1-11
Bu hissədə biz İsanın həyat dramının son aktına daxil oluruq. Bu, həqiqətən də, dramatik bir məqamdır.
Pasxa bayramı idi. Yerusəlim və bütün ətrafı zəvvarlarla dolu idi. Otuz il sonra Roma hakimi Pasxa bayramında Yerusəlimdə kəsilən quzuları sayır və onların sayının 250 minə yaxın olduğunu görür. Pasxa haqqında Qanuna əsasən, ən azı on nəfərdən ibarət qrupa bir quzu kəsilirdi. Bu da Yerusəlimdə Pasxa bayramına 2,5 milyondan çox insanın toplaşması demək idi. Qanuna görə, Qüdsdən 30 km-ə qədər uzaqlıqda yaşayan hər yetkin yəhudi kişi Pasxa üçün Yerusəlimə gəlməli idi. Lakin yəhudilər ən böyük bayramlarına təkcə İsraildən deyil, dünyanın hər yerindən toplaşırdılar. İsa bundan daha dramatik an seçə bilməzdi. O, dindar adamlarla dolu bir şəhərə gəldi.
İsa Məsih şagirdlərini «kənd»ə göndərir ki, eşşək və sıpa gətirsinlər. Matta Bet-Faqe haqqında, Mark isə həm Bet-Faqe, həm də Beyt-Anya haqqında danışır (Mark 11:1).
Şübhəsiz ki, bu, Beyt-Anya kəndi idi. İsa əvvəlcədən bilirdi ki, eşşək və sıpa oradadır.
Beləliklə, İsa Yerusəlimə daxil olur. Bu sıpanı heç kim minməmişdi, bu da onu müqəddəs məqsəd üçün xüsusilə yararlı edirdi. Təqdis prosedurunda lazım olan qırmızı düyə elə olmalı idi ki, «boynuna boyunduruq taxılmasın» (Saylar 19:2; Qanunun təkrarı 21:3); Üzərində Rəbbin sandığının daşındığı araba təzə olmalı idi. Bu arabadan əvvəllər başqa məqsədlər üçün istifadə edilə bilməzdi (1 Şamuel 6:7). Sıpaya daha əvvəl heç kimin minməməsi də həmin anın xüsusi müqəddəsliyini vurğulayırdı.
Xalq İsanı padşah kimi qəbul etdi: camaat paltarlarını yola sərirdi. Yehunun padşah elan edildiyi zaman onun dostları məhz belə etmişdilər (2Padşahlar 9:13). İnsanlar xurma ağaclarının budaqlarını kəsib yelləyirdilər. Şimon Makkabi çox vacib qələbədən sonra Yerusəlimə gələndə xalq məhz belə etmişdi (1Makkabilər 13:51).
İnsanlar İsanı zəvvar kimi qarşıladılar. Çünki bayrama gələn zəvvarları «Rəbbin ismi ilə gələnə alqış olsun!» (Zəbur 118:26) salamlaması ilə qarşılayırdılar.
Camaat "Hosanna!" deyə qışqırırdı. Bu sözün mənasını düzgün başa düşmək üçün diqqətli olmalıyıq. Hosanna — indi xilas edin deməkdir. İnsanlar sıxıntı və ya kədərli anlarında bu fəryadla öz padşahlarına və ya Allaha müraciət edirdilər. Bu, əslində, Zəbur 118:25-dən sitatdır: «Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər!» «Ən ucalarda hosanna!» ifadəsi aşağıdakı mənanı verə bilər: «Qoy ən yüksəklərdə olan mələklər belə «İndi xilas et!» deyə Allaha fəryad etsinlər».
Ola bilsin ki, hosanna sözü öz ilkin mənasını bir qədər itirib və bir növ «Salam!» deyə nidaya çevrilib. Lakin hər şeydən əvvəl bu, xalqın sıxıntılı günlərində xilas, kömək çağırışı idi; əsarətdə olan xalqın öz Padşahına və Xilaskarına fəryadı idi.
Bu vəziyyətdə İsanın hərəkətlərinin düşünülmüş və planlaşdırılmış olduğunu güman edə bilərik. O, insan şüurunu oyatmaq üçün bir üsuldan istifadə etmişdir. Həmin üsul peyğəmbərlərin istifadə etdiyi metodlarla sıx bağlı idi. Onlar İsrailin bütün tarixi boyu laqeydlik və dərk etməmək səddi qarşısında sözlərin faydasız və aciz olduğunu hiss edəndə, sözlərini obrazlı şəkildə çatdırırdılar. Belə olan halda, həmin sözləri anlamamaq mümkün deyildi. Əhdi-Ətiqdəki bir çox nümunədən ən məşhur ikisinə nəzər salacağıq.
Rexavamın səbirsizliyinə və axmaqlığına padşahlığın tab gətirməyəcəyi, Yarovamın gələcək padşah seçiləcəyi aydın olanda, Şilolu peyğəmbər Axiya gələcəyi bildirmək üçün dramatik üsul seçdi. O, təzə paltar geyindi, çölə çıxdı və yolda təkbaşına gəzən Yarovama rast gəldi. Axiya paltarını on iki hissəyə cırdı. O, on iki hissədən on hissəsini Yarovama verdi, ikisini isə özünə saxladı. Bununla da Yarovama başa saldı ki, on iki qəbilədən onu Yarovamı dəstəkləmək üçün üsyana hazırdır. Qalan iki qəbilə isə Rexavama sadiq qalacaq (1Padşahlar 11:29-32). Obrazlı şəkildə çatdırılan peyğəmbərlik budur.
Yeremya peyğəmbər israillilərin boş nikbinliyinə baxmayaraq, babillilərin İsraili hər an işğal edə biləcəyinə əmin olduqdan sonra, qayışlarla bağlanan taxta bir boyunduruq düzəldib boynuna taxdı ki, hamı görsün. Digər qayışla boyunduruğu isə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına göndərdi. Bu dramatik hərəkəti ilə o, hamıya başa saldı ki, qarşıda hər kəsi yalnız köləlik və əsarət gözləyir (Yeremya 27:1-6). Yalançı peyğəmbər Xananya sadəlövh nikbinliklə Yeremyanın düşüncəsinin ona görə səhv olduğunu göstərmək istəyəndə, boyunduruğu boynundan çıxarıb sındırdı (Yeremya 28:10-11).
Peyğəmbərlər sözlərinin insanları inandırmadığını görəndə, xəbərlərini, adətən, dramatik hərəkətlərlə çatdırırdılar.
İsanın dramatik hərəkətləri İsrail tarixindəki iki epizodla əlaqələndirilir.
1. Birincisi, onlar Zəkəriyyə 9:9-dakı mənzərə ilə əlaqələndirilir. Burada peyğəmbər padşahın Yerusəlimə daxil olduğunu, eşşək və sıpa üzərində oturduğunu görür. Bu dramatik davranış bütün insanlara İsanın həqiqi Məsih olduğunu başa salmaq üçün idi. Burada O, Allahın həqiqi məsh olunmuşu kimi xalqın qarşısında dayanır. Özü də elə bir vaxtda ki, Yerusəlim ölkənin, ümumiyyətlə, dünyanın hər yerindən gələn yəhudilərlə qaynayıb-qarışırdı. İsanın bu bəyanatla nə demək istədiyini biz hələ sonra görəcəyik. Amma Onun bu bəyanatı verdiyinə heç bir şübhə yoxdur.
