Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 2-ci fəsil

V. Barklinin şərhləri

2-ci fəsil

1-2

PADŞAHIN VƏTƏNİ (Matta 2:1-2)

İsa Yerusəlimdən səkkiz kilometr cənubda yerləşən kiçik Bet-Lexem şəhərində doğulmuşdu. Bir vaxtlar bu şəhər Fərat adlanırdı. Bet-Lexem çörək evi deməkdir və o, münbit torpaqda yerləşirdi. Bu da onun adının mənasına tam uyğun idi. Şəhər hündürlüyü 777 metrə çatan əhəngdaşı təpələrinin üzərində salınmışdı. Təpələr silsiləsinin hər tərəfində zirvə və onların arasında yəhərə oxşar oyuq var idi. Bet-Lexem təpələrində amfiteatr yerləşən bir şəhərə bənzəyirdi.

Şəhər qədim tarixə malik idi. Yaqub Rəhiləni burada dəfn edib qəbri üstünə bir daş qoymuşdu (Yaradılış 48:4; 35:20); burada Boazın arvadı Rut yaşamışdı (Rut 1:22); Rut Bet-Lexemdən İordan çayının o biri sahilində yerləşən öz vətəni Moavı görə bilirdi. Lakin hər şeydən əvvəl Bet-Lexem padşah Davudun evi və şəhəri idi (1Şamuel 16:1; 17:12; 20:6); Davud dağlara qaçanda məhz Bet-Lexem darvazası yanındakı quyudan su içmək istəyirdi (2Şamuel 23:14,15).

Sonra biz oxuyuruq ki, Rexavam Bet-Lexem şəhərini möhkəmləndirdi (2Salnamələr 11:6). Amma Bet-Lexem İsrail tarixində və insanların yaddaşında Davudun şəhəri kimi qaldı. Tanrı Davudun kökündən gələn xalqları xilas edəcək Xilaskarı göndərməli idi. Mikeya peyğəmbərin dediyi kimi: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir» (Mikeya 5:2).

Beləcə yəhudilər Davudun şəhəri Bet-Lexemdə Davudun Oğlunun doğulacağını gözləyirdilər. Onlar gözləyirdilər ki, oradan dünyaya Allahın Məsh Edilmişi gələcək. Bu, belə də oldu.

Bizim yaddaşımıza İsa Məsihin doğulduğu yer kimi tövlə və axur həkk olunub. İlk İmanlı Cəmiyyətinin ağsaqqallarından biri, bizim eranın təxminən 150-ci illərində Bet-Lexemə qonşu olan rayonların birində yaşayan Əzabkeş Yustin nəql edir ki, İsa Bet-Lexemin yaxınlığındakı mağarada doğulmuşdu (Əzabkeş müqəddəs Yustin3: «Yəhudi Trifonla dialoq» 78:304). Bet-Lexemdəki evlər əhəngdaşı təpələrinin yamaclarında tikilmişdi. Onların ətəyində, adətən, mağaraya bənzər tövlələr olurdu. Çox güman ki, İsa bu cür tövlələrin birində dünyaya gəlmişdi.

Həmin mağara Bet-Lexemdə bu günə qədər İsa Məsihin doğulduğu yer kimi tanınır. Onun üzərində Milad kilsəsi inşa edilib. Uzun illər bu mağaranı İsa Məsihin doğulduğu yer kimi təqdim ediblər. Roma imperatoru Adrian öz hakimiyyəti dövründə həmin yeri murdarlamaq üçün onun üzərində bütpərəstlərin allahı Adonis üçün qurbangah düzəltdirdi. Dördüncü əsrin əvvəlində Roma imperiyası xristianlığı qəbul edəndə, ilk xristian imperator Konstantin orada dövrümüzə qədər gəlib çatan böyük kilsə inşa etdirdi.

Naməlum bir şəxs Milad kilsəsinə ziyarətini belə təsvir edir: «Böyük divarda qapı yerləşir. Qapı o qədər alçaqdır ki, içəri girmək üçün əyilmək lazımdır. Qapının arxasında, içəridə kilsə yerləşir. Kilsədə səcdəgahın altında sərdabə var. Ora enəndə gümüşü çıraqlarla işıqlandırılan uzunluğu 13, eni isə 4 metr olan kiçik mağara mövcuddur. Döşəmədə ulduz şəkli çəkilib, ətrafında isə latın dilində «Burada bakirə Məryəmdən İsa Məsih doğulub» ifadəsi yazılıb.

İzzətli Allah bu torpağa gələndə, O, insanların heyvanları bəslədiyi mağarada doğulub. Bəlkə də Milad kilsəsindəki mağara elə həmin mağaradır. Bəlkə də yox. Biz heç vaxt bunu dəqiq bilməyəcəyik. Lakin bu bənzətmədə gözəl bir şey var: kilsənin qapısı o qədər alçaqdır ki, içəri girmək üçün əyilmək lazım gəlir. Həqiqətən də, hər insan Körpə İsanın yanına diz üstündə gəlməlidir.

