Mattanın, Markın və Lukanın Müjdəsini, adətən, sinoptik Müjdə adlandırırlar. Sinoptik sözü mənası birlikdə görmək ifadəsini verən iki yunan sözünün birləşməsindən əmələ gəlib. Nəticə etibarilə yuxarıda qeyd olunan Müjdələr ona görə sinoptik adlandırılır ki, onların hər birində İsa Məsihin həyatında baş verən hadisələr təsvir olunub. Hər birində nəyinsə əlavə olunmasına, nəyinsə buraxılmasına baxmayaraq, görünən budur ki, onlar eyni materiala əsaslanmaqla yanaşı, eyni tərkibə malikdir. Buna görə də onları paralel sütunlarda qeyd edib bir-biri ilə müqayisə etmək olar.
Bundan sonra hər bir Müjdənin bir-birinə uyğun olması aydın görünür. Məsələn, əgər beş min insanın doydurulması barədə hekayəni (Matta 14:12-21; Mark 6:30-44; Luka 5:17-26) müqayisə etsək, demək olar ki, eyni sözlərlə ifadə olunmuş hekayəni görərik.
Məsələn, ya da iflicin şəfası barədə hekayəni götürək (Matta 9:1-8; Mark 2:1-12; Luka 5:17-26). Bu üç hekayə bir-birinə o qədər oxşayır ki, hətta «iflicə dedi» ara sözü hər üç hekayədə eyni formada və eyni yerdə yerləşdirilib. Üç Müjdə arasında uyğunluq o qədər çoxdur ki, hər üç Müjdənin ya eyni mənbədən götürülməsi, ya da ikisinin birinə istinad etməsi qənaətinə gəlmək olar.
Məsələni daha dəqiq araşdırsaq, Markın Müjdəsinin birinci yazıldığına, digər iki — Mattanın və Lukanın Müjdəsinin — ona əsaslandığını təsəvvür etmək mümkündür.
Markın Müjdəsini 105 hissəyə ayırmaq olar. Onlardan 93-nə Mattanın, 81-nə isə Lukanın Müjdəsində rast gəlinir. Markın Müjdəsindəki 105 hissədən yalnız dördünə nə Mattanın, nə də Lukanın Müjdəsində rast gəlmək olar. Markın Müjdəsində 661, Mattanın Müjdəsində 1068, Lukanın Müjdəsində isə 1149 ayə var. Mattanın Müjdəsində Markın Müjdəsindən 606 ayə, Lukanın Müjdəsindən isə 320 ayə əks olunub. Markın Müjdəsindən 55 ayə Mattanın Müjdəsində yoxdur, lakin 55 ayədən 31-i Lukanın Müjdəsində mövcuddur. Beləliklə, Markın Müjdəsindən yalnız 24 ayə nə Mattanın, nə də Lukanın Müjdəsində var.
Təkcə ayələrdəki mənalar deyil, həm də Mattada 51%, Lukada isə 53% Markın Müjdəsindəki sözlərdən istifadə olunur. Həm Matta, həm də Luka bir qayda olaraq Markın Müjdəsində qəbul edilmiş materialın quruluşunu və hadisələri izləyir. Bəzən Mattada, yaxud da Lukada Markın Müjdəsindən fərqli məqamlara rast gəlinir. Amma heç vaxt hər ikisi Markın Müjdəsindən fərqlənmir. Onlardan biri həmişə Markda izlənilən nizama riayət edir.
Mattanın və Lukanın Müjdəsinin həcmi Markın Müjdəsindən bir qədər böyük olduğuna görə düşünmək olar ki, Markın Müjdəsi Matta və Lukanın Müjdəsinin qısa xülasəsidir. Lakin Markın Müjdəsinin ən erkən yazılan Müjdə olmasına aid bir dəlil var: əgər belə demək olarsa, Matta və Lukanın Müjdəsinin müəllifləri Markın Müjdəsini təkmilləşdirib. Bir neçə nümunə göstərək.
Eyni hadisənin üç təsviri:
Mark 1:34 «İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu».
Matta 8:16 «O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi».
Luka 4:40 «O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi».
Yaxud digər nümunəyə baxaq:
Mark 3:10 «Çünki O, çox adama şəfa vermişdi».
Matta 12:15 «İsa onların hamısına şəfa verdi».
Luka 6:19 «Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı».
