1-4
Burada artıq fariseylərin xüsusiyyətləri görünməyə başlayır. Biz burada yəhudilərin imanın davamlılığına əminliyini görürük. Allah Musa peyğəmbərə Qanun verdi. Musa onu Yeşuaya, Yeşua ilahiyyatçılara, ağsaqqallar peyğəmbərlərə, peyğəmbərlər isə ilahiyyatçılara və fariseylərə ötürdülər.
Bir anlıq da olsa, düşünmək olmaz ki, İsa Məsih bütün norma və qaydalarla ilahiyyatçılar və fariseylərin Adamı idi. İsa onlara deyir: «Musanın Allahdan aldığı Qanunun böyük prinsiplərini ilahiyyatçılar və fariseylər sizə öyrətdiklərinə görə onlara riayət etməlisiniz». Matta 5:17-20-ni öyrənərkən, biz bu prinsiplərin nə olduğunu görürük. Bütün On Əmr iki böyük prinsipə əsaslanır. Onlar ehtirama — Allaha, Allahın adına, Allahın gününə və Allahın bizə bəxş etdiyi valideynlərə ehtirama əsaslanır. Onların əsasında hörmət — insan həyatına, insanın malına, şəxsiyyətinə, nüfuzuna, özünə hörmət durur. Bu prinsiplər əbədidir. Nə qədər ki ilahiyyatçılar, fariseylər Allaha ehtiram etməyi və insana hörmət göstərməyi öyrədirdilər, onların təlimi həmişə böyük təsirə malik idi.
Lakin onların din anlayışının əsas bir nəticəsi var idi: onlar dini minlərlə qayda və qanunlara, dözülməz bir yükə çevirdilər. Dinin təqdimatının meyarı budur: din insanı yuxarı qaldıran qanaddır, yoxsa onu aşağı çəkən ağırlıq? İnsana sevinc gətirir, yoxsa kədər? İnsanın dini ona kömək edir, yoxsa onu təqib edir? Din insanın yükünü çəkir, yoxsa insan dinin? Din öz yükü və qadağaları ilə insanı əzməyə başlayanda həqiqi din olmaqdan çıxır.
Fariseylər heç bir güzəştə icazə vermirdilər. Onların məqsədi «Qanun ətrafında hasar çəkmək» idi. Onlar heç bir qaydanı rahatlaşdırmaq və ya aradan qaldırmaq istəmirdilər. Din yükə çevrildikdə əsl din olmaqdan uzaqlaşır.
5-12
Fariseylərin dini istər-istəməz zahiri olmaq məcburiyyətində idi və belə də oldu. Əgər din saysız-hesabsız norma və qaydalara əməl etməkdirsə, onda insan başqalarının onun bu norma və qaydalara necə əməl etdiyini, mükəmməlliyini görsünlər deyə diqqət yetirir. İsa Məsih fariseylərin diqqət çəkmək xətrinə etdiyi bəzi hərəkət və vərdişləri xüsusilə vurğulayır.
Onlar dua qutucuqlarını genişləndirirlər. Çıxış 13:9-da deyilir: «Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin». Bu fikir başqa yerdə də təkrarlanır: «Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə olsun...» (Çıxış 13:16; Qanunun təkrarı 6:8; 11:18). Bu əmrləri yerinə yetirmək üçün yəhudilər dua zamanı özləri ilə tefillin və ya filakteriyalar, yəni dua qutucuqları daşıyırdılar. Onları şənbə və müqəddəs günlərdən başqa bütün günlərdə daşıyırdılar. Bunlar bir növ kiçik dəri qutucuqlardır. Biri biləkdə, biri də alında daşınır. Biləyə taxılan qutucuq bir bölməsi olan kiçik dəri qutudur, içərisində Müqəddəs Kitabdan dörd ayə yazılmış perqament tumarcığı var: Çıxış 13:1-10; 13:11-16; Qanunun təkrarı 6:4-9; 13:1-21. Üzərində bu mətnlərdən birinin yazıldığı, dörd kiçik bölməsi olan, hər birində də bir tumarcıq yerləşən eyni cür dəri qutu alına taxılırdı. Fariseylər özlərinə diqqət çəkmək üçün bu filakteriyaları taxmaqla kifayətlənmirdilər. Qanuna itaət etdiklərini və nümunəvi ibadətlərini hər kəsə göstərmək üçün onlar bu qutuları xüsusilə böyütmüşdülər.
