Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Mattanın müjdəsi: 24-cü fəsil

V. Barklinin şərhləri

24-cü fəsil

1-31

GƏLƏCƏK HADİSƏLƏRİN AÇIQLANMASI

Artıq gördük ki, müjdəçi Mattanın mühüm xüsusiyyətlərindən biri İsa Məsihin bəzi məsələlərə dair təlimlərini böyük bölmələr şəklində bir yerə toplaması idi.

24-cü fəsildə o, İsanın gələcək haqqında dediklərini toplayır və bizə gələcək barədə təsəvvür verir. Matta bununla İsanın gələcəyin müxtəlif aspektlərinə dair ifadələrini birləşdirir. Müəyyən məqamları seçib ayrıca nəzərdən keçirsək, bu çətin fəsli başa düşmək daha asan olacaq.

Matta ilk 31 ayə boyunca İsanın sözlərini birləşdirir. Buna görə yaxşı olar ki, əvvəlcə bu ayələri tam oxuyaq, sonra gələcək haqqında bəhs edən müəyyən aspektlərini vurğulayaq. Sonda sxemdə hər bir ayənin düzgün yerini müəyyənləşdirək. Düzdür, biz sxemimizin mükəmməl və yekun variant olduğunu iddia edə bilmərik, amma ümumi mənzərəni aydınlaşdıra bilərik.

Gəlin əvvəlcə bütün bu ayələri ardıcıllıqla verək ki, onların sonradan sxemimizdə lazımi yerlərdə yerləşdirilməsini asanlaşdıraq.

GƏLƏCƏYİN GÖRÜNTÜSÜ (Matta 24:1-31)

HADİSƏLƏRİN BİR-BİRİNİN ARDINCA DÜZÜLMƏSİ

Budur, Matta tərəfindən bizim üçün bir araya gətirilmiş gələcəyin mozaik mənzərəsi. Biz baş verən hadisələrin müxtəlif məqamlarını vurğulamağa çalışacağıq. Əvvəlcə hadisələrin özünü vurğulayacaq, sonra ətraflı şərhdə tam izahatını verəcəyik.

  1. Roma sərkərdəsi Tit80 tərəfindən Yerusəlimin mühasirəyə alınması ilə dəhşətli günləri proqnozlaşdıran bir neçə ayə. Bu, tarixin ən dəhşətli mühasirələrindən biridir. Bunlar 15-22-ci ayələrdir.

  2. Yerusəlimin tamamilə dağıdılmasından və xarabalıqlar yığınına çevrilməsindən bəhs edən bir neçə ayə. Bunlar 1 və 2-ci ayələrdir.

  3. Yəhudilərin Rəbbin Gününə dair konsepsiyasının təsvirini verən bir neçə ayə. Biz bu konsepsiya haqqında əvvəllər danışmışıq, lakin burada qısaca olaraq yenidən xülasəsini verəcəyik. Yəhudilər bütün zamanı iki dövrə bölürdülər — indiki dövr və gələcək dövr. Onların fikrincə, indiki dövr tamamilə pis idi və insanların yaxşılığa doğru dəyişəcəyinə heç bir ümid qalmamışdı. Hər şey ancaq Allahın bilavasitə, birbaşa müdaxiləsi ilə dəyişə bilərdi. Allah müdaxilə edəndə isə, Qızıl dövr — gələcək dövr başlayacaq. Lakin bu iki dövrün arasında Rəbbin Günü olacaq: dəhşətli və qorxulu fəlakətlər, sarsıntılar zamanı, belə desək, yeni dövrün doğum sancıları olacaq.

Əhdi-Ətiqin özündə Rəbbin Gününün çoxlu təsvirləri var. Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı dövrdə yazılmış yəhudi kitablarında bu təsvirlər bir qədər inkişaf etdirilərək daha qorxunc, daha dəhşətli şəkildə əksini tapıb.

Bu, vahiməli vaxt olacaq. «O gün qəzəb günüdür: hər tərəfi əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür!» (Sefanya 1:14-18) Bu dəhşətin mənzərəsi getdikcə daha qorxulu çalarlar alırdı.

Həmin gün qəflətən, gözlənilmədən gələcək. «Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək» (1Saloniklilərə 5:2). Ravvinlər deyirdilər ki, üç şey gözlənilmədən gəlir — Məsihin zühur etməsi, vəhy və əqrəblər.

Kainat məhv olacaq. Günəş qaranlığa, ay qan rənginə dönəcək (Yoel 2:30-31; Yeşaya 13:10-13).