Matta və Lukanın Müjdəsinin müəllifləri Markın Müjdəsində yazılan bir çox sözünü hamı sözü ilə əvəz ediblər. Bunu ona görə ediblər ki, İsa Məsihin səlahiyyət və qüdrətinə məhdudiyyət olmadığına heç bir şübhə yaranmasın.
Təxminən belə bir dəyişiklik İsa Məsihin Nazaretə baş çəkməsində də təsvir olunub. Bu təsviri Matta və Markın Müjdəsində müqayisə edək:
Mark 6:5,6 «Orada O heç bir möcüzə yarada bilmədi... İsa onların imansızlığına heyrət edirdi».
Matta 13:58 «İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı».
Mattanın Müjdəsinin müəllifinin İsa Məsihin heç bir möcüzə yarada bilmədiyini deməyə cəsarəti çatmır və o, ifadəni dəyişir. Bəzən Matta və Lukanın Müjdəsinin müəllifləri Markın Müjdəsindənki İsanın əzəmətinin kiçildə biləcək xırda məqamları buraxırlar. Matta və Lukanın Müjdəsində Markın Müjdəsində olan üç məqam buraxılıb:
Mark 3:5 «İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib...»
Mark 3:21 «İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib».
Mark 10:14 «Bunu görən İsa acıqlanaraq onlara dedi...»
Matta və Lukanın Müjdəsinin müəllifləri İsa Məsihdə adi insanlardakı qəzəblə kədər hissini görməyə cəsarət etmir və kiminsə İsa Məsihin ağlını itirməsini düşünməyindən sarsılırdılar.
Bütün bunlar göstərir ki, Markın Müjdəsi digərlərindən əvvəl yazılıb. Onda sadə, canlı və səmimi hekayələr nəql olunub. Matta və Lukanın Müjdəsinin müəlliflərinə isə doqmatik və teoloji mülahizələr təsir etməyə başlayıb. Buna görə də onlar sözləri çox ehtiyatla seçiblər.
Biz artıq Mattanın Müjdəsində 1068, Lukanın Müjdəsində 1149 ayənin olduğunu və onlardan 582-nin Markın Müjdəsində təkrarlandığını gördük. Bu o deməkdir ki, Matta və Lukanın Müjdəsindəki materiallar Markın Müjdəsindən çoxdur. Bu materialın tədqiqatı Luka və Mattanın Müjdəsindəki 200 ayənin təxminən eyni olduğunu göstərir. Məsələn, Luka 6:41, 42 və Matta 7:3, 5; Luka 10:21,22 və Matta 11:25,27; Luka 3:7-9 və Matta 3:7-10 ayələri demək olar ki, tamamilə eynidir. Lakin fərqli gördüyümüz yerlər bunlardır: Mattanın və Lukanın müəlliflərinin Markın Müjdəsindən götürdüyü materiallar təxminən İsa Məsihin həyatından bəhs edən hadisələrə aiddir. Matta və Lukanın Müjdəsində olan 200 ayə isə İsa Məsihin nə etdiyinə deyil, nə dediyinə aiddir. Buradan aydın görünür ki, Matta və Luka Müjdəsinin müəllifləri həmin hissədə eyni mənbədən — İsa Məsihin təlimləri kitabından yararlanıb.
Bu kitab artıq mövcud deyil. Amma ilahiyyatçılar onu Kİ (Kovenant ilahiyyat) adlandırır. Bu da Quelle, alman dilində mənbə deməkdir. O dövrdə bu kitab böyük əhəmiyyətə malik olmalı idi. Çünki o, İsa Məsihin təlimi barədə ilk müntəxəbat1 idi.
Biz burada həvari Mattanın probleminə toxunuruq. İlahiyyatçılar razıdırlar ki, ilk Müjdə Mattanın əlinin zəhməti deyil. Məsihin həyatının şahidi olan insanın İsa Məsihin həyatı barədə Markın Müjdəsinə mənbə kimi müraciət etməsinə ehtiyac yox idi. Necə ki, bunu Matta Müjdəsinin müəllifi etmişdir. Lakin Məsihin ilk Cəmiyyət tarixçilərindən biri olan Hierapolis yepiskopu Papiy bizə çox vacib məlumatı çatdırmışdır: «Matta İsa Məsihin təlimini ibrani dilində toplamışdı».
