1-2
Matta 27:1-2-in şərhinə Matta 27:11-26-da baxın.
3-10
Qarşımızda Yəhudanın dəhşətli faciəsinin sonu canlanır. Onun niyyətini hər necə şərh etsək də, bir şey aydındır — Yəhuda etdiyi əməlin nə qədər dəhşətli olduğunu dərk etdi. Matta deyir ki, Yəhuda gümüş pulları Məbədə atdı. Maraqlıdır, o, Məbəd deyərkən hieron (Məbədin həyəti) sözünü deyil, naos (Məbədin özü) sözündən istifadə edir. Məbəd bir-birinin içindən keçən bir neçə həyətdən ibarət idi.
Yəhuda pərişan halda Məbədin qeyri-yəhudilər üçün nəzərdə tutulan həyətinə girdi, oradan qadınlar üçün olan həyətə, daha sonra yəhudilər üçün olan həyətə keçdi. Yəhuda Məbədlə kahinlərin olduğu həyəti ayıran hasara yaxınlaşdı. O, kahinləri pulu qaytarmaq üçün çağırdı, lakin onlar imtina etdilər. O da pulu üstlərinə atıb getdi və özünü asdı. Kahinlər pulları götürdülər. Amma bu pullar o qədər murdar idi ki, Məbədin xəzinəsinə qoyula bilməzdi. Həmin pula şəhərlərində ölən natəmiz bütpərəstlərin dəfni üçün torpaq aldılar.
Yəhudanın intiharı, şübhəsiz ki, onun planının iflasa uğradığını göstərir. Yəhuda istəyirdi ki, İsa Məsih fateh kimi irəli çıxsın, lakin əvəzində Onu Çarmıxa sürüklədi. Beləcə Yəhuda üçün həyat sona çatdı. Burada günahla bağlı iki böyük həqiqət var.
1. Ən dəhşətlisi odur ki, günah ediləndə heç nəyi dəyişmək, saatı geri çəkmək mümkün deyil. İş görüləndən sonra nəyisə dəyişdirmək, onu geri qaytarmaq olmaz. Həyatınızda etdiyiniz səhvləri düzəltmək üçün bir daha yaşaya biləsiniz deyə, qoca olmaq mütləq deyil.
2. İnsan çox vaxt günah vasitəsilə qazandığı şeylərə nifrət etməyə başlayır. Günah etməklə əldə etdiyi şey onda elə bir ikrah hissi yaradır ki, onun yalnız bir istəyi olur — onu özündən rədd etmək. İnsanların əksəriyyəti qadağan olunanı əldə etməklə xoşbəxt olacağını zənn etdiyi üçün günah edir. Amma sonra insan arzuolunan və günaha sövq ediləndən yaxa qurtarmaq istəyir. Çox vaxt isə o, bundan qurtula bilmir.
Matta əzbərlədiyi ayədən sitatlar gətirir. Onun gətirdiyi sitat Yeremya peyğəmbərin kitabından deyil, Zəkəriyyə peyğəmbərin kitabından götürülüb. Bu qəribə sitatda (Zəkəriyyə 11:10-14) peyğəmbərin layiq olmadığı mükafatı alıb, onu dulusçuya atmasından danışılır. Bu qədim təsvirdə Matta Yəhudanın etdikləri ilə rəmzi bir bənzətmə görür.
Əgər Yəhuda İsa Məsihə sadiq qalsaydı, bəlkə də, iman yolunda şəhid olacaqdı. Lakin o özünü öldürdü, çünki hər şeyi özü istədiyi kimi etməyi çox sevirdi. O, şəhadətin izzətini görmədi, günah işlətdiyinə görə həyat onun üçün dözülməz oldu.
11-26
İlk iki ayə İsa Məsihə qarşı rəsmi ittihamı formalaşdırmaq üçün səhər tezdən keçirilən Ali Şuranın iclasının qısa təsvirini verir. Məşvərət mütləq keçirilməli idi. Çünki yəhudilər adi ittihamlarla məşğul olmaq hüququna malik idilər, amma ölüm hökmünü icra edə bilməzdilər. Belə bir hökm yalnız Roma valisi tərəfindən çıxarıla və Roma hakimiyyəti tərəfindən həyata keçirilə bilərdi. Buna görə Ali Şura Ponti Pilatın yanına gedib, İsanın ölümə məhkum edilməsini tələb edən ittiham irəli sürməli idi.
Matta ittihamın nə olduğunu açıqlamır, lakin Luka bu barədə danışır. Ali Şura İsanı Allaha küfrdə ittiham etdi (Matta 26:65-66). Buna baxmayaraq, yəhudi hakimiyyət orqanlarının özləri çox yaxşı başa düşürdülər ki, Pilat belə bir ittihama qulaq asmayacaq. Pilat onlara öz dini ixtilaflarını özlərinin həll etməsini deyəcəkdi. Buna görə, Lukanın dediyi kimi, onlar İsaya qarşı üç ittiham irəli sürərək, Pilatın yanına gəldilər. İttihamların hər biri yalan idi və qəsdən uydurulmuşdu. Birincisi, onlar İsanı inqilabçı olmaqda, ikincisi, xalqı Qeysərə vergi verməməyə təhrik etməkdə, üçüncüsü, Özünü Padşah adlandırmaqda ittiham etdilər (Luka 23:2). Onlar üç siyasi ittiham irəli sürdülər. Bunların hamısı qəsdən uydurulmuş yalan idi. Çünki yaxşı bilirdilər ki, Pilat yalnız belə ittihamlara diqqət yetirəcək.
