Barclay
KİTABLARAudio kitablarHekayələrİlahilərFilmlər və cizgi filmləriXilas haqqında müjdəXoş xəbər hekayələri

Romalılara məktub: 12-ci fəsil

V. Barklinin şərhləri

12-ci fəsil

1-2

SƏMƏRƏLİ XİDMƏT VƏ YENİLƏNMƏ (Romalılara 12:1-2)

Burada Paul dostları ilə yazışmalarında olduğu kimi eyni yazı prinsiplərini tətbiq edir. Paul məktublarını həmişə praktik məsləhətlərlə bitirir. O, çox dərinliyə gedə bilər, lakin heç vaxt əsas fikirdən yayınmır. O, həmişə məktublarını möhkəm təmələ əsaslanaraq bitirir. Ən dərin teoloji məsələləri araşdırmaq üçün Paulda bütün vasitələr var. Lakin o, həmişə hər bir insanın həyatını tənzimləyən etik tələblərə istinad edir.

O deyir: «...bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin». Məsihçilik üçün bundan daha xarakterik tələb yoxdur. Artıq gördüyümüz kimi, yunan heç vaxt belə bir şey söyləməz. Yunanlar üçün yalnız ruh vacib idi. Onlara görə, bədən ruh üçün həbsxana idi, xor baxılan, hətta utancverici bir şey idi. Lakin heç bir həqiqi məsihçi belə düşünməyib. Məsihçi inanır ki, onun bədəni və ruhu Allaha məxsusdur. O, həm bədəni, həm ağlı, həm də ruhu ilə Allaha xidmət edə bilər.

Bədən Müqəddəs Ruhun məbədi və istifadə etdiyi alətdir. Allahın bədəndə gəlməsi faktının özü, mahiyyət etibarı ilə, o deməkdir ki, Allah insan cildinə girməyi, bədəndə yaşamağı və onun vasitəsilə hərəkət etməyi Özü üçün alçaqlıq hesab etməmişdir. Məsələn, nümunə olaraq kilsəni götürək. Kilsələr ibadət üçün tikilib. Amma onlar memar tərəfindən layihələndirilməli, usta və fəhlələrin əlləri ilə tikilməlidir. Yalnız bundan sonra kilsələr insanların Allaha ibadət etmək üçün toplaşdıqları bir məkana çevrilir. Onlar insanların ağlının, bədəninin və ruhunun bəhrəsidir. Paul deyir: «Beləliklə, bədəninizi, bütün gündəlik işlərinizi, dükanda, fabrikdə, gəmiqayırma zavodunda, mədəndə olan bütün əməyinizi Rəbbə xidmət olaraq Allaha təqdim edin». Bu fəslin 1-ci ayəsində ibadət kimi tərcümə olunan yunanca latreyia sözünün maraqlı tarixçəsi var. Bu söz latreueyin felindən yaranıb. Əvvəlcə bu söz muzdlu və ya əmək haqqı ilə işləmək demək idi və gücünü əmək haqqı üçün verən şəxsə aid edilirdi. Bu, köləlik deyil, iş görmək üçün könüllü bir öhdəlik mənasında işlədilirdi. Sonralar xidmətin ümumi mənasını ifadə etdi, həm də insanın bütün həyatını nəyə verdiyi mənasında işlədildi. Beləliklə, latreuyin kalleyi insan deyəndə həyatını xidmətə verən adam nəzərdə tutulurdu. Burada bu söz ömrünü həsr etmək mənasına daha yaxındır. Sonda bu söz tanrılara ibadət etmək üçün istifadə edildi. Müqəddəs Kitabda isə bu söz heç vaxt insana xidmət etmək mənasında deyil, yalnız Allaha ibadət etmək və Allahı izzətləndirmək mənasında işlədilir.

Bu, çox diqqətəlayiq faktdır. Allaha həqiqi ibadət — bədənimizi və hər gün etdiyimiz hər şeyi Ona qurban verməkdir. Həqiqi ibadət — nə qədər əzəmətli və gözəl olsa da, kilsədə xidmət deyil, nə qədər heyrətamiz görünsə də, hansısa ayin deyil. Həqiqi ibadət — insanın gündəlik həyatını Allaha qurban verməsidir, bütün dünyanı Var Olan Allahın məbədi kimi qəbul etməsidir. İnsan deyə bilər: «Mən imanlı cəmiyyətinə gedirəm ki, Allaha xidmət edim». Əslində isə belə deməlidir: «Mən fabrikə, emalatxanaya, idarəyə, məktəbə, qaraja, depoya, şaxtaya, gəmiqayırma zavoduna, tarlaya, bağa, tövləyə gedirəm ki, Allaha xidmət edim». Paul davam edir: «Bu, hər şeydə köklü dəyişiklik tələb edir. Biz dünyaya uyğunlaşmamalıyıq, dünya da bizi dəyişdirməməlidir».