ŞƏRQ EHTİRAMI (Matta 2:1-2 (ardı))

İsa Bet-Lexem şəhərində doğulanda, Ona səcdə etmək üçün şərqdən müdrik adamlar gəldilər. Onlar münəccim adlanırdı. Bu sözü dəqiqliklə tərcümə etmək çətindir. Yunan tarixçisi Herodot onlar haqqında belə söyləyir: «Əvvəlcə bu, Fars imperiyasına daxil olan Midiya tayfası idi. Midiyalılar fars boyunduruğunu devirməyə çalışdılar, amma uğursuzluğa düçar oldular. Bundan sonra münəccimlər hakimiyyətə və taxt-taca marağını itirərək kahin tayfasına çevrildilər. Levililər İsraildə kahin olduğu kimi, onlar da Fars imperiyasında dövlət xadimi oldular. Bundan əlavə, onlar həm də Fars padşahının nəsihətçisi, müəllimi və məsləhətçisi idi. Qurbanları yalnız münəccimin iştirakı ilə təqdim etmək olardı. Onlar müdrik və mömin, fəlsəfəyə, tibbə və təbiət elmlərinə bələd olan, eləcə də yuxu yozan və gələcəkdən xəbər verən insanlar idi. Vaxt ötdükcə onlar öz adlarının yaxşı mənasını itirib falçı, cadugər, sehrbaz və şarlatana çevrildilər. Məsələn, belə adamlardan biri Elima (Həvarilərin İşləri 13:6-8) və ya Şimon idi. Onlar, adətən, münəccim adlandırılırdı (Həvarilərin İşləri 8:9-11). Lakin yaxşı tərəfdən baxsaq, onlar həqiqəti axtaran mömin insanlar idi.

Qədim zamanlarda hər kəs astrologiyaya inanırdı. İnsanlar inanırdılar ki, ulduz vasitəsilə gələcəkdən xəbər vermək olar və insanın taleyi doğulduğu ulduzla müəyyən edilir. Belə bir mövhumatı təsəvvür etmək çətin deyil. Ulduzlar öz müəyyən olunduqları yol ilə gedirlər. Onlar kainatdakı nizam-intizamın rəmzidir. Əgər birdən yeni ulduz əmələ gələrsə və qeyri-adi bir şey nizam-intizamı pozarsa, elə bir təsəvvür yaranır ki, xüsusi nəyisə bildirmək üçün Allah Öz qurduğu nizamı pozur.

Biz münəccimlərin gördüyü parlaq ulduzun nə olduğunu bilmirik. Bu barədə müxtəlif fərziyyələr söylənilmişdi. Təxminən Miladdan 111 il əvvəl üfüqi istiqamətdə sürətlə hərəkət edən Qalleya kometası görünmüşdü. Miladdan 7 il əvvəl Saturn və Yupiter planetlərinin bərabərləşməsi müşahidə olunmuşdu. Miladdan 5-2 il əvvəl qeyri-adi astronomik fenomen baş vermişdi. Misir ayı Mesorinin ilk günü Böyük Köpək bürcündən Sirius ulduzu Günəşlə bir qalxaraq qeyri-adi işıq saçdı. Mesori ayının mənası şahzadənin doğulması deməkdir. Qədim astronomlar bu ulduzu hansısa böyük padşahın doğuluşu ilə əlaqələndirirdilər. Təbii ki, biz münəccimlərin hansı ulduzu gördüklərini deyə bilmərik. Lakin göy cisimlərini izləmək onların peşəsi idi və hansısa göy cismi dünyaya padşahın gəlişi barədə xəbər vermişdi.

Bu insanların Şərqdən gəlib padşah axtarışı bizə qəribə görünə bilər. Amma iş burasındadır ki, Məsihin doğum ərəfəsində bütün dünyanı padşahın doğulacağı ilə bağlı qəribə bir hiss bürümüşdü. Bu barədə hətta Roma tarixçiləri də bilirdilər. Məsələn, Svetoni Trankvill4 belə yazırdı: «Şərqdə çoxdan belə bir fikir yayılmışdı — həmin dövrdə Yəhudeyadan elə bir adam çıxacaq ki, ona bütün dünyanı ələ keçirmək qismət olacaq» (Svetoni Trankvill: «Vespasianın həyatı» 4,5). Roma tarixçisi Tasit də qeyd edir: «Elə həmin dövrdə Şərqin qüdrətli olacağına və Yəhudeya əsilli hökmdarların dünyanı ələ keçirəcəyinə qəti əminlik var idi» (Tasit5: «Tarixlər» 5,13). Həmçinin yəhudilər inanırdılar ki, «o dövrdə onların ölkəsində kimsə hökmdar olacaq» (İosif Flavi: «Yəhudi müharibəsi» 6,5,4). Bir qədər sonra padşah Tiridat münəccimin müşayiəti ilə Roma imperatoru Nerona baş çəkir (Svetoni Trankvill: «Neronun həyatı» 13,1). Biz Afinada dahi yunan filosofu Platonun xatirəsinə qurban gətirən münəccimlərə rast gəlirik (Seneka6: «Məktublar» 58,31). Təxminən İsa Məsihin doğulması ilə eyni vaxtda Roma imperatoru Avqust dünyanın xilaskarı kimi şərəfləndirilirdi. Roma şairi Vergili isə Messian kimi tanınan gələcək qızıl dövr haqqında öz dördüncü ekoloqunu yazmışdı.

