayırdılar: «Ədalətsizlik aradan qalxmalıdır, bağışlanma axtarılmalı və arzulanmalıdır. Həqiqətən tövbə edən şəxs odur ki, eyni günahı etmək şərait olsa da, onu etmir». Ravvinlər dəfələrlə insan münasibətlərinin vacibliyi və bərpasının zərurətindən danışırdılar.

Ravvinlərin maraqlı atalar sözü var: mömin saleh adamdır. «Kim göylərə və öz qardaşlarına münasibətdə xeyirxahdırsa, o, yaxşı mömindir; kim göylərə münasibətdə xeyirxahdırsa, amma öz qardaşlarına münasibətdə xeyirxah deyilsə, o, pis mömindir; kim göylərə və öz qardaşlarına münasibətdə pisdirsə, o, günahkarın ən böyüyüdür; kim göylərə qarşı pisdirsə, amma öz qardaşlarına münasibətdə pis deyilsə, o, böyük günahkar deyil».

Həqiqi tövbə üçün nəinki islah, eyni zamanda günahın etirafı vacibdir. Bu tələblə biz dəfələrlə Müqəddəs Kitabda qarşılaşırıq. «İnsanların işlətdiyi günahlardan birini edərək Rəbbə xəyanət edən kişi yaxud qadın təqsirkardır. Qoy o işlətdiyi günahı etiraf edib təqsirinin əvəzinin beşdə birini əlavə edərək qarşısında təqsirkar olan adama ödəsin» (Saylar 5:6-7). «Günahlarını ört-basdır edən uğur qazanmaz, onu etiraf edərək tərk edən mərhəmət tapar» (Süleymanın məsəlləri 28:13). «Sonra Sənə günahımı etiraf etdim, təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın» (Zəbur 32:5). Günah etmədiyini söyləyən və günahını boynuna almayan mühakimə olunacaq (Yeremya 2:35). On ikinci əsrin yəhudi filosofu Maymonid insanın öz günahından tövbə etməsi üçün nümunə göstərir: «Ya Rəbb, mən günah və qanunsuzluq etdim. Sənin önündə günaha yol verdim. Mən buna görə peşmanam, öz əməllərimdən utanıram və bir daha bunu etməyəcəyəm». Həqiqi tövbə mütləq səmimi etirafla bağlıdır.

Elə əməl yoxdur ki, tövbəsi mümkün olmasın. Hər bir insan tövbə etmək imkanına malikdir. Yəhudi ravvinlər öyrədirdilər: «Qoy heç kim deməsin ki, mən günah etdim və artıq heç nəyi düzəldə bilmərəm. Qoy o, Allaha iman edib tövbə etsin. Allah onu qəbul edəcək». Buna yaxşı misal Menaşşe ola bilər. Onun mənəvi şəfası ilk baxışdan mümkünsüz görünürdü. O, Baala səcdə edir və yad allahları Yerusəlimə gətirmişdi. O, hətta oğullarını Ben-Hinnom dərəsində Molekə qurban gətirirdi. Bütün bunlardan sonra o, qandallanıb əsir kimi Babilə aparıldı. Orada zəncirlər içində Rəbbə yalvardı. Allah da onun yalvarışını eşitdi və geriyə — Yerusəlimə gətirdi. «Onda Menaşşe bildi ki, Rəbb həqiqi Allahdır» (2Salnamələr 33:13). Bəzən bunun üçün Allahın qəzəbi və cəzası lazımdır. Ancaq Allah insanın geri qayıtması üçün hər şey edə bilər.

Yəhudilərin inancına görə tövbə həm də başqa bir şeylə bağlıdır. Görünür, Vəftizçi Yəhya da bu barədə düşünürdü. Bəzi yəhudi müəllimlər deyirdilər ki, əgər İsrail bir gün belə peşman olub tövbə edərsə, Məsih gələcək. Onların sözlərinə görə, insanların daş ürəkli olması səbəbindən Xilaskarın dünyaya gəlməsi yubanır.

