1-17
Müasir oxucuya elə gələ bilər ki, Matta öz Müjdəsi üçün birinci fəsildə oxucunun oxumalı olduğu uzun adlar siyahısını yerləşdirərək qəribə başlanğıc seçib. Lakin bir yəhudi üçün bu, tamamilə adi hal idi. Onun nöqteyi-nəzərindən bu, insan həyatı barədə hekayəni başlamağın ən doğru yolu idi.
Yəhudilər nəsil şəcərəsinə xüsusi diqqət yetirirdilər. Matta bunu İsa Məsihin nəsil şəcərəsi kitabı — biblios geneseus adlandırır. Əhdi-Ətiqdə biz tez-tez məşhur insanların nəsil şəcərəsi ilə rastlaşırıq (Yaradılış 5:1; 10:1; 11:10; 11:27). Görkəmli yəhudi tarixçisi İosif Flavi tərcümeyi-halını yazanda dediyinə görə arxivdə tapdığı nəsil şəcərəsindən başlayır.
Nəsil şəcərəsinə maraq yəhudilərin öz mənşələrinin saflığına önəm verməsi ilə izah olunur. Azacıq da olsa başqa qandan qarışığı olan insan yəhudi və Allahın seçilmiş xalqının nümayəndəsi adlanmaqdan məhrum olurdu. Məsələn, kahin bir ad əskik olmadan Harundan tutmuş öz nəsil şəcərəsinin siyahısını təqdim etməli idi. Əgər o evlənərdisə, onun həyat yoldaşı ən azı beş nəsil şəcərəsini təqdim etməli idi. Ezra sürgündən sonra İsrailə qayıdanda və kahinliyi bərpa edib ibadət qaydalarını dəyişəndə, Xovaya övladları, Haqqos övladları, Barzillay övladları «nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar» (Ezra 2:62).
Nəsil şəcərələrin arxivi Ali Şurada qorunurdu. Əsl yəhudilər daima padşah Böyük Hiroda nifrət edirdilər, çünki o, yarı yəhudi, yarı Edomlu idi.
Mattanın Müjdəsində bu hissə maraqsız görünə bilər. Amma yəhudilər üçün İsa Məsihin nəsil şəcərəsini İbrahimə qədər tədqiq etmək çox əhəmiyyətli idi.
Bundan əlavə, qeyd etmək lazımdır ki, bu nəsil şəcərəsi çox əsaslı surətdə hər qrupda on dörd insan adından ibarət üç qrupa bölünmüşdü. Bu cür tərtibat mnemonika adlanır, yəni siyahı elə tərtib olunmuşdu ki, yadda saxlamaq asan olsun. Unutmamalıyıq ki, Müjdələr çap kitabları çıxmazdan yüz illərlə əvvəl yazılmışdı. Yalnız çox az sayda adam onların surətinə malik idi. Buna görə də bu kitablara sahib olmaqdan ötrü onları yadda saxlamaq lazım idi. Bu səbəbdən də nəsil şəcərəsi asan yadda saxlanılsın deyə üçün belə tərtib olunmuşdu. O, İsa Məsihin Davudun Oğlu olmasını sübuta yetirməli və yaddaşa asan həkk olunması üçün bu cür tərtib edilməli idi.
Artıq nəsil şəcərəsinin tərtibatı bütün insan həyatı üçün rəmzi məna daşıyır. Nəsil şəcərəsi üç hissəyə bölünür. Onlardan hər biri İsrail tarixindəki böyük mərhələlərdən birinə uyğundur.
Birinci hissə padşah Davuda qədər olan dövrü əhatə edir. Davud İsraili xalq kimi bir yerə topladı və onu dünyanın hesablaşmalı olduğu güclü dövlətə çevirdi. Birinci hissə böyük padşahın gəlişinə qədər İsrail tarixini əks etdirir.
İkinci hissə Babil sürgününə qədərki dövrü əhatə edir. Bu hissədə xalqın rüsvayçılığı, faciəsi və bədbəxtliyi barədə danışılır.
Üçüncü hissə İsa Məsihə qədər olan dövrü əhatə edir. İsa Məsih xalqı köləlikdən azad edir, onları kədərdən qurtarır və onların faciəsi Məsihdə qələbəyə çevrilir.