Beləcə münəccimlərin Məsihə baş çəkməsi barədə hekayənin sadəcə gözəl bir əfsanə olduğunu düşünməyə heç bir əsas yoxdur. Qədim dövrlərdə belə şeylər asanlıqla baş verə bilərdi. İsa Məsih dünyaya gələndə, dünya böyük intizar içində idi. İnsanlar Allahı gözləyir və onların ürəyində Allah haqqında arzular var idi. Onlar dərk edirdilər ki, Allahsız Qızıl dövrə qədəm basa bilməyəcəklər. İsa intizar içində olan dünyaya gəldi. O doğulanda Onun beşiyinin başına uzaq ölkələrdən gələn elçilər toplandı. Bu, Məsihin dünyanı fəth etməsinin ilk əlaməti və rəmzi idi.

3-9

HİYLƏGƏR PADŞAH (Matta 2:3-9a)

Padşah Böyük Hiroda məlum oldu ki, şərqdən gələn münəccimlər yəhudilərin padşahı olacaq Körpəni axtarırlar. Taxt-taca sahib olacaq Körpənin doğulması barəsində xəbər istənilən padşahı narahat edərdi. Lakin Hirod ikiqat təşvişə düşdü.

Hirod həm yəhudi, həm də edomlu idi. İsrail və vətəndaş müharibələri zamanı o, romalılara çox kömək edirdi. Buna görə də romalılar ona etibar edirdilər. Miladdan 47 il əvvəl Hirod prokurator təyin edilmişdi. Eramızdan əvvəl 40-ci ildə isə o, padşah titulunu aldı və e.ə. 4-cü ilə qədər padşahlıq etdi. O, hakimiyyətdə uzun müddət qaldı, Böyük Hirod adını aldı və bir çox münasibətlərdə bu titula layiq oldu. O, təkbaşına İsraildə sülh və sabitliyi təmin etdi. Hirod böyük quruculuq işlərinə başladı. O, Yerusəlim Məbədini bərpa etdi. O, həm də səxavətli idi. Hirod çətin dövrdə vergiləri azaltdı ki, xalqın vəziyyəti bir az yüngülləşsin. Eramızdan əvvəl 25-ci ildə aclıq vaxtında isə o öz qızıl kasasını əritdi ki, acından ölən insanlara çörək ala bilsin.

Lakin Hirodun xasiyyətində bir dəhşətli çatışmazlıq var idi: o, hər şeydən və hər kəsdən şübhələnirdi. Kimisə özünə rəqib görən kimi dərhal o adamı öldürtdürürdü. O öz arvadı Mariamnanı və onun anası Aleksandranı, böyük oğlu Antipatra və digər iki oğlu — Aleksandr və Aristovulu öldürtmüşdü. Roma imperatoru Avqust demişdi ki, Hirodun donuzu olmaq onun oğlu olmaqdan daha təhlükəsizdir.

Hirodun təbiətindəki qəddarlıq və pozğunluq ölümünə yaxın daha çox üzə çıxdı. Onun yetmiş yaşı olanda sonunun yaxınlaşdığını hiss edərək İsrailin ən gözəl yeri Yerixoya getdi. Orada Yerusəlimin bir qrup görkəmli sakinlərinə böhtan ataraq onları zindana saldırdı və belə əmr verdi ki, özü öləndə onların da hamısını öldürsünlər. Hirod deyirdi ki, o öləndə heç kim yas tutmayacaq. Amma ölümündən sonra bu şəkildə göz yaşlarının axıdılmasını istədi.

Bu insana Padşah olacaq Körpənin doğulması barədə xəbər çatanda, onun necə reaksiya verəcəyi aydın məsələ idi. Hirod və bütün Yerusəlim xalqı təlaşa düşdü. Çünki bilirdilər ki, Körpəni məhv etməkdən ötrü o, hansı addımı atacaq. Yerusəlim Hirodu tanıyırdı. Buna görə onun qaçılmaz reaksiyasından səksənirdi.

Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını çağırdı. İlahiyyatçılar Müqəddəs Yazılar və Qanun üzrə peşəkar idilər. Başçı kahinlər isə xüsusi zadəgan nəsildən idilər. Beləliklə, Hirod öz dövrünün zadəgan kahinlərini və ilahiyyatçılarını çağırıb onlardan Müqəddəs Yazılara görə Allahın Məsh edilmişinin harada doğulacağını soruşdu. Onlar Mikeya peyğəmbərin kitabı 5:2-ni ona oxudular. Hirod müdrik adamları gizlicə çağırıb onlara Körpəni dəqiqliklə axtarıb tapmağı əmr etdi və dedi ki, o da gəlib Ona səcdə edəcək. Lakin onun əsas məqsədi Hökmdar olacaq Körpəni öldürmək idi.

İsa Məsih doğulanda, insanların Ona münasibətdə üç qrupa bölündüyünü görürük. Gəlin bu üç qrupa nəzər salaq.

  1. Hirodun münasibəti — nifrət və düşmənçilik. Hirod qorxurdu ki, bu Körpə əvvəlcə onun həyatına, sonra isə həyatda tutduğu mövqeyə müdaxilə edib, hakimiyyətini və nüfuzunu əlindən alacaq. Buna görə də Hirodun ilk reaksiyası — Körpəni məhv etmək oldu.