2. Lakin İsanın başqa niyyəti də ola bilərdi. Yəhudi tarixinin ən böyük faciələrindən biri eramızdan əvvəl 175-ci ildə Suriya padşahı Antiox Epifan tərəfindən Yerusəlimin ələ keçirilməsidir. Antiox yəhudiliyi kökündən silməkdə və yunan həyat tərzini və yunan tanrılarına sitayişi İsrailə gətirməkdə qərarlı idi. O, qurbangahda Olimpiya tanrısı Zevsə donuzu qurban gətirməklə qəsdən Yerusəlim məbədini murdarladı. Hətta Məbədin otaqlarını pozğunluq yuvasına çevirdi. Məhz o zaman Makkabilər Antioxa qarşı üsyan qaldırdılar və sonda öz ölkələrini xilas etdilər. Vaxt gəldi, Yerusəlim yenidən azad edildi, murdarlanmış Məbəd bərpa olundu, təmizləndi və təqdis edildi. Biz 2Makkabilər10:7-də bu böyük günün qeyd edilməsi haqqında oxuyuruq: «Buna görə də sarmaşığa bürünmüş əsalar, gözəl budaqlar və xurma budaqları daşıyaraq Özünə məxsus olan müqəddəs yerin pak edilməsini uğurla nəticələndirən Rəbbə həmd ilahiləri oxudular». O gün xalq xurma budaqlarını götürüb məzmurlar oxudu. Bu, İsanın Yerusəlimə girərkən onu qarşılayan insanların etdikləri ilə eynidir.
Əslində, İsa Allahın evini təmizləmək üçün Yerusəlimə daxil oldu. Eynilə iki yüz əvvəl Yəhuda Makkabinin etdiyi kimi. İsa da məhz belə etdi. O, bu dramatik rəmzlərlə yalnız Allahın Onu məsh etdiyi barədə deyil, həm də Allahın evini və ibadətləri murdar edən sui-istifadə hallarından təmizləmək barədə danışırdı. Məgər Malaki peyğəmbər deməmişdimi ki, Rəbb qəflətən Öz məbədinə gələcək (Malaki 3:1)? Məgər Yezekel öz görüntüsündə görmədimi ki, Allahın hökmü müqəddəs yerdən başlayacaq (Yezekel 9:6)?
Bu hadisə ilə bağlı araşdırmamızı yekunlaşdıraraq, gəlin İsaya və Onun roluna nəzər salaq. Burada üç xüsusiyyət görürük.
1. Biz İsanın cəsarətini görürük. İsa yaxşı bilirdi ki, düşmən şəhərə girir. Camaat nə qədər xoş qarşılasa da, hakimiyyət Ona nifrət edirdi və Onu məhv edəcəyinə and içmişdi. Onun yerində olan hər kəs Yerusəlimə gizli yolla daxil olmağı məqbul sayar və qaranlıqda haradasa gizlənmək üçün kənar küçələrdən keçərdi. Amma İsa Yerusəlimə qəsdən elə daxil oldu ki, diqqət mərkəzində olsun və hamının nəzəri Ona yönəlsin. Son günlərində Onun hər bir hərəkətində əzəmətli və ehtişamlı çağırış var idi. Burada O, şüurlu şəkildə dindarlara və fariseylərə çağırış edir ki, onlar nəzərdə tutduqları işləri yerinə yetirsinlər.
2. Biz İsanın iddiasını görürük. Biz Onun Allahın Məsihi, Allahın Məsh olunmuşu olduğunu iddia etdiyini görürük. Biz hətta burada Onun Məbədin təmizləyicisi olduğuna dair iddiasını görürük. Əgər İsa Məsih peyğəmbərlik iddiası ilə kifayətlənsəydi, bəlkə də ölməzdi. Lakin İsa ən yüksək yerə iddia edir. Biz İsanı ya Rəbb, Xilaskar, Padşah kimi qəbul edə, ya da ümumiyyətlə, heç qəbul etməyə bilərik.
3. Biz həm də İsanın çağırışını görürük. O, Yerusəlimdəki padşah taxtına iddia etmirdi. O, ürəklərə hökm etmək iddiasında idi. O, təvazökarlıqla eşşəyin üstündə gəldi. Bunu düzgün başa düşmək lazımdır. Qərbdə eşşək alçaq heyvandır, lakin şərqdə nəcib heyvan ola bilər. Bəzən padşahlar eşşəyə minirdilər. Bu hal onların sülhlə gəlməsi demək idi. At döyüş, eşşək isə sülh anlamını verirdi. İsa Özünü padşah adlandırmaqla dünyanın padşahı olduğunu iddia edirdi. O, məhv etməyə yox, sevməyə gəldiyini göstərirdi. Qınamaq yox, kömək etmək üçün, silahla yox, sevginin gücü ilə gəldiyini göstərirdi.
Beləliklə, biz burada eyni zamanda Məsihin cəsarətini, Onun iddiasını və çağırışını görürük. Bu, insanlara saraylarını deyil, qəlblərini Ona açması üçün son dəvət idi.
12-14
Əgər Yerusəlimə daxil olmaq hakimiyyətə bir meydan oxumaq idisə, onda Məbədə girmək daha böyük meydan oxumaq idi. Bu mənzərənin gözümüzün qarşısında canlanması üçün biz Məbəd təsəvvür etməliyik.
Əhdi-Cədiddə iki söz məbəd kimi tərcümə olunur. Hər iki halda da bu, düzgün tərcümədir. Amma onlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məbədin özü naos adlanır. Bu, Müqəddəs və ən Müqəddəs yeri özündə birləşdirən nisbətən kiçik bina idi. Bura yalnız baş kahin girə bilərdi, özü də yalnız Kəffarə Günündə. Amma naosun ətrafında bir-birinin ardınca düzülmüş geniş həyətlər vardı. Birinci həyət bütpərəstlərin idi, buradan hər kəs keçə bilərdi. Bütpərəstlər üçün ayrılmış həyətdən digər həyətə keçənlər ölüm cəzasına məhkum idi. Bundan sonra Gözəl qapıdan keçib qadınların həyətinə girmək olurdu. Buradan hər bir israilli keçə bilərdi. Daha sonra israillilərin həyəti gəlirdi. Həyətə böyük korinf tuncundan hazırlanmış Nikanor darvazasından girmək olardı. Darvazanı iyirmi nəfər açıb-bağlayırdı. Bu həyətdə insanlar məbəd xidmətlərinə toplaşırdılar. Daha sonra yalnız kahinlərin daxil ola biləcəyi kahinlər həyəti gəlirdi. Burada böyük yandırma qurbangahı, buxur üçün qurbangah, yeddi şamdan ibarət çıraqdan, təqdis çörəkləri üçün masa və yuyunmaq üçün böyük tunc ləyən var idi. Kahinlərin həyətindən sonra isə naos gəlirdi. Bütün həyətlər də daxil olmaqla ərazi Müqəddəs Kitabda Məbəd adlanır. Yunan dilində isə bu hierondur. Bu iki məfhumu bir-birindən ayırsaq, daha yaxşı olardı. Məbəd sözü ilə Məbədi, yəni naos üçün yeri, hier sözü ilə isə Məbədə aid olan bütün həyətləri adlandıraq.
Bu hissə hər kəsin keçə biləcəyi bütpərəstlərin həyətində əksini tapır. Bu həyət həmişə insanla dolu olurdu, həmişə qaynayırdı. Pasxa bayramında dünyanın hər yerindən zəvvarlar gələndə bura izdihamlı olurdu. Orada bütpərəstlər həmişə çoxluq təşkil edirdi. Çünki Yerusəlim Məbədi bütün dünyada məşhur idi. Roma yazıçıları onu ən heyrətamiz tikililərə aid edirdilər.