Bu üç hissə bəşəriyyətin ruhani tarixinin üç mərhələsi kimi xarakterizə olunur.
İnsan əzəmətli olmaq üçün doğulub. «Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı» (Yaradılış 1:27). Allah dedi: «Öz surətimizə və bənzərimizə görə İnsanı yaradaq» (Yaradılış 1:26). İnsan Allahın surətində yaradılıb. O, Allahla dostluq etməli idi. İnsan Allaha yaxın olmaq üçün yaradılmışdı. Necə ki bunu dahi Roma mütəfəkkiri bildirirdi: «İnsanla Allah arasındakı fərq yalnız vaxtla məhdudlaşır». İnsan padşah olmaq üçün doğulub.
İnsan öz əzəmətini itirdi. Allahın qulu olmaq əvəzinə insan günahın köləsinə çevrildi. İngilis yazıçısı Q.K, Çestertonun dediyi kimi: «İnsan haqqında həqiqət budur ki, o, mövcud olmamalı olduğu şəxsə çevrildi». İnsan ona verilən azad iradədən istifadə edərək Allahla dostluq və yoldaşlıq münasibəti qurmaq əvəzinə Ona açıq-aşkar itaətsizlik etdi. O, özbaşınalıq edərək Allahın onun üçün planını puç etdi.
İnsan yenidən öz əzəmətini əldə edə bilər. Hətta bundan sonra da Allah insanı öz qüsurları ilə təkbaşına qoymadı. Allah insanın özünü ağılsızlıqla məhv etməsinə və hər şeyin faciə ilə bitməsinə imkan vermədi. O, bu dünyaya Öz Oğlu İsa Məsihi göndərdi ki, insanı özünü saldığı günah bataqlığından və buxovladığı günah qandallarlından azad etsin. Beləcə insan Oğul vasitəsilə Allahla itirdiyi dostluğa nail olsun.
İsa Məsihin şəcərəsi vasitəsilə Matta bizə əldə edilmiş padşah əzəmətini, itirilmiş azadlığın faciəsini və geri qaytarılmış azadlığın şöhrətini göstərir. Bu, Allahın lütfü ilə bütün bəşəriyyətin və hər bir insanın tarixidir.
Bu hissədə İsa Məsihin iki xüsusiyyəti qeyd olunur.
Burada İsa Məsihin Davudun Oğlu olması vurğulanır; nəsil şəcərəsi elə bu səbəbdən tərtib olunub.
Peter məsihçi Cəmiyyətinə yazılmış ilk təbliğində bunu qeyd edir (Həvarilərin İşləri 2:29-36). Paul İsa Məsih haqqında cismən Davud nəslindən olduğunu deyir (Romalılara 1:3). Cəmiyyət rəhbərlərinə yazılmış məktubların müəllifi insanları inandırır ki, Məsihin Davudun nəslindən olub ölülər arasından dirilməsini unutmasınlar (2Timoteyə 2:8). Vəhy kitabının müəllifi Dirilən Məsihin necə «Mən Davudun Kökü və Nəsliyəm» dediyini eşidir (Vəhy 22:16).
Müjdədəki hekayələrdə də dəfələrlə Məsihə bu cür müraciət olunur. İsa cinə tutulmuş kor və lal bir adamı sağaldandan sonra xalq dedi: «Bu, Davudun Oğlu deyilmi?» (Matta 12:23) Sur və Sidon bölgələrindən olan və öz qızı üçün Məsihdən kömək istəyən qadın İsaya belə müraciət edir: «…ey Davud Oğlu!» (Matta 15:22) Korlar İsanın ardınca ucadan bağırdılar: «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» (Matta 20:30,31) İsa sonuncu dəfə Yerusəlimə daxil olanda, izdiham Onu Davudun Oğlu kimi salamladı (Matta 21:9,15).
İsa Məsihi izdihamın bu cür qarşılaması çox vacib idi. Yəhudilər qeyri-adi bir şey gözləyirdilər. Onlar heç vaxt Allahın seçilmiş xalqı olduqlarını unutmurdular. Baxmayaraq ki, onların tarixi zəncirvari məğlubiyyət, bədbəxtlik və tez-tez istilalardan ibarət idi, onlar heç vaxt öz təyinatlarını yaddan çıxartmırdılar. Sadə xalq xəyal qururdu ki, bu dünyaya padşah Davudun Kökü gələcək və düşündükləri kimi onları layiq olduqları izzətə qovuşduracaq.