Bu, bütün əxlaq normalarının alt-üst olacağı, təbiətin qeyri-təbii hərəkət edəcəyi, həyatda müharibələrin, zorakılığın, nifrətin adiləşdiyi mənəvi xaos vaxtı olacaq.

Şurer «Məsihin dövründə yəhudilər» əsərində yəhudilərin Rəbbin Günü ilə bağlı fikirlərini bir araya gətirir:

«Günəş və ay tutulacaq, səmada qılınclar görünəcək, atların və piyadaların qoşunları buludların arasından keçəcək. Təbiətdə hər şey qarmaqarışıqlığa düşəcək. Əkin sahələri əkinsiz, dolu anbarlar boş qalacaq, bulaqlar quruyacaq. İnsanlar arasında bütün qanuni hüquqlar ləğv ediləcək. Dünyada günah və allahsızlıq hökm sürəcək. İnsanlar dəli kimi bir-biri ilə vuruşacaqlar: yoldaş yoldaşına, oğul ataya, qız anaya qarşı, xalq xalqa qarşı qalxacaq. Müharibələrlə yanaşı, insanları məhvə sürükləyən zəlzələlər, yanğınlar, aclıqlar da başlayacaq».

Bunlar Rəbbin Gününün dəhşətli mənzərəsidir. Bunlar 6-8 və 29-31-ci ayələrdir.

  1. Bəzi ayələr Məsihin davamçılarının dözməli olacaqları təqiblərdən bəhs edir. Bunlar 9 və 10-cu ayələrdir.

  2. Bəzi ayələr İmanlı Cəmiyyətinin həyatını və müqəddəsliyini təhdid edən təhlükələrdən bəhs edir. Bunlar 4 və 5, 11-13, 23-26-cı ayələrdir.

  3. Bəzi ayələr birbaşa Məsihin İkinci Gəlişindən bəhs edir. Bunlar 3, 14, 27-28-ci ayələrdir.

Beləliklə, Mattanın bu heyrətamiz və çətin fəslində biz ilk 31 ayədə gələcəyə dair altıqat görüntüyə bənzər təsəvvürə malikik. İndi biz bu görüntünü ayələr ardıcıllığı ilə deyil, eyni hadisələrə aid olanları növbə ilə bir araya gətirməklə nəzərdən keçirməyə davam edəcəyik.

MÜQƏDDƏS ŞƏHƏRİN MƏHVİ HAQQINDA (Matta 24:1-2)

Ola bilsin, şagirdlərin bəziləri Yerusəlimə tez-tez baş çəkmirdilər. Onlar qalileyalılar, dağlılar, kəndlilər idi. Onlar gölün sahillərini müqəddəs şəhərdən qat-qat yaxşı tanıyan balıqçılar idi. Təbii ki, onların bəziləri paytaxta gələn ucqar kəndlərin sakinləri kimi gördüklərinə heyran qalmışdılar. Bəli, bu, təəccüblü deyildi. Çünki qədim dünyada Yerusəlim məbədinə bənzər heç nə yox idi.

Sion dağının zirvəsi bir kvadrat kilometrlik meydança yaratmaq üçün qazıyıb yerlə düzləndirmişdi. Bu meydançanın sonunda ağ mərmərdən tikilmiş və qızılla örtülmüş Məbəd (naos) yerləşirdi. Məbəd günəşdə elə parıldayırdı ki, adam ona baxa bilmirdi. Aşağı şəhərlə Məbəd arasında Tiropeon vadisi var idi. Onun üzərindən nəhəng bir körpü salınmışdı. Körpünün tağlarının ölçüsü on iki metr, dayaqlarının uzunluğu yeddi metr, qalınlığı isə bir metr yarım idi. Məbədin həyəti böyük eyvanlarla — padşah eyvanı və Süleymanın eyvanı ilə əhatə olunmuşdu. Bu eyvanları bərk mərmərdən oyulmuş, on iki metr hündürlükdə və bir o qədər qalınlıqda olan sütunlar saxlayırdı. Üç nəfər çətinliklə onları əhatə edə bilərdi. Məbədin künclərində uzunluğu 6 metrdən 12,5 metrə qədər olan, çəkisi 100 tondan çox olan daşlar tapılıb. Onların, ümumiyyətlə, necə oyulduğu və necə yerinə qoyulduğu qədim mühəndisliyin sirlərindən biridir. Buna görə Qalileyanın balıqçılarının buna baxıb İsanın diqqətinə çatdırmaları təəccüblü deyildi.