Bu fikrin mənasını çatdırmaq üçün Paul tərcümə olunmayan iki yunan sözündən istifadə edir. «Dövrə uyğunlaşmamaq» kimi tərcümə etdiyimiz söz suşematitsestayi sözü ilə ifadə olunur. Bu sözün kökü şema-dır, yəni ildən-ilə, gündən-günə dəyişən zahiri forma. Şema — on yeddi yaşında olan insanın yetmiş yaşından fərqlənən zahiri forması deməkdir. Bu söz adamın işə getməsi və ya nahar etməsi arasındakı fərq deməkdir, daim dəyişir. Buna görə də Paul deyir: «Həyatınızı bu dövrə uyğunlaşdırmağa çalışmayın; onun mühitinin rəngini alan buqələmun kimi olmayın».

Daha sonra Paul «dəyişmək» kimi tərcümə etdiyimiz metamorfoustayi sözünü işlədir. Bu yunan sözünün kökü morfe-dir, mahiyyətcə dəyişməz forma və ya element deməkdir. On yeddi və yetmiş yaşlı insanın xarici forması tamamilə fərqlidir, yəni şema-dır, lakin onun morfe-si eynidir. İnsanın zahiri forması dəyişir, amma daxilən eyni qalır. Beləliklə, Paul demək istəyir ki, «Allahı izzətləndirmək və Ona ibadət etmək üçün biz zahirən deyil, daxilən dəyişməliyik: bizim şəxsiyyətimiz dəyişməlidir. Bu dəyişiklik özündə nəyi əks etdirir? Paul bunu belə ifadə edərdi: biz özümüz üçün yaşayanda, onda kata sarka həyatı yaşayırıq; burada insanın süquta uğramış təbiəti üstünlük təşkil edir. Məsihdə olanda isə başqa həyat — Məsihin və ya Ruhun hökmran olduğu kata Hriston, ya da kata pnevma həyatı yaşayırıq. İnsanın təbiəti tamamilə dəyişir: indi o özünün deyil, Məsihin mərkəzdə olduğu həyatı yaşayır.

Paul deyir ki, bu dəyişiklik düşüncəmizin təzələnməsi nəticəsində baş verməlidir. Düşüncənin təzələnməsi sözünün mənasını açıqlamaq üçün Paul anakayinosis sözündən istifadə edir. Yunan dilində təzə sözünün iki ifadəsi var — neos və kainos. Neos müvəqqəti təzə olan mənasında işlədilir. Kainos isə xarakter və ya təbiətcə təzə deməkdir. Məsələn, fabrikdən təzə çıxmış karandaş neos deməkdir. Lakin əvvəllər günahkar olan, indi isə möminlik yolunda irəliləyən şəxs kainos-dur. Məsih insanın həyatına daxil olanda, həmin insan yenilənir. O, indi başqa ağla malikdir, çünki Məsihin ağlı indi ondadır. Məsih insanın həyatının mərkəzinə çevriləndə, onun Məsihə xidməti həqiqi xidmətdir. Başqa sözlə, o, həyatının hər anını və hər hərəkətini Allaha həsr edir.

3-8

BİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN (Romalılara 12:3-8)

Paulun sevimli mövzularından biri Məsihin vahid bədəni olan İmanlı Cəmiyyətidir (1Korinflilərə 12:12-27 ilə müqayisə edin). Bədən üzvləri bir-biri ilə dalaşmır, bir-birinə paxıllıq etmir, bu və ya digərinin əhəmiyyəti barədə mübahisə etmir. Yerindən və əhəmiyyətindən asılı olmayaraq, bədənin hər bir üzvü öz funksiyasını yerinə yetirir. Paul əmin idi ki, İmanlı Cəmiyyəti də belə olmalıdır. Hər bir üzvün öz vəzifəsi var. Hər bir üzv öz işini yerinə yetirəndə İmanlı Cəmiyyəti bütöv orqan kimi yalnız onda rəvan işləyəcək.

Bu bölmədə məsihçi həyatı üçün çox vacib standartlar var.

1) Hər şeydən əvvəl biz özümüzü tanımalıyıq. Yunan müdrikliyinin əsas əmrlərindən biri belə idi: «Ey insan, özünü tanı». Nəyi edə biləcəyimizi, nəyi edə bilməyəcəyimizi anlamasaq, bu dünyada çox şey əldə edə bilmərik. Məğrurluq və ya yalançı təvazökarlıq olmadan öz imkanlarımızı obyektiv qiymətləndirmək faydalı həyat üçün ilk şərtlərdən biridir.

2) İkincisi, biz özümüzü olduğumuz kimi qəbul etməli və Allahın bizə bəxş etdiyi ənamlardan yararlanmalıyıq. Biz başqalarının qabiliyyətlərinə həsəd aparmamalı və ya başqa qabiliyyətlərin bizə verilmədiyinə görə məyus olmamalıyıq. Biz özümüzü olduğumuz kimi qəbul etməli və ənamlarımızdan istifadə etməliyik. Ola bilsin ki, bizim xidmətimiz ümumi işdə o qədər də nəzərə çarpmasın. Biz bu faktla barışmalı olmalıyıq.