Onlar geyimlərinin qotazlarını uzadırdılar. Yunan dilində həmin geyimə kraspeda, qədim ibrani dilində isə sisit deyilirdi. Saylar kitabı 15:37-41 və Qanunun təkrarı 22:12-də biz oxuyuruq ki, Allah Öz xalqına paltarlarının ətəyinə qotaz taxmağı əmr etmişdi. Xalq həmin qotazlara baxanda Rəbbin bütün əmrlərini xatırlamalı idilər. Bu qotazlar paltarın kənarlarında dörd qotaza bənzəyirdi. Daha sonra yəhudilər onları alt paltarlarına taxdılar. İndi onlar mömin yəhudinin ibadət üçün taxdığı dua şalındakı qotazlarda saxlanılır. Fariseylər bu qotazları təqva əlaməti olsun deyə böyüdürdülər. Artıq onlar insana əmrləri xatırlatmırdı. Əksinə, bütün diqqəti insana çəkirdilər.
Bundan əlavə, fariseylər ziyafətlərdə ev sahibinin sağ və sol tərəfində yuxarı başda oturmağı xoşlayırdılar. Onlar sinaqoqlarda baş kürsülərdə oturmağı sevirdilər. İsraildə arxa oturacaqları uşaqlar və ən əhəmiyyətsiz insanlar tuturdular. Oturacaqlar nə qədər öndə olsa, hörmət bir o qədər böyük olardı. Ən hörmətlisi camaatla üz-üzə qalan ağsaqqalların yerləri idi. Orada oturanı hamı görürdü və bütün ibadət boyu o, hər kəsin görə biləcəyi xüsusi möminliyini nümayiş etdirə bilərdi. Bundan başqa, fariseylər onlara ravvin kimi və böyük hörmətlə müraciət edilməsini xoşlayırdılar. Onlar özlərinə qarşı ata-analarına etdiyi hörmətdən daha çoxuna iddia edirdilər. Bunu belə əsaslandırırdılar ki, ata-ana insana cismani ömür verir, müəllim isə əbədi həyat verir. Onlar hətta Elişanın İlyası çağırdığı (2Padşahlar 2:12) və iman atalarının çağırıldığı kimi mənim atam deyə çağırılmalarını xoşlayırdılar.
İsa Məsih bəyan edir ki, məsihçinin yalnız bir Müəllimi var — O da Məsihdir. Göydə yalnız bir Ata var — O da Allahdır. Məsihçi bunu yaddan çıxartmamalıdır.
Fariseylər yalnız bir şey haqqında düşünürdülər — diqqəti cəlb edəcək şəkildə geyinmək və hərəkət etmək. Məsihçi isə hər şeyi gizli etməlidir ki, insanlar xeyirxah əməllərini görüb onu yox, Səmavi Atasını tərifləsinlər. Nümayişkarcasına edilən və qəlbə qürur verən din — yalançı dindir.
13
Bu fəslin 13-26-cı ayələri bütün Əhdi-Cədidin ən dəhşətli və haqlı ittihamıdır. Burada biz A.Robertsonun dediyi kimi, «İsanın qəzəbinin guruldayan ildırımını» eşidirik. Alman ilahiyyatçısı Plümmerin yazdığı kimi, vay halınıza ifadəsi «şiddətli ildırım vurmasına bənzəyir... bu ildırım vurması zərbə ilə ifşa edir...».
Burada İsa ilahiyyatçıları və fariseyləri yeddi dəfə ifşa edir. Müqəddəs Kitabda onlar vay halınıza sözləri ilə başlayır. Yunan dilində bu ouay deməkdir. Bu sözü tərcümə etmək çətindir, çünki özündə yalnız qəzəbi deyil, həm də kədəri ehtiva edir. Bu sözdə ədalətli qəzəb səslənir, lakin bu, insanların inadkar korluğundan qırılan sevən bir qəlbin qəzəbidir. O, təkcə amansız qınağı deyil, həm də kəskin faciəvi atmosferi ehtiva edir.