Tövbə yəhudilərin imanının əsasını təşkil edirdi. O, məsihçi imanının da əsasını təşkil edir. Çünki tövbə — günahdan imtina edib Allaha tərəf dönərək Onun istədiyi kimi yaşamaqdır.

13-17

MƏSİH VƏ ONUN VƏFTİZİ (Matta 3:13-17)

İsa Məsih vəftiz olmaq üçün Yəhyanın yanına gələndə, Vəftizçi çox təəccübləndi və Onu vəftiz etmək istəmədi. Yəhya hesab edirdi ki, İsanın vəftizə ehtiyacı yoxdur. Əksinə, onun İsanın verəcəyinə ehtiyacı var.

İsa Məsihin vəftiz olunmasını başa düşmək insanlara həmişə çətin gəlib. Çünki Yəhyanın vəftizi tövbəyə çağırışdan ibarət idi. O, insanlara günahlardan bağışlanma yolunu təklif edirdi. Əgər İsa bizim hesab etdiyimiz Şəxs idisə, onda Onun heç bir tövbə və bağışlanmaya ehtiyacı yox idi. Vəftizçi Yəhyanın vəftizi günahını dərk edən günahkarlar üçün idi. Buna görə də insanlar elə fikirləşirdi ki, Məsihə ümumiyyətlə belə vəftiz lazım deyil.

Qədim müəlliflərdən biri deyirdi ki, İsa Öz valideynlərini və qardaşlarını razı salmaq üçün vəftiz olundu. İsa onların təkidi ilə bunu etməyə məcbur idi. Əhdi-Cədiddə əksini tapmayan Müjdələrdən biri olan «Yəhudilərin Müjdəsi»ndə belə bir yer var: «Budur, İsanın anası və qardaşları dedilər: «Vəftizçi Yəhya günahlardan azad olmaq üçün vəftiz edir. Onun yanına gedib vəftiz olaq». İsa onlara cavab verir: «Mən hansı günahı etdim ki, ona görə vəftiz olunum? Nəyisə bilmədən deyə bilərəm».

Artıq qədim zamanlardan mütəfəkkirlər İsa Məsihin vəftiz olunmasına təəccüblənirdilər. Ancaq bunun üçün ciddi səbəblər var idi.

  1. İsa otuz il ərzində məişət vəzifələrini və emalatxana işlərini məsuliyyətlə yerinə yetirərək Nazaretdə yaşamışdı. Bütün bu vaxt ərzində O bilirdi ki, dünya Onu gözləyir. O Onu gözləyən tapşırığı yaxşı dərk edirdi. Yaxşı başlanğıc uğurun yarısıdır. Çox güman ki, İsa Məsih Öz vaxtının gəlməsini və çağırışının səslənməsini gözləyirdi. Vəftizçi Yəhya ortaya çıxanda, İsa başa düşdü ki, Onun vaxtı gəlib çatıb.

  2. Nə üçün hər şey məhz belə baş verməli idi? İş ondadır ki, tarix boyu heç bir yəhudi vəftiz olunmağa razılıq vermirdi. Vəftiz onlara məlum olsa da, buna ancaq başqa inancdan yəhudi dininə keçənlər icra edirdi. Günaha batmış və əxlaqsız həyat tərzi yaşamış başqa inanca mənsub olan şəxsin vəftiz təbii hal idi. Lakin heç bir yəhudi heç vaxt təsəvvür edə bilmirdi ki, Allahın seçilmiş xalqının, xilasla təmin olunan İbrahim nəslinin nə vaxtsa vəftizə ehtiyacı yaranacaq. Vəftiz günahkarlar üçün idi. Heç bir yəhudi özünü Allahdan uzaq düşən günahkar hesab etmirdi. İndi isə yəhudi xalqının tarixində ilk dəfə onların günahkar və Allaha ehtiyac olduqları ortaya çıxdı. Əvvəllər heç vaxt yəhudilərin belə kütləvi tövbə və Allahı axtarmaq istəyi olmamışdı.