İndi də İsa Məsihi böyük məmnuniyyətlə məhv etmək istəyən insanlar var. Çünki onların həyatına mane olacaq Şəxsi görürlər. Onlar heç nəyə əhəmiyyət vermədən özbaşına yaşamaq istəyirlər. Məsih isə onların əməllərini ifşa edir. Buna görə də Onu öldürmək istəyirlər.

  1. Başçı kahinlərin və ilahiyyatçıların münasibəti — tamamilə etinasızlıq. Allahın Vəd Olunmuş Məsihinin doğulması faktı onlarda heç bir təəssürat yaratmadı. Onlar Məbəddəki adət-ənənəyə və Qanunun müzakirəsinə o qədər aludə olmuşdular ki, Məsihə nəzər belə salmadılar. Məsih onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi.

Bu gün çoxlarının başı öz işlərinə o qədər qarışıb ki, İsa Məsih onlar üçün heç bir əhəmiyyətə malik deyil.

  1. Müdrik adamların münasibəti — heyrətamiz səcdə, İsa Məsihə gətirdikləri bahalı hədiyyələri təqdim etmək istəyi.

Aydın görünür ki, insan İsa Məsihdə Allahın məhəbbətini dərk edəndə, bu onu heyrətləndirməlidir. O da sevgiyə bürünüb Allahı izzətləndirməlidir.

9-cu ayənin ikinci hissəsinin şərhi növbəti bölümdədir.

10-12

MƏSİHƏ HƏDİYYƏLƏR (Matta 2:9b-12)

Beləliklə, müdrik adamlar Bet-Lexemə gedən yolu tapdılar. Elə düşünməyin ki, ulduz üfüq boyu onları müşayiət edirdi. Matta bədii dildən istifadə edir. Ulduz Bet-Lexem üzərində işıq saçırdı. Belə bir əfsanə var ki, ulduz öz bələdçi işini yerinə yetirəndən sonra Bet-Lexem quyusuna düşdü və bu günədək oradadır. Onu ancaq ürəyi təmiz insanlar hərdənbir görə bilər.

Müdrik adamlar haqqında da çoxlu əfsanələr gəzir. Qədim şərq rəvayətlərinə görə onlar on iki nəfər idi. İndi isə hamı onların üç nəfər olduğunu qəbul edir. Çünki Əhdi-Cədiddə onların üç hədiyyə gətirməsindən söz açılır.

Bir müddət keçəndən sonra əfsanələr yayıldı ki, onlar padşah imiş və adları — Qaspar, Melhior və Baltasardır. Daha sonra onların şəxsi təsvirləri və Məsihə hansı hədiyyələri gətirdikləri vurğulanır. Ağ saçlı, uzun saqqallı qoca Melhior Rəbbə qızıl, saqqalsız gənc Qaspar kündür, ortayaşlı qarabuğdayı Baltasar mirra təqdim etdi.

Qədim dövrlərdə hər bir hədiyyə əsasında insanlar Məsihə və Onun xidmətinə xas olan rəmzi xüsusiyyətləri görürdülər.

  1. Qızıl — bu, padşaha təqdim olunan hədiyyədir. Roma filosofu Seneka deyirdi ki, Parfiya padşahlığında kimsə padşaha hədiyyəsiz yaxınlaşa bilməzdi. Qızıl da metallar arasında şah olduğu üçün padşah hədiyyəsi sayılırdı.

Beləcə İsa Məsih Padşah olmaq üçün İnsan kimi doğuldu. Lakin O, güc tətbiq etməklə taxt-tac üzərində deyil, məhəbbətlə Çarmıx vasitəsilə padşahlıq etməli idi. İsanın Padşah olduğunu unutmaq olmaz. Biz Onu özümüzə tay-tuş tutaraq görüşə bilmərik. Onu həmişə itaətlə qarşılamalıyıq. Böyük ingilis admiralı Nelson qalib gəldiyi düşmənə və rəqibinə qarşı həddindən artıq xeyirxah və nəzakətlə davranırdı. Günlərin bir günü dənizdəki qələbədən sonra məğlub olmuş bir admiralı Nelsonun gəmisinə gətirdilər. Məğlub olmuş admiral Nelsonun alicənab xasiyyətindən xəbərdar idi. Admiral bundan istifadə etmək fikrinə düşdü və onunla eyni hüquqlu adam kimi salamlaşmaq istədi. Əlini Nelsona uzatdı. Nelsonun isə əli tərpənmədi. O dedi: «Əvvəlcə qılıncınızı, sonra əlinizi uzadın». Beləliklə, biz də İsa Məsihin dostu olmazdan əvvəl Ona tabe olmalıyıq.

  1. Kündür — bu, kahinlərə verilən hədiyyədir. Ətirli kündür Məbəddə ibadət və qurban təqdimi zamanı istifadə olunurdu. Kahin — latın dilində pontifeksdir. Bu, körpü tikən deməkdir. Kahin Allahla insan arasında körpü yaradandır.

İsa Məsih də məhz bu vəzifəni icra etdi. O, insanlara birbaşa Allahın hüzuruna daxil olmaq imkanı verdi.