Bütpərəstlərin həyətində iki növ ticarət var idi. Birincisi, orada pul dəyişirdilər. Pasxa bayramı ərəfəsində hər bir yəhudi yarım şekel məbəd vergisi ödəməli idi. Pasxadan bir ay əvvəl bu verginin ödənməsi üçün bütün şəhər və kəndlərdə köşklər qurulurdu. Lakin müəyyən gündən etibarən bu vergi yalnız Məbədin özündə ödənilə bilərdi. Başqa ölkələrdən gələn zəvvarların da böyük əksəriyyəti vergini orada ödəyirdi. Bu vergi yalnız bir valyutada tutulurdu. İsraildə başqa məqsədlər üçün bütün valyutalar istifadə edilə bilərdi. Bu vergi gümüş külçə və ya külçələrlə deyil, yalnız kəsilmiş sikkələrlə ödənilə bilərdi. Ərintisi aşağı keyfiyyətli olan və ya kənarları kəsilmiş sikkələrlə vergi ödəmək qadağan idi. Ancaq yüksək keyfiyyətli gümüş sikkələrlə ödənməli idi. Bu vergi müqəddəs yerin şekeli, Qalileya yarım-şekel və xüsusilə də çox yüksək keyfiyyətli Tir sikkəsi ilə ödənilə bilərdi.
Sərrafları uyğun olmayan sikkələri tələb olunan sikkələrlə dəyişdirirdilər. İlk baxışdan bu, ən zəruri iş kimi görünsə də, fakt bu idi ki, sərraflar 1/6 yarım şekel faiz götürürdülər.
Bu əlavə ödəniş kolbon adlanırdı. Bu pullar tam olaraq sərrafların cibinə getmirdi. Könüllü ianə kimi — bir hissəsi yolların təmirinə, bir hissəsi bütün Məbədi örtmək üçün qızıl lövhələr almağa sərf olunur, bir hissəsi isə məbədin xəzinəsinə toplanırdı. Bütün bunların sui-istifadə olduğunu demək olmaz. Lakin bütün bu sistem sui-istifadəyə səbəb ola bilərdi. Bu hal ibadət etməyə gələn zəvvarların istismarına şərait yaradırdı. Digər tərəfdən sərrafların qazanc götürməsi də şübhə doğurmurdu.
Göyərçinlərin satışı ilə bağlı vəziyyət daha pis idi. Məbədi ziyarət edənlərin əksəriyyətinin qurban kəsməsi lazım gəlirdi. Məsələn, uşaq doğduqdan sonra qadının təmizlənməsinə və ya cüzamlı şəxs sağalmasına dair şəhadət almaq üçün göyərçin qurbanı gətirə bilərdi (Levililər 12:8; 14:22; 15:14:29). Qurbanlıq heyvanları məbəddən kənarda almaq asan idi. Lakin qurbanlıq üçün nəzərdə tutulan heyvanın heç bir qüsuru olmamalı idi.
Heyvanların xüsusi baxıcıları-nəzarətçiləri var idi. Onlar məbəddən kənarda alınan heyvanları sözsüz-söhbətsiz rədd edər, adamları məbəddən heyvan almağa göndərərdilər.
Məbəddəki qiymətlər məbəddən kənardakı qiymətlərdən fərqlənməsəydi, burada qınanılası bir şey olmazdı. Amma Məbəddə bir cüt göyərçin Məbədin xaricindən qat-qat baha başa gəlirdi. Bu sui-istifadə çoxdan mövcud idi. Göyərçinlərin qızıl sikkələrə deyil, gümüşə satılmasını əmr etdiyinə görə insanlar ravvin Şimon ben Qamlieli minnətdarlıqla xatırlayırdılar. Təbii ki, bununla o, sui-istifadə hallarına qarşı çıxmışdı. Bundan əlavə, qurbanlıq heyvanların satıldığı sıralar Xananın bazarları adlanırdı və bu, baş kahin ailəsinin şəxsi mülkü sayılırdı.
Bununla belə, sui-istifadə dərhal nəzərə çarpmırdı. Yəqin ki, orada çoxlu vicdanlı və ləyaqətli tacirlər də olurdu. Lakin bu sui-istifadə qısa zamanda kök sala bilmişdi. «Məbəd avaraların və yaramazların toplaşdığı yer»ə, ticarət monopoliyasının və qanuni mülkiyyət hüquqlarının ən pis nümunəsinə çevrilmişdi. Ser Corc Adam Smit bu barədə belə yazırdı: «O zaman hər bir kahin tacir olmalı idi». Bir sözlə, Məbəddə kasıb və təvazökar zəvvarların həyasızcasına istismar təhlükəsi böyük idi. Bu istismar İsanı qəzəbləndirdi.
Müjdə tarixində bu hissədəki kimi diqqət və ehtiyat tələb edən, demək olar ki, başqa bir yer yoxdur. Bu hissədən istifadə edərək Məbəddəki bütün ibadətləri tamamilə pisləmək və ləkələmək çətin deyil. Burada iki faktı qeyd etmək lazımdır.
Məbədin həyətlərində çoxlu tacir və alverçi var idi. Eyni zamanda ürəkləri Allaha yönələn çoxlu insanlar da var idi. Yunan filosofu Aristotelin dediyi kimi, insana və quruma ən pisinə görə deyil, ən yaxşı tərəflərinə görə qiymət vermək lazımdır.
Bundan əlavə, demək lazımdır ki, qoy ilk daşı günahı olmayan həmin şəxs və ya imanlı cəmiyyəti atsın. Bütün tacirlər istismarçı deyildi və tez pul qazanmaq fürsətindən istifadə edənlərin heç də hamısı pul ovçusu deyildi. Böyük israilli alim İsrael Abraham bu ayələrin ən tipik məsihçi təfsirlərini belə şərh etmişdir: «İsa sərrafların kürsülərini aşıranda və göyərçin satanları Məbəddən qovanda, yəhudiliyi icra etdi. Məgər təkcə sərraflar və göyərçin satanlar Məbədə gəlirdi? Məgər göyərçin alan və satanların hamısı təmiz formalistlər idi? Keçən Pasxa bayramında Yerusəlimdə idim və Rəbbin Müqəddəs Qəbrinin Kilsəsinin yaxınlığında müqəddəs əşyalar — təsbehlər, yazılar olan lentlər, rəngli şamlar, qızılı xaçlar və İordan suyu ilə dolu şüşələr satan satıcıların cərgəsini gördüm. Orada məsihçilər səs-küylü idilər, biri-birilərinə baş əyir, İsanın xatirəsinə həsr olunmuş kilsənin qarşısında bazarlıq edirdilər. Öz-özümə fikirləşdim, görəsən, İsa yenidən gəlsə, bir vaxtlar İsraildə yalançı qardaşları ifşa etdiyi kimi, bu dəfə də yalançı xidmətçiləri ifşa edəcəkmi?
Məbəddəki bu epizod bizə İsa haqqında bəzi şeylər deyir.
Bu Onun qəzəbinin ən güclü təzahürlərindən birini göstərir. Bu qəzəb qardaşlarını istismar edənlərə, xüsusilə onları din adı altında istismar edənlərə qarşı yönəlib. Yeremya peyğəmbər deyirdi ki, xalq Məbədi oğru yuvasına çevirib (Yeremya 7:11). İsa kasıb insanların mənfəət üçün istismar edilməsinə laqeyd qala bilməzdi.
Kilsə bu vəziyyətdə çox vaxt səssiz qalıb. Halbuki alçaldılmış və heç bir müdafiəsi olmayanların müdafiəsi üçün səsini çıxara bilərdi.