Beləliklə, hər şey Ponti Pilatın rəyindən asılı idi. Bəs Roma valisi necə insan idi?
Ponti Pilat rəsmi olaraq vilayətin valisi idi. O, Roma Senatının qarşısında deyil, birbaşa Roma imperatorunun qarşısında cavabdeh şəxs idi. Onun yaşı iyirmi yeddidən aşağı olmamalı idi. Çünki vali vəzifəsini tutmaq yalnız bu yaşdan mümkün idi. Vali kifayət qədər təcrübəli adam olmalı idi. Vali vəzifəsini tutmaq hüququndan əvvəl, hərbi komandanlıq vəzifələri də daxil olmaqla, bütün vəzifələrdən keçib yüksəlməli idi. Ponti Pilat sınaqdan keçmiş yaxşı döyüşçü və idarəçi olmalı idi. O, b.e. 26-cı ilində Yəhudeyaya vali təyin edildi. O, on il bu vəzifəni tutdu, sonra geri çağırıldı.
Bu vəzifəyə gələndən sonra Ponti Pilat Yəhudeyada bir çox problem və çətinliklərlə üzləşdi, onların çoxunu o özü yaratmışdı. Onun böyük çatışmazlığı yəhudilərlə yola getməməsi idi. Üstəlik, Pilat onların ağılsız və fanatik xurafatlarına xor baxırdı. Romalılar yəhudi dininin şiddətini və yəhudilərin imanda sadiqliyini bilirdilər, buna görə onlarla çox müdrik və incə davranırdılar. Ponti Pilat isə təkəbbürlə güc tətbiq etməyi seçdi.
O, vəzifəyə təyin edilən gündən problemlər başladı. Roma komandanlığı Qeysəriyyədə yerləşirdi. Romalıların bayraqları yox idi, yalnız üzərində Roma qartalı və ya hökmranlıq edən imperatorun təsviri olan hərbi nişanlar var idi. Yəhudilərin istənilən bütə nifrətini nəzərə alaraq, əvvəlki hökmdarlar Yerusəlimi ziyarət edərkən, şəhərə girməzdən əvvəl döyüş nişanlarını dirəkdən çıxarmağı əmr edirdilər. Ponti Pilat isə bunu etməkdən imtina etmişdi. Bu da yəhudilərlə düşmənçiliyə gətirib çıxardı. Sonda Pilat güzəştə getmək məcburiyyətində qaldı. Axı bütün xalqı həbs etmək və ya öldürmək mümkün deyildi. Sonra Ponti Pilat qərara gəldi ki, Yerusəlimin yeni su təchizatı olsun. Bu, çox ağıllı qərar idi. Bunun üçün o, yeni su kəməri tikdi, pulu isə Məbədin xəzinəsindən götürdü. Görkəmli yəhudi alimi İsgəndəriyyəli Filon86 Ponti Pilatın xasiyyətnaməsi barədə yazır ki, yəhudilər hüquqlarından istifadə edib, Pilatı imperatora şikayət edəcəkləri ilə hədələyirdilər. Bu hədə Pilatı hədsiz qəzəbləndirdi. O qorxdu ki, onlar imperatorun yanına səfirlik göndərib, onun hakimiyyətinin mənfi cəhətlərindən — rüşvətxorluğundan, təkəbbüründən, qəsbkarlığından, qəddarlığından, insanları təhqir etməsindən, məhkəmə hökmü olmadan adam öldürməsindən, sonsuz və açıq-aşkar qeyri-insaniliyindən şikayətlənəyəcəklər. Ponti Pilat yəhudilər arasında pis nüfuz qazanmışdı. Onun haqqında imperatora şikayət etmək ehtimalı onu çətin vəziyyətə salırdı.
Gəlin Ponti Pilatın karyerasını sona qədər izləyək. Sonda o, Samariyada tətbiq etdiyi qəddarlığına görə Romaya geri çağırıldı. Hansısa fırıldaqçı Musanın Gerizim dağında gizlətdiyi müqəddəs qabları göstərəcəyini iddia edərək xalqı dağa çağırdı. Necəsə camaatın çoxu silahla gəlib Tirabat kəndinə toplaşdı. Ponti Pilat onlara hücum etdi və amansızcasına öldürdü. Çünki bu, sadə xalqın zərərsiz hərəkatı idi. Samariyalılar Ponti Pilatın bilavasitə başçısı olan Suriya legatı Vitelliyə87 şikayət etdilər. Vitelli Pilata Romaya getməyi və əməlinə görə hesabat verməyi əmr etdi.
Pilat Romaya gedərkən imperator Tiberi öldü, beləcə Ponti Pilat məhkəmədən qaça bildi. Rəvayətə görə, o, intihar etdi və cəsədi Tiber çayına atıldı. Lakin pis ruh çayı o qədər qarışdırdı ki, romalılar cəsədi Qalliya aparıb Rona çayına atdılar. Ponti Pilatın qondarma məzarı bu gün də Vyanada nümayiş etdirilir. Eyni hadisə orada da baş verdi. Onda cəsədi İsveçrənin Lozanna şəhərinə aparıb, dağlardakı mədəndə basdırdılar.
