1-10
1-14-cü ayələr bir yox, iki məsəli təsvir edir. Əgər onların hər birinə ayrılıqda nəzər salsaq, mənalarını daha aydın və daha asan başa düşəcəyik.
Birinci məsəldə deyilənlər adi yəhudi adətlərinə uyğun gəlir. Toy kimi böyük ziyafətə dəvətnamələr göndərilərkən tarix təyin olunmazdı. Yalnız hər şey hazır olduqdan sonra xidmətçilər son dəvətnamə ilə qonaqların ardınca gedərdilər. Beləliklə, bu məsəldəki padşah dəvətnamələri çoxdan göndərmişdi. Amma son dəvət yalnız hər şey hazır olduqdan sonra göndərildi. Sonda təhqiredici tonda rədd edildi. Bu məsəl iki məna daşıyır.
Birinci və konkret məna pis üzümçülər məsəlində deyilənləri yada salır. Bu, yəhudilərin növbəti ittihamı və qınanması idi. Vaxtı çatanda gəlməkdən imtina edən dəvət olunmuş qonaqlar yəhudiləri simvolizə edir. Əsrlər əvvəl onlar Allah tərəfindən Onun seçilmiş xalqı olmağa dəvət edilmişdilər. Lakin Allahın Oğlu dünyaya gələndə və Onun ardınca getməyə dəvət edildikdə, onlar istehza ilə imtina etdilər. Nəticədə, Allahın dəvəti birbaşa yol ayrıclarında və yollarda dayanan adamlara göndərildi. Yol ayrıcında və yollarda olan insanlar isə heç vaxt Padşahlığa dəvət gözləməyən günahkarları və bütpərəstləri simvolizə edir.
Müjdədə deyilir ki, bu imtinanın nəticələri dəhşətli olacaq. 22:7-də deyilir ki, padşah öz qoşunlarını onun dəvətini rədd edənlərin üzərinə göndərdi və onların şəhərlərini yandırdı.
Qoşunların bu işğalı və şəhərin yandırılması, ilk baxışdan, toy mərasiminə dəvətlə bağlı tamamilə yersiz görünür. Lakin 70-ci ildə məbəd talan edilib yandırıldı və Yerusəlim şəhəri yerlə-yeksan edildi. Allahın Oğlu gələndə onu tanımaqdan imtina edənləri ölüm yaxaladı.
Bu məsəl bizə daha dar mənada daha çox şey deyir.
Bu məsəl bizə xatırladır ki, Allah bizi toy kimi şən ziyafətə dəvət edir. Bizi sevinməyə dəvət edir. Məsihçiliyin sevincə və xoşbəxt həyata son qoymağı tələb etdiyini düşünən hər kəs səhvə yol verir. Belələri məsihçiliyin mahiyyətini tamamilə təhrif edirlər. Məsihçi zəfər çalmağa dəvət olunur və əgər o, Allahın dəvətini rədd edərsə, əbədi sevincdən imtina edər.
Bu məsəl bizə xatırladır ki, dəvətə qulağımızı kar edən məqamların özlüyündə pis olması şərt deyil. Çünki bəziləri öz tarlalarında işləməyə, bəziləri isə ticarətə getdilər. Onlar əxlaqsız dostlarla kef çəkməyə getmədilər. Onlar gündəlik işlərlə, ev təsərrüfatını idarə etməklə məşğul idilər. İnsan bu dünyanın gündəlik işlərinə asanlıqla elə qərq ola bilər ki, əbədiyyəti unudar. Başqa biri görünən şeylərlə o qədər məşğul olur ki, görünməyən şeyləri unudur. İnsan bu dünyanın tələblərini elə yüksək səslə eşidir ki, Məsihin dəvətedici səsini eşidə bilmir. Həyatın faciəsi çox vaxt yaxşının əla olanı kənarlaşdırmasında, yaxşı şeylərin özlüyündə daha gözəl və daha keyfiyyətli şeylərin yerini tutmasındadır. İnsan çörək qazanmaqla o qədər məşğul ola bilər ki, həyatını qurmağa vaxt tapmaz. Həyatını yoluna qoymaq və tənzimləməklə o qədər məşğul ola bilər ki, həyatın özünü unudar.
O bizə xatırladır ki, Məsihin çağırışına Onun yolunu tutmayacağımız təqdirdə necə cəzalandırılacağımız baxımından deyil, buna görə nəyi itirəcəyimiz baxımından nəzər salmaq lazımdır. Gəlməyənlər cəzasını alacaq, amma əsl faciə odur ki, onlar toy şənliyindən özlərini məhrum edirlər. Məsihin dəvətini rədd edənlər bir gün itirilmiş xəzinələrə görə əziyyət çəkəcək və beləliklə, cəzalarını ağırlaşdıracaqlar.
Bu məsəl bizə xatırladır ki, son nəticədə Allahın dəvəti mərhəmətli dəvətdir. Bütün yollardan, yol ayrıclarından dəvət olunanların buna haqqı yox idi, onlar buna layiq deyildilər. Onlar padşah oğlunun toy məclisinə dəvət ediləcəyinin xəyalını belə qura bilməzdilər. Dəvət padşahın səxavətli qonaqpərvərliyindən və açıq ürəyindən gəldi. Lütfün sayəsində dəvət göndərildi. İnsanları toplayan və bu ziyafətə gətirən də lütf idi.