Başqa sözlə desək, İsa insanların arzularının cavabı idi. Doğrudan da, insanlar arzularının cavabını ancaq hakimiyyət, var-dövlət, maddi bolluq və şöhrətpərəstliklə bağlı planlarının həyata keçməsində görürlər. Hətta insanların sülh və gözəllik, əzəmət və məmnunluq xəyalları nə vaxtsa həyata keçəcəksə, onlar yalnız İsa Məsihdə gerçəkləşəcək.
İsa Məsihin Özü və Onun insanlara təklif etdiyi həyat — onların qurduğu xəyallarının cavabıdır. Yusif haqqında hekayədə mövzudan kənara çıxan bir hissə var. Yusiflə birgə zindana sarayın baş saqisi və baş çörəkçisi salınmışdı. Hər ikisi onları narahat edən yuxu gördülər və lərzə içində nalə çəkdilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur» (Yaradılış 40:8). İnsanı həmişə arzular izləyir. Onların həyata keçməsi isə Məsihdədir.
Bu hissə onu göstərir ki, İsa Məsih bütün peyğəmbərliklərin icrasıdır. Bütün peyğəmbərlərin söylədikləri Onda həyata keçdi. Bu gün bir çoxumuz peyğəmbərliklərə o qədər də əhəmiyyət vermirik, yaxud Əhdi-Cədiddə həyata keçən Əhdi-Ətiq peyğəmbərliklərini axtarmaq istəmirik. Lakin peyğəmbərliklərdə böyük və əbədi həqiqət mövcuddur: Tanrının bu kainat üçün bir məqsədi və təyinatı var. Tanrı kainatda Öz məqsədlərini yerinə yetirmək istəyir.
Bir pyesdə söhbət on doqquzuncu əsrdə İrlandiyada baş verən dəhşətli aclıqdan gedir. Hakimiyyət heç bir yaxşı çıxış yolu tapmayaraq lüzumsuz yerə insanları tamamilə naməlum istiqamətdə yolları qazmağa göndərir. Pyesin qəhrəmanlarından biri Maykl bunu başa düşərək işini qoyub evə qayıdır və atasına deyir: «Onlar sonu görünməyən bir yol hazırlayırlar».
Peyğəmbərliklərə inanan şəxs heç vaxt belə deməz. Hekayə sonu görünməyən bir yol ola bilməz. Bəlkə də biz peyğəmbərliklərə əcdadlarımızdan fərqli yanaşırıq. Amma peyğəmbərliklərin arxasında bir fakt dayanır: həyat və dünya sonu görünməyən yol deyil, Allahın məqsədinə aparan vasitədir.
Nəsil şəcərəsində ən valehedici hissə qadınların adlarıdır. Yəhudilərin nəsil şəcərəsində, ümumiyyətlə, qadınların adlarına çox nadir hallarda rast gəlinir. Qadınların qanuni hüquqları yox idi. Onlara insan kimi deyil, əşya kimi baxırdılar. Qadın atanın və ya ərin şəxsi mülki idi. Onlar istədikləri kimi qadınlarla rəftar edə bilərdilər. Hər səhər duasında yəhudi Allaha minnətdarlıq edirdi ki, onu qeyri-yəhudi, qul və ya qadın yaratmayıb. Ümumiyyətlə, nəsil şəcərəsində bu adların olması artıq çox qeyri-adi və təəccüblü hal idi.
Lakin bu qadınların kim olduğuna və nə etdiklərinə baxsaq, daha çox təəccüblənərik. Əhdi-Ətiqdə Raxav və ya Rahav adlandırılan qadın Yerixolu zinakar idi (Yeşua 2:1-7). Rut hətta yəhudi deyil, moavlı idi (Rut 1:4). Məgər Qanunda yazılmamışdı ki «Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz» (Qanunun təkrarı 23:3)? Rut düşmən xalqdan idi. Tamar məharətli yoldan çıxaran qadın idi (Yaradılış 38). Davud Süleymanın anası Bat-Şevanı qəddarcasına əri Uriyanın əlindən aldı (2Şamuel 11 və 12). Əgər Matta Əhdi-Ətiqdə mükəmməl namizədlər axtarsaydı, İsa Məsih üçün daha imkansız dörd əcdad tapa bilməzdi. Lakin bununla yanaşı burada diqqətəlayiq bir şey var. Matta ilk fəsildə bizə rəmzi şəkildə İsa Məsihdə Allahın Müjdəsinin mahiyyətini göstərir. Çünki o, burada maneələri necə aşdığını nümayiş etdirir.