Stoisizmin mühüm prinsiplərindən biri hər bir canlıda İlahi bir qığılcımın olduğuna inanmaq idi. Skeptiklər bu nəzəriyyəyə gülür, «Tanrı soxulcanlar içində?», «Tanrı peyin böcəkləri içində?» deyə rişxənd edirdilər. Stoiklər isə belə cavab verirdilər: «Niyə də yox? Məgər soxulcan Allaha xidmət edə bilməzmi? Yoxsa elə düşünürsən ki, yalnız general yaxşı döyüşçü ola bilər? Məgər çapar və ya düşərgə növbətçisi yaxşı mübarizə aparıb, haqq yolunda canını qurban verə bilməzmi? Rəbbə xidmət edərkən Onun böyük planlarını soxulcan kimi vicdanla yerinə yetirirsənsə, onda xoşbəxt olmalısan».

Kainatdakı həyatın səmərəliliyi ən təvazökar məxluqların təvazökarlığına əsaslanır. Paul demək istəyir ki, insan özünü olduğu kimi qəbul etməlidir. Hətta o, etdiklərinin diqqətdən kənarda qaldığını, təriflənmədiyini, mükafatlandırılmadığını görsə belə, yenə də öz işini yerinə yetirməlidir; xidmətinin əhəmiyyətini dərk etməli və onun töhfəsi olmadan dünya və İmanlı Cəmiyyətinin heç vaxt lazımi mövqeyə çata bilməyəcəyinə əmin olmalıdır.

3) Üçüncüsü, Paul qeyd edir ki, əslində insanın bütün qabiliyyətləri Allahdandır. Həmin qabiliyyətlər — ənamlardır və Paul onları xarismata adlandırır. Əhdi-Cədiddə xarisma Allah tərəfindən insana verilən, insanın özünün heç vaxt əldə edə bilməyəcəyi ənamdır. Əslində həyat belədir. Bəzi insanlar bütün həyatı boyu skripka çalırlar, amma heç vaxt David Oystrah kimi ifa edə bilmirlər. Çünki o, təkcə ifa texnikasına malik deyil, onda Tanrıdan bir ənam — xarisma var. Kimsə bütün həyatı boyu işləyə və hələ də alətlər, ağac və ya metaldan səmərəli istifadə edə bilmir. Digəri taxtanı və ya metalı xüsusi məharətlə bəzəyir, alətlər isə, sanki onun bir hissəsidir. Belə adamda Tanrıdan olan bir ənam — xarisma var. Kimsə ömrü boyu məşq edər, amma dinləyicilərinin qəlbinə toxuna bilməz. Digəri isə səhnəyə və ya kafedraya çıxmağa macal tapmamış dinləyiciləri ram edir. Çünki onun Tanrıdan olan ənamı — xarisma-sı var. Elə insan var ki, ömrü boyu çalışır, amma öz fikirlərini kağız üzərində canlı və aydın ifadə edə bilmir. Eləsi də var ki, heç bir səy göstərmədən fikirlərini asanlıqla ifadə edə bilir. Onun Tanrıdan olan ənamı — xarisma-sı var.

Hər bir insanın xarisma-sı, Tanrıdan ənamı var. Bu, yazmaq, təbliğ etmək, binalar inşa etmək, toxum əkmək, ağac bəzəmək, rəqəmlərlə işləmək, pianoda çalmaq, mahnı oxumaq, uşaqları öyrətmək, futbol və ya xokkey oynamaq ənamı ola bilər. Bu, Allahın ənamıdır.

4) Dördüncüsü, insan hansı ənama malik olursa-olsun, ondan şəxsi uğur və nüfuz qazanmaq üçün deyil, bunu özünə vəzifə və imtiyaz hesab edib, ümumi işə töhfə vermək məqsədilə istifadə etməlidir. Gəlin Paulun hansı ənamları xüsusilə vurğuladığına baxaq.

1) Peyğəmbərlik ənamı. Əhdi-Cədiddə peyğəmbərlik gələcəyi bildirməsi ilə bağlı müstəsna hallarda olur. Peyğəmbərlik, adətən, Allahın Sözünü izah etməkdir. Peyğəmbər bilikli adam kimi Məsihin Kəlamını elan edən şəxsdir. Məsihi başqa insanlara təbliğ etmək üçün insan əvvəlcə Onu özü tanımalıdır. Karleylin atası belə demişdi: «Bu kilsəyə Məsihi «ikinci əl»dən tanımayan bir adam lazımdır».

2) Xidmət etmək ənamı. Paulun siyahısında praktik xidmətin bu qədər yüksək yer tutması əlamətdar haldır. Çox vaxt elə olur ki, bu və ya digər şəxsin xalqın qarşısında dayanıb Məsihi təbliğ etmək imtiyazı olmur. Lakin hər kəs Məsihə olan məhəbbətini hər gün öz əməlləri ilə sübut edə, Məsihdəki qardaşlarına xidmət edə bilər.

3) Müəllimlik ənamı. Məsihin Müjdəsini təkcə təbliğ etmək kifayət deyil. Onu izah da etmək lazımdır. Bəlkə də bu gün İmanlı Cəmiyyətinin ən mühüm çatışmazlığı elə budur. Təlimlə dəstəklənməyən nəsihət və çağırışlar boşuna qalır.