  1. Mirra — mərhuma gətirilən hədiyyədir. Mirranı mərhumun cəsədini ətirləmək üçün istifadə edirdilər.

İsa bu dünyaya ölmək üçün gəldi. Məşhur rəsm əsərlərinin birində İsa Nazaretdə xarratxananın qapısı qarşısında dayanmış şəkildə təsvir olunub. Bu rəsmdə yeniyetmə İsa sanki gərnəşir. Beləcə O, dülgər dəzgahının arxasında uzun müddət dayandığına görə qıc olan əzələlərini hərəkətə gətirir. O dartınaraq qapı çərçivəsi altında dayanır, Onun arxasına isə gün kölgə salır. Bu kölgə Çarmıx formasını əks etdirir. Arxa planda isə Məryəm dayanır. O, bu kölgəni görür və baş verəcək faciə onun qəlbinə qorxu salır.

İsa Məsih gəldi ki, insanlar üçün yaşayıb, sonda onlardan ötrü ölsün.

Padşah üçün qızıl, Kahin üçün kündür və öləcək Şəxs üçün mirra. Müdrik adamların gətirdiyi hədiyyələr bunlar idi. Hələ Onun beşiyi önündə İsa Məsihin həqiqi Padşah, həqiqi Baş kahin və sonda insanların Dahi Xilaskar olacağı bildirilirdi.

13-15

MİSİRƏ QAÇIŞ (Matta 2:13-15)

Qədim zamanlarda insanlar inanırdı ki, Allah yuxu vasitəsilə onlara xəbərdarlıq edir. Yusif də yuxuda Misirə qaçmaq barədə xəbərdarlıq aldı. O, Hirodun məkrli niyyətindən qurtulmalı idi. Misirə qaçış tamamilə gözlənilən idi. İsa Məsihin gəlişindən yüz illər əvvəl, zülm və təqib yəhudilərin həyatını dözülməz həddə çatdıranda, onlar tez-tez Misirə üz tuturdular. Buna görə də Misirin bütün şəhərlərində yəhudi məhəlləsi var idi. Məsələn, İsgəndəriyyə şəhərində milyondan çox yəhudi yaşayırdı. Orada bir çox məhəllə onlara məxsus idi. Təhlükə anında Yusif də bir çox yəhudi kimi Misirə getdi. Misirə çatanda o və Məryəm yad insanların arasına düşmədilər. Çünki istənilən şəhərdə onlar orada sığınacaq tapan yəhudilərlə qarşılaşa bilərdilər.

Maraqlıdır ki, məsihçiliyin və İsa Məsihin düşmənləri Onun Misirə aparılmasını sonradan bir böhtan kimi istifadə etdilər. Misir cadugərlik, falçılıq və magiya ölkəsi kimi məşhur idi. Talmud7 kitabında yazılır: «Dünyaya on cadugərlik payı verildi. Doqquzu Misirə, biri isə dünyaya düşdü». Beləcə İsa Məsihin düşmənləri iddia edirdilər ki, Məsih Misirdə magiya və cadugərliyin sirlərini öyrənib möcüzə göstərərək insanları aldatmağa nail oldu. Üçüncü əsrdə bütpərəst filosof Selsi məsihçiliyə qarşı çıxaraq iddia edirdi ki, İsa Məsih qeyri-qanuni doğulan uşaq olaraq muzdlu işçi kimi Misirdə işlədi, orada müəyyən sehrbazlıq bacarıqlarına yiyələnib Öz ölkəsinə qayıtdı və bu bacarıqlarına istinad edərək Özünü Allah adlandırdı (Origen8: «Selsiyə qarşı» 1:38). Ravvin Eliezer ben Girkan deyirdi: «İsanın bədəninə lazım olan bütün sehrbazlıq formulları döyülmüşdü ki, O onları unutmasın». Böhtançılar fürsətdən istifadə edib insanların ağlını Misirə qaçışla əlaqədar bax belə çaşdırırdılar. Amma onlar yanılırdılar. Çünki İsa Misirə Körpə yaşında aparıldı və körpə yaşında da geri qayıtdı.

Misirə qaçışla bağlı iki gözəl əfsanə var. Onlardan biri — Çarmıxda tövbə edən quldur haqqındadır. Əfsanəyə görə onun adı Dismasdır. Onun İsa Məsihlə Çarmıxdakı görüşü ilk deyildi. Əfsanə belədir: Misirə gedən yolda Yusiflə Məryəm quldurların pusqusuna düşürlər. Onların başçılarından biri Yusiflə Məryəmi öldürüb əşyalarını ələ keçirmək istəyirdi. Lakin quldurlardan birinin, Dismasın ürəyinə Körpə İsa toxunur. Buna görə o icazə vermir ki, Körpənin valideynlərinə zərər yetirilsin. Dismas İsaya baxıb deyir: «Üç qat xeyir-dualı Körpə, nə vaxtsa mərhəmətə ehtiyacım olsa, bu anı unutma». Əfsanəyə görə Dismas və İsa Qolqotada yenidən görüşürlər. Dismas Çarmıxda bağışlanma və lütf əldə edir.

Digər əfsanə uşaq nağılıdır. Orada deyilir ki, Yusiflə Məryəm Misirə gedəndə gecəyə düşdülər. Onlar mağarada gecələməli oldular. Mağara o qədər soyuq idi ki, yerdə qırov var idi. Balaca hörümçək İsanı görür və Körpəni isitməkdən ötrü əlindən gələni etmək istəyir. O, yeganə bacardığı işi görür: yəni pərdə salmaq üçün mağaranın ağzında tor hörür.