Beləcə biz hesab edə bilərik ki, bu Müjdəni elə Matta özü yazıb. İsa Məsihin təlimi barədə öyrənmək istəyən insanlar bu Müjdəyə mənbə kimi yanaşmalıdırlar. Elə buna görə də bu mənbə-kitabının çoxu ilk Müjdədə yer aldığı üçün ona Matta adı verilib. İsa Məsihin Dağüstü Vəzinin və bütün təliminin Mattaya aid olduğunu xatırlayanda, biz daim ona minnətdar olmalıyıq. Başqa sözlə desək, Markın Müjdəsinin müəllifi sayəsində biz İsa Məsihin həyatı barəsində hadisələri, Mattada isə İsa Məsihin təliminin mahiyyətini öyrənirik.
Mattanın özü barəsində məlumatımız azdır. Matta 9:9-da biz onun çağırışı barədə oxuyuruq. Bilirik ki, o, vergiyığan idi. Buna görə də hamı ona nifrət edirdi. Çünki yəhudilər istilaçılara xidmət edən həmvətənlərinə nifrət edirdilər. Matta onların gözündə satqın idi.
Ancaq Mattanın bir bacarığı var idi. İsa Məsihin şagirdlərinin çoxu balıqçı olduğuna görə kağız üzərində fikirlərini ifadə etmək bacarığına malik deyildi. Matta isə bu işdə peşəkar idi. İsa Məsih vergi yığılan yerdə oturan Mattanı çağıranda, o, ayağa qalxıb qələmindən başqa hər şeyi ataraq Onun ardınca getdi. Matta öz ədəbi istedadından ləyaqətlə istifadə edərək İsa Məsihin təlimini təsvir edən ilk insan oldu.
İndi isə, Matta Müjdəsinin əsas xüsusiyyətlərinə nəzər salaq. Belə ki, onu oxuyanda buna diqqət yetirək. Hər şeydən əvvəl Mattanın Müjdəsi — yəhudilər üçün yazılıb. O, yəhudiləri Rəbbə tərəf döndərmək üçün nəzərdə tutulub.
Mattanın Müjdəsinin əsas məqsədi Əhdi-Ətiq peyğəmbərliklərinin hamısının İsa Məsihdə icra olunmasını göstərməkdir. Buna görə də O, Məsih olmalı idi. Eyni ifadə bütün kitab boyu tez-tez təkrar olunur: «Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi». Bu ifadə Mattanın Müjdəsində 16 dəfə təkrar olunur. İsa Məsihin doğulması və adı (1:21-23); Onun ailəsinin Misirə qaçması (2:14, 15); körpələrin öldürülməsi (2:16-18); Yusifin Nazaretdə məskən salması və orada İsa Məsihin böyüməsi (2:23); İsa Məsihin məsəllərlə danışması (13:34, 35); İsanın Yerusəlimə təntənəli girişi (21:3-5); otuz gümüşə satılması (27:9); Çarmıxa çəkiləndə paltarına görə püşk atılması (27:35) peyğəmbərliklərin icrası idi. Matta Müjdəsinin müəllifinin əsas məqsədi o idi ki, Əhdi-Ətiq peyğəmbərliklərinin İsa Məsihdə icra olunduğunu və həyatının hər bir anının peyğəmbərlər tərəfindən qabaqcadan deyildiyini göstərsin. Bununla da yəhudiləri İsanın Məsih olduğuna inandırsın.
Matta Müjdəsinin müəllifinin marağı ilk növbədə yəhudilərə yönəlmişdi. Onun üçün ilk öncə yəhudilərin iman etməsi vacib idi. Kənanlı qadın kömək üçün Məsihə müraciət edəndə, O, əvvəlcə belə cavab verdi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm» (15:24). İsa Məsih on iki həvarini Xoş Xəbəri yaymağa göndərəndə belə dedi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin (10:5,6). Lakin bu Müjdənin qeyri-yəhudiləri xilasını istisna etdiyini düşünmək olmaz. Şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə bir süfrəyə oturacaq (8:11) «Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək» (24:14). Məhz Mattanın Müjdəsində Məsihin Cəmiyyətinə yürüş etmək əmri verilir: «Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin» (28:19). Əlbəttə, Mattanın Müjdəsinin müəllifini daha çox yəhudilər maraqlandırır, amma o, bütün millətlərin bir yerə toplaşacağı günü öncədən görür.