Lütsern şəhəri ilə üzbəüz Pilat dağı var. Əvvəlcə bu dağ Pileatus adlanırdı, mənası bulud papağı geyinmiş deməkdir. Lakin Ponti Pilatla əlaqəli olduğuna görə sonradan dağ Pilat adlandı.
Sonrakı məsihçi rəvayətlərində Ponti Pilata qarşı şəfqət yaranmağa başladı. İsa Məsihin ölümündə bütün günah yəhudilərin üzərinə atıldı. Həmin rəvayətə görə, Ponti Pilatın arvadı Klavdiya Prokulanın (çox güman ki, o, yəhudi dinini qəbul etmişdi) sonradan məsihçi olduğu vurğulanır. Hətta belə hesab olunurdu ki, Ponti Pilatın özü də məsihçi olub. Kopt kilsəsi bu günə qədər həm Ponti Pilatı, həm də həyat yoldaşını müqəddəs hesab edir.
Təbii ki, Pilat İsanın günahsız olduğunu bilirdi. Lakin onun keçmiş cinayətləri və qəddarlığı öz iradəsinə, eləcə də ədalətə qarşı çıxmağa məcbur edirdi.
Bu hissə elə təəssürat yaradır ki, Ponti Pilat ümidsiz mübarizə aparır. Pilat İsanı mühakimə etmək istəmirdi. Bu səbəbdən aşağıdakıları qeyd etmək olar.
1. İsa Məsih Pilatda təəssürat yaratdı. Əlbəttə, Pilat Onun yəhudilərin Padşahı olmaq iddiasını ciddi qəbul etmədi. O, İsa Məsihi inqilabçı kimi görmürdü. İsanın əzəmətli susqunluğu Pilatın özünün mühakimə olunduğunu hiss etməsinə səbəb oldu. Ponti Pilat İsa Məsihin qüdrətini və səlahiyyətini hiss etdi. O qorxurdu ki, birdən bu səlahiyyətə özü də tabe olar. Bu gün də məsihçi olmaqdan qorxan insanlar var, baxmayaraq ki, onlar məsihçi olmalı olduqlarını bilirlər.
2. Pilat çıxış yolu axtarırdı. Yerusəlimdə Pasxa bayramında bir məhbusu azad etmək adəti var idi. Zindanda Barabba adlı məhbus var idi. Bu, hansısa kiçik oğru deyil, çox güman ki, quldur və ya siyasi üsyançı idi. Onun haqqında iki maraqlı mülahizə mövcuddur. Barabbanın adının mənası atanın oğlu deməkdir; görkəmli ravvinləri ata adlandırırdılar. Ola bilsin, Barabba qədim və məşhur bir ailənin nəslindən yolunu azmış məşhur cinayətkar olub. Belə adam cinayətdən həzz alırdı, bu da xalqı sevindirə bilərdi. Daha maraqlısı budur ki, Barabbanın da adı, çox güman, İsa idi. Məsələn, Əhdi-Cədidin bəzi qədim əlyazmalarında o, İsa Barabba adlanır. Bundan həm məsihçi ilahiyyatçısı və filosofu Origen, həm də Qeysəriyyə yepiskopu Evsebi88 xəbərdar idi. Qeyd etmək maraqlı olar ki, Ponti Pilat İsanı iki dəfə «Məsih deyilən İsa» deyərək (27:17-22), Onu digər İsadan fərqləndirir. İsa adı, ümumiyyətlə, geniş yayılmışdı. Çox güman, camaat «İsa Məsihi yox, Barabba İsanı azad et» deyə qışqırırdı.
Ponti Pilat çıxış yolu tapmağa çalışdı, lakin camaat həlim Məsihi rədd edərək, qatı cinayətkarı seçdi. İzdiham zalım İsanı sevən Məsih İsadan üstün tutdu.
3. Ponti Pilat İsanı mühakimə etmək məsuliyyətindən yayınmağa çalışırdı. Qarşımızda qəribə və faciəli mənzərə canlanır — Ponti Pilat əllərini yuyur. Axı bu, yəhudi adəti idi. Qanunun təkrarı 21:1-9-da qəribə bir qayda var. Əgər meyit tapılırdısa və qatilin kim olduğu məlum deyildisə, bu yerdən ən yaxın şəhər və ya kəndi müəyyən etmək üçün araşdırma aparılırdı. Həmin yerin ağsaqqalları bir düyə qurban kəsib əllərini yumalı idi ki, təqsirdən azad olsunlar.
Ponti Pilat baş verənləri yaxşı anlayırdı. Onda ədalət və vicdan hissi oyanmışdı. Hətta arvadının yuxusu onu da xəbərdar etmişdi. Lakin o, kütləyə müqavimət göstərə bilmədi. Onda Pilat mənasız və faydasız bir jest etdi — o, əllərini yudu. Rəvayətə görə, Ponti Pilatın kölgəsi bu günə qədər qəbirdən çıxır və yenidən əllərini yuyur.
Amma insan heç vaxt məsuliyyətdən yaxa qurtara bilməz. Nə Ponti Pilat, nə də başqası heç vaxt «Mən məsuliyyəti üzərimdən atmaq üçün əllərimi yuyuram» deyə bilər. Heç kim və heç nə bu məsuliyyəti onun üzərindən götürə bilməz. Ponti Pilatın obrazı bizdə ikrahdan daha çox mərhəmət hissi oyadır. Çünki keçmişi onu tamamilə aciz etmişdi, belə ki, o, tutmaq istədiyi mövqedən çıxış edə bilmirdi. Ponti Pilat əclafdan daha çox faciəvi bir fiqurdur.