Burada Onun qəzəbinin Allahın evində sadə insanların Allaha ibadət etməsinə mane olanlara qarşı yönəldiyi göstərilib. Yeşaya peyğəmbər Allahın evinin dua evi adlanacağını söylədi (Yeşaya 56:7). Bütpərəstlərin Məbəddə girə biləcəyi yeganə yer bütpərəstlərin həyəti idi. Bütpərəstlərin heç də hamısı bura yalnız baxmaq üçün gəlmirdilər. Bəziləri ürəkdən Allaha dua etmək və Onu izzətləndirmək üçün gəlirdi. Ancaq alverin səs-küyündən dua etmək mümkün deyildi. Allahın hüzurunu axtaran insanlar Allah evində olarkən ondan məhrum olmuşdular.
İnsanların Ona ibadət etməsinə mane olanlara Allah heç vaxt haqq qazandırmaz. Amma belə vəziyyət bu gün də ola bilər. Allahı izzətləndirməyi qeyri-mümkün edən kədər, çəkişmə və mübahisə ruhu məbədə daxil ola bilər. Adamlar və məbəd idarəçilərinin başları ləyaqət və nüfuzlarına, təcrübələrini müdafiə etməyə o qədər qarışır ki, yaranan mühitdə heç kim Allaha, həqiqətən, ibadət edə bilmir. Hətta xidmətçilər belə Müjdəni təbliğ etməkdənsə, cəmiyyətdəki davranışları ilə daha çox məşğul olurlar. Nəticədə həqiqi ibadətin qeyri-mümkün olduğu bir atmosfer yaranır. Allaha ibadəti insani mübahisələrlə eyniləşdirmək olmaz. Öz qardaşlarının Allaha yaxınlaşmasına mane olanlara qarşı İsanın qəzəbini unutmamalıyıq.
Daha bir faktı qeyd etmək yerinə düşər. Bu hissə İsanın Məbədin həyətində korları və şikəstləri sağaltması ilə bitir. Onlar hələ də orada idilər. Belə ki, İsa hamını qovmamışdı. Yalnız vicdanı ləkələnmiş adamlar Onun qəzəbindən qaçmışdılar. Qalanlar Ona ehtiyac duyanlar idi.
Ehtiyacı olanlar heç vaxt Məsihin yanından əliboş getməzlər. İsanın qəzəbi heç vaxt ədalətsizliyi inkar etməyib. Onun qəzəbi ehtiyacı olanlara yaxşı mənada kömək edib. Həqiqətən də, İsanın qəzəb və məhəbbəti paralel gedir. Onun qəzəbi sadəlikdən sui-istifadə edənlərə, Onu axtaranların yolunu bağlayanlara qarşıdır. Sevgisi isə ehtiyacı böyük olanlaradır. Qəzəbin dağıdıcı gücü sevginin müalicəvi gücü ilə müşayiət olunur.
15-17
Bəzi ilahiyyatçılar bu hissəni çətin hesab edirlər. Onlar deyirlər ki, Məbədin həyətlərində uşaqların izdihamının olması qeyri-mümkündür: əgər orada uşaqlar olsaydı və deyildiyi kimi, səs-küy salsaydılar, Məbədin mühafizəçiləri tez-tələsik və qətiyyətlə nizam-intizam yaratmağa çalışardılar. Lakin Luka şagirdlərin sevinclə İsanı təriflədiyini və fariseylərin onları susdurmağa çalışdıqlarını yazır (Luka 19:39,40).
Çox vaxt ravvinlər öz şagirdlərini uşaq adlandırırdı. Məsələn, Yəhyanın məktublarında «övladlarım» ifadəsinə rast gəlirik. Ehtimal edilir ki, Luka və Matta eyni hadisədən danışır və bu hadisədəki uşaqlar İsanın şagirdləridir.
Ancaq belə bir izahata ehtiyac yoxdur. Matta Zəbur 8:2-dən sitat gətirir. Bu onun həqiqi uşaqları nəzərdə tutduğunu göstərir. Həmin gün Məbəddə əvvəllər heç vaxt olmayan hadisə baş verdi. Oradan hər gün sərraflar, tacirlər qovulmurdular. Orada hər gün kor və şikəstlər sağalmırdı. Bəlkə adi halda uşaqlar belə qışqıra bilməzdilər, amma həmin gün adi gün deyildi.
Bu hekayəyə sözün hərfi mənasında baxsaq və mədh edən uşaqların gur, aydın səslərinə qulaq assaq, böyük bir həqiqəti anlayarıq. Elə həqiqətlər var ki, müdriklərdən, ariflərdən və təcrübəlilərdən gizli saxlanılıb. Onları ancaq sadə qəlblilər görə bilər.
Böyük heykəltəraş Torvaldsen73 günlərin bir günü İsanın heykəlini oyurdu. O, bu heykəli görənlərdə düzgün təəssürat yaradıb-yaratmayacağını bilmək istəyirdi. Torvaldsen kiçik bir uşaq gətirir, heykəli ona göstərir və soruşur ki, bu kimdir? Uşaq cavabında «O, böyük insandır» deyir. Torvaldsen uğursuz heykəl hazırladığını başa düşür, onu sındırır və yenidən işə başlayır. İkinci heykəlini bitirdikdən sonra həmin uşağı gətirir və eyni sualı verir: «Səncə, bu kimdir?». Uşaq gülümsəyir və «Bu, «qoy uşaqlar yanıma gəlsinlər» deyən İsadır». Torvaldsen başa düşür ki, bu dəfə alınıb: heykəl uşaq baxışlarının sınağından uğurla keçib.
Bu, pis sınaq deyil. Corc Makdonald bir dəfə demişdi ki, insanın həqiqi məsihçi olduğuna o vaxt inanar ki, uşaqlar onun qapısında və ya bağçasının darvazasında oynamaqdan qorxmasın. Əgər uşaq birini sevən insan kimi qəbul edirsə, çox güman ki, o, həqiqətən də, xeyirxah insandır. Əgər uşaq ondan çəkinirsə, o, böyük insan ola bilər, lakin Məsihə bənzəmir. Əsl xeyirxahlıq uşağın aydın baxışları ilə qarşılaşan, uşaq sadəliyinin sınağından çıxa bilən yaxşılıqdır. Bu baxımdan uşaqların İsanı tanıması və qanunşünasların kor olması təbii idi.
18-22
Müqəddəs Kitabı diqqətlə oxuyanlardan çox az adam bu hissənin çətin olması ilə razılaşar. Ona görə də biz bu hissənin arxasındakı həqiqəti tapmağa və onu özümüz üçün aydınlaşdırmağa çalışmalıyıq.
Bu hekayə Markın Müjdəsində də verilib (Mark 11:12-14, 20-21). Amma əhəmiyyətli bir fərqlə. Mattanın Müjdəsində əncir ağacı dərhal qurudu. Yunan mətnində bu parahremadır. Markın Müjdəsində isə həmin an ağaca heç nə olmadı, ancaq səhəri gün şagirdlər eyni yol ilə gedəndə, gördülər ki, əncir ağacı kökünə qədər quruyub.
Əncir ağaclarının necə böyüdüyünü və meyvə verdiyini bilmək vacibdir. Əncir ağacı yəhudilərin sevimli ağacı idi. Vəd olunmuş torpaq «buğda, arpa, üzüm, əncir ağacları olan bir ölkə» kimi təsvir edilmişdi (Qanunun təkrarı 8:8). Yer üzünün zənginliyinə və bərəkətinə sübut olaraq casusların gətirdikləri xəzinə arasında nar, alma və əncir də var idi (Saylar 13:24). Əhdi-Ətiqin hər yerində sülh və firavanlıq təsviri var — bu, hər kəsin öz üzüm bağının və əncir ağacının altında rahatlıq tapacağı vaxtdır (1Padşahlar 4:25; Mikeya 4:4; Zəkəriyyə 3: 10). Allahın qəzəbi onların üzümlərini və əncir ağaclarını qırdığı gün kimi təsvir olunur (Zəbur 105:33; Yeremya 8:13; Huşə 2:12). Əncir ağacı bərəkət, sülh və firavanlıq rəmzidir.