Bu vaxt əsgərlər Hirodun amansız əmrini yerinə yetirmək üçün Körpəni axtarırdılar. Mağaraya çatanda oraya girməyə hazırlaşırdılar ki, onların komandiri mağaranın girişini bağlayan toru və üstündəki qalın qırovu görüb dedi: «Bir bu tora baxın, heç yırtılmayıb. Çox güman ki, mağarada heç kim yoxdur. Əks halda, tor yırtılmış olardı».

Beləcə əsgərlər müqəddəs ailəni rahat buraxıb yoluna davam etdilər. Məhz buna görə biz bu günədək yeni il yolkamızı rəngbərəng saplarla və hörüklərlə bəzəyirik. Onlar qırovdan ağ rəngə boyanmış və mağaranın girişini tutan hörümçəyin torunu simvolizə edir.

Müjdənin bu hissəsinin son sözlərində biz Mattaya məxsus nəqletmə üsulunu görürük. Matta Misirə qaçışda Huşə peyğəmbərin etdiyi peyğəmbərliyin icrasına diqqəti yönəldir. O, belə yazır: «Öz Oğlumu Misirdən çağırdım». Bu ayə Huşə peyğəmbərin kitabındandır: «İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım» (Huşə 11:1).

İlk baxışdan elə görünür ki, Huşə peyğəmbərin bu ifadəsinin İsa Məsihlə və Misirə qaçışla heç bir əlaqəsi yoxdur. Bu, sadəcə Allahın İsrail xalqını Misir əsirliyindən azad etməsi haqqında bir məlumatdır. Amma Matta uyğun olan istənilən mətni İsa Məsih barədə peyğəmbərlik kimi istifadə etməyə hazırdır. Matta bilirdi ki, yəhudiləri İsanın Allahın Vəd etdiyi Məsih olmasına inandırmağın yeganə yolu Əhdi-Ətiq peyğəmbərliklərinin Məsihdə icra olunmasını göstərməkdir.

16-18

KÖRPƏLƏRİN QƏTLİ (Matta 2:16-18)

Biz artıq gördük ki, Hirod qorxunc qatil idi. Taxt-taca sahib olan kimi o, Sinedrionu, yəhudilərin Ali Şurasını məhv etməyə başladı. Sonra üç yüz saray əhlini, daha sonra arvadı Mariamnanı, qayınanası Aleksandranı, böyük oğlu Antipatranı, eləcə də digər iki oğlu Aleksandr və Aristovulu qətlə yetirdi. Hətta ölüm yatağında belə Yerusəlimin nüfuzlu şəxslərinin qətlə yetirilməsini əmr etmişdi.

Padşah olacaq Körpənin dünyaya gəlməsi xəbərini Hirod təbii ki, sakitcə qəbul edə bilməzdi. Bir qədər əvvəl oxuduq ki, o, münəccimlərdən ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. Bununla da o, Körpənin yaşını dəqiqliklə hesabladı ki, Onu öldürməyə tədbir görsün. İndi isə budur, o öz planını tez və qəddar şəkildə həyata keçirir, yəni Bet-Lexem ətrafında iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarının öldürülməsinə əmr verir. Burada mütləq iki halı qeyd etmək lazımdır: Bet-Lexem böyük şəhər deyildi. Körpələrin sayı iyirmi və ya otuzdan yuxarı ola bilməzdi. Təbii ki, söhbət yüzlərlə uşaqdan getmirdi.

İkincisi, belə bir qətlin ümumiyyətlə baş vermədiyini iddia edən tənqidçilər var. Çünki bu ayələrdən başqa Əhdi-Cədiddə bu hadisəni xatırladan digər mətn yoxdur. Yəhudi tarixçisi İosif Flavi də bu barədə heç nə yazmır. Buna görə deyə bilərik: birincisi, gördüyümüz kimi, Bet-Lexem kiçik şəhər idi. Qətlin qeyri-adi hadisə olmadığı ölkədə iyirmi-otuz uşağın öldürülməsi yalnız Bet-Lexemdə anaların ah-naləsi ilə nəticələnə bilərdi, bundan başqa böyük səs-küy yaratmazdı. İkincisi, baş verən hadisənin gözlənilən yerdə xatırlanmaması o demək deyil ki, belə hadisə olmayıb. Bütün bunlar Hirodun təbiətinə o qədər xas idi ki, Mattanın bizə həqiqəti çatdırmasına şübhə yaratmır.

Bu hadisə insanların İsa Məsihdən qurtulmaq üçün edə biləcəyi dəhşətli dəlildir.

Əgər insan öz şəxsi yolu ilə gedirsə, əgər onun şöhrətpərəst planına müdaxilə edən və ya həyat tərzinə görə onu məzəmmət edən İsa Məsihi görürsə, onda yeganə arzusu Onu yox etmək olur. Beləcə o, ən dəhşətli vasitələrə əl atır — insanların bədənlərini məhv etməsə də, ürəklərini qırır.

Sonda yenidən biz Mattanın özünəməxsus şəkildə Əhdi-Ətiqdən istifadə etmək üsulunu görürük. O, Yeremya peyğəmbərin kitabı 31:15-dən nümunə gətirir: «Rəbb belə deyir: «Ramada bir səs eşidildi, yas və acı fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, təsəlli istəmir. Çünki onlar daha yoxdur»«.