İkiüzlülər sözünə təkrar-təkrar rast gəlinir. Əvvəlcə yunan dilində hupokrites sözü cavab verən mənasında işlədilirdisə, sonradan ifadə və cavabla, yəni dialoqla, səhnə ilə əlaqələndirilməyə başladı. Yunan dilində bu söz həm də aktyor deməkdir. Sonra bu, sözün ən pis mənasında aktyor mənasını verməyə başladı — yəni uyduran, özündən rol oynayan, əsl hisslərini gizlətmək üçün maska taxan, fikrində və qəlbində tamamilə fərqli bir şey olduğu halda, nümayişkaranə oynayan adam anlamına gəldi.
İsanın nəzərində ilahiyyatçılar və fariseylər rol oynayan insanlar idi. İsa Məsih bununla demək istəyirdi ki, fariseylərin din haqqında təsəvvürü qaydalara zahirən, nümayişkaranə əməl etməkdən, məharətlə filakteriyalar və qotazlar taxmaqdan, qanunun norma və qaydalarına ciddi riayət etməkdən ibarət idi. Ürəklərində isə kin, paxıllıq, qürur və təkəbbür var idi. İsanın nəzərində ilahiyyatçılar və fariseylər ibadət və xeyirxahlıq pərdəsi altında ən allahsız hisslərin hakim olduğu bir ürək gizlədən insanlar idi. Bu, imanın mahiyyətini zahiri normalara riayət etməkdə və gözlə görünən əməllərdə görən hər bir şəxsə az-çox aid olacaq.
İsanın belə bir yazılmamış kəlamı var: «onlar Padşahlığın açarını gizlətdilər». O, ilahiyyatçıları və fariseyləri qınayırdı. Çünki onlar nəinki özləri Padşahlığa girirlər, həm də ora getmək istəyənlərin üzünə qapıları bağlayırlar. İsa bu ittihamla nə demək istəyirdi?
Biz artıq gördük ki (Matta 6:10), Padşahlıq haqqında Allahın iradəsinin göydə olduğu kimi yerdə də mükəmməl şəkildə həyata keçirildiyi bir cəmiyyət olması təsəvvürünə sahib olmaq daha yaxşıdır. Padşahlığın vətəndaşı olmaq — Allahın iradəsini yerinə yetirməklə eynidir. Fariseylər inanırdılar ki, Allahın iradəsini yerinə yetirmək — onların minlərlə xırda norma və qaydalarına əməl etmək deməkdir. Bu isə məhəbbətə əsaslanan Padşahlığa heç bənzəmir. İnsanlar Padşahlığın girişini tapmağa çalışdıqda, fariseylər onlara bu qayda və normaları göstərdilər. Bu da qapını onların üzünə çırpmağa bənzəyirdi.
Fariseylər din haqqında təsəvvürlərini Allahın əmrlərindən üstün tuturdular. Fariseylər əsas həqiqəti unutmuşdular: insan başqalarını öyrədirsə, öncə Allahı dinləməlidir. Müəllim və ya təbliğçidən gözlənilən ən böyük təhlükə odur ki, o öz qərəzlərini ümumbəşəri prinsiplər əsasında qurmağa və Tanrının həqiqətini öz ideyaları ilə əvəz etməyə başlayacaq. Bunu edən müəllim və ya təbliğçi Padşahlığa bələdçi deyil, ona gedən yolda maneədir. Çünki özünü aldatmaqla başqalarını da aldadır.
14
15
Antik dünyanın özəlliyi o idi ki, yəhudilik insanlara eyni zamanda həm iyrənc, həm də cəlbedici təsir göstərirdi. Yəhudilər qədər heç kimə nifrət edilmirdi. Onların özünəməxsusluğu, başqa xalqlara yuxarıdan aşağı baxmaları hər kəsdə onlara qarşı düşmənçilik hissi oyadırdı. Əslində, hamı inanırdı ki, onların imanlarının əsasında heç vaxt və heç bir şəraitdə bütpərəstə kömək etməyəcəyinə dair bir and durur. Elə bir and ki, hətta bütpərəst onlardan sadəcə yolun istiqamətini soruşsa belə, ona kömək etməməsini tələb edir. Şənbə gününə riayət etmələri yəhudilərə tənbəl ad-sanı qazandırmışdı. Donuz ətindən imtina etmələri onları gülüş obyektinə çevirmişdi. İş o yerə çatmışdı ki, onların donuzu özlərinə tanrı saydıqları iddia edilirdi. Qədim dünyada antisemitizm real və universal bir qüvvə idi.
Amma buna baxmayaraq, onda cəlbedici bir şey var idi. Allahın tək olması ideyası çoxlu tanrıya inanan dünyaya möcüzə kimi gəlmişdi. Yəhudilərin əxlaqi saflığı və əxlaq normaları əxlaqsızlığa düçar olmuş dünyanı, xüsusilə, qadınları valeh etmişdi. Ona görə də yəhudilik onları özünə cəlb etmişdir.
Yəhudilik onları iki cəhətdən cəlb etmişdi. Sözdə Allahdan qorxanlar tək Allah haqqında xəbəri və yəhudi əxlaq qaydalarını qəbul etdilər. Lakin nə dini mərasimlərə əməl etdilər, nə də sünnət olundular. Belələri çox idi. Onları hər sinaqoqda dinləyib dua edən görmək olardı. Sonralar onlar Paulun müjdəçiliyi üçün ən məhsuldar sahə təşkil etdilər. Onlara, məsələn, Salonikidə Allaha ibadət edən yunanları nümunə göstərmək olar (Həvarilərin İşləri 17:4).
Fariseylərin məqsədi Allahdan qorxanları yəhudi dinini qəbul edənlərə çevirmək idi. Prozelit sözü yunanca prozelitos sözünün transliterasiyasıdır79, yaxınlaşan və ya yeni gələn deməkdir. Prozelit — Allahın Qanununu və sünnəti qəbul etmiş, sözün əsl mənasında, yəhudi olmuş şəxsdir. Yeni iman edələr çox vaxt yeni dinlərinin fanatik tərəfdarlarına çevrilirdilər. Prozelitlərin çoxu hətta yəhudilərin özlərindən də çox yəhudi qanunlarına sadiq idilər.
İsa Məsih fariseyləri pisliyin missioneri olmaqda ittiham edirdi. Düzdür, prozelit olanlar az idi, amma prozelit olanların da qarşısını heç kəs kəsə bilmirdi. Fariseylərin günahı ondan ibarət idi ki, onlar heç də insanları Allaha tərəf aparmağa çalışmırdılar. Onlar insanları fariseyliyə yönəltməyə çalışırdılar. İstənilən missioneri təhdid edən ən böyük təhlükə odur ki, o, insanları imana yox, məzhəbə yönəltməyə başlayacaq. Beləcə o, insanları İsa Məsihə yox, kilsəyə gətirməkdə maraqlı olacaq.
Məsihə iman edən hindu Premanand məsihçiliyi iyrəncləşdirən məzhəb barədə belə deyir: «Mən məsihçi kimi danışıram. Allah mənim Atam, İmanlı Cəmiyyəti mənim Anamdır. Adım məsihçi, soyadım katolikdir. Çünki biz Dünya Kilsəsinə aidik. Onda başqa adlara ehtiyacımız varmı? Nəyə görə bura Anqlikan, Yepiskop, Protestant, Presviterian, Metodist, Baptist, Konqreqionalist və digər məzhəbləri əlavə edək? Bu adlar ayırıcılıq, məhdudiyyətlik, məzhəbçilik gətirir. Onlar qəlbi daşlaşdırır».
Xeyr, fariseylər insanları Allaha tərəf deyil, öz farisey təriqətinə yönəldirdilər. Onların günahı elə bunda idi. Əgər bu gün də bir insanın qurbangahda yer tutmazdan əvvəl bir kilsəni tərk edib, başqa bir kilsənin üzvü olması israr edilirsə, bu günah yer üzündən silinibmi? Ən böyük yalançı təlim də odur ki, hər hansı bir kilsə Allaha daha yaxın və ya Onun həqiqətində olduğunu, yaxud da Allahın Padşahlığının yeganə qapısı olduğunu iddia edir.
16-22
Artıq gördük ki, andiçmə məsələlərində yəhudi ilahiyyatçılar hiyləgərlikdə peşəkar idilər (Matta 5:33-37). Hiylənin əsas prinsipi belə idi: yəhudilərin nəzərində and pozulmaz and idisə, məcburi idi. Sözün geniş mənasında, əgər Allahın adı kifayət qədər qəti və heç bir qeyri-müəyyənlik olmadan çəkilirdisə, and pozulmaz sayılırdı. Belə bir andı nəyin bahasına olursa olsun, yerinə yetirmək lazım idi. İstənilən başqa and pozula bilərdi. Andın mahiyyəti o idi ki, əgər, həqiqətən, andda Allahın adı çəkilibsə, o zaman Allah şahid kimi məsələyə cəlb olunurdu. Belə andı pozmaq təkcə insanların etibarını qırmaq deyil, həm də Allahı təhqir etmək demək idi.
Vəziyyətdən çıxmaq məharəti yüksək kamilliyə çatmışdır. İsa Məsih deyir: «Siz məsuliyyətdən boyun qaçırmağı elə kamilliyə çatdırmısınız ki, Məbədə and içmək məcburi deyil, Məbədin qızılına and içmək məcburi sayılır. Qurbangahda and içmək istəyə bağlıdır. Amma qurbangaha gətirilən qurbana içilən and pozulmazdır». Bu, yəhudi üsullarının hərfi təsvirindən daha çox absurd görünür.
Bu hissədəki ideya ondan ibarətdir ki, anda bütün yanaşma, müxtəlif hiylə və bəhanələr anlayışı köklü bir hiylədən qaynaqlanır. Həqiqətən, mömin bir insan heç vaxt şüurlu şəkildə verdiyi sözdən boyun qaçırmaz. And içdikdən sonra vədinə əməl etməyi mümkünsüz hesab edərsə, heç vaxt əvvəlcədən çıxış yolu tapmağa çalışmaz.
Fariseylərin bəhanə gətirdiyi bu ikiüzlülüyünü qınamamalıyıq. Bu gün də insan bir bəhanə ilə öz vəzifəsindən yayınmağa çalışır və ya qanunun ruhunun ondan açıq-aşkar tələb etdiyi şeyi etməmək üçün Qanunun hərfi mənasına müraciət edir.
İsa Məsih hesab edirdi ki, pozulmazlıq prinsipi iki başlanğıca əsaslanır: Allah bizə deyilən hər sözü eşidir və ürəyimizdəki hər niyyəti görür. Buna görə də vəzifə və sözlərdən yayınmaq üçün bəhanələr və fürsətlər tapmaq bacarığı məsihçiyə yad olmalıdır. Hiylə tərzi qeyri-adi dünyəvi əməllər və fırıldaqlar üçün yaxşı olsa da, məsihçi şüurunun dürüstlüyü üçün deyil.
23-24
Ondabir hissə yəhudi dini normalarının mühüm elementi idi. «İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın» (Qanunun təkrarı 14:22). «Torpağın məhsulundan — onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib» (Levililər 27:30). Ondabir xüsusi olaraq Məbəddə bütün vacib işləri görən levililərin saxlanması üçün idi. Qanun həm də ondabirin ödənilməli olduğu hər şeyi müəyyənləşdirdi: «Yemək üçün yararlı və qorunub saxlanıla bilən, torpaqdan qidalanan hər şeydən ondabir hissə vermək lazımdır». Həmçinin müəyyən edilmişdi: «Şüyüdün onda birini toxumundan, yarpaqlarından və gövdəsindən verin». Beləliklə, müəyyən olundu ki, hər kəs öz məhsulunun onda birini Allaha verməlidir.
İsanın sözlərinin mənası belədir: hamı fikirləşirdi ki, əsas taxıl və meyvələrin onda birini verməlidir. Mətbəx üçün ədviyyatlar — zirə, şüyüd və nanə çox miqdarda yetişdirilmirdi, cəmi bir neçə budaq. Hər üç göyərti ədviyyat kimi, şüyüd və zirə isə eyni zamanda dərman kimi də istifadə olunurdu. Onlardan ondabir hissə ayırmaq bir bitkini təqdim etmək demək idi. Çox az adam bağdan bir bitkinin ondabirini verərdi.
Ancaq fariseylər məhz belə edirdilər. Onlar ondabir məsələsində o qədər xırdaçı idilər ki, hətta bir budaq nanə də qurban verirdilər. Eyni zamanda haqsızlıq və vicdansızlıqda günahkar da ola bilərdilər. Onlar qəddar, təkəbbürlü, sərt, mərhəmət yalvarışlarına qarşı kar ola bilərdilər. Öhdəliklərini yerində yetirməkdən yayınmaq niyyəti ilə sədaqəti unudar, and və vədlər verə bilərdilər. Başqa sözlə desək, onların çoxu, həqiqətən, vacib olanları unudub, Qanunun qeyri-vacib qaydalarına riayət edirdilər.
Bu ruh hələ də yaşayır. Məsih insanların qəlbində hökmranlıq edənə qədər həmin ruh ölməyəcək. İmanlı cəmiyyətinə uyğun geyinən, imanlı cəmiyyətinə ehtiramla ianə verən, dua edərkən düzgün şəkildə dayanan, Rəbbin süfrəsindən heç vaxt yayınmayan, eyni zamanda heç vaxt işini vicdanla yerinə yetirməyən, həmişə əsəbi, əhvalı pis olanlar, puluna xəsislik edənlər çoxdur. Bir çox qadınlar xeyirxah işlərdən qalmaz, müxtəlif komitələrdə təmsil olunar, övladları isə axşamlar özlərini tənha hiss edərlər. Zahiri dini normalara əməl edib tamamilə dinsiz olmaq çox asandır.
Dini norma və qaydalara zahirən əməl etməyi həqiqi ibadətlə qarışdırmamaq üçün ölçü və nisbi əhəmiyyət hissinə malik olmaq lazımdır.
İsa Məsih burada 23:24-də canlı nümunədən istifadə edir. Məsələ ondadır ki, ağcaqanad dəvə kimi murdar heyvandır. Təsadüfən murdar bir şey içməmək üçün şərab parçadan süzülürdü. Yəqin, bu yumoristik mənzərə çox gülməli görünür, çünki insan xırda həşəratı udmamaq üçün ehtiyatla şərabını parçadan süzür, eyni zamanda dəvəni bütövlükdə udur. Bu, nisbi ölçü hissini tamamilə itirmiş bir insanın təsviridir.
25-26
Yəhudi qanunlarında natəmizlik ideyasına daim rast gəlinir. Yadda saxlamaq lazımdır ki, bu natəmizlik fiziki murdarlıq deyildi. Natəmiz kasa bizim anladığımız kimi çirkli kasa deyil. Natəmiz olmaq insanın Məbədə və ya sinaqoqa girə bilməməsi, ibadətdə iştirak etmək hüququndan məhrum edilməsi demək idi. İnsan, məsələn, ölüyə toxunduqda və ya bütpərəstlə təmasda olduqda murdar sayılırdı. Qadının qanaxması varsa, hətta bu qanaxma tamamilə normal və sağlamlığa zərərli olmasa da, o, murdar sayılırdı. Əgər belə bir murdar adam hər hansı qaba, kasaya toxunardısa, qabın özü də murdar olurdu, həmin qaba toxunan, yaxud onunla iş görən şəxs də murdar sayılırdı. Buna görə bütün qabların təmiz olması son dərəcə vacib idi. Təmizliyi tənzimləyən qanun çox mürəkkəb idi. Biz yalnız bəzi əsas nümunələri göstərə bilərik.
Gil, içi boş qab zahirən deyil, yalnız içəridən murdar ola bilərdi. Belə qab yalnız bir şəkildə təmizlənə bilərdi — sındırılmaqla. Aşağıdakı əşyalar murdar sayılmırdı: kənarı olmayan düz qab, açıq kömür kürək, taxıl qurutmaq və ya qovurmaq üçün deşikli dəmir barmaqlıq. Amma kənarı olan qab, ədviyyatlar üçün saxsı qab və ya yazı alətləri murdar ola bilərdi. Dəridən, sümükdən, ağacdan və şüşədən düzəldilmiş yastı qablar murdar ola bilməzdi, dərin olanlar isə natəmiz sayıla bilərdi. Onlar yalnız sındırılan zaman təmiz sayılırdı. İstənilən metal qab, istər hamar, istərsə də içi boş olsun, natəmiz sayıla bilərdi. Lakin qapı, qıfıl, qapının ilgəyi və cəftəsi murdar ola bilməzdi. Əgər cisim ağacdan və metaldan hazırlanıbsa, o zaman ağac murdar ola bilərdi, amma metal yox. Bu qaydalar bizə fantastik görünə bilər, lakin fariseylər xırdalığınadək onlara əməl edirdilər.
Qabdakı yemək və içkilər hiylə, qəsbkarlıq, oğurluq yolu ilə əldə olunsa da, təntənəli və qarınqululuğa xidmət etsə də, əgər qablar təmiz sayılırdısa, bütün bunların əhəmiyyəti yox idi. Bu, kiçik şeylərin əhəmiyyətini şişirdərək vacib olanları görməməzlikdən gəlməyin başqa bir nümunəsidir.