4) Nəsihət vermək ənamı. Nəsihətdə əsas məsələ ruhlandırmaq olmalıdır. Dəniz nizamnamələrində belə bir qayda var ki, zabit xidməti vəzifəsini yerinə yetirərkən hər hansı məsələ ilə bağlı başqa zabitlə ruhdan salan söhbətlərə yol verməməlidir. İnsanı ruhdan salan nəsihətlər də var. Əsl vəz insanı cəhənnəm alovu ilə qorxutmaq deyil, onu Məsihdə xoşbəxt həyata sövq etmək məqsədi daşıyır.

5) Pay vermək ənamı. Səxavətlə pay vermək lazımdır. Paul burada tərcüməsi çətin olan yunanca haplotes sözündən istifadə edir. Bu söz eyni zamanda həm sadəlik, həm də səxavət mənasını verir. Məşhur şərhlərin birində bu sözün mənasını izah edən «İsakarın Əhdi»ndən bir sitat gətirilir: «Atam mənim sadə (haplotes) həyat tərzimi görüb, mənə xeyir-dua verdi. Mən zəhlətökən, qonşularıma həsəd aparan və ədalətsiz deyildim. Heç kim haqqında pis söz demədim, heç kimin həyatını məhv etmədim. Bu həyatda məqsədyönlü şəkildə yaşadım. Qəlbimin sadəliyi ilə (haplotes) hər kasıba və hər əzab çəkən insana əl tutub yerin nemətləri ilə təmin etdim. Sadə (haplous) adam qızıla can atmaz, qonşudan oğurluq etməz, hər cür ləziz yeməklərə meyil salmaz. O, müxtəlif geyimlərə ehtiyac duymur, uzun ömür sürməyə can atmır, hər şeydə Allahın iradəsini axtarır. O, ədalətlə yaşayır və hər şeyə təvazökarlıqla (haplotes) yanaşır. Elələri var ki, pay verəndə başqasının şəxsi işlərinə həddindən artıq qarışır, onlara əxlaq dərsi keçirlər. Belələrinin məqsədi başqalarının ehtiyaclarını ödəmək deyil, öz şəxsi şöhrətini təmin etməkdir. Belə insan səmimi sevinc hissi deyil, ağır vəzifə daşıdığını hiss edir. O, həmişə müəyyən niyyətlə verir, ənamından zövq almır. Məsihçinin ənamı qəlbin sadəliyindən (haplotes), xeyirxahlıq hissindən irəli gəlir və saf sevinc bəxş edir.

6) Rəhbərlik ənamı. Paul deyir ki, kimsə rəhbərliyə çağırılırsa, bunu səylə etməlidir. Hazırda İmanlı Cəmiyyətinin ən böyük problemlərindən biri məhz bütün işlərin bir lider tərəfindən görülməsidir. Getdikcə daha az insan məsuliyyətlə xidmət etməyə həvəs göstərir. İnsanlar asudə vaxtlarını və öz rahatlıqlarını qurban vermək istəmir. Çox vaxt onlar xidmət etməyi bacarmadıqlarını və ya xidmətə layiq olmadıqlarını bəhanə gətirirlər, halbuki əsl səbəb tənbəllik və istəksizlikdir. Paul deyir ki, rəhbərliyi öz üzərinə götürən şəxs vəzifəsini səylə həyata keçirməlidir.

7) Mərhəmət ənamı. Paul deyir ki, mərhəmət böyük ürəklə sevinc içində göstərilməlidir. Elə bağışlanma var ki, qarşı tərəf özünü təhqir olunmuş hiss edir. İnsanı bağışlamaq, eyni zamanda onu mühakimə etmək və nifrət göstərmək olar. Günahkarı bağışlamağa çalışanda, unutmamalıyıq ki, biz özümüz də günahkarıq. Corc Vaytfild dar ağacına doğru gedən cinayətkara baxıb «Allahın mərhəməti olmasaydı, mən də ora gedərdim» demişdir. İnsanı elə bağışlamaq olar ki, o, daha da uçuruma itələnsin. Amma onu bataqlıqdan çıxaran bağışlanma da var. Əsl bağışlanma həmişə sevgiyə əsaslanır, lakin heç vaxt üstünlük hissi üzərində qurulmur.

9-13

MƏSİHÇİNİN GÜNDƏLİK HƏYATI (Romalılara 12:9-13)

Paul imanlılara gündəlik həyatlarında özlərini necə aparacaqlarına dair qısa qaydalar verir. Gəlin onlara bir-bir baxaq.

1) Sevgi tamamilə səmimi olmalıdır. Burada ikiüzlülük, riyakarlıq, pis niyyətlər olmamalıdır. Öz mənfəətini güdən sevgi var. Verdiklərindən qat-qat artıq almaq istəyən eqoist sevgi də var. Məsihçi sevgisi eqoizmdən azaddır: bu, başqa insanlara yönəlmiş qəlbdən gələn saf hissdir.