İsa isə cavabında dedi ki, gün gələcək, burada daş üstündə daş qalmayacaq. O, haqlı idi. 70-ci ildə yəhudilərin üsyankarlığından və barışmazlığından əsəbiləşən romalılar bütün sakitləşdirmə cəhdlərini bir kənara qoyub məhvetmə planına əl atdılar — Yerusəlim və Məbəd yerlə-yeksan edildi. Beləcə İsanın peyğəmbərliyi sözün hərfi mənasında yerinə yetdi.

Burada İsa-Peyğəmbər danışır. İsa bilirdi ki, güc siyasəti yalnız məhvə səbəb ola bilər. Allahın yolunu tutmayan insan və xalq hətta maddi cəhətdən məhvə doğru gedir. Allahın niyyətini inkar edən insan və xalqın xəyalları da puç olacaq.

MÜHASİRƏNİN DƏHŞƏTİ (Matta 24:15-22)

Yerusəlimin mühasirəsi tarixin ən dəhşətli mühasirəsi idi. Yerusəlimi almaq, həqiqətən, çətin idi: şəhər dağın üstündə qurulmuşdu və onun müdafiəçiləri dini fanatiklər idi. Buna görə də Tit şəhəri aclıqla tutmaq qərarına gəldi.

Heç kim xarabalığın iyrəncliyinin nə olduğunu dəqiq bilmir. Bu ifadə Daniel peyğəmbərin Kitabı 12:11-dən götürülüb. Orada söhbət məbəddə iyrənc xarabalıq yaratmaqdan gedir. Danielin Kitabının başlanğıc nöqtəsi tamamilə aydındır. Eradan əvvəl 170-ci ildə Suriya kralı I Antiox Epifan yəhudiliyi kökündən silmək və Yunan dinini və Yunan həyat tərzini Yəhudeyaya gətirmək qərarına gəldi. O, Yerusəlimi ələ keçirdi, məbədi murdarladı, orada Olimpiyaçı Zevsə qurbangah düzəldib üzərində donuz əti kəsdi və məbədin ərazisində fahişəxanalar qurdu. Bu, yəhudi dininin kökünü kəsmək üçün şüurlu şəkildə edilən cəhd idi.

İsa bunların yenidən baş verəcəyini və əvvəlki kimi, Müqəddəs yerin bir daha murdarlanacağını deyir. İsa Məsih 200 il əvvəlki dəhşətli hadisələrin Yerusəlimdə təkrarlanacağını öncədən görmüşdü. Lakin bu dəfə nə Yəhuda Makkabi olacaq, nə də bir üsyan. Bu dəfə heç bir qurtuluş, təmizlənmə olmayacaqdı, yalnız sonadək məhv olacaq.

İsa qabaqcadan demişdi ki, mühasirə günləri qısalmasaydı, heç bir canlı xilas ola bilməzdi. Maraqlıdır ki, İsa qəbul edilməsi mümkün olmayan və fəlakətin miqyasını daha da artıran praktiki məsləhətlər verdi. İsa insanlara o gün gələndə dağlara qaçmağı tövsiyə etdi. Amma onlar bunu etmədilər; onlar ölkənin hər yerindən şəhərə və Yerusəlimin divarlarının kənarına toplaşdılar. Bu da mühasirə zamanı aclığın dəhşətini qat-qat artırdı.

İosif Flavinin hekayəsini oxusanız, İsanın bu dəhşətli gələcəyi proqnozlaşdırmaqda nə qədər haqlı olduğunu görə bilərsiniz. İosif Flavi o dəhşətli mühasirə və aclıq günləri haqqında belə yazırdı: «Sonra qıtlıq yayılmağa başladı, insanları bütün ailələri və evləri ilə birlikdə qırıb bitirdi. Yuxarı otaqlar acından ölən qadınlar və uşaqlarla dolu idi. Şəhərin küçələri qocaların meyitləri ilə dolu idi. Uşaqlar və gənclər bazar meydanlarında kölgə kimi dolaşır, aclıqdan şişir, bədbəxtliyin onları yaxaladığı yerdə qəfil ölürdülər. Dəfn məsələsinə gəlincə, sağ qalanlar ölüləri basdıra bilmirdilər. Sağlam, hələ də qüvvəsi olanlar çoxlu sayda cəsəddən və ölümün onları nə vaxt tutacağına dair qeyri-müəyyənlikdən qorxurdular. Çünki böyük əksəriyyət başqalarını dəfn edərkən ölmüşdü. Çoxları isə ölüm saatları gəlməzdən əvvəl qəbirlərə girib ölümlərini gözləyirdilər. Bu bəlanın içində heç kim yas tutmur, heç kim şikayət etmirdi. Aclıq hər şeyə qalib gəlmişdi. Çünki sağ qalanlar bu dünyadan canını qurtaranlara qibtə ilə baxırdılar. Dərin sükut ölüm gecəsi kimi şəhəri bürümüşdü... Hamı gözlərini Məbədə dikərək ölürdü» (İosif Flavi: «Yəhudi müharibəsi» 5.12.3).