Bütün bunlar bizə nə qədər ziddiyyətli görünsə də, bu gün də belə ola bilər. Məsələn, kilsə xalçanın rənginə və ya kilsə minbərinin bəzəyinə, Rəbbin süfrəsi üçün kasanın hansı metal və ya hansı formada olmasına görə bölünə bilər. Görünür, dində insanlara bu və ya digər şeylərin nisbi əhəmiyyətini dərk etmək daha çətindir. Faciə də odur ki, çox vaxt sülh kiçik şeylərin əhəmiyyəti ilə pozulur.
27-28
Bu görüntü hər bir yəhudiyə yaxşı bəlli idi. Çox vaxt ölüləri yolun kənarında basdırırdılar. Biz artıq gördük ki, ölüyə toxunan hər kəs murdar sayılırdı (Saylar 19:16). Buna görə də qəbir daşına toxunan hər kəs dini cəhətdən avtomatik olaraq natəmiz sayılırdı. İldə bir dəfə Pasxa bayramında İsrailin yolları zəvvarlarla dolurdu. Pasxa bayramına gedən yolda dini cəhətdən natəmiz olmaq insan üçün fəlakət sayılırdı. Çünki bu onun bayramda iştirak edə bilməyəcəyi anlamına gəlirdi. Buna görə də, yəhudilərin bir adəti var idi: Adar ayında yol kənarındakı bütün məzar daşlarını ağardırdılar ki, heç bir zəvvar təsadüfən onlara toxunmasın və murdar sayılmasın.
Əgər yazda kimsə İsrailə səyahət edirdisə, ağardılmış bu qəbir daşları günəş şüaları altında gözəl görürdü. Lakin onların içində insanı murdar edən cəsədlər və skeletlər var idi. İsa Məsih deyir ki, fariseylər məhz belə insanlar idi: zahirən çox dindar və saleh, daxilən vicdansız və günahla dolu.
Bu gün də vəziyyət eynidir. Vilyam Şekspirin dediyi kimi, insan gülümsəyə, eyni zamanda yaramaz və əclaf ola bilər. İnsan təvazökarcasına başını aşağı salıb, əllərini sinəsinə qoyub ehtiramlı addımlarla yeriyə bilər, eyni zamanda günahkar hesab etdiyi şəxslərə yuxarıdan aşağı baxa bilər. Onun təvazökarlığı qürur ola bilər; özünü təvazökar göstərib, bəlkə də, insanların gözündə necə dindar göründüyünü düşünüb zövq ala bilər. Həqiqətən, yaxşı insan üçün özünü xeyirxah hesab etmək çətindir, amma öz müqəddəsliyinə heyran olan, başqalarının onu necə hesab etməsindən asılı olmayaraq, artıq onu itirmişdir.
29-36
İsa Məsih yəhudiləri onların tarixində silinməmiş rüsvayçı qətl ləkələrinin olmasına görə günahlandırır. İlahiyyatçılar və fariseylər şəhidlərin məzarlarına qulluq edir, onların abidələrini bəzəyir və iddia edirdilər ki, əgər onlar qədim zamanlarda yaşasaydılar, Allah adamlarını və peyğəmbərlərini öldürməzdilər. Amma onlar məhz elə də edərdilər, necə ki etdilər.
İsa Məsih deyir ki, İsrailin tarixi — Allah adamlarının öldürülməsinin tarixidir. İsa deyir ki, Habildən tutmuş Zəkəriyyə peyğəmbərə qədər salehlər öldürülüb. Nə üçün İsa Məsih bu ikisinin adını çəkir? Hamı bilir ki, Habili Qabil öldürüb, amma Zəkəriyyə peyğəmbərin qatilinin kimliyi o qədər də bəlli deyil. Həmin hekayə 2Salnamələr 24:20-22-də kədərli şəkildə təsvir olunub. Bu hadisə Yoaşın dövründə baş verib. Zəkəriyyə peyğəmbər İsraili günahlarına görə məzəmmət etdi. Yoaş isə xalqı ona qarşı qaldırdı və adamlar onu Məbədin həyətində daşqalaq etdilər. Zəkəriyyə «Rəbb görsün və hökm etsin» deyərək öldü. (Zəkəriyyə Yehoyadanın oğlu olduğu halda, Berekya oğlu adlanır. Bu, çox güman, müjdəçinin təkrar danışarkən səhvidir).