27-31
İndi isə dəhşətli Çarmıxa çəkilmə hadisəsi başlayır. Əvvəlki ayə Ponti Pilatın İsa Məsihin qamçılanmasını əmr etməsi ilə bitir. Roma imperiyasında qamçılanma dəhşətli işgəncə idi: qurbanı soyundurur, əllərini arxadan, özünü isə əyilmiş vəziyyətdə bir dirəyə bağlayırdılar ki, kürəyi qamçılanmaq üçün açıq olsun. Qamçı ucu iti sümük parçaları və qurğuşun bərkidilmış uzun dəridən ibarət idi. Çarmıxa çəkilməzdən əvvəl həmişə belə qamçılanma olurdu və «çılpaq bədəni çiy ət parçasına və kəsik-kəsik qanayan yaralara çevirirdi». İnsanlar belə qamçılanma zamanı ölür və ağlını itirirdi. Yalnız bəziləri qamçılanmanın sonuna qədər huşunu itirmirdi.
Belə qamçılanmadan sonra İsa Məsih əsgərlərin əllərinə təslim edildi. Həmin vaxt Çarmıxa çəkilmək üçün son hazırlıqlar görülür və Çarmıxın özü hazırlanırdı. Əsgərlər İsanı valinin iqamətgahı olan saraydakı kazarmalarına apardılar. Hərbi hissəyə alay, speyra deyilirdi. Speyra altı yüz nəfərdən ibarət idi. O zaman Yerusəlimdə bu qədər insanın olması ehtimalı azdır. Bu əsgərlər Ponti Pilatı qərargahın yerləşdiyi Qeysəriyyədən Yerusəlimə qədər müşayiət edən onun şəxsi mühafizəsi idi.
Əsgərlərin etdikləri bizi sarsıdır. Lakin Məsihin Çarmıxa çəkilməsində iştirak edənlər arasında onları daha az qınamaq olar. Onlar hətta Yerusəlim qarnizonundan deyildilər. Onlar İsanın kim olduğunu belə bilmirdilər. Onlar heç yəhudi də deyildilər. Çünki bütün imperiyada hərbi vəzifədən azad edilən yeganə xalq yəhudilər idi. Həmin əsgərlər hərbi xidmətə dünyanın hər yerindən çağırılan adamlar idi. Onlar öz sərt zarafatlarından həzz alırdılar. Amma Ponti Pilatdan və yəhudilərdən fərqli olaraq, onlar cahilliklərinə görə hərəkət edirdilər.
Bəlkə də bütün baş verənlərə nisbətən İsanın əsgərlərin istehzasına dözməsi asan idi. Çünki Onu saxta padşah etsələr də, onların gözlərində nifrət yox idi. Onların nəzərində O, Çarmıxa çəkiləcək yolunu azmış Qalileyalı idi. Qeyd etmək lazımdır ki, İsgəndəriyyəli Filon İsgəndəriyyədə yəhudi camaatının ruhi xəstə bir oğlana eyni şeyi etdiyini deyir:
«Onlar bir parça götürüb başına diadema89 kimi qoydular... əsanın əvəzinə isə yol kənarından tapdıqları qamışı verdilər... O, padşah kimi bəzədildiyinə görə, bəziləri onu salamlamaq üçün, bəziləri isə xahiş etmək üçün yaxınlaşırdılar».
Onlar ağıldan kəm oğlana belə rişxənd edirdilər. Əsgərlər də İsanı belə qəbul edirdilər.
Sonra Onu Çarmıxa çəkilmə yerinə aparmağa hazırlaşdılar. Bəzən bizə deyirlər ki, biz diqqətimizi Çarmıxa çəkilmənin fiziki əzablarına yönəltməyək. Lakin biz İsanın bizim uğrumuzda nə etdiyi və nələr çəkdiyi barədə heç vaxt aydın təsəvvür əldə edə bilmərik. Yəhudi müəllif Klausner deyir: «Çarmıxa çəkilmə insanın öz soydaşlarından qisas almaq üçün icad etdiyi ən dəhşətli və qəddar edamdır». Romalı siyasətçi, natiq və yazıçı Siseron isə Çarmıxa çəkilməni «ən qəddar və ən dəhşətli işgəncə» adlandırır. Roma tarixçisi Tasit bunu «yalnız qullara yaraşan işgəncə» adlandırmışdır.
Bu edam qədim farslardan gəlir, onun mənşəyi farsların Ormuzd adlı torpaq tanrısına ithaf edildiyinə etiqadları ilə bağlıdır. Buna görə də cinayətkarlar torpağı murdarlamasın deyə onları torpaqdan yuxarı qaldırırdılar. Axı torpaq həmin tanrıya məxsus idi. Farslardan sonra Çarmıx cəzasını Karfagendə tətbiq etdilər. Romalılar isə Şimali Afrikada və Karfagendə bu edam növü ilə tanış oldular. Romalılar onu yalnız üsyançıların, qaçan qulların və ən qatı cinayətkarların edamı üçün istifadə edirdilər. Bu edam Roma vətəndaşlarına şamil edilə bilməzdi.