Mattanın Müjdəsinin yəhudi mənşəli və yəhudi meyilli olması onun Qanuna münasibətində də görünür. İsa Məsih Qanunu ləğv etməyə deyil, onu icra etmək üçün gəldi. Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. İnsanlara Qanunu pozmağı öyrətmək olmaz. Məsihçinin salehliyi ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmalıdır (5:17-20). Matta Müjdəsini yazan Qanunu bilən və sevən insan idi. O görürdü ki, məsihçilik təlimində Qanunun yeri var. Bundan əlavə, Matta Müjdəsinin müəllifinin ilahiyyatçılarla fariseylərə münasibətində paradoks müşahidə etmək olar. O onların xüsusi səlahiyyətə malik olduğunu etiraf edir: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin» (23:2,3). Lakin heç bir Müjdədə Mattada olduğu kimi onlar belə ciddi və tez-tez ifşa olunmur.
Artıq Müjdənin əvvəlində Vəftizçi Yəhya tərəfindən gürzələr nəsli adlandırılan farisey və sadukeylərin sərt şəkildə ifşa olunduğunu görürük (3:7-12). Onlar İsa Məsihin günahkarlar və vergiyığanlarla yeyib-içdiyindən şikayətlənirlər (9:11); onlar iddia edirdilər ki, İsa cinləri Allahın qüdrəti ilə deyil, Baal-Zevulun gücü ilə qovur (12:24). İsanı necə məhv etmək barədə məsləhətləşirlər (12:14); İsa Məsih şagirdlərinə fariseylərin və sadukeylərin mayasından qorunmağı tapşırır (16:12); onlar kökündən qoparılan bitkilərə bənzəyir (15:13); zamanın əlamətlərini ayırd edə bilmirlər (16:3); onlar peyğəmbərlərin qatilləridir (21:41). Bütün Əhdi-Cədiddə ilahiyyatçılarla fariseylərin təlimi deyil, onların həyat tərzi və davranışlarını qınayan Matta 23-ə bənzəyən başqa bir fəsil yoxdur. Matta Müjdəsinin müəllifi onları təbliğ etdikləri təlimə riayət etməmələrinə və özlərinin qoyduğu ideala çatmadıqlarına görə məzəmmət edir.
Matta Müjdəsinin müəllifini Cəmiyyət də çox maraqlandırır. Bütün sinoptik Müjdələrdən yalnız Mattanın Müjdəsində Cəmiyyət sözünə rast gəlinir. Ancaq Mattanın Müjdəsində Filip Qeysəriyyəsi bölgəsində Peterin iqrarından sonra Cəmiyyət haqqında bir parça yerləşdirilib (Matta 16:13-23 ilə 8:27-33; Luka 9:18-22 ilə müqayisə edin). Yalnız Mattanın Müjdəsində yazılıb ki, mübahisələr Cəmiyyət tərəfindən həll olunmalıdır (18:17). Matta Müjdəsinin yazıldığı dövrdə Cəmiyyət böyük təşkilata və məsihçilərin həyatında vacib amilə çevrilmişdi.
Mattanın Müjdəsində apokalipsisə xüsusi maraq göstərilir. Başqa sözlə desək, İsa Məsihin İkinci gəlişi, dünyanın sonu və Hökm gününə maraq göstərilir. 24-cü fəsildə digər Müjdələrə nisbətən İsanın apokalipsis barədə mülahizələrindən daha çox bəhs olunur. Yalnız Mattanın Müjdəsində talant (25:14-20); ağıllı və ağılsız qızlar (25:1-13); qoyun və keçi (25:31-46) barədə məsəllər var. Matta dövrün sonuna və Hökm gününə xüsusi diqqət yetirir.
Lakin bu, Matta Müjdəsinin əsas səciyyəvi xüsusiyyəti deyil. Bu, son dərəcə məzmunlu Müjdədir.