Yəhudilər və qeyri-yəhudilər arasındakı sədd dağıldı. Yerixolu Raxav, moavlı Rut İsa Məsihin nəsil şəcərəsində yer tapdı. Artıq burada Məsihdə yunanla yəhudi arasında fərqin olmaması həqiqəti özünü təsdiqlədi. Burada Müjdənin artıq universallığı və məhəbbəti aydın görünür.
Kişi və qadınlar arasındakı sədd dağıldı. Adətən, nəsil şəcərəsində qadın adları olmurdu. Lakin İsa Məsihin nəsil şəcərəsində onlar var. Köhnə xor baxışlar keçib getdi. Həm kişilər, hə də qadınlar Tanrı və Onun məqsədləri üçün eyni dəyərə və əhəmiyyətə malikdir.
Günahkarlar və salehlər arasındakı sədd dağıldı. Allah Öz məqsədi və planı üçün hətta çox günah edəni istifadə edə bilər. İsa Məsih deyir: «Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm» (Matta 9:13).
Artıq burada Müjdənin başlanğıcında Allahın sevgisinin hər kəsin əhatə etdiyinə işarə var. Allah nüfuzlu ortodoks yəhudilərin xor baxdığı insanlar arasından Öz qullarını tapa bilər.
18-25
Belə bir münasibət bizi çətin vəziyyətə sala bilər. Birincisi, burada söhbət Məryəmin nişanlanmasından gedir. Sonra Yusif onu gizlicə boşamaq niyyətinə düşdü. Daha sonra isə Məryəm onun arvadı adlandırılır. Amma bu, adi yəhudi nikah münasibətlərini və bir neçə mərhələdən ibarət olan proseduru əks etdirir.
Birinci mərhələ — elçilik. Adətən, elçilik uşaq yaşlarından başlayırdı. Bunu valideynlər və ya peşəkar elçilər edirdi. Nəzərə almaq lazımdır ki, əksər hallarda gələcək ər-arvad bir-birini görmürdü. Çünki nikahı insan ürəyinin sevgi ilə alışıb yanmasından daha ciddi məsələ hesab edirdilər.
İkinci mərhələ — nişan. Nişanı cütlük arasında bağlanmış elçiliyin təsdiqi adlandırmaq olar. Bu vaxt elçilik qızın təkidi ilə pozula bilərdi. Lakin nişan olduqdan sonra o, bir ilə qədər davam edirdi. Bu müddət ərzində cütlük nikah olmadan hamıya ər-arvad kimi tanınırdı. Münasibəti yalnız boşanma vasitəsilə dayandırmaq olardı. Yəhudi Qanununda qəribə ifadəyə rast gəlmək mümkündür: nişanlılıq dövründə qızın adaxlısı dünyasını dəyişərdisə, qızı «bakirə-dul» hesab edirdilər. Yusiflə Məryəm nişanlı idilər. Əgər Yusif nişanı pozmaq niyyətinə düşsə idi, o, bunu Məryəmə yalnız talaq kağızı verməklə edə bilərdi.
Üçüncü mərhələ — nişandan bir il sonra nikah mərasimi.
Əgər yəhudi nikah qaydalarını xatırlasaq, bu hissədə ən tipik və normal münasibətlər təsvir olunduğunu görərik.
Beləcə nikahdan əvvəl Yusifə bildirilir ki, bakirə Məryəm Müqəddəs Ruhdan Körpə dünyaya gətirəcək. Onun adı İsa olacaq. İsa adı — yəhudi dilindəki Yeşua adının yunan tərcüməsidir. Yeşua isə — Yahve xilas edir deməkdir. Hələ məzmurçu Davud bəyan edirdi: «Ey İsrail, O səni bütün təqsirlərindən azad edər!» (Zəbur 130:8) Eləcə Yusifə də deyilmişdi ki, Körpə böyüyəcək və xalqını günahlarından azad edən Xilaskar olacaq. İsa Məsih Padşahdan daha çox Xilaskar kimi doğuldu. O, bu dünyaya Öz adı naminə deyil, insanlar və bizim xilasımız naminə gəldi.