İsa məhz bu anı gözləyirdi. İnsanlar öz günahını dərk edir və heç vaxt olmadığı kimi Allaha ehtiyac duyurdu. İsa bunu fürsət bildi. İnsanların öz günahını anlayıb Allaha tərəf döndüyü vaxt İsa xilas etmək istədiyi insanlarla Özünü bərabər tutdu.

Vəftiz anında İsa Məsihin göylərdən eşitdiyi səsin böyük mənası var: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Bu cümlə iki sitatdan ibarətdir: «Bu Mənim sevimli Oğlumdur» — Zəbur 2:7-dən sitat gətirilir (Sən Mənim Oğlumsan...»). Hər bir yəhudi bu zəburda Məsihə, gələcək Qüdrətli Allahın Padşahına işarə edildiyini görürdü. «Ondan razıyam» — cümləsi isə Yeşaya 42:1-dən sitat gətirilir («könlüm ondan razıdır»). Bu, Yeşaya 53-cü fəsildə iztirab Çəkən Qulun təsviridir.

Beləcə vəftiz zamanı İsa ikiqat əminlik əldə edir: birincisi, O, həqiqətən, Allahın Seçilmişidir və Onun yolu Çarmıxdan keçir. Həmin an İsa bilirdi ki, O, Padşah olmaq üçün seçilib. O, həm də taxtının Çarmıx olacağını bilirdi. İkincisi, O dərk edirdi ki, Qalib gələcək. Amma bu qələbə üçün Onun yalnız bir silahı var idi — şəfqətli məhəbbət. Bu vaxt İsa Məsihin qarşısında tapşırıq qoyuldu. Bu tapşırığı yerinə yetirmək üçün Ona tək bir yol göstərildi.

SINAQ VAXTI

Matta bizə addımbaaddım İsa Məsihin əhvalatını açıqlayır. O, hekayəsinə İsa Məsihin necə doğulması ilə başlayır. Sonra İsa Məsihin əsas tapşırığını yerinə yetirməzdən əvvəl ailəsi ilə bağlı öhdəliklərini necə icra etdiyini göstərir. Beləcə Matta bizə çatdırır ki, Allah İsaya böyük tapşırıq verməzdən əvvəl O, kiçik işlərdə sadiq olmalı idi.

Daha sonra Matta Vəftizçi Yəhyanın gəlişi ilə İsanın Öz xidmətinə başlamaq vaxtının yetişdiyini göstərir. Bu an İsa başa düşür ki, O, həqiqətən, Allahın Seçilmişidir. Lakin qələbəyə gedən yol Çarmıxdan keçir.

İsaya məhz bu tapşırıq həvalə olunmuşdu. O, dünyaya gəldi ki, insanları Allaha yönəltsin. Bəs bunu necə etməli idi? Hansı üsullardan istifadə etməli idi? Qüdrətli istilaçı olmalı, yoxsa fədakar məhəbbət göstərməli idi? Məhz buna görə O, sınağa çəkildi. Onun üzərinə tapşırıq qoyulmuşdu. Allahın tapşırığını yerinə yetirmək üçün O, hansı üsulu seçəcəkdi?

Azərbaycan dilində Müqəddəs Kitab

Vəftizçi Yəhyanın gəlişi
(Mark 1:1-8; Luka 3:1-18; Yəhya 1:19-28)
1 O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2 O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3 Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi:
«Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin”».
4 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5 Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6 Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu.
7 Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8 İndi isə tövbəyə layiq bəhrə verin. 9 Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10 Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır.
11 Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12 Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».
İsanın vəftiz olunması
(Mark 1:9-11; Luka 3:21-22)
13 O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14 Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15 İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16 İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17 Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».