Klausner Çarmıxa çəkilməni daha ətraflı təsvir edir. Qamçılanandan sonra çoxlu qan itirən cinayətkar Çarmıxa bağlanırdı. Orada aclıqdan, susuzluqdan və qızmar günəşdən ölənə qədər asılı qalırdı. O, hətta ona əzab verən, çılpaq bədəninə, qanayan yaralarına qonan ağcaqanad və milçəklərdən belə özünü qoruya bilmirdi. Bütün bunlar çox dəhşətlidir. Amma İsa Məsih bizim uğrumuzda könüllü olaraq bu əzabları çəkdi.
32-44
Çarmıxa çəkilmə hekayəsinin şərhə ehtiyacı yoxdur; onun gücü hekayənin özündədir. Biz yalnız hadisəyə lazımi aydınlığı gətirmək üçün onun fonunu təsvir edə bilərik.
Cinayətkar məhkum ediləndən sonra Çarmıxa çəkilməyə aparılırdı. Onu dörd Roma əsgəri müşayiət edirdi. Adətə görə, cinayətkar Çarmıxın üst dirəyini özü daşımalı idi — böyük şaquli sütun edam yerində onu gözləyirdi. Cinayətkarın edam səbəbi lövhədə yazılırdı; lövhəni ya boynuna asır, ya da məhkəmə icraçısı onun qabağında aparırdı. Sonra lövhəni Çarmıxa bərkidirdilər. Cinayətkarı bilərəkdən ən uzun yolla edam yerinə aparırdılar ki, onu daha çox adam görə bilsin və bu dəhşətli mənzərə onlara xəbərdarlıq olsun.
İsa Məsihi amansızcasına qamçıladılar. Bundan sonra O, əsgərlərin istehzasına dözdü. Buna qədər isə O, gecənin çox hissəsini istintaqda və sorğu-sualda keçirmişdi. Ona görə də O, fiziki cəhətdən taqətdən düşmüşdü. İndi də Çarmıxın ağırlığından səndələyirdi. Roma əsgərləri belə bir vəziyyətdə nə edəcəyini yaxşı bilirdilər. İsrail istila edilmiş ölkə idi. Buna görə Roma zabitinin istənilən yəhudinin çiyninə nizənin yastı ucu ilə vurması kifayət idi ki, bu iş ağır və iyrənc olsa belə, ona tapşırılan hər işi yerinə yetirsin. Əslən Şimali Afrikada Kirenadan olan Şimon adlı bir kişi yaxınlıqdakı kənddən şəhərə gəldi. Ola bilsin, o, pul toplamışdı ki, heç olmasa bir dəfə Pasxa bayramına Yerusəlimə gələ bilsin. Burada o, alçalmaya və rüsvayçılığa məruz qaldı: onu İsa Məsihin Çarmıxını daşımağa məcbur etdilər. Bu məqam barədə danışaraq Mark Şimonu «İsgəndər və Rufusun atası» adlandırır (Mark 15:21). Belə işarə yalnız bir şeyi ifadə edə bilər — İsgəndər və Rufus İmanlı Cəmiyyətində yaxşı tanınırdı. Yəqin ki, həmin dəhşətli gündə İsa Şimonun ürəyinə toxunmuşdu. Əvvəlcə Şimona rüsvayçılıq kimi görünən gün onun izzətli gününə çevrildi.
Edam yeri Qolqotada yerləşirdi. Həmin yer kəllə sümüyünə oxşadığına görə belə adlandırılmışdı. Edam yerinə çatandan sonra cinayətkarı Çarmıxa mıxlayırdılar. Əlləri mismarlamaq lazım idi, ayaqlar isə, adətən, dirəyə boş bağlanırdı. Həmin vaxt ağrını azaltmaq üçün cinayətkara içki — Yerusəlimdən olan varlı qadınlar tərəfindən mərhəmət rəmzi olaraq hazırlanan narkotiklə qarışdırılmış şərab verilirdi. Bir yəhudi müəllif yazır:
«İnsan edam olunmağa gedəndə ağrılarını azaltmaq və hissləri kütləşdirmək üçün kasada şərabla qarışdırılmış buxur içməyə icazə verilirdi... Yerusəlimin varlı qadınları, adətən, bunları qurban kimi gətirirdilər».
Narkotik təsiri bağışlayan şərab İsa Məsihə təklif edildi. Lakin O içmədi. Çünki ölümü ən ağrılı və dəhşətli şəkildə qəbul etməyə, ağrını zərrə qədər azaltmamağa qərarlı idi. Biz artıq gördük ki, cinayətkarı dörd Roma əsgərinin müşayiəti ilə edam yerinə apardılar. Cinayətkar belindəki sarğıdan başqa, Çarmıxa çılpaq çəkilirdi. Onun paltarı qazanc kimi əsgərlərin mülkünə çevrilirdi. Hər yəhudinin geyindiyi paltar beş əşyadan ibarət idi — ayaqqabı, baş örtüyü, kəmər, alt köynəyi və üst paltarı. Beləliklə, beş paltar və dörd əsgər var idi. Dörd paltar bərabər dəyərə malik idi. Üst paltarı isə digər dördündən bahalı idi. Yəhyanın qeyd etdiyi kimi, əsgərlər məhz bu üst paltar üçün püşk atdılar (Yəhya 19:23-24). Paltarları böləndən sonra əsgərlər axıra qədər keşik çəkdilər. Beləliklə, Qolqotada üç Çarmıx var idi. Mərkəzdə Allahın Oğlu, Onun hər iki tərəfində isə quldurlar var idi. Hətta öləndə belə, İsa Məsih günahkarların yanında idi.