Yeremya peyğəmbərin kitabından olan bu ayədən elə görünür ki, Hirodun körpələri qətlə yetirməsi ilə heç bir əlaqəsi yoxdur. Yeremya peyğəmbər Yerusəlim sakinlərinin qürbətə aparıldığını təsvir edir. Onların yolu Rama şəhərindən keçir. Ramada isə Rəhilənin məzarı var idi (1Şamuel 10:2). Yeremya hətta məzarda olan Rəhilənin xalqının taleyinə görə ağladığını yazır. Matta burada da Əhdi-Ətiqlə Əhdi-Cədidi əlaqələndirir.

19-23

NAZARETƏ QAYIDIŞ (Matta 2:19-23)

Vaxt keçdi, Hirod öldü. Onun ölümündən sonra padşahlıq bölündü. Romalılar Hiroda etibar edir və ona böyük ərazini idarə etməyə imkan vermişdilər. Lakin Hirod yaxşı bilirdi ki, romalılar onun oğullarının heç birinə bu cür səlahiyyət verməyəcəklər. Elə buna görə də o öz padşahlığını üç hissəyə böldü və vəsiyyətinə əsasən hər bölgəni oğullarının ixtiyarına verdi: Yəhudeyanı — Arxelaya; Qalileyanı — Hirod Antipaya; şimal-şərq ərazini və İordan çayının şərq tərəfini — Filipə.

Amma Hirodun ölümü problemləri həll etmədi. Arxela pis hökmdar idi və o, taxtda uzun müddət qalmadı. Arxela hökmdarlıqda Hiroddan da üstün olmaq istədi. O, əmr etdi ki, ölkənin üç min mötəbər şəxsini öldürsünlər. Belə olan halda, Yəhudeyaya qayıtmaq hələ də təhlükəli idi. Arxela qəddarlıqda ad çıxarmışdı. Buna görə də Yusif nisbətən mülayim olan Hirod Antipanın hökmdarlıq etdiyi Qalileyaya getdi.

Yusif Nazaretdə məskunlaşdı və İsa orada boya-başa çatdı. Nazaret kiçik, sakit, rahat və səs-küydən uzaq liman şəhəri deyildi.

Nazaret Qalileyanın cənubunda dağlıq çuxurda yerləşirdi. Lakin şəhəri əhatə edən təpələrə qalxanda, oradan qərbdə göz önündə Aralıq dənizi və o dövrdə mavi sularla hər tərəfə gedən gəmilərin mənzərəsi canlanırdı. Təpənin ətəyində, dəniz sahilinə doğru uzanan düzənlikdə, Dəməşqdən Misirə gedən yol — Afrikaya quru körpü açılırdı. Bu, həmin dövrdə dünyanın ən böyük karvan yollarından biri idi.

Məhz bu yolla Yaqubun oğlu Yusif Misirə qul kimi aparılmışdı. Bu yolla Böyük İsgəndərin (Makedoniyalı) ordusu getmişdi. Yüz illər sonra bu yolla Napoleon keçəcəkdi. İyirminci əsrdə o yoldan ingilis feldmarşalı keçəcəkdi. Bəzən onu Cənub yolu, bəzən isə Dəniz yolu adlandırırdılar. İsa həmin yoldan fərqli-fərqli məqsədlərlə keçən bütün millətlərdən olan müxtəlif səyahətçiləri görə bilərdi. Onlar yer üzünün ucqarlarına və bütün istiqamətlərinə gedirdilər. Akkradan (Aralıq dənizinin sahili boyunca) şərqə gedən daha bir yol var idi. Bu, şərq sərhədinə və Roma imperiyasına qədər uzanan Şərq yolu idi. Bu yolla ipək və ədviyyatlar aparan sonu görünməyən karvan, eləcə də Roma legionu gedirdi.

Nazaret, həqiqətən də, sakit şəhərcik deyildi. Beləliklə, İsa Məsih təpəsinin ətəyindən bütün dünyanın keçdiyi şəhərdə boya-başa çatdı. O, uşaq yaşlarından Ona Allahın dünyasından danışan mənzərələri görürdü.

Budur, mənzərə hazırdır: Matta İsanı Nazaretə gətirir, Nazaret isə dünyaya açılan qapıdır.

ARADAKI İLLƏR

Mattanın Müjdəsinin üçüncü fəslinə keçməzdən əvvəl biz bir məqama diqqət yetirməliyik. İkinci fəsil İsa Məsihin uşaq olduğu dövrdə qurtarır. Üçüncü fəsil başlayanda isə, O, artıq otuz yaşlı yetkin insandır (Luka 3:23 ilə müqayisə edin). Başqa sözlə desək, iki fəsil arasında otuz il sükut mövcuddur. Nə üçün? Ötən otuz il ərzində nə baş verdi? İsa Məsih bu dünyanın Xilaskarı olmaq üçün gəldi. Özü isə otuz il ərzində Pasxa bayramında Yerusəlimə getməsi istisna olmaqla, bir dəfə də olsun İsrail sərhədini keçmədi. İsa öləndə otuz üç yaşında idi. Onun Nazaretdə keçirdiyi otuz il barədə heç nə deyilmir. Başqa sözlə, ömrünün çox hissəsini Nazaretdə keçirmişdi. Bəs bu vaxt nə baş vermişdi?