Ağacın özü çox gözəldir. Gövdəsinin diametri 1 m-ə, hündürlüyü 4-6 m-ə qədər ola bilər. Qalın budaqlarının uzunluğu 7-9 metrə çatır. Elə buna görə də əncir ağacı kölgəsinə görə çox məşhurdur. Kiprdə evlərin qapısında əncir ağacları bitir və onların kölgəsində ən isti günlərdə belə sərinlik tapmaq mümkündür. Əncir ağacları, adətən, quyuların yanında boy atır. Belə yerlərdə həm kölgə, həm də su tapmaq olar. Əncir ağacının kölgəsi, çox vaxt, insana təkliyə çəkilməsi, meditasiya və dua etməsi üçün lazım olurdu. Buna görə də Natanael İsanın onu əncir ağacının altında görməsinə təəccüblənmişdi (Yəhya 1:48).
Ancaq burada əncir ağaclarının necə meyvə verdiyini bilmək də vacibdir. Əncir ağacı yeganə ağacdır ki, ildə iki dəfə məhsul verir. İlk məhsul köhnə budaqlarda əmələ gəlir. İlin lap əvvəlində budaqların uclarında paqqim adlanan kiçik, yaşıl qozalar görünür və onlardan əncir yetişir. Bu meyvə qönçələri aprel ayında görünür, lakin onları yemək olmaz. Yarpaqlar və çiçəklər yavaş-yavaş açılır. Əncir ağacının başqa bir unikal xüsusiyyəti onun eyni vaxtda, haradasa iyun ayında yarpaqlar, meyvələr və çiçəklərlə örtülməsidir. Aprel ayında heç bir əncir ağacı meyvə vermir. Çünki çox tezdir. Bundan sonra bütün proses yeni budaqlarda təkrarlanır və məhsul sentyabr ayında yetişir.
Bu hekayə iki cəhətdən möcüzəli görünür. Birincisi, aprel ayında yarpaqlarla örtülmüş ağacdan danışılır. İsa Pasxa bayramı üçün Yerusəlimə gəlmişdi. Pasxa bayramı aprelin 15-nə düşmüşdü. Bu hadisə isə Pasxadan bir həftə əvvələ təsadüf edirdi. İkincisi, İsa hələ əncir bar verməyən ağacda əncir axtarmağa başlamışdı. Bu barədə Mark belə deyir: «Çünki əncirin bar mövsümü deyildi» (Mark. 11:13).
Bəzi şərhçilər bunun izahını Lukanın Müjdəsində tapıblar. Burada söhbət meyvə verməyən əncir ağacından gedir. Bağban iki dəfə sahibinə yalvarmışdı ki, ağacın kəsilməsini təxirə salsın. Ağası da iki dəfə onun sözünü yerə salmamışdı. Amma bundan sonra ağac bəhrə vermədiyinə görə kəsildi (Luka 13:6-9). Daha sonra belə fikir irəli sürülür ki, bəhrəsiz əncir ağacı məsəli səhv başa düşülüb və onu real hadisəyə çeviriblər. İsanın danışdığı hekayə elə təsvir olunub ki, sanki İsa Özü bunu edib. Əlbəttə, bu mümkündür. Amma bizə elə gəlir ki, hadisənin izahını başqa yerdə axtarmaq lazımdır. Gəlin onu tapmağa çalışaq.
İsanın Yerusəlimə daxil olması hekayəsini araşdırarkən qeyd etdik ki, peyğəmbərlər öz məqsədlərinə çatmayacaqlarını hiss edəndə çox vaxt simvolik hərəkətlərdən istifadə edirdilər. Onlar təlimləri təyinatı üzrə lazımi yerə çatsın deyə dramatik şeylər edirdilər. Tutaq ki, bu hekayənin arxasında da belə bir simvolik hərəkət var.
Elə hesab edək ki, İsa Yerusəlimə gedirdi. Yolun kənarında O, yamyaşıl olan bir ağac gördü. Qanuna görə, əgər orada, həqiqətən, meyvə vardısa, O Özü üçün əncir dərə bilərdi. Yəhudi qanunu buna icazə verirdi (Qanunun təkrarı 23:24-25); V. Tomson isə «Torpaq və kitab» adlı kitabında deyir ki, bizim dövrümüzdə belə hamı yol kənarındakı əncir ağaclarından meyvə dərə bilir. İsa əncir ağacının yanına gedir. Amma ağacda nəsə qaydasında deyildi. Bu zaman iki şeydən biri baş verə bilərdi: ya qızılgüllər yabanılaşıb itburnuya çevrildiyi kimi, əncir ağacı da yabanılaşmışdı, ya da xəstələnmişdi. O zaman İsa Məsih deyir: «Bu ağac heç vaxt meyvə verməyəcək, mütləq quruyacaq».
Bu hadisə şagirdlərə və bizə bir şey öyrətməli idi. Bu hadisə bizə yəhudi xalqı haqqında iki həqiqəti açıqlayır.
Bu hadisə bəhrəsizliyin ölümlə nəticələndiyini öyrədir. Həyatın qanunu belədir. Bütün bəhrəsizlik ölümə məhkumdur. Hər hansı bir şeyin mövcudluğu yalnız onun nəzərdə tutulduğu məqsədi yerinə yetirməsi ilə əsaslandırılır. Əncir ağacı bəhrəsiz idi, buna görə də məhv olmağa məhkum idi. İsrail həyata yalnız bir məqsəd üçün — ondan Allahın Məsh olunmuşu çıxsın deyə çağırılıb. Budur, O gəldi, amma xalq onu tanıya bilmədi. Üstəlik, Onu Çarmıxa çəkmək üçün bir araya gəldilər. Xalq öz təyinatını, yəni Allahın Oğlunu salamlayacağını qabaqcadan dərk etmirdi, buna görə də məhv olmağa məhkum idi.
Allahın məqsədini həyata keçirməmək istər-istəməz ölümlə nəticələnir. Bu dünyada hər kəs faydalı və ya faydasız olduğuna görə mühakimə ediləcək. Yataqda çarəsiz yatan bir insanın həyatı belə nümunəvi səbri və etdiyi dua ilə son dərəcə faydalı ola bilər. Heç kim faydasız olmamalıdır və faydasızlığın sonu ölümdür.
Bu hadisə əməlsiz imanın mühakimə yaratdığını öyrədir. Ağacda əncirin olmasını göstərən yarpaqlar var idi. Amma əncir yox idi. Deməli, yalan ümidlər verirdi, buna görə də ağac məhvə məhkum idi. İsrail xalqı Allaha iman etdiklərini bəyan edirdi. Əslində isə, onlar Allahın Oğlunun qanına susadılar, buna görə də məhkumiyyətə uğradılar.
Əməlsiz iman təkcə yəhudilərin yox, həm də əsrlər boyu İmanlı Cəmiyyətinin lənəti idi. Mahatma Qandi74 gənclik illərində Cənubi Afrikanın Pretoriya şəhərində məsihçiliklə maraqlanmağa başlamışdı. Bir neçə dəfə məsihçi kilsəsinə gedəndən sonra o, belə demişdi: «Cəmiyyət məndə gözlədiyim təəssüratı yaratmadı. Bu, möminlərin məclisi deyildi; onlar daha çox həyatın yaxşı nemətlərini sevirlər; onlar cəmiyyətə əyləncə və adət üçün gedirlər. Ona görə Qandi belə nəticəyə gəlir ki, məsihçilikdə cəlbedici heç nə yoxdur. Beləliklə, Qandi xilasını itirdi və bu xilası Hindistana ötürə bilmədi. Əməlsiz imanda az-çox hamımız günahkarıq. Bu, imanlı cəmiyyətinə saysız-hesabsız zərər gətirir. O, məhvə məhkumdur. Çünki belə bir iman mütləq yox olacaq.