11-14
Bu, əvvəlkinin çox yaxın davamı olan və təsir gücünü artıran başqa bir məsəldir. Bu, padşahın ziyafətində toy paltarı olmadan görünən bir qonağın hekayəsidir.
Bu məsəldə maraqlısı odur ki, İsa adamlara yaxşı tanış olan bir vəziyyətdən nümunə çəkir. Ravvinlərin padşahlarla və paltarlarla bağlı iki hekayəsi var idi. Birincidə söhbət qonaqları ziyafətə dəvət edib amma onlara nə dəqiq tarix, nə də saat deyən padşahdan gedir. Padşah onlara çatdırmışdı ki, çimib ətirli yağ sürtsünlər, geyinib keçinsinlər və onları çağıranda tam hazır olsunlar. Müdriklər dərhal hazırlaşıb, sarayın qapısı qarşısında yerlərini tutdular. Onlara elə gəlirdi ki, sarayda ziyafət çox tez hazırlana bilər və onlar bundan xəbərsiz qalarlar. Ağılsızlar isə elə bilirdilər ki, bütün hazırlıq prosesi çox vaxt aparacaq və onların hələ çox zamanı var. Beləcə hərəsi öz işinin — bənna məhlulunun, dulusçu öz gilinin, dəmirçi dəzgahının, parçatoxuyan ağardıcısının dalınca gedir. Budur, birdən heç bir xəbərdarlıq etmədən bayram çağırışı olur. Müdriklər oturmağa hazır olur və padşah onlara görə sevinir. Onlar yeyib içib şənlənirlər. Əynini geyinməyənlər isə çöldə qəmli, kədərli halda ac-susuz dayanıb itirdikləri sevincə baxa-baxa qalırlar. Ravvinlərin bu hekayəsində Allahın çağırışına hazır olmağın zəruriliyindən danışılır. Burada paltar hazırlığı simvolik məna daşıyır.
Ravvinlərin ikinci hekayəsi padşahın öz padşah paltarlarını qulluqçularına necə əmanət etdiyini izah edir. Müdriklər paltarları götürüb səliqə ilə qatlayıb qoydular və ilkin gözəlliyində saxladılar. Ağılsızlar isə bu paltarları işləmək üçün geyinib, onları çirkləndirdilər. Gün gəldi ki, padşah paltarları geri tələb etdi. Müdriklər onları təzə və təmiz halda qaytardı, padşah paltarları xəzinəsinə qoyub getmələrini əmr etdi. Ağılsızlar paltarları çirkli və nimdaş halda qaytardılar. Padşah əmr etdi ki, paltarlar təmizlənmək üçün təmizliyə verilsin, onlar isə həbsxanaya göndərilsin. Bu məsəldə deyilir ki, insan öz ürəyini ilkin saflığı ilə Allaha qaytarmalıdır. Murdar ürəyi qaytaran adam isə mühakimə ediləcək. Bu məsəldə iki dərs var.
Birinci dərs odur ki, İsa Məsih padşahın öz ziyafətinə qonaq toplamaq üçün nökərlərini yollara və yol ayrıclarına göndərməsindən bəhs etdi. Bu, açıq qapı məsəli idi. İsa günahkarların və başqa millətlərin necə çağırılacağından danışdı. Məsəl düzgün tarazlıq yaradır; qapı, həqiqətən, bütün insanlara açıqdır. Amma içəri girən hər kəs özü ilə ona göstərilən sevgiyə layiq bir həyat gətirməlidir. Mərhəmət, lütf təkcə hədiyyə deyil, həm də ciddi məsuliyyətdir. İnsan İsa Məsihlə görüşməmişdən əvvəl yaşadığı həyatı yaşamağa davam edə bilməz. O, yeni paklığa, yeni müqəddəsliyə və yeni xeyirxahlığa bürünməlidir. Qapı açıqdır, amma gələn günahkar günahkar qalsın deyə deyil, günahkar gəlib müqəddəsə çevrilsin deyə açıqdır.
İkinci dərs isə odur ki, insanın harasa gəliş tərzi onun hansı əhval-ruhiyyə ilə gəldiyini göstərir. Dostumuzgilə qonaq gedəndə biz tərsanədə və ya bostanda geyindiyimiz paltarları geyinmirik. Biz yaxşı bilirik ki, dost üçün paltarın heç bir əhəmiyyəti yoxdur və ümumiyyətlə, tamaşa göstərmək fikrində deyilik. Sadəcə hörmət əlaməti olaraq dostumuzun yanına üst-başımız təmiz formada getmək lazımdır. Onun evinə getməyə hazırlaşmağımız bizim xasiyyətimizi və dostumuza hörmətimizi göstərir. Eyni şey Allahın evinə də aiddir. Bu məsəlin bizim məbədə gedəndə geyindiyimiz paltarla heç bir əlaqəsi yoxdur, ancaq oraya getdiyimiz ruh halı ilə əlaqəsi var. Həqiqətən, məbədə getmək moda nümayişi olmamalıdır. Ağlın, qəlbin və ruhun libası var — gözlənti libası, ümid libası, təvazökar tövbə libası, iman libası, ehtiram libası. Bu libaslar olmadan Allaha yaxınlaşmamalıyıq. Çox vaxt biz heç bir hazırlıq görmədən Allahın evinə giririk. Əgər hər kəs imanlı cəmiyyətinə ibadətə hazırlaşaraq — qısa duadan, bir az fikirləşdikdən sonra, qısaca özünü təhlil edərək gəlsəydi, o zaman ibadət həqiqi ibadət olardı. Belə ibadət vasitəsilə ruhda, cəmiyyətdə və dünyada daha yaxşı şeylər baş verər.