İosif Flavi südəmər körpəsini öldürüb bişirən, sonra da yeyən qadının dəhşətli əhvalatını danışır (6.3.4). O deyir: «Hətta romalılar şəhəri işğal edib soymağa gedəndə, bütün bunları görüb elə dəhşətə gəldilər ki, əlləri yanlarına düşdü». «Romalılar qarət etmək evlərə girəndə, bütün ailənin öldüyünü, üst otaqların cəsədlərlə dolu olduğunu gördülər ... Onlar bunu görəndə dəhşət içində dayandılar və heç nəyə toxunmadan bayıra çıxdılar» (6.8.5). Bu mühasirənin dəhşətlərini İosif Flavi özü yaşamışdır. O, 97 min nəfərin əsir götürüldüyünü və qul edildiyini, 1 milyon 100 min nəfərin isə öldüyünü qeyd edir.

İsa bütün bunları qabaqcadan görürdü. O, elə buna görə də xəbərdarlıq edirdi. Yadda saxlamalıyıq ki, Məsihin hikməti təkcə insanlara deyil, həm də xalqlara lazımdır. Əgər millətlərin və xalqların rəhbərləri Məsih tərəfindən idarə olunmasalar, onlar insanları təkcə ruhani deyil, həm də fiziki ölümə apara bilərlər. İsa Məsih dünyadan təcrid olunmuş xəyalpərəst deyildi. O, xalqın əməl edib tərəqqi etməsi üçün qanunlar qoydu. Xalq bu qanunlara əməl etməzsə, onu mütləq dəhşətli ölüm gözləyir.

RƏBBİN GÜNÜ (Matta 24:6-8, 29-31)

Artıq gördük ki, yəhudi dünyagörüşünün və gələcəyə baxışının mühüm elementi Rəbbin Günü anlayışıdır. Həmin gün Tanrının tarixin gedişinə birbaşa müdaxilə edəcəyi və indiki dövrün bütün sağalmaz pislikləri ilə birlikdə gələcək dövrə çevrilməyə başladığı gündür.

Əhdi-Cədid müəllifləri İsa Məsihin İkinci Gəlişini Rəbbin Günü ilə eyniləşdirir, yəhudilərin Rəbbin Günü ilə əlaqələndirdikləri hər şeyi qəbul edir və bunu İkinci Gəlişlə bağlayırdılar. Bu, tamamilə təbiidir. Bu təsvirləri hərfi mənada başa düşmək olmaz: onlar görüntünün özüdür, insan sözləri ilə təsvir olunmayanı ifadə etmək cəhdidir. Amma bütün bu təsvirlərdən müəyyən həqiqətlər ortaya çıxır.

1. Həmin təsvirlər bizə Allahın dünyanı taleyin ümidinə buraxmadığını söyləyir. Bütün zəifliklərinə rəğmən bu dünya Allahın niyyətinin həyata keçirildiyi bir səhnədir. Allah dünyanı əldən verməyi düşünmür, Özü dünyaya müdaxilə etməyi düşünür.

2. Həmin təsvirlər bizə hətta pislik tüğyan etsə də, ümidsizliyə qapılmamalıyıq deyir. Rəbbin Gününün yəhudi mənzərəsinin vacib elementi ondan əvvəl bütün əxlaq normalarının tamamilə dağılması və dünyanın açıq-aydın tamamilə parçalanması fikridir. Lakin bütün bunlara rəğmən bu, məhvin yox, bərpanın müqəddiməsidir.

3. Həmin təsvirlər bizə hökm və yeni yaradılışın yaxın olduğunu söyləyir. Onlar bizə Allahın həm dünyanı mühakimə etmək niyyətində olduğunu, həm də ona mərhəmət hissi ilə baxdığını, Allahın dünyanı məhv etməyi deyil, daha çox yaratmağı planlaşdırdığını deyir. Çünki bu Onun qəlbinin istəyidir.

Həmin təsvirlərin dəyəri, ən yaxşı halda yalnız simvolik olan və insan ağlı ilə dərk edilən obrazların istifadə olunduğu detallarda yox, onların ehtiva etdiyi əbədi həqiqətdədir. Əsas həqiqət budur ki, dünya necə olsa da, Allah onu tərk etməmişdir.

GƏLƏCƏK TƏQİB (Matta 24:9-10)

Bu hissə İsanın güzəştsiz dürüstlüyünü göstərir. O, heç vaxt şagirdlərinə asan həyat vəd etməyib. İsa, deyirdi ki, onları ölüm, əzab və təqib gözləyir. Əsl İmanlı Cəmiyyəti qeyri-məsihçi dünyada mövcud olduğu müddətcə həmişə təqib edilən İmanlı Cəmiyyəti olaraq qalacaqdır. Bu təqib haradan qaynaqlanır?

  1. İsa Məsih yeni sadiqlik təklif edir. O, dönə-dönə bəyan edir ki, bu sədaqət bütün dünyəvi bağlardan üstün olmalıdır. İmanlı Cəmiyyətinin mövcudluğunun ilk vaxtlarında ailə üzvlərindən biri Məsihi qəbul edib, o biri etməyəndə, ailədaxili münaqişələr yaranırdı. Buna görə də məsihçi cəmiyyətinə nifrət edilirdi. Məsihçi İsa Məsihi həyatında birinci yerə qoyacağına dair təntənəli şəkildə söz verir. Bu da bir çox insani münaqişələrin səbəbidir.

  2. İsa Məsih yeni əxlaq normaları təklif edir. Bir çox adət, vərdiş, həyat tərzi dünyəviləri məmnun edir. Amma bütün bunlar məsihçilər üçün qəbuledilməzdir. İnsanların əksəriyyəti üçün məsihçilik böyük və ya hətta keçilməz bir çətinlik yaradır. Çünki məsihçiliyə görə onların özləri, həyat tərzi və ya işgüzar münasibətləri qınanır. Deməli, məsihçiliyin özəlliyi ondadır ki, dəyişmək istəməyən hər kəs mütləq ona nifrət edəcək.

  3. Əgər məsihçi həqiqi məsihçidirsə, dünyaya yeni nümunə və davranış nümunəsi göstərir. Onun gündəlik həyatında başqalarının həyatı fonunda iyrənc görünən gözəllik var. Məsihçi başqalarını tənqid və qınamaq mənasında deyil, Məsihsiz iyrənc, Məsihlə dolu həyatın gözəlliyini şəxsi nümunəsində göstərmək mənasında dünyanın işığıdır.

  4. Bütün bunlar məsihçiliyin həyata yeni bilik ​​gətirməsi deməkdir. Məsihçi nə fərd olaraq, nə də cəmiyyət olaraq qorxudan susmamalı, imanını gizlətməməlidir. İmanlı Cəmiyyəti və hər bir məsihçi məsihçiliyin vicdan rəmzi olmalıdır. Təəssüf ki, insanların çoxu vicdanlarını itirir.

İMANI TƏHDİD EDƏN TƏHLÜKƏLƏR (Matta 24:4, 5; 11-13; 23-26)

İsa Məsih İmanlı Cəmiyyətinin gələcəyini iki təhlükənin təhdid edəcəyini görürdü.

  1. Yalançı rəhbərlərin təhlükəsi. Yalançı rəhbərlər İsa Məsihdəki həqiqəti deyil, özlərinin həqiqət haqqında fikirlərini təbliğ etməyə və insanları İsa Məsihə deyil, özlərinə cəlb etməyə çalışanlardır. Nəticədə yalançı rəhbər birlik deyil, parçalanma gətirir. Rəhbəri qiymətləndirməyin əsas meyarı onun Məsihə nə qədər bənzəməsidir

  2. İkinci təhlükə sevginin soyuması, ruhdandüşmədir. Dünyada artan haqsızlıq səbəbindən çoxlarının sevgisi soyuyacaq. Həqiqi məsihçi o insandır ki, iman etmək çətin olsa da Rəbbinə sadiq qalır, ən çıxılmaz vəziyyətdə belə, Allahın əlini çəkdiyinə və ya Onun gücünün, qüdrətinin azaldığına inanmaqdan imtina edir.

PADŞAHIN GƏLİŞİ (Matta 24:3-14, 27-28)

Burada İsa Məsih birbaşa İkinci Gəlişindən danışır. Əhdi-Cədiddə heç vaxt İkinci Gəliş ifadəsi işlənmir. Məsihin izzətlə qayıdışını ifadə etmək üçün Əhdi-Cədiddə çox maraqlı bir söz istifadə olunur — parusia. Bu söz İkinci Gəlişin təyinatı kimi Əhdi-Cədidin digər hissələrində tez-tez istifadə edilir, lakin Müjdələrdə yalnız bu fəsildə rast gəlinir (3, 27, 37, 39). Maraqlıdır ki, bu söz, adətən, hökmdarın öz vilayətinə gəlişini bildirmək, padşahın təbəələrinə göründüyünü bildirmək üçün istifadə olunurdu. Bu söz güc və qüdrət sahibi olan birinin gəlişini bildirir.

Fəslin qalan hissəsi bizə bu barədə çox şey söyləyəcək. Lakin hələlik qeyd etməliyik ki, Məsihin İkinci Gəlişi təlimində iki böyük fakt var.

  1. Məsihin son zəfər faktı. İnsanların Çarmıxa çəkdiyi Şəxs bir gün bütün insanların Rəbbi olacaq. İsa Məsih üçün son tamamilə aydındır. Bu son Onun universal Padşahlığıdır.

  2. Tarixin hansısa məqsədə çatması faktı. Bəzən insanlara elə gəlirdi ki, tarix tamamilə daha vəhşi bir xaosa qərq olur və bu, sadəcə olaraq, «insanların günahlarının və axmaqlıqlarının nəticəsi»dir. Bəzən insanlara elə gəlirdi ki, tarix dövrü prosesdir, müəyyən monoton hadisələr zənciri həmişə təkrar-təkrar dövr edəcək. Stoisistlər inanırdılar ki, müəyyən sabit dövrlər var, onların hər birinin sonunda dünya böyük bir yanğınla məhv olur, sonra isə hər şey ən xırda təfərrüatına qədər yenidən baş verir.

Qədim yunan filosofu və stoisizmin sistemləşdiricisi Xrizipin81 dediyi kimi: «Sonra dünya yenə əvvəlki vəziyyətinə qayıdır. Ulduzlar yenidən öz orbitlərində fırlanır, hər biri eyni vaxtda, heç bir kənarlanma olmadan öz inqilabını edir. Sokrat, Platon və hər kəs yenidən eyni dostlarla və eyni həmvətənlərlə yaşayacaq. Onlar həmin işlərlə məşğul olacaq, həmin həyatı yaşayacaqlar. Hər şəhər, hər kənd əvvəl necə idisə elə də bərpa olunacaq. Kainatın əvvəlki vəziyyətinə belə qayıdışı bir dəfə deyil, bir neçə dəfə, təkrarlanaraq, həmişəlik sonsuza qədər davam edir. İnsanların heç bir irəliləyişi olmayan təkərdə dələ kimi fırlanaraq belə yeknəsəqliyə məhkum olmasını düşünmək kədərlidir.

İkinci Gəliş isə özündə çox mühüm həqiqəti daşıyır: bütün yaradılışın ona doğru hərəkət etdiyi bir səma hadisəsi var. Bu hadisə dağılma deyil, Allahın universal və əbədi hökmranlığını təmsil edir.

32-41

PADŞAHIN GƏLİŞİ (Matta 24:32-41)

Bu, ən çətin yerlərdən biri olub, ilk baxışda bir-birinə zidd görünən iki hissədən ibarətdir. Birinci hissə (24:32-35) göstərir ki, insan təbii əlamətlərlə yayın gəlişini qabaqcadan görə bildiyi kimi, Məsihin İkinci Gəlişinin yaxınlaşmasını da zahiri əlamətlərlə görə bilər. Sonra deyilir ki, Məsihin İkinci Gəlişini Onun dövründə yaşayan insanlar görə biləcək.

İkinci hissədə (24:36-41) deyilir ki, Məsihin İkinci Gəlişinin vaxtını heç kim bilmir — nə mələklər, nə də İsanın Özü. Bunu ancaq Allah bilir. İkinci Gəliş aydın səmanın ortasında qəfil leysan kimi yağacaq. Çətinlik də elə buradadır. Bu həqiqəti tam dərk edə bilməsək də, cəsarətlə üzünə baxmalıyıq.

Başlanğıc nöqtəsi kimi 24:34-ə müraciət edək: «Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək». Bu ayəni nəzərdən keçirərkən üç ehtimal ortaya çıxır.

  1. Əgər İsa bunu İkinci Gəlişi haqqında deyirdisə, onda səhv edirdi. Çünki O Onu dinləyən nəslin dövründə gəlib çıxmadı. Çoxları İsanın insan təbiətinə görə biliyinin məhdud olduğuna və eyni nəsildə qayıdacağına inanaraq bu fikri qəbul etmişdi. Amma Onun bu cür böyük ruhani həqiqətdə yanıldığına inanmaq çətindir.