Bu hissədə İsa Məsihin Müqəddəs Ruhdan qüsursuz şəkildə doğulacağından danışılır. Bakirə qadının dünyaya uşaq gətirməsi bizim üçün çətin anlayışdır. Bu fenomenin fiziki mənasını aydınlaşdırmağa çalışan çoxlu nəzəriyyə mövcuddur. Biz isə, bu həqiqətdə bizim üçün vacib olanı dərk etmək istəyirik.
Bu parçanı oxuyanda görürük ki, bakirə qızın İsa Məsihi dünyaya gətirməsi faktından daha çox Məsihin doğulmasında Müqəddəs Ruhun iştirakı vurğulanır. «...Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu». «...onun bətnindəki körpə Müqəddəs Ruhdandır». Məsihin doğulmasında Müqəddəs Ruhun xüsusi iştirakının mənası nədir?
Yəhudi dünyagörüşünə görə Müqəddəs Ruh müəyyən fəaliyyətlərə malik idi. Biz bu hissəyə Müqəddəs Ruh barədə məsihçilərin nöqteyi-nəzərindən baxa bilmərik. Çünki Yusif bu barədə heç nə bilmirdi. Elə buna görə biz bu hissəni yəhudilərin Müqəddəs Ruh barədə baxışına əsasən şərh etməliyik. Yusif bu məsələyə yalnız yəhudi nəzəriyyəsindən baxırdı. Çünki məlumatı ancaq yəhudilərin bu məsələyə baxışından ibarət idi.
Yəhudi dünyagörüşünə görə Müqəddəs Ruh insanlara Allahın həqiqətini çatdırırdı. Müqəddəs Ruh peyğəmbərlərə nə deməli və nə etməli olduqlarını öyrədirdi. Bütün əsrlər və nəsillər boyu Müqəddəs Ruh insanlara Allahın həqiqətini açıqlayırdı. Buna görə də İsa Məsih insanlara Allahın həqiqətini gətirən Şəxsdir.
Gəlin bunu başqa sözlə ifadə edək. Allahın necə olduğunu və bizi necə görmək istədiyini təkcə İsa söyləyə bilər. Yalnız İsa Məsihdə biz Allahın necə olduğunu və insanın necə olmalı olduğunu görürük. İsa Məsihin gəlişinə qədər insanlar Allah haqqında anlaşılmaz, qeyri-aydın və tamamilə yanlış təsəvvürlərə malik idi. Onlar, ən yaxşı halda, güman edib qaranlıqda kor-koranə gedə bilərdilər. İsa Məsih isə deyirdi: «Məni görən Atanı görmüş olur» (Yəhya 14:9). Biz İsa Məsihdə dünyada olmayan məhəbbəti, şəfqəti, mərhəməti, axtaran ürəyi və Allahın saflığını görürük. İsanın gəlişi ilə güman vaxtı sona çatdı və əminlik dövrü başladı. İsanın gəlişinə qədər insanlar alicənablığın nə olduğunu bilmirdi. Yalnız Məsihdə biz həqiqi alicənablıq, həqiqi yetkinlik və həqiqi Allahın iradəsinə itaətin nə olduğunu dərk edirik. İsa Məsih gəldi ki, bizə həm Allah, həm də bizim haqqımızda həqiqəti bildirsin.
Yəhudilər inanırdılar ki, Müqəddəs Ruh təkcə Allahın həqiqətini çatdırmır, həm də həqiqəti gördükləri vaxt onu dərk etmək qabiliyyətini verir. Bu şəkildə İsa Məsih insanların gözlərini həqiqətə açır. İnsanlar öz cahillikləri ilə kor olub. Onların xurafatları onları həqiqi yoldan azdırır. Gözləri və şüurları günah və ehtirasları səbəbindən korazehin olub. Məsih isə həqiqəti görməyimiz üçün gözlərimizi aça bilər. İngilis yazıçısı Uilyam Lokkun romanlarının birində ömrünün yarısını dünyanın diqqətəlayiq yerlərinə və incəsənət qalereyalarına sərf edən zəngin qadın obrazı var. Sonda o yorulur. Artıq onu heç nə maraqlandırmır və təəccübləndirmir. Lakin günlərin bir günü dünyəvi sərvətə az malik olan, ancaq əsl gözəlliyi bilən və sevən insanla qarşılaşır. Onlar birgə səyahət etməyə başlayır və həmin qadın üçün hər şey görkəmini dəyişir. Qadın o adama deyir: «Mən heç vaxt sən dünyaya necə baxmağı mənə öyrədənə qədər onun nəyə bənzədiyini bilmirdim».