15-22
Bundan əvvəl biz İsanı, belə demək olarsa, hücumda görürdük. O, ortodoksal yəhudi rəhbərlərini aydın şəkildə təsvir edən üç məsəl söylədi. İki oğul məsəlində (Matta 21:28-32) yəhudi rəhbərləri atasının tələblərini yerinə yetirməyən itaətsiz oğul, pis üzümçülər məsəlində (Matta 21:33-46) pis üzümçülər, padşahın ziyafəti məsəlində isə (Matta. 22:1-14) layiqsiz qonaqlar kimi əksini tapır.
Bu hissədə yəhudi rəhbərlərinin İsaya düşünülmüş suallar verməklə əks hücuma keçdiklərini görürük. Onlar bu sualları hamının qarşısında insanlar İsa Məsihi dinləyərkən verirlər. Məqsədləri isə İsanı xalqın yanında elə Öz Sözləri ilə gözdən salmaq idi. Nəzərə almaq lazımdır ki, İsrail işğal edilmiş ölkə, yəhudilər isə Roma imperiyasının təbəələri idi. Budur, fariseylərin hiyləgərcəsinə tərtib etdiyi sual: «Qeysərə xərac vermək olar, yoxsa yox?»
Əslində, Roma hakimiyyəti üç qanuni vergi toplayırdı. Bunlardan birincisi torpaq vergisi idi. İnsan becərdiyi taxılın 1/10-ni, istehsal etdiyi yağların və şərabın 1/5-ni dövlətə verməli idi. Bu vergi qismən məhsul, qismən də pul şəklində ödənilirdi. Gəlir vergisi də var idi ki, bu da şəxsin gəlirinin 1%-ni təşkil edirdi. 14-65 yaş arası hər bir kişi və 12-65 yaş arası hər bir qadın tərəfindən ödənilən və məbləği bir dinar (vergi ödənilən məbləğ) olan şəxsi vergi də var idi. İsanın sözlərinə görə, şəxsi vergi bir işçinin gündəlik maaşına bərabər idi.
Fariseylərin verdiyi sual İsanı əsl dilemma qarşısında qoydu. Əgər O, Qeysərə verginin ödənilməsinin qanunla icazəli olmadığını desəydi, fariseylər bunu tez bir zamanda romalılara çatdıracaq, Roma hakimiyyətinin gözündə Onu üsyankar kimi təqdim edəcəkdilər. Bunun ardınca isə istər-istəməz Onu həbs edəcəkdilər. Əgər O, vergini Qeysərə ödəməyin vacib olduğunu söyləsəydi, xalqın gözündə nüfuzdan düşərdi. Yəhudilər bütün vergi ödəyiciləri kimi vergi ödəməyə qarşı idilər. Onlar həm də dini nöqteyi-nəzərdən vergi ödəməyi məqbul hesab etmirdilər. Yəhudilər üçün yeganə Padşah Allah idi. İsraildə teokratiya77 idi. Yer üzünün padşahına vergi ödəmək onun padşah gücünü tam hüququ ilə tanımaq və bununla da Allahı təhqir etmək deməkdir. Yəhudilərin nisbətən fanat olanları əcnəbi padşaha vergi ödəməyin Qanuna zidd olduğunu iddia edirdilər. Buna görə də sualları verənlər İsanın verəcəyi istənilən cavabın Ona böyük problem gətirəcəyini düşünürdülər.
Məsələnin ciddiliyini təsdiqləyən daha bir fakt o idi ki, fariseylər və hirodçular İsaya qarşı birləşmişdilər. Adətən, adları çəkilən tərəflər bir-birinə kəskin şəkildə qarşı çıxırdılar. Fariseylər son dərəcə ortodoksal idilər və yad padşaha vergi ödəməyi Allahın səmavi haqqına qəsd hesab edirdilər. Hirodçular isə öz hakimiyyətini romalılara borclu olan və onlarla sıx əməkdaşlıq edən Qalileya padşahı Hirodun partiyasının nümayəndələri idi. Fariseylər və hirodçular, həqiqətən də, qəribə qrup təsiri bağışlayırdılar. Onlar İsaya qarşı birgə nifrətə və Onu aradan götürmək istəyinə görə bir anlıq ümumi istəklərindəki fərqi unutmuşdular. Onlar İsaya qarşı ümumi nifrət və onu aradan qaldırmaq üçün ümumi istəklərindəki fərqləri unutmuşdular. Öz fikirlərində qalmaq istəyən hər kəs İsaya nifrət edəcək. Vergi ödəmək məsələsi sadəcə tarixi cəhətdən maraq doğurmurdu. Matta öz Müjdəsini 80-90-cı illər arasında yazmışdı. 70-ci illərdə Yerusəlim Məbədi dağıdılmışdı. Məbəd yerində olarkən hər yəhudi məbəd vergisi üçün yarım şekel ödəyirdi. Məbədin dağıdılmasından sonra Roma hakimiyyəti bu verginin Romadakı Kapitoli Yupiter məbədinə ödənilməsini əmr etdi. Yəhudi üçün belə bir əmri həzm etməyin nə qədər çətin olduğu başadüşüləndir. Vergi məsələsi İsanın təlimində çətin məsələ idi və ilk Cəmiyyətdə hələ də aktual idi.