  2. Bəlkə də İsa elə söz deyib ki, sonradan həmin söz dəyişdirilib. Mark 9:1-də ​​İsa belə deyir: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək». Bu, çox gözəldir və zəfərlə əsaslandırılmışdır. Məsihçilər o dövrdə dünyaya səpələnməzdən əvvəl, Allahın Padşahlığı, həqiqətən, həmin nəsil boyu geniş şəkildə yayıldı.

Lakin erkən məsihçilər İkinci Gəlişi səbirsizliklə gözləyirdilər. Onlar o vaxt yaşadıqları dəhşətlərin, əzab və təqiblərin içərisində Rəbbin gəlişinin onlara gətirəcəyi qurtuluşu həsrətlə gözləyirdilər. Bəzən Padşahlıq haqqında bəyanatları özləri başa düşdüyü kimi qəbul edir və onları İkinci Gəlişlə əlaqələndirirdilər. Əslində, Padşahlığın İkinci Gəlişlə heç bir əlaqəsi yox idi. İkinci Gəlişlə Padşahlıq heç də eyni şey deyil. Ola bilsin ki, burada da oxşar hadisə baş verib. Ola bilsin, İsa burada deyib ki, Onun nəsli yox olmamış Padşahlığı gələcək.

  1. Amma üçüncü ehtimal da var. Bütün bunlar baş verəcək sözlərinin İkinci Gəlişlə heç bir əlaqəsi yoxdursa, onda necə? Bu sözlər Yerusəlimin mühasirəsi və dağılması ilə bağlı peyğəmbərliyə istinad edirsə, onda necə? Əgər bunu belə təsəvvür etsəniz, onda heç bir çətinlik olmayacaq. Sonra İsa deyir ki, Yerusəlimin dağılmasına dair dəhşətli xəbərdarlıqları Onun dövründə yaşayan nəsil boyu yerinə yetiriləcək. Bu xəbərdarlıqlar, həqiqətən, qırx il ərzində yerinə yetirildi. Fikrimizcə, ən yaxşısı, 24:32-35-in İkinci Gəlişə deyil, Yerusəlimin dağılmasına işarə etdiyini nəzərə almaqdır. Çünki o zaman onlarla əlaqəli bütün çətinliklər aradan qaldırılır.

36-41-ci ayələr İkinci Gəlişə istinad edir və biz onlarda çox mühüm həqiqətləri görürük.

  1. 36-41-ci ayələrdə deyilir ki, bu hadisənin saatı yalnız Allaha məlumdur. Buna görə də, İkinci Gəlişlə bağlı bütün hesablamaların Rəbb tərəfindən qadağan edilməsi başadüşüləndir. Hələ də vaxtı və tarixi təyin etməyə çalışanlar yalnız Ona məxsus olan sirləri əbəs yerə Allahdan almağa çalışırlar. İnsan bu mövzuda mübahisə etməməlidir; həmin günə hazırlaşmalı və ayıq-sayıq durmalıdır.

  2. İsa deyir ki, maddi şeylərə qərq olanlar üçün o zaman qəfil gələcək. Müqəddəs Kitaba əsasən, hava sakit olanda, insanların başı yemək-içməyə, evlənməyə qarışanda Nuh gələcək tufana hazırlaşırdı; onlar qəfil yaxalandılar, buna görə də su ilə yuyulub aparıldılar. Bu ayələr bizdən ötrü bir xəbərdarlıqdır — əbədiyyəti unutmaq üçün heç vaxt dünyəvi şeylərə qapılmayaq; nə qədər vacib görünsə də, dünyəvi qayğılar bizə Allahı unutduracaq qədər diqqətimizi yayındırmasın. Heç vaxt unutmaq olmaz ki, son nəticədə həyat və ölüm Onun əlindədir. İstər səhər, istər günorta, istərsə də axşam O bizi çağıranda, həmişə hazır olmalıyıq.

  3. Bu ayələrdə deyilir ki, Məsihin gəlişi seçim və mühakimə vaxtı olacaq. Həmin vaxt, O Öz xalqını yanına toplayacaq.

Bundan kənara çıxa bilmərik, çünki Allah biliyi Öz hikmətində Özü üçün saxlamışdır.

42-51

MƏSİHİN GƏLİŞİNİ GÖZLƏMƏK (Matta 24:42-51)

Bu, yuxarıda deyilənlərin əməli nəticəsidir. Əgər Məsihin gəlişi günü və saatı Allahdan başqa heç kəsə məlum deyilsə, onda bütün həyat bu gəliş üçün daim hazırlıqlı olmalıdır. Bu halda, bəzi günahlar xüsusi əhəmiyyət kəsb edir.