İsa əncir ağacı dərsindən istifadə edərək yəhudilərə, eləcə də bizə göstərdi ki, faydasızlıq məhvə gətirib çıxarır. Eləcə də əməlsiz ibadət də məhvə məhkumdur. Bu hekayənin mənası məhz belədir.
Bu hissə İsanın duanın təsiri haqqında dediyi sözlərlə bitir. Bu sözlər səhv başa düşülsə, insana ancaq məyusluq, düzgün başa düşülsə, ancaq güc verə bilər.
İsa Məsih burada iki məqamı qeyd edir: dua dağları yerindən tərpətmək gücünə malikdir. Əgər imanla dua edib diləsək, istədiyimizi alacağıq. Təbii ki, bu vədləri hərfi mənada qəbul etmək olmaz. Nə İsanın Özü, nə də başqa biri dua edərək əsl dağı yerindən tərpətməmişdir. Üstəlik, bir çox imanlı insan nələrinsə baş verməsi və ya baş verməməsi üçün, nələrsə əldə etsinlər və ya kimlərsə ölümdən qurtulsun deyə səylə dua edirlər və sözün hərfi mənasında dualarına cavab almırlar. Bəs imanla dua etsək, İsa onda bizə nə vəd edir?
O bizə söz verir ki, dua bizə hərəkət etmək bacarığı verəcək. Dua heç də vəziyyətdən asan və sadə çıxış yolu deyil. Bu, problemlərimizi həll etsin deyə vəziyyəti Allaha həvalə etmək üsulu deyil. Dua — gücdür. Bu, Allahdan bizim əvəzimizə nəsə etməsini istəmək deyil, bizə Onun köməyilə etmək bacarığı versin deyə Ondan istəmək deməkdir. Dua — asan yolu seçmək deyil, çətin yolu getmək üçün güc qazanmaq deməkdir. Dua — çətinliklərin «dağ»larını Allahın köməyilə aradan qaldırmaq üçün bizə güc verən kanaldır. Əgər bu, sadəcə olaraq, kimisə bizim yerimizə hər şeyi etməyə məcbur etmək üsulu olsaydı, o zaman dua mənfi bir vasitə olardı. Çünki bu bizi süst, tənbəl və vəzifəmizi yerinə yetirə bilməyəcək biri edərdi. Dua — güc qazanmaq üçün yol və vasitədir. Ona görə də heç kim dua edəndən sonra oturub gözləməməlidir. İnsan dua etməli, sonra qalxıb işləməlidir. Beləcə görəcək ki, həyatı yeni enerji qazanır və həqiqətən, Allahla hər şeyə qalib gəlmək mümkündür.
Dua — qəbul etmək və dəyişdirmək qabiliyyətidir. Dua insanı həmişə bir şeydən xilas etməli deyil. Dua insana üzərinə qoyulan tapşırığı qəbul edib, onu yerinə yetirmək qabiliyyəti verməlidir. Əhdi-Cədiddə bunun iki mühüm nümunəsi var.
Onlardan biri həvari Pauldur. O, çarəsiz halda dua etdi ki, Allah onun bədənindən neştəri götürsün. Paul neştərdən xilas olmadı, ancaq onu qəbul etmək qabiliyyəti qazandı. Belə olan halda, o, zəiflikdə və lütfdə işləyən, hər şeyə qalib gəlməyə qadir olan bir güc kəşf etdi. O, bu güc və lütfdə nəinki öz mövqeyini qəbul etdi, həm də onu izzətə çevirdi (2Korinflilərə 12:1-10). Başqa bir nümunə İsanın Özüdür. Getsemani bağında O, Atasına dua etdi ki, bu kasa Ondan yan keçsin və Allah Onu düşdüyü ağrılı vəziyyətdən xilas etsin. Bu dua yerinə yetirilə bilməzdi. Lakin İsa duada bu vəziyyəti qəbul etmək qabiliyyəti qazandı və onu qəbul edərək Çarmıxda ölümə getmək üçün güc aldı. Bu da Onu Dirilmənin izzətinə apardı. Yadda saxlamaq lazımdır ki, dua həmişə müəyyən vəziyyətdən qurtuluş gətirmir, əksinə, ona qalib gəlir. Dua vəziyyətdən qaçmaq üçün deyil, cəsarətlə üzləşmək üçün bir vasitədir.
Dua dözmək qabiliyyəti verir. İnsani ehtiyaclarımız və insani zəifliyimiz sayəsində müəyyən vəziyyətlərə dözə bilməyəcəyimizi hiss etməyimiz təbiidir. Biz çətin vəziyyətin yarandığını, faciənin qaçılmaz olduğunu görürük. Biz qarşıda gözə böyük görünən və bizdən daha böyük güc tələb edən tapşırıq görürük. Belə bir məqamda istər-istəməz hiss edirik ki, buna dözə bilməyəcəyik. Dua həmişə faciənin qarşısını almır, bizi hər zaman vəziyyətdən azad etmir, bizi həmişə tapşırıqdan azad etmir, lakin bizə dözülməzlərə dözmək, qarşısıalınmazlara qalib gəlmək, məhv olmaq səddini keçmək bacarığı verərək sınmağa qoymur.
Əgər duaya nələrdənsə qaçmaq yolu kimi baxsaq, məyusluq və çaşqınlıqdan başqa heç nə əldə etməyəcəyik. Amma çətinliyin öhdəsindən gəlməyin yolunu duada görsək, hər şey yaxşılığa doğru dəyişəcək.
23-27
Əgər İsa Məsihin etdiyi qeyri-adi möcüzələri təsəvvürümüzdə canlandıra bilsək, onda yəhudi başçılarının Ona «bunları hansı səlahiyyətlə edirsən?» sualını verdiyinə təəccüblənmək olmaz. Həmin an İsa onlara, Allahın Oğlu olduğu üçün hakimiyyət Ona verilib, deyə birbaşa cavab verməyə hələ hazır deyildi. Bunu etmək sonu tezləşdirə bilərdi. Amma görüləsi hələ çox iş vardı. Üstəlik, İsa təlimini yaymalı idi. Bəzən düşmənin üzərinə atılıb sonu tezləşdirməkdənsə, münasib anı gözləmək daha böyük cəsarət tələb edir. İsa hər şeyi Allahın təyin etdiyi vaxtda etmək istəyirdi. Dönüş nöqtəsi üçün lazım olan vaxt isə hələ gəlib çatmamışdı.
Elə buna görə də İsa kahinlərin və ağsaqqalların sualına onları çıxılmaz vəziyyətə salan başqa bir sualla cavab verdi. Onlardan Vəftizçi Yəhyanın vəftizinin haradan — göydən, yoxsa insanlardan gəldiyini soruşdu. Onlara görə, Yəhyanın gördüyü işlər ilahi, yoxsa sırf insan mənşəli idi? Yəhudi rəhbərlərinin çətinliyi ondan ibarət idi ki, əgər onlar Yəhyanın vəftizinin Allahdan olduğunu desəydilər, İsanın Məsih olduğunu etiraf etməli olacaqdılar. Çünki Yəhya buna qəti şəkildə şəhadət etmişdi. Digər tərəfdən, əgər onlar Yəhyanın vəftizinin ilahi xarakter daşıdığını inkar etsəydilər, Yəhyanın Allahın elçisi olduğuna inanan xalqın qəzəbi ilə üzləşməli olacaqdılar.