Biz artıq bu həvarinin İsa Məsihin birinci təlimini toplayıb müntəxəbat tərtib etdiyini gördük. Matta böyük sistemləşdirici idi. O, bu və ya digər məsələlərə aid İsa Məsihin təlimi barədə bildiyi hər şeyi bir yerə toplayıb. Buna görə də biz Mattanın Müjdəsində toplanmış və sistemləşdirilmiş Məsihin təlimində beş böyük kompleksə2 rast gəlirik. Bütün bu beş kompleks Səmavi Padşahlıqla bağlıdır. Onlar aşağıdakılardır:
Dağüstü Vəz və ya Səmavi Padşahlıq Qanunu (5-7)
Səmavi Padşahlığın idarəçilərinin vəzifəsi (10)
Səmavi Padşahlıq barədə məsəllər (13)
Səmavi Padşahlıqda böyüklük və bağışlama (18)
Padşahın zühuru (24, 25)
Amma Matta təkcə toplayıb sistemləşdirmədi. Unutmamalıyıq ki, o, mətbəə olmadığı dövrdə yazıb. Həmin vaxtlarda kitab çox az idi və nadir hallarda tapılırdı. Çünki onları əl ilə köçürürdülər. Həmin dövrdə çox az adamın kitabı var idi. Bu səbəbdən, əgər onlar İsa Məsih barədə hekayələri öyrənib istifadə etmək istəyirdilərsə, onu yadda saxlamalı idilər.
Buna görə də Matta vəsaiti elə yerbəyer edirdi ki, oxucular onu asanlıqla yadda saxlaya bilsinlər. Matta vəsaiti üçlüyə və yeddiliyə ayırırdı: Yusifin üç dəfə məlumatlandırılması, Peterin üç dəfə inkarı, Ponti Pilatın üç sualı, 13-cü fəsildə Səmavi Padşahlıq haqqında yeddi məsəl, 23-cü fəsildə yeddi dəfə fariseylərə və ilahiyyatçılara ünvanlanan «vay halınıza» ifadəsi.
Buna yaxşı nümunə Müjdədə qeyd olunan İsa Məsihin nəsil şəcərəsidir. Nəsil şəcərəsinin məqsədi — İsa Məsihin Davudun oğlu olmasını sübut etməkdir. Qədim ibrani dilində rəqəm yox idi. Onları hərflər təmsil edirdi; bundan başqa, qədim ibrani dilində sait səslər üçün hərflər yox idi. Davud qədim ibrani dilində DVD kimi qeyd olunur; əgər bunları hərf kimi deyil, rəqəm kimi qəbul etsək, onda onların cəmi 14 olar. İsa Məsihin nəsil şəcərəsi üç qrup addan ibarətdir. Hər qrupda isə on dörd ad mövcuddur. Matta İsa Məsihin təliminin insanların yadda saxlayıb mənimsəməsi üçün əlindən gələn hər şey edib.
Hər bir müəllim Mattaya minnətdar olmalıdır. Çünki onun yazdığı Müjdə ilk növbədə insanların tədrisi üçündür.
Mattanın Müjdəsinin daha bir səciyyəvi cəhəti var: burada əsas fikir İsa Məsihin Padşah olmasıdır. Müəllif bu Müjdəni İsa Məsihin əzəmətini və padşah mənşəli olduğunu göstərmək üçün yazıb.
Nəsil şəcərəsi əvvəlcədən İsa Məsihin padşah Davudun Oğlu olduğunu sübut etməlidir (1:1-17). Davudun Oğlu olması titulu digər Müjdələrə nisbətən Mattanın Müjdəsində daha tez-tez vurğulanır (15:22; 21:9,15). Müdrik adamlar yəhudilərin Padşahını görməyə gəldilər (2:2); İsa Məsihin Yerusəlimə təntənəli girişi — İsanın Padşah olmasının hüquqi bəyanatı idi (21:1-11). Ponti Pilatın önündə İsa Məsih şüurlu olaraq padşah titulunu qəbul etdi (27:11). Hətta Çarmıxda da Onun başı üzərində rişxəndlə olsa da, padşah titulu dayanırdı (27:37). Dağüstü Vəzdə İsa Məsih Qanundan nümunə gətirir, sonra isə Padşah kimi onları təkzib edir: «Mən isə sizə deyirəm...» (5:22, 28, 34, 39, 44). İsa Məsih bəyan edir: «Bütün səlahiyyət Mənə verilmişdir» (28:18).
Mattanın Müjdəsində biz Padşah olmaq üçün doğulan İnsan-İsanı görürük. Mattanın Müjdəsinin bütün səhifələrində İsa Məsih qırmızı və qızıla bürünmüş şahlıq paltarında təqdim olunur.