  1. Ayıq-sayıq olmayan özünü məhv edər. Oğru evi qarət edəcəyi günü və saatı göstərən məktublar göndərmir; qəfillik onun pis işində əsas silahıdır. Buna görə də evdə qiymətli əşyaları olan ev sahibi hər zaman hazırlıqlı olmalıdır. Ancaq bu mənzərəni düzgün başa düşmək üçün yadda saxlamalıyıq ki, Məsihin gəlişi ərəfəsində məsihçi sayıqlığı titrəyə-titrəyə qorxu və dəhşət içində gözləmə olmamalıdır. Bu sayıqlıq eyni zamanda gələcək izzət və sevincin intizarıdır.

  2. Kim vaxtın çox olduğunu iddia edərsə, ölüm biçər. Qul ağa qayıtmazdan əvvəl hər şeyi qaydasına salmaq üçün kifayət qədər vaxtının olacağına inanmaqla özünü aldadır.

Təlimlərini başa çatdırmaq üçün Yerə gedən üç şeytan-şagirdi haqqında bir nağıl var. Onlar insanları sınağa çəkmək və məhv etmək planları barədə bütün cinlərin başçısı olan şeytanla danışırlar. Biri deyir: «Mən onlara söyləyəcəyəm ki, Allah yoxdur». "Bu, çoxlarını aldatmayacaq, — deyə şeytan etiraz edir, — çünki onlar Allahın olduğunu bilirlər". İkincisi deyir: «Mən insanlara söyləyəcəyəm ki, cəhənnəm yoxdur». "Buna da heç kim aldanmaz, — yenə şeytan etiraz edir, — insanlar hətta indi də bilirlər ki, günahlardan ötrü cəhənnəm var». Üçüncüsü deyir: «Mən insanlara söyləyəcəyəm ki, tələsməyə ehtiyac yoxdur». Şeytan o dəqiqə dillənir: "Get, sən minlərlə insanı beləcə məhv edəcəksən». Bütün aldanmaların ən təhlükəlisi çox vaxtının olduğunu düşünməkdir. İnsanın həyatında ən təhlükəli gün sabah sözünün mənasını öyrəndiyi gündür. Elə şeylər var ki, onları təxirə salmaq olmaz. Çünki heç kim bilmir ki, onun üçün sabah açılacaq, ya yox.

3. Kim ona tapşırılan işi yerinə yetirməzsə, rədd ediləcək, sədaqət isə mükafatlandırılacaq. Vəzifəsini sədaqətlə yerinə yetirən qul daha yüksək vəzifə qazanacaq, ona göstərilən etimadı doğrultmayan qul isə ağır cəzaya layiq görüləcək. Buradan belə nəticəyə gəlmək olar ki, İsa nə vaxt gəlirsə gəlsin, bizi bizə tapşırılan iş başında tapsın.

İnsan ən sadə vəzifəni belə yerinə yetirirsə, Məsihin gəlişi günü mükafatlandırılacaq.

Azərbaycan dilində Müqəddəs Kitab

Axır zamanın əlamətləri
(Mark 13:1-23; Luka 21:5-24)
1 İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. 2 İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
3 İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?» 4 İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. 5 Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq. 6 Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. 7 Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. 8 Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
9 O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. 10 Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. 11 Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. 12 Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. 13 Amma axıracan dözən xilas olacaq. 14 Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.
15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – 16 Yəhudeyada olanlar dağlara qaçsın. 17 Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin. 18 Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. 19 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! 20 Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. 21 Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 22 Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.
23 O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın. 24 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. 25 Bax Mən sizə əvvəlcədən söyləmişəm. 26 Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. 27 Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. 28 Leş haradadırsa, kərkəslər də orada toplaşar.
Bəşər Oğlunun zühuru
(Mark 13:24-31; Luka 21:25-33)
29 Amma o günlərin əzab-əziyyətindən dərhal sonra
Günəş tutulacaq,
Ay nurunu saçmayacaq,
Ulduzlar göydən töküləcək,
Səma cisimləri lərzəyə gələcək.
30 O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. 31 O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.
32 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. 33 Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. 34 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. 35 Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Bilinməyən gün və saat
(Luka 12:39-48; 17:26-35)
36 Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. 37 Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. 38 Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. 39 Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. 40 O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 41 Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq.
42 Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. 43 Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. 44 Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.
45 Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? 46 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! 47 Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. 48 Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, 49 öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, 50 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, 51 ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.