İsa imperatorun rəsmi həkk edilmiş bir dinar gətirməyi və Ona göstərməyi xahiş etdi. Qədim dövrlərdə sikkə padşah hakimiyyətinin əlaməti idi. Padşah taxta çıxanda öz sikkəsini kəsdirməyə başlayırdı. Hətta taxt iddiaçısı da öz padşahlıq ləyaqətinin reallığını təsdiqləmək üçün öz sikkəsini kəsdirirdi. Sikkə padşahın mülkü hesab olunurdu və üzərində onun təsviri möhürlənirdi. İsa fariseylərdən və hirodçulardan təsviri sikkənin üzərində möhürlənmiş şəxsin kim olduğunu soruşdu. Cavabında qeysərin təsviri olduğunu eşitdi. İsa dedi: «Onu Qeysərə verin, bu ona məxsusdur. Qeysərinkin qeysərə, Allahınkın da Allaha verin».
İsa Öz ilahi müdrikliyinə görə heç vaxt qanun və qaydalar qoymadı. Buna görə də Onun təlimi əbədidir və heç vaxt köhnəlmir. İsa həmişə prinsiplər qoyur. Bu Onun təliminin böyük və mühüm həqiqətlərindən biridir.
Hər bir məsihçinin ikili vətəndaşlığı var. Əvvəla, o, yaşadığı ölkənin vətəndaşıdır. Məsihçi ölkəsinə çox şey borcludur. Onu qanunsuzluqdan və insanların özbaşınalığından yalnız hökumət, eləcə də bütün dövlət xidmətləri qoruya bilər. Çox az adam özünün şəxsi elektrik, kanalizasiya və ya su sistemini qura bilər. Bunlar ictimai xidmətlərdir. Düzgün qurulmuş dövlətlərdə vətəndaşların dövlətə daha çox borcu var: təhsil, tibbi xidmət, işsizliyə və qocalığa görə maddi təminat. Bütün bunlar vətəndaşların üzərinə bir sıra öhdəliklər qoyur. Məsihçi dürüst insan olduğuna görə layiqli vətəndaş olmalıdır; pis vətəndaş olmaq pis məsihçi olmaq deməkdir. Əgər vicdanlı adamlar hökumətdə iştirakdan imtina edib hər şeyi eqoist, karyerist fanatiklərin öhdəsinə buraxsalar, ölkənin başına saysız-hesabsız fəlakətlər gələ bilər. Məsihçinin dövlət qarşısında öhdəlikləri var, çünki o, hökumətin ona verdiyi ictimai imtiyazlardan istifadə edir.
Məsihçi həm də Səmavi Padşahlığın vətəndaşıdır. Din və prinsip məsələlərində məsihçi Allah qarşısında cavabdehdir. Ola bilər ki, iki vəzifə arasında heç bir konflikt və ziddiyyət yoxdur. Amma məsihçi bir şeyin Allahın iradəsinə uyğun olduğuna əmindirsə, o zaman bunu etmək lazımdır. Yaxud, əksinə, bir şeyin Allahın iradəsinə uyğun olmadığına əmindirsə, ondan imtina etməli və heç bir iştirakı olmamalıdır. Lakin əsl məsihçi həm öz ölkəsinin yaxşı vətəndaşı, həm də Allahın Padşahlığının yaxşı vətəndaşıdır. Bu, İsanın bu hissədə izahını verdiyi əbədi həqiqətdir. O, nə Allah, nə də insan qarşısında öhdəliklərini pozur. O, Peterin dediyi kimi, Allahdan qorxmalı, padşaha hörmət etməlidir (1Peter 2:17).
23-33
Fariseylər hücumlarını bitirib qaçandan sonra sadukeylər döyüşə girdilər.
Sadukeylər sayca az idilər, lakin onlar varlı hakim təbəqənin nümayəndələri — aristokratlar idi. Məsələn, baş kahinlər sadukeylər idi. Əgər siyasətdə Roma hakimiyyəti onlara öz imtiyazlarını qoruyub saxlamağa imkan verirdisə, onlar əməkdaşlıq etməyə hazır idilər. Onlar yunan ideyalarını və yunan fəlsəfəsini qəbul etməyə tamamilə hazır idilər. Onlar yəhudi inanclarında ənənəçi idilər. Onlar fariseylər üçün böyük əhəmiyyət kəsb edən yazılmamış qanunu və ilahiyyatçıların qanununu qəbul etməkdən imtina etmişdilər. Onlar bir az da irəli gedərək Müqəddəs Yazıların yalnız bir hissəsini — Əhdi-Ətiqin ilk beş kitabı olan, Musanın beş kitabını vacib sayırdılar. Onlar peyğəmbərləri və Müqəddəs Yazıların poetik kitablarını ümumiyyətlə qəbul etmirdilər. Onlar xüsusilə axirət məsələsində fariseylərlə razılaşmırdılar. Çünki axirət həyatını tamamilə rədd edirdilər. Fariseylər hətta dirilməni inkar edən hər kəsin Allahdan uzaq düşdüyünü bildirirdilər.
Sadukeylər iddia edirdilər ki, Musanın Beş kitabı ilə axirətin varlığına dair heç bir nəticə çıxarmaq olmaz. Fariseylər də öz növbəsində deyirdilər ki, belə bir nəticəyə gəlmək olar. Onların arqumentlərini nəzərdən keçirmək bizim üçün də maraqlı olardı. Fariseylər Saylar 18:28-dən sitat gətirirdilər. Həmin ayədə deyilir: «Beləliklə, İsrail övladlarından alacağınız onda birlərinizin hamısından Rəbbə qaldırma təqdimini gətirib kahin Haruna verin». Bu, bütün zamanlara aiddir. Fel indiki zamandadır, ona görə də Harun hələ də sağdır! Onlar Qanunun təkrarı 31:16-ya istinad edirdilər: «Bu xalq da...». Heç də uğurlu istinad deyil. Çünki sonra deyilir: «...gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək». Onlar həmçinin Qanunun təkrarı 32:39-a da istinad edirdilər: «Mənəm öldürən və həyat verən...» Musanın Beş kitabından başqa, onlar Yeşaya 26:19-a istinad edirdilər: «Sənin ölənlərin həyata qovuşacaq...». Demək olmazdı ki, fariseylərin sitatlarından ən azı biri, həqiqətən, inandırıcı idi. Musanın Beş kitabındakı sitatların heç biri ölülərin dirilməsinin lehinə ciddi dəlil deyildi.
Fariseylər mütləq şəkildə bədənin dirilməsinin tərəfdarı idilər. Onlar qaranlıq qalan sualları müzakirə edirdilər: insan əynində paltar, yoxsa çılpaq halda diriləcək? Əgər dirilərkən əynində paltar olacaqsa, öldüyü paltar olacaq, yoxsa başqası? Onlar insanların ölümdən sonra da yer üzündəki görünüşlərini saxladıqlarının sübutu olaraq 1Şamuel 28:14-dən nümunə gətirirdilər. Həmin ayədə En-Dor sehrbazı Şaulun xahişi ilə Şamuel peyğəmbərin ruhunu çağırmışdı. Hətta iddia edirdilər ki, insanlar onların ölümünə səbəb olan fiziki qüsurlarla dirilirlər — çünki əks halda, eyni insanlar və şəxslər olmazlar! Bütün yəhudilər Müqəddəs Torpaqda diriləcəklər. Buna görə də fariseylər deyirdilər ki, yerin altında boşluqlar və çatlar var. Əgər yəhudilərdən kimsə yad ölkədə dəfn edilərsə, onun meyiti vətənə çatana qədər bu mağaralardan və çatlardan yuvarlanacaq. Fariseylər insanın cismən dirilməsi haqqında təlimə böyük əhəmiyyət verirdilər. Sadukeylər isə əksinə, bu təlimi tamamilə inkar edirdilər.
Sadukeylər, onların fikrincə, bədənin dirilməsi təlimini absurdluq həddinə çatdıran bir sual verdilər. Yəhudilərin levirat78 adəti var idi, lakin bunun praktikada nə qədər tətbiq edildiyi şübhə doğurur. Əgər bir kişi övladsız vəfat edibsə, özündən sonra nəslini davam etdirəcək oğlu yoxdursa, qardaşı dul qadını arvadlığa götürməli və qardaşı üçün ondan uşaq dünyaya gətirməli idi. Qanunla belə uşaqlar onun qardaşının övladları sayılırdı. Əgər kişi dul qadınla evlənməkdən imtina edərsə, hər ikisi ağsaqqalların yanına getməli idilər. Qadın qaynının ayaqqabısının bağını açmalı, üzünə tüpürməli, onu lənətləməli idi. Bundan sonra lənət həmin adamın üzərində qalırdı (Qanunun təkrarı 25:5-10). Sadukeylər bir leviratdan misal çəkdilər: onlar bir-birinin ardınca eyni qadınla evlənib oğul sahibi olmadan ölən yeddi qardaşdan misal çəkdilər. Sonra isə belə sual verdilər: «İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq?» Bu, həqiqətən də, tələyə salan sual idi.
İsa Məsih bir prinsip qoymaqla başladı. Bütün sual mühüm bir səhv üzərində qurulub — göylərə dünyəvi terminlər və anlayışlar nöqteyi-nəzərindən baxmaq, əbədiyyəti zaman baxımından düşünmək. İsa cavab verdi ki, Müqəddəs Yazıları oxuyan hər kəs sualın əhəmiyyətsiz olduğunu görməlidir, çünki cənnət bu dünyanın sadəcə davamı deyil. Göylərdə fiziki əlaqələri üstələyən yeni və daha gözəl münasibətlər olacaq.
Sonra İsa sadukeylərin mövqeyini tamamilə məhv edən suala keçdi. Onlar elə düşünürdülər ki, Musanın Beş Kitabında bədənin dirilməsini sübuta yetirmək üçün istinad ediləcək yer yoxdur. Bəs Beş Kitabda Allahın ən çox yayılmış adı nədir? «İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı». Allah ölü və çürümüş bədənlərin Allahı ola bilməz. Yaşayan Tanrı canlı insanların Allahı olmalıdır. Beləcə, sadukeylərin mövqeyi məhv edildi. İsa ən ağıllı ravvinlərin bacarmadığını etdi. İsa Müqəddəs Yazılardakı bir mətnlə sadukeyləri təkzib etdi, onlara dünyəvi anlayışlarla dərk edilməyən bir axirət həyatının olduğunu göstərdi. Camaat belə bir mülahizə irəli sürən ustadı gördükdə heyrətləndi, hətta fariseylər İsanı tərifləməkdən özlərini güclə saxladılar.
34-40
Mattanın Müjdəsində məsələ elə təqdim olunur ki, sanki bu sualdan sonra fariseylər yenidən İsaya qarşı hücuma keçirlər. Lakin Markın Müjdəsində tamamilə fərqli atmosfer var. Markın təqdimatında (Mark 12:28-34) ilahiyyatçı İsaya bu sualı Onu sınamaq üçün deyil, sadukeylərin baxışlarını təkzib etdiyinə görə, suallara müdrikcəsinə necə cavab verdiyini göstərmək üçün minnətdarlıq hissi ilə verir. Bu hissə İsa və ilahiyyatçının bir-birinə yaxın olması ilə bitir.
Demək olar ki, İsa burada iman yolunun tam tərifini verir.
İman yolunun məğzi Allahı sevməkdən ibarətdir. İsa Qanunun təkrarı 6:5-dən sitat gətirir. Bu ayə yəhudilikdə inancın əsasları və əsas hissəsi olan Şemanın bir parçasıdır. Bu ayə yəhudilərin bu günə qədər olan bütün xidmətlərinin mahiyyətini açır. Bu ayə hər bir yəhudi uşağın əzbərlədiyi ilk mətndir. Bu o deməkdir ki, biz bütün sevgimizi — hisslərimizə sahib olan, düşüncələrimizi və hərəkətlərimizi istiqamətləndirən sevgimizi Allaha verməliyik. Hər iman yolu məhəbbətlə başlayır — özündə Allaha həsr olunmuş həyatı təcəssüm etdirən məhəbbətlə.
İsanın sitat gətirdiyi ikinci əmr Levililər 19:18-dəndir. Allaha olan sevgimiz insanlara məhəbbətlə ifadə olunmalıdır. Əmrlərin hansı ardıcıllıqla verildiyinə diqqət yetirməliyik: əvvəlcə Allahı, sonra insanı sevməliyik. Biz insanı ancaq Allahı sevərək sevə bilərik. Müqəddəs Kitab təliminə görə, insan sadəcə olaraq kimyəvi elementlərdən ibarət deyil — insan Allahın surətində yaradılmışdır (Yaradılış 1:26,27). Məhz buna görə də insanı sevmək olar. İstənilən demokratiyanın əsl mahiyyəti, əslində, Allah sevgisidir. İnsana məhəbbət Allaha məhəbbətə əsaslanır.
Həqiqi imanlı olmaq — Allahı sevmək və Onun Öz surətində yaratdığı insanları sevməkdir; Allahı və insanı qeyri-müəyyən və sentimental sevgi ilə yox, özünü tamamilə Allaha həvalə edərək, insanlara əməli xidmət göstərərək sevməkdir.
41-46
Bu, İsanın indiyə qədər söylədiyi ən qaranlıq məqam kimi görünə bilər. Bəlkə də bu, həqiqətən də, ən qaranlıq olanıdır, lakin buna baxmayaraq, çox maraqlı bir ifadədir. İlk baxışdan onun tam mənasını dərk edə bilməsək də, onu əhatə edən heyrət və ehtiram mühitini hiss edə bilərik.
Biz dəfələrlə gördük ki, İsa şagirdlərinə Məsihçiliyin nə olduğunu öyrətməyənə qədər Onun Məsih olduğunu elan etməyi qadağan etmişdi. Onların Məsih haqqında təsəvvürlərini kökündən dəyişmək lazım idi.
Məsih üçün ən çox yayılmış titul Davudun Oğlu idi. Bunun arxasında günlərin bir gün Davudun nəslindən olan, İsrailin düşmənlərini məhv edəcək və xalqı bütün xalqları fəth etməyə aparacaq böyük bir şahzadənin peyda olacağı gözləntiləri dayanırdı. Qüdrət və şöhrət baxımından Məsih deyiləndə, adətən, sırf millətçi, siyasi, hərbi güc başa düşülürdü. İsanın bu fikri dəyişdirmək üçün başqa bir cəhdi elə budur.
O, fariseylərdən onların fikrincə, Məsihin kimin Oğlu olduğunu düşündüklərini soruşdu. Cavab Onun gözlədiyi kimi oldu: «Davudun Oğlu». Sonra İsa Zəbur 110:1-dən sitat gətirdi: «Rəbb mənim Ağama dedi... sağımda otur». Hamı bu mətnin Məsihdən bəhs etdiyini düşünürdü. Birincisi Rəbb Allahdır, ikincisi Rəbb Məsihdir. Başqa sözlə, Davud Məsihi Rəbb adlandırır. Bəs Məsih Davudun Oğludursa, Davud öz oğluna necə Rəbbim deyə bilər?
Buradan belə aydın olur ki, Məsihi sadəcə Davudun Oğlu adlandırmaq olmaz. O, Davudun oğlu deyil. O, Davudun Rəbbidir. İsa korlara şəfa verəndə Onu Davudun Oğlu adlandırırdılar (Matta 20:30); Yerusəlimə girəndə camaat onu Davudun Oğlu kimi alqışladı (Matta 21:9). İsa burada deyir: "Məsihi Davudun Oğlu adlandırmaq kifayət deyil. Onun haqqında Davudun nəslindən olan şahzadə və yer üzündə qalib gələn biri kimi danışmaq kifayət deyil. Yuxarıya baxın, çünki Məsih Davudun Rəbbidir".
İsa bununla nə demək istəyirdi? O, bununla yalnız bir şeyi nəzərdə tuta bilərdi: Onun düzgün təyinatı — Allahın Oğludur. Davudun Oğlu yersiz tituldur, yalnız Allahın Oğlu düzgündür. Belə olan halda, Məsih haqqında Davud nəslindən olan fateh kimi deyil, səmavi və fədakar məhəbbət simvolu kimi danışmaq lazımdır. O, burada ən böyük və ən yüksək bəyanatı verir: İsada Davudun hərbi qələbələrini təkrarlayacaq yer üzünün fatehi deyil, Çarmıxda hər kəsə Allahın məhəbbətini göstərən Allahın Oğlu gəldi.
O gün, əlbəttə ki, yalnız bir neçə nəfər İsanın nə demək istədiyini başa düşdü. İsa bu sözləri deyəndə, hətta ən qəddar insanlar da əbədi sirrin qarşısında lərzəyə gəldilər. Onlarda ehtiram hissi yarandı, onlar Allahın səsini eşitdilər və bir anlıq İsada Allahın üzünü gördülər.
Əgər insan temperament baxımından həssas, əsəbi və tez özündən çıxandırsa, başqalarından şiddətli qəzəb püskürməsi ilə seçilirsə, onun qəzəbi heç kimə təsir göstərmir. Qəddar və əsəbi insanın qəzəbinə heç kim fikir vermir. Lakin təvazökar, mülayim və sevgi dolu bir insan qəflətən qəzəbdən partlayırsa, bu, hətta ən düşüncəsiz insanı belə düşündürür. Elə buna görə İsanın qəzəbi onu görənlərdə belə bir qorxu yaratdı. Ədəbiyyatda İsanın ilahiyyatçılara və fariseylərə qəzəblənməsi kimi amansız və haqlı ittihama nadir hallarda rast gəlinir. Fəslin ətraflı öyrənilməsinə keçməzdən əvvəl, ilahiyyatçıların və fariseylərin hansı yeri tutduqlarını görmək maraqlıdır.
Yəhudilər öz dinlərinin bütövlüyü və tarixi davamlılığı haqqında dərin və güclü bir hissə malik idilər. Buna görə də onların hansı yeri tutduqlarını başa düşməyin ən yaxşı yolu onların yəhudilər arasında ilk dəfə nə vaxt göründüyünə baxmaqdır. Yəhudilərin belə bir sözü var idi: «Musa Qanunu qəbul etdi və onu Nun oğlu Yeşuaya, Yeşua ağsaqqallara, ağsaqqallar peyğəmbərlərə, peyğəmbərlər isə Böyük Ali Şuranın ağsaqqallarına verdi». Bütün yəhudi dini, ilk növbədə, On Əmrə, sonra isə Beş Kitaba, Qanuna əsaslanır.
Yəhudilərin tarixi onları Qanun gətirən xalq təyin edib. Hər bir xalq kimi onların da böyüklük təsəvvürləri var idi. Amma tarixin təcrübəsi bu arzunu xüsusi bir istiqamətə yönəltmişdi. Yəhudilər aşşurlular, babillilər, farslar tərəfindən fəth edildi, Yerusəlim dağıdıldı və viran edildi. Yəhudilər yaxşı başa düşürdülər ki, onlar siyasi güc əldə edə bilməzlər. Siyasi hakimiyyətin onlar üçün əlçatmaz olmasına baxmayaraq, yəhudilər Qanuna sahib idilər. Onların nəzərində isə Qanun dünyanın ən böyük və ən qiymətli sərvəti olan Allahın Kəlamı idi.
Onların tarixində elə bir məqam gəldi ki, Qanunun bu mühüm əhəmiyyəti hamı tərəfindən tanındı. İradəli, düşünülmüş qərarların qəbul edilməsi nəticəsində İsrail xalqı özünəməxsus mənada Qanun xalqına çevrildi. Ezra və Nehemyanın rəhbərliyi altında İsrailə, Yerusəlimə qayıtmağa, xaraba qalmış şəhəri bərpa etməyə və milli birliklərini bərpa etməyə icazə verildi. Gözəl günlərin birində qanunşünas Ezra Musanın Qanun kitabını götürdü və oradan yəhudilərə oxumağa başladı. Elə bu vaxt xalq özünü Qanunun yerinə yetirilməsinə həsr etdi (Nehemya 8:1-8).
Həmin gündən Qanun öyrənmək yəhudilər arasında ən böyük məşğuliyyətə çevrildi. Qanunun öyrədilməsi Ali Şuranın adamlarına, ilahiyyatçılara həvalə edildi.
Qanunun böyük prinsiplərinin minlərlə kiçik norma və qaydalara necə parçalandığını artıq görmüşük (Matta 5:17-20-nin müzakirəsinə baxın). Biz, məsələn, Qanunun şənbə günü işləməməyi əmr etdiyini və ilahiyyatçıların işin nə demək olduğunu müəyyənləşdirmək üçün çox səy göstərdiyini gördük. Onlar bir insanın şənbə günü neçə addım gedə biləcəyini, nə qədər yük daşıya biləcəyini, edə biləcəyi və edə bilməyəcəyi hər şeyi təyin etdilər. Bu kitabın təfsiri tamamlandıqda bu qaydalar əlli cildi əhatə edirdi.
