Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 26-cı fəsil

V. Barklinin şərhləri

26-cı fəsil

FACİƏNİN SON AKTININ BAŞLANĞICI (Matta 26:1-5)

Faciənin son aktının başlanğıcı budur. İsa qarşıda Onu nələrin gözlədiyi barədə şagirdlərinə bir daha xəbərdarlıq etdi. Son günlər İsa o qədər açıq-aşkar itaətsizlik etmişdi ki, şagirdləri Onun bütün yəhudi hakimiyyətlərinə qarşı çıxmaq niyyətində olduğunu düşünə bilərdilər. Lakin burada O, bir daha açıq şəkildə göstərdi ki, Onun məqsədi Çarmıxdır.

Eyni zamanda yəhudi rəhbərləri də səylə hiylə qurmağa başladılar. Yusif Qayafa (onun tam adı belədir) 18 — 36-cı illərdə Baş Kahin idi. Onun haqqında çox az şey bilirik, amma vacib bir həqiqətdən də xəbərdarıq. Qədim dövrlərdə baş kahinlik irsi və ömürlük idi. Ancaq romalılar İsraili fəth etdikdən sonra baş kahinlər çox tez-tez dəyişirdilər, çünki romalılar baş kahinləri öz mülahizələri ilə təyin edir və vəzifədən uzaqlaşdırırdılar. Bizim eradan əvvəl — 67 və 37-ci illər arasında məbədin dağılmasından əvvəl sonuncu baş kahin təyin olunanda, artıq 28 baş kahin bu vəzifədə olmuşdu. Maraqlıdır ki, Qayafa 18-ci ildən 36-cı ilədək baş kahin olub. Bu, baş kahin üçün çox uzun müddətdir, ola bilsin, Qayafa romalılarla əməkdaşlıq üsullarını təkmilləşdirmişdi. Onun da problemi məhz buradan qaynaqlanırdı.

Romalılar vətəndaş iğtişaşlarına qətiyyən təhəmmül edə bilmirdilər. Əgər nəsə bir iğtişaş olsaydı, Qayafa öz mövqeyini itirərdi. Pasxa bayramında Yerusəlimdə vəziyyət həmişə təhlükəli olurdu. Şəhər insanlarla dolub-daşırdı. İosif Flavi bir vaxtlar əhalinin necə siyahıya alındığı barədə məlumat verir (İosif Flavi: «Yəhudi müharibəsi» 6.9.3).

O zaman prokurator Sestiy Qall83 idi. O, hiss edirdi ki, imperator Neron yəhudilərin faktiki sayı və onların istənilən hökmdarın başına gətirdiyi problemlərdən xəbərsizdir. O, baş kahindən Pasxa bayramında qurbanlıq quzuların sayını hesablamağı xahiş etdi. İosif Flavi sözünə davam edir: «Hər bir qurban üçün ən azı on nəfər olmalıdır (çünki Qanuna görə, ayrı-ayrılıqda bayramı qeyd etmək olmazdı) və tez-tez bir çoxumuz iyirmi nəfərlik qruplarda bir yerə toplaşırıq». Məlum oldu ki, bu dəfə 256 min 500 baş quzu kəsilib. İosif Flavi hesab edir ki, həmin vaxt Yerusəlimdə təxminən 2.750.000 adam var idi.

Buna görə də təəccüblü deyil ki, Yusif Qayafa İsanı gizli və sakitcə tutmaq üçün xüsusi fürsət axtarırdı, çünki zəvvarların çoxu qalileyalı idi, onların nəzərində isə İsa peyğəmbər idi. Əslində, Qayafa hər şeyi Pasxa bayramının sonuna, şəhərin sakitləşəcəyi vaxta qədər təxirə salmaq istəyirdi, lakin Yəhuda ona bütün problemi həll etmək imkanı verdi.

6-13

İSRAFÇI MƏHƏBBƏT (Matta 26:6-13)

Bet-Anyada məsholunma hekayəsi müjdəçi Mark və Yəhyada da var. Markın hekayəsi bu hekayə ilə demək olar ki, eynidir. Yəhya isə İsanı məsh edən qadın haqqında bəzi əlavə məlumat verir: o, Marta və Lazarın bacısı Məryəm idi. Lukada belə bir hekayə yoxdur. Lukanın Müjdəsində İsanın Farisey Şimonun evində məsh edilməsi hekayəsi var (Luka 7:36-50). Amma Lukanın Müjdəsində İsanın ayaqlarını yağla yağlayıb saçları ilə silən qadın tanınmış günahkar idi.

Lukanın, əslində, Matta, Mark və Yəhya ilə eyni hekayəni danışıb-danışmadığı sualı həmişəlik olaraq cavabsız və maraqlı qalacaq. Hər üç halda ev sahibi Şimon adlanır, hərçənd, Lukanın Müjdəsində bu, Farisey Şimon, Matta və Markın Müjdələrində isə cüzamlı Şimondur; Yəhyada ev sahibinin adı, ümumiyyətlə, çəkilmir, baxmayaraq ki, hekayəyə görə hər şey Marta, Məryəm və Lazarın evində baş vermiş kimi görünür. Şimon adı o vaxt çox yayılmışdı. Əhdi-Cədiddə ən azı on, İosif Flavinin «Tarix»ində isə iyirmidən çox Şimon var.

Lukanın hekayəsini digər müjdəçilərin hekayəsi ilə eyniləşdirməkdə ən böyük çətinlik odur ki, Lukada bu qadın tanınmış fahişədir və heç yerdə onun Bet-Anyalı Məryəm olduğu deyilmir. Bununla belə, Məryəmin İsaya olan güclü məhəbbəti İsanın onu belə vəziyyətdən xilas etməsinin nəticəsi ola bilər.

Ancaq biz bu hekayələri necə müəyyən ediriksə edək, İsanın dediyi kimi, bu, yaxşı bir işin hekayəsidir və özündə qiymətli həqiqətləri ehtiva edir.

1. Burada sevginin israfçılığı göstərilir. Qadın özündə olan ən qiymətli şeyi götürdü və onunla İsanı məsh etdi. Yəhudi qadınlar ətirli yağları çox sevirdilər və tez-tez boyunlarına ətirli yağ dolu kiçik mərmər qabı taxırdılar. Belə ətirli yağ çox baha idi. Həm Markın, həm də Yəhyanın Müjdəsində şagirdlər deyirlər ki, həmin yağ 300 dinardan baha satıla bilərdi (Mark 14:5; Yəhya 12:5). Bu o deməkdir ki, bu mərmər qabı işçinin bir illik maaşına bərabər idi. Bunu başqa cür də ifadə etmək olar. İzdihamı doydurmaq problemini müzakirə edərkən Filip bunun üçün 200 dinarın kifayət etməyəcəyini söyləmişdi. Başqa sözlə desək, bu ətirli yağ 5000 nəfərlik kütləni doyurmaq bahasında idi.

Bəli, qadın İsaya belə qiymətli hədiyyə verdi. Bunu ona görə etdi ki, əlində olan ən qiymətli şey o idi. Sevən insan heç vaxt hesab tutmaz. Sevən insan heç vaxt bir şeyi layiqincə necə edəcəyini, eyni zamanda az verəcəyini düşünmür. Sevən insanın həmişə yalnız bir arzusu var — bacardığı hər şeyi vermək. Hətta əlində olan hər şeyi versə də, yenə də bunun çox az olduğunu düşünür. Biz nəzakət qaydaları çərçivəsində Məsihə və İmanlı Cəmiyyətinə mümkün qədər az şey verməyi düşünürüksə, demək, hələ məsihçi olmamışıq.

2. Bu hekayə ehtiyatlı davranmağın bəzən yersiz olduğunu göstərir. Bu halda ağılın səsi deyirdi: "İsrafçılığa bax!" Əlbəttə, belə deməklə haqlıdır. Ancaq sevgi ağıl kimi düşünmür. Ağıl uzaqgörənlik və tədbirlilik, məhəbbət isə ürək qanunlarına tabedir. Həyatın çox hissəsi ağıl tərəfindən tənzimlənir, lakin bəzən sevginin tələbləri yalnız israfçılıq, ehtiyatsızlıqla yerinə yetirilə bilər. Həmin hədiyyə asanlıqla əldə olunursa, əsl hədiyyə deyil. Hədiyyə özündə yalnız qurban verməyi ehtiva edirsə və biz ödəyə biləcəyimizdən daha çoxunu veririksə, onda əsl hədiyyəyə çevrilir.

3. Bu onu göstərir ki, bəzi işlər fürsət düşən kimi görülməlidir, çünki, əks halda, bunu, ümumiyyətlə, etmək olmaz. Şagirdlər kasıblara kömək etməyə çalışırdılar, ravvinlər isə belə öyrədirdilər: "Allah bizi həmişə yoxsullarla birlikdə qoyur ki, biz heç vaxt yaxşı iş görmək fürsətindən məhrum olmayaq". Bəzi şeyləri hər an edə bilərik, bəzi şeyləri isə yalnız bir dəfə edə bilərik. Fürsəti əldən vermək, onu həmişəlik əldən vermək deməkdir. Çox vaxt səxavətli və nəcib istəklərimiz olur, amma hərəkət etmirik. Çox güman ki, bu fürsət, bu vəziyyət, bu insan, bu an, bu istək bir daha heç vaxt təkrarlanmayacaq. Çoxlarımız üçün faciə ondadır ki, həyat yaxşı və gözəl bir şey etmək üçün əldən verilmiş fürsətlər hekayəsinə çevrilir.

4. Burada deyilir ki, yaxşı işin gözəlliyi heç vaxt itmir. Axı həyatda qaranlıq dünyanı işıqlandıran gözəl şeylər azdır. İsanın ömrünün sonunda o qədər acı, xəyanət, intriqa, faciə yaşandı ki, bu hekayə qaranlıq dünyada işıq saçan şüaya bənzədi. Dünyada ancaq bir neçə böyük əməl bu yaxşı əməl kimi özündən sonra gözəl xatirə qoyur.

14-16

SATQININ HƏYATININ SON SAATLARI

XAİNCƏSİNƏ RAZILAŞMA (Matta 26:14-16)

Biz artıq gördük ki, yəhudi rəhbərləri İsanı üsyan və iğtişaşlara səbəb olmadan həbs etmək üçün yol axtarırdılar. Budur, Yəhuda onlara bu fürsəti verir. Yəhudanın İsaya xəyanət etməsinin üç səbəbi ola bilərdi. Digərləri bu səbəblərin variantlarıdır.

1. Bu onun xəsisliyindən irəli gələ bilərdi. Matta və Markın dediyinə görə, Yəhuda dəhşətli sövdələşməni Bet-Anyada məsh edildikdən dərhal sonra etmişdi. Yəhya isə yazır ki, Yəhuda oğru olduğu və pul qutusundan pul götürdüyü üçün məsh edilməsinə etiraz etmişdi (Yəhya 12:6). Belə olan halda, Yəhuda tarixin ən pis sövdələşmələrindən birini yerinə yetirdi. O, otuz gümüş pula, otuz arquriaya görə İsaya xəyanət etməyə razılaşdı. Arqurion — şekeldir. Gümüş şekel 4 dinara, fəhlənin gündəlik əmək haqqı isə 1 dinara bərabər idi. Beləliklə, Yəhuda İsanı 120 dinara, yəni bir mərmər qabındakı ətirli yağdan iki dəfə aşağı qiymətə satdı. Əgər xəyanətin səbəbi xəsislik olubsa, bu, pul sevgisinin nəyə gətirib çıxara biləcəyinə dair tarixdəki ən pis nümunədir.

2. Bu, məyusluğa əsaslanan nifrət ola bilər. Yəhudilər həmişə güc və səlahiyyət arzusunda idilər. Onların arasında romalıları İsraildən qovmaq üçün hər cür qətlə və zorakılığa hazır olan son dərəcə millətçilər həmişə olub. Bu millətçiləri sikarii — xəncər çəkənlər adlandırırdılar, çünki onlar xüsusi terror və sui-qəsd taktikasına riayət edirdilər. Ola bilsin ki, Yəhuda da onlardan biri idi. Bəlkə də o, İsaya möcüzəvi qüdrəti və səlahiyyəti sayəsində böyük bir üsyana rəhbərlik edə biləcək göydən göndərilmiş rəhbər kimi baxırdı. Yəhuda, yəqin ki, İsanın bilərəkdən Çarmıxa aparan fərqli bir yol seçdiyini görürdü. Yəhuda sədaqətinin nifrətə çevrildiyini hiss etmişdi. Bu hissləri onu böyük ümidlər bəslədiyi şəxsin ölümünü axtarmağa vadar etdi. Bəlkə də Yəhuda İsaya onun istədiyi Məsih olmadığına görə nifrət edirdi.

3. Bəlkə də Yəhuda heç vaxt İsanın ölməsini istəmirdi. Ola bilsin ki, o, İsanı göydən göndərilmiş rəhbər kimi görürdü. Bəlkə də o, sadəcə olaraq, İsanın çox yavaş hərəkət etdiyini düşünürdü, Onun hərəkətini sürətləndirmək istəyirdi və İsanı hərəkətə keçməyə məcbur etmək üçün Ona xəyanət etmişdi. Düzünü desək, bu nöqteyi-nəzər bizim ixtiyarımızda olan faktlara ən uyğun gələnidir. Bu da Yəhudanın planı uğursuz olduqda niyə intihar etdiyinin izahını verir.

Bizim necə şərh etməyimizdən asılı olmayaraq, Yəhudanın faciəsi ondadır ki, o, İsanı olduğu kimi qəbul etməkdən imtina etdi və Onu özünün istədiyi kimi etməyə çalışdı. Biz İsanı dəyişə bilmərik, amma özümüz İsanın təsiri altında dəyişməliyik. Biz Ondan heç vaxt məqsədlərimiz üçün istifadə edə bilmərik, biz Ona tabe olmalı və Onun məqsədlərinə xidmət etməliyik. Yəhudanın faciəsi hər şeyi Allahdan daha yaxşı bildiyini düşünən bir insanın faciəsidir.

17-19

GİZLİ ŞAM YEMƏYİ

ATALAR BAYRAMI (Matta 26:17-19)

İsa Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə gəldi. Həmin vaxt şəhərin necə izdihamlı olduğunu artıq görmüşük. Ehtimal edilir ki, Pasxa zamanı bütün yəhudilər şəhərdə olurdu. Bu da gələn zəvvarların sayəsində baş verirdi. Ona görə də rəsmi nöqteyi-nəzərdən İsanın tez-tez ziyarət etdiyi Bet-Anya kimi kəndlər də şəhər sayılırdı.

Ancaq Pasxa şəhərdə qeyd edilməli idi. Şagirdlər Pasxa bayramı üçün harada hazırlıq görəcəklərini soruşdular. Tamamilə aydındır ki, burada da İsa hər şeyi son ana saxlamadı. O, artıq müvafiq tədbirləri görmüş, Yerusəlimdəki dostları ilə razılaşaraq onlara parol vermişdi: «Müəllim deyir: «Mənim vaxtım yaxındır»«. Beləliklə, şagirdlər bayram üçün hazırlıq görməyə göndərildilər.

İlk günü Pasxa bayramı olan bütün həftə Mayasız Çörək Bayramı adlanırdı. Bundan əlavə, həmişə yadda saxlamalıyıq ki, yəhudilər arasında ertəsi gün axşam saat altıda başlayırdı. Bu halda, Mayasız Çörək Bayramı cümə axşamı səhər başladı. Cümə axşamı onlar evi ələk-vələk edirdilər ki, heç yerdə maya qırıntısı qalmasın.

Bunun iki səbəbi var idi. Bu bayram İsrail tarixində ən böyük hadisə — Misir əsarətindən qurtuluş idi. O vaxt israillilər Misirdən elə tələsik qaçmalı olmuşdular ki, mayalı xəmirdən çörək bişirməyə vaxt tapmamışdılar (Çıxış 12:34). Mayasız xəmir (yəni mayalanmış xəmirin kiçik bir hissəsi əlavə edilməyən xəmir) daha tez bişirilə bilər, lakin nəticədə çörəkdən daha çox suda bişmiş quru peçenye yaranır. Mayasız çörək də məhz budur. Beləcə, evdən maya çıxarılır və mayasız çörək bişirilirdi. Yəhudilər Misirdən çıxan gecə edilən hər şeyi təkrarlayaraq, köləliklərini geridə qoyurdular.

İkincisi, yəhudi düşüncəsinə görə, maya çürüməni simvollaşdırır. Artıq qeyd etdiyimiz kimi, maya mayalanmış xəmirdir, yəhudilər mayalanmanı çürümə ilə bərabər tuturdular. Maya çürümə simvolu olduğuna görə onu evdən çıxardılar.

Bəs onda şagirdlər bayrama nə vaxt hazırlaşdılar?

Cümə axşamı səhər onlar mayasız çörək bişirdilər və evi ən kiçik mayadan belə təmizlədilər. Bayramın digər əsas hissəsi Pasxa quzusu idi. Bayram öz adını məhz bu quzudan alır. Misirliləri İsraili buraxmağa məcbur edən ən dəhşətli cəza — ölüm mələyinin Misirdən keçməsi və bütün ilk övladları — ailənin hər bir ilk oğlunu öldürməsi idi.

Evlərini işarələmək üçün israillilər bir quzu kəsməli və qanı ilə evin qapısının hər iki yan taxtasını və üst dirəyini məsh etməli idilər ki, məhv edən mələk bu işarəni görüb (ibranicə — pasax) evin qapısından yan keçsin (Çıxış 12:21-23). Cümə axşamı günortadan sonra quzu Məbədə gətirilməli və orada kəsilməli idi, onun həyatı təcəssüm etdirən qanı Allaha qurban olaraq təqdim edilməli idi.

Bayram üçün daha dörd şey lazım idi.

  1. Misir əsarətində tökülən göz yaşlarını və Tanrının onları möcüzəvi şəkildə apardığı Qırmızı dənizin duzlu sularını xatırlatmaq üçün masanın üstünə bir qab duzlu su qoyulmalı idi.

  2. Qıtığotu, kasnı, kahı və digərlərindən ibarət acı ot dəsti hazırlanmalı idi. Bu, həm də onlara köləliyin acılığını və quzu qanını qapının yan taxtalarına və üst dirəyinə sürtmək üçün istifadə edilən bir çəngə züfa otu dəstəsini xatırlatmalı idi.

  3. Alma, xurma, nar və qoz-fındıqdan hazırlanan Xaroşev pastası lazım idi. Bu onlara Misirdə kərpic hazırladıqları gili xatırlatmalı idi və bu pastada kərpic istehsalında istifadə olunan samanı simvolizə edən darçın budaqları var idi.

  4. Nəhayət, dörd stəkan şərab lazım idi. Bunlar yəhudilərə Çıxış 6:6-7-dəki dörd vədi xatırlatmalı idi: «...Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam». Bunlar cümə axşamı səhər və günortadan sonra görüləcək hazırlıq işləri idi. Bütün bunları şagirdlər hazırladılar. Axşam saat altıdan sonra, yəni nişan ayının 15-də, yəni cümə günü başlayanda qonaqlar süfrə arxasında əyləşə bilərdilər.

20-25

SEVGİNİN SON ÇAĞIRIŞI (Matta 26:20-25)

Müjdə tarixinin son səhnələrində elə anlar var ki, sanki İsa və Yəhuda yalnız onların ikisinin mövcud olduğu bir dünyada yaşayırlar. Bir şey aydındır — ola bilsin, Yəhuda öz qaranlıq işini tamamilə gizli şəkildə yerinə yetirirdi. Çox güman, o, gizli şəkildə gedib-gəlirdi. Çünki digər şagirdlər onun əməllərindən xəbərdar olsaydılar, Yəhuda sağ qalmazdı.

O öz planını şagirdlərdən gizlətsə də, İsa Məsihdən gizlədə bilmədi. Bu, həmişə belədir: İnsan günahlarını qardaşlarından gizlədə bilər, amma onları qəlbin bütün sirlərini görən İsa Məsihin nəzərlərindən gizlədə bilməz. Başqa heç kim bilməsə də, İsa Yəhudanın niyyətini bilirdi.

İndi biz İsanın günahkarla necə davrandığını görə bilərik. İsa Öz səlahiyyətindən Yəhudanın planlarını pozmaq, onu iflic etmək, aciz qoymaq, hətta öldürmək üçün istifadə edə bilərdi. Lakin İsanın istifadə etdiyi yeganə silah sevgi çağırışıdır. Həyatın ən böyük sirlərindən biri budur ki, Allah insanın iradə azadlığına hörmətlə yanaşır. Allah məcbur etmir, Allah çağırır.

İsa insanı günahdan uzaqlaşdırmaq istəyəndə iki şey edir.

Birincisi, O, insanı günahı ilə üz-üzə qoyur. Onu dayandırmağa və nə edəcəyi barədə düşündürməyə çalışır. İsa, sanki ona belə deyir: «Gör, nə etməyi düşünürsən — sən həqiqətənmi bunu etməyə qadirsən?» Kimsə belə deyib ki, günaha qarşı ən böyük sığortamız günah qarşısında dəhşətə gəlmək qabiliyyətimizin olmasıdır. İsa dönə-dönə insandan bütün dəhşəti hiss etmək və sağlam düşünmək üçün bir az gözləməyi, baxıb dərk etməyi xahiş edir.

İkincisi, İsa insanı Ona baxmağa vadar edir. İsa insanı Ona baxmağa dəvət etməklə sanki deyir: «Mənə bax. Gözlərimin içinə baxa-baxa gedib fikrində olanı edə bilərsənmi?» İsa insana fikrindəkilərinin dəhşətini başa düşməyə və Onun şərin yolunu bağlamaq istəyən məhəbbətini dərk etməyə çalışır.

Məhz burada günahın bütün dəhşətini və onun qəsdən edildiyini görürük. Sevginin bu son çağırışına baxmayaraq, Yəhuda bayıra çıxdı. O, hətta günah bir daha başa düşüb İsa Məsihin üzünə baxsa da, geri dönmədi. Günahlar müxtəlif olur: ehtiraslı qəlbin günahı var, anın təsiri ilə, qəfil sarsıntının təsiri ilə edilən günah var. Heç kim belə bir günahın əhəmiyyətini və ölçüsünü azaltmasın — onlar dəhşətli ola bilər. Amma daha pisi, planlarını soyuqqanlı şəkildə həyata keçirən insanın hesablanmış, amansızcasına, şüurlu şəkildə etdiyi günahdır — əməlinin dəhşətini və İsanın gözlərindəki məhəbbəti görsə də, öz yolu ilə gedən bir insanın günahı. Valideynlərinin ürəyini soyuqqanlılıqla qıran uşaqlar bizim ürəyimizi də incidir. Yəhuda da İsaya məhz belə etdi. Amma faciə ondadır ki, biz bunu çox vaxt özümüz edirik.

26-30

ONUN ƏTİ VƏ ONUN QANI (Matta 26:26-30)

Gördüyümüz kimi, peyğəmbərlər insanlar onların dediklərini başa düşsünlər deyə, simvolik obrazlara əl atırdılar. Biz İsanın Yerusəlimə zəfərlə daxil olduğu vaxt və əncir ağacına münasibətdə bu üsuldan necə istifadə etdiyini artıq görmüşük. İsa burada da eyni şeyi edir. Pasxa bayramının bütün simvolizmi və mərasimləri insanlara Onun nə demək istədiyini göstərməkdən ibarət idi, çünki bütün bunlar Onun xalq üçün nə etmək istədiyinin nümayişi idi. İsa hansı təsvirdən istifadə etdi və bunun arxasındakı həqiqət nədir?

  1. Pasxa azadlığın şərəfinə təşkil edilən bayram idi. Bu bayram İsrail xalqına Allahın yəhudiləri Misir əsarətindən necə xilas etdiyini xatırlatmaq üçün nəzərdə tutulmuşdu. Buna görə də İsa hər şeydən əvvəl böyük bir xilaskar olduğunu bəyan edir. O, insanları onları təqib edən qorxulardan və onları əsir saxlayan günahlardan xilas etmək üçün gəldi.

  2. Pasxa quzusu, hər şeydən əvvəl, təhlükəsizliyin simvolu idi. İlk övladın öldüyü həmin gecə Pasxa quzusunun qanı İsraili təhlükəsizliklə təmin etdi. Beləliklə, İsa Xilaskar olduğunu bəyan edir. O, insanları günahlardan və onların nəticələrindən xilas etmək üçün gəldi. O, insanlara yer üzündə və göydə əbədi əmin-amanlıq bəxş etmək üçün gəldi.

Burada İsanın bütün fəaliyyətlərini və bütün niyyətlərini əhatə edən bir açar söz var. Bu söz — əhddir. İsa dedi ki, Onun Qanı yeni əhdin Qanıdır. O, bununla nə demək istəyirdi? Əhd iki insan arasındakı münasibətdir, Lakin İsanın dediyi əhd insanla insan arasındakı əhd deyil, Allahla insan arasındakı əhddir. Başqa sözlə desək, bu, Allahla insan arasında yeni bir əlaqədir. Axırıncı Şam yeməyi zamanı İsa sanki belə deyir: «Həyatım və hər şeydən əvvəl mənim ölümüm vasitəsilə sizinlə Allah arasında yeni münasibət yarandı. Siz Məni gördünüz və Məndə Allahı gördünüz; Mən sizə Allahın sizi nə qədər sevdiyini dedim, Mən sizə Allahın sizi nə qədər sevdiyini göstərdim; O sizi o qədər sevir ki, hətta mənim indi çəkdiyim əzablara dözməyə hazırdır — Allah belədir». İsanın etdikləri Allahla bizim aramızda bu yeni gözəl münasibətə yol açdı.

Bu hissə İsanın və Onunla birlikdə olanların ilahi oxuyub, Zeytun dağına tərəf getməsi ilə bitir. Hallel oxumaq Pasxa bayramının vacib elementi idi. Hallel — Allaha həmd edin deməkdir! Bunlar Zəbur 113-118-dən — həmd məzmurları idi. Pasxa bayramı zamanı müxtəlif vaxtlarda Hallelin müxtəlif hissələri oxunurdu. Sonda isə Böyük Hallel — Zəbur 136 oxunurdu. İsanın və Onunla birlikdə olanların Zeytun dağına getməzdən əvvəl oxuduqları ilahi məhz bu idi.

Burada qeyd etmək lazımdır ki, Axırıncı Şam yeməyi ilə bu gün qeyd etdiyimiz Rəbbin Süfrəsi arasında bir əsas fərq var. Axırıncı Şam yeməyi əsl ziyafət idi; Qanuna görə, quzu bütöv yeyilməli və heç nə qalmamalı idi. Bu, bir tikə çörək və bir qurtum şərab içmək mərasimi deyildi — bu, ac insanların əsl yeyib-içdiyi süfrə idi. O zaman biz deyə bilərik ki, İsa insanlara təkcə əhddən və rəmzdən ibarət süfrədə iştirak etmək üçün İmanlı Cəmiyyətinə toplaşmağı öyrətmir. O, deyir ki, hər dəfə şagirdlər oturub yemək yeyəndə, bunu Onu xatırlamaq üçün etməlidirlər. İsa Məsih təkcə müqəddəs mərasimin Rəbbi deyil. O, həm də yemək masasının Rəbbi olmalıdır.

Daha bir məqamı qeyd etmək lazımdır. İsa deyir ki, növbəti dəfə şagirdləri ilə Atasının Padşahlığında təzə şərab içəcək. Bu sözlər, həqiqətən, səmadan gələn imanı və ilahi qətiyyəti ehtiva edir. İsa Getsemani bağına Ali Şuranın önündə mühakimə olunmaq, Çarmıxa çəkilmək üçün getsə də, Səmavi Padşahlıq haqqında düşünürdü. İsa Məsih üçün Çarmıxa çəkilmək məğlubiyyət deyil, izzətə aparan yol idi. O, Qolqota yolunda idi, eyni zamanda taxta gedən yolla irəliləyirdi. ««

31-35

PETERİN BÜDRƏMƏSİ

MƏSİHİN XƏBƏRDARLIĞI (Matta 26:31-35)

Bu hissə İsa Məsihin bəzi xüsusiyyətlərini açıq şəkildə göstərir.

1. Burada biz İsanın realizmini görürük. İsa Onu nələrin gözlədiyini bilirdi. Matta hətta görür ki, şagirdlərin İsanı atıb getməsi artıq Əhdi-Ətiqdə Zəkəriyyə peyğəmbərin kitabında 13:7-də qabaqcadan yazılıb. İsa sakitcə faktlara göz yuman elə də böyük optimist deyildi. O, baş verəcək hər şeyi qabaqcadan görürdü. Buna baxmayaraq, geri çəkilmədi.

2. Burada İsanın əminliyi görünür. O deyir: «Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». O, həmişə daha uzağı görürdü. İsa Onu gözləyən əzablarda olduğu kimi, izzətə çatacağına da əmin idi.

3. Biz burada Onun şəfqətini görürük. O bilirdi ki, şagirdləri Onun dəstəyə ən çox ehtiyac duyduğu vaxtda geriyə baxmadan qaçıb Onu tərk edəcəklər. Lakin bununla belə, O, şagirdlərini danlamır, qınamır və etibarsız insanlar adlandırmır. Hətta onlara deyir ki, bu dəhşətli vaxt bitəndən sonra yenidən onlarla görüşəcək. İsanın bu xüsusiyyəti Onun böyüklüyünü göstərir. O, insanların pis tərəflərini tanıyır, buna baxmayaraq, yenə də onları sevir. O bizim insani zəif cəhətlərimizi bilir. O bilir ki, biz səhvlər edəcəyik. Bilir ki, sədaqətimiz çatışmır. Lakin bunu bilsə də, bizə nifrət bəsləmir, məhəbbəti sərtliyə çevrilmir. Əksinə, zəif olduqları üçün günaha batan insanlara şəfqət göstərir.

Bundan əlavə, bu hissə Peterin xarakterinin bəzi xüsusiyyətlərini göstərir. Onun çatışmazlığı bəllidir — o özündən çox arxayın idi. O, İsanı sevdiyini bilirdi — buna zərrə qədər də olsun şübhə yox idi. O inanırdı ki, istənilən çətin vəziyyətin öhdəsindən təkbaşına gələ biləcək. O özünü İsanın düşündüyündən daha güclü hesab edirdi. Nə vaxt ki, qəlbimizdə lovğalı güvən yerini təvazökarlıq və həlimlik tutur, zəif və Məsihin köməyindən tam asılı olduğumuzu dərk edirik, yalnız o zaman özümüzü təhlükəsizlikdə hesab edə bilərik.

Romalılar və yəhudilər gecəni dörd növbəyə bölmüşdülər: axşam altıdan doqquza qədər, axşam doqquzdan gecə yarısına qədər, gecə yarısından səhər üçə qədər və səhər üçdən səhər altıya qədər. Xoruz üçüncü və dördüncü növbə arasında banlamalı idi. İsa Məsih burada deyir ki, Peter hələ dan yeri sökülməmiş Onu inkar edəcək.

36-46

QƏLBİN BAĞDAKI MÜBARİZƏSİ (Matta 26:36-46)

Bu, diz üstə yaxınlaşmalı olduğumuz bir hissədir. Burada araşdırma sitayişə çevrilməlidir.

Yerusəlimin özündə böyük bağlar yox idi. Çünki dağın zirvəsində yerləşən şəhərdə kifayət qədər boş yer yox idi; hər kvadrat metr ev tikintisi üçün lazım idi. Buna görə də zəngin vətəndaşlar Zeytun dağının yamaclarında şəxsi bağlara sahib idilər. Getsemani sözü, çox güman, zeytun yağı sıxan və ya zeytun üçün çəllək mənasını verir. İsa, şübhəsiz, zeytun bağına girmək imkanını əldə etmişdi. İsanın son günlərində Onun ətrafında toplaşan adları qeyd olunmayan dostlar barədə düşünmək çox xoşdur. Biri Ona bir eşşək verdi ki, Yerusəlimə daxil ola bilsin. Digəri Ona şagirdləri ilə birlikdə Axırıncı Şam yeməyi üçün yuxarı otağı verdi. İndi isə kimsə Ona Zeytun dağındakı bağdan istifadə etməyə icazə verdi. Nifrət səhrasında hələ də sevgi işartıları var idi.

Bağa getmək üçün İsa Məsih Özü ilə Görkəmini dəyişdiyi dağda Onunla birlikdə olan üç şagirdini götürdü. Orada İsa dua edib kədərləndi. Getsemani bağında İsanın necə mübarizə apardığına ehtiramla yanaşanda, bəzi şeyləri qeyd etmək olar.

1. Biz İsa Məsihin daxilən əzab çəkdiyini görürük. İndi O, tam əmin idi ki, Onu qabaqda ölüm gözləyir. Burada İsa Öz iradəsini Allahın iradəsinə tabe etdirmək üçün ən çətin mübarizə aparmalı oldu. Bu hekayəni oxuyan insan həmin mübarizənin qəlbi göynədən reallığını görməyə bilməz. Bu, nəticəsi hər şeyi həll edən bir mübarizə idi. Dünyanın xilası Getsemani bağında həll olunurdu, çünki İsa Məsih hər an geri dönə bilərdi, o zaman Allahın planı pozulmuş olardı.

Həmin anda İsa yalnız bir şeyi bilirdi: O, irəli getməlidir, öndə isə Çarmıx var. Böyük ehtiramla onu deyə bilərik ki, İsa burada hər kəsin bir gün öyrənməli olduğu dərsi öyrəndi — başa düşülməyən şeyi necə qəbul etməli. Allahın iradəsi amiranə surətdə Onu irəli çağırırdı. Bu dünyada hər birimizin başına anlaya bilmədiyimiz şeylər gəlir. Məhz o zaman insanın əsl imanı sınanır. Belə bir məqamda İsa Məsihin Getsemani bağında da bu yolu keçməsi ürəyə təsəlli verir.

İmanlı Cəmiyyətinin latın ağsaqqallarından biri olan Tertullian İsa Məsihin heç bir Müjdədə əksini tapmayan ifadəsini sitat gətirir: «İmtahanlara məruz qalmayan Səmavi Padşahlığa girə bilməz». Bu isə o deməkdir ki, hər bir insanın öz Getsemani bağı var və hər kəs «amma mənim yox, Sənin iradən olsun» deməyi öyrənməlidir.

2. Biz İsa Məsihin tənha qaldığını görürük. İsa Özü ilə üç seçilmiş şagirdini götürdü, lakin onlar son günlərin keçmə-keşliyindən o qədər yorulmuşdular ki, oyaq qala bilmədilər. İsa təkbaşına döyüşmək məcburiyyətində qaldı. Bu, hər bir insanın başına gələ bilər. İnsan təkbaşına müəyyən vəziyyətlərlə üzləşməli və qərarlar qəbul etməlidir. Bəzən bütün köməkçilər, bütün təsəlli verənlər insana xəyanət edib onu tərk edirlər. Amma məruz qaldığımız tənhalıqda biz bunu yaşayan və Getsemanidən keçən Birinin Varlığına sahibik.

3. Burada biz İsa Məsihin imanını və etibarını görürük. Onun imanı və etibarı Markın bu epizodun təsvirində daha aydın görünür. Burada İsa duasına «Abba-Ata!» sözləri ilə başlayır (Mark 14:36). Abba sözündə böyük məna var. Yoahim Yeremias «İsanın məsəlləri» kitabında yazır:

«İsanın Abba sözü ilə Allaha müraciət etməsinin yəhudi ədəbiyyatında heç bir tayı-bərabəri yoxdur. Əvvəllər kiçik uşaq atasını Abba (indi ərəbcə caba deyilir) deyə çağırırdı. Bu faktın izahını İmanlı Cəmiyyətinin ağsaqqalları İoann Zlatoust, Teodor və Teodoretidə tapmaq olar. Bu söz ailədə hər gün işlədilirdi, heç kim onu ​​Allaha münasibətdə işlətməyə cürət etmirdi. İsa Məsih isə bu sözü Allaha münasibətdə işlətdi. O, Səmavi Atasına uşaq kimi etibar edərək səmimi şəkildə — uşaq atasına müraciət edirmiş kimi etdi».

Biz atalar uşaqlarımızın bizimlə hansı dildə danışdıqlarını və bizi necə adlandırdıqlarını bilirik. Eynilə İsa da Allahla belə danışırdı. Hətta O, hər şeyi tam anlamasa da, Allahın Onu Çarmıxda ölməyə çağırdığına əmin olsa da, kiçik uşaq kimi Ona Abba deyə müraciət etdi. Bizim də Allaha bəsləməli olduğumuz əsl etibar bax budur. İsanın bizə Allahın Səmavi Atamız olduğunu söylədiyi etibar da elə budur.

4. Biz İsa Məsihin cəsarətini görürük. İsa dedi: «Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!» Məsihçiliyə hücum edən bütpərəst filosof Selsus İsanın qaçmaq üzrə olduğunu sübut etmək üçün bu cümlədən istifadə etdi. Əslində, hər şey tam əksinədir. İsa dedi: «Qalxın, gedək, bağda dua və orada qalmaq vaxtı bitdi. İndi hərəkət etmək vaxtıdır. Gəlin həyatı və insanların ən qaranlıq və ən qorxulu tərəflərini qarşılayaq». İsa həyat döyüşünə qatılmaq üçün diz üstündən qalxdı. Dua bunun üçündür. İnsan başqalarının qarşısında dik dayana bilməsi üçün Allah qarşısında diz çökür. Dua zamanı insan göylərə daxil olur ki, həyat döyüşü ilə üzləşə bilsin.

47-50

XƏYANƏTKARIN ÖPÜŞÜ (Matta 26:47-50)

Gördüyümüz kimi, Yəhuda iki məqsədlə hərəkət edə bilərdi. O, ya acgözlük və məyusluq üzündən, ya da İsanı fəal hərəkətə təhrik etmək, yəni Məsihi ölü deyil, hərəkət edən kimi görmək üçün Onun ölməsini istədi.

Ona görə də bu hissəni iki cür şərh etmək olar. Əgər Yəhudanın ürəyində yalnız nifrət və bir növ şeytani tamah var idisə, onda bu, tarixin ən dəhşətli öpüşü və xəyanətin ən dəhşətli əlaməti idi. Belə olan halda, Yəhuda haqqında mənfi hər nə desək də, bu onun alçaqlığını göstərmək üçün az olacaq.

Ancaq onun məşğul olduğu təkcə bu deyildi. Həbs edilməli olan Şəxsi öpüşlə göstərəcəyini izdihama bildirən Yəhuda fileyn sözünü işlədir. Bu söz, adətən, öpüş mənasını verir. Amma Yəhuda İsanı öpəndə, Kəlamda kata fileyn sözü işlədilir, bu da sevdiyini öpmək, yəni ürəkdən bir neçə dəfə öpmək deməkdir. Nə üçün Yəhuda belə etdi? Bundan başqa, ümumiyyətlə, nə üçün İsanı göstərmək lazım idi? Hakimiyyətin İsanın kimliyini müəyyən etməsinə ehtiyacı yox idi, sadəcə Onu həbs etmək üçün əlverişli fürsət düşmüşdü. Həbs etməyə gələnlər baş kahinlər və xalqın ağsaqqalları tərəfindən göndərilmişdilər. Çox güman, bu adamlar baş kahinin sərəncamında yeganə qüvvə olan Məbədin mühafizəsi idi. Mümkün deyil ki, Məbədin mühafizəçiləri bir neçə gün əvvəl Məbədi təmizləyən, sərrafları və göyərçin satanları oradan qovan Adamı tanımasınlar. Hər gün Məbədin həyətində təlim verən Adamın tanınmaması inanılmaz görünür. Mühafizəçilər Getsemani bağına gətiriləndə həbs edəcəkləri Adamı yaxşı tanıyırdılar.

Çox güman, Yəhuda, şagird müəllimini öpdüyü kimi, İsanı səmimi öpdü, sonra geri çəkilib, nəhayət, İsanın hərəkətə keçməsini qürurla gözlədi. Maraqlıdır ki, İsanı öpəndən sonra Yəhuda Getsemani bağında yoxa çıxır və intihar edənə qədər səhnədə görünmür. O, hətta İsanın məhkəməsində şahid kimi də görünmür. Çox güman, sarsıdılmış, kor olmuş və şoka düşmüş Yəhuda necə yanıldığını bir anın içində anlayır və səndələyə-səndələyə əbədi olaraq qırılan və təqib edilən insan kimi gecənin qaranlığında itir. Əgər doğrudan da belədirsə, o zaman Yəhuda özü üçün yaratdığı cəhənnəmə düşür. Çünki ən dəhşətli cəhənnəm — günahın bütün dəhşətli nəticələrinin tam dərk edilməsidir.

51-56

BAĞDA HƏBSOLUNMA (Matta 26:50-56)

Yəhuda İskaryot hakimiyyət orqanlarına İsanı Getsemani bağında tək olduğu vaxtda yaxalamaq imkanı verdi. Yəhudi hakimiyyət orqanlarının ixtiyarında Məbədin mühafizə rəisinin başçılıq etdiyi dəstə var idi. Lakin İsa Məsihi həbs etmək üçün gələn adamlar dəstədən daha çox yoldan keçən izdihama bənzəyirdi.

İsa Məsih heç bir müqavimət göstərmədi. Matta yalnız deyir ki, şagirdlərdən biri özünü sona qədər müdafiə etməyə hazır olaraq qılıncını çıxarıb, baş kahinin xidmətçilərindən birini yaraladı. Yəhyanın Müjdəsinə görə (Yəhya 18:10), həmin şagird Peter, xidmətçi isə Məlik idi. Matta bu barədə heç nə demir. Bəlkə də ona görə ki, Yəhya Müjdəsini illər sonra yazıb, Matta Müjdəsinin yazıldığı dövrdə isə müəllimini müdafiə etməyə bu qədər tez tələsən bir şagirdin adını çəkmək hələ də təhlükəli idi. Bu, Peterin, demək olar ki, qeyri-adi cəsarətinin başqa bir nümunəsidir. O, bütün dəstə ilə təkbaşına döyüşməyə hazır idi. Unutmayaq ki, artıq diqqət mərkəzinə düşən Peter İsanın ardınca baş kahinin evinin həyətinə qədər gedir. Lakin bu son saatlarda diqqətimiz İsaya yönəlib. Burada Onun haqqında iki şey öyrənirik.

1. İsa Məsih könüllü öldü. Onun həmin Pasxa bayramında Yerusəlimə gəlməsinə ehtiyac yox idi. Hətta Yerusəlimə gələndə belə, Onun açıq itaətsizlik göstərməsinə ehtiyac yox idi. O, Getsemani bağından da qaça bilərdi, çünki gecə idi, həm də çoxları Onun şəhərdən qaçmasına kömək etməyə hazır idi. Bundan başqa, O, Allahdan qüdrət istəyə və Onun düşmənlərini məhv edə bilərdi. Son günlərdə Onun atdığı hər addım aydın şəkildə göstərir ki, İsa Məsih Öz həyatını könüllü verdi, heç kim Onun həyatını Onun əlindən almayıb. İsa insanlar Onu öldürdüyü üçün deyil, ölümü seçdiyi üçün öldü.

2. İsa Məsih ölümü seçdi, çünki Onun ölümünün Allahın planı olduğunu bilirdi. O Öz yolunu seçdi, çünki peyğəmbərlər məhz bu barədə qabaqcadan söyləmişdilər. İsa bu yolu ona görə seçdi ki, bu, yeganə sevgi yoludur. «…qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq». Zorakılıq yalnız şiddət doğurur. Əgər biri qılınc çəksə, o biri özünü müdafiə etmək üçün mütləq qılınc çəkəcək. İsa Məsih bilirdi ki, müharibə və güc tətbiqi heç nəyi həll edə bilməz, yalnız fəlakətlər və bədbəxtliklər silsiləsinə gətirib çıxaracaq, sonda daha dəhşətli nəticələrə səbəb olan məşum güruh84 yaradacaq. O bilirdi ki, Allahın niyyəti yalnız qurban verən məhəbbət sayəsində həyata keçirilə bilər. Tarix Onun haqlı olduğunu sübut etdi. Çünki Onu zorla həbs edən, zorakılığı vəsf edən və qılınclarını romalıların qanına bulaşdırmaqdan məmnun olan yəhudilər qırx ildən sonra şəhərlərinin viran qaldığın gördülər. Mübarizə aparmaqdan imtina edən Adam isə insanların qəlbində əbədi hökmranlıq etdi.

57

Matta 26:57-nin şərhinə Matta 26:59-68-ə baxın.

Həmçinin Matta 26:57-nin şərhinə Matta 26:69-75-ə baxın.

58

Matta 26:58-in şərhinə Matta 26:69-75-ə baxın.

59-68

YƏHUDİLƏRİN QARŞISINDA QURULAN MƏHKƏMƏ (Matta 26:57, 59-68)

İsa Məsihin məhkəməsinin necə getdiyini izləmək asan deyil. Adamda belə təəssürat yaranır ki, o, üç hissədən ibarət idi. Birinci hissə Getsemani bağında həbsdən və baş kahinin evində baş tutan görüşdən sonrakı vaxtı əhatə edir. Həmin hissə burada təsvir edilib. İkinci hissə səhəri əhatə edir, bu barədə 27:1.2-də qısaca təsvir verilib. Üçüncü hissə Ponti Pilatın qarşısında baş verib, bu barədə 27:11-26-da təsvir edilib. Burada sual yaranır: gecə iclası təcili çağırılan Ali Şuranın rəsmi iclası idi, yoxsa ki, ittiham formalaşdırmaq üçün ibtidai istintaq? O zaman səhər iclası Ali Şuranın rəsmi iclası idimi? Bu suala hər necə cavab versək də, yəhudilər İsanın məhkəməsində öz qanunlarını pozdular. Əgər gecə iclası Ali Şuranın rəsmi iclası idisə, onda qanunun pozuntusu daha ciddi xarakter daşıyırdı. Bir sözlə, adamda belə bir təəssürat yaranır ki, Matta gecə iclasını Ali Şuranın iclası hesab edirdi, çünki 26:59-da deyilir ki, «Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdı». Onda gəlin bu hökmə əvvəlcə yəhudi qanunu nöqteyi-nəzərindən baxaq.

Ali Şura yəhudilərin ali məhkəməsi idi. O, ilahiyyatçılardan, fariseylərdən, sadukeylərdən və xalqın ağsaqqallarından — cəmi yetmiş bir nəfərdən ibarət idi. Baş kahin ona başçılıq edirdi. Belə bir məhkəmə üçün onun üzvlərindən ən azı iyirmi üç nəfərin iştirakı tələb olunurdu. Müəyyən qaydalar və normalar var idi. Bütün cinayət işlərinə gün ərzində baxılmalı və yekunlaşmalı idi. Pasxa bayramı ərəfəsində cinayət işlərinə, ümumiyyətlə, baxılmamalı idi. İş bir günün içində yalnız məhkəmənin bəraət hökmü ilə — təqsirsizdir, — deyə çıxardığı hökmlə başa çatdırıla bilərdi. Əks halda, hökm çıxarılana qədər bir gecə keçməli idi ki, hakimlərdə mərhəmət hissi oyansın. Bundan əlavə, Ali Şuranın istənilən qərarı Məbədin həyətlərində yerləşən Yonulmuş Daş Zalında, iclas otağında qəbul edilməsəydi, etibarlı ola bilməzdi. Bütün sübutlar ayrı-ayrılıqda dindirilən və bir-biri ilə əlaqə saxlamaq imkanı olmayan iki şahid tərəfindən təsdiq edilməli idi.

Bütün yalançı ifadələr ölümlə cəzalandırılırdı. Əgər söhbət bir insanın həyatından gedirdisə, hər şahidə baş verənlərin və deyilən hər sözün ciddiliyi və əhəmiyyəti barədə xüsusi vurğulanırdı: «Yadından çıxarma, ey şahid, pul məsələsində ifadə vermək başqa şeydir, həyat məsələsinin həll olunduğu vəziyyət başqa şeydir. Pulla bağlı iddiada, əgər ifadən zərər verərsə, pul həmin zərəri aradan qaldıra bilər; əgər həyat məsələsinin həll olunduğu bir işdə günah etsən, qiyamətə qədər müttəhimin və onun zürriyyətinin85 qanı sənin üzərində qalacaq». Bundan başqa, istənilən məhkəmə prosesində məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edən bütün sübutları təqdim edir, sonra isə onun təqsirini sübut etmək üçün faktlar gətirirdi.

Ali Şuranın prosedur standartları belə idi. Aydın məsələdir ki, Ali Şura İsadan qurtulmaq səylərində öz standartlarını pozdu. Yəhudilərdə nifrət o həddə çatmışdı ki, onlar İsanı məhv etmək üçün hər cür imkana əl atdılar.

MƏSİHİN CİNAYƏTİ (Matta 26:57, 59-68 (ardı))

Yəhudi başçılarının gecə iclasının əsas məqsədi İsaya qarşı ittiham irəli sürmək idi. Gördüyümüz kimi, bütün ifadələr ayrı-ayrı dindirilən iki şahid tərəfindən təsdiq edilməli idi. Amma uzun müddət iki eyni yalan ifadə tapa bilmirdilər. Onda bu cür ittiham irəli sürüldü: guya İsa Məsih Məbədi dağıdacağını və üç gün ərzində onu yenidən tikə biləcəyini söyləyib. Bu ittiham İsanın, doğrudan da, dediyi bəzi sözlərin təhrifidir. Bir qədər əvvəl biz gördük ki, O, Məbədin dağıdılması barədə qabaqcadan demişdir. Lakin həmin sözlər təhrif edildi və guya Məbədi İsanın dağıdacağını söylədiyi ittihamına çevrildi. Biz İsanın öldürüləcəyini və üçüncü gün diriləcəyini qabaqcadan dediyini gördük. Bu da təhrif edildi, guya O, üç gün ərzində Məbədi yenidən tikəcəyini söyləmişdi. Bu ittiham İsanın dediyi bəzi sözlərin qəsdən və pis niyyətlə təfsiri zamanı hazırlanmışdı. İsa Məsih belə bir ittihama cavab verməkdən qəti şəkildə imtina etdi. Burada qanun Onun tərəfində idi, çünki mühakimə zamanı insana sual vermək, yaxud yalandan boynuna alacağı suallara cavab verməyə məcbur etmək olmazdı.

O zaman baş kahin vacib sualı verdi. Biz gördük ki, İsa dəfələrlə şagirdlərinə Onun Məsih olduğunu heç kimə söyləməməsini tapşırmışdı. Bəs necə oldu ki, baş kahin İsanın cavabdan qaça bilməyəcəyi sual verə bildi? Ola bilər ki, Yəhuda yəhudi rəhbərlərinə İsa haqqında danışanda, İsanın onlara Məsih olduğunu açıqladığını da deyib. Ola bilər ki, Yəhuda İsanın şagirdlərə tapşırdığı məxfilik öhdəliyini bilərəkdən pozmuşdu.

Hər necə olursa olsun, baş kahin var olan Allaha and etdirərək, bu sualı verdi: «Sən Məsihsənmi?»

«Sən Allahın Oğlu olduğunu iddia edirsən?» Bu, bütün məhkəmə prosesində həlledici məqam idi.

Hətta demək olar ki, həmin an bütün kainat cavab gözləyərək nəfəsini saxladı. Əgər İsa «yox» desəydi, məhkəmə çəkişməsi üçün heç bir əsas qalmazdı, çünki İsaya qarşı başqa heç bir ittiham irəli sürülə bilməzdi. İsaya bircə «yox» demək kifayət idi ki, Ali Şuranın başqa yalanı uydurana qədər azad adam kimi gözdən itsin. Digər tərəfdən, əgər O, «bəli» desə, bununla da ölüm hökmünü imzalayacaqdı. Bircə sadə «bəli» demək lazım idi, o zaman Çarmıx qaçılmaz olacaqdı. Bəlkə də İsa böyük bir qərar verməzdən əvvəl hər şeyi ölçüb-biçmək üçün bir qədər dayandı, sonra «bəli» dedi. Bundan başqa, O, daha da irəli getdi. O, Daniel peyğəmbərin kitabından 7:13-dən sitat gətirdi, burada Allahın Seçilmişinin son qələbəsinin və hökmranlıq etməsinin aydın mənzərəsi verilir. İsa nə etdiyini yaxşı bilirdi. Dərhal küfr hayqırtıları eşidildi, baş kahin süni və isterika içində paltarını cırdı; İsa ölümə məhkum edildi.

Bundan sonra onun üzünə tüpürməyə, döyməyə, yanaqlarına şillə vurmağa, ələ salmağa başladılar. Hətta ədalətin zahiri forması da unudulmuşdu; acı nifrət üzə çıxmışdı. Gecə iclası məhkəmə kimi başladı, nifrətin şiddətli nümayişi ilə başa çatdı. Bu müddət ərzində heç kim məhkəməni qərəzsiz kimi göstərməyə cəhd belə etmədi.

Bu günə qədər İsa Məsihlə üz-üzə gələn şəxs ya Ona nifrət etməli, ya da Onu sevməlidir; ya tamamilə Ona tabe olmalı, ya da Onu yox etməyə çalışmalıdır. İsa Məsihin tələb etdiklərini anlayan adam neytral qala bilməz; o, ya Onun qulu, ya da düşməninə çevrilir.

69-75

CƏSARƏTSİZLİK (Matta 26:57-58, 69-75)

Bu hissəni oxuyarkən Əhdi-Cədidin heyrətamiz dürüstlüyünə heyran qalmamaq olmur. Əgər Əhdi-Cədidin müəllifləri nə vaxtsa bir hadisə barədə susmaq və ya onu gizlətmək istəsəydilər, yəqin ki, ən çox bu hadisəni gizlədərdilər. Buna baxmayaraq, həmin hadisə bütün çılpaqlığı ilə açıq danışılır. Biz bilirik ki, Matta Markın Müjdəsinə daha çox istinad edir, lakin Markın Müjdəsində bu hadisə daha aydın şəkildə təsvir olunur (Mark 14:66-72). Papiyin dediyi kimi, «biz bilirik ki, Markın Müjdəsi Peterin təbliğ etdiyinin yazılı izahından başqa bir şey deyil». Beləliklə, biz heyrətləndirici faktla qarşılaşırıq, — Peter inkar hekayəsini özü başqalarına danışdığı üçün bu hadisə bizə qədər gəlib çatmışdır.

Bu hadisəni gizlətmək istəməyən Peter bunu müjdənin mühüm elementinə çevirdi, o, bunu ən yaxşı niyyətlə etdi. Çünki hər dəfə həmin hekayəni danışanda, o deyə bilərdi: «Baxın, İsa məhz belə bağışlayır. Onun ən çox ehtiyac duyduğu vaxtda Onu tərk etməyimə baxmayaraq, O məni bağışladı. Bundan əlavə, yenidən yararlı ola bilməyim üçün məni qəbul etdi». Bu hekayəni oxuyarkən heç vaxt unutmamalıyıq ki, bütün insanlar İsa Məsihin hər şeyi bağışlayan məhəbbətinin və təqdis edən qüdrətinin izzətini dərk etsinlər deyə, Peter öz rüsvayçılığı haqqında çəkinmədən danışırdı.

Ancaq yenə də Peterə nifrətlə baxıb mühakimə etmək olmaz.

Təəccüblü olsa da, fakt budur ki, Peterin başına gələn bədbəxtlik yalnız çox cəsarətli bir insanın başına gələ bilərdi. Bütün digər şagirdlər qaçdılar. Qaçmayan ancaq Peter idi. İsraildə varlı insanların evləri müxtəlif otaqların qapılarını özündə birləşdirən açıq — damsız həyətin ətrafında dördbucaq şəklində tikilirdi. Peter üçün baş kahinin evinindəki belə bir həyətə girmək şir yuvasına girmək kimi idi. Buna baxmayaraq, o, yenə də ora getdi. Bu hekayə hər necə bitirsə bitsin, o, Peterin yeganə cəsur adam olması ilə başlayır.

İlk imtina baş kahinin həyətində baş verdi. Şübhəsiz, qarabaş İsanın ən görkəmli davamçılarından biri kimi Peterə hər kəsdən birinci diqqət yetirdi. Sonda onu tanıdı. Belə bir tanınmadan sonra hamı Peterin həyatını xilas etməkdən ötrü qaçacağını düşünərdi. Qorxaq adam gecənin qaranlığında mümkün qədər tez yoxa çıxardı, ancaq Peter qaçmadı. O, darvazanın yanına gəldi.

O, iki hiss arasında qalıb iztirab çəkirdi. Ürəyində onu qaçmağa vadar edən qorxu vardı. Eyni zamanda ürəyində onu orada saxlayan sevgi də var idi. Darvazanın yanında onu yenidən tanıdılar, bu dəfə o, İsanı tanımadığına and içməyə başladı. Amma yenə də oradan getmədi. Budur əsl cəsarət.

Peterin ikinci inkarı onu ifşa etdi. Onun ləhcəsindən qalileyalı olduğu aydın görünürdü. Qalileyalılar «r» və «l» səslərini düzgün tələffüz etmirdilər. Onların o qədər xoşagəlməz ləhcəsi vardı ki, ibadət zamanı sinaqoqda onlara xeyir-dua verməyə icazə verilmirdi. Peteri bir daha İsanın davamçısı olmaqda ittiham etdilər. Bu dəfə Peter daha da irəli getdi və özünü qarğıyıb and içməyə başladı ki, İsanı tanımır. Bununla belə, Peterin həmin həyəti tərk etmək fikri yox idi.

Bu arada xoruz banladı. Peter ona deyilənləri xatırladı və acı-acı ağladı.

Həmin hadisədən sonra Peterlə nə baş verdiyini bilmirik. Çünki müjdə hekayəsi xəbərdarlıq edərək, onun rüsvayçılığının əzablarının üzərinə pərdə atır. Amma onu qınamazdan əvvəl yadda saxlamalıyıq ki, bizdən çox az adamın həmin məhkəməyə getməyə cəsarəti çatardı. Bir şeyi də qeyd etmək lazımdır — Peterə cəsarət verən məhəbbəti idi. Onu kahinin həyətində üç dəfə tanısalar da, orada saxlayan sevgi idi. Məhz məhəbbət onu İsanın sözlərini xatırlamağa vadar etdi. Onu acı-acı ağlamağa sövq edən də sevgi idi. Məhəbbət bir çox günahların üstünü örtər. Sonda bu hekayə bizi təkcə Peterin qorxaqlığını deyil, həm də onun məhəbbətini görməyə vadar edir.

Azərbaycan dilində Müqəddəs Kitab

İsanı öldürmək üçün sui-qəsd hazırlanır
(Mark 14:1-2; Luka 22:1-2; Yəhya 11:45-53)
1 İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi: 2 «İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək».
3 O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar. 4 İsanı hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar. 5 Amma deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».
İsa Bet-Anyada
(Mark 14:3-9; Yəhya 12:1-8)
6 İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən 7 bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü. 8 Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür? 9 Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı». 10 Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü. 11 Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam. 12 Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı. 13 Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın».
Yəhudanın xəyanəti
(Mark 14:10-11; Luka 22:3-6; Yəhya 13:18-30)
14 O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: 15 «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. 16 O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.
Axırıncı şam yeməyi
(Mark 14:12-26; Luka 22:7-23; Yəhya 13:21-30; 1Kor. 11:23-25)
17 Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?» 18 O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”». 19 Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər.
20 Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. 21 Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 22 Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» 23 O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. 24 Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». 25 Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.
26 Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». 27 Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! 28 Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. 29 Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm».
30 Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.
Peterin inkarı əvvəlcədən bildirilir
(Mark 14:27-31; Luka 22:31-34; Yəhya 13:36-38)
31 Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb:
“Çobanı vuracağam,
Sürünün qoyunları pərən-pərən olacaq”.
32 Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». 33 Peter Ona cavab verib dedi: «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm». 34 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən». 35 Peter Ona dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.
Getsemani bağında
(Mark 14:32-42; Luka 22:39-46)
36 Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın». 37 O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. 38 Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun».
39 İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun». 40 İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi? 41 Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür». 42 İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın yan keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun».
43 İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. 44 Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi. 45 Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur. 46 Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»
İsa həbs olunur
(Mark 14:43-50; Luka 22:47-53; Yəhya 18:3-12)
47 İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi. 48 İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun». 49 O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü. 50 İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular. 51 Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. 52 İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq. 53 Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərər. 54 “Bunların olması gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?»
55 Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız. 56 Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar.
İsa Ali Şuranın önündə
(Mark 14:53-65; Luka 22:54-55,63-71; Yəhya 18:13-24)
57 İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı. 58 Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu.
59 Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. 60 Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib 61 dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”».
62 Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» 63 Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» 64 İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz». 65 Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! 66 Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir».
67 Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq 68 dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»
Peter İsanı inkar edir
(Mark 14:66-72; Luka 22:56-62; Yəhya 18:15-18,25-27)
69 Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin». 70 Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan». 71 Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi». 72 Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram». 73 Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir». 74 Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram».
Həmin anda xoruz banladı. 75 Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.