2) Pislikdən uzaqlaşıb yaxşılığa bağlanmaq lazımdır. Deyirlər ki, insanın günahdan yeganə qurtuluşu onu görəndə ürəkdən dəhşətə gəlməsidir. Karleyl demişdir ki, biz müqəddəsliyin sonsuz gözəlliyini və günahın sonsuz lənətini görməyi bacarmalıyıq. Paul inandırıcı dəlillər gətirir. Bir nəfər demişdir ki, yalnız ehtirasa bürünməyən fəzilət təhlükəsizdir. İnsan pisliyə nifrət etməli, yaxşılığı sevməlidir. Bizə bir şey aydın olmalıdır ki, əksər insanlar pisliyə deyil, pisliyin nəticələrinə nifrət edir. Pisliyin nəticələrindən qorxduğu üçün fəzilətli olmağa çalışan şəxs, fəzilətli sayıla bilməz. İngilis şairi Robert Bernsin dediyi kimi:

Əclafı saxlayan cəhənnəmin dəhşəti, cəlladın qamçısıdır;

Amma şərəfinə toxunuldusa, unutma: artıq uçurumun kənarındasan.

Pisliyin nəticələrindən qorxmamaq, dürüstlüyü var güclü ilə sevmək — əsl xeyirxahlığa aparan yol budur.

3) Biz qardaş sevgisi ilə bir-birimizi sevməliyik. Qardaşlıq sözünün mənasını çatdırmaq üçün Paul yunanca filostorgos sözündən istifadə edir. Storge isə ailə məhəbbəti deməkdir. Biz bir-birimizi sevməliyik, çünki eyni ailənin üzvləriyik. Biz İmanlı Cəmiyyətində bir-birimizə yad deyilik. Biz bir-birimizdən təcrid olunmuş fərdlər deyilik. Biz qardaşıq, çünki bizim bir Atamız var — o da Allahdır.

4) Biz hörmət göstərməkdə bir-birimizi qabaqlamalıyıq. İmanlı Cəmiyyətinin daxilində yaranan problem və narahatlıqların çoxu hüquq, imtiyaz və prestij məsələlərindən qaynaqlanır. Kiməsə layiq olduğu yer verilmədi; kiməsə təşəkkür edilmədi; kiməsə laqeyd yanaşdılar. Həqiqi məsihçinin əlaməti həmişə təvazökarlıq olub. Ən təvazökar insanlardan biri mömin və alim rektor Kerns idi. Bir nəfər Kernsın necə olduğunu göstərən hadisəni belə xatırlayır. O, böyük iclasda rəyasət heyətinin üzvü idi. O, zala daxil olanda ayaq üstündə alqışlandı. Kerns yanındakı adama yol verib dayandı, özü də onu alqışlamağa başladı. O, bu alqışların onun şərəfinə olduğunu ağlına belə gətirmirdi. Şərəfi başqasına vermək o qədər də asan deyil. Hər birimizin daxilində özümüzə layiq olan hər şeyi almaq istəyən köhnə təbiət qalıb. Lakin məsihçinin heç bir hüququ yoxdur — onun yalnız vəzifələri var.

5) Biz səy göstərməkdə zəifləməməliyik. Məsihçinin həyatında müəyyən bir güc və enerji olmalıdır; orada qış yuxusuna yer yoxdur. Məsihçi baş verənlərə laqeyd yanaşa bilməz, çünki dünya xeyirlə şərin döyüş meydanıdır. Vaxt qısadır və bu həyat yalnız əbədiyyətə hazırlıqdır. Məsihçi tamamilə yanıb kül ola bilər, amma mamırla örtülməməlidir.

6) Ruhumuz həmişə alovlu olmalıdır. Dirilmiş Məsih nə soyuq, nə də isti olan insana dözə bilir (Vəhy 3:15-16). Bu gün insanlar alovlu olmağa xor baxa bilərlər. Müasir şüar belə səslənir: «Mənə heç bir dəxili yoxdur». Ancaq məsihçi son dərəcə ciddi insandır; onun ruhu həmişə alovludur.

7) Yeddinci nəsihət iki şeydən birini ifadə edə bilər. Qədim siyahılarda iki varianta rast gəlinir. Bəzilərində «Rəbbə qulluq edin» yazılır; digərlərində «uyğunlaşın», yəni «hər imkandan yararlanın» yazılıb. Bu uyğunsuzluğun səbəbi bunlardır: bütün qədim mirzələr yazıda ixtisarlardan istifadə edirdilər. Xüsusən də tez-tez işlənən sözlər həmişə ixtisar edilirdi. O dövrdə istifadə edilən tipik ixtisar üsullarından biri qısaltma — stenoqrafiyada olduğu kimi, yazı zamanı saitlərin buraxılması və qalan hərflərin üzərindən düz xətt çəkilməsi idi. Məsələn, yunan dilində Rəbb kurios, zaman isə kairos deməkdir. Hər iki sözün qısaldılmış forması krs kimi qeyd edilirdi. Paul burada verdiyi nəsihətlərdə, çox ehtimal ki, belə demişdir: «Fürsət yaranan kimi ondan istifadə edin». Həyatda müxtəlif imkanlar yaranır. Məsələn, yeni bir şey öyrənmək və ya səhv bir şeyi aradan qaldırmaq; kimisə xəbərdar etmək və ya ruhlandırmaq; kömək etmək və ya təsəlli vermək. Faciə bundadır ki, biz çox vaxt belə imkanları əldən buraxırıq. «Üç şey bir daha qayıtmır — atılan ox, deyilən söz və əldən verilən fürsət».

8) Biz ümidlə sevinməliyik. Makedoniyalı İsgəndər şərq yürüşlərindən birinə çıxanda, dostlarına müxtəlif hədiyyələr paylayırdı. O, səxavət göstərib, demək olar ki, bütün var-dövlətini payladı. Onun dostlarından biri dedi: «Hökmdar, özünüz üçün heç nə qalmayacaq». İsgəndər isə belə cavab verdi: «Düzdür, amma mənim hələ ümidim var». Məsihçi əslində optimist olmalıdır. Allah məhz Allah olduğuna görə məsihçi həmişə əmin ola bilər ki, «ən yaxşısı hələ qarşıdadır». Məsihçi hər kəs üçün əlçatan olan mərhəməti və zəiflikdə kamilləşən gücü bildiyinə görə, istənilən işin öhdəsindən gələ biləcəyini də bilir. «Həyatda ümidsiz vəziyyətlər yoxdur. Sadəcə belə vəziyyətlə qarşılaşdıqda ümidini itirən insanlar var». Ümidini itirmiş insan heç vaxt məsihçi ola bilməz.

9) Biz əzabları mətanətlə qarşılamalıyıq. Bir nəfər əziyyət çəkən cəsur adama belə demişdir: «Əzab bütün həyatını rəngarəng edir, elə deyilmi?» «Bəli» — deyə adam cavab verdi, — «onlar bütün həyatımızı rəngarəng edir, amma mən rəngləri seçməyi təklif edirəm». Bethoven tamamilə kar olmaq bədbəxtliyi ilə üzləşəndə və həyat ona mənasız görünəndə o demişdi: «Mən həyatın yaxasından yapışacağam». Vilyam Kuperin dediyi kimi:

Kədərdən xilas olub,

Sevinclə bəyan edirik:

Naməlum sabahı

Onunla qarşılayırıq;

Orada qaranlıq olsa

O bizi işığa aparacaq,

Ümidlə ruhlandırıb,

Əbədi evinə çağıracaq.

Babil padşahı Navuxodonosor Şadrak, Meşak və Aved-Neqonu odlu sobaya atanda, alovun onlara heç bir zərər vermədiyinə görə heyrətə gəldi: «Biz üç nəfər əl-qolu bağlanmış adamı oda atmadıqmı?» Bunun belə olduğu təsdiqləndi. Onda padşah dedi: «Budur, mən odun içində əl-qolu bağlanmamış dörd nəfərin gəzdiyini görürəm və onlara heç nə olmur. Onlardan dördüncüsü allahların oğluna bənzəyir» (Daniel 3:24-25). İnsan Məsihlə birlikdə olsa, hər şeyə tab gətirə bilər.

10) Biz dayanmadan dua etməliyik. Məgər həyatımızda elə məqamlar az olur ki, biz günlərlə, həftələrlə Allahla danışmırıq? İnsan Allaha dua etməyəndə, Onun himayəsindən və qüdrətindən məhrum olur. Əgər insan daim dua edirsə, həyatında olan uğursuzluqlara təəccüblənməyəcək.

11) Biz ehtiyac içində olan müqəddəslərə yardım etməkdə şərik olmalıyıq. Hər kəsin fikri ancaq almağa yönəldiyi bir dünyada, məsihçi vermək haqqında düşünür. Çünki bilir ki, «Saxlamağa çalışdığımız şeyləri itirir, verdiklərimizi isə qazanırıq».

12) Biz qonaqpərvər olmağa səy göstərməliyik. Əhdi-Cədid dönə-dönə qapıları qəriblərin üzünə açıq saxlamağı təkid edir (İbranilərə 13:2; 1Timoteyə 3:2; Titə 1:8; 1Peter 4:9). Tindeyl öz tərcüməsində möhtəşəm bir söz işlədərək bunu belə təsvir edir: «Məsihçi olduğu yerdə liman, yəni sığınacaq kimi olmalıdır. Eqoist şəkildə özünü təmin edən ev heç vaxt xoşbəxt ola bilməz. Məsihçilik — açıq əl, açıq ürək və açıq qapı dinidir».

14-21

MƏSİHÇİ VƏ ONUN QARDAŞLARI (Romalılara 12:14-21)

Daha sonra Paul qardaşları ilə münasibətdə rəhbər tutulmalı olan qayda və prinsipləri açıqlayır:

1) Məsihçi təqibləri onu təqib edənlər üçün dua edərək qarşılamalıdır. Qədim dövrdə yunan filosofu Platon deyirdi ki, nəcib insan pisliyi etməkdənsə, pislikdən əzab çəkməyi üstün tutur; nifrət etmək isə pislikdir. Əgər məsihçi incidilibsə, təhqir olunubsa və ya başqa bir şəkildə yara alıbsa, önündə Rəbbinin nümunəsi var. Çünki Rəbb İsa çarmıxa çəkilərkən Onu çarmıxa çəkənlərin bağışlanması üçün dua etdi. Əsrlər boyu Rəbb uğrunda əzab çəkən şəhidlərin dünyaya göstərdiyi sakit, hərtərəfli bağışlanma qədər insanları məsihçiliyə cəlb edən daha böyük qüvvə yox idi. Stefan onu daşqalaq edənlərin bağışlanması üçün dua edərək öldü (Həvarilərin işləri 7:60). Onu öldürənlər arasında Şaul adlı bir gənc də var idi. O, sonradan başqa millətlərin həvarisi və Məsihin qulu olan Paul oldu. Stefanın ölümü, şübhəsiz ki, onu təsirləndirən və Məsihə üz tutmasına vadar edən amillərdən biri olub. Avqustinin dediyi kimi: «İmanlı Cəmiyyəti Paulun iman etməsinə Stefanın duasına borcludur». Bir çox təqibçilər əvvəllər məhv etməyə çalışdıqları Məsihin davamçılarına çevrildilər, çünki onlar məsihçilərin necə bağışladıqlarını gördülər.

2) Məsihçi sevinənlərlə sevinməli, ağlayanlarla ağlamalıdır. Ümumi kədər kimi başqa bağlar, demək olar ki, yoxdur. Yazıçılardan biri amerikalı qaradərili qadın haqqında belə bir hekayə yazır: günlərin bir günü bir xanım qonşusunun qara dərili qulluqçusunu görüb ona deyir:

— Lyudmila xalanın ölümü ilə əlaqədar sənə başsağlığı vermək istəyirəm. Bilirəm ki, onun üçün çox darıxırsan. Axı siz çox yaxın idiniz.

Qulluqçu cavab verir:

  • Bəli, xanım, onun öldüyünə görə təəssüflənirəm, amma biz heç vaxt dost olmamışıq.

  • Necə yəni? — qadın təəccüblənir, — mən elə bilirdim siz dostsunuz. Axı tez-tez sizi bir yerdə deyib-gülən görürdüm.

  • Bəli, xanım, — qulluqçu təsdiqləyir, — biz tez-tez bir yerdə deyib-gülürdük, amma sadəcə bir tanış kimi. Bilirsiniz, Rut xanım, biz heç vaxt birlikdə ağlamamışıq. İnsanlar dost olmazdan əvvəl birlikdə ağlamalıdırlar.

Birlikdə tökülən göz yaşları insanları bir-birinə bağlayan ən güclü bağdır. Bununla belə, ağlayanlarla ağlamaq sevinənlərlə sevinməkdən daha asandır. 4-cü əsrdə yaşamış Konstantinopol İmanlı Cəmiyyətinin müəllimi və ağsaqqalı İoann Zlatoust bu barədə belə yazırdı: «Ağlayanlarla ağlamaqdansa, sevinənlərlə sevinmək üçün əsl məsihçi olmaq lazımdır. Çünki insan təbiəti özü bunu möhtəşəm edir. Elə bir daşürəkli insan yoxdur ki, çətinliyə düşən adam üçün ağlamasın. Sevinənlərlə sevinmək isə insandan çox nəcib bir qəlbin olmasını tələb edir. Bu da onu nəinki paxıllıqdan qoruyur, həm də başqasının sevincinə şərik olmaq fürsəti verir». Həqiqətən də, kimisə uğur qazandığına görə təbrik etmək daha çətindir, xüsusən də onun uğuru bizi məyus edirsə. Bu, həmin adamın kədərinə və uğursuzluğuna rəğbət bəsləməkdən qat-qat çətindir. İnsan yalnız öz izzəti-nəfsinə üstün gələndə, öz uğuruna olduğu kimi, başqasının da uğuruna sevinə bilər.

3) Məsihçilər bir-biri ilə həmfikir olmalı və özünü ağıllı saymamalıdırlar. Bir gün böyük qələbələrinin birindən sonra admiral Nelson bu qələbənin səbəbini bildirən məktub göndərdi: «Mənə qardaş kimi həmrəy olan komandaya rəhbərlik etmək nəsib oldu». Məsihçi icması məhz belə qardaşlıq həmrəliyinə sahib olmalıdır. Leyton yazırdı: «Məsihçi icmasını idarə etmək üçün heç bir məcburi qaydalar tətbiq edilmir; lakin sülh və harmoniya, nəzakət və səmimiyyətin olması mütləqdir». Əgər İmanlı Cəmiyyətində ixtilaf yaranıbsa, yaxşı işlərə ümid bəsləmək əbəsdir.

4) Məsihçi təkəbbürlü olmamalıdır, əksinə, təvazökar olmalı, hər cür qürur və lovğalıqdan qaçmalıdır. Məsihçi unutmamalıdır ki, dünyanın insanı mühakimə etdiyi meyarlar, Tanrının insanı mühakimə etdiyi standartlardan fərqlidir. Müqəddəsliyin rütbə, sərvət və mənşə ilə heç bir əlaqəsi yoxdur. Doktor Ceyms Blek erkən məsihçi icmalarından birində baş verən səhnəni gözəl təsvir etmişdir. Məsihə yeni iman edən aristokrat ilk dəfə imanlı cəmiyyətinə ibadətə gəlir. O, zala daxil olur. Cəmiyyətin ağsaqqalı ona yer göstərir: «Xahiş edirəm, burada otur». O, isə etiraz edərək belə deyir: «Mən orada otura bilmərəm. Əgər orada otursam, köləmin yanında oturmalı olacağam». «Xahiş edirəm, burada otur» deyə cəmiyyətin ağsaqqalı təkrar edir. «Köləmin yanında heç vaxt!» yeni imanlı təkid edir. «Amma yenə də, bəlkə burada oturasan?» cəmiyyətin ağsaqqalı bir daha təkrar edir. Sonda yeni imanlı köləsinin yanında oturur və onu müqəddəs öpüşlə salamlayır. Məsihçiliyin prinsipi belə idi. Roma İmperiyasında bunu yalnız məsihçi icması edə bilərdi. Ağa və qulun yan-yana oturduğu yeganə yer məsihçi icması idi. İmanlı Cəmiyyətində bu gün də ayrı-seçkiliyə yer yoxdur. Çünki «Rəbb tərəfkeşlik etməz» (Kolosselilərə 3:25).

5) Məsihçi «hamının gözündə yaxşı olan işlər görməyə» diqqət yetirməlidir. Bizim layiqli, dürüst davranışımızı hər kəs görməlidir. Paul başa düşürdü ki, məsihçi davranışı təkcə nümunəvi görünməməlidir, belə də olmalıdır və bunu hamı görməlidir. Qondarma məsihçilik sərt, hətta yaramaz görünə bilər; əsl məsihçilik isə gözəl əməllərlə özünü təzahür etdirir.

6) Məsihçi bütün adamlarla sülh içində yaşamalıdır. Lakin Paul buna iki bəhanə əlavə edir. Əvvəlcə, o, «imkan daxilində» deyir. Elə bir vəziyyət yarana bilər ki, nəzakət normaları prinsipial tələblərə tabe etdirilməlidir. Məsihçilik vecsiz tolerantlıq, hər şeyə icazə vermək və hər şeyə göz yummaq deyil. Elə vaxt gələ bilər ki, mübarizə aparmaq lazım olsun. Onda məsihçi mübarizədən çəkinməməlidir. İkincisi, Paul «bacardıqca» deyir. O, yaxşı başa düşürdü ki, bəziləri üçün sülh içində yaşamaq başqalarına nisbətən daha asandır. O bilirdi ki, insan bir saat ərzində digərinin ömür boyu göstərə biləcəyindən daha çox dözüm göstərə bilmir. Bəziləri üçün fəzilətli olmaq başqalarına nisbətən daha asandır: bu, eyni zamanda bizi həm başqalarının tənqidindən, həm də məyusluqdan qoruyacaq.

7) Məsihçi qisas almaqdan çəkinməlidir. Paul üç səbəb göstərir:

a) Qisas insana deyil, Allaha məxsusdur. Heç bir insanın başqasını mühakimə etmək hüququ yoxdur. İnsanı yalnız Allah mühakimə edə bilər.

(b) İnsanın qəlbinə toxunmaq intiqam hissi ilə deyil, səmimi münasibətlə olmalıdır. Qisas insanı sındıra bilər, mehribanlıq isə onun qəlbinə toxunar. Paul deyir ki, düşmənə yaxşılıq etməklə sanki onun başına köz tökərsən. Lakin bu, o demək deyil ki, belə etməklə biz ona əlavə cəzalar veririk, əksinə, onu əməlinə görə utandırırıq.

c) Kim qisas almaq istəsə, pisliyə məğlub olacaq. Pisliyə heç vaxt pisliklə qalib gəlmək olmaz. Əgər nifrətə nifrətlə cavab verilsə, nifrət daha da artacaq. Amma ona sevgi ilə cavab verilsə, onda təsirini itirər. Boker Vaşinqtonun dediyi kimi, «Mən heç kimə imkan vermərəm ki, məni ona nifrət edəcək qədər aşağıya endirsin». Düşməni zərərsizləşdirməyin yeganə təsirli yolu — onu dosta çevirməkdir.

Azərbaycan dilində Müqəddəs Kitab

Bədənlərinizi Allaha təqdim edin
1 Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. 2 Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
3 Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün. 4 Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. 5 Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. 6 Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin; 7 ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; 8 nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.
Məhəbbətlə rəftar edin
9 Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. 10 Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. 11 Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. 12 Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. 13 Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
14 Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. 15 Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 16 Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. 17 Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. 18 İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. 19 Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». 20 Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». 21 Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.