İsa bizi dünyaya necə baxmağı öyrədəndə, həyat tamamilə fərqli olur. Məsih ürəyimizə daxil olduğu vaxt gözlərimizi açır ki, dünyaya və hər şeyə düzgün baxaq.
Yəhudilər xüsusilə Müqəddəs Ruhu yaradılışla əlaqələndirirdilər. Tanrı dünyanı Öz Ruhu vasitəsilə yaratdı. Əzəldən Allahın Ruhu sular üzərində dolaşaraq qarma-qarışıqlıqdan dünyanı yaratdı (Yaradılış 1:2). Məzmurçu deyir: «Göylər Rəbbin sözü ilə səma cisimləri Onun hökmü ilə yarandı» (Zəbur 33:6). (Qədim ibrani dilində ruah sözü yunan dilindəki pnevma sözü kimi eyni mənanı verir — ruh və nəfəs.) «Ruhunu göndərərkən onlar yaranır» (Zəbur 104:30). Əyyub deyir: «Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi» (Əyyub 33:4).
Ruh — dünyanı Yaradan və həyat Verəndir. Beləcə İsa Məsih vasitəsilə dünyaya yaradan, həyat verən Allahın qüdrəti gəldi. İlk qarma-qarışıqlığı nizama salan həmin qüdrət indi üzərimizə gəldi ki, dağınıq həyatımızı sahmana salsın. Cansızlığa həyat verən qüdrət gəldi ki, bizim zəifliyimizi və boşluğumuzu canlandırsın. Belə demək olar: İsa Məsih həyatımıza daxil olana qədər biz, həqiqətən, canlı olmuruq.
Yəhudilər Müqəddəs Ruhu təkcə yaradılışla deyil, həm də bərpa ilə bağlayırdılar. Yezekel peyğəmbərin kitabında vadidə ölü sümüklərlə dolu acınacaqlı mənzərədən bəhs olunur. O, bu sümüklərin necə canlandığından danışır, sonra isə Allahın səsini eşidir: «Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz» (Yezekel 37:1-14). Ravvinlərdə belə bir məsəl var idi — Tanrı İsrailə dedi: «Bu dünyada Ruhum sizin daxilinizə müdriklik qoydu, gələcəkdə isə Ruhum yenidən sizə həyat verəcək». Allahın Ruhu günahdan həlak və kar olan insanları yenidən canlandıra bilər.
Beləcə İsa Məsih vasitəsilə bu dünyaya həyatı bərpa etməyə qadir olan qüdrət gəldi. İsa günahda batmış insanları yenidən canlandıra bilər. O, məhv olmuş idealları dirçəldə və yıxılanlara yenidən alicənablığa can atmağa güc verə bilər. O, insanların itirdikləri həyata məna verən hər şeyi yeniləyə bilər.
Beləliklə, bu fəsildə İsa Məsihin yalnız bakirə qızdan doğulmasından bəhs olunmur. Mattanın nəql etdiyi Müjdənin mahiyyəti bundan ibarətdir ki, İsa Məsihin doğulmasında Allahın Ruhu dünyada əvvəl heç vaxt olmadığından daha artıq iştirak edir. Allahın Ruhu insanlara həqiqəti bildirir. Allahın Ruhu insanlara həqiqəti gördükləri zaman onu dərk etməyə bacarıq verir. Allahın Ruhu dünyanın yaradılmasında vasitəçi idi. İnsanın canını yalnız Allahın Ruhu dirçəldə bilir.
İsa Məsih Allahın necə olduğunu və insanın necə olmalı olduğunu görməyə qabiliyyət verir. O, Allahın həqiqətini görməyimiz üçün zehnimizi açır. İsa — insanların üzərinə gələn yaradıcı qüvvədir. İsa — insanları günah nəticəsində ölümdən azad etməyə qabil bərpaedici qüdrətdir.