  1. İsa böyüyüb gənc oldu. Sonra yaxşı ailədə tərbiyə alaraq yetkinləşdi. Yaxşı başlanğıc üçün bundan gözəli ola bilməzdi. Görkəmli professorlardan biri belə qeyd edirdi: «Gündəlik iş həyatı üçün valideynlərimdən miras aldığım gözəl tərbiyə və bacarığıma görə Allaha şükür edirəm». Başqa biri isə belə demişdi: «Yaxşı ana yüz müəllimə dəyər». Beləcə İsa Məsihin gəncliyi yaxşı ailənin əhatəsində keçmişdi.

  2. İsa böyük oğlun məsuliyyətini icra edirdi. Çox güman ki, uşaqlar böyüməzdən əvvəl Yusif dünyasını dəyişdi. Bəlkə də o, Məryəmlə evlənəndə, yaşca çox böyük idi. Qalileyanın Qana şəhərindəki toy barədə hekayədə Məryəm iştirak etsə də, Yusifin adı çəkilmir. Buna görə də fərz etmək olar ki, Yusif həmin vaxt ölmüşdü.

Beləliklə, İsa anasına və kiçik bacı-qardaşlarına dayaq olmaq üçün Nazaret şəhərində dülgərliyə başladı. Dünya Onu çağırırdı. Lakin O, əvvəlcə Öz anasına, qohumlarına və ailəsinə olan borcunu yerinə yetirdi. Valideynlərini itirəndən sonra geriyə baxıb onlar üçün əlindən gələn hər şeyi etdiyini deyə bilən insan xoşbəxtdir. Dünya sadə məsuliyyətləri asanlıqla üzərinə götürənlərin üzərində qurulur. Məsələn, öz ailəsinə xidmət göstərən, xloroformu kəşf edən məşhur həkim Ceyms Simeon kimi. O, kasıb ailədən idi. Ceyms ağıllı uşaq idi. Ailəsi də bunu bilirdi. Ailənin onun haqqında öz arzuları var idi. Onun qardaşı Sandi deyirdi: «Mən bilirdim ki, o, nə vaxtsa dahi olacaq». Beləcə paxıllıq və qibtə etmədən onun qardaşları yorulmadan çörəkxanada işləyirdilər ki, Ceyms Universiteti bitirib öz arzusuna çatsın. Bu istedadlı oğlanın üzünə xoşbəxtlik gülsün deyə çox şeydən özlərini məhrum edən doğmaları olmasaydı, görkəmli alim Ceyms Simeon da olmayacaqdı.

İsa Məsih ailə barədə sadə məsuliyyəti Öz boynuna götürməyin gözəl nümunəsidir.

  1. İsa sadə bir işçi olmağın və pul qazanmağın nə demək olduğunu bilirdi. İnsanlara kömək etməyə hazır olmaq üçün İsa əvvəlcə onların necə yaşadığını bilməli idi. O, bu dünyaya başqasının hesabına yaşamaq üçün gəlmədi. O, dünyaya istənilən insanın yaşamalı olduğu kimi gəldi. İsa sadə insanların həyatını dərk etmək istəyirdisə, mütləq bunu etməli idi.

Fransız kraliçası Mariya Antuanetta haqqında belə bir hekayə var: onun ölkəsi inqilab ərəfəsində idi. İnsanlar aclıqdan ölür, xalq qiyam qaldırırdı. Kraliça bunların niyə baş verdiyini soruşanda, ona belə cavab verdilər: «Xalqın yeməyə çörəyi yoxdur». Onda Mariya-Antuanetta dedi: «Əgər çörəkləri yoxdursa, qoy pirojna yesinlər». O, gördüyü bolluqdan başqa bir həyat tərzi təsəvvür edə bilmirdi. O, həyatı dərk etmirdi.

Müjdənin susduğu bu illər ərzində İsa Nazaretdə işləyirdi. O işləyirdi ki, bizim ağrı-acılarımızı bilsin və bizə kömək etsin.

  1. İsaya böyük tapşırıq verilməzdən əvvəl O, kiçik tapşırığı can-dildən yerinə yetirirdi. Əsl həqiqət də budur ki, İsa Məsih kiçik tapşırıqları icra edə bilməsəydi, Ona dünyanın Xilaskarı olmaq tapşırığı verilməzdi. O, ən balaca işlərdə sadiq qaldı ki, çox şeyin üzərində Rəbb olsun. Unutmayaq ki, biz gündəlik işlərdə ya çələngi qazana, ya da itirə bilərik.

Azərbaycan dilində Müqəddəs Kitab

Müdrik adamların ziyarəti
1 İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2 dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3 Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4 Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5 «Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb:
6 “Ey Yəhuda torpağındakı Bet-Lexem, sən
Yəhuda hökmdarları arasında ən kiçik deyilsən,
Çünki xalqım İsrailə çoban olan
Hökmdar səndən çıxacaq”».
7 Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8 «Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9 Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10 Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11 Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12 Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər.
Misirə qaçış
13 Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14 Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15 Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi:
«Öz Oğlumu Misirdən çağırdım».
16 Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17 Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi:
18 «Ramada bir səs eşidildi,
Ağlaşma və böyük fəryad səsləri!
Rəhilə uşaqları üçün ağlayır,
Təsəlli istəmir.
Çünki onlar daha yoxdur».
Misirdən Nazaretə dönüş
19 Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20 dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21 Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22 Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23 Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi.