1-13
Əgər məsəli Qərb sivilizasiyasının adamının gözü ilə oxusaq, qeyri-təbii görünər. Amma reallıqda İsrail kəndində hər an, hətta yaxın vaxtlara qədər baş verə biləcək hadisədən bəhs edilir.
Toy böyük mərasim idi. Bütün kənd bəylə gəlini yeni evlərinə ötürmək üçün yola çıxırdı. Cütlük isə mümkün qədər çox insandan xoş arzular almaq məqsədilə ən uzun yoldan gedirdi. Yəhudi məsəlində deyilir: "Altıdan altmışa qədər hər kəs toy nağarası ilə gedəcək». Bir adam toy şənliyində iştirak etmək üçün ibadətindən belə vaz keçə bilər. Bu fikirlə ravvinlər də razılaşırdılar.
Bu hekayənin əsas mahiyyəti bildiyimiz hər şeydən çox fərqli olan yəhudi adətlərindədir. Yeni evlənənlər bal ayına getmirdilər, evdə qalıb bir həftə qapılarını açıq saxlayırdılar. Onlara şahzadə kimi yanaşır, hətta belə müraciət edirdilər. Bu onların həyatlarının ən xoşbəxt həftəsi idi. Həftəni ən yaxın dostları onlarla birlikdə qeyd edirdilər. Ağılsız bakirə qızlar isə təkcə toy mərasimini deyil, bütün həftəni qaçırmış olurdular.
Onların bütün toy şənliyini necə qaçırdıqları barədə hekayə tamamilə realdır. Səyahətçi Dr. Aleksandr Findli İsraildə gördüklərini belə təsvir edir: «Biz Qalileya şəhərinin darvazalarına yaxınlaşanda, mən yolda, maşınımızın qarşısında bir neçə musiqi alətində çalıb rəqs edən gözəl paltar geyinmiş qızlar gördüm. Mənim «onlar nə edirlər?» sualıma tərcüməçi cavab verdi ki, gəlinin yanında durub bəyi gözləyirlər. Tərcüməçidən toya baxmaq olarmı deyə soruşdum. O isə başını yelləyib dedi: «Toy bəlkə bu axşam olacaq, ya sabah gecə, ya da iki həftə sonra... nə vaxt olacağını heç kim dəqiq bilmir». Sonra izah etməyə başladı ki, nikah zamanı toy məclisinə qatılan orta səviyyəli bir ailəyə baş çəkmək çox maraqlıdır. Bəy gözlənilmədən, bəzən gecənin bir yarısında gəlir. Düzdür, o özündən əvvəl «Baxın! Bəy gəlir!» deyə qışqıran bir adam göndərməlidir. Amma bu, günün istənilən vaxtında ola bilər. Ona görə hamı hər an küçəyə çıxmağa hazır olmalıdır ki, bəy gələn vaxt onu qarşılaya bilsin. Onu da qeyd etmək lazımdır ki, hava qaralandan sonra heç kim çıraq yandırmadan bayıra çıxa bilməz. Bəy gələndən sonra qapılar onun arxasınca bağlanır, gec gələnlər içəri buraxılmırlar». 20-ci əsrdə təkrarlanan İsa Məsihin məsəlinin dramı bax budur. Bizim qarşımızda dayanan uydurma bir hekayə deyil, İsrail kənd həyatının bir hissəsidir.
İsanın bir çox məsəli kimi, bunun da həm yerli, həm də universal mənası var.
Onun xüsusi mənası yəhudilərin əleyhinə yönəlmişdir. Onlar Allahın seçilmiş xalqı idi. Onların bütün tarixi Allahın Oğlunun gəlişinə hazırlıqdan ibarət olmalı, özləri də O gələndə hazır olmalı idilər. Amma əvəzində onlar tamamilə hazırlıqsız idilər və qapıdan kənarda qalmışdılar. Burada yəhudilərin faciəvi hazırlıqsızlığı dramatik formada təqdim olunur.
Lakin məsəldə ən azı iki universal həqiqət var.
Bu məsəl bizə xəbərdarlıq edir ki, bəzi şeyləri son anda etmək olmaz. İmtahan günü çatanda imtahana hazırlaşmağa başlamaq çox gecdir. Kiməsə tapşırıq veriləndə, öyrənməyə başlamaq çox gecdir. Eləcə də uzun müddət müxtəlif fəaliyyətlərlə o qədər məşğul olmaq olar ki, Allahla görüşə hazırlaşmağa vaxt qalmaz.
Bu məsəl bizə xəbərdarlıq edir ki, başqalarından borc alına bilməyən şeylər var. Ağılsız bakirə qızlar yağa təcili ehtiyac duyduqda borc ala bilmədilər. İnsan Allahla münasibəti borc ala bilməz — bu münasibəti o özü qurmalıdır. İnsan kimdənsə xarakter götürə bilməz — onun özünün xarakteri olmalıdır. Biz başqalarının yığdığı ruhani kapitalla yaşaya bilmərik. Bəzi şeylərə özümüz nail olmalıyıq, çünki onları başqalarından götürmək olmaz.
14-30
Bu məsəl də əvvəlki məsəl kimi o dövrdə onu eşidənlər üçün xüsusi bir dərs idisə, bu gün bizim üçün özündə bir neçə dərs ehtiva edir. Bu məsəl talant məsəli kimi tanınır. Talant pul vahidi idi, lakin sikkə ilə deyil, çəki ilə ölçülən pul vahidi. Buna görə də onun dəyəri qızıl, gümüş və ya mis olmasından asılı idi. Çox vaxt talant gümüş olurdu.
Məsəlin ilkin variantında, şübhəsiz ki, bütün diqqət tənbəl qulun üzərində cəmlənmişdi.
Bu məsəl, şübhəsiz ki, ilahiyyatçılar və fariseyləri, eləcə də onların Allahın Qanunu və həqiqəti ilə əlaqəsini simvollaşdırır. Tənbəl qul talantını sonradan eyni formada sahibinə təhvil vermək üçün torpağa basdırdı. İlahiyyatçıların və fariseylərin məqsədi Qanunu olduğu kimi saxlamaq idi. Öz sözləri ilə desək, «qanun ətrafında hasar çəkməyə çalışırdılar». İstənilən dəyişiklik, hər hansı təkmilləşdirmə, yenilik onlar üçün lənət idi. Bütün bunlar durğunluğa, dini həyatın acizliyinə gətirib çıxardı.
Onlar bir talantı olan adam kimi hər şeyi olduğu kimi saxlamaq istəyirdilər və buna görə də qınanırdılar. Bu məsəldə İsa bizə deyir ki, yeniliyə can atmayan iman — iman ola bilməz, eləcə də özünü hər şeydən uzaqlaşdırandan Allah heç bir fayda görə bilməz. Ancaq bu məsəldə digərlərinə nisbətən daha çox şey var.
Bu məsəldə deyilir ki, Allah insanlara müxtəlif ənamlar və istedadlar verir. Bir nəfər beş, digəri iki, üçüncüsü isə bir talant alır. İnsanın neçə talant alması deyil, ondan necə istifadə etməsi önəmlidir. Allah heç vaxt insandan onda olmayanı tələb etməz. Amma sahib olduğu bütün qabiliyyətlərdən tamamilə istifadə etməsini tələb edər. İnsanların istedadları eyni deyil, amma can atmaqda və səy göstərməkdə onlar eyni ola bilərlər. Məsəl bizə deyir ki, kiçik və ya böyük olmasından asılı olmayaraq, istedadımız varsa, onu Allaha xidmətdə istifadə etməliyik.
Məsəldə deyilir ki, yaxşı zəhmətin mükafatı — daha böyük işlərə təyin olunmasıdır. İşini yaxşı görən iki qul şöhrətlə mükafatlandırılmır. Onlara ağalarının işini görməkdə daha böyük tapşırıqlar verilir.
Bu məsəldə deyilir ki, səy göstərməyən insan cəzalandırılacaq. Bir talantı olan adam pulunu itirmədi. O, sadəcə heç nə etmədi. Heç bir şey etməməkdənsə, talantı ilə nəsə edib onu itirsəydi, daha yaxşı olardı. Yalnız bir talantı olan insan həmişə "Mənim belə kiçik talantım var və onunla az şey edə bilərəm. Əlimdən gələni etmək üçün cəhd etmək mənasızdır" deməyə şirnikdirilir. Bir talantı olsa belə, ondan istifadə etməyə can atmayan və ümumi mənafe üçün risk etməyən şəxs mühakimə olunur.
Bu məsəldə həyatın hər zaman və hər yerdə ədalətli olan qaydası əksini tapıb: kimin varsa, ona daha çox veriləcək, kimdə yoxdursa, sahib olduğunu da itirəcək. Bu qaydanın mənası belədir: əgər insanın istedadı varsa və ondan istifadə edirsə, o, getdikcə daha çox iş görə biləcək. Amma istedadı varsa və onu tətbiq edə bilmirsə, istər-istəməz onu itirəcək. Əgər bizim hansısa alətdə çalmaq qabiliyyətimiz və ya bir növ sənətimiz varsa, nəyəsə istedadımız çatırsa, bu bacarığı nə qədər çox məşq etdirsək, nə qədər çox çalışsaq, bir o qədər çətin işlərin öhdəsindən gələ biləcəyik. Ya da əksinə, onlardan istifadə etməsək, onları itirəcəyik. Bu, futbol oynamaq və pianoda ifa etmək, mahnı oxumaq və moizə hazırlamaq, taxta oymaq və yeni ideyalar yaratmaq üçün eyni dərəcədə keçərlidir. Həyat öyrədir ki, istedadı saxlamağın yalnız bir yolu var — onu Allaha və insanlara xidmətdə istifadə etmək.
31-46
Bu, İsa Məsihin indiyə qədər söylədiyi ən güclü məsəllərdən biridir, ondan alınan dərs tamamilə aydındır: Allah bizi insan ehtiyaclarına münasibətimizə görə mühakimə edəcək. O bizi biliyimizə və ya qazandığımız şöhrətə, topladığımız sərvətə görə deyil, yalnız göstərdiyimiz köməyə görə mühakimə edəcək. Və bu məsəl bizə göstərməli olduğumuz kömək haqqında bir şey öyrədir.
Biz sadə işlərdə kömək etməliyik. İsanın seçdiyini — aclara yemək verməyi, susuzlara içmək, qərib qəbul etmək, xəstələrə baş çəkmək, məhbusun yanına getmək — bunu hər kəs edə bilər. Bunun üçün yüz minlərlə pul xərcləmək və ya adınızı tarixə yazdırmaq tələb olunmur; insanlara gündəlik işlərində sadə kömək göstərilməlidir. Sadə insanların özləri üçün şöhrətə yol açmasını göstərən başqa belə bir məsəl yoxdur.
Bu, heç bir mənafe axtarmadan kömək olmalıdır. Kömək edən insanlar İsa Məsihə kömək etdiklərini və bununla da əbədiyyətdə mükafat qazandıqlarını düşünmürdülər. Onlar yardım göstərirdilər, çünki başqa cür hərəkət edə bilməzdilər. Bu, heç bir mənafe güdmədən, sevən bir ürəyin təbii, instinktiv reaksiyası idi. Kömək etməyənlər isə "Əgər bunun Sən olduğunu bilsəydik, məmnuniyyətlə Sənə kömək edərdik, amma elə zənn etdik ki, bu, sadə insandır, ona kömək etməyə dəyməz" dedilər. Çoxları tərif, minnətdarlıq qarşılığında kömək etməyə hazırdırlar. Ancaq bu, heç də kömək göstərmək deyil, öz ambisiyasını güdməkdir. Belə yardımın səxavətlə heç bir əlaqəsi yoxdur, bu, maskalanmış eqoizmdir. Allah yalnız kömək məqsədilə edilən yardıma görə təriflər deyir,
İsa bizə gözəl bir həqiqəti göstərir: bu cür yardım etməklə biz Ona kömək etmiş oluruq və edilməyən istənilən yardım Ona verilməmişdir. Bunun mənası nədir? Əgər bir valideyni razı salmaq istəyiriksə, onu minnətdarlıq etməyə sövq etmək istəyiriksə, ən yaxşısı onun övladına kömək etməkdir. Allah böyük Atadır və Allahın ürəyini sevindirməyin ən yaxşı yolu Onun övladlarına, həmvətənlərimizə kömək etməkdir.
Bu məsəldə həqiqəti iki nəfər gördü. Onlardan biri də Assizli Fransisko82 idi. O, varlı, nəcib, cəsur, lakin bədbəxt bir insan idi; həyatında nəyinsə çatışmadığını hiss edirdi. Bir gün o, at sürərkən bütün xəstəliklərin ən dəhşətlisi və ən iyrənci olan cüzama yoluxmuş bir nəfərlə qarşılaşdı. Nəsə Fransisi atından enib dəhşətli dərəcədə əziyyət çəkən bu adamı qucaqlamağa sövq etdi. Onun əlində cüzamlının üzü Məsihin üzünə çevrildi.
Digəri isə Turlu Martin idi. O, Roma əsgəri və məsihçi idi. Soyuq qış günündə şəhərə girərkən sədəqə dilənən bir dilənçi tərəfindən saxlanıldı. Martinin pulu yox idi, dilənçi soyuqdan göyərmiş və titrədirdi. Martin ona özündə olanı verdi: köhnəlmiş və sökülmüş əsgər plaşını çıxardı, ikiyə bölüb yarısını dilənçiyə verdi. Həmin gecə yuxu gördü. Martin yuxusunda cənnəti, mələkləri və onların arasında yarım əsgər plaşı geyinmiş İsanı gördü. Mələklərdən biri Ondan soruşdu: "Pərvərdigara, bu köhnəlmiş, cırıq paltarı niyə geyinirsən? Onu Sənə kim verib?" İsa sakitcə cavab verdi: «Onu Mənə qulum Martin verib».
Heç bir mənafe güdmədən ən sadə insanlara ən sadə işlərdə kömək edən səxavəti dərk edəndə, İsa Məsihin Özünə kömək etməyin sevincini anlayacağıq.