İsrailin Yerusəlimə qayıtması və Qanuna ilk həsrolunma təxminən eramızdan əvvəl 450-ci ildə baş vermişdi. Bundan çox illər sonra fariseylər peyda oldular. Eramızdan əvvəl 175-ci ildə suriyalı Antiox Epifan yəhudi dinini kökündən silmək, yunan dinini, yunan həyat tərzini və adətlərini tanıtmaq üçün ciddi şəkildə cəhd göstərmişdi. Məhz o zaman fariseylər xüsusi təriqətə çevrildilər. Farisey xüsusi, ayrılmış deməkdir. Onlar bütün ömürlərini, ilahiyyatçıların işləyib hazırladıqları qayda və normaların xırdalığına kimi icrasına həsr etmiş insanlar idilər. Təhlükəyə baxmayaraq, onlar bütün həyatlarını rəsmi və hüquqi formada yəhudiliyin normalarına əməl etməyə həsr etmişdilər. Onlar get-gedə artan dini norma və qaydaları qəbul edən insanlar idilər.
Onların sayı həmişə az olub — heç vaxt altı mini keçmirdi. Çünki hamıya aydın idi ki, Qanunun hər kiçik qaydasına riayət etmək qərarına gəlmək, başqa heç nəyə vaxt tapmamaq deməkdir. Qanuna əməl etmək üçün insan normal həyatdan ayrılmalıdır.
Fariseylər barədə danışarkən ilkin növbədə qeyd etmək lazımdır ki, onlar Qanunun sadiq tərəfdarları idilər. Onların nəzərində din, Qanunun hər bir xırdalığına riayət etmək demək idi. İkincisi, onlar öz dinlərinə son dərəcə ciddi yanaşırdılar. Çünki ciddi qəbul edilməsəydi, heç kim belə ağır həyat sürməyə razı olmazdı. Buna görə də fariseylərdə Qanuna ibadətdən gələn bütün çatışmazlıqlar və fədakarlığın bütün comərdliyi eyni vaxtda özünü göstərə bilərdi. Farisey quru və ya təkəbbürlü ilahiyyatçı ola bilər, lakin o, həm də Allaha çox bağlı insan ola bilər.
Bu, heç də məsihçilərin fariseylər haqqında olan baxışları deyil. Çünki yəhudilər özləri də fariseyləri eyni şəkildə mühakimə edirdilər. Talmudda fariseylərin yeddi növü sadalanır.
Nümayişkar farisey. O, Qanuna riayət etməkdə dəqiq idi, amma yaxşı işlərini nümayişkarcasına edirdi, pak və xeyirxah bir insan kimi şöhrət qazanmağa çalışırdı. O, Qanuna əməl edirdi, amma bunu hamı görsün deyə edirdi.
«Bir az gözlə» farisey. Belə fariseyin yaxşı işi «sonra»ya təxirə salması üçün həmişə bəhanəsi olurdu. O, ən sərt fariseylərin əqidəsini təbliğ edirdi, lakin hərəkətləri sözləri ilə uyğun gəlməyəndə, həmişə bir bəhanə tapa bilirdi. O danışırdı, amma əməl etmirdi.
Yaralanmış farisey. Bu adın bir çox səbəbi var. Qadınlar İsraildə çox aşağı mövqe tuturdular. İctimai yerdə bir qadınla, hətta arvadı və ya bacısı ilə danışan ciddi bir ortodoksal müəllim görmək mümkün deyildi. Bu fariseylər daha da irəli gedərək küçədə bir qadına baxmağa belə icazə vermirdilər. Küçədə gözlərini yumduqlarından divarlara, binalara və digər maneələrə çırpılırdılar. Buna görə onların hamısı cızılmış, göyərmiş, hətta yaralar almış vəziyyətdə olurdu. Bu cızıqlar və yaralar onların qeyri-adi dindarlığının xüsusi əlaməti idi.
Həvəngdəstə farisey, ya da onu, qozbel və ya büdrəyən farisey. Onlar saxta təvazökarlıq göstərirdilər. Onların təvazökarlığı o qədər «böyük» idi ki, ayaqlarını yerdən belə qaldırmır, hər maneədə büdrəyib yıxılırdılar. Onların təvazökarlığı və itaəti saxta idi, özlərini reklam edirdilər.
Həmişə sayan və ya hesab tutan farisey. Bu fariseylər daim öz yaxşı işlərini sayırdılar. Daim öz aralarında Allahla haqq-hesab çəkirdilər və inanırdılar ki, hər bir yaxşı əmələ görə Allah onlara daha çox borcludur. Onlar dinə həmişə müsbət və ya mənfi tarazlıq baxımından baxırdılar.
Utancaq və ya qorxaq farisey. Onlar həmişə səmavi cəzadan qorxurdular. Onlar həmişə dinə bir mühakimə, həyata isə bu hökmdən qaçmaq üçün dəhşətli bir cəhd kimi baxırdılar.
Nəhayət, Allahı sevən farisey. Bu fariseylər Allahı həqiqətən və sidq ürəkdən sevirdilər, nə qədər çətin olsa da, Allahın Qanununa tabe olmaqdan zövq alırdılar.
Yəhudilər fariseyləri belə təsnifləşdirirdilər. Qeyd etmək lazımdır ki, onların altı mənfi və yalnız bir müsbət cəhəti var idi. İsanı dinləyənlərin çoxu, yəqin ki, fariseyləri ifşa edən hər sözü təsdiqləyirdi.