Son ayələrdə yoldan keçənlər, yəhudi hakimiyyət orqanları və Onunla birlikdə Çarmıxa çəkilmiş quldurlar tərəfindən İsaya atılan istehza və iyrənc ifadələr qeyd olunub. Bütün bu istehzalar hamısı eyni şeyə — İsa Məsihin əvvəlki ifadələrinə və Çarmıxdakı acizliyinə yönəlmişdi. Məhz burada yəhudilər yanılırdılar. Onlar Məsihin izzətindən Ona istehza etmək üçün istifadə edirdilər. «Qoy indi Çarmıxdan düşsün və biz də Ona iman edək» deyə gülürdülər. Lakin pastorlardan birinin dediyi kimi, «Biz Ona məhz Çarmıxdan düşmədiyi üçün iman etdik». Yəhudilər Allahı yalnız qüdrətdə görə bilirdilər, amma Məsih göstərdi ki, Allah — fədakar məhəbbətdir.
45-50
Çarmıxa çəkilmə hekayəsini oxuyanda hər şeyin çox tez baş verdiyi görünür. Əslində isə, vaxt getmirdi. Müjdəçi Mark vaxta qarşı çox dəqiqdir. O deyir ki, İsa üçüncü saatda, yəni səhər saat doqquzda Çarmıxa çəkildi (Mark 15:25). Doqquzuncu saatda isə, yəni günorta saat üçdə canını tapşırdı (Mark 15:34). Başqa sözlə, İsa altı saat ərzində Çarmıxda asılı qaldı. Onun üçün əzab və ölümqabağı iztirab qısa oldu. Çünki cinayətkarlar ölməzdən əvvəl Çarmıxda bir neçə gün asılı qalırdılar.
27:46-da biz bütün Müjdənin ən heyrətamiz cümləsini oxuyuruq: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» Bu ifadənin qarşısında ehtiramla baş əyməliyik, eyni zamanda onu anlamağa çalışmalıyıq. Çoxları bu sirrin mənasına nüfuz etməyə çalışıb. Biz üç belə cəhdə baxacağıq.
1. Maraqlıdır ki, Zəbur 22 Çarmıxa çəkilmənin bütün hekayəsini əhatə edir. Məzmur məhz bu sözlərlə başlayır. Məzmurda daha sonra belə deyilir: «Məni hər görən lağ edir, dodaq büzüb, başını yırğalayıb belə deyir: «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin» (Zəbur 22:7-8). Daha sonra oxuyuruq: «Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar» (Zəbur 22:18). 22-ci məzmur bütünlüklə Çarmıxa çəkilmədən bəhs edir.
Güman edilirdi ki, İsa Məsih bu məzmuru öz-özünə təkrar edirdi. Həmin məzmur kədərli sözlərlə başlasa da, əzəmətli zəfərlə bitir: «Çoxlu camaat arasında həmd etdiyim Sənsən!... Çünki hökmranlıq Rəbbindir, millətlər üzərində səltənət sürən Odur!» (Zəbur 22:25-31). Beləliklə, 22-ci məzmur İsanın vəziyyətini əks etdirdiyinə görə, Öz imanının və etibarının nəğməsi kimi, bu məzmurun çox kədərli sözlərlə başladığını, lakin əzəmətli şəkildə bitdiyini xatırlayaraq təkrar etdiyi güman olunur.
Əslində, pis fikir deyil. Amma Çarmıxda olanda insan hətta məzmurdan nümunə olsa belə, poetik halda olmur. Üstəlik, bütün atmosfer gərgin və faciəli xarakter daşıyır.
2. Belə bir iddia da var ki, həmin an dünyanın günah yükü İsa Məsihin bütün varlığına çökmüşdü. Bu, günahla əlaqəsi olmayan Məsihin Allah tərəfindən bizim uğrumuzda günah qurbanı verilən an idi (2Korinflilərə 5:21) Onun bizim üçün çəkdiyi cəza Allahdan qaçılmaz ayrılıq idi. Heç kim bunun səhv olduğunu deyə bilməz. Əgər belədirsə, onda bu bizim ancaq təsdiq edəcəyimiz və heyrətə gələcəyimiz bir sirdir.
3. Bəlkə də burada — əgər belə demək olarsa, — insani fakt daha çoxdur. Bizə elə gəlir ki, İsa Məsih insanın yaşadıqlarını dərindən yaşamasaydı, İsa olmazdı. İnsan həyatda yaşadıqca, onu dəhşətli faciələr bürüdükcə bəzən bizə elə gəlir ki, Allah bizi unudub. Başa düşə bilmədiyimiz bir vəziyyətə düşəndə, elə düşünürük ki, başımızın üstündə heç Allah da yoxdur. Görünür, İsa da bu vəziyyətlə qarşılaşmışdı. Getsemani bağında biz gördük ki, İsa yalnız bir şeyi bilirdi — O, irəli getməlidir. Çünki bu, Allahın iradəsi idi. O, bunu hələ tam başa düşməsə də, onu qəbul etməli idi. Burada biz Məsihin insanın düşdüyü vəziyyətin dərinliklərinə nüfuz etdiyini görürük. Elə bir yer qalmadı ki, O bizdən əvvəl orada olmasın.