Bir müddət baş kahinlər və ağsaqqallar susdular, sonra isə ən qeyri-qənaətbəxş cavabı verdilər: «Biz bilmirik». İnsanlar nə vaxtsa özlərini nəyəsə görə qınayıblarsa, deməli, onlar doğrudan da bu işi görüblər. Onlar Yəhyanın gördüyü işlərin Allahdan olub-olmamasını bilməli idilər. Çünki həqiqi peyğəmbərlərlə yalançı peyğəmbərləri ayırd etmək onların üzvü olduqları Ali Şuranın vəzifəsi idi. Burada isə onlar həqiqi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd edə bilmədiklərini söylədilər. Onlar düşdükləri bu vəziyyətlə özlərini biabırçı şəkildə alçaltmış oldular.
Bu xəbərdarlıq bizə də aiddir. Elə insanlar var ki, qorxaqlıqdan heç nə bilməməyi üstün tuturlar. Əgər insan ilk növbədə prinsiplə yox, daha çox fayda və məqsədəuyğunluqla maraqlanırsa, ilk sual «Nə daha doğrudur?» deyil, «Nə demək daha təhlükəsizdir?» ola bilər. Mənfəət axtarışı onu dəfələrlə susduracaq. O, nə demək lazım olduğunu yaxşı bilsə də deməyə qorxacaq. Əvəzində isə «bilmirəm nə deyim» deyə bəhanə gətirəcək. Özünüzə «Hansı daha təhlükəsizdir?» yox, «Hansı yaxşıdır?» sualını vermək daha yaxşıdır.
Qorxudan və qəsdən edilən cəhalət, eləcə də mənfəət və nəticə üçün qorxaqcasına susmaq — bunlar utancverici hərəkətlərdir. Əgər insan həqiqəti bilirsə, həmin an faydalı görünməsə belə, onu deməyə borcludur.
28-32
Bu hekayənin mənası tamamilə aydındır. Yəhudi rəhbərlər Allaha itaət edəcəklərini deyib, sonra sözünü tutmayanlardır. Vergiyığanlar və fahişələr öz yolları ilə gedəcəklərini söyləsələr də sonradan Allahın yolunu seçdilər.
Bu hekayəni düzgün başa düşməyin açarı odur ki, burada heç kəs təriflənmir. Qarşımızda iki qrup pis insan var, onlardan biri digərinə nisbətən yaxşıdır. Bu oğulların heç biri ataya böyük sevinc gətirməyib, hər ikisi daha yaxşısını arzulamaq istəyi yaradır. Amma nəticədə atanın istəyini yerinə yetirən biri digərindən qat-qat yaxşıdır. İdeal oğul atasının xahişini itaətkarcasına və hörmətlə dinləyər, sonra isə sorğu-sualsız yerinə yetirərdi. Amma bu məsəldə kontekstdən kənara çıxan həqiqətlər var.
Bu məsəl göstərir ki, dünyada iki tipik insan kateqoriyası var. Birincisi, əməldən çox sözdə daha yaxşı danışanlar. Onlar hər şeyə söz verirlər, möminlikləri və sədaqətləri barədə möhtəşəm, təntənəli şəkildə bəyan edirlər, amma əməlləri sözlərindən çox geri qalır. İkincisi, əməlləri kədərli bəyanatlarından qat-qat üstün olan insanlar. Onlar özlərini qəddar və ləng materialist kimi göstərirlər. Ancaq məlum olur ki, gizlində yaxşı və gözəl işlər görürlər, sanki bunu göstərməkdən utanırlar. Onlar kilsə və dinlə qətiyyən maraqlanmadıqlarını bəyan edirlər. Lakin müəyyən bir məqamda məlum olur ki, onlar özlərini məsihçi adlandıranlardan daha çox məsihçi həyatı yaşayırlar.
Biz elə insanlarla rastlaşmışıq ki, onların əməlləri və davranışları, demək olar ki, sözlərindəki müqəddəslikdən çox uzaqdır. Elələri də olur ki, əməlləri və davranışları bəzən həyasız, bəzən də özündən razı qalanların danışıqlarından qat-qat üstündür. Məsəlin əsl mənası budur ki, ikinci təbəqə birincidən qat-qat üstün olsa da, heç biri mükəmməl deyil. Nümunəvi insan o kəsdir ki, onun sözü əməli ilə üst-üstə düşsün.
Bundan əlavə, bu məsəl bizə öyrədir ki, vədlər və gözəl sözlər heç vaxt əməlləri əvəz etmir. Gedəcəyəm deyən, amma getməyən oğul ilk baxışdan atasına hörmətlə «hakim» deyən nəzakətli adam kimi görünür. Sözdən kənara çıxmayan nəzakət isə həmişə aldadıcıdır. Nəzakət — könüllü və mehriban itaətdir. Digər tərəfdən, bu məsəl bizə öyrədir ki, insan öz ədəbi ilə yaxşı bir işi asanlıqla korlaya bilər. O, heç bir nəzakət və cazibə olmadan əla bir iş görüb nəticədə hər şeyi məhv edə bilər. Biz burada görürük ki, məsihçi vəd verməməlidir, etməlidir. Məsihçini fərqləndirən şey könüllü və lütfkar itaətdir.
33-46
Məsəl şərh edilərkən elə güman olunur ki, orada yalnız bir fikir var və heç bir detalı vurğulamağa ehtiyac yoxdur. Hər bir təfərrüat üçün məna axtarmağa başlamaq, məsəli alleqoriya kimi şərh etmək səhvini yarada bilər. Ancaq bu vəziyyətdə hər şey fərqlidir. Bu məsəldə təfərrüatlar vacibdir: həm baş kahinlər, həm də fariseylər İsanın bu məsəli söyləyərkən nəyi nəzərdə tutduğunu yaxşı bilirdilər.
Hər bir təfərrüat o vaxtkı dinləyicilərə məlum olan fakta əsaslanır. İsrail xalqı Allahın üzüm bağı kimi təsvir edilirdi. Bu, peyğəmbərlərin sevimli fikirlərindən biri idi. «İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır» (Yeşaya 5:7). Qalın tikanlı kollar hasar rolunu oynayırdı, bağı vəhşi heyvanlardan, çöl donuzlarından və üzüm oğrularından qorumalı idi. Hər bir üzüm bağının qaya parçasından oyulmuş və ya kərpicdən hörülmüş iki novdan ibarət öz presi, çəngəl daşı vardı; biri digərinin bir az yuxarısında yerləşirdi və aşağı kanala qoşulmuşdu. Üzümlər yuxarı novda əzilir, şirəsi isə aşağıya axırdı. Bağdakı qüllə iki məqsədə — üzüm yetişən vaxt oğrulardan qorunmaq üçün müşahidə qülləsi və üzüm bağında işləyənlər üçün yaşayış yeri kimi xidmət edirdi.
Üzüm bağının sahibi həmişəki kimi hər şeyi etməyə çalışırdı. İsanın dövründə İsrail sülhsevər bir ölkə idi. Orada cah-calal az idi, buna görə də ağalar üzüm bağlarını icarəyə verir, özləri də icarə haqqını ancaq lazımi vaxtda toplayırdılar. İcarə haqqı üç yoldan biri ilə toplanırdı: bu, renta75 haqqı ola bilərdi və ya məhsuldarlığın necə olmasından asılı olmayaraq, müəyyən miqdarda üzüm ya da məhsulun müəyyən bir hissəsi ola bilərdi.