Nə üçün İsa Məsih Zəkəriyyəni seçdi? Müqəddəs Kitabın ibrani dilindəki versiyasında Yaradılış Kitabı, bizdə olduğu kimi, əvvəldə yer alıb. Lakin bizim Müqəddəs Kitabdan fərqli olaraq, ibrani dilindəki versiyada sonuncu İkinci Salnamələr Kitabıdır. Deyə bilərik ki, Müqəddəs Kitab hekayəsində Habilin öldürülməsi birinci, Zəkəriyyənin öldürülməsi sonuncudur. İsrailin tarixi lap əvvəldən sonadək Allah adamlarının rədd edilməsi və çox vaxt öldürülməsi ilə bağlıdır.
İsa Məsih açıq-aydın göstərir ki, qətl ləkəsi silinməyib. İsa bilirdi ki, O ölməlidir və gələcək günlərdə Onun elçiləri təqib ediləcək, rədd ediləcək və öldürüləcək.
Bu isə doğrudan da faciədir: Allahın seçdiyi və sevdiyi xalq Ona əl qaldırdı. Elə buna görə qisas günü gəlməlidir.
Bu məqam bizi düşünməyə vadar edir. Tarix bizi mühakimə edəndə hansı hökmü verəcək: biz Allaha qarış çıxmışıq, yoxsa Onun köməkçiləri olmuşuq? Bu suala hər bir insan və hər bir xalq cavab verməli olacaq.
37-39
Burada rədd edilmiş sevginin ağrılı faciəsi əksini tapıb. Burada İsa Məsih bütün yer üzünün sərt Hakimi kimi deyil, bütün insanları sevən biri kimi danışır.
Bu hissə İsanın həyatına müəyyən bir işıq salır. Biz bunu ötəri qeyd edə bilərik. Sinoptik Müjdələrə görə, İsa xidmətinin başlanğıcından bu Pasxa bayramına gələnədək heç vaxt Yerusəlimdə olmamışdı. Buradan biz görürük ki, nə qədər hadisə Müjdə tarixində yer almayıb. Çünki İsa Yerusəlimə dəfələrlə getməsəydi və dəfələrlə xalqı çağırmasaydı, burada dediklərini deyə bilməzdi. Bu hissə bizə Müjdələrdə İsanın həyatının yalnız eskizinin əksini tapdığını göstərir.
Bu hissə bizi dörd böyük həqiqətlə tanış edir.
Burada biz Allahın səbrini görürük. Yerusəlim peyğəmbərləri öldürdü və Allahın elçilərini daşqalaq etdi. Lakin Allah İsraili rədd etmədi, hətta oraya Öz Oğlunu göndərdi. Allahın sevgisində insanların günahlarına dözən və onları tərk etməyən sonsuz səbir var.
Burada biz İsanın çağırışını görürük. İsa Məsih sevən biri kimi danışır. O, heç kəsi məcbur etmir. İsa yalnız bir silahdan — sevgi çağırışından istifadə edir. O, qollarını açıb insanları çağırır. İnsanların üzərinə isə böyük məsuliyyət düşür — bu çağırışı qəbul etmək və ya rədd etmək.
Biz görürük ki, insanlar anidən deyil, qəsdən günah edirlər. İnsanlar İsaya baxdılar və Onu çağırışının bütün əzəməti ilə gördülər, amma Onu rədd etdilər. İnsanın ürəyinin qapısı ancaq içəridən açılır. Bu qapının heç bir xarici kilidi yoxdur. İnsanın günahı — Allahın İsa Məsihdəki çağırışından şüurlu şəkildə imtina etməsidir.
Burada biz Məsihin rədd edilməsinin nələrə səbəb olduğunu görürük. Cəmi qırx il keçəcək və 70-ci ildə Yerusəlim xarabalığa çevriləcək. Bu ölüm yəhudilərin İsa Məsihdən imtinasının birbaşa nəticəsi idi. Əgər yəhudilər məsihçiliyin məhəbbət yolunu tutsaydılar və güc mövqeyindən, öz hərəkət tərzlərindən dönsəydilər, Roma heç vaxt intiqam gücü ilə onların üzərinə gəlməzdi. Allahı inkar edən xalq məhvə məhkumdur, onların aqibəti məhz belədir.