O vaxt İsanı eşidənlər Onu başa düşmədilər. Bəziləri onun İlyas peyğəmbəri çağırdığını düşünürdülər, yəqin ki, bu, yəhudilər idi. Bütpərəstlər arasında ən böyük tanrılardan biri günəş tanrısı Helios idi. Günəş tanrısını «Helie!» deyə çağırırdılar. Belə bir ehtimal var ki, əsgərlər İsa Məsihin ən böyük bütpərəst tanrısını çağırdığını düşündülər. Hər nə fikirləşsələr də, İsanın fəryadını eşidənlərin hamısı üçün bu, sirr idi.
Amma burada vacib olan bir şey var. İsa Məsih belə bir fəryadla ölsəydi, dəhşətli olardı, lakin bu, baş vermədi. Kəlamda yazılıb ki, İsa yenə uca səslə qışqırıb canını tapşırdı. Bu yüksək səslə qışqırıq bütün insanlarda təəssürat yaratdı. Bu barədə hər Müjdədə danışılır (Matta 27:50; Mark 15:37; Luka 23:46). Digər Müjdə isə daha da irəli gedir. Yəhya yazır ki, İsa «Tamam oldu» sözlərini deyərək canını tapşırdı (Yəhya 19:30). Yunan dilində bu tetelestapdır. Bu öz işini tamamlayan adamın qışqırığıdır. Bu, döyüşdə qalib gələn bir insanın nidasıdır; qaranlıqdan nura çıxıb çələngi əldə edən insanın qışqırığıdır. Beləcə İsa Məsih dilində qələbə nidası ilə bir müzəffər kimi öldü.
Burada qiymətli həqiqət var. İsa Məsih ən dərin qaranlıq vadilərdən keçdi, sonda işıq şəfəq saçdı. Hətta vəziyyət Allahın olmadığı kimi görünəndə Allaha sadiq qalsaq, imanımızın son damlasına qədər möhkəm dayansaq, şübhəsiz, bir gün günəş doğacaq və biz bütün çətinliklərə qalib gələcəyik. Qalib o adamdır ki, varlığının hər hüceyrəsi ilə tərk edildiyini hiss etsə də, Allahın onu unutduğuna inanmır. Qalib o adamdır ki, iman etmək üçün heç bir səbəb qalmasa da, sona qədər iman edir. Qalib o adamdır ki, küncə sıxılsa da, hələ də Allaha sadiq qalır. İsa Məsih məhz bu cür hərəkət etdi.
51-56
Bu bölüm üç hissəyə bölünür.
1. İsa Məsih öləndə baş verən heyrətamiz hadisələr.
a) Məbəddəki pərdə yuxarıdan aşağıya doğru ikiyə bölündü. Bu, ən Müqəddəs Yeri ayıran pərdə idi. Oraya ildə bir dəfə Kəffarə günündə baş kahindən başqa heç kim girə bilməzdi. Allahın Ruhu həmin pərdənin arxasında idi. Burada müəyyən bir rəmz var idi. O vaxta qədər Allah sanki uzaqda və gizli idi. Heç kim Onun necə olduğunu bilmirdi. İsa Məsihin ölümündə isə biz Allahın məhəbbətini görürük. Nə vaxtsa insanlar üçün bağlı olan Allaha gedən yol, indi hamı üçün açıqdır. İsanın həyatı və ölümü bizə Allahın necə olduğunu göstərir, Onu insanlardan gizlədən pərdəni aradan qaldırır.
b) Qəbirlər açıldı. Bu, İsanın ölümə qalib gəlməsinin rəmzidir. Ölüb yenidən dirilməklə O, ölümün qüdrətini və hakimiyyətini məhv etdi. Onun həyatı, ölümü və dirilməsi ilə ölüm öz qüdrətini, dəhşətini, faciəvi xüsusiyyətini itirdi. O yaşadığı üçün biz də yaşayacağımıza əminik.
2. Yüzbaşının imanı haqqında hadisə. Bu barədə yalnız bir şey demək olar. İsa Məsih dedi: «Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm» (Yəhya 12:32). O, Çarmıxın cəzbedici gücü haqqında əvvəlcədən söylədi, yüzbaşı bunun ilk bəhrəsi idi. Çarmıx, başqa heç nəyin göstərmədiyi kimi, ona İsanın əzəmətini aşkar etdi.
3. Bundan əlavə, həmin hissədə İsa Məsihin ölümünü görən qadınlara da sadə bir istinad var. Bütün şagirdlər Onu tərk edib qaçdılar, qadınlar isə qaldılar. Bir adam deyirdi ki, kişilərdən fərqli olaraq qadınların qorxmağa bir səbəbi yox idi. Çünki onlar cəmiyyətdə o qədər aşağı mövqe tuturdular ki, heç kim şagird-qadınlara fikir verməzdi. Ancaq burada daha böyük məna var. Qadınlar İsanı sevdiyinə görə orada idilər. Bir çoxunda olduğu kimi, onlarda da kamil məhəbbət bütün qorxuları qovdu.