Hətta üzümçülərin hərəkətləri belə qeyri-adi hesab olunmurdu. Ölkədə narahatlıq var idi: zəhmətkeş xalq narazı və üsyankar idi və üzümçülərin ağanın oğlunu aradan götürmək istəyində qeyri-adi heç nə yox idi.
Artıq dediyimiz kimi, bu məsəli dinləyənlər üçün hər kəsi və hər şeyi tanımaq çətin olmadı. Məsəllə bağlı ətraflı araşdırmaya keçməzdən əvvəl, gəlin kimin kimi simvollaşdırdığına baxaq. Üzüm bağı — İsrail xalqıdır; ağa — Allahdır; üzümçülər — İsrailin dini rəhbərləridir, belə demək mümkünsə, Allah İsrail xalqının rifahı üçün məsuliyyəti onların üzərinə qoyub. Bir-birinin ardınca göndərilən qullar — Allahın göndərdiyi peyğəmbərlərdir. Onlar tez-tez rədd edilib öldürülürlər. Sonuncu gələn Oğul — İsanın Özüdür. Burada İsa həm İsrailin tarixini, həm də onun məhvini aydın şəkildə izah etdi.
Bu məsəl bizə üç aspektdə çox şey deyir.
Bu məsəl bizə Allah haqqında danışır.
Bu məsəl bizə Allahın insanlara olan etibarından xəbər verir. Üzüm bağının sahibi onu bağbanlara həvalə etdi. O, hətta onların başının üstündə dayanmayıb, onlara daimi nəzarət etmədi. O, bağbanlara tapşırıq verib getdi. Allah Öz işini insanlara etibar etməklə onlara hörmət edir. Aldığımız hər bir tapşırıq Allahın bizə verdiyi tapşırıqdır.
Bu məsəl Allahın səbrindən danışır. Allah qullarını bir-birinin ardınca göndərdi; İcarəçilər Onun xidmətçilərini döyüb öldürəndə, O, cəzalandırmaq üçün dərhal gəlmədi. O, dəfələrlə üzümçülərə Onun çağırışına cavab vermək imkanı verdi. Allah insanların zəifliklərinə səbir edir və insanları taleyin hökmünə buraxmır.
Bu məsəl Allahın ədalətindən danışır. Nəticədə üzüm bağının sahibi bağı bağbanlardan alaraq başqalarına verdi. Ən şiddətli cəza Allahın bizə əmanət etdiyi işi əlimizdən almasıdır. İnsan Allah yanında yararsız hala düşübsə, demək, tamamilə yıxılıb.
Bu məsəl insanlar haqqında danışır.
Bu məsəl bizə xalqın imtiyazlarından danışır. Üzüm bağı lazım olan hər şeylə — hasar, pres, qüllə ilə təchiz olunmuşdu ki, üzümçülərin işini asanlaşdırsın, onlar da bağa yaxşı baxsınlar. Allah bizə nəinki bir iş verir, həm də bunu etmək üçün hər şeylə təchiz edir.
Bu məsəl insan azadlığından danışır. Üzüm bağının sahibi işlərini istədikləri kimi görmələri üçün üzümçülərin başlarının üstündə dayanmadı. Allah müdrik inşaatçı kimi işi paylayır, sonra insanlara bunu yerinə yetirmək imkanı verir.
Bu məsəl insanların məsuliyyəti haqqında danışır. Hər kəsin hesab verəcəyi bir vaxt gələcək. Allahın bizə verdiyi işi necə yerinə yetirdiyimizə görə məsuliyyət daşıyırıq.
Bu məsəl qəsdən, şüurlu şəkildə edilən insan günahından danışır. Üzümçülər sahiblərinə qarşı şüurlu şəkildə üsyan və itaətsizlik siyasəti yürüdürdülər. Günah — Allaha qarşı şüurlu müqavimətdir. Günah etmək — Allahın yolunun nə olduğunu yaxşı bildiyimiz halda öz yolumuzla getmək deməkdir.
Bu məsəl bizə İsa Məsih haqqında danışır.
Bu məsəl İsanın iddialarından danışır. Bu məsəldə İsanın Özünü peyğəmbərlərdən üstün tutduğu açıq şəkildə görsənir. Ondan əvvəl gələnlər Allahın qulları, elçiləri idilər. O, isə Oğul idi. Məsəl İsanın Öz unikallığı, Özünün ən böyük sələflərindən daha böyük olması haqqında söylədiyi ən aydın ifadələrdən birini ehtiva edir.
Bu məsəl İsanın qurbanı haqqında danışır. Bu məsəl İsanın Onu nələrin gözlədiyini yaxşı bildiyini göstərir. Məsəldə sahibin oğlunu pis adamlar öldürdü. Məsih ölməyə məcbur olduğu üçün ölmədi. O, ölümə könüllü və açıq gözlə getdi.
Məsəl daş şəkli ilə bitir. Əslində, bu, iki mənzərədir.
Birincisi, olduqca aydındır. Bu, bənnaların rədd etdiyi, lakin bütün binanın ən vacib daşına çevrilən bir daşın təsviridir. Bu təsvir Zəbur 118:22-dən götürülüb: «Bənnaların rədd etdiyi daş guşədaşı olub». Məzmurçu bununla İsrail xalqının təsvirini verirdi. İsrail xor baxılan və rədd edilmiş bir xalq idi. Hamı yəhudilərə nifrət edirdi. Onlar bir çox xalqların nökərləri və qulları idilər. Lakin bütün insanların xor baxdığı xalq Allahın seçilmiş xalqı idi.
İnsanlar Məsihi rədd edə, inkar edə bilər, Onu məhv etməyə cəhd göstərə bilərlər. Amma buna baxmayaraq, inkar etdikləri Məsihin dünyada ən vacib Şəxs olduğunu görəcəklər. Roma imperatoru Yulian76 zamanın saatını geri çəkməyə, məsihçiliyi təqib etməyə, kökünü kəsməyə və bütpərəst tanrıları geri qaytarmağa çalışdı. O, tamamilə məğlubiyyətə uğrayır, dramın sonunda dramaturq onun ağzı ilə bu sözləri deyir: «Məsihi itələmək mənim gücümdən xaric idi». Çarmıxdakı adam dünyanın Hakimi və Padşahı oldu.
«Daş»ın ikinci təsviri 21:44-dədir. Bu, daha çətin mənzərədir. Bu, üstünə düşən adamı sındıracaq, yıxılan adamı əzəcək daşdır. Bu, Əhdi-Ətiqin üç hissəsindən ibarət mürəkkəb təsvirdir. Birinci hissə Yeşaya 8:13-15-də yer alıb: «Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! O, Müqəddəs məkan olacaq, amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq. Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq, tələyə düşüb əsir aparılacaq». İkinci hissə Yeşaya 28:16-dandır: «Buna görə də Xudavənd Rəbb belə deyir: budur, Sionda təməl olaraq bir daş, sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram». Üçüncü hissə Daniel 2:34,44,45— dən götürülüb. Burada əllərin köməyi olmadan dağdan qoparılan və Allahın düşmənlərini əzən daşın qəribə təsviri var.
Bütün bunların əsasında Əhdi-Ətiqdəki daş təsvirlərinin İsa Məsihdə bir araya gətirilməsi ideyası dayanır. İsa hər şeyin üzərində qurulduğu və hər şeyi birləşdirən təməl daşıdır. Onun yolundan imtina etmək, Allahın Qanununun divarına başını döymək deməkdir. Ona açıq-aşkar itaətsizlik göstərmək — əzilmək və həyatdan atılmaq anlamına gəlir. Bu təsvir bizə nə qədər qəribə görünsə də, peyğəmbərləri tanıyan hər bir yəhudiyə yaxşı tanış idi.