57-61
Yəhudi qanunlarına görə, hətta cinayətkarın cəsədi belə bütün gecə asılmış vəziyyətdə qala bilməzdi. O, həmin gün dəfn edilməli idi. «...meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın» (Qanunun təkrarı 21:22-23). Əgər növbəti gün Şənbə günü olsaydı, İsa Məsihin ölümündə olduğu kimi, bu, ikiqat zəruri idi. Roma qanunlarına görə, cinayətkarın qohumları onun cəsədini dəfn etmək üçün tələb edə bilərdi. Cəsəd Çarmıxdan götürülmürdüsə, leş yeyən heyvanlar onu parçalayana qədər cəsəd çürüməyə tərk edilirdi.
Həmin vaxt İsanın qohumlarından heç biri Onun cəsədini tələb edə bilməzdi, çünki onların hamısı Qalileyalı idi və Yerusəlimdə qəbirləri yox idi. Beləcə onların əvəzinə zəngin bir adam — Arimateyalı Yusif gəldi. O, Ponti Pilatın yanına gedib İsanın cəsədinin ona verməsini xahiş etdi. Arimateyalı Yusif İsanın cəsədinin qayğısına qaldı və Onu hələ heç kimin qoyulmadığı təzə yonulmuş daş qəbirə (mağaraya) qoydu. Yusif həmişə İsaya məzar verən adam kimi tanınacaq.
Deyirlər ki, Yusif İsa öləndə Ona məzar verib, lakin sağlığında Ona dəstək olmayıb. Yusif Ali Şuranın üzvü idi (Luka 23:50). Luka yazır ki, Yusif «Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı» (Luka 23:51). Ola bilərmi ki, gecə saatlarında Qayafanın evində toplaşan Ali Şuranın iclası seçilmişlərdən ibarət olsun? Bütün Ali Şuranın oraya toplanması ehtimalı azdır. Ola bilsin ki, Qayafa yalnız orada görmək istədiyi adamları çağırmışdı, bütün tərəfdarlarını toplamışdı. Arimateyalı Yusifin, ümumiyyətlə, orada iştirak etmək imkanı olmayıb.
Sonda Arimateyalı Yusif böyük cəsarət göstərdi. O, Çarmıxa çəkilmiş cinayətkarın tərəfini tutdu, Ponti Pilatın qəzəbinə məruz qalmaq riskinə atıldı və yəhudilərin açıq nifrətinə dözməyə hazır oldu. Çox güman ki, Arimateyalı Yusif əlindən gələn hər şeyi etdi.
Anlaşılmaz daha bir məqam qalır. Burada o biri Məryəm deyilən qadına Mark 15:47-də Yusifin anası Məryəm deyilir. Biz artıq gördük ki, bu qadınlar Çarmıxın yanında idilər. Onların İsaya olan məhəbbəti sağlığında da, ölümündə də Onun ardınca getməyə təkan verdi.
62-66
Bu hissə tamamilə qeyri-adi şəkildə başlayır. Orada deyilir ki, baş kahinlər və fariseylər ertəsi gün, yəni Hazırlıq günündən sonra Ponti Pilatın yanına getdilər. İsa Məsih cümə günü Çarmıxa çəkilmişdi. Şənbə günü yəhudilərin istirahət günü idi. Cümə günü saat 15:00-dan 18:00-a qədər olan vaxt Qanun, Hazırlıq günü adlanırdı. Biz görürük ki, yəhudilərin zaman hesablamasına görə, yeni gün günorta saat 6-dan başlayır. Buna görə də Şənbə cümə günü saat 6-da başlayırdı. Yəni cümə gününün son saatları Hazırlıq idi. Əgər, doğrudan da, belə idisə, onda baş kahinlər və fariseylər, həqiqətən, Şənbə günü Ponti Pilata müraciət etdilər. Onda Şənbə günü qanununu nə qədər ciddi şəkildə pozduqları dərhal aydın görünür. Əgər bu, həqiqətən də, belə idisə, Müjdə tarixində yəhudi rəhbərlərin İsanı necə var gücü ilə məhv etməyə çalışdıqlarına dair bundan daha aydın nümunə yoxdur. İsa Məsihi öz yollarından kənar etdiklərinə əmin olmaq üçün onlar ən müqəddəs qanunlarını belə pozmağa hazır idilər.
Burada istehza var. Yəhudilər Ponti Pilatın yanına İsa Məsihin üç gündən sonra diriləcəyini söylədiyi bəyanatı ilə gəldilər. Onlar etiraf etməyə qorxurdular ki, bu ehtimal doğru ola bilər. Ona görə dedilər ki, şagirdlər Onun cəsədini oğurlayar və Dirilmənin baş verdiyini söyləyərlər. Bu səbəbdən onlar qəbiri qorumaq üçün xüsusi tədbirlər görmək istəyirdilər. Pilat buna belə cavab verdi: «Gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». Pilat sanki dərk etmədən belə dedi: «Əgər bacarırsınızsa Məsihi məzarda saxlayın». Rəhbərlər tədbir gördülər. Belə mağaraların girişi təkər kimi hərəkət edən nəhəng yuvarlaq daşlarla örtülürdü. Baş kahinlər və fariseylər məzarı möhürləyib, yanına mühafizəçilər qoydular.
Onlar başa düşmədilər ki, dünyada İsa Məsihi saxlaya biləcək məzar yoxdur. Heç kimin planı Ölülərdən Dirilmiş Şəxsi saxlaya bilməz. İsa Məsihə buxov və zəncir vurmağa çalışan adam əbəs yerə iş görür.